İNSANI TANIMAQ

: 1265 ()

   
   

   N SÖZ 

İNSANI TANIMAQGörkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur.

 

Şəhid Mürtəza Mütəhhərinin əsərlərini oxuyub başa düşmək, onun düşüncə və təfəkkür zirvəsini fəth etmək həddindən artıq çətin, amma eyni zamanda mühüm və zəruridir. Bəli, ustadın islam maarifi və ilahiyyat elmləri sahəsində yazıb-yaratdığı əsərləri oxuyub başa düşmək çətin olduğu qədər şirin və cazibəlidir. Əsrimizin böyük korifeylərindən sayılan ustad Mütəhhəri bir çox elmlərin yüksək səviyyəli mütəxəssisi olmuş, o cümlədən islam fəlsəfəsi, fiqh və üsul, sosialogiya, psixologiya, tarix, təfsir, kəlam və başqa sahələr üzrə böyük nailiyyətlər əldə etmişdir. Ustad Mütəhhəri fəlsəfə elmində Molla Sədra məktəbinin yetirmələrindən və onun sadiq davamçılarından sayılır. O, fiqh elmini böyük alim Ayətullah imam Xomeyninin vasitəsi ilə kəsb etmiş və bu sahədə də yüksək müvəffəqiyyət əldə edərək ictihad dərəcəsinə nail olmuşdur. Təfsir elmini isə dünya şöhrətli filosof və müfəssir, Əl-mizan kitabının müəllifi, təbrizli ustad Əllamə Təbatəbaidən dərs almışdır. Qeyd etdiyimiz kimi, bu böyük ustad bütün islam elmləri üzrə dərin araşdırmalar aparmış və çox qiymətli kitablar yazmışdır, amma onun öz etiraflarına əsasən, daha çox maraq göstərdiyi sahə islam kəlamı, özü də müasir islam kəlamı (sxolastika) olmuşdur. Ustad bu sahədə bir ömür çalışmış, özünəməxsus üslubla çox dərin və qiymətli tədqiqatlar apararaq dəyərli əsərlər yaratmışdır.

  
SXOLASTİKA VƏ YA KƏLAM ELMİNİN TƏRİFİ 

Şəhid Mütəhhərinin kəlam elmi haqqında söylədiyi tərif:

 

Kəlam elmi islamda əqidələr, yəni bu din baxımından inanılaraq etiqad bəslənilməsi lazım olan məsələlərdən söz açan bir elmdir. Belə ki:

 

1. Onları izah edir;

 

2. Onların barəsində dəlillər gətirir;

 

3. Onları müdafiə edir.

  
KƏLAM ELMİNİN VƏZİFƏLƏRİ HAQQINDA 

Mürtəza Mütəhhəri dini mədrəsələrin əsas və müasir vəzifələri adlı məqaləsində yazır:

 

Kəlam elminin iki ümdə vəzifəsi vardır:

 

1. Üsulidin və füruidini müdafiə edərək onların əleyhinə olan şübhələri aradan qaldırmaq;

 

2. Üsulidin və füruidin məsələlərini qüvvətləndirərək onları aydınlaşdırmaq.

 

Bu mətləbləri müqəddimə kimi bəyan etməkdən məqsəd müasir islam kəlamı elmini aydınlaşdırmaqdır. Çünki bizim nəzərimizcə, şəhid Mütəhhəri bu elmin əsasını qoyan alimlərdən hesab olunur. O, bu barədə danışdığı söhbətin davamında deyir:

 

Müasir dövrdə qədim zamanda olmayan şübhələrlə rastlaşır və elmi tərəqqidən irəli gələn bir sıra yeni məsələlərlə qarşılaşırıq. Həmçinin qədimdə mövcud olan əksər şübhələrin artıq öz aktuallığını itirdiyinin şahidi oluruq. Buna görə də etiraf etməliyik ki, klassik sxolastika dövri tələblərə cavab vermir və rastlaşdığımız kəlami problemləri həll etmək üçün yeni üslubda bəhs edilən müasir islam kəlam elminin təsis olunmasına ehtiyac duyulur.

  
ŞƏHİD MÜTƏHHƏRİNİN MÜASİR KƏLAM ELMİNƏ DİQQƏT YETİRMƏSİNİN SƏBƏBİ 

Şəhid Mürtəza Mütəhhəri öz dövri problemlərini lazımınca başa düşüb araşdırmağı bacaran və eyni zamanda bütün varlığı ilə islam dininə bağlı olan bir mütəfəkkir alim olmuşdur. Onun vücudunda cəmləşən bu iki xüsusiyyət ona yaşadığı dünyanı dərk etmək, onda baş verən elmi-ictimai dəyişiklikləri vaxtında müşahidə edərək mövcud problem və ehtiyaclarla tanış olmaq və onların həlli yolunda var qüvvəsi ilə çalışmaq imkanı verirdi.

  
DÖVRİ PROBLEMLƏRİ TANIMAĞIN ZƏRURİLİYİ 

Şəhid Mütəhhəri imam Sadiq (ə)-ın məktəbində tərbiyə olunduğu üçün, öz zəmanəsini dərindən tədqiq edərək onu lazımınca tanımağa çalışırdı. O, bu barədə özünün gənc nəslin rəhbərliyi adlı məqaləsində yazır:

 

İmam Sadiq (ə)-dan Üsuli-kafidə, çox böyük mətləbi bəyan edən bir hədis söylənilmişdir:

 

(Əl alimu bi zəmanihi la yəhcəmu ələyhil-ləvabis.)

 

Yəni: Zəmanəsini dərk edən şəxsin üzərinə heç vaxt onu şübhəyə salan və çıxılmaz vəziyyətdə qoyan şeylər hücum etməz.

 

Fars dilində hücum kəlməsi, hər hansı bir şiddətli hücum mənasını, ərəb dilində isə gözlənilməyən hücum mənasını daşıyır. Deməli, imam Sadiq (ə) demək istəyir ki, əgər hər hansı bir şəxs öz zəmanəsini doğru-düzgün qiymətləndirməyi bacarsa, heç vaxt başına gözlənilməz hadisələr gəlməz və ya hadisə baş verərkən özünü itirməz. Belə şəxslər heç vaxt xoşagəlməz hadisələr qarşısında aciz qalmır, düşdüyü şəraitdən və qarşılaşdığı problemlərdən yaxa qurtarmağı bacarır!

 

Şəhid Mütəhhəri sözünü davam etdirərək deyir: Biz hal-hazırda çox mühüm bir sual qarşısında dayanmışıq. Yaşadığımız dövrdən, onda baş verən mühüm dəyişikliklərdən xəbərsizik. Bəzən əvvəlcədən haqqında kifayət qədər tədqiqatlar aparmadığımız mövzularla rastlaşırıq. Məsələn, qadının ictimai hüquqları məsələsi ilə qarşılaşdıqda, fürsət tapıb bu mövzuda fikrimizi lazımınca təmərküzləşdirə bilmirik.

 

Qeyd etdiyimiz kimi, şəhid Mütəhhəri bu məsələyə həddindən artıq diqqət yetirmiş, dövri problemləri vaxtında və hətta bəzən vaxtından da qabaq analiz etməyi bacarmış və islam dini baxımından bu məsələnin nə qədər əhəmiyyətli olduğunu dərk etmişdir. O, yüksək istedadı sayəsində islam dininin cəmiyyətşünaslıq və ya sosioloji məsələlərin öyrənilməsinin həddən artıq əhəmiyyətli olmasını başa düşmüşdür. Buna görə də bu sahənin öyrənilməsinə xüsusi diqqət yetirmiş və heç vaxt bu barədə olan tədqiqatlarını dayandırmamışdır. İndi isə belə bir sual meydana çıxır ki, Şəhid Mütəhhərinin yaşadığı dövrdə islam dininin və ümumiyyətlə, müsəlmanların vəziyyəti necə olmuşdur? Biz bu sualın cavabını ustadın öz əsərlərində axtarmalıyıq, çünki islam dünyasında müsəlman cəmiyyətlərinin ümumi vəziyyətini araşdıracaq bir sahə və ya bu işlə məşğul olan xüsusi tədqiqat qrupu olmadığından bu mövzuda müraciət edə biləcəyimiz digər bir mənbə mövcud deyildir.

  
ŞƏHİD MÜTƏHHƏRİNİN YAŞADIĞI DÖVRDƏ MÜSƏLMANLARIN VƏZİYYƏTİ  

Mərhum şəhid Mütəhhəri dini mədrəsələrin müasir vəzifələri adlı məqaləsində yazır:

 

Əgər biz müasir dövrü səksən il bundan qabaqkı dövrlə müqayisə etsək, o dövrdə yaşayan cəmiyyətin bir növ qapalı cəmiyyət olduğunun şahidi olarıq. Həmin cəmiyyətdə ideoloji məsələlərin və ictimai anlayışların hamısı kənar yerlərdən deyil, dini mədrəsələr və ruhanilər tərəfindən verilirdi. O dövrdə demək olar ki, əcnəbi fikirlərin xalq arasında yayılması mümkün deyildi. Qeyd edək ki, həmin dövrdə də yüksək səviyyəli məsələlər deyil, Cəlaul-üyun, Hilyətul müttəqin və Meracu əs-səadə səthində olan kitablar və onlara uyğun olan mətləblər söylənilirdi.

 

Artıq müasir dövrdə həmin tarazlıq pozulmuşdur və biz müntəzəm olaraq ibtidai-orta məktəblərdə, ali təhsil ocaqlarında, kütləvi informasiya vasitələrində, iclas və konfranslarda minlərlə yeni fikirlərin yayılmasının şahidi oluruq.

 

Mərhum ustad bu barədə Cavan nəslə rəhbərlik adlı məqaləsində yazır:

 

Keçmiş zamanda bütün vasitələr insanların üzünə bağlı idi, xaricdə baş verən cərəyan və fikirlərdən heç kəsin xəbəri yox idi. Bu gün artıq, rabitələr təsəvvürolunmaz dərəcədə genişlənmiş və dünyada baş verən proseslər hamıya bəlli olmuşdur. Artıq hamı ümumbəşəri elmi inkişafdan, iqtisadi-siyasi qüdrətlərdən, eləcə də demokratiya, insan hüquqları, vicdan azadlığı və s. şüarlardan xəbərdardır.

 

Belə bir elmi-fikri atmosferin olması dünyada özünəməxsus bir ictimai təbəqənin meydana gəlməsinə səbəb olmuşdur.

 

Mərhum Mütəhhəri bu ictimai təbəqəni gənc nəsil və ya gənclərin təfəkkürü adlandırırdı. O, bu barədə yazır:

 

Gənc nəsil dedikdə, məqsəd ancaq cavanlar deyil, təhsil almaq və yeni mədəniyyətlərlə tanışlıq nəticəsində özünəməxsus təfəkkür tərzinə sahib olan müxtəlif yaşlı şəxslərdir. Başqa sözlə desək, burada hər hansı bir təfəkkür tərzi nəticəsində müəyyən şəkildə formalaşmış bir ictimai təbəqə nəzərdə tutulur.

 

Yeni ictimai təbəqənin ən böyük xüsusiyyətlərindən biri, onların öz dini etiqadlarına şübhə ilə yanaşmaları olmuşdur. Mərhum Mütəhhəri gənc nəslin bu halına acıyaraq belə yazır:

 

Müasir dövr cəmiyyətimiz üçün din və məslək baxımından, xüsusilə ictimaiyyətin gənc təbəqəsi üçün sıxıntılı bir dövrdür. Hal-hazırda müasir dövrün tələblərindən doğan bir sıra şübhə və suallar qarşıya çıxmış, qədim suallar isə yenidən müzakirəyə qoyulmuşdur.

 

Ustad şübhənin yəqin üçün müqəddimə olduğunu və onun həqiqətə çatdırmaq dəyərini bəyan etdikdən sonra, bu məsələnin mənfi cəhətinə də toxunaraq yazır: Təəssüf doğuran hallardan biri də, bəzi şəxslərin hansısa bir məsələdə qarşılaşdığı şübhəni araşdırmaması, cəmiyyət arasında olan şübhələrin yaranma amilləri haqda düşünməməsidir.

 

Amma məlum olduğu kimi, cəmiyyət arasında cərəyan edən şübhələr hücumu öz təsirini bağışlamaya bilməzdi. Məhz bu amillərin təhriki ilə bəzi şəxslər öz istedad və bacarıqlarını ideoloji problemlərin həll edilməsinə sərf edir və xalqın kütləvi şəkildə fikri azğınlığa düçar olmasının qarşısını alırlar. Ustad şəhid Mürtəza Mütəhhəri də yaşadığı dövrdə islam dünyasının bu ağrılı nöqtəsini nəzərə almaqla həmin problemlərin həllinə çalışmış və şükürlər olsun ki, bu çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəlmişdir.

 

Yuxarıda qeyd olunduğu kimi, şəhid Mütəhhərini müasir kəlam elminin bünövrəsini qoymağa sövq etdirən amil onun iki xarakterik xüsusiyyəti olmuşdur.

 

1. Onun öz dövrünün elmi-ictimai vəziyyətindən tam mənada agah olması;

 

2. İslam dini qarşısında öhdəsinə düşən vəzifəni dərk edərək məsuliyyət hiss etməsi.

  
ŞƏHİD MÜTƏHHƏRİNİN MÜSƏLMANLAR QARŞISINDA ÖHDƏSİNƏ DÜŞƏN VƏZİFƏSİ 

Müqəddəs islam dinində müsəlmanların üzərinə düşən vəzifə və məsuliyyətlər müştərəkdir. Onlar təkcə ümumi məsələlərdə deyil, fərdi və xüsusi işlərdə də bir-birinə qarşı cavabdehlik daşıyırlar.

 

Kullukum raun və kullukum məsulun ən rəiyyətihi.

 

Yəni, sizin hər biriniz digərinə qarşı məsuliyyət və cavabdehlik daşıyır.

 

Burada təkcə bir cəmiyyətin fərdləri arasındakı cavabdehlikdən söhbət getmir. Yuxarıda qeyd edilən məsuliyyət hissi hətta nəsillər və ümumi cəmiyyətlərə də aiddir. Belə ki, keçmiş nəsillərdən əmanət olaraq gəlib çatan müqəddəs din qorunub saxlanılmalı və lazımi şəkildə gələcək nəsillərə də çatdırılmalıdır. Hər bir nəsil özündən sonrakı nəsil qarşısında məsuliyyət daşıdığı üçün bu ilahi əmanəti göz bəbəyi kimi qoruyaraq onu gələcək insanlara təqdim etməlidir.

 

Ustad Mürtəza Mütəhhəri keçmiş nəslin hidayət olunmuş təbəqəsinin bariz nümunələrindən biridir. O, böyük ustadların xüsusi nəzarəti altında dini təhsil alaraq islami bir şəxsiyyət kimi yetişmişdir. Onun qarşısında müxtəlif fikirlərin təsiri nəticəsində formalaşmış gənc bir nəsil dayanırdı. Bu gənc nəslin xüsusiyyətlərindən biri də onların dini məsələlərə şübhə ilə yanaşmaları olmuşdur. O, üzərinə düşən vəzifəni, bu nəsli şübhələrdən uzaqlaşdırıb, yəqinə çatdırmaqda görmüş və bu işi həyata keçirmək üçün məhz qələmini işə salmışdır. Ustad bu barədə yazır:

 

Mən ilk dəfə təqribən iyirmi il bundan öncə əlimə qələm alıb məqalə və ya kitab yazmağa başladım. Bütün yazılarımda yeganə məqsədim yalnız müasir dövrdə İslam dini məsələləri ətrafında mövcud olan şübhə və suallara cavab vermək və bu sahədə yaranan problemləri aradan qaldırmaq olmuşdur. Üzərində çalışdığım mövzuların bəzisi fəlsəfi, əxlaqi, ictimi və fiqhi, bəzisi də tarixi-ictimai olmuşdur. Bu yazıların mövzuları zahirdə bir-birinə zidd olmasına baxmayaraq, ümumi baxışda bir hədəf və məqsədi tamamlamışdır.

 

Bir tərəfdən imperialist qüvvələrin istismarçılıq niyyəti ilə islam dini üzərinə hazırladığı məkrli planlar, digər tərəfdən də islamı himayə etmək istəyən nadan və savadsız şəxslərin mürtəce iddiaları bu müqəddəs dinin öldürücü zərbələr almasına gətirib çıxarmışdır. Buna görə də yüksək məsuliyyət hissi keçirərək bu sahədə bacardığım qədər çalışmağı özümə borc bilirəm.

 

Verilən bu qısa izahlarla bir neçə məsələnin aydınlaşdığını ümid edirik. O cümlədən:

 

1. Mürtəza Mütəhhəri İslam kəlam elminin alimlərindən biri olmuşdur;

 

2. O, yüksək səviyyədə Yeni kəlam elminin bünövrəsini qoymuşdur;

 

3. Onun bu sahədə çalışmasının əsas səbəbi dövrün tələbi və cəmiyyət içərisində yaranmış problemlər olmuşdur.

  
QƏDİM KƏLAM ELMİNDƏ MÜZAKİRƏ OLUNAN MƏSƏLƏLƏR HAQQINDA 

Qədim kəlam elmində bir çox məsələlər müzakirə olunurdu. Zaman keçdikcə onlardan bir çoxu öz aktuallığını itirdi və artıq bu elmdə həmin məsələlərdən çox az bir qismi qalmaqdadır. Onlara misal olaraq Quranın hadis1 və ya qədim2 olması məsələsini qeyd etmək olar.

 

Müasir dövrdə artıq başqa məsələlər daha maraqla araşdırılır. Məsələn, Cəbr3 və ixtiyar4 məsələsi, Allahın ədalətli olması, Allahın həkim olması, Allahın vahid və yeganəliyini sübut edən işlər, Allahın vahid və yeganəliyini sübut edən sifətlər və s.

 

Şəhid Mütəhhəri kəlam elmində müzakirə olunan məsələlər barəsində yazır:

 

Təbii olaraq müsəlmanlar arasında bəhs doğuran məsələlərdən ən birincisi cəbr və ixtiyar adlı elmi bir mübahisə və ya insanın həyatda məcbur və ya ixtiyar sahibi olması məsələsi olmuşdur. Bu mövzu bir başa insanların müqəddəratı ilə bağlı olduğu üçün, digər məsələlərlə müqayisədə daha çox maraq doğurmuş və normal düşüncəli hər hansı bir şəxsin diqqətini özünə cəlb etmişdir. Mənə elə gəlir ki, dünyada bu məsələni müzakirə etməyən normal bir cəmiyyət göstərmək mümkün deyildir. Qurani-kərimin özü də bir çox ayələr vasitəsi ilə insanları bu mühüm məsələ barəsində düşünməyə vadar edir.

 

Cəbr və ixtiyar məsələsindən irəli gələn bəhslərdən biri də ədalət məsələsidir. Çünki cəbr və zülm, eləcə də ixtiyar və ədalət məsələləri arasında olan aşkar bağlılıq hamıya məlumdur.

 

Ədalət barəsindəki bəhslərdən doğan hikmət məsələsi sonralar tədrici olaraq tövhidi-əfali5 (Allahın vahid və yeganəliyini sübuta yetirən işlər) və daha sonra isə tövhidi-sifati6 (Allahın vahid və yeganəliyini sübuta yetirən sifətlər) kimi məsələlərə gətirib çıxardı.

 

Bu bəhslərin müxtəlif təbəqələr arasında müzakirə olunması bu gün də müşahidə olunur. Amma müasir dövrdə artıq, bəhsin zahiri görünüşü dəyişilmiş, bəhslər genişlənmiş və daha da şiddətlənmişdir. Müsəlman cəmiyyətlərində müasir kəlam elminin yaradılmasına səbəb, məhz bu dəyişikliklər olmuşdur.

 

Şəhid Mütəhhəri dini mədrəsələrin əsas və müasir vəzifələri adlı məqaləsində yeni kəlam elmində müzakirə olunan məsələlərin bəzisindən söz açmışdır.

  
MÜASİR KƏLAM ELMİNDƏ MÜZAKİRƏ OLUNAN MƏSƏLƏLƏR HAQQINDA 

1. Din fəlsəfəsi və onun sosioloji və psixoloji baxımdan meydana gəlməsinin səbəbləri; Din fitrəti, fitrət və fitri şeylər barəsində olan dərin insani bəhslər;

 

2. Din və təriqət gətirənlər, islamda məhdəviyyət;7

 

3. Müasir psixoloji elmlər baxımından vəhy və ilham məsələsi, (nübüvvət);

 

4. Tövhid barəsində olan dəlillərin yenidən araşdırılması;

 

5. İctimaiyyət baxımından imamət və rəhbərlik məsələsi;

 

6. Həzrət Məhəmməd peyğəmbər (s) və Qurani-kərim haqqında olan bəhslər.

 

Qeyd etmək lazımdır ki, bunları söyləməkdən məqsədimiz, qədim və müasir kəlam elmində müzakirə olunan bütün məsələləri sadalamaq yox, əksinə müasir kəlam elmi və İslam baxımından insanşünaslıq məsələləri arasında olan bağlılığı oxucuların nəzərinə çatdırmaq olmuşdur. Bu isə tədqiqatımızda əsas yeri tutan mövzulardan biridir. Başqa sözlə desək, məqsədimiz İslam baxımından insanşünaslıq məsələsinin müasir kəlam elmində müzakirə olunduğunu siz oxucuların nəzərinə çatdırmaqdır.

  
MÜQƏDDİMƏ 

Əsrlər boyu dünya mütəfəkkirləri arasında özünəməxsus fikir və əndişəsi olan şəxslər yaşayıb-yaratmış, öz zəkası ilə bəşəriyyətə misilsiz xidmətlər etmişlər. Belə şəxslərlə yanaşı, əsassız iddialarla çıxış edərək elmi dəyər və əhəmiyyətə malik olmayan sözlər danışan, fikir və düşüncələri arasında heç bir məntiqi bağlılıq olmayan alimnümalar da az olmamışdır. Bu növ elm iddiaçılarının bir neçə kitabını oxuyub, qalan əsərlərinə müraciət etmədən də onun səviyyəsini müəyyən etmək, əsərdəki əsas fikir və məqsədini anlamaq mümkündür. Amma birinci qism yazıçıları bu yolla müəyyənləşdirmək, onların da fikir və məqsədini bu üslubla dərk etmək çətindir. Onların ideya və düşüncələrini başa düşmək üçün, istisnasız olaraq bütün əsərlərini mütaliə etmək lazımdır.

 

Əllamə İqbal Lahuri bu qism alimlərdən biridir. Ustad Qulamrza Səidi, İqbal Lahurinin özünməxsus fikir və üslubu barədə yazır:

 

İqbal Lahurinin fikir toplusu bir sıra sistematik anlayışların bünövrəsini qoymuşdur. Onun hər bir fikri, sair fikirlərinin məna və məfhumunu təsdiq edərək möhkəmləndirir. Buna görə də İqbalın heç bir əsərini, onun fikirlərinin məğzi olan və onları sistematikləşdirən özləşdirmək kəlməsinin mənasını başa düşmədən araşdırmaq mümkün deyil. İqbal Lahurinin fəlsəfəsini araşdırmaq üçün onun fikirlərinin xırdalıqlarını oxumaqdansa, fikir toplusundan hasil olan nəticəni bütöv bir orqanizm formasında tədqiq etmək daha yaxşı olar.

 

Bütün bunları nəzərə alaraq demək lazımdır ki, əgər İqbalın hər bir fikrini onun sistematik əndişəsinin tərkib hissəsi olduğunu qəbul ediriksə, düzgün başa düşmək üçün, onu ayrı və müstəqil deyil, kamil bir orqanizmin bir hissəsi hesab etmək lazımdır.

 

Həmçinin, əgər İqbalın vahid şəkildə olan fikir toplusunun bir hissəsi əhəmiyyətsiz sayılarsa, onları düzgün dərk etmək də mümkün olmayacaqdır.

 

Şəhid Mütəhhəri də bu qəbildən olan mütəfəkkirlərdən biridir. Ustad Mütəhhərinin əsərlərində onun fikirlərini düzgün dərk etməyi çətinləşdirən bir sıra xüsusiyyətlər vardır. Bu da onun elmi fəaliyyətlərinin müəyyən üslub və qanun çərçivəsində olmasından irəli gəlir. Onun hal-hazırda çap olunmuş əsərlərinin çoxu vaxtilə şifahi mühazirələr şəklində söylədiyi nitqlərin lent yazılarından köçürülmüş surətidir. O, bu fikirləri universitetlərdə keçirilmiş elmi yığıncaqlarda və ya məscidlərdə təşkil olunan ümumi tədbirlərdə söyləmişdir. Ustad, son dərəcə qiymətli olan bu fikirlər toplusu tənzim edilib məcmuə şəklinə salınmazdan əvvəl şəhid edilmişdir. Bu fikirlər onun fitri istedadı və fövqəladə yaradıcılıq qüvvəsinə malik olması sayəsində kifayət qədər məntiqi və bir-birinə bağlı mövzuları əks etdirir. Hazırda çap olunmuş əsərlərdə nəzərə çarpacaq səthi pərakəndəlik isə, onların şifahi nitq olmasından və keyfiyyətsiz maqnitafon lentlərindən köçürülməsindən irəli gəlir.

 

Mərhum Mütəhhərinin əqidə və fikirləri sistematik olmaqdan əlavə, onun insan və ya fitrət barəsində etdikləri bəhslər bu fikir sisteminin mərkəzində dayanan günəşi xatırladır. O, bu barədə yazır: Quranda ən əsas bir məsələ kimi qiymətləndirilən fitrət məsələsi, İslam maarifinin anası hesab olunur.

 

Yuxarıda müqəddimə olaraq söylədiyimiz mətləblərdən şəhid Mütəhhərinin müasir kəlam elminin bünövrəsini qoymasının səbəbi və həmçinin ustadın insanşünaslıq barəsindəki bəhslərinin, onun başqa əsərlərindən qabaq oxunmasının zəruriliyi aydınlaşdı.

 

Ön sözdə müasir kəlam elminin geniş şəkildə açıqladığımız tərifini nəzərə alaraq belə bir sual meydana çıxır:

 

Şəhid Mütəhhəridən də qabaq islam dini məsələlərinə qarşı yaranmış şübhələrə cavab verən bir çox başqa alimlər olmuşdur. Görəsən nəyə görə müasir kəlam elminin təsisçisi onlar deyil, mərhum Mütəhhəri sayılır?

 

Cavab: Onların şübhələrə verdikləri cavablar, müəyyən üslub və qanun çərçivəsində olan etiqadi bir formada olmamışdır. Halbuki, Mütəhhəri dini məsələlər ətrafında olan mübahisələri aradan qaldırmaqla bərabər, gənc nəslə qanun çərçivəsində olan müəyyən bir etiqadi forma da təqdim edirdi.

 

Şəhid Mütəhhərinin insanşünaslıq bəhsinin, başqa mövzulardan öndə durmasının zəruriliyi, ustadın müasir kəlam elmi ətrafında etdiyi bəhslərin çoxunun, hansısa bir cəhətdən insanşünaslıqla bağlılığına görədir. Məhz buna görə də çalışmışıq ki, bu kitabda şəhid Mütəhhərinin insanşünaslıq barəsində olan nəzəriyyəsini, onun öz əsərlərindən çıxarıb, geniş surətdə oxuculara təqdim edək. Bu da öz-özlüyündə onun başqa bəhslərini araşdırmaq üçün bir müqəddimə ola bilər. Şəhid Mütəhhərinin əsərlərində islam baxımından insanşünaslıq bəhsi bu kitabda oxuculara belə təqdim olunacaqdır:

 

1. İslam dini baxımından insanşünaslığın üsulları (insanda olan potensial qüvvələr);

 

2. İnsanlıq məfhumu;

 

3. İnsanların bir neçə qismə bölünməsi;

 

4. İnsanlıq meyarları;

 

5. Kamil insan;

 

 

1. Şəhid Mütəhhərinin əqidəsinə görə, insanlarda onların özləri əldə etmədiyi bir sıra xüsusiyyətlər mövcuddur. Bu xüsusiyyətlər onlara qadir və vahid olan Allah tərəfindən bəxş edilmişdir. O xüsusiyyətlər bunlardır: Agahlıq, mürəkkəb bir varlıq olmaq, yəni cism və ruhdan təşkil olunma, ixtiyar və məsuliyyət hissi.

 

Agahlıq xüsusiyyətinin başqa xislətlərdən qabaq müzakirə olunmasının səbəbi, onun bəşər övladının mahiyyətinin cövhəri olması ilə bağlıdır. Eləcə də insanın cism və ruhdan ibarət olan mürəkkəb bir varlıq olma xüsusiyyəti, onun ixtiyar sahibi olması məsələsindən daha qabaq bəhs olunur. Çünki insanların həyatda ixtiyar qüvvəsindən istifadə edə bilmələrinin başlıca şərti onun vücudunun mürəkkəb (cism və ruh) olub, iki yol ayrıcında (pis və yaxşı) dayanması ilə mümkündür. Amma əgər insan ixtiyar sahibi olub (yaxşı və ya pisliyindən asılı olmayaraq) yalnız bir yol qarşısında dayanmış olsaydı, onun ixtiyar qüvvəsindən istifadə etməsi mümkün olmazdı.

 

İnsanın məsuliyyətli bir varlıq olması bu üç əsas xüsusiyyətlərin məntiqi nəticəsidir. O agah, mürəkkəb və ixtiyar sahibi olduğu üçün də məsuliyyət daşıyan bir varlıq hesab olunur. O, özündən əlavə, başqa insanların müqəddəratı üçün də məsuliyyət daşıyır.

 

2. İnsanlıq məfhumu: İnsanın şəxsi vəzifələrindən biri də onun öz mahiyyətini öz ixtiyarı ilə qurması və potensial qüvvə şəklində olan insanlığını həyata keçirməsidir.

 

3. İnsanların bir neçə qismə bölünməsi;

 

İnsanların, ixtiyar sahibi olduğundan, öz mahiyyətlərini müəyyənləşdirmək yolunda heç bir səy göstərməmələri də mümkündür. Hətta özləri üçün xilqətin əsil məqsədindən uzaq olan bir mahiyyət qurmaları da gözlənilir. İnsan xilqətinin əsil məqsədi, onun Allaha ibadət və bəndəçilik etməsidir. Amma insanlar ixtiyar sahibi olduğuna görə, Onun əleyhinə tüğyan da edə bilirlər. Həmçinin öz ixtiyarları ilə Allah dərgahına üz tutub öz bəndəçiliklərini də izhar etməyə qadirdirlər. Bu əsasla da insan üç qismə bölünür:

 

1. Öz batini istedadlarını çiçəkləndirməyən qeyri-çalışqan insanlar;

 

2. Allaha ibadət və itaəti tərk edərək yolunu azmış təkəbbürlü və xudpəsənd, eyni zamanda iradəli və çalışqan şəxslər;

 

3. Düz yolda olub bütün batini istedadlarını çiçəkləndirərək Allaha tərəf yönəldən yüksək iradəli çalışqan insanlar. Bu qism insanların ən yaxşısı kamil insan adlanır;

 

4. İnsanlıq meyarları: Hər hansı bir şəxs öz insanlığını qurmaq vəzifəsini dərk etdikdə belə bir sualla qarşılaşır: İnsanlığa qiymət vermək üçün əsas götürülən əlamətlər hansılardır? Elm, xasiyyət, təbiət, iradə, azadlıq, məsuliyyət hissi, yoxsa eşq və pərəstiş?

 

Şəhid Mütəhhərinin əsərlərindən alınan nəticəyə əsasən, adlarını çəkdiyimiz əlamətlərin ən əsası Allaha pərəstiş etməkdir. Qalan amillər isə insan tərbiyəsi üçün lazım olan səbəblər kimi qiymətləndirilməlidir. Yaradılışdan əsas məqsəd Allaha pərəstiş və ibadət etməkdir. Amma bunun həyata keçirilməsi üçün adları çəkilən amillərin də olması zəruridir. Bunlar ayrı-ayrılıqda heç də kifayət etmir. Çünki ola bilər ki, insan elm, qüdrət, azadlıq və sair üstünlükləri əldə etmək üçün güclü iradəyə malik olsun, amma bütün bunları öz nəfsani istəklərinə yetişmək məqsədi ilə etsin. Buna görə də insan öz istedadlarını inkişaf etdirməklə yanaşı, Allaha pərəstiş edib bütün yaxşı xüsusiyyətlərini də düz yola yönəltməlidir.

 

Məhəmmədəli Əlipur

  
BİRİNCİ FƏSİL  
İSLAM DİNİ BAXIMINDAN İNSANŞÜNASLIĞIN ÜSULLARI 

Güc və qüvvənin tərif olunmağa heç də ehtiyacı yoxdur; təsir bağışlaya bilən hər hansı bir amilə güc və ya qüvvə deyilir. Dünyada hər hansı bir varlıq bir və ya bir neçə təsir edici qüvvəyə malikdir. Belə ki, istər qeyri-üzvi maddə və bitki, istərsə də heyvan və insan və ümumiyyətlə hər bir şey hansısa bir qüvvəyə malikdir. Hər hansı bir qüvvənin həyata keçirilməsində şüur və istək də rol oynasa, ona qüdrət və ya bacarıq deyiləcək.

 

İnsan başqa mövcudların malik olmadığı bir sıra imkan və bacarıqlarla zənginləşmiş bir varlıqdır. Onda mövcud olan bu imkan və bacarıqlar ona dini mükəlləfiyyət və məsuliyyət hissi daşımaq ləyaqətini bəxş etmişdir. İnsanda mövcud olan bu imkan və bacarıqlara insanşünaslıq üsulları deyilir.

 

Bu üsullar aşağıdakılardır:

 

1. Agahlıq; 2. Mürəkkəb bir varlıq olmaq; (ruh və cism).

 

3. İxtiyar sahibi olmaq;

 

4. Məsuliyyət hissi daşımaq.

  
Birinci üsul  
İnsan agah bir varlıqdır 

İnsan zatən və öz-özlüyündə agah bir varlıqdır. Belə ki, onun zatı eynilə agahlıqdır və ya onun xəmiri agahlıqla yoğrulmuşdur. Biz əgər əvvəl insanın mənliyinin vücuda gəlməsini, daha sonra öz mənliyindən agah olduğunu düşünsək, səhv etmiş olarıq. İnsan mənliyi ilə agahlıq eyni zamanda vücuda gəlir. Bu vücudagəlmə prosesində agah olan, yəni agahlığın özü və agah olunan şey eyni hesab olunurlar. Agahlıq mənliyinin özünə bərabər olması, eyni bir həqiqətdir.

 

İnsan sonrakı mərhələlərdə, yəni az-çox başqa varlıqlarla tanış olandan sonra, zehnində öz şəklini canlandıraraq özü ilə tanış olur. Başqa ifadə ilə desək, vasitəli elm yolu ilə özünü tanıyır. Amma o, başqa varlıqlarla tanış olmazdan əvvəl də, vasitəsiz elm yolu ilə özünü tanıyırdı.

 

İnsan özündə belə bir agahlıq hiss etdikdən sonra, daha özündən soruşmur ki, görəsən mən varam, yoxsa yox? Və ya əgər varamsa, bəs kiməm? və s. Çünki vasitəsiz elm yolu ilə əldə olunan agahlıqda, heç bir şübhəyə yer qalmır.

 

Dekartın əsaslı səhvlərindən biri onun şübhəyə yer olmayan mən varam məsələsində şübhə edib, mən fikirləşirəmsə demək varam məfhumu ilə bu şübhəni aradan qaldırmaq cəhdi olmuşdur. İnsanda fitri agahlığın olması bir həqiqətdir. Bu agahlıq sonradan qazanılası deyil, cəbri xəlq olunmuş insan mənliyinin necəliyidir. Məhz buna görə də insanların dəvət olunduğu agahlıqla, onda olan cəbri surətdə yaradılmış agahlıq arasında böyük fərq vardır.

 

Qurani-kərim ana bətnindəki rüşeymin əmələ gəlmə prosesini bəyan edərkən axırıncı mərhələyə yetişdikdə buyurur:

 

[Biz] sonra onu başqa [yeni] bir məxluq olaraq yaratdıq.

 

Bu ayədə özündən agah olmayan maddənin özünü tanıyan ruh sahibi olan cövhərə çevrilməsi məsələsinə işarə olunur. Həmçinin agahlığın genişlənməsi ilə bərabər həyatın da genişlənməsinin bir həqiqət olduğu bizə məlumdur. İnsan ruhu, onun agahlığı ilə eyni bir şeydir. Elm və agahlığı geniş olan insanın, ruh və həyatı da geniş olar.

 

Demək, insan özündən nə qədər çox agah olsa, bir o qədər çox canlı hesab olar. Fəlsəfi dillə desək, canlı olmaq müşəkkək8 bir həqiqətdir; yəni onun yüksələn xətt boyunca müxtəlif dərəcə və mərtəbələri vardır. İnsanın agahlıq dərəcəsi tədricən yüksəldikcə, onun həyat və canlılıq dərəcəsi də yüksəlir.

  
İkinci üsul  
İnsan mürəkkəb [ruh və cismə sahib olan] bir varlıqdır 

İnsan islam dini baxımından başqa mövcudlarla fərqli olaraq, mürəkkəb şəxsiyyətli bir varlıqdır. Onun mürəkkəb bir şəxsiyyətə malik olmasını bütün din və fəlsəfələr, eləcə də alim və psixoloqlar təsdiq etmişlər. Bu artıq isbata ehtiyacı olmayan aksiomaya çevrilmişdir. Yəni insan vücudunun ruh və cismdən təşkil edildiyinə heç kəs şübhə etmir.

 

Qurani-kərim insan yaradılışını bəyan edərkən bu məsələyə də toxunur. Allah-taala mələklərə xitabən buyurdu:

 

...Mən yer üzündə bir xəlifə [canişin] yaradacağam dedikdə, mələklər: Biz Sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?söylədilər... (Bəqərə-30).

 

Bu onların insan müqəddəratına bədbin yanaşmalarının nişanələrindəndir.

 

Bəşər övladını başdan-başa şər hesab edib insan həyatının yalnız bir tərəfini nəzərə alan mələklər Sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən? sualını verib bu işin hikmətini xəbər aldılar. Onlar bununla demək istəyirdilər ki, bəşər təbiətcə nifaq yaradıb qan tökməkdən başqa heç bir iş bacarmır. Gördüyünüz kimi, insan vücudunun sirrindən mələklər belə baş aça bilməmişlər. Bu öz-özlüyündə bəhs olunmalı böyük bir məsələdir. Onun vücudunun bütün sirlərini yalnız Yaradan bilir.

 

Allah-taala mələklərin insan barəsində irəli sürdükləri nəzəri qəbul etmədi və üstəlik onlara Mən bildiyim şeyi siz bilmirsiniz!-deyə buyurdu. Siz insan barəsində olan bədbin fikrinizdə yanılırsınız.

 

Allah-taala insanı yaratdıqdan dərhal sonra onu sınaqdan keçirməklə bir növ, mələklərin yanıldıqlarını sübut etdi.

 

Qurani-kərimin insan yaradılışı barəsində olan ayələrinin birində mələklərə belə buyurulur:

 

Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona [ibadət yox, təzim məqsədilə] səcdə edin!

 

Quran bununla da, insanı torpaqdan yaratdığını, onun maddi bir varlıq olduğunu və eyni zamanda ilahi ruhdan da qidalandığını demək istəyir. Biz ilahi ruhun nə olduğunu bilmirik. Amma insanda torpaq, su və bu kimi digər təbii və maddi ünsürlərdən başqa bir şeyin də olduğunu yaddan çıxarmamalıyıq.

 

Həmçinin Peyğəmbər (s) buyurmuşdur:

 

Allah-taala mələklərin təbiətini şəhvətlə yox, yalnız ağılla və heyvanların təbiətini ağılla yox, şəhvətlə zəngin yaratdı. Amma insan təbiətində bunların hər ikisinə yer verdi. Hər kəsin ağılı şəhvətinə qələbə çalsa, mələklərdən üstün olar və hər kəsin şəhvəti əqlinə qələbə çalsa, heyvanlardan da aşağı olar.

  
Bu mövzunun isbatı üçün bir neçə dəlil 

Allah-taala insana öz-özünə qazilik etmək bacarığı vermişdir. İctimai məsələlərdə hakim ilə şikayətçi və məhkum olunan şəxs başqa-başqa insanlar olmalıdır. Adətən kimsə birindən şikayət edəndə hər iki şəxs üçüncü bir şəxsin, yəni hakimin yanına gedir, hakim də bunlar arasında ədalətlə qəzavət edir. İnsanın özündən özünə şikayət etməsini və ya bir adamın eyni zamanda həm hakim, həm də şikayətçi olmasını təsəvvür etmək mümkündürmü?

 

İnsaf nədir? Ümumiyyətlə insaflı adamın mənası budur ki, insan özünə aid olan məsələlərdə bitərəf olaraq hökm irəli sürsün, yəni özü müqəssir olsa da belə, öz əleyhinə qərar çıxarsın. Bu nə olan şeydir? Bu, insanın həqiqi şəxsiyyətinin mürəkkəb olmasını göstərən xüsusiyyətdən başqa bir şey deyildir.

 

İnsanın öz-özünü danlaması (məzəmmət etməsi);

 

İnsanın öz-özünə nəsihət verməsi;

 

İnsanın öz-özü ilə haqq-hesab aparması;

 

İnsanın öz ətrafında olan məsələləri ölçüb biçməsi;

 

Bütün bunlar onun şəxsiyyətinin mürəkkəb olmasına dəlildir. Bu mürəkkəb şəkildə olan şəxsiyyət iki qismə bölünür: onlardan biri onun insanlığına, o biri isə heyvanlığına (heyvanlarda olan xüsusiyyətlərə) aid olan hissədir.

 

Deməli, insan həqiqətən təzadlı sifətlərin təzahür etdiyi bir məkandır. Heç bir varlığın vücudunda insanda olan qədər daxili ziddiyyətlər hökm sürmür. Başqa sözlə desək, insana xas olan xüsusiyyətlərdən biri, onun mələkut və səmavi aləmlə məhdud və dünyəvi aləm arasında hökm sürən ziddiyyətləridir. Qədim alimlər insanın daxilində baş verən bu prosesi, ağıl və nəfs arasında olan çəkişmələr adlandırmışlar. Odur ki, insan daimi olaraq cəzbedici maddi və təbii istəklərin təsirinə məruz qalır.

 

Yeməyə olan meyl, cinsi məsələlər, istirahət etmək və bu kimi sair işlər insanı maddiyyat və təbiətə doğru çəkib aparır. Amma insanı özünə doğru çəkən cəzbedici qüvvələr tək bunlar deyil. Onu qeyri-maddi şeylərə tərəf çəkib aparan ayrı cəzbedici qüvvələr də vardır. Bu gün artıq bütün insanlar tərəfindən qəbul olunan bir sıra mənəvi baxışlı, cəzbedici qüvvələr kəşf olunmuşdur. Onlar aşağıdakılardır:

 

1. Elm və bilik (həqiqət istəyi);

 

2. Əxlaqın xeyirli olması (fəzilət və dəyər istəyi);

 

3. Gözəllik və camal;

 

4. Yaradıcılıq və ixtira;

 

5. Eşq və pərəstiş.

 

İnsanın bütün bu istəkləri, onun ilahi yaradılışından doğur. Çünki İslam dini baxımından, insanın ilahi xilqət və zatında bu şeylər mövcuddur. Onun başqa canlılarla əsas fərqi, fitrət məsələsində, yəni aləmə baxış və istəklərindəndir.

  
Fitrətin mənası 

Qurani-kərimdə fətərə kəlməsi dəfələrlə istifadə olunmuşdur.

 

(Fətərəhunnə, fatirus-səmavati, izəs-səmaun fətərət və s.)

 

Bu kəlmə bütün yerlərdə yaradılış (misli olmayan yaradılış) və xəlq etmək mənasını daşıyır. Amma bu kəlmə filət vəznində olanda yalnız insan və din barəsində işlədilmişdir. Ərəb ədəbiyyatında kəlmənin filət şəklində işlədilməsi, onun hər hansı bir növ mənasına dəlalət etməsini bildirir. Məsələn, oturmaq mənasını bildirən cilsət kəlməsi bu şəkildə işlənərsə, xüsusi bir oturuş tərzi mənasını bildirəcəkdir. Bu qrammatik qaydaya əsasən, fitrətəllah kəlməsi xüsusi yaradılış forması mənasını daşıyacaqdır. Bununla demək istəyir ki, biz insanı xüsusi bir yaradılış tərzilə xəlq etmişik.

 

Qeyd etdiyimiz kimi, fitrət ibtidai yaradılış mənasını daşıyır. İnsan gördüyü işləri təbiətdən götürür. Belə ki, əvvəl təbiət mövcud olmuş, sonra isə insan onu özünə ö ək tutaraq müxtəlif lazımi vəsaitlər düzəltmişdir. Amma Allah-taalanın gördüyü işlər təqlidetmə və ö ək götürmə üslubu ilə deyildir. Ona görə də Quranda fitrət kəlməsi ö ək əsasında olmayan, ibtidai yaradılış mənasını daşıyır.

 

İbni Abbas demişdir: Mən Qurani-kərimdə işlədilən fitrət kəlməsinin mənasını iki qəbilədən olan ərəblə qarşılaşdıqdan sonra başa düşdüm. Bu iki ərəbin quyu üstündə ixtilafları varmış. Ərəblərdən biri o birisinə ənə fətərtuha, yəni onu birinci mən düzəltmişəm sözlərini deyirmiş. Müşahidə etdiyimiz kimi, ərəblər quyu üzərində olan malikiyyətini və quyunu birinci qazdığını bildirmək üçün fətərə kəlməsindən istifadə etmişlər. Bu kəlmə ayrı yerlərdə də ibtidaiyyət mənasını daşıyır.

 

Fitrət kəlməsini araşdırdıqdan sonra belə bir nəticə əldə olunur.

 

1. İnsan yaradılışı sabiqəsi olmayan bir xilqətdir;

 

2. Bu yeni məxluqda qabaqca yaradılmış varlıqlarda olmayan xüsusiyyətlər vardır.

 

Bu yeni xəlq edilmiş varlığı (insanı) başqa varlıqlardan ayıran hansı xüsusiyyətlərdir? Məxluqatın saysız-hesabsız xüsusiyyətləri vardır, amma onlardan yalnız üçünün bəhs etmək istədiyimiz mövzuya bağlılığı vardır:

 

1. Təbiət;

 

2. İnstinkt;

 

3. Fitrət;

 

İndi isə bu elmi terminləri müxtəsər şəkildə araşdıraq. Yeri gəlmişkən fitrət məfhumunu digər oxşar terminlərlə müqayisə edərək onun həqiqi mənasını daha da aydınlaşdıraq.

  
1. Təbiət və ya xilqət 

Bu termin cansız əşyalar və bəzən də canlılar barəsində işlədilir. Əşyaların özünəməxsus xassələrinə xilqət deyilir. Bu da öz növbəsində təbiət adlanır. Su, torpaq və digər şeylərin təbiət və xassələri kimi. Varlıqların ətraf mühitə göstərdiyi xüsusi təsir mənşəyinə təbiət deyilir.

  
2. İnstinkt 

İnstinkt, heyvanların yaşayış tərzində yol göstərici rolunu oynayan daxili bir qüvvədir, yəni bu xüsusiyyət yarımagah bir halət hesab olunur. Heyvanlarda olan bu xüsusiyyət özləri tərəfindən qazanılmayıb; bu xislət onların yaranışında qabaqcadan qoyulmuş təbii bir qüvvədir.

  
3. Fitrət 

Fitrət yalnız insanlara aid olan bir xüsüsiyyətdir. Qurani-kərim bu kəlməni ilk dəfə insan barəsində işlətmişdir. İnsanlarda olan bu xüsusiyyət, sonradan özləri tərəfindən qazanılmayıb və təbii olaraq qabaqcadan xəlq olunmuş zati bir qüvvədir.

  
Fitrət və instinkt arasında olan fərqlər 

İnsan heyvanlardan fərqli olaraq, öz fitri qüvvələrindən agah olub daxilində mövcud olan bütün təbii xüsusiyyətlərdən xəbərdardır. Amma heyvanlar bu cür deyillər. Onlar instinktual istəklərdən doğan işləri agahlıq olmadan, ya da yarımagah bir halda görürlər.

 

Fitrət və instinkt arasında başqa bir fərq də vardır. Qərizə qüvvəsi heyvan həyatının maddi məsələləri qarşısında dövr edən, fitrət isə insanın həm özü, həm də onun fövqündə duran məsələlərlə bağlı olan təbii bir qüvvədir.

 

Fitrət insan vücudunun iki nahiyəsində zahir olan bir sıra xüsusiyyətlər və təsiredici qüvvəyə malikdir. Bu xüsusiyyətlərin zahir olan nahiyələrindən birincisi anlayışlar (agahlıqlar), yəni ağıl, o birisi isə istəklərdir. Agahlıqla bağlı olan bəhslər birinci üsulda açıqlandı. İndi isə istəklərlə bağlı olan məsələlər barəsində danışaq.

  
İnsan istəkləri ilə bağlı olan fitri xüsusiyyətlər 

Deyildiyi kimi, insani istəklər iki qismdən ibarətdir. Onlardan bir qismi onun cisminə, o birisi isə ruhuna aid olan istəklərdir.

 

1.Cismə aid olan istəklər: Burada tam cismlə bağlı olan istəklər, yəni yemək, istirahət etmək və bədən quruluşuna aid olan bu kimi digər işlər nəzərdə tutulur. (Nəzərdə tutulan bəhslərdən qıraqda duran instiktual istəklərlə işimiz yoxdur).

 

2. İnsan ruhu ilə bağlı olan istəklər: Psixoloqlar insan ruhu ilə bağlı olan meyllərdən söz açmış və bu istəklərdən doğan ləzzəti, ruhi qida adlandırmışlar: məsələn həqiqətsevərlik, həqiqət axtarmaq, gözəlliyi sevmək, yaradıcılıq, kəşf və ixtiraya qarşı olan meyl və istək. Bütün bunlardan üstün olan eşq və pərəstiş kimi istəklər də vardır. Bu növ istəklər iki əsas xüsusiyyətə malikdir. Birincisi, bu istəklərin insanın təkcə özünü deyil, başqa varlıqları da əhatə etməsi. İkincisi, bu növ istəklərin müqəddəs olması.

  
Həqiqətsevərlik 

İnsanın, mövcudat aləmini olduğu kimi dərketmə istəyinə həqiqətsevərlik deyilir. İnsan elm və biliyi, təkcə təbiətə qalib gəlib insanlara xeyir verən abadlıq işləri görəcəyinə görə sevmir. İnsan adlı bir varlıqda həqiqət axtarışı deyilən bir qərizə və istək vardır. Elm və bilik öz-özlüyündə insan üçün bəyənilən bir şeydir.

 

Elm insanlara yaxşı yaşamaq və müxtəlif işlərin öhdəsindən daha məharətlə gəlməyi öyrədir. Bəşəriyyətin bəyənilmiş xüsusiyyətlərindən biri də onun elmli olmasıdır. İnsan təbiətən cahillikdən elmə doğru qaçır. Buna görə də elm və bilik insan mənəviyyatına aid olan xüsusiyyətlərindən biri sayılır.

  
Əxlaqi fəzilət 

İnsan bir çox şeyləri mənfəətli və xeyirli olduğu üçün əldə etməyə çalışır. Bu istəklər insanın özü ətrafında dövr edən istəklərdir. Amma bəzən o, ağıl ilə xeyirli sayılan bir sıra şeylərə də meyl göstərir. Mənfəət cismə, fəzilət isə insan ağlına aid olan xeyir sayılır. İnsan dəyərli işləri xeyir əldə edib ziyandan qaçmaq üçün deyil, əxlaqi duyğular adlanan rəğbətinin təsiri altında görür. O, insanlıq belə hökm edir deyə, etiqadla bu işləri görür. Yaxşılığa yaxşılıq, etinasız insanları məzəmmət etmək kimi qəzavətlər insan vicdanı və əxlaqından doğan hökmlərdir. Bu cür işlər əxlaqi xeyir adlanır. İnsanın zahirdə xeyir hesab etdiyi bir çox işlər bu meyardan doğan hökmlər nəticəsində görülmür. Əxlaqi xeyir insanın mənəviyyatına aid olan şeydir. Ayrı canlılarda bu şeylər mövcud deyil və onlar üçün əxlaqi dəyərlərin heç bir mənası yoxdur.

  
Gözəllik 

İnsanın mənəviyyatına aid olan şeylərdən biri də onun gözəlliksevərliyidir. İnsanda istək mövcud olduğu üçün onun həyatının çox bir hissəsini məhz gözəllik təşkil edir. İnsan, həyatının bütün sahələrində gözəllikdən istifadə edir. Soyuq və istinin qarşısını almaq üçün geydiyi paltarın gözəlliyinə də əhəmiyyət verir. Yaşamaq üçün tikmək istədiyi evin hər şeydən əvvəl gözəlliyinə fikir verir. Hətta yemək üçün sərilən süfrə, onun üzərində qablar və xüsusi tərzdə çəkilmiş xörəklər də gözəllik üsullarından kənarda deyildir. İnsan öz adının, paltarının, xəttinin, yaşadığı şəhər və küçəsinin gözəl olmasını istəyir. Qısa sözlə desək, insan öz həyatının bütün sahələrini gözəl görmək istəyir.

 

Heyvanlar üçün gözəlliyin heç bir mənası yoxdur. Heyvanları yalnız axurun içindəki ot-ələf maraqlandırır və onun gözəl olub-olmaması onun üçün heç bir məna daşımır. Həmçinin onlar üçün palan, mənzərə, tövlə və qeyri şeylərin gözəl olub-olmamasının mənası yoxdur.

  
Yaradıcılıq və kəşf 

İnsan xüsusiyyətlərindən biri də yaradıcılıq və kəşf etmə istəyidir. Düzdür ki, bəşər həyatda olan ehtiyaclarını ödəmək üçün yaradıcılıq və kəşflərə can atmışdır, amma buna baxmayaraq, elm öz-özlüyündə insan üçün gərəkli olaraq bəyənilmişdir. Elmin zati olaraq bəyənilməsi onun öz-özlüyündə gərəkli olması deməkdir.

  
Pərəstiş və ya eşq və pərəstiş 

İnsanda eşq adlandırılan bir sıra ilkin şərt və şəraitlər də mövcuddur. Eşq məhəbbətin fövqündə dayanan bir şeydir. Məhəbbət hər bir insanda mövcud olan bir şeydir. Eşq isə bundan fərqli olaraq bir sıra ayrı şəraitlər də tələb edir. Eşq insanın yuxusunu gözündən qaçırıb və fikrini təkcə məşuqda mərkəzləşdirir. İnsanın fikrində bir növ vəhdət yaradıb hər bir şeydə yalnız öz məşuqunu axtarmasına səbəb olur.

 

İnsan ruhunun ən güclü təzahürlərindən biri də onun pərəstiş hissidir. Pərəstiş hissi, onun vücudunun əsas hissələrindən birini təşkil edir. Bəşər tarixini oxuyarkən onların hər zaman pərəstiş etdiklərini yaxşı başa düşmək olar. Pərəstişlər arasında olan fərq, təkcə məbud və onlara edilən ibadətlərin müxtəlifliyidir. Bəşər övladı müxtəlif zikrlər, cəm şəklində rəqslər formasında ifa edilən ibadət növlərindən tutmuş ali dərəcəli zikr və sitayişlərə qədər dini ayinlər həyata keçirmişdir. Bəzən onlar daş, torpaq, kəsək və öz əli ilə düzəltdiyi müxtəlif əşyalara və bəzən də əzəli və əbədi olan ulu Tanrıya sitayiş etmişlər.

 

Peyğəmbərlər insanlara pərəstiş etməyi deyil, onun necə və hansı şəkildə olmasını gətirmişlər. Eləcə də vahid olan Allahdan qeyrisinə ibadətin və ya başqa sözlə desək, şirk və bütpərəstliyin qarşısını almağa çalışmışlar.

 

Pərəstiş hissi bütün bəşər övladlarında mövcuddur. Erik Forum bu barədə deyir:

 

İnsanın canlılara, ağac və ya qızıldan düzəlmiş bütlərə, daşlara, gözə görünməyən Allaha, yüksək mənəviyyatlı bir insana, hətta şeytan sifətli bir rəhbərə sitayiş etməsi mümkündür. Həmçinin onun əcdad, millət hansısa bir təbəqə, partiya və hətta pula da sitayiş etməsi mümkün olan bir şeydir. Bəzən insanın özünü dinsiz hesab etməsi, yəni heç bir dini qəbul etmədiyini zənn etməsi də mümkündür. Əsas məsələ insanın dindar olub-olmaması deyil, onun hansı dində olmasıdır.

 

Vilyam Ceyms bu hissin bütün insanlarda ümumi bir şəkildə olması barəsində deyir: İnsanların öz daxili hisslərindən təsirlənmələrinin müxtəlif olması bir həqiqətdir. Bu hisslər bəzi şəxslərdə daha güclü olur və bu da onların daha dindar olmasına səbəb olur. Mən, özlərini aldadaraq bu hisslərdən uzağıq deyən şəxslərin az da olsa dindar olduqlarına tam əminəm.

 

Pəhləvan, alim və dindar şəxslərin əfsanəvi qəhrəmana çevrilməsi insanlarda olan pərəstiş və müqəddəsçilik hissindən doğan bir şeydir. İnsan təbiətin fövqündə olan sitayişə layiq bir mövcudun olmasını istəyir.

 

Müasir dövrdə də bəşərin öz milli qəhrəmanlarını həddən artıq şişirtməsi, hər hansısa bir partiya, məslək, bayraq, su və torpağa sitayiş və bunların yolunda fədakarlıq etməsi pərəstiş hissindən doğmuşdur. Bütün şəraitlərdə insanda zahir olan bu hiss mütləq və kamil bir varlığa pərəstiş hissindən yaranmışdır. Hər hansı bir məxluqa, hansı şəkildə olursa-olsun pərəstiş edilməsi, bu hissin düzgün yoldan çıxması deməkdir.

 

İnsanın ibadət və pərəstiş etməsi, onda hansısa bir imkan və meylin olmasını göstərir. İnsanlara xas olan xüsusiyyətlərdən biri də onun maddi aləmin fövqündə duran geniş üfüqə qovuşmaq meylinin olmasıdır. Odur ki, pərəstiş insanın mənəviyyat və ruhuna aid olan daxili hisslərdən biri sayılır.

 

Adlarını çəkdiyimiz bu beş əsas üsulların hər birinin mənşəyi insan fitrətidir. Çünki qeyd etdiyimiz kimi, islam dini nöqteyi-nəzərindən insan ruh və bədəndən təşkil olunmuş bir varlıqdır. Onun ruhu ilahi bir həqiqətdir.

 

Ona öz ruhumdan üfürdüm.

 

İnsanın vücudunda təbii ünsürlər olduğu kimi, qeyri-təbii ünsürlər də vardır. İnsanda olan bu daxili ziddiyyət (heyvani və insani hisslər) onda bir-birinə qarşı olan təzadlı istəklərin yaranmasına səbəb olur. Allah-taala insana ağıl, iradə və ixtiyar vermiş, onu iki yol ayrıcında qoymuş və bu işdə onu öz ixtiyarına buraxmışdır. Buna görə də Kant və Dekartın fikirlərinə müxalif olaraq, islam dini insanın doğulduğu ilk anlarında aktual olaraq bir sıra idrak və istəklərə malik olduğunu qəbul etmir.

 

Həmçinin islam, marksist və eqzistansialistlərin insan fitrəti barəsində irəli sürdükləri nəzəriyyəni, yəni onun dünyaya gəldikdən sonra sırf təsirlənmiş varlıq olduğunu da rədd edir. İslam dini baxımından insanın bir sıra potensial istəkləri təhrik olunur və mühit şəraitinin köməyi ilə daxili bir qüvvə tərəfindən bu istəklərə sövq edilir. Əgər onda olan bu potensial qüvvə həyata keçərsə, insanlıq deyilən dəyərə yetişmiş olar. Əks təqdirdə o, məsx olunmuş (öz həqiqi surətini əldən vermiş) bir varlığa çevriləcəkdir.

  
Üçüncü üsul  
İnsan muxtar (ixtiyar sahibi olan) bir varlıqdır 

İnsan müxtəlif cəzbedici qüvvələrdən təsirlənmək və onlardan hansısa birini seçmək bacarığına malik olmaqla başqa varlıqlardan fərqlənir. İnsanda olan bu qüvvə onda iradə və ixtiyar qüvvəsinin də olmasını bildirir.

 

İnsanın heyvan, bitki və qeyri-üzvi maddələrlə olan fərqlərindən biri də onun hər hansı bir işi iradi olaraq öz mövcud güc və qüvvəsindən, meyl, şövq və ya qorxu üzündən həyata keçirməsidir. Məsələn, maqnitin dəmiri özünə tərəf çəkməsi, istək, şövq və ya qorxu üzündən deyil, təbii qanunlarla əlaqədardır. Həmçinin odun yandırıcı olması, bitkinin torpaqda bitməsi, ağacın tumurcuqlayıb meyvə verməsi, bütün bunlar və bunlara oxşar işlər hamısı cəbri və təbii şəkildə baş verir.

 

Amma heyvanların yol getməsi cəbri deyildir və o, bu işdən xəbərdardır və istəməsəydi bu işi etməzdi. Odur ki, heyvanı istəyi ilə hərəkətdə olan varlıq adlandırırlar. Başqa sözlə desək, heyvanda mövcud olan qüvvələrin bir hissəsi onun istəyinə tabedir. Belə ki, heyvan istəsə o qüvvələr iş görür və istəməsə görmür.

 

İnsanda da onun istəyinə tabe olan bir sıra güc və qüvvələr mövcuddur. Bu güc və qüvvənin heyvanda olan qüvvələrlə fərqi, heyvanın bu təbii və instinktual şəkildə olan istəyin qarşısını ala bilən başqa bir qüvvənin olmamasındadır. Heyvanın meyli bir şeyə təhrik olunarsa, hökmən o işi görəcəkdir. Çünki onun özündə bu işin qarşısını ala bilən başqa bir qüvvə yoxdur. Həmçinin heyvanda ölçüb-biçmə qüdrəti, uzaqgörənlik və meyli çəkən şeyin hansı tərəfi yaxşı və hansı tərəfi pis olduğunu ayıra bilən qüvvə də mövcud deyildir.

 

Amma insan belə deyil. O, öz daxili istək və meyllərinin qarşısını almaq və istədiyi işi necə icraetmə qüdrətinə malikdir. İnsanda olan bu qüdrət onun iradəsindən doğan bir şeydir. İradə də öz növbəsində ağıl qüvvəsinə tabedir. Belə ki, ağıl işi müəyyənləşdirir, iradə isə onu icra edir.

 

İnsan ağıl və iradəsinə arxalanaraq, xaricdən göstərilən təsirlərin qarşısını alıb azad və müstəqil bir adaya çevrilir. O öz ağıl və iradə gücü sayəsində özünə malik olur və şəxsiyyətini möhkəmləndirir.

  
İnsanın öz şəxsiyyətini formalaşdırmasındakı rolu 

Məxluqat iki qismə bölünür: canlı və cansız. Cansız varlıqlar özlərinin formalaşmasında heç bir rol oynamır. Su, od, daş və torpaq cansız varlıqlardır, öz təkamül və təşəkkül tapmalarında heç bir rol oynamırlar. Bu proseslər sırf xarici amillərin təsiri nəticəsində baş verir. Bəzən də bu amillərin təsiri nəticəsində bir növ kamal əldə edirlər. Bu cür varlıqlarda özünədiqqət və ya özünü necə formalaşdırma kimi şeylərin heç biri müşahidə olunmur.

 

Amma bitki, heyvan və insan kimi canlı varlıqlarda özlərini təhlükələrdən qorumaq, başqa maddələri özlərinə cəzb etmək, eləcə də törəmə və çoxalma işlərində bir sıra çalışqanlıqlar müşahidə olunur. Bitkilərin vücudunda gələcəkdə necə formalaşması üçün rol oynayan bir sıra təbii qüvvələr mövcuddur. Bu təbii qüvvələrdən bəzisi hava və ya torpaqdan müxtəlif maddələri özünə cəzb edir, bəzisi cəzb olunmuş bu maddələri bitkinin inkişafına yönəldir, bəziləri də bitkinin törəmə və artmasına imkan yaradır.

 

Heyvanlarda saydığımız bu təbii qüvvələrdən əlavə, bir sıra qərizə ilə olan görmə, eşitmə, hiss etmə və dadmaq kimi qüvvələr də mövcuddur.

 

Heyvan bu qüvvələr sayəsində bir tərəfdən özünü müxtəlif təhlükələrdən qoruyur, digər tərəfdən də fərdi inkişaf və həyatını davam etdirir.

 

İnsanlarda bitki və heyvanlarda olan qüvvələrin olmasından əlavə, bir sıra başqa qüvvə və meyllər də mövcuddur. İnsan bütün bunlardan əlavə, ağıl və iradə kimi qüvvələrə də malikdir. Bu iki möcüzəvi qüdrətə malik olan qüvvə insanlarda öz gələcək həyatını istədiyi kimi qurmaq və formalaşdırmaq imkanı yaradır.

 

Dediklərimizdən belə nəticə çıxır ki:

 

1. Bəzi mövcudlar gələcək həyatının necə formalaşmasında heç bir rol oynamır (qeyri-üzvi maddələr).

 

2. Bəzi məxluqların bu prosesdə öz rolu vardır, amma agah və azad şəkildə deyil, təbii və daxili qüvvələrin belə xəlq olmasına görə (nəbatat).

 

3. Bəzi varlıqlar bu prosesdə daha çox rol ifa edirlər. Onlar öz işlərindən agah olurlar, amma icrasında isə tam azad deyillər. Belə ki, agah olaraq özlərini müdafiə edir və həyat uğrunda mübarizə aparırlar (heyvanlar).

 

4.İnsan isə öz həyatını qurmaqda daha geniş, daha fəal rol oynayır. O, ifa etdiyi bu rolda həm agah və həm də azaddır, gələcəyi nəzərə alaraq, ağıl və iradəsi ilə gördüyü işdən, eləcə də özündən və ətraf mühitdən xəbərdardır və öz gələcəyini istədiyi kimi seçə bilir (insanlar).

 

Heyvan və bitki kimi bəzi canlılar da müxtəlif üsullarla müəyyən dərəcədə tərbiyə olunub formalaşa bilirlər, amma bu proses onların öz əli ilə deyil, insanlar vasitəsi ilə həyata keçir. Həm də onlarda baş verən bu dəyişikliklər insanla müqayisədə çox az olur. İnsan özünü formalaşdırmaqda tam azad, çatması mümkün olan kamalı isə sonsuzdur. Çünki, insan vücudunun həqiqəti bütün varlıqlarla fərqli olaraq, yaradılışdan sonra necə olmaq mərhələsinə qədəm qoyur. İnsan yaradıldığı kimi deyil, özü istədiyi kimi olur. O, öz iradəsi ilə necə olacağını təyin edir. Başqa sözlə desək, hər bir varlıq mahiyyətcə necədirsə, real olaraq keyfiyyətcə də o cür olacaqdır. İnsan isə belə deyil. O, potensial istedad və qabiliyyətlərlə birgə yaradılmışdır; hansısa bir mane və çətinlik yaranmazsa, potensial qüvvələr baş qaldırıb insanlığa yetişəcəkdir. Onda olan bu qüvvələr insan fitrəti adlanır.

 

İnsan bitgi və heyvanlardan fərqli olaraq, şəxs və şəxsiyyətdən təşkil olunmuşdur. O, bir şəxs kimi bədənə lazım olan bütün cihazlarla təchiz olunduğu halda dünyaya gəlir və bu baxımdan heç də heyvanlarla fərqlənmir. Amma ruhi baxımdan, yəni yaradılışdan sonra öz şəxsiyyətinin qurulması baxımından potensial bir varlıqdır. İnsani dəyərlər onun vücudunda qeyri-fəal şəkildə yerləşdirilmiş və inkişaf etməyə tam hazırdır. İnsan ruh və mənəvi baxımdan cism mərhələsindən bir addım arxadadır. Belə ki, cismə aid olan bütün cihazlar, yaradıcı amillər vasitəsi ilə ananın bətnində vücuda gəldikdən sonra ruh və mənəviyyatla bağlı olan şəxsiyyət inkişaf etdirilməli, bünövrəsi qoyulmalıdır. Başqa sözlə desək, insan xasiyyət və müxtəlif xislətlər baxımından potensial qüvvəyə malik olan bir varlıqdır, yəni dünyaya gəldikdə heç bir xasiyyətə malik olmur. Amma heyvanlar bundan fərqli olaraq, hər biri öz-özlüyündə bir sıra xislət və xasiyyətlərlə doğulurlar. İnsan dünyaya gəldikdə xasiyyət və xislətlərə malik olmadığından və digər tərəfdən də müxtəlif xasiyyətləri qəbul etmə qüvvəsinə malik olduğundan, fitri xüsusiyyətlərdən başqa ikinci dərəcəli xüsusiyyətləri qazanmağa başlayır. Hər bir varlıq, hətta heyvanlar (cism deyil, istedadları baxımından) xilqətinin əvvəlindən necə yaradılıblarsa, eləcə də qalırlar. Amma insan istədiyi kimi ola bilər. Elə buna görə bütün heyvan növləri, cism quruluşu baxımından bir-birlərinə oxşar olduqları kimi, ruhi xislətlər baxımından da bir-birlərinə oxşardırlar. Bütün bitgilər bir cür xasiyyətə malikdirlər, eləcə də it, qarışqa və s. Bunlar arasında fərq olsa da, çox azdır. Amma insana gəldikdə, onların əxlaqi xüsusiyyətlərində olduqca çox fərqli olan ayrı-ayrı xislətlərlə rastlaşırıq. Buna görə də insanı öz şəxsiyyətini istədiyi kimi qura bilən yeganə varlıq hesab edirlər.

 

Deməli, insandan başqa hər bir varlığın özü və onun mahiyyəti arasında fərq olduğunu təsəvvür etmək qeyri-mümkündür. Məsələn, daş və daşın mahiyyəti arasında olan fərq... İnsan özü və mahiyyəti (insan və insaniyyəti) baxımından fərqli olması ilə bütün varlıqlardan seçilir. Belə bir sual meydana çıxa bilər ki, bir şeyin özü və mahiyyəti arasında necə fərq ola bilər? Şübhəsiz, vücud üçün onun mahiyyəti lazımlı bir şeydir. Əgər vücud potensial surətdə mövcud olsa, onun mahiyyəti də potensial şəkildə mövcud olacaqdır.

 

Eqzistansialistlər vücudun əsil olmamasını iddia edərək deyirlər ki, insan mahiyyətsiz bir varlıqdır və hər hansı bir yolu seçməklə özünə mahiyyət bəxş edir. Bu onların fəlsəfəsini mənalandıran əsaslardan biri sayılır.

 

İslam filosofları, xüsusilə Molla Sədra həmin mətləbə əsaslanaraq deyir: İnsan növ deyil, növlərdir; hər fərd və şəxs ola bilər; bir gün bir növdə, o bir gün isə tam ayrı bir növdə olması mümkündür.

  
Dördüncü üsul  
İnsan məsuliyyətli bir varlıqdır 

İnsan agah, mürəkkəb və muxtar (ixtiyar sahibi) olduğu üçün məsuliyyət sahibi olan bir varlıqdır. Onda olan bu imkan və xüsusiyyətlər onu məsuliyyətli bir varlıq olmaq, yəni ona öz gələcək həyatını qurmaq imkanlarını vermişdir. Şəhid Mütəhhəri insanda bu xüsusiyyətlərin onun məsuliyyətli olmasına səbəb olduğunu təsdiqləyərək söyləyir: İnsanın öz gələcək həyatını təyinetmə xüsusiyyətinə malik olması onda olan üç xislətdən irəli gəlir:

 

1. Onun dünya və ətraf mühitə baxışı və agahlığın geniş olması; İnsan elm gücü ilə dünyaya baxış və agahlıq dairəsini genişləndirib, təbiətin dərinliklərini dərk etməyə çalışır. O, bu yolla təbiətin qanunlarını tanımağa başlayır. Bununla da o, təbiəti özünə yararlı surətdə qurub düzəltmək imkanlarını genişləndirir.

 

2. İnsan istəklərinin geniş və tükənməz olması. Bu, insanın mürəkkəbliyinə, yəni cism və ruhdan təşkil olmasına edilən işarədir. Bu xüsusiyyətin insanda olması, onda olan istəklərin iki qismə bölünməsinə səbəb olmuşdur.

 

a). Cismə aid olan istəklər;

 

b). Ruha aid olan istəklər;

 

3. İnsan bütün varlıqlarla fərqli olaraq özünü qurub yetişdirmək imkanına malikdir.

 

Qurani-kərimin Dəhr surəsinin 2-3-cü ayələrində söylədiyimiz bu xüsusiyyətlərin hamısı bir yerdə bəyan olunur.

 

Həqiqətən, Biz insanı [sonrakı mərhələdə ata-anasının toxumundan ibarət] qarışıq bir nütfədən yaratdıq. Biz onu [dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə] imtahana çəkəcəyik. Biz onu eşidən və görən yaratdıq.

 

İnsanı başqa varlıqlarla fərqli olaraq azad və muxtar yaratmışıq. Elə buna görə də görəcəyi işlərə görə sorğu-sual olunacaqlar. Bunun ardınca deyilir:

 

Biz ona haqq yolu göstərdik. İstər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir].

 

İnsan azadlığını və azadlıq mənşəyini, eləcə də onun ixtiyar sahibi olmasını bundan gözəl şəkildə ifadə etmək mümkün deyil. Onu sorğu-sual etdik, onu eşidən, görən və agah yaratdıq, ona haqq yolu göstərdik. Deməli, insan öz aqibət və yolunu özü təyin etməlidir.

 

Ona görə də insanın şəxsiyyəti müstəqil və azaddır. Allahın əmanətçisidir, onun yer üzündə olan elçisidir və buna görə də məsuliyyət daşıyır. Ondan öz işi və təşəbbüsü ilə yer üzünü abad etməsi və öz ixtiyarı ilə iki yoldan birini, səadət və ya bədbəxtlik yolunu seçməsi tələb olunmuşdur.

 

Qurani-kərim Əhzab surəsinin 72-ci ayəsində buyurur:

 

Biz əmanəti [Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi] göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə onu götürdü. [İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi.]

  
Təklif etməyin mənası nədir?  

Təklif etməyin mənası belə aydınlaşdırılır ki, Allah-taala bütün varlıqlara müəyyən kamillik təqdim edir və onu yalnız istedadı olanlar qəbul edir. Belə bir sual meydana çıxa bilər: Görəsən Allah-taala tərəfindən bəzi insanların peyğəmbərliyə seçilməsi məhz onlara məxsusdur, yoxsa yox? Başqa sözlə desək, görəsən bu yüksək məqam təkcə peyğəmbərə təklif olunub və başqaları bundan məhrumdur? Əgər mənə təklif olunsaydı, qəbul edərdimmi?

 

Vəhy və peyğəmbərlik heç kəsdən əsirgənilməyən bir həqiqətdir. O bütün məxluqata təklif olunur. Daş da qəbul edə bilsə, təklif olunur, amma daşda onu qəbul etməyə qabiliyyət yoxdur. Heyvan da həmçinin. Eləcə də insanlar, bəzi şəxslər müstəsna olaraq, bu ağır vəzifəni qəbul edə bilmirlər. Qabaqda zikr etdiyiniz əmanət məsələsi də elə bu cürdür. Allah-taala buyurur: Biz əmanəti bütün məxluqata təklif etdik, amma onu insandan başqa heç biri qəbul edə bilmədi.

 

Bununla da məlum olur ki, insan heç bir varlıqda olmayan bir istedada malikdir. Bu əmanətin məhz insana verilməsi, onda bu istedadların mövcud olmasından irəli gəlir (bu məsələ qabaqda oxucuların nəzərinə çatdırılmışdır).

  
Əmanət məsuliyyət deməkdir 

İndi isə görək əmanət nədir? Biz yəhmilnəha kəlməsindən onun mənasını başa düşə bilərik. Maddi və cismani deyil, məsuliyyətli bir vəzifədir. Rəvayətlərdə deyilir ki, əmanət, məsuliyyət, təklif (dini borc), vəzifə və qanun deməkdir. İnsan həyatı vəzifə və təkliflər əsasında yaşanılmalıdır. Gərək onun üçün qanunlar təyin olunsun. O da bu məsuliyyəti öz öhdəsinə götürməlidir. Bu xüsusiyyətlər insandan başqa heç bir varlıqda mövcud deyildir. İnsandan başqa bütün varlıqlar gördükləri hər bir işi məsuliyyət hissi keçirmədən və məcburi olaraq görürlər. Yalnız insanlar üçün qanun təyin edib onları bu qanunlara əməl etməkdə azad buraxmaq olar. Yalnız insanlara demək olar ki, səadət istəyirsənsə bu yolla, bədbəxtlik istəyirsənsə ayrı bir yolla get. Hər hansını seçmək öz ixtiyarındadır. Bu məsələyə təklif və ya dini vəzifə deyilir.

 

Buna görə də heyvan mükəlləf (dini vəzifəsi olan bir varlıq) sayılmır və onun öhdəsinə heç bir vəzifə və məsuliyyət qoyulmamışdır. Sanki maşına bənzəyən bir varlıqdır. İnsan isə gördüyü hər bir işdən ötrü məsuliyyət daşıyır. Allah-taalanın Quranda əmanət kəlməsindən məqsədi elə bunlardır. Yəni dini borc, vəzifə və məsuliyyət hissi. Qurani-kərimdə buyurulur: Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Əlbəttə göylər, yer və dağlar bir nümunə kimi zikr olunur, amma həqiqətdə əmanət bütün məxluqata təklif olunmuşdu; onlarda onu qəbul etmək üçün istedad və qabiliyyət yox idi. Təkcə insan bu məsuliyyəti qəbul etməyə hazır oldu. O, dedi: Ey mənim Allahım! Mən bu məsuliyyəti öhdəmə götürürəm. Bu kamal və səadət yolunu öz ayaqlarımla getməyə hazıram. Çünki sən mənə misli olmayan yaradıcılıq və təşəbbüs qüvvəsi bəxş etmisən.

  
İKİNCİ FƏSİL  
ŞƏXSİYYƏT BAXIMINDAN İNSANLARIN QİSMLƏRİ 

Şəhid Mütəhhəri insan şəxsiyyətinin potensial qüvvə şəklində olmasını, eləcə də bu şəxsiyyətin insanların məhz öz iradə və ixtiyarı ilə aktuallaşmasını nəzərə alaraq, onları üç dəstəyə bölüb deyir: Qurani-kərimdə insan üçün üç mənsəb zikr edilmişdir.

 

1. Heyvanın fövqündə olan mənsəb;

 

2. Heyvanla bir səviyyədə olan mənsəb;

 

3. Heyvandan aşağıda olan bir mənsəb (heyvaniyyət).

 

O, həmin məsələyə əsaslanaraq insanların əməllərini də üç qismə bölür:

 

1. Əxlaqi işlər; (heyvan həddindən yüksək).

 

2. Qeyri-əxlaqi işlər; (nə əxlaqi və nə də əxlaqın ziddinə olan orta bir mövqe).

 

3. Əxlaqın ziddinə olan işlər. (Heyvandan aşağı dərəcə).

 

Şəhid Mütəhhəri başqa bir yerdə də insanların qismləri başlığı altında yazır: İnsanlar üç dəstəyə bölünürlər:

 

1. İnsanlığa yetişmiş insanlar; (insani dəyərləri və həqiqi insan mahiyyətini aktuallaşdırmış insanlar);

 

2. İnsanlığı potensial qüvvə şəklində qalmış insanlar. (Yarım vəhşi, uşaqlıq həddində qalmış və inkişaf etməmiş insanlar. Fitri insanlığı təhrik olunmamış və hələ də bir növ yuxuda olan insanlar).

 

3. Məsx olunmuş insanlar. (Öz həqiqi surətlərini əldən verərək insanlıq mahiyyətini dəyişdirmiş və ən pis canlıya çevrilmiş şəxslər).

 

Buna əsaslanaraq ayrı bir ifadə ilə insanları üç növə də bölmək olar:

 

1. Pak insan;

 

2. Boş və puç insan;

 

3. Çirkin və murdar insan.

 

Mərhum Mütəhhəri ayrı bir yerdə yenə insanları üç növə bölür.

 

1. Kiçik ruhlu və qədir-qiyməti olmayan insan;

 

2. Böyük ruh sahibi olan insan;

 

3. Yüksək mərtəbəli ruha sahib olan insan.

  
SƏY GÖSTƏRMƏYƏN VƏ QƏDİR-QİYMƏTİ OLMAYAN İNSANLAR 

Mərhum Mütəhhəri belə şəxslərin xüsusiyyətlərini bəyan etmək məqsədi ilə, nümunə olaraq sərvət əldə etmək sahəsini misal çəkir. Sərvət əldə etmək üçün insanların çalışqanlığı heç də bərabər deyildir. Bəziləri azacıq da olsa, sərvət toplamaq üçün səy etmirlər. Onları yalnız qarınlarının tox olması maraqlandırır. Bir qarın çörəkdən ötrü nökərçilik etməyə də hazırdırlar. Hətta bu yolda rüsvay olmağa da razı olurlar. Bu cür insanlar bəzən sərvət toplamaq üçün iş dalınca gedən insanları təhqir edir, onlara rişxəndlə gülürlər. Görəsən bunlar dünya malından əl çəkmiş və yalnız mənəviyyatları ilə məşğul olan zahidlərdirmi? Əlbəttə belə deyildir. Dünyapərəst və həris insan, tənbəl şəxslərdən daha üstün və daha şəxsiyyətlidir. Heç bir çalışqanlığı olmayan insan məzəmmət olunmağa daha layiqdir. Həris və dünyapərəst insanı həqiqətən zahid olan bir şəxs məzəmmət edə bilər. Məsələn, Əli (ə) kimi çalışqan, sərvətli, amma eyni zamanda səxavətli və sərvəti başqalarına kömək etmək məqsədi ilə qazanan bir insan bu işi görə bilər.

  
YÜKSƏK RUHLU ÇALIŞQAN İNSANLAR 

Şübhəsiz çalışqanlıq yüksək ruhun, tənbəllik isə cılız ruhun nişanəsidir.

 

 

Hemməte bolənd dar ke mərdane ruziqar

 

Əz hemməte bolənd be caye rəsideənd.

 

 

Mənası: İradə və əzmini yüksəlt ki, tarixin böyük şəxsiyyətləri yüksək iradə və əzmlə ucalıblar.

 

Başqa birisi deyir:

 

 

Bolbol be bağo coğd be virane taxteəst

 

Hər kəs be qədre hemməte xod xane saxteəst.

 

 

Mənası: Bülbül bağı, bayquş xarabalıqları sevər. Hər bir şəxs öz əzm və iradəsi miqdarında ev tikə bilər.

 

İnsan hansı yolda olursa-olsun, həyatın bu dəyişməz qanunu ilə qarşılaşmalı olacaqdır!

  
1. Elm yolunda 

Elm yolunda edilən səylər müxtəlif olur. Bəziləri yalnız attestat almaqla kifayətlənir. Amma bəzən elmin heç bir hədd-hüdudu ilə qane olmayan insanlarla da qarşılaşırıq. Belə şəxslər özlərini elmə həsr etmiş, həyatlarını elmi kəşf və yaradıcılıqlar bağlamışlar.

  
2. Mal-dövlət əldə etmək yolunda 

Bəzi insanlar çoxlu sərvət toplamaqla məşğul olurlar. Sanki, onların daxilində böyük sərvət əldə etmək və aza qane olmamaq hissi qoyulmuşdur.

  
3. Məqam və mənsəb əldə etmək yolunda 

Bəzi şəxslər mənsəb və hörmət əldə etmək yolunda var qüvvəsilə çalışırlar. Görəsən bu sahədə hamı bərabərdirmi? İsgəndərin çalışqan və yüksək himmətli olmasına heç kəs şübhə etmir. O, bütün dünyanı işğal etmək fikrinə düşmüşdü. Şübhəsiz İsgəndər, hörmətli olmaq istəməyən tənbəl insanların çoxundan üstün bir şəxsdir. Eləcə də Nadir şah və bu kimi insanlar. Belə insanlar yüksək şəxsiyyətli ruh sahibləri deyil, sadəcə olaraq böyük ruh sahibləridirlər. Çünki, bu cür insanların geniş fəzalı ruhlarını yalnız şan-şöhrət əldə etmək hissi bürümüşdür. Onlar yalnız, hamıdan daha qüdrətli olmaq haqqında fikirləşir və bundan başqa heç bir şey haqqında düşünmürlər.

  
BÖYÜK RUH ZƏHMƏTLƏ ƏLDƏ OLUNUR 

Böyük ruh sahibinin cismi də istər-istəməz həmişə əzab-əziyyət içindədir. Təkcə kiçik ruhlu və qədir-qiyməti olmayan şəxslər rahat yaşayış tərzi keçirir, rahat yatır, yeyir və bəzən də uzun ömür sürürlər. Amma ruhun böyük olması, ruh sahibinin zəhmətlə qarşılaşmasına və bəzən də onun ömrünün qısa olmasına səbəb olur.

 

Mütənəbbi deyir:

 

 

İza kanətin nüfusu kubara

 

Təibət fi muradihil əcsam.

 

 

Mənası: Ruhun böyük olması, cismin zəhmət çəkməsinə səbəb olur.

 

Elə buna görə də böyük ruh sahibləri həmişə zəhmət içində olmuşlar. İsgəndər də belə şəxslərdəndir. O rahatlıqla yaşasaydı, İsgəndər ola bilməzdi. Şan-şöhrət dəlisi olan Nadir şah da əgər rahat yaşasaydı, Nadir ola bilməzdi. O, bəzən on günlərlə ayaqqabısını ayağından çıxarmırdı. Belə insanlar, artıq rahat yorğan-döşəkdə yatıb ləzzətli xörək yeyə bilmirlər.

 

Hansı sahədə olursa-olsun, böyük ruha yiyələnən şəxslər cismi rahatlıqdan məhrum olacaqlar.

  
MƏSX OLUNMUŞ BÖYÜK RUHLAR 

Əgər hansısa bir şəxs böyük alim olub, elmdən savayı istedad və məziyyətə sahib deyildirsə, onda yeni kəşf və yaradıcılıqlara olan meyl böyük ruh nişanəsidir. Yəni elm yolunda atılmış böyük addımdır. Bəziləri də artıqtamah olub iş-gücü daim mal-dövlət toplamaqdır. Bəziləri şəhvətpərəst, həris və kin-küdurətli olub yalnız başqalarına həsəd aparmaqla məşğul olurlar. Bütün bunlar xudpəsəndlik nişanələridir. Bunların heç birinə yüksək şəxsiyyətli insan demək olmaz və onlar yalnız müəyyən mənada böyük ruh sahibləridir.

 

Belə insanların səy və çalışqanlığı olmayan insanlarla müqayisədə üstünlüyü, onların öz istedad və bacarıqlarını inkişaf etdirməsidir. Amma onlar bu bacarıq və istedadlardan, öz ilahi fitrətlərinə uyğun olmayan tərzdə istifadə edirlər. Əzm və iradəsiz tənbəl insan isə öz istedadlarının heç birini inkişaf etdirməmişdir. Belə şəxslər heyvanla bərabərdirlər, amma öz istedadlarını ilahi fitrətlə uyğun olmayan tərzdə istifadə edən şəxslər, heyvandan da aşağı bir səviyyədədirlər.

 

İnsanın ruh və mənəviyyatının məsx olub heyvana çevrilməsi mümkün olan bir şeydir. Hətta elə bir heyvana çevrilə bilər ki, dünyada o çirkinlik və pislikdə heyvan olmasın. Qurani-kərimin Əraf surəsinin 179-cu ayəsində bəl hum əzəll yəni bəzi insanların heyvandan da aşağı səviyyədə olması barədə söhbət açılır. Bu necə olar bilər? Bəli, insanın ruhən heyvana çevrilməsi mümkün olan bir şeydir! Çünki hər bir insanın şəxsiyyəti onun əxlaqi və psixoloji xüsusiyyətləri ilə ölçülür. Əgər onun şəxsiyyəti hansısa bir heyvan xüsusiyyətlərinə oxşayırsa, deməli həqiqətən o, yırtıcı bir heyvana çevrilmişdir. Donuz həqiqətdə donuz olub, onun bədən quruluşu ilə xüsusiyyətləri bir-birinə mütənasib yaranmışdır. Amma əgər insan öz həqiqi xüsusiyyətlərini itirib donuz xüsusiyyətlərini əldə etsə, donuza çevrilmiş olar. Səhabələrdən biri söyləyir ki, imam Səccad (ə) ilə Məkkəyə getmişdik; Ərəfatda minlərlə hacı görüb dedim: Ma əksərəl həcic yəni, maşallah bu il hacı çoxdur.

 

İmam (ə) buyurdu: Ma əksərəz-zəcici və əqəllil həcic yəni necə də səs-küy və fəryad çox, hacı isə azdır.

 

O şəxs deyir: İmam (ə)-ın nə etdiyini bilmədim, amma bir də baxdıqda səhranı müxtəlif heyvanlarla dolu gördüm. Onlardan yalnız bir neçəsi həqiqi insan surətində idi. Sonra İmam (ə) buyurdu: İndi başa düşdün ki, bu işin batini nə yerdədir?

 

Bu məsələ İmam (ə) və saleh bəndələr üçün gün kimi aydın məsələlərdən biridir. Əgər biz müasir insanlar, söylənilənləri qəbul etmiriksə, yanılırıq.

 

İslami mənbələrdə söylənilir ki, insanlar qiyamət günü öz əxlaqi xüsusiyyətləri əsasında məşhur olacaqlar. Yəni insanlar, əxlaq və rəftar cəhətdən hansı xüsusiyyətləri özündə toplamışsa, həmin gün o xislətlərə uyğun gələn heyvan şəklində də zahir oluncaqlar. Təkcə əxlaqi xüsusiyyətləri insan şəninə layiq olan şəxslər insan simasında zahir olunacaqdır. Başqa sözlə desək, yalnız əxlaqları insan əxlaq və rəftar üsulları ilə mütənasib olan şəxslər insan formasında zahir olunacaqlar.

 

Heyvan kimi yemək, yatmaq və cinsi əlaqədən başqa heç bir şey başa düşməyən şəxslər batini cəhətdən məsx olunmuş, yəni insan xüsusiyyətlərini tamamilə itirmiş və ruhən bir heyvana çevrilmişdir. Bu şəxslər heyvan xüsusiyyətlərini özləri əldə etmişlər.

 

Mübarək Nəbə surəsinin 18-ci ayəsində oxuyuruq:

 

(Yəvmə yunfəxu fissuri fətətunə əfvacən və futihətis-səmau fəkanət əbvabən vəsuyyirətil cibalu fəkanət sərabən).

 

Sur çalınacağı gün (qəbrlərinizdən çıxıb) dəstə-dəstə məhşərə gələcəksiniz.

 

İnsanlar qiyamətdə müxtəlif dəstələr şəklində məşhur olacaqlar və din başçılarımız (imamlar və peyğəmbər) dəfələrlə demişlər ki, onlardan yalnız bir dəstəsi insan simasında olacaq, qalanları isə müxtəlif heyvanlar şəklində gətiriləcəklər.

 

Məsələn, bir dəstə qarışqa, bir dəstə əqrəb, bir dəstə ilan, o biri dəstə isə şir-pələng simasında zahir olacaqlar.

 

Axı nə üçün belə olmalıdır? Ona görə ki, onlar dünyada əqrəb xüsusiyyətlərini kəsb etmiş və onu-bunu çalmaqdan başqa bir iş görməmişlər. Hələ üstəlik bu qeyri-insani rəftarlarından ləzzət də almışlar. Bəli, bu cür insanlar qiyamətdə öz həqiqi xüsusiyyətləri ilə məşhur olunacaqlar.

 

Qurani-kərimin Tövbə surəsinin 35-ci ayəsində buyurulur:

 

O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): Bu, sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızın (əzabını, acısını) dadın!-deyiləcəkdir.

 

Əgər hansısa bir şəxs pulpərəstdirsə, qiyamətdə həmin qızıl-gümüş əridilmiş qızmar şəkildə onu yandıracaqdır, çünki maddəyə ibadət edən bir şəxs məsx olunub anormal şəklə çevrilmiş bir insandır.

 

(Yəhşərun-nasi əla niyatihim).

 

İnsanlar qiyamətdə öz məqsəd, istək və niyyətləri əsasında tanınacaqlar. Siz bu dünyada kimsiz və necə olmaq istəyirsiniz? Sizin istəkləriniz insaniyyətə layiq bir istəkdir, yoxsa yırtıcı heyvanların istəkləri ilə oxşardır?

 

İstəkləriniz nədirsə, o cür də tanınacaqsınız. Elə buna görə də Allahdan başqa, bütün şeylərə ibadət etməyin qarşısı alınır, çünki insan nəyə pərəstiş etsə, o cür də olacaqdır.

 

Əgər bir şəxs, hansısa bir heyvanın xüsusiyyətlərini əldə etmiş olsa, ruhi və mənəvi baxımdan həmin heyvana çevrilmiş olur. Burada belə bir sual yaranır: Nə üçün bəzi şəxslərin heyvandan da aşağı səviyyədə olduğu qeyd edilir?

 

Məsələn, bəzi şəxslər hansısa bir heyvan xüsusiyyətlərini əldə edib və artıq özündən başqa heç kəs haqqında düşünmür. Bu cür insanlar heyvanla bir səviyyədə olmaqla bərabər, əxlaqi rəftar normalarına da əməl etmirlər. Amma bir şeyi qeyd etmək lazımdır ki, onların rəftarı əxlaq normaları ilə də zidd deyildir. Bəzən həyati bir məsələdə psixoloji xəstəliklərə düçar olmuş və öz fitri istedadlarını heyvani fikirləri ilə idarə edən insanlarla da qarşılaşırıq. Heyvanların qidalanması insanlarda olduğu kimi, təbii bir haldır. Amma bəzən, hərislik xəstəliyinə tutulmuş insanlarla da qarşılaşırıq. Artıq bu təkcə öz həyatı uğrunda deyil, çoxlu mal-dövlət toplamaq uğrunda göstərilən səylərdən biridir. Bu hərislik xəstəliyidir.

 

Bəzi insanlar ehsan və yaxşılığın vacib və zəruri olmasını dərk etdiyi halda, paxıllıq üzündən bu işi görmürlər. Bu özü bir növ psixoloji xəstəlikdir. Peyğəmbərin (s) təbirincə desək, onlar şuhhun mutaun adlı xəstəliyə düçar olublar. Yəni onlar elə bir psixoloji vəziyyətə düçar olublar ki, fikir, ağıl və iradələri öz əllərində deyildir. Daha aydın desək, pul toplamaq xəstəliyi onların bu cür xeyirxah işlər görməsinin qarşısını alır. Əgər o, ağıl və məntiqlə fikirləşsə, başa düşər ki, belə anlarda xərcləmək və ehsan etmək lazımdır. Amma nə etmək olar, paxıllıq xəstəliyi onu bu yaxşı əməllərdən çəkindirir və sanki ağlını əlindən alır. Artıq bu cür rəftar əxlaq normalarının ziddinədir. Hərislik insan və heyvanların təbii rəftarlarından aşağıda olan bir psixoloji xəstəlikdir. Belə insanlar öz şəxsiyyətlərini itirməkdən əlavə, heyvandan da aşağı səviyyəyə enmiş olurlar. Çünki onlar mal, pul və digər şeylərə pərəstiş edirlər. Əxlaq alimləri insanların bu cür psixoloji xəstəliklərə tutulmaması üçün onlara Allahdan qeyri heç bir şeyə pərəstiş etməmələrini tövsiyə etmişlər.

  
ALLAHDAN QEYRİSİNƏ OLUNAN BÜTÜN PƏRƏSTİŞ VƏ İBADƏTLƏR, NƏFSƏ OLUNAN PƏRƏSTİŞ SAYILIR 

Bütün əxlaq müəllimləri bəşər övladını mal-dövlət hərisi olmaqdan çəkindirmişlər.

 

Həzrət Əli (ə) buyurur:

 

Dünya bəşər üçün qərargah deyil, keçid məkanıdır.

 

Sonra buyurur:

 

İnsanlar dünyada iki sinfə bölünürlər; bəziləri özlərini sataraq kölə olur və bəziləri isə özlərini alaraq azad edir və köçüb gedirlər.

 

Bəşər övladı dünya malı qarşısında iki cür olduğunu çox yaxşı dərk edir. İstəsə onun qarşısında kölə və əsir, istəsə də azad olur.

 

Dünya malı qarşısında kölə və qul olmaq nə deməkdir? Görəsən dünya malının insanları özünə qul etməyə gücü çatarmı? İnsan canlı, sərvət isə cansız və qeyri-üzvi bir maddədir. Cansız bir varlıq da, canlı varlığı özünə qul edə bilərmi? Cavab mənfidir. Bəs həqiqət nədir?

 

İnsan həqiqətdə dünya malının deyil, öz mənəvi xüsusiyyət və hərisliyinin quludur. O, öz iyrənc fikirlərinin qulu olmuşdur, əks təqdirdə pul heç vaxt insanı özünə qul edə bilməz. Ümumiyyətlə cansız varlıqların insanı məğlub edə biləcək güc-qüvvəsi yoxdur. İnsan bu məsələ üzərində dərindən fikirləşsə, öz-özünü qul etməsini yaxşı anlayar. O, görər ki, onda olan hərislik və ya şəhvət həqiqətdə öz vücudunda bəslədiyi tamah və qəzəb adlı qüvvələrdir ki, onu kölə etmişdir.

 

Öz heyvani hisslərini özlərinə allah seçən şəhvət düşkünlü insanları gördünmü? Bunlardır öz heyvani hisslərinə qul olanlar.

 

Artıq burada bəşər övladı əsil həqiqəti anlayaraq görür ki, məzəmmət olunası şey, heç də dünya malı deyildir. Bəzən insanlara xitab olaraq: Səni özünə qul edəcək şeylərdən qorx sözləri deyilirsə, əslində bu, heyvani hisslərinin səni özünə qul edəcəyindən qorx mənasındadır.

  
ŞƏXSİYYƏTLİ RUHLAR VƏ BÖYÜK İNSANLIQ 

İndiyə qədər açıqlanan bütün məsələləri özünə pərəstişliyin böyük nümunələrindən hesab etmək olar. Bunların heç birini yüksək şəxsiyyətlilik adlandırmaq olmaz. Psixoloji və fəlsəfi baxımdan aydınlaşdırılan məsələlərdən biri də, insanın daxilində Quranın təbirincə desək, fitrətində bu cür böyüklük hissindən başqa yüksək insaniyyət hissinin də mövcud olmasıdır.

 

Axı bu nə hissdir ki, insanları (və ya bəzi şəxsləri) şərəfli olmağa vadar edir və onları yüksəldərək uca məqamlara çatdırır. Belə şəxslər sözün həqiqi mənasında böyük insandırlar və dünyapərəstlikdən daha yüksəkdədirlər. Bu şərəf hissi artıq onları pis əməllərdən uzaqlaşdırır.

 

Dünyapərəst insanlar bu məsələni o qədər əhəmiyyətli hesab edirlər ki, həyatın mənasını da bunda görürlər. Onların fikrincə, insan həyatda qoyuna deyil, şirə oxşamalıdır, yəni parçalayan rolunu oynamalı və başqası tərəfindən parçalanmamalıdır.

 

Məşhur İtaliya diktatorlarından biri öz dostuna söyləmişdir: Mən yüz il qoyun rolunu ifa edən insanlar kimi yaşamaqdansa, bircə il şir kimi yaşamağı üstün tuturam. Bir il şir olub başqalarını parçalamaq, yüz il qoyun olub şirlər dişi altında çeynənilməkdən daha yaxşıdır. O, məktubunda dostundan xahiş edir ki, mən dünyadan getməyincə bu sözü heç kəsə demə. Dostu ondan bu məsələni gizli saxlamağının sirrini soruşur. O isə cavabında yazır ki, mən bu şərtlə şir ola bilərəm ki, camaat qoyun olsun, amma əgər bu məsələdən xəbərdar olsalar, onlar da mən Mussolini tək şir olmaq arzusuna düşər və daha mən şir ola bilmərəm.

 

Bu öz-özlüyündə böyük sözdür, amma heç də yüksək şəxsiyyətli ruh sahibinin sözü deyildir.

 

Bəs yüksək şəxsiyyətli ruh sahibi necə olmalıdır? Onlar istəyirlər ki, dünyada tamamilə yırtıcılıq məfhumu olmasın. Bu insandakı hisslərin yüksək səviyyəli olmasının nişanəsidir. Quranın dilincə desək, bu, insanda olan şərəf və vüqar hissidir (insanlıq hissinin nişanəsidir).

 

Peyğəmbər (s) buyurmuşdur:

 

Mən insanların şərəfli əxlaqını kamala çatdırmaq üçün göndərilmişəm. Yəni yüksək səviyyəli əxlaq və böyüklük üçün, amma başqasından üstün olmaq üçün əldə olunan böyüklük deyil, qeybət, yalan və bütün pis və insana yaraşmayan sifətlərdən uzaqda olan bir böyüklük.

 

Bu sahədə müraciət edilməli islami mənbələr həddindən artıq zəngindir və biz insaniyyət meyarları bölümündə bu barədə daha geniş surətdə söhbət açmışıq.

  
ÜÇÜNCÜ FƏSİL  
İNSANLIĞIN MEYARLARI 

İnsanın kamilləşmə mərhələsi heyvanlıqdan başlayıb insanlıqda təkmilləşir. Ən əvvəl o, maddi bir cismdir, təkmilləşdirici rolunu oynayan cövhəri hərəkət nəticəsində ruh və ya qeyri-maddi cövhərə çevrilir. İnsan ruhu cismin bətnində doğulub kamala çatır və öz müstəqilliyini əldə edir. İnsan cismi insanlığın inkişaf və təkmilləşməsi üçün bir yuva rolunu ifa edir. Bunu da qeyd etmək lazımdır ki, bu təkmilləşmə prosesi insanın öz ixtiyarı ilə başa çatır. Çünki deyildiyi kimi, insan iki ünsürdən ibarətdir: şəxs və şəxsiyyət; cism və ruh. Ruha bağlı olan məsələlər, cismə aid deyildir. Həmçinin qeyd edildi ki, insan öz-özündən ayrıla bilən yeganə varlıqdır. İnsan öz insanlığını gərək özü əldə etsin. İnsanın insanlığı heç də onun bioloji quruluşu ilə bağlı deyildir. Yəni insanlıq adlanan bir şey və başqa ifadəylə desək, adamlıq məfhumu insanın cismi quruluşuna aid deyildir.

 

Sədi deyir:

 

 

Təne adəmi şərifəst be cane adəmiyyət

 

Nə həmin libas zibast nişane adəmiyyət.

 

 

Hər bir şəxsə onun insanlığı şərəf bəxş edir. Gözəl paltar, zahiri görünüş heç də insanlıq nişanəsi deyildir. Odur ki, insanı təkcə onun bioloji quruluşuna görə insan adlandırmaq düz deyil. İnsan olmaq bundan başqa bir sıra şeylərin olmasını da tələb edir. Alim olmaq çox asan, insan olmaq çətindir kimi ifadələr onu göstərir ki, şəxs doğularkən alim olmadığı kimi, insanlığı da naqis bir formada olur və onu təkmilləşdirmək üçün özü səy etməlidir.

 

Məsələ bu mərhələyə çatdıqda insanlıq necə olur sualı meydana çıxır. Doğrudur ki, insanlıq məfhumu hətta materialistlər tərəfindən belə inkar olunmur, amma onlar bu məfhumu maddi meyarlarla heç cür izah edə bilməzlər. Bəs insanlığı qiymətləndirmək üçün əsas götürülən meyarlar hansılardır?

 

Bu sualın cavabında bir neçə mülahizə mövcuddur. Burada onları araşdıracağıq və axırda islam dininin bu məsələyə baxışını təqdim edəcəyik.

  
BİOLOGİYADA İNSANLIĞIN MEYARI 

Biologiya elmi ancaq insanın cism və fiziologiyasından bəhs edən bir elmdir. Yer üzərində iki ayaq üzərində gəzən, enli dı ağı olub, danışa bilən bütün canlılar biologiya elmi baxımından insan sayılırlar. Bu meyara əsasən həmin elmdə adını çəkdiyimiz əlamətləri daşıyan bütün canlılar arasında heç bir fərq qoyulmur. Məsələn, bu elm nöqteyi-nəzərincə Musa Cümbənin insanlığı ilə Lumumbanın insanlığı arasında heç bir fərq yoxdur və onların hər ikisi insan sayılır. Amma görəsən insanlığın kamal və şərəfi bu çərçivədə məhdudlaşırmı? Humanitar elmlərdə kamil və naqis insanlar haqqında olunan bəhslər də mövcuddur. Eləcə də inkişaf etmiş və inkişafdan qalmış insanlar haqqında bəhslər olunur. Görəsən humanitar elmlər, etika-estetika və ictimai elmlər baxımından kamil və naqis, təqdirə və ya təhqirə layiq insanlar hansılardır? İnsanlığa qiymət vermək üçün hansı əlamətlər əsas götürülür? Nə üçün Musa Cümbə və Lumumba arasında fərq qoyulmur? Bəzilərinin təhqirə və hətta edam olunmağa, bəzilərin isə təqdirə layiq etdirən əlamətlər hansılardır? Baxmayaraq ki, biologiya elmi baxımından bu iki şəxs arasında heç bir fərq yoxdur.

 

Bu hələ qədimdən humanitar elmlərdə, din və təriqətlərdə bəhs olunan məsələlərdən biridir.

 

Qurani-kərim bəzi insanları mələklərdən üstün sayıb, hətta ona səcdə etmələrini də tələb etmişdir.

 

Həmçinin bəzi insanlar haqqında onların heyvandan aşağıda olmalarını söyləmişdir.

 

Axı bu dərəcədə insanlar arasında fərqə səbəb olan meyar və əlamətlər hansılardır?

  
ELMİN İNSANLIQ MEYARI HESAB EDİLMƏSİ 

İndi isə görək elmi insanlıq meyarı hesab edib belə söyləyə bilərikmi ki, insanlar bioloji baxımdan bərabərdirlər, amma elm adlı əldə olunası bir şey də vardır ki, insanlar məhz onu əldə etməklə öz insanlıqlarını təyin edirlər. İnsanlıq meyarını yalnız elm bilib, elmi çox olanları insan, elmsizlərin isə insan olmamasını demək olarmı? Elmin insanlıq üçün yeganə təyinedici meyar rolunu ifa etməsini qəbul etmək heç də düzgün hesab olunmaz. Əlbəttə, insanlığı əldə etmək üçün başlıca şərtlərdən biri də insanın özü və ətraf mühiti haqqında məlumatlı olmasıdır. Biz heç də bu aşkar olan həqiqətin üstündən xətt çəkmək istəmirik. Amma təkcə elmli olmaq kifayət etmir. Doğrudur bunun təsiri var, amma onu yeganə amil kimi qələmə vermək olmaz və yalnız insanlığın əsaslarından biri hesab etmək olar. Hətta elmin insanlıq üçün əsas rol oynaması haqda müxtəlif mülahizələr də mövcuddur.

 

Elmin mahiyyəti nədir? sualı qarşısında bir neçə nəzərlər müşahidə olunur. Bəlkə də elmin nur olması ifadəsini, elmin nə olduğu barəsində söylənilən sözlərin ən yaxşısı hesab etmək olar. İmam Sadiq (ə) hədislərin birində buyurur:

 

(Əl elmu huvə nurun).

 

Elm nura bənzəyir, elm bir nurdur.

 

Yəni elm işıqlandırıcı bir qüvvəyə malikdir. Elm cahanı insan gözləri qarşısında işıqlandıraraq agah edir. Onu zülmətdən nura doğru yönəldir. Agah və elmli olmaq işıq, elmsiz olmaq isə zülmət deməkdir. Görəsən elmli şəxs bacarıqlı olar ifadəsi nə dərəcə düz sayılır? Əlbəttə müəyyən bir mülahizəyə əsasən bu söz bir həqiqətdir. Amma görəsən bu o deməkdir ki, elm məfhumu qüdrət, güc və qüvvənin eyni özüdür, yoxsa o, bəzən eyni qüdrətin və bəzən də onunla fərqli olan bir şey olur. Məsələn, Allahın elmi, qüdrəti və həyatı bir-birindən ayrılmazdır, amma insanın elm, güc və qüdrəti ayrı-ayrı şeylərdir. Deməli, elmli insan güclü olar ifadəsi elmin qüdrət üçün mənşə rolunu daşıması deməkdir. Belə ki, elm nə qədər insanı agah edirsə, bir o qədər də güc-qüvvə bəxş edir. İndi isə görək elm insana qüdrət bəxş edəndən sonra, insan özü bu imtiyazdan necə istifadə edir. Görək insan bu mərhələdən sonra əldə etdiyi qüdrətdən harada gəldi istifadə etməyə məcburdur, yoxsa yox? Bildiyiniz kimi, insan iradə sahibi olub bir sıra duyğu, rəğbət və istəklərlə dolu olan bir varlıqdır. Elm insana qüdrət bəxş edən zaman, insan ondan müəyyən yerlərdə istifadə edir. Yəni elm və qüdrət insanları öz məqsədlərinə çatdıran bir vasitədir. Qüdrət insana hansı işi görməyi əmr etmir, əksinə ona hansısa işi görmək istəyəndə kömək edir. Nə üçün? Çünki elm insana aydınlıq və qüvvə bəxş edir, hansısa işi sürətlə görməyi öyrədir. Elm bacarıq deməkdir və insana vəziyyəti aydınlaşdırır. Elm insanın xaricində dəyişiklik aparan bir inqilabdır və təbiət qarşısında onun əhəmiyyətini qoruyub saxlayır. Müxtəlif xəstəliklər, təbii fəlakətlər, zəlzələ, tufan qarşısında onları qoruyub saxlayır. Elm təbiət aləmini insanlarla uyğunlaşdırır.

 

Belə bir sual meydana çıxa bilər ki, elm insana həm aydınlıq və həm də qüdrət bəxş edirmi? Bu o deməkdir ki, elm təkcə xarici aləmdə yox, batini aləmimizdə də istifadə olunur və bizə hər iki aləmi işıqlandırır. Deməli, elm həm xarici və həm də batini aləmimizi qurub düzəldə bilər. Yəni həm dünyanı və həm də insanları istənilən kimi qura bilər.

 

Bu sualın cavabında, elm bir alət rolunu daşıyır ifadəsini gətirmək olar. Belə ki, elmin insana bəxş etdiyi qüdrət və bacarıq hər an onun iradəsinə tabedir. İnsan öz işlərində elmdən bir alət kimi istifadə edib işini daha yaxşı və tez bir zamanda görə bilər.

 

Bunu da qeyd etmək lazımdır ki, imansız insanın elmi, sərxoş şəxsin əlindəki bıçağa və ya gecə oğrusunun əlindəki çırağa bənzəyir. Burada bir misal çəkmək yerinə düşərdi. Dünyada fizika adlı bir elm mövcuddur və bu elmin faydalı bəhslərindən biri də işıq və ya nurdur. Nurun nə olduğunu və keyfiyyətini tanımaq nəticəsində bəşər foto və kino çəkmək müvəffəqiyyətinə nail olmuşdur. Deməli, elm öz işini görmüş və bizə bunları öyrətmişdir. Amma bəzən pul eşqinə düşmüş insanlarla da rastlaşırıq ki, başqalarının cibini soymaq və əxlaqlarını pozmaq məqsədi ilə pozğun filmlərdən istifadə edir. Yəni, elmi öz mənfur məqsədləri üçün əsir edir. Etiraf etməliyik ki, əxlaqsız filmlər təkcə elmin məhsulu deyil, elm üstə gəl şəhvətpərəstliyin məhsullarındandır.

 

Elm bəşərin əlində olan bir çıraq kimidir. Çırağı hara aparsan oranı işıqlandırmalıdır. Bu məsələ insanın iki bacarıq və istedadı nəticəsində meydana gəlir. O istedadlardan biri təşəbbüs, digəri isə zülm, sitəmkarlıq və cahillikdir. Yəni, insanın zülmkarlığı onun təşəbbüsünü istismar edir. Pozğun filmlər və digər pa oqrafik şeylər bu cür işlərin məhsullarındandır. Elə buna görə də yaşadığımız əsr elmin əsir alınaraq istismar edildiyi dövr sayılır. Yaşadığımız əsri elm və kosmos əsri deyil, elmin əsir düşdüyü dövr adlandırmaq lazımdır. Bu əsrdə cəmiyyətlər üzərində elm yox, başqa qüvvələr hökm sürürlər. Bu qüvvələr alimlərdən öz mənfur məqsədlərinə çatmaq üçün istifadə edirlər.

 

Deməli, elm bir alət kimi olduğu üçün insanlıq meyarı da ola bilməz.

  
XASİYYƏT VƏ ƏXLAQIN İNSANLIQ ÜÇÜN MEYAR GÖTÜRÜLMƏSİ 

İnsanlığın elmdən deyil, xasiyyət və əxlaqdan asılı olması, irəli sürülən başqa mülahizələrdən biridir. Bu nəzəriyyənin tərəfdarları xasiyyət və əxlaq ilə elm və agahlığın ayrı-ayrı şey olduqlarını bəyan edərək deyirlər:

 

İnsanın elmli olub insanlığa yaraşan əxlaqdan məhrum olması və əvəzində heyvanlara məxsus olan xüsusiyyətlərə yiyələnməsi mümkündür. Məsələn, hər bir heyvan bir sıra özünəməxsus instinktual hisslərlə yaradılır və bu hisslər onun üzərində hökmranlıq edir. Yəni, heyvanlar bu hisslərin qarşısında tam aciz olub hər cür iradə və ixtiyardan məhrumdurlar. İtin yırtıcı, eyni zamanda vəfalı olması instinktual hisslərdən irəli gələn bir şeydir. Bu hissləri daşımaq icbari xarakter daşıyır və burada heç bir iradə və ixtiyar rol oynamır.

 

Biz, heyvana məxsus olan bu xüsusiyyətləri bəzi insanlarda da müşahidə edirik. Başqa ifadə ilə desək, bəzən özlərini inkişaf etdirməmiş, tərbiyə etməmiş və təbii olaraq uşaqlıq mərhələsində qalmış insanlarla qarşılaşırıq. Belə şəxslər öz daxili hisslərinə tabe olan insanlardır.

 

İndi isə görək bu cür şəxslərin elmi hansı rolu oynayır. Dediyimiz kimi, elm və agahlıq bir çırağa bənzəyir. Deməli, təbii hisslərə tabe olan şəxslərin elmi, onların əlində çıraq rolunu ifa edir. Bu cür insanların heyvanla digər bir fərqi də vardır. Bildiyimiz kimi, heyvanların agahlığı müəyyən zaman və məkan çərçivəsindədir və buna görə də onlarda təbii hisslərini təminetmə qabiliyyəti insanla müqayisədə olduqca zəifdir. Amma insanın elm və agahlığı ona zaman və məkan məhdudiyyəti zəncirini qırmaq və ondan kənara çıxmaq imkanı verir. Bu da insanın keçmişindən xəbərdar olub gələcək hadisələri proqnozlaşdırmaq və bunun əsasında öz işlərini planlaşdırmaq şəraitini yaradır. Amma əxlaq və xasiyyət tam başqa bir məsələdir. Belə ki, elm və agahlıq insanın təhsili, əxlaq və xasiyyət isə onun tərbiyəsi ilə bağlı olan bir şeydir. Kiminsə elmli olması üçün öyrətmə, əxlaqlı olması üçün isə tərbiyə etmə üsulundan istifadə olunur.

 

Əlbəttə, hər bir insanı tərbiyə etməzdən əvvəl, onu bir sıra öyrəniləsi şeylərlə tanış edirlər. Belə ki, şəxs tərbiyə olunmazdan əvvəl, onun bir sıra məlumatları öyrənməsi lazım olan şərtlərdən biridir, amma təkcə bu kifayət etmir.

 

Bütün bu söylənilənlərdən sonra hansı əxlaq və xasiyyətin insanlıq meyarı olması sualı meydana çıxır. Bu məsələ barədə də bir neçə mülahizələr mövcuddur. Onlardan biri məhəbbətin bir xasiyyət kimi insanlıq meyarı olmasıdır.

  
MƏHƏBBƏT VƏ SEVGİNİN İNSANLIQ MEYARI GÖTÜRÜLMƏSİ 

Bu nəzəriyyə sahiblərinin rəyincə, kimin əxlaq və xasiyyəti insansevərlik əsasında qurulubsa, deməli insandır. İnsansevərlik, yəni başqasının talehi haqqında öz talehi haqqında düşündüyü qədər fikirləşmək, hətta bəzən başqalarının müqəddəratını özününkündən də üstün tutmaq.

 

Bu nəzəriyyə ən çox Hindistanda yayılmışdır. Bu nəzəriyyə sahiblərinin fikrincə, dünyada təkcə bir pislik mövcuddur və o da başqalarını incitmək, həmçinin təkcə bir yaxşılıq mövcuddur və o da başqalarına yaxşılıq etməkdir. Bu nəzəriyyə sahiblərinin konkret sözləri budur ki, dünyada təkcə bir kamal və dəyər mövcuddur və o da başqaları üçün xeyirli işlər görmək, həmçinin təkcə bir naqislik və pislik mövcuddur və o da başqalarını incitməkdir. Qandi deyir: Mən upanişadları oxumaqla üç həyati əsasları başa düşüb onlardan həyatımda bir resept kimi istifadə etdim. Onlardan birincisi budur ki, dünyada bir bilik və elm mövcuddur və o da özünü tanımaqdır. İkincisi, Hər kim özünü tanısa, Allahını və dünyasını tanımış olur. Ücüncüsü, aləmdə təkcə bir qüvvə mövcuddur və o da hər bir şəxsin özünü öz hakimiyyəti altına almasıdır. Qandinin öz ifadəsi ilə desək, kim öz üzərində hakimiyyət sürsə, bütün aləmə hakim olmuş olar. Dünyada bir yaxşılıq vardır və o da başqalarını özünü istədiyi kimi sevməkdir. Bütün bunlar hind əxlaqının insanların bir-birini sevmək əsasında olmasını sübut edir və bu nəzər sahiblərinin rəyincə insansevərlik insanlığın meyarı sayılır.

  
MƏHƏBBƏT NƏZƏRİYYƏSİNİN TƏNQİDİ 

Bu nəzəriyyə əlli faiz düz olsa da, əlli faiz səhv sayılır. Bu nəzəriyyənin nöqsanlarından bir neçəsini oxuculara təqdim edirik:

 

1. Bunların dünyada yalnız bir yaxşılıq mövcuddur və o da başqalarını sevməkdir ifadəsi heç də həqiqətlə uyğun gəlmir. Çünki dünyada bundan başqa bir çox ayrı yaxşılıqlar da mövcuddur.

 

2. Məhəbbət və insansevərliyin mahiyyəti və onun dərəcələri aydınlaşmalıdır. Çünki, bu məsələdə əgər hədd-hüdudu bilməsək, insansevərlik əvəzinə insan düşmənçiliyi meydana gəlmiş olar.

 

İslam alimlərinin dilincə desək, insanları onların insanlığına görə sevmək lazımdır. Yəni, hər hansı bir şəxs öz insani dəyər və qiymətinə görə sevilməlidir. Burada artıq Musa Cümbə və Lumumba arasında olan fərqlər aydınlaşır və görürük onlardan biri insani dəyərlərdən faydalanmış, o birisi isə nəinki bunlardan faydalanmamış, əksinə özünü heyvandan da aşağı səviyyəli bir varlığa çevirmişdir.

 

Hər bir şəxsi bioloji cəhətdən insan olduğuna görə deyil, insanlığına görə sevmək lazımdır.

 

Deməli bütün dinlərdə ümumi qanun şəklində deyilib:

 

Əhbib linnasi ma tuhibbu linəfsikə və əkrəh ləhum ma təkrəhu linəfsikə.

 

Yəni, özün üçün istədiyini başqaları üçün də istə və özün üçün xoşlamadığını başqaları üçün də rəva bilmə.

 

Bu kəlamı yuxarıda dediyimiz kimi təfsir etmək olar.

 

Bəziləri məhəbbəti uşaqcasına təfsir edərək deyirlər: Kimsənin bütə pərəstiş etdiyini görürsənsə, onunla işin olmasın! Ancaq və ancaq ona məhəbbət göstər. Çünki bir söz desən acığına gələr. Onu bu işdən çəkindirməyə can atma! Çünki bu onunla düşmənçilik etmək deməkdir.

 

Sizcə bu söz düzgündürmü? Gözümüzün qabağında bütə pərəstiş etsinlər, biz də narahatçılıq yaratmamaq fikri ilə onları bu açıq-aşkar zəlalətdən çəkindirməyək. Məlum məsələdir ki, bu yanlış bir məntiqdir və heç bir insani meyarlarla düz gəlmir. Biz nəyin bahasına olursa-olsun onları ayıltmalı və həqiqəti başa salmalıyıq.

 

Məhəbbət və insansevərlik nəzəriyyəsinə etdiyimiz bu tənqidlərə əsasən aydın olur ki, məhəbbət insanlıq meyarı deyil, əksinə onun şərtlərindən biridir. Belə ki, insanlığa yetişmiş şəxslər vahid bir bədəni təşkil etdiklərinə görə bir-birlərini sevməlidirlər.

  
AĞIL VƏ HİKMƏTİN İNSANLIQ MEYARI KİMİ GÖTÜRÜLMƏSİ 

Ariflərin nəzərincə, insanlıq ayrı-ayrı şəxslərin həqiqəti nə dərəcədə başa düşməkləri ilə ölçülür. Bunların nəzərincə həqiqəti başa düşməyən insan naqis sayılır. Hər bir şəxsin insanlıq və əsil istedadı, həqiqəti tanımaq və ona yetişməkdədir. Ariflər bu sözü həqiqət, həkimlər isə hikmət kimi təbir edirlər.

  
HİKMƏTİN MƏNASI 

Görəsən hikmət bu gün elm adlandırdığımız həmin ifadəni daşıyırmı? Xeyr! Hikmətin mənası bütün varlıqları ümumi şəkildə düzgün dərk etmək deməkdir. Bu da elmlə fərqli olan bir məfhumdur. Misal olaraq, əgər kimsə Tehran şəhəri barəsində bir şey öyrənmək istəsə, iki cür məlumat əldə edə bilər: birincisi külli və ümumi, amma eyni zamanda səthi. İkincisi cüzi və məhdud, amma tam aydın və müəyyən. Yəni, bəzən Tehran haqqında olan məlumat, şəhərin ümumi xəritəsini çəkə bilən mühəndisin məlumatı kimidir və bəzən də bu böyük şəhərdən külli məlumatı olmayan, amma öz məhəlləsini bütün xırdalıqlarına kimi tanıyan bir şəxsin məlumatı kimidir. Şəhərdən ümumi məlumatı olan şəxs, məhəllələrdən və müəyyən bir məhəllənin sakini də şəhərin ümumi vəziyyətindən xəbərsizdir. Varlıqları külli surətdə mütaliə edib onu başdan-ayağa öyrənən şəxsə həkim və ya filosof deyilir. Həmçinin həkim bütün varlıqlar haqqında külli bir qanun çıxarır. Həmin bu şəxs ola bilər daş, bitki, heyvan, yer və günəş haqqında kifayət qədər məlumatı olmasın. Filosofların nəzərincə aləm və varlıqlar haqqında olan külli elmə hikmət deyilir. Hətta bu məlumat elə bir dərəcəyə çata bilər ki, aləm və varlıqlar külli surətdə həkim insanın zehnində canlansın.

 

İnsan elmdə elə bir dərəcəyə çatır ki, onun zehnində canlandırdığı aləm, xaricdəki həqiqi aləm ilə düzgün tətbiq olunur. Bu cür şəxslərə həkim deyilir.

 

Həkim və filosoflar ağılı insanın cövhəri bildiklərinə görə hikməti insanlıq meyarı kimi qəbul etmişlər. Həmçinin onlar ağılı hər bir məsələni isbat etmək üçün kifayət edən bir şey kimi qəbul edir və hikməti imanla bərabər sayırlar. İndi isə bunları ayrı-ayrılıqda izah edək.

  
AĞIL İNSANIN CÖVHƏRİDİR 

Qədim filosofların nəzərincə, insanın cövhəri və həqiqi mənliyi onun ağlıdır. Bunların nəzərincə, insanın cismi onun şəxsiyyətindən sayılmamadığı kimi, onun müxtəlif ruhi və mənəvi istedadları da həqiqi şəxsiyyətindən sayılmır. İnsanın həqiqi şəxsiyyəti onun fikir qüvvəsidir. Qurani-kərim ağıl barəsində lubb kəlməsini çox işlətmişdir. Elə bil onlar insanı qoz və ya badama bənzədərək onun qabıq və ləpədən təşkil olunduğunu bəyan etməklə, cismi onun qabığı, ağıl və fikrini isə ləpəsi hesab etmək istəyirlər.

 

Ağılsız insan, insanlıq meyarından məhrum olan puç və boş bir varlıqdır. Yəni, surət və xarici görünüş etibari ilə insan, həqiqətdə isə onun mahiyyətini daşımayan bir canlıdır. Bu, insanlığı ağılla ölçən filosofların bəyan etdiyi ifadələrdir.

  
ƏQLİ MƏRİFƏTİN ƏSALƏT VƏ ETİBARI 

Həkimlərin nəzərincə, insan öz ağlı ilə aləmdə olan həqiqətləri kəşf etməyə qadirdir və ağılla əldə olunan elm əsil, həqiqi və etimad olunası bir elmdir. Çünki ağıl aləm və həqiqətləri necə varsa, o cür də dərk etməyə və özündə əks etdirməyə qadirdir. Ağıl aləmin həqiqi surətini özündə əks etdirə bilən bir qüvvədir.

  
İMAN HƏKİMLƏRİN NƏZƏRİNDƏ 

Müsəlman həkimlər Quranda bəyan olunan prinsiplərə əsaslanaraq deyirlər ki, iman, aləmi ümumi şəkildə necə varsa, o cür də tanımaq, həmçinin aləmin mənşə, cərəyan, nəzm və hansı nöqtəyə qayıdacağını bilmək deməkdir. Quran insanları Allaha, mələklərə və aləmin yaradılışına iman gətirməyə dəvət edir. Eləcə də aləmin hər an Allah tərəfindən idarə olunmasına və bütün məxluqatın Onun tərəfindən yaranıb, nəhayətdə Ona qovuşacağına etiqad bəsləməyə, yəni məada çağırır. Müsəlman həkimlərin nəzərincə, bütün bunları tanımaq və dərk etmək iman gətirmək deməkdir. Bunlar həmişə imanı mərifət, tanımaq, bilmək və hikmətlə bir şey kimi təfsir edirlər. İslam fəlsəfəsi kitablarında (hətta bir qədər ariflərin zövqünə uyğun tərzdə yazılmış Molla Sədranın kitablarında belə) bu məsələyə, yəni Allaha, Peyğəmbərə, mələyə və məada imanın, onları dərk etmək mənasında olması məsələsi ilə rastlaşırıq. Qısa şəkildə desək, bunların fikrincə Quranda işlədilən iman sözünün hamısı dərk edib başa düşmək, mənasını daşıyır.

  
İSLAMDA AĞILIN İNSANLIQ CÖVHƏRİ OLMASI NƏZƏRİYYƏSİ 

Qeyd etdiyimiz kimi, filosofların nəzərincə insanın cövhəri ancaq və ancaq onun ağılıdır. Yerdə qalan isə ondan doğan alət və vasitələrdir. Əgər göz, qulaq, hafizə, xəyal qüvvəsi kimi üzvləri görürüksə, onların hamısı ağılın istifadə etməsi üçün yaradılmış şeylərdir.

 

İslamda bu məsələni, yəni insan üçün ancaq və ancaq ağılın cövhər olmasını təsdiq edən heç bir dəlil və sənəd yoxdur. İslamda insan vücudunun bütövlükdə ağıldan təşkil edilməsi deyil, sadəcə onun şaxələrindən biri olduğu təsdiq edilir.

  
İSLAMDA AĞILIN HÖCCƏT VƏ DƏLİL OLMASI 

Biz islami mənbələrdə heç dində rastlaşmadığımız bir şeylə - ağılın fövqəladə etibarlı bir sənəd kimi qiymətləndirilməsi ilə qarşılaşırıq. Bu barədə islami mətnlərdə (Quran və hədislərdə) yüksək mənalı sözlər söylənilmişdir.

  
QURANDA ƏQLİN ETİBARLI BİR SƏNƏD OLDUĞUNU TƏSDİQ EDƏN DƏLİLLƏR 

Qurani-kərim ağılın etibarlı bir sənəd olduğunu müxtəlif şəkillərdə imzalamışdır.

 

a) Təfəkkür və ağıl qüvvəsini işlətməyə dəvət;

 

Quranda insanları təfəkkürə dəvət edən altmışdan çox ayəni qeyd etmək olar. Amma onların içərisindən təəccüb doğuran bir ifadəni burada gətirmək yerinə düşərdi. Ənfal 22-ci ayəsində buyurulur:

 

İnnə şərrəd-dəvabbi indəllahis-summul bukmul-ləzinə layəqilun.

 

Allah yanında yer üzündə gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır.

 

b) Səbəb və nəticə qanunundan istifadə olunması;

 

Quranın, ağılı əsas götürməsinin başqa dəlillərindən biri də məsələləri səbəb və nəticə qanunu əsasında bəyan etməsidir. Səbəb və nəticə qanununun ağıl və təfəkkürün əsaslarından olması məlum məsələdir. Quran da bu qanunauyğunluğu etibarlı sayır və hadisələri onun əsasında izah edir. Quran səbəb və nəticənin özünü yaradan və bu nəzmin fövqündə dayanan Allahın sözlərini bəyan etməklə yanaşı, aləm və onda baş verən hadisələrin bu məsələ əsasında nizamlanmasını zikr etməkdən də qafil olmamışdır. Misal olaraq bu ayəni nəzərə alaq:

 

İnnəllahə la yuğəyyiru ma bi qovmin hətta yuğəyyiru ma biənfusihim.

 

...Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə [pozmadıqca], Allah da onun tövrüni dəyişməz.... (Rəd-11). Buradan belə bir nəticə çıxır ki, doğrudan da bütün müqəddərat Allahın iradəsilə həyata keçir, amma o, insan müqəddəratını iradə və ixtiyara hakim olan bir iş kimi, onlara icbari olaraq qəbul etdirmir, əksinə onu müəyyən nəzm və qanunauyğunluq əsasında idarə edir.

 

v) Hökmlərin fəlsəfəsi;

 

Quranda ağılın etibarlı bir sənəd kimi qəbul olunmasının başqa dəlillərindən biri də, onda hökm və göstərişlərin hikmətinin açıqlanması və bəzən də onların hansı səbəb və məsləhət əsasında həyata keçirilməsidir. Üsul alimləri deyirlər ki, məsləhətli və məsləhətsiz olan şeylər hökmlərin silsiləvi illətləri arasında yerləşirlər. Məsələn, Quran bir yerdə namaz qılın deyə buyurur, Ənkəbut surəsinin 45-ci ayəsində isə onun fəlsəfəsini açıqlayır:

 

İnnəssəlatə tənha ənil fəhşai vəl munkər.

 

...Həqiqətən namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər....

 

Burada namazın insan ruhunda qoyduğu təsirdən söz açılır, insanın necə yüksəlişə çatması və bunun nəticəsində də bütün pisliklərdən çəkinəcəyi bəyan edilir.

 

q) Ağılın azğınlığa düçar olmaması yolunda aparılan mübarizə.

 

Quranın, ağılı əsas saymasının aşkar dəlillərindən biri də, onun ağıl qüvvəsinin normal işləməsinə mane olan şeylərlə mübarizə aparmasıdır.

  
HƏDİSLƏRDƏ ƏQLİN ETİBARLI BİR SƏNƏD OLDUĞUNU TƏSDİQ EDƏN DƏLİLLƏR 

Hədislərdə ağılın etibarlı bir sənəd olması barədə o qədər söz söylənilib ki, əgər mənbələrə müraciət olunsa, mötəbər kitabların bir fəslinin bu mövzuya həsr olunduğunu görərik. Hətta bəzi kitabların bu barədə olan bəhsləri ağıl barəsində kitab ünvanlı fəsillə başlanır. Şiə məzhəbinin hədisləri bu məsələni əvvəldən axıradək təsdiq və himayə edir.

 

İmam Musa ibni Cəfər (ə)-ın bu barədə fövqəladə bəyanı vardır. O həzrət buyurur:

 

Peyğəmbər iki növdür, biri insanın daxilində olan ağıl, ikinci isə xaricdə insanlar arasında seçilmiş peyğəmbər. Bu iki peyğəmbər bir-birinə nisbətdə təkmilləşdirici rol ifa edirlər. Nəbi (Allahın göndərdiyi elçi) olmasa, ağıl heç vaxt insanları səadətə çatdıra bilməz. Eləcə də ağıl olmasa, nəbilərin sözünün faydası olmaz, bəşəriyyət hidayət və səadət yoluna istiqamətlənməz. Bunların hər ikisi (ağıl və nəbi) bir cür iş görürlər.

 

Ağılı təsdiq və himayə etmək üçün, bu ifadədən yüksək söz söyləmək mümkün deyildir. Əlbəttə bu barədə çox sözlər deyilmişdir. O cümlədən:

 

Aqil insanın yuxusu cahillərin ibadətindən üstün sayılır;

 

Aqilin sakit dayanması, cahilin hərəkətindən üstün sayılır;

 

Allah-taala heç bir şəxsi, ağlını kamala çatdırmazdan əvvəl peyğəmbərliyə göndərməmişdir.

 

Deməli, həkimlərin nəzəriyyəsinin bir hissəsini ağılın düzgün bilik və mərifət əldə etmək üçün etibarlı bir sənəd sayılmasını islam da təsdiq edir.

  
HİKMƏT İNSANLIĞIN YARISIDIR 

Keçən bəhslərə əsasən həkimlərin müsbət və zəif nöqtələrini, eləcə də tövhidə çatmaq məqsədi ilə nəzəri hikmət bəhslərini ortaya atmalarının nəzərə alaraq, bu nəticəyə gəlirik ki, hikmət insanlığın yarısıdır. Çünki hər hansı bir müsəlman insanın həqiqət və insanlığını cisimdə deyil, ruhunda görürsə və ruh cövhərinin paklığını dərk edirsə, yaxşı başa düşür ki, nəzəri-tövhid əməli-tövhidin bünövrəsidir, öz-özlüyündə kamal deməkdir və bu kamal onu Allaha tərəf hidayət edəcəkdir.

 

Fatir surəsinin 10-cu ayəsində buyurulur:

 

...İləyhi yəsədul kəlimut-təyyibu vəl əməlus-salihu yərfəuhu.

 

...Pak söz [tövhid kəlməsi, zikr, həmd-səna] Ona tərəf yüksələr və pak sözü də [Allah dərgahına] yaxşı əməl qaldırar. [Allah pak sözü eşidər, saleh əməli də qəbul edər]....

 

Hər hansı bir şəxsin insanlığı, onun Allahı nə dərəcədə tanımağından asılıdır. Çünki insanın elm və biliyi heç də ondan ayrı bir şey deyildir. Elm və bilik onun vücudunun əsas hissəsindən biridir. İnsanın varlıqlar və onların mənşəyi haqqında olan mərifət və biliyi nə qədərdirsə, o qədər də insanlığa çatmış olur. Çünki insanlığın yarısı elm və bilikdir.

  
İRADƏNİN İNSANLIQ MEYARI KİMİ GÖTÜRÜLMƏSİ 

Digər bir məktəbin ardıcılları deyir: İnsanlığa qiymət vermək üçün əsas götürülən meyar onun iradəsidir. Başqa ifadə ilə desək, insanlıq meyarı onun özü və nəfsi üzərində hakimiyyəti, yəni işlərin ağıl və iradə əsasında görülməsidir. Heyvan öz icbari meyillərinə tabe olan bir canlıdır, amma insan heyvandan fərqli olaraq, ağıl və ixtiyar gücü vasitəsilə öz meyl və heyvani hisslərinə qalib gələ bilən bir varlıqdır. Deməli, insan o kəsdir ki, öz-özü üzərində hakimiyyəti ələ keçirmişdir və bu hakimiyyət hər nə qədər zəif olsa, insan bir o qədər insanlıqdan uzaq düşmüş olar.

  
MEYL VƏ İRADƏ ARASINDA OLAN FƏRQ 

Meyl, insanı xaricdə mövcud olan şeylərə tərəf çəkən bir qüvvədir. İnsan ac olan zaman süfrə başına gələrkən özündə o yeməyə qarşı meyl hiss edir. Yəni, daxilində onu yeməyə tərəf çəkən bir qüvvə mövcuddur. İnsanı xaricdə mövcud olan hansısa bir şeyə tərəf çəkən və xarici amil ilə insan arasında olan cazibə qüvvəsinə meyl deyilir.

 

İnsan və ya heyvan ac olanda yeməyə, susuz halında suya, durğunluq halında cinsi cütləşməyə, yorulanda istirahət etməyə meyl göstərir. Hətta ananın öz balasına olan məhəbbəti belə meyl sayılır. Eləcə də dilənçiyə kömək etmək, onun halına acımaq və bu kimi digər şeylər də meyldir. Amma insanda iradə adlanan qüvvə onun xaricinə deyil, batininə aid olan bir qüvvədir. Belə ki, bu qüvvə insan ilə xarici aləm arasında rabitə yaratmır, əksinə insan, işi götür-qoy edib ölçüb-biçdikdən sonra meyl əsasında deyil, ağılın məsləhət gördüyü şəkildə həyata keçirir. Çox vaxt biz, ağıl məsləhət bildiyi işin istək və meyillərin ziddinə olduğunun şahidi oluruq. Məsələn fərz edək ki, müxtəlif yeməklərlə dolu olan süfrə arxasında əyləşmişik və meylimiz istəyir ki, bu yeməklərin hamısından doyunca yeyək, amma bir az fikirləşdikdən sonra görürük ki, bu işin nəticəsi pis olar və bu zaman biz meylimiz istədiyi şeyin əksinə əməl edirik. Başqa bir misal: Heç kəs dərman atmağı xoşlamır, amma fikirləşəndə görür ki, bu dərmanların onun xəstəliyinin müalicəsində xeyri var. Buna görə də o, istək və meylinin ziddinə gedərək onlardan istifadə etməyi məsləhət bilir.

 

İnsanın öz meyl və istəklərini, eləcə də nifrət və qorxusunu cilovlamasına iradə deyilir. Qorxu hissi meyldən fərqli olaraq insanı nədənsə yersiz və dəlilsiz olaraq qaçmağa, çəkinməyə vadar edir, burada da iradə onun köməyinə yetişir və onu cürətli olmağa çağırır.

 

Daha aydın desək, iradə ağıldan məsləhət alır və bütün meylləri kontrol edərək iş görür.

 

Deməli, iradə insanın daxilində olub, onu bütün meyl və istəklər cazibəsindən azad edir və onları insanın ixtiyarına verir. İnsanın meyl və istəklərinə tabe olması ilə fikir və iradəsinin arxasının dalınca getməsi arasında fərq vardır. İradəyə tabe olmaq, meyl və yersiz istəklərə hakim olmaq deməkdir.

 

Keçmiş əxlaq alimləri iradə və bununla bağlı olan məsələlərə təkid edərək demişlər: insanlığa qiymət vermək üçün əsas götürülən əlamət iradədir.

  
İSLAMIN NƏFSƏ HAKİM OLMAQ BARƏSİNDƏ OLAN NƏZƏRİ 

İslam dinində nəfsə hakim olmaq barəsində çox danışılmışdır. Məsələn yazırlar ki, bir gün Peyğəmbər (s) hansısa küçədən ötərkən bir dəstə cavanın öz güclərini sınamaqlarını müşahidə edir. Onlar ağır daşları qaldırıb özlərini sınayırdılar. Bütün idman növləri kimi, qədimdə adət olan bu idman növünün də hakimə ehtiyacı var idi. Cavanlar Peyğəmbəri görüb, bundan üstün hakim ola bilməz deyərək, o həzrətə yaxınlaşdılar. Ey Allahın Rəsulu! Siz burada bizim hansımızın ağırlığı daha yaxşı qaldırmağına hakimlik edin. Peyğəmbər (s) qəbul etdi. Onlar bu işi bitirdikdən sonra o həzrət (s) onlara buyurdu: Kimin daha güclü olmasını bilmək istəyirsinizmi? Bəli, ya Rəsulullah! Həzrət buyurdu: Hamıdan güclü, əsəbləşən zaman öz qəzəbinə qalib gələ bilən kəsdir. Güclü o kəsdir ki, qəzəbi onu Allahın xoşu gəlməyən işlərə sürükləməsin. Həmçinin Allahın xoşlamadığı hansısa bir işi, təkcə özünün xoşuna gəldiyinə görə etməsin və bütün meyl və istəklərinə hakim olsun.

 

Peyğəmbər (s) cismə aid olan bir idman yarışını dərhal ruhi və mənəvi bir yarışa çevirib, qol gücü məsələsinin iradə qüvvəsi ilə bağlı olduğunu onlara çatdırdı.

 

Sonra buyurdu: Əlbəttə bu da öz-özlüyündə bir işdir və qolun güclü olması kişilik əlamətlərindəndir, amma kişilik təkcə bununla bitmir və o, yalnız kiçik əlamətlərdən biri sayılır. Kişiliyin əsası onun iradəsinin möhkəm olmasından asılıdır.

 

Mövlana Cəlaləddin Rumi buyurur:

 

 

Vəqte xəşmo vəqte şəhvət mərd ku

 

Talebe mərdi çeninəm kube ku.

 

 

Gah qəzəbli, gah da şəhvət zamanı

 

Özünü saxlayan kişilər hanı

 

Düşmüşəm çöllərə axtarıram mən

 

Göstər mənə belə güclü insanı.

 

 

Biz Əli (ə)-ı Allahın şiri adlandırırıq, çünki o həzrət hər iki cəbhədə hamıdan üstün olmuşdur. Birincisi, xarici və ictimai cəbhə sayılan döyüş meydanlarında güclü pəhlivanları yerə vurması, ikincisi, daha əhəmiyyətli sayılan daxili cəbhədə isə öz-özü üzərindəki hakimiyyətidir. O, bütün meyl və hisslərinə hakim olan bir insan olmuşdur. Mövləvinin məsnəvidə gətirdiyi hekayə bu məsələni necə də aydınlaşdırır və onun fövqəladə iradə sahibi olduğunu canlandırır. Hələ iyirmi beş yaşı olan bir cavan döyüş meydanlarında çox güclü və məşhur bir pəhləvanı yerə vurmuş, başını bədəndən ayırmaq üçün sinəsinə çökmüşdür. Yerə yıxılmış pəhləvan gözlənilmədən ağız suyunu Əli (ə)-ın üzünə atır. Təbii olaraq Əli (ə) bu işdən narahat olur. Müvəqqəti olaraq, onun sinəsindən ayağa qalxır, bir qədər var-gəl etdikdən sonra qayıdır. Düşmən soruşur ki, nə üçün getdin? Həzrət buyurur: Çünki mən sənin o hərəkətindən qəzəbləndim və istəmədim ki, səni qəzəbli halda qətlə yetirim. Çünki səni öldürməkdən məqsədim qəzəbimi söndürmək deyil, Allahın əmrini icra etməkdir.

 

Bəli, Əli (ə) öz qəzəbinə və ümumiyyətlə Allahın xoşuna gəlməyən bütün meyllər üzərində hakim olan bir insan olmuşdur.

 

Nəfsə hakim olan iradə barəsində də islamda çox danışılmışdır. Əmirəl-möminin Əli (ə)-ın Nəhcül-bəlağədə belə bir bəyanı vardır:

 

Əla və innəl xətaya xəylun şumsun humilə ələyha rakibuha.

 

Günah, atlının əlindən yüyəni almış hürkək bir ata bənzəyir.

 

Bildiyimiz kimi, hər bir günah əməl meyl və şəhvət, eləcə də heyvani hisslərin təsiri altına düşməklə başlayır və insan bu təsir nəticəsində ağılın verdiyi hökmün əksinə əməl edərək günah iş görməyə düçar olur. Əli (ə) buyurur ki, insan öz nəfsi üzərində olan hakimliyini əldən verən zaman günaha düçar olur. O, bu məsələnin müqabilində dayanan təqva barəsində də belə buyurur:

 

Əla və innət-təqva mətaya zululun.

 

Təqva ixtiyarı sürücünün əlində olan bir miniyə bənzəyir. Sürücü bu cür miniyi istədiyi kimi idarə edə bilir və o da şıltaqlıq etmədən öz sahibinin əmrlərini yerinə yetirir.

  
İRADƏ MEYARININ TƏNQİDİ 

Dünyada elə bir tərbiyəvi məktəb yoxdur ki, insanın öz istək və meylləri üzərində hakim olmasının vacibliyinə şəkk etmiş olsun. Hamı bunu istisnasız olaraq qəbul edir. Amma onun icrasına təminat məsələsi mübahisəli bir mətləbdir. İradə ağlın icraedici qüvvəsi olduğundan, ağıl və iradə meyl və istəklər üzərində hakim olmalıdır. Görəsən təkcə olmalıdır sözünü deməklə, ağıl və iradə istəklərə hakim olur, yoxsa yox? Ağıl və iradənin bu hisslər üzərində hakim olma mexanizmi necə olmalıdır və onun icrasına kim təminat verir?

 

Din məsləkçilərinin istinad etdikləri məsələlərdən biri də budur. Onlar deyirlər ki, iradə ağlın icraedici qüvvəsidir, bəs ağıl özü nə olan şeydir? Əlindən nə iş gəlir? Ağıl, məsələləri aydınlaşdırmaqdan başqa iş görmür və öz missiyasını nəyi isə açıqlamaq və yol göstərməklə başa vurur.

 

Deməli, ağıl hər hansı bir şeyi aydınlaşdırmaq rolunu ifa edir və insan ağılın köməyi ilə işi haradan başlayıb harada qurtaracağını başa düşür. Amma iradə və ağılın meyl və istəklər üzərində hakim ola bilməsi üçün, təkcə məsələni başa düşmək kifayət etmir. Çünki insan zatən öz mənafelərini güdən bir varlıqdır. Onun iradəsi meyllər üzərində o vaxta qədər hakim ola bilər ki, mənafeləri ona icazə vermiş olsun. Yəni insan öz mənafelərinin əldən getdiyini gördükdə, artıq həmin hisslər üzərində iradi hakimiyyətini tərk etməli olacaq.

 

İndiyədək söylədiklərimizdən məlum oldu ki, iradə çalışqan və səysiz insanları bir-birindən ayırmaq meyarlarındandır. Tənbəl insanlar daim öz təbii meyllərinin əsiridir. O, bu əsirlikdən canını qurtarmaq üçün gərək iradəsini gücləndirib istəkləri üzərində qələbə çalsın, əks təqdirdə heç vaxt insanlıq mərhələsinə yetişə bilməyəcəkdir. Deməli, iradə insanlıq meyarı yox, insanlığa yetişmək üçün lazım olan şərtlərdən biridir. Böyük və yüksək səviyyəli ruhlar güclü iradəyə sahibdirlər. Amma biz çalışırıq ki, böyük insanlıq adlanan yüksək səviyyəli ruhun meyarını tapıb üzə çıxaraq.

  
AZADLIĞIN İNSANLIQ MEYARI KİMİ GÖTÜRÜLMƏSİ 

İnsanlığa qiymət vermək üçün əsas götürülən meyarlardan biri də insan azadlığıdır. Bu məsələyə eqzistansialistlər daha çox toxunurlar. Bu nəzəriyyə sahibləri ən çox insanın azad və agah olması - insanın ictimai agahlığı üzərində dayanırlar.

 

Azadlıq nə deməkdir? Azadlıq, yəni insanın məcburiyyəti qəbul etməməsi, heç bir qüdrət qarşısında əyilməyib, ona əsir olmaması. İnsanın bütün müqəddəratını öz ixtiyarı ilə təyin etməsinə azadlıq deyilir.

  
SARTERİN AZADLIQ BARƏSİNDƏ SÖYLƏDİYİ SÖZLƏR 

İnsan bu dünyada azad bir varlıqdır, hətta azadlığın eynilə özüdür. Sarter deyir: İnsanın azad olması, Allahın olmamasını sübut edir. Çünki Allahın olması azadlıqla ziddiyyət təşkil edir. Axı necə? Deyir: Allahın olması o deməkdir ki, Allahın bir zehni var və məni qabaqcadan öz zehnində təsəvvür etmişdir. Mən onun zehnində təsəvvür olunmuşamsa, necə azad ola bilərəm? Demək mən məcbur bir varlıq olub onun zehnindəki özümə oxşamalıyam.

 

Nə qədər də gülünc bir sözdür! Allah üçün zehin məfhumu bir məna kəsb edirmi? Sarter burada özünə oxşar bir varlıq təsəvvür edib adını Allah qoyur və onun əsasında mənasız sözlər danışır.

  
İNSAN AZADLIĞI VƏ ALLAHIN MÖVCUD OLMASI ARASINDA OLAN RABİTƏ VƏ BAĞLILIQ 

Qəza və qədər məsələsi hələ min il bundan öncə həll edilən və insan azadlığı ilə heç bir ziddiyyət təşkil etməyən məsələdir. Yalnız Allah və qəza-qədər məsələsini fərz etməklə, azadlıqdan dəm vurmaq mümkündür. İnsan ruhu Allah tərəfindən üfürüldüyü üçün təbiətin cəbrindən azad ola bilər, əks halda o cəbri bir varlıq olmalıdır. Çünki əgər insanın təkcə cismi nəzərdə tutulsa, iradə və ixtiyarı hər an cismi maddələrin hərəkət və fəaliyyətindən asılı olacaqdır.

 

Sarter deyir ki, insan azad iradənin elə özüdür. Ondan soruşmaq lazımdır ki, bəs iradə özü haradan meydana gəlir? Əgər insanın fikir və iradəsi təbii və maddi xüsusiyyətlərdən ibarətdirsə, azadlıqdan söhbət etmək nəyə gərəkdir? Azadlıq haqqında o kəslər söhbət edə bilərlər ki, insanda təbiətin fövqündə dayanan qüvvənin olmasını qəbul etsinlər. Belə ki, insanı təbiətə məğlub olmuş yox, təbiəti insana məğlub olmuş hesab etmiş olsun. Belə şəxslərin nəzərincə, insanda iki qüvvə mövcuddur: təbii qüvvə; təbiətin fövqündə dayanan qüvvə. İnsan ruhu Allah tərəfindən üfürüldüyündən təbiətin fövqündə dayanan bir varlıq sayılır. İstəsə öz təbiətinə qalib gələr, cismi meyllərin istədiyi kimi deyil, tam başqa bir şey ola bilər. Deməli, Sarterin insan azadlıqdan başqa bir şey deyildir sözü düzgün ola bilməz.

  
MƏNƏVİYYAT BÖHRANI ƏSRİMİZİN ƏN BÖYÜK PROBLEMLƏRİNDƏN BİRİDİR 

Bir çox alimlərin toxunduğu məsələ, daha doğrusu dünya psixoloqlarını qayğılandıran ən ümdə problem bəşəriyyəti, xüsusilə hal-hazırda inkişaf etmiş ölkələri bürümüş mənəviyyat böhrandır. Əlbəttə müasir dövrdə siyasi-iqtisadi böhranlar keçirən dövlətlər də az deyildir, amma bu cür böhranlar heç də həllolunmaz sayılmır. İndiyə qədər həll oluna bilməyən böhran yalnız mənəvi böhranlardır. Mənəvi böhran nə siyasətə bağlıdır, nə də iqtisadiyyata; bu, bəşəriyyətin sırf mənəvi cəhətləriylə bağlı olan bir şeydir.

 

Tuinbinin nəzərincə, bu böhranların kökü texnikanın inkişafı ilə bağlıdır. Amma bu heç də belə deyil. Bəşəriyyət buxar maşınını ixtira etməklə heç də səhv etməmişdir, səhvə yol verən Fransız Bigen və onun ardıcılları olmuşlar. Dünyada mənəvi böhranlar bu şəxslərin bəşəriyyətin bütün problemləri elmdən asılıdır sözünü deməsiylə başlandı. Bunların nəzərincə, bütün çətinliklərin həllini elmdə axtarmaq lazımdır. İnsanın neçə düşməni ola bilər? Cahillik, kasıblıq, zülm. Bütün bədbəxtçiliklərin anası cahillikdir. Əgər insanlara elm və bilik öyrətsən, xəstəliklərin hamısını sağaltmış olarsan. Cəhalət və nadanlıq aradan getsə, bədbəxtçilik də onun ardınca gedəcək.

 

Əlbəttə elm müqəddəs bir həqiqətdir, amma bunlar elmi imandan ayırdılar və elmin, imanın görə biləcəyi işlərin öhdəsindən gələcəyini iddia etdilər.

 

İnsanın düşmənlərindən biri də onun zəifliyidir. Elm insana güc-qüvvə bəxş edir. Düz də deyirlər, elm qüdrət deməkdir, amma nəyin qarşısında? Təbiətin qarşısında. Xəstəliklərin kökünü kəsmək üçün elm öyrənin deyilirsə, buna inanmaq olar. Amma kasıblığı aradan qaldırmaq üçün elm öyrənin sözləri müəyyən qədər düz və müəyyən qədər səhvdir. Çünki kasıblıq ancaq iqtisadla bağlı deyildir, burada başqa amillər də var.

 

Bunların əsas səhvi nigarançılıq və iztirabları yox etmək istəyirsinizsə, elm öyrənin iddiasını etmələrindədir. Artıq onların bu sözlərinin yanlış olması hamıya məlumdur. Elm bu işin öhdəsindən gələ bilmədi. Elm hərislik, paxıllıq və bu kimi digər rəzil sifətlərin qarşısını ala bilmədi. Hal-hazırda bu növdən olan yaramaz xüsusiyyətlər elmi cəhətdən inkişaf etmiş ölkələrdə daha çox müşahidə olunur.

  
İDEOLOGİYA 

Bəşər bu fikir ilə bir-iki yüz il yaşayandan sonra başa düşdü ki, təkcə elm kifayət etmir. İctimai fəlsəfə və ideologiya da zəruridir. Elm təkcə kifayət etmir deyə, ideologiya qurmaq üçün inqilab etdilər. Bəşəriyyətə müxtəlif ideologiyalar və iizmlər təqdim etdilər. Amma bildiyiniz kimi, hər bir ideologiyanı yaratmazdan əvvəl gərək onun dünyagörüşü və insanşünaslıq kimi məsələləri də həll oluna. Belə ki, hər bir ideologiya insan və aləm haqqında öz baxış və nəzərini söyləməli, sonra cəmiyyət barəsində öz müqəddəs və ideal nəticəsini izah etməlidir.

 

Bunlar Allahı və insanda ruhun mövcudluğunu rədd etdikdən sonra insanı iqtisadi bir maşın kimi tanıtdırmağa başladılar və daha sonra müqəddəs bir ictimai ideologiya yaratmaq istədilər. Baş tutmadı, baş tuta bilməzdi də! Çünki Allahı rədd etdikdən sonra insanda heç bir müqəddəs şey qalmır. Artıq bundan sonra insanlara ictimai ideologiyanın müqəddəsliyi uğrunda iş görməyin zəruriliyini inandırmaq olmaz. Bunları söyləməklə insanları zülm və hərislikdən çəkindirib, başqalarına qarşı mehriban olmasını tələb etmək olmaz. Şübhəsiz, bu iki kəlam bir-biri ilə ziddiyyət təşkil edir. Corc Pulitser öz kitabında yazır: Biz fəlsəfi nəzəriyyələrimizdə materialist olmağımıza baxmayaraq, əxlaqi cəhətdən idealistik. Belə şey heç mümkündürmü? Quru sözlərlə iş düzəlməz. Bütün bu sözlərdən hədəf imandan qaçmaqdır. Nə olursa-olsun, ancaq ortada iman olmasın. Əvvəlcə imanın yerinə elmin zəruriliyindən danışdılar, elm təkcə kifayət etmədikdə isə dedilər: İmanı ictimai fəlsəfə və məqsədlə əvəz etmək lazımdır. Amma onların bu dünyagörüşü də əməldə əsil insanlığı nəzərə almadıqlarına görə məğlubiyyətə uğradı.

  
SARTER MƏSƏLƏNİN HƏLLİNİ ZİYALILIQDA GÖRÜR 

Jan Pol Sarter başqa bir fərziyyə irəli sürərək demişdir: Doğrudur ki, təkcə elm və bilik kifayət etmir, amma ictimai fəlsəfə də tənhalıqda bir iş görə bilməz. Məsələnin həlli ziyalılıq və aydın fikirliliyin olmasındadır. O alim və ziyalılar arasında fərq qoyaraq deyir: Təkcə elm və alim, eləcə də mədəniyyət kifayət etmir. Ziyalı insanlar yetişdirmək lazımdır. Bəs ziyalı insan kimdir? Aydın fikirli olmaq nə deməkdir?

 

Ötən bəhslərdə qeyd etdiyimiz kimi, bəlkə də elm haqqında söylənilən ifadələrdən ən yaxşısı elmin aydınlıq və nur mənasında götürülməsidir. Buna əsaslanaraq demək olar ki, cahillik nəticəsində yaranmış zülmət pərdəsini elmin nuru ilə kənara çəkib öz zehn və fikrini işıqlandıran şəxsə aydın fikirli və ya ziyalı insan deyilir. Gördüyünüz kimi, bu ifadə ilə ziyalı şəxslə alim arasında heç bir fərq olmur. Amma iş burasındadır ki, özünü ziyalı sayan insanlar deyirlər ki, alimlə bu cür insanlar arasında fərq vardır. Ola bilər kimsə öz zəmanəsinin ən böyük alimi olsun, amma ziyalı və aydın fikirli insan hesab edilməsin. Keçmişdə elm indiki kimi inkişaf etmədiyinə görə, bəzi alimlər elmin bütün sahələrində mütəxəssis səviyyəsinə çata bilmişlər. Aristotel elə bu dəlilə görə müəllim adlandırılmışdır. İndi görək Aristoteli öz dövri elmlərindən xəbərdar olduğuna görə aydın fikirli və ziyalı insan adlandırmaq olar, yoxsa yox? Bunların söylədiyi mülahizələrə əsasən, təbiidir ki, yox. Müasir dövrün ziyalı insanları Aristoteli öz dövrünün ən böyük alimlərindən biri olmasına baxmayaraq, ziyalı hesab etmirlər. Bunlar həmçinin Əbu Əli İbni Sina, Əbu Reyhan Biruni, Eynşteyn kimi böyük alimləri də ziyalı saymırlar. Deyirlər ki, alimlə aydın fikirli insanlar arasında fərq vardır. Bu söz belə izah edilə bilər ki, bəzən insanın ağıl qüvvəsi aləmi hissələrə ayıraraq tədqiq etmə və ünsürlərə ayırma dərəcəsinə çata bilir. Yəni, savadlı insan öz elmini sonradan əldə etmiş və zehnini müxtəlif məlumatlarla doldurmuşdur. Deməli, alim elm anbarı deməkdir.

 

Qurani-kərim yəhudi alimlərinə tənə vuraraq onların haqqında Tövrat elminin daşıyıcıları sözünü işlətmişdir.

 

Orta məktəb şagirdləri də bəzən dərslərin hamısını çox yaxşı öyrənir və öz səviyyəsində nə soruşsan cavab verir. Amma bir az ondan yuxarı səviyyəli və təşəbbüsə ehtiyacı olan sual verdikdə cavab verə bilmir.

 

İslamda cahillik bəzən elmin müqabilində, bəzən də ağılın bir şeyi hissələrə ayıraraq tədqiq etmə və ünsürlərə ayırma gücünə malik olmasının müqabilində dayanır. Belə ki, islam bəzən cahilliyi savadsızlıqdan ötrü, bəzən də ağılın tədqiq və təşəbbüs qüvvəsinə malik olmamasına görə məhkum edir. Əli (ə) Nəhcül-bəlağədə buyurur:

 

Rubbə alimin qətələhu cəhluhu.

 

Öz cəhaləti ilə qətlə yetirilmiş alimlər az deyildir.

 

Bu şəxslər zehinləri müxtəlif məlumatlarla dolu, amma fikirləri qapalı və təşəbbüs qüvvəsindən məhrum olan alimlərdir. Həzrətin Nəhcül-bəlağədə elm haqqında olan başqa ifadələrindən biri də budur:

 

Əl elmu elmani və ya Əl əqlu əqlani.

 

İki cür elm və ya iki cür ağıl vardır. Onlardan biri fitri və təbii olan təşəbbüs və yeniliklər yarada bilən ağıl, digəri isə sonradan eşitmə, görmə və öyrənilməklə əldə edilən elm və ya ağıl. Əmirəl-möminin (ə) buyurur ki, insanda fitri elm olmasa, sonradan öyrənilənlərin heç bir faydası olmayacaqdır. Çünki insan bu cür halda maqnitafona çevrilib, nəyi eşidirsə, onu da yazıb oxutmağa qadir olacaq və bundan başqa heç bir iş görə bilməyəcəkdir.

 

Müctəhidlərin ictihad barədə söylədiklərindən biri də məhz budur. Onlar deyirlər ki, müctəhid yalnız üsul, fiqh, rical elmini bilməklə yox, cüzi məsələləri ümumi qaydalar əsasında tətbiq etməklə müəyyənləşir. Buna görə də ola bilər ki, kimsə alim olsun, amma aqil olmasın və ya aqil olsun və alim olmasın.

 

Deməli, insan fikrini aydınlaşdıran mənbələrdən biri də ağıl qüvvəsinin tədqiq və təhlil edə bilməsidir.

 

Dünyanın böyük siyasətçiləri də bu sahədə inkişaf etmiş insanlardır.

 

İndi isə görək müasir ziyalılar da bunu söyləyir və ya onların da məqsədi budur, yoxsa yox?

 

Xeyr! Onların nəzəri bu deyildir. Onlar insanların və bütövlükdə bəşəriyyətin dərdinə acıyan şəxsləri ziyalı insanlar adlandırırlar. Eləcə də deyirlər: ziyalılar özünəməxsus bir agahlığa yetişmiş və bunun sayəsində insani hədəflərə sövq olunan insanlardır.

  
ZİYALILIQ NƏZƏRİYYƏSİNİN TƏNQİDİ 

Bir sözlə desək, agahlıq hədəf təyin edən deyil, məlumat verəndir. Deməli, təkcə agah olmaqla insanlığı qurub düzəltmək mümkün deyil. Sənayi bu barədə gözəl kəlam söyləmişdir:

 

Oğru çıraqla gəlsə, ən gözəl əşyaları seçib aparacaqdır. Agahlıq insanlar üçün fəzanı işıqlandırmaqdan başqa heç bir iş görmür. Necə ki, elm insanlara öz hədəflərinə yetişməkdə köməklik göstərir. Amma heç vaxt onları müəyyən məqsədə doğru istiqamətləndirib demir ki, bu yolu özünə hədəf seç. Təkcə agahlıq kifayət etmir. Qurani-kərim buyurur: Şeytan hamıdan çox agah və bilikli olmuş, amma bununla belə kafir olmuşdur. Nə üçün? Ona görə ki, mömin deyildi. İman agahlıqla bağlı bir məsələdir, amma bu şərtlə ki, haqqın dərgahına təslim istəyi ilə birgə olsun.

 

Bu gün bəşəriyyətin dərdinə dərman yalnız tam agahlıqla haqqın qarşısında təslim olmaqdır. Bundan başqa onu heç bir şey xilas edə bilməz. Quran elm və imanı həmişə birlikdə zikr etmişdir. Bu gün insanların kifayət qədər elmi var, amma təəssüflər olsun ki, onların imanı yoxdur. Bəşəriyyəti isə yalnız iman sağalda bilər.

  
MƏSULİYYƏTİN İNSANLIQ MEYARI KİMİ GÖTÜRÜLMƏSİ 

İnsanlıq meyarlarından biri də məsuliyyətli və mükəlləf olmaqdır. (Əlbəttə bu nəzəriyyə hələ Kantdan qabaq da ortaya çıxmış məsələlərdən biridir). Bu nəzəriyyə sahibləri deyirlər: O şəxs insan sayılır ki, başqalarının qarşısında məsuliyyət hissi keçirmiş olsun. Bu artıq məhəbbət nəzəriyyəsi ilə fərqlidir. Belə ki, o, cəmiyyət və öz şəxsiyyəti qarşısında məsuliyyət hissi keçirməlidir.

  
KANTIN FİKİRLƏRİ 

Bu nəzəriyyə Kant tərəfindən təqdim olunarkən belə söylənilib: İnsanlar dünyanı təcrübə etməzdən əvvəl, bir sıra idraklara malik olub. O, həmçinin deyir: insan ağlı iki sahədə inkişaf etmişdir: nəzəri və əməli. Vicdan ağılın əməli sahəsinə aid olan bir məfhumdur. İndi isə bu məsələləri bir qədər aydın şəkildə açıqlayaq.

  
1. Dünyanı təcrübə etməzdən qabaq dərk etdiyimiz şeylər 

Alimlər arasında bəhs olunan məsələlərdən biri də budur ki, görəsən insan, zehn vasitəsilə dərk etdiyi şeylərin hamısını dünyaya gələndən sonra gözü, qulağı və başqa hissetmə orqanları vasitəsilə qazanır, yoxsa o, elə əvvəlcədən bir sıra məfhumlarla tanış olduğu halda dünyaya gəlir?

 

Bəzilərinin nəzərincə, insan zehni hiss yolu ilə elm kəsb etməzdən qabaq, boş bir fəza şəklində olur. Bütün məlumat və məfhumlar insan zehninə beş hissetmə orqanları vasitəsilə daxil olurlar. (Görmə, eşitmə, dadma, iyləmə və hissetmə orqanları vasitəsilə). Bu şəxslərin nəzərincə, insan zehni dünyada yaşadıqca dolmağa başlayan boş bir anbara bənzəyir. Bəzilərinin nəzərincə isə, insan zehni hələ dünyaya gəlməzdən əvvəl bir sıra məfhumlarla tanış olur və dünyaya gəldikdən sonra müxtəlif hiss orqanları vasitəsilə onları artırmağa başlayır. Cənab Kant ikinci növ nəzəriyyə sahiblərindən olmuş və zehnin hələ dünyanı təcrübə etməzdən qabaq bir sıra məlumat və məfhumlara malik olduğunu söyləmişdir.

  
2. Nəzəri və əməli ağıl 

Hələ qədim zamanlarda bəhs olunan məsələlərdən biri də, insan ağlının iki hissədən, yəni nəzəri və əməli hissələrdən ibarət olmasıdır. Başqa sözlə desək, əqli hökmlər iki hissədən təşkil olunur: Nəzəri və əməli. İnsan ağlının bir hissəsi aləmdə mövcud olan şeyləri dərk etməyə həsr olunur və bu növ dərketmə nəzəri ağıl adlanır. Ağılın başqa bir hissəsi isə insan nə etməli və necə yaşamalı ünvanı altında olan qalan işlərini dərk etməyə həsr olunur və əməli ağıl adlanır.

 

Kantın fəlsəfəsi başdan-başa nəzəri və əməli ağılı tənqid etmək və bu iki növ ağılın hansı işi görə bilməsi haqqında olan açıqlamalardır. O, nəhayətdə bu nəticəyə gəlir ki, nəzəri ağılın əlindən çox iş gəlmir və əsas işləri vicdana yetişə bilən əməli ağıl görür.

  
3. Vicdan 

Kant deyir: Vicdan və ya əməli ağıl insanın hiss orqanları və təcrübə vasitəsi ilə əldə etdikləri deyil, hələ qabaqcadan dərk etdiyi və fitri yolla sahib olduğu məlumatlarıdır. Məsələn, insan yalanın yaramaz bir şey olması və düz danışmağın müsbətliyi ilə hələ dünyaya gəlməzdən, eləcə də onun nəticəsini təcrübə etməzdən qabaq tanış olmuşdur. Buna görə də vicdan tərəfindən verilən bütün hökmlər fitri və anadangəlmə hesab olunur və onların hiss və təcrübə ilə heç bir bağlılığı yoxdur.

 

Kant insan, vicdan və batin haqda çox söz söyləmişdir. Bu mövzuya aid olan cümlələrindən biri də onun qəbir daşı üzərində həkk olunmuşdur. O deyir: İki şey insanı hər an təəccübləndirir və onları araşdırdıqca heyrətini daha da artırır. Biri başımızın üzərində ulduzlarla dolu olan asiman, ikincisi isə batinimizdəki vicdandır.

  
QURANİ-KƏRİMİN VİCDAN HAQQINDA NƏZƏRİ 

Quran insanda bir sıra fitri ilhamların olmasını heç də rədd etməmiş və Şəms surəsinin 7-8-ci ayələrində buyurmuşdur:

 

Və nəfsin və ma səvvaha fəəlhəməha fucurəha və təqvaha.

 

And olsun nəfsi [insanı və ya insan nəfsini] yaradana;

 

Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini [xeyir və şəri] öyrədənə. Yəni, Allah-taala insanlara vicdan adlı bir şey vermişdir ki, onunla nəyin pis və nəyin yaxşı olmasını, eləcə də hansı işi görüb, hansını tərk etməsini dərk etsin.

 

Maidə surəsinin 2-ci ayəsi nazil oldu. Təavənu ələl birri vəttəqva vəla təavənu ələl ismi vəl udvan.

 

...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin.... Bu zaman Vabisə adlı bir şəxs Peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın Rəsulu! Bir sualım var. Həzrət buyurdu: İstəyirsən mən deyim sualın nədir? Buyurun. Gəlmisən Birr və təqva (yaxşı iş və pəhrizkarlıq) və ism və udvan (günah və düşmənçilik törədən işlər) sözlərinin mənasını soruşasan. Bəli, ey Allahın Rəsulu! Elədir ki, var. Yazırlar ki, Peyğəmbər (s) barmağının üçünü cəm edib Vabisənin sinəsinə toxunduraraq buyurdu: Bu sualı qəlbindən soruş. Yəni, Allah-taala bu anlayışı ilham surətində bəşərin qəlbində yerləşdirmişdir.

 

Qurani-kərim başqa bir ayədə buyurur:

 

Və əv həyna iləyhim feləl xəyrat.

 

...Biz onlara xeyirli işləri vəhy etdik....

 

Mərhum Əllamə Təbatəbai (r) Əl-mizan təfsirində bu ayə barəsində çox gözəl bir söz demişdir. O, buyurur: Allah-taala insana və əvhəyna iləyhim ənifəlul xəyrat şəklində buyurmayıb, yəni xeyirli işlər görməyi onlara vəhy etdik. Belə olsaydı, onda o da adi vəhylərdən biri olardı. Diqqət yetirsək məlum olar ki, Quran və əvhəyna iləyhim feləl xəyrat deyə buyurur. Yəni Biz onlara xeyirli işlərin özünü vəhy etdik başqa sözlə, yaxşı işləri onlara ilham yolu ilə tanıtdırdıq.

  
VİCDAN VƏ FİTRƏT 

Vicdan islam tərəfindən təsdiq edilən və Allahın insanlara bəxş etdiyi fitri istedadlardan biridir. Psixologiyada insan vicdanı və ya başqa sözlə desək, insan fitrəti və onun nə olması haqda geniş bəhslər olmuşdur. Bu bəhslər dörd əsasda qurulur:

 

1. Həqiqət axtarışı və ya elmi vicdan; Yəni, görəsən insan, elmin özünə görə, başqa ifadə ilə desək, fitrətən elmaxtaran yaradıldığına görə sevir və onun dalınca gedir, yoxsa yox?

 

2. Əxlaqi vicdan; Görəsən insan fitrətən yaxşı iş görən yaradılmışdır? Yəni vicdanı onu hər an yaxşı iş görməyə dəvət edir?

 

3. Gözəllik vicdanı; Görəsən insan təbiətən gözəllikaxtaran və gözəlliksevən yaradılıb, yoxsa yox?

 

4. Pərəstiş və ya dindarlıq vicdanı. Görəsən bütün insanlar fitrətən dindar, dinsevər və Allahsevər yaranmışdır, yoxsa yox?

 

Kantın söylədiyi ikinci əsasdır, yəni əxlaqi vicdan məsələsidir.

  
MƏSULİYYƏT VƏ MÜKƏLLƏF OLMAQ MEYARININ TƏNQİDİ 

Vicdandan doğan mükəlləflik və məsuliyyət hissi öz-özlüyündə insanlıq meyarı olmaq üçün kifayət etmir. Çünki insanlıq məktəbi təkcə bununla bitmir. Vicdan öz-özlüyündə hansısa bir məktəbin möhkəm dayağı ola bilməz.

 

İnsan vicdanı o qədər güclü deyildir ki, onun bütün varlığını idarə edə bilsin və onun tələbləri naminə hətta, canından belə keçsin. Ümumiyyətlə insan əgər hansısa bir ləzzət üçün iş görmək istəsə (hətta mənəvi ləzzət) ölümlə qarşılaşdıqda ondan əl çəkməli olur.

 

Deməli, Qurani-kərimin tərif etdiyi məsələ, yəni insan vicdanının xeyirxah işlərdən ləzzət alması heç bir şübhə doğurmur, amma insanlıq üçün təkcə bu kifayət etmir. İnsanlıq məktəbinin bundan daha üstün bir həqiqətə, yəni imana ehtiyacı vardır. Buna görə də kiminsə imam Hüseyn (ə)-ın Kərbəlaya gəlib, bütün cavanlarını ölümə və ailə-uşaqlarını əsirliyə verməsini, təkcə vicdanın tələblərindən doğan bir həqiqət hesab etməsi heç də düzgün sayılmaz. Çünki hər bir ləzzət axırda şəxsin özünə qayıtmalıdır. Bu isə ölümlə həyata keçiriləsi şey deyildir.

  
HƏQİQƏT VƏ YA EŞQ VƏ PƏRƏSTİŞİN İNSANLIQ MEYARI KİMİ GÖTÜRÜLMƏSİ 

Ariflərin nəzərincə, insanların əsas istedad və insanlığı həqiqəti dərk edib ona yetişməyindən asılıdır. Bu nəzəriyyə bir neçə məsələ üzərində qurulmuşdur.

  
QƏLB İNSANIN CÖVHƏRİDİR 

Biz ötən bəhslərdə hələ qabaqcadan filosofların insan cövhərini ağılda gördüklərini qeyd etmişdik. Onlar insan ağlını onun zatı, başqa qüvvələri isə bir növ alət hesab edirlər. Ariflər insan cövhərini onun qəlbi bilir, başqa qüvvələri isə (o cümlədən ağılı) alət rolunu oynayan qüvvələr kimi qələmə verirlər.

  
İRFAN MƏKTƏBİNDƏ EŞQ 

Ariflər insanda olan eşq və məhəbbət hissinə böyük əhəmiyyət verirlər. Onların nəzərincə, eşq bütün varlıqlarda mövcuddur. O cümlədən hava, torpaq, od, külək və atom zərrəciklərində belə, eşq cərəyanı mövcuddur. Ümumiyyətlə həqiqət eşq deməkdir. Ondan başqa hər bir şey həqiqət üzərində zahir olan bir məcazdır. Mövləvi deyir:

 

 

Eşq bəhrist asiman bərvey kəfi

 

Çun Zuleyxa dər həvaye Yusufi.

 

 

Yəni eşq bir dərya, asiman isə onun üzərindəki köpüyə və ya Züleyxanın Yusif eşqinə düşməsinə bənzəyir.

 

Hafiz deyir:

 

 

Ma dər in dər nə peyi hişməto cah amədeim

 

Əz bəde hadise in ca be pənah amədeim

 

Rəhrove mənzele eşqim, ze sərhədde ədəm

 

Ta be iqlime vücud in həme rah amədeim.

 

 

Yəni, biz bu qapıya cah-cəlal xatirinə deyil, hadisələrin çətinliyi üzündən gəlmişik. Eşq yolunun yolçusuyuq, yoxluq aləmindən varlıq dünyasına qədəm qoymuşuq.

 

Hafizin bu beyti Səhifeyi-səccadiyyənin bir cümləsinin tərcüməsidir. Həmin cümlədə həmd-sənadan sonra buyurulur İbtədəə biqüdrətihil xəlqə ibtidaən, vəxtərəəhum əla məşiyyətihi ixtiraən, summə sələkə bihim təriqə iradətihi və bəəsəhum səbilə muhəbbətihi.

 

Allah-taala aləmi heçdən [heç bir nümunəsi olmadan] yaratdı. Sonra isə onu özünün eşq və məhəbbət yoluna yönəldərək həyat bəxş etdi.

 

Ariflərin nəzərincə eşq, hətta ucalaraq Allah-taalaya yetişə bilən bir qüvvədir. Arifin həqiqi məşuqu Allahdır.

 

Ariflər həmçinin deyirlər: Dərdli olmaq insan xüsusiyyətlərindən biridir. Onu mələklərdən üstün edən məhz bu xüsusiyyətdir. Çünki bu xislət onlarda yoxdur. Onların nəzərincə bu, həmin Allahaxtarma dərdidir. İnsan Allah tərəfindən göndərilmiş və dünyada qərar tuta bilməyən bir varlıqdır. Bu da onu dünyada qürbət hissi keçirməyə məcbur edir. Onun gözündə dünya və onun üzərindəki bütün varlıqlar fani görünür. Ona görə də heç bir şeyə ürək bağlaya bilmir. Amma bununla belə, o əbədiyyətə qovuşmaq düşüncəsi ilə yaşayır. Bu da onun dərd əhli olmasına səbəb olur.

 

Ariflər bu barədə müxtəlif misallar çəkmişlər, Hindistan meşələrindən gətirilib qəfəsə salınmış tutuquşu misalı da onun nümunələrindən biridir. Quş hər an qəfəsdən canını qurtarıb, Hindistan meşələrinə qayıtmaq fikri ilə yaşayır. Bəli, o narahatdır, öz doğma yurduna qayıtmaq istəyir. Buna onun haqqı da var!

 

Bu həqiqət bəzən quşun öz yuvasından ayrı düşməsi ilə təşbih olunur. Bu barədə gətirilən ən gözəl təşbihlərdən biri də Mövləvinin məsnəvisində gətirilən misaldır. O, bu mövzunu qamışlıqdan kəsilmiş və daim nalə çəkən neyə bənzədir. Çünki, o doğma yurdundan ayrı düşmüşdür.

 

 

Neydən eşit hekayəti əzizəm,

 

Ayrılıqdan çəkir hər an qüssə, qəm.

 

Neyistandan kəsildiyi zamandan,

 

Arvad-kişi əzab çəkir ahından.

 

Görün ayrılıqdan parçalanmış sinəni,

 

Açacağam onunçun şövqli dərdin şərhini.

 

 

Bəzən də bu məsələ üçün fili təşbih gətirirlər. Məşhur misallardan biri olan bu hekayə belədir: Fil Hindistandan gətirildikdən sonra, daim çomaqla başına vurulmalıdır ki, yatıb yuxuda Hindistanı görməsin. Əgər vurulmazsa, Hindistanı xatırlayar və artıq bundan sonra onu saxlamaq mümkün olmaz.

 

Məsnəvidə bu təşbihin ardınca deyilir:

 

Hindistan ancaq filin yuxusuna girir, çünki oradan gətirilmişdir, amma ulağ heç vaxt Hindistan yuxusu görməz.

 

Bu təşbihlərlə demək istənilir ki, insan başqa bir aləmdən buraya gətirildiyi üçün, hər an oranın fikrində olur, Allahın dərgahına qayıdış dərdini çəkir və vüsala qovuşmaq hissləri ilə yaşayır.

 

Deməli, ariflərin nəzərincə insanın bircə dərdi var, o da Allah fərağı və ondan uzaqlıq dərdidir. O, hər an haqqın dərgahına qayıtmaq istəyir. İnsan ən yüksək məqama yetişsə belə, yenə özünü məşuqdan uzaq düşmüş hiss edir. Bəzilərinin nəzərincə, insan həmişə özündə olmayan şeylərin ardınca qaçır. Amma tapdıqdan sonra ondan bezir. Əlbəttə bu məntiqsiz bir sözdür.

 

Bir nəfər xarici ölkələrin birində muzeydə rastlaşdığı bir şey haqda söhbət açıb deyir: Muzeydə müxtəlif əsərlərə tamaşa edirdim, tabloların birində gözəl bir qadının çarpayıda uzandığını və bir kişinin də bir ayağı çarpayıda, o biri ayağı isə yerdə olub, ondan qaçmaq səhnəsini görüb heç bir şey başa düşmədim. Mövzudan xəbəri olan rəssamlardan biri həmin səhnənin Əflatunun məşhur fikirlərindən birinin təsviri olduğunu bildirib. O deyib ki, insan həsrət çəkib arzuladağı şeyə tərəf böyük eşq və sevgi hissi ilə tələsir, vüsala yetişdikdə isə, ondakı eşq artıq ölüb aradan gedir. Vüsal eşqin dəfn yerinə çevrilir və aşiq ondan qaçmağa başlayır.

 

Bu qeyri-təbii bir şeydir və daha geniş və dəqiq bir məsələdir. İnsan məhdud və fani bir şeyin aşiqi ola bilməz. O, mütləq bir kamal sahibini axtarır və bundan başqa heç bir şeyə aşiq ola bilməz. İnsanın məşuqu ancaq və ancaq Allah ola bilər. Hətta Allahı danıb, inkar edən şəxslər də, özlərindən xəbərsiz halda və fitrətən Allahı sevirlər, amma zahirdə onu itiriblər.

 

Muhyiddin Ərəbinin sözü ilə desək:

 

Heç kəs öz yaradıcısından başqasını sevməmişdir. Allah-taala müxtəlif adlar altında hər an sevilir. Məcnun elə zənn edir ki, onun eşqi Leyliyədir, amma öz fitrətinin (qəlbinin) dərinliyindən xəbərsizdir.

 

Peyğəmbərlər Allahın adını və Ona ibadət etməyi öyrətmək üçün göndərilmişlər?! Bu ki, bütün insanların fitrətində vardır. Onlar insanlara düz və əyri yolu tanıtmaq üçün göndərilmişlər. Bəşəriyyətin yol göstəricisi olan peyğəmbərlər, onları səhv yoldan düz yola yönəltmək üçün göndərilmişlər. Onların insanlara sözü budur: Ey insan, sən mütləq bir kamal aşiqisən, zənn etmə ki, pul, məqam, şan-şöhrət kamaldır.

 

İnsanın dərdi ancaq və ancaq Allah dərdidir. O, bunu düzgün başa düşsə, ibadətləri Əli (ə)-ın aşiqcəsinə etdiyi ibadətlər tək olacaqdır.

 

Qurani-kərimin Rəd surəsinin 28-ci ayəsində buyurulur:

 

O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər [möminlərin ürəkləri] yalnız Allahı zikr etməklə aram tapar!

 

Quran demək istəyir ki, bəşər heç bir fəlsəfə və ideya ilə rahatlıq tapa bilməz.

 

Bütün bunlardan məlum olur ki, ariflərin nəzərində insanlığın əsas meyarı həqiqətsevərlik və Allaha qovuşmaq dərdidir.

  
ARİFLƏRİN NƏZƏRİNDƏ HAQQA QOVUŞMAQ 

Ariflər son hədəfi və yolun axırını nədə görürlər? Həkim və filosoflar deyirlər ki, insan axırda fikir və düşüncə aləminə çevrilməlidir.

 

Yəni, insan həyatının hədəfi aləmin ümumi surətdə ağıl aynasında canlanması və onu olduğu kimi görə bilməsidir.

 

Amma görək ariflərin nəzəri necədir? Ariflər işin axırını görməkdə deyil, qovuşmaqda görürlər. Nəyə qovuşmaq? Əlbəttə haqqa qovuşmaq!

 

Ariflər deyirlər ki, insan əgər öz daxilini saflaşdırıb, hədəflə özü arasında olan yolu və özündən üstün bir şəxsin nəzəri altında eşq ilə irəliləsə, onunla Allah arasında olan pərdə götürülər və o, Allaha qovuşar. Yolun sonu bax budur!

 

Ariflər demirlər ki, mən fikir və düşüncə aləminə çevrilməli və ya aləmi özündə canlandıran bir güzgü kimi olmalıyam. Onlar haqqa qovuşmağı və aləmin mərkəzinə çatmağı öz qarşılarına məqsəd qoyurlar.

 

Biz İnşiqaq surəsinin 6-cı ayəsində Allaha qovuşmaq məsələsi ilə qarşılaşırıq:

 

Ey insan! Sən [ölənə qədər] Rəbbinə doğru çalışıb çabalayırsan. Sən ona qovuşacaqsan!...

 

Əl-ubudiyyətu cövhərəhu kunuhuha.

 

Ora çatan zaman sənin hər şeyin olar, amma buna baxmayaraq Onun özündən qeyri heç bir şeyi istəmirsən. Hər şeyi sənə təqdim edirlər, amma sən Ondan başqa heç bir şeyə etina etmirsən.

 

Əbu Səid Əbulxeyr deyir:

 

 

Səni tanıyanlar canı neynir,

 

Oğul, uşaq, ailə, malı neynir.

 

İki dünyanı versən divanə olar,

 

Sənə divanə olan, iki dünyanı neynir.

 

 

Deməli, arifin hədəfi haqqa yetişməkdir. Amma bu o demək deyildir ki, Allah-taala insana qovuşmalı, onunla tərkibə girərək qaynayıb-qarışmalıdır. Çünki Allahın məxluqatla birləşməsi qeyri-mümkün olan bir şeydir. Ümumiyyətlə ariflər Allahı vahid bilib, Ona şərik qoşmurlar.

 

Əgər qovuşmaq bir növ Onda həll olmaq və Onunla tərkib yaratmaq kimi götürülsə əlbəttə, Allaha şərik qoşmaq olar və əgər ittihad deyilsə, yenə də burada ikilik mənası başa düşülər, çünki ittihad bir neçə şeyin bir-biri ilə birləşərək vəhdət yaratması deməkdir. Ariflər deyirlər ki, biz əslində məxluqatı onun təcəllisi sanır və Allahın insanda təcəlli tapması da, heç də iki şeyin birləşməsi kimi qəbul edilmir.

 

Buna görə də, Ona qovuşmağın mənası Onda fani olmaq deməkdir və fanilik də həqiqət olduğu kimi, dərk etmək məqamına çatmaq və özünü dərk etməzdən qabaq Onu dərk etmək deməkdir. Yəni hər şeydən əvvəl Onu görə və dərk edə.

 

Marəəytu şəyən illa və rəəytullahə qəbləhu və bədəhu və məəhu.

 

Ariflərin nəzərində bu mərhələdən sonra insan üçün mənlik və başqa şeylər heç bir məna daşımır. Fanilik bax bu deməkdir. Demək, ariflərin sözlərinin məğzi həqiqətin yalnız bir şey olması, ondan başqa məxluqatın isə ikinci bir şey deyil, Onun adları, sifətləri və təcəllisi sayılması deməkdir.

 

Haqqa qovuşmaq, yəni insan elə bir məqama yetişməlidir ki, hər şeydə Onu dərk etsin və hər yerdə Onu görsün.

 

Və huvə məəkum əynəma kuntum.

 

Hər bir şeyi görəndə və hətta görməzdən də əvvəl Onu görmək;. Hər şeyin hətta özünün həyat və varlığını Onda müşahidə etmək.

 

Artıq belə bir məqamda heç bir mən qalmır, hər şey məhv olub aradan gedir və qeyd olunan fəna və fanilik başlanır.

 

Ariflərin dili ilə desək, artıq o, yədullahul-basitə olur. Seyrun iləllah, sulukun iləllah da məhz budur.

  
İSLAMIN NƏFSİ İSLAH ETMƏK BARƏSİNDƏ OLAN NƏZƏRİ 

Arif bütün dünyaya yalnız bir həqiqət qail olduğu və həmin həqiqətin eşqdən ibarət olduğunu bildirdiyi üçün onun fikrincə, insanın həqiqəti filosofun dediyi kimi fikir deyil, onun qəlbidir. Qəlbdən də məqsəd ilahi eşq mərkəzidir. Deməli, əql məktəbi ilə eşq məktəbi arasındakı fərqlərdən biri insanın mənliyi məsələsidir. İnsanın mənliyi onun fikirləşmə mərkəzidir, yoxsa eşq bəslədiyi yer? Arif deyir ki, sənin mənliyin fikirləşmə mərkəzi deyil, eşq bəsləmə mərkəzidir.

 

Filosofun fikrincə, kamil insan məqamına çatmaq istəyən şəxs hansı vasitə ilə hərəkət edib irəliləməlidir? O deyir ki, insan bu məqama məntiq, deduksiya, müqayisə nəticəsi, təfəkkür və məntiqi dəlillərlə çatmalıdır. Amma arif deyir ki, məsələ elm, savad, söz-söhbət, məntiq, müqəddimə, deduksiya və s. ilə deyil.

 

 

Dəftəre sufi səvado hərf nist

 

Coz delesbid həm çun bərf nist.

 

 

Bütün bunların yerinə nəfsini təmizləməklə məşğul ol! Filosof deyir ki, fikirləş, dərs oxu, müəllim yanına get, amma arif deyir ki, nəfsini təmizləyərək pak və saf et, çirkin, rəzil əxlaq və davranışı özündən uzaqlaşdır, bacardıqca haqdan başqa şeylərə olan diqqətini özündən kənar et və haqqa diqqəti gücləndir, zehnindən keçən şeylərə nəzarət edərək onları öz əlinə al, qəlbinə Allah fikrindən başqa nə gəlsə divdir. Nə qədər ki, div var, Allah nuru olan mələk sənin qəlbinə gəlməz.

 

 

Bər səre anəm ki gər, zedəst bərayəd

 

Dəst be kari zənəm ki qosse sərayəd

 

Xəlvəte del nist caye sohbəte əğyar

 

Div çu birun rəvəd fereşte dərayəd

 

Sohbəte hukkam zolməte şəbe yəldast

 

Nur ze xurşid cuy bu ki bərayəd

 

Bər dele ərbabe bi müruvvəte dünya

 

Çənd neşine ke xace key bedərayəd

 

Tərke gedayi məkun ke gənc beyabi

 

Əz nəzəre rəhrovi ke dər qozərayəd.

 

 

Şair burada insanı böyük şəxsiyyət və qüdrət sahiblərinin qapısına getməkdən çəkindirdikdən sonra deyir ki, yolçuluğu tərk etmə, amma hansı yolçuluğu? Kamil insan qarşısında olan yolçuluğu!

 

Hər halda bu məktəbin kamil insan məqamına çatmaq üçün təklif etdiyi yol və vasitə nəfsi islah edərək təmizləmək və Allaha diqqət etməkdir. Bu məktəb tərəfdarlarının fikrincə, insan Allaha nə qədər çox diqqət etsə, zehnindən Allahdan başqasına olan fikri nə qədər çox çıxartsa və öz batininə dalaraq xariclə əlaqəsini nə qədər çox kəssə, bir o qədər kamil insan məqamına yaxınlaşmış olar.

 

Təbii ki, onlar bəhs, deduksiya və məntiqə dəyər vermirlər. Mövlana deyir:

 

 

Paye istidlaliyan çubin bovəd

 

Paye çubin səxt bi təmkin bovəd

 

 

Dəlilə əsaslananların dayaqları çubuqdan olar və çubuq dayaq çox zəif və müqavimətsizdir.

 

Digər bir yerdə isə belə deyir:

 

 

Bəhse əqli gər dorro mərcan bovəd

 

On degər başəd ke bəhse can bovəd

 

Bəhse can əndər məqame digərəst

 

Bade canra qivame digərəst

 

 

Yolun sonu haradır? Filosofun fikrincə yolun sonu insanın öz-özlüyündə bir aləm düşüncə və təfəkkür dünyası olmasıdır. Bütün dünya, ümumi şəkildə olsa belə, onun əql aynasına düşməlidir. Yəni o, dünyanı öz içində görməlidir. Filosof yolunun son nöqtəsi bilmək və dünyanı görməkdir. Bəs ariflər yolunun son nöqtəsi haradır? Ariflər yolunun sonu görmək deyil, çatmaqdır. Nəyə çatmaq? Haqqın zatına çatmaq. Onların fikrincə, insan öz batinini təmizləsə, eşq miniyi ilə hərəkət etsə və yol boyu olan mənzilləri daha kamil insanın nəzarəti altında keçsə, sonda onunla Allah arasındakı pərdə tamamilə götürülər və onların dili ilə desək, insan Allaha çatar. Quranda Allaha qovuşmaq məsələsi irəli sürülüb və ariflər bu barədə çox geniş söhbətlər ediblər. Mən indi Allaha qovuşmaq məsələsinə girişib onun məna verib-verməməsi barədə danışmaq istəmirəm. Amma hər halda arif uğursuz və nəs düşüncə dünyası və dünyanı əks etdirən nəs ayna olmaq istədiyini demir. O, dünyanın mərkəzinə çatmaq üçün hərəkət etdiyini bildirir. Ey insan! Sən [ölənə qədər] Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan!.... (İnşiqaq-6) Ora gedib çatdıqdan sonra sən hər şeysən və sənin hər şeyin var. Sənin hər şeyin var, amma sən heç nə istəmirsən. Müəmma da burdadır. Sən elə bir məqama çatırsan ki, sənə hər şey verirlər və sən Ondan başqa heç bir şeyə etina etmirsən.

 

Əbu Səid deyir: Sən, Səni tanıyanı əvvəlcə özünə vurğun edirsən və sonra ona hər iki dünyanı verirsən; Sən iki dünyanı ona o vaxt verirsən ki, o, onları qətiyyən istəmir. Nə qədər ki, Səni tanımamışdı hər şeyi istəyirdi, amma onda onları ona vermirdin; Səni tanıyandan sonra isə ona hər şeyi verirsən amma o, həmin vaxt heç nəyə etina etmir, çünki artıq Səni tapıb, artıq nə dünya və nə də axirəti istəyir; yalnız dünya və axirətdən üstün olan Səni istəyir.

 

İndi gərək islamın bu barədəki nəzərini açıqlayaq və görək ki, ariflərin kamil insanı islami ölçülərlə düz gəlir, yoxsa yox? İndiyə kimi etdiyimiz söhbətlərdən ariflərin kamil insandan məqsədlərinin nə olduğu məlum oldu. Ariflərin kamil insanı Allaha çatan, Allaha çatdıqdan sonra bütün ilahi ad və sifətlərin kamil təzahürü olan və haqqın zatı onda zühur edərək cilvələnən aynadır.

 

Filosofların təsvir etdiyi kamil insanın islam baxımdan kamil deyil, naqis olduğunu bəyan etdiyimiz və həmin məktəbin nəzəriyyələrinin hansı hissəsinin bu din baxımından təsdiq və hansı hissələrinin rədd edildiyini dediyimiz kimi, bu məktəb barəsində də həmin yolla gedəcəyik. İslamda nəfsin təmizlənərək saflaşdırılması adlı məsələ vardırmı? Bəli, şübhəsiz ki, islamda belə bir məsələ mövcuddur, çünki bu məsələ Quranın mətnində gəlmişdir.

 

Nəfsini [günahlardan] təmizləyən mütləq nicat tapacaqdır!

 

Onu [günaha] batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.

 

(Şəms 9-10).

 

Allah-taala bir-birinin ardınca yeddi dəfə and içdikdən sonra buyurur ki, səadət və xoşbəxtlik nəfsini təmizləyənlərə, bədbəxtlik isə nəfs, ruh və batinlərini çirkinlik və rəzil sifətlərə düçar edənlərə məxsusdur.

  
LÜTFLƏ BAĞIŞLANAN ELM 

İslamda nəfsin təmizlənməsi elmə doğru olan bir yoldurmu? Quranın Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır deməsində heç bir söz ola bilməz, amma haqqı tanımaq yolu nəfsin təmizlənməsidir, yoxsa Onu tanımaq və elm əldə etmək; yəni, yalnız filosofların dedikləri dəlil, bürhan və deduksiya yoludurmu?

 

Şübhəsiz, islam bura kimi deyilənləri təsdiq edir. İslam peyğəmbərinin inkaredilməz bir cümləsi vardır ki, həm şiələr və həm də sünnilər onu nəql ediblər. Peyğəmbər (s) buyurub: Kim qırx gecə-gündüz əməllərini yalnız Allah xatirinə (saf niyyətlə) yerinə yetirsə, hikmət çeşmələri onun qəlbindən dilinə cari olar. Məqsəd budur ki, qırx gün onun vücudunda Allah razılığından başqa heç bir şey hakim olmasın, danışması, susması, baxması, göz yumması, yeməyi, yatmağı, oyaq qalmağı, bir sözlə hər bir şeyi Allah üçün və Onun razılığını əldə etmək üçün olsun. Yəni öz proqramını elə tənzim etsin və ruhunu elə təmizləsin ki, Allahdan başqa heç bir şey üçün qətiyyən iş görməsin, necə deyərlər həzrət İbrahim (ə) olsun. De ki: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

 

(Ənam-162).

 

Bəli, Peyğəmbər buyurub ki, kim qırx gün nəfsani istəklərini tamamilə buraxıb həmin müddətdə Allahdan başqa heç bir şeyi nəzərdə tutmadan iş görsə və Ondan başqa heç bir şeylə yaşamasa, elm və hikmət çeşmələri onun batinindən qaynayaraq dilində cari olar. Deməli islam, lütf və feyzlə bağlanan, yəni daxildən qaynayaraq çağlayan elmi qəbul edir. Əlbəttə islam, əqli elmi də qəbul edir və davamçılarını ona doğru çağırır. Musa (ə)-a buyurur: Bizim bir bəndəmiz var, onun yanına get və ondan elm öyrən. Biz həmin bəndəmizə öz tərəfimizdən, öz yanımızdan elm vermişik. Məqsəd budur ki, o, elmini hansısa insandan öyrənməyib, biz onun daxilində elm çeşmələri qaynatmışıq.

 

Peyğəmbər (s) həmçinin belə buyurub: Əgər şeytanlar Adəm övladlarının qəlbləri ətrafında fırlanıb onda qübar və qaranlıqlar yaratmasaydı, onlar qəlb gözü ilə mələk və ruh aləmini müşahidə edərdilər. Bu hədis bizim Camius-səadət kimi hədis kitablarımızda da nəql edilib. O həzrət həmçinin belə buyurub: Əgər sizin [yersiz] çərənçilikləriniz, artıq danışmaqlarınız və qəlblərinizdəki çəmənliklər olmasaydı [və orada hər bir heyvan otlamasaydı] mənim gördüklərimi görər, eşitdiyim səsləri eşidərdiniz. Məqsəd budur ki, həmin şeyləri görmək və ya eşitmək üçün insanın peyğəmbər olması lazım deyil; bəzən Məryəm kimi, peyğəmbər olmayan şəxslər də o səsləri eşidirlər.

 

Əli (ə), Peyğəmbərlə (s) birlikdə Həra dağında olanda 10 yaşlı uşaq idi. Peyğəmbərə ilk dəfə vəhy nazil olanda və dünya, o həzrət üçün başqa bir şəklə düşəndə onun qeybdən eşitdiyi səsləri Əli (ə)-da eşidirdi. Əli (ə) Nəhcül-bəlağədə nəql edir: Peyğəmbərə dedim ki, ey Allahın peyğəmbəri, ilk dəfə vəhy nazil olanda şeytanın naləsini eşitdim. Peyğəmbər (s) mənə dedi: Bəli, mən eşitdiklərimi sən də eşidirsən və mənim gördüklərimi sən də görürsən, amma buna baxmayaraq sən peyğəmbər deyilsən.

 

Buna görə də nəfsin təmizlənməsi, saflıq və nəfsani istəkləri özündən uzaqlaşdırmaq insanın qəlbini saflaşdırmaqla yanaşı, daha çox və yüksək təsirlər göstərir, onun vasitəsilə insanın daxilindən elm və hikmət çeşmələri qaynayır.

  
RUHUN TƏRƏQQİ VƏ TƏNƏZZÜLÜ 

Əllamə Məclisi Biharul-ənvar kitabında belə bir hədis nəql edib: Peyğəmbərin (s) mömin olan səhabələri özlərində qeyri-adi bir hal hiss etdilər. Onlarda belə bir qorxu yarandı ki, birdən münafiq olarıq və özümüzün xəbərimiz olmaz. Peyğəmbərin yanına gəlib dedilər: Ey Allahın peyğəmbəri, biz münafiq olmağımızdan qorxuruq. Peyğəmbər (s), onlardan bunun səbəbini soruşdu. Onlar dedilər ki, biz sənin mübarək hüzurunda oturanda və siz söhbət və moizə edəndə, Allahdan, qiyamətdən, günahlardan tövbə etmək və istiğfardan danışanda çox yaxşı hala düşürük, amma sizin yanınızdan getdikdən və arvad-uşağımızla bir qədər əyləşdikdən sonra halımızın dəyişdiyinizi, yenə də əvvəlki adam olduğumuzu görürük. Ey Allahın peyğəmbəri, bu münafiqlikdirmi? Olmaya bu nifaqdır və biz münafiq olmuşuq? Peyğəmbər (s) onlara belə buyurdu: Xeyir, bu nifaq deyil. Nifaq ikiüzlülükdür, bu isə ikihallılıqdır. İnsanın ruhu bəzən çox yüksək olur və bəzən də aşağı düşür. Siz mənim yanımda olanda və bu sözləri eşidəndə belə bir hala düşməyiniz labüddür. Peyğəmbər (s) sonra bu cümləni buyurdu: Əgər mənim yanımda olduğunuz halda qalaraq ondan çıxmasanız mələklərin gələrək sizinlə əl-ələ görüşdüklərini və batmadan su üzərində yol gedə bildiyinizi görərsiniz. O, sizin üçün həmişə qalacaq bir hal deyil. Həmin hal sizin üçün bir adət şəklini alsa bu məqamlara çatarsınız.

 

Məncə Sədinin bu məşhur beyti həmin hədisin tərcüməsidir, amma o, mətləbi Yəqub (ə)-ın dilindən başqa cür nəql edib:

 

 

Yeki porsid əz on qomkərde fərzənd

 

Ke ey roşən qohər pire xerədmənd

 

Zemesrəş buye pirahən şenidi

 

Çera dər çahe kənanəş nə didi?

 

 

Bir nəfər oğlunu itirmiş şəxsdən (həzrət Yəqubdan) soruşdu ki, ey parlaq cövhərli, dərrakəli qoca: Misirdən (Yusifin) köynəyinin iyini aldın, bəs nə üçün onu Kənan quyusunda olanda görmədin?

 

Yusif Misirdə özünü qardaşlarına təqdim etdi və köynəyini onlara verdi ki, onu özləri ilə aparsınlar. Onlar Kənana çatmamış həzrət Yəqub belə dedi: ...Əgər məni səfeh hesab etməsəydiniz [və ya yalançı hesab edib danlamasaydınız], deyərdim ki, Yusifin ətrini alıram! (Yusif-94).

 

Şerdə də kimsə Yəqub peyğəmbərə xitab edərək deyir: Sən Misirdən Yusifin köynəyinin ətrini necə hiss edirsən, halbuki o, öz kəndinizdə Kənan quyusunda idi, amma sən bunu hiss etmədin? Nə üçün onu quyuda olanda görmədin?

 

 

Be qoft əhvale ma bərqe cəhanəst

 

Dəmi peydavo digər dəm nihanəst

 

Gəhi bər tarəm əla neşinim

 

Gəhi bər poşte paye xod nəbinim.

 

 

Bizim halımız ildırım parıltısı kimidir, bir an görünür və bir an yoxa çıxır, bəzi vaxtlarda çox yüksəklikləri seyr edərik və bəzi vaxtlarda öz ayağımızın altını görmərik.

 

 

Hafizin dili ilə desək:

 

 

Bərqi əz mənzili leyli be derəxşid səhər

 

Vəh ki ba xərməni məcnun dele əfkar çekərd.

 

 

Leylinin evindən bir şimşək çaxdı, bədbəxt Məcnunun xarmanına gör necə od vurdu.

 

 

Bura kimi Yəqubdan soruşulan sualın davamı və onun verdiyi cavab idi. Bundan sonra Sədi belə deyir:

 

 

Əgər dərviş dər hali bemandi

 

Səro dəst əz do aləm bər fəşandi.

 

 

Əgər arif onun üçün yaranmış hal və vəziyyətdə qalsa iki dünyadan da yuxarı qalxar.

  
İRFAN MƏKTƏBİNƏ OLAN BƏZİ İRADLAR  
1. Əqli təhqirlər 

İslam, ariflərin kamil insanını yuxarıdakı qədər təsdiq edir. Amma irfan məktəbində bəzi şeylər təhqir edilib ki, islam həmin alçaltmalarla razılaşmır və buna görə də, ariflərin kamil insanı da bu din baxımından yarımkamildir. İrfanda elm və əql çox təhqir edilib. İslam qəlbi qəbul etməsinə baxmayaraq, heç vaxt əqli təhqir etməyib. Eşq, riyazət və mənəvi seyrləri təsdiq edir və əql, fikir, deduksiya və məntiqi təhqir etməklə razılaşmır. İslam əql, fikir, dəlil və təfəkkürə çox hörmət bəsləyir. Buna görə də islamın müxtəlif dövrlərində, xüsusilə son dövrlərdə qəlb və əqlə birlikdə əhəmiyyət verən qruplar tapılıb. Şeyx Şəhabəddin Söhrəvərdi təqribən həmin yolla gedib. Sədrul-mütəəllihin Şirazi isə Qurana tabe olaraq əql və qəlb yolunun hər ikisini Söhrəvərdidən də çox möhtərəm saymağa çalışıb. Şirazi bəzi filosoflar kimi qəlb yolunu təhqir etməyib və həmçinin bəzi arif və sufilər kimi əqli alçatmaq yolunu tutmayıb, hər iki yola hörmətlə yanaşmaq istəyib. Deməli məlum oldu ki, irfanda və ya ən azı bəzi ariflərin sözlərində elm və əqlin təhqir olunması islam tərəfindən təsdiqlənməyib. Quranın kamil insanı əqli baxımdan da kamala çatmış insandır və əqli kamal onun kamilliyinin bir hissəsidir.

  
2. Tam batinpərəstlik 

İrfan məktəbində kamil insanın islam tərəfindən təsdiq edilməyən digər cəhətlərindən biri də həmin məktəbdə yalnız batinpərəstliyin irəli sürülməsidir. Belə ki, bu məsələ xaricə diqqəti tamamilə kölgə altında saxlayıb. Bu məktəbdə fərdi cəhətlər çoxdur və ictimai cəhətlər məhv olub və ya çox zəifdir. İrfan məktəbinin kamil insanı ictimai insan deyil; o, başını ancaq öz komasına salıb və başqa heç bir şeylə işi yoxdur. İslam qəlb, eşq, mənəvi riyazət, lütflə bağışlanan mənəvi elm və nəfsin təmizlənməsi barəsində deyilənləri təsdiq etməklə yanaşı, kamil insanı da hərtərəfli bir vücud kimi təqdim edir. İslamın kamil insanı həm xaricə və həm də cəmiyyətə meylli bir insandır və o, yalnız öz komasında qərq olmayıb. Gecə öz komasında qərq olaraq dünya və onda olan hər şeyi unudursa, gündüz cəmiyyət içində olur. Bundan əvvəl dediyimiz kimi, imam Zamanın (ə)-ın kamil müsəlman nümunələri olan səhabələri barəsində rəvayətlərdə dəfələrlə təkrar edilib ki, onları gecə görsən bir dəstə rahibi gördüyünü düşünərsən, elə bil ki, dağ ətəyindəki mağarada yaşayan və ibadətdən başqa heç nə anlamayan bir qrupla rastlaşmısan. Amma onlar gündüz aslana dönürlər. Onlar gecə rahibləri və gündüz aslanlarıdırlar. Quran da bu sifətləri bir yerdə cəmləyib. [Onlar Allaha] tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar [və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər], rüku və səcdə edənlər [namaz qılanlar], yaxşı işlər görməyi əmr edib, pis işləri yasaq edənlərdir...

 

(Tövbə-112).

 

Bu ayənin səcdə edənlər ifadəsi də daxil olmaqla olan hissəsi batini, ondan sonrakı hissəsi isə ictimai cəhətləri açıqlayır. Ayə, həmin batini sifətlərə malik şəxslərin öz cəmiyyətlərinin islahatçıları olmasını bildirib. Həmçinin digər bir ayədə belə buyurur:

 

Məhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [möminlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər...

 

(Fəth-29).

 

Bu ayədə əvvəlcə onların cəmiyyətə meyilli olmaları açıqlanıb və onların haqq və həqiqət düşmənləri, inadkarlar və kafirlərə qarşı sərt və möhkəm olmaları, iman əhlinə qarşı isə mehriban, mərhəmətli və xeyirli olmaları bildirilib: Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Yəni sən cəmiyyətmeyilli həmin insanları rüku və səcdə halında görərsən; onlar öz Allahından razılıq və lütf diləyərlər; yəni özləri üçün dünya və axirət istəmirlər və onlar üçün haqqın razılığı hər şeydən üstündür. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir.

 

Bəli, bu məktəb tərəfdarlarının ancaq batinpərəst olmaları onların kamil insanlarında olan zəif nöqtələrdən biridir. Əlbəttə, irfan məktəbi başçılarının çoxu, islam təlimlərinin güclü təsiri altına düşdükləri üçün bu zəif nöqtəni başa düşüblər və öz sözlərində buna toxunublar. Amma buna baxmayaraq, bəzi vaxtlarda bu cür ifratlar yaranıb; yəni batinpərəstlik o həddə çatıb ki, xaricə meyl tamamilə rədd və inkar edilib. İslam bu məsələni təsdiq etmir.

  
3. Nəfsi öldürmək 

Bu məktəbdə, barəsində danışılan məsələlərdən biri də nəfsi öldürməkdir. İslam terminləri arasında nəfsi öldürmək kəlməsi yoxdur. Bir-iki yerdə nəfsi öldürmək ifadəsi işlədilib ki, onlardan biri bundan əvvəlki söhbətlərdə Nəhcül-bəlağədən gətirilən hissədədir. Bir də ölməmişdən qabaq nəfsinizi öldürün ifadəsi vardır. Adətən islami ifadələrdə söhbət nəfsin təmizlənməsi və islah edilməsi barəsindədir.

 

Şairlərin sözlərində nəfsi öldürmək məsələsi çox işlədilib. Əlbəttə biz bu ifadə ilə də müxalif deyilik. Amma məsələ burasındadır ki, bizim irfanda nəfsi öldürmək və özünü sındırmaq, yəni eqoist və xudpəsənd olmamaq barəsində elə danışılıb ki, bu çox vaxt islamda özünə hörmət (heysiyyət) adlandırılan əsaslı bir məsələnin unudulmasına səbəb olub. Bu mətləb daha geniş bəhs edilməsini tələb edir.

 

Söhbətin əvvəlində qeyd edildiyi kimi, irfan şirin olduğu və ariflər ədəbiyyat, nəsr və nəzm dili ilə öz iddialarını çox deyib yaydıqları üçün onların kamil insan nəzəriyyələri bizim cəmiyyətin müqəddəratında çox təsirlidir. Belə ki, biz çox vaxt uca və ali insanın ariflərin dediyi insan olmasını fikirləşirik. Buna görə də ariflərin dediyi uca və ali insan barəsində daha çox danışmaq lazımdır. Toxunulan son nöqtə də onların zəif nöqtələrindən biri üçün idi. İnşallah gələn bəhslərdə həmin mətləb və digər məsələlər barəsində geniş söhbət açacağam.

  
QINAQ VƏ DANLAQ ÜSULU 

Bəzi sufilər arasında yayılmış, amma az-çox onların hamısına öz təsirini göstərmiş üsul və yollardan biri də qınaq və danlaq üsulu və ya danlananlar üsulu adlandırılan yoldur. Bu üsul nədir? Bu, riyakarlığın müqabil nöqtəsidir. Riyakar adamın batini pis olur, amma o, özünü yaxşı kimi göstərir. Qınaq və danlaq üsulu ilə gedən şəxs isə yaxşı adam olur, amma camaatın ona etiqad bəsləməməsi üçün özünü pis kimi göstərir. Məsələn, o, şərab içmir, amma özünü şərab içən adam kimi göstərir, zina etmir amma özünü zinakar kimi göstərir ki, camaat onu pozğun və zinakar adam kimi tanısın. Həmin şəxs, bütün işlərinin izahında deyir ki, onların hamısı nəfsin öldürülməsi və məhvi üçün görülür. Doğrudan da bu işlər nəfslə kəskin mübarizədir. Çünki nəfs ona etiqad bəslənilməsini və hörmət göstərilməsini istəyir. Amma şəxs bilə-bilə elə işlər görür ki, xalq ona inam göstərməsin. Bir də görürsən ki, oğru olmamasına baxmayaraq, özünü oğru kimi göstərir. Birinin malını götürüb elə yerə aparır ki, onu tutub döysünlər. Yaxud şərab içməməsinə baxmayaraq, özü ilə araq şüşəsi gəzdirir.

 

Görəsən bu qism işlər islam məntiqinə uyğundurmu? Xeyr! İslam, möminin şərəfini əmanət hesab edir və onun ixtiyarının öz əlində olmadığını bildirir. Buna görə də, onun camaat içində şərəf, şöhrət və abır-həyasına xələl gətirən işlər görmək haqqı yoxdur. İslam deyir ki, nə riyakarlıq edərək özünü yaxşı adam kimi göstər və nə də yalandan özünü pis adam kimi qələmə ver! Bunların hər ikisi əməli yalan hesab olunur. Nə o yalanı və nə də bu yalanı de!

 

İrfani ədəbiyyatda çox müqəddəs və mənəvi məna daşıyan mətləblərin xoşagəlməz kəlmələrlə bəyan edilməsinin və məsələlərin şahid, məşuq, şərab, ney və bu kimi ifadələrlə söylənilməsinin səbəblərindən biri də onların, özlərini olmadıqları kimi göstərmək istəkləri olub. Hətta Hafiz, özünün riyakar və ya qınaq üsulu ilə gedən olmasını inkar etməsinə baxmayaraq, onun şerlərində də bu mətləblərə çox rast gəlmək olar:

 

 

Dela, dəlaləte xeyrət konəm be rahe necat

 

Məkun be fesqe mobahoto zohd həm məfruş.

 

 

Yəni: Ey qəlb, səni nicat yoluna aparan bir xeyir göstərim. (O budur ki,) nə günah işlərlə fəxr et və nə də zahidliklə öyünmə.

 

Qınaq və danlaq üsulu, nəfslə sufiyanə mübarizə növüdür ki, islam bu üsulu qəbul etmir. Əlbəttə, bir daha diqqət etmək lazımdır ki, bu üsul bütün sufilər arasında mövcud olmayıb. Xacə Abdullah Ənsari kimi bir çox sufilər arasında şəriət qanunlarının qorunması və onlara riayət edilməsi çox güclü olub. Amma hər halda bu məsələlər bəzi sufilər arasında mövcud olub. Xorasan sufiləri arasında qınaq və danlaq üsulu ilə gedənlərin daha çox olduğu bildirilir. Bəli, bütün bunlara baxmayaraq islam, nəfslə cihad məsələsində bu üsulla ilə gedilməsinə icazə vermir.

  
SUFİLİK VƏ HEYSİYYƏT 

Bəzən, sufi məktəbində nəfsi ram etmək, alçatmaq və onun əmr verməsinin qarşısını almaq üçün xoşagəlməz rəzil işlər görülür. Məsələn şəxs, öz heysiyyətini qorumaq imkanına malik olduğu yerdə bunu etmir. Bizim, möminin izzət və heysiyyəti adlandırdığımız şey, bəzi sufi məktəblərində tamamilə mənasızdır. Bu məktəblərin çoxunda, şeyx, öz müridinin ona xidməti üçün keçirilən mərasimində müridinə çox alçaq və rəzil işlər görmək əmr edir. Məsələn, həmin mürid nəfsini öldürmək üçün mütləq bir müddət təzək toplamalı, süpürgəçilik edərək zibil yığmaqla məşğul olmalı və bunlardan da aşağı işlər yerinə yetirməlidir. Amma islam bunlara icazə vermir.

 

Sufi şeyxlərindən olan İbrahim Ədhəm deyir ki, mən ömrümdə heç vaxt, üç yerdə sevindiyim qədər şad olmamışam. Onlardan biri, mən məsciddən çölə atılarkən olub. Bir dəfə xəstələnmişdim və xəstəliyin ağırlığından məsciddən durub gedə bilmirdim. Məscidin xidmətçisi gəlib orada yatmış dilənçi və yoxsul adamları oyatdı. Mənə çatanda da tənə ilə dur! deyərək, mənə bir neçə təpik vurdu. Mən isə ayağa dura bilmirdim. Hamı getdi və mən tək qaldım. Xidmətçi gəlib ayağımdan yapışaraq məni leş kimi məsciddən çölə atdı. Mən həmin anda çox sevindim, çünki gördüm ki, nəfsim olduqca sınır, xar və zəlil olur.

 

İkinci hadisə isə bir dəfə camaatla birlikdə gəmiyə mindiyim vaxt baş verib. Həmin gəmidə bir nəfər təlxək də var idi. Təlxək gəmidə olanların başlarını qatmaq üçün təlxəklik edir, nağıl danışır və camaatı güldürürdü. Təlxək birdən belə dedi: Bəli, bir dəfə filan yerdə kafirlərlə aparılan müharibəyə getmişdim, orada filan-filan işləri gördük. Orada murdar bir kafir var idi və mən gedib onun saqqalını tutaraq çəkdim. Təlxək necə deyərlər həmin sujeti camaata göstərmək üçün məclisə nəzər saldı və məndən rəzil adam tapmadığı üçün gəlib mənim saqqalımdan yapışaraq çəkdi və hamı güldü. Mən burada da, nəfsimin həddindən artıq alçaldığını görüb çox şad oldum.

 

Üçüncü hadisə isə belə olub: Bir dəfə qışda bir yerdə idim. Qaldığım yerdən çıxıb günün altına gəldim. Kürkümə baxanda, onda çoxlu bit olduğunu gördüm, bilmədim bit çox idi, yoxsa kürkün tükləri?! Bu da mənim çox sevindiyim vaxtlardan biri olub.

 

Bəli, bunlar nəfslə mübarizə və cihaddır, amma islamın qəbul etmədiyi mübarizə və cihad! Ümumiyyətlə islam, insanın alçalması bahasına başa gələn nəfslə mübarizə formasını və təlxəyin camaatın güldürməsini, yəni bihudəliklə məşğul olmasını qətiyyən qəbul etmir. Təlxəkliyin özü bir pis iş, səni təhqir etməsi isə ikinci bir pis işdir. Nəfslə cihad edirəm deyə, təlxək gəlib adamın saqqalından yapışaraq o tərəfə bu tərəfə çəkməli və adam ona təslim olaraq bir söz deməməlidir?! Xeyr! İslam deyir ki, mömin əziz və möhtərəmdir və o, öz şərəf və heysiyyətini qorumalıdır. İslamın məntiqinə əsasən, İbrahim Ədhəmə, orada təlxəyin müqabilində dayanaraq naqqallıq edərək həddini aşma! Rədd ol! demək vacib idi.

 

Başqa birisi isə belə deyir: Bir axşam bir nəfər məni evinə iftara dəvət etdi. Onun qapısına gedəndə məni içəri buraxmadı. Sonra, bir axşam yenə də məni dəvət etdi, amma qapısına gedəndə yenə içəri buraxmadı. Bu hadisə bir neçə dəfə təkrar oldu. Axırda mənə belə dedi: Doğurdan da mən çox təəccüb edirəm; indiyə kimi səni üç dəfə evimə dəvət etmişəm və heç birin də içəri buraxmamışam. Amma səni çağıranda, sən yenə də gəlirsən. Sən nə qəribə adamsan?! Həmin şəxs deyir ki, mən onun cavabında belə dedim: İt də belədir, əgər iti on dəfə çağırsan və sonra qovsan, çağıranda yenə gələcək.

 

Amma islam, insana nəfsini bu qədər alçaltmaq və təhqir etmək icazəsi vermir. Nə üçün? Bəli, məsələnin sirri elə buradadır.

 

Biz islam maarifini seyr və ya mütaliə edəndə bəzən elə bir yerə çatırıq ki, nəfsdən söz düşəndə onunla mübarizə aparılması və öldürülməsinin zəruriliyi və pis işlərə əmr edən nəfsin filan cür olmasını görürük. Digər tərəfdən isə həmin qədər, bəlkə ondan da çox nəfsin izzəti, heysiyyət, onun möhtərəm və əziz olmasından söhbət edilməsi ilə rastlaşırıq. Möminin nəfsinin hörmətli və uca olmasından söz açılır. Hətta islam əxlaqının hamısı, insanın diqqətini onun nəfsinin əziz və şərəfli olmasına cəlb etməyə əsaslanır. Əxlaq elmində deyilir: öz nəfsinin şərəfini ləkələmə! Burada ortaya belə bir sual çıxır: İslamın bir tərəfdən nəfslə mübarizə apar deməsi, digər bir tərəfdən isə nəfsinin şərəfini ləkələməmək göstərişi verməsi nə məna daşıyır? Məgər insanda biri ilə mübarizə aparılmalı, digəri isə möhtərəm sayılmalı olan iki nəfs vardırmı?

 

Sualın cavabı budur ki, iki şəxsin olması mənasını verən iki nəfs mövcud deyil, nəfs birdir, amma həmin bir nəfsin həm ali və uca və həm də rəzil və aşağı dərəcələri vardır. Nəfs özünün ali dərəcəsində şərəflidir, amma rəzil dərəcəsində ayağını yorğanından artıq uzadaraq həddini aşanda, onun alçaq olmasını demək əvəzinə əmrlərinin qarşısını almalıyıq. Ariflərin dilində bu məsələyə lazımı diqqət yetirilməyib və buna görə də onlar nəfslə cihad və mübarizədən danışanda təkcə pis işlərə əmr edən nəfs deyil, şərəfli nəfslə də mübarizə və cihad edilməsini vurğulayıblar. Belə ki, onlar belə bir şeyin olmasına az diqqət yetiriblər.

  
TƏBİƏTDƏN DÖNÜKLÜK 

İrfan məntiqində belə deyilir: Nə istəyirsənsə onu öz qəlbindən tələb et; çünki hər şey sənsən! Yəni irfan batinpərəstlik məktəbidir. Bu məktəbdə qəlb dünyadan da böyük hesab edilir. Belə ki, əgər bütün dünyanı bir tərəfə, onların qəlb adlandırdıqları şeyi isə o biri tərəfə qoysaq, qəlb bütün dünyadan böyük olar. Onların dedikləri qəlbdən məqsəd, hər bir insana üfürülmüş ilahi ruhdur. Ariflər dünyanı kiçik insan, qəlbi isə böyük insan adlandırırlar. Bu adlandırmanın səbəbi, onların dünya ilə qəlbi bir hesab etmələridir. Yəni onların fikrincə, bunlar bir-biri ilə uyğun gələn iki dünyanın iki müxtəlif formalarıdırlar və dünya kiçik, qəlb isə böyük aləmdir. Onlar insanın kiçik aləm, dünyanın isə böyük aləm olmasını demirlər, bəlkə bizim böyük dünya adlandırdığımız bu dünyanı kiçik aləm, insanı isə böyük aləm adlandırırlar. Deyirlər ki, aləm kiçik insandır, böyük insan isə sənin daxilində olan şeydir. Mövlananın bu sözlərinə diqqət edin:

 

 

Çist əndərxom ke əndər nəhr nist

 

Çist əndərxane kəndər şəhr nist.

 

 

Küpdə nə var ki, çayda olmasın?! Evdə nə var ki, o, şəhərdə olmasın?!

 

Ola bilərmi ki, evdə bir şey olsun, amma o, həmin yerləşən şəhərdə olmasın? Xeyr, çünki həmin ev bu şəhərin bir hissəsidir. Evdə hər nə varsa şəhərdə olan şeyin bir nümunəsidir. Ola bilərmi ki, küpdə bir şey olsun, amma o, bu küpün doldurulduğu çayda olmasın? Xeyr, çünki küpdə olan şey, çayda olanın bir hissəsidir.

 

 

İn cəhan xəmməsto del çun cuyab

 

İn cəhan xaneəsto del şəhre əcab.

 

 

Bu dünya küp, qəlb isə su arxıdır; bu dünya ev, qəlb isə heyrətlər şəhəridir.

 

Mövlana qəlbin küp, dünyanın isə su arxı olmasını deyil, dünyanın küp, qəlbin isə su arxı olduğunu deyir. Bu qism şeylər insanı xarici aləmdən çox uzaqlaşdırır. İnsan ev dalınca gedər, yoxsa şəhər? Məlumdur ki, evdə olan hər bir şey şəhərdə varsa o, şəhərin dalınca gedər. İnsan küp və ya kiçik bir qabın dalınca gedər, yoxsa arxın? Əlbəttə ki, kiçik qab və küpün deyil, arxın dalınca gedər.

 

İrfan batinpərəstlik, qəlbpərəstlik, batinə diqqət və xaricdən üz döndərməyə əsaslanır və xarici aləmi hətta hədəf və məqsədi, yəni haqqı əldə etmək vasitəsi kimi də rədd edir. Onlar hər şeyin batindən əldə edilməsinə təkid edirlər.

 

İrfan batinə diqqət məsələsində həddindən artıq inkişaf etmişdir.

 

Amma islamın nəzəri bu deyildir. İslam dini bütün bu deyilənləri qəbul etməklə yanaşı, ayrı məsələlərə diqqət yetirməyi də zəruri hesab edir , zahiri ələm, ailə-məişət və cəmiyyət qanunlarını da onlarla birlikdə qeyd edir. İslam tərbiyə etmək istədiyi insanı təkyönlü görmür, gecəni raz-niyaz edib Ondan qeyri hər bir şeyi unutmasını müsbət qiymətləndirirsə, gündüzlər cəmiyyətin içərisinə daxil olub onlarla birgə çalışmağı da vacib sanır.

  
İSLAMIN NƏZƏRİ 

Görəsən islam baxımından da insan, yalnız başqalarının dərdini çəkərək onların qeydinə qalan şəxsdirmi? Yaxud, yalnız Allah dərdinə malik olan şəxslər insan adlanır? İslam meyarları baxımından, insan Allah dərdinə malik olan şəxsdir və o, Allah dərdinə malik olduğu üçün digər insanların da dərdini çəkir.

 

Quranın, başqalarının dərdini çəkərək qeydinə qalmaq barəsindəki sözlərinə diqqət edin. Bu ilahi kitab peyğəmbər barəsində belə buyurur:

 

[Ya Məhəmməd!] Yoxsa [kafirlər] bu Qurana inanmasalar, [səndən üz döndərib getdiklərinə görə] arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!

 

(Kəhf-6).

 

Peyğəmbər (s) xalqın hidayət və səadəti, onların dünya əsirlikləri və giriftarçılıqlarından qurtarmaları və axirətlərinin yaxşı olmasına o qədər rəğbət bəsləyirmiş ki, sanki özünü bu yolda həlak etmək istəyirmiş. Buna görə də ona xitab edilir ki, nə olub? Nə xəbərdir? Özünü xalqa görə həlak edəcəksənmi?

 

Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!...

 

[Biz onu Allahın əzabından] qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik.

 

(Taha-2-3).

 

Digər bir ayədə isə belə buyurur:

 

[Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, o, [sizin iman gətirməyinizi] çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir.

 

(Tövbə-128).

 

Siz bu ayədə Quranın ifadəsinin nə qədər maraqlı və ali olduğuna diqqət edin. Camaat! Sizin öz aranızdan və öz cinsininzdən olan peyğəmbər gəlib. Onun birinci xüsusiyyəti budur ki, sizin çətinlik, məşəqqət və narahatçılıqlarınız ona ağır gəlir və o, sizin dərdinizi çəkir. Deməli, müsəlman həm Allah və həm də Allah bəndələrinin dərdini çəkən şəxsdir. Quran həris kəlməsindən istifadə edib. Bəzən valideynlər uşaqlarının ruhani olmalarını istəyirlər və bu məsələdə o qədər ifrata varırlar ki, onlar barəsində belə deyilir: Filankəs uşağının savadlı olmasına hərisdir. Bu hərislik, istəyin çoxluğu baxımından eynilə dünyapərəstlik və pulpərəstlik kimidir. Peyğəmbər xalqın nicat tapmasına, onların dərdlərinin yaxşılaşmasına həris olub. Xalqın dərdini çəkmək budur.

 

Əli (ə)-ın özü də bu ifadədən istifadə edib və dərd ifadəsi ona məxsusdur.

 

Bəlkə də bu məsələni dəfələrlə eşidibsiniz. Osman ibni Huneyf Bəsrədə bir qonaqlıqda iştirak edibmiş. Həmin məclisdə nə olmuşdu? Allah eləməmiş, orada araq içilmişdimi? Xeyir! Qumar oynanılmışdımı? Xeyir! Pozğunçuluq olmuşdumu? Xeyir! Bəs nə olmuşdu? Osman ibni Huneyfin günahı tam əşraf, bu günkü dillə desək, aristokratlar məclisində iştirak etməsidir. Belə ki, həmin məclisdə yoxsullardan heç kəs olmayıb. Təəssüflər olsun ki, bizlər bu gün belə şeylərə tamamilə laqeyidliklə yanaşırıq. Əli (ə)-a xəbər çatır ki, sənin nümayəndə və hakimin yoxsullardan bir nəfərin belə iştirak etmədiyi varlı, əşraf və pulluların qonaqlıq məclisində iştirak edib. Əli (ə) belə buyurur: Ey Osman ibni Huneyf! Mən sənin ancaq varlılar dəvət edilmiş və kasıbların dəvət edilməyərək qapı arxasında qaldıqları süfrədə oturmaq dəvətini qəbul etməyinə inanmazdım. Əli (ə) sonra öz dərdləri barəsində danışaraq bu yerə çatır: Əli xəlifədir! öz-özünə deyir ki, istəsəm mənim üçün hər bir imkan hazırdır. İstədiyim ən yaxşı yeməli, içməli və geyinməli şeyləri özüm üçün əldə edə bilərəm. Amma mənim belə etməyim qeyri-mümkündür. Mənim öz cilovumu hərislik və nəfsani istəklərimin əlinə verməyim mümkün olmayan bir şeydir.

 

Əli (ə) nə üçün belə deyir? Məgər Allah bu nemətləri haram edib? O, bəzilərinin yaxşı paltar geyinmək, saf bal yeməyin haram olmamasını güman etməmələri üçün bu barədə izah verərək deyir ki, xeyir, məsələ belə deyil, onlar haram deyil, halaldır. Amma məsələ belədir ki, əgər mən burada öz qa ımı doyuzdursam İraq, Kufə, Yəmanə, Fars körfəzi sahilləri və Hicazda kiminsə bu bir tikə çörəyə belə ehtiyacı ola bilər, bir tikə çörək əldə etməyə belə ümidi olmaz. Mən tox qarınla yatım, amma ətrafımda ac qarınlar və susuz cigərlər olsun? Mən bu şerdəki kimi olum:

 

 

Və həsbukə daən təbitə bibitnətin

 

Və hovləkə əkbadun təhinnu iləl qiddi

 

 

Mənası:

 

 

Sənə təkcə bu dərd bəsdir ki, sən tox qarınla yatasan,

 

Amma ətrafında ac qarınlar olsun.

 

 

Xalqın dərdini çəkmək buna deyərlər. İnsanlıq meyarı, daha düzgün desək, dəyərlərin ikinci anası budur. Əli (ə) söhbətinin davamında belə deyir: Mən Əmirəl-möminin, xəlifə və abadlıqların çoxunu əhatə etmiş islam ölkələrinin başçısı ləqəb və xitabına qane olub özümü möminlərin ağası adlandırım, amma çətinliklərdə onlarla şərik olmayım?!

 

Diqqət edəndə görürsən ki, burada, bütün sözlər başqalarının dərdlərini duymaqdan gedir.

  
İSLAM TARİXİNDƏN BİR NÜMUNƏ 

Peyğəmbərin səhabələri necə olublar? Kafi kitabında nəql edilmiş və Mövlananın nəzmə çəkdiyi məşhur hədis, doğrudan da çox maraqlıdır. Bu hədis həm şiə və həm də sünni mənbələrində nəql edilib. Hədisdə deyilir ki, Peyğəmbər (s) bir gün səhər tezdən dan yeri söküləndə Suffə sakinlərinin yanına getdi. Suffə sakinləri arasında gözü bir gəncə sataşdı. Peyğəmbər həmin gəncin qeyri-adi halda olduğunu müşahidə etdi. O, sağa-sola aşırdı, gözləri çuxura düşmüş və rəngi solmuşdu. Peyğəmbər (s) ona yaxınlaşaraq soruşdu: Səhəri necə açdın? Gənc dedi: Yəqinliyə çatmış halda səhərə çıxdım; yəni sənin dilinlə qulağımıza dediyin şeyləri mən bəsirət gözümlə gördüm. Peyğəmbər (s) ondan söz almaq üçün belə buyurdu: Hər şeyin əlaməti var; sən ki, yəqin əhlindən olmağını iddia edirsən, yəqinliyə çatmağının əlaməti nədir? Gənc belə cavab verdi: Mənim yəqinliyimin əlaməti budur ki, o, məni gecələr yuxusuz, gündüzlər isə susuz saxlayır. Yəni, gecə yuxusuz qalmağım və gündüz oruc olmağım mənim yəqinliyə çatmağımın əlamətidir. Mənim yəqinim, gecə balışa baş qoymağa və gündüz yemək yeməyimə icazə vermir. Peyğəmbər (s) buyurdu: Bunlar bəs deyil, başqa şeylər de; səndən, bunlardan artıq əlamət istəyirəm. Gənc, peyğəmbərin cavabında belə dedi: Ey Allahın peyğəmbəri! İndi bu dünyadayam, amma sanki o dünyanı görürüm, oranın səslərini eşidirəm. Behiştdən behişt əhlinin, cəhənnəmdən isə cəhənnəm əhlinin səslərini eşidirəm. Ey Allahın peyğəmbəri, əgər icazə versən səhabələrinin bir-bir behiştlik və ya cəhənnəmlik olmalarını deyərəm. Peyğəmbər barmağını dodağına yaxınlaşdıraraq buyurdu: Sakit! Danışma!

 

Peyğəmbər sonra ona belə buyurdu: Gənc, arzun nədir? Nə arzulayırsan! Gənc belə dedi: Ey Allahın peyğəmbəri, Allah yolunda şəhid olmaq arzusundayam.

 

Quran doğrudan da çox qəribə sözlər deyir: Səbr etmək və namaz qılmaqla kömək diləyin. Təfsir alimləri səbrdən məqsədin oruc olmasını və ya heç olmasa səbrin növlərindən birinin oruc olduğunu bildiriblər. Quran, möminlərə namaz və səbrdən kömək diləməyə əmr edib. Biz namazdan necə kömək diləyə bilərik? Allaha ibadətdən necə yardım ala bilərik? Allaha ibadətin özü yardım və köməkdir. Ümumiyyətlə hər bir yardımı buradan almaq olar. Əgər siz cəmiyyətdə həqiqi müsəlman və güclü mücahid olmaq istəyirsinizsə xalis, saf və əsil namaz qılan olmalısınız.

  
İNSAN VƏ İMAN 

Biz bura qədər təqdim olunan insanlıq meyarlarının hamısını araşdırdıq. Araşdırılan insanlıq meyarları bunlardan ibarət oldu: Elm, xasiyyət və əxlaq (məhəbbət və insansevərlik), mükəlləfiyyət və məsuliyyət hissi, iradə, azadlıq, ziyalılıq və aydın fikirli olmaq, hikmət, həqiqət, eşq və gözəlliyə pərəstiş etmək. Həmçinin elmin geniş mənada fəlsəfəni və hikməti əhatə etməsi, insanlığın bir hissəsi, eşq və pərəstişin və ya Allaha, eləcə də Onun yaratdıqlarına qarşı olan dərdin, insanlığın digər bir hissəsi olması məlum oldu.

 

Elə buna görə də iman insanlıq meyarı sayılan bütün nəzəriyyələrdən ayrıca saxlanılaraq, müstəqil şəkildə araşdırılmır və bu nəzəriyyə eşq və pərəstiş nəzəriyyəsinin başqa bir tərzdə ifadə olunan mənasını daşıyır.

 

Mərhum Mütəhhəri yazır ki, imanın həqiqət ilə bir-birinə bağlılığı idrak yolu ilə, ibadətin imanla bağlılığı isə əməllədir. İbadət iman nəzəriyyəsində, iman isə həqiqət nəzəriyyəsində başa çatır.

 

Bütün bu mülahizələri nəzərə alaraq, ilk növbədə imanı geniş surətdə tərif etməli, daha sonra isə onun qeyd olunan meyarlarla bağlılığını açıqlamalı, nəticədə elm və imanın insanlıq meyarı olmasının səbəbini şərh etməliyik.

  
İMANIN TƏRİFİ 

İnsanların mənəvi və yüksək inamları, onların bu aləmdə olan bəzi həqiqətlərə qarşı iman və etiqadından doğan bir şeydir. İnsanın iman gətirdiyi bu inanclar həm fərdin və həm də təbiətin fövqündə dayanan həqiqətlərdir. Bu cür iman və etiqadlar öz növbəsində, Allahın peyğəmbərlər vasitəsilə insanlara təqdim etdiyi dünyagörüşündən doğan məsələlərdir. Buna görə də, insanın yüksək mənəvi inamı özü üçün fikri və etiqadi bünövrə qurduqdan sonra iman adını kəsb edir.

 

Hikmət alimləri islamda olan imanın dərrakə və düşüncə ilə bağlı olduğunu söyləyirdilər, amma iman haqqında olan bu izahlara diqqət yetirdikdə, onları islami əsaslarla heç cür tətbiq etmək olmur. Çünki islamda olan iman dərrakə və düşüncədən daha geniş bir həqiqətdir. Məsələn, sosioloq cəmiyyəti, zooloq heyvanları, psixoloq isə insan psixloligiyasını araşdırır və öyrənir. Bunları tanıyıb bilmək, onların həqiqətlərini dərk etmək deməkdir.

 

Görəsən Quranda buyurulan iman da belədir, yoxsa yox? Əlbəttə yox! Çünki, Allah və peyğəmbərə olan iman təkcə onları dərk etməkdən ibarət deyildir və burada əlavə olaraq inam və təslim olmaq da tələb olunur. İman adlı bir məfhuma inam, təslim və məhəbbət ünsürləri də daxildir. İnsan həmişə dərk etdiyi şeylərə meyl və rəğbət göstərmir. Astronom ulduzlara meyl və rəğbət bəsləmir, sadəcə olaraq onları öyrənir və dərk edir. Başqa sahədə çalışan alimlər də öyrəndiyi şeylərə rəğbət bəsləmir və sadəcə olaraq onları dərk edirlər.

 

Hətta bəzən insanın öyrəndiyi və dərk etdiyi şeylərə nifrət etməsi də mümkündür. Siyasətçilər düşmənlərini özlərindən daha yaxşı tanıyırlar, amma bu o demək deyildir ki, onlara rəğbət bəsləyirlər.

 

Müsəlman alimlərin imanın təkcə düşüncə və dərk ilə bağlı olmadığını söyləmələrinin səbəbi, Quranda Allahı və Onun peyğəmbərini, eləcə də məadı hamıdan yaxşı dərk edən, amma bu həqiqətlərə kafir olan varlığın adının çəkilməsidir. Yəqin ki, bu varlığın Şeytan olması hamıya məlumdur. Şeytan Allahı bizdən daha yaxşı tanıyır və uzun illər Ona ibadət etmişdir. O, mələkləri, peyğəmbərləri və məadı çox gözəl dərk edir, amma buna baxmayaraq Quran onun kafir olduğunu söyləyib buyurur: ...Kanə minəl kafirin. (Sad surəsi-74). Yəni [Şeytan] kafirlərdən oldu.

 

Əgər filosofların iddiasına uyğun olaraq, iman ancaq düşüncə və dərk ilə əldə olunsaydı, Şeytan hamıdan əvvəl mömin olardı. Amma gördüyünüz kimi belə deyil, çünki o, Allahı tanıya-tanıya inadla Onunla müxalifətçilik edir, düşünüb dərk etdiyi həqiqət qarşısında təslim olmayır və Ona rəğbət bəsləmir.

 

Deməli, qeyd etdiyimiz kimi, iman təkcə düşüncə ilə bağlı deyildir. İslam filosoflarının çoxu Quranda Ət-Tin surəsindəki ...İlləlləzinə amənu (iman gətirənlərdən başqa) ifadəsini nəzəri hikmət, Və əmilussalihatı (saleh əməllər edənlərin) isə əməli hikmət adlandırırlar.

 

Halbuki, ...İlləlləzinə amənu ifadəsi nəzəri hikmətdən daha yüksək bir mənanı çatdırır və nəzəri hikmət bu yüksək mənalı məfhumun yalnız bir hissəsidir.

 

Deməli, bütün bu söylədiyimiz elm, mərifət, idrak və sair məfhumlardan yüksək olan daha bir məfhum da vardır ki, o da təslim, meyl və rəğbətdir.

 

İman, meyl və rəğbətlə yanaşı olan, eyni zamanda agahlıq üzərində qurulmuş bir məsələdir. İman agahlıqla yanaşı olduqda təslim deməkdir, yəni Allahı tanıyıb Ona rəğbətlə təslim olmaq.

 

İman məfhumunun daxilində, agahlıqla təslim və rəğbət bəsləməkdən əlavə, küfr ünsürü də vardır. İman gətirilən hər hansı bir şeyin qarşısında təslim olmaq zəruridir. İnsanın imanı o vaxt kamala çatmış olur ki, iman və təslim olduğu şeyin ziddinə hər nə varsa, onlara qarşı kafir olsun. Ümumiyyətlə insan əgər bəzi şeylərə qarşı kafir olmasa, mömin ola bilməz. Üsyan olmasa, təslim məfhumu öz mənasını əldən vermiş olur. Sizin Allaha imanınız o vaxt həqiqi olur ki, Allahın ziddinə olan hər bir şeyə qarşı kafir olasınız. Allaha təslim olub Ona baş əymək, amma Onun ziddinə olan şeylərə təslim olmamaq iman sayılır.

 

Həzrət Peyğəmbərin (s) ərəblərə birinci şüarı bu idi: La ilahə illəllah (Aləmlərin Rəbbindən başqa bir Allah yoxdur). Burada bir təsdiq və bir də inkar vardır.

 

İnkar, Allahdan qeyri-bir ilahi varlığın rədd edilməsi, isbat isə Onun öz vücudunun təsdiq edilməsidir. Allahdan başqa hər bir şeyin qarşısında üsyan və tüğyan, Allahın qarşısında isə təslim və iman olmalıdır.

 

Ayətəl-kursidə buyurulur:

 

Hər kəs Şeytanı [və ya bütləri] inkar edib Allaha iman gətirərsə, o artıq [qırılmaq bilməyən] ən möhkəm bir ipdən [dəstəkdən] yapışmış olur.

 

Quran burada da birinci küfrün, sonra isə imanın adını çəkir.

 

Səid ibni Ənsari Peyğəmbərin (s) səhabələrindən biri olmuşdur. Peyğəmbər (s) onun barəsində söyləmişdir:

 

Səid qeyrətli bir şəxsdir, mən ondan qeyrətliyəm və Allah da məndən qeyrətlidir.

 

Allah məndən də qeyrətlidir sözünün mənası o deməkdir ki, O, heç vaxt özünə şərik qəbul etməyir. Allah-taala insanlardan yalnız Onun qarşısında təslim olub, başqa heç bir şeyə baş əyməməyi tələb edir. Ona şərik qoşulmamalıdır. Həm Allaha, həm də onun ziddinə təslim olmaq qeyri-mümkündür.

 

İmanda agahlıq, rəğbət və meyl, təslim olmaq, tağuta (Allahın ziddinə) küfr bəsləmək ünsürlərinin hamısı bir yerdə cəm olmuşdur. İman elm və agahlıqdan daha genişdir ifadəsinin mənası da məhz budur.

  
İMANIN ELMLƏ OLAN BAĞLILIĞI 

İmanı tərifində onun elmlə olan bağlılığı da aydınlaşdı və elmin imanla birgə olduğu açıqlandı. Elimsiz iman həqiqi iman sayılmır. Tarixdə elmin imandan ayrı düşməsi nəticəsində meydana gələn faciə və ziyanlar haqqında çox danışılmışdır. İman yalnız elm sayəsində mövhumat və xurafatlardan təmizlənə bilər. İman elmdən uzaq düşdükdə, mürtəce bir əqidəyə dönər, yəni ifrat dərəcədə dindar olub, başqa dinlərə qarşı ədavət və kin bəsləməyə çevrilər və ümumbəşəri tərəqqinin qarşısını alar. Elm və mərifət olmayan yerdə nadan möminlərin imanı, zirək münafiqlərin əlində alətə çevrilər. Buna nümunə olaraq, islamın ilk çağlarındakı xəvaric firqəsini və indiyə qədər müxtəlif şəkillərdə zahir olan ayrı-ayrı dəstələri misal gətirmək olar.

 

İmansız elmin faydasız olması, eləcə də insanların inkişaf və tərəqqisi qarşısında maneəyə çevrilməsi məlum məsələdir. Elm insana işıqlandırıcı qüdrət verər, amma istiqamətləndirə bilməz.

 

Deməli, elm və iman bir-birini kamilləşdirən iki müxtəlif şeylərdir. Elm insanın yarısını, iman isə qalan hissəsini qurub düzəldir.

 

1. Elm, bizə işıqlandırıcı qüdrət, iman isə eşq və ümid bəxş edir;

 

2. Elm alət, iman isə məqsəd yetişdirər;

 

3. Elm bizə sürət bəxş edir, iman isə yol göstərər;

 

4. Elm bacarıq, iman isə gözəl istəkdir;

 

5. Elm bizə varlıqları tanıtdırır, iman isə nə etmək lazımdır məsələsini ilham edər;

 

6. Elm zahiri, iman isə batini bir inqilabdır;

 

7. Elm dünyanı insan üçün münasib vəziyyətə gətirib çıxarır, iman isə insanın ruhunu insanlığa yönəldir;

 

8. Elm insanın vücudunu horizontal, iman isə vertikal şəkildə genişləndirir;

 

9. Elm təbiəti, iman isə insanları qurub düzəldir;

 

10. Elm və iman hər ikisi insana qüdrət bəxş edir, amma elm fasiləli, iman isə fasiləsiz olaraq bu işi görür;

 

11. Elm ağılın, iman isə ruhun gözəlliyidir;

 

12. Elm insanlar üçün zahirdə, iman isə batində əmniyyət yaradır. Elm insanları müxtəlif xəstəliklərdən, tufanlardan, iman isə iztirablardan, tənhalıq və ümidsizlik hissləri kimi ruhi sıxıntılardan qoruyur;

 

13. Elm dünyanı insanla, iman isə insanı özü ilə uyğunlaşdırır;

 

14. Bütün bunlardan ən əhəmiyyətlisi budur ki, elm zülmə qarşı mübarizə aparmağa qadir deyil, amma imanın əsil işi məhz budur. Elm zülmkarların qarşısını almağa, yəni bəşəri ədalətli olmağa vadar etməyə qadir deyil. Çünki elm həm zülümkara, həm də zülmə məruz qalana qüdrət bəxş edir. Nəticədə hər iki tərəf bir-biri ilə yüksək səviyyədə mübarizəyə qalxırlar. Elmin olmadığı zaman, insanlar bir-biri ilə qılıncla, elm gəldikdə isə top-tüfənglə mübarizə edirlər.

 

Elm heç bir zümlkarın qarşısını ala bilməmişdir, çünki elm insanlara meyl, rəğbət və duyğu deyil, yalnız qüdrət bəxş edir. Elm insanlara fərdi və şəxsi mənfəətlərin fövqündə dayanan heç bir məqsəd və ya məram vermir. Amma iman məhz bu işi görür.

 

İman zülmlə iki cəbhədə mübarizə edir: biri zülmə məruz qalanın, o birisi isə zülmkarın cəbhəsində. İman birinci cəbhədə, zülmə məruz qalana zülmü heç vaxt qəbul etməməsini və onunla mübarizə aparmasını təkid edərək Allah dərgahında zülmü qəbul etməklə, zülm etmək arasında heç bir fərq olmamasını vurğulayır. İman bu yolla zülmə məruz qalanı özünü müdafiə etməyə dəvət edir.

 

İkinci cəbhədə isə, təsiredici rol oynayan mənəvi bir amil kimi, insanları daimi zülm etməkdən yayındırır. Bəşər övladının çoxu məhz imanlı olduğuna görə, başqalarına zülm etməkdən boyun qaçırırlar.

  
İMANIN İNSANSEVƏRLİK VƏ MƏHƏBBƏTLƏ BAĞLILIĞI 

Elmdən sonra oxuculara təqdim olunan ikinci insanlıq meyarı, məhəbbət və insansevərliklə birgə bəhs olunan əxlaq və xasiyyət oldu. Bu bəhsin axırında insansevərliklə, insanlıq meyarı deyil, onun insanlığa yetişmək üçün zəruri amil olması məlum oldu. İmanın insanlıq meyarı olması aydınlaşdıqdan sonra, onun insansevərliklə bağlılığı diqqət mərkəzinə çıxır. Bu məsələ də, əvvəldə geniş surətdə bəhs etdiyimiz iki mətləbə nəzər salmaqla aydınlaşacaq.

 

Birinci budur ki, ayrı-ayrı fərdlər insanlığın özü deyil, onun hasilidir.

 

İkinci mətləb budur ki, insanlar üç qismə bölünürlər:

 

1-İnsanlığa çatanlar;

 

2-İstedad və qabiliyyətləri potensial həddə qalmış insanlar;

 

3-Məsx olunmuş, yəni öz həqiqətlərini əldən vermiş insanlar.

 

Belə bir sual meydana çıxır ki, bu üç qism insanlardan hansıları başqalarına məhəbbət bəsləyə bilər və insan bu üç qism insanlardan hansını sevməlidir? Hamısını, yoxsa yox?

 

Şübhə yoxdur ki, söhbət qarşılıqlı məhəbbətdən gedən zaman, eləcə də bütün cəmiyyət üzvlərinin bir bədən şəklində olub dərdlərinin müştərək olduğunu nəzərə alanda bu üç qism insan hamısı bir cür olmayacaqdır. Səhrada yaşayan vəhşi və insanlıq fitrəti hələ oyanmamış insanlar, başqalarının dərdlərinə də şərik ola bilməzlər. Bu cür insanlar cəmiyyətdə olan müştərək hakim ruhdan xəbərsizdirlər.

 

İnsanlığı məsx olunmuş şəxslərin isə yeri hamıya məlumdur. Burada təkcə insanlığa yetişmiş və öz həqiqi mahiyyətini tapmış insanlar qalır. Bir bədən sayılan cəmiyyətin həqiqi üzvləri və o cəmiyyət üzərində hökm sürən vahid ruha tabe olan insanlar məhz bunlardır.

 

 

Ağrıdarsa bir üzvi ruzigar,

 

Digər üzvlər də olar biqərar.

 

 

Bütün fitri və insani dəyərləri özündə canlandırmış insanlar, əsil möminlərdir. Çünki iman əsil insanlıq dəyərlərinin və insan fitrətinin başında dayanır. Deməli, insanları vahid bir şəkilə salan, onlara vahid bir ruh bəxş edən və bu cür əxlaqi və insani möcüzələrə səbəb olan imandır. Özü də vahid bir varlığa olan iman.

 

Şübhəsiz insanlığa yetişmiş hər bir kəs, bütün insanlara, hətta bütün varlıqlara, o cümlədən məsx olunmuş insanlara qarşı da məhəbbət bəsləyir. Elə buna görə də Allah-taala həzrət Peyğəmbəri (s) rəhmətun lilaləmin adlandırmışdır. Peyğəmbər kimi insanlar, hətta öz düşmənlərinə qarşı da mehriban olurlar. Əli (ə) İbni Mülcəm Muradi barədə deyərmiş ki, mən ona həyat, o isə mənə ölüm diləyir.

 

Söhbət bunun bizim kimilər üçün ideal bir məqam olmasından getmir. Bizim bəhsimiz qarşılıqlı məhəbbət və dərdə şərik olmaqdan ibarətdir.

 

Bu cür qarşılıqlı mehribanlıq, yalnız iman əhlindən qurulmuş cəmiyyətlərdə yarana bilər.

  
İNSANIN MƏSULİYYƏT VƏ VƏZİFƏ İLƏ OLAN BAĞLILIĞI 

Kantın nəzəriyyəsi baxımından, insanlıq meyarı vicdandan doğan vəzifə və məsuliyyət hissi idi. Amma qabaqkı bəhslərdə qeyd edildiyi kimi, vicdan təklikdə insanların bütün mənafelərini, ona qurban verməkləri üçün, bir məslək yaratmağa qadir deyil. Halbuki, iman bu işi görə bilər. Dini imana rəğbət, insanda təbii və fərdi istəklərin yolunda çalışmasından əlavə, yeri gəlsə bu yolda bütün varlığını qurban vermək hissi də yaradır. Bu cür hisslər yalnız ideologiya müqəddəs amal olduqda, insan üzərində mütləq hakim ola biləcəyi təqdirdə yarana bilər!

 

İnsan ideyasına müqəddəslik bəxş edib, onun hökmlərinin insanlar üzərində kamil surətdə icra edilməsinə yalnız din qadirdir.

 

Bəzən insanlar, dini əqidələri yolunda deyil, başqa əqidələrin təzyiqi nəticəsində əmələ gəlmiş intiqam hissi, kin-küdurət və başqa təbii reaksiyalarla fədakarlıq göstərir, yeri gəlsə canından, malından və bütün heysiyyətindən belə, keçməyə hazır olurlar. Biz bunun nümunəsini dünyanın müxtəlif regionlarında müşahidə edə bilərik.

 

Dini və qeyri-dini ideologiyaların fərqi bundadır ki, əqidə dini olduqda ideologiya müqəddəsləşir və onun yolunda edilən fədakarlıqlar, təbii olaraq insanın öz razılığı ilə baş verir. İnsanın imandan doğan öz ixtiyarı ilə etdiyi fədakarlığı və başqa əqidələrin təsiri nəticəsində əmələ gələn daxili partlayışla edilən fədakarlıq arasında böyük fərq vardır.

  
İMANIN İRADƏ İLƏ OLAN BAĞLILIĞI 

İradənin insanlıq meyarı götürülməsi nəzəriyyəsini tənqid etdiyimiz bəhslərdən məlum oldu ki, iradənin insan meylləri üzərində hakim olmasının zəruriliyini heç bir məslək rədd etməmişdir. Bəhs, bu mətləbin icrasını hansısa qüvvə tərəfindən öz öhdəsinə götürməsinin zəruri olmasındadır. İnsanda olan hansı qüvvə bu işə zəmanət verməlidir?

 

Daha geniş ifadəylə desək, iradə ağılın icraedici qüvvəsi olduğundan bunların ikisinin də meyillər üzərində hakim olması lazım gəlir, amma hansı yolla, necə və hansı qüvvə bu işin icra olunmasına qarşı təminat verir? Bildiyimiz kimi, insan birinci dərəcədə öz mənafelərini güdən bir varlıqdır və iradəsini bu mənafelər qorunub saxlanana qədər öz meylləri üzərində hakim edə bilər. Amma mənafelərin əldən getdiyini görcək bu işdən əl çəkəcəkdir.

 

Artıq burada insana öz mənafelərindən daha üstün istəklər bəxş edən başqa bir qüvvə olmasa, ağıl və iradənin əlindən bir iş gəlməyəcəkdir. İnsanların öz mənafeləri dalınca getməklərinin qarşısını ala bilən, eləcə də maddi və şəxsi mənafelərinin fövqündə dayanan istəkləri ona bəxş edə bilən yeganə qüvvə imandır. İnsanı bəyənilən səmtə hidayət edən qüvvə məhz imandır.

  
İMANIN ZİYALILIQ VƏ AZADLIQLA OLAN BAĞLILIĞI 

Sarter və onun ardıcıllarının nəzərincə, azadlıq və ziyalılıq insanlıq meyarı sayılır. Bu fikrin sahibləri insanların dərdinə şərik olub, tam agahlıqla yüksək insani məqsədlər səmtinə üz tutmuş şəxsləri, ziyalılı insanlar adlandırırlar. Qabaqcadan bu nəzəriyyə əleyhinə tənqid olaraq qeyd etdik ki, agahlıq məlumatdan başqa bir şey deyildir və yol işıqlandırmaqdan başqa bir iş görmür. Agahlıq insanlara məqsəd göstərməyə qadir deyildir.

 

Bütün bunlara əlavə edib demək lazımdır ki, Sarter və başqalarının nəzərdə tutduğu ziyalılıq məsələsinin izahı dini iman bəhsini ortaya atmadan qətiyyən mümkün deyil.

 

Ziyalılıq məsələsi islam dini ədəbiyyatında ürəyiaçıq və xeyirxah adlanır. İnsanda ağıl və fikir mərkəzindən başqa, qəlb adlı daha bir başqa mərkəz də vardır. İnsan qəlbi aləmdə rəmzi şəkildə olan bir mərkəzdən daimi nur alaraq işıqlanır. Qəlbin işıqlanması nəticəsində insanda bir sıra hallar, o cümlədən başqalarının dərdi ilə şərik olma hissi üzə çıxır.

 

Hikmət alimləri deyir ki, elm və fəlsəfə insanlara başqalarının dərdinə şərik olma hissi bəxş etmir və təkcə onun şəxsi təbiətinə xidmət edir. Elm və fəlsəfənin fövqündə dayanan yüksək ruh coşqunluğu adlı bir qüvvə mövcuddur. Bu qüvvə insan ruhunun işıqlanmasına səbəb olur. Ola bilər bir şəxs, elm əhli olmayıb, heç bir dərs oxumadan ona həqiqi yolunu nişan verən aydın qəlb sahibi olsun. İmam Cəfər Sadiq (ə) buyurmuşdur:

 

Elm, çox oxuyub öyrənməklə əldə olunmur. Elm, Allahın öz istədiyi şəxslərin qəlbinə saçdırdığı bir nurdur.

 

İmam Sadiq (ə) dövründə yaşayan Bəsri adlı bir şəxs, daxildə nəyəsə qarşı şövq hissi keçirdiyindən bildikləri onu qani etmirmiş. Bir neçə dəfə imam Sadiqin (ə) dərslərində iştirak etdikdən sonra başa düşür ki, axtardığı şeyi tapmışdır. Həzrətin hüzuruna gəlib şərh-halını ona söylədikdən sonra İmam buyurur: Sən axtardığın elm öyrədilib-öyrənilməklə əldə edilmir. O elmi əldə etmək üçün mədrəsəyə ustad yanına getməzlər. Sən istədiyin elm nura bənzəyən qəlbə saçılası bir elmdir. Bundan sonra İmam (ə) o şəxsə nəfsini islah etmək üçün bir neçə göstəriş verib deyir: Bunlara düzgün əməl et, özünü saflaşdır, axtardığın elm sənin öz batinindən coşacaqdır!

 

Buna əsasən demək olar ki, Əbuzər Qəffari bu cür insanlardan, yəni bu gün alimlər kimi fəlsəfə, riyaziyyat və başqa elmləri oxumamış, amma aydın fikirli və qəlbi səfalı nurla dolu bir şəxs olmuşdur.

 

Deməli, əgər insan pak olsa, özünü bütün çirkinliklərdən təmizləsə, mənəvi və hidayət nuru qəlbini işıqlandırıb onu düzgün yola yönəldəcəkdir. Bu cür insanlar məsuliyyətli olub, öz əqidəsinə tam bağlı və bunun yolunda bütün fədakarlığa hazır olacaqdır.

  
İMANIN ROLU MƏQSƏDİ TƏYİN ETMƏKDİR 

İmanı elmlə, insansevərliklə, mükəlləf olmaq və məsuliyyətlə, iradə, azadlıq və ziyalılıqla müqayisə etdikdən sonra, bütün bunların insan əlində alət olduğu bizə məlum oldu. Eləcə də bütün bu meyarların insan üçün məqsəd təyin edə bilməməsi və məhz imanın bu işə qadir olduğu açıqlandı. Deməli, insan insanlığa yetişmək üçün həm alətlərə, həm də məqsədə ehtiyacı var. Çünki insan alətləri işə salmazdan əvvəl, məqsəd haqqında fikirləşməlidir. Bu alət rolunu oynayan meyarlar, məqsədə çatmaq yolunda istifadə olunur. Bəs məqsədlər necə yaranır?

 

İnsan təbiətcə heyvan və potensial surətdə insan olduğundan, öz təbiətinə görə bu alətlərdən fərdi və heyvani məqsədlər yolunda istifadə edir və ona doğru hərəkət edir. Buna görə insanlar əlində alətə çevrilən bu meyarlardan əlavə, onu öz məqsədi yoluna yönəldə bilən başqa bir qüvvəyə ehtiyac duyulur. İnsan hər an onu daxilindən coşduran və gizli qalmış istedadlarını üzə çıxarıb həyata keçirə bilən, eləcə də ona düzgün istiqamət verə bilən bir qüvvəyə möhtacdır. Bu işi elm öyrənməklə, insanlar və təbiət üzərində hakim olan qanunları kəşf etməklə görmək olmaz. Bu proses insan ruhunda bəzi dəyərlərin müqəddəs tanınmasından doğulmuş, bu da öz növbəsində bir sıra ali istəklər, insan və aləmə xüsusi tərzdə baxışdan, yəni imandan doğan bir şeydir.

 

Eləcə də qabaqda olunan bəhslərdə, imanın nə dərəcədə zəruri və həyati olduğu məlum oldu. İnsan ideologiya və iman olmadan sağlam həyat sürə bilməz və bəşəriyyətin tərəqqisi yolunda heç bir faydalı iş görə bilməz. Çünki imansız insan xudpəsəndliyə qərq olub, öz şəxsi mənafelərindən başqa heç bir şey haqqında düşünməyir. İmanı olmayan insanlar şəkk içində olub, öz ictimai və əxlaqi vəzifələrini dərk etmirlər.

 

Hər bir insan daimi olaraq həyatda, ictimai və əxlaqi məsələlərlə qarşılaşır və labüd bu məsələlər qarşısında öz reaksiyasını göstərməlidir. Əgər öz əqidə və imanına bağlıdırsa vəzifəsinə əməl edəcəkdir. Amma əgər öz məslək və dini təkliflərini aydınlaşdırmamış olsa, şübhə içində olub bir-biri ilə zidd olan işlərə əl atacaqdır. Odur ki, insanı həqiqi bir mömin kimi yetişdirə bilən qüvvə yalnız imandır. İman insanlara xudpəsəndlikdən uzaq olub, əqidəyə bağlı və təslim olmağı, eləcə də məsləkin onlara təqdim etdiyi ən kiçik məsələlərdə belə, şübhə etməyi öyrədir. Bu proses onlarda o qədər güclənir ki, onsuz həyatın puç olduğu onlar üçün aşkar olur.

  
ELM VƏ İMANIN İNSANLIQ MEYARI OLMASI 

İnsan bir neçə baxımdan başqa canlılarla fərqlənir. Birincisi, dünyaya baxışları, ikincisi isə istəkləri ilə başqa varlıqlardan fərqlənir. Qabaqda bu məsələlərlə bağlı olan bəhsləri nəzərə alaraq belə bir nəticə əldə olunur ki, insanın başqa canlılarla olan əsas fərqi və insanlığa qiymət vermək üçün əsas götürülən əlamət, elm və imandır.

 

İnsanın başqa canlılardan üstün olması barədə çox sözlər söylənilmişdir. Bəziləri onun başqa canlılarla əsaslı olan fərqini inkar edir, bəziləri də fərqi məhz insanın həqiqi canlı olub, o biri varlıqların isə canlı sayılmamasında görürlər. Canlı olmağı təkcə insanlarda görməyib və yalnız onların üstünlüklərini nəzərə alan başqa bir dəstə alimlər isə, onu müxtəlif ifadələrlə tərif etmişlər. O cümlədən: Natiq olan heyvan, mütləq tələb (heç bir şeydən asılı olmamaq), tükənməz, dəyərlər ardınca gedən, təbiətin fövqündə duran bir heyvan, heç vaxt doymayan, qeyri-müəyyən, məsuliyyət hissi keçirən və bir şeyə bağlı olan bir varlıq, qabaqgörən, ixtiyar sahibi olan, azad və üsyançı, ictimai, nəzmsevər, gözəlliksevər, ədalətsevər, iki üzlü, mükəlləf, aşiq, vicdan sahibi, arzu sahibi, batini iki cür olan bir varlıq, yaradıcı, qabiliyyətli, tənha, iztirab çəkən, əqidəpərəst, alət yaradan, yüksəklik axtaran, xəyalpərəst, mənəvi, mənəviyyatın qapısı və s.

 

Şübhəsiz insandakı bu üstünlüklər öz-özlüyündə düzdür, amma daha geniş ifadəni əks etdirən tərif budur: İnsan iki üstünlüyə sahib olan bir heyvandır; Elm və iman. İnsanlığa qiymət vermək üçün əsas götürülən əlamətlər də məhz bu iki imtiyazdır.

  
İNSANDA OLAN ZÜLM VƏ NADANLIQ, ELM VƏ İMAN QARŞIDURMASI 

İnsanda olan agahlıq, maddi və mənəvi istəklər (mürəkkəb bir varlıq olması) və ixtiyar kimi bacarıq və qüvvələr, ona ilahi əmanətin məsuliyyətini öz üzərinə götürmək ləyaqətini bəxş edir.

 

Biz əmanəti [Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi] göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə onu götürdü. [İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi]. (Əl-əhzab-72).

 

İnsanın ilahi əmanətin məsuliyyətini öz üzərinə götürməsi onun əzəmətli bir xilqət olduğunu götərməklə bərabər, tənəzzül edə biləcəyinin də aşkar nişanəsidir. Qurandakı mübarək bu ayə, insanların yalnız iki yolla tənəzzül edib, yolunu azmasını bəyan edir.

 

1-Başqalarına zülm edərək hüquqlarını tapdalamaq və ədalət yolundan çıxmaq;

 

2-Nadanlıq, yəni səhvə yol vermək.

 

Elə buna görə də Quranın mübarək ayəsində, ilahi əmanətin heç bir varlıq tərəfindən qəbul edilməməsi və bunu məhz insanın qəbul etməsi məsələsindən sonra buyurulur:

 

İnsan çox zülmkar və nadan bir varlıqdır. İnsanda olan bu iki bacarıq, yəni tərəqqi və təkamül, tənəzzül və azğınlıq bir-birindən ayrılmazdır.

 

Buna görə də, insanın tərəqqi və təkamül amili elm və iman, tənəzzül və azğınlıq amili isə zülmkarlıq və nadanlıqdır. Nadanlığın qarşısını ala bilən yeganə qüvvə elm, zülmkarlığın qarşısını ala bilən qüvvə isə imandır. İnsanların tənəzzül etmələrinə səbəb olan iki amil var: nadanlıq və zülmkarlıq. Bunun da qarşısını yalnız elm və iman ala bilər. Məhz buna görə də, insanlığa qiymət vermək üçün əsas götürülən əlamətlər elm və imandır.

  
DÖRDÜNCÜ FƏSİL  
KAMİL İNSAN  
Kamil ilə tam arasında fərq varmı?  

Burada belə bir sual ortaya çıxır ki, kamil kəlməsinin mənası nədir? Kamil insan nə deməkdir?

 

Ərəb dilində iki müxtəlif kəlmə vardır ki, onların antonimi eyni bir kəlmədir. Belə ki, bu bir kəlmə bəzən o iki kəlmədən birinin, bəzən də digərinin zidd və antonimi kimi işlədilir. Fars dilində isə həmin iki kəlmənin heç biri yoxdur və onların yerinə digər bir kəlmə vardır. Ərəb dilində olan həmin iki sözün biri kamal, digəri isə tamam kəlməsidir. Bu dildə bəzən kamil, bəzən isə tam kəlməsi işlədilir və onların antonimi kimi naqis kəlməsindən istifadə edilir. Bu işlədilmə forması fars dilində də ərəb dilində olduğu kimidir. Məsələn, burada deyilir: Bu kamildir, o isə naqis; bu tam və ya tamamdır, o biri isə naqis.

 

Quran ayələrinin birində bu iki kəlmənin hər ikisindən istifadə edilib.

 

Əlyovmə əkməltu ləkum dinəkum və ətməmtu ələykum neməti

 

...Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım...

 

(Maidə-3).

 

Dilşünas alimlər bildirirlər ki, əgər bu ayədə ətməmtu dinəkum (dininizi tamamladım) və əkməltu neməti (sizə olan nemətimi kamala yetirdim) deyilsəydi, ərəb dilinin qarmmatikası baxımından düzgün olmazdı. İndi görək bu iki kəlmə arasındakı fərq nədən ibarətdir? Biz bu iki kəlmə arasındakı fərqi aydınlaşdırmasaq, barəsində danışmaq istədiyimiz mövzunun izahına başlaya bilmərik. Belə ki, bizim söhbətimizin əvvəli bu iki kəlmənin mənasını bilməklə başlanır.

 

Müəyyən bir şey barəsində tamam kəlməsi o vaxt işlənir ki, onun vücudunun əsli üçün lazım olan bütün şeylər yaranmış olsun. Belə ki, o şeylərin bəziləri yaranmasa həmin şey öz mahiyyətində naqis hesab edilir, vücudu natamam adlandırılır. Həmin şey barəsində də yarısı, üçdə biri və ya üçdə ikisi mövcuddur kimi ifadələr işlədilir. Məsələn, müəyyən plan və proyekt əsasında tikilən məscid üçün bir salon nəzərdə tutulur və salonun tikilməsi üçün divar, tavan, qapı, pəncərə və bir sıra digər şeylərə ehtiyac olur. Həmin tikinti üçün lazım olan və onlarsız həmin salonun istifadəsi mümkün olmayan bütün şeylər hazırlandıqdan sonra belə deyilir: Tikinti tamamlandı. Bu kəlmənin müqabilində naqis kəlməsindən istifadə edilir. Amma kamal və kamil sözləri elə yerlərdə işlədilir ki, hər hansı bir şey tamam olmasına baxmayaraq, olduğundan daha yüksək dərəcə və məqamda ola bilsin. Həmin kamillik olmadıqda belə, şey mövcud olur, amma həmin kamilliyin olması ilə o, daha yüksək mərtəbə və dərəcədə qərar tapır. Kamilliyi şaquli, tamamı isə üfüqi istiqamətlərlə açıqlayırlar. Şey üfüqi istiqamətdə özünün son həddinə çatdıqda, onun tamamlandığını bildirirlər. Şaquli istiqamətdə yuxarı qalxdıqda isə, onun, əvvəlkindən daha kamil olduğunu bəyan edirlər. Filankəsin ağlı kamilləşib sözünün mənası budur ki, onun əvvəl də ağılı olub, amma ağılı bir qədər də yüksəlib. Filankəsin elmi kamilləşib cümləsinin mənası da bu şəkildədir. Belə ki, həmin şəxsin əvvəl də elmi olub və o, həmin elmindən istifadə edib. Amma o, indi elmi kamillik baxımından daha da yüksəlib. Deməli üfiqi baxımdan natamam olan insan müqabilində tamam insan vardır, yəni əsil baxımdan yarım insan və ya naqis insandır. Məsələn, insanlığın üçdə bir və ya üçdə ikisinə malikdir. Bir sözlə, tam insan deyildir. Bundan başqa digər bir insan da vardır ki, o, tam insandır. Tam insan kamil, daha kamil və bundan da yüksək mərtəbələrə çata bilər. Bu, elə bir insandır ki, insanlığın ən yüksək mərtəbəsinə çatmaq imkanı vardır. Belə bir insan kamil insanların kamili, yəni insanlığın ən uca və yüksək mərtəbəsinə çatmış varlıq adlandırılır.

  
Kamil insan ifadəsinin tarixi 

Hicri-qəməri tarixinin yeddinci əsrinə kimi islam ədəbiyyatında kamil insan ifadəsi mövcud olmayıb. Amma bu termin bu gün Avropada da çox geniş işlədilir. Bu termin islam dünyasında ilk dəfə insan barəsində işlədilib. İnsan barəsində bu ifadəni ilk dəfə məşhur arif Mühyiddin Ərəbi işlədib. Mühyiddin Ərəbi islam irfanının atası hesab olunur. Belə ki, yeddinci əsrdən sonra bütün müsəlman xalqlarından olmuş ariflər, Mühyiddin məktəbinin şagirdləridir. Mövlana Cəlaləddin Rumi də Mühyiddin məktəbinin yetişdirmələrindən sayılır. O, bütün əzəmət və böyüklüyünə baxmayaraq, irfan baxımından Mühyiddinlə müqayisə oluna bilməz. Mühyiddin Ərəbi ərəb soyludur və Hatəm Tayinin nəslindən olub. O, vaxtı ilə müsəlman ölkəsi olmuş Andalos (indiki İspaniya) əhalisindən olub. Bu böyük arif bütün islam ölkələrinə səfərlər edib və sonda, Şamda vəfat edib. Onun qəbri Dəməşq şəhərindədir. Mühyiddinin Sədrəddin Konyəvi adlı şagirdi olub ki, ondan sonra ən böyük arif hesab edilir. İslam irfanının həddindən artıq elmi şəkil alması Mühyiddinin işləri və Sədrəddinin şərhlərinin məhsuludur. Türkiyənin Konya şəhərindən olan Sədrəddin Mühyiddinin oğulluğu sayılır. Belə ki, Mühyiddin Sədrəddinin həm ustadı, həm də anasının əri olub. Mövlana Sədrəddinin müasirlərindən olub. Sədrəddin məsciddə pişnamaz olan zaman Mövlana həmin məscidə gedərək namazda ona iqtida edirmiş. Mühyiddinin fikirləri Sədrəddin vasitəsi ilə Mövlanaya çatdırılıb.

 

Onun irəli sürdüyü məsələlərdən biri kamil insan məsələsi olub. Əlbəttə o, bu məsələni irfan baxımından irəli sürüb. Başqaları da öz baxışları ilə kamil insan barəsində bir sıra sözlər deyiblər. Amma kamil insan ifadəsi ilə ilk dəfə bu məsələni irəli sürən şəxs, Mühyiddin Ərəbi olub. Biz kamil insanın, Quran baxımından necə olmasını bilmək istəyirik. Söhbətimizi sonrakı mərhələlərə çatdırmaq üçün tam və naqis insanla başlayırıq.

  
Müxtəlif məktəblərin kamil insan barəsindəki nəzəriyyələrinin xülasəsi 

Bəşəriyyət üçün məktəb gətirmiş hər bir şəxs, kamil insan və ya insanın kamalı barəsində nəzəriyyələr irəli sürüb. Əxlaq adlandırılan həmin şeydə deyilir ki, insan müəyyən xislətlərə malik olsa, insanlığın ali dərəcəsinə çatacaqdır və bu, kamil, ali və yüksək insan barəsində digər bir ifadə və yozumdur. Burada deyilir ki, əxlaq elm deyil fəndir, yəni olan şeylər deyil, olmalı şeylərə, insanın əldə etməli olduğu və ya əldə etməsi yaxşı olan xislətlər toplumuna aiddir.

  
Əql məktəbi 

Müxtəlif məktəb sahiblərinin kamil insan barəsindəki nəzəriyyələri ümumi baxışda bir neçə əsas nəzəriyyədə cəmləşir. Həmin nəzəriyyələrdən biri ağıl tərəfdarları və ya əql əhlinin nəzəriyyəsidir. Bu nəzəriyyə tərəfdarları insana daha çox əql cəhətindən baxır və onun cövhərinin başqa şey deyil, yalnız əql olmasını bildirirlər. Əqldən məqsəd isə təfəkkür və düşüncə qüvvəsidir. Qədim filosoflar, o cümlədən İbni Sina da bu cür fikirləşib. Onlar iddia ediblər ki, kamil insan hikmət və fəlsəfəyə yiyələnmiş insandır və insanın kamalı onun hikmətindədir.

 

Həmin filosoflar hikmət dedikdə nəyi nəzərdə tuturlar? Görəsən onların hikmətdən məqsədləri bizim bu gün elm adlandırdığımız şeydirmi? Xeyir! Onların hikmətdən əlbəttə əməli yox, nəzəri hikmətdən məqsədi, bütün varlığın düzgün və ümumi dərkidir. Bu, elmdən fərqli bir şeydir. Çünki elm varlığın bir hissəsinin dərkidir. Fələsfə ilə elmin fərqinin aydınlaşması üçün bu mətləbi bir az izah etmək lazımdır.

 

Məsələn, siz Tehran şəhəri barəsində iki cür məlumat əldə edə bilərsiniz. Siz bir dəfə ümumi, amma qapalı və qeyri-müəyyən, bir dəfə isə xırdalıqları ilə və eyni zamanda aydın olan məlumat əldə edə bilərsiniz. Bəzən, sizin Tehran barəsindəki məlumatınız bu şəhər arxitektorunun məlumatı kimi olur. Belə ki, həmin arxitektordan Tehranın ümumi planını çəkmək və kağız üzərində bütün prospekt, meydan, park və küçələri ümumi şəkildə göstərməyini istəsəniz, o, bu şəhərin btün yerləri barəsində sizə ümumi, amma qapalı məlumat verə bilər. Tehranın hər yeri barəsində məlumat verilməsinə baxmayaraq, siz həmin xəritədə öz evinizi tapmaq istəsəniz buna nail ola bilməyəcəksiniz. Hətta həmin arxitektor özü də bundan xəbərsizdir.

 

Amma ola bilər ki, bir nəfər Tehranın ərazisinin neçə kv. km., neçə prospekt və meydana malik olması, müəyyən obyektlərin harada yerləşməsi və bu şəhərdə nələrin olmasından xəbərsiz olmasına baxmayaraq, müəyyən məhəllə barəsində bütün təfərrüatlara malik olsun. Əgər siz ondan xüsusi bir yer barəsində soruşsanız o, həmin məhəllədə neçə küçə olmasını, bu küçələrin bir-birləri ilə necə kəsişdiklərini, hər küçədə neçə ev olmasını və hətta evlərin qapılarının rənglərinin hansının ağ, hansının yaşıl və hansının göy olmasını deyə bilər.

 

Məlumatı yalnız şəhərin ümumi quruluşu barəsində olan şəxsdən bu küçə barəsində bir şey soruşsanız, onun ən sadə məlumata belə malik olmadığını görərsiniz. Məlumatı yalnız bir küçə və məhəllə barəsində olan şəxsdən də Tehranın ümumi quruluşu barəsində söz soruşsanız heç nə bilməz. Filosof varlığı ümumi şəkildə araşdıran, onun əvvəl və axırını tapmağa çalışan, mərtəbə və dərəcələrini, ümumi qanunlarını dərk etmək istəyən şəxsə deyilir. Amma həmin filosof filan bitki, heyvan, daş, torpaq, ay, ulduz, günəş və bu kimi varlıqlar barəsində dəqiqliklə heç bir məlumata malik deyildir. Filosofun fikrincə hikmət, başdan-başa bütün varlıqlardan və aləmin ümumi gövdəsindən məlumat əldə etmək deməkdir, yəni bütün varlıqlar və aləmin ümumi gövdəsi hikmət sahibinin zehnində əks olunmalıdır. Bütün varlıq aləmi qaranlıq da olsa, onun əqlində canlanmalıdır. Bunlar deyirlər ki, insan ruhunun kamilliyi, aləmin ümumi gövdəsinin müəyyən cüzi formada deyil, tam şəkildə onun zehnində əks olunması ilədir. Onlar bu fikri insanın xarici aləmə bənzər zehni və əqlani dünyaya çevrilməsi ifadəsi ilə bəyan ediblər. Yəni, insanın özü bu dünya müqabilində digər bir dünya olmalıdır. Dünya, xarici bir aləm, insan isə zehni və əqli bir aləm olmalıdır.

 

Filosofların fikrincə, kamil insan ağılı kamala çatmış, yəni varlığın ümumi gövdəsi zehnində canlanmış insandır. Amma o, bu mərhələyə hansı vasitə ilə çatıb? O, fikir, deduksiya, bürhan və məntiq addımları ilə hərəkət edərək bu mərhələyə çatıb.

 

Amma, filosoflar yalnız bununla kifayətlənməyib, hikməti iki qismə bölürlər. Bunlardan biri nəzəri hikmət, yəni dünyanı dediyimiz kimi tanımaq, digəri isə əməli hikmətdir. Əməli hikmət nədir? Əməli hikmət də əql ilə bağlıdır. İnsan əqlinin bütün nəfsani istəklər və qüvvələrə tam hökmranlıq etməsinə və əqlin, bütün bunları tam surətdə özünə tabe etdirməsinə əməli hikmət deyilir. Filosoflar deyirlər ki, siz nəzəri hikmətdə dünyanı dediyimiz kimi fikir və deduksiya ilə dərk etsəniz və əməli hikmətdə əqlinizi nəfsi istəklərinizə hakim etsəniz, yəni bütün qüvvələr və nəfs əqlə tabe olsa, siz kamil insansınız. Bu, əvvəlcə dediyimiz kimi əql və hikmət məktəbinin nəzərləridir. Gələn bəhslərdə islamın bu nəzərlərini və hər biri barəsindəki fikirlərini geniş şəkildə açıqlayacağıq. İndi isə digər məktəblərin fikirlərini izah edək.

  
Eşq məktəbi 

Kamil insan barəsində söz açmış digər bir məktəb isə eşq məktəbidir. İrfan məktəbi olan bu eşq məktəbi insanın kamilliyini eşqdə, yəni Allahın zatına olan məhəbbətdə və eşqin insanı yetirdiyi şeydə görür. Bu məktəb əql məktəbinin əks qütbündə dayanır. Əql məktəbi hərəkət deyil, fikir məktəbi idi. Filosof hərəkətdən söz açmır. Onun fikrincə bütün hərəkətlər zehni hərəkətdir. Bu hərəkət özü də üfiqi deyil, vertikal və şaquli hərəkət məktəbidir. Kamala çatmaq istəyən insanın hərəkəti əvvəlcə vertikal və şaquli, yəni Allaha doğru hərəkət və uçuş olmalıdır.

 

Bunların fikrincə əsl söz fikir, əql, deduksya və s. deyil, insan ruhunun sözüdür. Bu əqidə sahiblərinin nəzərlərinə əsasən, insanın ruhu doğrudan da mənəvi hərəkətlə Allaha çatana kimi irəliləyir. Amma ariflər bu məsələyə çatanda səs-küy qoparırlar ki, insan Allaha çatır sözləri nə deməkdir? Amma onlar sözlərini öz yerində çox yaxşı deyiblər. Ümumiyyətlə eşq məktəbi əql məktəbini təhqir edir.

 

Bizim ədəbiyyatımızın çox gözəl və ali bölmələrindən biri də əql və eşqin mübahisəsi bölməsidir. Bu bəhsə daxil olanların əksəriyyəti irfan əhli olduqları üçün həmişə eşqi əqlə qalib ediblər. Eşq məktəbi, insanın kamala çatması üçün əqli qənaətbəxş və yetərli saymır. Bunlar deyirlər ki, əql, insan zatının hamısı deyil, onun vücudunun bir hissəsidir. Əql də göz kimi vasitələrdən biridir. İnsanın zatı və cövhəri əql deyil, ruhdur və ruh eşq aləmindəndir. Ruh elə bir cövhərdir ki, onda haqqa doğru hərəkətdən başqa bir şey yoxdur. Buna görə də bu məktəbdə əql təhqir edilir.

 

Hafiz bəzən çox maraqlı ifadələrlə bu məsələyə toxunub:

 

 

Bəhaye badeyi çun ləl çist cohəre əql

 

Biya ke sud kəsi bord kayine ticarət kərd

 

 

Ariflər həmişə xüsusi mənada işlətdikləri məstliyi ağıldan üstün tuturlar. Onların özünəməxsus sözləri vardır və tövhidi bir başqa mənada düşünürlər. Ariflərin tohidi vəhdəti vücuddur (pantsizmdir). Bu elə bir tövhiddir ki, insan ona çatdıqda hər şey söz halına düşür. Kamil insan bu məktəbin nəzərdə tutduğu sonda ilahiləşir. Ümumiyyətlə əsl kamil insan Allahın özüdür və kamil olan hər bir insan puça çıxaraq Allaha çatır. Bu məktəb barəsində də öz yerində söhbət edəcəyik.

  
Qüdrət məktəbi 

Kamil insan barəsində söz açan məktəblərdən biri də əql və eşqə deyil, yalnız qüdrətə əsaslanan məktəbdir. Bu məktəbin fikrincə kamil insan qüdrətli insandır və kamal, qüdrətin hansı mənada nəzərdə tutulmasından asılı olmayaraq güc və qüvvətdir.

 

Qədim Yunanıstanda sufistlər adlandırılan bir qrup olub. Onlar tam aşkar şəkildə deyirlərmiş ki, haqq gücdən ibarətdir. Onlar həmçinin iddia edirmişlər ki, harada güc varsa, haqq da var və harada qüdrət varsa haqq həmin qüdrətdir və zəiflik haqsızlıq və haqqa malik olmaqla bərabərdir. Ümumiyyətlə onlar üçün ədalət və zülmün heç bir mənası olmayıb. Buna görə də haqqa zor haqqı, yəni gücdən yaranan haqq deyiblər. Yəni hər bir haqq güc və zordan yaranır. Bunların fikrincə insanın bütün səy və cəhdi yalnız güc, zor, qüvvət və qüdrət əldə etmək istiqamətində olmalıdır və o, öz güc və qüdrətini heç bir şeylə məhdudlaşdırmamalıdır.

 

Məşur alman filosofu Nitse son bir-iki əsrdə bu məktəbi dirildərək davam etdirib və həmin nəzəriyyələri tam aydınlıqla bəyan edib. Bunların fikrincə düzgünlük yaxşıdır, doğruluq yaxşıdır, əmanətə xəyanət etməmək yaxşıdır, xeyirxahlıq yaxşıdır və yaxşılıq etmək yaxşı işdir kimi sözlərin hamısı boş şeylərdir. Deyirlər ki, acizlərin əlindən tutmaq lazımdır fikri nə deməkdir? Onun əlindən tutmaq yox, başına bir təpik vurmaq lazımdır. Onun zəif olmasından böyük günahı yoxdur. Əgər zəifdirsə, sən də başına bir daş vur. Karl Marks deyib ki, dini, güclülər zəifləri öz əllərində saxlamaq üçün ixtira ediblər. Nitse isə onun əksinə olaraq deyib ki, dini zəiflər güclülərin qüdrətlərini məhdudlaşdırmaq üçün ixtira ediblər. Onun fikrincə, dinin bəşəriyyətə olan xəyanəti güzəşt, rəhm, mürüvvət, insanlıq, bağışlamaq, yaxşılıq, ədalət və bu kimi kəlmələri insanlar arasında yaymasıdır ki, güclülər sonralar həmin kəlmələrə aldanaraq ədalət, səxavətlilik, mürüvvət, insanlıq və başqa şeylər naminə güclərini bir az məhdudlaşdırmaq məcburiyyəti qarşısında qalıblar.

 

Nitse deyir ki, dinlərin ehtiras və nəfsani istəklərlə mübarizə aparması nə deməkdir? Onlarla nəinki mübarizə aparmaq lazım deyil, hətta onları daha da gücləndirmək və yetişdirmək lazımdır. Həmçinin, dinlərin dedikləri bərabərlik fikri də çərənçilikdir. Bərabərlik nədir? Həmişə bir qrup güclü və istismarçı olmalı, digər bir qrup isə onların əli altında işləməlidir. Əl altında olanların canları çıxmalıdır və başları üstündə olanlar üçün işləməlidirlər ki, onlar inkişaf edərək böyüsünlər və aralarından üstün bir şəxs çıxsın. Dinlərin kişi ilə qadın bərabərdir şüarı da boş və mənasızdır. Kişi üstün və güclü bir cinsdir və qadın ona xidmət etmək üçün yaranıb və onun yaranmasının bundan başqa digər bir hədəfi yoxdur. Kişi ilə qadının bərabərliyi fikri səhv bir fikirdir.

 

Bu məktəb qüdrətli və güclü insanı kamil insan hesab edir və kamalın qüdrət və gücdən ibarət olduğunu bildirir.

  
Həyat ölüm-dirim mübarizəsidirmi?  

Bizim aramızda da bilmədən və özümüzdən asılı olmayaraq həmin sözlərdən yayılıb. Məsələn, həyat ölüm-dirim mübarizəsidir kimi bəzi ifadələr işlədirik. Amma əslində bu belə deyil. Bəli, həyat ölüm-dirim mübarizəsi deyil, özünü müdafiə xarakteri daşıyan ölüm-dirim mübarizəsi haqq bir işdir.

 

Hətta Fərid Vəcdi kimi bəzi müsəlman alimlər deyiblər ki, insanlar arasında döyüş və mübarizənin mövcudluğu zəruridir. Nə qədər ki, insan var, müharibə də olmalıdır. Müharibə bəşər həyatının toxunulmaz bir hissəsidir. Bunların fikrincə Quran da bu mətləbi təsdiq edir. Onlar bu iddialarında Quranın aşağıdakı ayəsinə istinad edirlər.

 

...Əgər Allah insanların bir qismini digər qismi ilə [müşrikləri möminlərlə] dəf etməsəydi, sözsüz ki, soməələr [rahiblərin yaşadığı monastırlar], kilsələr, yəhudi məbədləri və içərisində Allahın adı çox zikr olunan məscidlər uçulub dağılmışdı...

 

(Həcc-40).

 

...Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı...

 

(Bəqərə-251).

 

Deyirlər ki, Quran bu ayələrdə müharibənin qanun və şəriətə uyğun bir şey olduğunu bəyan edib.

 

Amma demək lazımdır ki, həmin qrup şəxslər bu ayəni səhv başa düşüblər. Quranın bu ayəsi müdafiə məsələsini irəli sürür və xristianlığın əksinə olan bir fikir açıqlayır. Bu ilahi kitab müharibə mütləq şəkildə məhkumdur və biz tam sülh istəyirik deyən keşişin cavabında deyir ki, bəli, müharibə məhkumdur, amma haqq və həqiqətin müdafiəsi xatirinə olan müharibə deyil, təcavüzkarlıq xarakteri daşıyan müharibə pisdir! Cənab keşiş! Əgər müdafiə xarakterli müharibə olmasaydı, nə sən kilsəyə gedib ibadət edə bilərdin və nə də məscidə gedən mömin öz məscidində ibadətlə məşğul ola bilərdi. Məsciddə ibadət edən möminin ibadəti haqq və həqiqəti müdafiə edən əsgərin cəsurluqlarına borcludur. Cənab xristianlar! İbadətlə məşğul olduğunu güman edən sizlər də həmin əsgərə minnətdar olmalısınız.

 

Buna görə də, ola bilər ki, insan kamillik və yetkinliyin elə bir mərhələsinə çatsın ki, ümumiyyətlə təcavüzkar mövcud olmasın, qanuni və şəri döyüşlər belə baş verməsin. Deməli həyat ölüm-dirim müharibəsidir kimi ifadələrin (döyüş və toqquşmanın) həyatın zərurətlərindən olması mənasında işlədilməsi səhvdir.

 

Bəlkə də bəziləri üçün narahatedici olacaq bir mətləbə toxunmaq istəyirəm. Çünki bəzi gənclər onların meyl və istəklərinə zidd olan şeylər eşidəndə narahat olurlar.

 

İmam Hüseyn (ə)-a bir cümləni aid edirlər ki, nə mənası düzdür və nə də onun o həzrətdən olması heç bir kitabda yoxdur. Onun dillərə düşmə müddəti də 40-50 ildən çox deyildir. Deyirlər ki, imam Hüseyn (ə) buyurub: Həyat əqidəyə malik olmaq və onun uğrunda mübarizə aparmaqdan ibarətdir. Xeyir, bu söz əcnəbilərin fikirləri ilə düz gəlir. Onlar deyirlər ki, insan hər hansı bir əqidəyə malik olmalı və onun yolunda vuruşmalıdır. Quran haqdan söz açır. Quran baxımından cihad və həyat haqpərəstlik və haqq yolunda cihaddan ibarətdir, əqidə və onun yolunda cihad etməkdən yox! Əqidə həm haqq və həm də batil ola bilər. Əqidə bağlılıqdır, insanın zehnində minlərlə bağlılıq tapıla bilər. İnsanın hər halda bir əqidə və ideyaya sahib olmasının və onun yolunda cihad və səy etməsinin zəruriliyini deyən islam dini deyil, başqa bir məktəbdir. Onlar həmin əqidənin nədən ibarət olması barəsindəki sualın cavabında deyirlər ki, əqidənin nə olması fərq etmir. Amma Quranın sözləri çox dəqiqdir. Bu səmavi kitab əqidə və onun yolunda cihad deyil, haqq və onun yolunda cihaddan söz açır. Quran deyir ki, sən əvvəl əqidəni islah etməlisən. Çox vaxt sənin ilk cihadın öz əqidənlə olur. Əvvəlcə əqidənlə cihad edərək düzgün və haqq əqidə əldə etməlisən, haqqı kəşf etdikdən sonra isə onun yolunda cihad etməlisən.

 

Deməli, qüdrətli və güclü insanın kamil insan olması fikri həyatın ölüm-dirim mübarizəsi olması nəzəriyyəsi üzərində qurulub. Bu nəzəriyyə də Darvinin Həyat ölüm-dirim mübarizəsidir və heyvanlar həmişə ölüm-dirim mübarizəsi aparmaqdadırlar fəlsəfəsinə əsaslanır. Biz bu fikirdə olanlara deyirik ki, əgər heyvanlar və insandan başqa digər varlıqlar belədirlərsə də, biz insanı bu cəhətdən onlarla bir hesab edə bilmərik. Çünki həmin söz müştərək həyat, qarşılıqlı rabitə, həmkarlıq, səfa-səmimiyyət və digər insani dəyərləri puç hesab edir. Bəs insanlar arasındakı bu səmimiyyət, vəhdət, həmkarlıq və məhəbbətlər nədir? Onlar bu sualın cavabında deyirlər ki, sən səhv edirsən! Bu həmkarlığı həmin mübarizə məcburi olaraq onlara qəbul etdirib. Həmin həmkarlıq, səmimiyyət və dostluqların arxasında mübarizə durur. Bunun necə olduğunu soruşanda isə belə deyirlər: İnsan həyatının əsası müharibə və mübarizədir. Amma insanlar böyük düşmənlə qarşılaşanda həmin böyük düşmən onlara məcburi dostluğu qəbul etdirir. Onların bu işləri əslində dostluq, səmimiyyət və həqiqət deyil və ola da bilməz. Böyük düşmənlə mübarizə üçün edilən əməkdaşlıqdır. Əməkdaşlıq və səmimiyyətlər daha böyük düşmənlə mübarizə aparmaq üçün yaranır. Həmin düşməni aradan götürsən görərsən ki, bir-birləri ilə dost olan həmin qruplar parçalanaraq iki düşmənə çevrildilər. Əgər onların bir qrupu da aradan getsə, yerdə qalan qrupun özü parçalanacaq və bir-birləri ilə düşmənçilik aparacaqdır. Bu proses yerdə iki nəfər qalana kimi davam edəcək və əgər həmin iki nəfər tək olsalar və onların müqabilində üçüncü bir qüvvə olmasa, onlar bir-birləri ilə döyüşməyə başlayacaqlar.

 

Bu nəzəriyyə tərəfdarlarının fikrincə bütün dostluq, səmimiyyət, sülh, insanlıq və birliklər bəşəriyyətə mövcud düşmənçiliklər tərəfindən məcburi şəkildə qəbul etdirilib. Deməli, bunların nəzərlərinə əsasən, mübarizə və döyüş əsas xarakter daşıyır və həmkarlıqlar ondan doğan və onun nəticəsində yaranmış bir ünsürdür.

  
Zəiflik məktəbi 

Əql məktəbi onu inkar edən müqabil nöqtəyə və eşq məktəbi onun fikir və prinsiplərini xülya adlandıran əks cəhətə malik olduğu kimi, qüdrət məktəbinin də əks-müqabil nöqtəsi vardır. Bəziləri ifrat şəkildə qüdrəti təhqir edərək insanın kamilliyini onun zəifliyində olmasını bildiriblər. Bunların fikrincə kamil insan qüdrətli olmayan insandır, çünki deyirlər ki, insanın güc və qüdrəti olsa o, təcavüzkarlıq edəcəkdir. Sədi yazdığı rübailərdən birində belə bir səhvə yol verib:

 

 

Mən an murəm ki dər payəm bemalənd

 

Nə zəmburəm ki əz nişəm benalənd.

 

 

Yəni, mən ayaq altında qalıb tapdalanan qarışqayam, tikan və sancmağımla nalə çəkdirən arı deyiləm.

 

 

Koca xod şokre in nemətqozarəm

 

Ke zure mərdumazari nə darəm

 

 

Yəni, mən bu nemətin şükrünü necə yerinə yetirim ki, xalqa əzab-əziyyət vermək gücünə malik deyiləm.

 

Xeyir, cənab Sədi! Məgər insan mütləq ya qarışqa, ya da arı olmalıdırmı ki, sən onlardan yalnız qarışqa olmağı seçirsən?! Sən nə qarışqa olub əl-ayaq altında əzil və nə də arı olub başqalarını sanc! Sədi həmin rübaini belə deməli idi:

 

 

Nə an murəm ki dər payəm bemalənd

 

Nə zəmburəm ki əz nişəm benalənd

 

Çequne şokre in nemətqozarəm

 

Ke darəm zur və azari nədarəm.

 

 

Yəni, nə ayaq altında tapdalanan qarışqayam, nə də tikan və sancmasından nalə çəkilən arı! Mən bu nemətə necə şükr edim ki, gücüm var, amma əzab-əziyyət verən deyiləm!

 

İnsanın gücü varsa və o, bununla yanaşı heç kəsə əziyyət etmirsə, şükr etməlidir. Amma gücü yoxdursa və heç kəsə əziyyət də etmirsə bu, buynuzu olmayan və başqalarını buynuzlamayan canlı misalındandır. Çünki buynuzsuzun buynuz vurmaması hünər və qoçaqlıq deyildir!? Buynuzu olub buynuz vurmamaq bir məsələdir!

 

Sədi başqa bir yerdə belə deyir:

 

 

Be didəm abidi dər kuhsari

 

Qənaət kərde əz donya be ğari

 

Çera qoftəm be şəhr əndər nəyayi

 

Ke bari bənd əz del bər qoşai.

 

 

Yəni, dağda bir abid gördüm ki, dünyanı tərk edərək yalnız bir mağaraya qane olub. Ona dedim ki, nə üçün şəhər içinə gəlib bir dəfə olsa belə ürəyinin düyünlərini açmırsan?

 

Sədi bu şerdə dağa pənah apararaq orada ibadətlə məşğul olan abidi vəsf edərək tərifləyir. Deyir ki, mən ona dedim ki, nə üçün şəhərə gəlib xalqa xidmət etmirsən? Abid bir səbəb gətirir, Sədi də susur. Sanki o, abidin dəlilini qənaətbəxş sayaraq qəbul edir.

 

 

Be qoft anca pəriruyan nəğzənd

 

Çe qol besyar şod pilan beləğzənd.

 

 

Bu, həmin abidin cavabıdır: O, deyir ki, şəhərdə pəri üzlü gözəllər var, əgər gözüm onlara sataşsa, ixtiyarım əlimdə olmadığı üçün özümü saxlaya bilmərəm, buna görə də gəlib özümü mağarada həbs etmişəm.

 

Bərəkəllah bu kamala! İnsan kamala çatmaq üçün gedib özünü haradasa həbs etməlidirmi? Bu ki, kamal deyil! Cənab Sədi! Quran sizə ən gözəl hekayətləri nəql edib. Quranın ən gözəl hekayətlərindən biri Yusifin əhvalatıdır. Yusifin əhvalatı Allahdan qorxub pis işlərdən çəkinənlərin və səbr edənlərin dastanıdır. Quran deyir ki, sən həm Yusif ol, ləzzət almaq üçün lazım olan bütün imkan və şərait mövcud olsun və hətta qapı belə bağlı olsun, amma eyni halda öz iffətini qoru və bağlı qapıları öz üzünə aç! Yusif subay və həddindən artıq çox gözəl bir gənc olub. O, qadınların dalınca düşməkdənsə, qadınlar onun arxasınca düşürmüşlər. Hər gün ona yüzlərlə məktub və sifariş göndərilirmiş və hər şeydən üstünü bu olub ki, Misirin ən gözəl və tanınmış qadınları onun tam aşiq və vurğunu olublar. Züleyxa lazımı şəraiti hazırlayaraq onu ölüm ilə hədələyərək deyib ki, ya məni arzuma çatdıracaqsan, ya da səni öldürəcəm, qanını tökəcəm. Amma Yusif nə edir? O, Allaha əl açaraq belə deyir: Yusif dedi: Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur...

 

(Yusif-33).

 

Yusif deyir ki, ilahi, məni zindana göndər, amma bu qadınların cəngində giriftar etmə, şəhvətimi doydurmaq imkanına malikəm, amma bunu etmirəm. Quran bu cür olmağı öyrədir, Sədi kimi təlimlər vermir.

 

Deməli, bizim ədəbiyyatımızda bəzən insanın kamilliyinin onun zəifliyində olması deyilməsinə baxmayaraq, kamillik zəiflikdə deyil. Hətta Baba Tahir də öz şerlərinin birində bu mətləbi deyib:

 

 

Ze dəste didevo del hər do fəryad

 

Hər ançe dide binəd del konəd yad

 

 

Bura kimi dedikləri düzdür. Amma sonra deyir:

 

 

Be sazəm xəncəri nişəş zefulad

 

Zənəm bərdide ta del gərdəd azad.

 

 

Deyir ki, görürəmsə ürəyim istəyir, buna görə də ürəyimi rahat etmək üçün ucu poladdan olan bir xəncər düzəldib onunla özümü kor etmək istəyirəm. Burada demək lazımdır: Tutaq ki, gözlərini kor etdin, bəs qulağınla eşitdiyin şeyləri neyləyəcəksən? Qulağın da bəzi şeyləri eşidəcək və ürəyin, yenə də onları istəyəcək. Onda gərək qulaqlarına batıraraq onları da kar etmək üçün başqa bir xəncər düzəldəsən. Həmçinin daha artıq rahat etmək üçün gərək mütləq özünü axta da etdirəsən! Bundan sonra Mövlananın Məsnəvidə nəql etdiyi quyruq, baş və qarınsız şir kimi olacaqsan ki, Allah belə bir şir yaratmayıb. Baba Tahir əcəb kamil insan yaradıb!? Onun təsvir etdiyi kamil insan çox alidir! Onu təsəvvür etdiyi bu kamil insanın nə əli, nə ayağı, nə gözü, nə qulağı və ümumiyyətlə heç nəyi yoxdur!

 

Bizim ədəbiyyatımızda zəif və aciz insanlar yetişdirmək barəsindəki göstərişlər çoxdur. Amma yadda saxlamalıyıq ki, bəşəriyyət səhvə yol verir və həmişə ya ifrat ya da təfrit yolunu tutur. İnsan burada, islamın doğrudan da Allah tərəfindən göndərilmiş bir din olduğunu başa düşür. Adam Sokrat olanda bir tərəfi tutub səhv edir, Əflatun olanda başqa bir tərəfi və həmçinin İbni Sina, Mühyiddin Ərəbi, Mövlana, Nitse, Karl Marks, Jan Pol Sarter və s. olanda digər bir tərəfləri! Belə olan surətdə görürük ki, peyğəmbər bəşər ola-ola, onun məktəbi necə də ali, mütərəqqi və hərtərəflidir! Həmin şəxslər peyğəmbərlə müqayisədə şagirdlə müəllim kimi görünürlər. Sanki şagirdlərin hərəsi bir söz deyir və axırda müəllim ali və uca bir sözlə onların hamısını puça çıxarır. Hər halda zəiflik məktəbi də özü üçün bir məktəbdir.

  
Məhəbbət məktəbi 

Kamil insan barəsində digər bir məktəb də vardır ki, onu həm məhəbbət və həm də özünü tanıma məktəbi adlandırmaq olar.

 

Neçə min il bundan əvvəl Şərqi Asiyada çox ali fikir və düşüncələr olub ki, indi də bu barədə çox qədim hind kitabları mövcuddur. Onlardan bəziləri fars dilinə də tərcümə edilib ki, misal olaraq çox ali kitab olan Opanişadhanı göstərmək olar.

 

Bizim böyük ustadımız Əllamə Təbatəbai neçə il bundan əvvəl Opnişadhanı ilk dəfə oxuyanda çox təəccüblənmişdi. Əllamə Təbatəbai deyirdi ki, bu kitablarda çox-çox ali mətləblər var, amma onlara çox az diqqət edilib.

 

Bu məktəbdə, insanın bütün kamalları onun özünü tanıması ətrafında cəmlənib. Bu məktəbin sözü budur ki, özünü tanı! Əlbəttə özünü tanı cümləsini bütün peyğəmbərlər və həmçinin Sokrat da deyib. İslam peyğəmbəri də buyurub: Kim özünü tanısa, Rəbbini tanıyar. Bu məktəb isə yalnız insanın özünü tanımasına əsaslanır.

 

Qandinin bir neçə məqalə və məktubundan ibarət olan bir kitab tərcümə edilib ki, fikrimcə çox yaxşı kitabdır. Bu kitabın adı Budur mənim dinim-dir. Qandi bu kitabda deyir: Mən Opanişadhanı oxuyanda üç şeyi başa düşdüm ki, bu üç şey mənim üçün bir ömürlük həyat dərsidir. Qandinin qeyd etdiyi birinci əsas budur: Dünyada yalnız bir həqiqət var və o da özünü tanımaqdır. Özünü tanı! Qandi bu mətləb əsasında əcnəbi dünyaya çox gözəl hücum edərək belə deyib: Əcnəbilər dünyanı tanıyıb, amma özlərini tanımayıblar, özlərini tanımadıqları üçün də həm özlərini, həm də dünyanı bədbəxt ediblər. O, bu söhbətində çox gözəl və ali sözlər deyib.

 

İkinci əsas budur ki, özünü tanıyan həm Allahı və həm də başqalarını tanıyacaq.

 

Üçüncü əsas isə budur: Yalnız bir qüvvə azadlıq və ədalət mövcuddur və o, özünə hakimlik qüvvəsidir. Kim özünə hökmranlıq etsə və özünü idarə edə bilsə, digər əşyalara da hökmranlıq edəcəkdir və bu, düzgün hökmranlıqdır. Dünyada yalnız bir yaxşılıq var və o, insanın başqalarını da özü kimi sevməsidir. Başqa sözlə desək, başqalarına da özümüz kimi baxmalıyıq.

 

Bildiyimiz kimi, Hind fəlsəfəsində əməllərə diqqət və özünə qapılmaq kimi məsələlər vardır. Əlbəttə o hal-hazırda mürəkkəbləşərək bir sıra çətin və qəribə məşğələlər, təlimlər və yoqa əməlləri şəklini alıb ki, mənim məqsədim bunlar deyildir. Hind fəlsəfəsinin əsası özünütanıma, əməllərə diqqət, təxəyyülün uzaqlaşdırılması və öz həqiqətinin kəşfidir və burada insanın özünü tanımasından məhəbbət yaranır.

 

Deməli, bu məktəbin fikrincə kamil insan özünü tanıyan insandır ki, əgər o, özünü tanısa, özünə hökmranlıq edər və özünə hökmranlıq etsə, onda digərlərinə qarşı məhəbbət yaranar. İndi bu məktəbin adını istəyirsiniz məhəbbət məktəbi qoyun, istəyirsiniz də tanışlıq və mərifət!

  
Digər iki məktəb 

Son iki-üç əsrdə bir sıra məktəblər yaranıbdır ki, onlarda fərdi cəhətlərə deyil, ictimai cəhətlərə daha çox meyl göstərilir. Onların biri sinfi təbəqəyə bağlı olmayan insanı kamil hesab edir və bildirir ki, insan hansısa təbəqədə, xüsusilə yüksək təbəqədə olsa həmişə naqis və eybli olacaqdır. Hətta deyirlər ki, ümumiyyətlə təbəqələrə bölünmüş cəmiyyətdə heç vaxt düz və sağlam insan mövcud ola bilməz. Bu məktəb insana yüksək dəyər vermədiyi üçün ideal kamil insana da çox inam bəsləmir. Bu məktəbin fikrincə kamil insan, təbəqəsiz və həmişə digər insanlarla bərabər vəziyyətdə yaşayan insandır.

 

Bəziləri isə insanın azadlıq və agahlığına daha çox təkid ediblər və onların, agahlıqdan məqsədləri ictimai şüurun inkişaf etdirilməsidir. Ekzistansializm məktəbi azadlıq, agahlıq və ictimai məsuliyyətlərə daha çox təkid edir. Bu məktəbin fikrincə kamil insan azad, agah, vəzifəsinə əməl edən və məsuliyyətli insandır. Azadlığın özü də qalmaqal və üsyan tələb edir ki, bunun özü də başqa bir məktəbdir.

  
Malikiyyət məktəbi 

Burada başqa bir məktəb də vardır və o, qüdrət məktəbinə çox yaxın olan malikiyyət məktəbidir. Bunların fikrincə, kamil insan filosof olmalıdır, kamil insan Allaha çatmalıdır və bu kimi digər sözlər mənasız ifadələr və fəlsəfi uydurmalardır. Əgər insanlıq kamalına çatmaq istəyirsənsə, bəhrə aparmağa, daha çox yiyələnməyə çalış, varlığın nemətlərindən nə qədər çox bəhrələnsən, bir o qədər kamil insansan; ümumiyyətlə kamil insan bəhrələnən insandır. Buna görə də insan kamalının hikmətlə deyil, elmlə, elmin isə təbiətin tanımasından ibarət olmasını deyənlər və təbiətin tanınmasını ona hökmranlıq, onun insana xidməti və bəşərin ondan bəhrələnməsi üçün istəyənlərin sözləri, sonda bu nöqtəyə qayıdır ki, elmin insan üçün olan dəyəri zati deyil, vasitə xarakterlidir. Elm insan üçün ona görə yaxşıdır ki, o, insanın təbiətə hakim olmasında vasitə rolunu oynayır və təbiəti insana ram edir və o, təbiəti insana tabe etdikdə bəşər ondan daha yaxşı bəhrələnərək fayadalanır. Deməli, insanları kamala çatdırmaq istəyirsinizsə, onları təbiətdən bəhrələndirməyə çalışmalısınız. Təbiətdən bəhrələnməkdən başqa digər bir kamal yoxdur. Elmi bu qədər müqəddəsləşdirmək və ona zati dəyər və zati kamal qail olmağın hamısı boş şeylərdir. Elm vasitədən başqa bir şey deyil, elm bəşəriyyət üçün inəyin buynuzu və şirin dişləri kimidir.

 

Əvvəlcə dediyimiz kimi, bunlar bir sıra nəzərlərdir. Gələcək söhbətlərimizdə islamın bunların hər biri barəsindəki nəzərlərini geniş şəkildə açıqlayacaq, onun əql, eşq, qüdrət, ictimai məsuliyyətlər və təbəqələrə bölünməmiş cəmiyyət barəsindəki baxışları və onları nə qədər dəyərləndirdiyini izah edəcəyik. Bunların hər biri geniş bəhslər tələb edir.

  
Ölümlə üzləşmə tərzi 

Burada ancaq bunu demək istəyirəm ki, insan kamalının təzahürlərindən biri onun ölümlə üzləşmə tərzidir. Çünki ölüm qorxusu insanın ən böyük zəif nöqtələrindəndir və bəşərin alçalmaq, zillətlərə düçar olmaq kimi minlərlə bədbəxtlikləri bu qorxudan yaranır. Əgər insan ölümdən qorxmasa bütün həyatı dəyişər. Ən böyük insanlar ölümlə qarşılaşanda son dərəcə cəsurluqla, bəlkə ondan da artıq böyük hiss ilə təbəssüm və gülərüzlə ona tərəf gedənlərdir. (Əlbəttə məqsəd intihar deyil, hədəf yolunda olan ölümdür. Çünki onlar həyatda məsuliyyət daşıdıqlarını hiss edirlər. İntihar edən şəxs məsuliyyətdən boyun qaçırır). Məsuliyyətin yerinə yetirilməsi yolunda qarşıya çıxan ölüm səadət və xoşbəxtlikdir. Mən ölümü səadətdən, zalımlarla yaşamağı isə cansız həyatdan başqa bir şey hesab etmirəm. Allah övliyalarından başqa heç kəs ölümə bu cür yanaşdığını iddia edə bilməz. Ölüm onlar üçün bir mənzildən digər bir mənzilə köçməkdən, imam Hüseyn (ə)-ın dili ilə desək, bir körpüdən keçməkdən başqa bir şey deyil. İmam Hüseyn (ə) Aşura günü sübh çağı ətrafındakılara belə buyurdu: Ölüm, üzərindən keçdiyimiz körpüdən başqa bir şey deyil! Ey mənim səhabələrim! Bizim qarşımızda bir körpü var və biz onun üzərindən keçməliyik, onun adı ölümdür, həmin körpünü keçəndən sonra təsəvvür edilməz yerə çatacağıq. Ölüm onlara yaxınlaşdıqca, o həzrətin üzü daha da açılır, təbəssümlə dolurdu.

 

Ömər Sədin yanında olan və hadisələri yazanlardan biri imam Hüseyn (ə)-ın həyatının son anlarında, yəni döyüş qurtardıqda və o həzrət halsız vəziyyətdə meydanda yerdə qaldığı vaxtda savab etmək məqsədilə Ömər Sədin yanına gedib belə deyir: İcazə ver Hüseyn ibni Əliyə bir qurtum su aparım, onsuz da o getməlidir, bu suyu içib-içməməsinin sənə elə bir fərqi yoxdur. Ömər Səd ona icazə verir. Amma həmin şəxs gedəndə görür ki, lənətə gəlmiş Şimr İmamın müqəddəs başını əlində gətirir. İmam Hüseynə su aparan şəxs deyir: Allaha and olsun ki, imamın üzündə olan təbəssüm məni onun qətli barəsində fikirləşməkdən yayındırdı. Yəni, imam Hüseyn (ə)-ın başı kəsiləndə dodaqları gülürmüş.

 

Bəli, kamil insan o şəxsdir ki, hadisələr ona təsir etməsin. Əli (ə) iqtisadi baxımdan ən aşağı iş sayılan fəhləlikdən tutmuş ən yüksək vəzifə sayılan xəlifəliyə kimi olan mərhələləri keçmiş bir şəxsdir. Məşhur alimlərdən biri deyir: Əli (ə) Karl Marksın fəlsəfəsini puça çıxarıb. Çünki o həzrət daxmada, sarayda olduğu kimi və sarayda, daxmada olduğu kimi yaşayırdı. (Məqsəd əsl saray deyil). Demək istəyir ki, Əli (ə) fəhləlikdə də xəlifə olduğu kimi fikirləşirdi. Buna görə də onları kamil insan adlandırırlar.

  
Əql məktəbi nəzəriyyəsinin izah və tənqidi 

Qədimlərin kamil insan, müasirlərin isə ideal insan adlandırdıqları simanı tanımaq çox lazım və zəruridir. Hər bir məktəbdə tərbiyə və əxlaq məsələləri həmin məktəbin kamil və ideal insanı tanımasına əsaslanır. Biz, islamın kamil insan barəsindəki nəzərlərini öyrənmək üçün bu barədə olan məktəblərin hər birinin nəzərlərini geniş şəkildə açıqlamaq və onların iradlarını bildirərək islamın bu barədəki nəzərini bəyan etmək məcburiyyətindəyik. Keçən söhbətimizdə müxtəlif məktəblərin nəzərlərini qısa şəkildə bəyan etdik. İndi isə bəhsimizin davamını əql məktəbini araşdırmaqla başlayırıq.

  
Əqlpərəstlərin nəzərlərinin xülasəsi 

Əvvəldə qeyd etdiyimiz kimi, qədim filosofların fikrincə insanın cövhəri və həqiqi məni onun əqlidir. İnsanın bədəni onun şəxsiyyətinin bir hissəsi olmadığı kimi, onun müxtəlif ruhi istedad və qüvvələri də onun həqiqi şəxsiyyətini təşkil etmir. İnsanın həqiqi şəxsiyyəti onun düşünən qüvvəsidir. İnsan görən, təsəvvür edən, sevən, şəhvəti olan və qəzəblənən deyil, fikirləşən varlıqdır. Bütün bunlar, fikirləşən varlığın əlində olan bir alət və vasitələrdir. İnsanın cövhəri təfəkkürdür və kamil insan fikirləşməkdə kamil həddə çatmış insandır. Fikirləşmək və təfəkkürdə kamil həddə çatmağın mənası isə budur ki, o, dünya və varlığı olduğu kimi dərk və kəşf etmiş olsun.

 

Bu məktəbdə insan cövhərinin və həqiqi mənin ağıl olmasından əlavə, başqa bir şey də diqqət mərkəzindədir və o da budur ki, ağıl dünyanı olduğu kimi kəşf edə bilən, dünya gerçəkliklərini olduğu kimi əks etdirən və dünyanı düzgün şəkildə özündə göstərmək bacarığına malik olan bir qüvvədir.

 

Bu nəzəriyyəni qəbul etmiş islam filosoflarının fikrincə, Quranda deyilmiş islami iman dünyanı ümumi şəkildə, olduğu kimi tanımaq, dünyanın başlanğıcı, hərəkət, quruluş və hansı nöqtəyə qayıtmasını dərk etməkdən ibarətdir. Onlar deyirlər ki, Quranda Allaha, varlığın vasitələri olan mələklərə, dünyanın məxluq olmasına, Allahın dünyanı boş buraxmaması və hidayət etməsi, habelə bəşəriyyəti peyğəmbərlər vasitəsilə istiqamətləndirməsi və hər şeyin Allahdan gəlməsi, Ona qayıdacağı və Məad adlandırılan əslə iman bəsləməkdən məqsəd, dünyanın tanınmasıdır və bundan başqa bir məqsəd yoxdur. Bu filosoflar, həmişə öz təfsirlərində imanı fəlsəfi agahlıq və tanışlıq kimi izah edirlər. Onlar deyirlər ki, iman mərifət və tanışlıqdır. Amma cüzi mərifət olan elmi tanışlıq deyil, fəlsəfi və filosofların düşüncə və tanışlığıdır. Fəlsəfi və ümumi mərifət dünyanın başlanğıc və sonunu, varlıqların dərəcələri və dünyanın ümumi hərəkət və cərəyanlarını kəşf edib bilmək mənasındadır.

  
Buna zidd olan məktəblər 

Əql məktəbinin müqabilində onlarla həmişə mübarizə aparan bir sıra məktəblər olub. İslam dünyasında bu məktəblə ilk dəfə mübarizə aparan cərəyan işraqilər, ariflər və eşq məktəbi tərəfdarları olublar ki, biz onu sonra izah edəcəyik. Müxalif məktəblərdən digəri isə hədis əhlləridir. Hədis əhli və əxbarilər filosofların bu qədər dəyər verdikləri əqli inkar edirlər. Onlar deyirlər ki, əql, sizin qail olduğunuz qədər dəyərə malik deyildir.

 

Bunlardan başqa, son əsrlərdə hiss və təcrübi məktəblər də əql məktəbinə qarşı qiyam edib. Təcrübilər məktəbi son bir neçə əsrdə çox yayılıb inkişaf etmişdir. Onlar deyirlər ki, əql sizin dediyiniz qədər dəyərə malik deyildir və onun elə də yüksək əhəmiyyəti yoxdur. O, hissin qul və nökəridir, insanda əsas əhəmiyyət daşıyan onun hiss və duyğularıdır. Əqlin görə biləcəyi ən böyük iş onun hiss vasitəsilə əldə edilən şeylər üzərində bəzi əməliyyatlar aparmasıdır. Siz xammal gətirilən bir zavodu nəzərdə tutun. Bu zavoda gətirilən xammal, orada olan dəzgahlar vasitəsilə emal edilir. Əgər toxuculuq fabrikini nəzərdə tutsaq görərik ki, ora gətirilən pambıq ilk növbədə təmizlənir, sonra isə ondan sap əyirilir, daha sonra isə həmin saplardan parça toxunur. Əql təklikdə heç nə etmək qabiliyyətinə malik olmayan bu zavod və fabriklərə bənzəyir. O, üzərində əməliyyat aparmaq üçün hiss yolu ilə əldə edilən xammala möhtacdır. Amma bununla belə əql məktəbi tamamilə etibardan düşməyib və indi də qalmaqdadır. Biz indi onlar və müxalifləri arasındakı bəhsləri geniş şəkildə açıqlamaq deyil, bu barədə islamın nəzərini bəyan etmək niyyətindəyik.

  
İslamda əqli agahlıqların əsilliyi 

Əql məktəbində bir neçə məsələ vardır ki, biz onların islamın nəzəri ilə uyğun olub-olmamasını araşdırmalıyıq. Həmin məsələlərdən biri əqli agahlıq və biliklərin etibar və əsilliyidir. Yəni insanın əqli bu dünyada olan həqiqətləri kəşf etməyə qadirdir və əqli agahlıq etibarsız deyil, köklü, mötəbər və istinad edilə bilən bilikdir.

 

Məktəblərin çoxu əqlə belə bir etibar qail deyildir. İndi görək biz islami mətnlərə əsaslanaraq əqlə heç olmasa agahlığına etimad etmək səviyyəsində dəyər və etibar verə bilərikmi? Xoşbəxtlikdən, biz islami sənəd və mətnlərdə əqlin fövqəladə şəkildə himayə edilməsini görürük. Dünyada olan dinlərin heç biri əqli, onun dəlil və sübut olmasını və mötəbərliyini islam qədər himayə etməyib. Siz islamı xristianlıqla müqayisə edin. Xristianlıq iman dairəsində əqlə müdaxilə icazəsi vermir. Bu dində deyilir ki, insanın nəyəsə iman gətirməsi lazım olan yerdə fikirləşmək haqqı yoxdur, fikir əqlə məxsusdur, əqlin isə bu qism məsələlərə müdaxilə etməyə səlahiyyəti çatmır. İman gətirilməli şeylər barəsində fikirləşmək olmaz, əqlə fikirləşmək, niyə? nə üçün? demək icazəsi verilməməlidir. Möminlərin, keşişlərin və xüsusilə xalqın imanını qoruyan şəxslərin vəzifəsi fikir, deduksiya və əqlin iman dairəsinə hucumunun qarşısını almaqdır. Xristianlığın təlimləri buna əsaslanır.

 

Amma islamda, məsələ tamamilə bunun əksinədir. İslamda dinin əsas və kökləri məsələlərinə əqldən başqa heç bir şeyin müdaxilə etmək haqqı yoxdur. Əgər sizdən dininizin əsaslarından birinin nə olması soruşulsa, siz tövhid (Allahın təkliyi) deyə cavab verəcəksiniz. Əgər sizdən hansı dəlillərə əsaslanaraq Allaha iman gətirdiyinizi soruşsalar, əqli dəlil gətirməlisiniz. İslam həmin əqidəni əqli yoldan başqa heç bir əsasla qəbul etmir. İndi birdən siz Mən Allahın təkliyinə inanıram, amma heç bir dəlilim yoxdur və bu mənim şəxsi işimdir deyə cavab versəniz, yəni nəticəni götür, müqəddimə ilə nə işin var misalına əsaslansanız və ya nənəmdən eşidib yəqinlik əldə etmişəm, yaxud yuxuda görmüşəm və ya o bir həqiqətdir ki, heç bir dəlil olmadan yəqinliyə çatmışam kimi cavablar versəniz, qəbul edilməzdir. İslam deyir ki, tək Allahın olmasına inanmağına baxmayaraq, əgər sənin etiqadının kökü yuxu və ya ata-anadan təqlid, yaxud mühitin təsiridirsə, belə bir inam qəbul deyil. Biz sənin əqlinin dəlil və sübutlarla əldə etdiyi həqiqətdən başqa heç bir şeyi qəbul etmirik.

 

Xristianlıq imanının kökləri əqlin girməsi qadağan edilmiş məntəqəyə bənzəyir və mömin xristianın vəzifəsi həmin bölgəni əqli və fikri qüvvələrin hücumlarından qorumaqdır. Amma islam imanının əsasları əqlə qərq olmuş bir məntəqədir və ora əqldən başqa heç bir qüvvənin giriş icazəsi yoxdur. İslamın əql barəsində fövqəladə böyük və maraqlı sözləri vardır. Quran hər şeydən əvvəl təfəkkür və əqldən söz açıb.

 

Bu, xristianlığın zövqü ilə heç cür düz gəlmir. Çünki bu dində əql ilə din ayrı-ayrı şeylərdir. Amma biz öz peyğəmbərimizi kamil ağıl adlandırırıq.

 

Deməli, əqlin agahlıq əldə etməkdə əsilliyi və onun höccət olması, yəni filosofların nəzəriyyələrinin bir hissəsində deyilən mətləb əqlin düzgün və həqiqi agahlıqlar əldə edə bilməsi məsələsi bura kimi islam tərəfindən qəti surətdə təsdiq edilib.

  
Əql məktəbinə tutulmuş iki irad 

Filosofların fikrincə insanın cövhəri yalnız onun əqlidir və qalan şeylərin hamısı onun üçün alət və vasitədirlər. Onlar deyirlər ki, əgər bizə bədən, göz, qulaq, hafizə, xəyal, vahimə və hər hansı bir başqa qüvvə verilibsə, onlar bizim zatımız üçün vasitədirlər və bizim zatımız da həmin əqldir.

 

Biz islamda bu məsələni təsdiqləyəcək bir mətləb tapa bilərikmi? Xeyir, biz islamdan insanın cövhərinin yalnız əql olması məsələsini təsdiqləyəcək bir şey gətirə bilmərik. İslam, əqli insan vücudunun hamısı və onun bütün varlığı hesab edən nəzəriyyələri deyil, onu insan vücudunun bir hissəsi hesab edən fikirləri təsdiq edir. Üçüncü mətləb budur ki, bizim fəlsəfi kitablarımız, adətən imanı mərifət və tanımaq kimi izah edirlər. Onlar deyirlər ki, islamda imanın mənası ancaq mərifətdir, Allaha iman gətirmək Onu tanımaq deməkdir və peyğəmbər, mələklər və məada iman da həmin mənadadır. Quranın harasında iman kəlməsi işlənibsə, mənası mərifət və agahlıqdır və onun bundan başqa heç bir mənası yoxdur.

 

Bu mətləb islamın dedikləri ilə heç cür düz gəlmir. İman, islamda mərifət və tanışlıqdan artıq bir həqiqətə malikdir. Tanımaq bilməkdir. Astronom ulduzu, sosioloq cəmiyyəti, psixoloq ruhu, baytar heyvanı tanıdığı kimi su mütəxəssisi də suyu tanıyır. Tanıyır, yəni həmin şey ona aydındır və o, həmin şeyi dərk edir. Məgər Qurandakı imanın mənası yalnız tanımaqdır? Allaha iman gətirməyin mənası, Onu yalnız dərk etməkdirmi? Xeyir! Tanımağın imanın əsaslarından və onun hissələrindən biri olması və onsuz olan imanın, iman olmaması düzgün fikirdir, amma quru mərifət və tanışlıq da iman deyil. İman rəğbət və təslimdir, onda təzim, bağlılıq və məhəbbət ünsürləri də vardır, amma tanışlıqda rəğbət və meyl məsələsi yoxdur.

 

Bir nəfərin astronom olması, onun ulduza rəğbət və meyl göstərməsi demək deyil, o, sadəcə olaraq ulduzu tanıyır. Həmçinin kiminsə şaxtaçı və ya su mütəxəssisi olması onun mədən və suya rəğbət bəsləməsi mənasını vermir. Çünki insanın, çox nifrət etdiyi bir şeyi tanıması da mümkündür. Bəzən kimsə siyasət aləmində düşmənini özündən yaxşı tanıyır. Məsələn, İsraildə olan ərəbşünas, müsəlmanşünas və hətta islamşünasların sayı müsəlmanlar arasında həmin sahələrlə məşğul olanlardan çox ola bilər. İsraildə olan Misirşünas, Suriyaşünas və Əlcəzairşünasların sayını İrandakılardan çox olması qətidir. Ümumiyyətlə, bəlkə də İranda bir nəfər belə həqiqi Misirşünas yoxdur, amma onlarda həmin işlə məşğul olanların sayı yüzlərlədir. Misirdə də İranşünaslıq çoxdur. İndi, İsrailin Misiri tanımasının mənası onun İsrailə meyl və rəğbəti olması mənasındadırmı? Xeyir, belə deyil, məsələ tamamilə əksinədir və onlar bir-birlərinə nifrət bəsləyirlər.

 

Biz bura kimi əql məktəbi barəsində üç məsələni açıqladıq. Onlardan biri budur ki, əql höccətdir, onun əldə etdiyi şeylər mötəbərdir və o, düzgün agahlıq və bilik əldə edə bilər. İslam bu mətləbin düzgün olduğunu bildirib. İkinci məsələ bu idi ki, əql insanın yeganə cövhəridir. İslam bu məsələni təsdiq etmir. Üçüncü məsələ isə budur ki, islami iman əqlin həmin dərk, bilik və agahlığıdır və tanışlıqdan başqa bir şey deyil. İslam baxımından bu fikrin də düzgün olmamasını qeyd etmişdik.

  
1. Qüdrət məktəbi nəzəriyyələrinin izah və tənqidi 

Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə [düşmənə qarşı] vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də [kafirlərə] boyun əymişlər. Allah səbr edənləri sevər!

 

(Ali-İmran-146).

 

Kamil, nümunəvi, ideal, üstün və ali insan barəsində nəzəriyyə vermiş məktəblərdən digər birisi də qüdrət məktəbidir. Bu məktəbdə kamil insan, qüdrətli və güclü insana deyilir. Başqa sözlə desək, onlar qüdrət və bacarığa kamillik, zəiflik və bacarıqsızlığa isə naqislik kimi baxırlar. Bu məktəbin nəzəriyyələrinə əsasən, insan güclü olduğu qədər kamil, zəifliyi qədər isə naqisdir və ümumiyyətlə haqq və ədalət heç bir həqiqətə malik deyil və onların güc və qüdrətdən başqa mənaları yoxdur.

 

Biz, adətən iki qüvvə qarşı-qarşıya dayananda onların hansının qalib gələcəyini nəzərə almadan birinin haqlı və ədalətli, digərinin isə nahaq, zalım və batil olmasını fikirləşirik. Bu cür qarşılaşmalarda haqqın batilə və ya batilin haqqa qalib gəlməsi mümkündürmü? Yəni ola bilərmi ki, batil haqqa qalib gəlib onu məğlub etsin, həmçinin haqq batilə qalib gəlsin. Əlbəttə, Quranın məntiqi baxımından son qələbə həmişə haqqa məxsusdur və batilin qələbəsi müvəqqəti və ötəridir. Bu, Quran baxımından çox diqqətəlayiq bir məsələdir. Amma bununla belə, bu ilahi kitaba əsasən həmişə qarşı-qarşıya dayanmış iki qüvvədən qalib gələni haqq, məğlub olanı isə nahaq və batil deyildir. Qürdət məktəbi tərəfdarları isə deyirlər ki, tərəf müqabilini məğlub edən qüvvə haqdır, qüdrətli və güclü tərəfin gördüyü iş, güclü və bacarıqlı olduğu üçün ədalət hesab olunmalıdır.

  
Qüdrət məktəbinin tarixçəsi 

Bu məktəb, dünyada qədim keçmişə malikdir və onun tarixçəsi Sokratdan qabaqkı dövrlərdən başlanır. Sokrat həzrət İsa (ə)-ın mövludundan təqribən 400 il qabaq yaşayıb və indi həmin vaxtdan təqribən 2400-2500 il keçir. Sokratın yaşadığı dövrdən qabaq səfsətəçilər adlandırılan bir qrup olub. Onlar, ictimai məsələlərdə bu günkü qüdrət məktəbinin nəzərinə bənzər fikirlərə malik olublar. Amma həmin fikir o zaman Yunan dünyasında Sokrat, Əflatun və Ərəstu kimi filosofların üzə çıxmaları ilə aradan getmişdir. Sonralar da xristianlığın gəlməsi ilə bu qism fikirlərə qətiyyən yer olmayıb, çünki xristianlıq bu tərzli fikirlərin tam əks müqabilində dayanıb, yəni nəinki qüdrəti təbliğ etməyib, hətta ona qarşı çıxaraq zəifliyi təbliğ edib. Xristianlığın biri sağ üzünə sillə vuranda, sol üzünü çevir ki, ona da vursun və hətta özünü belə, müdafiə etmə deməsi zəifliyin bir növ təbliğidir. Güc və qüdrət barəsində xüsusi məntiqə əsaslanan islam dini, dünyada zühur edəndə gücün haqq-ədalətlə bərabər olmasını və ya haqq və ədalətin güc və qüdrətdən ibarət olmasını deməyib. Əcnəbilər haqqa gücün haqqı, yəni zor və güclə bərabər olan haqq deyirlər.

 

Qərbdə sonralar bir daha belə bir fikir yarandı ki, haqq zor və güclə bərabərdir. Bu fikir ilk dəfə siyasi fəlsəfədə, yəni yalnız siyasi fikirlər çərçivəsində yaranıb. Məşhur italyan alimi və filosofu Makyavelin siyasi fəlsəfəsi ağalıq üzərində qurulub. O, deyir ki, siyasətdə nəzərə alınması lazım olan yeganə şey ağalıqdır və bu sahədə ondan başqa heç nə mötəbər deyildir. Siyasi hədəflərə, yəni həmin ağalığa çatmaq üçün hər şeyə yalan, hiylə, biclik, yalandan and içmək, xəyanət, başqalarının haqlarını tapdalamaq və bu qism şeylərə icazə verilir. Siyasətdə bu işlərə yol verilməsi qətiyyən pislənilməməlidir. Sonralar bu işləri təkcə siyasət aləmində deyil, qeydsiz-şərtsiz bütün sahələrdə mümkün sayan filosoflar üzə çıxdılar və onlar məsələni ümumi əxlaq norması kimi genişləndirməklə, siyasətçilərə bu yolu tutub getmələri barədə yaşıl işıq yandırdılar. Onlar, hətta ali və insani əxlaqın həmin ağalıq və iqtidar olmasını deyiblər. Məşhur alman filosofu Nitse, əxlaqda qüdrət nəzəriyyəsini ümumi şəkildə irəli sürüb. O, ömrünün sonunda dəli olub, amma mənim fikrimcə həmin dəliliyin əlamətləri elə onda əvvəldən də aşkar imiş.

  
Bikenin nəzəriyyəsi və onun təsirləri 

Burada, bir müqəddimə söyləmək lazımdır. Bildiyiniz kimi təqribən dörd əsr bundan əvvəl, yəni 16-cı əsrdə elm və texnikada böyük dəyişiklik və inqilab baş verib, dünyanın böyük filosoflarından iki nəfəri ingiltərəli Biken və fransalı Dekart yeni elmin atası adlandırılıblar. Xüsusilə Bikenin elm barəsindəki nəzəriyyəsi bütün keçmiş nəzəriyyələri dəyişdirib. Elmin tərəqqisinə və insanın təbiətə hədsiz hökmranlığına səbəb olmuş bu nəzəriyyə, eyni zamanda insanların məhv və puçluğunun mənşəyinə çevrilib. Belə ki, bu nəzəriyyə insanın əli ilə təbiəti abadlaşdırıb, amma digər tərəfdən də onun öz əli ilə özünü məhv edib. Bu nəzəriyyə nədən ibarətdir?

 

Bəşəriyyətin Bikendən qabaqkı böyük filosof və şəxsiyyətləri, xüsusilə din alimləri elmdən güc və qüdrət deyil, həqiqət yolunda istifadə ediblər. Belə ki, onlar insanları elm öyrənməyə təşviq edəndə, elmin insanı həqiqətə çatdırmasına əsaslanaraq belə deyiblər: Ey insan! Alim ol! Bilikli ol! Çünki elm səni həqiqətə çatdırır, elm insanı həqiqətə çatdıran vasitədir. Buna görə də elm müqəddəs, yəni insanın mənafeyindən və maddi məsələlərdən üstün müqəddəsliyə malik bir həqiqət olub. Həmişə elmi mal və sərvətlə müqayisə edərək belə deyiblər: Elm yaxşıdır, yoxsa var-dövlət? Siz islam ədəbiyyatında elmin sərvətlə müqayisə edilərək ondan üstün tutulmasının şahidi olubsunuz.

 

 

Elm dadənd be idriso be qarun zəro sim

 

An yeki zire-zəmino digəri foqi-fələk.

 

 

Yəni: İdrisə elm, Qaruna isə qızıl-gümüş verdilər. Biri yerin altına, digəri isə göylərin üstünə [gedəcək].

 

Əmirəl-möminin Əli (ə) da Nəhcül-bəlağədə olan cümlələrində elmi mal və sərvətlə müqayisə edərək onlardan üstün tutub. Dinlərdə həmişə elmə maddi şeylərdən üstün müqəddəs məsələ kimi baxılıb və müəllim müqəddəs məqama malik olub. Əli (ə) buyurur: Mənə bir hərf öyrədən kimsə, məni özünə qul edib. Quranın, elmin məqam və müqəddəsliyini nə qədər ucaltdığına diqqət edin. Bu müqəddəs ilahi kitab həzrət Adəm (ə)-ın yaradılışı, ilahi adların ona öyrədilməsi və mələklərin ona səcdəsindən söz açan hekayətdə buyurur ki, ey mənim mələklərim, Adəmə səcdə edin, çünki o, sizin bilmədiyiniz şeyləri bilir.

 

Biken yeni nəzəriyyə irəli sürərkən belə deyib: İnsanın, həqiqətin kəşfi müqəddəsdir deyib, onun üçün elm dalınca getməsi boş bir şeydir. Bəli, elm insan həyatının xidmətində olmalıdır, insanın həyati işlərinə yarayan, onu təbiətə hakim edən və insana qüdrət verən elm çox yaxşıdır. Buna görə də elm, özünün asimani mahiyyətini əldən verərək maddi şəkil aldı, yəni elm və tədqiqatın hərəkət yolu dəyişdi və o, insanın təbiətə daha çox hakim olması, daha yaxşı yaşaması, başqa sözlə desək, onun rifahına daha yaxşı və münasib şərait yaratmaq üçün təbiətin sirlərini kəşf etmək yoluna qədəm qoydu.

 

Əlbəttə, bu nəzəriyyə bir tərəfdən bəşəriyyətə çox böyük xidmət edib. Çünki elm insanın təbiətə hökmranlığı və ondan daha çox bəhrələnməsi üçün təbiəti kəşf etmək yoluna düşdü və həmin nəzəriyyə bu baxımdan yaxşıdır. Amma bununla birlikdə, elm, malik olduğu müqəddəslik, ucalıq və paklığını itirdi. İndi diqqət etsəniz, görərsiniz ki, elm qədim meyarla dini mədrəsələrdə oxuyan tələbələr üçün həmin dəyərə malikdir. Belə ki, onlar indi də elmə məsələn, Adabul-mütəəllimin və ya Munyətul-murid kitablarının bəyan etdikləri gözlə baxırlar. Bu kitablar elmin fəzilət və üstünlüyünə təkid edən hədislərlə doludur. Buna görə də elm onlar üçün xüsusi müqəddəslik və paklığa malikdir. Məsələn, dini mədrəsələrdə dərs oxumaq istəyəndə dəstəmaz alaraq, elm öyrənməyə təharət və paklıqla gedirik. Həmin mədrəsələrdə təhsil alan tələbə üçün ustad və müəllim özünəməxsus hörmət, müqəddəslik və ucalığa malikdir. Tələbə doğrudan da səmimi qəlbdən ustad və müəlliminə ehtiram göstərir. Mal və sərvət üçün elm fikrinə düşəndə öz-özlüyündə bu hədəfindən xəcalət çəkir. Həmçinin müəllim pul xatirinə dərs verməyi elmin məqamının alçalması hesab edir.

 

Amma Bikenin nəzəriyyəsinin davamı olan müasir təhsil sistemində elm öyrənmək və öyrətmək məsələsi öz müqəddəsliyini tamamilə itirib. Təhsil almaqla məşğul olan tələbə üçün onun bu elm öyrənməsi gələcək həyat hazırlığı xarakteri daşıyır. Bu nəzəriyyəyə əsasən, sabah həkim və ya mühəndis olaraq yaxşı yaşamaq üçün orta məktəb və universitetdə təhlsil alan şəxslə, bazarda tacir, ətir satan və ya digər dükançı yanında şagirdlik edən adam arasında heç bir fərq yoxdur. Çünki onların hər ikisi pul dalınca qaçırlar. Həmin şəxs müəllimi barəsində də belə fikirləşir ki, o, ayda filan qədər pul alır və aldığı maaş müqabilində burada bu sözləri danışmalıdır. Hətta bəzən görürsən ki, şagird vicdan əzabı çəkmədən və utanmadan müəlliminin dalınca təhqiramiz sözlər danışır və bunu elə də qəbahətli bir iş saymır.

 

Biken deyib ki, elm qüdrət üçün və qüdrətin xidmətində olmalıdır. Bilik başqa şey üçün deyil, qüdrət və bacarıq üçün qazanılmalıdır. Bu nəzəriyyə əvvəlcə öz pis təsirlərini göstərmədi. Amma bəşəriyyət tədricən elmdən yalnız bacarıq və qüdrət kimi istifadə etdiyi üçün iş o yerə çatdı ki, hər şey qüdrət və gücün xidmətində oldu.

 

İndi, dünyanın çarxı, elmin tam şəkildə qüdrətlərin xidmətində olması əsasında fırlanır. Elm dünyada heç vaxt bu günkü qədər əsir olmamış, güc və qüdrətlərə bu qədər xidmət etməmişdir. Bu gün dünyanın birinci dərəcəli alimləri, dünyanın ən əsir və məhbus şəxsləridirlər. Ən savadlı alimlərdən biri məsələn, Eynşteyndir, amma onun elmi kimin xidmətindədir? Ruzveltin xidmətində! Eynşteyn Ruzveltin nökəridir və o, başqa cür ola da bilməz. İstər imperializm, istərsə də sosializm düşərgələrində məsələ bu cürdür. Bəli, onların arasında fərq yoxdur və elm dünyanın hər yerində belədir. İndi dünyanı elm deyil, qüdrət idarə edir. Dünyamız elm dünyasıdır cümləsinə düzəliş verməklə, onun əvəzinə Dünyamız elm deyil, qüdrət dünyasıdır demək lazımdır, yəni elm mövcuddur, amma azad deyil, qüdrət, güc və zor xidmətində olan elmdir! Elm bu gün azad deyil, əsirdir. Buna görə də dünyada edilən hər bir ixtira və kəşfdən qüdrət və güc yolunda istifadə etmək və ondan insanları öldürmək üçün qorxunc və təhlükəli silahlar düzəltmək imkanı olanda o, ilk növbədə həmin yerdə istifadə edilir. Həmin ixtira həmin yolda tam istifadə edildikdən sonra bəşəriyyətin digər işlərinə sərf edilir, yəni əvvəl gücə xidmət edilir, sonra bəşəriyyətə! Birdən həmin ixtira gücə xidmət etmək üçün heç cür yararlı olmayanda bəşəriyyətə xidmət üçün göndərilir. Bəzən lazım olan vaxta kimi həmin ixtira və kəşfi üzə çıxarmırlar, güc və qüdrətin ona ehtiyacı olduğu üçün, həmin sirri uzun müddət qoruyurlar.

 

Bikenin getdiyi yol istər-istəməz Makyavelin, xüsusilə Nitsenin dediklərində sona çatır.

  
Nitsenin Darvin nəzəriyyəsindən istifadəsi 

Dünyada başqa bir nəzəriyyə də yarandı ki, o, Nitse üçün digər bir əsasa çevrildi. Həmin nəzəriyyə darvinizmdir. Darvin dindar bir xristian olub. O, əslində Allaha zidd bir adam olmayıb və sözlərində Allahın olmasını etiraf edib və həzrət İsa (ə)-a hörmət bəsləyib. Hətta onun həyatı barəsində kitablarda yazılıb ki, Darvin öləndə, yəni can verən halda müqəddəs kitabı sinəsi üzərinə qoyaraq ondan möhkəm yapışıbmış. Amma Darvinin nəzəriyyəsi onun özünün də təsəvvür etmədiyi sui-istifadələrə düçar oldu. O cümlədən materialistlər, onun təkamül nəzəriyyəsindən Allahı inkar etmək üçün vasitə kimi istifadə ediblər.

 

Darvin fəlsəfəsindən edilmiş sui-istifadələrdən biri də, əxlaq məsələlərində, yəni yaxşı, nümunəvi kamil insan qurmaq barəsindəki məsələlər olub. Bu sui-istifadənin səbəbi Darvin fəlsəfəsinin əsaslarından birində həyatın ölüm-dirim mübarizəsi olması deyilməsidir. Onun yaratdığı dörd prinsipdən biri zata məhəbbətdir. Yəni, hər bir heyvan öz zatını sevir və onu qorumaq üçün çalışır. Həmin prinsiplərdən bir digəri də həyatın ölüm-dirim mübarizəsi olmasıdır. Belə ki, Darvinin sözlərinə əsasən, bu dünyada həyat və yaşayışın əsas və kökü canlıların həmişə bir-birləri ilə mübarizə və döyüş halında olmaları və daha güclünün qalmasıdır. Canlılar təbiətin qəlbirində ələnir. Ümumiyyətlə müharibənin özü təbiətin qəlbiridir, təbiət heyvanları, onların arasında olan daimi keşməkeş və müharibədə süzgəcdən keçirərək həyat üçün daha layiqlisini seçir. Həyat və yaşamağa daha layiqlisindən məqsəd, mübarizə meydanında özünü daha yaxşı qoruya bilən və rəqibini məhv edərək özünü saxlayan varlıqdır.

 

Darvin fəlsəfəsinin bu prinsipinə irad tutaraq deyiblər ki, varlılar güclülüklərinə görə deyil, başqa səbəblərə görə qalırlar, həyat və yaşamaq ləyaqətinə nail olmaq isə başqa bir şeydir. Amma biz həmin iradlara toxunmaq istəmirik.

 

Hər halda Nitse həmin prinsipdən nəticə çıxararaq belə deyib: Bütün canlılar, hətta insanların həyatı buna əsaslanır. Müharibə və mübarizə insanların həyatında hökm sürən mühüm prinsiplərdəndir və güclü insan, bu mübarizədən salamat çıxır. Haqq da mübarizədən sağ çıxaraq qalan insanladır. Nitse, sözünün davamında deyib ki, təbiət üstün insana doğru hərəkət edir və kamil insan gələcəkdə yaranmalıdır. (Onların üstün insandan məqsədləri bizim kamil insan adlandırdığımız varlıqdır). Kamil insandan məqsəd nədir? Onun fikrincə kamil insan daha çox güc və qüdrətə malik insandır. Kamil insan onda, qətiyyən zəif insan yetişdirən əxlaq olmayan şəxsdir. Zəif insan yetişdirən əxlaqdan məqsəd nədir? Həmin əxlaqdan məqsəd bizim kamillik hesab etdiyimiz şeylər, yəni məhəbbət bəsləmək, mehribançılıq, yaxşılıq və xalqa xidmətdir. Nitse deyir ki, bu əxlaq bəşəriyyətin evini yıxıb, onun təkamülünə mane olub, üstün və kamil insan olan güclü insanın yetişməsinin qarşısını alıb. Onun fikrincə kamil insan, həmin zəif nöqtələrə malik olmayan insandır. Beləliklə Nitse həm Sokratın və həm də həzrət İsanın düşmənidir. O, deyir ki, Sokrat öz əxlaq məktəbində iffət, paklıq, ədalət, mehribançılıq və bu kimi sifətlərə yiyələnməyi tövsiyə etməklə xəyanət edib və ondan da pis mehribançılıq, məhəbbət və səmimiyyət barəsində çox söhbət etmiş İsanın işidir. Onun fikrincə, bunlar insanın zəif nöqtələridir, insan bu sifətlərdən nə qədər uzaq olsa, kamilliyə bir o qədər yaxın olar, çünki kamillik qüdrət və bacarıq, naqislik isə acizlik və çatışmamazlıqdır və həmin sifətlər də naqislikdən yaranır.

  
Nitsenin nəzəriyyələrindən bəzi nümunələr 

İndi məsələnin nə ilə nəticələndiyini göstərmək üçün onun fəlsəfə tarixi kitablarında çox nəql edilmiş sözlərindən bəzilərini oxumaq istəyirəm. Bu barədə oxuduğumuz kitablar arasında Nitsenin sözlərini hamıdan yaxşı Füruği nəql edib. Buna görə də onun sözlərini Füruğinin Avropada fəlsəfənin inkişafı kitabını 3-cü cildindən oxuyuram. O, yazır:

 

Dünyanın bütün alimləri xudpəsəndliyi pisləyib, başqalarına acıma və mehribançılığı bəyənilən xislət hesab ediblər. Amma Nitse bütün alimlərin əksinə olaraq, xudpəsəndiliyi haqq və bəyənilən bir xüsusiyyət, mehribançılığı isə ruhun zəiflik və nöqsanı hesab edir.

 

Biz gərək bu məsələ barəsində söhbət edək və mehribançılığın doğrudan da ruhun zəifliyi olub-olmamasını araşdıraq. Bu mühüm məsələlərdəndir.

 

Nitse, Darvin nəzəriyyəsinin həyat uğrunda cəhd göstərilməsi məsələsini qəbul edərək, onu mübarizə mənasında götürüb və başqalarının Darvin nəzəriyyəsinin mənfi nəticəsi adlandırdıqları şeyin, düzgün olmasını güman edərək insanlar qələbə qazanmaq üçün bir-birləri ilə çəkişmədə olaraq qüdrət əldə etməlidirlər qənaətinə gəlib. İnsanlıq aləminin bütün xeyirxahları əksəriyyət və kütlənin vəziyyətinin nəzərə alınmasını vacib sayaraq dünya işlərini kütlənin vəziyyətinə uyğun olaraq tənzimləyiblər. Amma Nitse əksəriyyəti xar və zəlil sayaraq yalnız azlığı, yəni xüsusi bir qrupu haqqa malik hesab edibdir. Onun fikrinin əsası budur ki, şəxs daha çox qüdrətə malik olmalıdır və bacardıqca onun həyatı hiddətli və xoş keçməlidir. Mənliyin mənası nəfsin çiçəklənərək daha güclü olmasıdır və insan öz nəfsinin istək və arzularından daha çox bəhrələnməlidir.

 

İndiyə kimi hamı deyirdi ki, bu işlərin görülməsi əxlaqa ziddir, amma o, nəfsani istəklərinizə uyğun olaraq əməl edin və əxlaq də məhz budur deyir. Nitse deyir ki, ümumiyyətlə yaxşı işlər elə bunlardır.

 

Bəziləri deyirlər ki, dünyaya gəlməməyimiz daha yaxşı olardı, bəlkə də məsələ onlar dedikləri kimidir, mən bilmirəm. Amma bunu da bilirəm ki, pis ya yaxşı bu dünyaya gəlmişik və ondan bəhrələnməliyik, bu bəhrələnərək ləzzət almaq hər nə qədər çox olsa o qədər yaxşıdır.

 

O, deyir ki, mənim hədəf və məqsədim dünyadan bacardıqca çox və yaxşı bəhrələnməyim olmalıdır. Mənə, bu hədəfimə çatmaqda kömək edən hər bir şey yaxşı və əxlaqa uyğundur. Bu, Müaviyənin malik olduğu və həmişə təkrarladığı fikirdir: Biz dünya nemətləri içərisində batdıq və ağnadıq.

 

Nitse deyir:

 

Mənim bu hədəfim üçün əlverişli olan hər bir şey, hətta daş ürəklilik, rəhimsizlilik, hiylə, yalan, müharibə və dava çox yaxşı işdir və həmin bu hədəfimə zidd olan hər bir şey düzlük, mehribanlıq, fəzilət və pəhrizkarlıq olmasına baxmayaraq pisdir. Xalq, qəbilə və millətlərin hüquqi baxımdan bərabər olmaları fikri də boş sözdür, bu fikir və inam insan cəmiyyətinin inkişafına ziddir.

 

Nitse deyir ki, bütün insanların hüquq bərabərliyinə malik olmaları fikri səhv bir fikirdir, çünki həmin fikir zəiflərin güclülər səviyyəsində saxlanılmalarına və yazıq güclülərin də irəliləyə bilməmələrinə səbəb olur. Qoy zəiflər əzilsinlər və güclülər üçün yer açılsın, güclülər üçün meydan açılanda üstün insan yaranır.

 

İnsanlar iki dəstəyə bölünməlidirlər: Onlardan biri qüvvətli və sərvətlilər, digəri isə asılılar və qullar olmalıdırlar. Əsalət və şərəf güclülərə aiddir və varlığın hədəfi onlardır. Əlaltılar isə onların istəklərinin həyata keçirilməsi üçün alət və vasitədirlər... Cəmiyyət və mədəniyyət bəzilərinin güman etdikləri kimi güclülərin əlaltıları qorumaları üçün deyil, həmin şərəfli təbəqə və sinfin işlərinin irəliləməsi üçündür.

 

Bəli, Nitse deyir ki, cəmiyyət və kütlə yalnız güclülərin var-dövlətə çatmaları üçündür və zəiflər güclülərə yük daşımalı olan heyvan kimidirlər. Onun fikrincə Sədininin aşağıdakı şeri düz deyil, çünki əslində qoyun çoban üçündür.

 

Sədi deyir:

 

 

Qusfənd əz bəraye çupan nist

 

Bəlke çupan bəraye xidməte ust.

 

 

Yəni: Qoyun çoban üçün deyil, çoban ona qulluq etmək üçündür.

 

Varlı olan güclülər onlardan üstün insanların yaranmaları və insanın tərəqqi pillələrinə qədəm qoyması üçün bəslənilməlidirlər.

 

Əcnəbilər, insan nəslinin yaxşılaşdırılması və onun soyunun islah edilməsi barəsində bəzi söhbətlər ediblər və hətta Aliksis Karl İnsan tanınmamış varlıqdır kitabının axırında həmin nəzərə tabe olub. Həmin söhbətin xülasəsi budur ki, soylar islah edilməlidir. Onun fikrincə zəif insanlara nəsil artırmaq icazəsi verilməməlidir.

 

Cammatın indiyə kimi tabe olduğu əxlaqi əsaslar güclülər və şərəfli sinfin xeyrinə deyil, ümumi kütlə və əksəriyyətin, yəni zəif sinfin xeyrinə olub. Buna görə də həmin əsasları bir-birinə vurmaq və şərəflilərin vəziyyət və mənafeylərinə uyğun əsaslar seçilməlidir.

 

Bu sözlərin mənası budur ki, Nitsenin fikrincə, hamının tərəfdarlıq etdiyi yaxşılıq, düzlük və gözəllik kimi sifətlər həqiqi və mütləq deyildirlər. Həqiqət, hamının güc tərəfdarı olmasıdır.

 

O, sonra dinlərə hücum edərək deyir ki, dinlər bəşəriyyətə xəyanət ediblər, çünki onlar insanları ədalətli olmağa və zəifləri himayə etməyə çağırıblar. Dinlərin mövcud olmadığı və meşə qanunlarının hökm sürdüyü dövr yaxşı olub, həmin vaxtlar güclülər özlərindən zəifləri yeyiblər və zəiflər məhv olaraq yoxa çıxıblar.

 

Dünyanın işləri əvvəllər güclülərin istəklərinə uyğun imiş və həmin vaxtlar zəiflər güclülərin əlaltı və qulluqçuları olublar. Amma güclülər az, zəiflər isə çox olduqları üçün, onlar öz çoxluqlarından inkişafları üçün vasitə kimi istifadə ediblər, hiylə və hoqqabazlıqla mehribançılıq, başqalarını sevmək, ədalət və lütf kimi anlayışları zehnlərdə yaxşılıq, düzlük və gözəllik kimi canlandırıblar. Onlar bu yolla güclülərin qüvvələrini tarazlaşdırmaq və köləlikdən qurtarmağa nail olublar. Zəif təbəqə bu istək və hədəflərini dinlər vasitəsilə həyata keçirib, onların ətrafına Allah və haqq hasarları çəkiblər.

 

Bu nəzəriyyə Karl Marksın nəzəriyyəsinin tam əks nöqtəsidir. Nitse də, Karl Marks da dinə qarşı olmuş adamlardandır. Amma Nitse özünü güclülərin tərəfdarı bildiyi üçün iddia edir ki, dini zəiflər güclülərin boyunlarına cilov salmaq məqsədi ilə ixtira ediblər. Digər tərəfdən də özünü zəiflərin tərəfdarı hesab edən Karl Marks isə deyir ki, dini, güclülər zəiflərin üsyanlarının qarşısını almaq üçün ixtira ediblər.

 

Xristian əxlaqı qul əxlaqıdır və bu ağalıq əxlaqını məhv edib. Bu gün dünyada yayılmış qardaşlıq dialoqu, bərabərlik, sülh, qadın və əkinçilərin hüquqlarına riayət edilməsi və bu kimi sözlər həmin mənşədəndir və onlar hiylə, yalan və uydurmadırlar. Bu əxlaq yoxsulluq, zəiflik və gerilik amilidir. Buna görə də həmin əsaslar dağıdılmalı və ağalıq həyat tərzi əsasları qurulmalıdır. Ağalıq həyat tərzinin əsasları nədir? Allah və axirət dünyası fikrini kənara qoymaq... və qəlbin mehribançılıq və riqqətinə son qoymaq lazımdır. Mehribançılıq acizlikdən, təvazökarlıq və tabeçilik alçaqlıqdan, həlimlik, hövsələ, güzəşt və göz yumma isə tənbəllik və süstlükdəndir. İgidlik və mərdlik xisləti seçilməlidir. İnsan, üstün insan mərhələsinə çatmalıdır. Üstün insan, pis və yaxşıdan üstün olan, əzm və iradəyə yiyələnmiş şəxs olmalıdır.

 

Əcnəbilər arasında çoxlu məktəblər yaranıb. Xoşbəxtlikdən bizim aramızda belə məktəblər, yəni bu cür vəbalar tapılmayıb.

 

Avropalının ruhu budur. Onların insan hüququ barəsindəki bəyanları da başqalarını aldatmaq üçündür. Avropalının tərbiyəsi və onun həqiqi əxlaqı Makyaveli və Nitse əxlaqıdır. Müstəmləkəçilərin dünyada gördükləri işlər bu fikirlərə əsaslanır və amerikalı və ya avropalılığından asılı olmayaraq, əcnəbilərin ruhları müstəmləkəçilik və həmin Nitse əxlaqıdır. Onlar bizim yanımızda yalandan insan hüququndan dəm vururlar. Allaha and olsun ki, biz bədbəxtlər, bəzən həmin sözləri çeynənib tüpürülmüş saqqız kimi ağzımıza alaraq təkrarlayırıq. Sizcə ABŞ-ın bu gün Vyetnamda gördüyü işlər Nitse fəlsəfəsinin həyata keçirilməsi deyilmi? (Ustadın bu söhbəti 26 il bundan qabaq olub). Bəli, onun bu günkü işləri Nitse fəlsəfəsinin eyni ilə icra edilməsidir və ondan başqa bir şey deyildir. Onlar insanlıq və humanistlikdən bu qədər dəm vururlar və biz də Rassel belə dedi, Sarter elə dedi deyib onların sözlərini təkrarlayırıq, amma bilin ki, onların fikirlərinin təməli həmin nəzəriyyədir. Bütün əcnəbi fikirlərinin əsas və kökü Nitse fəlsəfəsinə əsaslanır. Bəlkə də, onların arasında çox az adam tapmaq olar ki, belə fikrə malik olmasın, onların da şərq qanına malik olmaları ehtimalı vardır. Axtarsan görərsən ki, onun anası şərq torpaqlarından olub, çünki onların soyları belə deyil.

 

Nitse deyir:

 

Nəfsi öldürmək nəyə lazımdır?! Nəfsi bəsləmək lazımdır. Başqalarına mehribançılıq və yaxşılıq nədir? İnsan özünü istəməli, özünə pərəstiş etməlidir. Zəif və acizi buraxmaq lazımdır ki, məhv olaraq aradan getsin və dünyada dərd-qəm azalsın... Üstün insan güclü olan, güc sayəsində yaşayan və öz nəfsani istəklərini təmin edən şəxsdir.

 

Bu, varlıq və kamalın son hədəfi olan üstün insanın tərifi idi. Nitse deyir ki, yaradılış onun üçündür və hər şey onun vücudu üçün müqəddimədir. İndi siz, Nitsenin kamil insanının necə varlıq olmasına diqqət edin: ona heç nə mane olmamalıdır, o, əxlaq, rəhm, insanlıq, mürüvvət, mehribançılıq, ədalət və bu qismdən olan bütün şeyləri tərk edərək özünü onlardan təmizləməlidir.

 

O, öz nəfsinin istəklərini doyurmalı, özünü ağa və allah hesab etməlidir. Ağalıq yolunda qarşısına çıxan hər bir maneəni aradan götürməli, təhlükədən qorxmamalı, müharibə və döyüşdən çəkinməməlidir.

 

O, sonra qadınlar barəsində danışaraq belə deyir:

 

Kişi ilə arvadın bərabərliyi və qadınların hüquqlarının qorunmasının zəruriliyi də boş sözlərdəndir. Əsas kişidir. Kişi döyüşkən olmalıdır və qadın həmin döyüşkən kişi üçün baş qarışdırma və fərəhlənmə vasitəsi olmalı və dünyaya uşaq gətirməlidir.

 

Bəli, Nitse deyir ki, qadın bu dünyaya kişi üçün başqarışdırma və fərəhlənmə vasitəsi olmaq və uşaq doğan maşın rolunu oynamaqdan başqa heç bir iş üçün gəlməyib.

 

Bu da, dünyada kamil, nümunəvi, ali və üstün insanı tanıtmaq üçün digər bir meyardır. Amma bu, güc və qüdrət meyarı ilə ölçülən üstün və kamil insandır. İndi qüdrət və güc məsələsi barəsində nə demək lazımdır?

 

Bu məktəbin müqabil nöqtəsi zəifliyi təbliğ edən məktəbdir. Zəiflik məktəbi yaxşılığı insanın zəif olmasında görür. Bəli, belə məktəblər olublar və indi də vardırlar. Xristianlıq əxlaqında zəiflik çox təbliğ edildiyi üçün bu irad xristianlığa daha çox tutulur. Əslində sağ üzünə sillə vursalar, sol üzünü çevir sözləri də zəifliyin təbliğidir.

  
Qüdrət məsələsi barəsində İslamın məntiqi 

İslam bu barədə hansı məntiqə əsaslanır? Görəsən islam güclülüyü təbliğ edib, yoxsa zəifliyi və ya bu mənada onların heç birisini? Cavab budur ki, islam bir növ qüdrət və gücü təbliğ edib, amma bu qüdrət Nitsenin dediyi qüdrət deyil, bütün adi insanlıq sifətlərinin mənşəyi olan qüdrətdir. Bu elə bir qüdrətdir ki, onda mehribanlıq, rəhm, yaxşılıq, xeyirxahlıq kimi ali insanlıq sifətləri vardır.

 

İslamda qüdrət və güclülüyə dəvət edilməsinə heç bir şübhə yoxdur və bu, Quran ayələri və hədislərin aşkar məntiqidir. İslam mövzusunda araşdırmalar aparmış əcnəbilər də islamı digər dinlər içərisində bu xüsusiyyəti ilə tanıyıblar. Heç bir din öz davamçılarını islam qədər güc və qüdrətə dəvət etməyib. Vill Dorant Svilizasiya tarixi kitabının islam mədəniyyəti barəsində olan on birinci cildində bu cümləni belə deyib: Heç bir din islam qədər camaatı qüdrət və gücə dəvət etməyib.

 

Bu barədə Quranda çoxlu mətləblər vardır. Məryəm surəsinin 12-ci ayəsində həzrət Yəhya (ə)-a xitab edilərək belə deyilir: ...Ey Yəhya! Kitabdan bərk yapış!...

 

Söhbətimin əvvəlində oxuduğum ayədə, möminlərin necə qüvvətli insanlar olmaları və özlərinə qorxu hissi və zəifliyin yol tapmamasına icazə verməmələri barəsində necə də şüurla danışıldığına diqqət edin. Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə [düşmənlərə qarşı] vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də [kafirlərə] boyun əymişlər. Allah səbr edənləri sevər!

 

Səff surəsinin 4-cü ayəsində isə belə buyurur:

 

Şübhəsiz ki, Allah öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!

 

Digər bir yerdə isə buyurur:

 

Məhmmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [möminlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər... (Fəth-29). Quranda buna bənzər ayələr çoxdur.

 

Şücaət islamda mədh edilmiş həqiqətlərdəndir. İslamda izzət, yəni möhkəm və mətin məqama malik olmaq və heç kəsin insanı xar edərək alçalda bilməməsi səviyyəsində gücə malik olmaq da bəyənilən işlərdəndir. Quranın düşmənlə üzləşmək barəsindəki sözlərinə diqqət edin və görün ki, bu ilahi kitab bununla bağlı nə buyurur:

 

[Ey möminlər!] Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri [münafiqləri] qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və [cihad üçün bəslənilən] döyüş atları tədarük edin... (Ənfal-60).

 

Digər bir ayədə isə belə buyurur:

 

[Ey möminlər!] Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!

 

(Bəqərə-190).

 

Gördüyünüz kimi ayədə həddi aşmaq qadağan edilib. Bu o deməkdir ki, düşmənlə döyüşəndə də haqq-ədaləti unutmaq olmaz. Alimlər bu ayənin təfsirində deyiblər ki, düşmənlə döyüşəndə vuruşunuzu, düşmən döyüşü davam etdirənə kimi davam etdirin. Əgər düşmən təslim oldum deyərək, silahını yerə qoysa siz silah işlətməyin, çünki bundan sonra silah işlətmək həddi aşmaq və təcavüzdür. Qocaları, qadın və uşaqları öldürməyin, onlara toxunmayın, döyüş meydanından kənara çıxmış adamla işiniz olmasın, yalnız sizinlə döyüşən adamla, var gücünüzlə vuruşun. Bunlar Qurani-kərimdə olan bir sıra hökmlərdir və bu ilahi kitabda buna bənzər digər ayələr də vardır.

  
Hədislərdə güc və qüdrət 

İndi isə islamın qorxaqlıq, zəiflik və acizliyi pisləməsinin, güc və qüdrəti tərifləməsinin aydınlaşması üçün bir neçə hədis oxuyacağam. Amma bir daha qeyd edirəm ki, islamın təriflədiyi güc və qüdrət, qətiyyən Nitse fəlsəfəsindəki güc və qüdrət qismindən deyildir. Əziz islam peyğəmbəri həzrət Məhəmməd (s) buyurub: Möminə xəsislik və qorxaqlıq yaraşmaz. Bəli, pul möminin can və qanı olmamalıdır və o, həmçinin şücaətli və qorxmaz olmalıdır. Peyğəmbər (s) həmçinin belə bir dua oxuyarmış: Allahummə inni əuzu bikə minəl-buxli və əuzu bikə minəl-cubn yəni, İlahi mən xəsislik və qorxaqlıqdan Sənə pənah aparıram!

 

Əli (ə) mömin barəsində belə buyurub: Möminin ruhu çaxmaq daşından da möhkəmdir.

 

Həmçinin imam Sadiq (ə) belə buyurub: Allah-taala möminin özünü xar və zəlil etməsindən başqa bütün işlərini onun öz ixtiyarına buraxıb. Məgər siz Allah-taalanın bu sözünü eşitməmisinizmi ki, buyurub: İzzət yalnız Allah, Peyğəmbər və möminlərə məxsusdur. Mömin həmişə izzətlidir və heç vaxt özünü xar etmir. Mömin dağdan da mətindir. Çünki, dağı külünglə parçalamaq mümkündür, amma möminin ruhundan heç nə ilə kiçicik bir parça belə qopartmaq mümkün deyil.

 

İmam Baqir (ə) buyurub: Allah-taala möminə üç xislət verib: Dünya və axirətdə izzət və başıucalıq; hər iki dünyada uğurluluq və zalımların qəlbində onlardan olan qorxu və heybət; Yəni möminlər elə olurlar ki, zalımlar onların heybətindən qorxurlar.

 

İqbal Lahurinin gözəl bir cümləsi var və o, deyəsən həmin cümləni Mussolininin dediyi cümləyə cavab olaraq deyib. Mussolini deyib: Dəmiri olanın çörəyi də olacaq. Yəni, əgər çörəyli olmağını istəyirsənsə, dəmir (güc və silah) əldə et! Gücü olanın çörəyi də olacaq. İqbal isə belə deyib: Dəmir olanın çörəyi var. Mussolini silaha təkid edərək deyir ki, kimin maddi gücü varsa, çörəyi də olacaq. Amma İqbal ruha təkid edərək deyir ki, özü dəmir olanın çörəyi olar. Əmirəl-möminin Əli (ə)-ın ifadəsi belədir: Möminin ruhu çaxmaq daşından da möhkəmdir. İqbal da deyir ki, möminin ruhu dəmirdir. Bunların hamısının məqsədi bir şeydir. Deməli islam güc və qüvvətə dəvət edir.

 

Siz Əli (ə)-ın Nəhcül-bəlağədə güc, qüdrət və qüvvəyə nə qədər təkid etməsinə və zəifliyi islam cəmiyyətinə yaraşmaz sifət kimi göstərməsinə diqqət edin. O həzrət buyurur: Allaha and olsun ki, evlərində döyüş aparılmış bütün ümmətlər məğlub olublar. Başqa bir xütbədə isə belə buyurur: Xar və zəif adam heç vaxt zülmün qarşısını ala bilməz və haqq yalnız səy və çalışqanlıqla əldə edilər.

  
Haqq alınmalıdır, yoxsa verilməli?  

Əcnəbilər deyirlər ki, haqq alınmalı bir şeydir. Haqqın alınmalı və ya verilməli olması mühüm məsələlərdəndir. Yəni, sual budur ki, insanlar haqqı öz istək və razılıqları ilə sahibinə verməlidirlər, yoxsa haqq sahibi onu özü tələb edərək almalıdır? Bəzi məktəblərin fikri budur ki, haqq verilməlidir, yəni zalım aldığı haqqı öz sahibinə qaytarmalıdır. Amma əgər qaytarmasa heç nə etmək lazım deyil, çünki haqq alınmalı deyil, verilməlidir. Xristianlıq bu əsasda qurulub. Onlar deyirlər ki, biz zalıma sənin haqqını qaytarmalı olmasını deyəcəyik, sənin onunla işin olmasın. Ey haqqı tapdanmış şəxs! Biz, zalıma sənin haqqının qaytarılmasını tövsiyə edərək ondan xahiş edəcəyik. Sən heç vaxt öz haqqını almaq üçün qiyam və üsyan etməməlisən. Çünki bu insanlıq və əxlaqa yaraşmayan bir işdir. Bunların fikrincə haqq verilməlidir.

 

Digər bir qrup isə haqqın yalnız alınmalı olmasını deyir. Onlar deyirlər ki, məgər kimsənin haqqını qəsb etmiş şəxsin gəlib həmin haqqı qaytarması mümkündürmü? Bu fikir sahibləri insanlıq hissləri və vicdan məsələsini inkar edirlər.

 

İslam baxımından isə haqq həm alınmalı və həm də verilməlidir. Belə ki, bu məktəb baxımından haqqın əldə edilməsi üçün ikitərəfli mübarizə aparmaq lazımdır. İslam özünün təlim-tərbiyə üsuslları ilə kiminsə haqqını qəsb etmiş şəxsi haqqı qaytarmağa hazırlayır və bu işdə müəyyən qədər uğur da qazanıb. Amma bununla kifayətlənməyərək haqqı yeyilmiş şəxsə deyir ki, haqq alınmalıdır və sən öz haqqını əldə etmək üçün qiyam edərək onu geri almalısan.

 

Əli (ə) özünün Malik Əştərə olan məşhur məktubunda peyğəmbərdən bir cümlə nəql edib. Əmirəl-möminin buyurub: Mən Peyğəmbər (s)-in dəfələrlə bu sözləri dediyini eşitmişəm: Heç bir ümmət, zəifləri güclülərdən haqqını dili pəltək vurmadan (cəsarətlə) almaq mərhələsinə çatmayınca müqəddəs sayılaraq sitayiş edilməz. (Yəni yüksək məqamlara çatmaz). Məqsəd budur ki, islam, öz haqqını tələb edə bilməyən zəifi qəbul etmir. Zəifləri öz haqlarını tələb edə bilməyən və bu qədər xar olan cəmiyyət, islam cəmiyyəti deyil.

 

Bizim böyük şəxsiyyətlərimiz necə olublar? İslam Peyğəmbəri (s) necə adam olub? Peyğəmbərin xüsusiyyətlərindən biri onun ruhi və cismi güc və qüvvətə malik olmasıdır. O həzrətin ruhi və mənəvi gücünü onun həyat tarixi göstərir.

  
Peyğəmbərin (s) ruhi və cismi gücü 

Məhəmməd yenidən tanınmalı olan peyğəmbər adlı kitabın müəllifi rumuniyalı Konstan Virjil öz kitabında iki mətləbi çox gözəl canlandırıb. Əlbəttə bu kitabda zəif nöqtələr çoxdur və bu, onun bütün tarixi sənədlərdən lazımı dərəcədə baş çıxarmamasından irəli gəlir. Onun çox yaxşı təsvir etdiyi iki şeydən biri Peyğəmbərin (s) yaşadığı cəmiyyətdəki mövqeyidir. Peyğəmbər (s) elə bir şəraitdə yerləşmişdi ki, onun siyasi-ictimai baxımdan heç bir ümid yeri yox idi və bütün şərait ona qarşı idi. Onunla qələbə arasında bir tük qədər də olsun, bağlılıq yox idi. Amma o həzrət heç vaxt öz iradəsini əldən vermirdi. Peyğəmbərin iradəsi bütün hallarda bir zərrə belə titrəməyən dağ kimi idi. Doğrudan da Peyğəmbərin (s) həmin 23 il ərzində ruhiyyəsi çox maraqlıdır. İnsan həmin dövrün tarixini oxuyanda heyrətə gəlir. Peyğəmbərin (s) zamanında yaşamış Həssan ibni Sabitdən olan bu misrada doğrudan da çox düzgün deyilib:

 

 

Ləhu himəmun la muntəha likibariha

 

Və himmətuhus-suğra əcəllu minəddəhri.

 

 

Yəni: Onun böyüklüyünün sonu olmayan himmətləri var; ən kiçik himməti isə zəmanədən böyükdür.

 

Bundan əlavə Peyğəmbər (s) zahiri və fiziki qüdrət baxımından da qüvvəli adam olub. Onun bədəni qəhrəman və igid pəhləvan kimi olub. O, güclü və şücaətli olub. Kök və ya arıq deyil, ortabab olub. Bədəni əzələli olub. Əzələdən məqsəd budur ki, o həzrətin bədəni idmançı bədəni kimi olub. Ümumiyyətlə o həzrətin şücaəti o dərəcədə olub ki, Əli (ə) bu barədə belə buyurub: Biz, çətin vəziyyətlərdə Peyğəmbər (s)-ə pənah aparırdıq.

 

Mən 1966-cı ildə ilk dəfə olaraq Məkkəyə getmişdim. Həmin vaxt Məkkədə maraqlı və təəccüblü bir yuxu gördüm. Mən yuxuda Peyğəmbəri (s) arxadan gördüm; onun çox təəccüblü bədəni var idi və elə yuxudaca Əmirəl-möminin Əli (ə)-ın həmin cümləsini xatırladım. Öz-özümə dedim ki, Əli (ə) boş yerə belə deməyib: Biz çətin vəziyyətlərdə Peyğəmbərə (s) pənah aparırdıq.

 

Bəli, Peyğəmbər (s) şücaətli və güclü olub, həmçinin güc və şücaəti də tərifləyib. Deməli, islamda güc və qüdrət təriflənib, yəni bu din, onları insan üçün lazımı dəyər kimi qiymətləndirib.

 

İndi qısa da olsa demək istəyirəm ki, güc və qüdrət islamda digər insani dəyərlərlə yanaşı dayanan bir dəyərdir və həmin dəyərlər hamısı birlikdə əl-ələ verərək islamın kamil insanını yaradırlar. Əlbəttə, bu barədə gələn söhbətlərimizdə geniş danışacağıq. Nitse bütün dəyərlər içərisində yalnız bu dəyəri görüb. Məlumdur ki, əgər ağacın bütün budaqlarını kəsərək yalnız bir budağını saxlasalar, həmin bir budaq inkişaf edər və digər budaqlar məhv olaraq aradan gedər. Nitse məktəbi ilə islam məktəbi arasındakı fərq budur ki, Nitse məktəbində insanlığın yalnız bir dəyəri var və o, güc və qüdrətdən ibarətdir. Deməli, digər dəyərlər məhv edilərək bu bir dəyərə qurban edilir. Amma islamda, qüdrət digər ali dəyərlərdən biridir. Bu dəyər, digər dəyərlərlə yanaşı gətirildikdə lazımı forma alır.

  
2. Qüdrət məktəbi nəzəriyyələrinin izah və tənqidi  
Məhəbbət məktəbi 5>

Həqiqətən, Allah [Quranda insanlara] ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara [haqqını] verməyi [kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı] buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!

 

(Nəhl-90).

 

Bizim, kamil insan mövzusunda olan keçən söhbətimiz qüdrət məktəbinin nəzərləri barəsində idi. Həmin söhbətimizdə qeyd etdik ki, bu məktəb baxımından kamillik güclülük, naqislik isə acizlik və zəifliklə bərabərdir. Bu məktəbdə hətta yaxşı və pis də bu meyarlarla ölçülür. Onlar deyirlər ki, yaxşı güc, yaxşılıq isə güclülük deməkdir və həmçinin pis aciz və zəif, pislik isə zəiflik mənasındadır.

 

Filosoflar adətən bu məsələni kamillik və naqislik, kəlam alimləri isə yaxşı və pis əsasında izah edirlər. Bu məktəbdə isə həmin şeylərin hər ikisini, yəni kamillik və naqisliyi, yaxşı və pisi güclülük və zəiflik meyarları ilə ölçüblər. Filosoflar kamillik və naqislik, bunlar isə kamillik qüdrət, naqislik isə zəiflikdir deyirlər. Kəlam alimləri yaxşı və pis, bunlar isə yaxşılıq güclülük, pislik isə zəiflikdir deyirlər. Bu məktəbdə haqq və batil, ədalət və zülm də bu meyarlarla ölçülür. Belə ki, onların fikrincə haqq güc və qüdrətdən, batil isə acizlik və zəiflikdən ayrılmazdır. Ədalət və zülm də belədir; ədalət güc və qüdrət, zülm isə zəiflikdir. Bu məktəbə əsasən, bir-biri ilə dava edən iki nəfərdən güclü olanı daha kamil və daha yaxşıdır və haqq-ədalət də onunladır. Məğlub olan şəxs isə məğlub olduğu üçün naqis, pis, batil və zalımdır; məğlub olmaq və zəiflik naqislik, pislik, haqsızlıq və zalımlıqdır.

  
Qüdrət məktəbinin birinci iradı 5>

Bu məktəbdə iki səhv vardır. Səhvlərdən biri budur ki, bu məktəbdə qüdrətdən başqa bütün insani dəyərlərə göz yumulub. Qüdrətin insani dəyər, öz filosoflarımızın dili ilə desək, kamillik olmasında heç bir şübhə yoxdur. Şübhəsiz ki, kamal qüdrətlə deyil, qüdrət kamalla bərabərdir. Buna görə də bizim filosoflar vücudu vacib olan varlığın zatı barəsində onun sırf varlıq olması və sırf varlığın kamilliklə bərabərliyini isbat etdikdən sonra, kamilliklə bərabər olan hər bir şeyi dəlillə Allahın zatı üçün sabit edərək deyirlər ki, həmin kamilliklərdən biri də qüdrətdir. Elm, iradə, ixtiyar və həyat kamal olduğu kimi, qüdrət də öz-özlüyündə kamillikdir.

 

Buna görə də qüdrətin insan üçün kamal olmasında şübhə etmək olmaz. Zəifliyi təbliğ edən zəiflik meylli məktəblər tamamilə səhv edirlər. Amma məsələ burasındadır ki, qüdrət Allah-taalanın zatında yeganə kamillik sifəti olmadığı kimi, insanda da təkcə kamal deyildir. Allah-taalanın zatının çoxlu kamillik sifətləri və gözəl adları vardır. Həmin kamillik sifətlərindən biri qüdrət, gözəl adlarından biri isə Qadirdir, yəni Allah-taalanın kamillik sifəti yalnız qüdrətdə bitmir. O, həmin sifətlərin yalnız biridir.

  
İkinci irad 5>

Bu məktəbin birinci səhvdən böyük olmasa da, ondan kiçik də olmayan ikinci səhvi qüdrətin özündədir. Bu məktəbdə digər kamal və dəyərlərə göz yumulmasından əlavə, qüdrət tərəfdarı olması iddiası etməsinə baxmayaraq, qüdrətin özü də yaxşı dərk edilməyib. Bu məktəb qüdrəti yalnız bir dərəcədə təsəvvür edir və onun tanıdığı həmin bir dərəcə heyvanın əzələlərində olan fiziki gücdən ibarətdir. Heyvanın bütün qüdrətləri onun əzələ gücündə tamamlanır. Yəni onun yeganə qüdrəti əzələlərindəki gücüdür və heyvanın bütün istəkləri nəfsani istəklərdir. İnsanın əhəmiyyəti bundadır ki, onda əzələ gücündən başqa, digər bir qüdrət mənbəyi də vardır. Belə ki, bizim məktəbin qüdrət məktəbi olmasını fərz etsək də belə, onun nəticəsi Nitsenin gəldiyi insan qüdrətə tabe olmalıdır, qüdrət əldə etməyə çalışın, qüdrət əldə etdikdən sonra hər bir zəifin başından vurun, nəfsinizi əzizləyin və onunla müxalifət etməyin, bacardıqca dünyanın maddi ləzzətlərindən bəhrələnin və bu kimi digər nəticələri vermir. Xeyr! Ümumiyyətlə qüdrətin özünün nəticəsi də bunlar deyil.

  
Yerli və yersiz qayğılar 5>

İndi isə sizin üçün Sədinin bir şerini və Quranın bir ayəsini oxuyacağam. Sədinin şeri budur:

 

 

Tərəhhom bər pələnge tizdəndan

 

Setəmkari bovəd bər qusfəndan.

 

 

Yəni: İti dişli pələngə rəhm etmək, qoyunlara zülm etmək deməkdir.

 

Sədi bu şerdə deyir ki, bir sürü qoyunu yırtmış canavarı tutub öldürmək istəyəndə ürəyi yumşalaraq canavara yazığı gələn şəxs, digər bir mənada daşürəklilik və rəhimsizlik etdiyini başa düşməlidir. Əlbəttə bu bir məsəldir. Onun məqsədi budur ki, zalım insana rəhm etmək məzlum insanlara zülm etmək deməkdir. Adətən zəif insanlar zalımlara rəhm edirlər.

 

Əvvəldə qeyd etdiyim Quran ayəsi isə zinakar kişi və arvad barəsindədir. İslamda, evli kişinin zina etməsinin cəzası daşqalaqdır. Zinakar ərli arvadın da cəzası belədir. Quran buyurur ki, zina etmiş həmin şəxsləri cəzalandırın və bir qrup mömin mütləq bu cəza mərasimində iştirak etsin. Belə yerlərdə bir də görürsən, cəmiyyətin ümumi və yüksək mənafelərini fikirləşməyən zəif ruhlu insanlar hissə qapılaraq həmin şəxslərin cəzalandırılmamalarını və ya edam edilməmələrini istəyirlər. Bir də görürsən ki, onlar bunlara yazığınız gəlsin; bu işi görməməyiniz yaxşı olar kimi ifadələr işlədirlər. Quran buyurur: ...Allahın dini barəsində [bu işin icrasında] ürəyiniz onlara yumşalmasın... (Nur-2). Bəli, bura ilahi cəzalandırma yeridir; ilahi qanunlar bəşəriyyətin ümumi mənafelərini nəzərə almaq əsasında və ona uyğun şəkildə tənzim edilib, bura ürəyiyumşaqlıq yeri deyil. Belə yerdə ürəyiyumşaq və atifəli olmaq, cəmiyyətə qarşı zülm və daşürəklilikdir.

 

Bu gün də bir çoxları eyni ilə həmin mətləbi təkrar edərək deyirlər ki, edam nə deməkdir? Edam qeyri-insani cəza növüdür! Cinayətin növündən asılı olmayaraq, cinayətkar edam edilməməlidir! Bu fikrə malik olan insanlar öz sözlərinin izahında deyirlər ki, cani islah edilməlidir. Əcəb ikibaşlı və müəmmalı söz danışıblar!!

 

İnsanların islah edilməsinin zəruriliyində heç bir şəkk-şübhə yoxdur. Amma onlar cinayət törətməzdən əvvəl islah edilməlidirlər və onlara bu cinayətləri törətmək icazəsi verilməməlidir. Məsələ burasındadır ki, əgər cəmiyyətlərdə ya tərbiyə üsulları kifayət qədər deyil və ya nəinki islahedici amillər yoxdur, əksinə fəsad və pozğunçuluq amilləri mövcuddur və yaxud da islahedici amillər kifayət qədərdir, amma cəmiyyətlərdə həmişə mövcud olan azdırıcı ünsürlər cinayətə əl atırlar. Bunlarla necə davranmaq lazımdır? Edam cəzası ləğv edilən kimi, tərbiyə üsullarının olmaması və ya kifayət etməməsi ucbatından mövcud olan islah edilməmiş canilər və bütün şəraitlərdə cinayətkarlıq ruhuna malik olan qruplar amansız cinayətlərə əl atacaqlar. Biz bu gün qoy cani cinayət törətsin, sonra gedib onu islah edək mənasını verən, cinayətkarı islah etmək lazımdır bəhanəsi ilə mövcud canilərə yaşıl işıq yandırırıq və bizim bu işimiz onları cinayətə təşviq edir. Çünki cinayətkar öz-özlüyündə fikirləşir ki, yaşadığım cəmiyyət indiyə kimi məni islah etmək fikrinə düşməyib; uşaqlıqda atam, böyüyəndən sonra isə heç kəs mənim tərbiyəmlə məşğul olmayıb, bəs biz cinayət törədək və bizi həbsxanaya aparsınlar, bəlkə orada bizi tərbiyə və islah edələr və orada adam olaq. Deməli, islah olunmağımıza hazırlıq məqsədi ilə bir cinayət törətməyimiz lazımdır!

 

Başqa birisi isə belə deyir: Oğrunun əlini kəsmək nə deməkdir?! Bu qeyri-insani bir şeydir və adamın qəlbini riqqətə gətirir!

 

Dar düşüncəli adamlar bu cür sözlər danışaraq etiraz edirlər. Siz qəzetlərin hadisələr səhifəsinə baxsanız oğurluq nəticəsində cəmiyyətə nə qədər maddi xəsarətlər vurulmasından əlavə, nə qədər cinayətlərin törənməsi və günahsız adamların öldürülməsinin şahidi olarsınız. Əgər oğru vaxtında cəzalandırılsa və o, bilsə ki, yaxalandığı təqdirdə törətdiyi cinayətə görə dörd barmağı kəsiləcək və bu cinayətinin nişanəsi ömrünün axırına kimi onun bədənində qalacaq, heç vaxt oğurluq etməz. And içirəm ki, bir neçə oğru, bəlkə hətta bir oğru bu cür cəzalandırılsa, oğurluğun qapısı bağlanar.

 

Əlli-altmış il bundan əvvəl Məkkəyə getmiş hacılar bilirlər və bəlkə də həmin vaxt həcc ziyarətinə getməyənlər də Səudiyyə Ərəbistanında oğurluğun necə geniş yayıldığını eşidiblər. O zamanlar maşın və təyyarə olmadığı üçün həcc karvanları at, dəvə və bu kimi heyvanlarla yol gedirdilər. Onlar silahlanmalarına və özləri ilə mühafiz aparmalarına baxmayaraq, həmin yolu iki min nəfərdən az adamla getməyə cürət etmirdilər. Elə bir il olmurdu ki, yolkəsənlərin həmin karvanlara hücum edərək nə qədər adam öldürmələri, onların mallarını oğurlamaları və hətta özlərindən nə qədər adam öldürülməsi barəsində xəbərlər eşidilməsin. Bu cür basqınlarda həmin oğruların ölmələri ehtimali və fərzi olduğu üçün, onlar oğurluq etməkdən çəkinmirdilər. Səudiyyə dövləti həddindən artıq pis xüsusiyyətlərə malik olmasına baxmayaraq, dünyada heç olmasa bu bir işi çox yaxşı gördü, yəni oğruların barmaqlarını kəsməyə başladı. Bəlkə də hər il yüzlərlə oğru və hacı öldürülürdü, amma bunun heç bir təsiri yox idi. Ərəbistanlı dövlət məmurları oğruları Ərəfat, Mina və ya bu kimi digər izdihamlı yerlərə, yəni bütün hacıların toplaşdıqları yerlərə gətirir və onların barmaq və ya əllərini kəsirdilər. Onlar bu işi bir neçə dəfə təkrar etdilər. Bir də gördülər ki, yolkəsənlər, azğınlıq və ya yoxsulluq ucbatından oğurluq edən digər dəstələr bu işlərindən əl çəkdilər və ümumiyyətlə oğurluq hadisələri yığışdırıldı. Bundan sonra həmin ölkədə bəzən zəvvarların çamadanı və ya başqa bir şeyi yerə düşür, amma üstündən neçə gün keçməsinə baxmayaraq heç kəs onu götürməyə və hətta ona əl vurmağa cürət etmir və axırda sahibi gəlib öz malını tapırdı. Bu vəziyyətin yaranması cəzanın vaxtında və yerində icra edilməsi nəticəsində hasil olmuşdur. Quran buyurur: Allahın dini barəsində [bu işin icrasında] ürəyiniz onlara yumşalmasın...

 

Deməli bu növ ürəyiyumşaqlıq, rəhm və atifə qeyri-məntiqi, yəni rəhm formasında olan daşürəklilik və zülmdür. Başqa sözlə desək, bu iş birinə rəhm, digərinə isə zülmdür. Bu növ rəhm və mərhəmət nəfsani istək və şəhvətlər müqabilində müqavimət göstərmək kimi, müəyyən bir qüdrət sayılmamalıdır.

 

Buna görə də həmişə qüdrətdən dəm vuraraq ondan tam bəhrələnən və öz zəif nöqtələrini gizlədən şəxsin üstün və kamil insan olmasını iddia edən qüdrət məktəbi, qüdrətin özünü belə düzgün tanıyaraq dərk etmyib və onun həqiqətini anlamayıb.

  
Hədislər baxımından həqiqi qüdrət 5>

Qüdrət insanın başqalarının köməyinə tələsməsidir. Qüdrətli ruh öz övladlarına belə buyurur: Zalıma düşmən, məzluma arxa ol! Əli (ə) əziz övladları imam Həsən və imam Hüseyn (ə)-a belə buyurub: Ey mənim övladlarım! Sizin güc və qüdrətiniz həmişə məzluma köməyə, zalımla döyüşə tələssin. Bu iş qüdrət nişanəsidir. Məsələ burasındadır ki, Nitsenin təklif etdiyi kin bəsləmək, həsəd, bədxahlıq və bu kimi xüsusiyyətlərin hamısı zəiflikdən yaranır. Həmişə başqalarından intiqam almaq istəyən, başqalarının pisliyini arzulayan və başqalarını incitmək istəyən şəxsin bu işləri, Nitsenin dediyi kimi qüdrətdən deyil, zəiflikdən yaranır. İnsan nə qədər çox güclü və qüdrətli olsa, onun başqalarına qarşı kin və həsədi az olar. Sizə imam Hüseyn (ə)-dan bir cümlə nəql edim. O həzrət buyurub: Qüdrət, kini aradan aparır. Bu, çox maraqlı cümlədir və çox dəqiq psixoloji mülahizələr üzərində qurulub. Bəli, qüdrət kini aradan aparır, yəni insan özündə güc və qüdrət hiss etdikdə başqalarına qarşı kin bəsləmir, əksinə zəif adam həmişə qəlbində kin saxlayır və başqalarına qarşı həsəd aparır.

 

İndi isə Əli (ə)-dan qeybət barəsində bir cümlə nəql edirəm. Əli (ə)-dan soruşurlar ki, qeybət edənlər, ürəkləri həmişə onun-bunun dalınca danışmaq istəyən və başqalarının dalınca pis sözlər danışmaqdan ləzzət alanlar kimlərdir? O həzrət buyurur: Aciz, zəif və bacarıqsız insanlar! Qeybət aciz adamın son cəhdidir. Güclü və qüdrətli insan və ruhunda güclülük hiss edən şəxs qeybət etməkdən utanır və o, bu işi alçaq və zəif adamların işi hesab edir. Güclü insan başqalarının qeybətini etmək və ya eşitmək istəmir. Əli (ə) qeybətin zəifliyə əsaslandığını bildirərək deyir ki, güclü və qüdrətli insan, güclü ruh sahibi heç vaxt qeybət etmir.

 

Əli (ə) hətta zinanın səbəbinin də zəiflik olmasını bəyan edib. O həzrət buyurub: Qeyrətli şəxs heç vaxt zina etməyib. Yəni dünyada bir damla qeyrəti olan adam heç bir qadınla zina etməz, başqalarının namusuna xəyanət əli uzatmaz, yalnız qeyrətsiz adam özündə zəiflik hiss edər. Yəni o, elə adamdır ki, birdən başqaları onun namusuna toxunsalar belə, onun tükü tərpənmir. Bəli, zina edənlər ancaq qeyrətsizlərdir, qeyrətli adam heç vaxt zina etmir.

 

Nitse bu qüdrətlərin heç birini tanımır. Onun fikrincə qüdrət yalnız güc və zor, yəni silah və dəmirə malik olmaq və onları onun-bunun başına vurmaqdır. Üstün insan, böyük bir heyvan, yəni qolunun gücü çox olan şəxsdir. O, ruhun güc və qüdrətindən tamamilə xəbərsizdir və bu barədə heç nə bilmir. Deməli islamda, qüdrətin dəyər, insani kamal və kamil insan çöhrəsinin cizgilərindən olmasında heç bir şübhə yoxdur. İslam zəif insanı bəyənmir. Üsuli-kafi kitabının 5-ci cildinin 59-cu səhifəsində nəql edilmiş hədisdə deyilir: Alahın zəif mömindən xoşu gəlmir.

 

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, birincisi, islam, qüdrəti insan üçün yeganə dəyər hesab etmir və onunla yanaşı digər dəyərlərə də diqqət yetirilməsini vurğulayır; ikincisi, islamın qüdrət ifadəsi ilə Nitse, səfsətəçilər, Makyavel və başqalarının işlətdikləri qüdrət kəlməsi arasında fərq vardır. İslam insanda elə qüdrətləri tanıyır və onları gücləndirərək təhrik edir ki, onların nəticəsi Nitsenin dediyi nəticələrdən başqa bir şey olur. Onun nəticəsi cəmiyyətin xeyrinə olan şeylərdir.

 

Nitse deyir ki, insanın ürək yanğısı onun zəifliyindəndir. Ona demək lazımdır ki, söhbət ürəyiyanmaq zəiflikdəndir deyil, səxavətlilik, xeyirxahlıq və faydalılıqdan gedir. Nə üçün məsələyə bu tərəfdən baxmırsan, cənab Nitse?! Həmin sözlərini bu cür de: Qüdrətli adam başqalarına xeyir yetirir, yoxsa zəif? Xeyir və fayda vermək qüdrətdəndir, yoxsa zəiflikdən? Bəli, xeyir və fayda vermək zəiflik deyil, qüdrətdəndir.

 

İndi isə digər bir məktəbdən danışaq.

  
Məhəbbət məktəbi 

Daha çox Hindistanda, bir az da xristianlar arasında təbliğ edilmiş digər bir məktəb isə məhəbbət məktəbidir. Əlbəttə xristianlar öz məktəblərini məhəbbət məktəbi adlandırırlar, amma dediyimiz kimi, onların məhəbbət məktəbində elə yerlərə çatılıb ki, onları məhəbbət deyil, zəiflik məktəbi və zəifliyi tərifləyənlər adlandırmaq lazımdır. Amma hindistanlıların məktəblərini məhəbbət məktəbi adlandırmaq olar. Məhəbbət məktəbi nədir?

 

Məhəbbət məktəbi insanın kamlliyini xalqa xidmət və onlara məhəbbət göstərməkdə görür, yəni onlar Nitse məktəbinin tam əks nöqtəsində dayanırlar. Onlar Nitse rədd edən şeylərin tam əksini deyirlər. Bu məktəbin tərəfdarları deyirlər ki, kamil insan Allah bəndələrinə xeyir verən insandır və ümumiyyətlə insanlıq xalqa xeyir verməkdən ibarətdir. İndi də əcnəbi məktəblərdə insanlıq və humanistlik deyiləndə, xalqa xidmət və məhəbbət göstərmək nəzərdə tutulur. Amma dediyimiz kimi, əcnəbilərin özləri əməldə bu sözlərə riayət etmirlər. Qəzet və ju allar da filan şey insanidir və ya insani deyildir deyəndə, ondan başqa heç bir şeyi nəzərdə tutmurlar. Onların filan şey insanidir demələrinin mənası budur ki, həmin şey Allah bəndələri baxımından xeyirlidir, filan şey insani deyilin mənası isə onun xalqın xeyrinə olmamasıdır. Deməli, onların fikrincə, insanlıq xalqa və Allah bəndələrinə xidmətdən başqa bir şey deyildir. Bəzən bizim şairlərimizin sözlərində də bu cür mübaliğələr edilib. Məsələn, Sədi deyir:

 

 

İbadət becoz xedməte xəlq nist

 

Be təsbiho səccadevo dəlq nist.

 

 

Yəni: İbadət təsbeh, səccadə və zahid paltarı ilə deyil, xalqa xidmətlədir.

 

Əlbəttə Sədinin burda məqsədi başqa şeydir. O, bu şerində yeganə işi təsbeh çevirmək, səccadə salmaq və dərviş paltarı geyinmək olan və xeyirli işlərdən heç bir şey anlamayan sufiləri nəzərdə tutub. Sədi özü dərviş olmasına baxmayaraq, xalqa xidmətdən heç nə anlamayan dərvişlərə xitab edib. Amma mübaliğə edərək deyir: İbadət xalqa xidmətdən başqa bir şey deyildir.

 

Bəzən də başqaları həmin mətləbi ayrı ibarətlərlə deyir, amma bunlar səhv ifadələrdir. Onlardan biri də bu ifadədir: Şərab iç, minbəri yandır, amma mərdimazarçılıq etmə!

 

Onların fikrincə dünyada ancaq bir pislik var və o da mərdimazarçılıqdır. Həmçinin yalnız bir yaxşılıq mövcuddur və o da xalqa yaxşılıq etməkdən ibarətdir. Məhəbbət məktəbinin sözü budur ki, yeganə kamal, dəyər və yaxşılıq xalqa xeyir yetirmək və yeganə naqislik və pislik isə xalqı incitmək və mərdimazarçılıqdır.

  
Məhəbbət məktəbinin iradları 

Məhəbbət və xidmət məktəbinin də iki iradı vardır. Əlbəttə məqsədimiz məhəbbətdən yaranan xidmətdir. Xidmət və məhəbbətin insani dəyərlərdən olmasında heç bir şəkk-şübhə yoxdur, amma onlar, insani dəyərlərdən yalnız biridirlər. Qüdrət məktəbinə edilmiş iki irad bu məktəbə də aid edilib.

 

İradlardan biri budur ki, məhəbbət məktəbi də təkdəyərlidir, yəni bütün dəyərləri buraxaraq bir dəyərə, yəni xidmət və məhəbbətə yapışıb. Məhəbbət, insan üçün kamillikdir; həddindən artıq feyz və bərəkət yetirmək kamaldır. Filosofların sabit etdikləri kimi, çox feyz yetirmək, səxavətlilik və bağışlamaq kamillik sifətlərindəndir və onlar, Allah-taalanın da zati sifətlərindən sayılır. Buna görə də vücudu vacib olan uca varlıq tam feyz və bərəkət yetirəndir. Bəs bu məsələdə heç bir şəkk-şübhə yoxdur. Məhəbbət məktəbi tərəfdarlarının səhvi budur ki, onlar, digər dəyərləri unudaraq, xalqa xidmətdən başqa heç nəyin olmaması və insanlığın yalnız bu dəyərdən ibarət olmasını vurğulayıblar. Qüdrət məktəbinin mühüm səhvi qüdrəti düzgün tanımaması, onun yalnız qol gücündən ibarət olmasını düşünməsi və ruhi qüdrətləri unutması olduğu kimi, xalqa xidmət məsələsində də çox-çox böyük bir səhvə yol veriblər və mən, həmin səhvi burada izah edəcəyəm.

 

Xalqa xidmət nədir? Xalqın nəyinə xidmət etmək lazımdır? Mənim, insanlıq yalnız xalqa xidmətdən ibarətdir deyən şəxslərə sualım var. Siz mənə, xalqın nəyinə xidmət etmək lazım olmasını izah edin. Ola bilər ki, siz Allah bəndələrinin qarınlarına xidmət etməyin lazım olmasını bildirirsiniz, yəni deyəcəksiniz ki, Allah bəndələri acdırlar və onların qarınlarına xidmət etmək lazımdır. Ac insanların qarınlarının doyuzdurulmasını lazımı məsələlərdən olmasında şəkk-şübhə yoxdur. Allah bəndələrinin bədənlərinə də xidmət etmək lazımdır. Əgər çılpaqdırlarsa geyindirilməli, isti-soyuqdan qorunmalı, mənzillə təmin edilməli və azadlıqları yoxdursa, onlara azadlıq verilməlidir. Bəli bunların hamısı düzdür və bunlar xalqa xidmətdir. Amma burada ortaya belə bir sual çıxır ki, son nəticə nədir? Bizim Allah bəndələrinin ancaq ehtiyaclarını ödəməyimiz yaxşı və xeyirli əməldir? Əgər Allah bəndələri özləri-özlərinə xidmət etmirlərsə və özləri özlərinə düşməndirlərsə, yəni nadanlıq ucbatından elə əməllər edirlər ki, özləri özlərinin bir nömrəli düşmənidirlərsə və səadət yolu deyil, bəşəriyyətin bədbəxtliyi yolunda hərəkət edirlərsə biz, yenə də gözümüzü yumaraq Allah bəndələrinə xidmət etmək lazımdır; bizim başqa şeylə nə işimiz var? Biz qarınları doyuzdurmalıyıq! deməliyikmi? Bizim, qarını doyanın hansı yolla getməsi, hansı hədəf və məqsədə qulluq etməsi və indi hansı yolda olması ilə nə işimiz var? deməyimiz düzdürmü? Bizim yol və hədəflə işimiz olmamalıdırmı? Ancaq qarın tox olmalı və bədən örtülməlidir? Yaxud insanlara xidmət, insanlığa xidmət şərti ilə olmalıdır, yəni insani dəyərlərə xidmət edilməlidir? Bəli, məsələ elə buradadır. Allah bəndələrinə xidmət o vaxt insani dəyərə malikdir ki, o, digər insani dəyərlər istiqamətində olmuş olsun. Xalqa xidmət digər insani dəyərlər istiqamətində olmasa, bir qara pul qədər də dəyərə malik deyildir.

  
Ekzistansializm məktəbi nəzəriyyələrinin izah və tənqidi 

Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə [axirət üçün özünə nə hazırladığına] nəzər salsın. Allahdan qorxun! Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!

 

Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu [xeyirlərini başa düşməyən] kimsələrə bənzəməyin! Onlar [Allahın itaətindən çıxmış] fasiqlərdir!

 

(Həşr 18-19).

 

Keçən söhbətlərimizin sonunda digər bir məktəbə, daha doğrusu ən müasir məktəbə və onun kamil insan barəsindəki nəzəriyyələrinə toxunduq. Bu məktəb insanın kamillik meyarı, daha doğrusu insanın cövhəri və insani dəyərlərin ən dəyərlisini azadlıq hesab edərək deyir ki, insan, bu dünyada azad yaradılmış yeganə varlıqdır. Yəni heç bir icbar və zərurət onu öz təsir altına almır. Keçmiş alimlərin dili ilə desək, insan yaradılış aləmində məcbur deyil, muxtar olan varlıqdır. Bəzilərinin dili ilə isə: İnsandan başqa hər nə varsa məcburidir, yəni bir sıra səbəb və amillərin icbari təsiri altındadır, amma insan məcbur deyil və onu heç bir səbəb və icbar idarə etmir.

  
Ekzistansializm məktəbində vücudun əsaləti 

Bu məktəbin dediyi digər bir mətləb də budur ki, bu dünyaya azad və muxtar gəlmiş insan, digər varlıqların əksinə olaraq xüsusi təbiətə malik deyildir. Dünyada, hər bir şey xüsusi təbiət və mahiyyətlə yaradılıb. Məsələn, daş daş xüsusiyyətinə malik olaraq yaradılıb və o, daş deyil, kəssək ola bilməz, pişik pişik təbiətli, at isə at təbiətli yaradılıb. Amma insan heç bir xüsusi təbiətə malik deyil və təbiəti onun özü, özünə verir. Azad və muxtar yaradılmış insanın azadlıq və ixtiyar dairəsi onun özünə təbiət və mahiyyət verməsi həddindədir. Buna vücudun əsaləti və ya vücudun mahiyyətdən önəmliyi deyilir.

 

Vücud və ya mahiyyətin əsaləti bizim işlətdiyimiz nisbətən qədim terminlərdəndir və onun ömründən, yəni məşhur filosof Molla Sədranın dövründən təqribən 350 il keçir. Amma filosoflar vücud və mahiyyətin əsaləti terminini təkcə bu barədə deyil, bütün şeylər barəsində işlədir və ondan vücudun əsaləti adı ilə terminalogiyaya daxil olmuş başqa bir məna nəzərdə tuturlar. Ekzistansialist məktəbinin, insan digər varlıqlardan xüsusi və müəyyən təbiətə malik olmaması və öz təbiətini özü müəyyənləşdirməsinə görə üstündür deyərək, vücudun əsaləti və ya vücudun mahiyyətdən önəmliyi adlandırdığı bu mətləb isə bizim fəlsəfə, xüsusilə Molla Sədra fəlsəfəsində başqa ibarətlər və çox möhkəm dəlillərlə bəyan edilib. Onlar isə bu mətləbi başqa yol və ifadələrlə sübut ediblər. İnsanın sabit təbiətə malik olmaması və onun özünün özünə təbiət verməsi də həqiqətdir.

 

Bizim dini mətnlərimizdə, keçmiş ümmətlərin öz mahiyyətlərini itirmələri, indiki insanların əxlaq və xüsusiyyətləri və ya onların qiyamətdə məhşərə çəkilmələri barəsində, yəni insanların hamısının məhşərə bir cür deyil, bəzilərinin insan, bəzilərinin isə heyvan sifətində gələcəkləri barəsindəki ifadələr də bu səbəbdəndir. Hamının insan doğulması və dünyaya insani fitrətlə gəlməsinə baxmayaraq, onun həyatın gedişində öz mahiyyətini dəyişərək heyvana çerilməsi mümkün bir şeydir. Bəli, bu bir həqiqətdir. Hər halda bu məktəbin əsas nəzəriyyələrindən biri, insanın muxtar və məsuliyyətli yaradılmasıdır ki, bu öz yerində düzgün bir anlayışdır.

 

Bildiyimiz kimi, müsəlmanlar arasında bir-birinə zidd iki qrup icbar və cəbrə inanan Əşairə, eləcə də tam azadlıq və ixtiyara etiqadlı olan Mötəzilə vardır. Şiə və Əhli-beyt məktəbi isə məsələnin bu iki əqidə arasında yerləşən orta mövqedə olduğunu deyir və nə Əşairənin icbar əqidəsini və nə də Mötəzilənin tam ixtiyar inamını qəbul edir. Ekzistansializmin tam azadlıq adlandırdığı şey Mötəzilənin dediyi mütləq ixtiyar məsələsidir. İslam baxımından icbar yoxdur, amma ixtiyar var. Bizim imamlarımız buyurublar ki, məsələn, nə bu günkü materialistlərin dediyi kimi icbardır və nə də ekzistansialistlərin dedikləri ixtiyar və azadlıq, həqiqət bu iki əqidə arasında yerləşən ixtiyar mövqeyidir. Deməli, insanın ixtiyar və azadlıq məsələsi, ona icbarın hakim olmaması və onun ixtiyarını əlindən almaması həddinə qədər düzdür. Həmçinin insanın canlı və ya cansızlığından asılı olmayaraq, bütün varlıqların əksinə olaraq sabit və dəyişməz təbiətə malik olmaması və onun, təbiətini özü formalaşdırması fikri də düzdür.

  
İnsan asılılığının nəticələri 

Bu məktəb azadlıq barəsində başqa bir mətləb də söyləyib. Onun insan azad və muxtar yaradılıb və hətta o, öz təbiətini özü təyin edir sözləri fəlsəfi azadlıq mənasındadır. Amma sonra belə deyir: Azadlığa zidd olan hər bir şey insanı insanlıqdan çıxarır və onu bu nöqtədən uzaqlaşdırır.

 

İnsan zatən azad yaradılıb. Bir sıra amillər, o cümlədən bağlılıq və asılılıqlar insanın azadlığını əlindən ala bilər. İnsan mahiyyətindən asılı olmayaraq, hər hansı bir şeyə bağlananda və ona təslim olanda insanlıqdan çıxır. Onlar həmin şəxsin insanlıqdan çıxmasının səbəbində deyirlər ki, hər hansı bir şeyə bağlanan insanın azadlığı əlindən çıxdığı üçün, o, insanlıqdan xaric olur. İnsan azad və sərbəst varlıqdır. Onun, özünü nəyəsə bağlaması, onun azadlıq və sərbəstliyini əlindən alır.

 

İnsanın müəyyən bir şeyə bağlılığının bir neçə zəruri və qaçılmaz nəticəsi var. Birincisi, insan pul və ya bu kimi digər bir şeyə bağlandıqda həmin şey insanın fikrini özünə cəlb edir və onun diqqətini özündən uzaqlaşdırır və nəticə insanın özünü unudaraq özündən qəflət etməsi və başqalarına diqqət yetirməsi olur. Bəli, insan bir şeyə bağlanan kimi, həmin bağlılıq onun sərbəstliyini əlindən alır və onun özünü özünə unutdurur və diqqətini həmin şeyə cəlb edir. Həmin insan heç vaxt özünü yad etmir və həmişə həmin istəyinin fikrində olur. Bu, insan üçün tənəzzülə uğramaqdır; o, insanın azadlıq və agahlığını əlindən alır və insan agah varlıq olmaq əvəzinə, qafil və nadan varlığa çevrilir. O, həmin şey barəsində nə soruşsanız cavab verər, amma özündən xəbərsiz olar.

 

Bağlılığın ikinci zəruri nəticəsi isə, insanın öz insani dəyərlərindən qafil olaraq məftun olduğu şeyin dəyərlərinə diqqət yetirməsidir. Pulpərəst adam üçün insani dəyərlər əhəmiyyətsiz olur və ümumiyyətlə onun özü, özünü dəyərləndirmir; şərəf, kəramət, azadlıq və bu kimi şeylər onun zehnində heç bir rol oynamır; onun üçün yeganə şey puldur. O, öz dəyərlərini deyil, pulun dəyərlərini əsas dəyər hesab edir. Onun öz qiymət və şərəfi tənəzzülə uğrayır və pulun dəyəri canlanır.

 

Üçüncü xislət, bir şeyə bağlılığın əsirliklə nəticələnməsidir. özünü bir şeyə bağlayan insan, mütləq, hərəkət və təkamüldən geri qalmalıdır. Çünki belə bir insan, ağaca və ya tövlədəki mıxa bağlanmış heyvan kimi, həmin şeyə bağlanmış olur. Əgər siz, bir insan, heyvan və ya maşını ağaca bağlasanız onu hərəkətdən saxlamış olursunuz; onu donduraraq ətalətdə saxlayırsınız.

  
Bu məktəb baxımından Allaha etiqad məsələsi 

Deməli, bu məktəb baxımından insanın cövhər və həqiqəti, insani dəyərlərin ən dəyərlisi, başqa sözlə desək, insani dəyərlərin anası azadlıq və ixtiyardır, insanlığını qorumaq və məhv olmaqdan saxlamaq istəyən şəxs isə azadlığını qorumalıdır. İnsanlığını qorumaq istəyən adam ay üzlü nigara bağlılıq və haqq aşiqi olmaq məsələlərini yığışdırmalıdır.

 

Bu məktəb deyir ki, insan tam azad olmalıdır. Buna görə də, ekzistansializm məktəbi nəzəriyyələrinin çoxu dialektik materializmlə zidd olmasına baxmayaraq, onun davamçılarının bir qrupu Allaha inamın iki baxımdan bu məktəblə düz gəlmədiyini vurğulayırlar. Həmin iki səbəbdən biri budur ki, Allaha inam ilahi təqdirə, ilahi təqdir isə icbara və insanın sabit təbiətə malik olmasına etiqad bəslənilməsini tələb edir. Çünki Allah varsa, insan Onun elmində müəyyən təbiətə malik olmalıdır və həmçinin Allahın olması insana ilahi təqdir və onun nəticəsində yaranan icbarın hakim olmasına səbəb olur və nəticədə azadlıq və ixtiyar aradan götürülür. Buna görə də biz azadlığı qəbul etdiyimiz üçün Allahı qəbul etmirik.

 

Digər səbəb isə budur ki, Allaha inamın azadlığa inamla zidd olması nəzərə alınmasa belə, həmin inam Allaha iman gətirilməsini tələb edir və bu imanın mənası Allaha bağlanmaq deməkdir, halbuki bağlılıq malik olduğu formadan asılı olmayaraq, insan azadlığına ziddir. Xüsusilə Allaha bağlılıq daha kəskindir, çünki bu bağlılıq bütün bağlılıqların başındadır. Şair demişkən:

 

 

Mən bəsteye to həstəm mohtace bəstəni nist

 

Əhdi ke ba to bəstəm hərgez şekəstəni nist.

 

 

Yəni: Mən sənə bağlıyam, bağlanmaq üçün başqa şeyə ehtiyac yoxdur; səninlə bağladığım əhd heç vaxt sınmaz.

 

Allaha olan bağlılığı heç bir şəkildə sındırmaq olmaz. Buna görə də bu məktəb insanın kamilliyini onun azadlığında görür.

 

Bu məktəb barəsində iki cəhətdən danışmaq olar: Birincisi, onların Allaha inamı, azadlıq və ixtiyara zidd hesab etmələridir. Bu, onların səhvlərindən biridir. Biz Materializmə yönəlmənin səbəbləri və İnsan və taleh kitablarında bu mətləbi izah edib məsələnin onlar deyən kimi olmamasını bildirmişik. Onlar ilahi təqdir barəsində qoca qarılar kimi fikirləşirlər. Bəli, onlar bu məsələni düzgün dərk etməyiblər, çünki islam maarifində olan ilahi təqdir məsələsi azadlıq və ixtiyarla heç cür zidd deyildir. Söhbətimizin əsas mövzusu bu məsələ olmadığı üçün onun haqqında çox danışmaq istəmirəm. Bizim söhbətimiz, ikinci hissə barəsindədir.

 

Bu məktəbin ikinci iradı bütün bağlılıqlar insan azadlığına ziddir, hətta həmin bağlılıq Allaha bağlılıq olsa belə! deməsidir. Mən burada bir müqəddimə gətirmək istəyirəm.

  
Kamillik özdən özə olan hərəkətdir 

Təkamül yolunda hərəkət edən bir varlıq təsəvvür edin. Məsələn, torpaqdan göyərərək inkişaf edib gül açan bir bitkini təsəvvürünüzdə canlandırın. Yaxud bir heyvanın yaranmasına səbəb olan və əvvəldən heyvan olana kimi mərhələləri keçən hüceyrə, yəni zəif vəziyyətdən başlayaraq ən yüksək təkamül mərhələsinə çatan varlıq haradan-haraya hərəkət edir? O, özündən başlayıb qeyri bir varlıq olmağa doğru hərəkət edirmi, yəni yad bir şeyə çevrilirmi?

 

Başqasından özünə doğru hərəkət edirmi? Başqasından başqasına doğru irəliləyir, yoxsa özündən özünə doğru gedir? Onun özündən başlayıb qeyrisinə doğru hərəkət etməsini deməyin mənası budur ki, o, nə qədər ki, hərəkət və inkişaf etməyib özü olur, amma hərəkətə başladıqdan sonra özünə yadlaşaraq özündən ayrılır və bundan sonra özü olmur. Keçmiş filosoflardan bəziləri deyiblər ki, hərəkət qeyriliyin yaranmasıdır, yəni hərəkət başqalaşmanın özüdür. Əlbəttə bu səhv sözdür.

 

Məsələ budur ki, gül toxumu və ya insanın nütfəsi inkişaf etməyə başladığı ilk andan, kamilliyin son hədəfinə çatana kimi özündən özünə doğru hərəkət edir, yəni onun özü və gerçəkliyi bir həqiqətdir. Onun özü xüsusi olaraq, nə əvvəldəki, nə ortadakı və nə də sondakı vəziyyətdədir. Onun özü əvvəldən axıra kimi özüdür; o, axıra çatdıqca daha da özləşir, yəni onun özü daha kamil olur. Bəli, o, özündən özünə doğru hərəkət edir, amma naqis özdən kamil özə doğru! Həmin gül şüura malik olmamasına baxmayaraq, öz kamilliyinə doğru hərəkət edir. Görəsən həmin gülün şüuru olsaydı, bu kamilliyə eşq bəsləməyəcəkdimi? Bütün varlıqlar fitri olaraq öz kamilliklərinin aşiqidirlər; həmin gül də, cansız təbiət də öz kamilliyinin vurğunudur; bu məsələ, yəni kamilliyin aşiqi olmaq bütün varlıqlara aiddir. Buna görə də hər hansı bir varlığın özünün son kamalına bağlılığı Sarterin nəzərinin əksinə olaraq özünə yadlaşma deyil, özündə daha çox qərq olmaqdır! Yəni daha çox öz olmaqdır. Azadlığın insanın hətta öz kamilliyindən azad olması mərhələsinə çatması, yəni onun hətta özündən azad olması dərəcəsinə çatması, özünə yadlıq gətirir və bu, insanın kamilliyinə zidd olan azadlıqdır. Azadlığın insanın kamilliyinə də şamil olması, yəni həmin varlığın kamillik mərhələsini də əhatə edərək mən hətta öz kamillik və təkamül mərhələsində də azadam mənasını verməsi o deməkdir ki, mən özümdən daha kamiləm və mənim naqis özüm, daha kamil özümdən azaddır. Bu azadlıq, insanı özündən, onun öz kamilliyinə bağlılığından çox uzaqlaşdırır.

 

Bu məktəbdə insanın başqasına bağlılığı ilə özünə, yəni öz kamilliyinə bağlılığı arasında fərq qoyulmayıb. İnsanın özündən başqa digər bir yad zata bağlanmasını, onun mahiyyətinin dəyişməsinə səbəb olmasını biz də qəbul edirik. Dinlərdə, dünyanın maddi şeylərinə bağlılıq nə üçün bu qədər qadağan edilib? Çünki maddiyyat insana yaddır və doğrudan da insani dəyərlərin tənəzzülünə səbəb olur. Amma insanın son kamillik nöqtəsinə bağlılığı yad bir şeyə deyil, özünə bağlılıqdır. İnsanın özünə bağlılığı, onun özünə yadlaşmasına, biganəliyinə, özündən xəbərsizliyinə səbəb olmur və insanın öz dəyərlərini unutmasını tələb etmir, yaxud insan hərəkətinin dayanması və ətalətdə qalması ilə nəticələnmir, çünki hər hansı bir şey son hədəfinə bağlananda ona doğru tələsir və hərəkət edir.

  
Bu məktəbin insanın allahla əlaqəsi barəsindəki səhvi 

Cənab Sarter! Allah iki səbəbə görə insana yad deyil. Birincisi, insanın Allaha bağlılığı onun, öz zatına zidd və yad bir şeyə bağlılığı deyil və buna görə də insan Allaha bağlananda özünü unutmur. Çünki o, Allahı yadına salır. İslam fəlsəfəsində hər bir şeyin yaradıcı və vücuda gətirən amil və səbəbinin və hər bir şeyin zatının dayağının, yəni şeyin dayağı olan yaradıcı səbəbin həmin şeyə onun özündən yaxın olması çox aydın dəlillərlə bəyan və sübut edilib.

 

Quran buyurur ki, Biz sizə sizin özünüzdən də yaxınıq. Bizim sizə olan yaxınlığımız sizin özünüzə olan agahlığınızdan çoxdur və Bizim zatımız sizə, sizin özünüzdən də yaxındır. Quranın bu ifadəsi doğrudan da çox maraqlıdır. Hamı özünün özünə hamıdan yaxın olmasını deyir, amma Quran deyir ki, Allah hər bir şeyə onun özündən də yaxındır, çünki, Allah hər bir şeyə onun özündən daha çox özdür. Əlbəttə bu çox ali səviyyəli bir sözdür.

 

Əli (ə) buyurub: Allah şeylərdən xaricdə və onlardan ayrı deyil, amma eyni zamanda onların daxilində də deyil. Bu Nəhcül-bəlağənin istinad etdiyi mətləblərdən biridir.

 

İkincisi, Quranın insanın Allaha bağlı olmasını deməsinin səbəbi onun, Allahı insan hərəkətinin son nöqtəsi hesab etməsidir və o, insan yolunun ona tərəf getməsini bildirir. Deməli, insanın Allaha üz tutması, onun öz kamalına diqqətidir, yəni bu, həmin gül toxumunun öz kamilliyinin son nöqtəsinə diqqəti kimidir. İnsanın Allaha tərəf getməsi onun özünə tərəf, yəni naqis özündən kamil özünə doğru getməsidir.

 

Deməli, Allahı da digər şeylərlə müqayisə edən və insanın Allaha tərəf getməsini onun özünü unutması və hərəkətdən qalması hesab edən şəxs səhvə düçar olub.

  
İnsanın özündən və allahdan agahlığı 

Allah insana o qədər yaxındır ki, insanın Ondan agahlığı, eyni ilə özündən agah olmasıdır və insan Allahdan xəbərdar olanda özündən xəbərdar ola bilər. Kiminsə özündən xəbərdar olaraq Allahdan xəbərsiz və qafil olması qeyri-mümkündür. Quran buyurur: Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir! Bəli, Allahı unudan özünü unudub. İnsan Allahını tapanda özünü tapır, Onu unudanda isə özünü də unudur. Quran ekzistansializmin sözlərinin tam əksini buyurub. Onlar deyirlər ki, insanın diqqəti Allaha yönəldikdə o, Allahdan agah olaraq özünü unudur. Quran isə buyurur ki, insan yalnız Allahdan agah və xəbərdar olanda özündən xəbərdar ola bilər. Bu, Quranın ən ali və dəqiq insani və psixoloji mətləblərindəndir və doğrudan da çox heyrətləndirici bir məsələdir.

 

Quran deyir ki, insan bəzən özünü unudur. Bu ilahi kitabın buyurduğu mətləblərə əsasən, ən böyük məğlubiyyət və uduzmaq bütün pullarını, var-yoxunu və ya namusunu uduzmaq deyildir, ən böyük uduzan özünü uduzmuş şəxsdir. İnsan özünü uduzanda hər şeyini uduzmuş olur. Bəli, insanın özünü uduzması onun hər şeyini uduzması deməkdir.

 

İbadətin fəlsəfəsi nədir? İbadətin fəlsəfəsi insanın özünü tapmaq üçün Allahı tapmasıdır; Quranın buyurduğu kimi, özünü həqiqi mənada tapmaq və özündən xəbərdar olmaqdır. Bəşəriyyət bu mətləbi hələ ki, dərk edə bilməyib və bunu yalnız islam məktəbindən ilham alan şəxslər dərk ediblər. Siz əgər islam dünyasında Mühyiddin Ərəbinin peyda olaraq insanın özündən agahlığını təfsir etməsini görürsünüzsə və bu bəhsi ondan sonra Mövləvi və digər şagirdlərin davam etdirməsini müşahidə edirsinizsə, nəzərə almalısınız ki, onlar Qurandan altı yüz il sonra gəlib və bu ilahi kitabdan ilham alıblar. Əlbəttə onlar Qurandan altı yüz il sonra gəliblərsə də, müasir filosoflardan 700 il qabaq olmaq iftixarına da malikdirlər.

 

Mövləvi, insanın özünüdərk və şüurun ilahi agahlıqdan ayrı olmaması barəsində belə deyib:

 

 

İqtizayi can çe ey del agəhist

 

Hər ke agəhtər bovəd canəş qəvist.

 

 

O, bu şerdə deyir ki, ruh agahlıq deməkdir və kimin agahlığı çoxdursa, onun ruhu da güclüdür. İnsan ruhunun heyvan ruhundan güclü olmasının səbəbi onun daha çox agah olmasına görədir. O, şerin davamında mətləbi yavaş-yavaş dəqiqləşdirdikdən sonra deyir ki, insan Allahından xəbərdar olanda özündən də xəbərdar və agah olur!

 

Buna görə də onların, hər bir bağlılığı azadlığa zidd təsəvvür etmələrinə cavab olaraq demək lazımdır: Bəli, Allaha bağlılıqdan başqa hər bir bağlılıq azadlığa ziddir. Amma Allaha bağlılıq belə deyil, çünki o, insanın özünə kamil özə bağlılığıdır və azadlıq Allaha bağlılıqdan başqa heç bir şeylə yaranmır. Deməli, ilahi şüur və agahlıq insanın özündən daha çox agah olmasına səbəb olur və insan ibadətdə və təklikdə Allahın zikrində nə qədər çox qərq olarsa, onun Allaha olan diqqəti çoxalacaq və nəticədə özünü daha yaxşı tanıyacaq.

 

Bəzi böyük şəxsiyyətlər irfani agahlığa bu yollarla çatıblar. Təqribən əlli il bundan əvvəl Nəcəfi-əşrəfin böyük müctəhid və alimlərindən olan mərhum Hüseynqulu Həmədaninin şagirdi Mirzə Cavad ağa Məliki Təbrizidən bir neçə kitab yadigar qalıb. O, bu kitabların birində bir neçə müqəddimə gətirməklə insanın özündən agahlığını izah edərkən irfani agahlıq mərhələsinə, yəni insanın özünü tanıyaraq dərk etməsi bəhsinə çatanda deyir: Mən özündən agahlıq hissinə ilk dəfə yuxuda nail olan və həmin hissi oyaq olandan sonra da davam etdirən bir şəxs tanıyıram. Sonra isə həmin mətləbi öz kitabında müəyyən formalarla izah edir. Özündən agahlığın bu həqiqi forması ilahi agahlıqdan yaranmadır və o, həqiqi ibadətdən başqa heç nə ilə əldə edilmir. Psixoloq min il də tədqiqat aparsa, bu həqiqi özündən agahlıq düşüncəsinin nə olduğunu tapa bilməz.

 

Əli (ə)-ın çox heyrətləndirici bir cümləsi var. O həzrət buyurur: Mən, bir şey itirəndə həmişə onun dalınca gəzən, amma özünü itirməsinə baxmayarq, onu axtarmayan şəxsə təəccüb edirəm! O, nə üçün özünü axtarmır? Ey insan! Sən özünü itirdiyini bilmirsən? Get, özünü tap; bu sənin üçün itirdiyin digər şeylərdən daha qiymətli və dəyərlidir.

  
Bir neçə irada cavab 

Ekzistansialistlərin Allaha iman gətirmək insani dəyərlərin unudulmasına səbəb olur sözlərinin cavabında demək lazımdır ki, yad bir şeydə qərq olmaq insanın zati dəyərlərini unutmasına səbəb olur, amma öz və kamilliyin eyni olan bir şeydə qərq olmaq insanda dəyərlərin daha da çiçəklənməsinə gətirib çıxarır. Buna görə də ibadət və bəndəçilik məqamında yüksəlmiş şəxslərdə bütün insani dəyərlər güclənir, onların ağılları kamilləşir, eşqləri qüvvətlənir, qüdrətləri artır, ictimai xislətləri, izzət və kəramətləri güclənir; çünki bütün bunlar Haqqın zati təzahürləridir.

 

Onların Allaha bağlılıq insanın hərəkətdən qalması və ətalətə düçar olmasına səbəb olur iddiaları da səhvdir. Onlar elə bilirlər ki, Allah da ağac kimidir və kiminsə Allaha bağlanması, onun məhdud varlığa bağlanması kimidir və o, hərəkət edə bilməz. Cənab ekzistansialist! Allah sonsuz həqiqətdir. Məsələn, bir də görürsən ki, insanı yüz ağac eni və uzunu olan yerdə həbs edirlər və bu, insan üçün məhdudiyyət yaradır. Çünki insan deyir ki, mən həmin ərazini gəzib-dolaşdım və onun axırı məhduddur. Amma insanı sonsuz ərazidə həbs etmək onun üçün məhdudiyyət yaratmaq deyil. Sonsuz ərazidə dayanacaq nöqtə yoxdur. Bunun mənası odur ki, ey insan! Sən sonsuzluğa doğru hərəkət edəndə də kamala doğru gedirsən, Allah-taala elə bir məhdudiyyətsiz varlıqdır ki, bəşəriyyətin ən kamil insanı həzrət Peyğəmbər (s) belə, əbədi olaraq irəliləsə və hərəkətdə olsa sona çatmaz. Allah sonu olan məhud varlıq deyil və O, bəşəriyyətin yeganə sonsuz tərəqqi meydanıdır.

 

Salavat barəsində alimlər arasında belə bir söhbət var ki, bizim Peyğəmbərə (s) salavat göndərməyimizin mənası nədir və onun nə təsiri var ki, biz Allahdan Peyğəmbər üçün rəhmət və xeyir istəyirik? Bir dəstə deyir ki, Peyğəmbər kamil insandır, bəs bizim ona rəhmət istəməyimizin mənası nədir? Bu sualın cavabında deyilir ki, Peyğəmbər də hər an hərəkətdədir və o, əbədi olaraq getsə də bu yol sona çatmayacaq. Deməli, ilahi Zata bağlılıq insan hərəkətinin ətalətə çevrilməsinə səbəb olmur.

  
Hədəf və vasitə növlü kamal 

Digər bir məsələ budur ki, ekzistansialistlər hədəflə vasitə arasında səhvə yol veriblər. Azadlıq insan üçün kamaldır, amma o, hədəf olan kamal deyil, vasitə növlü kamaldır! İnsanın son hədəfi azad olmaq deyil. Amma insan öz kamilliyinə çatması üçün azad olmalıdır. Çünki azadlıq ixtiyar və sərbəstliyə malik olmaq deməkdir və insan bütün varlıqlar içində öz yolunu, daha dəqiq desək, özünü seçməli olan yeganə varlıqdır.

 

Deməli, insan azad və muxtardır. Amma sual budur ki, insanın azad olması onun öz kamilliyinə çatması deməkdirmi? İnsan, azadlıqla ən ali kamilliyə çata bildiyi kimi, ən alçaq məqamlara da enə bilər.

 

Muxtar varlığın mənası cilovu kiminsə əlində olan deyil, öz boynuna atılmış varlıq deməkdir. Bu o deməkdir ki, Ey insan! Sən bu təbiətin həddi-büluğa çatmış alim varlığısan; səndən başqa bütün varlıqlar həddi-büluğa çatmamış varlıqlardır və onlar başqası tərəfindən idarə edilməlidir. Biz ona haqq yolu göstərdik. İstər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir].

 

(İnsan-3).

 

Allah-taala buyurur ki, Biz sənə yolu göstəririk, amma hansı yolla getməyi sən özün seçməlisən.

 

Azadlığın özü bəşəriyyət üçün kamillik deyil, kamillik vasitəsidir, yəni insan azad olmasa məcbur edilən varlıq kimi kamilliyə çata bilməz. Deməli, azadlıq hədəf deyil, vasitə növlü kamillikdir.

 

Asilik və tüğyançılıq belədir. Onlar belə bir nəticəyə gəliblər ki, insan azad olduğu üçün üsyankar və asi ola bilər, yəni hər bir icbarın qarşısında dayanaraq onu inkar və rədd edə bilər. Sonra isə hər bir iatətsizliyin insan üçün kamal olmasını düşünərək belə nəticəyə gəliblər ki, azad insan heç nəyə tabe olmayan və hər bir şey müqabilində asi olan şəxsdir.

 

Onlar asi olmağı zati dəyərə malik əməl hesab etdikləri üçün, məktəblərinin zəruri və labüd nəticəsi hərc-mərclikdir. Bəli itaətsizliyə zati dəyər verilən məktəb hərc-mərclik və özbaşınalıq tələb edir. Sarter bu ittihamı özündən və məktəbindən uzaqlaşdırmaq üçün çox çalışıb, amma bacarmayıb. İtaətsizliyi zati dəyərə malik bir şey hesab edən məktəbdə hərc-mərclik və özbaşınalığın olmaması qeyri-mümkündür. İslamda insan üçün müəyyən dəyərə malik olan şey itaətsizlik imkanıdır; yəni insan üsyan da edə bilər, itaət də; yuxarı da gedə bilər aşağı da! İtaətsizlik etməyən varlıq insandan üstündürmü? Xeyr! O, üsyan edə bilmədiyi üçün bu işi görmür. İtaət və üsyan imkanı bir-biri ilə bərabərdir və bunları etmək imkan və bacarığı insan üçün kamillik sayılır. Digər varlıqlar bu imkana malik deyillər və buna görə də məsul, azad və muxtar sayılmırlar.

 

Bəli, insan üçün üsyan və itaətsizlikdən sonra tövbə adlı qapıdan keçmək kamaldır. İnsanın itaətsizlikdən qayıtması ilə Allah-taalanın adlarından biri, yəni bağışlayan adı gerçəkləşir. Əgər günah və tövbə olmasaydı, Allah-taala heç kəsi bağışlamasaydı da O, yenə də bağışlayan olacaqdı. Asilik tənəzzül, tövbə isə qayıdışdır; Allahın bağışlama sifəti bu tənəzzül və qayıdışla gerçəkləşir.

 

Hədislərdə deyilir ki, Allah-taala buyurub: Əgər yer üzündə yaratdığım insanlar üsyan edərək itaətsizlik etməsəydilər, Mən bir daha başqa varlıqlar yaradardım ki, onlar Mənə qarşı itaətsizlik göstərib sonra tövbə etsinlər və Mən onları bağışlayım.

 

Deməli üsyan və itaətsizlik zati dəyərə malik deyildir.

 

Azadlıq icbar və maneənin olmaması deməkdir. Azadlıq kamala çatmaq deyil, heç bir maneə və icbar olmadığı üçün kamillik yolunda hərəkət etmək imkanına malik olmaqdır. Azadlıq kamal deyil, kamalın müqəddiməsidir. Azad və muxtar yaradılmış və yolu üstündəki bütün maneələr götürülmüş, müəyyən yolu getməli olan varlıq azadlıq mərhələsinə çatır, amma bu mərhələyə çatmaq kamilliyin müqəddiməsinə çatmaq deməkdir, yəni o, kamillik yolunu getməkdə azaddır.

 

Deməli, bu məktəbin birinci səhvi insanın azadlıq və ixtiyarının Allah adlı bir varlığın vücudu ilə zidd olmasını təsəvvür etməsidir. İkinci səhvi isə, Allaha bağlılığı digər şeylərə bağlılıq kimi güman etməsi və onun da, dəyərlərin tənəzzül, ətalət və donmasına səbəb olmasını fikirləşməsidir. Üçüncü səhvi isə azadlığı insanın mütləq kamilliyi hesab etməsidir, halbuki azadlıq insanın müqəddimə xarakterli kamalıdır.

 

Azadlıq kamaldırmı? Bəli, bu şübhəsiz elədir. Çünki insan, azadlıq olmasa öz kamilliyinə çata bilməz. Allah insanı elə yaradıb ki, o, öz kamillik dərəcəsinə azadlıq və ixtiyarı ilə çatsın. Kamillik yolunu azadlıq və ixtiyardan başqa digər bir şeylə getmək mümkün deyil. Bu yol icbar və məcburiyyətlə gedilməzdir.

  
İslami mətnlərdə azadlıq məfhumu 

Bir qədər də islamda azadlıq barəsində işlədilmiş ifadələr barəsində danışmaq istəyirəm. İslam azadlığın insani dəyərlərdən olmasını etiraf edib. Amma onu uydurma təfsir və ifadələrdəki kimi yeganə dəyər deyil, həqiqi mənada qəbul edir. Əli (ə)-ın Nəhcül-bəlağədə imam Həsən (ə)-a bir vəsiyyətnaməsi var. Bu vəsiyyətnamə o həzrətin Malik Əştərə yazdığı çox geniş məktubundan sonra ən böyük məktubudur. Həmin vəsiyyətnamənin cümlələrindən biri budur: Nəfsini [ruhunu] bütün alçaqlıqlardan üstün tut səni istəklərə çəksə də, çünki nəfsini alçaltmağın əvəzində ondan üstün və uca bir şey tapa bilməzsən, ancaq özünü zəlil edərsən. Əli (ə) gördüyünüz kimi, nəfs və ruhunu giriftar etmə deyil, nəfsini bütün alçaqlıqlardan üstün tut deyir, yəni özünə hörmətlə yanaş və özünü alçalmaqdan və zəlilliklərdən qoru! Quranın buyurduğu kimi, ən böyük uduzmaq insanın özünü uduzmasıdır. Əli (ə) burada həmin mənaya toxunaraq deyib ki, əldən verilən və satılan hər şey üçün qiymət qoymaq mümkündür; əldə olan hər bir şeyi satmaq və əvəzində ona bərabər pul almaq olar; amma sənin bir şeyin var ki, onu satsan bütün dünyada onun bərabəri olan bir şey tapmazsan və o, sən özünsən, yəni həmin nəfs və ruhun qiymətsizdir və ona qiymət təyin etmək qeyri-mümkündür. Əgər sənə ruh və nəfsini satmaq əvəzində bütün dünyanı və onda olanları versələr, yenə azdır və uduzmusan; ona bərabər, onun qiymət və dəyərini ödəyəcək heç nə tapmaq olmaz. Çünki nəfsini alçaltmağın əvəzində ondan üstün və uca bir şey tapa bilməzsən!

 

O həzrətin nəvələrindən olmuş imam Cəfər Sadiq (ə) da belə buyurub: Mənim ruh, can və özümlə bərabərlik edə bilən yalnız bir şey var və o, Allahdır. Nəfs və ruhu Allaha sataraq Allahı götürmək mümkündür; amma ondan başqa dünyanın bütün varlıqları arasında, müqəddəs ruhlar aləmi, dünya və axirətdə nəfsə dəyər tapmaq olmaz.

 

Əli (ə) həmin məktubunda belə buyurur: Oğlum, heç vaxt başqasına qul olma, çünki Allah səni azad yaradıb.

 

Sizə Nəhcül-bəlağədən başqa bir şeyi nəql edərək söhbəti sona çatdırmaq istəyirəm. O həzrət söhbətlərinin birində ibadətləri bir-biri ilə müqayisə edərək belə buyurur: Allaha ibadət edən insanlar üç dəstədirlər: Bəziləri qorxudan ibadət edirlər; çünki cəhənnəm və əzabın olmasını eşidiblər. Bunlar Allahın onlara əzab verməməsi üçün Ona ibadət edirlər. Bu qulların ibadətdir. (Bu cür ibadət edənlər qul sifətlilərdirlər ki, onlar ağalarının qorxusundan işləyirlər və bunun digər bir dəyəri yoxdur.)

 

Bəziləri isə Allaha behişt tamahı ilə ibadət edirlər. Çünki bunlar da Allahın, ağacları altından çaylar axan, hurilər olan behiştinin olmasını eşidiblər və bilirlər ki, Allah həmin behiştləri ibadət edənlərə verəcək. Onların yadına behiştdəki toyuq əti, zümrüd, ləl-cəvahir və hurilər düşən kimi ibadət etməyə başlayırlar ki, həmin şeylər bunlara da qismət olsun. Bu da tacirlərin ibadətdir; çünki tacir çoxlu pul və mənfəət əldə etmək üçün işləyir.

 

Amma başqa bir qrup Allaha yalnız şükr etmək üçün ibadət edir. Onlar ibadəti nə behişt tamahına görə və nə də cəhənnəm qorxusundan edirlər. Xeyr, onlar yalnız və yalnız Allahı görür və Onu nəzərdə tuturlar.

 

İnsanın insani sifətlərindən biri də təşəkkürdür. İnsanın vicdanı hətta behişt və cəhənnəm olmasa belə, Allaha şükr etməyin zəruriliyini hökm edir. Vicdan ibadətin vacibliyini bildirir.

 

Məgər Peyğəmbərin (s) mübarək ayaqları çox ibadət etməkdən şişməmişdimi? O həzrətə deyirlər: Ey Allahın peyğəmbəri! Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq ayəsi ki, sizin barənizdədir, nə üçün bu qədər ibadət edirsiniz? O həzrət buyurur: Məgər Allaha ibadət edənlərin hamısı cəhənnəm qorxusu və ya behişt tamahına görə ibadət edir? Mən şükr edən bəndə olmayım?

 

Bəli, birinci dəsətənin ibadəti qul ibadəti, ikinci dəstənin ibadəti tacir və muzdur ibadəti, üçüncü dəstənin ibadəti isə azad insan ibadətidir. Əli (ə)-ın məntiqinə əsasən, azad insan hətta behişt və cəhənnəmə də bağlı deyil, o, behişt və cəhənnəmdə də azaddır və yalnız Allaha bağlıdır.

 

Bütün dediklərimizdən məlum oldu ki, birincisi, islam təkyönlü məktəb deyil. İslam bütün cəhətləri əhatəli şəkildə görə bilən bir gözə malikdir. İslam, filosofların dediklərini onlardan qabaq deyib; ariflərin gördüklərini onlardan yaxşı görüb; məhəbbət məktəbinin dediklərini artıqlaması ilə deyib; qüdrət məktəbinin gördüyünü daha yaxşı görüb; sosializmin hiss etdiyini ondan yaxşı dərk və bəyan edib; həmçinin azadlıq məktəbinin gördüyü şeyləri daha yaxşı görüb və eyni zamanda bu məktəblərin zəif nöqtələrinin heç biri onda yoxdur. Çox aydın və müəyyən məntiq islam məktəbinin hərtərəfli və kamil olmasını göstərir. İslamın Allah tərəfindən olmasını bizə sübut edən də bunlardır.

 

Məgər indiyə kimi barəsində söhbət açıdığmız bütün məktəblərin baniləri dünyanın ən dahi şəxsiyyətləri olmayıblarmı? Bəli! Amma görürük ki, onların hamısı islam müqabilində öz dəyərlərini itirirlər. Peyğəmbər (s) hər nə qədər dahi özü də məktəbə getməmiş və yazı-pozu bilməyən dahi olsaydı belə, öz başından belə sözlər danışa bilməzdi. Deməli, onun insan qüdrətindən üstün və bir mənbədən ilham alması məlum olur və həmin mənbə, doğrudan da Allahdır. Bu məktəb bütün məktəblərdən üstündür və onun düzgün dəyəri başqa məktəblərlə müqayisə ediləndə, daha yaxşı məlum olur və aydınlaşır.

  
İslamın nəzəri 

İslam baxımından insanın təbiətlə əlaqəsi əkinçi ilə tarla, tacirlə bazar və abidlə ibadətgah arasında olan əlaqə kimidir. Tarla əkinçi üçün hədəf deyil, vasitədir. Əkinçinin yaşadığı yer şəhərdir, amma o, öz rifah və səadəti üçün lazım olan şeyləri bu tarla vasitəsilə əldə edir. Əkinçi tarlaya gedərək yeri şumlamalı, toxum səpməli və torpağı abadlaşdıraraq münbitləşdirməlidir. Məhsul çıxandan sonra isə alaq otları çıxsa onları təmizləməli, məhsulu biçərək xarmana aparmalıdır. Dünya axirət üçün tarladır. Bu Peyğəmbər (s)-dən nəql edilmiş hədisdir. Bəli, əkinçinin tarla ilə evini səhv salması, hansının qalmaq yeri olduğunu bilməməsi böyük səhvdir. Tarlanın əkin yeri olmasını heç nə ilə səhv salmaq olmaz. Bazar tacir üçün iş yeridir, yəni o, öz sərmayəsini və bütün səy və cəhdini çoxlu gəlir əldə etməyə sərf etməli, varını artırmalıdır. Dünya da insan üçün belədir. Həzrət Əli (ə)-da buyurub: Dünya Allah övliyaları üçün ticarət yeridir.

 

Bir dəfə bir şəxs həzrət Əli (ə)-ın yanında dünyanı pisləməyə başlayır. O, Əli (ə)-ın dünyanı pisləməsini eşitmişdi, amma o həzrətin dünyanı nə cəhətdən pislədiyini başa düşməmişdi. Həmin şəxs elə bilirdi ki, Əli (ə) dünyanı pisləyəndə məsələn, təbiəti pisləyir, amma bilmirdi ki, o həzrət dünyapərəstliyi pisləyir; insanın bu dünyapərəstliyi haqq və həqiqətpərəstliyə zidd olduğu və bütün insani dəyərləri inkar etməklə bərabər olması səbəbindən məzəmmət edir. O, dünyanı pisləyəndə dünyapərəstliyə zidd olan və onu məzəmmət edən Əli (ə) qəzəblənərək belə buyurdu: Ey dünyanı məzəmmət edərək pisləyən şəxs! Ey dünyaya aldanmış insan! Dünya səni aldatmayıb, sən aldanmısan. Bu çox qəribə bir ifadədir; dünya heç kəsi aldatmır, insan özü aldanır.

 

Mən bununla bağlı bir məsəl çəkmək istəyirəm. Məsələn, ola bilərmi ki, bir qoca arvad süni bəzəklərlə kimisə aldatsın; yəni ağzında dişi olmamasına baxmayaraq süni dişlər düzəltdirsin, saçının tökülməsinə baxmayaraq süni saç qoydursun və s. şeylərlə özünü bəzəyib cavan qız kimi göstərsin. Bir nəfər də onun cavan olduğunu təsəvvür edib onunla evlənsin. Amma iş-işdən keçəndən sonra, səhv etdiyini başa düşsün. Həmçinin bir dəfə də belə ola bilərmi ki, həmin qoca qarı bütün həqiqətləri əvvəlcədən deyərək yaşının məsələn, 59 olduğunu bildirsin. Desin ki, ağzımda olan dişlərim hamısı süni dişlərdir, başımdakı parikdir və s. bütün bunları açıqcasına dedikdən sonra tərəf-müqabilə evlənmək təklifi etsin. O, nə qədər desə ki, dişlərim tökülüb, tərəf-müqabil tökülən dişlərinə qurban olum desin; mənim heç bir gözəlliyim yoxdur deyəndə tərəf müqabil sən təvazökarlıq edirsən söyləsin. Belə olan şəraitdə həmin qadın səni aldatmayıb, sən özünü aldatmağa hazırlaşır, özün-özünü aldatmaq istəyir və aldanmaq üçün bəhanə axtarırsan. Əli (ə) buyurur ki, dünya heç nəyi gizlətməyib. Axı dünya nəyi gizlədib ki, sən onun səni aldatdığını deyirsən? Sən öz əlinlə atanı torpağa basdıranda, dünya səni aldatmışdımı?! Dünya deyir ki, mən buyam; mən dəyişkənlik yeriyəm; məndə sabitlik və əbədilik yoxdur. Dünya deyir ki, məni olduğum kimi dərk et! Nə üçün mənə olmadığım şəkillərdə inam bəsləmək istəyirsən? Mən bir cürəm və özümü olduğum şəkildə də sənə göstərirəm; amma sən mənə mən olduğum kimi deyil, özün istədiyin kimi inanmaq istəyirsən. Deməli, dünya heç kəsi aldatmır, insan özü aldanır. Gəl hesablayaq görək, sən dünyaya qarşı cinayət törətmisən, yoxsa dünya sənə qarşı? Sən dünyaya xəyanət edirsən, yoxsa dünya sənə? Dünya səni nə vaxt aldadıb? Nə vaxt sənin nəfsani istəklərini tələb edib? Sən nəfsani istəklərinlə dünyanın dalınca düşmüsən!! Həzrət Əli (ə) sonra belə buyurur: Dünya Allah dostlarının məscididir, səcdə yeridir. Abid, məscid olmasa ibadət edə bilərmi? Dünya Allah övliyalarının ticarət yeridir. Bazar olmasa tacir alver edərək pul qazana bilərmi?

 

Dünyanı insan üçün zindan, quyu və qəfəs hesab edən və insanın vəzifəsinin özünü həmin quyu, qəfəs və zindandan qurtarmaq olduğunu bildirən fikir və düşüncə ruh və nəfsin tanınması mövzusunda başqa bir şeyə əsaslanır ki, islam həmin məsələni qəbul etmir.

  
Ruhun dünyada təkamülü 

İslamdan qabaq Yunanıstan və Hindistan kimi ölkələrdə belə bir əqidə olub ki, insanın ruhu əvvəlcə tam və kamil surətdə başqa bir aləmdə yaradılıb və sonra onu qəfəsə salınmış quş kimi bu dünyaya gətiriblər. Belə olan surətdə insan həmin qəfəsi sındırmalıdır. Amma Quran Muminun surəsinin ayələrinin birində bu fikri rədd edir. Molla Sədranın bu barədə çox maraqlı bir ifadəsi var. O, deyir ki, mən yaranmanın cismani, əbədiliyin isə ruhi olmasını həmin ayədən kəşf etmişəm. Həmin ayə, insan barəsində danışaraq belə deyir: Biz insanı torpaqdan yaratdıq, o, mərhələ-mərhələ keçərək gəlib nütfə oldu; nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük. Ayənin davamında belə buyurur: ...və daha sonra onu başqa bir məxluq olaraq yaratdıq. Yəni biz həmin maddə və təbiəti başqa bir şey, yəni ruha çevirdik, yəni ruh həmin təbiətdən doğan bir şeydir. Ruh abstraktdır, amma maddədən doğulmuş abstrakt bir varlıq. Deməli, insan başqa yerdə kamil şəkildə olmayıb ki, biz onun bu dünyada qəfəsdə yerləşməsini iddia edə bilək. İnsan bu dünyada öz anasının qucağındadır. Təbiət insan ruhunun anasıdır və onun təbiətdə yaşaması anasının qoynunda yaşaması deməkdir. Buna görə də onun əvvəlcədən təkamülə çatması, sonra burada zindan, yaxud quyuda yerləşməsi və quyudan qurtarmaq üçün çalışmalı olması fikri səhvdir. O, bu dünyada təkamülə çatmalıdır. Zindan və quyu fikirləri islamın fikri deyildir.

 

Əlbəttə islam deyir ki, sən həmişəlik olaraq ana qucağında qalmamalısan. Çünki belə olan surətdə ana uşağı olaraq qalar və meydana gələrək kişi kimi öz ayağın üstündə dura bilməzsən. Əgər təbiət və bu anadan əl çəkərək ayağa durub yuxarı qalxmasan, orada qalaraq təbii varlığa çevrilərsən. Rəzillərin rəzili olarsan və iman gətirib yaxşı əməllər edənlərdən olmazsan; ən alçaq və rəzil nöqtədə qalarsan. İnsanın ən rəzil nöqtədə, yəni təbiətdə qalaraq yuxarı qalxmaması, onun üçün başqa dünyada cəhənnəm mislindədir. Allah, körpəni bu təbiətin qoynunda dünyaya gətirib ki, o, doğulduqdan sonra anasının qucağından yuxarı qalxsın, məktəbə getsin və mərhələləri keçərək ucalsın. Əgər o, həmin yerdə qalsa, orada həmişəlik olaraq qalmalı olacaqdır. Əlbəttə bu misal və bənzətmənin çox naqis olmasına baxmayaraq, demək olar ki, həmin şəxs doğrudan da ana uşağı olan şəxsə bənzəyir. Ana uşağı 25 yaşına çatanda da anasının yanında yatmalıdır, onun yuxulaması üçün anası döşlərini onun üzünə qoymalıdır. Sizcə belə adamdan sabah nə çıxar?!

 

Deməli, insan, islam baxımından əvvəlcədən düzəldilərək müqəddəs aləmdə uçmuş, sonra isə bu qəfəsə salınmış və yeganə vəzifəsi bu qəfəsi sındırmaq olan varlıq deyil. İslam bu məsələni qəbul etmir. Bəli, əgər siz ruhlar aləminin cismani aləmdən qabaq olmasını eşitmisinizsə, onun mənası ruhların əsl və kökünün qabaq olmasıdır, yəni ruh əvvəllər kamil şəkildə başqa yerdə olmuş və sonra bu dünyaya gətirilərək qəfəsə salınmış şey deyil, bəlkə burada vücuda gətirilmiş, amma başqa bir aləmdən bu dünyaya saçan nur və şüadır. Bu fikir yəni tənsüx* fikri hindistanlılar və Əflatuna məxsusdur. Əflatun yunanlılar arasında belə bir fikrə malik olub ki, insanın ruhu bu dünyadan qabaqkı musul* aləmində yaradılıb və sonra bir sıra məsləhətlərə görə bu dünyada zindana salınıb. Buna görə də o, bu zindandan azad olaraq getməlidir. Amma islam, təbiətə bu nəzərlə baxmır. Əlbəttə bəzilərinin çaşqınlığa düçar olmamaları üçün bunu da deyim ki, mən bütün ariflərin bu qədər səhv etdiklərini demək istəmirəm. Bəli, böyük ariflər bəzən heç olmasa öz söhbətlərində də olsa, bu məsələyə diqqət yetiriblər. Onlar nə cəmiyyət və nə də təbiəti tərk etməyiblər. Həmin ariflər Quranın xarici və batini nişanələri bir-birinin kənarında zikr etməsini və təbiətin də haqqın camalının ayna və nişanəsi olmasını tamamilə başa düşüblər. Məsələn, Şəbüstəri özünün doğrudan da insanlıq barəsində şah əsəri olan çox-çox ali və uca şerində bu məsələni gözəl şəkildə aydınlaşdırmışdır.

 

Əgər biz Quranı bir tərəfə, irfanı isə digər bir tərəfə qoysaq, yəni Quranla irfan məktəbinin təbiətə diqqətini bir-biri ilə müqayisə etsək görərik ki, bu ilahi kitab batinə diqqət və ona müraciət məsələsini heç bir şəkildə inkar etmədən təbiətə irfandan çox diqqət yetirib. Buna görə də Quranın təsvir etdiyi kamil insan əql və qəlbə meyl göstərməklə yanaşı, cəmiyyət və təbiətyönümlüdür. İslam baxımından kamil insanın siması barəsində danışanda, imkan olsa bunların hər birinin nə qədər dəyərə malik olmalarını deyəcəyəm. Hər halda burada bunu deməklə kifayətlənirəm ki, Quranın dediyi kamil insan əql, qəlb, təbiət və cəmiyyət meyllidir.

  
Özünü tərk etmək 

Keçən söhbətlərimizin sonunda bir məsələyə toxundum ki, təsadüfən bu gün də bəhsimizi onunla başa vurmaq istəyirəm. Bu bəhsə başlamaq üçün bir sıra müqəddimə və giriş xarakterli şeyləri bəyan etmək lazımdır ki, onlar deyilməsə söhbətimizin heç bir faydası olmaz. Onlardan biri də özünü tərk məsələsidir.

 

İrfan məktəbi, qəlbi möhtərəm saymasına baxmayaraq, Quranda nəfs adı ilə qeyd edilmiş şeyi rəzil bir şey hesab edir. Bu məktəbin çağırışının bir hissəsi özünü tərk, özündən uzaqlaşmaq, özünü rədd, xudbinlik və özünü bəyənməyin rədd edilməsi barəsindədir. Bu mətləb müəyyən qədər düzdür və islam da, bunu təsdiq edir. Biz gələn söhbətlərimizdə Allahın köməyi ilə özünü rədd barəsində həm irfan, həm də islamın nəzərlərini açıqlayacağıq.

 

Biz islamda iki öz və hətta iki nəfs ilə rastlaşırıq. İslam bu özlərdən birini rədd edərək kiçiltməsinə baxmayaraq, onların digərini dirildir və bu mətləb çox dəqiq bir məsələdir. Bu məsələ insanın canı xətərdə olan bir dostu ilə düşməninin bir-birlərinin yanında dayanmalarına bənzəyir. Belə bir şəraitdə əgər dostumuzu vursaq, bütün hədəf və məqsədimiz puça çıxar. Məsələn, bir uşaq meyvə yığmaq üçün ağaca çıxır və birdən ağacın başında çox böyük bir ilan görünür. İlan sürünərək gəlib uşağın yanında dayanır. Burada çox mahir bir ovçu lazımdır ki, ilanın başını nişan ala bilsin və güllə uşağa dəyməsin. Çünki güllə bir az o tərəfə, yaxud bu tərəfə getsə ya boşa çıxacaq, ya da ilana dəymək əvəzinə uşağa dəyərək onu öldürəcək. Buna görə də ovçu o qədər dəqiq olmalıdır ki, ancaq ilanı vursun və uşağa heç bir ziyan dəyməsin. Dostla düşmənin bir-biri ilə əlbəyaxa olaraq, hər birinin digərini öldürmək istəmələri də buna bənzəyir. Siz güllə və ya qılınc ilə elə nişan almalısınız ki, düşmən öldürülsün və dostunuza heç bir ziyan dəyməsin.

 

İnsanda olan bu iki öz də bir-birinə elə birləşib ki, rəzilliyə malik özü məhv etmək və bütün insani dəyərlərin bağlı olduqları özə zərər vurmamaq üçün fövqəladə mahirliyə malik ovçu lazımdır.

 

İslamın ecazkarlığı budur ki, o, bu iki özü dəqiqliklə bir-birindən ayırıb və onlarda səhvə yol verilmir. Bu ayırma irfanda bəzən düzgün olur. Amma bəzi vaxtlar onların düşmən özü vurmaq əvəzinə, dost özü vurduqlarını görürük. Yəni nəfsin qurban edilməsi əvəzinə özlərini qurban edirlər. Bu, çox dəqiq bir məsələdir və inşallah gələn söhbətlərimizdə bunun barəsində bəzi nöqtələri izah edəcəyik.

  
2. İrfan məktəbinin tənqid və araşdırılması 

Kim [dünyada] azğınlıq etmişsə, dünyanı [axirətdən] üstün tutmuşsa, şübhəsiz ki, onun məskəni Cəhənnəmdir! Amma kim [qiyamət günü] Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən onun yurdu Cənnətdir! (Naziat 37-41).

 

İrfan məktəbində kamil insan barəsində olan mühüm məsələlərdən biri də, insanın öz nəfsi ilə əlaqəsi məsələsidir. Əlbəttə bu, həm də islami bir məsələdir. Belə ki, biz həm arif və sufilərin dilində və həm də ali islam təlimlərində eqoizm, xudpəsəndlik və nəfsani istəklərlə mübarizə məsələləri ilə rastlaşırıq. Bəlkə də həm arif və sufilərin dilində və həm də ali islam təlimlərində ifadəsini işlətməklə onları bir-birindən ayırmaq düzgün deyil, çünki islami ariflər bu məsələlərdə bu dinin özündən ilham alıblar və onların bu qism ifadələrinin hamısı islami ifadələrdir. Biz bu söhbətimizdə bu məsələ ətrafında danışaraq onu izah etmək istəyirik.

 

Nəfsin təmizlənməsi adlandırılan şeydə ərəb dilində nəfs deyilən öz ilə mübarizə aparırlar. Məsələn, bu barədə danışanda nəfslə cihad kimi ifadələr işlədilir. Nəfs insan üçün hətta daxili düşmən kimi qələmə verilir. Sədi deyir:

 

 

To ba doşməne nəfs həmxaneyi

 

Çe dər bənde peykar biqaneyi.

 

 

Bu ifadə Peyğəmbərin (s) müqəddəs kəlamlarından iqtibas edilib. O həzrət buyurub: Sənin ən təhlükəli və qorxulu düşmənin öz nəfsindir...

 

Sədi Gülüstan kitabında deyir: Bir arifdən soruşdular ki, Peyğəmbər (s) nə üçün nəfsin ən təhlükəli düşmən olmasını deyib. Arif cavab verib: Nəfsdən başqa hansı düşmənə yaxşılıq etsən, istədiyini ona versən səninlə dost olar, amma nəfsin istəklərini nə qədər təmin edirsənsə, bir o qədər qatı düşmənə çevrilir.

 

Bəli, onlar nəfsə düşmən gözü ilə baxıblar və dedikləri bu nəfs həmin özdür; nəfspərəstlik və eqoistlikdir.

 

İndi, bu mətləbi daha çox açıqlamaq və öz və ya eqoistliyin pis olmasının nə demək olduğunu bilmək istəyirik.

  
Eqoizmin birinci dərəcəsi 

Eqoizmin dərəcələrindən biri də insanın öz ətrafında fırlanmasıdır. Belə ki, o, yalnız özü üçün işləyir, bütün iş və hərəkətləri ancaq özü üçündür. Sübh yerindən durandan axşam yatana kimi olan bütün səy və təlaşları təkcə öz həyatı üçün, yəni öz qa ının doyması, bədəninin örtülməsi və yaşayış yerinin təmin edilməsi məqsədi daşıyır. Bu formalı fəaliyyət bəyənilmir? İnsanın bu dərəcədə özü üçün çalışması əxlaqa zidd və bəyənilməz xüsusiyyətdirmi? İlk növbədə qeyd etmək lazımdır ki, bu qism fəaliyyət əxlaq deyil, yəni insani dəyər hesab edilmir. Amma eyni zamanda əxlaqa zidd xüsusiyyət və xəstəlik də deyildir.

 

Burada əxlaq və əxlaqa zidd şeylər barəsində bir az izahat vermək istəyirəm. Quran insana üç məqam, yəni heyvandan üstün, heyvanla bərabər və ondan aşağı məqam qaildir. Belə ki, insan bəzən heyvandan bəlkə hətta mələklərdən yüksək dəyərə malik olur; bəzən mənfi və sıfrdan aşağı dəyər, yəni heyvandan da aşağı məqamda dayanır. İnsanın işləri də üç qismdir:

 

1. Əxlaq; yəni heyvani dərəcədən yüksək işlər.

 

2. Əxlaqa zidd olan işlər; yəni heyvani dərəcədən də aşağı olan işlər.

 

3. Yuxarıdakı iki qismin heç birinə daxil olmayan işlər. Yəni heyvani dərəcədə olan adi işlər ki, nə əxlaqi və nə də əxlaqa zidd olan işlər qismindən sayılmırlar.

 

İndi əgər siz dünyada göyərçin və ya qoyun xislətli adamlarla, yəni ancaq öz fikirlərində olan insanlarla rastlaşsanız bilin ki, həmin adam heyvan həddindədir. Belə ki, o səhərdən axşamacan qa ını doydurmaq üçün çalışır. Həmin insanın bu qism işləri nə əxlaq və nə də əxlaqa zidd deyildir.

  
Eqoizmin ikinci dərəcəsi 

Bəzi vaxtlar isə, öz məsələsi insanın öz yaşayışı və həyatı fikrində olması deyil, onun bir növ psixoloji xəstəliyə tutulması ilə bağlı olur. Yəni, onun insani məqamı heyvanlığının xidmətində olur. Bir də görürsünüz ki, o, çox həris bir adama çevrilib, hər şeyi yalnız özü üçün istəyir, özü də gündəlik ehtiyacı qədərində deyil, külli miqdarda varlanmaq məqsədi daşıyır!

 

Göyərçin öz yemək ehtiyaclarını təmin etmək üçün dən toplayır və onun bu işi təbii və adi bir işdir. Əgər insan bu həddə olmaq istəsə, onun da bu işi adidir, yəni adi bir heyvan dərəcəsindədir. Amma insan bəzən hərislik və tamahkarlığa düçar olur. Belə olan surətdə, söhbət artıq onun gündəlik məişət ehtiyaclarını təmin etmək üçün çalışmasından getmir. Bəlkə o, toplamaq və var-dövlət yığmaq üçün fəaliyyət göstərir. Hər nə qədər mal toplayırsa, yenə də daha çox yığmaq istəyir və onun bu işinin son həddi olmur. Bu işin adı hərislikdir. Bu xəstəliyə tutulmuş adam bağışlamaq və ehsan etmək istəyəndə xəsisliyə düçar olur ki, bunun özü də başqa bir xəstəlikdir. O, bu vəziyyətdə simicliyə, Peyğəmbərin (s) dili ilə desək, paxıllıq və xəsisliyə itaətə düçar olub. Belə ki, o, xüsusi bir psixoloji vəziyyətdə olur və ona fikir, əql və iradə deyil, həmin psixoloji vəziyyəti hökm edir. Pul onun vücuduna işləyir və o, bu işdə heç bir fikir, əql, məntiq və hesab-kitaba əsaslanmır. Çünki belə olmasaydı, əql və məntiqə əsaslansaydı bu dünyanın xərcləmə yeri olmasını başa düşərdi, yəni xeyir, mənfəət, səadət, məsləhət və xoşbəxtliyin xərclənməkdə olduğunu dərk edərdi. Amma paxıllıq və hərislik ona bu işi görmək icazəsi vermir. Hərislik və tamahkarlıq əxlaqa zidd haldır, yəni əxlaqdan aşağı səviyyəli bir xüsusiyyətdir.

  
Eqoistliyin üçüncü dərəcəsi 

İnsanın başqa halları da vardır. İnsan nəfsinin xəstəliyi onun yalnız hərislik və tamahkarlığa düçar olması deyil. O, bəzən elə dolaşıq xəstəliklərə tutulur ki, cismi xəstəliklərdən qat-qat çətin və dolaşıq olur. Həmin xəstəliklər heç bir məntiq və ağıla sığmır, yalnız həmin xəstənin ruhu ilə uyğun gəlir. Bu gün bu qism xəstəliklər psixoloji düyünlər adlandırılır ki, onlardan biri də həsəddir.

 

İnsanda olan həsəd hissi məntiqə zidd bir haldır. Bu nə deməkdir? Bunun mənası odur ki, insanda elə bir vəziyyət yaranır ki, o, öz xoşbəxtliyini unudaraq yalnız başqalarının bədbəxtliyini fikirləşir. O, öz xoşbəxtliyini arzulamır, öz səadətini istəyəndə də başqasının on qat bədbəxtliyini arzulayır. Bu hansı məntiqə sığır?! Heç bir heyvanda belə bir hiss yoxdur və heç bir heyvan digər heyvanın bədbəxtliyini arzulamır. Heyvan yalnız öz qa ını fikirləşir. Amma insanda dediyimiz hisslər yaranır. İnsanda bəzən təkəbbür hissi və bəzən də digər psixoloji düyünlər yaranır ki, bunların hamısı onun nəfs və ruhunun batinində gizlənib və insanın onlardan xəbəri yoxdur. Bunlar, insan nəfsinin onun üçün yaratdığı problemlərin bəzi nümunələridir.

  
Özünü aldatma 

Bəzən insanın nəfsi onu aldadır, yəni şəxs özü-özünü aldadır. İnsanın öz batini tərəfindən aldanması nə deməkdir? Quran da buyurur: ...Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi [pis əməlinizi sizə yaxşı göstərdi]... (Yusif-83).

 

Təsvil (nəfsin insanı aldatması) çox dəqiq psixoloji terminlərdəndir ki, Quranda işlədilib. Bu kəlmənin mənası nədir? Onun mənası budur ki, insan bəzən öz batini istəkləri tərəfindən aldadılır. İnsanın nəfsi bir şeyi istəyəndə, həmin şeyi ona elə bəzəyib-düzəyir, zinətləndirərək elə cilvələndirir və yalandan elə göstərir ki, insan həmin şeyin doğrudan da həmin cür olmasını düşünür. Amma əslində bu işi insanın nəfsi onu aldatmaq üçün görür. Təsvil termini çox maraqlı və təəccüblü bir ifadədir. Psixologiya elmi inkişaf etdikdən sonra bu gün həmin nöqtələrə çox dəqiqliklə çatıb. Onlar hətta belə bir nöqtəyə çatıblar ki, insan bəzən heç bir cismi və sinir sistemi problemi olmadan yalnız batini və psixoloji səbəblərdən dəli olur. Məsələn, müsibət və çətinliklərə dözüm çox olduqda insanın ruhu həmin qəm-qüssənin şərindən xilas olmaq üçün ağılı tərk edir. Şair demişkən:

 

 

Zehuşyarane aləm hər kera didəm ğəmi darəd

 

Dela, divane şo, divanəgi həm aləmi darəd.

 

 

Yəni: Dünyada olan ağıllılardan kimi gördümsə qəmi var idi, ey qəlb dəli ol ki, dəliliyin də öz aləmi vardır.

 

Bu psixologiya elmində olan əsaslardan biridir.

 

Hər halda nəfsin məkr və hiylələri insan nəfsinin başqasına qarşı olan hiylələri çox mühüm bir məsələdir və irfanda bu məsələlərə çox yaxşı diqqət edilib. İnsanı əxlaqa zidd məsələlərə daxil edərək ruhi cəhətdən xəstələndirən və heyvandan da aşağı salan son iki hissə irfanda çox yüksək dərəcədə bəyan edilib və onlar bəzi nöqtələrə toxunublar ki, doğrudan da heyrətləndiricidir. Yəni adam onların psixologiya elminin müasir dövrdə kəşf etdiyi incə nöqtələri 600-700 və ya min il bundan qabaq necə əldə etdiklərinə təəccüb edir. Əlbəttə qeyd etdiyimiz bütün bu məsələlərin kökü təsvil məsələsi kimi Qurandan götürülüb. Amma onlar istedadlı adamlar olduqları üçün, Quranın verdiyi kələfin ucundan yapışaraq məsələnin kökünə gedib mətləbi tapa biliblər. Məsələn, həmin təsvil barəsində sizə Mövlanadan bir mətləb deyəcəyəm.

  
Gizli psixoloji düyünlər 

Bu gün sübuta yetirilib ki, bəzən insanın batini duyğularında şər və pisliklər yatır. Həmin şər qüvvələr aşkarda deyil, batində olduğu üçün insan onların mövcudluğundan xəbərsiz olur. Onlar yalnız qıcıqlandırıcı amillər olan xüsusi hallarda aşkara çıxır və insan öz daxilindən, ruhunun dərinliklərindən bu çöküntülərin yuxarı qalxdığını görəndə çox təəccüblənir və batinində belə şeylərin olmasına inana bilmir. İnsan bəzən özü-özünə etiqad bəsləyir, yəni özünə baxanda qəlbində heç bir kin-küdurətin olmadığını, heç kəsə həsəd aparmadığını, təkəbbürlü və məğrur olmadığını və doğrudan da bu qism sifətlərdən uzaq olmasını düşünür. Amma, Quranın ifadəsi ilə desək, qarşıya imtahan çıxanda, insan birdən batinindən təkəbbürlük və məğrurluğun baş qaldırmasını, həsəd, kin-küdurətin naməlum nöqtədən zahir olduğunu görür.

 

Mövlana deyir:

 

 

Nəfs əjdərhast u key mordeəst

 

Əz qəme bialəti əfsordəəst.

 

 

İnsanın nəfsi, əfi ilan kimidir. Əfi ilan qışda donmuş və hissiz hala düşür. Həmin vaxt insan ona əl vuranda o, qətiyyən tərpənmir və hətta uşaq onunla oynasa o, uşağı sancmaz. Əfi ilanı belə bir vəziyyətdə görən insan onun tamamilə ram olduğunu təsəvvür edir. Amma həmin ilana qızmar günəş şüaları dəyəndə o, birdən birə dəyişilir və başqa bir şeyə çevrilir. Mövlana dağdan əjdaha tutub gətirmiş ilantutan barəsində geniş bir hekayət nəql edib ki, biz onu burada zikr etməyəcəyik. Həmin hekayətin sonunda isə yuxarıda dediyimiz şeri gətirib. Onun bu beytinin mənası budur ki, nəfsinin ölmüş olduğunu təsəvvür etmə, o, donmuş əjdahadır. Əgər ona isti dəysə, onun nə olduğunu bilərsən!

 

Mövlana başqa bir yerdə insanın gizlin və yatmış meylləri barəsində psixoloqları heyrətə salmış bir təşbeh işlədib. O, bu barədə belə söyləyib:

 

 

Meylha həm çun səgane xofteənd

 

Əndərişan xeyro-şər benhofteənd

 

Çunke qudrət nist xoftənd on rəde

 

Həm çu heyzom parhavo tənzəde.

 

 

Yəni: Meyllər yatmış itlər kimidir, onların içində xeyir və şərlər gizlənib. Onlar qüdrət olmadığı üçün odun parçaları kimi bir sırada yatıblar.

 

Yəqin ki, bir neçə itin bir yerdə yatmasını görmüsünüz. İtlərin hamısı başlarını əllərinin üstünə qoyur, gözlərini yumaraq sakit yatırlar. Adam onları belə bir vəziyyətdə görəndə elə bilir ki, bir neçə qoyun-quzu yatıb.

 

 

Take mordari dər ayəd dərmiyan

 

Nəfxe sure hers kubəd bər səgan

 

Çünke dər kuçe xəri mordar şod

 

Səd səge xofte bedan bidar şod

 

 

Yəni: Araya bir leş atılan kimi hərislik hissi itləri əzişdirir, küçədə bir uzunqulaq ölsə, ona yatmış yüz it durar.

 

Mövlana deyir ki, əgər həmin itlərin arasına bir murdar leş atılsa, bir-birlərinin kənarında sakit yatmış və qoyun kimi başlarını əlləri üstünə qoymuş həmin itlər birdən yerlərindən sıçrayar, gözləri hədəqələrindən çıxar, boğazlarından mırıldama səsləri yüksələr və onların tüklərinin hər biri iti dişə dönər.

 

 

Hershaye rəfte əndər kətme ğeyb

 

Taxtən avordo sər bərzəd zecib

 

Mube muye hər səgi dəndan şode

 

Əz bəraye hiyle dom conban şode.

 

 

Yəni: Qeyb xəlvətində batmış hərisliklər basqın edərək gizləndiyi yerdən başını çıxardar, itlərin hər bir tükü dişə çevrilər, hiylə üçün quyruğunu oynadar.

 

Şerin bura kimi olan hissəsi misal idi. Bunun ardınca isə belə deyir:

 

 

Səd çenin səg əndərin tən xofteənd

 

Çun şekari nistşan benhofteənd.

 

 

Yəni: Sənin bədənində yüzlərlə belə it yatıb, onlar ov olmadığı üçün gizləniblər.

 

Mövlana bu misrada necə də böyük bir həqiqətə, dəqiq və incə nöqtəyə toxunub!

 

Əlhəmdu lillahi rəbbil aləmin!

 
 
                    Şəhid Mütəhhəri. İnsan Quranda, səh-28.                                                                                                         M.Mütəhhəri. Həyatdan hədəf, səh.-95 (idrak yolu ilə bağlılıqdan məqsəd qəlbdir. Çünki imanın yeri ağıl yox, qəlbdir.)    M.Mütəhhəri. İnsan və iman. səh-12-13.    Kamil insan. səh-126-128.    Əxlaqın fəlsəfəsi. səh-245.    M.Mütəhhəri. İnsan və iman, səh-35.      İmandan qaçış. Səh-184-185.        İmandan qaçış. səh-203-205. (müxtəsər formada).    İnsan və iman. səh-37.    İnsan və iman. səh-41-42.    Şəhid Mütəhhəri. İnsan və iman.