İSLAM DÜNYAGÖRÜŞÜ İNSAN QURANDA

: 712 ()

   
   

   BİRİNCİ FƏSİL NSAN, İSLAM DÜNYAGÖRÜŞÜNDƏ 

İSLAM DÜNYAGÖRÜŞÜ  İNSAN QURANDAİnsana aid olan islam dünyagörüşündə təəccüblü əhvalatlar olmuşdur. O, yalnız iki ayaq üzərində yeriyən və nitqə malik olan bir varlıq deyildir. Quran insanın çox sirli və əsrarəngiz bir varlıq olduğunu bəyan edir. Burada biz insanın həm tərif və təşviq olunduğunun, həm də məzəmmətlənib danlandığının şahidi oluruq. O, bəzən mələklərdən üstün tutulur, bəzən hətta dörd ayaqlı heyvanlardan belə, aşağı səviyyəyə endirilir. Quran insanın malik olduğu istedad sahəsində onun təbiətə hakim ola bilməsini və mələkləri öz ixtiyarına ala biləcəyini, eyni zamanda öz çirkin əməlləri ilə Cəhənnəmin ən aşağı təbəqəsi olan Əsfəlus-safilinə süqut edəcəyini bəyan edir. Demək insan, taleyini özü müəyyən etməli və özünə aid olan bütün məsələlərdə son nəticəyə gəlməlidir.

 

Burada söhbətimizi insani dəyərlər adlı bir bəhslə başlamaq istəyirəm.

  
İNSANİ DƏYƏRLƏR 

1. İnsan Allah-taalanın yer üzərindəki xəlifəsidir.

 

([Ya Məhəmməd!] Sənin Rəbbin mələklərə: Mən yer üzündə bir xəlifə [canişin] yaradacağam, dedikdə, mələklər: Biz Sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsimi yaratmaq istəyirsən? söylədilər. Allah [onlara]: Mən bildiyim şeyi siz bilmirsiniz! buyurdu.) (Bəqərə-30).

 

([Ey insanlar!] Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur.) (Ənam-165).

 

2. İnsanın elmi tutumu məxluqatın malik ola biləcəyi tutumlardan daha üstündür.

 

([Allah Adəmi yaratdıqdan sonra] Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. Sonra onları [həmin şeyləri] mələklərə göstərərək: İddianız doğrudursa, bunların adlarını mənə bildirin! dedi. Onlar: Sən pak və müqəddəssən! [Bütün eyb və nöqsanlardan kənarsan!] Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Hər şeyi bilən Sən, hikmət sahibi Sənsən - dedilər. [Sonra] O: Ey Adəm, bunların [kainatda mövcud olan əşyanın] adlarını onlara bildir! -dedi. Adəm mələklərə bunların adlarını xəbər verdikdə, Allah: Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin zahirə çıxardığınız, yaxud gizli saxladığınız işləri bilirəm, söyləmədimmi? - buyurdu.) (Bəqərə-31-33).

 

3. O, Allahtanıma fitrətinə malikdir; İnsanın batinində Allahı dərk edən bir qüvvə [vicdan] vardır. Bütün inkar və tərəddüdlər, batini [mənəvi] çatışmazlıqlar insanın təbiətindən qaynaqlanır.

 

([Ey Peyğəmbərim!] Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən [gələcək] nəsillərini çıxardıb onları özlərinə [bir-birinə] şahid tutaraq: Mən sizin Rəbbiniz deyiləmmi? - soruşmuş, onlar da: Bəli, Rəbbimizsən! - deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: Biz bundan qafil idik.) (Əraf-172).

 

([Ya Rəsulum!] Allah tərəfindən qarşısıalınmaz gün [qiyamət günü] gəlməmişdən əvvəl üzünü düzgün dinə [islama doğru] çevir. O gün insanlar [haqq-hesab çəkildikdən sonra] bölük-bölük [iki dəstə] olarlar. [Möminlər Cənnətə, günahkarlar isə Cəhənnəmə gedərlər]). (Rum-43).

 

4. İnsan təbiətində mövcud olan maddi ünsürlərdən başqa, ayrı bir ilahi ünsür də vardır. İnsan, təbiət və metafizikadan, maddə və mənadan, cism və candan ibarət olan bir varlıqdır.

 

(O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı [Adəmi] yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən bir qətrə zəif dəyərsiz sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan [özünün yaratdığı ruhdan] üfürdü [həyat verdi]. O, sizə göz, qulaq və ürək verdi. Siz [bu nemətlərə] az şükr edirsiniz!) (Əlif, lam, mim səcdə-7-9).

 

5. İnsanın yaradılışı təsadüfi bir iş deyil, əvvəlcədən düşünülmüş və müəyyənləşdirilmiş bir işdir. İnsan seçilib-sayılmış bir məxluqdur.

 

(Sonra Rəbbi [tövbə etdirməklə] onu seçdi. [Özünə yaxınlaşdırdı], tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.) (Taha-122).

 

6. Allahın yer üzündəki əmanətdarı olan insan azad və müstəqil şəxsiyyətə malikdir. Onun öhdəsinə ağır məsuliyyətlər düşür. İnsan yer üzünü abadlaşdırmalı və özü öz ixtiyarı ilə ya səadət, ya da zillət yolunu seçməlidir.

 

(Biz əmanəti [Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi] göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə onu götürdü. [İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi]). (Əhzab-72).

 

Həqiqətən, Biz insanı [sonrakı mərhələdə ata-anasının toxumundan ibarət] qarışıq bir nütfədən yaratdıq. Biz onu [dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə] imtahana çəkəcəyik. Biz onu eşidən və görən yaratdıq. Biz ona haqq yolu göstərdik. İstər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir]). (Dəhr-2-3).

 

7. İnsan zati kəramət (hörmət) və şərəfə malikdir. Allah-taala onu digər məxluqatdan üstün tutmuşdur. O, yalnız o zaman özünün həqiqi varlığını dərk edər ki, bu zati xüsusiyyətləri başa düşsün, rəzilət, nadanlıq, əsarət (başqalarından asılılığı) və nadanlığı özündən uzaqlaşdırmış olsun.

 

(Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda [gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə] mindirib sahib etdik, özlərinə [cürbəcür nemətlərdən] təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. [İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boyun-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükr edib yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!) (İsra-70).

 

8. O, vicdani və batini əxlaqa malikdir. Fitri ilham ilə gözəllik və çirkinliyi dərk edir.

 

And olsun nəfsi [insanı və ya insan nəfsini] yaradana, sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini [xeyir və şəri] öyrədənə ki, nəfsini [günahlardan] təmizləyən mütləq nicat tapacaqdır. (Şəms-7-9).

 

9. O, yalnız Allahı yad etməklə rahatlıq tapır. Onun istəkləri sonsuz və əbədidir. Allahın müqəddəs Zatından başqa ələ gətirdiyi hər şeydən doyur və uzaqlaşmaq istəyir. İstədiyi yeganə şey varsa, o da Allahın müqəddəs Zatına qovuşmaqdır.

 

(O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar!) (Rəd-28).

 

(Ey İnsan! Sən [ölənə qədər] Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan!) (İnşiqaq-6).

 

10. Yer üzündə mövcud olan bütün nemətlər insan üçün yaradılmışdır.

 

(Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur [Allahdır!] O, hər şeyi biləndir). (Bəqərə-29).

 

(Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!) (Casiyə-13).

 

11. İnsan yalnız Allaha ibadət etmək və Onun əmrinə itaət etmək üçün yaradılmışdır.

 

(Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.) (Zariyat-56).

 

12. İnsan özünü yalnız Allahına itaət etməklə dərk edir. Əgər o, Allahını unudarsa, özünü unutmuş olar, artıq özünün kim olduğunu, nə üçün yarandığını, nə edəcəyini və haraya doğru gedəcəyini bilməz.

 

(Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu [xeyirlərini başa düşməyən] kimsələrə bənzəməyin.) (Həşr-19).

 

13. Dünyasını dəyişdiyi andan gözləri önündən can və mən pərdəsi götürülər və dünyada onun üçün gizli olan həqiqətlər aşkar olar.

 

(Ona belə deyiləcəkdir:] Sən [dünyada] bundan [bu müdhiş günə uğrayacağından] qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən artıq sərrast görürsən!). (Qaf-22).

 

14. O, yalnız maddi maraq üçün fəaliyyət göstərməyir və onu hərəkətə gətirən qüvvə yalnız maddi istəklər deyildir. İnsan bəzən ali hədəflər uğrunda da çalışır. Bəzən bütün fəaliyyət və səylərini yalnız Allahın razılığını əldə etmək üçün həyata keçirir.

 

[Qiyamət günü Allah-taala mömin kimsəyə belə buyuracaqdır:] [Ey öz imanından, əməlindən və Allahın vədindən] xatircəm olan kəs! [Və ya ey arxayın nəfs!] Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!) (Fəcr-27-28).

 

(Allah mömin kişilərə və qadınlara [ağacları] altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə [bunların hamısından] daha böyükdür. Bu ən böyük qurtuluş və uğurdur.) (Tövbə-72).

 

Dediklərimizdən belə məlum olur ki, Quran nöqteyi-nəzərindən insan Allah-taalanın yer üzərində təyin etdiyi xəlifə yarı maddi və yarı ilahi olan bir varlıqdır. Allahtanıma fitrətinə malik olan azad, müstəqil, əmanətdar, özünə və ətraf mühitə qarşı məsuliyyət hiss edən və nəhayət təbiətə hakim olan məxluqdur. Onun yaradılışı zəif bir mərhələdən başlayır və getdikcə kamala doğru yüksəlir, amma yalnız Allahı yad etməklə rahatlıq tapır. İnsanın elm və əməl çərçivəsi məhdud deyildir. Zati hörmət və şərəfə sahib olan insan bəzən maddiyyata meyl etmədən məqsədinə nail olur. Ona ilahi nemətlərdən qanuni olaraq səmərəli istifadə etmə ixtiyarı verilmişdir, amma bütün bunlarla yanaşı onun Allah qarşısında müəyyən vəzifə və məsuliyyətləri də vardır.

  
QEYRİ-İNSANİ DƏYƏRLƏR 

İnsan eyni zamanda Qurani-kərimdə danlaq və tənqid atəşinə də tutulmuşdur.

 

(O [insan] çox zalim və nadandır.) (Əhzab-72).

 

(Həqiqətən insan [Allahına qarşı] çox nankordur) (Həcc-66).

 

(Özünün dövlətli olduğunu [bir şeyə ehtiyacı olmadığını] gördüyü zaman tüğyan edir.) (Ələq-6-7).

 

(İnsan [hər şeydə] tələsəndir, gördüyü işin aqibətini düşünməyə hövsələsi çatmaz.) (İsra-11).

 

(İnsana bir sıxıntı [xəstəlik, yoxsulluq, bəla] üz verən zaman [uzananda da, oturanda da, ayaq üstə duranda da] Bizə dua edər; Lakin onu sıxıntıdan qurtardıqda, ondan ötrü [əvvəlcə] bizə heç dua etməmiş kimi çıxıb gedər. [Allaha şükr etməyi də unudub yaramaz işlərinə davam edər]. Müşriklərə etdikləri əməllər beləcə yaxşı göstərildi.) (Yunis-12).

 

(İnsan [nə qədər varlı olsa da təbiəti etibarilə] xəsisdir.) (İsra-100).

 

(İnsan isə [bütün məxluqatın içərisində] ən çox mübahisə edəndir. [Haqqa boyun qoymaz, öyüd nəsihət qəbul etməyib batilə uyar].) (Kəhf-54).

 

(Həqiqətən insan [sərvətə] çox həris, tamahkar və kəmhövsələ yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar.) (Məaric-19-21).

  
ÇİRKİN YA GÖZƏL?  

Quran insanı gözəl, yoxsa çirkin bir məxluq kimi qələmə verirmi?

 

İnsan iki müxtəlif təbiətə zülmət və nuraniyyətə malik olan bir varlıqdırmı?

 

Necə olur ki, Quran onu həm yüksək dərəcələrə qalxmaqda mədh [tərif], həm də insanlığın ən alçaq dərəcəsinə süqut etməkdə məzəmmət edir?!

 

Onun həm tənbeh, həm də məzəmmət olunması heç də iki təbiətə mədh və məzəmmətə malik olması demək deyildir.

 

Quran nöqteyi-nəzərindən insan müxtəlif istedadlara malikdir. O, kamala çatmaq üçün öz istedadlarından səmərəli istifadə etməlidir. Bunun isə əsas şərti insanda imanın olub-olmamasıdır. İmanın vasitəsilə təqva, saleh əməl və Allah yolunda çalışmaq müvəffəqiyyəti hasil olur. Yalnız imanla elmi, sui-istifadədən xaric edib faydalı bir şeyə çevirmək olar.

 

Allah-taalanın yer üzərindəki xəlifəsi olan insan mələklərin səcdəgahıdır. Hər şey onun üçün və onun kamala çatması üçün yaradılmışdır. İnsan dedikdə, imanı da nəzərdə tutmaq lazımdır. İmansız insan naqis bir varlıqdır. Belə bir insan həris, zalim, paxıl, kafir və hətta heyvandan da aşağı səviyyədə olar.

 

Qurani-kərimdə mədh və məzəmmət olunan insanların xüsusiyyətləri bəyan olunmuşdur. Bu ayələrdən belə məlum olur ki, Allahdan uzaq və imansız şəxslər həqiqi insan deyillər.

 

Əgər insan yeganə olan həqiqətə iman gətirərsə, Ona pənah aparıb özündə mənəvi rahatlıq hiss edərsə, kamala çatmış olar. Ondan yəni Allahdan uzaq düşdükdə isə, kökündən ayrı düşmüş ağaca bənzər.

 

Misal olaraq bu ayələrdən ikisinə işarə edirik.

 

(And olsun axşam çağına [ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə] ki, insan [ömrünü bihudə işlərə sərf etməklə dünyanı axirətdən üstün tutmaqla] ziyan içindədir!

 

Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! [Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!]) (Əsr surəsi).

 

(Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onlar [Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini] anlamazlar. Onların gözləri vardır, lakin onunla [Allahın möcüzələrini] görməzlər. Onların qulaqları vardır, lakin onunla [öyüd-nəsihət] eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də [ondan daha çox zəlalətdədirlər]. Qafil olanlar da məhz onlardır!) (Əraf-179).

  
İNSANIN MÜXTƏLİF XÜSUSİYYƏTLƏRİ 

Qeyd olunanlardan belə məlum olur ki, insan digər varlıqlarla müştərək xüsusiyyətlərə malik olmaqla yanaşı, bəzi hallarda onlardan uzaq düşmüşdür. İnsan maddi-mənəvi bir varlıqdır.

 

Onu digər canlılardan fərqləndirən xüsusiyyətlər ümumilikdə üç qismə bölünür:

 

1. Özünü və ətraf mühiti dərk və kəşv etməsi;

 

2. İnsanı əhatə edən cazibələr;

 

3. Bu cazibələrin təsiri altına düşüb onlardan birini seçmək.

  
ƏTRAF MÜHİTİ DƏRK ETMƏK QABİLİYYƏTİ 

Heyvanat aləmi onları əhatə edən ətraf mühiti hiss orqanları ilə dərk edirlər. Bu, insan və heyvanat aləmi arasında olan müştərək xüsusiyyətdir. Bəzən onların bir sıra hiss etmə qabiliyyəti insandan daha güclü olur. İnsan və heyvanların hiss orqanları ilə əldə etdikləri məlumatlar adətən səthi və zahiri olur; Yəni əşyaların mahiyyət və zatına və onlar arasında bərqərar olunan rabitəyə toxunulmur. Amma heyvanat aləmindən fərqli olaraq, insanda özünü və ətraf mühiti dərk etmək üçün özünəməxsus bir qüvvə vardır. Bu qüvvə onun əql və zəkasıdır. O, əql və düşüncə ilə aləm və təbiət üzərində hakim olan qanunları kəşf edib üzə çıxarır və ondan gündəlik həyatında səmərəli istifadə edir. Bir qədər əvvəl bu haqda söhbət edərkən qeyd etdik ki, insana xas olan əqli mərifət ən sirli tanışlıq mexanizmidir. Əgər bu mexanizmdən düzgün istifadə olunarsa, insanın özünün sirli dünyası da tanınar və aşkara çıxarılar. Belə bir mərifət və tanışlıqda insan ətraf mühitlə hiss orqanları ilə təmasda olmadan həqiqəti birbaşa dərk edir. İnsan hiss orqanları ilə dərk edə bilmədiyi varlıqları, xüsusilə Allaha fəlsəfi mərifəti məhz əql və düşüncə ilə əldə edə bilər.

  
İNSANI ƏHATƏ EDƏN CAZİBƏLƏR 

Cazibəyə gəldikdə isə, insan da digər canlılar kimi müxtəlif maddi və təbii cazibələrin təsiri altına düşür; Yuxuya, istirahətə, qidaya, cinsi əlaqəyə olan meyl onu maddə və təbiətə doğru sövq edir. İnsanı özünə cəlb edən cazibələr isə bunlara aid deyildir. Digər cazibələr insanı qeyri-maddi yönümlərə çəkir. Yəni bu cazibənin nə həcmi, nə də ağırlığı vardır və onları maddiyatla müqayisə etmək də mümkün deyildir.

 

Bu günlər bizə məlum olan və qəbul etdiyimiz mənəvi cazibələr bunlardan ibarətdir.

  
ELM VƏ BİLİK 

İnsan elmə, yalnız onu təbiətə hakim olmaq və ondan bəhrələnmək üçün yiyələnməyir. O, öz batinində daim həqiqəti sevir və onu ələ gətirmək istəyir. Elm və bilik insana xüsusi zövq və ləzzət bəxş edir. Keçmiş haqda əldə olunan məlumatlar, onun maddi və mənəvi həyatının yaxşılaşmasına böyük təsir göstərir. Bəzən insan ona fayda verməyəcək şeyləri də tədqiq edib öyrənməyə çalışır. İnsanın təbiəti onu cəhalət və nadanlıqdan uzaqlaşdırıb elm və biliyə doğru sövq edir. Bu səbəbdən də elm və bilik insana xas olan xüsusiyyətlərdəndir.

  
ƏXLAQİ YAXŞILIQ 

İnsan gördüyü bir çox işləri xeyir gətirmək və ya hansısa ziyanı dəf etmək üçün deyil, sevgi, məhəbbət və insansevərlik üzündən həyata keçirir. İnsanda mövcud olan bu xüsusiyyət əxlaqi yaxşılıq adlanır. O, bütün bu işləri insanlığın tələbatı olduğuna yəqin etdikdən sonra həyata keçirir. Bir anlıq bir şəxsin susuz və səhrada yolunu azdığını gözünüz önünə gətirin. Belə bir ağır şəraitdə başqa birisi ona yol göstərir və əlindən gələn köməkliyi edir. Onlar bir-birindən ayrılır və uzun müddət görüşməyirlər. Bir neçə il keçdikdən sonra taleh onları yenidən görüşdürür. Bu dəfə əksinə olaraq bir zaman səhrada yolunu azmış şəxsə nicat verən xeyirxah insan özü çıxılmaz vəziyyətə düşür. O, dərhal həmin şəxsin bir gün ona nicat verdiyini xatırlayır. Belə bir şəraitdə onun vicdanı nə hökm edəcəkdir? Əlbəttə, batini bir qüvvə ona yaxşılıq əvəzinə yaxşılıq et! deyə əmr edəcəkdir. Başqalarına yaxşılıq və ehsan etmək vacibdirmi? Cavab müsbətdir. Əgər başqa birisi ona kömək etmişsə, digərləri bu haqda nə fikirləşər? Etinasızlıq edərək heç bir əksül-əməl göstərməkdikdə necə?

 

Təbii ki, köməklik edərsə başqaları da ona afərin! deyəcək, etinasızlıq etdikdə isə, onu danlayıb tənbeh edəcəklər. Çünki belə olduqda insan vicdanı Quranın bu ayəsini hökm edir:

 

(Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!) (Ərrəhman-60).

 

Digər tərəfdən insan vicdanı, yaxşılıq əvəzinə yaxşılıq edəni tərif edib, afərin deməyi, etinasızlıq edənləri isə danlayıb, tənbeh etməyi hökm edir. İnsanın fitrətindən irəli gələn bu kimi işlərə əxlaqi yaxşılıq deyilir.

 

Onun gördüyü bir çox işlər maddiyat üçün deyil, əxlaq və ya başqa sözlə desək əxlaqi dəyərlər əsasında həyata keçirilir. Deməli məlum olur ki, insanın mənəvi xüsusiyyətlərindən birini də əxlaqi dəyərlər təşkil edir. Belə ki, biz bu xüsusiyyəti digər canlılarda görmürük. Çünki heyvan üçün əxlaq və əxlaqi dəyərlər heç bir məna və məfhum kəsb etməyir.

  
GÖZƏLLİK 

İnsanın digər mənəvi xüsusiyyətlərindən biri də onun gözəlliyə olan meyl və əlaqəsidir. Onun həyatına məna bəxş edən məhz bu mənəvi xüsusiyyətdir. İnsan hər şeyi gözəl görmək istəyir. İsti və soyuqdan qorunmaq üçün geydiyi paltarın tikilişinin gözəlliyinə böyük əhəmiyyət verir. Yaşayış evlərinin tikilişində və süfrə salarkən ilk növbədə gözəlliyə, səliqəyə diqqət yetirir. İnsan adının, geyindiyi paltarın, xəttinin, yaşadığı küçə və şəhərin, bir sözlə gözləri önündə canlanan hər bir şeyin gözəl olmasını istəyir. Heyvan üçün gözəllik heç bir əhəmiyyət kəsb etməyir. Onun üçün sığındığı yerin və üzərinə qoyulan palanın gözəlliyi deyil, rahatlığı və təhlükəsizliyi əhəmiyyət kəsb edir.

  
PƏRƏSTİŞ VƏ İBADƏT 

Hələ qədim zamanlardan bəri insan ruhunun təcəllisi olan pərəstiş və ibadət onu dəyərləndirən mənəvi xüsusiyyətlərdən biri olmuşdur. Bəşəriyyətin tarixinə nəzər saldıqda belə məlum olur ki, insan harada yaşamışsa, daim ibadətə qapılmış və bütün ümidini ibadət etdiyi ilahi qüvvəyə dikmişdir. Fərqlənən yalnız məbudlar (ibadət olunan cism və ya varlıqlar) olmuşdur. Məbudlar zaman və məkanda fərqli olaraq müxtəlif formalardan ibarət olmuşlar. Kimisi öz əli ilə yonduğu daş, dəmir, taxta bütlərə ibadət etmiş, kimisi dəstə halında dini rəqs mərasimləri keçirmiş, digəri isə Allahını zikr edərək Ona sidq ürəklə ibadət etmişdir.

 

Peyğəmbərlər bəşəriyyətə düzgün ibadət gətirmişlər. Onlar bəşəriyyətə ibadəti necə həyata keçirməyi, daha dəqiq desək, necə əməl olunmasını öyrətmiş və tək olan Allahdan başqa digər varlıqlara ibadət etməyi qadağan etmişlər.

 

Dini qanunlar baxımından və bəzi dinşünas alimlərin fikrincə, bəşər əvvəldə tək olan Allaha ibadət etmiş və müvəhhid [təkallahçı] olmuşdur. Onun aya, günəşə, ulduzlara, bütlərə, insanlara pərəstiş etməsi isə sonralar müxtəlif hadisə və cərəyanlar nəticəsində meydana gəlmişdir. Yəni insan öz ibadi həyatını bütlərə və nəticədə təkamülə doğru hərəkət edərək yeganə Allaha ibadət etməklə başlamamışdır. İbadət hissi bəzən dini hiss də adlandırılmışdır. Qeyd etmək lazımdır ki, bu hiss bütün insanlarda mövcud olmuş və olmaqdadır.

 

Erik From deyir:

 

İnsanın canlılara, qızıl, daş bütlərə, gözə görünməyən Allaha, müqəddəs və ya şeytansifət bir şəxsə pərəstiş və ibadət etməsi mümkündür. O, öz millətinə, qohum-əqrəbasına, qəbiləsinə və ya hər hansı bir partiya və ya cəmiyyətə də pərəstiş edə bilər... O, ya öz etiqadlarına agah olduqdan sonra digər etiqadlardan fərqli olaraq, onu din kimi qəbul edir və ya əksinə olaraq dinin mövcud olmadığını güman edir. Məsələ dinin olub-olmamasında deyil, hansı dinin olmasındadır.

 

Vilyam Ceyms, İqbalın söylədiklərinə əsasən deyir:

 

İnsanların əksəriyyəti istər daimi, istərsə də təsadüf üzündən ona üz tuturlar. Yer üzünün ən nadan insanı da, belə bir yüksək diqqəti nəzərə alaraq özünü dəyərli həqiqət hesab edir.

 

Vilyam Ceyms bu hissiyyatın hamı üçün eyni olduğunu vurğulayaraq deyir:

 

İnsanların bir-birindən fərqli olaraq təsir altına düşmələrini bir növ daimi hissiyyat ehtimalı adlandırmaq olar. Bəziləri üçün bu məsələyə diqqət yetirmək başqalarından daha çox əhəmiyyət kəsb edir. Bu xüsusiyyətə malik olanlar adətən dinpərəst olurlar. Amma mən yəqin bilirəm ki, bunu qətiyyətlə rədd edənlər özlərini aldatmış olurlar və həqiqətən onlar müəyyən qədər də olsun dindardırlar.

 

Əfsanəvi qəhrəmanların, alim və tanınmış şəxsiyyətlərin məqamlarını həddindən artıq şişirdərək onlara pərəstiş etmək, məhz insanın müqəddəsləşdirmə hissiyyatından irəli gəlir. İnsanların yaşadıqları məntəqəni, üzv olduqları partiya və ya təşkilatları, yolunda canlarını fəda etməyə razı olduqları məslək və əqidəni, bayraq, gerb və digər atributları müqəddəsləşdirməsi bir daha onun bu daxili hissiyyatına qayıdır. İnsan müqəddəs hesab etdiyi hər bir şeyi gözəl və bütün eyb və nöqsanlardan uzaq bilir. Onun məxluqata pərəstiş etməsinin əsas səbəbi əqidəvi pozğunluq və şəkk-şübhəyə düçar olmasıdır.

 

İnsan öz məhdud vücudu ilə ibadət zamanı eyb və nöqsandan uzaq olan və heç bir məhdudiyyəti olmayan varlığa qovuşmaq istəyir.

 

Əsrin dahi alimi Eynşteyn bu haqda deyir:

 

İbadət zamanı insan özünün kiçik bəşəri hədəf və arzularından agah olur, təbiət, kainat və ona hakim olan nizamın əzəmətini dərk edir.

 

İqbal deyir:

 

İbadət həyati və adi bir əməldir. Onun vasitəsi ilə biz şəxsiyyətimizin (vücudumuzun] kiçik adasını böyük aləmdə kəşf edirik.

 

İbadət insanda mövcud olan meyl, imkan və bacarıqları biruzə verir, maddiyyat sərhədlərindən xaricolma bacarığı və daha geniş, daha uca üfüqlərə qovuşmaq meyli sayılır. Belə bir meyl və eşq insanın xüsusiyyətlərindəndir. Bu səbəbdən də ibadət insanın mənəvi xüsusiyyətlərindən biri hesab olunur.

 

İnsanın cazibə və təsir altına düşməsi, onlardan birini seçməsi haqda isə gələcək bəhslərdə söhbət açacağıq.

  
İNSANIN MÜXTƏLİF BACARIQLARI 

Güc və qüvvənin tərifə heç bir ehtiyacı yoxdur. Müxtəlif amillərin təsiri nəticəsində yaranan şeyə güc və qüvvə deyilir. Aləmdə mövcud olan hər bir varlıq bir və ya bir neçə amilin təsiri nəticəsində vücuda gəlir. Bu səbəbdən də istər canlıların (insan, heyvan, bitkilər), istərsə də cansız aləmdə mövcud olan hər bir varlığın müəyyən güc və qüvvəsi vardır. Əgər güc və qüdrət şüur və idrakla birgə olarsa biz onu bacarıq adlandırmalıyıq. Heyvan və insanı, bitki və cansızlar aləmindən fərqləndirən xüsusiyyətlərdən biri də budur ki, heyvan və insan onlardan fərqli olaraq qüdrətlərinin bir qismini meyl, istək, qorxu və digər şeylər üçün sərf edir.

 

Məsələn, cazibə qüvvəsinə malik olan maqnit, dəmir əşyaları məcburi olaraq təbii qanunlar əsasında özünə cəzb edir. Dəmiri özünə cəzb etməsindən agah olmayan maqnit bu işi qorxu, meyl və istəyi olmadan görür. Odun yanmasını, bitkilərin göyərməsini, ağacların tumurcuqlamasını buna misal çəkmək olar.

 

Yol gedən heyvan isə öz işindən agah olmaqla yanaşı, bu işi öz istək və iradəsi ilə görür. Əgər yol getmək istəməsəydi, onu bu işə kimsə vadar edə bilməzdi. Bu haqda belə deyilir: Heyvan öz istəyi ilə hərəkət edən varlıqdır. Heyvanın güc və qüdrətinin bir qismi onun istəyinə tabedir. O, istədikdə bu qüvvədən istifadə edir, istəmədikdə isə yox.

 

Eyni zamanda güc və qüvvənin bu növü də mövcuddur. Yəni onun istək və iradəsinə tabedir. Amma insandan fərqli olaraq heyvanın istəyi təbii meyl və istək üzündən olur və o, öz istəyinin müqabilində heç bir qüdrətə malik olmayır. Heyvan bir şeyə meyl etdiyi zaman istər-istəməz ona tərəf yönəlir və öz istəyinə qarşı müqavimət göstərməyə qadir deyildir. O, təfəkkür və düşüncəyə, uzaq görməyə qadir olmadığı üçün nəyin daha məqsədə uyğun olduğunu təyin edə bilmir.

 

Amma insan belə deyildir. O, öz batini istəklərinə qarşı müqavimət göstərir. İnsan bu bacarığı iradə adlı başqa bir qüvvə ilə əldə edir. İradə də əqlə tabedir. Yəni əql bir şeyi təyin etdikdən sonra insan onu öz iradəsi ilə yerinə yetirir.

 

Qeyd olunanlardan belə məlum olur ki, insan digər canlılardan fərqli olaraq iki üstün xüsusiyyətə malikdir:

 

1. İnsan mənəvi meyl və cazibəyə malikdir; Bunun vasitəsilə insan öz fəaliyyət dairəsini daha da genişləndirir, onu maddiyyat aləmindən xaric edərək mənəviyyatın yüksək mərhələsinə qovuşdurur. Digər canlılar isə maddiyyat zindanından xaric olmağa qadir olmayır.

 

2. O, əql və iradə qüvvəsindən bəhrələnmişdir. Daxili istəklərinə qarşı müqavimət göstərərək özünü onların təsiri altına düşməkdən qoruyur, bütün meyl və istəklərinə hakim olur. İnsan istək və iradəsinə hakim olduqdan sonra onu öz həyatında tənzim edir və hər biri üçün lazımi meyar müəyyənləşdirir. Bununla da insan azadlığın ən üstün mərhələsinə, yəni mənəvi azadlığa nail olur. Belə bir xüsusiyyət yalnız insana xas olduğu üçün ona, azadlıq və öz müqəddəratını həll etmə və nəhayət ixtiyar sahibi olma imkanı verilmişdir.

 

İnsanın meyl və cazibəsi arasında bir növ xarici bağlılıq vardır. O, öz meyl və istəklərinə nə qədər təslim olarsa, bir o qədər xarici amillərdən asılı vəziyyətə düşər. Belə olduqda insanın mənəviyyatı süstləşər və ona xas olan mənəvi azadlıqdan məhrum olar. Əql və iradə qüvvəsi isə insanın şəxsiyyətinin həqiqi məzhəridir. İnsan əql və iradəsinə arxalandığı zaman özünü ələ alaraq xarici qüvvələrin ona nüfuz etməsinin qarşısını almağa nail olur.

 

Belə bir azad insan kimsənin ixtiyarında olmayan azad adaya bənzəyir və beləliklə öz şəxsiyyətini qorumuş olur.

 

Təsiredici xarici amillərin qarşısını alıb mənəviyyatın qorunması İslam dininin təlim-tərbiyə prinsiplərinin əsasını təşkil edir və bu təlim-tərbiyənin son hədəfi mənəvi azadlıq adlanır.

  
ÖZÜNÜDƏRKETMƏ 

İslam, insanın özünü tanımasına və bu aləmdə öz mövqeyini düzgün dərk etməsinə xüsusi diqqət yetirir. Quran ayələrində bu mətləbə dəfələrlə işarə edilmişdir. Belə ki, insan özünün həqiqi varlığını, nə üçün mövcud olduğunu və yaradılış hədəfinin nədən ibarət olduğunu dərk etməlidir. Quran insanı haqqa hidayət edən və onu tərbiyə edən səmavi kitabdır. O, yalnız nəzəri fəlsəfə irəli sürmür. Bəşəriyyətə təklif olunan hər bir şeyin əməli olaraq həyata keçirilməsini tələb edir.

 

Quran insanı özünü tanıyıb dərk etməyə sövq edir. Bu tanışlıq insanların bir-birləri ilə tanış olduqları zaman adın nədir?, atanın adı nədir?, təvəllüdün neçənci ildir?, hansı ölkədənsən?, kiminlə ailə qurmusan? və s. istifadə etdiyi ifadələr kimi deyildir.

 

Quranda, insanın özünütanıma təlimləri tam ayrı bir şəraitdə həyata keçirilir. İnsan özünü tanıdıqdan sonra qədir-qiymətini, şərəf və müqəddəsliyini dərk edir. Buna nail olduqda artıq ictimai, əxlaqi dəyərlər onun üçün məna və məfhum kəsb etməyə başlayır.

 

Quran ayələrində insanın digər canlılardan seçildiyi və onun digərlərindən üstünlüyü bəyan olunur. Demək istəyir ki, sən atom zərrəciklərinin toplanması nəticəsində təsadüfü olaraq yaradılmış varlıq deyilsən. Sən öz üstün xüsusiyyətlərinlə digər canlılardan fərqlənən və seçilmiş bir ilahi varlıqsan. Bu səbəbdən də üzərinə ağır məsuliyyətlər düşür. Şübhəsiz ki, insan yer üzünün ən qüdrətli canlısıdır. Yeri və orada mövcud olan bütün varlıqları kiçik bir kənd fərz etsək, insanı oranın sahibi, başqa sözlə desək, ağsaqqalı hesab etməliyik. Amma baxaq görək insan oraya doğrudan da ağsaqqal seçilmişdir, yoxsa bu məziyyəti zor gücünə ələ keçirmişdir?

 

Maddiyyat fəlsəfəsi insanın hakimiyyətini mütləq qüdrət və zorakılıq hesab edir. Onlar iddia edirlər ki, insan təsadüfü olaraq qüdrət sahibi olmuşdur. Və təbii ki, bu fərziyyəyə əsasən vəzifə və məsuliyyət insan üçün tamamilə mənasız və əhəmiyyətsiz olmalıdır. Burada belə bir sual qarşıya çıxır: Ümumiyyətlə vəzifə və məsuliyyət nədən ibarətdir? Kim tərəfindən təyin olunmuşdur və kimin qarşısında əməl olunmalıdır?

 

Quran insanı yüksək xüsusiyyətlərə malik olduğu üçün yer üzünün seçilmiş kəndxudası kimi qələmə verir. O, bu məqama zor gücü ilə deyil, öz ləyaqət və səlahiyyəti ilə nail olmuşdur. Bu səbəbdən də onun üzərinə ağır vəzifə və məsuliyyət düşür. Məsuliyyət Allah tərəfindən təyin olunmuş və məhz Onun qarşısında əməl olunmalıdır. İnsanın seçilmiş bir varlıq olduğuna və onun hədəf olaraq seçilməsinə iman gətirmək (belə bir etiqada əsaslanmaq) insanda bir növ tərbiyəvi və psixoloúi təsir qoyur. İman gətirmədikdə isə, insan tam başqa bir təsir altına düşür.

 

İnsanın özünü dərketməsi dedikdə, onun varlıq aləmindəki həqiqi mövqeyini dərk etməsi nəzərdə tutulur. O, bilməlidir ki, torpaqdan yaradılmış və vücuduna ilahi ruh üfürülmüş bir varlıqdır. O, bilməlidir ki, elm və agahlıq baxımından mələklərdən üstün yaradılmış və üzərinə məsuliyyətli vəzifə qoyulmuşdur. O, özünün maddi-mənəvi ehtiyaclarını təmin etməklə yanaşı, yaşadığı dünyanın abadlaşdırılmasına da səy göstərməlidir.

 

(O sizi [atanız Adəmi] yerdən [torpaqdan] yaradıb orada sakin etdi [və ya uzun ömür verdi] və oranı abadlaşdırmağı sizə həvalə etdi.) (Hud-61).

 

İnsan, Allahın yer üzündəki əmanətdarı və xəlifəsi olmasını bilməlidir. Və nəhayət o, bilməlidir ki, hər şeyə sahib olmaq və yüksək məsuliyyətlərə layiq görülmək üçün təsadüfü olaraq yaradılmamışdır.

  
İSTEDADLARIN İNKİŞAF ETDİRİLMƏSİ 

Təlim-tərbiyə islam dininin ən başlıca hədəflərindən birini təşkil edir. Bu ilahi məktəbdə insanın cismi və ruhi, maddi və mənəvi, əqli və hissi, fərdi və ictimai xüsusiyyətlərinə xüsusi diqqət yetirilmişdir. Bunlardan heç biri diqqətdən qaçırılmadan araşdırılmış və hər birinin icra olunma üsulları bəşəriyyətə bəyan edilmişdir. Onların hər biri haqda qısa məlumat verməyi lazım bilirik.

  
CİSMİ TƏRBİYƏ 

İslam cismi tərbiyəni şəhvətpərəstlik və tənbəllik kimi ifadələrlə mənalandırmağı qətiyyətlə məhkum etmişdir. Və eyni zamanda təmizlik və bədən sağlamlığına da xüsusi diqqət yetirmiş və dəfələrlə bunun vacibliyinə işarə etmişdir. İslam insan orqanizminə ziyan vuran bütün amilləri onun üçün haram etmiş, hətta orucluq kimi vacib əməli də zərəri olduqda onun üzərindən götürmüşdür. İslam insana zərəri olan adətləri də ona haram etmişdir. Və eyni zamanda insan orqanizminə, onu sağlamlığına və təmizliyə dair bir çox ayin və qanunlar təyin etmişdir.

 

Mümkündür ki, bəziləri fiziki sağlamlıq xarakteri daşıyan bədən tərbiyəsilə əxlaq prinsiplərinə aid olan tənbəllik və cismə hədsiz dərəcədə qulluq etməni fərqləndirə bilməsin. Yəni dində məhkum edilən tənbəllik və bədəni əzizləyərək onu zəhmətə salmamaqla, bədənə qulluq etmək, onu istidən-soyuqdan qorumaq və s. işlərlə müqayisə etsinlər. Onlar belə düşünə bilərlər ki, sağlamlığa olan laqeyidlik, hətta orqanizmə zərər vuran və mənfi təsir göstərən amillər İslam nöqteyi-nəzərindən əxlaq normaları sayılır. Bu tamamilə səhv və batil nəzəriyyədir. Cismi və əxlaqi tərbiyə arasında isə heç bir oxşarlıq yoxdur.

 

İslam ruhi və cismi tərbiyəyə, sağlamlığa mənfi təsir göstərən və insanda ruhi xəstəliklər və psixoloúi çatışmamazlıqlar yaradan tənbəllik və şəhvətpərəstliyi məhkum edir və daim onunla mübarizə aparır. Çünki, şəhvətpərəstlik insanı bir çox işlərdə ifrata varmağa sövq edir. Bu isə orqanizmdə bir çox çatışmamazlıqların yaranmasına səbəb olur.

  
RUHİ TƏRBİYƏ 

İslam bəşəriyyəti düşüncə və təfəkkürün inkişafına, təfəkkür azadlığına sövq etməklə yanaşı, bunlara zidd olan kor-koranə təqlidi pisləyir və digər mənfur ünsürlərə qarşı mübarizə aparmağa çağırır.

 

Mənəvi azadlıq və batini meyl və istəkləri düzgün istiqamətə yönəltmək islam dininin ibadi, siyasi, ictimai və s. əsasını təşkil edir. İslam elm və həqiqətsevərlik, əxlaq, gözəllik, ibadəttələblik hissinə xüsusi diqqət yetirmiş və onların həyata keçməsi üçün dəqiq proqramlar tərtib etmişdir.

  
İNSANIN ÖZ GƏLƏCƏYİNİ TƏYİN ETMƏKDƏ TƏSİRLİ ROLU 

Dünyada mövcud olan varlıqlar iki qismə canlılar və cansızlara bölünür. Cansızlar öz müqəddəratlarını təyin etməkdə heç bir təsirə malik deyildirlər. Su, od, daş, torpaq və s. şeylər cansız varlıqlardır. Onlar özlərinin yaradılış və inkişaf mərhələsində heç bir rol oynamırlar. Bunlar xarici amillərin təsiri nəticəsində vücuda gəlir və həmin amillər nəticəsində də bəzən inkişaf mərhələsini keçirlər. Bu səbəbdən də onlar özlərinin tərəqqi və inkişafı üçün heç bir fəaliyyət göstərmirlər. Bitki, heyvan və insan kimi canlılar isə həyatla mübarizə etməyə və öz gələcək nəsillərini davam etdirməyə qadirdirlər.

 

Bitkilər tozlanma yolu ilə mayalanır, torpaq və havadan enerúi alaraq inkişafını davam etdirir.

 

Bütün bunlarla yanaşı heyvanın inkişaf prosesinə köməklik edən amillərdən biri də onun hissiyyat (görmə, eşitmə, iy bilmə, dadma və ləms etmə) orqanlarıdır. Heyvan hissiyyat orqanlarından istifadə edərək təhlükə yaradan qüvvələri özündən dəf edir və gələcək nəslin davamı üçün lazımi şərait yaradır. İnsanda bütün bu təbii qüvvələr və bitki və heyvanda olmayan şüur, ondanda əlavə bir sıra meyl və istəklər də mövcuddur. Bunlardan da əlavə olaraq insanın həyat və müqəddəratını təyin edən ecazkar əql və iradə qüvvəsi də vardır ki, bir çox meyarlarla ona seçib ayırd etmək imkanını verir. Dediklərimizdən belə məlum olur ki, varlıqların bir qismi öz gələcək həyatlarını təmin etməyə qadir (canlılar), digər qismi isə belə bir qüvvədən tamamilə məhrumdurlar (cansızlar). Və inkişaf prosesi canlılar arasında müxtəlif mərhələlərdə həyata keçir. Bu proseslər bitkilər aləmində şüursuz olaraq təbii qanunlar, heyvanat aləminə də şüurlu olaraq, amma heç bir azadlıq və istiqlaliyyətə malik olmadan, insanlarda isə həm şüur, həm də azadlıq və istiqlaliyyət şəraitində həyata keçir. Yəni insan şüurlu olaraq ətraf mühitə diqqət yetirir və öz gələcək həyatını istədiyi şəkildə qura bilir. İnsanın gələcək həyatını təmin etmək üçün ifa etdiyi rol heyvanat aləmi ilə müqayisədə daha geniş və daha vüsətlidir.

 

Bu vüsət dairəsi üç xüsusiyyətə malikdir:

 

1. Onun agahlıq və dünyagörüşü dairəsinin vüsətliyi; İnsan öz elmi dairəsini genişləndirdikdən sonra yeni-yeni təbii qanunlar kəşf edir və bu qanunları öz ictimai həyatı ilə uyğunlaşdırmağa çalışır.

 

2. Daxili istək və meylin vüsət dairəsi; Bu mətləbə kitabın İnsan və heyvan bölməsində və həmçinin bu cildin İnsanın müxtəlif xüsusiyyətləri adlı hissəsində işarə edilmişdir.

 

3. İnsanın özünü tərbiyəetmə xüsusiyyəti. Bu xüsusiyyətə canlılar arasında yalnız insan malikdir.

 

Yəni əgər digər canlılar da inkişaf mərhələsini keçirlərsə və onlarda azacıq da olsa, quruculuq qabiliyyəti vardırsa da, bu dəyişikliklər onlarda özünəməxsus tərbiyəvi amillər üzündən həyata keçir.

 

-Belə ki, biz bu prosesin bitkilər və heyvanlar aləmində də həyata keçməsinin şahidi oluruq. Amma əvvəla bu proseslərin heç biri onların öz əli ilə həyata keçmir, ikincisi də bu dəyişikliklər insanla müqayisədə həddindən artıq azdır.

 

İnsan xasiyyət və xislətləri qüvvədə olmayan, lakin istedad və qabiliyyət baxımından zəngin olan bir varlıqdır. Yəni heyvanlardan fərqli olaraq dünyaya gəldiyi zaman heç bir xasiyyət və xislətə malik olmayır. Heyvanlar isə dünyaya gəldikləri ilk gündən özlərinə xas olan xislət və xüsusiyyətlərə yiyələnir və onlarla da ömürlərini başa vururlar. İnsan isə yaşadıqca şərait və amillərdən təsirlənir və beləliklə də müxtəlif xasiyyət və xislətlərə yiyələnməli olur. Demək, insan özündə fitri xüsusiyyətlərlə yanaşı ayrı bir xüsusiyyət də yaradır.

 

İnsan elə bir varlıqdır ki, yaradıcılıq qanunu aqibət və müqəddəratının həll olunmasını onun öz ixtiyarına qoymuşdur. Necə istəyirsə eləcə də yaşayır və gələcək üçün müəyyən tədbirlər planlaşdırır. Yəni insan psixologiyası özünün hələ ana bətnində formalaşma prosesi başa çatmış bədən üzvlərindən və həmçinin heyvani ruh və bədən orqanlarından fərqli olaraq, doğulduqdan sonra formalaşmağa başlayır, geniş miqyasda böyüyür və inkişaf edir.

 

Göründüyü kimi, heyvanlar istər xarici görünüş, istərsə də daxili (psixoloúi) xislətlər baxımından bir-birlərinə tamamilə oxşardırlar. Əgər fərqlənirlərsə də bu bir o qədər də nəzərə çarpmır. İnsanların psixoloúi və əxlaqi xüsusiyyətləri isə bir-birlərindən tamamilə fərqli və müxtəlifdir. Bu səbəbdən də insan öz müqəddəratını həll edən və istəyinə nail olmağa çalışan yeganə varlıqdır.

 

İslam mənbələrindən əldə etdiyimiz məlumatlara əsasən, insan qiyamət günü məhşərə özünün zahiri görünüşü ilə deyil, öz əli ilə formalaşdırdığı batini və ruhi xislətlərlə daxil olacaqdır. Yəni insan hər hansı bir heyvanın xüsusiyyətlərini özündə cəm edə bilirsə, məhşərə də ona oxşar surətdə daxil olar. Və insan surətində yalnız o kəslər daxil olarlar ki, insana xas əxlaq normalarını özlərində qoruyub saxlaya bilmişlər.

 

İnsan malik olduğu elmin vasitəsi ilə təbiətə hakim olur. O da istədiyi dəyişikliklər aparır və ondan öz mənafeyinə uyğun tərzdə istifadə edir. Bununla da o, öz gələcək həyatını, başqa sözlə desək, aqibət və müqəddəratını həll etmiş olur.

 

Bütün dini, əxlaqi, tərbiyəvi məktəb və ideologiyalar insanların haqqa hidayət olmaları üçün onlara həyat qanunlarını necə tərtib etməyi və gələcəkdə xoşbəxt həyat qurmağın əsas amillərini bəyan etmişdir. Dəhr surəsinin 3-cü ayəsində deyilir:

 

(Biz ona haqq yolu göstərdik. İstər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir]) (Dəhr-3).

 

Qeyd olunanlardan belə məlum olur ki, elm və iman insanın gələcək həyatının qurulmasında müxtəlif təsirlərə malikdir.

 

Elm insana gələcək həyatını istədiyi kimi qurmaqda yaxından köməklik edir və ona belə bir qüdrət və bacarıq bağışlayır. İman isə insanı gələcək həyatını necə qurmağa, bu işin əhəmiyyətini dərk etməyə və bu məsələlərin onun özü və ictimaiyyəti üçün xeyirli olmasını başa düşməyə sövq edir. İman insana öz gələcək həyatını sırf maddi və fərdi həyat tərzi üzərində qurmağı qadağan edir. O, insanı maddiyyatdan xaric edərək istək və iradəsini istiqamətləndirir, onu mənəviyyatında batini meyl və iradəsinin bir hissəsinə çevirir.

 

İnsan elmdən bir alət kimi istifadə edərək təbiəti öz iradəsinə tabe edir. Onun təbiətdən sui və ya səmərəli istifadə etməsi isə artıq malik olduğu elmdən asılı deyildir. Bu, yalnız kimlərin hansı məqsədlə həmin elmə yiyələnmələrindən asılıdır. İman isə insana hakim olan istək və iradəsini öz ixtiyarına keçirən və onu haqqa hidayət edən daxili bir qüvvədir. Demək iman insanı, insan isə elmin vasitəsilə yaşadığı aləmi qurur. Və bu iki ünsür birlikdə olduqda həm insan, həm də onun dünyası inkişafa doğru yönəlir və müəyyən mərhələlər keçdikdən sonra təkamülə nail olur.

  
İNSANIN AZADLIQ VƏ İRADƏ DAİRƏSİ 

İnsanın maddi (həyat və yaşayışını təmin etmək) və mənəvi (psixoloúi) yöndə apardığı fəaliyyətlər müəyyən məhdudiyyət çərçivəsində həyata keçirilir. Yəni onun azadlıq və müstəqilliyi mütləq deyil, məhdud və müvəqqətidir. O, bu məhdudiyyət çərçivəsində ya özünün xoşbəxtliyini təmin edir və ya əksinə olaraq zillət və bədbəxtliyə düçar olur.

 

İnsanın məhdudiyyəti neçə cəhətdən ola bilər və onların bəzisi aşağıdakılardan ibarətdir.

  
1. VARİSLİK 

İnsan özünəməxsus insani təbiəti ilə dünyaya gəlir. Onun ata və anası insan olduğu üçün o, da təbii olaraq bir insan kimi dünyaya göz açır və bəzi daxili (xasiyyət) və xarici (gözünün, saçlarını rəngi və digər bədən üzvləri və s.) xüsusiyyətləri ilə onlara oxşayır. İnsan bu xüsusiyyətləri qeyri-ixtiyari və irsi olaraq öz ata və anasından alır və bunların daşınmasında o özü şəxsən heç bir rol oynamır.

  
2. TƏBİİ VƏ COĞRAFİ MÜHİT 

Təbii və coğrafi mühit, insanın dünyaya göz açaraq böyüyüb boya-başa çatdığı məntəqə istər-istəməz onun cisminə və ruhiyyəsinə müəyyən təsir qoyur. Belə ki, isti və soyuq, həmçinin havası mülayim olan dağlıq məntəqələrdə yaşayan şəxslərin xüsusiyyətləri digər yerlərdə yaşayanlardan nəzərə çarpacaq dərəcədə fərqlənir.

  
3. İCTİMAİ MÜHİT 

Adətən dil, ictimai adət-ənənə, din və məzhəb kimi nəzərdə tutulan ictimai mühit insan xüsusiyyətlərinin, ruhiyyə və əxlaqının formalaşmasında mühüm rol oynayan amillərdən biridir.

  
4. TARİX VƏ ZAMAN AMİLİ 

İnsan ictimai mühit baxımından təkcə zamanın təsiri altına düşməyir. Keçmişdə baş vermiş hadisələr də insan həyatında böyük təsir qoyur. Demək hər bir varlığın keçmiş və gələcək həyatı arasında sıx və qırılmaz əlaqə vardır. Keçmiş və gələcək bir-birindən ayrı iki nöqtə deyildir. Onlar bir-birindən ayrı olsalar da, eyni mənşədən qaynaqlanmışdır. Keçmişdə nütfə olan bir varlıq gələcəkdə kamil vücuda çevrilir.

  
İNSANIN MƏHDUDİYYƏTLƏRƏ QARŞI TÜĞYANI 

İnsan öz əlaqəsini varislik, ictimai-təbii mühit, tarix və zaman kimi amillərdən kəsə bilməsə də, bu məhdudiyyətlərə qarşı çıxaraq müəyyən qədər də olsa özünü onların təsirindən azad etməyə nail olur. İnsan bir tərəfdən əql və elm, digər tərəfdən isə iman və iradə ilə bu amillərdə nəzərə çarpacaq qədər dəyişikliklər aparır və onları öz istək və iradəsi ilə uyğunlaşdıraraq öz müqəddəratını həll etmiş olur.

  
İNSAN VƏ İLAHİ QƏZA-QƏDƏR 

Adətən belə təsəvvür olunur ki, insan məhdudiyyətinin əsas amili ilahi qəza və qədərdir. Biz isə əksinə olaraq, ilahi qəza və qədəri insan azadlığını məhdudlaşdıran amillərdən hesab etməyirik. Nə üçün? Ümumiyyətlə ilahi qəza və qədər vardırmı? Və əgər vardırsa, onu məhdudiyyət amili kimi qələmə vermək olarmı? İlahi qəza və qədər inkarolunmaz bir həqiqətdir və heç də insanın məhdudiyyətinə səbəb olan amillərdən biri deyildir. İlahi qəza deyildikdə, cərəyan və hadisələrə aid olan qəti ilahi hökm nəzərdə tutulur. İlahi qədər deyildikdə isə, məqsəd cərəyan və hadisələrin həcmi, əhatə dairəsidir.

 

İlahi elmlər baxımından ilahi qəza və qədər birbaşa olaraq heç bir hadisəyə dəlalət etməyir. Kainatda baş verən bütün hadisə və cərəyanlar müəyyən səbəb və ya səbəblər üzündən baş verir. İlahi qəza aləmə hakim olan nizamın səbəbli olmasını tələb edir. İnsanın iradə və əqli azadlığı və varislik, mühit, tarixi (ictimai) məhdudiyyəti ilahi qəza və aləmin səbəb və ya səbəblər üzərində formalaşmasından irəli gəlir.

 

Bu səbəbdən də ilahi qəza insan məhdudiyyətinə səbəb olan amillərdən hesab olunmayır. Və bu məhdudiyyət yalnız mühit, varislik və tarixi şəraitlərdən irəli gəlir. İnsana nəsib olan azadlıq da ilahi qəza hökmünə əsasən təyin olunmuşdur. Belə ki, ilahi qəza, azadlığa malik olan bir varlığın əql və iradəyə sahib olmasını tələb edir. O, özünü bütünlüklə ictimai və təbii məhdudiyyət dairəsindən qurtarmalı və gələcək həyatını təmin etməlidir.

  
İNSAN VƏ VƏZİFƏ 

İnsanın digər xüsusiyyətlərindən biri də onun məsuliyyət daşımasıdır. O, müəyyən olunmuş qanunlar çərçivəsində yaşayır. Digər canlılar isə təbiətin cəbri qanunlarından savayı heç bir qanuna tabe olmayırlar. Belə ki, heyvanlar, bitkilər və digər cansız varlıqlar üçün müəyyən qanunlar tərtib edib onları bu qanunlara tabe etmək qeyri-mümkündür.

 

Amma insan müəyyən qanunlar çərçivəsində yaşayır və orada bəzi dəyişikliklər aparır. Onun tabe olduğu qanun səlahiyyətli şəxslər tərəfindən tərtib olunur və bir vəzifə kimi üzərinə qoyulur.

 

Qanunverici orqan ictimai qanunların tərtib olunması üçün bir neçə şərtə riayət etməlidir. Başqa sözlə desək, insan öhdəsinə düşən vəzifəni yerinə yetirmək üçün müəyyən şəraitə yiyələnməlidir.

  
1. Həddi-büluğa çatmaq 

İnsan müəyyən yaş həddinə çatdıqda orqanizm və təfəkküründə nəzərə çarpacaq dəyişikliklər baş verir. Bu yaş mərhələsi həddi-büluğ adlanır və bu mərhələ təbii olaraq bütün insanlarda müşahidə olunur.

 

Bu mərhələni hamı üçün eyni yaş həddində nəzərə ala bilmərik. Belə ki, birisi digərindən bu mərhələyə daha tez və ya daha gec çatır və buna səbəb olan amillərdən biri də insanların yaşadıqları mühit və məntəqənin fərqli olmasıdır.

 

Yalnız bunu deyə bilərik ki, qadınlar (qızlar) bu mərhələyə kişilərdən (oğlanlardan) daha tez çatırlar. Amma qanunun qüvvəyə minməsi üçün (yəni hamının qanun qarşısında eyni hüquqa malik olması üçün) orta yaş həddi təyin etmək lazımdır. Belə ki, bəzi şəxslər təbii həddi-büluğ mərhələsinə çatsalar da, qanuni yaş həddinə çatmayırlar. Bir çox müsəlman alimlərinin nəzərinə əsasən, oğlan uşaqları həddi-büluğ mərhələsinə 15 yaşı tamam olub 16 yaşına Hicri-qəməri tarixi ilə qız uşaqları isə 9 yaşları tamam olub 10 yaşlarına keçdikdən sonra daxil olurlar. Həddi-büluğa çatmaq qanun, vəzifə və məsuliyyət daşıma şərtlərindən biridir. Yəni büluğ həddinə qanuni yaş həddindən tez çatması sabit olmayınca, şəxs qanuni yaş həddinə çatmasa da üzərinə heç bir məsuliyyət düşməyir.

  
2. Əql 

İnsanın məsuliyyət daşımasına, daha dəqiq desək mükəlləf olmasına səbəb olan amillərdən biri də onun əql və düşüncəyə yiyələnməsidir. Belə ki, ağlını itirmiş şəxslər heç bir məsuliyyət daşımayırlar və onların üzərinə heç bir vəzifə qoyulmamışdır. Yetkinlik çağına çatmış uşaqlar da bu qayda üzrə heç bir vəzifə daşımayırlar. Onlar yetkinlik çağına çatmazdan əvvəl görmədikləri işləri belə. yerinə yetirməyə mükəlləf deyillər. Məsələn, yetkinlik çağına çatmamış bir şəxs hələ kiçik yaşlarında qılmadığı namazları sonradan qılmağa vəzifli deyildir. Ağlını itirmiş şəxslər də adi hala qayıtdıqdan sonra dəlilik dövründə yerinə yetirməli olduğu işləri sonradan əməl etməyə məsuliyyət daşımırlar. Məsələn, dəlilik dövründə qılmadığı namazları, tutmadığı orucları və dinin sair göstərişlərini adi hala qayıtdıqdan sonra qəza olaraq yerinə yetirməsi lazım deyildir.

 

Onların şəxsi var-dövlətinə gəldikdə necə?! Yetkinlik çağına çatmamış və ya ağlını itirmiş bir şəxs, şəxsi var-dövlətindən (məsələn, xüms və zəkatından) sədəqə verə bilərmi? Xeyr! Şəxs yalnız yetkinlik çağına çatdıqdan və ya adi hala qayıtdıqdan sonra xüms və zəkat vermək ixtiyarına malik olur. Əgər onların valideynləri və ya digər şəri qəyyumları bu işi görməzlərsə, yetkinlik çağına və ya adi hala qayıtdıqdan sonra müəyyən olunmuş miqdarda xüms və ya zəkat ayrılmalıdır.

  
3. Məlumat və agahlıq 

İnsan öhdəsinə düşən məsuliyyətin öhdəsindən o zaman gələ bilər ki, onun mahiyyətini dərk etmiş və nədən ibarət olduğunu anlamış olsun. Yəni ilk növbədə yerinə yetirəcəyi işlər haqda məlumat əldə etməli və xəbərsiz olaraq hər hansı bir işə mükəlləf olunmamalıdır. Məsələn, əgər qanunvericilik orqanları yeni qanunlar qəbul edərsə hökmən onu kütləvi informasiya vasitəsilə ictimaiyyətin ixtiyarına qoymalı və onları öhdələrinə düşən vəzifələrdən agah etməlidir. İctimaiyyətin xəbəri olmadıqda isə, bu orqanlar onlardan heç bir məsuliyyət tələb etməməli və qüvvəyə yeni minmiş qanunun icra olunmaması üçün heç bir cəza tədbirlərinə əl atmamalıdırlar. İslam dinində də bu məsələyə xüsusi diqqət yetirilmişdir və dini terminalogiyada kəlam alimləri insanların özlərinin xəbəri olmadan məsuliyyətə cəlb olunmaları [və xəbərləri olmadıqları üçün] üzərlərinə düşən məsuliyyəti yerinə yetirməyib qanunverici orqanlar tərəfindən cəzalandırılmalarını Qubhu iqabun bila bəyan yəni, xəbərdarlıq olunmadan cəzalandırılma adlandırmışlar. Qurani-kərimdə dəfələrlə bu mətləbə işarə olunmuşdur. Ayələrin birində deyilir: Biz heç bir qövmü [peyğəmbərlər və onların naiblərini, asimani kitab] göndərmədən itaətsizlik etdikləri üçün əzaba düçar etmədik].

 

Əlbəttə məlumat və agahlıq deyildikdə heç də belə təsəvvür etmək olmaz ki, insan özünü bilməməzliyə vuraraq qanun qarşısında üzürlü hesab olunacaqdır. Əksinə, insan özü məlumat əldə etməli, ətrafda baş verən cərəyan və hadisələrdən agah olmalı və məlumat əldə etdikdən sonra da təxirə salmadan onu icra etməlidir. Bu haqda nəql olunmuş hədislərdən birində deyilir: Qiyamət günü günahkarlardan bəziləri məhşərdə öhdələrinə düşən vəzifələri yerinə yetirmədikləri üçün Allahın ədalətli məhkəməsində mühakimə olunarlar. Günahkarlara deyilər: Öhdənizə düşən vəzifələri nə üçün yerinə yetirmədiniz? Deyərlər: Bizim bundan xəbərimiz yox idi. Onlara deyərlər: Nə üçün bu haqda maraqlanmayıb xəbərsiz qaldınız?...

 

Demək məlumat və agahlıq insanın məsuliyyət daşımasının mühüm şərtlərindən biridir dedikdə, nəzərdə tutmaq lazımdır ki, insan yalnız o zaman üzürlü hesab olunar ki, məlumat və agahlıq üçün kifayət qədər səy göstərmiş olsun.

  
4. Bacarıq və qüdrət 

İnsan yalnız öhdəsindən gələ biləcək və qüdrəti çatacaq işlərdə mükəlləfiyyət daşıyır. Bacarıq və qüdrətindən xaric olan işlər isə heç bir vaxt müəyyən bir vəzifə kimi onun üzərinə qoyulmur.

 

Onun qüdrət və bacarığı məhdud olduğu üçün üzərinə düşən məsuliyyət və vəzifələr də məhdud olmalıdır. Məsələn, elm sahəsində fəaliyyət göstərən adi bir insan nə qədər səy göstərərsə, təhsil aldığı elmin yalnız müəyyən hissəsinə yiyələnə bilər. Çünki, həm onun qavrama qabiliyyəti, həm də yaş həddi məhduddur. Onu bütün elmlərə yiyələnməyə vadar etsələr belə, qavraya biləcək həddən artıq bir şey əldə edə bilməyəcəkdir. Dini terminalogiyada insanı bacarıq və qüdrət dairəsindən xaric olan şeyə vadar etmək Bima la yütaq yəni, (bacarıq və qüvvədən artıq vəzifə) adlandırılmışdır. Bu isə dini qanunlarla tamamilə ziddiyyət təşkil edir. Belə ki, Bəqərə surəsinin 286-cı ayəsində bu haqda deyilir:

 

(Allah heç kəsi qüvvəsi çatmayan işi [görməyə] vadar etməz).

 

Əgər suda qərq olan bir şəxsi xilas edə biləriksə, biz bu işi təxirə salmadan görməliyik. Bu işin icrası bizim üçün vacib, tərk etmək isə bağışlanmazdır. Bir fərd olaraq, süquta uğrayan təyyarəni təhlükədən qurtarmaq isə məlum olduğu kimi bizim üçün qeyri-mümkündür. Bu səbəbdən də təyyarənin süqutunun qarşısını almadığımız üçün kimsə bizi tənqid etməyəcək və vəzifəmizi yerinə yetirmədiyimiz üçün müqəssir sanmayacaq.

 

Bir qədər əvvəl məlumat və agahlıq bölümündə qeyd etdik ki, insan özü elm və məlumat kəsb etməyə səy göstərməli və bunun üçün ixtiyarında olan bütün imkanlardan istifadə etməlidir. Onu yalnız o zaman üzürlü hesab etmək olar ki, elm və məlumat əldə etmək üçün bütün imkanlardan istifadə etsin, amma bəzi səbəblər üzündən buna nail ola bilməsin. Belə bir ümumi nəzəriyyə insanın bacarıq və qüdrətinə də aiddir. O, ixtiyarında olan bacarıq və qüdrətdən lazımınca istifadə etməli və ətrafda baş verən cərəyan və hadisələrə öz müsbət təsirini göstərməlidir. Belə ki, o başqalarının ona ehtiyaclı olduğunu gördükdə bəhanə gətirmədən lazımi tədbirlərə əl atmalıdır və bu onun insanlıq borcudur.

 

([Ey Möminlər!] Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri [münafiqləri] qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və [cihad üçün bəslənilən] döyüş atları tədarük edin.) (Ənfal-60).

 

Demək, münasib şərait olduğu bir halda elm və məlumat əldə etməyənlər Allah qarşısında üzürlü hesab olunmadıqları kimi, öz bacarıq və imkanlarından istifadə etməyən şəxsləri də heç bir şəkildə üzürlü hesab etmək olmaz.

  
5. Azadliq və ixtiyar 

İnsanın hər hansı bir işə mükəlləf olması üçün lazım olan şərtlərdən biri də, onun azad və ixtiyar sahibi olmasıdır. Yəni insan üzərinə düşən vəzifələrin öhdəsindən yalnız o zaman gələ bilər ki, kimsə onu bu işə məcbur etməmiş olsun. Əgər icbar, ikrah olarsa, buna artıq vəzifə deyilməz.

 

Məsələn, oruc tutmuş bir şəxs başqa bir şəxs tərəfindən orucunu pozmağa vadar olunur və bu işdən imtina etməyin onun üçün ağır nəticələnəcəyini də bilir. Təbii ki, belə bir ağır şəraitdə bu şəri vəzifə insanın üzərindən götürülür. Əgər həcc ziyarətinə gedən bir şəxs başqa birisi tərəfindən ciddi şəkildə təhdid olunarsa səfərini təxirə salmalı və ehtimal olunan təhlükəyə şərait yaratmamalıdır. Peyğəmbər (s) bu haqda buyurur:

 

(İkrah və icbar olduğu bir şəraitdə insanın öhdəsinə düşən vəzifələr üzərindən götürülür). (Əl-camius-səğir, 2-ci cild, səh-16).

 

İztirari vəziyyət belə bir vəziyyətdə insan başqa birisi tərəfindən təhdid olunmayır. Əksinə o, özü bunu seçir, amma bunun üçün də olduqca ağır bir şəraitin yaranması lazımdır. Məsələn, səhrada yolunu azmış bir şəxs yeməyə ölü heyvanın cəsədindən savayı bir şey tapmazsa, ölməmək üçün aclığı dəf edəcək qədər ondan yeməlidir. Belə bir şəraitdə murdar əti yeməyin haramlığı onun üzərindən götürülür. Demək icbar və ikrahın, iztirari vəziyyətlə fərqi bundan ibarətdir ki, icbari işlərdə insan başqa birisi tərəfindən qanuna zidd olan işlərdən birinə vadar edilir və burada belə bir işdən imtina etmək onun həyatını təhlükəylə üzləşdirə bilər. Belə olduqda insan özünə və başqalarına zərər dəyməsin deyə, öhdəsinə düşən vəzifənin əksinə olaraq əməl etməlidir. İztirari vəziyyətdə isə insana heç bir xarici qüvvə təsir göstərməyir. Burada artıq insanı yaranmış şərait nəyəsə vadar edir və belə bir şəraitdə yenə də o özünü və başqalarını yaranmış təhlükədən xilas etmək üçün qanunun əksinə əməl etməlidir.

 

Nəticə:

 

1. İztirari vəziyyətin əksinə olaraq icbari hallarda təhdid və hədə-qorxuya əl atılır.

 

2. İcbari hallarda insan xoşagəlməz vəziyyətdən yaxa qurtarmaq üçün çarə axtarır və müxtəlif tədbirlərə əl atır.

 

İztirari vəziyyətdə isə insan xoşlamadığı şeylərə qarşı heç bir əksül-əməl göstərməyir (yəni heç bir çarə axtarmayır). Amma bütün bunlarla yanaşı istər icbari, istərsə də iztirari halları hamıya aid etmək olmaz. Yəni onları insan vəzifəsinin ümumi şərtlərindən hesab etmək olmaz. Çünki əvvəla, bunun insanın dəf etməli olduğu zərər və xətərlərlə, sonra isə ikrah üzündən tərk etmək istədiyi işlərlə bağlılığı vardır.

 

Bunu da qeyd edək ki, insan heç vaxt məcburiyyəti və iztirari vəziyyəti bəhanə gətirərək cəmiyyətin və dinin zərərinə olan işlər görməməlidir. Amma öhdəsinə düşən vəzifələrin bəzilərinin verəcək zərər və xəsarətlərinə dözməli və çətinliklərə sinə gəlməlidir.

  
DÜZGÜNLÜK ŞƏRTLƏRİ 

Bura qədər dediklərimiz bütünlüklə insanın öhdəsinə düşən vəzifələrin hansı şərtlər əsasında icra edilməsinə aid idi. Yəni o, öhdəsinə düşən vəzifələri yalnız qeyd olunan şərtlər çərçivəsində yerinə yetirə bilər. Demək, qeyd olunan şərtlər olmadıqda, insanın öhdəsinə heç bir məsuliyyət düşməməlidir. Bütün bunlarla yanaşı, bir sıra şərtlər də vardır ki, biz onları əməllərin düzgünlük şərti adlandırırıq.

 

Bildiyimiz kimi, bütün şəri məsələlər bir sıra düzgün xüsusiyyət və şərtlər əsasında icra olunmalıdır. Deməli, lazımi şərtlər mövcud olmayınca, insan öhdəsinə düşən vəzifəni münasib qaydada yerinə yetirə bilməyəcəkdir. Yerinə yetirərsə də, onu batil və əsassız fərz etmək lazımdır. Vəzifələrin icrasına lazım olan şərtlər kimi, biz burada onlardan bir neçəsinin zəruri olduğunun şahidi oluruq. Vəzifə şərtləri ümumi və xüsusi olduğu üçün onlar iki (ümumi və xüsusi) qismə bölünür. Xüsusi şərtlərin özünəməxsus əməlləri vardır. Belə ki, bu şərtlər yalnız ona əməl olunduqda məlum olmağa başlayır. Ümumi şərtlər də öz növbəsində bir neçə qismə bölünür və onlar haqda bir qədər sonra danışacağıq.

 

Məntiq alimlərinin dilincə desək, vəzifələrin ümumi şərtləri ilə düzgünlüyün ümumi şərti arasında bir cəhətdən ümumilik və xüsusilik rabitəsi mövcuddur. Yəni bəziləri həm vəzifə, həm də düzgünlük şərtidir. Bəziləri isə vəzifə şərtidir, amma düzgünlük şərti deyildir və bəziləri düzgünlük şərtidir, amma vəzifə şərti deyildir.

 

Əlbəttə düzgünlük şərtləri də öz növbəsində üç qismə bölünür. Onlardan bəziləri həm ibadi, həm də müamilə məsələləri üçün düzgünlük şərti hesab olunur. Bəziləri isə yalnız ya ibadi və ya müamilə üçün düzgünlük şərti sayılır.

 

Həm vəzifə, həm də düzgünlük şərtlərinə aid olan şərt ağıldır. Əqli çatışmamazlığa düçar olan şəxslər heç bir vəzifə daşımadıqları üçün şəri hökmləri də icra etməməlidirlər. Məsələn, əqli çatışmamazlığa düçar olan şəxslərin naib olaraq başqalarının yerinə həccə getməyi, namaz qılmağı və camaat namazlarında imamla (pişnamaz) iqtida edənlər arasında dayanmağı düzgün deyildir.

 

Qüdrət və bacarıq da əql kimi həm vəzifə, həm də düzgünlük şərti sayılır. Məcburiyyət üzündən hər hansı bir işə mükəlləf olan şəxsin üzərindən məsuliyyətin götürülməsi də buna aiddir. Belə ki, əgər müamilə və evlənmə icbari şəkildə olsa, şəri qanunlara əsasən batil hesab olunacaqdır. Yalnız vəzifə şərti olub, düzgünlük şərti hesab olunmayanlardan biri də insanın həddi-büluğa çatmasıdır. Büluğ həddinə çatmayan uşaq heç bir işə mükəlləf deyildir, amma əgər yaxşını pisdən ayırmaq həddinə çatıbsa və həddi-büluğ şəxslər kimi üzərinə düşən vəzifənin öhdəsindən gələ bilərsə, yerinə yetirdiyi işlər düzgün hesab olunacaqdır. Belə olduğu bir halda yeniyetmə yaşına çatmayan bir uşaq həm camaat namazlarında imam, həm də iqtida edən ola bilər. Belə bir uşaq başqalarının əvəzinə naib kimi də ibadi məsələləri icra edə bilər. Beləliklə məlum olur ki, həddi-büluğa çatmaq ibadi məsələlərdə düzgünlük şərti hesab olunmur. Müamilə məsələlərində necə?

 

Alimlərin bəziləri həddi-büluğa çatmağı müamilə məsələlərində əsas şərtlərdən biri hesab edir. Onların fikrincə yaxşını pisdən ayıra bilən uşaq müstəqil olaraq nə özü, nə də başqaları üçün müamilə edə bilər. Belə uşaqların alqı-satqıda iştirak etməsi, bir şeyi kirayə verməsi, əqd oxuması və s. işlər düzgün deyildir. Başqa alimlərin nəzərinə görə isə, həddi-büluğa çatmış uşaq özü üçün müamilə edə bilməsə də, başqaları tərəfindən bu kimi məsələlərdə naiblik vəzifəsini icra edə bilər. Məlumat və agahlıq, həmçinin qeyri-iztirari hallar vəzifə icrası üçün mühüm şərtlərdən biri olsa da, düzgünlük şərti hesab olunmur. Bu səbəbdən də hər hansı bir iş istər ibadi olsun, istərsə də müamilə digər şərtlər baxımından tamamilə düzgün yerinə yetirilsə və onu yerinə yetirən şəxsin bundan xəbəri olmasa da qanuni hesab olunur. İztirari halda həyata keçirilən müamilə və evlənməni dediklərimizə misal çəkmək olar. Məsələn, əgər bir şəxs pula böyük ehtiyac duyduğu bir halda çox sevdiyi bir evi satarsa, etdiyi müamilə tamamilə qanuni hesab olunur. Və ya əgər evlənməyə meyli olmayan, amma bunun hər ikisinin (və ya birinin) sağlamlığı üçün zəruri olduğunu nəzərə alaraq evlənməyə razılıq verən şəxslər üçün oxunan əqd tamamilə qanuni hesab olunur. Buradan belə məlum olur ki, məcburi və iztirari müamilə arasında müəyyən fərqlər vardır. Məcburi müamilə qeyri-qanuni, iztirari müamilə isə tamamilə düzgün və qanunidir. Soruşa bilərsiniz ki, məcburi müamilə ilə iztirari müamilə arasında nə kimi fərq vardır? Belə ki, insan istər ehtiyac üzündən, istərsə də hədə-qorxu əsasında evini satarsa hər iki halda o, bu işi razılığı olmadan görür. Demək hər iki halda insan zərəri dəf etmək üçün yaranmış şəraitə tabe olur və bu işi qəlbi narahatlıqla həyata keçirir.

 

Cavabında deyirik: Peyğəmbər (s) ilahi qanunlara əsasən, icbari müamiləni haram, iztirari müamiləni isə halal etmişdir. İstər məcburiyyət, istərsə də iztirari vəziyyətlə üzləşmiş şəxs ehtiyacını dərhal ödəyə biləcək bir şeyə göz dikir. Amma ən başlıca fərqi bundan ibarətdir ki, məcburiyyət qarşısında olan insan onu nəyəsə vadar edən şəxsin tələblərini ikrah hissi ilə qəbul edir. Burada qanun vadar olunan şəxsi himayə edir. Vadar edən şəxsin müamiləsini isə qeyri-qanuni hesab edir. İztirari vəziyyətə düşmüş şəxs isə birbaşa pula ehtiyac duyur və iztirari müamilə yolu ilə ehtiyac duyduğu miqdarı ələ gətirmək istəyir. Belə olduqda, əgər qanun iztirari vəziyyətə düşmüş şəxsi himayə etmək istərsə, gərək müamilənin düzgünlüyünü və qanuni olduğunu elan etsin. Çünki əgər belə bir müamilənin qeyri-qanuni oluduğunu elan edərsə, zərəri yalnız iztirari vəziyyətə düşmüş şəxs çəkəcəkdir. Məsələn, əgər yuxarıda qeyd olunan misalda evin müamilə olunmasını qeyri-qanuni elan edərsə, müamilə batil və əsassız hesab olunacaqdır. Nəticədə nə evi alan şəxs ona sahib olacaq, nə də onu satan şəxs pul əldə edə biləcəkdir. Beləliklə, iztirari vəziyyətə düşmüş şəxs qarşılaşdığı çətinliyin öhdəsindən gələ bilməyəcəkdir. Bu səbəbdən də fiqh alimlərinin müamiləni qeyri-qanuni qəbul etməsi, məcbur olan şəxsin xeyrinə olacaqdır. İztirari müamilələri qeyri-qanuni hesab etmək isə, iztirari vəziyyətə düşmüş şəxsin əsla xeyrinə olmayacaqdır. Burada başqa bir sual meydana gəlir. O da bundan ibarətdir ki, görəsən vəziyyətdən sui-istifadə edərək iztirari vəziyyətə düşmüş şəxsin mallarını ucuz qiymətə alan şəxsin müamiləsini qanuniləşdirmək olarmı? Əlbəttə yox! Belə olduqda müamilə qeyri-qanuni hesab olunacaqdır. Amma müamilə yenə də həm iztirari vəziyyətə düşmüş şəxs, həm də bundan istifadə edən üçün düzgün olacaqdır. Müamilə, tərəflərdən biri üçün qanuni, digəri üçün qeyri-qanuni ola bilər və belə olduqda müamilədən bəhrələnən şəxs malın həqiqi qiymətini ödəməlidirmi?

 

Vəzifə şərti deyil, yalnız düzgünlük şərti hesab olunanlardan biri də səlahiyyət və ləyaqətdir. İslam qanunlarına əsasən, əgər bir nəfər ictimai işlərdən birini görmək istərsə məsələn evlənmək və ya müstəqil müamilə aparmaq yolu ilə şəxsi var-dövlətinə yiyələnmək istəyirsə, bir qədər əvvəl işarə etdiyimiz ümumi şərtlərlə yanaşı [yəni həddi-büluğ, əql, qüdrət və ixtiyar] gərək bu işə səlahiyyəti də çatmış olsun. Daha dəqiq desək, hər hansı bir şəxsin öhdəsinə götürəcəyi işə ləyaqəti çatmalıdır. Demək insanın aqil, muxtar, həddi-büluğ və qüdrətli olması bəzi ictimai məsələlərin icrası üçün heç də kifayət etməyir. Ailə qurmaq istəyən hər bir həddi-büluğa çatmış oğlan və qız ilk növbədə evlənməyin nə olduğunu və onun həqiqi məfhumunu dərk etməlidir. O, ətrafda baş verən cərəyanları araşdırmağı bacarmalı və maddi-mənəvi çətinliklərə sinə gərməyə qadir olmalıdır. Bir sözlə, belə şəxslər gələcək müqəddəratını həll edəcək işlərə kor-koranə yanaşmamalıdır. Vərəsəlik yolu ilə çatan var-dövləti də, həddi-büluğa çatan oğlan və qızlara dərhal vermək olmaz. Onlar həddi-büluğa çatsalar da, adətən həyat təcrübəsi əldə edə bilməzlər. Bu səbəbdən də çatacaq var-dövləti ixtiyarlarına qoymazdan əvvəl onlar bir neçə dəfə sınanmalıdırlar. Əgər onlar cismi həddi-büluğla yanaşı, əqli büluğa da çataraq şəxsi var-dövlətlərindən lazımi qaydada istifadə edə bilərlərsə, vərəsəlik yolu ilə çatacaq miras onların öz ixtiyarına qoyulmalıdır. Əks təqdirdə, onların şəri və qanuni vəlisi yenə də onları öz ixtiyarında saxlayacaqdır. Nisa surəsinin 6-cı ayəsində deyilir:

 

(Həddi-büluğa çatanları nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağıla dolduqlarını hiss etsəniz mallarını özlərinə qaytarın)

  
İKİNCİ FƏSİL  
İNSANIN AGAHLIQLARI 

İnsan həm özündən, həm də onu əhatə edən ətraf mühitdən agahdır. O, öz agahlığını günbəgün artırıb genişləndirmək istəyir. Onun təkamülü, xoşbəxt həyatı və inkişafı məhz buradan qaynaqlanır. Bu iki növ agahlıqdan görəsən hansı biri digərindən daha çox əhəmiyyət kəsb edir. Bu barədə qəti fikir söyləmək bir o qədər də asan deyildir. Filosoflar, insanın özündən və ya yaşadığı dünyadan agah olması haqda müxtəlif nəzəriyyələr irəli sürmüşlər. Qərb və şərq filosofları arasında yaranmış ixtilafın əsas səbəbi, bəlkə də bu sualın cavabı olmuşdur. Belə bir fərq elm ilə iman arasında da müşahidə olunur. Belə ki, insan elmin vasitəsilə yaşadığı dünyadan, iman vasitəsilə isə özündən agah olur.

 

Əlbəttə elm, insanın özündən agah olmasında böyük təsir göstərir. Nəfs və ruh elminin mütəxəssisləri belə bir vəzifəni öz öhdələrinə götürmüşlər. Bunu da qeyd edək ki, elmin insanın özü haqda yaratdığı agahlıq tamamilə cansız və hərəkətsizdir. Dini təlimlər əsasında yaranmış elm və agahlıq isə tam əksinə olaraq, insanda nəzərə çarpacaq qədər batini dəyişikliklər yaradır.

 

Belə bir agahlıq insanı qəflət yuxusundan oyadır və vücudunu lərzəyə gətirir. O, artıq özünü tanıyır və üzərinə düşən məsuliyyətləri dərk edir. Bu iş elm və fəlsəfə çərçivəsindən tamamilə xaricdir. Və bəzən əksinə olaraq insanda qəflət və özünü untmaqlığa belə, səbəb olur. Həşr surəsinin 19-cu ayəsində insanın özünü unutması haqqında deyilir:

 

(Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu [xeyirlərini başa düşməyən] kimsələrə bənzəməyin! Onlar [Allahın itaətindən çıxmış] fasiqlərdir!)

 

Həzrət Rəsuli-əkrəmdən (s) nəql olunmuş hədislərin birində deyilir:

 

(Özünü tanıyan şəxs Allahını da tanımış olar).

 

İmam Əli (ə) buyurmuşdur:

 

(Özünü tanıma ən gözəl tanışlıq və agahlıqdır)

 

O həzrət yenə də buyurmuşdur:

 

(O kəslərə təəccüb edirəm ki, bir şey itirdiyi zaman dərhal onu axtarmağa can atır, özünü itirdikdə isə (unutduqda) heç bir əhəmiyyət verməyir.)

 

Qərb mədəniyyətinə tutulan əsas nöqsanlardan biri də insanın özünü unutması və mənəvi dəyərlərdən uzaqlaşmasıdır. Burada (qərb mədəniyyətində) insan nə qədər yaşadığı dünyadan çox agah olarsa, özündən bir o qədər çox uzaqlaşar və hər şeyi inkişaf və tərəqqi yolunda qurban verər. İnsaniyyətin süqutunun əsas amillərindən biri də məhz budur. Quran insanın özündən (mənəviyyatından) uzaq düşməsini xusran (yəni, xəsarət) adlandırır. Özünü unutmuş bir şəxs üçün görəsən dünyanı əldə etmək xeyir verə bilərmi?

 

Hindistanın dahi rəhbərlərindən biri bu haqda deyir: Başqa millətlər qərblilərin qadir olduqları işlərə, yalnız Allahın qadir olduğunu zənn edirlər. Lakin qərb dünyası bir şeyə acizdir. O da onun öz mənəviyyatından uzaq düşməsidir. Təkcə bu məsələ qərbin puç və quru inkişafına kifayət edər.

 

Qərb mədəniyyəti qərblini mənasız həyat tərzinə sürükləyərək onu şərəbxorluğa və şəhvətpərəstliyə düçar etmişdir. Onun gördüyü böyük işlər, hətta göstərdiyi qəhrəmanlıqlar belə, unutqanlıq və hədəfsizlik üzündəndir. O, yeni-yeni silahlar ixtira etsə də, bu onun qeyri-adi qüdrət və istedadından deyil, özünü unutqanlığından irəli gəlir. Ruhunu əldən vermiş bir şəxs üçün dünyanı fəth etmək bir fayda verərmi?

 

Qandi deyir:

 

Dünyada yalnız bir həqiqət vardır, o da insanın özünü (nəfsini, zatını) tanımasıdır. Hər kəs özünü tanıyarsa, Allahı və başqalarını da tanıyar. Özünü tanımayan şəxs isə hər şeydən xəbərsiz olar. Dünyada yalnız bir azadlıq, bir ədalət vardır, o da insanın özünə hakim olmasıdır. Özünə hakim olmuş şəxs, dünyaya hakim olar. Dünyada yalnız bir yaxşılıq vardır, o da başqalarını özü kimi sevməkdir. Başqa sözlə desək, hamını özü kimi görmək. Qalanları isə təsəvvür və xəyaldır.

 

Biz bunların hər hansı birini daha çox dəyərləndirsək də, belə bir nəticəyə gələcəyik ki, elm və agahlıq nə qədər genişlənərsə, insan həyatı da bir o qədər vüsət tapar və daha mənalı olar. Demək ruh və agahlıq bir-birini tamamlayan və bir-birini təkamülə aparan amillərdir. Və insan özündən və yaşadığı dünyadan nə qədər çox agah olarsa, daha fəal və filosofların dili ilə desək, daha canlı olacaqdır. Filosoflar insan vücudunun bir neçə mərhələdən ibarət olduğuna əsaslanırlar. O, özündən və ətraf mühitdən nə qədər çox agah olarsa, mənəvi həyat məqamı bir o qədər ucalmış olar.

 

Məlum məsələdir ki, agahlıq deyildikdə, insanın adı, soy adı, harada doğulub boya-başa çatdığı, özünün bioloúi xüsusiyyətləri ilə sair heyvanlardan üstün olduğu nəzərdə tutulmayır. Mətləbi geniş izah etmək üçün bu barədə bir qədər ətraflı məlumat verməyi daha məqsədə uyğun görürük.

  
1. FİTRİ AGAHLIQ 

İnsanın agah olması onun zati xüsusiyyətlərindəndir. İnsanın cövhəri yalnız onun agah olmasıdır. Bu xüsusiyyət ona yaradıldıqdan sonra deyil, elə yaradıldığı ilk andan verilir.

 

Sonrakı mərhələdə, yəni onu əhatə edən əşyaları tanıdıqdan (agah olduqdan) sonra özünü də onları tanıdığı kimi tanımağa başlayır. Beləliklə, zehnində özü haqda təsəvvür yaradaraq elmi-hüsuliyə, yəni sonradan əldə olunmuş elmə nail olur. Amma özü haqda belə zehni təsəvvür yaratmazdan əvvəl elmi-hüzuriyə, yəni onun üçün əvvəldən və daim hazır olan elmə agah olur. İnsan agahlığı haqda araşdırmalar aparan psixoloqlar elmi-hüsuli yolu ilə onun özünü tanımasına diqqət yetirir və öz nəzərlərini verirlər. Filosoflar isə əksər hallarda elmi-hüzuriyə diqqət yetirirlər.

 

Belə bir agahlığa nail olduqdan sonra artıq insan öz vücudu və vücudunun necəliyi haqda şəkk etməməlidir. Çünki, şəkk və şübhəyə yalnız o zaman yol vermək olar ki, əldə edilən məlumat elmi-hüsuli ilə kəsb olunmuş olsun. Mən varam deyildikdə, heç bir şəkk-şübhəyə yol verilmədiyi bir halda, Dekart bu mətləbə də şübhə ilə yanaşaraq öz elmi fəaliyyətlərində böyük səhvə yol vermişdir.

 

Fitri agahlıq həqiqi olsa da, nəyinsə vasitəsilə kəsb olunası deyildir. Bu səbəbdən də insanların dəvət olunduğu agahlıq təbiətin cövhəri hərəkət təsiri nəticəsində sonradan vücuda gələn bir amil kimi deyildir.

 

Quran, insanın yaranma mərhələlərindən söz açdıqda, son mərhələni belə bəyan edir:

 

(Sonra onu yeni məxluq olaraq yaratdıq). (Muminun-14).

 

Burada məqsəd, özündən agah olmayan bir maddənin ruhi və agah bir cövhərə çevrilməsidir.

  
2. FƏLSƏFİ AGAHLIQ 

Filosoflar özündən agah olan mənin nədən ibarət olduğunu bilmək istəyir. O cövhərdir, yoxsa ərəz? Maddidir, yoxsa mücərrəd? Onun bədənlə nə kimi əlaqəsi vardır? O bədəndən əvvəl vücuda gəlmişdir, ya sonra? Yoxsa o, insan bədənindən yaranmışdır? Bədən aradan getdikdən sonra yenə də mövcud olacaqdırmı?

 

Agahlığın bu mərhələsində sual doğuran ən mühüm məsələ özü adlanan həqiqət və mahiyyətin nədən ibarət olduğunu dərk etməkdir. Əgər filosof özündən agah olmasını iddia edirsə, bu o deməkdir ki, mən öz mahiyyət və cövhərimin nədən ibarət olduğunu artıq dərk edirəm.

  
3. DÜNYƏVİ AGAHLIQ 

İnsanın özü ilə sıx bağlı olan yaşadığı dünya haqda əldə etdiyi məlumatlara dünyəvi agahlıq deyilir. İnsan belə bir agahlığa nail olduqdan sonra haradan gəldiyinə, harada olduğuna, hara gedəcəyinə cavab tapmış olur. İnsana artıq məlum olur ki, o, dünya adlanan böyük bir külliyatın kiçik hissəsini təşkil edir. Bilir ki, müstəqil deyildir, nədən və ya kimdənsə asılılığı vardır, özü-özünə yaranmamış, özü-özünə yaşamayır və özü-özünə də ölməyəcəkdir. O, bu külliyyatda öz mövqeyini möhkəmləndirmək istəyir.

 

Əli (ə)-ın bu haqda buyurduğu kəlamlardan birində deyilir:

 

Allah rəhmət eləsin o kəsə ki, haradan gəldiyini, harada olduğunu və hara gedəcəyini dərk edir.

 

Belə bir agahlıq insanda, heç bir canlıda misli görünməyən lətif və zərif hislərin yaranmasına səbəb olur. Bunların adı həqiqət və ya həqiqətsevərlikdir. Agah insan yəqinlik hasil etmək üçün özünü oda-közə vurar. Qəlbinə şəkk-şübhə yol tapdığı zaman bir an rahatlıq tapmaz. Qəzzalilər həqiqət çeşməsindən ilham alarlar (Ariflər və ilahi aşiqlər. red). Onlar həqiqət səhrasında dəli-divanə kimi sərgərdan gəzərək haqqa çatmaq istəyərlər. Qəlblərə düşən həqiqət alovu həqiqətsevər insanları ev-eşiklərindən didərgin salar və onları haqq aşiqləri tək dolandıraraq özünə tərəf sövq edər.

 

Belə bir agahlıq insanın vücudunda bir çox dəyişikliklərə səbəb olur və gələcək həyat və müqəddəratına böyük təsir qoyur.

  
4. SİNFİ AGAHLIQLAR 

İctimai agahlığın bir hissəsini də təbəqə və ya sinfi agahlıq təşkil edir. Sinfi agahlıq deyildikdə, insanın yaşadığı ictimai təbəqə ilə əlaqəli olaraq əldə etdiyi məlumatlar nəzərdə tutulur.

 

Müxtəlif təbəqələrdən təşkil olunan cəmiyyətlərdə hər bir şəxs istər-istəməz ictimai həyat baxımından müəyyən rəftar və məhrumiyyətlərlə üzləşir. İnsanın, yaşadığı cəmiyyətdə öz yerini tapmasına və öhdəsinə düşən məsuliyyətləri dərk etməsinə sinfi agahlıq deyilir.

 

Bəlkə də insanın bəzi nəzəriyyələrə əsasən, təbəqə və sinifdən yüksəkdə dayanan özü yoxdur. Hər bir kəsin özü onun vicdanıdır.

 

Vicdan deyildikdə biz nəyi nəzərdə tutmalıyıq? Hissiyyat, düşüncə, dərd, sarsıntı və insanın müxtəlif cərəyanlara meyl etməsi insana xas olan bu mənəvi xüsusiyyatın formalaşmasına səbəb olur. Və bütün bunlar təbəqə adı altında özünün mütəşəkkil formasını tapır. Bu səbəbdən də belə bir əqidəyə əsaslanan şəxslər insanın özü adlı bir həqiqətə malik olmadığını iddia edirlər. Onların nəzərində insan həqiqi deyil, abstrakt (yəni təsəvvür olunası) bir varlıqdır. Çünki həqiqi varlıq hər hansı bir təbəqədə müəyyənləşir. [Adi] insan mövcud deyildir. Mövcud olan yalnız müəyyən bir kütlə [və ya iqtidarda] olan şəxslərdir. Yalnız təbəqə strukturundan xaric olan cəmiyyətlərdə həqiqət öz yerini tapdıqda insan özünün həqiqi mahiyyətini dərk etmiş olur. Demək müxtəlif təbəqələrdən ibarət olan cəmiyyətlərdə ictimai agahlıq yalnız sinfi agahlıqdan ibarətdir.

 

Belə olduqda, sinfi agahlıq deyildikdə mənfəət və qazanc agahlığı nəzərdə tutulmalıdır. Çünki bu, belə bir fəlsəfəyə əsaslanır ki, ictimaiyyətin əsasını iqtisadiyyat təşkil etdiyi kimi, hər bir fərdin şəxsiyyətini də maddi maraq təmsil edir. Və hər bir təbəqənin üzvlərinə müştərək vicdan, müştərək zövq və müştərək mühakimə verən onun müştərək maddi həyatı və müştərək mənafesidir.

 

[İctimai] təbəqə həyatı insanlara müxtəlif sinfi baxışlar verir. Bu isə insana yaşadığı dünya və ictimaiyyəti özünəməxsus tərz ilə müşahidə və təfsir etməyə imkan yaradır. İstər-istəməz daxilində ictimai və sinfi problem və sarsıntılar yaranmağa başlayır və təbii ki, belə olduqda da fərdlərin ictimai baxışları təbəqə strukturu əsasında olacaqdır. Agahlığın bu növünü biz marksizm agahlığı da adlandıra bilərik.

  
5. MİLLİ AGAHLIQ 

İnsanın yaşadığı qövm və qəbilə ilə əlaqəli olaraq özü haqda əldə etdiyi məlumatlara milli agahlıq [milli şüur] deyilir. İnsan müştərək qanun, adət-ənənə, tarix, tarixi qələbə və uğursuzluqlar, dil, ədəbiyyat və mədəniyyət ilə öz həyatında yaşadığı cəmiyyətlə birlik əldə edir. Hər bir insan öz şəxsiyyət və mənliyi ilə tanındığı kimi, hər millət də öz mədəniyyəti ilə tanınır. Mədəniyyət və irqin bir olması insanlar arasında birlik və vəhdətin bərqərar olmasına səbəb olur.

 

Millətçilik, mədəniyyətə arxalanarsa mənlərdən, bizlər yaradar. Bəzən mən fərd olaraq biz üçün fədakarlıq edir və biz uğur qazandıqda qürur, uğursuzluqla üzləşdikdə isə xəcalət hissi keçirir.

 

Milli agahlıq deyildikdə, milli mədəniyyət milli şəxsiyyət, milli bizlərə olan agahlıq nəzərdə tutulur.

 

Ümumiyyətlə dünyada mədəniyyət deyil, mədəniyyətlər mövcuddur və bu mədəniyyətlərin özünəməxsus mahiyyət, xislət və fərqli xüsusiyyətləri vardır. Bu səbəbdən də müstəqil mədəniyyət heç bir məfhum kəsb etməyir, yəni puç və əsassızdır. 19-cu əsrdə yaranmış və bu günlərdə də təbliğ olunan nasionalist məktəbləri (qatı millətçilik) belə bir fəlsəfəyə əsaslanır.

 

Sinfi agahlıqda hər şey dəyərləndirmək, hissiyyatlar, mühakimə və s. təbəqə xüsusiyyətlərinə malik olduğu kimi, burada əksinə olaraq milliyyət prinsiplərinə əsaslanır.

 

Milli agahlıq, mənfəət agahlığından ibarət olmasa da, özünüsevərlikdən də xaric deyildir. Biz burada özünüsevərlik, təəssübkeşlik, öz eybini görməməzlik və xudpəsəndliyin bütün xüsusiyyətlərini müşahidə edirik. Bu səbəbdən o, sinfi agahlıqda olduğu kimi özü-özlüyündə əxlaqi xüsusiyyətlərdən məhrumdur.

  
6. İNSANİ AGAHLIQ 

İnsanın, digər insanlarla əlaqəli olaraq özündən agah olmasına insani agahlıq deyilir. Agahlıq fəlsəfəsinə əsasən, bütün insanlar vahid həqiqətdən ibarətdirlər və onlar hamılıqla müştərək vicdandan bəhrələnirlər.

 

Belə ki, insansevərlik və ali dəyərlərə olan təmayül bütün insanlara xas olan xüsusiyyətlərdəndir.

 

Bir çox qərb alimləri insaniyyət [bəşəriyyət] diniə nail omlağa çalışmış və daim belə bir təfəkkür tərzinə əsaslanmışlar.

 

Bu günlər daha çox yayılmış və ziyalıların, haqqında söhbət açdıqları humanizm məktəbi də məhz bu məntiqə əsaslanır. Humanizm insanlar arasında təbəqə, milliyyət, mədəniyyət, din, məzhəb, rəng və bu kimi fərqləri qətiyyətlə rədd edir.

 

Dünyada insan hüquqları adı altında yayılan şüarlar da humanizm fəlsəfəsinə əsaslanır və bu agahlığın təbliğatçı funksiyasını daşıyır.

 

Əgər insan belə bir agahlığa nail olarsa, başqalarının sevinci, arzusu, dərd-qəmi, təmayülü ilə həmrəy olmuş olar.

 

Başqalarının sevdiklərini, yəni elmi, mədəniyyəti, rifahı, azadlığı, ədaləti, məhəbbəti sevər, cəhalət, fəqirlik, zülm, xəstəlik, ayrı-seçkilik kimi mənfur ünsürlərlə isə düşmənçilik edər.

 

Belə bir agahlıq əldə olunarsa, milli və sinfi agahlığın əksinə olaraq, onda əxlaqi xüsusiyyətlər dirçəlmiş olar. Amma digər agahlıq növlərindən daha çox tanınaraq məntiqi olmasına baxmayaraq, bu məktəb digərlərilə müqayisədə öz həqiqi formasını çox az tapa bilmişdir. Nə üçün?

 

Bunun sirrini insanın vücudunda axtarmaq lazımdır. Bildiyiniz kimi, insan istər canlılar heyvanat və bitkilər aləmi istərsə də cansızlar aləmindən bir sıra fərqli xüsusiyyətlərlə yaradılmışdır. Belə ki, dünyaya gələn və ya yaradılan hər bir varlıq olduğu kimi qalaraq xilqət [yaradılış] qanununa tam şəkildə tabe olur. İnsan isə dünyaya gəldikdən sonra yeni mərhələyə qədəm qoyur. O, həyatında gedən proseslərə birbaşa təsir qoyaraq onu istədiyi istiqamətə yönəldir. O, hər şeyi özü seçir və müqəddəratının həll olunmasında başlıca rol oynayır. Başqa sözlə desək, insan bir çox istedad və qabiliyyətlərə malik olan və lakin onlardan bir çoxu hal-hazırda fəal olmayan varlıq, digər varlıqlar isə bütün imkanları əvvəl gündən fəal olan məxluqdurlar. Yəni, insaniyyətin bütün xüsusiyyətləri onun vücudunda qeyri-fəal şəkildə saxlanılmışdır və onlardan hər biri müəyyən şəraitlərdə formalaşıb zahir olur. Heç bir zərər toxunmasa, bu xüsusiyyətlər insanın vücudunda tədriclə baş qaldırmağa başlayacaqdır. Bunlar insan fitrətini təşkil edir və sonralar onun [insanın] fitri və insani vicdanını formalaşdırmağa başlayır.

 

İnsan heyvanat, bitkilər və cansızlar aləmindən fərqli olaraq insan şəxsiyyəti adlanan fövqəladə xüsusiyyətə malikdir. Onun bütün bədən üzvləri isə dünyaya gəldiyi ilk gündən xarici baxımdan digər heyvanlar kimi kamil olur, gələcəkdə ona şəxsiyyət verən ruhi baxımdan isə həmin xüsusiyyət və istedadlara malik olan, lakin onları zahir etməyən bir varlıqdır. İnsani dəyərlər onun vücudunda saxlanılaraq daim inkişafa hazır vəziyyətdə olur.

 

İnsan ruh və mənəvi baxımdan bədən üzvlərindən bir mərəhələ arxada yerləşir. Belə ki, insanın bədən üzvləri [hələ dünyaya gəlməmişdən əvvəl] formalaşaraq müəyyən şəkil alır. Ruh və mənəviyyat isə insan dünyaya gəldikdən sonra formalaşır və inkişafa, daha dəqiqi desək, təkamülə doğru hərəkət edir. Bunun üçün biz, insan öz mənəviyyatının qurucusudur dedikdə tam haqlıyıq. Şəxsiyyəti və mənəviyyatının necə və hansı istiqamətdə formalaşacağı onun öz ixtiyarına qoyulmuşdur. İnsandan fərqli olaraq, heç bir məxluqun vücud və mahiyyəti arasında fərq qoymaq olmaz. İnsan isə özü ilə mahiyyəti [yəni insan və insaniyyət] arasında fərq və fasilə olan yeganə varlıqdır. Xarici görünüşü ilə insana bənzəyən, amma mədəniyyət və svilizasiyadan geridə qalmış yarımvəhşi aboriqen tayfalarını dediklərimizə misal çəkə bilərik.

 

Bəs bunun [yəni vücud ilə mahiyyət arasında fərqin yaranmasına] səbəb olan nədir? Məlum olduğu kimi, hər bir varlığın əsasını onun mahiyyəti təşkil edir. Əgər vücud feli olarsa, onun mahiyyəti də təbii ki, feli olacaqdır. Yalnız bil-qüvvə olan vücud mahiyyətdən məhrumdur.

 

Bunu əsaləti-vücud adlandıran eqzistansialistlər belə bir nəzəriyyə irəli sürürlər ki, insan heç bir mahiyyətə malik olmayan bir varlıqdır. O, öz yolunu seçməklə mahiyyət kəsb etmiş olur.

 

Bu mətləbə böyük əhəmiyyət verən islam filosofları, xüsusilə Sədrul-mutəəllihin Molla Sədra Şirazi belə bir nəzəriyyə irəli sürmüşdür: İnsan növ deyil, növlərdən ibarətdir, hər bir insanın bu günkü növü bəzən gələcək növü ilə fərqlənə bilər. (Əsfar, məad bəhsi).

 

Buradan belə məlum olur ki, bioloúi və fizioloúi insan, insanlığa nümunə ola bilməz. Bioloúi insan təkcə həqiqi insanlığın zəminəsidir. Filosofların dili ilə desək, əhəmiyyət kəsb edən insaniyyətin özü deyil, onun istedad və bacarıq xüsusiyyətini daşımasıdır. Məlum oldu ki, ruhun əsalətini qəbul etmədən insaniyyət haqda danışmaq puç və əhəmiyyətsizdir.

 

Kiçik bir müqəddimədən sonra, biz artıq insan agahlığının nə olduğunu dərk edə bilərik. Bir qədər əvvəl qeyd etdik ki, insani agahlıq prinsipi bu nəzəriyyəyə əsaslanır ki, insanlar ümumilikdə vahid həqiqət təşkil edir və onlar müştərək insani, sinfi, dini və milli vicdandan bəhrələnmişlər.

 

Burada belə bir sual meydana gəlir. İnsanlar vahid həqiqətdən ibarətdir və onların üzərinə vahid ruh hakimdir deyildikdə, hansı təbəqə nəzərdə tutulur. Agahlıq hansı təbəqələr arasında daha çox inkişaf edir və onlarda nə kimi həmrəylik hissi yaradır? Bu həqiqət yalnız insaniyyətə nail olmuş və insani dəyərləri özündə biruzə verən şəxslərdə özünün həqiqi formasını tapırmı? Ya öz istedadlarını bil-qüvvə həddində saxlamış insanlardamı? Ya zahiri quruluşu dəyişərək qorxunc heyvanlar surətinə düşən kəslərdəmi? Bu proses onların hansı birində baş vermişdir? Yoxsa bunu onların hamısında müşahidə etmək olar? Əgər insanların eyni mənşədən olduqlarını və bir-birlərinin dərd və qəmlərində şərik olduqlarını qəbul ediriksə, bu qənaətə gəlməliyik ki, onların hamısı belə bir xüsusiyyətə malik ola bilməzlər. Yarımvəhşi, ibtidai icma quruluşuna oxşar bir şəraitdə yaşayan və insani fitrəti hələ də oyanmayan kəslərdə nə vaxt həmdərdlik hissiyyatı özünü biruzə verəcəkdir? Müştərək ruh nə vaxt onların üzərinə hakim olacaqdır? İnsaniyyətdən xaric olmuş kəslər haqda isə artıq hər şey bəllidir.

 

Demək insaniyyətə çatanlar o kəslərdir ki, onlar insaniyyətin mahiyyətini və insani fitrət baxımından öhdəsinə düşən məsuliyyət və vəzifələri dərk etmiş olsunlar. Məhz onlar müştərək ruha malik ola bilərlər. Onların təşkil etdikləri cəmiyyət bədən üzvləri kimi daim bir-birləri ilə həmdərd olar, hər hansı bir fərdin qəm-qüssəsi digərlərini rahat buraxmaz və onun keçirdiyi hissləri özlərində yaşadarlar.

 

Fitri dəyərləri özündə toplayan belə bir insan mömin adlanır. Çünki, iman insan fitrətinin və insani dəyərlərin əsasını təşkil edir.

 

Demək insanları bir-birlərinə yaxınlaşdıran, onların mənəviyyatını saflaşdıraraq əxlaqi və insani möcüzələrini aşkar edən yeganə amil onların müştərək iman və etiqadlarıdır. Belə bir nəticəyə gəlirik ki, ideal və həqiqət adlanan şey varsa da o, insanların insaniyyəti və insani dəyərlər əldə etməsidir.

 

Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir:

 

(Möminlər bir bədənin üzvü kimidirlər, onlardan biri xəstələndikdə, digərləri də onunla həmdərd olar).

 

İnsaniyyətə nail olmuş şəxs hamıya, hətta mahiyyət və xarici gö üşü dəyişmiş (məsx olmuş) kəslərlə də mehr-məhəbbətlə davranmağa başlayır. Elə bu səbəbdən də Allah-taala, Peyğəmbəri (s) Rəhmətən-lilaləmin (aləmlərin rəhməti) adlandırmışdır.

 

Bu xüsusiyyətə malik olan şəxslər, hətta öz düşmənlərinə qarşı da mehr-məhəbbət göstərirlər. Əli (ə) öz qatili Əbdürrəhman ibni Mülcəm haqda deyir: Mən onun həyatını (yaşamasını), o isə mənim ölümümü istəyir.

 

Biz qarşılıqlı mehr-məhəbbəti və həmdərdlik xüsusiyyətini yalnız iman əhlində görə bilərik.

 

Məlum olduğu kimi, ümumi insansevərlik xüsusiyyəti sülh və əmin-amanlığın bərqərar olunmasına səbəb olur. Məsuliyyətsizlik deyildikdə isə, heç də zalim və yolunu azmış şəxslərin işlərinə dəxalət etməmək nəzərdə tutulmur. Əksinə olaraq, həqiqi insaniyyətə təmayül cərəyanı bu sahədə ən ciddi məsuliyyətlər tələb edir.

 

Məşhur ingilis filosofu və riyaziyyatçısı Bertrant Rassel və fa sız eqzistansialist filosofu Úan Pal Sarter, insani məslək cərəyanının tanınmış nümayəndələrindəndirlər. Rasselin irəli sürdüyü əxlaq nəzəriyyəsi insani məslək cərəyanı ilə iki cəhətdən tamamilə ziddiyyət təşkil edir. O, adətən şəxsi mənafedə uzaqgörənliyə diqqət yetirir. Yəni əxlaq normalarının əsasını əxlaqi üsul prinsiplərinin təmin olması üçün mühüm amil hesab edir. Başqa sözlə desək, Rassel əxlaq normalarına heç bir əhəmiyyət vermək istəməmişdir. Demək Rasselin nəzərdə tutduğu məsləkçi insan yalnız şəxsi mənafeyə diqqət yetirir.

 

Úan Pal Sarterin nəzərdə tutduğu insaniyyətə təmayül isə, müasir yazıçılardan birinin dediyi kimi, qərb dünyası ayaqlar altında məhvə doğru yönələn iztirab məzhəridir. O, qərbin bu günkü nehilizm dünyası haqda deyir:

 

Bastini fəth edən və nasionalizm bayrağını ucaldan bruúuaziya artıq bu gün bir şey haqqında düşünməyə belə, qadir deyildir! Avropanın gənc nəsli hədəfsizlik və puçluqla qarşılaşmışdır. Qərb dünyası bir zamanlar ayrı ölkələrdə yaydığı öz təfəkkür tərzinə düçar olmuşdur. İctimai qalmaqal və pozğuntuları, ümidsizlik, tüfeyli həyat tərzi, təhqir olunma və sair bütün bunlar nehilizmin verdiyi nəticələrdir. O, bütün bunları bir zamanlar digər millət və mədəniyyətlərə qəbul etdirirdi.

 

Nehilistlər belə fikirləşir ki, əgər mənim deyilsə, qoy başqasının da olmasın... Bu səbəbdən də uçuruma doğru yönəlmiş olur. Eyni zamanda biz müəyyən həddə də olsa, romantik insansevərlik fəlsəfəsinin qərb filosoflarında əksül-əməl yaratdığının və onları özünə cəzb etdiyinin şahidi oluruq. Onun bir hissəsini özünün sadə baxışı ilə Rassel, olduqca çətin və məfhumu olan digər bir hissəsini isə Sarter fəlsəfəsi təşkil edir. Qeyburmen kimi siyasət və iqtisad ziyalıları isə, daim bu sahədə çətinliklərin aradan qaldırılması üçün müxtəlif yollar axtarırlar.

 

Amma Sarter... özünün arifanə və azadlıq şüarları ilə günah hissi keçirməklə buraxılan səhvləri aradan qaldırmaq istəyir. Rəvvaqilər kimi onun da bərabərliyə, qardaşlığa, azadlığa, dünyəvi hakimiyyətə, ixtiyar və zahidliyə etiqadı vardır.

 

Sarter qərb dünyasının ziyalısı kimi özünü ümumbəşər cərəyanına təslim etməklə, bu iztirablardan yaxa qurtarmaq istəyir. O, humanizmi dinlə dəyişmək və bununla da dünyanın qədim Allahından özünün və başqalarının bağışlanmasını istəyir.

 

Sarterin humanizm fəlsəfəsinin bariz nümunəsini biz [qəsbkar] İsrail dövləti üçün axıtdığı göz yaşlarında və ərəbləri zülmkarlıqda, xüsusilə Fələstin qaçqınlarını ittiham etməkdə görə bilərik.

 

Hamı humanizm məktəbinin insan hüquqlarına dair verdiyi şüarlarla yanaşı, onların baş verən cərəyanlara qarşı göstərdikləri təzadlı əksül-əməllərin də şahidi olmuş və olmaqdadır. (Böyük qüdrətlər və demokratiya, insan hüquqları, vicdan azadlığı, ədalət şüarı ilə bağıran qərb dünyasının torpaqları işğal olunmuş məzlum xalqımıza qarşı soyuq münasibətini də buna misal çəkmək olar. Red). Biz bu haqda bir daha geniş izahat verməyə heç bir ehtiyac duymuruq.

 

İctimai agahlığa istər milli olsun, istər insani, istərsə də sinfi yaşadığımız əsrdə ziyalı agahlığı adı da verilmişdir.

 

Ziyalı o şəxsə deyilir ki, bu agahlıqlardan birinə nail olmuş və ictimai əsarətdən yaxa qurtarmaq üçün lazımi fəaliyyətlər göstərmiş olsun.

  
7. ARİFANƏ AGAHLIQ 

İnsanın özü ilə əlaqəli olaraq, özündən agah olmasına arifanə agahlıq deyilir. Ariflər belə bir rabitəni insanın yaşadığı cəmiyyətin üzvləri ilə deyil özü, daha dəqiq desək, batini ilə bərqərar etdiyi rabitəyə bənzədirlər. Həqiqət və məcaz arasında bərqərar olan rəbitəni də buna aid etmək olar. Ziyalıdan fərqli olaraq, arifin keçirdiyi hisslər xarici deyil, daxilidir. Yəni keçirdiyi hissiyyatlar birbaşa onun fitrətindən qaynaqlanır. Ziyalının keçirdiyi hisslər xarici olduğu üçün əvvəl onu dərk edir və artıq dərk etdikdən sonra əksül-əməl göstərməyə başlayır. Arifin keçirdiyi hislər isə, batini olduğu üçün xəstəliyə tutulmuş bir kəs öz dərd və ağrılarını hamıdan tez hiss etdiyi kimi onu dərhal öz daxilindən hiss edir.

 

Arif ilə filosofun keçirdiyi hislər tamamilə eynidir. İstər arif, istərsə də filosof hər ikisi özündə həqiqət ağrısı duyur. Fərq yalnız bundan ibarətdir ki, filosof həqiqəti tanımaq, arif isə tanıyıb orada qərq olmaq istəyir. Filosofun keçirdiyi hislər onu təbiətin övladlarından, bütün canlı və canzıslardan tamamilə fərqləndirir. Çünki təbiətdə mövcud olan varlıqların heç biri bu hissi özündə keçirmir. Arif isə daim özündə eşq və cazibə ağrısı duyur. Bu xüsusiyyət tək heyvanlarda deyil, zatı agahlığa malik olan mələklərdə də mövcud deyildir.

 

Filosof fitri ehtiyacları ilə həqiqətin nədən ibarət olduğunu bilmək üçün can atır. Arif isə müəyyən mərhələləri keçərək bütün vücudu ilə onu dadmayınca rahatlıq tapmayır. Arif agahlığın ən kamil formasını Allahı dərk etməkdə görür. O, filosofun həqiqi insan haqda [mahiyyətini] irəli sürdüyü nəzəriyyəni qəbul etmir. Başqa sözlə desək, filosofun nəzərdə tutduğu insan, arifin nəzərdə tutduğu insandan bir qədər fərqlidir. Həqiqi varlıq yalnız Allahdır. İnsan, qarşısındakı maneələri aradan qaldırdıqdan sonra özünün kim olduğunu dərk etmiş olur. Mühyiddin Ərəbi, Fəssi Şueybinin Füsusul hikəm adlı kitabında deyir: Kəlam və hikmət alimləri insanın özünü tanıması haqda çox sözlər demişlər. Amma insanın özünü tanıması bu kimi yollarla hasil olmayır; Hər kim onların, insanın özünü tanımaq barəsində söylədiklərini həqiqət qəbul edərsə, yanıldığını qəbul etməlidir.

 

Demək ariflər ruh və canı insanın həqiqi mahiyyəti hesab etmirlər. Həqiqi, başqa sözlə desək, mütləq varlıq Allahın özüdür. Ruh və can isə insanın xarici görünüşü və məzhəridir. İnsan qarşısındakı maneələri dəf edərək fani olduqda, ruh və candan da heç bir əsər əlamət qalmayır. Dənizdən ayrılmış bir qətrə su yenidən dənizə qovuşaraq orada yox olduğu kimi, insan da irfanın son mərhələsində Allaha qovuşaraq orada qərq olur. İrfan nöqteyi-nəzərindən həqiqi agahlıq məhz budur. İnsan artıq özünü hər şeydə və hər şeyi özündə görməyə başlayır. Və yalnız belə olduğu bir halda insan özünü dərk etmiş olur.

  
8. PEYĞƏMBƏRLİK AGAHLIĞI 

Agahlığın bu növü digər agahlıq növləri ilə tamamilə fərqlidir. Peyğəmbər həm ilahi, həm də insani agahlıqlara malik olur. Həm Allahın, həm də insanların istəyini dərk etmiş olur. Amma bu heç də o demək deyildir ki, Peyğəmbər insanların mənəvi sarsıntılarını hiss etməklə tamamilə onlara qapılır, öz Allahını unudur və ya Ona şərik qoşmuş olur. Yəni bir hissəsi Allahda və digər bir hissəsi isə insanlarda olmaqla ikiqütblü, ikicəhətli deyildir. Onun qəlbi insanlarla ünsiyyətdə olmaqla, Allaha ibadətdə rahatlıq tapır. Arzu və hədəfləri Allah və insanlar arasında iki hissəyə bölünməyir. Əhzab surəsinin 4-cü ayəsində bu haqda deyilir:

 

(Allah bir insanın köksündə iki ürək yaratmamışdır).

 

Bir ürəklə iki dilbərə sahib olmaq olmaz. Peyğəmbərlər tohid (təkallahlıq) qəhrəmanlarıdır. Onların gördükləri işlərdə, arzu və istəklərində şirkə yol verilməyir. Allahın ad və sifətlərinin təcəllisi olan bütün varlıqları sevir və onlara eşq və məhəbbət gözü ilə nəzər salırlar.

 

Övliyaların dünyaya olan eşqi həqiqətə olan eşqlərinin nuru və təcəllisidir. İnsansevərlik və onların dərdlərinə şərik olmaq hissi övliyalarda ilahi mənbədən qaynaqlanır. Yeganə hədəf və arzuları varsa da o, insanları son mərhələyə, yəni Allahın haqq dininə hidayət etməkdir.

 

Peyğəmbərlər hər şeyi Allahı dərk etməkdən başlayır və bu onları Allaha daha da yaxınlaşmağa sövq edir. Onların təkamülə doğru qət etdikləri bu yol insanlardan Allaha doğru apran yol adlanır. Keçirdikləri bu hissiyyat onları bir an olsun belə, rahat buraxmayır.

 

Bu səfər başa çatdıqdan sonra həqiqətlə, həqiqətdə səfər adlanan başqa bir mərhələ başlanır. Burada artıq onlar təkamülün başqa bir mərhələsinə nail olurlar. Övliya burada da dayanmağın nə olduğunu bilməyir. Həqiqəti dərk edərək müəyyən mərhələləri keçdikdən sonra, Allah tərəfindən peyğəmbərliyə təyin olunur və mərhələ baxımından üçüncü haqdan (Allahdan) insanlara (və ya həqiqətdən insanlara) adlanan yeni səfərə qədəm qoyur. Burada o, bir daha insanlara tərəf qayıdır. Amma bu qayıdış ilk mərhələyə qayıtmaq və ələ gətirdiklərini itirmək mənasında deyildir. O, nail olduğu şeylərlə insanlara tərəf qayıdır və öz Allahından bir an olsun belə ayrılmayır. Bu səfər haqdan insanlara doğru qayıdış da adlanır. Və bu peyğəmbərlərin üçüncü təkamül mərhələsidir. Peyğəmbərlik və ikinci mərhələnin (səfərin) sonunda əldə olunan təkamül, peyğəmbərlərdə ilahi agahlıq və hissiyyatla insanlara qarşı agahlıq və hissiyyatın [məhəbbətin] yaranmasına səbəb olur.

 

İnsanlara doğru qayıtmaqla təkamülün dördüncü mərhələsinə qədəm qoyur və bu sonuncu mərhələ (səfər) insanlarda həqiqi seyr adlanır. O, insanlar arasında olduğu müddət ərzində onları şəriət vasitəsi ilə haqqa hidayət edir. Və bu sonu bilinməyən ilahi kamala doğru yönələn yoldur. Yəni burada peyğəmbərlər haqq-ədaləti və insani dəyərləri meyar tutaraq bəşəriyyətin yatmış istedadlarını üzə çıxarmış olurlar.

 

Buradan belə məlum olur ki, ziyalının hədəf hesab etdiyi şey peyğəmbərlər üçün Allaha yaxınlaşmaq üçün qət etdiyi mərhələlərdən birini təşkil edir. Ariflərə gəldikdə isə, onlar özlərini peyğəmbərlərin keçdiyi yolun başlanğıcında durduqlarını iddia edirlər.

 

İqbal peyğəmbərlik və arifanə agahlığın arasında olan fərqi belə bəyan edir:

 

Həzrət Məhəmməd (s) meraca qalxdı və oradan qayıtdı. Əbdül Qüddus Gəngəhi adlı təriqət şeyxlərindən biri deyir:

 

And olsun Allaha, əgər mən elə bir mərhələyə çatsaydım heç vaxt yerə qayıtmazdım. İqbal sonra deyir: Bəlkə də sufi ədəbiyyatında bu iki növ agahlığın fərqini bəyan edən belə bir gözəl ifadə tapmaq mümkün olmaz. Arif həqiqətə və irfani agahlığa nail olduqdan sonra, bir daha bu dünyaya qayıtmaq istəmir. Əgər zərurət üzündən qayıdarsa da, onun bu qayıdışı bəşəriyyət üçün bir o qədər də səmərəli olmur. O, qayıdaraq zaman cərəyanına daxil olur və qarşısına, baş vermiş tarixi hadisələri nəzərdən keçirmək, insanların arzuladığı yeni dünya yaratmaq məqsədini qoyur.

 

Biz hələlik irfani təfsir və ibarətlər, onların düz olub-olmaması haqda söhbət açmaq istəmirik. Bizə məlum olan budur ki, peyğəmbər hər şeydən əvvəl özündə ilahi dərd hiss edir. O, Allaha doğru ucalır və mənəvi susuzluğunu həqiqət çeşməsi ilə dəf edir. Sonra o, özündə ümumbəşəri dərd hiss etməyə başlayır. Onun keçirdiyi hissiyyatlar adi ziyalının keçirdiyi hissiyyatlarla tamamilə fərqli və müqayisəolunmazdır. Çünki ziyalının keçirdiyi hisslər sadə və bəşəri, peyğəmbərin keçirdiyi hisslər isə əldə etdikləri agahlıqlar kimi dərin və vəsfedilməzdir.

 

Şəxsiyyəti hamıdan üstün olan və bütün insani dəyərlərə yiyələnən peyğəmbərlər daim cəmiyyət içində olduqları üçün onların mənəvi ağrı və sarsıntılarını hamıdan daha çox dərk edir və sevinc və kədərlərində onlara şərik olurlar.

 

Tövbə surəsinin 128-ci ayəsində bu mətləbə işarə olunaraq deyilir:

 

([Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, O, [sizin iman gətirməyinizi] çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir).

 

Kəhf surəsinin 6-cı ayəsində deyilir:

 

([Ya Məhəmməd!] Yoxsa [kafirlər] bu Qurana inanmasalar, [səndən üz döndərib getdiklərinə görə] arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!)

 

İnsanların aclığından, kasıbçılıqlarından, məhrumiyyətlərindən mənəvi sarsıntı keçirən və müsəlman məntəqələrinin bir guşəsində kiminsə aclıqdan əziyyət çəkdiyini nəzərə alan Peyğəmbər (s) gecələrinin bir çoxunu ac yatırdı.

 

Əli (ə), Osman ibni Huneyfə yazdığı məktubların birində bu mətləbə işarə edərək buyurur:

 

(Nəfsimin mənə güc gəlməsindən və tamahkarlıq üzündən yemək-içməyə meyl etməkdən Allaha pənah aparıram. Hicaz və Yəməndə kiminsə ac qalması mənim üçün çox ağır gəlir. Ətrafımda aclıqdan və susuzluqdan əziyyət çəkən insanları gördüyüm bir halda günlərimi tox qarınlamı başa vurum?!)

 

Amma bütün bunları adi insanların bir-birlərinə qarşı bəslədikləri sadə ürək ağrısı və mehribançılıqlarla müqayisə etmək olmaz. Peyğəmbər, bu ilahi məqama təyin olunmazdan əvvəl sair insanlar kimi hamının keçirdiyi hisləri keçirir və lazım gəldikdə hamı kimi o, da qarşılaşdığı cərəyanlara qarşı öz əksül-əməlini göstərirdi. Peyğəmbərliyə təyin olunduqdan sonra isə, vücudunda ani dəyişikliklərin baş verdiyini və qəlbində ilahi nurun şölələndiyini hiss etməyə başlayır.

 

Peyğəmbərlərin qurduğu cəmiyyət, ziyalıların qurduğu cəmiyyətdən bir çox xüsusiyyətlərlə fərqlənir. Ən mühüm fərqlərdən biri bundan ibarətdir ki, peyğəmbər bəşəriyyətin yatmış fitri istedadlarını oyadaraq onlara yeni şüur və agahlıq verir.

 

Peyğəmbər özünü muzəkkir yəni xəbər verən, agah edən adlandırır və insanda bütün varlıq aləminə qarşı xüsusi diqqət yaradır. Onun özünə olan agahlığını ümumbəşəri agahlığa çevirir. Amma ziyalı isə ən çoxu onların fərdi agahlığını ictimai agahlığa, milli və ya sinfi mənafeyə çevirir.