KAMİL İNSAN

: 3392 ()

   
   

   BİRİNCİ FƏSİLİNSANIN RUHİ VƏ PSİXOLOJİ NÖQSANLARI  

KAMİL İNSANYadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah-taala ona: Səni insanlara imam təyin edəcəyəm dedi. İbrahim isə Nəslimdən necə? deyə soruşdu. Allah-taala onun cavabında: (Sənin nəslindən olan) zalimlər Mənim imamlığıma nail olmazlar buyurdu.

 

Söhbətimizin mövzusu islam baxımından kamil insan barəsindədir. Kamil insandan məqsəd nümunəvi, daha ali və uca insandır. İnsan da digər yaranmışlar kimi, kamil və qeyri-kamil, eybli, nöqsanlı və ya sağlam olur. Sağlam insanın özü də iki qismdir: Sağlam kamil insan və sağlam qeyri-kamil insan. Biz müsəlmanlara, islam baxımından kamil və nümunəvi sayılan insanı tanımaq vacibdir. Çünki o, bizim üçün ö ək və simvol rolunu oynayır və islam dininin ali hədəfi kamil insan formalaşdırmaqdır. Əgər biz kamil müsəlman olmaq və islami təlim-tərbiyə əsasında insani kamilliyə çatmaq istəyiriksə, kamil insanın necəliyini, yəni onun mənəvi və ruhi xüsusiyyətlərini öyrənməliyik. Biz bu barədə hərtərəfli məlumatlar əldə etdikdən sonra özümüz və yaşadığımız cəmiyyəti onun meyarları əsasında formalaşdıra bilərik. Əgər islamın nəzərdə tutduğu kamil insan simvolunu tanımasaq heç vaxt tam və kamil müsəlman ola bilmərik. Başqa sözlə desək, islam baxımından hətta nisbətən də olsa, kamil insan kimi dəyərləndirilmərik.

  
İSLAM BAXIMINDAN KAMİL İNSANI TANIMAQ YOLLARI 

İslam baxımından kamil insanı tanımaq üçün iki yol vardır. Quran və sünnədə kamil insan deyil, kamil müsəlman ifadələrinin işlədilməsinə baxmayaraq, biz ilk növbədə Quranın, sonra isə sünnənin kamil insanı necə vəsf etdiyini araşdırmalıyıq. Hər halda kamil müsəlman islamda kamala çatmış, kamil mömin isə iman sayəsində təkamülə çatmış insan deməkdir. Biz Quran və ya sünnənin kamil insanı hansı xüsusiyyətlərlə vəsf edərək tanıtdırdığı və onun üçün hansı cizgilər müəyyənləşdirdiyini öyrənməliyik. Xoşbəxtlikdən bu barədə Quran və sünnədə kifayət qədər məlumatlar vardır.

 

Kamil insanı tanımağın ikinci yolu isə bəyan və vəsf yolu deyildir. Yəni, biz bu yolda Quran və sünnənin bu barədəki bəyan və açıqlamalarını araşdırmırıq, özlərini islam və Quranın istədiyi kimi formalaşdırmalarından arxayın olduğumuz real nümunələrə nəzər salırıq. İslamın buyurduğu kimi, insan heç vaxt xarici aləmdə mövcud olmayan zehni və xəyali varlıq deyildir. Kamil insan, özünün həm yüksək, həm də ən aşağı dərəcələrində xarici aləmdə mövcud olub.

 

Əziz islam Peyğəmbəri və eləcə də Əli (ə) islamın kamil insan nümunələrindəndir. Əli (ə)-ı tanımaq islamın kamil insanlığını tanımaq deməkdir. Amma yaddan çıxarmaq lazım deyil ki, Əli (ə)-ı zahiri görkəmi, adı, atasının adı və s. zahiri əlamətləri ilə deyil, onun əsil şəxsiyyətini tanımaqla müəyyənləşdirmək olar. Bəzən biz Əli (ə)-ı adının nə olması, kimin oğlu olduğu, atasının adının Əbu Talib, babasının adı Əbdülmüttəlib, anasının adının Fatimə binti Əsəd, Peyğəmbərin qızı Fatimənin əri, Həsən və Hüseynin atası, təvəllüd və vəfat tarixi, apardığı döyüş və müharibələr və bu kimi xüsusiyyətləri ilə tanıyırıq. Bu Əli (ə)-ı adi və fərdi xüsusiyyətləri ilə tanımaq deməkdir. Belə ki, əgər biz onun üçün şəxsiyyətini təsdiq edən sənəd vermək istəsək, bu iş üçün lazım olan məlumatlar bu həddə kifayət edər. Amma Əli (ə)-ı bu həddə tanımaq onun tanınması demək deyildir. Əlini tanımaq onun şəxsiyyətini tanımaq vasitəsiylə mümkündür və əsl tanışlıq məhz budur. Əli (ə)-ın hərtərəfli şəxsiyyətini tanımaqla, islamın həqiqi kamil insan obrazını tanımış oluruq. Kamil insanı söz va ad ilə deyil, əməli şəkildə nə qədər özümüzə imam və başçı seçsək, yolunu davam etdirsək, ona tabe olsaq və özümüzü həmin nümunəyə uyğunlaşdırmağa çalışsaq, bir o qədər onun ardıcılı hesab olunarıq. Lümə kitabının müəllifi və digər islam alimləri deyiblər ki, şiə Əlinin yolunu davam etdirən və bütün rəftar, davranış, əməl, söhbət... və s. işlərində ona tabe olan şəxsdir. Bu, o deməkdir ki, insan söz, ad, eşq və məhəbbətlə şiə olmur. Bəs insan nə ilə şiə olur? Tabeçiliklə! Əli şiəsi o şəxsdir ki, əməldə Əliyə tabedir və əməli surətdə onun yolunu davam etdirir.

 

İndiyə kimi etdiyimiz söhbətlərdən kamil insanı tanımağın iki yolu və bu barədəki bəhslərin faydası məlum oldu. Deməli, kamil insan məsələsi təkcə fəlsəfi və elmi bəhs deyildir. Biz islamın nəzərdə tutduğu kamil insanı, Quran və sünnənin açıqlamaları ilə və bu kitabın formalaşdıraraq yetişdirdiyi insanlar vasitəsilə tanımasaq, bu dinin müəyyənləşdirdiyi yol ilə gedərək həqiqi müsəlman ola bilmərik. Digər tərəfdən də yaşadığımız cəmiyyət islam cəmiyyəti ola bilməz. Buna görə də islamın nəzərdə tutduğu kamil, ali və uca insanı tanımağımız zəruridir.

  
KAMİL İLƏ TAM ARASINDA FƏRQ VARMI?  

Burada belə bir sual ortaya çıxır ki, kamil kəlməsinin mənası nədir? Kamil insan nə deməkdir?

 

Ərəb dilində iki müxtəlif kəlmə vardır ki, onların antonimi eyni bir kəlmədir. Belə ki, bu bir kəlmə bəzən o iki kəlmədən birinin, bəzən də digərinin zidd və antonimi kimi işlədilir. Fars dilində isə həmin iki kəlmənin heç biri yoxdur və onların yerinə digər bir kəlmə vardır. Ərəb dilində olan həmin iki sözün biri kamal, digəri isə tamam kəlməsidir. Bu dildə bəzən kamil, bəzən isə tam kəlməsi işlədilir və onların antonimi kimi naqis kəlməsindən istifadə edilir. Bu işlədilmə forması fars dilində də ərəb dilində olduğu kimidir. Məsələn, burada deyilir: Bu kamildir, o isə naqis; bu tam və ya tamamdır, o biri isə naqis.

 

Quran ayələrinin birində bu iki kəlmənin hər ikisindən istifadə edilib.

 

Əlyovmə əkməltu ləkum dinəkum və ətməmtu ələykum neməti

 

Yəni: Bu gün dininizi kamala yetirdim və sizə olan nemətimi tamamladım.

 

(Maidə-3).

 

Dilşünas alimlər bildirirlər ki, əgər bu ayədə ətməmtu dinəkum (dininizi tamamladım) və əkməltu neməti (sizə olan nemətimi kamala yetirdim) deyilsəydi, ərəb dilinin qarmmatikası baxımından düzgün olmazdı. İndi görək bu iki kəlmə arasındakı fərq nədən ibarətdir? Biz bu iki kəlmə arasındakı fərqi aydınlaşdırmasaq, barəsində danışmaq istədiyimiz mövzunun izahına başlaya bilmərik. Belə ki, bizim söhbətimizin əvvəli bu iki kəlmənin mənasını bilməklə başlanır.

 

Müəyyən bir şey barəsində tamam kəlməsi o vaxt işlənir ki, onun vücudunun əsli üçün lazım olan bütün şeylər yaranmış olsun. Belə ki, o şeylərin bəziləri yaranmasa həmin şey öz mahiyyətində naqis hesab edilir, vücudu natamam adlandırılır. Həmin şey barəsində də yarısı, üçdə biri və ya üçdə ikisi mövcuddur kimi ifadələr işlədilir. Məsələn, müəyyən plan və proyekt əsasında tikilən məscid üçün bir salon nəzərdə tutulur və salonun tikilməsi üçün divar, tavan, qapı, pəncərə və bir sıra digər şeylərə ehtiyac olur. Həmin tikinti üçün lazım olan və onlarsız həmin salonun istifadəsi mümkün olmayan bütün şeylər hazırlandıqdan sonra belə deyilir: Tikinti tamamlandı. Bu kəlmənin müqabilində naqis kəlməsindən istifadə edilir. Amma kamal və kamil sözləri elə yerlərdə işlədilir ki, hər hansı bir şey tamam olmasına baxmayaraq, olduğundan daha yüksək dərəcə və məqamda ola bilsin. Həmin kamillik olmadıqda belə, şey mövcud olur, amma həmin kamilliyin olması ilə o, daha yüksək mərtəbə və dərəcədə qərar tapır. Kamilliyi şaquli, tamamı isə üfüqi istiqamətlərlə açıqlayırlar. Şey üfüqi istiqamədə özünün son həddinə çatdıqda, onun tamamlandığını bildirirlər. Şaquli istiqamətdə yuxarı qalxdıqda isə, onun, əvvəlkindən daha kamil olduğunu bəyan edirlər. Filankəsin ağlı kamilləşib sözünün mənası budur ki, onun əvvəl də ağılı olub, amma ağılı bir qədər də yüksəlib. Filankəsin elmi kamilləşib cümləsinin mənası da bu şəkildədir. Belə ki, həmin şəxsin əvvəl də elmi olub və o, həmin elmindən istifadə edib. Amma o, indi elmi kamillik baxımından daha da yüksəlib. Deməli üfüqi baxımdan natamam olan insan müqabilində tamam insan vardır, yəni əsil baxımdan yarım insan və ya naqis insandır. Məsələn, insanlığın üçdə bir və ya üçdə ikisinə malikdir. Bir sözlə, tam insan deyildir. Bundan başqa digər bir insan da vardır ki, o, tam insandır. Tam insan kamil, daha kamil və bundan da yüksək mərtəbələrə çata bilər. Bu, elə bir insandır ki, insanlığın ən yüksək mərtəbəsinə çatmaq imkanı vardır. Belə bir insan kamil insanların kamili yəni insanlığın ən uca və yüksək mərtəbəsinə çatmış varlıq adlandırılır.

  
KAMİL İNSAN İFADƏSİNİN TARİXİ 

Hicri-qəməri tarixinin yeddinci əsrinə kimi islam ədəbiyyatında kamil insan ifadəsi mövcud olmayıb. Amma bu termin bu gün Avropada da çox geniş işlədilir. Bu termin islam dünyasında ilk dəfə insan barəsində işlədilib. İnsan barəsində bu ifadəni ilk dəfə məşhur arif Mühyiddin Ərəbi işlədib. Mühyiddin Ərəbi islam irfanının atası hesab olunur. Belə ki, yeddinci əsrdən sonra bütün müsəlman xalqlarından olmuş ariflər, Mühyiddin məktəbinin şagirdləridir. Mövlana Cəlaləddin Rumi də Mühyiddin məktəbinin yetişdirmələrindən sayılır. O, bütün əzəmət və böyüklüyünə baxmayaraq, irfan baxımından Mühyiddinlə müqayisə oluna bilməz. Mühyiddin Ərəbi, ərəb soyludur və Hatəm Tayinin nəslindən olub. O, vaxtı ilə müsəlman ölkəsi olmuş Andalos (indiki İspaniya) əhalisindən olub. Bu böyük arif bütün islam ölkələrinə səfərlər edib və sonda, Şamda vəfat edib. Onun qəbri Dəməşq şəhərindədir. Mühyiddinin Sədrəddin Konyəvi adlı şagirdi olub ki, ondan sonra ən böyük arif hesab edilir. İslam irfanının həddindən artıq elmi şəkil alması Mühyiddinin işləri və Sədrəddinin şərhlərinin məhsuludur. Türkiyənin Konya şəhərindən olan Sədrəddin Mühyiddinin oğulluğu sayılır. Belə ki, Mühyiddin Sədrəddinin həm ustadı, həm də anasının əri olub. Mövlana Sədrəddinin müasirlərindən olub. Sədrəddin məsciddə pişnamaz olan zaman Mövlana həmin məscidə gedərək namazda ona iqtida edirmiş. Mühyiddinin fikirləri Sədrəddin vasitəsi ilə Mövlanaya çatdırılıb.

 

Onun irəli sürdüyü məsələlərdən biri kamil insan məsələsi olub. Əlbəttə o, bu məsələni irfan baxımından irəli sürüb. Başqaları da öz baxışları ilə kamil insan barəsində bir sıra sözlər deyiblər. Amma kamil insan ifadəsi ilə ilk dəfə bu məsələni irəli sürən şəxs, Mühyiddin Ərəbi olub. Biz kamil insanın, Quran baxımından necə olmasını bilmək istəyirik. Söhbətimizi sonrakı mərhələlərə çatdırmaq üçün tam və naqis insanla başlayırıq.

  
CİSMİ VƏ RUHİ NÖQSANLAR 

İnsan sağlam və ya nöqsanlı ola bilərmi? Sağlamlıq və nöqsan bəzən insanın cismi ilə bağlı olur. Bəzi insanların cismi baxımdan sağlam, bəzilərinin isə nöqsanlı və xəstə olmalarında heç bir şübhə yoxdur. Məsələn, bəziləri kar, kor, bəziləri iflic və bu kimi fiziki nöqsanlara düçar olublar. Amma bunlar insanın özünə aiddir. Diqqət etdikdə görürük ki, biz kiminsə kar, kor, iflic, çirkin, qısaboy və s. xüsusiyyətlərini fəzilət, insanlıq və şəxsiyyət baxımından onun üçün nöqsan hesab etmirik. Məsələn, bəzilərinin peyğəmbərlərin davamçısı adlandırdığı məşhur Yunan filosofu Sokrat dünyanın ən eybəcər adamlarından biri olub. Amma heç kəs eybəcərliyi Sokrat üçün bir insan kimi eyb və nöqsan hesab etmir. Yaxud böyük ərəb şairi və dilçisi Əbul-əla Muirri və müasir Misir tədqiqatçı alimlərindən olmuş Taha Hüseyn kor olublar. Onların cismlərində olan bu korluq qüsuru onların şəxsiyyətləri üçün nöqsan hesab edilirmi? Xeyir, belə deyil! Bu onu göstərir ki, insan şəxs və şəxsiyyətdən, bədən (cism) və ruhdan ibarətdir. Ruhla cismin hesabı bir-birindən ayrıdır. İnsan ruhunun, tamamilə onun cisminə tabe olmasını fikirləşənlərin səhvləri məhz buradadır. Ümumiyyətlə insan ruhi cəhətdən xəstə, cismi baxımdan isə sağlam ola bilərmi? Bunun özü mühüm bir məsələdir. Ruhun əsilliyini inkar edənlərin və bütün ruhi xususiyyətlərin birbaşa insanın sinir sistemininin təsiri altında formalaşmasını iddia edənlərin fikirlərinə əsasən, ümumiyyətlə ruhun heç bir rolu yoxdur və hər şey cismə tabedir. Onların fikrincə, əgər insan ruhi cəhətdən xəstədirsə, onun cismi də xəstədir. Çünki, ruhun xəstəliyi cismi xəstəlikdən yaranır və ruhun xəstəliyinin səbəbi cismin xəstə olmasıdır. Bir sözlə, ruhi xəstəlik cismi xəstəlikdir.

 

Xoşbəxtlikdən bu gün sübut edilib ki, bədən vitaminləri, sinir sistemi, qan dövranı və cismlə bağlı bütün cəhətləri çox sağlam olan şəxslər də ruhi cəhətdən xəstə ola bilər. Bu necə ola bilər? Bəli, bu gün həsəd və kinlilik ruhi xəstəlik hesab edilir. Bu gün elm, kinli adama xəstə deyir. Belə ki, həmin şəxsin ruhunda cismi cəhətdən tam sağlam olmasına baxmayaraq, pozğunluq yaranıb. Buna görə də bu cismi xəstəliklərin müalicəsi, cismin müalicə edilməsi yolları ilə mümkün deyil, yəni bu ruhi xəstələr maddi dərmanlarla müalicə edilə bilməzlər. (Əlbəttə burada cismi pozğunluq və çatışmamazlıqlar nəticəsində yaranan bəzi ruhi xəstəliklər söhbətimizdən xaricdir. Çünki bəzi ruhi xəstəliklər, məsələn sinir sisteminin zəifliyi və bu kimi digər cismi səbəblərdən yaranır.) Təkəbbür də ruhi xəstəliklərin digər bir nümunəsidir. Bu gün təkəbbürün də, həqiqətən ruhi xəstəlik olması sübuta yetirilib. Amma görək aptekdə təkəbbürü müalicə edə biləcək bir dərman tapmaq mümkündürmü? Təkəbbürlü insan bir həb ataraq təvazökar insana çevrilə bilərmi? Şimr ibni Zilcovşən kimi daş ürəkli və cəllad bir insana bir iynə vurmaqla və ya bir həb atdırmaqla onu mehriban, rəhimli və şəfqətli bir insana çevirmək olarmı? Xeyir! Onu müalicə etmək yolları yolu bunlar deyil. O, müalicə edilə bilər, amma başqa yollarla. Bəzi ruhi xəstəliklər cismi yollarla müalicə edildiyi kimi, bəzən cismi xəstəliklər də ruhi yollarla müalicə edilir. Məsələn, əslində cismi xəstəlik olan bəzi xəstəliklər bir sıra təlqin yolları və ruhiyyəni gücləndirmək vasitəsilə müalicə edilirlər. Bu məsələnin özü, insanın cism və ruhdan ibarət bir varlıq olması və insan ruhunun cismdən müstəqil olmasına aid qəti dəlillərdən biridir. Bu məsələ göstərir ki, cism tam şəkildə ruha tabe olmadığı kimi, ruh da tam şəkildə cismdən asılı deyildir. Onlar qarşılıqlı olaraq bir-birlərinə təsir göstərirlər. Filosoflar demişkən: Bədən ruha və ruh bədənə təsir göstərir və onların hər biri müstəqil olaraq öz işlərini görürlər. Bu da, insan ruhunun müstəqil bir sistem olmasını göstərir.

 

Biz kamil insan barəsindəki söhbətimizə başlamazdan əvvəl sağlam və qeyri-sağlam insan barəsində bir sıra məsələləri açıqladıq. Məqsədimizin cismi sağlamlıq və ya nöqsan olmasını aydınlaşdırmaq üçün bu müqəddimənin gətirilməsi lazım idi. Biz burada tibbi məsələlər barəsində söhbət etmək niyyətində deyilik. Həmçinin məqsədimiz, tam sağlam insanın bütün tibbi müayinələrdən keçərkən bədənin bütün orqanlarının yüz faiz düz işləməsi məlum olan şəxsin olması demək deyil. Bu məsələ bizə aid deyildir və ümumiyyətlə bizim bədənlə işimiz yoxdur.

 

Deməli, məlum oldu ki, insan, ruhi və psixoloji baxımdan sağlam olduğu kimi, xəstə və nöqsanlı da ola bilər. Quran da bu məsələni qəbul edir. Allah-taala öz müqəddəs kitabında belə buyurur:

 

Onların ürəyində nifaq və həsəd mərəzi var... (Bəqərə-10).

 

Quran onların, məsələn gözlərində xəstəlik olmasını demir. Quranın dediyi ürək və qəlb, müalicəsi üçün ürək həkiminə müraciət edilməsi lazım olan ürək deyil. Bu müqəddəs kitabdakı ürəkdən məqsəd ruhdur. Allah-taala Quran barəsində belə buyurub:

 

Biz, Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik... (İsra-82).

 

Quran möminlər üçün şəfadır. Həzrət Əli (ə) buyurub: Bəla və çətinliklərin biri yoxsulluqdur. Yoxsulluqdan daha pis bədənin xəstəliyidir. Bədənin xəstəliyindən də pis və çətin insanın qəlb və ürəyinin xəstəliyidir.

 

Quranın əsas proqramlarından biri sağlam insan yetişdirməkdir. Biz kamil insan olmaq və ya ona yaxınlaşmağımızdan əvvəl özümüzün sağlam və ya nöqsanlı insan olmağımızı müəyyənləşdirməliyik.

  
İNSAN RUHUNUN ZİYAN VERİCİLƏRİ 

İnsan ruhunu bədbəxtliklərə düçar edən şeylərin köklərini qısa da olsa açıqlamaq istəyirəm. Psixologiya elmi baxımından məhrumiyyət və nəsibsizlik ruhi xəstəliklərin mənşəyidir. Belə ki, insanın ruhi xəstəlik və narahatlıqlarının çoxu nəsibsizlik və uğursuzluqlardan nəşət tapır. Bildiyiniz kimi Fervid, hədsiz dərəcədə bu məsələyə, xüsusilə cinsi məsələlərə təkid edir. Hər halda insanın nəsibsizlik və məhrumiyyətlərinin onda bir çox xəstəliklər yaratması əsaslı məsələlərdən biridir. Kin-küdurət nədir? Bu elə bir hissdir ki, insan kimə qarşı kin bəsləsə, ondan intiqam almaq istəyir və onu qana bulaşdırmayınca sakitləşmir. İnsanda olan bu intiqam hissi nədir?

 

Həsəd hissi keçirən insan başqalarının nemət və rifahda yaşamalarını gördükdə yeganə arzusu həmin nemətlərin, sahiblərinin əllərindən çıxması olur, o, özü barəsində fikirləşmir. Sağlam insanda həsəd və paxıllıq hissi deyil, qibtə olur. Qibtə edən şəxs həmişə özü barəsində fikirləşərək qabaqcıl olmasını istəyir. Əgər şəxs özünün qabaqcıl olmasını istəsə və bu barədə fikirləşsə o, sağlam insandır. Bu, eyb və nöqsan sayılmır. Amma həmişə, başqalarının geridə qalması barəsində fikirləşən şəxs xəstədir. Paxıl insanlar hətta elə bir dərəcəyə çatırlar ki, özlərinə yüz dərəcə ziyan dəymək bahasına olsa da, başqalarına əlli dərəcə ziyan yetirmək fikrində olurlar.

  
HƏSƏD XƏSTƏLİYİNƏ TARİXİ BİR NÜMUNƏ 

Tarix kitablarında məşhur bir hekayə nəql edilib. Xəlifələrin birinin vaxtında varlı bir şəxs bir qul alır və ilk gündən ona qul kimi deyil, ağa kimi yanaşır. Qula ən yaxşı yeməklər yedirdir, çox gözəl paltarlar geyindirir və onun rifah və asayişi üçün lazım olan bütün şəraiti hazırlayır. Bir sözlə, onunla öz övladı kimi davranır. Qul görür ki, onun sahib və ağası həmişə nəsə fikirləşir və çox narahatdır. Nəhayət qul sahibi onu azad etmək və ixtiyarında çoxlu var-dövlət qoymağa belə razılaşır. Bir gün gecə ağa qula sirr açaraq belə deyir:

 

Mən səni azad etmək və sənə filan qədər pul verməyə razıyam, amma sənə bu qədər qulluq etməyimin səbəbini bilirsənmi? Mən bütün bunları yalnız və yalnız bir şeyə görə etmişəm. Əgər sən mənim bu bir istəyimi yerinə yetirsən indiyə kimi etdiklərimin hamısını sənə halal edəcəyəm, hətta sənə onlardan daha çoxlu mal-dövlət verəcəyəm. Amma mənim bu bir xahişimi yerinə yetirməsən narazı qalacağam.

 

Qul deyir: Sən mənim ağamsan, mənə həyat vermisən, nemət vermisən, nə desən yerinə yetirəcəyəm.

 

Ağa deyir: Xeyr, sən əvvəl gərək qəti söz verəsən ki, dediklərimi yerinə yetirəcəksən. Çünki qorxuram ki, xahişimi eşidəndən sonra qəbul etməyəsən.

 

Qul deyir: Hər nə istəyirsən de, mən bəli cavabı verəcəyəm. O, qulun tam razılığını əldə etdikdən sonra belə deyir:

 

Mənim istəyim budur ki, deyəcəyim müəyyən vaxt və yerdə mənim başımı kəsəsən.

 

Qul deyir: Axı bu qeyri-mümkündür!

 

Ağa deyir: Yox, sən mənə söz vermisən və buna görə də bu işi görməlisən. O, bir gecə qulu yuxudan oyadaraq ona iti bir bıçaq verir və birlikdə qonşulardan birinin evinin damına keçirlər. Ağa qonşunun damında pul kisəsini qula verərək yerə uzanıb belə deyir: Burada mənim başımı kəs və sonra hara istəyirsən get.

 

Qul, onun bu işi nə üçün etdiyini soruşduqda o, belə cavab verdi: Mənim bu qonşunu görməyə gözüm yoxdur, ölüm mənim üçün yaşamaqdan yaxşıdır. Biz bir-birimizin rəqibi idik, o, məndən qabağa düşdü və onun hər şeyi məndən yaxşıdır. Mən həsəd alovunda yanıram, istəyirəm ki, mənim ölümüm onun ayağına yazılsın və onu həbs etsinlər. Əgər bu iş baş tutsa mən rahat olaram. Mən yalnız buna sevinirəm ki, burada öldürülsəm sabah deyəcəklər ki, filankəsin cənazəsi rəqibinin evinin damından tapılıb, deməli onu rəqibi öldürüb. Sonra rəqibimi həbs edəcəklər, daha sonra isə onu

 

dardan asacaqlar. Bununla da mənim arzum həyata keçəcək.

 

Qul deyir: İndiki sən belə axmaq adamsan, mən nə üçün belə işi görməməliyəm? Sən, elə ölməlisən! Qul onun başını kəsir və pul kisəsini götürüb gedir. Həmin şəxsin ölüm xəbəri yayılır. Damında rəqibinin başı kəsilmiş şəxsi həbs edirlər. Amma, hamı deyirdi ki, əgər həmin şəxs qatil olsaydı, bu işi öz evinin damında görməzdi. Görəsən bu iş necə olub? Bu məsələ hamıya müəmmalı görünürdü. Bir tərəfdən də qulun vicdanı onu rahat buraxmırdı. O, öz-özlüyündə vicdan əzabı çəkir, nəhayət zəmanə hakiminin yanına gedərək həqiqəti açıqlayıb deyir ki, onu mən öz istəyi ilə öldürmüşəm. O, həsəd odunda elə yanırdı ki, ölümü həyatdan üstün tutdu. Məsələnin bu cür olması aydınlaşdıqdan sonra həm qulu və həm də həbs etdikləri şəxsi azad edirlər.

 

Deməli, insanın həsəd xəstəliyinə düçar olması inkaredilməz bir gerçəklikdir. Quran belə buyurur:

 

Nəfsini [günahlardan] təmizləyən mütləq nicat tapacaqdır!

 

Onu [günaha] batıran isə, əlbəttə, ziyana uğrayacqdır. (Şəms-9-10).

 

Quranın ilk proqramı, nəfsi təmizləyərək pak etməkdir, ruhu xəstəliklərdən azğınlıq, narahatlıq və məsx olmalardan (məsxin mənası şəklini dəyişdirib çirkin və pis bir hala salmaq və ya düşmək deməkdir) və habelə qaranlıq və zülmətlərdən uzaqlaşdıraraq təmizləməkdir.

  
MƏSX OLMUŞ İNSAN 

Məsx olma çox mühüm məsələlərdəndir. Məsx nə deməkdir? Yəqin ki, keçmiş ümmətlər içərisində çoxlu günahlar etdikləri üçün zəmanə peyğəmbərlərinin nifrinlərinə düçar olaraq məsx olmuş insanlar barəsindəki hekayətləri eşitmisiniz. Belə ki, onlar meymun, canavar, ayı və digər heyvanlara çevriliblər. Buna məsx deyirlər. Bu məsx necə olur? Doğrudan da insanlar məsx olaraq heyvana çevriliblərmi? Məsələnin izahı belədir ki, əgər insanın cismi baxımdan məsx olmasını bəziləri yalnız fərziyyə olaraq qəbul etsələr də belə, onun mənəvi və ruhi cəhətdən heyvana çevrilməsi qəti və inkar edilməz bir məsələdir. Hətta insan elə bir heyvana çevrilə bilər ki, dünyada pislik və çirkinlik baxımından misli olmasın. Quran bu qism insanlar barəsində belə buyurub:

 

...Onlar heyvan kimidirlər, bəlkə də, [ondan] daha çox zəlalətdədirlər. Qafil olanlar da onlardır! (Əraf-179).

 

Bu ayə heyvanlardan da alçaq və rəzil insanlar barəsindədir. İnsanın, doğrudan da ruhi baxımdan heyvana çevrilməsi mümkündürmü? Bəli! Çünki insanın şəxsiyyəti, onun əxlaqi və ruhi xüsusiyyətləri ilə bağlıdır. Əgər insanın ruhi və əxlaqi xüsusiyyətləri bir heyvan və vəhşinin xüsusiyyət və sifətləri kimi olsa o, doğrudan da məsx olub. Belə ki, onun ruhu həqiqətən məsx olaraq heyvana çevrilib. Donuzun cismi onun ruhi ilə münasibdir və insanın bütün xislətlərinin donuz xisləti olması mümkündür. Belə bir həddə çatmış insan insanlıqdan çıxıb və əsil həqiqətlər görünən ruhlar aləmində doğrudan da başqa şey deyil, məhz donuzdur. Deməli, naqis insan bəzən məsx olmuş insan mərhələsinə çatır. Biz belə şeyləri az eşidirik və bəlkə də bəziləri, bunların məcazi məna daşıdığını fikirləşirlər. Amma bütün bunlar həqiqətdir.

 

Bir nəfər nəql edir ki, imam Zeynul-abidin (ə) ilə Ərəfat səhrasında idik. Yuxarıdan baxanda səhrada hacıların izdihamını gördüm. İmama dedim ki, Allaha şükr olsun, bu il həcc ziyarətinə gələnlərin sayı çoxdur. İmam mənim cavabımda dedi: Fəryad və nalə edən nə çox, hacı isə nə qədər azdır!

 

Ravi deyir ki, imamın mənə nə etdiyi və mənə necə bəsirət verdiyini bilmirəm, amma mənə indi bax deyəndə gördüm ki, səhra heyvanla doludur. Ora əsl heyvanlar aləmidir. Onların arasında təkcə bir qrup insan hərəkət edir. İmam mənə dedi ki, gördün? Məsələnin batini bu cürdür. Məna və batin əhli üçün bu məsələ gün kimi aydın bir məsələdir. Amma, indi bizim bəzilərimizin, dı aqarası mütərəqqi zehni bunu qəbul etmək istəmirsə səhv edir. Bizim yaşadığımız indiki zamanda da insanların həqiqətlərini görərək dərk edən şəxslər vardır və belə insanlar əvvəllər də olublar.

 

Heyvan kimi yemək, yatmaq və cinsi əlaqədə olmaqdan başqa heç bir şey fikirləşməyən insanın ruhu dördayaqlı heyvan ruhudur. Belə bir insanın batini, fitrət və təbiəti məsx olub. Belə ki, o, gələcək bəhslərimizdə, barəsində danışacağımız insani xislətlər və insanlıqdan tamamilə uzaqlaşıb və əvəzində özü üçün vəhşi və heyvan xasiyyəti və xislətləri əldə edib.

 

Mübarək Nəbə surəsində belə oxuyuruq:

 

Sur çalınacağı gün [qəbrlərinizdən çıxıb] dəstə-dəstə məhşərə gələcəksiniz.

 

O gün göy qapı-qapı açılacaqdır [mələklərin yerə enməsi üçün göydə yarıqlar açılacaqdır].

 

Dağlar yerindən qopardılıb [havada toz kimi uçaraq] ilğıma dönəcəkdir. (Nəbə 18-20).

 

Peyğəmbər və imamlar dəfələrlə deyiblər ki, insanların yalnız bir qrupu məhşərə insan surətində gələcəklər. Bəziləri qarışqa, bəziləri meymun, bəziləri əqrəb, digər bir qrup ilan, başqa bir qrup isə pələng surətində məhşərə gələcəklər. Nə üçün? Allah-taala heç bir səbəb olmadan insanı həmin surət və şəkillərə salarmı? Dünyada sancmaqdan başqa bir işi olmayan və yeganə ləzzəti digərlərinə əziyyət etmək olan şəxs məhşərə özünün həqiqi surəti, yəni əqrəb şəklində gələcəkdir. Dünyada meymun sifətlikdən başqa bir işi olmayan şəxs mütləq qiyamət günü məhşərə meymun kimi gələcək və həmçinin dünyada it kimi başqalarını tutan şəxs də it kimi gələcəkdir. Hədisdə də deyilir ki, insanlar qiyamət günü məhşərə niyyət, məqsəd və istəklərinə uyğun, həqiqi xislət və sifətləri ilə gətiriləcəklər.

 

Siz bu dünyada necəsiniz? Nə olmaq istəyirsiniz? Nə istəyirsiniz? Sizin istəkləriniz insan istəyidir yoxsa yırtıcı heyvan istəkləri? Bəlkə istəkləriniz gövşəyən heyvan istəkləridir? İstəkləriniz nə olsa siz həmin şeysiniz. Qiyamətdə də burada olduğunuz kimi məhşərə gətiriləcəksiniz. Buna görə də bizə Allah pərəstişindən başqa bütün pərəstişləri qadağan ediblər. Çünki nəyə pərəstiş etsək həmin şey oluruq. Pulpərəst olsaq pul bizim mahiyyət və vücudumuzun bir hissəsi olacaq. Bu pul, qiyamətdəki həmin əridilmiş filizdir. Quran, bu filizin pərəstişindən başqa bir işləri olmayan mövcudlara belə deyir:

 

...Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!

 

O gün [qiyamət günü] yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq [və onlara]: Bu, sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızın [əzabını, acısını] dadın! deyiləcəkdir! (Tövbə 34-35).

 

Həmin pullar onun axirət dünyasında yandırılacaqdır və onlar həmin şəxsin cəhənnəm alovudurlar. Bu, insanı məsx edən şeylərdən biridir.

 

Mən bu fəsldə xülasə də olsa sağlam və naqis insanı əlbəttə əvvəldə dediyimiz kimi ruhi cəhətlər baxımından tanıtdırmağa çalışdım. Söhbətlərimizdən belə bir nəticəyə gəldik ki, kin-küdurət, paxıllıq və həsəd hissi keçirən insanlar naqis insanlardırlar. Həmçinin bu dünyada olan maddələrdən birinə ondan istifadə etmədən pərəstiş edən insan da naqis və məsx olunmuş insandır.

  
MÜBARƏK RAMAZAN AYININ İNSAN YETİŞDİRMƏ PROQRAMI 

Ümumiyyətlə mübarək Ramazan ayı insan yetişdirmə proqramıdır. Proqram bundan ibarətdir ki, naqis insanlar bu ayda özlərini sağlam insanlara, sağlam insanlar isə kamil insanlara çevirsinlər. Mübarək Ramazan ayı nəfsin təmizlənməsi, eyb və nöqsanların aradan qaldırılaraq islah edilməsi, əql, iman və iradənin nəfsi istək və şəhvətlərə qələbəsi, dua, Haqqın pərəstişi, Allaha doğru yüksəliş, ruhun təkamülə doğru aparılması və zərifləşdirilməsi proqramıdır. Əgər Ramazan ayı girdikdən sonra, insan otuz gün aclıq, susuzluq və yuxusuzluq çəkib gecə yarısına kimi müxtəlif məclislərdə iştirak etməklə ayı başa vursa və Fitr bayramına çatdıqdan sonra Şəban ayının son günü ilə müqayisədə bir zərrə belə dəyişilməsə, həmin orucun ona heç bir təsiri yoxdur. İslam insanların quruca ağızlarını bağlamalarını istəmir. Çünki onların ağızlarını bağlamaları ilə bağlamamaları islam üçün fərq etmir. Məqsəd, insanların oruc tutaraq islah edilmələridir. Nə üçün hədislərdə deyilir ki, oruc tutanların çoxlarının orucdan olan bəhrə və nəsibləri aclıqdan başqa bir şey deyil?! Ağız halal yeməkdən ona görə çəkinir ki, insan həmin otuz gün ərzində dilini haram söhbət, qeybət, yalan, söyüş və digər işlərdən qorumağı məşq etsin.

 

Bir gün oruc tutmuş bir qadın həzrət Peyğəmbərin (s) yanına gəlmişdi. Peyğəmbər (s) ona süd və ya nə isə digər bir yeməli şey təklif edir. Qadın deyir: Ey Allahın peyğəmbəri, orucam. Peyğəmbər (s) ona deyir ki, yox sən oruc deyilsən, götür iç. Qadın yenə də oruc olduğunu bildirir. Amma Peyğəmbər (s) yenə də onun südü içməsini israr edir. Qadın bir daha oruc olduğunu deyir. Əlbəttə, o, doğrudan da öz fikrində oruc idi, amma bizim oruclarımız kimi zahiri oruc! Peyğəmbər ona belə buyurdu: Sən necə orucsan ki, bir saat bundan əvvəl mömin qardaş və ya bacının ətini yeyirdin? (yəni onun qeybətini etdin). Ət yediyini sənə göstərimmi? Qus! Qadın birdən qusdu və ağzından bir tikə ət düşdü. İnsanın oruc tutaraq qeybət etməsinin mənası budur ki, o, cismində olan ağzını halal yeməkdən uzaqlaşdıraraq ruhunun ağzını haram yeməyə açır.

 

Nə üçün bizə deyiblər ki, insan bir yalan deyəndə onun ağzından göyün 7-ci qatına çatan pis bir iy çıxır və həmin iy mələklərə əziyyət verir? Sonra da deyirlər ki, nə üçün cəhənnəmdə bu qədər üfunət olur? Cəhənnəmdə olan üfunətlər, bizim dünyada yaratdığımız üfunətlərdir, danışdığımız yalanlardır. Söyüşlər, qeybət və tənələr də belədir.

 

Töhmət vurmaq bütün bunların ən böyüyüdür. Çünki töhmət həm yalan danışmaq və həm də qeybət etməkdə olan rəzalətlərə malikdir. Qeybət edən şəxs düz söz danışır, amma pisliyə danışır. Yalançı da yalan danışır, amma pisliyə danışmır. özündən bir şey uyduraraq deyir. Amma töhmət vuran şəxs eyni zamanda həm yalan danışır və həm də qeybət edir, yəni iki böyük günahı birlikdə edir.

 

ömrünüzdən keçən Ramazan ayında və ya digər aylarda bir-birimizə töhmət vurmağımız düzgündürmü? Ramazan ayı müsəlmanların daha çox bir yerə toplaşmaları, ictimai ibadətlərlə məşğul olmaları və məscidlərə yığışmaları üçündür, parçalanma vasitəsi olmaq üçün yox!

  
İKİNCİ FƏSİL   
İNSANİ DƏYƏRLƏRİN İNKİŞAFINDA TARAZLIĞIN ZƏRURİLİYİ  

Hər bir mövcudun kamilliyi digər bir mövcudun kamilliyi ilə fərqlidir. Məsələn kamil insan ilə kamil mələk arasında fərq vardır. Mələyin, özünün mümkün kamilliyinin ən yüksək və son dərəcəsinə çatması, insanın öz kamilliyinin ən yüksək və ali dərəcəsinə çatmasından fərqlidir.

  
İNSANLA DİGƏR MÖVCUDLAR ARASINDAKI KAMİLLİYİN FƏRQLİ OLMASININ SƏBƏBİ 

Bizi mələklərin mövcud olmalarından xəbərdar və agah edən şəxslər bildiriblər ki, mələklər sırf əql, düşüncə və fikirdən yaradılmış varlıqlardır. Belə ki, onlar dünyəvi və cismani cəhətlərə malik deyildir və onlarda qəzəb, şəhvət, nəfs və bu kimi hisslər yoxdur. Heyvanlar isə sırf dünyəvi məxluqlardır və onlarda Quranın ilahi ruh adlandırdığı şeydən heç bir şey yoxdur. İnsan yeganə varlıqdır ki, həm mələklərdə və həm də dünyəvi məxluqlarda olan şeylərə malikdir. O, həm mələklər və ruh aləminə və həm də maddi torpaq aləminə mənsub olan bir varlıqdır. Bu mətləb Üsuli-kafi kitabında nəql edilmiş bir hədisdə vardır. Həmin hədis buna oxşar məna ilə sünnü kitablarında da nəql edilib. Mövlana Məsnəvidə bu hədisi nəzmə çəkib. Onun məzmunu:

 

Hədisdə gəlib ki, əzəmətli Xaliq dünyada olan məxluqları üç cür yaradıb. Şerin davamında deyir ki, onların bir qrupu mütləq nurdan, digər bir qrupu isə qəzəb və şəhvətdən yaradılıb. Birinci qrupdan məqsəd mələklər, ikincidən isə heyvanlardır. Allah-taala, insanı isə mürəkkəb yəni onların ikisindən yaradıb. Buna görə də kamil insan öz səviyyəsində kamala çatmış heyvandan fərqli olduğu kimi, kamil mələklə də fərqlidir.

 

İnsanın mələk və heyvandan fərqlənməsinin səbəbi, onun zatının tərkibidir ki, Quran həmin məsələyə belə işarə edib:

 

Həqiqətən Biz, insanı [sonrakı mərhələdə ata-anasının toxumundan ibarət] qarışıq bir nütfədən yaratdıq. Biz onu [dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə] imtahana çəkəcəyik...

 

(İnsan-2).

 

Yəni, biz insanı çoxlu qarışıqları olan nütfədən yaratdıq. Məqsəd budur ki, bu günkü dillə desək, onun genlərində çoxlu istedadlar var. Ayənin davamında da deyir ki, insan elə bir mərhələyə çatıb ki, biz onu imtahana çəkirik. Bu çox mühüm sözdür. Belə ki, insan kamilliyin elə bir mərhələsinə çatıb ki, onu azad və ixtiyar sahibi olan məxluq kimi yaratmışıq və onu imtahan, sınaq, vəzifə, məsuliyyət və qiymətləndirilməyə layiq bilmişik. İnsanı müxtəlif istedadlara malik olan nütfədən yaratdıq və buna görə də onu imtahan, sınaq, mükafat və cəza mövqeyində yerləşdirdik. Amma digər mövcudlar belə bir ləyaqətə malik deyildir. Ayənin davamında isə belə buyurur:

 

...Biz onu eşidən və görən yaratdıq.

 

Biz ona haqq yolu göstərdik. İstər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir].

 

(İnsan 2-3).

 

İnsanın azadlıq və ixtiyarını, onun əsas və köklərini bundan yaxşı və gözəl şəkildə bəyan etmək mümkün deyil. Onu imtahan edərək sınadıq, haq yolunu ona göstərdik, indi onun özü öz yolunu seçməlidir.

 

Quranın bu ayəsindən məlum olur ki, kamil insan müxtəlif istedadlara malik mürəkkəb bir məxluq olduğu üçün kamil mələkdən fərqlənir.

  
DƏYƏRLƏRİN İNKİŞAF ETDİRİLMƏSİNDƏ TARAZLIĞIN QORUNMASININ ZƏRURİLİYİ 

İnsanın kamilliyi onun tarazlığı və bütün cəhətlərinin bərabərliyindədir. Belə ki, insan bütün istedadlarına baxmayaraq, yalnız o vaxt kamillik dərəcəsinə çatır ki, özünün müəyyən bir istedadına meyl göstərərək digər istedadlarından üz çevirib onları tərk etməsin. O, bütün istedadlarını bərabər və uyğun şəkildə inkişaf etdirsə, kamillik dərəcəsinə çata bilər. Alimlər deyirlər ki, ədalətin həqiqəti tarazlıq və həmahəngliyə əsaslanır.

 

Burada tarazlıq və həmahəng olmaqdan məqsəd budur ki, insanın bütün istedadları inkişaf etməklə yanaşı bir-birinə uyğun inkişafa malik olsunlar.

 

Buna misal olaraq sadə bir məsələni göstərmək olar. İnkişaf etməkdə olan uşağın əl, ayaq, baş, qulaq, burun, dil, ağız, diş, mədə, bağırsaq, böyrək və s. daxili və xarici bədən üzvləri var. Bütün üzvləri bərabər inkişaf edən uşaq sağlam adlanır. Amma əgər kiminsə bu u (karikaturalarda olduğu kimi) inkişaf edib, bədənin digər üzvləri inkişafdan qalsa və ya təkcə gözü yaxud başı böyüsə və bədəni sabit və inkişafsız qalsa həmin insan barəsində də inkişaf kəlməsini işlətmək olar, amma bu, həmahəng və bərabər inkişaf deyil. Kamil insan odur ki, onda bütün insani dəyərlər, bir-biri ilə həmahəng surətdə inkişaf etmiş olsun və onların heç biri inkişafsız qalmasın. Bundan əlavə, həmin dəyərlərin hər biri özünün ən ali və yüksək dərəcəsinə çatmalıdır. Belə olan surətdə o, kamil insan adlanır. Quran belə bir insan barəsində imam kəlməsini işlədib.

 

[Ya Məhəmməd!] Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə [bəzi əmrləri ilə] imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah-taala ona: Səni insanlara imam [dini rəhbər, başçı] təyin edəcəyəm dedi... (Bəqərə-124).

 

İbrahim müxtəlif və böyük ilahi imtahanlardan başı uca çıxdıqdan, onların hamısını arxada qoyduqdan və sonda ali qiymət aldıqdan sonra imam yəni kamil insan dərəcəsinə çatdı. İbrahimin böyük imtahanlarından biri öz əli ilə Allah yolunda övladının başını kəsməyə hazır olmasıdır. O, Allah müqabilində o qədər təslim olmuşdu ki, Allahın ona əmr etdiyini başa düşən kimi həmin işi heç bir sorğu-sualsız yerinə yetirməyə hazırlaşdı. Onların hər ikisi [Allahın əmrinə] təslim olduğu və [İbrahim İsmaili qurban kəsmək üçün] üzü üstə yerə yıxdığı zaman. (Saffat-103).

 

İbrahim, baş kəsməyə İsmail isə kəsilməyə tam hazır idi. Biz ona belə xitab etdik: Ya İbrahim!

 

Artıq sən röyanın düzgünlüyünü [Allah tərəfindən olduğunu] təsdiq etdin!... (Saffat 104-105).

 

Yəni: Bizim istədiyimiz şey bura kimi idi. Biz sənin, doğrudan da övladının başını kəsməyini istəmirdik. Bilmək istəyirdik ki, sənin bizim əmr və razılığımız müqabilindəki təslim və tabeçiliyin hansı həddə qədər özünü göstərəcək.

 

İbrahim oda atılmaqdan tutmuş, övladını qurban etməyə qədər olan bütün imtahanlardan müvəffəqiyyətlə çıxdıqdan və təkbaşına bir millətlə mübarizə apardıqdan sonra ona belə xitab edilir: Səni insanlara imam təyin edəcəyik. Sən indi ö ək, rəhbər və başçı olmaq dərəcəsinə çatmısan. Başqa sözlə desək, sən kamil insansan. Digər insanlar kamil olmaq üçün özlərini səninlə uyğunlaşdırmalıdırlar.

 

Əli (ə) kamil insandır. Çünki bütün insani dəyərlər onda özünün ən yüksək həddində və həmahəng surətdə inkişaf edib, yəni o, hər üç şərtə malikdir.

 

Tarazlıq və həmahənglik məsələsini bir az izah etmək lazımdır. Yəqin ki, dəniz suyunun vaxtaşırı çəkilmə və ya qabarmasını görmüsünüz və ya bu barədə eşitmisiniz. Dəniz suyu həmişə qabarma və ya çəkilmə vəziyyətindədir. Həmişə bu və ya digər tərəfdən çəkilməkdə və təlatümdədir. İnsan ruhu və ondan təşkil edilən cəmiyyət də dənizdə olan bu çəkilmə və qabarmaya malikdir. İnsan ruhu həmişə bu və ya o biri tərəfə çəkilməkdədir. Cəmiyyətlər də bu cürdür. Əlbəttə cəmiyyətlərin hansı tərəfə çəkilməsinin səbəbi şəxslər və ya digər cərəyanlar ola bilər, amma hər halda bu məsələ baş verir.

 

Hətta insanda olan insani dəyərlər də bu cürdür. Yəni siz bəzi insanlarla rastlaşırsınız ki, həqiqətən onların meylləri insani meyllərdir, amma bəzi vaxtlar insani meyllərin yalnız birinə doğru çəkilir və həmin istiqamətə meyl göstərirlər və digər dəyərlərin hamısını unudurlar. Bunlar, yalnız əl, qulaq və ya burun inkişaf edən adamlar kimidirlər.

 

Maraqlı məsələlərdən biri də budur ki, cəmiyyətlər çox vaxt yüz faizlik batil və puç yollara çəkilməklə azğınlaşır, haq bir məsələdə hədlərini aşdıqları üçün fəsad və pozğunçuluğa düçar olurlar. Elə insanların çoxu da bu yolla fəsada düşürlər.

  
müəyyən bir dəyərin inkişaf etdirilməsində həddi aşmağin nümunələri  
1. İBADƏT 

İslamın tamamilə təsdiq etdiyi insani dəyərlərdən biri də ibadətdir. İslam baxımından insanın Allah yolunda etdiyi hər bir iş ibadətdir. Amma burada bizim məqsədimiz namaz, dua, münacat və bu kimi ibadətlərdir ki, islami mətnlərin ayrılmaz hissələridir.

 

İbadət doğrudan da əsl dəyərdir. Amma əgər, diqqət edilməsə cəmiyyət hədsiz dərəcədə bu dəyərə doğru yönələr, islam yalnız ibadət etmək, məscidə getmək, müstəhəbbi namaz qılmaq, dua oxumaq, müstəhəbbi qüsl vermək və Quran oxumaq kimi başa düşülər. Cəmiyyət bu istiqamətdə həddini aşanda, qalan dəyərlərin hamısı məhv olur. İslam tarixində cəmiyyət və şəxslərin belə bir ifrata varmalarını görmək olar. Tam çərəsiz şəxslər bu mübaliğə və ifratlara yol veriblər və belə bir yola düşdükdən sonra tarazlığı qoruya bilməyiblər. Əlbəttə onlar bu işləri üçün elə də günahlandırıla bilməzlər. Həmin şəxs, Allahın onu mələk deyil, insan yaratdığını başa düşə bilmir. Çünki o, mələk olsaydı belə işlərə məşğul olmalı idi. Buna görə də insan, müxtəlif dəyərləri bərabər və həmahəng surətdə inkişaf etdirməlidir.

 

Əziz islam Peyğəmbərinə, səhabələrdən bir qrupunun ibadətə ifrat dərəcədə qərq olduqlarını xəbər verirlər. O həzrət narahat və əsəbi halda məscidə gələrək uca səslə belə deyir: Bu dəstələrə nə olub? Nə olub? (Peyğəmbər sözlərini ədəbli ifadə ilə deyib. Ümumi dillə desək, məqsədi bu olub ki, onlar nə xəstəliyinə tutulublar?) Eşitmişəm ki, mənim ümmətimdə belə şəxslər peyda olublar. Mən sizin peyğəmbərinizəm, amma belə etmirəm. Heç vaxt gecəni səhərə kimi ibadət etmirəm. Gecənin bir hissəsini istirahət edirəm, yatıram. öz ailə işlərimlə məşğul olaraq onlara da vaxt ayırıram. Hər gün oruc tutmuram. Bəzi günləri oruc tutur, bəzi günləri isə yemək yeyirəm. Həmin dəstə və onların yolu ilə gedənlər mənim sünnəmdən xaricdirlər.

 

Peyğəmbər, islami dəyərlərdən birinin inkişaf etdirilərək digər dəyərlərin unudulmasını, yəni cəmiyyətin yalnız bir tərəfə meyl göstərməsini müşahidə etdikdə onunla mübarizə aparır.

 

Əmr ibni Asın Məhəmməd və Abdullah adlı iki oğlu olub. Məhəmməd, atası kimi dünyapərəst, Abdullah isə nisbətən nəcib adam olub. Əmr, həmişə oğlanları ilə məsləhətləşəndə Abdullah atasını Əli (ə)-a tərəf dəvət edirmiş. Məhəmməd isə atasına belə deyərmiş. Əlidən xeyir görməyəcəksən, Müaviyənin yanına get. Bir dəfə Peyğəmbər Abdullahı görəndə ona belə deyib: Mənə xəbər veriblər ki, gecələr sübhə kimi ibadət edir və gündüzlər oruc tutursan. Abdullah deyib: Bəli, ey Allahın peyğəmbəri! Peyğəmbər (s) söhbətinin davamında ona belə buyurub: Amma mən elə etmirəm və bu cür etməyi düz də saymıram. Bu düz iş deyil, onu tərk et.

 

Bəzən cəmiyyət zahidliyə doğru çəkilir. Zahidlik və pərhizkarlıq mühüm həqiqətlərdəndir, inkaredilməz gerçəklikdir. O, mühüm təsir və faydalara malik dəyərlərdəndir. Bu dəyərə malik olmayan cəmiyyətin islam cəmiyyəti adlandırılması və ya səadət və xoşbəxtlik görməsi qeyri-mümkündür. Amma bəzən, bu dəyərin cəmiyyəti özünə tərəf çəkdiyini, orada zahidlikdən başqa bütün dəyərlərin məhv olaraq aradan getdiyini müşahidə edirik.

  
2. xalqa xidmət 

İslam dininin təsdiq edərək yüksək qiymətləndirdiyi qəti və inkaredilməz insani dəyərlərdən biri də xalqa və Allah bəndələrinə xidmət etməkdir. İslam peyğəmbəri bu məsələyə çox təkid edib. Qurani-kərim həmkarlıq, başqalarına kömək etmək və insanların bir-birlərinə xidmət etmələri barəsində belə buyurur:

 

Yaxşı əməl heç də [ibadət vaxtı] üzünüzü gün çıxana və gün batana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba [Allahın nazil etdiyi bütün kitablara] və peyğəmbərlərə inanan, Allaha məhəbbəti yolunda [və ya mal-dövləti çox sevməsinə baxmayaraq] malını [kasıb] qohum-əqrəbaya, yetimlərə, yoxsullara, [pulu qurtarıb yolda qalan] müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb, zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda çətinlikdə [ehtiyac, yaxud xəstəlik üz verdikdə] və cihad zamanı [məşəqqətlərə] səbr edənlərdir... (Bəqərə-177).

 

Amma bəzi vaxtlarda görürsən ki, Sədi kimi bir şəxs özünün əməldə belə olmasına baxmayaraq, şer xatirinə belə deyir: İbadət xalqa xidmətdən başqa bir şey deyil.

 

(Əlbəttə Sədinin bu şeri barəsində on birinci fəsildə izahlar veriləcək). Bəziləri ibadətin yalnız və yalnız xalqa xidmət olmasını deməklə, ibadətin dəyərini inkar etmək istəyirlər. Onlar bu sözləri ilə islamda insan üçün nəzərdə tutulmuş zahidlik, elm, cihad və bu kimi ali və böyük dəyərlərin hamısını inkar etməyə çalışırlar. Onlar deyirlər ki, insanlıq yalnız Allah bəndələrinə xidmət etmək deməkdir. Xüsusilə müasir ziyalıların bəziləri çox-çox ali məntiq əldə etiklərini güman edir və öz fikirləri ilə ali məntiq olan həmin işin adını insanlıq və insanpərvərlik qoyurlar. İnsanpərvərlik nədir? Onlar bu sualın cavabında deyirlər ki, insanpərvərlik xalqa xidmət etməkdir və biz Allahın yaratdığı bəndələrə xidmət edirik. Bizim onlara sözümüz budur: Əlbəttə, Allah bəndələrinə xidmət etmək lazımdır, amma həmin xalq nə olmaq istəyir? Əgər Allah bəndələrinin qarınlarını doyuzduraraq, əyinlərinə paltar geyindirsək onlar üçün ibtidai işləri, yəni heyvanlara lazım olan işləri görmüş oluruq. Əgər biz onlara yüksək qiymət verməsək və ümumiyyətlə, bütün dəyərləri xalqa xidmətdə məhdudlaşdırsaq və həmçinin nə bizdə və nə də başqalarında digər dəyərlər olmasa, Allah bəndələri bir dəstə at və qoyun misalında olarlar. Biz, bu işimizlə bir dəstə heyvanın qa ını doyuzdurub, əyninə paltar geyindirmiş oluruq. Əlbəttə insanın, heyvanları doyuzdurması da bir işdir. Amma məsələ burasındadır ki, görəsən insanın ən yüksək dərəcəsi heyvanlıq dərəcəsində qalmaq və mənim xidmətimin ən yüksək dərəcəsi özüm kimi heyvanlara xidmət etmək və onların xidmətlərinin də ən yüksək həddi özləri kimi heyvan olan mənə xidmət etmələridir?! Xeyir, insana xidmət etmək, çox böyük və yüksək dəyərdir, amma insanın insan olması şərti ilə! Həmişə demişik ki, Lumumba da insandır, Musa da. Əgər məsələ xalqa xidmətdirsə, onların hər ikisi xalqın nümayəndələridir, bəs nə üçün onların arasında fərq qoyursunuz? Əgər məsələ xalqa xidmətdirsə, Müaviyə ilə Əbuzər arasında nə fərq var? Onların ikisinə də xidmət etmək lazım deyilmi?!

 

Deməli, insanlığın yalnız xalqa xidmət kimi qiymətləndirilməsi və onun, bundan başqa heç bir dəyərə malik olmamasını iddia etmək də ifrata varmaqdır.

  
3. azadliq 

Azadlıq ən böyük və ali insani dəyərlərdən biridir. Başqa sözlə desək, azadlıq insan mənəviyyətinin, yəni onun heyvanlıqdan üstün olan cəhətlərinin bir hissəsidir. Azadlıq insan üçün maddi dəyərlərdən də əhəmiyyətlidir. İnsanlıq dəyərlərini azacıq da olsa dadanlar, ən çətin şəraitdə aclıq və susuzluqla yaşamağı kiminsə əlində əsir vəziyyətində yaşamaqdan üstün tuturlar. Onlar, kiminsə hökmranlığı altında deyil, azad yaşamaq istəyirlər.

 

Bildiyiniz kimi, Əbu Əli İbni Sina təəssüflər olsun ki, bir müddət vəzir işləyib. Ona görə təəssüflər olsun deyirəm ki, o, vəzir işlədiyi üçün elmi işlərlə lazımınca məşğul ola bilməyib və şübhə yoxdur ki, vəzirlik etməsəydi, malik olduğu misilsiz istedadı ilə bəşəriyyət üçün gördüyü böyük işlərdən daha böyük və əzəmətli işlər görərdi. Molla Sədra kimi şəxsiyyətlər həmişə İbni Sinanın həmin işlərlə məşğul olmasından təəssüfləniblər.

 

Alimlərin məktubu kitabında İbni Sinanın həyatının həmin dövrü barəsində çox maraqlı bir hekayət nəql edilib:

 

İbni Sina, bir gün onu müşayət edən təmtəraqlı bir dəstə ilə gedirmiş. Gözü, çirkli işlə məşğul ola-ola dilində bu lətif şeri zümzümə edən bir süpürgəçiyə sataşır:

 

 

Gerami daştəm ey nəfs əz anət

 

Ki asan be qozərəd bərdel cəhanət.

 

 

Yəni: Ey nəfs, dünya sənə asan keçməsi üçün səni əziz tutdum.

 

İbni Sina şeri eşidib təbəssüm etdi. Gülər üzlə həmin şəxsə kinayə ilə belə dedi: Təzim və ehtiram həddi sənin şərafətli nəfsə etdiyindir?! Onun qədir-qiyməti, quyu dibində zibil təmizləmək zillətinə düçar etməyin, izzət və şəni bu xar işə giriftar etməyindir?! Misilsiz ömrünü bu alçaq işdə puç edirsən və bu çirkin işi nəfsinə iftixar sayırsan? Həmin şəxs işdən əl çəkərək ona üz tutub belə dedi: Himmət aləmində alçaq və hörmətsiz işlə çörək yemək rəis minnəti çəkməkdən daha yaxşıdır. İbni Sinanı tər basdı və sürətlə oradan uzaqlaşdı.

 

İbni Sina həmin şəxsin məntiqinin cavabsız bir gerçəklik olduğunu dərk etmişdi. Heyvani və dünyəvi məntiqdə, insanın toyuq qızartması, plov, at, kəniz, qul və əyyan-əşrafı buraxıb süpürkəçilik etməsi və sonra azadlıqdan dəm vurması mənasızdır. Azadlıq nədir? O, hiss və duyğu orqanları ilə dərk edilən şeydirmi? Xeyir, duyğu ilə hiss edilən maddi şey deyil, amma ali insan vicdanı üçün azadlıq o qədər qiymətlidir ki, tualet quyusu təmizləməyi asılılıq və əsirlikdən üstün tutur.

 

Azadlıq, doğrudan da böyük dəyərdir. İnsan bəzən bir cəmiyyətdə bu dəyərin tamamilə unudulduğunu, bəzən də oyandığını görür. Bəziləri bəşəriyyət sözünün mənasını azadlıq kimi izah edərək, azadlıqdan başqa heç bir dəyərin olmamasını iddia edirlər. Onlar bütün digər dəyərləri azadlıqda məhv etmək istəyirlər. Amma yaddan çıxarmaq olmaz ki, azadlıq yeganə dəyər deyildir, ədalət, hikmət, irfan və digər şeylər də inkaredilməz dəyərlərdir.

  
4. eşq 

Bəzən də irfan, sufilik və irfani qəzəllərdəki eşq yeganə insani dəyər hesab edilir.

 

 

Cilveyi kərd roxəş did mələk eşq nədaşt

 

 

Yaxud:

 

 

Fereşte eşq nədanəd ke çist, qisse məxan

 

Bexah camo qolabi bexake adəm riz.

 

Mələk bilməz eşqin mənasını, durma diz çök,

 

Al ələ piyaləni, gülabı adəmin üstünə tök.

 

 

Sonra digər bütün dəyərlər, hətta əql unudulur. Eşqin dəyərliliyinə daha çox meyl göstərən ariflər əql ilə müxalifdir və onunla rəsmi surətdə mübarizə aparırlar. Hafiz belə deyir:

 

Sufi əz pərtovi mey razi nəhani danest

 

Qohəre hər kəs əz in ləl təvani danest.

 

Onun, bu şerdən məqsədi odur ki, yalnız və yalnız arif insan, eşq miniyi ilə həqiqi irfana (Allahın dərk edilməsinə) çata bilər. O, sonrakı beytlərdə belə deyir:

 

 

Ey ki əz dəftəri əql ayəti eşq amuzi

 

Tərsəm in nökte be təhqiq nədani danest.

 

 

O, bu beytdə İşarələr kitabının sonunda eşqdən söz açmış İbni Sinaya xitab edib. Deməli, bunların fikrincə insan və insanlıq eşqdən ibarətdir və əql tamamilə məhkumdur.

 

Bəzən də əql və təfəkkürün yeganə dəyər sayılmasının şahidi oluruq. İnsan bunlara baxdıqda hamısını xəyal və təsəvvür hesab edir. İbni Sina bəzən söhbətlərində belə deyib: Bu sözlər sufilərin xəyali söhbətlərinə bənzəyir, əql ilə irəliləmək lazımdır.

 

Əql, eşq, məhəbbət, ədalət, xidmət, ibadət, azadlıq və bu kimi digər şeylər bəşərdə olan müxtəlif dəyərlərdir. İndi görəsən hansı insan kamil insandır: Sırf ibadətlə məşğul olan, yoxsa azad insan? Yaxud sırf aşiq və ya sırf əqlə meyl göstərən? Xeyir, bunlar heç biri kamil insan deyil! Bu dəyərlərin hamısını ən yüksək və ali həddə bir-biri ilə mütənasib surətdə özündə inkişaf etdirən şəxs kamil insandır. Əli (ə) belə bir insan olub.

  
nəhcül-bəlağə kamillik kitabidir 

Nəhclü-bəlağə, Seyyid Rəzinin həzrət Əli (ə)-ın sözlərinin bir hissəsini toplayaraq bir məcmuə və toplum şəklinə saldığı kitabın adıdır. Seyyid Rəzi ədəbiyyatçı olduğu üçün Nəhcül-bəlağə ilə birtərəfli əlaqə yaradıb, yəni həzrət Əli (ə)-ın yalnız ədəbi baxımdan gözəlliyin zirvəsində olan sözlərini toplayıb. Hal-hazırki Nəhcül-bəlağədə təqribən 229 xütbə var, halbuki Seyyid Rəzidən yüz il qabaq yaşamış Məsudi özünün Mürucuz-zəhəb kitabında yazır: İndi camaatın əlində Əlinin təqribən 480 xütbəsi mövcuddur. Bütün bu tarixi dəlil və sənədləri görən bəzi şəxslər Nəhcül-bəlağənin Seyyid Rəzidən sonra meydana çıxdığını necə iddia edirlər?! Deməli, Əli (ə)-ın xütbələri mövcud Nəhcül-bəlağədəkindən daha çox olub və Seyyid Rəzi onların hamısını toplamayıb.

 

Amma bütün bununla belə, Nəhcül-bəlağə necə kitabdır? Bu kitabda müxtəlif ünsürlər vardır. Adam Nəhcül-bəlağəni oxuyanda bəzən İbni Sinanın, bəzən Mövlana Cəlaləddin Rumi və ya Mühyiddin Ərəbinin, bəzən Firdosi kimi qəhrəmanlıq şairinin, yaxud azadlıqdan başqa heç nə başa düşməyən şəxsin, bəzən isə guşənişin və yalqız abid, zahid və ya rahibin danışdığını fikirləşir. Biz, Əli (ə)-da bütün insani dəyərlərin cəmləşdiyini görürük, çünki söz, danışan şəxsin ruhi təcəllisidir. İndi siz Əlinin nə qədər böyük, özümüzün isə, nə qədər kiçik olduğumuzu təsəvvür edin!

 

Əlli il bundan əvvələ kimi bizim cəmiyyətin dini meyl və rəğbəti zahidlik və ibadət dəyəri istiqamətində idi. Buna görə də minbərə çıxıb xalqa moizə edən din xadimləri və ruhanilər Nəhcül-bəlağənin hansı hissələrini oxuyurdular? Həmin vaxtlar adətən bu kitabdan yalnız iyirmiyə yaxın xütbə oxunurdu. özü də hansı xütbələr? Sırf zahidlik və axirət barəsindəki xütbələr! O zaman Nəhcül-bəlağənin digər xütbələrindən xəbər yox idi və onlar bərəsində danışılmırdı. Bunun səbəbi o idi ki, cəmiyyət onları həzm edə bilmirdi. Cəmiyyət müəyyən dəyərlərə üz tutmuşdu və buna görə də Nəhcül-bəlağənin yalnız həmin barədəki xütbələri yayılmışdı. Bəlkə, həmin şərait yüz il də davam etsəydi, heç kəs həzrət Əli (ə)-ın Malik Əştərə yazdığı ictimai-siyasi göstərişlər xəzinəsi olan fərmanını oxumazdı. Niyə və nə üçün? Çünki cəmiyyətdə həmin əhval-ruhiyyə yox idi. Məsələn, həzrət Əli (ə)-ın belə bir sözü var:

 

Peyğəmbərdən dəfələrlə eşitdim ki, belə buyurur: zəif təbəqələri güclülər qarşısında dayanaraq dili dolaşmadan öz haqqını tələb etmək mərhələsinə çatmayan heç bir ümmət, müqəddəsləşməz.

 

Əlli il bundan qabaqkı cəmiyyət bir və ya iki dəyərə meyl göstərərək həmin istiqamətdə addımladığı üçün bu sözün qiymət və dəyərini dərk edə bilmirdi. Amma Əlinin sözlərində bütün insani dəyərlər mövcuddur və həmin dəyərlər onun həyat tarixi və şəxsiyyətində də mövcud olub.

  
əli (ə)-in xüsusiyyətləri 

Bizim Əli (ə)-ı özümüzə ö ək və imam seçməyimiz bütün insani dəyərləri mütənasib və bərabər şəkildə özündə inkişaf etdirmiş kamil bir insanı özümüz üçün rəhbər seçməyimiz deməkdir.

 

Axşamlar, gecənin sakit qaranlıqlarında heç bir arif Əliyə çata bilməz. İnsan müəyyən bir məsələdə coşduğu kimi, Əli də haqqa doğru cəzb edilərək çəkilir və Allaha doğru seyrdə təlatümə gəlir. Döyüş meydanında, bədəninin yaralanmasına və hətta bəzən bədənindən bir parça ətin qopmasına baxmayaraq, diqqətini mübarizə nöqtəsində cəmləyərək heç bir şeyə əhəmiyyət vermir. İbadətdə elə qərq olur və ilahi eşq, vücudunda elə şölələnir ki, sanki bu dünyada deyil. O, bəzilərini belə vəsf edir: Onlar xalqla olmalarına baxmayaraq, ruhları çox ali məqamlara bağlıdır.

 

İbadət edəndə bədəninə batmış oxu dartıb çıxarırlar, amma diqqəti haqq və ibadətə elə cəzb olur ki, heç nə hiss etmir. İbadət mehrabında elə ağlayır və elə sızlayır ki, misli görünməyib.

 

Gündüz olanda isə elə olur ki, sanki həmin adam deyil. Səhabələri ilə oturanda çox təbəssümlü və gülərüz olur. Gülərüzlülük Əlinin mühüm sifətlərindən olub. Onun olduğu məclislər o qədər xoş və o qədər incə zarafatlı olub ki, Əmr As Əli (ə) əleyhinə təbliğat apararaq belə deyirmiş: O, xəlifəliyə yaramaz, çünki çox gülərüzdür. Gülərüz adamdan xəlifə olmaz! Xəlifə qaşqabaqlı və qaraqabaq adam olmalıdır ki, camaat ondan qorxsun.

 

Əli (ə) bu barədə Nəhcül-bəlağədə belə deyir: Nabiqənin oğluna təəccüb edirəm ki, mənim camaatla çox səmimi olmağıma, gülərüz və zarafatcıllığıma irad tutur.

 

Müharibə və döyüş meydanında düşmənlə mücahid kimi üzləşdikdə də gülərüz olub. Əlinin bu xüsusiyyəti barəsində belə deyiblər:

 

O, ibadət mehrabında çox ağlayan, döyüş meydanında isə çox gülən və şaddır.

 

Bəkka çox ağlayan, Zəhhak isə çox gülən mənasındadır. Əli (ə) necə mövcud olub? O, Quranın istədiyi insan olub. Quran, belə bir insan istəyir.

 

Şübhəsiz ki, gecə [namaz qılmaq üçün yataqdan] qalxmaq [çox çətin olsa da] daha əlverişli və [o zaman] söz demək [Quran oxumaq, dua etmək] daha münasibdir.

 

Çünki gündüz [ya Peyğəmbər!] sənin uzun-uzadı davam edən [dünyəvi] işlərin vardır... (Muzzəmmil 6-7).

 

Gecəni ibadət, gündüzü isə şəxsi məişət işləri və ictimai məsələlərlə məşğul olmaq üçün nəzərdə tut. Əli (ə) sanki gecə bir şəxsiyyət, gündüz isə digər bir şəxsiyyət olub.

 

Hafiz təfsirçi olduğu və Quranın mənalarını yaxşı dərk etdiyi üçün gecənin ibadət, gündüzün isə həyati məsələlərlə məşğul olmaq vaxtı olmasını özünün rəmzi dili ilə şerlərində qeyd edib.

 

 

Ruz dər kəsbe honər kuş ke mey xurdəni ruz

 

Del çun ayine dər zənge zəllam əndazəd.

 

On zəman vəqte mey sobhe fruğəst ke şəb

 

Gərde xərqah ufuq pərde şam əndazəd.

 

 

Əli (ə)-ın gecə və gündüzü belə olub.

 

Bizim kamil insan barəsində işlətdiyimiz ziddiyyətlər toplumu ifadəsi Əli (ə)-ın min il bundan qabaq tanındığı sifətlərdəndir. Hətta Seyyid Rəzi Nəhcül-bəlağənin müqəddiməsində belə deyir: Həmişə, dostlarımla söhbət zamanı irəli sürərək onları təəccübləndirdiyim mövzulardan biri Əli (ə)-ın sözlərinin çoxcəhətli olmasıdır. Əli (ə)-ın sözləri elə bir xüsusiyyətə malikdir ki, insan onun sözlərinin hansı hissəsinə daxil olursa, yeni bir dünyaya daxil olduğunu görür. O, bəzən abidlər, bəzən zahidlər, bəzən filosoflar, bəzən ariflər, bəzən əsgər və zabitlər, bəzən adil hökmdarlar, bəzən qazilər, bəzən də fitva verən alimlər dünyasındadır. Əli (ə) bütün dünyalarda var və heç bir dünyada qaib deyildir.

 

Səkkizinci hicri əsrində yaşamış Səfiyyuddin Hilli həzrət Əli (ə) barəsində belə deyib:

 

 

Cumiət fisifatikəl əzdad

 

Fəlihaza əzzət ləkəl əndad

 

 

Yəni: Ziddiyyətlər səndə bir yerdə toplanaraq cəmlənib.

 

 

Zahidun hakimun həlimun şüca

 

Nasikun fatikun fəqirun cəvad.

 

 

Həm həlimlik və yumşaqlığın son həddində, həm şücaətin son dərəcəsindədir. Lazım olan yerdə sənin çirkin qanları tökməyin də, qan tökməyin son dərəcəsindədir. Digər tərəfdən, ibadətin son dərəcəsinə çatmış bir abidsən. Həm yoxsul və həm də səxavətlisən! Heç nəyin yoxdur, amma bağışlayırsan. Heç nəyin yoxdur və əlinə gələni bölüşdürürsən. Bəzi yerlərdə rəftar və davranışın o qədər lətif və mülayimdir ki, meh bu əxlaqın lətifliyindən xəcalət çəkir. Həmçinin ruhunda o qədər şücaət və mücahidlik vardır ki, daş, filiz və cansız əşyalar onun müqabilində əriyirlər. Sənin ruhun o lətafətli mehdir, yoxsa bu qüdrət və möhkəmliyin? Sən necə varlıqsan?!

 

Deməli, kamil insan bütün insani dəyərlərdə qəhrəman olan şəxsdir. Kamil insan insanlığın bütün meydanlarında qəhrəmandır!

 

Biz, nə dərsi öyrənməliyik? Biz, bir dəyərdən yapışaraq digər dəyərləri unutmaq xəstəliyinə tutulmamaq dərsini öyrənməliyik. Biz bütün dəyərlərdə qəhrəman ola bilmərik. Amma imkan daxilində mümkün olan qədər bütün dəyərləri bərabər şəkildə əldə etməyə çalışmalıyıq. Tam kamil insan olmasaq da, orta və mütənasib insan olmalıyıq. Belə olan surətdə, biz bütün meydanlarda həqiqi müsəlman kimi görünə bilərik. Deməli, kamil insanın mənası və onun ən bariz nümunəsi budur və biz də belə olmalıyıq. İnşallah gələcək söhbətlərimizdə bu mövzunu bir daha davam etdirəcəyik.

  
əli (ə)-in həyatinin son günləri 

Əli (ə)-ın ömrünün son Ramazan ayı başqa və səfalı bir Ramazan olub. Bu ay Əli (ə)-ın ailəsi üçün çox sıxıntlı və iztirablı keçib. Çünki Əlinin bu aydakı rəftarı bütün digər ramazanlarla fərq edib. Mən indi Əli (ə)-ın qəhrəmanlıq xislətlərinin digər birinə toxunmaq istəyirəm ki, Nəhcül-bəlağədə də yazılıb. Əli (ə) buyurur: Allah-taala İnsanlar yalnız: iman gətirdik demələri ilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar ayəsini nazil etdikdə, peyğəmbərdən sonra ümmətin böyük fitnələrə düçar olacaqları və böyük imtahanlara çəkiləcəyini başa düşdüm. Amma bununla belə peyğəmbərdən soruşdum: Ey Allahın peyğəmbəri, ayədəki fitnədən (imtahandan) məqsəd nədir? Peyğəmbər belə buyurdu: Ey Əli, mənim ümmətim məndən sonra imtahan olunaraq sınanacaqdır. Əli (ə), peyğəmbər vəfat etdikdən sonra fitnə, imtahan və sınaqların baş verəcəyini eşitdikdə keçmişdə baş vermiş bir hadisəni xatırlayaraq belə dedi: Ey Allahın Peyğəmbəri! Ühüd döyüşündə Həmzə ibni Əbdülmüttəlib başda olmaqla müsəlmanlardan 70 nəfəri şəhid olanda və mən şəhid olmaq feyzindən məhrum olanda çox narahat olmuşdum. Mən sizdən bu nemətdən məhrum olmağımın səbəbini soruşdum. Siz mənə həmin vaxt belə dediniz: Burada şəhid olmasan da, başqa vaxt, Allah yolunda şəhid olacaqsan. Bu həqiqətən belə olacaqdır, amma sən şəhid olmağa necə səbr edəcəksən? Mən peyğəmbərə belə dedim: Ey Allahın peyğəmbəri, necə səbr edəcəksən yox, necə şükr edəcəksən buyur, ora səbr yeri deyil, şükr yeridir!

 

Peyğəmbərin verdiyi xəbərlər və Əli (ə)-ın bildiyi əlamətlər və bəzi vaxtlar işlətdiyi ifadələr nəticəsində onun ailə və yaxın səhabələri arasında narahatçılıq və iztirab yaranmışdı. O, çox təəccüblü sözlər danışırdı. Əli (ə) həmin Ramazanda övladlarının evində iftar edirdi. Hər axşam onların birinin evində qonaq olurdu. Bir gecə imam Həsən (ə), bir gecə imam Hüseyn (ə) və bir gecə də qızı Zeynəb (s)-ın qonağı olurdu, amma həmişəkindən az yemək yeyirdi. Uşaqların, atalarına canları yanır və həqiqətən riqqətə gəlirdilər. Bəzən deyirdilər: Atacan, niyə bu qədər az yemək yeyirsən? Həzrət Əli (ə) onların cavabında belə buyururdu: Allahla ac qarınla görüşmək istəyirəm. övladları onun nəyinsə intizarını çəkdiyini başa düşürdülər. Bəzən göyə baxıb belə deyərdi: Mənə xəbər verən sevimli peyğəmbərim düz deyib, onun sözü yalan deyil, yaxındır, yaxındır. Ramazanın on üçüncü günü həmişəkindən daha çox narahatlıq yaradan bir məsələni açıqladı. Deyəsən həmin gün cümə günü olub və Əli (ə) həmin məsələni açıqlayıb. Bəzən imam Hüseyn (ə)-dan soruşardı: Oğlum, bu ayın qurtarmasına neçə gün qalıb? O cavab vermişdi: Atacan, 17 gün. Əli (ə) o zaman belə buyurmuşdu: Bəli, bu saqqalın bu başın qanına bulaşmasına az qalıb, saqqalımın boyanması yaxındır. On doqquzuncu gün də çatdı. övladları gecə yarısına kimi Əli (ə)-ın yanında idilər. Gecə imam Həsən (ə) evinə getdi. Əli də evində namaz üçün ayırdığı yerdə idi. Səhər açılmamış imam Həsən (ə) ya narahatçılıq və ya hər gecə belə olduğu üçün atasının namaz qıldığı yerə qayıtdı. Əli (ə) Zəhra (s)-dan olan övladları imam Həsən və imam Hüseyn (ə)-a xüsusi ehtiram göstərirdi və onlara hörmət göstərməyi Peyğəmbər (s) və Zəhraya hörmət hesab edirdi. Həzrət Əli (ə) imam Hüseynə belə dedi: Oğlum, bir dəfə yuxuda peyğəmbər qarşımda canlandı. Peyğəmbəri görəndə ona dedim: Ey Allahın peyğəmbəri, mən sənin bu ümmətinin əlindən nələr çəkmədim!? Doğrudan da camaatın Əli (ə)-la düz gəlməməsi və onların Əlinin göstərdiyi yolla getməyə hazır olmamaları çox təəccüblüdür. Əli onların əlindən nələr çəkdi? Ayişə və beyəti pozanlar bir tərəfdən, Müaviyə və onun hiylə və kələkləri digər tərəfdən!! Müaviyə dünyanın dahi hiyləgərlərindən biri olub. O, Əli (ə)-ın qəlbinin, hansı işlərin görülməsindən qanla dolduğunu bilirdi və buna görə də məhz həmin işləri görürdü. Sonda da Xəvaric və quru müqəddəslər tam inam və əqidə ilə Əlini kafir və fasiq adlandırdılar. Siz onların Əliyə qarşı nələr etdiklərini bilirsiniz. Doğrudan da insan Əli (ə)-ın başına gələn müsibətləri görəndə heyrətlənərək dəhşətə gəlir. Dağ belə müsibətlərə dözə bilməz. Əli (ə) ürəyini kimə açmalı idi? Buna görə də peyğəmbəri yuxuda görəndə ona belə deyir: Ey Allahın peyğəmbəri, mən sənin bu ümmətinin əlindən nələr çəkmədim!? Bunlar mənə qarşı nələr etmədilər?!

 

Mən bunlarla necə rəftar edim?

 

Həzrət Əli (ə) söhbətinin davamında imam Həsən (ə)-a belə deyir: Oğlum, cəddin mənə göstəriş verərək belə dedi: Əli, onlara nifrin et! Mən də yuxu aləmində onlara belə nifrin etdim: Allahım, tezliklə mənə ölüm ver, onlara isə layiq olduqları şəxsi hakim et!

 

Bu cümlə ilə o həzrətin necə sıxıntı və iztirab keçirməsi məlum olur. Əli (ə) evdən çölə çıxanda ördəklər səs-küy qaldırır, toyuqlar qaqqıldaşırlar. Amma çox çəkmir ki, orda insanların da növhə səsləri ucalır. övladları Əlinin qarşısını kəsib, belə deyirlər: Atacan, səni məscidə getməyə qoymayacağıq, gərək öz yerinə başqasını göndərəsən! Əli, əvvəl belə dedi: Bacım oğlu Cödət ibni Hübeyrəyə deyin gedib məsciddə camaat namazı qılsın. Amma dərhal sözünü geri götürərək deyir ki, yox, özüm gedirəm. Dedilər: Onda icazə ver yanında bir adam getsin. Amma Əli (ə) cavab verir ki, xeyir, kiminsə müşayət etməsini istəmirəm.

 

Həmin axşam Əli (ə) üçün çox səfalı gecə idi. Təkcə Allah bilir ki, o həzrət həmin gecə nə həyacanlar keçirib! Əlbəttə özü deyir ki, mən məsələnin sirrini kəşf etməyə çox səy göstərdim. Onun Nəhcül-bəlağədəki sözlərindən belə məlum olur ki, Əli (ə) onu, böyük hadisələrin gözlədiyini ümumi və müxtəsər şəkildə bilirmiş. Nəhcül-bəlağədə deyir: Bu işin sirr və batinini bilməyə çox çalışdım, amma Allah onu aşkar etməyi əsirgədi.

 

Sübh azanını özü deyirdi. Səhərin açılmasına yaxın minarəyə çıxaraq Allahu əkbər nidasını ucaltdı. Azanı dedi və dan yeri ilə vidalaşaraq belə dedi: Ey sübh! Ey dan yeri! Ey günün erkən vaxtı! Əli bu dünyaya göz açandan elə bir gün olubmu ki, sənin dan yerin sökülsün və onun gözləri yuxuda olsun? Əlinin gözü bundan sonra həmişəlik olaraq yuxuya gedəcək. Minarədən aşağı düşəndə şer oxuyaraq özünü mömin mücahid vəsf edir.

 

Əhli-beytinin, yerlərindən hərəkət etmək icazəsi yox idi. Əli bu qışqırıq və səs-küyün arxasında növhəçiliyin olacağını demişdi. Həmişə olduğu kimi Zeynəb, Ummu Gülsüm və Əhli-beytin digər üzvləri oyaq idilər, amma bu axşam nə baş verəcəyindən çox narahat və nigaran! Birdən bir səs hamının diqqətini özünə cəlb etdi, hər yeri bürüdü: Allaha and olsun ki, hidayət və haqq yolun sütunu dağıdıldı, mömin və təqvalıların ağası yox oldu, ən möhkəm ip qırıldı, Mustafanın əmisi oğlu öldürüldü, seçilmiş peyğəmbərin vəsisi qətlə yetirildi, Mürtəza Əli şəhid edildi, onu xəbislərin ən xəbisi qətlə yetirdi.

  
ÜÇÜNCÜ FƏSİL   
İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR  

Bildiyimiz kimi, insanın həqiqət və mahiyyəti barəsində müxtəlif nəzərlər vardır. Ümumi baxışda iki nəzəriyyə, yəni materialistlər və ruhçuların nəzərləri bir-birinin müqabilində dayanıb. Ruhçuların fikrincə insan cism və ruhdan ibarət bir həqiqətdir ki, ölməklə fani olmur və əbədi olaraq qalır. Bildiyimiz kimi dini məntiq, xüsusilə islami mətnlər bu məsələyə dəlalət edir. İkinci nəzəriyyə isə budur ki, bu, bədəndən başqa bir şey deyil və ölməklə tamamilə məhv olur; bədənin dağılaraq aradan getməsi insan şəxsiyyətinin dağılaraq məhv olması deməkdir.

  
İNSAN MƏNƏVİYYATI 

İnsanın həqiqət və mahiyyəti barəsində belə böyük fikir ayrılığının olmasına baxmayaraq, bu mövzu ilə bağlı digər bir məsələ barəsində heç bir ziddiyyət və fikir ayrılığı yoxdur. Həmin məsələ bundan ibarətdir ki, mənəviyyat adlandırıla bilən bir sıra qeyri-maddi işlər insana dəyər və şəxsiyyət verir. İnsanın insanlığı bu işlərlədir. Belə ki, əgər bunlar, insandan alınsa, onun heyvanla heç bir fərqi olmaz. Başqa sözlə desək, insanın insanlığı onun cismi quruluşu, yəni bir baş, iki qulaq, enli dı aq və danışmaq kimi xüsusiyyətlərə malik olması ilə deyil. Bəli, bunlar insanlıq demək deyildir. Sədi bu mətləbi öz şerində belə açıqlayıb:

 

 

Təne adəmi şərifəst be cane adəmiyyət

 

Nə həmin libas zibast nişane adəmiyyət

 

Əgər adəmi be çeşməst zəbano quşo bini

 

Çe miyane nəqşe divar miyane adəmiyyət.

 

Şerin məzmunu:

 

 

İnsan bədəni onun insanlıq ruhuna malik olması səbəbilə şərafətlidir. Bu gözəl paltar adamlıq nişanəsi deyil. Əgər adamlıq göz, dil, qulaq və burunla olsaydı, adamlıqla divar arasında nə fərq olardı?

 

Əgər insanlıq bu bədənin olmasıyladırsa, hamı anadan adam doğulur. Amma məsələ belə deyil. Adamlıq bir sıra sifət, əxlaq və mənaların mövcud olması ilədir ki, insan onların nəticəsində dəyər və şəxsiyyət əldə edir. Bu gün insana dəyər və şəxsiyyət verən və onlar olmadıqda insanın heyvanla heç bir fərqinin olmaması nəticəsini verən şeylərə insani dəyərlər deyilir.

 

Bu gün keçən söhbətlərimizi davam etdirəcəyik. Əvvəlki söhbətlərimizdə dedik ki, fərd və cəmiyyətin doğru yoldan çıxması iki cürdür. Bunlardan biri dəyərə malik olmayan şeylərin əsl dəyərlər müqabilində müqavimət göstərməsi və onların qarşısını almasıdır. Buna misal olaraq zülmün ədalət, allahsızlıq və laqeyidsizliyin allahpərstlik və ibadət, səfehlik və axmaqlığın ağıl, dərrakə və hikmət müqabilində dayanmasını göstərmək olar. Amma dəyərsiz şeylərin dəyərlər müqabilində dayanması, bəlkə də, bəşərin düzgün yolundan çıxmasında elə də çox təsir göstərməyib. Çünki dəyərsiz şeylər insani dəyərlər qarşısında duranda çox davam gətirə bilmir və qısa müddətdə məğlub olur. Bəşəriyyətin düz və haqq yoldan çıxmasının əsas amili onun, dənizdə çəkilmə və qabarma baş verdiyi kimi hansısa bir dəyərə üz tutaraq onu şişirtməsi və ona qapılmasıdır. Bu, bütün digər dəyərlərin məhv olmasına səbəb olur. Dediyimiz kimi zahidlik və təqva bir dəyərdir, insanlıq meyarlarındandır. Amma bəzən görürsən ki, bir şəxs və ya cəmiyyət zahidliyə elə qapılır ki, onun üçün hər bir şey zahidlik olur və o, zahidlikdə məhv olur. Qeyd etdik ki, belə bir şəxs və ya cəmiyyət yalnız bədəninin bir üzvü, məsələn bu u inkişaf edərək böyüyən insana bənzəyir.

  
DƏRD VƏ ONUN FAYDALARI 

Əvvəldə qeyd etdiyimiz kimi, hətta materialist məktəblər də bir sıra mənəvi dəyərlərə inam bəsləyirlər. İnsani dəyərlər ümumi bir ad altında müxtəlif qismlərə bölünürlər. Bu ümumi ad, həm ariflər və həm də müasir alimlərin işlətdikləri terminlərdəndir. Hətta qeyd etmək lazımdır ki, həmin termin ariflərdən qabaq islami mətnlərdə də işlədilib. Bu o deməkdir ki, insanlığın əsas meyarı dərdlilik və dərd sahibi olmaq adlandırılan şeydən ibarətdir. İnsanın qeyri-insanlarla fərqi bundan ibarətdir ki, insan dərd sahibidir. İnsan, heyvanlara və ya insanlıq ruhuna malik olmayan bir baş, iki qulaqlı insanların əksinə olaraq bir sıra dərdlərə malikdir. Amma heyvanlar və insanlıq ruhuna malik olmayan dı aqarası insanlar, belə bir dərdə sahib deyildirlər.

 

Biz əvvəlcə dərdin özü barəsində danışmalıyıq. Əlbəttə, bəlkə də ilk baxışda belə bir şey barəsində söhbət etmək təəccüblü görünər və bu nə deməkdir? sualını doğurar. Çünki dərd pis şeydir və insan onu özündən uzaqlaşdıraraq aradan aparmalıdır. Belə olan surətdə, insanlıq və bir şeyin dəyərliliyinin dərdlilik olması necə mümkündür? Dərd yaxşı şey ola bilərmi?

 

İlk növbədə qeyd etmək lazımdır ki, biz dərd ilə dərdin mənşəyi arasında səhvə düçar oluruq. Məsələn, hər hansı bir xəstəlik və ya yarada, mövcud olan mikrob və xəstəlik və yaranın yaranma amili olan şeylər pisdir. Çünki onlar bədənə daxil olur və sonra dərdin yaranma mənşə və mənbəyinə çevrilirlər. Mədə və ya bağırsaqda yara olanda insan onun ağrısını hiss edir. Belə bir şəraitdə həmin yaranın olması pisdir. Amma dərdin özü insanı narahat etməsinə baxmayaraq, onun agahlıq və oyanışına səbəb olur. Hətta insan və heyvan arasında müştərək olan cismi dərd və ağrılar belə, insanı agah edərək oyadır. Heç bir pozuntu olmadan insanın başının ağrıması mümkün deyildir. Ağrının yaranması sizi başda hansısa bir pozuntu və narahatçılığın yaranmasından xəbərdar edir. Sizi onun müalicəsinin fikrində olmağa çağırır. Bu müxtəlif dəzgah və avtomobildə olan yağ, benzin və sairə şeylərin miqdarını göstərən əqrəblərə bənzəyir. Məsələn, avtomobildə olan bəzi əqrəblər yağın miqdarını, bəzi əqrəblər isə suyun hərarətini göstərir. Əgər əqrəb suyun hərarətinin çoxaldığını və ya benzinin qurtardığını göstərirsə, siz buna necə baxırsınız? Bu yaxşıdır, yoxsa pis? Bu çox yaxşıdır, çünki sizi agah və xəbərdar edir. Sizin maşınınızın qızdırması və ya benzinin qurtarması pisdir. Əgər insanın bədənində heç vaxt ağrı olmasaydı və o, narahatçılıq hiss etməsəydi, əvvəla heç vaxt dərdindən xəbərdar və agah olmazdı və ikincisi həmin dərdin müalicəsi fikrinə düşməzdi. Çünki, bu dərd və ağrı əmrinin icrası labüd olan məmur kimi, insanı həmin çatışmamazlıq və narahatçılıqlar barəsində çarə axtarmağa vadar edir. Dərd və ağrı insanı narahat edərək dayanmadan onu dərman fikrində olmağa sövq edir.

 

Buna görə də hətta cismani dərdlərin özləri belə nemətdirlər və insanın agahlıq və oyanmasına səbəb olurlar. İnsanın, hətta bədənində bir narahtçılıq və pozuntu baş verməsi bahasına olsa belə, agah və xəbərdar olması yaxşı şeydir. Mövlananın bu barədə çox maraqlı şeri vardır.

 

Məzmunu:

 

 

Xəstəlikdə olan həsrət və zarıltı,

 

Xəstəlik vaxtı oyaqlıq vaxtıdır.

 

Ey əsa axtaran, bu əsa bil ki,

 

Hər kimin dərdi varsa o başa düşüb.

 

Şəxs nə qədər oyaq olsa, bir o qədər dərdli,

 

Nə qədər agah olsa, çöhrəsi bir o qədər solğun olar.

 

 

Mövləvi şerin davamında deyir ki, kimin dərdi varsa və o, bu dünyada başqalarından nə qədər çox dərdlidirsə və nə qədər çox dərd çəkirsə həmin qədər digərlərindən agah və oyaqdır.

 

Dərdsizlik hissizlik, şüursuzluq, dərksizlik və durğunluqla, dərd hiss etmək isə agahlıq, oyaqlıq, şüur və dərrakə sahibi olmaqla bərabərdir. İnsan, ya rahatlıq və dərdsizliyi, yəni nadanlıq və cahilliyi, ya da agahlıq və dərdliliyi seçməli olsa hansını seçər? Görəsən sayıq və agah olaraq dərdə malik olmağı seçər, yoxsa qanmazlıq və axmaqlıqla birgə olan dərdsizliyi? Agahlıq və sayıqlıqla birgə olan narahtçılıqlar cahillik və xəbərsizliklə birgə olan rifah və rahatçılıqdan üstündür. Məsəl var deyərlər ki, Sokrat kimi arıq və cansızlıq kök donuzluqdan yaxşıdır. Bunun mənası odur ki, insanın məhrum alim olması bütün şərait və rifahla yanaşı olan qanmaz donuzluqdan yaxşıdır.

  
ƏQLDƏN ŞİKAYƏT 

Bizim ədəbiyyatımızda gözə çarpan məsələlərdən biri də əqldən şikayət məsələsidir. Biz, ədəbiyyatamızda, xüsusilə şerimizdə xalqın Ey kaş ağlım olmayaydı, cəmiyyətdə ağıllı, oyaq və sayıq olmağın adama nə faydası var? kimi şikayəti ilə rastlaşırıq. Onlar, ağılın insanın asayiş və rifahını pozmasından gileylənirlər.

 

Bəziləri öz şerlərində belə deyirlər:

 

Məzmunu:

 

 

Mənim ağıl və huşum canımın düşmənidir,

 

Kaş göz və qulağım açıq olmayaydı!

 

 

Digəri isə belə deyir:

 

Məzmunu:

 

 

Ağllı olub dəlilərin dərdini çəkincə,

 

Dəli ol ağıllılar sənin dərdini çəksinlər.

 

 

Bu qism adamlar dəliliklə birgə olan rifah və asayişi ağıl, fikir və dərrakə ilə olan narahatçılıqlardan üstün hesab edirlər. Amma bütün bunlar səhv fikirlərdir. İnsanlıq məqamına çatan və dərdli olmağın dəyərini başa düşərək dərk edən insan heç vaxt ağıl və huş mənim canımın düşmənidir deməz. Bunun yerinə Peyğəmbər (s)-in bu sözlərini deyər: Hər bir şəxsin həqiqi dostu onun ağlı, həqiqi düşməni isə cahillik və nadanlığıdır.

 

Ağıl və huşum mənim canımın düşmənidir deyən və əqli huşdan yaranan narahatçılıqdan şikayətlənən şəxs, cahillik və nadanlıqdan yaranan narahatçılıq və bədbəxtçilikdən xəbərsizdir. Çünki o, bunların hər ikisindən xəbərdar olsaydı və onların hər ikisini hiss etsəydi belə sözlər danışmazdı. Bəli, əgər dərdə səbəb olan bir şey olmasaydı və insan dərdsiz qalmalı olsaydı, dərd yaradan amil olmadığı üçün dərdsizlik üstün sayılardı. Amma dərd və ağrıya səbəb olan amil və onun mənşəyi varsa, insanın ondan yaranan ağrını hiss etməməsi bədbəxtlik və faciədir. Məsələ cismi xəstəliklərdə də belədir. Buna görə də cismi xəstəliklərin ağrı verməməsi öldürücüdür. Çünki insan o vaxt xəbər tutur ki, iş-işdən keçir. Xərçəng xəstəliyinin öldürücü olmasının səbəblərindən biri onun əvvəldə heç bir ağrı verməməsidir. Əgər bu xəstəlik əvvəlcədən ağrı versə, bəlkə də qarşısının alınması üçün hansısa işlər görmək olar. O, məsələn qana sirayət etməmişdən qabaq aradan aparıla bilər. Xərçəngin əsas təhlükəsi, onun xəbərsiz, yəni ağrısız olmasıdır.

 

Buna görə də dərd və ağrı pis şeydir deməklə, insani dəyərlərin dərdlilik olması fikrini rədd etmək olmaz.

  
İNSANIN DƏRDİ 

İnsanın dərdi nədir? İnsanın başının ağrımasının səbəbi onun insan olması deyil, çünki heyvan, məsələn qoyunun da başı ağrıyır. İnsanın əl, ayaq və digər üzvlərinin ağrıması da heyvani ağrılar növündəndir. Amma insan dərdi və insanın dərdə malik olması barəsində söhbət edənlərin məqsədi, bu qism ağrı və dərdlər deyil. İnsanda dəyərə malik olan dərd və ağrılar başqa şeylərdir. Ariflərin insanda kəşf etdikləri və həmişə müqəddəs sandıqları dərd Allahaxtarma dərdidir. Onlar deyirlər ki, bu dərd insana məxsusdur və hətta insanın mələkdən üstün olmasının səbəbi, mələyin bu dərdə malik olmaması, insanın isə malik olmasıdır.

 

İslam dininə əsasən, insan ilahi ruh üfürülmüş bir həqiqətdir ki, digər bir aləmdən gəlib və o, təbiətdə olan əşyalarla tam uyğunluğa malik deyil. İnsan bu dünyada özündə bütün varlıqlara qarşı bir növ qəribəlik, biganəlik və uyuşmazlıq hiss edir. Çünki onların hamısı fani, dəyişkən və qeyri-sabitdir. Amma insanda əbədilik hissi vardır. Bu, insanı Allaha ibadət və itaətə, raz-niyaza, Ona yaxınlaşmağa və öz əslinə doğru çəkən amildir.

  
İNSANIN DƏRDİ BARƏSİNDƏ BİR NEÇƏ TƏMSİL 

Yəqin ki, bizim irfanda bu barədə necə misalların çəkildiyini görübsünüz. Bəzən insanı Hindistan meşələrindən gətirilərək qəfəsə salınan və həmişə, narahat halda qəfəsi sındıraraq əvvəlki yerinə qayıtmaq barəsində düşünən tutuquşuna, bəzən də öz yuvasından uzaq düşmüş quşa oxşadırlar. Ən ali və gözəl misallardan biri Mövlananın Məsnəvinin əvvəlində gətirdiyi təmsildir. O, insanı qamışlıqdan kəsilmiş və həmişə nalə və fəryad çəkərək bu ayrılıqdan şikayətlənən ney və tütəyə bənzədir.

 

 

Beşno əz ney çun hekayət mikonəd

 

Vəzcodayiha şekayət mikonəd

 

Kəzneystan ta məra be borideənd

 

Əz nəfirəm mərdo zən nalideənd

 

Sine xahəm şərhe-şərhe əzfəraq

 

Ta be quyəm şərhe dərde iştiyaq.

 

Sonra belə deyir:

 

Do dəhan darim quya həmçuni

 

Yek dəhan pinhan əst dər ləbhayi vey

 

Mövlana bəzən də başqa cür bənzətmə və təşbeh edir:

 

Pil bayəd ta ço xosbəd ustan

 

Xab binəd xotteye hindustan

 

Xər nəbinəd hiç hindustan be xab

 

Xər ze hindustan nə kərde əst iğterab.

 

 

Deyirlər ki, Hindistandan gətirilmiş filin həmişə başına vurmaq lazımdır, çünki belə etməsələr onun yadına Hindistan düşər. Mövlana deyir ki, Hindistan yalnız filin yuxusuna girir, çünki o Hindistandan gəlib. Uzunqulaq heç vaxt Hindistanı yuxuda görmür, çünki o, Hindistandan gətirilməyib və o, burada qərib deyil. Məqsədi budur ki, insanın başqa aləmə qayıtmaq, haqqa və Allaha doğru getmək, münacat və vüsal dərdi var.

  
İNSANIN DƏRDİ ƏLİ KƏLAMINDA 

Əli (ə) Kumeyl ibni Ziyad ilə səhraya gedəndə necə də gözəl söz deyib. Kumeyl deyir ki, səhraya və heç kəsin olmadığı bir yerə çatanda Əli (ə) dərindən ah çəkib belə dedi: Ey Kumeyl ibni Ziyad! İnsanın qəlbi qab kimidir. Qabların ən yaxşısı tutumu çox olan və ya içindəkini yaxşı saxlayandır. Sənə dediklərimə yaxşı qulaq as.

 

Həzrət Əli (ə) söhbətinin davamında insanları üç hissəyə bölür ki, mən bu barədə danışmaq niyyətində deyiləm. Söhbətinin sonunda isə belə şikayətlənir: Əfsuslar olsun ki, ürəyimdəkiləri deməyə layiq sirr saxlayan insanlar yoxdur. Sonra isə belə deyir: Amma belə də deyil ki, heç kəs olmasın. Həmişə, bütün dövrlərdə belə adamlar olublar... Bəsirətin son həddində olan həqiqi elm onlara üz tutub və onlar tam yəqinlik məqamına çatıblar. Onlar yəqinlik ruhuna birləşiblər və onunla onlar arasında fasilə yoxdur. Əyyaş və maddəpərəst adamlara çox çətin gələn şeylər, onlara çox asan və rahat gəlir. Nadanların qorxaraq vəhşət etdikləri şey, yəni haqq ilə xəlvətdə münacat etmək onların ülfət mənbəyidir, ünsiyyət ocağıdır. Bunlar, dünyada camaatla bir yerdədirlər, amma uca aləmə cəzb edilmiş ruhlarla! Bu dünyada olmaları ilə yanaşı, həm də bu dünya da yoxdurlar. Həm bu dünyadadırlar, həm də başqa dünyada.

 

Əli (ə)-ın dərdləri, öz dilimizlə desək, Əlinin irfani-ibadi dərd və münacatları çox aydın bir məsələdir. O, ibadət edərkən elə bir mərhələyə çatır və özündən uzaqlaşaraq məhbub və məşuqunun eşqi ilə elə isinir ki, ətrafında baş verənlərdən, hətta bədəninə batmış oxun çıxırlmasından xəbərsiz olur!

 

İnsanın dərdi budur, yəni Haqqdan uzaqlığı, Onun zatına yaxınlaşmaq arzu və şövqü və Ona yaxınlaşmaq dərdi! İnsan Haqq olan varlığın zatına çatmayınca bu iztirab və sıxıntı həmişə öz yerində qalacaqdır. İnsan başını nə ilə qarışdırsa, həmin şey bir növ əyləncədir, həqiqət isə ayrı bir şeydir. Quran bu mətləbi belə ifadə edib:

 

...Bilin ki, qəlblər [möminlərin ürəkləri] yalnız Allahı zikr etməklə aram tapar!

 

(Rəd-28).

 

Quran demək istəyir ki, qəlblər yalnız və yalnız bir şey ilə iztirab və narahatçılıqlardan uzaqlaşaraq aram ola bilər, bəşər bir şey vasitəsilə sakitləşər və o, Haqqı zikr edərək yada salmaq və Onun zatı ilə ünsiyyətdə olmaqdır. Ariflər bu dərd üzərində çox təkid edir və digər dərdlərə çox az əhəmiyyət verirlər.

  
MÖVLANANIN TƏMSİLİ 

Mövlana Məsnəvidə əslində təmsil olan bir hekayət nəql edib. Deyir ki, bir kişi həmişə öz Allahı ilə raz-niyaz edərək Allah-Allah deyirmiş. Bir dəfə şeytan zahir olaraq onu vəsvəsəyə salıb elə bir iş görür ki, həmin şəxs həmişəlik olaraq susur. Şeytan ona belə deyir: Ey kişi, sən ki, bu qədər Allah-Allah deyərək səhər axşam nalə və yanğı ilə Onu çağırırsan, heç bir dəfə ləbbeyk (bəli) cavabı eşitmisənmi? Şeytanın bu sözü kişinin ağlına batır, susaraq bir də Allah-Allah səslənmir. Bir dəfə yuxuda qeybdən gələn bir səs ona deyir: Nə üçün Allahla münacatını tərk etdin? Kişi cavab verir: Mən nə qədər münacat etdim və Allaha yalvardımsa bir dəfə belə, ləbbeyk cavabı eşitmədim. Qeybdən gələn səs yuxuda ona belə deyir: Mənə əmr edilib ki, sənə Allah tərəfindən cavab verim və o, budur ki, sənin Allah-Allah deməyin bizim ləbbeyk deməyimizdir.

 

Sən, bizim sənin qəlbində yaratdığımız dərd və şövqin, məhəbbət və aşiqlərin ləbbeykimiz olduğunu bilmirsən.

 

Nə üçün Əli (ə) Kumeyl duasında belə deyir: İlahi! Mənim dua etmələrimin qarşısının alınmasına (və dua və münacat dərdinin məndən alınmasına) səbəb olan günahlarımı bağışla!

 

Buna görə də deyirlər ki, dua həm arzu və məqsəd və həm də vasitədir. Yəni dua, həmişə icabət edilərək cavab verilməsi üçün deyil, onun icabət edilməməsinin özü də icabətdir. Məqsəd duanın edilməsidir.

  
İNSANIN YARANMIŞLARA QARŞI OLAN DƏRDİ 

Digər bir qrup isə dəyərlərin ən mühümü kimi qələmə verilən insan dərdi barəsində başqa bir məsələyə toxunublar. Onlar insanın Allah deyil, xalq dərdi çəkilməsini mühüm dəyər hesab edirlər. Bu qrupun fikrincə, insanın insanlıq meyarı onun digərlərinin dərdini çəkməsidir. Belə ki, başqalarının ona aidiyyatı olmayan narahatçılıqları onda dərd yaratsın və o, onların dərdlərini çəksin. Sədinin sözü ilə desək:

 

Mənim çöhrəm yoxsulluqdan deyil, yoxsulların dərdini çəkməkdən saralıb.

 

Başqalarının dərd-qəmini çəkən şəxs yadların aclığı fikrindən yata bilmir, ona özünün aclığı başqalarının aclığından daha asan gəlir. O, başqalarının ayağına tikan batmasını öz gözünə batan tikan hesab edir. Bu qrupa daxil olan insanlar bunu insanın dərdi hesab edir və onun insana dəyər və şəxsiyyət verməsini vurğulayıb, bütün insani dəyərlərin mənşəyinin bu məsələ olduğunu bildirirlər. Bu gün filan məsələnin insani məsələ olduğunu deyənlər, bundan başqa heç bir şeydə insanlıq nişanələri görmürlər. Onlar insanın məsuliyyət hissinə qayıdan və onun, digər insanlar müqabilindəki dərdi ilə bağlı şeyləri insani məsələ hesab edir, digər şeyləri isə bu qismə aid olan məsələlərdən saymırlar. Bu da bütün dəyərlərin yalnız bir dəyərdə məhv olmasının digər bir nümunəsidir.

  
İSLAMIN NƏZƏRİ 

Görəsən islam baxımından da insan, yalnız başqalarının dərdini çəkərək onların qeydinə qalan şəxsdirmi? Yaxud, yalnız Allah dərdinə malik olan şəxslər insan adlanır? İslam meyarları baxımından insan Allah dərdinə malik olan şəxsdir və o, Allah dərdinə malik olduğu üçün digər insanların da dərdini çəkir.

 

Quranın, başqalarının dərdini çəkərək qeydinə qalmaq barəsindəki sözlərinə diqqət edin. Bu ilahi kitab peyğəmbər barəsində belə buyurur: [Ya Məhəmməd!] Yoxsa [kafirlər] bu Qurana inanmasalar, [səndən üz çevirib getdiklərinə görə] arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!

 

(Kəhf-6).

 

Peyğəmbər (s) xalqın hidayət və səadəti, onların dünya əsirlikləri və giriftarçılıqlarından qurtarmaları və axirətlərinin yaxşı olmasına o qədər rəğbət bəsləyirmiş ki, sanki özünü bu yolda həlak etmək istəyirmiş. Buna görə də ona xitab edilir ki, nə olub? Nə xəbərdir? özünü xalqa görə həlak edəcəksənmi? Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!

 

[Biz onu Allahın əzabından] qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik.

 

(Taha-2-3).

 

Digər bir ayədə isə belə buyurur: [Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, o, ;sizin iman gətirməyinizi] çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir.

 

(Tövbə-128).

 

Siz bu ayədə Quranın ifadəsinin nə qədər maraqlı və ali olduğuna diqqət edin. Camaat! Sizin öz aranızdan və öz cinsininzdən olan peyğəmbər gəlib. Onun birinci xüsusiyyəti budur ki, sizin çətinlik, məşəqqət və narahatçılıqlarınız ona ağır gəlir və o, sizin dərdinizi çəkir. Deməli, müsəlman həm Allah və həm də Allah bəndələrinin dərdini çəkən şəxsdir. Quran həris kəlməsindən istifadə edib. Bəzən valideynlər uşaqlarının ruhani olmalarını istəyirlər və bu məsələdə o qədər ifrata varırlar ki, onlar barəsində belə deyilir: Filankəs uşağının savadlı olmasına hərisdir. Bu hərislik, istəyin çoxluğu baxımından eynilə dünyapərəstlik və pulpərəstlik kimidir. Peyğəmbər xalqın nicat tapmasına, onların dərdlərinin yaxşılaşmasına həris olub. Xalqın dərdini çəkmək budur.

 

Əli (ə)-ın özü də bu ifadədən istifadə edib və dərd ifadəsi ona məxsusdur.

 

Bəlkə də bu məsələni dəfələrlə eşidibsiniz. Osman ibni Huneyf Bəsrədə bir qonaqlıqda iştirak edibmiş. Həmin məclisdə nə olmuşdu? Allah eləməmiş, orada araq içilmişdimi? Xeyir! Qumar oynanılmışdımı? Xeyir! Pozğunçuluq olmuşdumu? Xeyir! Bəs nə olmuşdu? Osman ibni Huneyfin günahı tam əşraf, bu günkü dillə desək, aristokratlar məclisində iştirak etməsidir. Belə ki, həmin məclisdə yoxsullardan heç kəs olmayıb. Təəssüflər olsun ki, bizlər bu gün belə şeylərə tamamilə laqeyidliklə yanaşırıq. Əli (ə)-a xəbər çatır ki, sənin nümayəndə və hakimin yoxsullardan bir nəfərin belə iştirak etmədiyi varlı, əşraf və pulluların qonaqlıq məclisində iştirak edib. Əli (ə) belə buyurur: Ey Osman ibni Huneyf! Mən sənin ancaq varlılar dəvət edilmiş və kasıbların dəvət edilməyərək qapı arxasında qaldıqları süfrədə oturmaq dəvətini qəbul etməyinə inanmazdım. Əli (ə) sonra öz dərdləri barəsində danışaraq bu yerə çatır: Əli xəlifədir! öz-özünə deyir ki, istəsəm mənim üçün hər bir imkan hazırdır. İstədiyim ən yaxşı yeməli, içməli və geyinməli şeyləri özüm üçün əldə edə bilərəm. Amma mənim belə etməyim qeyri-mümkündür. Mənim öz cilovumu hərislik və nəfsi istəklərimin əlinə verməyim mümkün olmayan bir şeydir.

 

Əli (ə) nə üçün belə deyir? Məgər Allah bu nemətləri haram edib? O, bəzilərinin yaxşı paltar geyinmək, saf bal yeməyin haram olmamasını güman etməmələri üçün bu barədə izah verərək deyir ki, xeyir, məsələ belə deyil, onlar haram deyil, halaldır. Amma məsələ belədir ki, əgər mən burada öz qa ımı doyuzdursam İraq, Kufə, Yəmanə, Fars körfəzi sahilləri və Hicazda kiminsə bu bir tikə çörəyə belə ehtiyacı ola bilər, bir tikə çörək əldə etməyə belə ümidi olmaz. Mən tox qarınla yatım, amma ətrafımda ac qarınlar və susuz cigərlər olsun? Mən bu şerdəki kimi olum:

 

 

Və həsbukə daən təbitə bibitnətin

 

Və hovləkə əkbadun təhinnu iləl qiddi

 

Mənası:

 

Sənə təkcə bu dərd bəsdir ki, sən tox qarınla yatasan,

 

Amma ətrafında ac qarınlar olsun.

 

 

Xalqın dərdini çəkmək buna deyərlər. İnsanlıq meyarı, daha düzgün desək, dəyərlərin ikinci anası budur. Əli (ə) söhbətinin davamında belə deyir: Mən Əmirəl-möminin, xəlifə və abadlıqların çoxunu əhatə etmiş islam ölkələrinin başçısı ləqəb və xitabına qane olub özümü möminlərin ağası adlandırım, amma çətinliklərdə onlarla şərik olmayım?!

 

Diqqət edəndə görürsən ki, burada, bütün sözlər başqalarının dərdlərini duymaqdan gedir.

  
İDEAL DƏRD 

Mən indi sizdən belə bir sual soruşmaq istəyirəm ki, sizcə adamın duyğusuz və bədən üzvlərinin hissiz olması ilə olan rahatlığı yaxşıdır, yoxsa hissiyyatlı olub bu dərdi dərk etməsi? Bu dərd həm də ləzzətli bir dərddir, çünki başqalarının dərdini çəkərək onların qeydinə qalmaq həmişə ləzzətlidir. Görəsən bu nə sirrdir? Düzünü Allah bilir. Başqalarının dərdini çəkmək ləzzətli olduğu kimi, Haqqın hicran dərdi də ləzzətlidir.

 

İbni Sina İşarələr kitabında bu məsələyə toxunaraq yazır ki, bəzən bir şey ağrılı olmasına baxmayaraq ləzzətli olur. O, buna misal olaraq bədənin qaşınmasını gətirir. Deyir ki, bədən qaşınır və onda bir növ acışma və göynəmə olur, qaşıyanda həmin yer ağrıyır. Amma ağrısına baxmayaraq adamın ondan xoşu gəlir. Bu ağrı, acı ağrı deyil.

 

Bu insanın ruh və canını yandıran, göz yaşı çıxaran, amma eyni zamanda sevilən və ideal bir dərddir. İnsan həmişə bir sıra qəmlərdən qaçır. Amma bizə deyəndə ki, imam Hüseyn (ə) üçün çox yaxşı bir matəm məclisi keçirilir, biz ora getmək istəyirik? İnsanın ürəyi yanmasa və o, dərd çəkməsə göz yaşı tökmür. Amma eyni zamanda həmin əza məclisinə getmək istəyir, həmin dərdi hiss edərək göz yaşı tökmək istəyir. Göz yaşı tökəndə səfalı bir hiss keçirir ki, həmin dərd bunun müqabilində heç nə olur. İnsanlığın dərdi budur.

 

Yalnız öz bədənlərinin dərd və ağrılarını hiss edən və ruhu öz cisminin ağrılarını duyan bədənlərin xoş hallarına! Çünki həmin ruh həmişə bu bədəndə olan narahatçılıqları aradan aparmaq fikrindədir. Amma ruhu təkcə özünün olmayan bədənin işi çox çətindir, çünki onun ruhu bütün bədənlərindir. Bir ruh təkbaşına hamının ağrı-acılarını hiss edir. Bu bədən Hicaz və Yəməndə bir nəfər arpa çörəyi yeyən tapıla bilər deyə, bütün imkanlara malik olmasına baxmayaraq, iki tikə arpa çörəyi ilə kifayətlənmək məcburiyyəti qarşısındadır. Bu bədən Əli (ə) kimi bir şəxsin ruhu ilə uyğunlaşmaq üçün yamanmış ayaqqabı geyinməlidir. Ərəb şairlərindən biri belə deyir:

 

 

Və iza kanətin-nüfusu kibarən

 

Təibət fi muradihəl əcsamu.

 

 

Mənası:

 

Ruhlar böyüyəndə cismlər istək və məramlarına çatmaqda məşəqqət və əziyyətlərə düçar olurlar.

 

Bu o deməkdir ki, vay o bədənlərin halına ki, onların ruhları böyüyür. Ruh böyüyərək bütün bədənlərinki olanda, hamının dərd və ağrılarını hiss edəndə cəza görmək həddinə çatır. O, dul qadın və bir neçə uşağın vəziyyətindən xəbərsiz qaldığı üçün özünü cəzalandırır. Bir gün Əli (ə) küçədə, çiynində su tuluğu aparan bir qadın görür. O, bu cür mənzərələrin kənarından etinasız keçən adamlardan deyil. Fikirləşir ki, bu qadının su daşıması səbəbsiz deyil, çünki ya kimsəsizdir və ya əri ona əhəmiyyət vermir. Tez irəli gəlir. özü də ey nökər, ey qul, ey gözətçi və ya ey qənbər gəl bu qadına kömək et demir. İrəli gələrək tam ədəblə belə deyir: Xanım, icazə verirsiniz, sizə kömək edib su tuluğunu çiynimə götürüm? İcazə verin bu zəhməti mən çəkim. Həmin qadın da onun atasına rəhmət oxuyaraq su tuluğunu ona verir. Əli (ə) həmin dul qadının evinə gəlir və su tuluğunu yerə qoyduqdan sonra onun suyu nə üçün özü daşıdığını soruşur. Əriniz yoxdur? deyə ondan sual edir. Qadın cavab verir; bəli, ərim Əli ibni Əbutalibin əsgərlərindən idi və döyüşlərin birində şəhid olub. Mən bir neçə uşaqla tək yaşayıram. Əli (ə) bu sözləri eşidəndə narahatçılığından od tutub yanır. Yazırlar ki, o, həmin axşam evə qayıtdıqdan sonra səhərə kimi yata bilməyib. Sübh çörək, ət, xurma və pul götürərək sürətlə həmin qadının evinə gələrək qapını döyür. Qadın onun kimliyini soruşur. Cavab verir: Mən sənin dünənki mömin qardaşınam. Qadın qapını açır və Əli (ə) içəri daxil olur. Tez ətdən kabab çəkir və öz əli ilə uşaqların ağızlarına qoyur. Onları dizində oturdaraq yavaşca sizdən xəbərsiz qalmış Əlinin təqsirindən keçin deyir. Sonra təndiri odlayır. Təndirin üstünə çıxıb üzünü oda yaxınlaşdıranda odun istiliyini hiss edir. öz-özünə belə deyir: Əli! Dünya odunun istiliyini dad ki, cəhənnəm odu yadına düşsün və bir də camaatın vəziyyətindən xəbərsiz qalmayasan.

 

Əziyyət çəkən və ruhu bütün insanların olan bədən belədir.

 

İlahi! Səni Əli ibni Əbutalibin həqiqətinə and verirəm ki, bizim qəlblərimizdə islam dərdi yarat! Hamımızın aqibətimizi xeyirli et! Ürəklərimizə özünün ibadət, itaət və mərifət dərdini sal! Bizdə bədənlərinin dərdlərinə şərik olma hissi yarat. Bizi Əli (ə)-ın vilayət nurundan bəhrələndir. Bizi o həzrətin həqiqi davamçılarından et! Ürəklərimizi iman nuru ilə nurlandır! Bizi islamın həqiqətləri ilə tanış et!

  
DÖRDÜNCÜ FƏSİL   
İNSANDA ALLAHAXTARMA DƏRDİ  

[Müsibət vaxtında] səbr etmək və namaz qılmaqla [Allahdan] kömək diləyin! Bu, ağır iş olsa da, Allaha itaət edənlər üçün ağır deyildir.

 

(Bəqərə-45).

 

İnsan həmişə özü üçün mənəviyyət qapısı olub. İnsanın, həmişə mənəviyyət qapısı olması və vücudunun qapısından məna aləmini görərək kəşf etməsi sözlərinin mənası budur ki, onun ruhunda maddi hesablarla düz gəlməyən şeylər vardır. Təkcə keçmiş ruh alimləri deyil, müasir psixoloqlar da, insanda bu dünyanın maddi hesabları ilə izah edilə bilməyən və başqa hesaba malik olan şeylərin olmasını etiraf ediblər.

 

Əziz islam Peyğəmbərinin belə bir sözü var: Hər kim özünü tanısa Rəbbini tanıyar.

 

Qurani-kərim, dünyanın bütün əşya və varlıqları içərisində insana ayrı nəzərlə baxıb. Ona xüsusi əhəmiyyət verib.

 

Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə [kainatda, göylərin və yerin ətrafında], həm də onların öz daxilində mütləq göstərəcəyik...

 

(Fussilət-53).

 

Quran, insanların daxilində (ruhlarında) sözlərini deməklə bu məsələni xüsusi şəkildə bəyan edib. Bu ayə dini ədəbiyyatda xarici aləm və daxili aləm terminlərinin yaranmasına səbəb olub.

 

İnsanın daxili aləmində mövcud olan və maddi hesablarla izah edilə bilməyən şeylərin nədən ibarət olması barəsində soruşsanız, bunun çox geniş bir məsələ olması və burada həmin mövzuya toxunmaq fikrində olmadığımı bildirirəm.

  
İNSANLIĞIN İNSANDAN AYRILMASININ MÜMKÜNLÜYÜ 

Maddi hesablarla düz gəlməyən şeylərdən biri də, bizim əvvəlki söhbətlərimizdə danışdığımız məsələlər, yəni insani dəyərlər, başqa sözlə desək insanın insanlığıdır. Təəccüblü məsələlərdən biri də budur ki, siz hər hansı bir varlıqla maraqlansanız onun, özü üçün ayrılmaz bir sifət olduğunu görərsiniz. Pələngin pələnglik, itin itlik, atın isə atlıq sifəti var. Biz atlıq sifətinə malik olmayan at, itlik sifətinə malik olmayan it və pələnglik sifəti daşımayan pələng tapa bilmərik. Amma insanlığa malik olmayan insan tapmaq mümkündür. Çünki, keçən söhbətlərimizdə insanın insanlığı adlandırdığımız və ona şəxsiyyət verən şeylər bəşəri və dünyəvi olmalarına baxmayaraq, insanın cisminin qurluşu ilə bitmir. Onun insanlığının meyarı bir baş, iki ayaq, əl və s. şeylərə malik olması ilə tamamlanmır. İnsanın xüsusiyyətləri qeyri-maddi və hissedilməzdir. Başqa sözlə desək, maddi deyil, mənəvi şeylər qismindəndir. İkinci səbəb budur ki, insanın insanlıq meyarı və onun insani şəxsiyyət və üstünlüyünün göstəriciləri təbiətin əli ilə deyil, yalnız və yalnız onun öz əli ilə qurulur. Məqsədimiz budur ki, insan mənəviyyat qapısıdır və öz vücud qapısından mənəvi aləmə yol tapır. Səkkizinci imam həzrət Rza (ə) buyurub: Məna aləmində olan şeylər yalnız insanın daxilində olanlar vasitəsilə tanınaraq dərk edilir. Bu çox maraqlı məsələlərdən biridir.

 

ötən söhbətlərimizdə dedik ki, insani dəyərlər adlandırılan və insan mənəviyyatı və meyarı sayılan şeylər çox şeylərə şamildir, amma bütün dəyərləri bir dəyərdə, yəni dərdlilik və dərd sahibi olmaqda xülasə etmək olar. Dünyada insani dəyərlər barəsində söz açmış hər bir məktəb insanda heyvanlarla müştərək olduğu bədən və orqanizm dərd və ağrılarından əlavə, başqa bir dərd aşkar edərək müəyyənləşdirib. İnsanın həmin insanlıq dərd və ağrısı nədən ibarətdir? Əvvəlcə dediyimiz kimi, bəziləri yalnız qəriblik və bu dünya ilə uyuşmazlıq dərdinə təkid edirlər. Çünki insan başqa bir dünyadan vəzifəsini yerinə yetirmək üçün öz əslindən ayrılaraq bu dünyaya gəlmiş bir varlıqdır deyirlər. Onun öz əslindən bu uzaqlığı, onda şövq, eşq, nalə, qürbət hissi, əsl və vətəninə qayıdışa rəğbət, yəni Allah və haqqa qayıtmaq meyli yaradıb. İnsan behiştdən qovularaq bu maddi dünyaya gəlib və indi bir daha vəd edilmiş həmin behiştə qayıtmaq istəyir. Əlbəttə onun bu dünyaya gəlməsi, səhv bir iş olmayıb, çünki o, müəyyən bir vəzifəni yerinə yetirmək üçün gəlib. Amma hər halda bu hicran onu həmişə narahat edir və nigaran halda saxlayır. Bu məktəbə əsasən insanın dərdi yalnız Allah dərdi, Haqqdan uzaqlıq və Ona yaxınlaşmaq dərdidir. İnsan hər hansı bir məqam və kamala çatmasına baxmayaraq, yenə də öz məşuquna çatmadığını hiss edir.

 

İnsan, mütləq kamal vurğunudur. Belə bir söz var: İnsan həmişə malik olmadığı şeyin arzusunda olur.

 

Bu çox maraqlı və təəccüblü bir məsələdir. İnsan həmişə malik olmadığı şeyin arzusunda olur və onu istəyir, amma həmin şeyi əldə etdikdən sonra ondan bezərək soyuyur. Nə üçün? Bir varlığın təbiətində hər hansı bir şeyə meyl olması və həmin varlığı əldə etdikdən sonra onu istəməməsi və özündən uzaqlaşdırması qeyri-məntiqi bir işdir.

 

Bir nəfər danışırdı ki, xarici ölkələrdəki muzeylərin birində olan əşyalara tamaşa edərkən, gözüm çarpayıda uzanmış çox gözəl bir qadına və bir ayağı həmin çarpayının üstündə, digər ayağı isə yerdə olan, yəni həmin qadından üz döndərərək qaçmaqda olan bir gözəl gəncin heykəlinə sataşdı. Mən həmin heykəli görəndə, gənc oğlan və qızın bu heykəlini yonmuş heykəltəraşın onların sevişmək səhnəsini deyil, oğlanın qızdan qaçması səhnəsini yonmaqdan məqsədinin nə olduğunu başa düşmədim. Məsələ ilə yaxından tanış olan şəxsiyyətlərdən izah istədim. Onlar dedilər ki, bu heykəl Əflatunun məşhur nəzərinin təcəssümüdür. Əflatunun belə bir nəzəri var ki, insan həmişə əvvəldə hər bir məşuquna və sevdiyi şeyə doğru böyük eşq, məhəbbət, vurğunluq və rəğbət hissi ilə irəliləyir, amma vüsala çatdıqda eşq orada dəfn edilir. Vüsal eşqin dəfn edildiyi, nifrət və çəkinmənin başlanğıc yeridir.

 

Görəsən bu nə üçün belə olur? İlk baxışda bu məsələnin qeyri-təbii və qeyri-məntiqi bir iş olması düşünülür. Amma bu barədə dəqiq fikirləşmiş şəxslər onu həll edə biliblər. Onlar deyirlər ki, insan məhdud, fani, məkan və zaman çərçivəsində olan şeylərin aşiqi ola bilmir. İnsan yalnız mütləq kamal, yəni Haqq və Allahın zatına aşiqdir. Allahı inkar edən şəxs belə, Onun aşiqidir. Allahı inkar edərək Onu söyənlər belə fitrət və təbiətlərinin dərinliyində mütləq kamal aşiqi olduqlarını, amma yol və məşuqlarını itirdiklərini, səhv saldıqlarını bilmirlər.

 

Mühyiddin Ərəbi deyir: Heç bir insan, Allahından başqa digərini sevməyib və indiyə kimi dünyada Allahdan başqa digər birini sevən insan tapılmayıb. Amma Allah-taala Zeynəb, Suad, Hind və bu kimi adların altında gizlənib. Məcnun Leylinin aşiqi olduğunu güman edir, amma o, öz fitrət və vicdanının dərinliklərindən xəbərsizdir. Buna görə də Mühyiddin Ərəbi deyir ki, peyğəmbərlər Allah eşqi və Ona ibadət edilməsini öyrətməyə gəlməyiblər, çünki bu hər bir insanın fitri işlərindəndir. Peyğəmbərlər, düz və əyri yolları göstərməyə gəliblər. Bu ilahi elçilər gəliblər ki, insana belə desinlər: Ey insan! Sən mütləq kamal aşiqisən. Pul, mənsəb və qadının mütləq kamal olduğunu güman edirsən. Sən mütləq kamaldan başqa, digər bir şey istəmirsən, amma (xarici nümunənin tapılmasında) səhvə düçar olursan. Peyğəmbərlər insanı bu səhvdən qurtarmağa gəliblər.

 

İnsanın dərdi həmin ilahi dərddir. Əgər səhv pərdələr onun gözünün qarşısından çəkilsə və o, öz məşuqunu tapsa, Əli (ə)-dan eşitdiyimiz aşiqanə ibadətlərdən edər.

 

Quran nə üçün Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar deyir. Ayənin ərəb dilindəki formasında bi zikrillah birləşməsi öndə gətirilib, çünki bu tərkib qəlblərin aram tapmasının yalnız və yalnız Allahı zikr etməklə yarana bilməsi mənasını verir. Belə bir qrammatik tərkib müəyyən bir məsələni yalnız bir şeyə həsr etmək və onu yalnız bir nöqtədə məhududlaşdırmaq məqsədi güdür. Bəşərin qəlbi, yalnız bir şeylə aram tapır, iztirab və sıxıntıdan qurtulur və o, Allahı zikr etmək, Onu yada salaraq Onunla ünsiyyətdə olmaqdır. Quran deyir ki, əgər insan sərvət və rifaha çatmaqla asayişdə olacağını, iztirab və narahatçılıqdan qurtularaq şikayət və gileylənmədən qaçacağını fikirləşirsə çox səhv edir. Əlbəttə Quran bu qism şeylərin dalınca getməsinin pis olmasını demir, bəlkə onları əldə etməyin lazım olduğunu bildirir. Amma deyir ki, insana asayiş və sakitlik verən şeylərin bunlar olmasını və insanın onları əldə etdikdə lazımı kamala çatmasını fikirləşmək səhv bir şeydir. İnsanın qəlbi yalnız və yalnız Allahı zikr etməklə sakitləşir. Məktəblərin çoxu, insanın öz əsl və kökündən uzaqlığına təkid edirlər.

 

Digər məktəblər isə insanın Allah dərdi deyil, xalq dərdinə malik olması üzərində təkid edirlər. Hətta bəziləri insanın Allah üçün dərdə malik olmamasını anlamadıqlarını bildirirlər. Ju alların birində də Allah, yoxsa insan? başlıqlı məqalə yazılıb və orada müxtəlif fikirlər irəli sürülüb. Biri Allah, digəri insan, üçüncüsü isə Allah və insan prinsipləri ilə çıxış edir. Amma mən Allahla insan bir-birindən ayrı deyil Allah olmasa insan da olmaz deyənə rast gəlməmişəm. İnsanda olan Allah dərdini tapmasaq və o, Allaha tərəf getməsə, onun insani dərdi bir yerə çatmayacaq və heç bir nəticə verməyəcək. Allah dərdidir, onun dərdi Allah dərdinə malik olmasından yaranır.

  
ARİFLƏR NƏZƏRİNDƏN İNSANIN KAMAL MƏRHƏLƏLƏRİ 

Ariflər, kamil insanın təkamül seyrini müəyyənləşdirərkən necə də gözəl sözlər deyiblər. Onların fikrincə insanın kamal seyri dörd səfər və mərhələdə baş verir.

 

1. İnsanın, özündən Allaha olan səfəri;

 

2. İnsanın Allahla birlikdə Allahda səfəri; (Yəni Allahtanıması).

 

3. İnsanın təkcə deyil, Allahla birlikdə Onun bəndələrinə doğru səfəri;

 

4. İnsanın Allahla birlikdə onun bəndələri arasında bəndələrin nicatı üçün səfəri.

 

Bundan gözəl söz demək mümkün deyil. İlk səfər insanın Allaha doğru olan səfəridir. İnsan nə qədər ki, Allahdan ayrıdır bütün sözləri puçdur. O, Allahın zikrinə çatdıqda, Onu tanıyaraq özünü Ona yaxın hiss etdikdən sonra Allahla birlikdə Allah bəndələrinə doğru qayıdır. Bu insan Allah bəndələrinin qurtuluşu üçün onların arasında hərəkət edir və onları hərəkətə gətirərək Allaha yaxınlaşdırmaq üçün çalışır.

 

İnsanın səfərinin xalqdan Allaha tərəf olaraq orada qalmasını deməyimiz, bizim insanı tanımamağımızı göstərir. Həmçinin bu günkü materialist məktəblər kimi, insanın Allaha doğru hərəkət etmədən insanlara doğru getməli olduğunu demək tamamilə səhvdir və o, insanların qurtuluşu üçün heç bir iş görə bilməz. İlk növbədə özləri qurtuluş əldə etmiş şəxslər insanlara nicat verə biliblər. İnsanların nicat və qurtuluşu nə deməkdir? İnsanlar nədən nicat tapmalıdırlar? Təbiətin əsirliyindən? Yoxsa mənası insanın insandan azadlığı olan digər insanların əsirliklərindən qurtulmasımı? Bunların hamısı düzdür, amma bunlardan qabaq, insan özündən, pis işlərə əmr edən nəfsindən və özünün məhdud özüm çərçivəsindən qurtulmalıdır. İnsan məhdud özüm çərçivəsindən nicat tapmayınca təbiət və digər insanların əsirliklərindən qurtula bilməz.

  
DAXİLİ VƏ XARİCİ MEYLLƏRİN BİRGƏLİK ZƏRURİYYƏTİ 

Biz hələ ki, əsas bəhsimizin birinci mərhələsindəyik. Bu gün mübarək Ramazan ayının 21-ci və bu ayın son on günlüyünün birinci gecəsidir. Mübarək Ramazan ayının son on günlüyü çatanda həzrət Peyğəmbər (s) yataq yerinin yığışdırılaraq onun Şəvval ayına kimi salınmaması göstərişini verərdi. Belə ki, əziz islam Peyğəmbəri (s) bu ongünlüyün heç bir gecəsində yatmazdı. Bu gecələr ibadət, münacat və Allahla gizli razi-niyaz gecələridir. Bu məsələni keçən söhbətlərimizdəki mətləblə əlaqədar deyirəm ki, bəzən bir sıra dəyərlər digər dəyərləri aradan aparır.

 

İslam cəmiyyəti keçmişdə ibadətin dəyərliliyinə meyl göstərərək digər dəyərləri aradan aparmaq istəyirdi və mən indi digər ifratçı cərəyanın formalaşmasını hiss edirəm. Belə ki, bir qrup, islamın ictimai dəyərlərinə meyl göstərərək onun ilahi dəyərlərini yaddan çıxarmaq istəyirlər. Bu da digər bir azğınlıq və səhvdir. Bir ərəbin bir uzunqulağı var idi və onu minmək üçün o qədər arxaya çəkilir ki, uzunqulağa tərəf tullananda heyvanın o biri tərəfinə düşür və belə deyir: Yenə əvvəlki kimi oldu. Əgər islamın orta mövqeyindən çıxırıqsa, cəmiyyətdən uzaqlaşan abid və ya Allahdan uzaqlaşan ictimai şəxs olmağımız arasında heç bir fərq yoxdur. İslam məntiqində bunlar bir-birlərindən fərqlənirlər. Quranda bu barədə çoxlu ayələr vardır. Allah-taala Quranın Fəth surəsinin axırıncı ayəsində belə buyurur:

 

Məhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [möminlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər...

 

(Fəth-29).

 

Peyğəmbər (s)-in səhabələri və yetişdirdiyi şəxslər necədirlər? Onlar haqq və həqiqət düşmənləri müqabilində sərt, möhkəm və əyilməzdirlər, tunc divar kimi yerlərindən tərpənmirlər.

 

Şübhəsiz ki, Allah öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevir!

 

(Səff-4).

 

Bəli, onlar həqiqət düşmənlərinə qarşı çox sərtdirlər, amma öz aralarında mehriban, mərhəmətli və birlik simvoludurlar. Bu, Quran baxımından islam cəmiyyətinin ictimai xüsusiyyətlərindən biridir. Amma biz, neçə əsrlərdir ki, onu unutmuşuq. Quran Fəth surəsinin 29-cu ayəsinin davamında belə deyir: Sən onları [namaz vaxtı] rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir... Allah onların ictimai xüsusiyyətlərini bəyan etdikdən sonra tez onların ilahi dəyərlərini sadalayır. İctimai baxımdan həmin vəziyyətdə olan insanlar Allah müqabilində rüku və səcdə edirlər, ürəklərində Allahla danışırlar, öz Allahlarından tərəqqi və yüksəliş istəyirlər, olduqları vəziyyətə qane olmayıb gün-gündən irəliləmələrini istəyirlər, bütün pərəstişləri yalnız Allah rizasını əldə etmək üçündür, yəni Allaha ən ali şəkildə ibadət edirlər və çöhrələrində ibadət nişanəsi görünür. Ayənin davamında islami cəmiyyət üçün, həmin cəmiyyətin necə çiçəklənən və boy atan bir qurum olmasını açıqlamaq məqsədi ilə belə misal çəkir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxartmış, onu bəsləyib cana qüvvət gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur.

 

Quran digər bir yerdə bu iki xisləti birlikdə bəyan edib: [Onlar Allaha] tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar [və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerə gedənlər], rüku və səcdə edənlər [namaz qılanlar], yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlərdir. [Ya Məhəmməd!] Belə möminləri [Cənnətlə] müjdələ!

 

(Tövbə-112).

 

Ayədə onların ilahi cəhətlərini, yəni tövbə, ibadət, şükr-səna etmələri, oruc tutmaları, rüku və səcdə etmələrini sadaladıqdan sonra birbaşa, onların öz cəmiyyətlərini islah etmək məqsədi ilə yaxşı işlər görməyi əmr edib pis işləri yasaq etmələrini qeyd edir.

 

Digər bir ayədə isə belə buyurur: ...O bəndələr ki [müsibətlərə] səbr edən, [sözlərində və işlərində] doğru olan, Allaha itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı Allahdan bağışlanmaq diləyənlərdir [sübh namazına qalxanlardır].

 

(Ali-İmran-17).

 

Səbr kəlməsi Quranın hər yerində müqavimət, xüsusilə döyüş meydanında müqavimət göstərmək mənasında işlədilib. Bu ayədə də ictimai xislətlərin ardınca birbaşa, onların səhərlər Allahdan bağışlanmaq diləmələri, yəni abidlikləri zikr edilib. Deməli, islamda bu iki xislət bir-birindən ayrılmazdır. Bunlardan birinə qarşı etinasızlıq göstərmək digərinə etinasızlıq göstərmək deməkdir.

 

İmam Zaman (ə)-ın səhabələrinin sifətləri barəsində xüsusi bir ifadə var ki, mən onu bir hədisdə deyil, bir çox hədislərdə görmüşəm. Hədislərdə deyilir ki, onlar gecələr rahib, gündüzlər isə aslandırlar. Onları gecə görsən bir qrup rahibi gördüyünü düşünərsən, amma gündüz rastlaşsan, onların aslan olduğunu sanarsan.

  
İSLAM TARİXİNDƏN BİR NÜMUNƏ 

Peyğəmbərin səhabələri necə olublar? Kafi kitabında nəql edilmiş və Mövlananın nəzmə çəkdiyi məşhur hədis, doğrudan da çox maraqlıdır. Bu hədis həm şiə və həm də sünni mənbələrində nəql edilib. Hədisdə deyilir ki, Peyğəmbər (s) bir gün səhər tezdən dan yeri söküləndə Suffə sakinlərinin yanına getdi. Suffə sakinləri arasında gözü bir gəncə sataşdı. Peyğəmbər həmin gəncin qeyri-adi halda olduğunu müşahidə etdi. O, sağa-sola aşırdı, gözləri çuxura düşmüş və rəngi solmuşdu. Peyğəmbər (s) ona yaxınlaşaraq soruşdu: Səhəri necə açdın? Gənc dedi: Yəqinliyə çatmış halda səhərə çıxdım; yəni sənin dil ilə bizim qulağımıza dediyin şeyləri mən bəsirət gözümlə gördüm. Peyğəmbər (s) ondan söz almaq üçün belə buyurdu: Hər şeyin əlaməti var; sən ki, yəqin əhlindən olmağını iddia edirsən, yəqinliyə çatmağının əlaməti nədir? Gənc belə cavab verdi: Mənim yəqinliyimin əlaməti budur ki, o, məni gecələr yuxusuz, gündüzlər isə susuz saxlayır. Yəni, gecə yuxusuz qalmağım və gündüz oruc olmağım mənim yəqinliyə çatmağımın əlamətidir. Mənim yəqinim, gecə balışa baş qoymağa və gündüz yemək yeməyimə icazə vermir. Peyğəmbər (s) buyurdu: Bunlar bəs deyil, başqa şeylər de; səndən, bunlardan artıq əlamət istəyirəm. Gənc, peyğəmbərin cavabında belə dedi: Ey Allahın peyğəmbəri! İndi bu dünyadayam, amma sanki o dünyanı görürüm, oranın səslərini eşidirəm. Behiştdən behişt əhlinin, cəhənnəmdən isə cəhənnəm əhlinin səslərini eşidirəm. Ey Allahın peyğəmbəri, əgər icazə versən səhabələrinin bir-bir behiştlik və ya cəhənnəmlik olmalarını deyərəm. Peyğəmbər barmağını dodağına yaxınlaşdıraraq buyurdu: Sakit! Danışma!

 

Peyğəmbər sonra ona belə buyurdu: Gənc, arzun nədir? Nə arzulayırsan! Gənc belə dedi: Ey Allahın peyğəmbəri, Allah yolunda şəhid olmaq arzusundayam.

 

Bu günkü söhbətimin əvvəlində Bəqərə surəsinin 45-ci ayəsini oxumuşdum. Quran doğrudan da çox qəribə sözlər deyir: Səbr etmək və namaz qılmaqla kömək diləyin. Təfsir alimləri səbrdən məqsədin oruc olmasını və ya heç olmasa səbrin növlərindən birinin oruc olduğunu bildiriblər. Quran, möminlərə namaz və səbrdən kömək diləməyə əmr edib. Biz namazdan necə kömək diləyə bilərik? Allaha ibadətdən necə yardım ala bilərik? Allaha ibadətin özü yardım və köməkdir. Ümumiyyətlə hər bir yardımı buradan almaq olar. Əgər siz cəmiyyətdə həqiqi müsəlman və güclü mücahid olmaq istəyirsinizsə xalis, saf və əsil namaz qılan olmalısınız.

  
ÜZDƏNİRAQ ZİYALILIQ 

Bəziləri deyirlər ki, namaz qılmaq nə deməkdir, ibadət nədir? Bunlar qoca qarıların işidir, insan ictimai olmalıdır! Bu sözlər bir növ ziyalılıq, amma üzdəniraq ziyalılıqdır!

 

Bildiyiniz kimi, ikinci xəlifə azandan Həyyə əla xəyril əməl (əməllərin xeyirlisinə tələsin) sözlərinin çıxarılmasına əmr vermişdi. O, bu ifadəni azandan nə üçün çıxarıb? Onun özündən kəşf etdiyi ziyalılıq bu işi görməsinə səbəb olub. Cənab ömər bu işi ilə böyük bir səhvə yol verib. Onun xilafət dövrü islami fəthlərin qızğın çağına təsadüf edirdi. İslam döyüşçüləri dəstə-dəstə gərgin döyüşlərə gedir və az sayla özlərinin güclü düşmənlərini diz çökdürürdülər. Sayları 50-60 min nəfəri keçməyən müsəlmanlar, hər biri neçə yüz minlik qoşuna malik olan böyük İran və Rum imperatorluğu ilə döyüşüblər və hər iki cəbhədə düşmənə qalib gəliblər. Cihad bir daha öz dəyərini sübuta yetirir və islamın mücahid yetişdirməsinin mənası bəlli olurdu. Belə olan şəraitdə o, öz-özlüyündə belə düşünür: Azanda uca səslə Allahu əkbər Həyyə ələs-səlat və Həyyə ələl fəlah deyilməsinin heç bir eybi yoxdur, amma Həyyə əla xəyril əməl deyilməsi mücahidlərin ruhiyyəsinə xələl gətirər. Çünki mücahidlər öz-özlərində fikirləşərlər ki, əgər namaz əməllərin ən yaxşısıdırsa, biz döyüş meydanlarında cihad etmək əvəzinə Mədinə məscidində Peyğəmbər (s)-in qəbri yaxınlığında qalıb əməllərin ən yaxşısı olan namaz qılmaqla məşğul olarıq; Başqaları gedib döyüşsünlər, yaralanaraq ölsünlər, gözləri kor olsun, əl-ayaqları kəsilsin, qarınları deşilsin, biz burda öz evimizdə ailəmizin yanında qalıb dörd rəkət namaz qılarıq və əməl baxımından onlardan da üstün olarıq. Cənab ömər buna görə də belə dedi: Xeyir, bu pis nəticələr verə bilər. Bu ifadəni azandan çıxarmağımız məsləhətdir. Onun yerinə belə deyin: Əssəlatu xəyrun minən-novmi yəni, namaz yaxşı şeydir, amma yuxudan yaxşıdır; yatmaq əvəzinə gəlib məsciddə namaz qılsanız yaxşı olar. Amma o, həmin neçə min əsgərin neçə yüz minlik qoşunun qarşısında iki cəbhədə hansı qüdrətlə döyüşməsi və qalib gəlməsini fikirləşmirdi. Həmin fəth və zəfərlər nəyin sayəsində olurdu? Onlar silah gücünə qələbə qazanırdılar? Ərəblərin silahları iranlı və rumluların silahlarından çox idi? Xeyir, heç vaxt! İranlı və rumlular dövrün mütərəqqi və svilizasiyalı ölkələrindən idilər və ən ali silahlar onların ixtiyarında idi. Halbuki ərəblərin qılıncları İran və Rumda olan qılıncların müqabilində sınıq dəmirə bənzəyirdi. Bəlkə ərəblərin soy və nəsəbləri iran və rumluların nəsəblərindən güclü və qüvvətli olub? İslamdan qabaq Şahpurun ərəblərin başına nələr gətirdiyini eşitməmisiniz? Minlərlə ərəbi əsir götürən Şahpur deyildimi? Şahpur onların çiyinlərini qaraldaraq deşib zəncirləmədimi? Əgər ərəblər güclü idilərsə, bəs Şahpurun vaxtında həmin güc harada idi? Məgər yüz ildən sonra həmin İran, ərəbləri məğlub etmədimi? Bəs ərəblər İran və Rumla hansı qüvvə ilə döyüşür və onları məğlub edərək diz çökdürürdü? Onun gücü iman gücü idi; Həyyə əla xəyril əməldən aldığı, namazdan və Allahla raz-niyazdan əldə etdiyi güc idi. Quranın dili ilə desək o, gecə Allah dərgahında dayanıb münacat edəndə öz Allahından güc alırdı. Onu bu güc və qüvvə ruhlandırırdı, yəni İran və Rumu məğlub edən ərəbin silahı deyil, ruhiyyəsi idi. O, bu ruhiyyəni haradan alırdı? İmanından! Namaz imanı təmizləmək və yeniləşdirməkdir. O, bu ruhiyyəni Allahu Əkbərindən alırdı. Namazda bir neçə dəfə Allahu Əkbər deyəndə hamının cavabını verirdi; bunların hamısı yoxa çıxırdı. Qarşısında yüz minlərlə düşmən əsgərini görəndə La hövlə və la qüvvətə illa billahil əliyyil əzim (Uca və Əzəmətli Allahdan başqa heç bir güc və qüvvə yoxdur) deyir. Allah hər şeydən böyükdür və bütün qüdrətlər Onun əlindədir deyir. İnsan Allaha arxalanmalı, Ondan güc və qüvvə istəməlidir. Ona bu namaz güc verir. Əgər bu namaz olmasaydı həmin mücahid əsgər, mücahid olmazdı.

 

Əgər kimsə bunları səhv başa düşərək Mədinədə qalıb cihad etmək əvəzinə namaz qılmaq istəyirsə və məsələni düzgün dərk edə bilmirsə sən onu başa salıb səhvdən uzaqlaşdırmalısan. Məgər islam bütün hökm və göstərişlərin bir-biri ilə bağlı olduğunu söyləməyibmi? Cihad etməsi vacib olan şəxs cihada getməlidir və onun namaz qılmaq üçün Mədinə məscidində qalması haramdır. Namazın qəbul olmasının şərti cihad, cihadın qəbul şərti isə namazdır. Mücahidə lazım olan şərtlərin toplandığı şəxsin cihada getməsi vacibdir; ona cihadsız namazın batil olmasını başa salmaq lazımdır. Bu nəinki əməllərin xeyirlisi deyil, hətta pisidir və ümumiyyətlə namaz deyil. Ona islamın istədiyi namazı başa sal! Cihaddan qaçıb məscidi seçən şəxsin namazı islam namazı deyil; islam namazı əməllərin ən xeyirlisidir. Deməli Həyyə əla xəyril əməli namazdan götürmək və onun müsəlmanların cihad əvəzinə namaza üz tutmalarına səbəb olmasını fikirləşmək əvəzinə məsələləri düzgün dərk etməyənləri başa salmaq lazımdır! Onu başa salaraq səhv fikri zehnindən çıxarmaq lazımdır. Belə işlər görmək əvəzinə nə üçün azanda dəyişikliklər aparırsan?!

 

Buna görə də islam məntiqində, bu günkü dillə desək, islamın dəyərlər quruluşunda, ibadət dəyərlərin ən başlıcasıdır, amma bütün şərtləri riayət edilən islami ibadət! Quran nişanə və təsirlərin aşkar olan namazın düzgün namaz olduğunu bildirib. Namaz öz təsirini necə göstərməlidir? Quran bu barədə belə buyurur: ...Həqiqətən, namaz [insanı] çirkin və pis işlərdən çəkindirir...

 

(Ənkəbut-45).

 

Bəli düzgün namazın xüsusiyyəti budur ki, o, insanı pis və çirkin işlərdən çəkindirir. Əgər namaz qılır və eyni zamanda günah edirsənsə, namazının namaz olmadığını bil, namazını düzəlt! Namazın düzgün namaz olsa o, səni bütün dəyərlərə çatdıracaqdır.

 

Bütün dərs və ibrətləri Əli (ə)-dan almalıyıq. O, bütün islami dəyərləri bir yerdə cəm etmiş toplumdur. Nəhcül-bəlağə Əli (ə)-ın sözləri toplanmış kitabın adıdır. Bu elə bir kitabdır ki, adam onun harasına baxırsa, yeni bir məntiqlə rastlaşır, yəni bundan əvvəl danışan şəxsin deyil, başqa bir insanın danışdığını güman edirsən. O, Nəhcül-bəlağənin hər yerində əvvəlkindən fərqli, yeni bir şəxsiyyət, yəni bütün insani dəyərlərə malik olan bir şəxsiyyətdir. O, bir yerdə ancaq qəhrəmanlıq məntiqinə əsaslanır. Sanki uşaqlıq dövründən sonra hərbiçilik məktəbindən təhsil alıb və hərbi rütbələri keçərək bir komandan olub və hərbi komandanlıq məsələlərindən başqa heç nə bilmir; yalnız hərbi qəhrəmanlıqla dolu bir ruha malikdir. Başqa bir yerdə isə həmin Əlini aşiqcəsinə olan münacatdan başqa heç nəyə diqqət etməyən arif kimi görürük.

  
ƏLİ MÜRÜVVƏTİ 

Bu gün Ramazan ayının 21-ci gecəsidir. İslamın məntiqi ilə tanış olmağımız üçün Nəhcül-bəlağədən bu iki məsələyə aid iki qısa ibarə oxuyuram. Müaviyə və Əli (ə)-ın qoşunları Fərat kənarında bir-birləri ilə üzləşirlər. Müaviyə göstəriş verir ki, onun döyüşçüləri tez, Əli (ə) və onun qoşunu çatmamış suyu onların üzünə bağlasınlar. Bu göstəriş Müaviyənin ətrafındakıları çox sevindirir. öz-özlərində fikirləşirlər ki, yaxşı vasitədən istifadə etdik, çünki Əlinin qoşunu çatanda su əldə edə bilməyəcək və nəticədə qaçmaq məcburiyyəti qarşısında qalacaqdır.

 

Əli (ə) məsələdən xəbərdar olanda belə buyurur: Əvvəlcə müzakirə aparaq, bəlkə məsələni bu yolla həll edə bildik. (Necə deyərlər əl ilə açıla bilən düyünü dişlə açmayaq.)

 

Elə bir iş görək ki, iki müsəlman dəstəsi arasında döyüş baş verməsin və qan tökülməsinin qarşısı alınsın. Sonra Müaviyəyə xitab edərək belə deyir: Sən biz çatmamış belə işə əl atmısan! Müaviyə döyüş şurası yaradaraq məsələni öz əsgər və sərkərdələri ilə müzakirə edərək belə deyir: Siz nə məsləhət görürsünüz? Onları su içməyə azad qoyaq ya yox? Bəziləri suyun azad buraxılmasına, bəziləri isə bunun əksini bildirdilər. Əmr As dedi: Azad qoyun, çünki azad qoymasanız zor gücünə suyu sizdən alacaqlar və sizin abrınız gedəcək. Axır ki, Əli (ə)-ın qoşununu azad su içməyə buraxmadılar və onu müharibəyə girişmək məcburiyyəti qarşısında qoydular. Belə bir vəziyyətdə Əli (ə) öz qoşunu qarşısında təsiri minlərlə təbil, şeypur, hərbi nəğmə və marşdan yüksək olan belə bir xütbə oxudu: Müaviyə bir qrup azğını ətrafına toplayıb və onlar suyu sizin üzünüzə bağlayıblar; bilirsiniz nə ediblər? Suyu sizin üzünüzə bağlayıblar. Ey mənim səhabələrim! Teşnəsiniz? Su istəyirsiniz? Mənim yanıma suyunuz olmadığı üçün gəlibsiniz? Camaat! Nə etməli olduğunuzu bilirsiniz? Əvvəlcə gərək qılınclarınızı bu rəzil qanlarla suvarasınız, sonra özünüz sudan içib doyasınız. Sonra elə bir cümlə dedi ki, hamını həyacanlandırdı. O, həyat və ölümün qəhrəmanlıq və hərbi baxımdan olan tərifini belə dedi: Ey camaat! Həyat nədir? Yaşamaq nə deməkdir? ölüm nədir? Həyat torpaq üstündə yerimək, yemək və yatmaqdan ibarətdirmi? Xeyir, nə o həyatdır və nə də bu ölüm! Həyat odur ki, öləsiniz, amma qalib gələsiniz, ölüm odur ki, sağ olasınız, amma başqalarının hökmü altında qalasınız! Bu cümlə nə qədər gözəl və igidliyin ali dərəcəsindədir!? İndi Əli (ə)-ın qoşununun qarşısını güclə almaq olarmı? İki dəfəyə hücuma keçdilər, Müaviyə və onun qoşununu sudan neçə kilometr uzağa qovdular. Su Əli (ə)-ın qoşununun ixtiyarına keçdi. Onlar suyun qabağını kəsdilər və Müaviyə susuz qaldı. Müaviyə xahiş üçün adam göndərdi. Əli (ə)-ın səhabələri dedilər ki, bizim sizə su verməyimiz qeyri-mümkündür, çünki bu işi əvvəlcə biz yox, siz etdiniz və indi biz sizə su verməyəcəyik. Amma Əli (ə) belə buyurdu: Mən belə iş görməyəcəyəm; bu namərdlikdir; mən düşmənlə döyüş meydanında üzləşəcəyəm; bu cür təzyiqlər yolu ilə qələbə qazanmaq istəmirəm; bu cür yollarla qələbə qazanmaq nə mənim və nə də heç bir şərəfli müsəlmanın şəninə yaraşmaz.

 

Bu işin adı nədir? Buna mürüvvət və mərdlik deyirlər. Mürüvvət şücaətdən də üstündür. Mövlana, Əli (ə)-ın mədhində deyilmiş ən gözəl şerlərdən birində necə də gözəl söz deyib. O, Əli (ə)-a xitab edərək belə deyir:

 

 

Dər şücaət şire rəbbanisti

 

Dər mürüvvət xod ki danəd kisti

 

 

Mənası:

 

Şücaətdə Allahın şirisən, amma mürüvvətdə kim olduğunu yalnız özün bilirsən.

 

Mövlananın məqsədi budur ki, sənin mürüvvətdə kim olduğunu heç kəs vəsf edə bilməz.

 

Biz Əli (ə)-ı burada məxsus bir mövqe, səhnə və vəziyyətdə görürük.

  
ƏLİ (Ə)-IN MÜNACATI 

Bir dəfə də Əli (ə)-ı camaatın işlərini qurtardıqdan sonra təklikdə olanda təsəvvür edin. Belə hallarda onun bir özü, bir də Allahı olur; təklikdə Allahı ilə aşiqanə surətdə razi-niyaz edir və ibadət dünyasında qərq olur. Xoşbəxtlikdən Nəhcül-bəlağədə bu barədə də söhbətlər vardır. Əli (ə) bu barədə belə deyir: İlahi! Sən övliyaların üçün bütün həmdəmlərindən ən yaxınısan. Yəni mən heç bir həmdəmlə Sənin kimi ünsiyyətdə olmuram, mənim həmdəmim Sənsən, yalnız Səninlə olanda kimsəsiz olduğumu hiss etmirəm. Əli (ə) söhbətinin davamında belə buyurur: Sənə təvəkkül edənlər, Sənin hər yerdə olduğunu görürlər, çünki Sən təvəkkül edənlərin harayına çatırsan. İlahi! Dost və aşiqlərini batini sirrlərində görürsən və onların batinlərindən xəbərdarsan, onların bəsirətlərinin necə olmasını bilirsən, onların sirləri Sənə əyandır və ürəkləri Sənə doğru uçmaqdadır.

 

Cümə axşamları Əli (ə)-ın duası olan Kumeyl duasını oxuyun. Bu dua məzmun baxımından irfanın ən yüksək zirvələrindədir. Belə ki, siz o duanı əvvəldən axıra kimi oxusanız, onda nə dünya və nə də axirət, yəni behişt və cəhənnəmə rast gəlməzsiniz. Kumeyl duasında dünya və axirətdən üstün şeylər Allah, müqəddəs ilahi zata vurğun və valeh olan pərəstişkar bəndənin Haqq ilə səmimi əlaqəsi, yəni ibadətin həqiqəti vardır. Onun özü də həqiqi ibadəti məhz bu cür izah edir. Siz Əli (ə)-ın öz Allahı ilə necə razi-niyaz etdiyinə, necə münacatlar etdiyinə nəzər salın. Həmçinin imam Zeynəlabidin (ə)-ın Ramazan ayında səhər çağları Əbu Həmzə duasında öz Allahı ilə necə razi-niyaz və münacat etdiyinə diqqət edin. Bu, bizim müsəlmançılığımızın ilk addımıdır. Müsəlmançılığın ilk addımı budur ki, öz Allahımıza yaxınlaşaq. Biz Allahımıza yaxınlaşdıqdan sonra digər vəzifələrimiz, o cümlədən ictimai məsuliyyət və vəzifələrimizi yaxşı və düzgün yerinə yetirə bilərik. Biz dinin birtərəfli meyllər xəstəliyinə düçar olmaması üçün müsəlmanların həmişə giriftar olduqları bu xəstəliyi kənara qoymalıyıq. İbadətin dəyərini heç vaxt azaltmamalıyıq.

 

İmam Sadiq (ə) ömrünün son anlarında bütün yaxın qohumlarını çağırtdırdı. Sonra gözünü axırıncı dəfə açaraq bir cümlə dedi və dünyadan köçdü. Həmin cümlə bu idi: Bizim şəfaətimiz namazı yüngül sayan şəxslərə nəsib olmayacaqdır!

  
ƏLİ (Ə) ÖLÜMÜNÜN SON SAATLARINDA 

Əli (ə)-ın həyatının ən heyrətamiz mərhələsi təqribən qırx beş saat olub. Ümumiyyətlə o həzrətin həyatı bir neçə mərhələdən ibarətdir:

 

Təvəllüdündən Peyğəməbrin nübüvvət məqamına çatmasına kimi olan mərhələ;

 

Peyğəmbərin nübüvvətə çatmasından hicrətə kimi olan dövr;

 

Hicrətdən həzrət Məhəmmədin (s) vəfatına kimi olan dövr; Əli (ə)-ın həyatının üçüncü mərhələsi olan bu dövr özünəməxsus xüsusiyyətə malik olub.

 

Peyğəmbərin (s) vəfatından xilafətə qədər olan 25 illik iztirablı həyat;

 

Əli (ə)-ın həyatının digər bir mərhələsi də vardır ki, təqribən iki gün davam etmişdir. Bu, o həzrətin zərbətlənməsindən vəfatına kimi olan müddəti əhatə edir. Onun kamil insan olması burada, yəni ölümlə üzləşdiyi anda aşkar olur. Əli (ə) ölümlə üzləşərkən göstərdiyi ilk əksül-əməl nədən ibarət olub?

 

Qılınc, o həzrətin mübarək başına dəyəndə ondan iki cümlə eşidilib. Həmin cümlələrin biri bu şəxsi tutun, ikincisi isə Kəbənin Rəbbinə and olsun ki, muradıma nail oldum yəni şəhadətə çatdım, şəhadət mənim üçün böyük səadət və uğurdur sözləri olub.

 

Əli (ə)-ı gətirib yatağında uzatdılar. Onun yarasını müalicə etmək üçün Kufədə yaşayan adlı-sanlı təbib Əsir ibni Əmri gətirdilər. Təbib dövrün mövcud müalicə və müayinə üsulları ilə o həzrəti yoxladı və qılıncın zəhərlə suvarıldığını və onun qana keçdiyini başa düşdü. Buna görə də bu dərdin əlacsız olduğunu bildirdi.

 

Adətən əlacsız xəstənin dərdinin düzəlməyəcəyini onun özünə deyil, yaxın adamlarına deyirlər. Amma o bilirdi ki, Əli (ə)-ın vəziyyətini ilk növbədə onun özünə demək lazımdır. Buna görə də belə dedi: Ey Əmirəl-möminin, vəsiyyətin varsa buyur!

 

Ummu Kulsum əzəli və əbədi lənət sahibi olan İbni Mülcəmi görəndə ona belə deyir: Mənim atam sənə nə etmişdi? Mən atamın sağalacağına, üzüqaralığın isə sənə qalacağına ümid bəsləyirəm. Ummu Kulsum bu sözləri deyəndə İbni Mülcəm danışmağa başlayaraq belə dedi: Arxayın ola bilərsən; mən həmin qılıncı min dirhəmə almışam; min dirhəm da vermişəm ki, onu zəhərlə suvarsınlar; mən o qılınca o qədər zəhər yedirtmişəm ki, əgər Kufə əhalsininin başına birdən dəysəydi, hamısını bir yerdə öldürərdi. Atanın sağ qalmayacağından tam arxayın ola bilərsən.

 

Əli (ə)-ın heyranediciliyi və insani xariquladəliyi özünü burada göstərir. Vəsiyyətlərindən biri də əsirinizlə xoş davranın sözləri olur. Sonra isə belə deyir: Ey Əbdülmüttəlib övladları! Mən dünyadan köçdükdən sonra camaatın arasına düşüb, Əmirəl-möminin şəhid oldu, filankəs qatili təhrik etdi, filankəsin bu işdə əli var deyib onu-bunu günahlandırmayın. Sizin bu söhbətlərin dalınca getməyinizi istəmirəm. Mənim qatilim bir nəfərdir.

 

İmam Həsən (ə)-a belə buyurdu: Oğlum Həsən! Məndən sonra onun ixtiyarı sənin əlindədir, azad etmək istəsən azad edərsən, qisas almaq isətəsən isə, yadında qalsın ki, o sənin atana bir zərbə vurub. Ona bir zərbə vurarsan, ölsə ölüb, ölməsə də ölməyib.

 

Sonra yenə öz qatilinin vəziyyəti ilə maraqlanıb, ona yemək və su verilməsini soruşur; ona baxılıb-baxılmaması ilə maraqlanır. O həzrətə süd gətirirlər. O süddən bir az içib kasanı ətrafındakılara verərək belə deyir: Qalanını həmin adama verin ki, ac qalmasın.

 

Düşməni ilə bu cür rəftarları, Mövlananın ona şücaətdə Allahın şirisən, mürüvvətdə kim olmağını isə özün bilirsən deməsinə səbəb olur.

 

Bunlar Əli (ə)-ın mərdliyi və insanlığıdır. O, ölüm yatağına düşüb və halı getdikcə pisləşir; zəhər müqəddəs bədəninə daha çox təsir edir. Səhabələri narahat olur, ağlayır və nalə çəkirlər. Amma Əli (ə)-ın dodaqlarının təbəssümlə dolu olduğunu görürlər. Əli (ə) həmin vəziyyətdə belə buyurur:

 

Allaha and olsun ki, başıma gələn mənim bəyənmədiyim şey deyil, xeyir! Allah yolunda şəhid olmaq həmişə mənim arzum olub; mənə ibadət halında şəhid olmaqdan daha yaxşı nə ola bilər. Sonra ərəblər arasında çox məşhur olan bir misalı çəkir. Ərəblər səhralarda köçəri həyat sürdükləri üçün su və ot olan yerlərdə otraq salardılar. Həmin yerin su və otu qurtarmayınca ordan köçməzdilər. Su və ot qurtardıqdan sonra isə başqa yerdə su və ot tapıb ora köçərdilər. Gündüzlər hava çox isti olduğu üçün onlar bəzən su olan yer tapmaq üçün gecələr axtarışa çıxardılar. Gecə su dalınca gedən şəxsə qarib deyirdilər. İndi Əli (ə) camaatı başa salmaq üçün belə deyir: Ey camaat! Gecə vaxtı su axtaran və birdən su tapan adam necə sevinər? Mən zülmətli bir gecədə su tapan və öz məşuquna çatan aşiq kimiyəm.

 

 

Duş vəqte səhər əz qosse necatəm dadənd

 

Vandər an nimeye şəb abe həyatəm dadənd

 

Çe mübarək səhəri budo çe fərxonde şəbi

 

On şəbe qədre ke in tazə bəratəm dadənd

 

 

Bu beyt Kəbənin Rəbbinə and olsun ki, muradıma nail oldum cümləsinin mənasını tərənnüm etdirir. Məni qüssədən qurtardılar həmin mənadadır. Həzrət Əli (ə)-ın ən təlatümlü və hərarətli sözləri həmin 45 saatda deyilib. O, Ramazanın 19-cu günü, dan yerinin sökülməsinin ilkin vaxtlarında zərbətləndi və 21-ci gecəsi, gecə yarı müqəddəs ruhu asimana pərvaz etdi.

 

Əli (ə)-ın ömrünün son anlarında hamı onun yatağı ətrafında toplaşmaşdı. Zəhər mübarək bədəninə çox təsir etmişdi və buna görə də, bəzən özündən gedir, bihuş olurdu. Amma huşa gələn kimi yenə də dilindən dürr, hikmət, nəsihət və moizə tökülürdü. Onun son bəyanı iyirmi maddədə bəyan etdiyi hərarətli və şövqlü moizə idi. O, həmin moizədə əvvəl Həsən və Hüseynə, sonra isə digər ailə üzvlərinə xitab edib. Həsənim, Hüseynim! Ey bütün övladlarım və qiyamətə kimi sözüm onlara çatacaq insanlar, sizinləyəm! (Yəni Əli (ə) bizə və sizə də xitab edib). O, bu kəlmələrdə islamın hərtərəfliliyini bəyan edib. Sizə yetimləri, bir daha yetimləri tapşırıram! Sizə Allahın kitabını, Quranı tapşırıram! Sizə qonşularınızı, bir daha qonşularınızı tövsiyə edirəm! Rəbbinizin evi barəsində Allahdan, Allahdan qorxun, namazınız....

 

Fikrində olan mətləbləri dedikdən sonra gözlər Əlinin dodaqlarına dikilir, onun halının dəyişdiyi və müqəddəs alnının tərlədiyi müşahidə olunur. Əlinin gözləri ətrafındakılardan üzüldü. Göz və qulaqlar bir daha nə demək istədiyini bilmək üçün o həzrətin dodaqlarına dikilmişdi. Bir də gördülər ki, Əli (ə)-ın Əşhədu ənla ilahə illəllah və Əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu səsi ucaldı.

 

La hovlə vəla qüvvəta illa billahil əliyyil əzim!

  
BEŞİNCİ FƏSİL   
MÜXTƏLİF MƏKTƏBLƏRİN KAMİL İNSAN BARƏSİNDƏKİ NƏZƏRİYYƏLƏRİNİN XÜLASƏSİ  

Bəşəriyyət üçün məktəb gətirmiş hər bir şəxs, kamil insan və ya insanın kamalı barəsində nəzəriyyələr irəli sürüb. Əxlaq adlandırılan həmin şeydə deyilir ki, insan müəyyən xislətlərə malik olsa, insanlığın ali dərəcəsinə çatacaqdır və bu, kamil, ali və yüksək insan barəsində digər bir ifadə və yozumdur. Burada deyilir ki, əxlaq elm deyil fəndir, yəni olan şeylər deyil, olmalı şeylərə, insanın əldə etməli olduğu və ya əldə etməsi yaxşı olan xislətlər toplumuna aiddir.

  
ƏQL MƏKTƏBİ 

Müxtəlif məktəb sahiblərinin kamil insan barəsindəki nəzəriyyələri ümumi baxışda bir neçə əsas nəzəriyyədə cəmləşir. Həmin nəzəriyyələrdən biri ağıl tərəfdarları və ya əql əhlinin nəzəriyyəsidir. Bu nəzəriyyə tərəfdarları insana daha çox əql cəhətindən baxır və onun cövhərinin başqa şey deyil, yalnız əql olmasını bildirirlər. Əqldən məqsəd isə təfəkkür və düşüncə qüvvəsidir. Qədim filosoflar, o cümlədən İbni Sina da bu cür fikirləşib. Onlar iddia ediblər ki, kamil insan hikmət və fəlsəfəyə yiyələnmiş insandır və insanın kamalı onun hikmətindədir.

 

Həmin filosoflar hikmət dedikdə nəyi nəzərdə tuturlar? Görəsən onların hikmətdən məqsədləri bizim bu gün elm adlandırdığımız şeydirmi? Xeyir! Onların hikmətdən əlbəttə əməli yox, nəzəri hikmətdən məqsədi bütün varlığın düzgün ümumi dərkidir. Bu, elmdən fərqli bir şeydir. Çünki elm varlığın bir hissəsinin dərkidir. Fələsfə ilə elmin fərqinin aydınlaşması üçün bu mətləbi bir az izah etmək lazımdır.

 

Məsələn, siz Tehran şəhəri barəsində iki cür məlumat əldə edə bilərsiniz. Siz bir dəfə ümumi, amma qapalı və qeyri-müəyyən, bir dəfə isə xırdalıqları ilə və eyni zamanda aydın olan məlumat əldə edə bilərsiniz. Bəzən, sizin Tehran barəsindəki məlumatınız bu şəhər arxitektorunun məlumatı kimi olur. Belə ki, həmin arxitektordan Tehranın ümumi planını çəkmək və kağız üzərində bütün prospekt, meydan, park və küçələri ümumi şəkildə göstərməyini istəsəniz, o, bu şəhərin btün yerləri barəsində sizə ümumi, amma qapalı məlumat verə bilər. Tehranın hər yeri barəsində məlumat verilməsinə baxmayaraq, siz həmin xəritədə öz evinizi tapmaq istəsəniz buna nail ola bilməyəcəksiniz. Hətta həmin arxitektor özü də bundan xəbərsizdir.

 

Amma ola bilər ki, bir nəfər Tehranın ərazisinin neçə kv. km., neçə prospekt və meydana malik olması, müəyyən obyektlərin harada yerləşməsi və bu şəhərdə nələrin olmasından xəbərsiz olmasına baxmayaraq, müəyyən məhəllə barəsində bütün təfərrüatlara malik olsun. Əgər siz ondan xüsusi bir yer barəsində soruşsanız o, həmin məhəllədə neçə küçə olmasını, bu küçələrin bir-birləri ilə necə kəsişdiklərini, hər küçədə neçə ev olmasını və hətta evlərin qapılarının rənglərinin hansının ağ, hansının yaşıl və hansının göy olmasını deyə bilər.

 

Məlumatı yalnız şəhərin ümumi quruluşu barəsində olan şəxsdən bu küçə barəsində bir şey soruşsanız, onun ən sadə məlumata belə malik olmadığını görərsiniz. Məlumatı yalnız bir küçə və məhəllə barəsində olan şəxsdən də Tehranın ümumi quruluşu barəsində söz soruşsanız heç nə bilməz. Filosof varlığı ümumi şəkildə araşdıran, onun əvvəl və axırını tapmağa çalışan, mərtəbə və dərəcələrini, ümumi qanunlarını dərk etmək istəyən şəxsə deyilir. Amma həmin filosof filan bitki, heyvan, daş, torpaq, ay, ulduz, günəş və bu kimi varlıqlar barəsində dəqiqliklə heç bir məlumata malik deyildir. Filosofun fikrincə hikmət, başdan-başa bütün varlıqlardan və aləmin ümumi gövdəsindən məlumat əldə etmək deməkdir, yəni bütün varlıqlar və aləmin ümumi gövdəsi hikmət sahibinin zehnində əks olunmalıdır. Bütün varlıq aləmi qaranlıq da olsa, onun əqlində canlanmalıdır. Bunlar deyirlər ki, insan ruhunun kamilliyi, aləmin ümumi gövdəsinin müəyyən cüzi formada deyil, tam şəkildə onun zehnində əks olunması ilədir. Onlar bu fikri insanın xarici aləmə bənzər zehni və əqlani dünyaya çevrilməsi ifadəsi ilə bəyan ediblər. Yəni insanın özü bu dünya müqabilində digər bir dünya olmalıdır. Dünya, xarici bir aləm, insan isə zehni və əqli bir aləm olmalıdır.

 

Filosofların fikrincə, kamil insan ağılı kamala çatmış, yəni varlığın ümumi gövdəsi zehnində canlanmış insandır. Amma o, bu mərhələyə hansı vasitə ilə çatıb? O, fikir, deduksiya, bürhan və məntiq addımları ilə hərəkət edərək bu mərhələyə çatıb.

 

Amma, filosoflar yalnız bununla kifayətlənməyib, hikməti iki qismə bölürlər. Bunlardan biri nəzəri hikmət, yəni dünyanı dediyimiz kimi tanımaq, digəri isə əməli hikmətdir. Əməli hikmət nədir? Əməli hikmət də əql ilə bağlıdır. İnsan əqlinin bütün nəfsani istəklər və qüvvələrə tam hökmranlıq etməsinə və əqlin, bütün bunları tam surətdə özünə tabe etdirməsinə əməli hikmət deyilir. Filosoflar deyirlər ki, siz nəzəri hikmətdə dünyanı dediyimiz kimi fikir və deduksiya ilə dərk etsəniz və əməli hikmətdə əqlinizi nəfsi istəklərinizə hakim etsəniz, yəni bütün qüvvələr və nəfs əqlə tabe olsalar, siz kamil insansınız. Bu, əvvəlcə dediyimiz kimi əql və hikmət məktəbinin nəzərləridir. Gələn söhbətlərimizdə islamın bu nəzərlərin hər biri barəsindəki fikirlərini geniş açıqlayacağam. İndi isə digər məktəblərin fikirlərini açıqlayıram.

  
EŞQ MƏKTƏBİ 

Kamil insan barəsində söz açmış digər bir məktəb isə eşq məktəbidir. İrfan məktəbi olan bu eşq məktəbi insanın kamilliyini eşqdə, yəni Allahın zatına olan məhəbbətdə və eşqin insanı yetirdiyi şeydə görür. Bu məktəb əql məktəbinin əks qütbündə dayanır. Əql məktəbi hərəkət deyil, fikir məktəbi idi. Filosof hərəkətdən söz açmır. Onun fikrincə bütün hərəkətlər zehni hərəkətdir. Bu hərəkət özü də üfüqi deyil, vertikal və şaquli hərəkət məktəbidir. Kamala çatmaq istəyən insanın hərəkəti əvvəlcə vertikal və şaquli, yəni Allaha doğru hərəkət və uçuş olmalıdır.

 

Bunların fikrincə əsl söz fikir, əql, deduksya və s. deyil, insan ruhunun sözüdür. Bu əqidə sahiblərinin nəzərlərinə əsasən, insanın ruhu doğrudan da mənəvi hərəkətlə Allaha çatana kimi irəliləyir. Amma ariflər bu məsələyə çatanda səs-küy qoparırlar ki, insan Allaha çatır sözləri nə deməkdir? Amma onlar sözlərini öz yerində çox yaxşı deyiblər. Ümumiyyətlə eşq məktəbi əql məktəbini təhqir edir.

 

Bizim ədəbiyyatımızın çox gözəl və ali bölmələrindən biri də əql və eşqin mübahisəsi bölməsidir. Bu bəhsə daxil olanların əksəriyyəti irfan əhli olduqları üçün həmişə eşqi əqlə qalib ediblər. Eşq məktəbi, insanın kamala çatması üçün əqli qənaətbəxş və yetərli saymır. Bunlar deyirlər ki, əql, insan zatının hamısı deyil, onun vücudunun bir hissəsidir. Əql də göz kimi vasitələrdən biridir. İnsanın zatı və cövhəri əql deyil, ruhdur və ruh eşq aləmindəndir. Ruh elə bir cövhərdir ki, onda haqqa doğru hərəkətdən başqa bir şey yoxdur. Buna görə də bu məktəbdə əql təhqir edilir.

 

Hafiz bəzən çox maraqlı ifadələrlə bu məsələyə toxunub:

 

 

Bəhaye badeyi çun ləl çist cohəre əql

 

Biya ke sud kəsi bord kayine ticarət kərd

 

 

Ariflər həmişə xüsusi mənada işlətdikləri məstliyi əqldən üstün tuturlar. Onların özünəməxsus sözləri vardır və tohidi bir başqa mənada düşünürlər. Ariflərin tohidi vəhdəti vücuddur (pantsizmdir). Bu elə bir tohiddir ki, insan ona çatdıqda hər şey söz halına düşür. Kamil insan bu məktəbin nəzərdə tutduğu sonda ilahiləşir. Ümumiyyətlə əsl kamil insan Allahın özüdür və kamil olan hər bir insan puça çıxaraq Allaha çatır. Bu məktəb barəsində də öz yerində söhbət edəcəyik.

  
QÜDRƏT MƏKTƏBİ 

Kamil insan barəsində söz açan məktəblərdən biri də əql və eşqə deyil, yalnız qüdrətə əsaslanan məktəbdir. Bu məktəbin fikrincə kamil insan qüdrətli insandır və kamal, qüdrətin hansı mənada nəzərdə tutulmasından asılı olmayaraq güc və qüvvətdir.

 

Qədim Yunanıstanda sufistlər adlandırılan bir qrup olub. Onlar tam aşkar şəkildə deyirlərmiş ki, haqq gücdən ibarətdir. Onlar həmçinin iddia edirmişlər ki, harada güc varsa haqq da var və harada qüdrət varsa haqq həmin qüdrətdir və zəiflik haqsızlıq və haqqa malik olmaqla bərabərdir. Ümumiyyətlə onlar üçün ədalət və zülmün heç bir mənası olmayıb. Buna görə də haqqa zor haqqı, yəni gücdən yaranan haqq deyiblər. Yəni hər bir haqq güc və zordan yaranır. Bunların fikrincə insanın bütün səy və cəhdi yalnız güc, zor, qüvvət və qüdrət əldə etmək istiqamətində olmalıdır və o, öz güc və qüdrətini heç bir şeylə məhdudlaşdırmamalıdır.

 

Məşur alman filosofu Niçe son bir-iki əsrdə bu məktəbi dirildərək davam etdirib və həmin nəzəriyyələri tam aydınlaqla bəyan edib. Bunların fikrincə düzgünlük yaxşıdır, doğruluq yaxşıdır, əmanətə xəyanət etməmək yaxşıdır, xeyirxahlıq yaxşıdır və yaxşılıq etmək yaxşı işdir kimi sözlərin hamısı boş şeylərdir. Deyirlər ki, acizlərin əlindən tutmaq lazımdır fikri nə deməkdir? Onun əlindən tutmaq yox, başına bir təpik vurmaq lazımdır. Onun zəif olmasından böyük günahı yoxdur. Əgər zəifdirsə, sən də başına bir daş vur. Karl Marks deyib ki, dini, güclülər zəifləri öz əllərində saxlamaq üçün ixtira ediblər. Niçe isə onun əksinə olaraq deyib ki, dini zəiflər güclülərin qüdrətlərini məhdudlaşdırmaq üçün ixtira ediblər. Onun fikrincə dinin bəşəriyyətə olan xəyanəti güzəşt, rəhm, mürüvvət, insanlıq, bağışlamaq, yaxşılıq, ədalət və bu kimi kəlmələri insanlar arasında yaymasıdır ki, güclülər sonralar həmin kəlmələrə aldanaraq ədalət, səxavətlilik, mürüvvət, insanlıq və başqa şeylər naminə güclərini bir az məhdudlaşdırmaq məcburiyyəti qarşısında qalıblar.

 

Niçe deyir ki, dinlərin ehtiras və nəfsi istəklərlə mübarizə fikri nə deməkdir? Onlarla nəinki mübarizə aparmaq lazım deyil, bəlkə onları daha da gücləndirmək və yetişdirmək lazımdır. Həmçinin, dinlərin dedikləri bərabərlik fikri də çərənçilikdir. Bərabərlik nədir? Həmişə bir qrup güclü və istismarçı olmalı, digər bir qrup isə onların əli altında işləməlidir. Əl altında olanların canları çıxmalıdır və başları üstündə olanlar üçün işləməlidirlər ki, onlar inkişaf edərək böyüsünlər və aralarından üstün bir şəxs çıxsın. Dinlərin kişi ilə qadın bərabərdir şüarı da boş və mənasızdır. Kişi üstün və güclü bir cinsdir və qadın ona xidmət etmək üçün yaranıb və onun yaranmasının bundan başqa digər bir hədəfi yoxdur. Kişi ilə qadının bərabərliyi fikri səhv bir fikirdir.

 

Bu məktəb qüdrətli və güclü insanı kamil insan hesab edir və kamalın qüdrət və gücdən ibarət olduğunu bildirir.

  
HƏYAT ÖLÜM-DİRİM MÜBARİZƏSİDİRMİ?  

Bizim aramızda da bilmədən və özümüzdən asılı olmayaraq həmin sözlərdən yayılıb. Məsələn, həyat ölüm-dirim mübarizəsidir kimi bəzi ifadələr işlədirik. Amma əslində bu belə deyil. Bəli, həyat ölüm-dirim mübarizəsi deyil, özünü müdafiə xarakteri daşıyan ölüm-dirim mübarizəsi haqq bir işdir.

 

Hətta Fərid Vəcdi kimi bəzi müsəlman alimlər deyiblər ki, insanlar arasında döyüş və mübarizənin mövcudluğu zəruridir. Nə qədər ki, insan var, müharibə də olmalıdır. Müharibə bəşər həyatının toxunulmaz bir hissəsidir. Bunların fikrincə Quran da bu mətləbi təsdiq edir. Onlar bu iddialarında Quranın aşağıdakı ayəsinə istinad edirlər.

 

...Əgər Allah insanların bir qismini digər qismi ilə [müşrikləri möminlərlə] dəf etməsəydi, sözsüz ki, soməələr [rahiblərin yaşadığı monastırlar], kilsələr, yəhudi məbədləri və içərisində Allahın adı çox zikr olunan məscidlər uçulub dağılmışdı...

 

(Həcc-40).

 

...Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı...

 

(Bəqərə-251).

 

Deyirlər ki, Quran bu ayələrdə müharibənin qanun və şəriətə uyğun bir şey olduğunu bəyan edib.

 

Amma demək lazımdır ki, həmin qrup şəxslər bu ayəni səhv başa düşüblər. Quranın bu ayəsi müdafiə məsələsini irəli sürür və xristianlığın əksinə olan bir fikir açıqlayır. Bu ilahi kitab müharibə mütləq şəkildə məhkumdur və biz tam sülh istəyirik deyən keşişin cavabında deyir ki, bəli, müharibə məhkumdur, amma haqq və həqiqətin müdafiəsi xatirinə olan müharibə deyil, təcavüzkarlıq xarakteri daşıyan müharibə pisdir! Cənab keşiş! Əgər müdafiə xarakterli müharibə olmasaydı, nə sən kilsəyə gedib ibadət edə bilərdin və nə də məscidə gedən mömin öz məscidində ibadətlə məşğul ola bilərdi. Məsciddə ibadət edən möminin ibadəti haqq və həqiqəti müdafiə edən əsgərin cəsurluqlarına borcludur. Cənab xristianlar! İbadətlə məşğul olduğunu güman edən sizlər də həmin əsgərə minnətdar olmalısınız.

 

Buna görə də, ola bilər ki, insan kamillik və yetkinliyin elə bir mərhələsinə çatsın ki, ümumiyyətlə təcavüzkar mövcud olmasın, qanuni və şəri döyüşlər belə baş verməsin. Deməli həyat ölüm-dirim müharibəsidir kimi ifadələrin (döyüş və toqquşmanın) həyatın zərurətlərindən olması mənasında işlədilməsi səhvdir.

 

Bəlkə də bəziləri üçün narahatedici olacaq bir mətləbə toxunmaq istəyirəm. Çünki bəzi gənclər onların meyl və istəklərinə zidd olan şeylər eşidəndə narahat olurlar.

 

İmam Hüseyn (ə)-a bir cümləni aid edirlər ki, nə mənası düzdür və nə də onun o həzrətdən olması heç bir kitabda yoxdur. Onun dillərə düşmə müddəti də 40-50 ildən çox deyildir. Deyirlər ki, imam Hüseyn (ə) buyurub: Həyat əqidəyə malik olmaq və onun uğrunda mübarizə aparmaqdan ibarətdir. Xeyir, bu söz əcnəbilərin fikirləri ilə düz gəlir. Onlar deyirlər ki, insan hər hansı bir əqidəyə malik olmalı və onun yolunda vuruşmalıdır. Quran haqdan söz açır. Quran baxımından cihad və həyat haqpərəstlik və haqq yolunda cihaddan ibarətdir, əqidə və onun yolunda cihad etməkdən yox! Əqidə həm haqq və həm də batil ola bilər. Əqidə bağlılıqdır, insanın zehnində minlərlə bağlılıq tapıla bilər. İnsanın hər halda bir əqidə və ideyaya sahib olmasının və onun yolunda cihad və səy etməsinin zəruriliyini deyən islam dini deyil, başqa bir məktəbdir. Onlar həmin əqidənin nədən ibarət olması barəsindəki suala cavabda deyirlər ki, əqidənin nə olması fərq etmir. Amma Quranın sözləri çox dəqiqdir. Bu səmavi kitab əqidə və onun yolunda cihad deyil, haqq və onun yolunda cihaddan söz açır. Quran deyir ki, sən əvvəl əqidəni islah etməlisən. Çox vaxt sənin ilk cihadın öz əqidənlə olur. Əvvəlcə əqidənlə cihad edərək düzgün və haqq əqidə əldə etməlisən, haqqı kəşf etdikdən sonra isə onun yolunda cihad etməlisən.

 

Deməli, qüdrətli və güclü insanın kamil insan olması fikri həyatın ölüm-dirim mübarizəsi olması nəzəriyyəsi üzərində qurulub. Bu nəzəriyyə də Darvinin Həyat ölüm-dirim mübarizəsidir və heyvanlar həmişə ölüm-dirim mübarizəsi aparmaqdadırlar fəlsəfəsinə əsaslanır. Biz bu fikirdə olanlara deyirik ki, əgər heyvanlar və insandan başqa digər varlıqlar belədirlərsə də, biz insanı bu cəhətdə onlarla bir hesab edə bilmərik. Çünki həmin söz müştərək həyat, qarşılıqlı rabitə, həmkarlıq, səfa-səmimiyyət və digər insani dəyərləri puç hesab edir. Bəs insanlar arasındakı bu səmimiyyət, vəhdət, həmkarlıq və məhəbbətlər nədir? Onlar bu sualın cavabında deyirlər ki, sən səhv edirsən! Bu həmkarlığı həmin mübarizə məcburi olaraq onlara qəbul etdirib. Həmin həmkarlıq, səmimiyyət və dostluqların arxasında mübarizə durur. Bunun necə olduğunu soruşanda isə belə deyirlər: İnsan həyatının əsası müharibə və mübarizədir. Amma insanlar böyük düşmənlə qarşılaşanda həmin böyük düşmən onlara məcburi dostluğu qəbul etdirir. Onların bu işləri əslində dostluq, səmimiyyət və həqiqət deyil və ola da bilməz. Böyük düşmənlə mübarizə üçün edilən əməkdaşlıqdır. Əməkdaşlıq və səmimiyyətlər daha böyük düşmənlə mübarizə aparmaq üçün yaranır. Həmin düşməni aradan götürsən görərsən ki, bir-birləri ilə dost olan həmin qruplar parçalanaraq iki düşmənə çevrildilər. Əgər onların bir qrupu da aradan getsə yerdə qalan qrupun özü parçalanacaq və bir-birləri ilə düşmənçilik aparacaqdır. Bu proses yerdə iki nəfər qalana kimi davam edəcək və əgər həmin iki nəfər tək olsalar və onların müqabilində üçüncü bir qüvvə olmasa, onlar bir-birləri ilə döyüşməyə başlayacaqlar.

 

Bu nəzəriyyə tərəfdarlarının fikrincə bütün dostluq, səmimiyyət, sülh, insanlıq və birliklər bəşəriyyətə mövcud düşmənçiliklər tərəfindən məcburi şəkildə qəbul etdirilib. Deməli, bunların nəzərlərinə əsasən, mübarizə və döyüş əsas xarakter daşıyır və həmkarlıqlar ondan doğan və onun nəticəsində yaranmış bir ünsürdür.

  
ZƏİFLİK MƏKTƏBİ 

Əql məktəbi onu inkar edən müqabil nöqtəyə və eşq məktəbi onun fikir və prinsiplərini xülya adlandıran əks cəhətə malik olduğu kimi, qüdrət məktəbinin də əks-müqabil nöqtəsi vardır. Bəziləri ifrat şəkildə qüdrəti təhqir edərək insanın kamilliyini onun zəifliyində olmasını bildiriblər. Bunların fikrincə kamil insan qüdrətli olmayan insandır, çünki deyirlər ki, insanın güc və qüdrəti olsa o, təcavüzkarlıq edəcəkdir. öz şairlərimizdən olan Sədi yazdığı rübailərdən birində belə bir səhvə yol verib.

 

 

Mən an murəm ki dər payəm bemalənd

 

Nə zəmburəm ki əz nişəm benalənd.

 

 

Yəni, mən ayaq altında qalıb tapdalanan qarışqayam, tikanlı və sancmağımla nalə çəkdirən arı deyiləm.

 

 

Koca xod şokre in nemətqozarəm

 

Ke zure mərdumazari nə darəm

 

 

Yəni, mən bu nemətin şükrünü necə yerinə yetirim ki, xalqa əzab-əziyyət vermək gücünə malik deyiləm.

 

Xeyir, cənab Sədi! Məgər insan mütləq ya qarışqa, ya da arı olmalıdırmı ki, sən onlardan yalnız qarışqa olmağı seçirsən?! Sən nə qarışqa olub əl-ayaq altında əzil və nə də arı olub başqalarını sanc! Sədi həmin rübaini belə deməli idi:

 

 

Nə an murəm ki dər payəm bemalənd

 

Nə zəmburəm ki əz nişəm benalənd

 

Çequne şokre in nemətqozarəm

 

Ke darəm zur və azari nədarəm.

 

 

Yəni, nə ayaq altında tapdalanan qarışqayam, nə də tikan və sancmasından nalə çəkilən arı! Mən bu nemətə necə şükr edim ki, gücüm var, amma əzab-əziyyət verən deyiləm!

 

İnsanın gücü varsa və o, bununla yanaşı heç kəsə əziyyət etmirsə, şükr etməlidir. Amma gücü yoxdursa və heç kəsə əziyyət də etmirsə bu, buynuzu olmayan və başqalarını buynuzlamayan canlı misalındandır. Çünki buynuzsuzun buynuz vurmaması hünər və qoçaqlıq deyildir!? Buynuzu olub buynuz vurmamaq bir məsələdir!

 

Sədi başqa bir yerdə belə deyir:

 

 

Be didəm abidi dər kuhsari

 

Qənaət kərde əz donya be ğari

 

Çera qoftəm be şəhr əndər nəyayi

 

Ke bari bənd əz del bər qoşai.

 

 

Yəni, dağda bir abid gördüm ki, dünyanı tərk edərək yalnız bir mağaraya qane olub. Ona dedim ki, nə üçün şəhər içinə gəlib bir dəfə olsa belə ürəyinin düyünlərini açmırsan?

 

Sədi bu şerdə dağa pənah apararaq orada ibadətlə məşğul olan abidi vəsf edərək tərifləyir. Deyir ki, mən ona dedim ki, nə üçün şəhərə gəlib xalqa xidmət etmirsən? Abid bir səbəb gətirir, Sədi də susur. Sanki o, abidin dəlilini qənaətbəxş sayaraq qəbul edir.

 

 

Be qoft anca pəriruyan nəğzənd

 

Çe qol besyar şod pilan beləğzənd.

 

 

Bu, həmin abidin cavabıdır: O, deyir ki, şəhərdə pəri üzlü gözəllər var, əgər gözüm onlara sataşsa ixtiyarım, əlimdə olmadığı üçün özümü saxlaya bilmərəm, buna görə də gəlib özümü mağarada həbs etmişəm.

 

Bərəkəllah bu kamala! İnsan kamala çatmaq üçün gedib özünü haradasa həbs etməlidirmi? Bu ki, kamal deyil! Cənab Sədi! Quran sizə ən gözəl hekayətləri nəql edib. Quranın ən gözəl hekayətlərindən biri Yusifin əhvalatıdır. Yusifin əhvalatı Allahdan qorxub pis işlərdən çəkinənlərin və səbr edənlərin dastanıdır. Quran deyir ki, sən həm Yusif ol, ləzzət almaq üçün lazım olan bütün imkan və şərait mövcud olsun və hətta qapı belə bağlı olsun, amma eyni halda öz iffətini qoru və bağlı qapıları öz üzünə aç! Yusif subay və həddindən artıq çox gözəl bir gənc olub. O, qadınların dalına düşməkdənsə, qadınlar onun dalına düşürmüşlər. Hər gün ona yüzlərlə məktub və sifariş göndərilirmiş və hər şeydən üstünü bu olub ki, Misirin ən gözəl və tanınmış qadınları onun tam aşiq və vurğunu olublar. Züleyxa lazımı şəraiti hazırlayaraq onu ölüm ilə hədələyərək deyib ki, ya məni arzuma çatdıracaqsan, ya da səni öldürəcəm, qanını tökəcəm. Amma Yusif nə edir? O, Allaha əl açaraq belə deyir: Yusif dedi: Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur...

 

(Yusif-33).

 

Yusif deyir ki, ilahi, məni zindana göndər, amma bu qadınların cəngində giriftar etmə, şəhvətimi doydurmaq imkanına malikəm, amma bunu etmirəm. Quran bu cür olmağı öyrədir, Sədi kimi təlimlər vermir.

 

Deməli, bizim ədəbiyyatımızda bəzən insanın kamilliyinin onun zəifliyində olması deyilməsinə baxmayaraq, kamillik zəiflikdə deyil. Hətta Baba Tahir də öz şerlərinin birində bu mətləbi deyib:

 

 

Ze dəste didevo del hər do fəryad

 

Hər ançe dide binəd del konəd yad

 

 

Bura kimi dedikləri düzdür. Amma sonra deyir:

 

 

Be sazəm xəncəri nişəş zefulad

 

Zənəm bərdide ta del gərdəd azad.

 

 

Deyir ki, görürəmsə ürəyim istəyir, buna görə də ürəyimi rahat etmək üçün ucu poladdan olan bir xəncər düzəldib onunla özümü kor etmək istəyirəm. Burada demək lazımdır: Tutaq ki, gözlərini kor etdin, bəs qulağınla eşitdiyin şeyləri neyləyəcəksən? Qulağın da bəzi şeyləri eşidəcək və ürəyin, yenə də onları istəyəcək. Onda gərək qulaqlarına batıraraq onları da kar etmək üçün başqa bir xəncər düzəldəsən. Həmçinin daha artıq rahat etmək üçün gərək mütləq özünü axta da etdirəsən! Bundan sonra Mövlananın Məsnəvidə nəql etdiyi quyruq, baş və qarınsız şir kimi olacaqsan ki, Allah belə bir şir yaratmayıb. Baba Tahir əcəb kamil insan yaradıb!? Onun təsvir etdiyi kamil insan çox alidir! Onu təsəvvür etdiyi bu kamil insanın nə əli, nə ayağı, nə gözü, nə qulağı və ümumiyyətlə heç nəyi yoxdur!

 

Bizim ədəbiyyatımızda zəif və aciz insanlar yetişdirmək barəsindəki göstərişlər çoxdur. Amma yadda saxlamalıyıq ki, bəşəriyyət səhvə yol verir və həmişə ya ifrat ya da təfrit yolunu tutur. İnsan burada, islamın doğrudan da Allah tərəfindən göndərilmiş bir din olduğunu başa düşür. Adam Sokrat olanda bir tərəfi tutub səhv edir, Əflatun olanda başqa bir tərəfi və həmçinin İbni Sina, Mühyiddin Ərəbi, Mövlana, Niçe, Karl Marks, Jan Pol Sarter və s. olanda digər bir tərəfləri! Belə olan surətdə görürük ki, peyğəmbər bəşər ola-ola, onun məktəbi necə də ali, mütərəqqi və hərtərəflidir! Həmin şəxslər peyğəmbərlə müqayisədə şagirdlə müəllim kimi görünürlər. Sanki şagirdlərin hərəsi bir söz deyir və axırda müəllim ali və uca bir sözlə onların hamısını puça çıxarır. Hər halda zəiflik məktəbi də özü üçün bir məktəbdir.

  
MƏHƏBBƏT MƏKTƏBİ 

Kamil insan barəsində digər bir məktəb də vardır ki, onu həm məhəbbət və həm də özünü tanıma məktəbi adlandırmaq olar.

 

Neçə min il bundan əvvəl Şərqi Asiyada çox ali fikir və düşüncələr olub ki, indi də bu barədə çox qədim hind kitabları mövcuddur. Onlardan bəziləri fars dilinə də tərcümə edilib ki, misal olaraq çox ali kitab olan Opanişadhanı göstərmək olar.

 

Bizim böyük ustadımız Əllamə Təbatəbai neçə il bundan əvvəl Opnişadhanı ilk dəfə oxuyanda çox təəccüblənmişdi. Əllamə Təbatəbai deyirdi ki, bu kitablarda çox-çox ali mətləblər var, amma onlara çox az diqqət edilib.

 

Bu məktəbdə, insanın bütün kamalları onun özünü tanıması ətrafında cəmlənib. Bu məktəbin sözü budur ki, özünü tanı! Əlbəttə özünü tanı cümləsini bütün peyğəmbərlər və həmçinin Sokrat da deyib. İslam peyğəmbəri də buyurub: Kim özünü tanısa, Rəbbini tanıyar. Bu məktəb isə yalnız insanın özünü tanımasına əsaslanır.

 

Qandinin bir neçə məqalə və məktubundan ibarət olan bir kitab tərcümə edilib ki, fikrimcə çox yaxşı kitabdır. Bu kitabın adı Budur mənim dinim-dir. Qandi bu kitabda deyir: Mən Opanişadhanı oxuyanda üç şeyi başa düşdüm ki, bu üç şey mənim üçün bir ömürlük həyat dərsidir. Qandinin qeyd etdiyi birinci əsas budur: Dünyada yalnız bir həqiqət var və o, özünü tanımaqdır. özünü tanı! Qandi bu mətləb əsasında əcnəbi dünyaya çox gözəl hücum edərək belə deyib: Əcnəbilər dünyanı tanıyıb, amma özlərini tanımayıblar, özlərini tanımadıqları üçün də həm özlərini, həm də dünyanı bədbəxt ediblər. O, bu söhbətində çox gözəl və ali sözlər deyib.

 

İkinci əsas budur ki, özünü tanıyan həm Allahı və həm də başqalarını tanıyacaq.

 

Üçüncü əsas isə budur: Yalnız bir qüvvə, azadlıq və ədalət mövcuddur və o, özünə hakimlik qüvvəsidir. Kim özünə hökmranlıq etsə və özünü idarə edə bilsə, digər əşyalara da hökmranlıq edəcəkdir və bu, düzgün hökmranlıqdır. Dünyada yalnız bir yaxşılıq var və o, insanın başqalarını da özü kimi sevməsidir. Başqa sözlə desək, başqalarına da özümüz kimi baxmalıyıq.

 

Bildiyimiz kimi, Hind fəlsəfəsində əməllərə diqqət və özünə qapılmaq kimi məsələlər vardır. Əlbəttə hal-hazırda o mürəkkəbləşərək bir sıra çətin və qəribə məşğələlər, təlimlələr və yoqa əməlləri şəklini alıb ki, mənim məqsədim bunlar deyildir. Hind fəlsəfəsinin əsası özünü tanıma, əməllərə diqqət, təxəyyülün uzaqlaşdırılması və öz həqiqətinin kəşfidir və burada insanın özünü tanımasından məhəbbət yaranır.

 

Deməli, bu məktəbin fikrincə kamil insan özünü tanıyan insandır ki, əgər o, özünü tanısa, özünə hökmranlıq edər və özünə hökmranlıq etsə, onda digərlərinə qarşı məhəbbət yaranar. İndi bu məktəbin adını istəyirsiniz məhəbbət məktəbi qoyun, istəyirsiniz də tanışlıq və mərifət!

  
DİGƏR İKİ MƏKTƏB 

Son iki-üç əsrdə bir sıra məktəblər yaranıbdır ki, onlarda fərdi cəhətlərə deyil, ictimai cəhətlərə daha çox meyl göstərilir. Onların biri sinfi təbəqəyə bağlı olmayan insanı kamil hesab edir və bildirir ki, insan hansısa təbəqədə, xüsusilə yüksək təbəqədə olsa həmişə naqis və eybli olacaqdır. Hətta deyirlər ki, ümumiyyətlə təbəqələrə bölünmüş cəmiyyətdə heç vaxt düz və sağlam insan mövcud ola bilməz. Bu məktəb insana yüksək dəyər vermədiyi üçün ideal kamil insana da çox inam bəsləmir. Bu məktəbin fikrincə kamil insan, təbəqəsiz və həmişə digər insanlarla bərabər vəziyyətdə yaşayan insandır.

 

Bəziləri isə insanın azadlıq və agahlığına daha çox təkid ediblər və onların, agahlıqdan məqsədləri ictimai şüurun inkişaf etdirilməsidir. Eksistanisializm məktəbi azadlıq, agahlıq və ictimai məsuliyyətlərə daha çox təkid edir. Bu məktəbin fikrincə kamil insan azad, agah, vəzifəsinə əməl edən və məsuliyyətli insandır. Azadlığın özü də qalmaqal və üsyan tələb edir ki, bunun özü də başqa bir məktəbdir.

  
MALİKİYYƏT MƏKTƏBİ 

Burada başqa bir məktəb də vardır və o, qüdrət məktəbinə çox yaxın olan malikiyyət məktəbidir. Bunların fikrincə, kamil insan filosof olmalıdır, kamil insan Allaha çatmalıdır və bu kimi digər sözlər mənasız ifadələr və fəlsəfi uydurmalardır. Əgər insanlıq kamalına çatmaq istəyirsənsə, bəhrə aparmağa, daha çox yiyələnməyə çalış, varlığın nemətlərindən nə qədər çox bəhrələnsən o qədər kamil insansan; ümumiyyətlə kamil insan bəhrələnən insandır. Buna görə də insan kamalının hikmətlə deyil, elmlə, elmin isə təbiətin tanımasından ibarət olmasını deyənlər və təbiətin tanınmasını ona hökmranlıq, onun insana xidməti və bəşərin ondan bəhrələnməsi üçün istəyənlərin sözləri, sonda bu nöqtəyə qayıdır ki, elmin insan üçün olan dəyəri zati deyil, vasitə xarakterlidir. Elm insan üçün ona görə yaxşıdır ki, o, insanın təbiətə hakim olmasında vasitə rolunu oynayır və təbiəti insana ram edir və o, təbiəti insana tabe etdikdə bəşər ondan daha yaxşı bəhrələnərək fayadalanır. Deməli, insanları kamala çatdırmaq istəyirsinizsə, onları təbiətdən bəhrələndirməyə çalışmalısınız. Təbiətdən bəhrələnməkdən başqa digər bir kamal yoxdur. Elmi bu qədər müqəddəsləşdirmək və ona zati dəyər və zati kamal qail olmağın hamısı boş şeylərdir. Elm vasitədən başqa bir şey deyil, elm bəşəriyyət üçün inəyin buynuzu və şirin dişləri kimidir.

 

Əvvəlcə dediyimiz kimi, bunlar bir sıra nəzərlərdir. Gələcək söhbətlərimizdə islamın bunların hər biri barəsindəki nəzərlərini geniş şəkildə açıqlayacaq, onun əql, eşq, qüdrət, ictimai məsuliyyətlər və təbəqələrə bölünməmiş cəmiyyət barəsindəki baxışları və onları nə qədər dəyərləndirdiyini izah edəcəyik. Bunların hər biri geniş bəhslər tələb edir.

  
ÖLÜMLƏ ÜZLƏŞMƏ TƏRZİ 

Burada ancaq bunu demək istəyirəm ki, insan kamalının təzahürlərindən biri onun ölümlə üzləşmə tərzidir. Çünki ölüm qoruxusu insanın ən böyük zəif nöqtələrindəndir və bəşərin alçalmaq, zillətlərə düçar olmaq kimi minlərlə bədbəxtlikləri bu qorxudan yaranır. Əgər insan ölümdən qorxmasa bütün həyatı dəyişər. Ən böyük insanlar ölümlə qarşılaşanda son dərəcə cəsurluqla, bəlkə ondan da artıq böyük hiss ilə təbəssüm və gülərüzlə ona tərəf gedənlərdir. (Əlbəttə məqsəd intihar deyil, hədəf yolunda olan ölümdür. Çünki onlar həyatda məsuliyyət daşıdıqlarını hiss edirlər. İntihar edən şəxs məsuliyyətdən boyun qaçırır). Məsuliyyətin yerinə yetirilməsi yolunda qarşıya çıxan ölüm səadət və xoşbəxtlikdir. Mən ölümü səadətdən, zalımlarla yaşamağı isə cansız həyatdan başqa bir şey hesab etmirəm. Allah övliyalarından başqa heç kəs ölümə bu cür yanaşdığını iddia edə bilməz. ölüm onlar üçün bir mənzildən digər bir mənzilə köçməkdən, imam Hüseyn (ə)-ın dili ilə desək, bir körpüdən keçməkdən başqa bir şey deyil. İmam Hüseyn (ə) Aşura günü sübh çağı ətrafındakılara belə buyurdu: Ölüm, üzərindən keçdiyimiz körpüdən başqa bir şey deyil! Ey mənim səhabələrim! Bizim qarşımızda bir körpü var və biz onun üzərindən keçməliyik, onun adı ölümdür, həmin körpünü keçəndən sonra təsəvvür edilməz yerə çatacağıq. ölüm onlara yaxınlaşdıqca o həzrətin üzü daha da açılır, təbəssümlə dolurdu.

 

ömər Sədin yanında olan və hadisələri yazanlardan biri imam Hüseyn (ə)-ın həyatının son anlarında, yəni döyüş qurtardıqda və o həzrət halsız vəziyyətdə meydanda yerdə qaldığı vaxtda savab etmək məqsədilə ömər Sədin yanına gedib belə deyir: İcazə ver Hüseyn ibni Əliyə bir qurtum su aparım, onsuz da o getməlidir, bu suyu içib-içməməsinin sənə elə bir fərqi yoxdur. ömər Səd ona icazə verir. Amma həmin şəxs gedəndə görür ki, əvvəl və axır varlıqların lənətlənmişi olan Şimr İmamın müqəddəs başını əlində gətirir. İmam Hüseynə su aparan şəxs deyir: Allaha and olsun ki, imamın üzündə olan təbəssüm məni onun qətli barəsində fikirləşməkdən yayındırdı. Yəni imam Hüseyn (ə)-ın başı kəsiləndə dodaqları gülürmüş.

 

Bəli, kamil insan o şəxsdir ki, hadisələr ona təsir etməsin. Əli (ə) iqtisadi baxımdan ən aşağı iş sayılan fəhləlikdən tutmuş ən yüksək vəzifə sayılan xəlifəliyə kimi olan mərhələləri keçmiş bir şəxsdir. Məşhur alimlərdən biri deyir: Əli (ə) Karl Marksın fəlsəfəsini puça çıxarıb. Çünki o həzrət daxmada, sarayda olduğu kimi və sarayda, daxmada olduğu kimi yaşayırdı. (Məqsəd əsl saray deyil). Demək istəyir ki, Əli (ə) fəhləlikdə də xəlifə olduğu kimi fikirləşirdi. Buna görə də onları kamil insan adlandırırlar.

  
ƏLİ (Ə)-IN GİZLİ DƏFNİ 

Biz bura nə üçün yığılmışıq? Kamil bir insanın əzasına! Əli (ə)-ı gecə basdırıblar, nə üçün? Çünki onun fövqəladə dost və vurğunları olduğu kimi, fövqəladə düşmənləri də olub. Əli (ə)-ın cazibə və dafiəsi kitabında dediyimiz kimi, bu cür insanların həm fövqəladə cazibələri və həm də güclü dəf etmə qüvvələri vardır. Bu insanların səmimiyyətin son həddində olan elə dostları olur ki, onlar üçün canlarından keçmək heç bir şeydir. Həmçinin onların misilsiz qaniçən düşmənləri, xüsusilə üzdəniraq müqəddəslər və həqiqətən iman və etiqadları olan, amma nadanlıqda giriftar olan Xəvaric kimi daxili düşmənləri olur. Əli (ə)-ın özü Xəvaric barəsində buyurub ki, onlar mömin, amma nadandırlar. O həzrət, Xəvarici Müaviyənin tərəfdarları ilə müqayisə edərək buyurub: Məndən sonra xəvarici öldürməyin, onlar Müaviyənin adamlarından fərqlidirlər, onlar haqqı istəyirlər, amma axmaqdırlar, səhv ediblər, lakin o birilər (Müaviyənin adamları) haqqı tanıyaraq dərk edir və bilə-bilə onunla mübarizə aparırlar.

 

Əli (ə)-ı o qədər dostunun olmasına baxmayaraq nə üçün gecə basdırıblar? Xəvaricin qorxusundan! Çünki onlar deyirdilər ki, Əli müsəlman deyil və bu qorxu var idi ki, gecə gedib o həzrətin qəbrini qazıb cənazəsini çıxaralar.

 

İmam Sadiq (ə)-ın həyatının sonuna, yəni təqribən yüz ilə kimi imamlar və onların yaxın və xüsusi adamlarından başqa heç kəs Əli (ə)-ın qəbrinin harada olmasını bilməyib.

 

Ramazan ayının 21-ci günü sübh çağı imam Hüseyn (ə) bir cənazə hazırlayaraq bir qrupa verdi ki, onu Mədinəyə aparsınlar və camaat Əlinin Mədinəyə aparılaraq orada dəfn edildiyini fikirləşsinlər. Yalnız Əli (ə)-ın övladları və bir qrup xüsusi şiə onun dəfn yerinin harada olduğunu bilirdilər. Həmin gecə xüsusi şiələrdən bir qrupu Əli (ə)-ın dəfnində iştirak etmişdi və onlar, Kufə yaxınlığında olan bir yerdə Əli (ə)-ın qəbrinin ziyarətinə gedirdilər. İmam Sadiq (ə)-ın dövründə xəvaricin kökü kəsildikdən və həmin qorxu aradan getdikdən sonra o həzrət Əlqəmə duasını nəql etmiş Sifvan adlı bir şəxsə göstəriş verdi ki, həmin yerdə bir əlamət və kölgəlik düzəltsin. Bundan sonra hamı Əli (ə)-ın qəbrinin orada olmasını başa düşdü və ora ziyarətə getməyə başladılar.

 

O həzrətin cənazəsini basdırmağa onun övladları və xüsusi şiələrdən olan bir neçə nəfər getmişdi. Həmin neçə nəfərdən biri Səsəə ibni Sohan adlı bir kişi olub. Bu şəxs Əmirəl-mömininin saf və pak qəlbli dostlarından və eyni zamanda söz ustası və xətib olub. O, Əli (ə)-ın hüzurunda da xütbələr oxuyub. Əmirəl-möminin (ə)-ı dəfn etdikdən sonra hamıda fövqəladə hüzn, hiddət və qəzəb yaranmışdı, hamı hiddətdən boğulur və ağlayırdı. Ürəyi bərk sıxıntıda olan Səsəə birdən Əli (ə)-ın qəbrinin torpağından bir ovuc götürüb başına tökür və əlini ürəyinin üstünə qoyub o həzrətlə danışmağa başlayır. Salam olsun sənə ey Əmirəl-möminin! Sən nə qədər xoşbəxt yaşadın və nə qədər xoşbəxt dünyadan getdin! Sənin təvəllüdün Allah evində oldu, Allah evində də şəhid oldun. (Allah evindən Allah evinə kimi!) Əli can! Sən nə qədər də böyük idin və bu camaat nə qədər də kiçik idi. Allaha and olsun ki, əgər camaat sənin dediklərini icra etsəydi, yer və göydən nemətlər qaynayar, onlar maddi və mənəvi nemətlərdə qərq olardılar. Amma əfsus ki, camaat sənin qədrini bilmədi və sənin ali göstərişlərinə tabe olmaq əvəzinə sənə qan uddurdular, axırda da səni bu vəziyyətdə yarılmış başla qəbrə göndərdilər.

  
ALTINCI FƏSİL   
ƏQL MƏKTƏBİ NƏZƏRİYYƏSİNİN İZAH VƏ TƏNQİDİ  

[Əksəriyyəti yazıb-oxumaq bilməyən] ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu peyğəmbər əvvəllər haqq yoldan açıq-aşkar azsalar da onlara Allahın ayələrini oxuyar, onları [günahlardan, şirk və küfr çirkabından] təmizləyər, onlara kitabı və hikməti [Quranı və şəriəti] öyrədər.

 

(Cümə-2).

 

Qədimlərin kamil insan, müasirlərin isə ideal insan adlandırdıqları simanı tanımaq çox lazım və zəruridir. Hər bir məktəbdə tərbiyə və əxlaq məsələləri həmin məktəbin kamil və ideal insanı tanımasına əsaslanır. Biz, islamın kamil insan barəsindəki nəzərlərini öyrənmək üçün bu barədə olan məktəblərin hər birinin nəzərlərini geniş şəkildə açıqlamaq və onların iradlarını bildirərək islamın bu barədəki nəzərini bəyan etmək məcburiyyətindəyik. Keçən söhbətimizdə müxtəlif məktəblərin nəzərlərini qısa şəkildə bəyan etdik. İndi də isə bəhsimizin davamını əql məktəbini araşdırmaqla başlayırıq.

  
ƏQLPƏRƏSTLƏRİN NƏZƏRLƏRİNİN XÜLASƏSİ 

Əvvəldə qeyd etdiyimiz kimi, qədim filosofların fikrincə insanın cövhəri və həqiqi mənii onun əqlidir. İnsanın bədəni onun şəxsiyyətinin bir hissəsi olmadığı kimi, onun müxtəlif ruhi istedad və qüvvələri də onun həqiqi şəxsiyyətini təşkil etmir. İnsanın həqiqi şəxsiyyəti onun düşünən qüvvəsidir. İnsan görən, təsəvvür edən, sevən, şəhvəti olan və qəzəblənən deyil, fikirləşən varlıqdır. Bütün bunlar, fikirləşən varlığın əlində olan bir alət və vasitələrdir. İnsanın cövhəri təfəkkürdür və kamil insan fikirləşməkdə kamil həddə çatmış insandır. Fikirləşmək və təfəkkürdə kamil həddə çatmağın mənası isə budur ki, o, dünya və varlığı olduğu kimi dərk və kəşf etmiş olsun.

 

Bu məktəbdə insan cövhərinin və həqiqi mənin əql olmasından əlavə, başqa bir şey də diqqət mərkəzindədir və o da budur ki, əql dünyanı olduğu kimi kəşf edə bilən, dünya gerçəkliklərini olduğu kimi əks etdirən və dünyanı düzgün şəkildə özündə göstərmək bacarığına malik olan bir qüvvədir.

 

Bu nəzəriyyəni qəbul etmiş islam filosoflarının fikrincə, Quranda deyilmiş islami iman dünyanı ümumi şəkildə, olduğu kimi tanımaq, dünyanın başlanğıcı, hərəkət, quruluş və hansı nöqtəyə qayıtmasını dərk etməkdən ibarətdir. Onlar deyirlər ki, Quranda Allaha, varlığın vasitələri olan mələklərə, dünyanın məxluq olmasına, Allahın dünyanı boş buraxmaması və hidayət etməsi, habelə bəşəriyyəti peyğəmbərlər vasitəsilə istiqamətləndirməsi və hər şeyin Allahdan gəlməsi, Ona qayıdacağı və Məad adlandırılan əslə iman bəsləməkdən məqsəd dünyanın tanınmasıdır və bundan başqa bir məqsəd yoxdur. Bu filosoflar, həmişə öz təfsirlərində imanı fəlsəfi agahlıq və tanışlıq kimi izah edirlər. Onlar deyirlər ki, iman mərifət və tanışlıqdır. Amma cüzi mərifət olan elmi tanışlıq deyil, fəlsəfi və filosofların düşüncə və tanışlığıdır. Fəlsəfi və ümumi mərifət dünyanın başlanğıc və sonunu, varlıqların dərəcələri və dünyanın ümumi hərəkət və cərəyanlarını kəşf edib bilmək mənasındadır.

  
BUNA ZİDD OLAN MƏKTƏBLƏR 

Əql məktəbinin müqabilində onlarla həmişə mübarizə aparan bir sıra məktəblər olub. İslam dünyasında bu məktəblə ilk dəfə mübarizə aparan cərəyan işraqilər, ariflər və eşq məktəbi tərəfdarları olublar ki, biz onu sonra izah edəcəyik. Müxalif məktəblərdən digəri isə hədis əhlləridir. Hədis əhli və əxbarilər filosofların bu qədər dəyər verdikləri əqli inkar edirlər. Onlar deyirlər ki, əql, sizin qail olduğunuz qədər dəyərə malik deyildir.

 

Bunlardan başqa, son əsrlərdə hiss və təcrübi məktəblər də əql məktəbinə qarşı qiyam edib. Təcrübilər məktəbi son bir neçə əsrdə çox yayılıb inkişaf etmişdir. Onlar deyirlər ki, əql sizin dediyiniz qədər dəyərə malik deyildir və onun elə də yüksək əhəmiyyəti yoxdur. O, hissin qul və nökəridir, insanda əsas əhəmiyyət daşıyan onun hiss və duyğularıdır. Əqlin görə biləcəyi ən böyük iş onun hiss vasitəsilə əldə edilən şeylər üzərində bəzi əməliyyatlar aparmasıdır. Siz xammal gətirilən bir zavodu nəzərdə tutun. Bu zavoda gətirilən xammal, orada olan dəzgahlar vasitəsilə emal edilir. Əgər toxuculuq fabrikini nəzərdə tutsaq görərik ki, ora gətirilən pambıq ilk növbədə təmizlənir, sonra isə ondan sap əyirilir, daha sonra isə həmin saplardan parça toxunur. Əql təklikdə heç nə etmək qabiliyyətinə malik olmayan bu zavod və fabriklərə bənzəyir. O, üzərində əməliyyat aparmaq üçün hiss yolu ilə əldə edilən xammala möhtacdır. Amma bununla belə əql məktəbi tamamilə etibardan düşməyib və indi də qalmaqdadır. Biz indi onlar və müxalifləri arasındakı bəhsləri geniş şəkildə açıqlamaq deyil, bu barədə islamın nəzərini bəyan etmək niyyətindəyik.

  
İSLAMDA ƏQLİ AGAHLIQLARIN ƏSİLLİYİ 

Əql məktəbində bir neçə məsələ vardır ki, biz onların islamın nəzəri ilə uyğun olub-olmamasını araşdırmalıyıq. Həmin məsələlərdən biri əqli agahlıq və biliklərin etibar və əsilliyidir. Yəni insanın əqli bu dünyada olan həqiqətləri kəşf etməyə qadirdir və əqli agahlıq etibarsız deyil, köklü, mötəbər və istinad edilə bilən bilikdir.

 

Məktəblərin çoxu əqlə belə bir etibar qail deyildir. İndi görək biz islami mətnlərə əsaslanaraq əqlə heç olmasa agahlığına etimad etmək səviyyəsində dəyər və etibar verə bilərikmi? Xoşbəxtlikdən, biz islami sənəd və mətnlərdə əqlin fövqəladə şəkildə himayə edilməsini görürük. Dünyada olan dinlərin heç biri əqli, onun dəlil və sübut olmasını və mötəbərliyini islam qədər himayə etməyib. Siz islamı xristianlıqla müqayisə edin. Xristianlıq iman dairəsində əqlə müdaxilə icazəsi vermir. Bu dində deyilir ki, insanın nəyəsə iman gətirməsi lazım olan yerdə fikirləşmək haqqı yoxdur, fikir əqlə məxsusdur, əqlin isə bu qism məsələlərə müdaxilə etməyə səlahiyyəti çatmır. İman gətirilməli şeylər barəsində fikirləşmək olmaz, əqlə fikirləşmək, niyə? nə üçün? demək icazəsi verilməməlidir. Möminlərin, keşişlərin və xüsusilə xalqın imanını qoruyan şəxslərin vəzifəsi fikir, deduksiya və əqlin iman dairəsinə hucumunun qarşsını almaqdır. Xristianlığın təlimləri buna əsaslanır.

 

Amma islamda, məsələ tamamilə bunun əksinədir. İslamda dinin əsas və kökləri məsələlərinə əqldən başqa heç bir şeyin müdaxilə etmək haqqı yoxdur. Əgər sizdən dininizin əsaslarından birinin nə olması soruşulsa, siz tohid (Allahın təkliyi) deyə cavab verəcəksiniz. Əgər sizdən hansı dəlillərə əsaslanaraq Allaha iman gətirdiyinizi soruşsalar, əqli dəlil gətirməlisiniz. İslam həmin əqidəni əqli yoldan başqa heç bir əsasla qəbul etmir. İndi birdən siz Mən Allahın təkliyinə inanıram, amma heç bir dəlilim yoxdur və bu mənim şəxsi işimdir deyə cavab versəniz, yəni nəticəni götür, müqəddimə ilə nə işin var misalına əsaslansanız və ya nənəmdən eşidib yəqinlik əldə etmişəm, yaxud yuxuda görmüşəm və ya o bir həqiqətdir ki, heç bir dəlil olmadan yəqinliyə çatmışam kimi cavablar versəniz qəbul edilməzdir. İslam deyir ki, tək Allahın olmasına inanmağına baxmayaraq, əgər sənin etiqadının kökü yuxu və ya ata-anadan təqlid, yaxud mühitin təsiridirsə, belə bir inam qəbul deyil. Biz sənin əqlinin dəlil və sübutlarla əldə etdiyi həqiqətdən başqa heç bir şeyi qəbul etmirik.

 

Xristianlıq imanının kökləri əqlin girməsi qadağan edilmiş məntəqəyə bənzəyir və mömin xristianın vəzifəsi həmin bölgəni əqli və fikri qüvvələrin hücumlarından qorumaqdır. Amma islam imanının əsasları əqlə qərq olmuş bir məntəqədir və ora əqldən başqa heç bir qüvvənin giriş icazəsi yoxdur. İslamın əql barəsində fövqəladə böyük və maraqlı sözləri vardır. Quran hər şeydən əvvəl təfəkkür və əqldən söz açıb. Bundan əlavə hədislərimiz əqlə o qədər əhəmiyyət və dəyər veriblər ki, siz hədis kitablarını açanda gördüyünüz ilk fəsil və bölüm əql kitabı adı ilə başlanır. Məsələn, bütün hədis fəsillərinə malik Üsuli-kafi kitabını açsanız orada ilk fəslin əql kitabı olmasını görəcəksiniz. Əhli-beyt məktəbinin bu fəsildəki bütün hədisləri (əvvəlldən axıra kimi) əqli himayə edir.

 

İmam Musa ibni Cəfər (ə)-ın çox maraqlı bir ifadəsi var. O həzrət buyurub: Allahın iki höccət və peyğəmbəri var. Peyğəmbərlərin biri batinidir və o, insanın əqlidir, digəri isə insan olmuş və bəşəriyyəti (düz yola) çağırmış aşkar peyğəmbərlərdir. Allahın iki höccəti var və onlar bir-birlərini tamamlayaraq təkmilləşdirirlər. Yəni bəşər, peyğəmbərlər olmadan təkcə əql ilə səadət yolunu gedə bilməz. Həmçinin əgər peyğəmbərlər tək olsalar və əql olmasa, insan yenə də səadət yolunu gedə bilməz. Əql və peyğəmbər hər ikisi bir-birilə bir iş görürlər. Əqli himayə etməkdə bundan ali söz tapıb demək mümkün deyildir.

 

Belə ibarətlər çoxdur və siz onları çox eşitmisiniz. Məsələn: Ağıllı adamın yuxusu nadan adamın ibadətindən üstündür, Ağıllı adamın yemək yeməsi nadanın orucundan üstündür, Allah hər bir peyğəmbəri göndərməmişdən əvvəl həmin peyğəmbərin əqlini kamala yetirib, belə ki, onun əqlini ümmətinin hamısının əqlindən daha kamil edib. Biz həzrət Peyğəmbəri (s) kamil ağıl adlandırırıq. və s.

 

Bu, xristianlığın zövqü ilə heç cür düz gəlmir. Çünki bu dində əql ilə din ayrı-ayrı şeylərdir. Amma biz öz peyğəmbərimizi kamil ağıl adlandırırıq.

 

Deməli, əqlin agahlıq əldə etməkdə əsilliyi və onun höccət olması, yəni filosofların nəzəriyyələrinin bir hissəsində deyilən mətləb əqlin düzgün və həqiqi agahlıqlar əldə edə bilməsi məsələsi bura kimi islam tərəfindən qəti surətdə təsdiq edilib.

  
ƏQL MƏKTƏBİNƏ TUTULMUŞ İKİ İRAD 

Filosofların fikrincə insanın cövhəri yalnız onun əqlidir və qalan şeylərin hamısı onun üçün alət və vasitədirlər. Onlar deyirlər ki, əgər bizə bədən, göz, qulaq, hafizə, xəyal, vahimə və hər hansı bir başqa qüvvə verilibsə, onlar bizim zatımız üçün vasitədirlər və bizim zatımız da həmin əqldir.

 

Biz islamda bu məsələni təsdiqləyəcək bir mətləb tapa bilərikmi? Xeyir, biz islamdan insanın cövhərinin yalnız əql olması məsələsini təsdiqləyəcək bir şey gətirə bilmərik. İslam, əqli insan vücudunun hamısı və onun bütün varlığı hesab edən nəzəriyyələri deyil, onu insan vücudunun bir hissəsi hesab edən fikirləri təsdiq edir. Üçüncü mətləb budur ki, bizim fəlsəfi kitablarımız, adətən imanı mərifət və tanımaq kimi izah edirlər. Onlar deyirlər ki, islamda imanın mənası ancaq mərifətdir, Allaha iman gətirmək Onu tanımaq deməkdir və peyğəmbər, mələklər və məada iman da həmin mənadadır. Quranın harasında iman kəlməsi işlənibsə, mənası mərifət və agahlıqdır və onun bundan başqa heç bir mənası yoxdur.

 

Bu mətləb islamın dedikləri ilə heç cür düz gəlmir. İman, islamda mərifət və tanışlıqdan artıq bir həqiqətə malikdir. Tanımaq bilməkdir. Astronom ulduzu, sosioloq cəmiyyəti, psixoloq ruhu, baytar heyvanı tanıdığı kimi su mütəxəssisi də suyu tanıyır. Tanıyır, yəni həmin şey ona aydındır və o, həmin şeyi dərk edir. Məgər Qurandakı imanın mənası yalnız tanımaqdır? Allaha iman gətirməyin mənası, Onu yalnız dərk etməkdirmi? Xeyir! Tanımağın imanın əsaslarından və onun hissələrindən biri olması və onsuz olan imanın, iman olmaması düzgün fikirdir, amma quru mərifət və tanışlıq da iman deyil. İman rəğbət və təslimdir, onda təzim, bağlılıq və məhəbbət ünsürləri də vardır, amma tanışlıqda rəğbət və meyl məsələsi yoxdur.

 

Bir nəfərin astronom olması, onun ulduza rəğbət və meyl göstərməsi demək deyil, o, sadəcə olaraq ulduzu tanıyır. Həmçinin kiminsə şaxtaçı və ya su mütəxəssisi olması onun mədən və suya rəğbət bəsləməsi mənasını vermir. Çünki insanın, çox nifrət etdiyi bir şeyi tanıması da mümkündür. Bəzən kimsə siyasət aləmində düşmənini özündən yaxşı tanıyır. Məsələn, İsraildə olan ərəbşünas, müsəlmanşünas və hətta islamşünasların sayı müsəlmanlar arasında həmin sahələrlə məşğul olanlardan çox ola bilər. İsraildə olan Misirşünas, Suriyaşünas və Əlcəzairşünasların sayını İrandakılardan çox olması qətidir. Ümumiyyətlə, bəlkə də İranda bir nəfər belə həqiqi Misirşünas yoxdur, amma onlarda həmin işlə məşğul olanların sayı yüzlərlədir. Misirdə də İranşünaslıq çoxdur. İndi, İsrailin Misiri tanımasının mənası onun İsrailə meyl və rəğbəti olması mənasındadırmı? Xeyir, belə deyil, bəlkə məsələ tamamilə əksinədir və onlar bir-birlərinə nifrət bəsləyirlər.

 

İslam alimləri, filosofların iddialarının əksinə olaraq, islam imanının yalnız mərifət və tanışlıqdan ibarət olmasının dəlilinin, Quranın ən yaxşı tanıyanlardan ən yaxşı nümunələr gətirməsi olduğunu bildirirlər. Bu ilahi kitab Allah, peyğəmbərlər, ilahi höccətlər və məadı ən yüksək və ali səviyyədə tanıyan bir məxluqu misal gətirib ki, o, bütün bunlara baxmayaraq müsəlman deyil, kafirdir. O, hansı məxluqdur? Şeytan! Şeytan Allahı tanıyır, yoxsa Onu inkar edir və materialistdir? O, Allahı biz və sizdən çox yaxşı tanıyır, neçə min il də Allaha ibadət edib. Quran bizə mələklərə iman gətirməyimizi deyir. Şeytan mələkləri tanıyır ya yox? Bəli tanıyır. O, minlərlə il mələklərlə bir sırada dayanıb və Cəbraili mən və sizdən çox-çox yaxşı tanıyır. Peyğəmbərləri necə? O, peyğəmbərlərin peyğəmbər və ilahi elçilər olduqlarını bilir ya yox? Bəli, o, peyğəmbərlərin hamısını bizdən yaxşı tanıyır. Məadı da həmçinin! Allahla həmişə qiyamət barəsində danışır. Əgər belədirsə, bəs nə üçün Quran onu kafir adlandıraraq belə buyurur: ...O, [səcdə etməyə] təkəbbür göstərdi və kafirlərdən oldu. (Sad-74). İman filosofların dedikləri kimi, yalnız mərifət və tanımaq olsaydı, şeytan birinci mömin olmalı idi, halbuki mömin deyil. Çünki o, inadkar tanıyandır, yəni mərifət və tanımasına baxmayaraq, inad və müxalifət edir. Tanıdığı həqiqət müqabilində təslim olmur. Həmin həqiqətə rəğbəti yoxdur. Həmin həqiqətə əlaqə göstərmir və ona doğru hərəkət etmir. Deməli iman, təkcə tanımaq deyil. Buna görə də bizim filosofların çoxu Tin surəsinin ayələrinin birinin təfsirində səhvə yol veriblər. Həmin surə belədir:

 

And olsun əncirə və zeytuna, and olsun Tur dağına, and olsun bu təhlükəsiz, qorxusuz-xətərsiz şəhərə ki, biz insanı ən gözəl biçimdə yaratdıq. Sonra da onu qaytarıb rəzillərin rəzili edirik! Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa!

 

Filosoflar deyirlər ki, bu surənin 6-cı ayəsindəki İlləl-ləzinə amənu (iman gətirənlərdən başqa) ifadəsindən məqsəd nəzəri hikmət, Və əmilus-salihati (yaxşı əməllər edənlər) ifadəsindən məqsəd isə əməli hikmətdir. Bu düzgün deyil. İlləl-ləzinə amənu ifadəsində nəzəri hikmətdən üstün şeylər vardır və nəzəri hikmət onun bir hissəsi və təməlidir, iman yalnız hikmət, elm və tanışlıq əldə etmək demək deyildir, onda mərifət və tanışlıqdan üstün şeylər vardır.

 

Biz bura kimi əql məktəbi barəsində üç məsələni açıqladıq. Onlardan biri budur ki, əql höccətdir, onun əldə etdiyi şeylər mötəbərdir və o, düzgün agahlıq və bilik əldə edə bilər. İslam bu mətləbin düzgün olduğunu bildirib. İkinci məsələ bu idi ki, əql insanın yeganə cövhəridir. İslam bu məsələni təsdiq etmir. Üçüncü məsələ isə budur ki, islami iman əqlin həmin dərk, bilik və agahlığıdır və tanışlıqdan başqa bir şey deyil. İslam baxımından bu fikrin də düzgün olmamasını qeyd etmişdik.

  
İMANIN ƏSİLLİYİ 

Ortaya çıxan digər bir məsələ isə budur ki, iman və tanışlıq imanı tanışlığın eyni və ya tanışlığı onun bir hissəsi götürməyimizdən asılı olmayaraq əsasdır, yoxsa o, əməlin müqəddiməsidir və əsas deyil? Burada da iki böyük məktəb bir-birinə qarşı çıxaraq üz-üzə dayanır.

 

İman əsasdır sözündən məqsəd nədir? Yəni iman, insan əməlinin etiqad bazası olduğu üçün, islam onu bizə tövsiyə edib? Başqa sözlə desək, insan dünyada səy və təlaş etməli, həmişə fəaliyyətlə məşğul olmalı, həmçinin həmin fəaliyyət müəyyən proqrama əsasən həyata keçirilməli və habelə insan müəyyən hədəf, proqram və taktikaya sahib olmalı olduğu üçün etiqadi təmələ malik olmalıdır? Sualı sadələşdirmək üçün onu bir az da genişləndiririk. Belə ki, insan, fəaliyyəti istər-istəməz zehni olan bir varlıqdır. O, həyatında əməli proqramlara malik olmaq və hədəflərinə çatmaq üçün zehni və etiqadi təmələ möhtacdır və həmin şeylər bu təməl olmadan mümkün deyildir. İndi sual budur ki, ona, bu zehni məhsulları üzərində qurması üçün etiqadi təməl vermək lazımdırmı?

 

Bu eyni ilə bir bina, salon və ev tikmək istəyən şəxsə bənzəyir. Həmin şəxsin hədəf və məqsədi dörd divar, bir tavan, qapı, pəncərə və s. şeylərə malik olan bir salon tikməkdir. Hər hansı bir tikinti, o cümlədən bu salonun tikilməsində görüləcək ilk iş, yəni yerin qazılması və tikinti təməlinin tökülməsi həmin şəxsin hədəf və məqsədindən xaricdir, amma tikiləcək salonun möhkəmliyi və titrəyərək uçmaması üçün həmin işin görülməsi zəruridir.

 

Məsələn, kommunizm materializmə arxalanan və materialist fikirləri üzərində qurulmuş bir sıra etiqadi əsaslara malikdir. Onun, həmçinin bir sıra ictimai, siyasi, iqtisadi və əxlaqi əsasları vardır ki, həmin etiqadi əsaslar fikri quruluş baxımından bu əsaslar üçün təməldirlər. Amma kommunist şəxs üçün həmin fikri əsaslar hədəf deyildir. Doğrudan da kommunist üçün materializm hədəf deyil və bu onun üçün əsas məqsəd sayılmır. Amma o, səhvən belə fikirləşir ki, materializmsiz bu ictimai, siyasi, iqtisadi və əxlaqi əsasları heç cür yozmaq mümkün deyildir. Buna görə də bu əsasları yozmaq üçün həmin fikri əsasları qəbul edir. Son zamanlar dünyada olan kommunistlərin çoxu materializmi kommunizmdən ayırmağa başlayıblar. Onlar deyirlər ki, materializm nəinki bizim üçün əsas deyil, bəlkə bizim onu inkaredilməz əsas kimi qəbul etməyimizin heç bir lüzumu yoxdur, biz hətta materializmsiz olsa belə, kommunizmi istəyirik. İndi dünyanın bəzi yerlərində kommunist başçıları dinlə mübarizəni yavaş-yavaş azaltmağa başlayıblar. Bunun səbəbi odur ki, həmin fikri əsaslara inam onlar üçün əsas deyil. Həmin fikri əsaslar yalnız etiqadi baza və fikri təməldir. Dünyagörüşü olmadan ideologiya qurmaq mümkün olmadığı üçün, bu dünyagörüşünü onun altında qururlar. Bundan məqsəd öz ideologiyalarını həmin dünyagörüşü üzərində qurmaqdır. Amma əsas və hədəf ideologiyanın özüdür.

 

Bu məsələ islamda necədir? İslam da, Allah, mələklər, peyğəmbər, övliyalar və məada iman bəsləməyi fikri və etiqadi təməl təqdim etmək üçün irəli sürübmü? İslam, ideologiyasının fikri əsaslar üzərində qurmaq üçün bu fikri əsasları irəli sürüb və əslində, əsas hədəf ideologiyadır və bu fikri əsaslar əsassızdırlar? Yaxud bu fikri əsasların özləri də əsasdırlar? Bu sualın cavabı budur ki, həmin fikri əsaslar islam ideologiyasının etiqadi təməli olmaqla yanaşı, təməl dəyərinə malik deyillər. İslam da, iman və etiqadi təməldir və islam ideologiyası həmin iman üzərində qurulur, amma iman təməl dəyərinə malik olmaqla yanaşı həm də əsasdır. (Yəni hədəf də sayılır).

 

Deməli burada filosoflar haqlıdırlar və imanın dəyəri onun əmələ müqəddimə olmasına görə deyildir, onun özü əsasdır. Hər şey əməl, fəaliyyət və səydən ibarət deyil. Əgər imanı əməldən ayırsaq onun bir sütununu xarab etmiş olarıq. Həmçinin əməlin imandan ayrılması onun sütunlarından birini xarab etmək deməkdir. Quran həmişə iman gətirib yaxşı əməl edənlər... deyir. İman əməlsiz olsa, səadətin rükunlarından biri var, digəri isə yoxdur. Əməli əsas kimi tutub, imanı buraxmaq da düz deyil. Səadət çadırı bir sütun üzərində dayanmır. İslam baxımından imanın zatı dəyəri var və onun özü əsasdır. Doğrudan da insanın bu dünya, xüsusilə axirət dünyasındakı kamalı onun imanlı olması ilədir. Çünki islamda ruh doğrudan da müstəqildir, özünün kamalı var və o, insan öləndən sonra da qalacaqdır. Ruh öz kamilliklərinə çatmasa naqis olur və səadətə nail ola bilmir.

  
QURAN VƏ NƏHCÜL-BƏLAĞƏDƏN NÜMUNƏLƏR 

Quranın bu barədəki ibarətinə diqqət edin: Bu dünyada [Allahın dəlillərini, möcüzələrini görməyib gözü və qəlbi] kor olan axirətdə də kor olar və haqq yoldan daha da çox azar.

 

(İsra-72).

 

İmamlar və başqaları bu ayənin təfsirində deyiblər ki, məqsəd bu deyil ki, kimin zahiri gözləri bu dünyada kordursa, o dünyada da kor olacaq. Əgər belə olsaydı imam Cəfər Sadiq (ə)-ın səhabələrindən olmuş Əbu Bəsir o dünyada necə də pis vəziyyətdə olardı?! Xeyir! Məqsəd budur ki, kimin batini gözləri kor olsa və həqiqət, Allah, Allahın aşkar nişanələri və iman gətirməli olduğu şeyləri görməsə axirət dünyasında məhşərə kor gətiriləcəkdir, onun bundan başqa yolu yoxdur! Əgər fərz etsək ki, bir nəfər insanın, etməli olduğu bütün yaxşı əməlləri yerinə yetirib, insanları yaxşı əməllərə dəvət edərək pis işlərdən çəkindirmək sahəsindəki vəzifələrini tamamilə həyata keçirib, dünyada pərhizkarların ən pərhizkarı kimi yaşayıb və ömrünü Allah bəndələri yolunda sərf edib, amma Allaha iman gətirməyib, məad və varlıq aləmini tanımayıb, həmin insan doğrudan da kordur və axirətdə kor olmasında heç bir şübhə ola bilməz. Artıq, söhbət imanın bu zəhmət, səy və əməllər üçün yalnız müqəddimə olmasından getmir ki, biz insanın əməli düz olmalıdır, imanı olmasa da olar deyək. Xeyir, bu söz düz deyil.

 

Fəxri Razi bu rübaisində çox ali deyib:

 

 

Tərsəm berəvəm aləme can nadide

 

Birun rəvəm əz cəhan cəhan nadide

 

Dər aləme can çun rəvəm əz aləme tən

 

Dər aləme tən aləme can nadide

 

 

Onun qorxuram bu dünyadan gedəm, amma dünyanı görməyəmdən məqsədi bu qapı, pəncərə, yer-göy, dəniz, ulduz və s. şeyləri görmək deyil, ürəyimdəki gözün açılmamasından, islamın iman adlandırdığı, dünyanın ruhu, başlanğıcı, sonu və s. dərk etmədən ölməkdən qorxuram mənasıdır. Deyir ki, mən bədən aləmində ruh aləmini görməmişəmsə, bu aləmdən ruh aləminə gedəndə oranı necə görə bilərəm? Mən onu burada görməli idim və lakin bacarmadım. Fəxri Razi bu rübaidə İsra surəsinin 72-ci ayəsini, yəni bundan qabaq gətirdiyimiz ayəni məna edib.

 

Quran digər yerdə belə buyurur: O belə deyər: Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin.

 

Allah buyurar: Elədir, amma sənə ayələrimiz [möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər] gəldi, sən isə [özünün görməməzliyə vurub] onları unutdun [iman gətirmədin]. Bu gün eləcə də sən unudulacaqsan.

 

(Taha 125-126).

 

Qiyamət günü məhşərə kor gətirilən bəndə etiraz edərək deyəcək: Ey Rəbbim! Nə üçün məni məhşərə kor halında gətirdin, mənim dünyada gözüm görürdü, nə üçün burada kor olmuşam? Ona xitab olunacaq ki, dünyada malik olduğun göz bura yaramır. Burada başqa göz lazımdır və sən özün həmin gözü dünyada kor edibsən, buna görə də burada korsan. Bizim dünyada nişanələrimiz var idi. Sən, həmin nişanələrlə bizi görmək əvəzinə, bizi tanıyaraq həqiqəti dərk etmək yerinə, orada onları kor etdin. Buna görə də həqiqət aləminə gəldiyin zaman, məhşərə kor gətirilirsən. Bu dünyada yalnız həqiqi görüm faydalıdır.

 

Mütəffifin surəsində də belə buyurur: Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar. Allah-taala peyğəmbərə göstəriş verir ki, onlardan əl çəksin. Həmin gün onların gözlərini tor və pərdə tutacaqdır, onlar görmək üçün dünyada qəflət pərdəsini kənara çəkməli idilər. İmanın mənası budur: Ey insan, sən bura, bu dünyada gözünün o o biri dünyanı görməsi və qulağının burada oranı eşitməsi üçün gəlmisən.

 

Mən dəfələrlə gənclərin dini ədəbiyyat, xüsusilə Nəhcül-bəlağəyə diqqət yetirmələrini görəndə sevindiyimi bildirmişəm. Amma, yaddan çıxarmaq lazım deyil ki, sizlər Nəhcül-bəlağənin bütün cəhətlərini görməmisiniz. Orada göz və qulaqlar barəsində necə söhbət açdığına diqqət edin. Nəhcül-bəlağə imana əsas kimi baxır. Həzrət Əli (ə) imanın yalnız təməl və etiqadi dəyər olmasını demir. O, deyir ki, iman təməli və etiqadi dəyərə malik olmaqla yanaşı, həm də əsas dəyərə malikdir.

 

Əli (ə) Nəhcül-bəlağədə Allah əhli barəsində belə buyurur: Onlar, Allahı çağırmaq, istiğfar edərək Onda qərq olmaqla yanaşı, batinlərində bağışlanma mehi əsir. Yəni onlar bağışlandıqlarını hiss edir, duyurlar.

 

O həzrət başqa bir yerdə belə buyurur: Bütün dövrlərdə fikir və batinlərində öz Allahları ilə söhbət edən, Onu dinləyən insanlar vardır. Yəni Allah onların fikir və ağıllarında onlarla danışır.

 

Deməli, islamda Allahı, varlıq aləminin vasitələri olan mələkləri, ilahi feyz və bərəkətin bizlərə çatmasında digər vasitələr olan peyğəmbərləri və Allah övliyalarını tanımaq, bu dünyaya nə üçün gəldiyimizi və hara getdiyimizi bilmək və həmçinin istər-istəməz hamının Allaha doğru qayıdacağını (yəni məadı) dərk etmək əsasdır. Həqiqət və gerçəkliklərə iman gətirmək əsasdır və bu, əsaslı olmaqla yanaşı həm də islam ideologiyasının əqli və etiqadi təməlidir. Tam əsaslı olan iman, ideologiya üçün çox gözəl əqli və etiqadi təməl ola bilər. Buna görə də heç vaxt nə əməli imana və nə də imanı əmələ qurban verməyin. Bunların heç biri digərinə qurban verilməməlidir. Filosofların kamil insanı, ümumi götürdükdə kamil deyil, naqis insandır. Naqis insandan məqsədimiz budur ki, o, kamalın bir hissəsinə malikdir. Onların əqli kamalı əsas hesab etmələri düzgün fikirdir, amma insani kamilliyin digər cəhətlərinə göz yumaraq bütün kamilliyi əqli kamillikdə axtarmaları, onların kamil insanlarını yarımkamil yəni naqis edib. Filosofların kamil insanı yalnız bilik heykəlidir. O, yalnız bilir. Belə ki, onların fərz etdikdləri kamil insan hər şeyi yaxşı bilən bir varlıqdır. Həmin insan şövq, hərəkət, hərarət, gözəllik və digər başqa şeylərə malik olmayan, yalnız və yalnız bilən varlıqdır. İslam baxımından bacarığı yalnız bilmək olan və elmi bütün varlığı əhatə edən, necə deyərlər bir küncdə oturmuş dünya olan varlıq kamil deyil, naqis, yəni yarımkamildir.

 

İmam Musa ibni Cəfər (ə)-ın filosofların sözlərinin düz olan hissəsini təsdiqləyən, əqlin dəyəri barəsindəki rəvayətini oxumağa fürsət yoxdur. Əlbəttə bu barədə çox söz var. Bu barədə danışmaq istəsək bir iki gün vaxt lazımdır. Buna görə də, bu məktəb barəsindəki söhbətimizi burada sona çatdırırıq.

  
YEDDİNCİ FƏSİL   
İRFAN MƏKTƏBİ NƏZƏRİYYƏSİNİN GENİŞ İZAHI  

[Əksəriyyəti yazıb oxumaq bilməyən] ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu Peyğəmbər əvvəllər haqq yoldan açıq-aşkar azsalar da onlara Allahın ayələrini oxuyar, onları [günahlardan, şirk və küfr çirkabından] təmizələyər, onlara kitabı və hikməti [Quranı və şəriəti] öyrədər.

 

(Cümə-2).

 

Bundan əvvəlki söhbətlərimizdə kamil insanın klassik filosoflar baxımından bir cür, ariflər baxımından başqa bir cür, müasir filosoflar baxımından isə digər bir şəkildə olduğunu qeyd etdik və xülasə şəkildə əql, irfan, məhəbbət, qüdrət və xidmət məktəblərinə toxunduq. Sonra bu məktəblər barəsində geniş söhbət açmağa başladıq. Bu gün keçən söhbətlərimizdə əql məktəbi barəsində danışdığımız kimi, həmin məktəblərdən digər birinin nəzəriyyəsini geniş şəkildə araşdıracaq, islamın həmin məktəbin nəzərləri barəsindəki fikirlərini bəyan edəcəyik.

 

Bu günkü söhbətimizin mövzusu irfan və sufilik məktəbinin kamil insan barəsindəki nəzəriyyələridir. Arif və sufilərin kamil insan barəsindəki nəzəriyyələrini araşdırmaq bizim üçün çox mühümdür. Ərəstun və İbni Sina kimi filosofların kamil insan nəzəriyyələri xalq arasında yayılmayıb, onların bu barədəki sözləri fəlsəfi kitabların mətnlərində deyilib və orada da qalıb. Amma irfan və sufilik məktəbi özünün kamil insan nəzəriyyəsini şer və nəsrlə xalq arasında yayıb. İrfani kitablar öz məktəblərini şer və təmsil ilə bəyan etdikləri üçün xalq arasında geniş nüfuz qazanıblar. Filosofların məktəblərində olduğu kimi, bu məktəbin nəzəriyyələri arasında islamın qəbul etdiyi məsələlərlə yanaşı, irad tutduğu mətləblər də vardır. İslamın kamil insan nəzəriyyəsi arif və sufilərin kamil insanı ilə tam şəkildə uyğun deyildir.

  
ARİFLƏR NƏZƏRİNDƏN EŞQ 

Bundan əvvəlki söhbətlərimizdə qeyd etdik ki, filosoflar insanın zat və cövhərini onun əqli olduğunu bildirir, ondan başqa bütün şeyləri insanın zatından xaric və vasitə hesab edirlər. Onlar deyirlər ki, insanın mənliyi onun təfəkkür, məntiqi təfəkkür qüvvəsidir. Amma ariflər əql və təfəkkürü nəinki insanın mənliyi hesab etmir, hətta onları bir alət özü də çox mötəbər olmayan bir alət hesab edirlər. Ariflərin fikrincə hər bir insanın həqiqi mənliyi onların qəlb adlandırdıqları şeydir. Filosofların əql adlandırdığı şeyi, ariflər qəlb hesab edirlər. Əlbəttə, ariflərin qəlbdən məqsədi insanın sinəsində yerləşən bioloji ürək deyildir. Onlar insan mənliyinin professor Be ardın, üzərində cərrahiyyə əməliyyatı apardığı ürək olduğunu demək istəmirlər. Əql düşüncə, təfəkkür və hesablama mərkəzi mənasını daşıdığı kimi, qəlb də insanda olan duyğu və istək mərkəzidir. Ümumiyyətlə arif, hiss, duyğu və eşqə çox əhəmiyyət verir. Filosof fikirləşmək və məntiqi dəlil gətirilməsinə nə qədər əhəmiyyət və dəyər verirsə, arif də eşqi o qədər yüksək qiymətləndirir. Əlbəttə, arifin dediyi eşq, bizim qəzet-ju al eşqlərindən çox fərqlidir. Qəzet-ju al eşqləri cinsi eşqlərdir. Birincisi, arifin eşqi insanda yaranaraq Allaha çatan eşqdir və onun həqiqi məşuqu ancaq Allahdır. İkincisi, arifin dediyi eşq ancaq insana aid deyildir. Onların fikrincə bu eşq bütün varlıqlarda mövcuddur. İrfani kitablarda və həmçinin Əsfar kimi irfan meylli bəzi fəlsəfi kitablarda Eşqin bütün mövcudlarda cərəyanı adlı fəsl vardır. Bunun mənası odur ki, onların fikrincə eşq, varlığın bütün zərrəciklərində cərəyan edən həqiqətdir. Hava, daş və atom zərrəciklərində də eşq vardır. Ümumiyyətlə həqiqət eşqdir və ondan başqa gördüklərin, bu həqiqət üzərində qurulmuş məcazi şeylərdir. Mövlana deyir:

 

 

Eşq bəhri, asiman bər vey kəfi

 

Çun züleyxa dər həvaye yusifi.

 

 

Eşq dəniz, səma isə onun üzərində olan köpükdür, Yusifin fikrində olan Züleyxa kimi.

 

Arifin fikrincə eşq dəryadır, yer, göy və bütün təbiət aləmi onun üzərində olan köpük misalındadır. Hafiz də bu barədə belə deyir:

 

 

Ma bedin dər nəpeye heşməto cah amədeim

 

Əz bəde hadise inca be pənah amədeim

 

Rəhrove mənzele eşqim və ze sərhədde ədəm

 

Ta be iqlime vücud in həme rah amədeim.

 

 

Görün necə də ali deyib! Hafizin bu beyti imam Səccad (ə)-ın Səhifeyi-səccadiyyə kitabında olan ilk dualardan birinin tərcüməsidir. İmam Səccad (ə) Allaha həmd-səna etdikdən sonra belə buyurur: Allah əvvəlcə, dünyanı yoxluqdan yaratdı, sonra onları məhəbbət ilə icad etdi. (İmam (ə) yaratmaq mənasını ərəb dilindəki ibda kəlməsi ilə ifadə edib. İbdanın mənası heç bir nümunəyə əsaslanmadan bir şey düzəltməkdir.) Hafiz də bu beytdə həmin mənanı gətirib.

  
KAMALA ÇATMAQ YOLU 

Arif bütün dünyaya yalnız bir həqiqət qail olduğu və həmin həqiqətin eşqdən ibarət olduğunu bildirdiyi üçün onun fikrincə, insanın həqiqəti filosofun dediyi kimi fikir deyil, onun qəlbidir. Qəlbdən də məqsəd ilahi eşq mərkəzidir. Deməli, əql məktəbi ilə eşq məktəbi arasındakı fərqlərdən biri insanın mənliyi məsələsidir. İnsanın mənliyi onun fikirləşmə mərkəzidir, yoxsa eşq bəslədiyi yer? Arif deyir ki, sənin mənliyin fikirləşmə mərkəzi deyil, eşq bəsləmə mərkəzidir.

 

Filosofun fikrincə, kamil insan məqamına çatmaq istəyən şəxs hansı vasitə ilə hərəkət edib irəliləməlidir? O deyir ki, insan bu məqama məntiq, deduksiya, müqayisə nəticəsi, təfəkkür və məntiqi dəlillərlə çatmalıdır. Amma arif deyir ki, məsələ elm, savad, söz-söhbət, məntiq, müqəddimə, deduksiya və s. ilə deyil.

 

 

Dəftəre sufi səvado hərf nist

 

Coz delesbid həm çun bərf nist.

 

 

Bütün bunların yerinə nəfsini təmizləməklə məşğul ol! Filosof deyir ki, fikirləş, dərs oxu, müəllim yanına get, amma arif deyir ki, nəfsini təmizləyərək pak və saf et, çirkin, rəzil əxlaq və davranışı özündən uzaqlaşdır, bacardıqca haqdan başqa şeylərə olan diqqətini özündən kənar et və haqqa diqqəti gücləndir, zehnindən keçən şeylərə nəzarət edərək onları öz əlinə al, qəlbinə Allah fikrindən başqa nə gəlsə divdir. Nə qədər ki, div var Allah nuru olan mələk sənin qəlbinə gəlməz.

 

 

Bər səre anəm ki gər zedəst bərayəd

 

Dəst be kari zənəm ki qosse sərayəd

 

Xəlvəte del nist caye sohbəte əğyar

 

Div çu birun rəvəd fereşte dərayəd

 

Sohbəte hukkam zolməte şəbe yəldast

 

Nur ze xurşid cuy bu ki bərayəd

 

Bər dele ərbabe bi müruvvəte dünya

 

Çənd neşine ke xace key bedərayəd

 

Tərke gedayi məkun ke gənc beyabi

 

Əz nəzəre rəhrovi ke dər qozərayəd.

 

 

Şair burada insanı böyük şəxsiyyət və qüdrət sahiblərinin qapısına getməkdən çəkindirdikdən sonra deyir ki, yolçuluğu tərk etmə, amma hansı yolçuluğu? Kamil insan qarşısında olan yolçuluğu!

 

 

Tərke gedayi məkun ke gənc beyabi

 

Əz nəzəre rəhrovi ke dər qozərayəd.

 

 

Hər halda bu məktəbin kamil insan məqamına çatmaq üçün təklif etdiyi yol və vasitə nəfsi islah edərək təmizləmək və Allaha diqqət etməkdir. Bu məktəb tərəflarlarının fikrincə insan Allaha nə qədər çox diqqət etsə, zehnindən Allahdan başqasına olan fikri nə qədər çox çıxartsa və öz batininə dalaraq xariclə əlaqəsini nə qədər çox kəssə, bir o qədər kamil insan məqamına yaxınlaşmış olar.

 

Təbii ki, onlar bəhs, deduksiya və məntiqə dəyər vermirlər. Mövlana deyir:

 

 

Paye istidlaliyan çubin bovəd

 

Paye çubin səxt bi təmkin bovəd

 

 

Dəlilə əsaslananların dayaqları çubuqdan olar və çubuq dayaq çox zəif və müqavimətsizdir.

 

Digər bir yerdə isə belə deyir:

 

 

Bəhse əqli gər dorro mərcan bovəd

 

On degər başəd ke bəhse can bovəd

 

Bəhse can əndər məqame digərəst

 

Bade canra qivame digərəst

 

 

Yolun sonu haradır? Filosofun fikrincə yolun sonu insanın özü-özlüyündə bir aləm düşüncə və təfəkkür dünyası olmasıdır. Bütün dünya, ümumi şəkildə olsa belə, onun əql aynasına düşməlidir. Yəni o, dünyanı öz içində görməlidir. Filosof yolunun son nöqtəsi bilmək və dünyanı görməkdir. Bəs ariflər yolunun son nöqtəsi haradır? Ariflər yolunun sonu, görmək deyil, çatmaqdır. Nəyə çatmaq? Haqqın zatına çatmaq. Onların fikrincə insan öz batinini təmizləsə, eşq miniyi ilə hərəkət etsə və yol boyu olan mənzilləri daha kamil insanın nəzarəti altında keçsə, sonda onunla Allah arasındakı pərdə tamamilə götürülər və onların dili ilə desək, insan Allaha çatar. Quranda Allaha qovuşma məsələsi irəli sürülüb və ariflər bu barədə çox geniş söhbətlər ediblər. Mən indi Allaha qovuşma məsələsinə girişib onun məna verib-vermədiyi barəsində danışmaq istəmirəm. Amma hər halda arif uğursuz və nəs düşüncə dünyası və dünyanı əks etdirən nəs ayna olmaq istədiyini demir. O, dünyanın mərkəzinə çatmaq üçün hərəkət etdiyini bildirir. Ey insan! Sən [ölənə qədər] Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan!... (İnşiqaq-6). Ora gedib çatdıqdan sonra sən hər şeysən və sənin hər şeyin var. Sənin hər şeyin var, amma sən heç nə istəmirsən. Müəmma da burdadır. Sən elə bir məqama çatırsan ki, sənə hər şey verirlər və sən Ondan başqa heç bir şeyə etina etmirsən. Əbu Səid Əbulxeyr necə də şirin deyib:

 

 

On kəs ke tora şenaxt canra çe konəd

 

Fərzəndo əyalo xanemanra çe konəd

 

Divane koni hər do cəhanəş bəxşi

 

Divaneye to hər do cahanra çe konəd

 

 

Mənası:

 

 

Səni tanıyan canı neynir,

 

övlad, arvad, evi neynir.

 

Sən dəli edib hər iki dünyanı verirsən,

 

Sənin dəlin iki dünyanı neynir.

 

 

Əbu Səid deyir: Sən, Səni tanıyanı əvvəlcə özünə vurğun edirsən və sonra ona hər iki dünyanı verirsən; Sən iki dünyanı ona o vaxt verirsən ki, o, onları qətiyyən istəmir. Nə qədər ki, Səni tanımamışdı hər şeyi istəyirdi, amma onda onları ona vermirdin; Səni tanıyandan sonra isə ona hər şeyi verirsən amma o, həmin vaxt heç nəyə etina etmir, çünki artıq Səni tapıb, artıq nə dünya və nə də axirəti istəyir; yalnız dünya və axirətdən üstün olan Səni istəyir.

 

İndi gərək islamın bu barədəki nəzərini açıqlayaq və görək ki, ariflərin kamil insanı islami ölçülərlə düz gəlir, yoxsa yox? İndiyə kimi etdiyimiz söhbətlərdən ariflərin kamil insandan məqsədlərinin nə olduğu məlum oldu. Ariflərin kamil insanı Allaha çatan, Allaha çatdıqdan sonra bütün ilahi ad və sifətlərin kamil təzahürü olan və haqqın zatı onda zühur edərək cilvələnən aynadır.

 

Filosofların təsvir etdiyi kamil insanın islam baxımdan kamil deyil, naqis olduğunu bəyan etdiyimiz və həmin məktəbin nəzəriyyələrinin hansı hissəsinin bu din baxımından təsdiq və hansı hissələrinin rədd edildiyini dediyimiz kimi, bu məktəb barəsində də həmin yolla gedəcəyik. İslamda nəfsin təmizlənərək saflaşdırılması adlı məsələ vardırmı? Bəli, şübhəsiz ki, islamda belə bir məsələ mövcuddur, çünki bu məsələ Quranın mətnində gəlmişdir. Nəfsini [günahlardan] təmizləyən mütləq nicat tapacaqdır!

 

Onu [günaha] batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.

 

(Şəms 9-10).

 

Allah-taala bir-birinin ardınca yeddi dəfə and içdikdən sonra buyurur ki, səadət və xoşbəxtlik nəfsini təmizləyənlərə, bədbəxtlik isə nəfs, ruh və batinlərini çirkinlik və rəzil sifətlərə düçar edənlərə məxsusdur.

  
LÜTFLƏ BAĞIŞLANAN ELM 

İslamda nəfsin təmizlənməsi elmə doğru olan bir yoldurmu? Quranın Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır deməsində heç bir söz ola bilməz, amma haqqı tanımaq yolu nəfsin təmizlənməsidir, yoxsa Onu tanımaq və elm əldə etmək; yəni, yalnız filosofların dedikləri dəlil, bürhan və deduksiya yoludurmu?

 

Şübhəsiz ki, islam bura kimi deyilənləri təsdiq edir. İslam peyğəmbərinin inkaredilməz bir cümləsi vardır ki, həm şiələr və həm də sünnilər onu nəql ediblər. Peyğəmbər (s) buyurub: Kim qırx gecə-gündüz əməllərini yalnız Allah xatirinə (saf niyyətlə) yerinə yetirsə, hikmət çeşmələri onun qəlbindən dilinə cari olar. Məqsəd budur ki, qırx gün onun vücudunda Allah razılığından başqa heç bir şey hakim olmasın, danışması, susması, baxması, göz yumması, yeməyi, yatmağı, oyaq qalmağı, bir sözlə hər bir şeyi Allah üçün və Onun razılığını əldə etmək üçün olsun. Yəni öz proqramını elə tənzim etsin və ruhunu elə təmizləsin ki, Allahdan başqa heç bir şey üçün qətiyyən iş görməsin, necə deyərlər həzrət İbrahim (ə) olsun. De ki: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

 

(Ənam-162).

 

Bəli, Peyğəmbər buyurub ki, kim qırx gün nəfsi istəklərini tamamilə buraxıb həmin müddətdə Allahdan başqa heç bir şeyi nəzərdə tutmadan iş görsə və Ondan başqa heç bir şeylə yaşamasa elm və hikmət çeşmələri onun batinindən qaynayaraq dilində cari olar. Deməli islam, lütf və feyzlə bağlanan, yəni daxildən qaynayaraq çıxan elmi qəbul edir. Əlbəttə islam, əqli elmi də qəbul edir və davamçılarını ona doğru çağırır. Musa (ə)-a buyurur: Bizim bir bəndəmiz var, onun yanına get və ondan elm öyrən. Biz həmin bəndəmizə öz tərəfimizdən, öz yanımızdan elm vermişik. Məqsəd budur ki, o, elmini hansısa insandan öyrənməyib, biz onun daxilində elm çeşmələri qaynatmışıq.

 

Hafiz özünün o sirli şirin dili ilə həmin hədisi nəzmə çəkərək məna edib.

 

 

Səhərgəh rəhrovi dər sərzəmini

 

Həmi qoft in muəmma ba qərini

 

Ki ey sufi şərab on gəh şəvəd saf

 

Ki dər şişe bemənəd ərbəini.

 

 

Peyğəmbər (s) həmçinin belə buyurub: Əgər şeytanlar Adəm övladlarının qəlbləri ətrafında fırlanıb onda qübar və qaranlıqlar yaratmasaydı, onlar qəlb gözü ilə məlaikə və ruh aləmini müşahidə edərdilər. Bu hədis bizim Camius-səadət kimi hədis kitablarımızda da nəql edilib. O həzrət həmçinin belə buyurub: Əgər sizin [yersiz] çərənçilikləriniz və artıq danışmaqlarınız və qəlblərinizdəki çəmənliklər olmasaydı [və orada hər bir heyvan otlamasaydı] mənim gördüklərimi görər, eşitdiyim səsləri eşidərdiniz. Məqsəd budur ki, həmin şeyləri görmək və ya eşitmək üçün insanın peyğəmbər olması lazım deyil; bəzən Məryəm kimi peyğəmbər olmayan şəxslər də o səsləri eşidirlər.

 

Əli (ə), Peyğəmbərlə (s) birlikdə Həra dağında olanda 10 yaşlı uşaq idi. Peyğəmbərə ilk dəfə vəhy nazil olanda və dünya, o həzrət üçün başqa bir şəklə düşəndə onun qeybdən eşitdiyi səsləri Əli (ə)-da eşidirdi. Əli (ə) Nəhcül-bəlağədə nəql edir: Peyğəmbərə dedim ki, ey Allahın peyğəmbəri, ilk dəfə vəhy nazil olanda şeytanın naləsini eşitdim. Peyğəmbər (s) mənə dedi: Bəli, mən eşitdiklərimi sən də eşidirsən və mənim gördüklərimi sən də görürsən, amma buna baxmayaraq sən peyğəmbər deyilsən.

 

Buna görə də nəfsin təmizlənməsi, saflıq və nəfsi istəkləri özündən uzaqlaşdırmaq insanın qəlbini saflaşdırmaqla yanaşı, daha çox və yüksək təsirlər göstərir, onun vasitəsilə insanın daxilindən elm və hikmət çeşmələri qaynayır.

  
RUHUN TƏRƏQQİ VƏ TƏNƏZZÜLÜ 

Əllamə Məclisi Biharul-ənvar kitabında belə bir hədis nəql edib: Peyğəmbərin (s) mömin olan səhabələri özlərində qeyri-adi bir hal hiss etdilər. Onlarda belə bir qorxu yarandı ki, birdən münafiq olarıq və özümüzün xəbərimiz olmaz. Peyğəmbərin yanına gəlib dedilər: Ey Allahın peyğəmbəri, biz münafiq olmağımızdan qorxuruq. Peyğəmbər (s), onlardan bunun səbəbini soruşdu. Onlar dedilər ki, biz sənin mübarək hüzurunda oturanda və siz söhbət və moizə edəndə, Allahdan, qiyamətdən, günahlardan tövbə etmək və istiğfardan danışanda çox yaxşı hala düşürük, amma sizin yanınızdan getdikdən və arvad-uşağımızla bir az oturduqdan sonra onlar uşaqlarımızı iylədikdən sonra ifadəsini işlədiblər hamımızın dəyişdiyimizi, yenə də əvvəlki adam olduğumuzu görürük. Ey Allahın peyğəmbəri, bu münafiqlikdirmi? Olmaya bu nifaqdır və biz münafiq olmuşuq? Peyğəmbər (s) onlara belə buyurdu: Xeyir, bu nifaq deyil. Nifaq ikiüzlülükdür, bu isə ikihallılıqdır. İnsanın ruhu bəzən çox yüksək olur və bəzən də aşağı düşür. Siz mənim yanımda olanda və bu sözləri eşidəndə belə bir hala düşməyiniz labüddür. Peyğəmbər (s) sonra bu cümləni buyurdu: Əgər mənim yanımda olduğunuz halda qalaraq ondan çıxmasanız mələklərin gələrək sizinlə əl-ələ görüşdüklərini və batmadan su üzərində yol gedə bildiyinizi görərsiniz. O, sizin üçün həmişə qalacaq bir hal deyil. Həmin hal sizin üçün bir adət şəklini alsa bu məqamlara çatarsınız.

 

Məncə Sədinin bu məşhur beyti həmin hədisin tərcüməsidir, amma o, mətləbi Yəqub (ə)-ın dilindən başqa cür nəql edib:

 

 

Yeki porsid əz on qomkərde fərzənd

 

Ke ey roşən qohər pire xerədmənd

 

Zemesrəş buye pirahən şenidi

 

Çera dər çahe kənanəş nə didi?

 

 

Bir nəfər oğlunu itirmiş şəxsdən (həzrət Yəqubdan) soruşdu ki, ey parlaq cövhərli, dərrakəli qoca: Misirdən (Yusifin) köynəyinin iyini aldın, bəs nə üçün onu Kənan quyusunda olanda görmədin?

 

Yusif Misirdə özünü qardaşlarına təqdim etdi və köynəyini onlara verdi ki, onu özləri ilə aparsınlar. Onlar Kənana çatmamış həzrət Yəqub belə dedi: ...Əgər məni səfeh hesab etməsəydiniz [və ya yalançı hesab edib danlamasaydınız], deyərdim ki, Yusifin ətrini alıram!

 

(Yusif-94).

 

Şerdə də kimsə Yəqub peyğəmbərə xitab edərək deyir: Sən Misirdən Yusifin köynəyinin ətrini necə hiss edirsən, halbuki o, öz kəndinizdə Kənan quyusunda idi, amma sən bunu hiss etmədin? Nə üçün onu quyuda olanda görmədin?

 

 

Be qoft əhvale ma bərqe cəhanəst

 

Dəmi peydavo digər dəm nihanəst

 

Gəhi bər tarəm əla neşinim

 

Gəhi bər poşte paye xod nəbinim.

 

 

Bizim halımız ildırım parıltısı kimidir, bir an görünür və bir an yoxa çıxır, bəzi vaxtlarda çox yüksəklikləri seyr edərik və bəzi vaxtlarda öz ayağımızın altını görmərik.

 

Hafizin dili ilə desək:

 

 

Bərqi əz mənzili leyli be derəxşid səhər

 

Vəh ki ba xərməni məcnun dele əfkar çekərd.

 

 

Leylinin evindən bir şimşək çaxdı, bədbəxt Məcnunun xarmanına gör necə od vurdu.

 

Bura kimi Yəqubdan soruşulan sualın davamı və onun verdiyi cavab idi. Bundan sonra Sədi belə deyir:

 

 

Əgər dərviş dər hali bemandi

 

Səro dəst əz do aləm bər fəşandi.

 

 

Əgər arif onun üçün yaranmış hal və vəziyyətdə qalsa iki dünyadan da yuxarı qalxar.

  
KAMİL İNSANIN MƏNƏVİ RİYAZƏTİ (RUHİ MƏŞĞƏLƏLƏRİ)  

İndi, bütün bunları təsdiq etmək üçün sizlərə Nəhcül-bəlağənin bir hissəsini oxuyacağam. İndiyə kimi olan söhbətlərimizdə dəfələrlə demişəm ki, Nəhcül-bəlağə Əli (ə)-ın özü kimidir. İnsanın sözləri onun özü kimi olur. Çünki söz insan ruhunun tənəzzülə uğramış forması və onun cilvəsidir. Alçaq ruhun sözü alçaq, uca və yüksək ruhun sözü isə ali olur; məhdud ruhun sözü birtərəfli, geniş ruhun sözü isə hərtərəfli olur. Əli (ə) ziddiyyətlər toplusu olduğu üçün onun sözləri də ziddiyyətlər toplusudur. Onun sözlərində, irfan öz ali həddində, fəlsəfə özünü ən yüksək nöqtəsində, azadlıq, qəhrəmanlıq və əxlaq da özlərinin ən yüksək həddindədir. Nəhcül-bəlağə də Əli (ə)-ın özü kimi hərtərəflidir. O həzrət söhbətlərinin birində belə buyurur: Mənəvi riyazətlə məşğul olan şəxs əqlini dirildərək nəfsini öldürür. Bu şəri riyazət elə bir həddə çatıb ki, onu nazikləşdirib, bədəninin ətini əridib, ruhunun sərtliklərini lətifləşdirib və onların ruhları incələşib; belə bir vəziyyətdə birdən onun daxilində bir qığılcım parlayır və ona yol göstərir; o, bu qapıdan digər qapıya gedərək sonda yolunun axırı olan səadət mənzilinə çatır.

 

Deməli islam, kamil insanın mənəvi riyazətlə məşğuliyyətini, nəfsini təmizləməli olan insan olması fikrini təsdiq edir.

 

Bundan başqa bir sual da meydana çıxır ki, görəsən islamın kamil insanı riyazətlə, yəni ruhi məşğələlərlə məşğul olan insandırmı? Mərhələ-mərhələ, addım-addım irəliləyən insandırmı? Riyazətlə məşğul olaraq yavaş-yavaş inkişaf edən şəxsdirmi? Sualların cavabı müsbətdir. Çünki həzrət Əli (ə) buyurur: O, bu qapıdan digər bir qapıya gedər, üzünə yeni qapılar açılar və mərhələləri arxada qoyaraq, sonda asayiş qapısı adlandırılan qapıya çatar. Ora çatmaq isə yolun sonuna çatmaq deməkdir.

 

Haqqa yaxınlaşmaq fikri düzgündümü? Bəli, şübhəsiz ki, insan ora çatdıqdan sonra onunla Allah arasında pərdə olmur və o, qəlb gözü ilə Rəbbini görür. Həmin şəxs, artıq bizim kimi göyə, yerə və s. baxmaqla Allahı görməyə çalışmır. Xeyir, onun üçün belə sözlər mənasızdır; Allah onun üçün yarpaq, yer, göy və digər şeylərdən də aşkardır.

 

Məgər imam Hüseyn (ə) həmin mətləbi buyurmayıbmı? İlahi, Səndən başqasının elə bir zühuru varmı ki, Sənin olmasın?

 

Bir nəfər həzrət Əli (ə)-dan soruşur: Allahı görmüsənmi? Əli (ə) onun cavabında belə buyurur: Mən heç vaxt görmədiyim Allaha ibadət etməmişəm. Amma o həzrət, həmin şəxsin Allahı adi gözlə görməyin mümkünlüyünü və Onun məkana malik olmasını fikirləşməməsi üçün sözünün davamında belə deyir: Onu bu zahir gözlər görməz, qəlblər iman həqiqəti ilə Onu müşahidə edərlər.

 

 

Ey nuri səmavati zəmin gərçi nihansan

 

Amma nəzəri arifi danada əyansan

 

Batin gözünün görməyə yox səndə qüsuru

 

Zahir gözü görməz səni əlbəttə nihansan.

 

  
İRFAN MƏKTƏBİNƏ OLAN BƏZİ İRADLAR   
1. əqli təhqirlər  

İslam, ariflərin kamil insanını yuxarıdakı qədər təsdiq edir. Amma irfan məktəbində bəzi şeylər təhqir edilib ki, islam həmin alçaltmalarla razılaşmır və buna görə də, ariflərin kamil insanı da bu din baxımından yarımkamildir. İrfanda elm və əql çox təhqir edilib. İslam qəlbi qəbul etməsinə baxmayaraq, heç vaxt əqli təhqir etməyib. Eşq riyazət və mənəvi seyrləri təsdiq edir və əql, fikir, deduksiya və məntiqi təhqir etməklə razılaşmır. İslam əql, fikir, dəlil və təfəkkürə çox hörmət bəsləyir. Buna görə də islamın müxtəlif dövrlərində, xüsusilə son dövrlərdə qəlb və əqlə birlikdə əhəmiyyət verən qruplar tapılıb. Şeyx Şəhabəddin Söhrəvərdi təqribən həmin yolla gedib. Sədrul-mütəəllihin Şirazi isə Qurana tabe olaraq əql və qəlb yolunun hər ikisini Söhrəvərdidən də çox möhtərəm saymağa çalışıb. Şirazi bəzi filosoflar kimi qəlb yolunu təhqir etməyib və həmçinin bəzi arif və sufilər kimi əqli alçatmaq yolunu tutmayıb, hər iki yola hörmətlə yanaşmaq istəyib. Deməli məlum oldu ki, irfanda və ya ən azı bəzi ariflərin sözlərində elm və əqlin təhqir olunması islam tərəfindən təsdiqlənməyib. Quranın kamil insanı əqli baxımdan da kamala çatmış insandır və əqli kamal onun kamilliyinin bir hissəsidir.

  
2. tam batinpərəstlik 

İrfan məktəbinin kamil insanının islam tərəfindən təsdiq edilməyən digər cəhətlərindən biri də həmin məktəbdə yalnız batinpərəstliyin irəli sürülməsidir. Belə ki, bu məsələ xaricə diqqəti tamamilə kölgə altında saxlayıb. Bu məktəbdə fərdi cəhətlər çoxdur və ictimai cəhətlər məhv olub və ya çox zəifdir. İrfan məktəbinin kamil insanı ictimai insan deyil; o, başını ancaq öz komasına salıb və başqa heç bir şeylə işi yoxdur. İslam qəlb, eşq, mənəvi riyazət, lütflə bağışlanan mənəvi elm və nəfsin təmizlənməsi barəsində deyilənləri təsdiq etməklə yanaşı, kamil insanı da hərtərəfli bir vücud kimi təqdim edir. İslamın kamil insanı həm xaricə və həm də cəmiyyətə meylli bir insandır və o, yalnız öz komasında qərq olmayıb. Gecə öz komasında qərq olaraq dünya və onda olan hər şeyi unudursa, gündüz cəmiyyət içində olur. Bundan əvvəl dediyimiz kimi, imam Zamanın (ə)-ın kamil müsəlman nümunələri olan səhabələri barəsində rəvayətlərdə dəfələrlə təkrar edilib ki, onları gecə görsən bir dəstə rahibi gördüyünü düşünərsən, elə bil ki, dağ ətəyindəki mağarada yaşayan və ibadətdən başqa heç nə anlamayan bir qrupla rastlaşmısan. Amma onlar gündüz aslana dönürlər. Onlar gecə rahibləri və gündüz aslanlarıdırlar. Quran da bu sifətləri bir yerdə cəmləyib. [Onlar Allaha] tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar [və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər], rüku və səcdə edənlər [namaz qılanlar], yaxşı işlər görməyi əmr edib, pis işləri yasaq edənlərdir...

 

(Tövbə-112).

 

Bu ayənin səcdə edənlər ifadəsi də daxil olmaqla olan hissəsi batini, ondan sonrakı hissəsi isə ictimai cəhətləri açıqlayır. Ayə, həmin batini sifətlərə malik şəxslərin öz cəmiyyətlərinin islahatçıları olmasını bildirib. Həmçinin digər bir ayədə belə buyurur: Məhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [möminlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər...

 

(Fəth-29).

 

Bu ayədə əvvəlcə onların cəmiyyət meyilli olmaları açıqlanıb və onların haqq və həqiqət düşmənləri, inadkarlar və kafirlərə qarşı sərt və möhkəm olmaları, iman əhlinə qarşı isə mehriban, mərhəmətli və xeyirli olmaları bildirilib: Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Yəni sən cəmiyyət meyilli həmin insanları rüku və səcdə halında görərsən; onlar öz Allahından razılıq və lütf diləyərlər; yəni özləri üçün dünya və axirət istəmirlər və onlar üçün haqqın razılığı hər şeydən üstündür. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir.

 

Bəli, bu məktəb tərəfdarlarının ancaq batinpərəst olmaları onların kamil insanlarında olan zəif nöqtələrdən biridir. Əlbəttə, irfan məktəbi başçılarının çoxu, islam təlimlərinin güclü təsiri altına düşdükləri üçün bu zəif nöqtəni başa düşüblər və öz sözlərində buna toxunublar. Amma buna baxmayaraq bəzi vaxtlarda bu cür ifratlar yaranıb; yəni batinpərəstlik o həddə çatıb ki, xaricə meyl tamamilə rədd və inkar edilib. İslam bu məsələni təsdiq etmir.

  
3. nəfsi öldürmək 

Bu məktəbdə, barəsində danışılan məsələlərdən biri də nəfsi öldürməkdir. İslam terminləri arasında nəfsi öldürmək kəlməsi yoxdur. Bir-iki yerdə nəfsi öldürmək ifadəsi işlədilib ki, onlardan biri bundan əvvəlki söhbətlərimizdə Nəhcül-bəlağədən oxuduğum hissədədir. Bir də ölməmişdən qabaq nəfsinizi öldürün ifadəsi vardır. Adətən islami ifadələrdə söhbət nəfsin təmizlənməsi və islah edilməsi barəsindədir.

 

Şairlərin sözlərində nəfsi öldürmək məsələsi çox işlədilib. Əlbəttə biz bu ifadə ilə də müxalif deyilik. Amma məsələ burasındadır ki, bizim irfanda nəfsi öldürmək və özünü sındırmaq, yəni eqoist və xudpəsənd olmamaq barəsində elə danışılıb ki, bu çox vaxt islamda özünə hörmət (heysiyyət) adlandırılan əsaslı bir məsələnin unudulmasına səbəb olub. Bu mətləb daha geniş bəhs edilməsini tələb edir.

 

Söhbətimin əvvəlində dediyim kimi, irfan şirin olduğu və ariflər ədəbiyyat, nəsr və nəzm dili ilə öz iddialarını çox deyib yaydıqları üçün onların kamil insan nəzəriyyələri bizim cəmiyyətin müqəddəratında çox təsirlidir. Belə ki, biz çox vaxt uca və ali insanın ariflərin dediyi insan olmasını fikirləşirik. Buna görə də ariflərin dediyi uca və ali insan barəsində daha çox danışmaq lazımdır. Toxunduğumuz son nöqtəni də onların zəif nöqtələrindən biri olmasına işarə etmək xatirinə qeyd etdim. İnşallah gələn söhbətimizdə həmin mətləb və digər məsələlər barəsində geniş söhbət edəcəyik.

  
SƏKKİZİNCİ FƏSİL   
1. İRFAN MƏKTƏBİNİN TƏNQİD VƏ ARAŞDIRILMASI  

[Əksəriyyəti yazıb oxumaq bilməyən] ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu Peyğəmbər əvvəllər haqq yoldan açıq-aşkar azsalar da onlara Allahın ayələrini oxuyar, onları [günahlardan, şirk və küfr çirkabından] təmizələyər, onlara kitabı və hikməti [Quranı və şəriəti] öyrədər.

 

(Cümə-2).

 

Bəhslərimiz əslində islam baxımından kamil insanı tanımaq məqsədi daşıyır. Əvvəlki söhbətlərimizdən birində qeyd etdik ki, insan özü-özündən ayrıla bilən yeganə varlıqdır, yəni biz, itlik xislətinə malik olmayan it, pişiklik xislətinə malik olmayan pişik və həmçinin pələngin sifətinə malik olmayan pələng tapa bilmərik. Dünyada olan hər bir pələng, bizim pələnglik adlandırdığımız xislətlərin hər birinə instinkt surətdə malikdir. Amma insan, insanlıq xüsusiyyətlərinə malik olmur və o, həmin xislətləri qazanaraq əldə etməlidir. Həmçinin dedik ki, insanın insan olması onun bioloji quruluş və sistemi ilə qətiyyən bağlı deyil. Belə ki, qədim (və müasir) terminalogiyada insanlıq və adamlıq adlandırılan şey insanın bioloji xüsusiyyətlərindən ayrı bir şeydir.

 

 

Təne adəmi şərifəst becane adəmiyyət

 

Nə həmin libas zibast neşane adəmiyyət.

 

 

İnsan vücudu onun insanlıq ruhuna malik olması səbəbindən əziz və şərəflidir. Gözəl paltar adamlıq və insanlıq nişanəsi deyildir.

 

Ümumiyyətlə məlumdur ki, müəyyən bir varlığı insan adlandırdığımız üçün onun müəyyən bioloji quruluş və sistemə malik olması kifayət deyildir. Adamlıq və insanlıq başqa bir şeydir. Anadan doğulan hər bir şəxs bu mənanı daşıyan insan deyil. Hətta deyiblər: Molla olmaq çox asan, adam olmaq çətindir.

 

İnsan dünyaya alim deyil, alim olmaq istedadlarına malik olan bir varlıq gəldiyi kimi, adam deyil, adam olmaq imkan və istedadına malik bir varlıq kimi gəlir. Belə olan surətdə, bu sual ortaya çıxır ki, hər bir şəxsin olmalı olduğu adamlıq və insanlıq nədir? Həkim və bioloq bu insanlığı bizə göstərə və ya tanıtdıra bilməz. İnsanlıq elə bir şeydir ki, dünyanın ən materialist məktəbləri belə, onu inkar etmirlər. Amma bu elə bir şeydir ki, onu maddi meyarlarla ölçmək mümkün deyildir. Buna görə də biz, insanın özü üçün mənəviyyat qapısı olduğunu deyirik. İnsanın öz vücudunda məna aləmini dərk etməsi və maddi məsələlərdən başqa digər şeylərin də olmasını anlaması üçün olan qapılardan biri insanlıq qapısıdır. Bu elə bir qapıdır ki, mövcud olmasına baxmayaraq, hiss və duyğu orqanları ilə hiss edilməzdir. O, labaratoriyalarda axtarılmaqla tapılmır, amma bütün dünya onun olmasını qəbul edir. Dünyanın ən materialist adamları belə, insani dəyərlər deyəndə, qeyri-maddi insani işlər və məsələləri nəzərdə tuturlar.

 

Biz, islam baxımından əsaslı olan insani dəyərləri tanımaq, yəni bu dinin insanın əsaslı dəyərlərini nə hesab etdiyini başa düşmək istəyirik. Müxtəlif məktəblərin nəzərlərini açıqlayaraq onları tənqid etməyincə isə, islamın nəzərlərini tanıyaraq dərk edə bilmərik. Tənqiddən məqsəd irad tutmaq deyil, həqiqi tənqiddir. Həqiqi tənqid sərrafçılıq kimidir, yəni onun qızıl pul üzərində gördüyü işi görmək istəyirik. Sərraf həmin pulun neçə faizinin təmiz qızıl, neçə faizinin gümüş və başqa şey olmasını müəyyənləşdirmək üçün onu xüsusi daşla yoxlayır və əyarını əldə edir. Buna görə də tənqid, hər şeyi rədd etmək demək deyildir. Bizim tənqid etməkdən məqsədimiz, islam meyarlarının həmin pulların nədən düzəldiyini müəyyənləşdirməsidir. Biz bu araşdırmamızda filosof, arif və digər məktəblərin düzəltdikləri pulları yoxlamaq istəyirik. Buna görə də onları bir-bir irəli sürərək barələrində söz açırıq. Başqalarının pullarını dəqiq şəkildə araşdırmayınca islamın təqdim etdiyi pulun necə olmasını başa düşə bilmərik. Mən yəqinliklə bilirəm ki, bu məktəblərin nəzərlərini açıqlayaraq tənqid etmədən əsl insani dəyərlərin nələr olduğunu desəm, heç kəs etiraz edərək başqa şeylərin də olduğunu deməyəcək və ya həmin şeylərin nə üçün dəyərli, digər şeylərin isə dəyərli olmamasının səbəbini soruşmayacaq. Amma məsələ burasındadır ki, biz digər məktəblərin nəzərlərini açıqlayaraq onları həqiqi mənada tənqid etsək, yəni onları islami meyarlarla ölçsək, insan barəsindəki islami dəyərlər və bu dinin həqiqətən dəyərləndirdiyi insani dəyərlərin nədən ibarət olması barəsində məntiqi və əsaslı söhbət edə bilərik. Belə olan surətdə hətta onların neçə faiz dəyərə malik olduğunu da hesablaya bilərik. Belə ki, dəyərlərin hamısını yüz hesab etsək islamın bu barədəki həssaslıqlarını nəzərə alaraq deyə bilərik ki, məsələn filan dəyər insani dəyərlərin əlli faizini, o birisi otuz faizini, üçüncüsü isə on faizini təşkil edir.

  
ƏQLİN BƏZİ ARİFLƏR TƏRƏFİNDƏN TƏHQİRİ 

Bizim keçən söhbətlərimizin mövzusu irfan, yəni bu məktəbdəki kamil insan nəzəriyyəsi barəsində idi. Bizim fikrimizcə irfan məktəbi hətta, digər irfanlarla çox fərqlənən, çoxlu islami cəhətlərə malik olan və ariflərinin çoxunun kamil insan nəzəriyyəsi islamın kamil insanına çox-çox yaxın olan islam irfanının kamil insanı da tənqid edilməlidir. Əlbəttə mən, irfan məktəbinin kamil insan nəzəriyyəsinin bütün qədim və müasir məktəblərin nəzəriyyələrindən zəngin olduğunu etiraf edirəm. Çünki nə klassik və nə də müasir məktəblər bu barədə onlara çata bilməyiblər. Amma bütün bununla belə, bu məktəb də bəzi zəif nöqtələrə malikdir ki, onlar tənqid edilməlidir. Keçən söhbətimizdə ariflərin kamil insan nəzəriyyələrinə edilmiş üç tənqidi bəyan etdik. Bu tənqidlər şəxsi deyil, islama məxsusdur. Mən onları islami meyarlarla tənqid edirəm və əslində islam onları tənqid edir. Həmin tənqidlərdən biri bu idi ki, ariflər əqli həddindən artıq çox təhqir ediblər və bəzən onu etibarsız bir şey saymaq həddinə qədər irəliləyiblər.

 

Onların eşqin məqamını əqldən yuxarı aparmalarında heç bir şəkk-şübhə yoxdur. Hafizin sözü ilə desək: Eşqin, əqldən daha çox uca dərgahı var. Amma onlar əqlin təhqiri məsələsində bəzən ifrata varıblar. Belə ki, təfəkkür, düşüncə, məntiq, deduksiya və bürhanı çox etibarsız bir şey kimi qələmə veririrlər və hətta onu ən böyük maniə adlandırırlar. Onlar hansısa bir filosofun müəyyən mənəvi məqama çatmasını görəndə də çox təəccübləniblər.

 

Bu barədə kitablarda məşhur bir hekayət nəql edilib. Məşhur və böyük filosof olmuş İbni Sina çox mühüm və böyük ariflərdən olmuş Əbu Səid Əbulxeyr ilə bir əsrdə yaşayıb. İbni Sina dünyaya göz açdığı yer, yəni Bəlx və Buxarada yaşayıb. Amma sonralar Sultan Mahmudun qorxusundan oradan qaçmağa məcbur olub. Sultan Mahmud, İbni Sinanı saraya aparmaq istəyirmiş, amma o, saraya getmək istəmədiyi üçün vətənini tərk etməli olub. İbni Sina Nişapura gəlib və orada Əbu Səid Əbulxeyr ilə görüşüb. Yazırlar ki, bu iki nəfər üç gecə-gündüz xəlvətə çəkilərək bir-birləri ilə söhbət ediblər. Onlar həmin müddətdə, olduqları yerdən yalnız camaat namazı qılmaq üçün çölə çıxıblar. Bu iki nəfər bir-birlərindən ayrıldıqdan sonra İbni Sinadan onun, Əbu Səidi necə gördüyünü soruşublar və o, belə cavab verib: O, bizim bildiklərimizi gözü ilə görür. Əbu Səiddən də soruşublar ki, Əbu Əlini necə gördün? Əbu Səid cavab verib: Biz hara getdiksə bu kor da əsası ilə bizim dalımızca gəldi.

 

Ariflər əqli həddindən artıq çox təhqir ediblər. Mənim bütün bunlardan məqsədim budur ki, əgər biz Quranın məntiqini bir tərəfə, ariflərin əql barəsindəki məntiqini isə onun yanına qoysaq, onların bir-birləri ilə elə də uyğun olmamalarının şahidi olarıq. Quran, əqli ariflərdən daha çox dəyərləndirib və ona hörmətlə yanaşıb; əql və təfəkkür, hətta sırf əqli deduksiyalara çox istinad edib.

 

Şiə və sünniliyindən asılı olmayaraq bütün ariflər öz silsilələrini Əli (ə)-da bitirirlər. Hətta ən təəssübkeş sünnilər arasında irfan silsiləsi Əli (ə)-da sona çatır. Deyirlər ki, mövcud 60-70 silsilədən yalnız biri Əbu Bəkrdə sona çatır, qalan hamısı Əli (ə)-da bitir. Ariflərin, özləri üçün qütb adlandırdıqları Əli (ə) İbni Əbil Hədidin sözü ilə desək bəzən ariflərin bütün kitablarda dediklərini dörd sətrdə bəyan etdiyi irfan cövhəri olan Nəhcül-bəlağədə birdən elə filosof olur və elə filosofvari əqli dəlillər gətirir ki, heç bir filosof onun tozuna belə çatmaz, yəni o, əqli heç vaxt təhqir etməyib.

 

Buna görə də, islamın kamil insanı irfanın kamil insanından bu cəhətdən fərqlidir. İslamın kamil insanında əql inkişaf edib və ona tam hörmət bəslənilir, halbuki, irfanın kamil insanında əql dediyimiz kimi təhqir edilir. Digər məsələ isə ictimailik və cəmiyyətə meyl göstərmə məsələsidir ki, keçən söhbətlərimizdə bunu da açıqladıq.

  
TƏBİƏTDƏN DÖNÜKLÜK 

Bu günkü söhbətlərimizdə digər bir məsələni açıqlayacağıq və o, budur ki, irfanın məntiqində belə deyilir: Nə istəyirsənsə onu öz qəlbindən tələb et; çünki hər şey sənsən! Yəni irfan batinpərəstlik məktəbidir. Bu məktəbdə qəlb dünyadan da böyük hesab edilir. Belə ki, əgər bütün dünyanı bir tərəfə, onların qəlb adlandırdıqları şeyi isə o biri tərəfə qoysaq, qəlb bütün dünyadan böyük olar. Onların dedikləri qəlbdən məqsəd hər bir insana üfürülmüş ilahi ruhdur. Ariflər dünyanı kiçik insan, qəlbi isə böyük insan adlandırırlar. Bu adlandırmanın səbəbi, onların dünya ilə qəlbi bir hesab etmələridir. Yəni onların fikrincə, bunlar bir-biri ilə uyğun gələn iki dünyanın iki müxtəlif formalarıdırlar və dünya kiçik, qəlb isə böyük aləmdir. Onlar insanın kiçik aləm, dünyanın isə böyük aləm olmasını demirlər, bəlkə bizim böyük dünya adlandırdığımız bu dünyanı kiçik aləm, insanı isə böyük aləm adlandırırlar. Deyirlər ki, aləm kiçik insandır, böyük insan isə sənin daxilində olan şeydir. Mövlananın bu sözlərinə diqqət edin:

 

 

Çist əndərxom ke əndər nəhr nist

 

Çist əndərxane kəndər şəhr nist.

 

 

Küpdə nə var ki, çayda olmasın?! Evdə nə var ki, o, şəhərdə olmasın?!

 

Ola bilərmi ki, evdə bir şey olsun, amma o, həmin yerləşən şəhərdə olmasın? Xeyr, çünki həmin ev bu şəhərin bir hissəsidir. Evdə hər nə varsa şəhərdə olan şeyin bir nümunəsidir. Ola bilərmi ki, küpdə bir şey olsun, amma o, bu küpün doldurulduğu çayda olmasın? Xeyr, çünki küpdə olan şey, çayda olanın bir hissəsidir.

 

 

İn cəhan xəmməsto del çun cuyab

 

İn cəhan xaneəsto del şəhre əcab.

 

 

Bu dünya küp, qəlb isə su arxıdır; bu dünya ev, qəlb isə heyrətlər şəhəridir.

 

Mövlana qəlbin küp, dünyanın isə su arxı olmasını deyil, dünyanın küp, qəlbin isə su arxı olduğunu deyir. Bu qism şeylər insanı xarici aləmdən çox uzaqlaşdırır. İnsan ev dalınca gedər, yoxsa şəhər? Məlumdur ki, evdə olan hər bir şey şəhərdə varsa o, şəhərin dalınca gedər. İnsan küp və ya kiçik bir qabın dalınca gedər, yoxsa arxın? Əlbəttə ki, kiçik qab və küpün deyil, arxın dalınca gedər.

 

İrfan batinpərəstlik, qəlbpərəstlik, batinə diqqət və xaricdən üz döndərməyə əsaslanır və xarici aləmi hətta hədəf və məqsədi, yəni haqqı əldə etmək vasitəsi kimi də rədd edir. Onlar hər şeyin batindən əldə edilməsinə təkid edirlər.

 

 

Salha del tələbe cami cəm əz ma mikərd

 

Vançe xod daşt zebiqane təmənna mikərd

 

Qohəri kəz sədəfe kovno məkan birunəst

 

Tələb əz qomşodeqane ləbe dərya mikərd

 

Muşkele xiş bər pire muğan bordəm duş

 

Ku be təyide nəzər həlli muəmma mikərd

 

Didəməş xorrəmo xəndan qədəh bade bedəst

 

Van dəran ayine səd qune təmaşa mikərd

 

Qoftəm in came cəhanbin be to key dad həkim

 

Qoft an ruz ki in qonbəde mina mikərd

 

Bideli dər həme əhvale xuda ba u bud

 

U nəmi didəşo əzdur xudaya mikərd

 

İn həme şobədeha əql ke mikərd inca

 

Sameri pişe əsabo yədi beyza mikərd

 

Qoft on yar kəzo gəşte sərdare bolənd

 

Corməş in bud ke əsrari huveyda mikərd

 

 

İrfan batinə diqqət məsələsində həddindən artıq inkişaf etmişdir.

  
MÖVLANANIN TƏMSİLİ 

Mövlana Məsnəvinin 6-cı dəftərində təmsil olan bir hekayət nəql edib. Həmin hekayətdə deyilir ki, qızıl-gümüş vurğunu olan bir kişi həmişə Allahdan xəzinə istəyərmiş. Ayaqlarının bir yeraltı xəzinəyə batmasını və ömürlərinin axırına kimi rahat yaşamağı arzulayan tənbəllərdən olan bu kişi həmişə dua edərək Allaha belə deyərmiş: İlahi, dünyaya bu qədər adam gəlib-gedib və onlar torpaq altında qızıl-gümüş basdırıblar; torpaq altında çoxlu xəzinələr var ki, sahibləri ölüb gediblər. Ey Rəbbim, Sən mənə bir xəzinə aşkar et! Bu kişi bir müddət ancaq bu duanı etməklə məşğul imiş və axşamlar səhərə kimi ağlayaraq nalə edərmiş. Axır ki, bir gecə yuxuda, qeybdən gələn bir səs ona belə deyir: Allahdan nə istəyirsən? Kişi deyir: Mən Allahdan xəzinə istəyirəm. Qeybdən gələn səs ona deyir ki, Allah-taala mənə əmr edib ki, sənə xəzinə yeri göstərim. Mən sənə nişanələr verəcəm və onlara əsasən filan təpənin üstünə gedərsən. özünlə ox və yay da götürərsən və filan nöqtədə dayanaraq oxu yaya qoyub atarsan. Ox hara düşsə xəzinə oradadır. Kişi yuxudan oyanır və bunun çox aydın yuxu olduğunu anlayır. öz-özündə deyir ki, verilən nişanələr düz olsa, yəni nişanələrin deyildiyi yer mövcud olsa xəzinəni mütləq tapacağam. Həmin yeri axtarmağa gedir və görür ki, bütün nişanələr düzdür. O, oxu atmaq üçün deyilmiş yerdə nöqtədə dayanır. İndi ancaq oxu atmaq lazım idi. Amma birdən yadına düşür ki, qeybdən gələn səs oxu hansı tərəfə atmaq lazım olduğunu deməyib. Fikirləşir ki, əvvəl məsələn, qiblə tərəfə atım, inşallah ki, orda olar. Oxu yaya qoyub möhkəm çəkərək qiblə tərəfə atır. Ox bir az gedib yerə düşür. Bel və külüngünü götürərək, gedib həmin yeri qazır. Amma nə qədər qazırsa xəzinə tapmır. öz-özünə deyir ki, yəqin cəhəti səhv müəyyənləşdirmişəm. Oxu başqa bir tərəfə atır, amma yenə də heç bir nəticə əldə etmir. Bu gedişlə oxu hansı tərəfə atırsa xəzinə tapa bilmir. Bir müddət bu işlə məşğul olur və müxtəlif yerləri qazmasına baxmayarq heç nə əldə edə bilmir. O, bu işdən çox narahat olur. Yenə də məscidin bir guşəsinə çəkilir və gileylənməyə başlayaraq belə deyir: İlahi, bu necə yol göstərmək idi? Atam yandı, amma heç nə əldə etmədim. Həmin şəxs bir müddət ağlayaraq nalə etdikdən sonra qeybdən gələn səs yenə də onun yuxusuna girir. Kişi yuxusuna girmiş həmin şəxsin yaxasından yapışaraq belə deyir: Bu necə yol göstərmək idi?! Sənin dediklərin yalan çıxdı. Qeybdən gələn səs ondan nə etdiyini soruşur. Kişi dedi ki, sənin dediyin yerə getdim, verdiyin nişanələr düz idi. Mən həmin nöqtəni də tapdım. Oxu yaya qoydum və onu möhkəm çəkərək qiblə tərəfə atdım. Qeybdən gələn səs deyir: Mən sənə nə vaxt dedim ki, bu cür edəsən? Sən mənim sözümdən çıxıbsan, mən dedim ki, oxu yaya qoy, hara düşsə orda xəzinə var. Mən oxu yaya qoyub möhkəm çəkməyi deməmişdim. Kişi deyir: Düz deyirsən. Səhərisi gün yenə də bel, külüng, ox və yayı götürərək həmin yerə gedir. Oxu yaya qoyur. Onu buraxan kimi ox ayağının altına düşür. O, ayağının altını qazır və görür ki, xəzinə həmin yerdədir.

 

Mövlana təmsilin burasına çatanda belə deyir:

 

 

Ançe həqqəst əz həblül vərid

 

Tu fəkəndi tire fekrətra bəid

 

Ey kamano tirha bər saxte

 

Gənc nəzdiko to dur əndaxte

 

 

İrfanda özündən tələb et, qəlb heyrətlər şəhəridir, dünya küp, qəlb isə su arxıdır, dünya ev, qəlb isə şəhərdir və bu kimi məsələlərə çox təkid edilib, yəni xarici aləm və təbiət çox təhqir edilib. İrfan məktəbində təbiətdən hətta kiçik bir kitab və mərifət mənbəyi kimi belə çox az söz açılır, halbuki, Əli (ə)-a nisbət verilmiş kəlamda dünya böyük aləm, insan isə kiçik aləm kimi tanıtdırılıb.

 

Əgər biz onların bu məntiqini Quranın məntiqi ilə tutuşdursaq görərik ki, o, bir çox müsbət cəhətlərə malik olmasına baxmayaraq, Quranın təbiətə bu qədər etinasız olmaması müqabilində yetərsizdir. Quran baxımından təbiət və batindəki nişanə və əlamətlər bir-birinin kənarındadırlar. ...Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə [kainatda, göylərin və yerin ətrafında], həm də onların öz daxilində mütləq göstərəcəyik... (Fussilət-53).

 

Əlbəttə mən, insan üçün olan ən ali və şərəfli mərifət və agahlıqların onun öz daxilindən yaranaraq əldə edildiyini qəbul və etiraf edirəm. Amma bu, təbiətin heç nə olması, haqqın nişanəsi və Allahın qüdrət əlaməti olmaması və yalnız qəlbin Allahın aynası olması demək deyil. Bəli, qəlb Allahın bir aynası, təbiət isə digər bir aynasıdır.

  
İNSANIN TƏBİƏTLƏ ƏLAQƏSİ 

Burada çox dəqiq bir nöqtə var və o, insanla təbiət arasındakı əlaqənin necəliyidir. İnsanla təbiət arasındakı əlaqə bir-birinə yad olan iki şey arasındakı əlaqədirmi? Yaxud iki yad şey arasındakı əlaqədən də pis, yəni məhbusla zindan və quşla qəfəs arasındakı əlaqə kimidirmi? Yusiflə Kənan quyusu arasındakı əlaqə kimidirmi? Bu məsələ diqqəti cəlb edən mühüm məsələlərdəndir.

 

Kimsə deyə bilər ki, ümumiyyətlə insanın dünyaya gəlməsi quşun qəfəsdə, azad insanın zindanda yerləşməsi və Yusifin quyuya düşməsi mənasındadır. Deməli, əgər təbiətin bizim üçün zindan, quyu və ya qəfəs olmasını fərz etsək, insanla onun əlaqəsi yüksək səviyyədə paradoksal (ziddiyyətli) təsəvvür olunmalıdır.

 

Buna görə də belə bir sual yaranır ki, bizim təbiətdəki səy və təlaşımız necə olmalıdır? Biz, qəfəsdən nicat tapmaq və bundan başqa heç bir işi olmayan quş və ya zindanla onun divarlarını uçurdub canını oradan qurtarmaqdan başqa çıxış yolu olmayan məhbus kimi çalışmalıyıqmı? Yusifin quyuda karvan gözləməkdən başqa bir işi olmayıb. O, gözləyirdi ki, karvan gəlsin və su götürmək üçün quyuya ip sallayanda ondan tutaraq çölə çıxsın.

 

Görəsən Quran və islam, insanın təbiətlə əlaqəsini məhbusla zindan arasındakı əlaqə qismindən hesab edirmi? Yusiflə quyunun əlaqəsi kimi sayırmı? Quşla qəfəs əlaqəsi hesab edirmi? İrfanda bu məsələ üzərində çox təkid edilib. Sənai deyir: Tovuz quşları kimi qəfəsi sındır və yüksəkliklərə uç, başqası isə Ey Misirin Yusifi quyudan çıx kimi sözləri deyib. İnsanın təbiətlə əlaqəsini zindanla məhbus əlaqəsinə bənzətmək barəsində də çox sözlər danışılıb.

  
İSLAMIN NƏZƏRİ 

İslam baxımından insanın təbiətlə əlaqəsi əkinçi ilə tarla, tacirlə bazar və abidlə ibadətgah arasında olan əlaqə kimidir. Tarla əkinçi üçün hədəf deyil, vasitədir. Əkinçinin yaşadığı yer şəhərdir, amma o, öz rifah və səadəti üçün lazım olan şeyləri bu tarla vasitəsilə əldə edir. Əkinçi tarlaya gedərək yeri şumlamalı, toxum səpməli və torpağı abadlaşdıraraq münbitləşdirməlidir. Məhsul çıxandan sonra isə alaq otları çıxsa onları təmizləməli, məhsulu biçərək xarmana aparmalıdır. Dünya axirət üçün tarladır. Bu Peyğəmbər (s)-dən nəql edilmiş hədisdir. Bəli, əkinçinin tarla ilə evini səhv salması, hansının qalmaq yeri olduğunu bilməməsi böyük səhvdir. Tarlanın əkin yeri olmasını heç nə ilə səhv salmaq olmaz. Bazar tacir üçün iş yeridir, yəni o, öz sərmayəsini və bütün səy və cəhdini çoxlu gəlir əldə etməyə sərf etməli, varını artırmalıdır. Dünya da insan üçün belədir. Həzrət Əli (ə)-da buyurub: Dünya Allah övliyaları üçün ticarət yeridir.

 

Bir dəfə bir şəxs həzrət Əli (ə)-ın yanında dünyanı pisləməyə başlayır. O, Əli (ə)-ın dünyanı pisləməsini eşitmişdi, amma o həzrətin dünyanı nə cəhətdən pislədiyini başa düşməmişdi. Həmin şəxs elə bilirdi ki, Əli (ə) dünyanı pisləyəndə məsələn, təbiəti pisləyir, amma bilmirdi ki, o həzrət dünyapərəstliyi pisləyir; insanın bu dünyapərəstliyi haqq və həqiqətpərəstliyə zidd olduğu və bütün insani dəyərləri inkar etməklə bərabər olması səbəbindən məzəmmət edir. O, dünyanı pisləyəndə dünyapərəstliyə zidd olan və onu məzəmmət edən Əli (ə) qəzəblənərək belə buyurdu: Ey dünyanı məzəmmət edərək pisləyən şəxs! Ey dünyaya aldanmış insan! Dünya səni aldatmayıb, sən aldanmısan. Bu çox qəribə bir ifadədir; dünya heç kəsi aldatmır, insan özü aldanır.

 

Mən bununla bağlı bir məsəl çəkmək istəyirəm. Məsələn, ola bilərmi ki, bir qoca arvad süni bəzəklərlə kimisə aldatsın; yəni ağzında dişi olmamasına baxmayaraq süni dişlər düzəltdirsin, saçının tökülməsinə baxmayaraq süni saç qoydursun və s. şeylərlə özünü bəzəyib cavan qız kimi göstərsin. Bir nəfər də onun cavan olduğunu təsəvvür edib onunla evlənsin. Amma iş-işdən keçəndən sonra, səhv etdiyini başa düşsün. Həmçinin bir dəfə də belə ola bilərmi ki, həmin qoca qarı bütün həqiqətləri əvvəlcədən deyərək yaşının məsələn, 59 olduğunu bildirsin. Desin ki, ağzımda olan dişlərim hamısı süni dişlərdir, başımdakı parikdir və s. bütün bunları açıqcasına dedikdən sonra tərəf müqabilə evlənmək təklifi etsin. O, nə qədər desə ki, dişlərim tökülüb, tərəf müqabil tökülən dişlərinə qurban olum desin; mənim heç bir gözəlliyim yoxdur deyəndə tərəf müqabil sən təvazökarlıq edirsən söyləsin. Belə olan şəraitdə həmin qadın səni aldatmayıb, sən özünü aldatmağa hazırlaşır, özün-özünü aldatmaq istəyir və aldanmaq üçün bəhanə axtarırsan. Əli (ə) buyurur ki, dünya heç nəyi gizlətməyib. Axı dünya nəyi gizlədib ki, sən onun səni aldatdığını deyirsən? Sən öz əlinlə atanı torpağa basdıranda, dünya səni aldatmışdımı?! Dünya deyir ki, mən buyam; mən dəyişkənlik yeriyəm; məndə sabitlik və əbədilik yoxdur. Dünya deyir ki, məni olduğum kimi dərk et! Nə üçün mənə olmadığım şəkillərdə inam bəsləmək istəyirsən? Mən bir cürəm və özümü olduğum şəkildə də sənə göstərirəm; amma sən mənə mən olduğum kimi deyil, özün istədiyin kimi inanmaq istəyirsən. Deməli dünya heç kəsi aldatmır, insan özü aldanır. Gəl hesablayaq görək, sən dünyaya qarşı cinayət törətmisən, yoxsa dünya sənə qarşı? Sən dünyaya xəyanət edirsən, yoxsa dünya sənə? Dünya səni nə vaxt aldadıb? Nə vaxt sənin nəfsani istəklərini tələb edib? Sən nəfsani istəklərinlə dünyanın dalınca düşmüsən!! Həzrət Əli (ə) sonra belə buyurur: Dünya Allah dostlarının məscididir, səcdə yeridir. Abid, məscid olmasa ibadət edə bilərmi? Dünya Allah övliyalarının ticarət yeridir. Bazar olmasa tacir alver edərək pul qazana bilərmi?

 

Dünyanı insan üçün zindan, quyu və qəfəs hesab edən və insanın vəzifəsinin özünü həmin quyu, qəfəs və zindandan qurtarmaq olduğu bildirən fikir və düşüncə ruh və nəfsin tanınması mövzusunda başqa bir şeyə əsaslanır ki, islam həmin məsələni qəbul etmir.

  
RUHUN DÜNYADA TƏKAMÜLÜ 

İslamdan qabaq Yunanıstan və Hindistan kimi ölkələrdə belə bir əqidə olub ki, insanın ruhu əvvəlcə tam və kamil surətdə başqa bir aləmdə yaradılıb və sonra onu qəfəsə salınmış quş kimi bu dünyaya gətiriblər. Belə olan surətdə insan həmin qəfəsi sındırmalıdır. Amma Quran Muminun surəsinin ayələrinin birində bu fikri rədd edir. Molla Sədranın bu barədə çox maraqlı bir ifadəsi var. O, deyir ki, mən yaranmanın cismani, əbədiliyin isə ruhi olmasını həmin ayədən kəşf etmişəm. Həmin ayə, insan barəsində danışaraq belə deyir: Biz insanı torpaqdan yaratdıq, o, mərhələ-mərhələ keçərək gəlib nütfə oldu; nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük. Ayənin davamında belə buyurur: ...və daha sonra onu başqa bir məxluq olaraq yaratdıq. Yəni biz həmin maddə və təbiəti başqa bir şey, yəni ruha çevirdik, yəni ruh həmin təbiətdən doğan bir şeydir. Ruh abstraktdır, amma maddədən doğulmuş abstrakt bir varlıq. Deməli, insan başqa yerdə kamil şəkildə olmayıb ki, biz onun bu dünyada qəfəsdə yerləşməsini iddia edə bilək. İnsan bu dünyada öz anasının qucağındadır. Təbiət insan ruhunun anasıdır və onun təbiətdə yaşaması anasının qoynunda yaşaması deməkdir. Buna görə də onun əvvəlcədən təkamülə çatması, sonra burada zindan yaxud quyuda yerləşməsi və quyudan qurtarmaq üçün çalışmalı olması fikri səhvdir. O, bu dünyada təkamülə çatmalıdır. Zindan və quyu fikirləri islamın fikri deyildir.

 

Əlbəttə islam deyir ki, sən həmişəlik olaraq ana qucağında qalmamalısan. Çünki belə olan surətdə ana uşağı olaraq qalar və meydana gələrək kişi kimi öz ayağın üstündə dura bilməzsən. Əgər təbiət və bu anadan əl çəkərək ayağa durub yuxarı qalxmasan, orada qalaraq təbii varlığa çevrilərsən. Rəzillərin rəzili olarsan və iman gətirib yaxşı əməllər edənlərdən olmazsan; ən alçaq və rəzil nöqtədə qalarsan. İnsanın ən rəzil nöqtədə, yəni təbiətdə qalaraq yuxarı qalxmaması, onun üçün başqa dünyada cəhənnəm mislindədir. Allah, körpəni bu təbiətin qoynunda dünyaya gətirib ki, o, doğulduqdan sonra anasının qucağından yuxarı qalxsın, məktəbə getsin və mərhələləri keçərək ucalsın. Əgər o, həmin yerdə qalsa, orada həmişəlik olaraq qalmalı olacaqdır. Əlbəttə bu misal və bənzətmənin çox naqis olmasına baxmayaraq, demək olar ki, həmin şəxs doğrudan da ana uşağı olan şəxsə bənzəyir. Ana uşağı 25 yaşına çatanda da anasının yanında yatmalıdır, onun yuxulaması üçün anası döşlərini onun üzünə qoymalıdır. Sizcə belə adamdan sabah nə çıxar?!

 

Deməli, insan, islam baxımından əvvəlcədən düzəldilərək müqəddəs aləmdə uçmuş, sonra isə bu qəfəsə salınmış və yeganə vəzifəsi bu qəfəsi sındırmaq olan varlıq deyil. İslam bu məsələni qəbul etmir. Bəli, əgər siz ruhlar aləminin cismani aləmdən qabaq olmasını eşitmisinizsə, onun mənası ruhların əsl və kökünün qabaq olmasıdır, yəni ruh əvvəllər kamil şəkildə başqa yerdə olmuş və sonra bu dünyaya gətirilərək qəfəsə salınmış şey deyil, bəlkə burada vücuda gətirilmiş, amma başqa bir aləmdən bu dünyaya saçan nur və şüadır. Bu fikir yəni tənsüx fikri hindistanlılar və Əflatuna məxsusdur. Əflatun yunanlılar arasında belə bir fikrə malik olub ki, insanın ruhu bu dünyadan qabaqkı musul aləmində yaradılıb və sonra bir sıra məsləhətlərə görə bu dünyada zindana salınıb. Buna görə də o, bu zindandan azad olaraq getməlidir. Amma islam, təbiətə bu nəzərlə baxmır. Əlbəttə bəzilərinin çaşqınlığa düçar olmamaları üçün bunu da deyim ki, mən bütün ariflərin bu qədər səhv etdiklərini demək istəmirəm. Bəli, böyük ariflər bəzən heç olmasa öz söhbətlərində də olsa bu məsələyə diqqət yetiriblər. Onlar nə cəmiyyət və nə də təbiəti tərk etməyiblər. Həmin ariflər Quranın xarici və batini nişanələri bir-birinin kənarında zikr etməsini və təbiətin də haqqın camalının ayna və nişanəsi olmasını tamamilə başa düşüblər. Məsələn, Şəbüstəri özünün doğrudan da insanlıq barəsində şah əsəri olan çox-çox ali və uca şerində bu məsələni gözəl şəkildə aydınlaşdırmışdır.

 

Əgər biz Quranı bir tərəfə, irfanı isə digər bir tərəfə qoysaq, yəni Quranla irfan məktəbinin təbiətə diqqətini bir-biri ilə müqayisə etsək görərik ki, bu ilahi kitab batinə diqqət və ona müraciət məsələsini heç bir şəkildə inkar etmədən təbiətə irfandan çox diqqət yetirib. Buna görə də Quranın təsvir etdiyi kamil insan əql və qəlbə meyl göstərməklə yanaşı, cəmiyyət və təbiətyönümlüdür. İslam baxımından kamil insanın siması barəsində danışanda imkan olsa bunların hər birinin nə qədər dəyərə malik olmalarını deyəcəyəm. Hər halda burada bunu deməklə kifayətlənirəm ki, Quranın dediyi kamil insan əql, qəlb, təbiət və cəmiyyət meyllidir.

  
ÖZÜNÜ TƏRK ETMƏK 

Keçən söhbətlərimizin sonunda bir məsələyə toxundum ki, təsadüfən bu gün də bəhsimizi onunla başa vurmaq istəyirəm. Bu bəhsə başlamaq üçün bir sıra müqəddimə və giriş xarakterli şeyləri bəyan etmək lazımdır ki, onlar deyilməsə söhbətimizin heç bir faydası olmaz. Onlardan biri də özünü tərk məsələsidir.

 

İrfan məktəbi, qəlbi möhtərəm saymasına baxmayaraq Quranda nəfs adı ilə qeyd edilmiş şeyi rəzil bir şey hesab edir. Bu məktəbin çağırışının bir hissəsi özünü tərk, özündən uzaqlaşmaq, özünü rədd, xudbinlik və özünü bəyənməyin rədd edilməsi barəsindədir. Bu mətləb müəyyən qədər düzdür və islam da, bunu təsdiq edir. Biz gələn söhbətlərimizdə Allahın köməyi ilə özünü rədd barəsində həm irfan, həm də islamın nəzərlərini açıqlayacağıq.

 

Biz islamda iki öz və hətta iki nəfs ilə rastlaşırıq. İslam bu özlərdən birini rədd edərək kiçiltməsinə baxmayaraq, onların digərini dirildir və bu mətləb çox dəqiq bir məsələdir. Bu məsələ insanın canı xətərdə olan bir dostu ilə düşməninin bir-birlərinin yanında dayanmalarına bənzəyir. Belə bir şəraitdə əgər dostumuzu vursaq bütün hədəf və məqsədimiz puça çıxar. Məsələn, bir uşaq meyvə yığmaq üçün ağaca çıxır və birdən ağacın başında çox böyük bir ilan görünür. İlan sürünərək gəlib uşağın yanında dayanır. Burada çox mahir bir ovçu lazımdır ki, ilanın başını nişan ala bilsin və güllə uşağa dəyməsin. Çünki güllə bir az o tərəfə, yaxud bu tərəfə getsə ya boşa çıxacaq, ya da ilana dəymək əvəzinə uşağa dəyərək onu öldürəcək. Buna görə də ovçu o qədər dəqiq olmalıdır ki, ancaq ilanı vursun və uşağa heç bir ziyan dəyməsin. Dostla düşmənin bir-biri ilə əlbəyaxa olaraq hər birinin digərini öldürmək istəmələri də buna bənzəyir. Siz güllə və ya qılınc ilə elə nişanə almalısınız ki, düşmən öldürülsün və dostunuza heç bir ziyan dəyməsin.

 

İnsanda olan bu iki öz də bir-birinə elə birləşib ki, rəzilliyə malik özü məhv etmək və bütün insani dəyərlərin bağlı olduqları özə zərər vurmamaq üçün fövqəladə mahirliyə malik ovçu lazımdır.

 

İslamın ecazkarlığı budur ki, o, bu iki özü dəqiqliklə bir-birindən ayırıb və onlarda səhvə yol verilmir. Bu ayırma irfanda bəzən düzgün olur. Amma bəzi vaxtlar onların düşmən özü vurmaq əvəzinə, dost özü vurduqlarını görürük. Yəni nəfsin qurban edilməsi əvəzinə özlərini qurban edirlər. Bu, çox dəqiq bir məsələdir və inşallah gələn söhbətlərimizdə bunun barəsində bəzi nöqtələri izah edəcəyik.

  
DOQQUZUNCU FƏSİL   
2. İRFAN MƏKTƏBİNİN TƏNQİD VƏ ARAŞDIRILMASI  

Kim [dünyada] azğınlıq etmişsə, dünyanı [axirətdən] üstün tutmuşsa, şübhəsiz ki, onun məskəni Cəhənnəmdir! Amma kim [qiyamət günü] Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən onun yurdu Cənnətdir! (Naziat 37-41).

 

İrfan məktəbində kamil insan barəsində olan mühüm məsələlərdən biri də, insanın öz nəfsi ilə əlaqəsi məsələsidir. Əlbəttə bu, həm də islami bir məsələdir. Belə ki, biz həm arif və sufilərin dilində və həm də ali islam təlimlərində eqoizm, xudpəsəndlik və nəfsani istəklərlə mübarizə məsələləri ilə rastlaşırıq. Bəlkə də həm arif və sufilərin dilində və həm də ali islam təlimlərində ifadəsini işlətməklə onları bir-birindən ayırmaq düzgün deyil, çünki islami ariflər bu məsələlərdə bu dinin özündən ilham alıblar və onların bu qism ifadələrinin hamısı islami ifadələrdir. Biz bu söhbətimizdə bu məsələ ətrafında danışaraq onu izah etmək istəyirik.

 

Nəfsin təmizlənməsi adlandırılan şeydə ərəb dilində nəfs deyilən öz ilə mübarizə aparırlar. Məsələn, bu barədə danışanda nəfslə cihad kimi ifadələr işlədilir. Nəfs insan üçün hətta daxili düşmən kimi qələmə verilir. Sədi deyir:

 

To ba doşməne nəfs həmxaneyi

 

Çe dər bənde peykar biqaneyi.

 

 

Bu ifadə Peyğəmbərin (s) müqddəs kəlamlarından iqtibas edilib. O həzrət buyurub: Sənin ən təhlükəli və qorxulu düşmənin öz nəfsindir...

 

Sədi Gülüstan kitabında deyir: Bir arifdən soruşdular ki, Peyğəmbər (s) nə üçün nəfsin ən təhlükəli düşmən olmasını deyib. Arif cavab verib: Nəfsdən başqa hansı düşmənə yaxşılıq etsən, istədiyini ona versən səninlə dost olar, amma nəfsin istəklərini nə qədər təmin edirsənsə, bir o qədər qatı düşmənə çevrilir.

 

Bəli, onlar nəfsə düşmən gözü ilə baxıblar və dedikləri bu nəfs həmin özdür; nəfspərəstlik və eqoistlikdir.

 

İndi, bu mətləbi daha çox açıqlamaq və öz və ya eqoistliyin pis olmasının nə demək olduğunu bilmək istəyirik.

  
eqoizmin birinci dərəcəsi 

Eqoizmin dərəcələrindən biri də insanın öz ətrafında fırlanmasıdır. Belə ki, o, yalnız özü üçün işləyir, bütün iş və hərəkətləri ancaq özü üçündür. Sübh yerindən durandan axşam yatana kimi olan bütün səy və təlaşları təkcə öz həyatı üçün, yəni öz qa ının doyması, bədəninin örtülməsi və yaşayış yerinin təmin edilməsi məqsədi daşıyır. Bu formalı fəaliyyət bəyənilmir? İnsanın bu dərəcədə özü üçün çalışması əxlaqa zidd və bəyənilməz xüsusiyyətdirmi? İlk növbədə qeyd etmək lazımdır ki, bu qism fəaliyyət əxlaq deyil, yəni insani dəyər hesab edilmir. Amma eyni zamanda əxlaqa zidd xüsusiyyət və xəstəlik də deyildir.

 

Burada əxlaq və əxlaqa zidd şeylər barəsində bir az izahat vermək istəyirəm. Quran insana üç məqam, yəni heyvandan üstün, heyvanla bərabər və ondan aşağı məqam qaildir. Belə ki, insan bəzən heyvandan bəlkə hətta mələklərdən yüksək dəyərə malik olur; bəzən mənfi və sıfrdan aşağı dəyər, yəni heyvandan da aşağı məqamda dayanır. İnsanın işləri də üç qismdir:

 

1. Əxlaq; yəni heyvani dərəcədən yüksək işlər.

 

2. Əxlaqa zidd olan işlər; yəni heyvani dərəcədən də aşağı olan işlər.

 

3. Yuxarıdakı iki qismin heç birinə daxil olmayan işlər. Yəni heyvani dərəcədə olan adi işlər ki, nə əxlaqi və nə də əxlaqa zidd olan işlər qismindən sayılmırlar.

 

İndi əgər siz dünyada göyərçin və ya qoyun xislətli adamlarla, yəni ancaq öz fikirlərində olan insanlarla rastlaşsanız bilin ki, həmin adam heyvan həddindədir. Belə ki, o səhərdən axşamacan qa ını doydurmaq üçün çalışır. Həmin insanın bu qism işləri nə əxlaq və nə də əxlaqa zidd deyildir.

  
eqoizmin ikinci dərəcəsi 

Bəzi vaxtlar isə, öz məsələsi insanın öz yaşayışı və həyatı fikrində olması deyil, onun bir növ psixoloji xəstəliyə tutulması ilə bağlı olur. Yəni onun insani məqamı heyvanlığının xidmətində olur. Bir də görürsünüz ki, o, çox həris bir adama çevrilib hər şeyi yalnız özü üçün istəyir, özü də gündəlik ehtiyacı qədərində deyil, külli miqdarda varlanmaq məqsədi daşıyır!

 

Göyərçin öz yemək ehtiyaclarını təmin etmək üçün dən toplayır və onun bu işi təbii və adi bir işdir. Əgər insan bu həddə olmaq istəsə, onun da bu işi adidir, yəni adi bir heyvan dərəcəsindədir. Amma insan bəzən hərislik və tamahkarlığa düçar olur. Belə olan surətdə, söhbət artıq onun gündəlik məişət ehtiyaclarını təmin etmək üçün çalışmasından getmir. Bəlkə o, toplamaq və var-dövlət yığmaq üçün fəaliyyət göstərir. Hər nə qədər mal toplayırsa, yenə də daha çox yığmaq istəyir və onun bu işinin son həddi olmur. Bu işin adı hərislikdir. Bu xəstəliyə tutulmuş adam bağışlamaq və ehsan etmək istəyəndə xəsisliyə düçar olur ki, bunun özü də başqa bir xəstəlikdir. O, bu vəziyyətdə simicliyə, Peyğəmbərin (s) dili ilə desək, paxıllıq və xəsisliyə itaətə düçar olub. Belə ki, o, xüsusi bir psixoloji vəziyyətdə olur və ona fikir, əql və iradə deyil, həmin psixoloji vəziyyəti hökm edir. Pul onun vücuduna işləyir və o, bu işdə heç bir fikir, əql, məntiq və hesab-kitaba əsaslanmır. Çünki belə olmasaydı, əql və məntiqə əsaslansaydı bu dünyanın xərcləmə yeri olmasını başa düşərdi, yəni xeyir, mənfəət, səadət, məsləhət və xoşbəxtliyin xərclənməkdə olduğunu dərk edərdi. Amma paxıllıq və hərislik ona bu işi görmək icazəsi vermir. Hərislik və tamahkarlıq əxlaqa zidd haldır, yəni əxlaqdan aşağı səviyyəli bir xüsusiyyətdir.

  
eqoistliyin üçüncü dərəcəsi 

İnsanın başqa halları da vardır. İnsan nəfsinin xəstəliyi onun yalnız hərislik və tamahkarlığa düçar olması deyil. O, bəzən elə dolaşıq xəstəliklərə tutulur ki, cismi xəstəliklərdən qat-qat çətin və dolaşıq olur. Həmin xəstəliklər heç bir məntiq və ağıla sığmır, yalnız həmin xəstənin ruhu ilə uyğun gəlir. Bu gün bu qism xəstəliklər psixoloji düyünlər adlandırılır ki, onlardan biri də həsəddir.

 

İnsanda olan həsəd hissi məntiqə zidd bir haldır. Bu nə deməkdir? Bunun mənası odur ki, insanda elə bir vəziyyət yaranır ki, o, öz xoşbəxtliyini unudaraq yalnız başqalarının bədbəxtliyini fikirləşir. O, öz xoşbəxtliyini arzulamır, öz səadətini istəyəndə də başqasının on qat bədbəxtliyini arzulayır. Bu hansı məntiqə sığır?! Heç bir heyvanda belə bir hiss yoxdur və heç bir heyvan digər heyvanın bədbəxtliyini arzulamır. Heyvan yalnız öz qa ını fikirləşir. Amma insanda dediyimiz hisslər yaranır. İnsanda bəzən təkəbbür hissi və bəzən də digər psixoloji düyünlər yaranır ki, bunların hamısı onun nəfs və ruhunun batinində gizlənib və insanın onlardan xəbəri yoxdur. Bunlar, insan nəfsinin onun üçün yaratdığı problemlərin bəzi nümunələridir.

  
özünü aldatma 

Bəzən insanın nəfsi onu aldadır, yəni şəxs özü-özünü aldadır. İnsanın öz batini tərəfindən aldanması nə deməkdir? Quran da buyurur: ...Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi [pis əməlinizi sizə yaxşı göstərdi]... (Yusif-83).

 

Təsvil (nəfsin insanı aldatması) çox dəqiq psixoloji terminlərdəndir ki, Quranda işlədilib. Bu kəlmənin mənası nədir? Onun mənası budur ki, insan bəzən öz batini istəkləri tərəfindən aldadılır. İnsanın nəfsi bir şeyi istəyəndə, həmin şeyi ona elə bəzəyib-düzəyir, zinətləndirərək elə cilvələndirir və yalandan elə göstərir ki, insan həmin şeyin doğrudan da həmin cür olmasını düşünür. Amma əslində bu işi insanın nəfsi onu aldatmaq üçün görür. Təsvil termini çox maraqlı və təəccüblü bir ifadədir. Psixologiya elmi inkişaf etdikdən sonra bu gün həmin nöqtələrə çox dəqiqliklə çatıb. Onlar hətta belə bir nöqtəyə çatıblar ki, insan bəzən heç bir cismi və sinir sistemi problemi olmadan yalnız batini və psixoloji səbəblərdən dəli olur. Məsələn, müsibət və çətinliklərə dözüm çox olduqda insanın ruhu həmin qəm-qüssənin şərindən xilas olmaq üçün ağılı tərk edir. Şair demişkən:

 

 

Zehuşyarane aləm hər kera didəm ğəmi darəd

 

Dela, divane şo, divanəgi həm aləmi darəd.

 

 

Yəni: Dünyada olan ağıllılardan kimi gördümsə qəmi var idi, ey qəlb dəli ol ki, dəliliyin də öz aləmi vardır.

 

Bu psixologiya elmində olan əsaslardan biridir.

 

Hər halda nəfsin məkr və hiylələri insan nəfsinin başqasına qarşı olan hiylələri çox mühüm bir məsələdir və irfanda bu məsələlərə çox yaxşı diqqət edilib. İnsanı əxlaqa zidd məsələlərə daxil edərək ruhi cəhətdən xəstələndirən və heyvandan da aşağı salan son iki hissə irfanda çox yüksək dərəcədə bəyan edilib və onlar bəzi nöqtələrə toxunublar ki, doğrudan da heyrətləndiricidir. Yəni adam onların psixologiya elminin müasir dövrdə kəşf etdiyi incə nöqtələri 600-700 və ya min il bundan qabaq necə əldə etdiklərinə təəccüb edir. Əlbəttə qeyd etdiyimiz bütün bu məsələlərin kökü təsvil məsələsi kimi Qurandan götürülüb. Amma onlar istedadlı adamlar olduqları üçün, Quranın verdiyi kələfin ucundan yapışaraq məsələnin kökünə gedib mətləbi tapa biliblər. Məsələn, həmin təsvil barəsində sizə Mövlanadan bir mətləb deyəcəyəm.

  
gizli psixoloji düyünlər 

Bu gün sübuta yetirilib ki, bəzən insanın batini duyğularında şər və pisliklər yatır. Həmin şər qüvvələr aşkarda deyil, batində olduğu üçün insan onların mövcudluğundan xəbərsiz olur. Onlar yalnız qıcıqlandırıcı amillər olan xüsusi hallarda aşkara çıxır və insan öz daxilindən, ruhunun dərinliklərindən bu çöküntülərin yuxarı qalxdığını görəndə çox təəccüblənir və batinində belə şeylərin olmasına inana bilmir. İnsan bəzən özü-özünə etiqad bəsləyir, yəni özünə baxanda qəlbində heç bir kin-küdurətin olmadığını, heç kəsə həsəd aparmadığını, təkəbbürlü və məğrur olmadığını və doğrudan da bu qism sifətlərdən uzaq olmasını düşünür. Amma, Quranın ifadəsi ilə desək, qarşıya imtahan çıxanda, insan birdən batinindən təkəbbürlük və məğrurluğun baş qaldırmasını, həsəd, kin-küdurətin naməlum nöqtədən zahir olduğunu görür.

 

Mövlana deyir:

 

 

Nəfs əjdərhast u key mordeəst

 

Əz qəme bialəti əfsordəəst.

 

 

İnsanın nəfsi, əfi ilan kimidir. Əfi ilan qışda donmuş və hissiz hala düşür. Həmin vaxt insan ona əl vuranda o, qətiyyən tərpənmir və hətta uşaq onunla oynasa o, uşağı sancmaz. Əfi ilanını belə bir vəziyyətdə görən insan onun tamamilə ram olduğunu təsəvvür edir. Amma həmin ilana qızmar günəş şüaları dəyəndə o, birdən birə dəyişilir və başqa bir şeyə çevrilir. Mövlana dağdan əjdaha tutub gətirmiş ilantutan barəsində geniş bir hekayət nəql edib ki, biz onu burada zikr etməyəcəyik. Həmin hekayətin sonunda isə yuxarıda dediyimiz şeri gətirib. Onun bu beytinin mənası budur ki, nəfsinin ölmüş olduğunu təsəvvür etmə, o, donmuş əjdahadır. Əgər ona isti dəysə, onun nə olduğunu bilərsən!

 

Mövlana başqa bir yerdə insanın gizlin və yatmış meylləri barəsində psixoloqları heyrətə salmış bir təşbeh işlədib. O, bu barədə belə söyləyib:

 

 

Meylha həm çun səgane xofteənd

 

Əndərişan xeyro-şər benhofteənd

 

Çunke qudrət nist xoftənd on rəde

 

Həm çu heyzom parhavo tənzəde.

 

 

Yəni: Meyllər yatmış itlər kimidir, onların içində xeyir və şərlər gizlənib. Onlar qüdrət olmadığı üçün odun parçaları kimi bir sırada yatıblar.

 

Yəqin ki, bir neçə itin bir yerdə yatmasını görmüsünüz. İtlərin hamısı başlarını əllərinin üstünə qoyur, gözlərini yumaraq sakit yatırlar. Adam onları belə bir vəziyyətdə görəndə elə bilir ki, bir neçə qoyun-quzu yatıb.

 

 

Take mordari dər ayəd dərmiyan

 

Nəfxe sure hers kubəd bər səgan

 

Çünke dər kuçe xəri mordar şod

 

Səd səge xofte bedan bidar şod

 

 

Yəni: Araya bir leş atılan kimi hərislik hissi itləri əzişdirir, küçədə bir uzunqulaq ölsə, ona yatmış yüz it durar.

 

Mövlana deyir ki, əgər həmin itlərin arasına bir murdar leş atılsa, bir-birlərinin kənarında sakit yatmış və qoyun kimi başlarını əlləri üstünə qoymuş həmin itlər birdən yerlərindən sıçrayar, gözləri hədəqələrindən çıxar, boğazlarından mırıldama səsləri yüksələr və onların tüklərinin hər biri iti dişə dönər.

 

 

Hershaye rəfte əndər kətme ğeyb

 

Taxtən avordo sər bərzəd zecib

 

Mube muye hər səgi dəndan şode

 

Əz bəraye hiyle dom conban şode.

 

 

Yəni: Qeyb xəlvətində batmış hərisliklər basqın edərək gizləndiyi yerdən başını çıxardar, itlərin hər bir tükü dişə çevrilər, hiylə üçün quyruğunu oynadar.

 

Şerin bura kimi olan hissəsi misal idi. Bunun ardınca isə belə deyir:

 

 

Səd çenin səg əndərin tən xofteənd

 

Çun şekari nistşan benhofteənd.

 

 

Yəni: Sənin bədənində yüzlərlə belə it yatıb, onlar ov olmadığı üçün gizləniblər.

 

Mövlana bu misrada necə də böyük bir həqiqətə, dəqiq və incə nöqtəyə toxunub!

  
quran və hədisdə nəfslə cihad 

Bura kimi deyilən məsələlər yüz faiz düz, dərin və dəqiqdir, Quran və hədislərdən olan çoxlu nümunələr bunları təsdiq edir. Mən bu mətləbin təsdiqi barəsində olan Quran ayələri və hədis nümunələrini bir-bir misal çəksəm, söhbətimiz çox vaxt aparar. Amma qısa olaraq bunu demək istəyirəm ki, insanın, adi hal olan yalnız özünü düşünməsi və başqalarının fikrində olmaması kimi ibtidai və heyvani özündən əlavə, hərislik və tamahkarlıq kimi hisslərə malik olmasında da heç bir şəkk-şübhə yoxdur və bu çox təəccüblü bir xəstəlikdir. İnsan, digər gizli xəstəlik və ruhi düyünlərə də düçar olur. Bunların hamısı öz yerində düzgün mətləblərdir, amma onların nəticəsi nədir? Nəticə budur ki, nəfs tamahkarlıq, hərislik, batində yatmış itlər formasında olan meyllər və əfi ilan şəklinə düşdükdə aradan aparılmalıdır və nəfslə cihad edilməlidir. Yəni Quranın pisliklərə əmr edən nəfs adlandırdığı hisslə mübarizə aparılmalıdır. Bir tikə çörək yemək istəyən nəfs, birinci mərhələdə pis işlər görülməsinə fərman vermir. Bu meyl, təbii və bəyənilən bir məsələdir. Amma təbii olan bu hiss hərislik, tamahkarlıq, paxıllıq, həsəd, kin, qəzəb və bu kimi şəkillərə düşdükdə pis işlərə əmr edən olur. Quran da pis əməllərə əmr edən nəfslə mübarizə aparılmasının zəruriliyini bildirib. Kim (dünyada) azğınlıq etmişsə, dünyanı (axirətdən) üstün tutmuşsa, şübhəsiz ki, onun məskəni Cəhənnəmdir! Amma kim Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən onun yurdu Cənnətdir. Quran nəfsin qarşısının alınması zəruriliyini vurğulayaraq, onun, öz istəklərinin dalınca getməsinə mane olmağı təkid edir. Başqa bir yerdə isə belə buyurur: [Ya Peyğəmbər!] Nəfsini özünə tanrı edən və Allahı bilərəkdən [onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün] yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?... (Casiyə-23). Digər bir yerdə isə həzrət Yusifin dilindən belə nəql edir: Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs [insana] pis işlər görməyi [şəhvətə uymağı] əmr edər... (Yusif-53). Siz həzrət Yusifin bu sözlərinə diqqət edin. O, özündən arxayın olmasına baxmayaraq yenə də nəfs pis işlər görməyi əmr edər deyir.

 

Yusif demək istəyir ki, insanın nəfsi həddindən artıq çox dolaşıq bir sistemə malikdir və onun onuncu qatında insanın onun mövcudluğundan xəbərsiz olduğu şeylər ola bilər. O, buna görə də mən özümü təmizə çıxartmıram deyir. Möminin xüsusiyyətlərindən biri də budur ki, o, heç vaxt nəfsinə, pis işlər görməyəcəyi baxımından etimad göstərmir.

 

Buna görə də islam, nəfslə cihad edilməsi məsələsini təsdiq edir. Ümumiyyətlə nəfslə cihad kəlməsi islama məxsus olan terminlərdəndir. Bu kəlmənin tarixçəsi belədir ki, səhabələrdən bir qrupu çətin döyüşlərdən birindən qayıdanda cəm şəkildə Peyğəmbərin (s) hüzuruna getmişdilər. Siz peyğəmbərin vəziyyətdən necə düzgün istifadə etməsi və sözü nə qədər yerində deməsinə diqqət edin. O həzrət müharibədən qayıtmış əsgər və döyüşçülərə afərin demək istəyir, amma bununla bərabər onlara böyük əxlaq dərsi də verir. Peyğəmbər (s) həmin dəstəyə üz tutaraq belə buyurur: Afərin! Kiçik cihaddan qayıdan, amma boyunlarında böyük cihad etmək vəzifəsi qalmış insanlara eşq olsun! Onlar deyirlər: Ey Allahın peyğəmbəri, böyük cihad nədir? Peyğəmbər (s) buyurur: Nəfslə cihad! Bəli, pis işlərə əmr edən nəfslə cihad etmək başqa insanla döyüşməkdən daha böyük və çətindir. Deməli, nəfslə cihad məsələsini islam da qəbul edir və irfan məktəbinin bura kimi olan mətləbləri onunla uyğundur.

 

Amma biz, irfan və sufilik adlandırdığımız bu məktəbdə nəfslə cihad, eqoistlik və xudbinliklə mübarizə və özü cəzalandırmaq mərhələsindəki mətləblərdə bəzən islamın təsdiq etmədiyi məsələlərlə də rastlaşırıq. Əlbəttə bu, istisna hallara şamil olur və mən bu məktəbin böyük şəxsiyyətlərinin belə səhv etdiklərini demək istəmirəm. Amma hər halda bu məktəb əhlinin sözlərində bu cür səhvlər çoxdur.

 

Mərhələlərdən biri də, çətin və məşəqqətli ruhi məşğələlərdir (riyazət). Onlar bu mərhələyə çatanda, islam onların müqabilində dayanaraq bədənin insanın boynunda haqqa malik olduğunu bildirir. Peyğəmbərin (s) səhabələrindən bəziləri bu cür məşəqqətli riyazətlərlə məşğul olmaq istəyirdilər. Amma, o həzrət həmin şəxslərlə kəskin şəkildə mübarizə aparırdı. Bütün bunlara baxmayaraq, bəzən belə şəxslərin islamın icazə vermədiyi dərəcədə çətin riyazətlərlə məşğul olduqlarına rast gəlinir. Bu çox da mühüm olmayan əngəllərdən biridir.

 

Nəfslə mübarizə və cihad iki cürdür. Bəzən nəfslə aparılan bu mübarizə riyazət çəkmək formasında olur. Belə ki, onlar çox az yemək və yuxularını həddindən artıq azaltmaqla bədənlərinə əziyyət verirlər. İnsanın bədəni elə bir xüsusiyyətə malikdir ki, şəxs onu necə formalaşdırırsa, o da həmin şəraitə alışaraq onu qəbul edir. İnsan çoxlu təkrar və vərdiş nəticəsində, doğrudan da gün ərzində bir neçə badam ləpəsi ilə keçinmək və on beş dəqiqə yuxu ilə kifayətlənmək həddinə çata bilər. Yəni bədənini məşəqqətli vəziyyətdə saxlaya bilər. Əlbəttə bu iş daha çox hindililər arasında geniş hal alıb və islam bu işin yayılmasına icazə vermədiyi üçün müsəlmanlar arasında belə işlərə az təsadüf edilir.

 

Amma nəfslə cihadın digər bir növü bədənlə deyil, nəfs və ruhun özü ilə mübarizədir. Yəni nəfsin meyl və istəklərinin əksinə əməl etməkdir. Bu da müəyyən qədər düz bir işdir. Amma burada da bəzən elə şeylərə rast gəlinir ki, onlar islam məntiqinə uyğun deyildir və bu din kamil insanı bu şəkildə təsvir etməmişdir. İndi bunları bir-bir açıqlayacağıq.

  
qinaq və danlaq üsulu 

Bəzi sufilər arasında yayılmış, amma az-çox onların hamısına öz təsirini göstərmiş üsul və yollardan biri də qınaq və danlaq üsulu və ya danlananlar üsulu adlandırılan yoldur. Bu üsul nədir? Bu, riyakarlığın müqabil nöqtəsidir. Riyakar adamın batini pis olur, amma o, özünü yaxşı kimi göstərir. Qınaq və danlaq üsulu ilə gedən şəxs isə yaxşı adam olur, amma camaatın ona etiqad bəsləməməsi üçün özünü pis kimi göstərir. Məsələn, o, şərab içmir, amma özünü şərab içən adam kimi göstərir, zina etmir amma özünü zinakar kimi göstərir ki, camaat onu pozğun və zinakar adam kimi tanısın. Həmin şəxs, bütün işlərinin izahında deyir ki, onların hamısı nəfsin öldürülməsi və məhvi üçün görülür. Doğrudan da bu işlər nəfslə kəskin mübarizədir. Çünki nəfs ona etiqad bəslənilməsini və hörmət göstərilməsini istəyir. Amma şəxs bilə-bilə elə işlər görür ki, xalq ona inam göstərməsin. Bir də görürsən ki, oğru olmamasına baxmayaraq, özünü oğru kimi göstərir. Birinin malını götürüb elə yerə aparır ki, onu tutub döysünlər. Yaxud şərab içməməsinə baxmayaraq özü ilə araq şüşəsi gəzdirir.

 

Görəsən bu qism işlər islam məntiqinə uyğundurmu? Xeyr! İslam, möminin şərəfini əmanət hesab edir və onun ixtiyarının öz əlində olmadığını bildirir. Buna görə də, onun camaat içində şərəf, şöhrət və abır-həyasına xələl gətirən işlər görmək haqqı yoxdur. İslam deyir ki, nə riyakarlıq edərək özünü yaxşı adam kimi göstər və nə də yalandan özünü pis adam kimi qələmə ver! Bunların hər ikisi əməli yalan hesab olunur. Nə o yalanı və nə də bu yalanı de!

 

İrfani ədəbiyyatda çox müqəddəs və mənəvi məna daşıyan mətləblərin xoşagəlməz kəlmələrlə bəyan edilməsinin və məsələlərin şahid, məşuq, şərab, ney və bu kimi ifadələrlə söylənilməsinin səbəblərindən biri də onların, özlərini olmadıqları kimi göstərmək istəkləri olub. Hətta Hafiz, özünün riyakar və ya qınaq üsulu ilə gedən olmasını inkar etməsinə baxmayaraq, onun şerlərində də bu mətləblərə çox rast gəlmək olar:

 

Dela, dəlaləte xeyrət konəm be rahe necat

 

Məkun be fesqe mobahoto zohd həm məfruş.

 

Yəni: Ey qəlb, səni nicat yoluna aparan bir xeyir göstərim. (O budur ki,) nə günah işlərlə fəxr et və nə də zahidliklə öyünmə.

 

Qınaq və danlaq üsulu, nəfslə sufiyanə mübarizə növüdür ki, islam bu üsulu qəbul etmir. Əlbəttə bir daha təkid edirəm ki, bu üsul bütün sufilər arasında mövcud olmayıb. Xacə Abdullah Ənsari kimi bir çox sufilər arasında şəriət qanunlarının qorunması və onlara riayət edilməsi çox güclü olub. Amma hər halda bu məsələlər bəzi sufilər arasında mövcud olub. Xorasan sufiləri arasında qınaq və danlaq üsulu ilə gedənlərin daha çox olduğu bildirilir. Bəli, bütün bunlara baxmayaraq islam, nəfslə cihad məsələsində bu üsulu ilə gedilməsinə icazə vermir.

  
sufilik və heysiyyət 

Bəzən, sufi məktəbində nəfsi ram etmək, alçatmaq və onun əmr verməsinin qarşısını almaq üçün xoşagəlməz rəzil işlər görülür. Məsələn, şəxs, öz heysiyyətini qorumaq imkanına malik olduğu yerdə bunun etmir. Bizim, möminin izzət və heysiyyəti adlandırdığımız şey, bəzi sufi məktəblərində tamamilə mənasızdır. Bu məktəblərin çoxunda, şeyx, öz müridinin ona xidməti üçün keçirilən mərasimində müridinə çox alçaq və rəzil işlər görmək əmr edir. Məsələn, həmin mürid nəfsini öldürmək üçün mütləq bir müddət təzək toplamalı, süpürgəçilik edərək zibil yığmaqla məşğul olmalı və bunlardan da aşağı işlər yerinə yetirməlidir. Amma islam bunlara icazə vermir.

 

Sufi şeyxlərindən olan İbrahim Ədhəm deyir ki, mən ömrümdə heç vaxt, üç yerdə sevindiyim qədər şad olmamışam. Onlardan biri, mən məsciddən çölə atılarkən olub. Bir dəfə xəstələnmişdim və xəstəliyin ağırlığından məscidin yerinə düşmüşdüm və ayağa dura bilmirdim. Məscidin xidmətçisi gəlib orada yatmış dilənçi və yoxsul adamları oyatdı. Mənə çatanda da tənə ilə dur! deyərək mənə bir neçə təpik vurdu. Mən isə ayağa dura bilmirdim. Hamı o, getdi və mən tək qaldım. Xidmətçi gəlib ayağımdan yapışaraq məni leş kimi məsciddən çölə atdı. Mən həmin anda çox sevindim, çünki gördüm ki, nəfsim olduqca sınır, xar və zəlil olur.

 

İkinci hadisə isə bir dəfə camaatla birlikdə gəmiyə mindiyim vaxt baş verib. Həmin gəmidə bir nəfər təlxək də var idi. Təlxək gəmidə olanların başlarını qatmaq üçün təlxəklik edir, nağıl danışır və camaatı güldürürdü. Təlxək birdən belə dedi: Bəli, bir dəfə filan yerdə kafirlərlə aparılan müharibəyə getmişdim, orada filan-filan işləri gördük. Orada murdar bir kafir var idi və mən gedib onun saqqalını tutaraq çəkdim. Təlxək necə deyərlər həmin sujeti camaata göstərmək üçün məclisə nəzər saldı və məndən rəzil adam tapmadığı üçün gəlib mənim saqqalımdan yapışaraq çəkdi və hamı güldü. Mən burada da, nəfsimin həddindən artıq alçaldığını görüb çox şad oldum.

 

Üçüncü hadisə isə belə olub: Bir dəfə qışda bir yerdə idim. Qaldığım yerdən çıxıb günün altına gəldim. Kürkümə baxanda, onda çoxlu bit olduğunu gördüm, bilmədim bit çox idi, yoxsa kürkün tükləri?! Bu da mənim çox sevindiyim vaxtlardan biri olub.

 

Bəli, bunlar nəfslə mübarizə və cihaddır, amma islamın qəbul etmədiyi mübarizə və cihad! Ümumiyyətlə islam, insanın alçalması bahasına başa gələn nəfslə mübarizə formasını və təlxəyin camaatın güldürməsini, yəni bihudəliklə məşğul olmasını qətiyyən qəbul etmir. Təlxəkliyin özü bir pis iş, səni təhqir etməsi isə ikinci bir pis işdir. Nəfslə cihad edirəm deyə, təlxək gəlib adamın saqqalından yapışaraq o tərəfə bu tərəfə çəkməli və adam ona təslim olaraq bir söz deməməlidir?! Xeyr! İslam deyir ki, mömin əziz və möhtərəmdir və o, öz şərəf və heysiyyətini qorumalıdır. İslamın məntiqinə əsasən, İbrahim Ədhəmə, orada təlxəyin müqabilində dayanaraq naqqallıq edərək həddini aşma! Rədd ol! demək vacib idi.

 

Başqa birisi isə belə deyir: Bir axşam bir nəfər məni evinə iftara dəvət etdi. Onun qapısına gedəndə məni içəri buraxmadı. Sonra, bir axşam yenə də məni dəvət etdi, amma qapısına gedəndə yenə içəri buraxmadı. Bu hadisə bir neçə dəfə təkrar oldu. Axrıda mənə belə dedi: Doğurdan da mən çox təəccüb edirəm; indiyə kimi səni üç dəfə evimə dəvət etmişəm və hamısında da içəri buraxmamışam. Amma səni çağıranda, sən yenə də gəlirsən. Sən nə qəribə adamsan?! Həmin şəxs deyir ki, mən onun cavabında belə dedim: İt də belədir, əgər iti on dəfə çağırsan və sonra qovsan, çağıranda yenə gələcək.

 

Amma islam, insana nəfsini bu qədər alçaltmaq və təhqir etmək icazəsi vermir. Nə üçün? Bəli, məsələnin sirri elə buradadır.

 

Biz islam maarifini seyr və ya mütaliə edəndə bəzən elə bir yerə çatırıq ki, nəfsdən söz düşəndə onunla mübarizə aparılması və öldürülməsinin zəruriliyi və pis işlərə əmr edən nəfsin filan cür olmasını görürük. Digər tərəfdən isə həmin qədər, bəlkə ondan da çox nəfsin izzəti, heysiyyət, onun möhtərəm və əziz olmasından söhbət edilməsi ilə rastlaşırıq. Möminin nəfsinin hörmətli və uca olmasından söz açılır. Hətta islam əxlaqının hamısı, insanın diqqətini onun nəfsinin əziz və şərəfli olmasına cəlb etməyə əsaslanır. Əxlaq elmində deyilir: öz nəfsinin şərəfini ləkələmə! Burada ortaya belə bir sual çıxır: İslamın bir tərəfdən nəfslə mübarizə apar deməsi, digər bir tərəfdən isə nəfsinin şərəfini ləkələməmək göstərişi verməsi nə məna daşıyır? Məgər insanda biri ilə mübarizə aparılmalı, digəri isə möhtərəm sayılmalı olan iki nəfs vardırmı?

 

Sualın cavabı budur ki, iki şəxsin olması mənasını verən iki nəfs mövcud deyil, nəfs birdir, amma həmin bir nəfsin həm ali və uca və həm də rəzil və aşağı dərəcələri vardır. Nəfs özünün ali dərəcəsində şərəflidir, amma rəzil dərəcəsində ayağını yorğanından artıq uzadaraq həddini aşanda, onun alçaq olmasını demək əvəzinə əmrlərinin qarşısını almalıyıq. Ariflərin dilində bu məsələyə lazımı diqqət yetirilməyib və buna görə də onlar nəfslə cihad və mübarizədən danışanda təkcə pis işlərə əmr edən nəfs deyil, şərəfli nəfslə də mübarizə və cihad edilməsini vurğulayıblar. Belə ki, onlar belə bir şeyin olmasına az diqqət yetiriblər. Mən yenə də az diqqət yetiriblər deyirəm ki, siz onların qətiyyən diqqət yetirmədiklərini düşünməyəsiniz.

  
insanin həqiqi mənliyi 

Burada, müasir fəlsəfədə də başqa cür irəli sürülən bir sual qarşıya çıxır ki, insanın həqiqi mənliyi kim və nədən ibarətdir? Filosofların bu barədə xüsusi nəzərləri vardır. Onlar deyirlər ki, hər bir şəxsin mənliyi, onun ruhu, insanın tanıyaraq ayırd etdiyi şeydir. İnsanın hiss etdiyi mən onun ruhudur. Ondan mən kimdir deyə soruşanda o, ruhumdur deyə cavab verir.

 

Müasir psixologiya elmi belə bir nəticəyə gəlib ki, insanın özünün hiss etdiyi miqdarı, onun mənliyinin yalnız bir hissəsidir. Onun mənliyinin çox hissəsi isə hissedilməzdir və insan onun mövcudluğundan xəbərsizdir. Yəni onun zahiri hissiyyatında mövcud deyil. Ariflər burada möcüzə edərək bu günkü psixoloqlardan daha dəqiq söz deyiblər. Onlar filosoflarla aşkar müxalifət edərək belə deyiblər: Filosoflar, insanın mənliyinin, onun ruhu olmasını deməklə səhv deyiblər. Mən, filosofların insanın ruhu adlandırdığı şeydən çox dərin və dəqiqdir. Şəbüstəri demişkən:

 

 

Məno to bərtər əz cano tən aməd

 

Ke cano tən ze əczaye mən aməd.

 

 

Yəni: Mən və sən ruh və cismdən üstündür, ruh və can mənliyin hissələridir.

 

Əlbəttə, onlar deyirlər ki, insan öz həqiqi mənliyini Allahı kəşf edəndə dərk edə bilər. İnsanın öz mənliyini müşahidə etməsi, heç vaxt Allahı dərk etməkdən ayrılmır və bu məsələ Quranda da bəyan edilib. Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu [xeyirlərini başa düşməyən] kimsələrə bənzəməyin! Onlar [Allahın itaətindən çıxmış] fasiqlərdir! (Həşr-19). Bunun özü geniş bir mövzudur.

 

Ariflər insanın mənliyinin filosofların dərk etdiklərindən dərin olmasına çox diqqət yetiriblər. Mühyiddin Ərəbi, İbni Sina kimi filosofları çox təhqir edib. Şəbüstərinin sözləri də eynilə Mühyiddinin sözləri kimidir.

 

Mövlana bir yerdə bu mətləbi çox maraqlı şəkildə bəyan edib:

 

 

Ey ke dər peykar xodra baxte

 

Digərənra to zexod nəşnaxte

 

 

Yəni: Ey döyüşdə özünü uduzan! Sən...

 

Mövlananın, ey özünü uduzan şəxs deməkdən məqsədi mənliyi unutmaqdır. Bu da Quranın ifadələrindəndir. Quran buyurur: Əsl ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradarlar. Yəni ən böyük məğlubiyyət və uduzmaq insanın özünü uduzmasıdır.

 

 

Mövlana davamında belə deyir:

 

Ey ke dər peykar xodra baxte

 

Digərənra to zexod nəşnaxte

 

To be hər surət ke ayi biysti

 

Ke mənəm in, vəllah an to niysti.

 

Sonra dəlil gətirərək belə deyir:

 

Yek zəman tənha bemani to ze xəlq

 

Dər ğəmo əndişe mani ta be həlq.

 

 

Yəni: Əgər sən bir az camaatdan uzaq qalsan hülquma kimi qəm-qüssədə batarsan.

 

O, burada belə bir sual irəli sürür ki, sən məcburi şəkildə xəlvət və təklikdə qalmalı olduqda və yaxud öz xoşunla camaatdan ayrılaraq tək qalanda qorxuya düşərsən, ya yox? Kim on gün bir yerdə tək qalanda darıxaraq sıxıntı keçirmir? Tək adamlıq kamerada saxlanılmaq ən çətin həbslərdəndir, niyə? Çünki insan orada tək qalır. Mövlana deyir ki, sən əgər özünü taparaq dərk etsəydin belə vəziyyətə düşməzdin.

 

 

İn to ki başi ke to an ohədi

 

Ke xoşo zibavo sərməste xodi

 

 

Əgər sən özünü tapsaydın, təklikdə özünlə birlikdə olanda heç nəyə möhtac olmazdın. Təklikdən qorxmağının səbəbi budur ki, sən özünlə də deyilsən, özünü də itirmisən və uduzmusan!

 

Buna görə də həqiqəti Allaha diqqət yetirməkdən ibarət olan ibadət insanın həqiqi mənada özünü tapmasıdır. İnsan, həqiqi özünü ibadətdə və diqqətini haqqın zatına cəmləşdirdikdə tapır.

 

Bəli, ariflər bu məsələni belə dəqiqliklə kəşf və dərk ediblər. Amma biz eyni zamanda görürük ki, onlar, nəfslə cihad məsələsində onun ali məqamının izzət və şərəfinə, ləkələnməməsinə və ümumiyyətlə insanın onun vasitəsilə yüksək məqamlara çatmasına çox az diqqət yetiriblər. Onların bu məsələyə diqqət yetirmələri o qədər azdır ki, biz onu yox dərəcəsində olmasını deməliyik. Əgər biz, onu islami mətnlərdə olan göstərişlərlə müqayisə etsək, görərik ki, ariflər hər şeyi islamın hökmlərindən götürmələrinə baxmayaraq, bu məsələdə ondan az ilham alıblar. Bəlkə də bunun səbəbi onların bu məsələnin incəliyini az dərk etmələridir.

  
heysiyyət, quran və hədis baximindan 

Dediyimiz kimi, islamda nəfsi istəklərə uymağın qadağan edilməsi, nəfsin, pis işlərə əmr edən olmasının bildirilməsi, Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə ziyana uğrayacaqdır və Cismani ölümdən qabaq nəfsinizi öldürün kimi məsələlərin olması ilə yanaşı, onun qədir-qiyməti və heysiyyət məsələsi üzərində çox təkid edilib. Quran buyurur: ... Şərəf-şan da, qüvvət və qələbə də Allaha, Onun peyğəmbərinə və möminlərə məxsusdur... (Munafiqun-8). Gördüyünüz kimi, şərəf-şan və heysiyyət, nəfsin izzət və ucalığı özünü bəyənmək və özündən razılıq kimi qiymətləndirilmir. Xeyr, heysiyyət başqa bir şeydir. Peyğəməbr (s) buyurub: Ehtiyaclarınızı heysiyyətlə istəyin. İnsanın başqa bir insana möhtac olması təbii bir məsələdir. Peyğəmbər (s) buyurub ki, bir şeyə ehtiyacınız olanda onu rəzalət və zəlilcəsinə istəməyin, heç kəsin qarşısında özünüzü xar etməyin. Ehtiyacınız olan şeyi heysiyyətinizi qorumaqla istəyin, yəni öz şəxsiyyətinizi və izzətinizi ləkələməyin. Belə fikirləşməyin ki, ehtiyacınız olan şeyi başqalarından dilənçi kimi istəmək nəfslə cihad və mübarizə baxımından daha yaxşıdır. Xeyr, islam buna icazə vermir. Kimdənsə, ehtiyacın olan bir şey istəyirsənsə, onu izzət və heysiyyətini qorumaqla istə və al!

 

Əli (ə)-ın döyüş meydanında söylədiyi bu cümləyə diqqət edin. Bu cümlədə heysiyyət və şərəfdən söz gedir. O həzrət buyurur: ölüm alçaq həyatda, həyat isə izzət və şərəfli ölümdədir!

 

 

Tən mordevo geryeye dustan

 

Behəz zendevo xəndeyi doşmənan

 

Məra ar ayəd əz in zendəgi

 

Ke salar başəm konəm bəndəgi.

 

 

Yəni: Cismimin ölməsi və dostlarımın ağlamaları mənə diri olub düşmənlərin gülməsini görməkdən yaxşıdır. Mənə ağa ola-ola qul kimi yaşamaq ar gəlir.

 

İmam Hüseyn (ə) belə buyurur: İzzət və heysiyyətlə ölmək, zillət və xar yaşamaqdan daha yaxşıdır. O həzrət nəfslə cihad, bizdən Yezid və İbni Ziyadın hökmlərinə tabe olmaq tələb edir, çünki belə olan surətdə biz öz nəfsimizlə daha çox mübarizə aparmış oluruq sözlərini demir. İmam Hüseyn (ə) belə buyurur: Ziyadın oğlu şərəfsiz oğlu şərəfsiz məndən iki şeydən birini seçməyimi istəyib. Zillət bizdən çox uzaqdır. Bunu Allah, peyğəmbər və möminlər bizə icazə vermirlər...

 

Bəli, imam Hüseyn (ə) zillətə tabe olmağı özündən rədd edərək buyurur ki, biz hara zillət hara?! Mənim zillətə tabe olmağıma və xarlığıma Allah razı deyil. İmamın bu sözdən məqsədi budur ki, mənim xar olmağa razı olmamağım şəxsi hisslərimə qapılmağımdan yaranmayıb. Mənim məktəbim, Allahım, peyğəmbərim və aldığım tərbiyə, mənə bu icazəni vermir. Mən Əli (ə) və Fatimə (s)-in qucağında böyümüşəm. Mən Zəhranın südü ilə böyümüşəm və o süd mənə bu icazəni vermir. Yəni, sanki anam burdadır və mənə belə deyir: Hüseyn! Sən mənim südümü əmmisən. Mənim südümlə böyümüş bir kimsə zillətə boyun əyməz!

 

İmam Hüseyn (ə) gedək İbni Ziyada tabe olaq, qoy nə istəyir eləsin, bizi təhqir edərək söyməkdən başqa bir iş görməyəcək ki? Onsuz da o, bu işlərdən nə qədər çox etsə, biz nəfsimizlə o qədər çox cihad etmiş oluruq! sözlərini demədi. Qətiyyən, belə şey ola bilməz. O, mən heç vaxt sizə zillət əli uzatmayacağam və heç vaxt qul kimi qabağınızda qalmayacağam və ya başqa nəqlə əsasən qullar kimi sizin haqq olmanızı etiraf edib dilimə gətirməyəcəm və zillətə boyun əyməyəcəyəm sözlərini buyurub.

 

Quran ayələrindən, Peyğəmbər (s) və məsum imamlardan, xüsusilə imam Hüseyn (ə)-dan nəql edilmiş hədislərdə belə ifadələr həddindən artıq çoxdur.

  
gənclərə tövsiyə 

Mən Cavid məscidindəki söhbətlərimdən birində bir nöqtəyə toxunmuşdum və indi izah etmək üçün onu burada bir daha təkrar etmək istəyirəm. Həmin söhbətimdə, son zamanlar imam Hüseyn (ə)-ın adından yayılmış həyat əqidəyə malik olmaq və onun uğrunda cihad etməkdən ibarətdir cümləsi barəsində danışaraq dedim ki, islami mətnlərin heç birində o həzrətdən belə bir hədis nəql edilməyib. Deməli, həmin hədis sənədsiz olduğu üçün mötəbər deyildir. Hədisin mənası da düz deyildir və o imam Hüseyn (ə)-ın məntiqi ilə də uyğun gəlmir. İslam məntiqi baxımından həyat, insanın əqidəyə malik olması və onun uğrunda cihad etməsi demək deyildir. İslamda əqidə deyil, haqdan söhbət gedir. Buna görə də həyat insanın haqqı tapması və onun yolunda cihad etməsidir. Əqidə yolunda cihadın zəruriliyi fikri əcnəbilərə məxsusdur və o, sonralar müsəlmanlar arasında aşağıdakı şer şəklini alıb.

 

 

Qif dunə rəyikə fil həyati mucahidən

 

İnnəl həyatə əqidətun və cihad.

 

 

Yəni: Həyatda, sənin fikir və əqidəndə olmayanları döyüşlə dayandır, çünki həyat əqidə və cihaddır.

 

Mən gördüm ki, gənclərdən bir neçəsinin ürəyi həmin cümlənin imam Hüseyn (ə)-dan olmasını istəyir və mənim həmin cümlənin o həzrətdən olmamasını deməyim onların xoşuna gəlmir. Buna görə də ilk növbədə qeyd etmək istəyirəm ki, biz gənc nəslə, onları əqidələrində təəssübkeş deyil, həqiqət axtaran hesab etdiyimiz üçün xüsusi hörmət bəsləyirik. İndi əvvəla, əgər gənc nəslin də başına bir şey girəndə onu başlarından çıxarmaq mümkün olmasa və ya onlar da heç bir dəlil və məntiqə əsaslanmadan söz danışaraq əqidələri barəsində söhbət etməyə icazə verməsələr, keçmiş nəsl kimi olurlar. Belə gənclə keçmiş arasında olan fərq budur ki, onun bu cümlədən, keçmiş nəslin isə başqa cümlədən xoşu gəlib. Amma hər iki işin mahiyyəti birdir, yəni sən də, o, da dəlil və sübutsuz öz əqidənizdən yapışmısınız.

 

İkincisi, siz indi qabaqcadan öz dostunuzdan eşidirsiniz ki, bu cümlə həm islamın məntiqi ilə düz gəlmir, həm də heç bir kitabda onun sənədi yoxdur. İndi fərz edin ki, sizin düşmən və müxaliflərinizdən olan və islam məsələlərindən yaxşı baş çıxaran bir qeyri-müsəlman şəxs həmin hədis imam Hüseyn (ə)-dandır deyib haray salan müsəlmana belə deyir: Filankəs, imam Hüseynin sözlərinin kitablarda sənəd və kökü olmalıdır. O bu cümləni harda deyib? Belə olan surətdə təbii ki, siz həmin cümləni tapa bilməyəcək və durub, mənim yanıma gəlib belə deyəcəksiniz: Həyat əqidəyə malik olmaq və onun uğrunda cihad etməkdən ibarətdir cümləsi harada və hansı kitabda yazılıb? Onu tez mənə göstər. Mən həmin sənədi mübahisə etdiyim müxaliflərdən birinə göstərmək istəyirəm. Mən onda sizə desəm ki, bu cümlə heç bir kitabda imam Hüseyn (ə)-ın dilindən nəql edilməyib, deyəcəksiniz ki, bəs bunu indiyə kimi nə üçün deməmisən ki, biz belə səhvə yol verməyəydik. Bəli, onda sizin kimisinin biri gəlib mənim kimisinin yaxasından yapışacaq ki, nə üçün bu qədər susdun, niyə heç nə demədin və indi biz düşmən qarşısında çıxılmaz vəziyyətdə qalanda və düşmən tərəfindən məhkum ediləndə səsini çıxarırsan?! Belə bir cümlənin olmamasını indi deyirsən?! Üçüncüsü, əgər siz bu cümləyə igidlik və qəhrəmanlıq baxımından vrulmuşsunuzsa, imam Hüseyn (ə)-ın ondan yüz qat artıq üstünlüyə malik cümlələri var. Sizcə həyat əqidəyə malik olmaq və onun uğrunda cihad etməkdən ibarətdir cümləsi yaxşıdır, yoxsa bundan əvvəl oxuduğumuz izzət və şərəfli ölüm, zillətli həyatdan daha yaxşıdır cülməsi? Bunlardan hansı yaxşıdır? O cümlə yaxşıdır, yoxsa o həzrətin bu cəmləsi ki, buyurur:

 

 

Əlmovtu xəyrun min rukubil ari

 

Vəlaru ovla minduxulin-nari.

 

 

Yəni: ölüm, arla yaşamaqdan və ar da oda daxil olmaqdan daha yaxşıdır.

 

Bu üstündür, yoxsa o həzrətin Aşura günü dediyi başqa bir cümlə ki, buyurub: Ziyadın oğlu bu şərəfsiz oğlu şərəfsiz məndən iki şeydən birini, qılınc və ya zilləti seçməyi istəyib; zillət bizdən çox uzaqdır... Həmin cümlə üstündür, yoxsa başqa bir xütbəsində dediyi bu cümlə? Kim bizim yolumuzda qan və canından keçmək və özünü Allah görüşünə çatdırmaq istəyirsə bizimlə birlikdə səfərə çıxsın, mən inşaallah səhər hərəkət edəcəyəm!

 

Biz ki, şüar yoxsulu deyilik! Əgər biz bu cür şüarlara möhtac olsaydıq və özümüzün qəhrəmanlıq şüarlarımız olmasaydı, hansısa cümlənin imam Hüseyn (ə)-dan olmasını eşidəndə deyərdik ki, onsuz da bizim özümüzün bir şeyimiz yoxdur, gəlin bu cümləni götürüb imam Hüseyn (ə)-a nisbət verək. Amma xoşbəxtlikdən məsələ belə deyildir. İmam Hüseyn (ə)-ın özündən, atasından, anasından, qardaşları və övladlarından nəql edilmiş o qədər şüarlarımız vardır ki, dünya gəlib belə şeyləri bizdən borc almalıdır. Biz nə üçün gedib başqalarını götürməliyik? Buna görə də gənc nəslin bu barədə təəssübkeşlik etməsi yaramaz.

 

Mən yenə də deyirəm, əgər kimsə bu cümləni kitablarda tapıb mənə gətirsə, mən gəlib bu minbərdə səhv etdiyimi etiraf edəcəyəm. Mən doxsan doqquz faiz bilirəm ki, tapılmayacaq, yüz faiz demirəm, çünki iddia etmək istəmirəm. Biz bir söz danışarkən dəlil və sübuta əsaslanaraq danışmalıyıq, sənədsiz heç bir şeyi dilimizə gətirməməliyik. Bu barədə də söz çoxdur, amma vaxt keçdiyi üçün söhbətimi burada da sona çatdırmaq məcburiyyətindəyəm.

 

Bu da bizim sufi ədəbiyyatımızda nəfslə cihad məsəlsində, nəfsin izzət və şərəfinin tapdalanmasının islam meyarları ilə tənqidi idi. Göründüyü kimi, həmin məsələləri islam meyarları ilə ölçdükdə, həmin hissənin islah edilərək düzəldilməsinin zəruriliyi duyulur.

  
ONUNCU FƏSİL   
1. QÜDRƏT MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ  

Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə [düşmənə qarşı] vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də [kafirlərə] boyun əymişlər. Allah səbr edənləri sevər.

 

(Ali-İmran-146).

 

Kamil, nümunəvi, ideal, üstün və ali insan barəsində nəzəriyyə vermiş məktəblərdən digər birisi də qüdrət məktəbidir. Bu məktəbdə kamil insan, qüdrətli və güclü insana deyilir. Başqa sözlə desək, onlar qüdrət və bacarığa kamillik, zəiflik və bacarıqsızlığa isə naqislik kimi baxırlar. Bu məktəbin nəzəriyyələrinə əsasən, insan güclü olduğu qədər kamil, zəifliyi qədər isə naqisdir və ümumiyyətlə haqq və ədalət heç bir həqiqətə malik deyil və onların güc və qüdrətdən başqa mənaları yoxdur.

 

Biz, adətən iki qüvvə qarşı-qarşıya dayananda onların hansının qalib gələcəyini nəzərə almadan birinin haqlı və ədalətli, digərinin isə nahaq, zalım və batil olmasını fikirləşirik. Bu cür qarşılaşmalarda haqqın batilə və ya batilin haqqa qalib gəlməsi mümkündürmü? Yəni ola bilərmi ki, batil haqqa qalib gəlib onu məğlub etsin, həmçinin haqq batilə qalib gəlsin. Əlbəttə, Quranın məntiqi baxımından son qələbə həmişə haqqa məxsusdur və batilin qələbəsi müvəqqəti və ötəridir. Bu, Quran baxımından çox diqqətəlayiq bir məsələdir. Amma bununla belə, bu ilahi kitaba əsasən həmişə qarşı-qarşıya dayanmış iki qüvvədən qalib gələni haqq, məğlub olanı isə nahaq və batil deyildir. Qürdət məktəbi tərəfdarları isə deyirlər ki, tərəf müqabilini məğlub edən qüvvə haqdır, qüdrətli və güclü tərəfin gördüyü iş, güclü və bacarıqlı olduğu üçün ədalət hesab olunmalıdır.

  
qüdrət məktəbinin tarixçəsi 

Bu məktəb, dünyada qədim keçmişə malikdir və onun tarixçəsi Sokratdan qabaqkı dövrlərdən başlanır. Sokrat həzrət İsa (ə)-ın mövludundan təqribən 400 il qabaq yaşayıb və indi həmin vaxtdan təqribən 2400-2500 il keçir. Sokratın yaşadığı dövrdən qabaq səfsətəçilər adlandırılan bir qrup olub. Onlar, ictimai məsələlərdə bu günkü qüdrət məktəbinin nəzərinə bənzər fikirlərə malik olublar. Amma həmin fikir o zaman Yunan dünyasında Sokrat, Əflatun və Ərəstu kimi filosofların üzə çıxmaları ilə aradan getmişdir. Sonralar da xristianlığın gəlməsi ilə bu qism fikirlərə qətiyyən yer olmayıb, çünki xristianlıq bu tərzli fikirlərin tam əks müqabilində dayanıb, yəni nəinki qüdrəti təbliğ etməyib, hətta ona qarşı çıxaraq zəifliyi təbliğ edib. Xristianlığın biri sağ üzünə sillə vuranda, sol üzünü çevir ki, ona da vursun və hətta özünü belə, müdafiə etmə deməsi zəifliyin bir növ təbliğidir. Güc və qüdrət barəsində xüsusi məntiqə əsaslanan islam dini, dünyada zühur edəndə gücün haqq-ədalətlə bərabər olmasını və ya haqq və ədalətin güc və qüdrətdən ibarət olmasını deməyib. Əcnəbilər haqqa gücün haqqı, yəni zor və güclə bərabər olan haqq deyirlər.

 

Qərbdə sonralar bir daha belə bir fikir yarandı ki, haqq zor və güclə bərabərdir. Bu fikir ilk dəfə siyasi fəlsəfədə, yəni yalnız siyasi fikirlər çərçivəsində yaranıb. Məşhur italyan alimi və filosofu Makyavelin siyasi fəlsəfəsi ağalıq üzərində qurulub. O, deyir ki, siyasətdə nəzərə alınması lazım olan yeganə şey ağalıqdır və bu sahədə ondan başqa heç nə mötəbər deyildir. Siyasi hədəflərə, yəni həmin ağalığa çatmaq üçün hər şeyə yalan, hiylə, biclik, yalandan and içmək, xəyanət, başqalarının haqlarını tapdalamaq və bu qism şeylərə icazə verilir. Siyasətdə bu işlərə yol verilməsi qətiyyən pislənilməməlidir. Sonralar bu işləri təkcə siyasət aləmində deyil, qeydsiz-şərtsiz bütün sahələrdə mümkün sayan filosoflar üzə çıxdılar və onlar məsələni ümumi əxlaq norması kimi genişləndirməklə, siyasətçilərə bu yolu tutub getmələri barədə yaşıl işıq yandırdılar. Onlar, hətta ali və insani əxlaqın həmin ağalıq və iqtidar olmasını deyiblər. Məşhur alman filosofu Niçe, əxlaqda qüdrət nəzəriyyəsini ümumi şəkildə irəli sürüb. O, ömrünün sonunda dəli olub, amma mənim fikrimcə həmin dəliliyin əlamətləri elə onda əvvəldən də aşkar imiş.

  
bikenin nəzəriyyəsi və onun təsirləri 

Burada, bir müqəddimə söyləmək lazımdır. Bildiyiniz kimi təqribən dörd əsr bundan əvvəl, yəni 16-cı əsrdə elm və texnikada böyük dəyişiklik və inqilab baş verib, dünyanın böyük filosoflarından iki nəfəri ingiltərəli Biken və fransalı Dekart yeni elmin atası adlandırılıblar. Xüsusilə Bikenin elm barəsindəki nəzəriyyəsi bütün keçmiş nəzəriyyələri dəyişdirib. Elmin tərəqqisinə və insanın təbiətə hədsiz hökmranlığına səbəb olmuş bu nəzəriyyə, eyni zamanda insanların məhv və puçluğunun mənşəyinə çevrilib. Belə ki, bu nəzəriyyə insanın əli ilə təbiəti abadlaşdırıb, amma digər tərəfdən də onun öz əli ilə özünü məhv edib. Bu nəzəriyyə nədən ibarətdir?

 

Bəşəriyyətin Bikendən qabaqkı böyük filosof və şəxsiyyətləri, xüsusilə dini alimlər elmdən güc və qüdrət deyil, həqiqət yolunda istifadə ediblər. Belə ki, onlar insanları elm öyrənməyə təşviq edəndə, elmin insanı həqiqətə çatdırmasına əsaslanaraq belə deyiblər: Ey insan! Alim ol! Bilikli ol! Çünki elm səni həqiqətə çatdırır, elm insanı həqiqətə çatdıran vasitədir. Buna görə də elm müqəddəs, yəni insanın mənafeyindən və maddi məsələlərdən üstün müqəddəsliyə malik bir həqiqət olub. Həmişə elmi mal və sərvətlə müqayisə edərək belə deyiblər: Elm yaxşıdır, yoxsa var-dövlət? Siz islam ədəbiyyatında elmin sərvətlə müqayisə edilərək ondan üstün tutulmasının şahidi olubsunuz.

 

 

Elm dadənd be idriso be qarun zəro sim

 

An yeki zire-zəmino digəri foqi-fələk.

 

 

Yəni: İdrisə elm, Qaruna isə qızıl-gümüş verdilər. Biri yerin altına, digəri isə göylərin üstünə [gedəcək].

 

Əmirəl-möminin Əli (ə) da Nəhcül-bəlağədə olan cümlələrində elmi mal və sərvətlə müqayisə edərək onlardan üstün tutub. Dinlərdə həmişə elmə maddi şeylərdən üstün müqəddəs məsələ kimi baxılıb və müəllim müqəddəs məqama malik olub. Əli (ə) buyurur: Mənə bir hərf öyrədən kimsə, məni özünə qul edib. Quranın, elmin məqam və müqəddəsliyini nə qədər ucaltdığına diqqət edin. Bu müqəddəs ilahi kitab həzrət Adəm (ə)-ın yaradılışı, ilahi adların ona öyrədilməsi və mələklərin ona səcdəsindən söz açan hekayətdə buyurur ki, ey mənim mələklərim, Adəmə səcdə edin, çünki o, sizin bilmədiyiniz şeyləri bilir.

 

Biken yeni nəzəriyyə irəli sürərkən belə deyib: İnsanın, həqiqətin kəşfi müqəddəsdir deyib onu kəşf etmək üçün elm dalınca getməsi boş bir şeydir. Bəli, elm insan həyatının xidmətində olmalıdır, insanın həyati işlərinə yarayan, onu təbiətə hakim edən və insana qüdrət verən elm çox yaxşıdır. Buna görə də elm, özünün asimani mahiyyətini əldən verərək maddi şəkil aldı, yəni elm və tədqiqatın hərəkət yolu dəyişdi və o, insanın təbiətə daha çox hakim olması, daha yaxşı yaşaması, başaq sözlə desək, onun rifahına daha yaxşı və münasib şərait yaratmaq üçün təbiətin sirlərini kəşf etmək yoluna qədəm qoydu.

 

Əlbəttə, bu nəzəriyyə bir tərəfdən bəşəriyyətə çox böyük xidmət edib. Çünki elm insanın təbiətə hökmranlığı və ondan daha çox bəhrələnməsi üçün təbiəti kəşf etmək yoluna düşdü və həmin nəzəriyyə bu baxımdan yaxşıdır. Amma bununla birlikdə, elm, malik olduğu müqəddəslik, ucalıq və paklığını itirdi. İndi diqqət etsəniz, görərsiniz ki, elm qədim meyarla dini mədrəsələrdə oxuyan tələbələr üçün həmin dəyərə malikdir. Belə ki, onlar indi də elmə məsələn, Adabul-mütəəllimin və ya Munyətul-murid kitablarının bəyan etdikləri gözlə baxırlar. Bu kitablar elmin fəzilət və üstünlüyünə təkid edən hədislərlə doludur. Buna görə də elm onlar üçün xüsusi müqəddəslik və paklığa malikdir. Məsələn, dini mədrəsələrdə dərs oxumaq istəyəndə dəstəmaz alaraq, elm öyrənməyə təharət və paklıqla gedirik. Həmin mədrəsələrdə təhsil alan tələbə üçün ustad və müəllim özünəməxsus hörmət, müqəddəslik və ucalığa malikdir. Tələbə doğrudan da səmimi qəlbdən ustad və müəlliminə ehtiram göstərir. Mal və sərvət üçün elm fikrinə düşəndə öz-özlüyündə bu hədəfindən xəcalət çəkir. Həmçinin müəllim pul xatirinə dərs verməyi elmin məqamının alçalması hesab edir.

 

Amma Bikenin nəzəriyyəsinin davamı olan müasir təhsil sistemində elm öyrənmək və öyrətmək məsələsi öz müqəddəsliyini tamamilə itirib. Təhsil almaqla məşğul olan tələbə üçün onun bu elm öyrənməsi gələcək həyat hazırlığı xarakteri daşıyır. Bu nəzəriyyəyə əsasən, sabah həkim və ya mühəndis olaraq yaxşı yaşamaq üçün orta məktəb və universitetdə təhlsil alan şəxslə, bazarda tacir, ətir satan və ya digər dükançı yanında şagirdlik edən adam arasında heç bir fərq yoxdur. Çünki onların hər ikisi pul dalınca qaçırlar. Həmin şəxs müəllimi barəsində də belə fikirləşir ki, o, ayda filan qədər pul alır və aldığı maaş müqabilində burada bu sözləri danışmalıdır. Hətta bəzən görürsən ki, şagird vicdan əzabı çəkmədən və utanmadan müəlliminin dalınca təhqiramiz sözlər danışır və bunu elə də qəbahətli bir iş saymır.

 

Biken deyib ki, elm qüdrət üçün və qüdrətin xidmətində olmalıdır. Bilik başqa şey üçün deyil, qüdrət və bacarıq üçün qazanılmalıdır. Bu nəzəriyyə əvvəlcə öz pis təsirlərini göstərmədi. Amma bəşəriyyət tədricən elmdən yalnız bacarıq və qüdrət kimi istifadə etdiyi üçün iş o yerə çatdı ki, hər şey qüdrət və gücün xidmətində oldu.

 

İndi, dünyanın çarxı, elmin tam şəkildə qüdrətlərin xidmətində olması əsasında fırlanır. Elm dünyada heç vaxt bu günkü qədər əsir olmamış, güc və qüdrətlərə bu qədər xidmət etməmişdir. Bu gün dünyanın birinci dərəcəli alimləri, dünyanın ən əsir və məhbus şəxsləridirlər. Ən savadlı alimlərdən biri məsələn, Eynşteyndir, amma onun elmi kimin xidmətindədir? Ruzveltin xidmətində! Eynşteyn Ruzveltin nökəridir və o, başqa cür ola da bilməz. İstər imperializm, istərsə də sosializm düşərgələrində məsələ bu cürdür. Bəli, onların arasında fərq yoxdur və elm dünyanın hər yerində belədir. İndi dünyanı elm deyil, qüdrət idarə edir. Dünyamız elm dünyasıdır cümləsinə düzəliş verməklə, onun əvəzinə Dünyamız elm deyil, qüdrət dünyasıdır demək lazımdır, yəni elm mövcuddur, amma azad deyil, qüdrət, güc və zor xidmətində olan elmdir! Elm bu gün azad deyil, əsirdir. Buna görə də dünyada edilən hər bir ixtira və kəşfdən qüdrət və güc yolunda istifadə etmək və ondan insanları öldürmək üçün qorxunc və təhlükəli silahlar düzəltmək imkanı olanda o, ilk növbədə həmin yerdə istifadə edilir. Həmin ixtira həmin yolda tam istifadə edildikdən sonra bəşəriyyətin digər işlərinə sərf edilir, yəni əvvəl gücə xidmət edilir, sonra bəşəriyyətə! Birdən həmin ixtira gücə xidmət etmək üçün heç cür yararlı olmayanda bəşəriyyətə xidmət üçün göndərilir. Bəzən lazım olan vaxta kimi həmin ixtira və kəşfi üzə çıxarmırlar, güc və qüdrətin ona ehtiyacı olduğu üçün, həmin sirri uzun müddət qoruyurlar.

 

Bikenin getdiyi yol istər-istəməz Makyavelin, xüsusilə Niçenin dediklərində sona çatır.

  
niçenin darvin nəzəriyyəsindən istifadəsi 

Dünyada başqa bir nəzəriyyə də yarandı ki, o, Niçe üçün digər bir əsasa çevrildi. Həmin nəzəriyyə darvinizmdir. Darvin dindar bir xristian olub. O, əslində Allaha zidd bir adam olmayıb və sözlərində Allahın olmasını etiraf edib və həzrət İsa (ə)-a hörmət bəsləyib. Hətta onun həyatı barəsində kitablarda yazılıb ki, Darvin öləndə, yəni can verən halda müqəddəs kitabı sinəsi üzərinə qoyaraq ondan möhkəm yapışıbmış. Amma Darvinin nəzəriyyəsi onun özünün də təsəvvür etmədiyi sui-istifadələrə düçar oldu. O cümlədən materialistlər, onun təkamül nəzəriyyəsindən Allahı inkar etmək üçün vasitə kimi istifadə ediblər.

 

Darvin fəlsəfəsindən edilmiş sui-istifadələrdən biri də, əxlaq məsələlərində, yəni yaxşı, nümunəvi kamil insan qurmaq barəsindəki məsələlər olub. Bu sui-istifadənin səbəbi Darvin fəlsəfəsinin əsaslarından birində həyatın ölüm-dirim mübarizəsi olması deyilməsidir. Onun yaratdığı dörd prinsipdən biri zata məhəbbətdir. Yəni hər bir heyvan öz zatını sevir və onu qorumaq üçün çalışır. Həmin prinsiplərdən bir digəri də həyatın ölüm-dirim mübarizəsi omlasıdır. Belə ki, Darvinin sözlərinə əsasən, bu dünyada həyat və yaşayışın əsas və kökü canlıların həmişə bir-birləri ilə mübarizə və döyüş halında olmaları və daha güclünün qalmasıdır. Canlılar təbiətin qəlbirində ələnir. Ümumiyyətlə müharibənin özü təbiətin qəlbiridir, təbiət heyvanları, onların arasında olan daimi keşməkeş və müharibədə süzgəcdən keçirərək həyat üçün daha layiqlisini seçir. Həyat və yaşamağa daha layiqlisindən məqsəd, mübarizə meydanında özünü daha yaxşı qoruya bilən və rəqibini məhv edərək özünü saxlayan varlıqdır.

 

Darvin fəlsəfəsinin bu prinsipinə irad tutaraq deyiblər ki, varlılar güclülüklərinə görə deyil, başqa səbəblərə görə qalırlar, həyat və yaşamaq ləyaqətinə nail olmaq isə başqa bir şeydir. Amma biz həmin iradlara toxunmaq istəmirik.

 

Hər halda Niçe həmin prinsipdən nəticə çıxararaq belə deyib: Bütün canlılar, hətta insanların həyatı buna əsaslanır. Müharibə və mübarizə insanların həyatında hökm sürən mühüm prinsiplərdəndir və güclü insan, bu mübarizədən salamat çıxır. Haqq da mübarizədən sağ çıxaraq qalan insanladır. Niçe, sözünün davamında deyib ki, təbiət üstün insana doğru hərəkət edir və kamil insan gələcəkdə yaranmalıdır. (Onların üstün insandan məqsədləri bizim kamil insan adlandırdığımız varlıqdır). Kamil insandan məqsəd nədir? Onun fikrincə kamil insan daha çox güc və qüdrətə malik insandır. Kamil insan onda, qətiyyən zəif insan yetişdirən əxlaq olmayan şəxsdir. Zəif insan yetişdirən əxlaqdan məqsəd nədir? Həmin əxlaqdan məqsəd bizim kamillik hesab etdiyimiz şeylər, yəni məhəbbət bəsləmək, mehribançılıq, yaxşılıq və xalqa xidmətdir. Niçe deyir ki, bu əxlaq bəşəriyyətin evini yıxıb, onun təkamülünə mane olub, üstün və kamil insan olan güclü insanın yetişməsinin qarşısını alıb. Onun fikrincə kamil insan, həmin zəif nöqtələrə malik olmayan insandır. Beləliklə Niçe həm Sokratın və həm də həzrət İsanın düşmənidir. O, deyir ki, Sokrat öz əxlaq məktəbində iffət, paklıq, ədalət, mehribançılıq və bu kimi sifətlərə yiyələnməyi tövsiyə etməklə xəyanət edib və ondan da pis mehribançılıq, məhəbbət və səmimiyyət barəsində çox söhbət etmiş İsanın işidir. Niçenin fikrincə bunlar insanın zəif nöqtələridir, insan bu sifətlərdən nə qədər uzaq olsa, kamilliyə bir o qədər yaxın olar, çünki kamillik qüdrət və bacarıq, naqislik isə acizlik və naqislikdir və həmin sifətlər də naqislikdən yaranır.

  
niçenin nəzəriyyələrindən bəzi nümunələr 

İndi məsələnin nə ilə nəticələndiyini göstərmək üçün onun fəlsəfə tarixi kitablarında çox nəql edilmiş sözlərindən bəzilərini oxumaq istəyirəm. Bu barədə oxuduğumuz kitablar arasında Niçenin sözlərini hamıdan yaxşı Füruği nəql edib. Buna görə də onun sözlərini Füruğinin Avropada fəlsəfənin inkişafı kitabını 3-cü cildindən oxuyuram. O, yazır:

 

Dünyanın bütün alimləri xudpəsəndliyi pisləyib, başqalarına acıma və mehribançılığı bəyənilən xislət hesab ediblər. Amma Niçe bütün alimlərin əksinə olaraq, xudpəsəndiliyi haqq və bəyənilən bir xüsusiyyət, mehribançılığı isə ruhun zəiflik və nöqsanı hesab edir.

 

Biz gərək bu məsələ barəsində söhbət edək və mehribançılığın doğrudan da ruhun zəifliyi olub-olmamasını araşdıraq. Bu mühüm məsələlərdəndir.

 

Niçe, Darvinin nəzəriyyəsinin həyat uğrunda cəhd göstərilməsi məsələsini qəbul edərək, onu mübarizə mənasında götürüb və başqalarının Darvin nəzəriyyəsinin mənfi nəticəsi adlandırdıqları şeyin, düzgün olmasını güman edərək insanlar qələbə qazanmaq üçün bir-birləri ilə çəkişmədə olaraq qüdrət əldə etməlidirlər qənaətinə gəlib. İnsanlıq aləminin bütün xeyirxahları əksəriyyət və kütlənin vəziyyətinin nəzərə alınmasını vacib sayaraq dünya işlərini kütlənin vəziyyətinə uyğun olaraq tənzimləyiblər. Amma Niçe əksəriyyəti xar və zəlil sayaraq yalnız azlığı, yəni xüsusi bir qrupu haqqa malik hesab ediblər. Onun fikrinin əsası budur ki, şəxs daha çox qüdrətə malik olmalıdır və bacardıqca onun həyatı hiddətli və xoş keçməlidir. Mənliyin mənası nəfsin çiçəklənərək daha güclü olmasıdır və insan öz nəfsinin istək və arzularından daha çox bəhrələnməlidir.

 

İndiyə kimi hamı deyirdi ki, bu işlərin görülməsi əxlaqa ziddir, amma o, nəfsani istəklərinizə uyğun olaraq əməl edin və əxlaq də məhz budur deyir. Niçe deyir ki, ümumiyyətlə yaxşı işlər elə bunlardır.

 

Bəziləri deyirlər ki, dünyaya gəlməməyimiz daha yaxşı olardı, bəlkə də məsələ onlar dedikləri kimidir, mən bilmirəm. Amma bunu da bilirəm ki, pis ya yaxşı bu dünyaya gəlmişik və ondan bəhrələnməliyik, bu bəhrələnərək ləzzət almaq hər nə qədər çox olsa o qədər yaxşıdır.

 

O, deyir ki, mənim hədəf və məqsədim dünyadan bacardıqca çox və yaxşı bəhrələnməyim olmalıdır. Mənə, bu hədəfimə çatmaqda kömək edən hər bir şey yaxşı və əxlaqa uyğundur. Bu, Müaviyənin malik olduğu və həmişə təkrarladığı fikirdir: Biz dünya nemətləri içərisində batdıq və ağnadıq.

 

Niçe deyir:

 

Mənim bu hədəfim üçün əlverişli olan hər bir şey, hətta daş ürəklilik, rəhimsizlilik, hiylə, yalan, müharibə və dava çox yaxşı işdir və həmin bu hədəfimə zidd olan hər bir şey düzlük, mehribanlıq, fəzilət və pərhizkarlıq olmasına baxmayaraq pisdir. Xalq, qəbilə və millətlərin hüquqi baxımdan bərabər olmaları fikri də boş sözdür, bu fikir və inam insan cəmiyyətinin inkişafına ziddir.

 

Niçe deyir ki, bütün insanların hüquq bərabərliyinə malik olmaları fikri səhv bir fikirdir, çünki həmin fikir zəiflərin güclülər səviyyəsində saxlanılmalarına və yazıq güclülərin də irəliləyə bilməmələrinə səbəb olur. Qoy zəiflər əzilsinlər və güclülər üçün yer açılsın, güclülər üçün meydan açılanda üstün insan yaranır.

 

İnsanlar iki dəstəyə bölünməlidirlər: Onlardan biri qüvvətli və sərvətlilər, digəri isə asılılar və qullar olmalıdırlar. Əsalət və şərəf güclülərə aiddir və varlığın hədəfi onlardır. Əlaltılar isə onların istəklərinin həyata keçirilməsi üçün alət və vasitədirlər... Cəmiyyət və mədəniyyət bəzilərinin güman etdikləri kimi güclülərin əlaltıları qorumaları üçün deyil, həmin şərəfli təbəqə və sinfin işlərinin irəliləməsi üçündür.

 

Bəli, Niçe deyir ki, cəmiyyət və kütlə yalnız güclülərin var-dövlətə çatmaları üçündür və zəiflər güclülərə yük daşımalı olan heyvan kimidirlər. Onun fikrincə Sədininin aşağıdakı şeri düz deyil, çünki əslində qoyun çoban üçündür.

 

Sədi deyir:

 

 

Qusfənd əz bəraye çupan nist

 

Bəlke çupan bəraye xidməte ust.

 

 

Yəni: Qoyun çoban üçün deyil, çoban ona qulluq etmək üçündür.

 

Varlı olan güclülər onlardan üstün insanların yaranmaları və insanın tərəqqi pillələrinə qədəm qoyması üçün bəslənilməlidirlər.

 

Əcnəbilər, insan nəslinin yaxşılaşdırılması və onun soyunun islah edilməsi barəsində bəzi söhbətlər ediblər və hətta Aliksis Karl İnsan tanınmamış varlıqdır kitabının axırında həmin nəzərə tabe olub. Həmin söhbətin xülasəsi budur ki, soylar islah edilməlidir. Onun fikrincə zəif insanlara nəsl artırmaq icazəsi verilməməlidir.

 

Cammatın indiyə kimi tabe olduğu əxlaqi əsaslar güclülər və şərəfli sinfin xeyrinə deyil, ümumi kütlə və əksəriyyətin, yəni zəif sinfin xeyrinə olub. Buna görə də həmin əsasları bir-birinə vurmaq və şərəflilərin vəziyyət və mənafeylərinə uyğun əsaslar seçilməlidir.

 

Bu sözlərin mənası budur ki, Niçenin fikrincə, hamının tərəfdarlıq etdiyi yaxşılıq, düzlük və gözəllik kimi sifətlər həqiqi və mütləq deyildirlər. Həqiqət, hamının güc tərəfdarı olmasıdır.

 

O, sonra dinlərə hücum edərək deyir ki, dinlər bəşəriyyətə xəyanət ediblər, çünki onlar insanları ədalətli olmağa və zəifləri himayə etməyə çağırıblar. Dinlərin mövcud olmadığı və meşə qanunlarının hökm sürdüyü dövr yaxşı olub, həmin vaxtlar güclülər özlərindən zəifləri yeyiblər və zəiflər məhv olaraq yoxa çıxıblar.

 

Dünyanın işləri əvvəllər güclülərin istəklərinə uyğun imiş və həmin vaxtlar zəiflər güclülərin əlaltı və qulluqçuları olublar. Amma güclülər az, zəiflər isə çox olduqları üçün, onlar öz çoxluqlarından inkişafları üçün vasitə kimi istifadə ediblər, hiylə və hoqqabazlıqla mehribançılıq, başqalarını sevmək, ədalət və lütf kimi anlayışları zehnlərdə yaxşılıq, düzlük və gözəllik kimi canlandırıblar. Onlar bu yolla güclülərin qüvvələrini tarazlaşdırmaq və köləlikdən qurtarmağa nail olublar. Zəif təbəqə bu istək və hədəflərini dinlər vasitəsilə həyata keçirib, onların ətrafına Allah və haqq hasarları çəkiblər.

 

Bu nəzəriyyə Karl Marksın nəzəriyyəsinin tam əks nöqtəsidir. Niçe də, Karl Marks da dinə qarşı olmuş adamlardandır. Amma Niçe özünü güclülərin tərəfdarı bildiyi üçün iddia edir ki, dini zəiflər güclülərin boyunlarına cilov salmaq məqsədi ilə ixtira ediblər. Digər tərəfdən də özünü zəiflərin tərəfdarı hesab edən Karl Marks isə deyir ki, dini güclülər zəiflərin üsyanlarının qarşısını almaq üçün ixtira ediblər.

 

Xristian əxlaqı qul əxlaqıdır və bu ağalıq əxlaqını məhv edib. Bu gün dünyada yayılmış qardaşlıq dialoqu, bərabərlik, sülh, qadın və əkinçilərin hüquqlarına riayət edilməsi və bu kimi sözlər həmin mənşədəndir və onlar hiylə, yalan və uydurmadırlar. Bu əxlaq yoxsulluq, zəiflik və gerilik amilidir. Buna görə də həmin əsaslar dağıdılmalı və ağalıq həyat tərzi əsasları qurulmalıdır. Ağalıq həyat tərzinin əsasları nədir? Allah və axirət dünyası fikrini kənara qoymaq... və qəlbin mehribançılıq və riqqətinə son qoymaq lazımdır. Mehribançılıq acizlikdən, təvazökarlıq və tabeçilik alçaqlıqdan, həlimlik, hövsələ, güzəşt və göz yumma isə tənbəllik və süstlükdəndir. İgidlik və mərdlik xisləti seçilməlidir. İnsan, üstün insan mərhələsinə çatmalıdır. Üstün insan, pis və yaxşıdan üstün olan, əzm və iradəyə yiyələnmiş şəxs olmalıdır.

 

Əcnəbilər arasında çoxlu məktəblər yaranıb. Xoşbəxtlikdən bizim aramızda belə məktəblər, yəni bu cür vəbalar tapılmayıb.

 

Avropalının ruhu budur. Onların insan hüququ barəsindəki bəyanları da başqalarını aldatmaq üçündür. Avropalının tərbiyəsi və onun həqiqi əxlaqı Makyaveli və Niçe əxlaqıdır. Müstəmləkəçilərin dünüyada gördükləri işlər bu fikirlərə əsaslanır və amerikalı və ya avropalılığından asılı olmayaraq əcnəbilərin ruhları müstəmləkəçilik və həmin Niçe əxlaqıdır. Onlar bizim yanımızda yalandan insan hüququndan dəm vururlar. Allaha and olsun ki, biz bədbəxtlər, bəzən həmin sözləri çeynənib tüpürülmüş saqqız kimi ağzımıza alaraq təkrarlayırıq. Sizcə ABŞ-ın bu gün Vyetnamda gördüyü işlər Niçe fəlsəfəsinin həyata keçirilməsi deyilmi? (Ustadın bu söhbəti 26 il bundan qabaq olub). Bəli, onun bu günkü işləri Niçe fəlsəfəsinin eyni ilə icra edilməsidir və ondan başqa bir şey deyildir. Onlar insanlıq və humanistlikdən bu qədər dəm vururlar və biz də Rassel belə dedi, Sarter elə dedi deyib onların sözlərini təkrarlayırıq, amma bilin ki, onların fikirlərinin təməli həmin nəzəriyyədir. Bütün əcnəbi fikirlərinin əsas və kökü Niçe fəlsəfəsinə əsaslanır. Bəlkə də, onların arasında çox az adam tapmaq olar ki, belə fikrə malik olmasın, onların da şərq qanına malik olmaları ehtimalı vardır. Axtarsan görərsən ki, onun anası şərq torpaqlarından olub, çünki onların soyları belə deyil.

 

Niçe deyir:

 

Nəfsi öldürmək nəyə lazımdır?! Nəfsi bəsləmək lazımdır. Başqalarına mehribançılıq və yaxşılıq nədir? İnsan özünü istəməli, özünə pərəstiş etməlidir. Zəif və acizi buraxmaq lazımdır ki, məhv olaraq aradan getsin və dünyada dərd-qəm azalsın... Üstün insan güclü olan, güc sayəsində yaşayan və öz nəfsani istəklərini təmin edən şəxsdir.

 

Bu, varlıq və kamalın son hədəfi olan üstün insanın tərifi idi. Niçe deyir ki, yaradılış onun üçündür və hər şey onun vücudu üçün müqəddimədir. İndi siz, Niçenin kamil insanının necə varlıq olmasına diqqət edin: ona heç nə mane olmamalıdır, o, əxlaq, rəhm, insanlıq, mürüvvət, mehribançılıq, ədalət və bu qismdən olan bütün şeyləri tərk edərək özünü onlardan təmizləməlidir.

 

O, öz nəfsinin istəklərini təmin etməlidir. özünü ağa və allah hesab etməlidir. Ağalıq yolunda qarşısına çıxan hər bir maneəni aradan götürməli, təhlükədən qorxmamalı, müharibə və döyüşdən çəkinməməlidir.

 

O, sonra qadınlar barəsində danışaraq belə deyir:

 

Kişi ilə arvadın bərabərliyi və qadınların hüquqlarının qorunmasının zəruriliyi də boş sözlərdəndir. Əsas kişidir. Kişi döyüşkən olmalıdır və qadın həmin döyüşkən kişi üçün baş qarışdırma və fərəhlənmə vasitəsi olmalı və dünyaya uşaq gətirməlidir.

 

Bəli, Niçe deyir ki, qadın bu dünyaya kişi üçün başqarışdırma və fərəhlənmə vasitəsi olmaq və uşaq doğan maşın rolunu oynamaqdan başqa heç bir iş üçün gəlməyib.

 

Bu da, dünyada kamil, nümunəvi, ali və üstün insanı tanıtmaq üçün digər bir meyardır. Amma bu, güc və qüdrət meyarı ilə ölçülən üstün və kamil insandır. İndi qüdrət və güc məsələsi barəsində nə demək lazımdır?

 

Bu məktəbin müqabil nöqtəsi zəifliyi təbliğ edən məktəbdir. Zəiflik məktəbi yaxşılığı insanın zəif olmasında görür. Bəli, belə məktəblər olublar və indi də vardırlar. Xristianlıq əxlaqında zəiflik çox təbliğ edildiyi üçün bu irad xristianlığa daha çox tutulur. Əslində sağ üzünə sillə vursalar, sol üzünü çevir sözləri də zəifliyin təbliğidir.

  
qüdrət məsələsi barəsində islamin məntiqi 

İslam bu barədə hansı məntiqə əsaslanır? Görəsən islam güclülüyü təbliğ edib, yoxsa zəifliyi və ya bu mənada onların heç birisini? Sualların cavabı budur ki, islam bir növ qüdrət və gücü təbliğ edib, amma bu qüdrət Niçenin dediyi qüdrət deyil, bütün adi insanlıq sifətlərinin mənşəyi olan qüdrətdir. Bu elə bir qüdrətdir ki, onda mehribanlıq, rəhm, yaxşılıq, xeyirxahlıq kimi ali insanlıq sifətləri vardır.

 

İslamda qüdrət və güclülüyə dəvət edilməsinə heç bir şübhə yoxdur və bu, Quran ayələri və hədislərin aşkar məntiqidir. İslam mövzusunda araşdırmalar aparmış əcnəbilər də islamı digər dinlər içərisində bu xüsusiyyəti ilə tanıyıblar. Heç bir din öz davamçılarını islam qədər güc və qüdrətə dəvət etməyib. Vill Dorant Svilizasiya tarixi kitabının islam mədəniyyəti barəsində olan on birinci cildində bu cümləni belə deyib: Heç bir din islam qədər camaatı qüdrət və gücə dəvət etməyib.

 

Bu barədə Quranda çoxlu mətləblər vardır. Məryəm surəsinin 12-ci ayəsində həzrət Yəhya (ə)-a xitab edilərək belə deyilir: ...Ey Yəhya! Kitabdan bərk yapış!...

 

Söhbətimin əvvəlində oxuduğum ayədə, möminlərin necə qüvvətli insanlar olmaları və özlərinə qorxu hissi və zəifliyin yol tapmamasına icazə verməmələri barəsində necə də şüurla danışıldığına diqqət edin. Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə [düşmənlərə qarşı] vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də [kafirlərə] boyun əymişlər. Allah səbr edənləri sevər!

 

Səff surəsinin 4-cü ayəsində isə belə buyurur: Şübhəsiz ki, Allah öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər! Digər bir yerdə isə buyurur: Məhmmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [möminlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər... (Fəth-29). Quranda buna bənzər ayələr çoxdur.

 

Şücaət islamda mədh edilmiş həqiqətlərdəndir. İslamda izzət, yəni möhkəm və mətin məqama malik olmaq və heç kəsin insanı xar edərək alçalda bilməməsi səviyyəsində gücə malik olmaq da bəyənilən işlərdəndir. Quranın düşmənlə üzləşmək barəsindəki sözlərinə diqqət edin və görün ki, bu ilahi kitab bununla bağlı nə buyurur: [Ey möminlər!] Allahın düşmənini və öz düşmənlərinizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri [münafiqləri] qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və [cihad üçün bəslənilən] döyüş atları tədarük edin... (Ənfal-60). Digər bir ayədə isə belə buyurur: [Ey möminlər!] Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!

 

(Bəqərə-190).

 

Gördüyünüz kimi ayədə həddi aşmaq qadağan edilib. Bu o deməkdir ki, düşmənlə döyüşəndə də haqq-ədaləti unutmaq olmaz. Alimlər bu ayənin təfsirində deyiblər ki, düşmənlə döyüşəndə vuruşunuzu, düşmən döyüşü davam etdirənə kimi davam etdirin. Əgər düşmən təslim oldum deyərək silahını yerə qoysa siz silah işlətməyin, çünki bundan sonra silah işlətmək həddi aşmaq və təcavüzdür. Qocaları, qadın və uşaqları öldürməyin, onlara toxunmayın, döyüş meydanından kənara çıxmış adamla işiniz olmasın, yalnız sizinlə döyüşən adamla, var gücünüzlə vuruşun. Bunlar Qurani-kərimdə olan bir sıra hökmlərdir və bu ilahi kitabda buna bənzər digər ayələr də vardır.

  
hədislərdə güc və qüdrət 

İndi isə islamın qorxaqlıq, zəiflik və acizliyi pisləməsinin, güc və qüdrəti tərifləməsinin aydınlaşması üçün bir neçə hədis oxuyacağam. Amma bir daha qeyd edirəm ki, islamın təriflədiyi güc və qüdrət, qətiyyən Niçe fəlsəfəsindəki güc və qüdrət qismindən deyildir. Əziz islam peyğəmbəri həzrət Məhəmməd (s) buyurub: Möminə xəsislik və qorxaqlıq yaraşmaz. Bəli, pul möminin can və qanı olmamalıdır və o, həmçinin şücaətli və qorxmaz olmalıdır. Peyğəmbər (s) həmçinin belə bir dua oxuyarmış: Allahummə inni əuzu bikə minəl-buxli və əuzu bikə minəl-cubn yəni, İlahi mən xəsislik və qorxaqlıqdan Sənə pənah aparıram!

 

Əli (ə) mömin barəsində belə buyurub: Möminin ruhu çaxmaq daşından da möhkəmdir.

 

Həmçinin imam Sadiq (ə) belə buyurub: Allah-taala möminin özünü xar və zəlil etməsindən başqa bütün işlərini onun öz ixtiyarına buraxıb. Məgər siz Allah-taalanın bu sözünü eşitməmisinizmi ki, buyurub: İzzət yalnız Allah, Peyğəmbər və möminlərə məxsusdur. Mömin həmişə izzətlidir və heç vaxt özünü xar etmir. Mömin dağdan da mətindir. Çünki, dağı külünglə parçalamaq mümkündür, amma möminin ruhundan heç nə ilə kiçicik bir parça belə qopartmaq mümkün deyil.

 

İmam Baqir (ə) buyurub: Allah-taala möminə üç xislət verib: Dünya və axirətdə izzət və başıucalıq; hər iki dünyada uğurluluq və zalımların qəlbində onlardan olan qorxu və heybət; Yəni möminlər elə olurlar ki, zalımlar onların heybətindən qorxurlar.

 

Qeyrət qüvvət və güc, qeyrətsizlik isə zəiflik olduğu üçün bu barədə də çoxlu hədislər vardır.

 

Peyəmbər (s) buyurub: İbrahim peyğəmbər (ə) qeyrətli olub və mən ondan da qeyrətliyəm. Allah-taala mömin və müsəlmanlara nisbətdə qeyrətli olmayanların burunlarını kəssin!

 

O həzrət qeyrətli Səd barəsində belə buyurub: Səd qeyrətlidir və mən ondan da qeyrətliyəm. Allah da qeyrətlidir.

 

İqbal Lahurinin gözəl bir cümləsi var və o, deyəsən həmin cümləni Mussolininin dediyi cümləyə cavab olaraq deyib. Mussolini deyib: Dəmiri olanın çörəyi də olacaq. Yəni əgər çörəyinin olmasını istəyirsənsə dəmir (güc və silah) əldə et! Gücü olanın çörəyi də olacaq. İqbal isə belə deyib: Dəmir olanın çörəyi var. Mussolini silaha təkid edərək deyir ki, kimin maddi gücü varsa, çörəyi də olacaq. Amma İqbal ruha təkid edərək deyir ki, özü dəmir olanın çörəyi olar. Əmirəl-möminin Əli (ə)-ın ifadəsi belədir: Möminin ruhu çaxmaq daşından da möhkəmdir. İqbal da deyir ki, möminin ruhu dəmirdir. Bunların hamısının məqsədi bir şeydir. Deməli islam güc və qüvvətə dəvət edir.

 

Siz Əli (ə)-ın Nəhcül-bəlağədə güc, qüdrət və qüvvəyə nə qədər təkid etməsinə və zəifliyi islam cəmiyyətinə yaraşmaz sifət kimi göstərməsinə diqqət edin. O həzrət buyurur: Allaha and olsun ki, evlərində döyüş aparılmış bütün ümmətlər məğlub olublar. Başqa bir xütbədə isə belə buyurur: Xar və zəif adam heç vaxt zülmün qarşısını ala bilməz və haqq yalnız səy və çalışqanlıqla əldə edilər.

  
haqq alinmalidir, yoxsa verilməli?  

Əcnəbilər deyirlər ki, haqq alınmalı bir şeydir. Haqqın alınmalı və ya verilməli olması mühüm məsələlərdəndir. Yəni sual budur ki, insanlar haqqı öz istək və razılıqları ilə sahibinə verməlidirlər, yoxsa haqq sahibi onu özü tələb edərək almalıdır? Bəzi məktəblərin fikri budur ki, haqq verilməlidir, yəni zalım aldığı haqqı öz sahibinə qaytarmalıdır. Amma əgər qaytarmasa heç nə etmək lazım deyil, çünki haqq alınmalı deyil, verilməlidir. Xristianlıq bu əsasda qurulub. Onlar deyirlər ki, biz zalıma sənin haqqını qaytarmalı olmasını deyəcəyik, sənin onunla işin olmasın. Ey haqqı tapdanmış şəxs! Biz, zalıma sənin haqqının qaytarılmasını tövsiyə edərək ondan xahiş edəcəyik. Sən heç vaxt öz haqqını almaq üçün qiyam və üsyan etməməlisən. Çünki bu insanlıq və əxlaqa yaraşmayan bir işdir. Bunların fikrincə haqq verilməlidir.

 

Digər bir qrup isə haqqın yalnız alınmalı olmasını deyir. Onlar deyirlər ki, məgər kimsənin haqqını qəsb etmiş şəxsin gəlib həmin haqqı qaytarması mümkündürmü? Bu fikir sahibləri insanlıq hissləri və vicdan məsələsini inkar edirlər.

 

İslam baxımından isə haqq həm alınmalı və həm də verilməlidir. Belə ki, bu məktəb baxımından haqqın əldə edilməsi üçün ikitərəfli mübarizə aparmaq lazımdır. İslam özünün təlim-tərbiyə üsuslları ilə kiminsə haqqını qəsb etmiş şəxsi haqqı qaytarmağa hazırlayır və bu işdə müəyyən qədər uğur da qazanıb. Amma bununla kifayətlənməyərək haqqı yeyilmiş şəxsə deyir ki, haqq alınmalıdır və sən öz haqqını əldə etmək üçün qiyam edərək onu geri almalısan.

 

Əli (ə) özünün Malik Əştərə olan məşhur məktubunda peyğəmbərdən bir cümlə nəql edib. Əmirəl-möminin buyurub: Mən Peyğəmbər (s)-in dəfələrlə bu sözləri dediyini eşitmişəm: Heç bir ümmət, zəifləri güclülərdən haqqını dili pəltək vurmadan (cəsarətlə) almaq mərhələsinə çatmayınca müqəddəs sayılaraq sitayiş edilməz. (Yəni yüksək məqamlara çatmaz). Məqsəd budur ki, islam, öz haqqını tələb edə bilməyən zəifi qəbul etmir. Zəifləri öz haqlarını tələb edə bilməyən və bu qədər xar olan cəmiyyət, islam cəmiyyəti deyil.

 

Bizim böyük şəxsiyyətlərimiz necə olublar? İslam Peyğəmbəri (s) necə adam olub? Peyğəmbərin xüsusiyyətlərindən biri onun ruhi və cismi güc və qüvvətə malik olmasıdır. O həzrətin ruhi və mənəvi gücünü onun həyat tarixi göstərir.

  
peyğəmbərin (s) ruhi və cismi gücü 

Məhəmməd yenidən tanınmalı olan peyğəmbər adlı kitabın müəllifi rumuniyalı Konstan Virjil öz kitabında iki mətləbi çox gözəl canlandırıb. Əlbəttə bu kitabda zəif nöqtələr çoxdur və bu, onun bütün tarixi sənədlərdən lazımı dərəcədə baş çıxarmamasından irəli gəlir. Onun çox yaxşı təsvir etdiyi iki şeydən biri Peyğəmbərin (s) yaşadığı cəmiyyətdəki mövqeyidir. Peyğəmbər (s) elə bir şəraitdə yerləşmişdi ki, onun siyasi-ictimai baxımdan heç bir ümid yeri yox idi və bütün şərait ona qarşı idi. Onunla qələbə arasında bir tük qədər də olsun bağlılıq yox idi. Amma o həzrət heç vaxt öz iradəsini əldən vermirdi. Peyğəmbərin iradəsi bütün hallarda bir zərrə belə titrəməyən dağ kimi idi. Doğrudan da Peyğəmbərin (s) həmin 23 il ərzində ruhiyyəsi çox maraqlıdır. İnsan həmin dövrün tarixini oxuyanda heyrətə gəlir. Peyğəmbərin (s) zamanında yaşamış Həssan ibni Sabitdən olan bu misrada doğrudan da çox düzgün deyilib:

 

 

Ləhu himəmun la muntəha likibariha

 

Və himmətuhus-suğra əcəllu minəddəhri.

 

 

Yəni: Onun böyüklüyünün sonu olmayan himmətləri var; ən kiçik himməti isə zəmanədən böyükdür.

 

Bundan əlavə Peyğəmbər (s) zahiri və fiziki qüdrət baxımından da qüvvəli adam olub. Onun bədəni qəhrəman və igid pəhləvan kimi olub. O, güclü və şücaətli olub. Kök və ya arıq deyil, ortabab olub. Bədəni əzələli olub. Əzələdən məqsəd budur ki, o həzrətin bədəni idmançı bədəni kimi olub. Ümumiyyətlə o həzrətin şücaəti o dərəcədə olub ki, Əli (ə) bu barədə belə buyurub: Biz, çətin vəziyyətlərdə Peyğəmbər (s)-ə pənah aparırdıq.

 

Mən 1966-cı ildə ilk dəfə olaraq Məkkəyə getmişdim. Həmin vaxt Məkkədə maraqlı və təəccüblü bir yuxu gördüm. Mən yuxuda Peyğəmbəri (s) arxadan gördüm; onun çox təəccüblü bədəni var idi və elə yuxudaca Əmirəl-möminin Əli (ə)-ın həmin cümləsini xatırladım. öz-özümə dedim ki, Əli (ə) boş yerə belə deməyib: Biz çətin vəziyyətlərdə Peyğəmbərə (s) pənah aparırdıq.

 

Bəli, Peyğəmbər (s) şücaətli və güclü olub, həmçinin güc və şücaəti də tərifləyib. Deməli, islamda güc və qüdrət təriflənib, yəni bu din, onları insan üçün lazımı dəyər kimi qiymətləndirib.

 

İndi qısa da olsa demək istəyirəm ki, güc və qüdrət islamda digər insani dəyərlərlə yanaşı dayanan bir dəyərdir və həmin dəyərlər hamısı birlikdə əl-ələ verərək islamın kamil insanını yaradırlar. Əlbəttə bu barədə gələn söhbətlərimizdə geniş danışacağıq. Niçe bütün dəyərlər içərisində yalnız bu dəyəri görüb. Məlumdur ki, əgər ağacın bütün budaqlarını kəsərək yalnız bir budağını saxlasalar, həmin bir budaq inkişaf edər və digər budaqlar məhv olaraq aradan gedər. Niçe məktəbi ilə islam məktəbi arasındakı fərq budur ki, Niçe məktəbində insanlığın yalnız bir dəyəri var və o, güc və qüdrətdən ibarətdir. Deməli, digər dəyərlər məhv edilərək bu bir dəyərə qurban edilir. Amma islamda, qüdrət digər ali dəyərlərdən biridir. Bu dəyər, digər dəyərlərlə yanaşı gətirildikdə lazımı forma alır.

  
ON BİRİNCİ FƏSİL   
2. QÜDRƏT MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ   
məhəbbət məktəbi 

Həqiqətən, Allah [Quranda insanlara] ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara [haqqını] verməyi [kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı] buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!

 

(Nəhl-90).

 

Bizim, kamil insan mövzusunda olan keçən söhbətimiz qüdrət məktəbinin nəzərləri barəsində idi. Həmin söhbətimizdə qeyd etdik ki, bu məktəb baxımından kamillik güclülük, naqislik isə acizlik və zəifliklə bərabərdir. Bu məktəbdə hətta yaxşı və pis də bu meyarlarla ölçülür. Onlar deyirlər ki, yaxşı güc, yaxşılıq isə güclülük deməkdir və həmçinin pis aciz və zəif, pislik isə zəiflik mənasındadır.

 

Filosoflar adətən bu məsələni kamillik və naqislik, kəlam alimləri isə yaxşı və pis əsasında izah edirlər. Bu məktəbdə isə həmin şeylərin hər ikisini, yəni kamillik və naqisliyi, yaxşı və pisi güclülük və zəiflik meyarları ilə ölçüblər. Filosoflar kamillik və naqislik, bunlar isə kamillik qüdrət, naqislik isə zəiflikdir deyirlər. Kəlam alimləri yaxşı və pis, bunlar isə yaxşılıq güclülük, pislik isə zəiflikdir deyirlər. Bu məktəbdə haqq və batil, ədalət və zülmdə bu meyarlarla ölçülür. Belə ki, onların fikrincə haqq güc və qüdrətdən, batil isə acizlik və zəiflikdən ayrılmazdır. Ədalət və zülm də belədir; ədalət güc və qüdrət, zülm isə zəiflikdir. Bu məktəbə əsasən, bir-biri ilə dava edən iki nəfərdən güclü olanı daha kamil və daha yaxşıdır və haqq-ədalət də onunladır. Məğlub olan şəxs isə məğlub olduğu üçün naqis, pis, batil və zalımdır; məğlub olmaq və zəiflik naqislik, pislik, haqsızlıq və zalımlıqdır.

  
qüdrət məktəbinin birinci iradi 

Bu məktəbdə iki səhv vardır. Səhvlərdən biri budur ki, bu məktəbdə qüdrətdən başqa bütün insani dəyərlərə göz yumulub. Qüdrətin insani dəyər, öz filosoflarımızın dili ilə desək, kamillik olmasında heç bir şübhə yoxdur. Şübhəsiz ki, kamal qüdrətlə deyil, qüdrət kamalla bərabərdir. Buna görə də bizim filosoflar vücudu vacib olan varlığın zatı barəsində onun sırf varlıq olması və sırf varlığın kamilliklə bərabərliyini isbat etdikdən sonra, kamilliklə bərabər olan hər bir şeyi dəlillə Allahın zatı üçün sabit edərək deyirlər ki, həmin kamilliklərdən biri də qüdrətdir. Elm, iradə, ixtiyar və həyat kamal olduğu kimi, qüdrət də öz-özlüyündə kamillikdir.

 

Buna görə də qüdrətin insan üçün kamal olmasında şübhə etmək olmaz. Zəifliyi təbliğ edən zəiflik meylli məktəblər tamamilə səhv edirlər. Amma məsələ burasındadır ki, qüdrət Allah-taalanın zatında yeganə kamillik sifəti olmadığı kimi, insanda da təkcə kamal deyildir. Allah-taalanın zatının çoxlu kamillik sifətləri və gözəl adları vardır. Həmin kamillik sifətlərindən biri qüdrət, gözəl adlarından biri isə Qadirdir, yəni Allah-taalanın kamillik sifəti yalnız qüdrətdə bitmir. O, həmin sifətlərin yalnız biridir.

  
ikinci irad 

Bu məktəbin birinci səhvdən böyük olmasa da, ondan kiçik də olmayan ikinci səhvi qüdrətin özündədir. Bu məktəbdə digər kamal və dəyərlərə göz yumulmasından əlavə, qüdrət tərəfdarı olması iddiası etməsinə baxmayaraq, qüdrətin özü də yaxşı dərk edilməyib. Bu məktəb qüdrəti yalnız bir dərəcədə təsəvvür edir və onun tanıdığı həmin bir dərəcə heyvanın əzələlərində olan fiziki gücdən ibarətdir. Heyvanın bütün qüdrətləri onun əzələ gücündə tamamlanır. Yəni onun yeganə qüdrəti əzələlərindəki gücüdür və heyvanın bütün istəkləri nəfsani istəklərdir. İnsanın əhəmiyyəti bundadır ki, onda əzələ gücündən başqa, digər bir qüdrət mənbəyi də vardır. Belə ki, bizim məktəbin qüdrət məktəbi olmasını fərz etsək də belə, onun nəticəsi Niçenin gəldiyi insan qüdrətə tabe olmalıdır, qüdrət əldə etməyə çalışın, qüdrət əldə etdikdən sonra hər bir zəifin başından vurun, nəfsinizi əzizləyin və onunla müxalifət etməyin, bacardıqca dünyanın maddi ləzzətlərindən bəhrələnin və bu kimi digər nəticələri vermir. Xeyr! Ümumiyyətlə qüdrətin özünün nəticəsi də bunlar deyil.

  
ruhi qüdrət 

İndi isə islam meyarları ilə bir mətləbi açıqlamaq istəyirəm və söhbəti Peyğəmbərdən (s) nəql edilmiş bir rəvayətlə başlayıram.

 

Hədis kitablarında nəql edilib ki, Peyğəmbər (s) Mədinədəki məhəllələrdən birindən keçəndə bir qrup gənc müsəlmanın, güclərini yoxlamaq üçün daş qaldırdığını gördü. Onlar bu günkü ağırlıq qaldıranlar kimi, həmin böyük daşı qaldırmaqla güclərini sınayırdılar, biri daşı yerindən bir az qaldıra bilirdi, o biri ondan bir az çox və nəhayət hamı daşı yuxarı qaldırmağa çalışırdı. Peyğəmbər (s) onların yanında dayanaraq buyurdu: Mən sizə bu yarışda hakimlik edimmi? Onların hamısı sevindilər və dedilər: - Ey Allahın Peyğəmbəri! Bundan yaxşı nə ola bilər? Siz bizim bu yarışımıza hakimlik edin və bizlərdən hansımızın daha güclü olmağımızı deyin. Peyğəmbər (s) buyurdu: Yaxşı, mən hakim oluram, amma sizin daşı qaldırmağınıza ehtiyac yoxdur. Siz daşı qaldırmamış mən sizə hansınızın güclü olmasını müəyyənləşdirən bir meyar və ölçü vasitəsi deyirəm. Soruşdular: Hansımız daha güclüdür? O həzrət buyurdu: Nəfsinin onu günaha sövq etməsi və onda günah meyli olmasına baxmayaraq, həmin istək müqabilində müqavimət göstərən şəxs daha güclüdür. Yəni insan, qarşısında olan günah bir işdən xoşu gəldiyi halda, həmin işdən uzaq olur və öz nəfsinin müqabilində dayanaraq bu istəyini həyata keçirməyir!

 

Peyğəmbər (s) burada iradi gücün nəfsani istəklər müqabilində dayanması məsələsinə toxunub. Güc, insanın yalnız yerdən daş qaldırması və qüdrət, onun ağır çəkili əşyanı çiyinlərində aparması deyil. Bu, güc və qüdrətin bir növü, yəni fiziki gücdür ki, o, heyvanlarda da vardır və insanla heyvan bu gücə malik olmaq baxımından müştərəkdirlər. Mən bu növ qüdrətin kamal olmasını demək istəmirəm. Bu güc də kamaldır. Bəli güc də insan üçün kamillikdir. Amma insanda əzələ gücündən üstün digər bir qüdrət də vardır və o, iradənin gücüdür. İradənin gücü insanın nəfsani istəkləri müqabilində müqavimət göstərə bilməsidir.

 

Elə bu məntiqə görədir ki, islam əxlaqında, o cümlədən irfan ədəbiyyatımızda bu məsələ bir növ güc və qüdrət adlandırılıb. Peyğəmbər (s) həmçinin buyurub: İnsanların ən şücaətlisi nəfsani istəklərinə qalib gələndir. Burada da söhbət şücaət, qüdrət və qələbədən gedir. Sədi deyir:

 

 

Gərət əz dəst bərayəd dəhəni şirin kun

 

Mərdi an nist ke moşti bezəni bər dəhəni.

 

 

Yəni: Əgər əlindən bir iş gəlirsə birinin ağzını şirin et, kişilik kiminsə ağzına yumruq vurmaqda deyil.

 

Kişilik güc və qüdrət, yumruğunu düyünləyib birinin ağzına vurması deyil. Qüdrət budur ki, insan nəfsani istəklərinə baxmayaraq, öz yerinə başqalarının ağzını şirin etsin!

 

Mövlana deyir:

 

 

Vəqte xəşmo vəqte şəhvət mərd ku?

 

Talebe mərdi çeninəm kube ku.

 

 

Yəni: Kişilik qəzəb və şəhvət hissləri baş qaldıranda zahir olur? Mən küçə-küçə gəzib belə bir kişi axtarıram.

 

Mövlana burada kişiliyi qiymətləndirərək deyir ki, qəzəb və şəhvət hissləri baş qaldıranda kişilik harada olur? Kişi odur ki, qəzəbi alovlanaraq aşıb-daşanda güclü iradəyə malik olmuş olsun və qəzəb adlı bu alovun müqabilində dayansın. Həmçinin şəhvət hissi oyanaraq insanın ixtiyarını əlindən almaq istəyəndə o, bu qüvvə müqabilində qiyam etsin. Bunları güc və qüdrət adlandırırlar. Əgər əxlaq alimlərinin əxlaqi gözəllik, Niçenin isə zəiflik adlandıraraq rədd etdiyi sifətləri düzgün mülahizə etsək, onların hamısının qüdrət olduğunu görərik. Əlbəttə mən, əslində qüdrət deyil, zəiflik olan bir sıra xüsusiyyətlərin bəzən qüdrətlə səhv salınmasını etiraf edirəm. Buna görə də əxlaq alimləri həmişə deyirlər ki, qayğıkeşlik hissləri həmişə əql və imanla birgə olmalıdır, yəni insanın atifi hisslərinin hardasa oyanması kifayət etmir, onu əqli meyarlarla ölçmək və məntiqi olub-olmamasını müəyyənləşdirmək lazımdır.

  
yerli və yersiz qayğilar 

İndi isə sizin üçün Sədinin bir şerini və Quranın bir ayəsini oxuyacağam. Sədinin şeri budur:

 

 

Tərəhhom bər pələnge tizdəndan

 

Setəmkari bovəd bər qusfəndan.

 

 

Yəni: İti dişli pələngə rəhm etmək, qoyunlara zülm etmək deməkdir.

 

Sədi bu şerdə deyir ki, bir sürü qoyunu yırtmış canavarı tutub öldürmək istəyəndə ürəyi yumşalaraq canavara yazığı gələn şəxs, digər bir mənada daşürəklilik və rəhimsizlik etdiyini başa düşməlidir. Əlbəttə bu bir məsəldir. Onun məqsədi budur ki, zalım insana rəhm etmək məzlum insanlara zülm etmək deməkdir. Adətən zəif insanlar zalımlara rəhm edirlər.

 

Əvvəldə qeyd etdiyim Quran ayəsi isə zinakar kişi və arvad barəsindədir. İslamda, evli kişinin zina etməsinin cəzası daşqalaqdır. Zinakar ərli arvadın da cəzası belədir. Quran buyurur ki, zina etmiş həmin şəxsləri cəzalandırın və bir qrup mömin mütləq bu cəza mərasimində iştirak etsin. Belə yerlərdə bir də görürsən, cəmiyyətin ümumi və yüksək mənafelərini fikirləşməyən zəif ruhlu insanlar hissə qapılaraq həmin şəxslərin cəzalandırılmamalarını və ya edam edilməmələrini istəyirlər. Bir də görürsən ki, onlar bunlara yazığınız gəlsin; bu işi görməməyiniz yaxşı olar kimi ifadələr işlədirlər. Quran buyurur: ...Allahın dini barəsində [bu işin icrasında] ürəyiniz onlara yumşalmasın... (Nur-2). Bəli, bura ilahi cəzalandırma yeridir; ilahi qanunlar bəşəriyyətin ümumi mənafelərini nəzərə almaq əsasında və ona uyğun şəkildə tənzim edilib, bura ürəyiyumşaqlıq yeri deyil. Belə yerdə ürəyiyumşaq və atifəli olmaq, cəmiyyətə qarşı zülm və daş ürəklilikdir.

 

Bu gün də bir çoxları eyni ilə həmin mətləbi təkrar edərək deyirlər ki, edam nə deməkdir? Edam qeyri-insani cəza növüdür! Cinayətin növündən asılı olmayaraq, cinayətkar edam edilməməlidir! Bu fikrə malik olan insanlar öz sözlərinin izahında deyirlər ki, cani islah edilməlidir. Əcəb ikibaşlı və müəmmalı söz danışıblar!!

 

İnsanların islah edilməsinin zəruriliyində heç bir şəkk-şübhə yoxdur. Amma onlar cinayət törətməzdən əvvəl islah edilməlidirlər və onlara bu cinayətləri törətmək icazəsi verilməməlidir. Məsələ burasındadır ki, əgər cəmiyyətlərdə ya tərbiyə üsulları kifayət qədər deyil və ya nəinki islahedici amillər yoxdur, əksinə fəsad və pozğunçuluq amilləri mövcuddur və yaxud da islahedici amillər kifayət qədərdir, amma cəmiyyətlərdə həmişə mövcud olan azdırıcı ünsürlər cinayətə əl atırlar. Bunlarla necə davranmaq lazımdır? Edam cəzası ləğv edilən kimi, tərbiyə üsullarının olmaması və ya kifayət etməməsi ucbatından mövcud olan islah edilməmiş canilər və bütün şəraitlərdə cinayətkarlıq ruhuna malik olan qruplar amansız cinayətlərə əl atacaqlar. Biz bu gün qoy cani cinayət törətsin, sonra gedib onu islah edək mənasını verən, cinayətkarı islah etmək lazımdır bəhanəsi ilə mövcud canilərə yaşıl işıq yandırırıq və bizim bu işimiz onları cinayətə təşviq edir. Çünki cinayətkar öz-özlüyündə fikirləşir ki, yaşadığım cəmiyyət indiyə kimi məni islah etmək fikrinə düşməyib; uşaqlıqda atam, böyüyəndən sonra isə heç kəs mənim tərbiyəmlə məşğul olmayıb, bəs biz cinayət törədək və bizi həbsxanaya aparsınlar, bəlkə orada bizi tərbiyə və islah edələr və orada adam olaq. Deməli, islah olunmağımıza hazırlıq məqsədi ilə bir cinayət törətməyimiz lazımdır!

 

Başqa birisi isə belə deyir: Oğrunun əlini kəsmək nə deməkdir?! Bu qeyri-insani bir şeydir və adamın qəlbini riqqətə gətirir!

 

Dar düşüncəli adamlar bu cür sözlər danışaraq etiraz edirlər. Siz qəzetlərin hadisələr səhifəsinə baxsanız oğurluq nəticəsində cəmiyyətə nə qədər maddi xəsarətlər vurulmasından əlavə, nə qədər cinayətlərin törənməsi və günahsız adamların öldürülməsinin şahidi olarsınız. Əgər oğru vaxtında cəzalandırılsa və o, bilsə ki, yaxalandığı təqdirdə törətdiyi cinayətə görə dörd barmağı kəsiləcək və bu cinayətinin nişanəsi ömrünün axırına kimi onun bədənində qalacaq, heç vaxt oğurluq etməz. And içirəm ki, bir neçə oğru, bəlkə hətta bir oğru bu cür cəzalandırılsa, oğurluğun qapısı bağlanar.

 

Əlli-altmış il bundan əvvəl Məkkəyə getmiş hacılar bilirlər və bəlkə də həmin vaxt həcc ziyarətinə getməyənlər də Səudiyyə Ərəbistanında oğurluğun necə geniş yayıldığını eşidiblər. O zamanlar maşın və təyyarə olmadığı üçün həcc karvanları at, dəvə və bu kimi heyvanlarla yol gedirdilər. Onlar silahlanmalarına və özləri ilə mühafiz aparmalarına baxmayaraq, həmin yolu iki min nəfərdən az adamla getməyə cürət etmirdilər. Elə bir il olmurdu ki, yolkəsənlərin həmin karvanlara hücum edərək nə qədər adam öldürmələri, onların mallarını oğurlamaları və hətta özlərindən nə qədər adam öldürülməsi barəsində xəbərlər eşidilməsin. Bu cür basqınlarda həmin oğruların ölmələri ehtimali və fərzi olduğu üçün, onlar oğurluq etməkdən çəkinmirdilər. Səudiyyə dövləti həddindən artıq pis xüsusiyyətlərə malik olmasına baxmayaraq, dünyada heç olmasa bu bir işi çox yaxşı gördü, yəni oğruların barmaqlarını kəsməyə başladı. Bəlkə də hər il yüzlərlə oğru və hacı öldürülürdü, amma bunun heç bir təsiri yox idi. Ərəbistanlı dövlət məmurları oğruları Ərəfat, Mina və ya bu kimi digər izdihamlı yerlərə, yəni bütün hacıların toplaşdıqları yerlərə gətirir və onların barmaq və ya əllərini kəsirdilər. Onlar bu işi bir neçə dəfə təkrar etdilər. Bir də gördülər ki, yolkəsənlər, azğınlıq və ya yoxsulluq ucbatından oğurluq edən digər dəstələr bu işlərindən əl çəkdilər və ümumiyyətlə oğurluq hadisələri yığışdırıldı. Bundan sonra həmin ölkədə bəzən zəvvarların çamadanı və ya başqa bir şeyi yerə düşür, amma üstündən neçə gün keçməsinə baxmayaraq heç kəs onu götürməyə və hətta ona əl vurmağa cürət etmir və axırda sahibi gəlib öz malını tapırdı. Bu vəziyyətin yaranması cəzanın vaxtında və yerində icra edilməsi nəticəsində hasil olmuşdur. Quran buyurur: Allahın dini barəsində [bu işin icrasında] ürəyiniz onlara yumşalmasın...

 

Deməli bu növ ürəyiyumşaqlıq, rəhm və atifə qeyri-məntiqi, yəni rəhm formasında olan daşürəklilik və zülmdür. Başqa sözlə desək, bu iş birinə rəhm, digərinə isə zülmdür. Bu növ rəhm və mərhəmət nəfsani istək və şəhvətlər müqabilində müqavimət göstərmək kimi, müəyyən bir qüdrət sayılmamalıdır.

 

Buna görə də həmişə qüdrətdən dəm vuraraq ondan tam bəhrələnən və öz zəif nöqtələrini gizlədən şəxsin üstün və kamil insan olmasını iddia edən qüdrət məktəbi, qüdrətin özünü belə düzgün tanıyaraq dərk etmyib və onun həqiqətini anlamayıb.

  
hədislər baximindan həqiqi qüdrət 

Qüdrət insanın başqalarının köməyinə tələsməsidir. Qüdrətli ruh öz övladlarına belə buyurur: Zalıma düşmən, məzluma arxa ol! Əli (ə) əziz övladları imam Həsən və imam Hüseyn (ə)-a belə buyurub: Ey mənim övladlarım! Sizin güc və qüdrətiniz həmişə məzluma köməyə, zalımla döyüşə tələssin. Bu iş qüdrət nişanəsidir. Məsələ burasındadır ki, Niçenin təklif etdiyi kin bəsləmək, həsəd, bədxahlıq və bu kimi xüsusiyyətlərin hamısı zəiflikdən yaranır. Həmişə başqalarından intiqam almaq istəyən, başqalarının pisliyini arzulayan və başqalarını incitmək istəyən şəxsin bu işləri, Niçenin dediyi kimi qüdrətdən deyil, zəiflikdən yaranır. İnsan nə qədər çox güclü və qüdrətli olsa, onun başqalarına qarşı kin və həsədi az olar. Sizə imam Hüseyn (ə)-dan bir cümlə nəql edim. O həzrət buyurub: Qüdrət, kini aradan aparır. Bu, çox maraqlı cümlədir və çox dəqiq psixoloji mülahizələr üzərində qurulub. Bəli, qüdrət kini aradan aparır, yəni insan özündə güc və qüdrət hiss etdikdə başqalarına qarşı kin bəsləmir, əksinə zəif adam həmişə qəlbində kin saxlayır və başqalarına qarşı həsəd aparır.

 

İndi isə Əli (ə)-dan qeybət barəsində bir cümlə nəql edirəm. Əli (ə)-dan soruşurlar ki, qeybət edənlər, ürəkləri həmişə onun-bunun dalınca danışmaq istəyən və başqalarının dalınca pis sözlər danışmaqdan ləzzət alanlar kimlərdir? O həzrət buyurur: Aciz, zəif və bacarıqsız insanlar! Qeybət aciz adamın son cəhdidir. Güclü və qüdrətli insan və ruhunda güclülük hiss edən şəxs qeybət etməkdən utanır və o, bu işi alçaq və zəif adamların işi hesab edir. Güclü insan başqalarının qeybətini etmək və ya eşitmək istəmir. Əli (ə) qeybətin zəifliyə əsaslandığını bildirərək deyir ki, güclü və qüdrətli insan, güclü ruh sahibi heç vaxt qeybət etmir.

 

Əli (ə) hətta zinanın səbəbinin də zəiflik olmasını bəyan edib. O həzrət buyurub: Qeyrətli şəxs heç vaxt zina etməyib. Yəni dünyada bir damla qeyrəti olan adam heç bir qadınla zina etməz, başqalarının namusuna xəyanət əli uzatmaz, yalnız qeyrətsiz adam özündə zəiflik hiss edər. Yəni o, elə adamdır ki, birdən başqaları onun namusuna toxunsalar belə, onun tükü tərpənmir. Bəli, zina edənlər ancaq qeyrətsizlərdir, qeyrətli adam heç vaxt zina etmir.

 

Niçe bu qüdrətlərin heç birini tanımır. Onun fikrincə qüdrət yalnız güc və zor, yəni silah və dəmirə malik olmaq və onları onun-bunun başına vurmaqdır. Üstün insan, böyük bir heyvan, yəni qolunun gücü çox olan şəxsdir. O, ruhun güc və qüdrətindən tamamilə xəbərsizdir və bu barədə heç nə bilmir. Deməli islamda, qüdrətin dəyər, insani kamal və kamil insan çöhrəsinin cizgilərindən olmasında heç bir şübhə yoxdur. İslam zəif insanı bəyənmir. Üsuli-kafi kitabının 5-ci cildinin 59-cu səhifəsində nəql edilmiş hədisdə deyilir: Alahın zəif mömindən xoşu gəlmir.

 

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, birincisi, islam, qüdrəti insan üçün yeganə dəyər hesab etmir və onunla yanaşı digər dəyərlərə də diqqət yetirilməsini vurğulayır; ikincisi, islamın qüdrət ifadəsi ilə Niçe, səfsətəçilər, Makyavel və başqalarının işlətdikləri qüdrət kəlməsi arasında fərq vardır. İslam insanda elə qüdrətləri tanıyır və onları gücləndirərək təhrik edir ki, onların nəticəsi Niçenin dediyi nəticələrdən başqa bir şey olur. Onun nəticəsi cəmiyyətin xeyrinə olan şeylərdir.

 

Niçe deyir ki, insanın ürək yanğısı onun zəifliyindəndir. Ona demək lazımdır ki, söhbət ürəyiyanmaq zəiflikdəndir deyil, səxavətlilik, xeyirxahlıq və faydalılıqdan gedir. Nə üçün məsələyə bu tərəfdən baxmırsan, cənab Niçe?! Həmin sözlərini bu cür de: Qüdrətli adam başqalarına xeyir yetirir, yoxsa zəif? Xeyir və fayda vermək qüdrətdəndir, yoxsa zəiflikdən? Bəli, xeyir və fayda vermək zəiflik deyil, qüdrətdəndir.

 

İndi isə digər bir məktəbdən danışaq.

  
məhəbbət məktəbi 

Daha çox Hindistanda, bir az da xristianlar arasında təbliğ edilmiş digər bir məktəb isə məhəbbət məktəbidir. Əlbəttə xristianlar öz məktəblərini məhəbbət məktəbi adlandırırlar, amma dediyimiz kimi, onların məhəbbət məktəbində elə yerlərə çatılıb ki, onları məhəbbət deyil, zəiflik məktəbi və zəifliyi tərifləyənlər adlandırmaq lazımdır. Amma hindistanlıların məktəblərini məhəbbət məktəbi adlandırmaq olar. Məhəbbət məktəbi nədir?

 

Məhəbbət məktəbi insanın kamlliyini xalqa xidmət və onlara məhəbbət göstərməkdə görür, yəni onlar Niçe məktəbinin tam əks nöqtəsində dayanırlar. Onlar Niçe rədd edən şeylərin tam əksini deyirlər. Bu məktəbin tərəfdarları deyirlər ki, kamil insan Allah bəndələrinə xeyir verən insandır və ümumiyyətlə insanlıq xalqa xeyir verməkdən ibarətdir. İndi də əcnəbi məktəblərdə insanlıq və humanistlik deyiləndə, xalqa xidmət və məhəbbət göstərmək nəzərdə tutulur. Amma dediyimiz kimi, əcnəbilərin özləri əməldə bu sözlərə riayət etmirlər. Qəzet və ju allar da filan şey insanidir və ya insani deyildir deyəndə, ondan başqa heç bir şeyi nəzərdə tutmurlar. Onların filan şey insanidir demələrinin mənası budur ki, həmin şey Allah bəndələri baxımından xeyirlidir, filan şey insani deyilin mənası isə onun xalqın xeyrinə olmamasıdır. Deməli, onların fikrincə, insanlıq xalqa və Allah bəndələrinə xidmətdən başqa bir şey deyildir. Bəzən bizim şairlərimizin sözlərində də bu cür mübaliğələr edilib. Məsələn, Sədi deyir:

 

 

İbadət becoz xedməte xəlq nist

 

Be təsbiho səccadevo dəlq nist.

 

 

Yəni: İbadət təsbeh, səccadə və zahid paltarı ilə deyil, xalqa xidmətlədir.

 

Əlbəttə Sədinin burda məqsədi başqa şeydir. O, bu şerində yeganə işi təsbeh çevirmək, səccadə salmaq və dərviş paltarı geyinmək olan və xeyirli işlərdən heç bir şey anlamayan sufiləri nəzərdə tutub. Sədi özü dərviş olmasına baxmayaraq, xalqa xidmətdən heç nə anlamayan dərvişlərə xitab edib. Amma mübaliğə edərək deyir: İbadət xalqa xidmətdən başqa bir şey deyildir.

 

Bəzən də başqaları həmin mətləbi ayrı ibarətlərlə deyir, amma bunlar səhv ifadələrdir. Onlardan biri də bu ifadədir: Şərab iç, minbəri yandır, amma mərdimazarçılıq etmə!

 

Onların fikrincə dünyada ancaq bir pislik var və o da mərdimazarçılıqdır. Həmçinin yalnız bir yaxşılıq mövcuddur və o da xalqa yaxşılıq etməkdən ibarətdir. Məhəbbət məktəbinin sözü budur ki, yeganə kamal, dəyər və yaxşılıq xalqa xeyir yetirmək və yeganə naqislik və pislik isə xalqı incitmək və mərdimazarçılıqdır.

  
quranin yaxşiliq və fədakarliğa dəvəti 

Biz bu məktəbin nəzəriyyələrini də islami meyarlarla ölçməliyik. Xalqa xidmət və yaxşılığın islam baxımından insani və ilahi dəyərlərdən olmasında heç bir şübhə yoxdur. İslam baxımından xalqa xidmət etmək, məhəbbət göstərmək və onun dərdini çəkərək qayğısına qalmağın özü kamillik, dəyər, məqam və dərəcəyə malikdir. Amma islam, bu dəyərin də yeganə dəyər kimi qələmə verilməsi ilə müxalifdir.

 

Allah-taala, söhbətimin əvvəlində oxuduğum ayədə biz müsəlmanlara bir ədalətli olmağı, bir də yaxşılıq etməyi əmr edib. Ədalətdən məqsəd xalqın hüquqlarına riayət edərək onları pozmamaqdır. Yaxşılıq etmək ictimai baxımdan deyil, əxlaqi cəhətdən ədalətdən də üstündür. Allah-taala nəinki insanların hüquqlarını pozaraq onları tapdalamamağı, hətta öz qanuni haqlarımızı onlara bağışlamağı əmr edib.

 

Fədakarlıq və başqalarını özündən üstün tutmaq Quranın bəyan etdiyi mühüm məsələlərdəndir. Fədakarlıqdan məqsəd, insanın özündən keçərək, başqasını özündən üstün tutmasıdır, yəni insan öz malını tam ehtiyacı olan halda başqasına verərək onu özündən üstün tutmalıdır. Fədakarlıq insanlığın ən böyük təzahürlərindəndir və Quran bu işi çox maraqlı ifadələrlə sitayiş edib. Allah-taala, Peyğəmbərin (s) mühacirləri özlərindən üstün tutmuş səhabələrini, yəni Ənsar barəsində belə buyurub: ...özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar... (Həşr-9). Yaxud Əli (ə), Fatimeyi-zəhra (s), imam Həsən və Hüseyn (ə) və Əhli-beyt (ə)-ın şəninə nazil etdiyi İnsan surəsinin 8-9-cu ayələrində belə buyurub: Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda [və ya Allah rizasını qazanmaq uğrunda] yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.

 

[Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər]: Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən [bu ehsan müqabilində] nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Yəqin ki, bu ayənin nazil olma səbəbini hamınız eşitmisiniz. Bir dəfə imam Həsən və Hüseyn (ə) xəstələnirlər və Əli (ə) ilə həzrət Zəhra (s) onların sağalmaları üçün oruc nəzr edirlər. Onlar sağaldıqdan sonra Əli (ə) və Fatimeyi-zəhra (s) oruc tutur. Əli (ə) oruc tutduğu halda işləyərək arpa alıb gətirir və Fatimeyi-zəhra (s) ondan çörək bişirir. İftar vaxtı bir yoxsul gəlir və onlar əllərində olan yeməyi ona verirlər. Sonrakı iki gecədə də iftar üçün hazırladıqları yeməyi yetim və əsirə verməli olurlar. Bu hadisədən sonra həmin ayə nazil olur.

 

Bəli, söhbət fədakarlıqdan gedir və bu iş yüksək və ali insani məqam və dərəcələrdəndir ki, Quran onu sitayiş edib. İslam tarixində də bu barədə çoxlu hekayətlər nəql edilib.

  
mehribançiliğa bir misal 

Ümumiyyətlə rəhm, mehribançılıq və başqalarının halına yanma islamda həmişə təkid olunmuş məsələlərdəndir. Bəlkə də nəql edəcəyim bu əhvalatı hamınız eşitmisiniz. Bir dəfə, cahillik dövrünün tanınmış şəxsiyyətlərindən biri Peyğəmbər (s)-in yanına gəlir və görür ki, o həzrət nəvələrindən birini dizinin üstündə oturdub üzündən öpür, başını sığallayaraq ona məhəbbət göstərir. Həmin şəxs birdən Peyğəmbərə (s) üz tutaraq belə deyir: Mənim on uşağım var, amma indiyə kimi bir dəfə də olsun belə, onların heç birini öpməmişəm. (Bu həmin Niçe məktəbidir. Çünki öpmək onları sevməyim və onlara acımağım deməkdir. Başqasına acımaq isə zəiflikdir. Güclü adam heç vaxt belə işlər görmür, bu qism işlər güclü adam üçün yüngüllükdür.) Bu barədə nəql edilmiş rəvayətlərin birində deyilir ki, Peyğəmbər (s) bu sözdən o qədər narahat oldu ki, mübarək sifəti qızardı, rəngi dəyişdi və belə buyurdu: Başqasına rəhm etməyənə rəhm edilməz! Yəni Allah başqasına rəhm etməyən şəxsə rəhm etməz. Başqa bir rəvayətdə isə nəql edilib ki, o həzrət belə buyurub: Əgər Allah sənin qəlbindən rəhmi çıxarıbsa, mən nə edim?!

 

Bu barədə də hədis və rəvayətlər çoxdur. Əli (ə)-ın həyatı buna ən yaxşı nümunədir. Ümumiyyətlə o həzrət rəhm və mehribançılıq simvoludur. Zəif adamın qarşısında dayananda Əli (ə)-ın rəhm və məhəbbət dəryası cuşa gəlir.

  
qərbdəki insani duyğu və hisslər 

Mən keçən söhbətimizdə şərqli və qərblinin ruhiyyəsi barəsində danışaraq dedim ki, qərblilərin ruhi dərinlikləri soyuqqanlıq və sərtlikdir, onlar rəhimsiz və daşürəkli adamlardır. Əlbəttə onların özləri də bu məsələni etiraf edir və məhəbbət, güzəşt, ehsan və bu kimi xüsusiyyətləri şərqli xislətləri adlandırırlar. Onlarda hətta atanın övladına, övladın ata-anaya və ya bacı-qardaşın bir-birinə məhəbbəti də çox azdır. Şərqlilər bu məsələni hiss edərək deyirlər ki, insani hiss və duyğular yalnız şərqdə mövcuddur və qərbdə həyat çox quru və cansıxıcıdır. Orada, başqalarına nisbətdə deyil, öz aralarında ictimai ədalət var, amma məhəbbət, qayğıkeşlik və bu kimi xislətlər yoxdur.

 

Bizim dostlarımızdan birinin oğlu Avstryada təhsil alırdı və onun özü də mədəsini müalicə etdirmək üçün oraya getmişdi. O, deyirdi ki, mən xəstəxanadan çıxandan sonra özümü yaxşı hiss etmirdim. Bir gün oğlumla restoranda oturmuşdum və oğlum yemək, çay və qəhvə sifariş verərək mənə qulluq edir, ətrafımda fırlanırdı. Restoranın o biri tərəfində ər-arvad olmaları bəlli olan bir kişi ilə bir qadın oturmuşdu və onlar diqqətlə bizə baxırdılar. Oğlum yerindən durub o tərəfə gedərkən gördüm ki, onların yanından keçəndə ondan nəsə soruşdular və o da onlara cavab verdi. Oğlum gələndə soruşdum ki, onlar nə deyirdilər? Dedi ki, məndən soruşdular ki, sənin bu qədər qulluq etdiyin şəxs kimdir? Mən də dedim ki, atamdır. Dedilər ki, atan olanda nə olar? Məgər sən ona bu qədər qulluq etməlisənmi? Oğlum deyir ki, mən onlarla öz məntiqləri ilə danışdım və dedim ki, axı o, mənə pul göndərir və mən burada dərs oxuyuram; o, pul göndərməsə mən burada oxuya bilmərəm. Təəccüblə soruşdular: O, sənin xərcliyini öz qazandığı puldan göndərir?! Dedim ki, bəli, özü qazandığı pullardan göndərir! Onlar çox təəccübləndilər və sonra bizə, sanki buynuzlu divlərə baxan şəxslər kimi baxmağa başladılar. Bir az sonra bizim yanımıza gəlib söhbət etməyə başladılar. Dedilər ki, bəli, bizim də bir oğlumuz var və neçə ildir ki, xaricdədir və s. Oğlum, sonra onlar barəsində gizli araşdırma apardı və məlum oldu ki, onların heç övladı da yoxdur. Sonra dedilər ki, biz otuz ildir nişanlıyıq. O vaxt dedik ki, bir-birimizin xasiyyəti ilə tanış olmaq üçün bir müddət belə yaşayaq, əgər bir-birimizin xasiyyətindən xoşumuz gəlsə, gedib rəsmi surətdə evlənərik. Amma indiyə kimi vaxt edib rəsmi surətdə evlənə bilməmişik.

 

Mərhum Ayətullah Birucirdinin Almaniyaya göndərdiyi nümayəndə rəhmətlik Mühəqqiq doğrudan da çox təəccüblü bir əhvalat nəql etmişdi. O, deyirdi ki, biz orada olanda sonradan müsəlman olmuş bir professor bizimlə çox get-gəl edirdi. ömrünün axırında həmin qocaman professorda xərçəng xəstəliyi tapıldı və o, xəstəxanada yatmalı oldu. Mühəqqiq danışırdı ki, biz və orada olan müsəlmanlar onun yanına xəstəxanaya gedirdik. Bir gün həmin professor gileylənərək dedi: Mən birinci dəfə xəstələnəndə həkimlər analiz götürüb dedilər ki, səndə xərçəng xəstəliyi var. O zaman oğlum və arvadım yanıma gəlib dedilər ki, sənin xərçəng xəstəliyin varsa demək öləcəksən, bəs sağ ol, biz getdik! Onların hər ikisi sağ ol deyib getdilər və fikirləşmədilər ki, bu bədbəxtin belə vəziyyətdə məhəbbət və mehribançılığa ehtiyacı var. Mühəqqiq deyirdi ki, biz onun kimsəsiz olduğunu bildiyimiz üçün tez-tez yanına gedirdik. Bir gün, xəstəxanadan xəbər verdilər ki, professor ölüb. Biz onun cənazəsinə qüsl verib kəfənləyərək dəfn etmək üçün xəstəxanaya getdik. Gördük ki, onun oğlu da oradadır. öz-özümüzə fikirləşdik ki, oğlu heç olmasa cənazəsinin dəfni üçün də olsa gəlib. Amma sonra məlum oldu ki, professorun oğlu ölməmişdən qabaq onun cənazəsini xəstəxanaya satıbmış və indi də gəlib ki, meyidi təhvil verib pulunu alsın!

  
ədalət fədakarliqdan qabaqki mərhələdir 

Mənim əsas məqsədim bunlar deyildi. Onların insani hisslərə malik olmamalarında heç bir işim yoxdur. Məqsədim budur ki, bizim insani hiss və duyğular adlandırdığımız işlərin çoxu insani hiss deyil, bir növ özünü istəməkdir. Lakin biz onları insani hiss və insanlıq adlandırırıq.

 

İnsani hiss nə deməkdir? İnsani hissin mənası budur ki, insan öz qanuni haqqını başqalarının xeyrinə sərf etsin. Belə bir adam bundan qabaqkı mərhələni keçməlidir Bundan qabaqkı mərhələ, insanın xalqın hüququnu pozmaması, onların hüquqlarına hörmət bəsləməsi və öz haqqını əldə etməsi və sonra, öz qanuni haqqından başqalarına xeyir vermək üçün istifadə etməsidir. Bu işi görən şəxsin həmin xisləti ictimai insanlıq hissi adlanır.

 

Amma siz həyatda heç vaxt öz haqlarına qane olmayan, halal-haram fikirləşmədən nə yolla olursa-olsun pul əldə etmək istəyən və başqalarının hüquqlarını pozan şəxslərlə rastlaşırsınız. İndi həmin şəxsin bir gün filan dostuna görə neçə min manat pul xərcləyəndə biz, onun bu işini səxavət, humanistlik və ictimai insanlıq hissi kimi qiymətləndiririk. Xeyr, bu ictimai insanlıq hissi deyil, özünü istəmək və şöhrətpərəstlikdir. İnsanın şöhrətpərəstlik və özünü sevdirmək xatirinə bu cür işlər görməsi insansevərlik və humanistlik deyil. Neçə nəfərin hüququnu pozaraq bir nəfərə pul xərcləyən şəxs humanist deyil, bizim etdiyimiz işlərin çoxu insansevərlik deyildir.

 

Bu barədə başqa bir məsəl çəkim. Bəzilərimiz qonaqpərvərlik adlandırılan bir xislətə malikik və ya onu özümüzə yapışdırırıq. Deyirik ki, biz mərdik və mərd kişinin qapısı açıq olar! Həmişə qonağın biri gəlir, biri gedir. Nahar, şam və hətta gecə yatmaq üçün evimizə qonaq çağırırıq. Bu iş öz-özlüyündə yaxşı bir işdir, amma işin o biri tərəfini fikirləşmirik. Çox vaxt qonaqpərvərlik adı ilə evdə olan həyat yoldaşımıza zəhmət verir və qapımız açıqdır, biz qonaqpərvərik! deyirik. Şəri baxımdan bizim, həyat yoldaşımıza göstəriş vermək ixtiyarımız yoxdur və onun özü, öz razılığı ilə işləmək istəsə azad şəkildə ev işlərini görməlidir. Birinə zülm etmək bahasına başa gələn səxavət qonaqpərvərlik deyil!

 

Əli ibni Əbu Talib (ə) evdə həyat yoldaşı Zəhra (s) ilə həmkarlıq edib. Zəhra (s) ev işlərini öz ixtiyarı ilə seçmişdi və Əli (ə) onu hansısa işə məcbur etmirdi.

 

İndi sual budur ki, adamın həmişə evə qonaq gətirməsi və bədbəxt arvad bir dəfə yorulanda onunla kobud davranaraq istəmirsənsə mənim evimdən çıx! deməsi qonaqpərvərlik və insansevərlikdirmi?

 

Deməli bunlar da ictimai insanlıq hissləri deyil. Bəli, işin fədakarlıq mərhələsinə çatması başqa bir şeydir. Əməllərinin ictimai insanlıq hissləri əsasında olmasını istəyən şəxs, əvvəlcə ədalət mərhələsini keçərək arxada qoymalıdır, yəni o, adil olmalı və başqalarının hüquqlarını pozmamalıdır. Belə olan surətdə əgər öz haqqından keçərək onu başqalarına xidmət yolunda qurban vermək istəyirsə, buna heç bir mane yoxdur. Buna görə də böyük alimlərin bəziləri başqalarının hüquqlarını zərrəcə belə pozmamaları üçün çox ehtiyatlı davranıblar. Onlar öz evlərində, həyat yoldaşları və uşaqlarından hətta bir dəfə də olsun amiranəliklə bir şey istəməyiblər.

 

İslam dünyasının çox böyük müctəhidlərindən olan mərhum ayətullah hacı şeyx Əbdülkərim Hairinin ustadlarından olmuş mərhum Mirzə Məhəmmədtəqi Şirazi barəsində nəql edilib ki, o, heç vaxt ailə üzvlərinə göstəriş verməyib. Deyirlər ki, o, bir dəfə xəstələnibmiş və həyat yoldaşı ona, düyü şorbası bişiribmiş. Uşaqları yeməyi gətirib qapının ağzına qoyub gedirlər. O, bərk xəstələndiyi və yerindən dura bilmədiyi üçün yemək qoyulduğu yerdə qalır və bir neçə saatdan sonra gəlib görürlər ki, yeməyi hara qoymuşlarsa, orada da qalıb. Niyə? Çünki o həmin yeməyi yemək üçün uşaqlardan birini çağıraraq onlardan bu işi görmələrini istəməli idi. O mərhum, şəri baxımdın həyat yoldaşını mətbəxdən çağıraraq ondan bu işi görməsini istəməyin düz olub-olmamasında şəkk etdiyi üçün onu çağırmayıb. Fikirləşirmiş ki, həyat yoldaşı öz razılığı ilə ev işlərini görürsə bunun mənə heç bir günahı yoxdur, çünki mən ona bu barədə göstəriş verməmişəm. Amma mən ona göstəriş verilməsi tələb olunan iş deyə bilmərəm.

 

Deməli, insanın qayğı və fədakarlığı özünü göstərmək və istəmək üçün olmayanda, əsl insani hiss və fədakarlıq hesab olur.

  
həqiqi fədakarliğa bir nümunə 

Əziz islam peyğəmbəri həzrət Məhəmmədin (s) səhabələri haqda Mutə müharibəsində baş vermiş bir hadisə nəql edilib və bu, çox heyrətləndirici bir hekayətdir. Bu hadisə əsl fədakarlıq nümunəsidir. Mutə müharibəsində səhabələrdən bir qrupu yaralanaraq yerə düşürlər. Yaralı adamın qanı axdıqca onun bədəni yenidən qan yaratmalı olur. Bu vəziyyətdə insan çox susuzlayır, çünki bədənin yeni qan yaratması üçün suya ehtiyacı olur. Buna görə də yaralanmaq və bədən qanının axması susuzluq yaradır. Bir nəfər əlində su qabı tutaraq müsəlman yaralıların arasında gəzməyə başlayır ki, onlardan susuzlayanı olsa ona su versin. Yaralılardan birinə yaxınlaşaraq ona su vermək istəyəndə, yaralı əli ilə başqasını göstərdi ki, suyu ona ver, onun suya ehtiyacı daha çoxdur. Su paylayan həmin adamın yanına gedir, amma o da başqa birisini göstərir və onun suya daha çox möhtac olduğunu deyir. Həmin şəxs üçüncüsünün yanına gedəndə görür ki, o, ölüb. Geri qayıdanda görür ki, ikinci adam, yəni onun su təklif etdiyi ikinci şəxs də ölüb. Birincinin yanına qayıdanda onun da öldüyünü görür. Buna fədakarlıq və başqasını özündən üstün tutmaq, yəni tam ehtiyac içində olmasına baxmayaraq, başqasını özündən üstün tutmaq deyirlər.

  
məhəbbət məktəbinin iradlari 

Məhəbbət və xidmət məktəbinin də iki iradı vardır. Əlbəttə məqsədimiz məhəbbətdən yaranan xidmətdir. Xidmət və məhəbbətin insani dəyərlərdən olmasında heç bir şəkk-şübhə yoxdur, amma onlar, insani dəyərlərdən yalnız biridirlər. Qüdrət məktəbinə edilmiş iki irad bu məktəbə də aid edilib.

 

İradlardan biri budur ki, məhəbbət məktəbi də təkdəyərlidir, yəni bütün dəyərləri buraxaraq bir dəyərə, yəni xidmət və məhəbbətə yapışıb. Məhəbbət, insan üçün kamillikdir; həddindən artıq feyz və bərəkət yetirmək kamaldır. Filosofların sabit etdikləri kimi, çox feyz yetirmək, səxavətlilik və bağışlamaq kamillik sifətlərindəndir və onlar, Allah-taalanın da zati sifətlərindən sayılır. Buna görə də vücudu vacib olan uca varlıq tam feyz və bərəkət yetirəndir. Bəs bu məsələdə heç bir şəkk-şübhə yoxdur. Məhəbbət məktəbi tərəfdarlarının səhvi budur ki, onlar, digər dəyərləri unudaraq, xalqa xidmətdən başqa heç nəyin olmaması və insanlığın yalnız bu dəyərdən ibarət olmasını vurğulayıblar. Qüdrət məktəbinin mühüm səhvi qüdrəti düzgün tanımaması, onun yalnız qol gücündən ibarət olmasını düşünməsi və ruhi qüdrətləri unutması olduğu kimi, xalqa xidmət məsələsində də çox-çox böyük bir səhvə yol veriblər və mən, həmin səhvi burada izah edəcəyəm.

 

Xalqa xidmət nədir? Xalqın nəyinə xidmət etmək lazımdır? Mənim, insanlıq yalnız xalqa xidmətdən ibarətdir deyən şəxslərə sualım var. Siz mənə, xalqın nəyinə xidmət etmək lazım olmasını izah edin. Ola bilər ki, siz Allah bəndələrinin qarınlarına xidmət etməyin lazım olmasını bildirirsiniz, yəni deyəcəksiniz ki, Allah bəndələri acdırlar və onların qarınlarına xidmət etmək lazımdır. Ac insanların qarınlarının doyuzdurulmasını lazımı məsələlərdən olmasında şəkk-şübhə yoxdur. Allah bəndələrinin bədənlərinə də xidmət etmək lazımdır. Əgər çılpaqdırlarsa geyindirilməli, isti-soyuqdan qorunmalı, mənzillə təmin edilməli və azadlıqları yoxdursa, onlara azadlıq verilməlidir. Bəli bunların hamısı düzdür və bunlar xalqa xidmətdir. Amma burada ortaya belə bir sual çıxır ki, son nəticə nədir? Bizim Allah bəndələrinin ancaq ehtiyaclarını ödəməyimiz yaxşı və xeyirli əməldir? Əgər Allah bəndələri özləri-özlərinə xidmət etmirlərsə və özləri özlərinə düşməndirlərsə, yəni nadanlıq ucbatından elə əməllər edirlər ki, özləri özlərinin bir nömrəli düşmənidirlərsə və səadət yolu deyil, bəşəriyyətin bədbəxtliyi yolunda hərəkət edirlərsə biz, yenə də gözümüzü yumaraq Allah bəndələrinə xidmət etmək lazımdır; bizim başqa şeylə nə işimiz var? Biz qarınları doyuzdurmalıyıq! deməliyikmi? Bizim, qarını doyanın hansı yolla getməsi, hansı hədəf və məqsədə qulluq etməsi və indi hansı yolda olması ilə nə işimiz var? deməyimiz düzdürmü? Bizim yol və hədəflə işimiz olmamalıdırmı? Ancaq qarın tox olmalı və bədən örtülməlidir? Yaxud insanlara xidmət, insanlığa xidmət şərti ilə olmalıdır, yəni insani dəyərlərə xidmət edilməlidir? Bəli, məsələ elə buradadır. Allah bəndələrinə xidmət o vaxt insani dəyərə malikdir ki, o, digər insani dəyərlər istiqamətində olmuş olsun. Xalqa xidmət digər insani dəyərlər istiqamətində olmasa, bir qara pul qədər də dəyərə malik deyildir.

  
xalqa xidmət imanin müqəddiməsidir 

Burada digər bir mətləbə də toxunmaq lazımdır. Bir qrup deyir ki, məgər Allahın bütün əmrləri, iman və ibadət insanların sonda xeyirxah olmaları və Allah bəndələrinə xidmət etmələri üçün deyilmi? Onlar deyirlər ki, bizim imanlı olmağımız nəticədə, onun sayəsində Allah bəndələrinə xidmət etməyimiz üçündür. Allaha ibadət etməliyik, çünki ibadət sayəsində onun bəndələrinə daha yaxşı xidmət edirik. Onların fikrincə islam, digər bütün dinlər və bəşəriyyətin böyük şəxsiyyətlərinin göstərişləri Allah bəndələrinə xidmət göstərilməsi üçün müqəddimədir. Onlar Allah bəndələrinin özlərinin nə olmaq istədiklərini demirlər. Axı xalqa xidmət edilməsinin zərurliyini vurğulayanlar Allah bəndələrinin proqramlarının nə olmasını da deməlidirlər. Allah bəndələrinin öz proqramları nədir? Onların heç bir proqramı yoxdur? Xeyr, belə deyil. İman, ibadət və digər şeylər xalqa xidmətin müqəddiməsi deyildir, məsələ tamamilə bunun əksinədir, yəni xalqa xidmət iman, ibadət, ağıllılıq və digər dəyərlərin müqəddiməsidir. Biz xalqa, onları iman və allahpərəstlik yoluna istiqamətləndirmək və digər dəyərlərə sövq etmək üçün xidmət etməliyik.

 

İman xalqa xidmət üçün müqəddimə deyil, xalqa xidmət iman üçün müqəddimədir. İslam belə bir məktəbdir və onun sözü budur. Doğrudan da fikirləşəndə, xalqa xidmətin bundan başqa digər faydasının olmadığını görürük. Əgər belə olmasa, yəni xalqa xidmət imanın müqəddiməsi olmasa, biz bütün insanları onların insanlıqlarından ayrı təsəvvür etməliyik. Sonra da, əvvəllər dediyimiz kimi, Lumumba ilə Cumba Musaya bir gözlə baxmalıyıq, çünki onların hər ikisi insandır və hər ikisinin qa ı var, hər ikisi ac və çılpaq ola bilər. Bu iki insan bioloji baxımdan bir-birindən fərqlənmir.

 

Mən nisbətən abırlı ju alları oxuyanda görürəm ki, bəziləri islam irfanının məqamını yüksəltmək və onu tərifləmək istəyəndə deyirlər ki: Bizim ariflərimiz balaca adamlar deyildirlər, onlar çox böyük sözlər deyiblər! Soruşuruq: Ariflərimiz nə deyiblər?! Cavab verirlər: İrfanın sonu xalqa xidmətdir!

 

Xeyr, məsələ belə deyildir. İrfanın sonu deyil, ortası, bəlkə də yolunun əvvəli xalqa xidmətdir. İrfanda xalqa xidmət var və olmalıdır da, amma bu irfanın sonunda deyil. Xalqa xidmət irfanın müqəddimələrindən biridir. Şəri dillə desək, Allaha yaxınlaşmaq xalqa xidmətin müqəddiməsi deyil, xalqa xidmət ilahi dərgaha yaxınlaşmağın müqəddiməsidir!

 

Deməli, məhəbbət məktəbinin də iki iradı vardır. Onlardan biri bu məktəbin məhəbbəti yeganə dəyər hesab etməsi, digəri isə məhəbbəti insanlığın sonu təsəvvür etməsidir. Başqa sözlə desək, bu məktəb insanlığın son mərhələsini xidmət və məhəbbət hesab edir. Amma islam bunu qəbul etmir. İslam xalqa xidmət və məhəbbət göstərilməsini qəbul edir, sitayiş edərək dəyər sayır, amma yolun sonunda deyil, əvvəlində olan bir dəyər kimi! Yolun sonu xalqa xidmətdə bitmir, əksinə əvvəl oradan başlamaq lazımdır, amma əsl hədəf və məqsəd başqa bir şeydir.

  
ON İKİNCİ FƏSİL   
SOSİALİZM MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ  

[Ya Məhəmməd!] Söylə: Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! [O bu kəlmədir ki:] Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] rəbb qəbul etməyək!... (Ali-İmran-64).

 

Kamil insan barəsində nəzəriyyə vermiş məktəblərdən biri də sosializm məktəbidir. Bu məktəb insanın kamillik və naqisliyini iki şeydə xülasə edərək deyir ki, naqislik bəşəriyyətin fərdi cəhətlərinin çoxluğunda, kamillik isə onun ictimai və kütləvi cəhətlərə malik olmasındadır. Belə ki, insan mən olmaqda davam edənə kimi naqisdir; o, mən aradan getdikdən sonra kamilləşir. Onların mənliyi aradan aparmaqdan məqsədləri, ariflər kimi onun yoxa çıxarılması deyil.

 

Ariflər mənliyi Onun üçün (Allah üçün) aradan aparmaq istəyirlər, yəni birinci şəxs əvəzliyi olan mən üçüncü şəxs əvəzliyi olan onun aşkar olaraq üzə çıxması üçün məhv edilir. Ariflərin odan məqsədləri Allahdır; mənin oda fani olması insanın Allahda fani olmasıdır.

 

Bu məktəb mənliyin məhv edilməsi və sındırılması baxımından irfan məktəbi ilə müştərəkdir. Amma bunların mənliyin məhv edilməsindən məqsədləri onun aşkar olaraq üzə çıxması deyil. Sosializm məktəbi mənliyi bizin yaranması üçün aradan aparmaq istəyir. Bu məktəb tərəfdarlarının fikrincə, kamil insan arif olaraq vücudumda Allahdan başqa heç nə yoxdur deyən şəxs deyil, öz mənliyini kütlədə məhv edəndir. Belə bir insan mən deyil, biz hissinə malik olur.

 

Digər məktəblərin çoxu da bu mətləbi dediyimiz həddə qəbul edirlər. Hətta mənliyi onun aşkar olması üçün məhv edən məktəblər də biz hissinin yaranması ilə müxalif deyillər və onlar da mənliyin bizə çevrilməsini himayə edirlər.

  
BU MƏKTƏB NƏZƏRİYYƏSİNİN XÜLASƏSİ 

Mənini bizə çevirmiş şəxsi kamil insan hesab edən bu məktəb, öz sözlərinin həyata keçirilməsi yolunu göstərərək belə deyir: Harada əşyalar mənliyə deyil, bizə aid olursa, bu aidiyyat insanların bizliyinin nəticəsidir. Siz, əşyaların insanlara aidiyyatına nəzər salsanız onun iki cür olmasının şahidi olarsınız. Hər bir cəmiyyətdə bir sıra işlər bizə aid olur. Məsələn, ana dilim təkcə mənimdirmi? Xeyr! özlüyündə digər mən olan sənindirmi? Xeyr! Kiminsə üçüncü bir adamındırmı? Xeyr! Bu dil bir kütlənindir. Bu qism şeylər, yəni fərd və şəxsə deyil, kütlə və cəmə aid olan şeylər insanları bir-birinə birləşdirir. Bizim bir dil, vətən, mədəniyyət və s. malik olmağımız yəni dil, vətən, mədəniyyət və s.-nin mənə deyil, bizə aid olması bizləri bir-birimizlə birləşdirib. Mən deyil, bizə aid olan bütün şeylər, yəni şəxsi deyil, müştərək olan şeylər insanları bizləşdirir.

 

Digər tərəfdən də şəxs və fərdlərə aid olan xüsusi əşyalarla rastlaşırıq. Mənim evim, pulum, paltarım, xalçam, maşınım və s. buna misal ola bilər. Sadaladığımız şeylər artıq sizin və bizim deyil, mənimdir. Əşyaların insana bu cür aidiyyatı müştərək deyil, şəxsidir. Deyirlər ki, aidiyyatların şəxsi və xüsusi olması mənləri yaradır. Mənliyi nə yaradır? Xüsusi mülkiyyət və mülkiyyətin xüsusiliyi! Bəs bizi nə yaradır? Ümumi mülkiyyət və ortaqlıq! Deməli insanların kamilliklərinin meyarı onların biz olmalarıdır; insanların biz olmalarının meyarı isə xüsusiçiliyin aradan getməsi və şəriklik, ortaqlıq və sosializmin onun yerini tutmasıdır.

 

Onlar iddia edirlər ki, bəşər cəmiyyəti yaradılışın əvvəllərində şərikli və ortaqlı bir cəmiyyət olub və həmin vaxtlar sahibkarlıq və mülkiyyət olmayıb. Onların fikrincə bəşəriyyətin həmin yaşayış dövründə mənim torpağım, sənin torpağın, mənim sərvətim, sənin sərvətin və bu kimi məsələlər olmayıb. Bütün şeylər ortaq olub və insanlar cənnətdə və tam rifah içində yaşayıblar. Dinlərdə deyildiyi kimi, bizim ulu babamız əvvəl cənnətdə olub və sonra itaətdən çıxdığı üçün oradan qovularaq dünya həyatına giriftar olub. Onların fikrincə bu məsələnin başqa bir yozumu da var və o, budur ki, insan əvvəllər ortaqlıq və şəriklik hökm sürən və mən deyil, biz hakim olan cənnətdə yaşayırmış; amma bir günaha mürtəkib olaraq ortaqlıqlar cənnətindən qovulub və həmin günah xüsusiçilik, özəl sahibkarlıq və mülkiyyətin yaranmasıdır. özəl mülkiyyət yarandıqdan sonra, insan xoşbəxtlik cənnətindən qovularaq çətinliklərə düçar olub və o, indi də həmin bədbəxtliklərdə qalmaqdadır. İnsanın cənnətə qayıtması üçün etməli olduğu tövbə, xüsusiçilik və sahibkarlıq tövbəsidir. Dinlərdə deyildiyi kimi, insanın sonradan getməli olduğu cənnət, əvvəlkindən daha kamil və yaxşıdır. Bəşəriyyət bu böyük günahdan tövbə edərək sahibkarlıq əvəzinə ortaqlıqlara üz tutanda insanlıq və adamlıq məqamına çatacaq.

 

Onlar deyirlər ki, zülm sahibkarlıq yarandıqdan sonra yaranıb; zülm sahibkarlığın nəticəsidir. Buna görə də sahibkarlığın yaranması istismarçı və istismar edilənin ortaya çıxmasına səbəb olur. Bəşəriyyət istismarçı və ya istismar edilən vəziyyətdə qalıncaya qədər naqisdir. Nə qədər ki, dağ boyda şişməsi, digərinin isə qorxunc dərə dibinə düşənə kimi geriləməsi və onların arasındakı bu dərə-təpə və bərabərsizliyin olmasının şahidiyik, insan səadət və xoşbəxtliyə çatmayacaq. İnsanlar düzənlik halına düşəndə və bir-birinə nisbətdə bərabər vəziyyətdə yaşayanda xoşbəxtlik üzü görəcəklər. Bərabərlik hakim olduqdan sonra qardaşlıq yaranacaq və insan, həmin vaxt naqis deyil, kamil olacaq. Deməli bu məktəb insanın kamilliyini xüsusiçiliyin, onun istismarçı və istismar edilən nəticələrinin rədd edilməsi ilə bir hesab edir. İstismar hər iki tərəfdə minlərlə eyb və nöqsan birində kin-küdurət, digərində isə hərislik və tamahkarlıq yaradır. Siz bütün bunların kökünü aradan götürsəniz insanın kamilliyi özünü büruzə verəcəkdir.

  
BU MƏKTƏBİN ƏSAS SƏHVİ 

Hədəfin həmişə mənin bizə çevrilməsi və mənliyin olmamasını demək sosializmin əsas nişan və xüsusiyyətlərindən deyil. Onların əsas əlamətləri göstərdikləri yoldur. Onlar deyirlər: Xüsusi mülkiyyət və sahibkarlıq mən, ümumi və ortaq mülkiyyət isə biz yaradır. Sosialistlərə cavab verənlər və ya vermək istəyənlər onlara belə deyə bilərlər: Cənab sosialist! Mənliyi əşyaların insana aidiyyatı yaradır, yoxsa insanların əşyalara bağlılıqları? Əsas məsələ elə budur. İnsanlar arasında sərhəd çəkərək onların birliyini əşyaların insana aidiyyatı, yəni onun bir sıra şeylərə sahib olması və əşyanın onun malı olması yaradır, yoxsa bunun əksi?! Mənliyin yaranma mənşəyi insanın əşyaya malik olması və əşyanın insana aidliyi deyil. Məsələ tamamilə bunun əksidir. Belə ki, insanın əşyalara bağlılığı və əşyanın insana sahib olması, yəni insanın onlara qul olması, öz irfani terminimizlə desək, onun qəlbən əşyaya bağlanması, onu mən edir. İnsanın pul sahibi olması onu mən edərək bizliyi ondan almır, əksinə onu, pulun kölə və qulu olması mən edərək bizdən ayırır. Sosializm məktəbi deyir ki, mənlərin bizə çevrilmələri üçün sahibkarlıq və xüsusi mülkiyyəti aradan götürmək lazımdır. İslam isə sahibkarlığı aradan götürməyi lazım bilmir. O, insan yetişdir, onu yaxşı tərbiyə et, insanlara uca və ali ideyalar ver ki, o nəyəsə sahib olanda o, şeylərə deyil, şeylər ona aid olsunlar və o, azad və sərbəst olsun! deyir. Hansı insan bizdir? O, heç nəyi olmayan deyil, mənəvi azadlığa malik olan insandır. Birinin heç nəyinin olmaması onun biz olması demək deyildir. Bəli, əşyaya qəlbən bağlanaraq ondan asılı olmayan və əşyanın əsir etmədiyi insanın mənliyi həmişə mən deyil, bizdir. Sonra iki tərəfdən misal gətirərək belə deyirlər: Biz həmişə dünyada bir şeyə malik olmalarına baxmayaraq, düzgün tərbiyə nəticəsində əşya əsiri olmayan insanların şahidi olmuşuq və belə adamlar indi də var. Əsl zahidlik və Nəhcül-bəlağə baxımından tərki-dünyalıq, dünyaya bağlanaraq onun əsiri olmamaq və ondan azad yaşamaq mənasındadır.

  
ƏLİ (Ə)-IN NƏZƏRİNDƏ DÜNYA 

Əli (ə) buyurub: Ey dünya! Mən sənin təlaqını verərək səni boşlamışam, özü də üç dəfə və bundan sonra heç cür qayıtmaq imkanı yoxdur. Ey dünya, məndən uzaq ol! Allaha and olsun ki, heç vaxt sənə təslim olmayacağam ki, sən məni xar edəsən.

 

O həzrət həmişə dünya, yəni ondan olan şeylər müqabilində itaətsizlik və üsyan edib və onların onun ruhuna təsir göstərmələrinə qətiyyən icazə verməyib. Digər bir yerdə buyurur: Mən cilovumu sənin əlinə verməyəcəyəm ki, sən məni çəkərək istədiyin yerə aparasan.

 

İslamın buyurduğu zahidlik, tərki-dünyalıq və azad yaşayaraq özünü dünya nemətlərinə satmamaq budur.

 

Əli (ə) başqa bir yerdə belə buyurur: İnsanlar dünya bazarında iki dəstədirlər: Onlardan biri özlərini satıb əvəzində pul alırlar, ikinci dəstə isə özlərini dünyada alaraq azad edənlərdir.

 

O həzrət bir dəfə öz malı olan dirhəm və ya dinarı ovucunda tutaraq bir qədər onlara baxdıqdan sonra belə buyurdu: Ey pul! Sən nə qədər ki, mənim əlimdəsən, mənim deyilsən. Həzrət Əli (ə)-ın bu sözləri bizim sözlərimizin tam əksinədir. Bizlər belə deyirik: Pul nə qədər ki, cibimdədir, mənimdir, xərclədimsə mənim deyil. Bəli, o həzrətin bu cümləsi bizim sözlərimizin əks nöqtəsində dayanır.

 

Ey pul! Sən nə qədər ki, mənim əlimdəsən mənim deyilsən. Çünki sən mənim əlimdə olduğun müddətdə mən sənin olmalıyam, sənə nökərçilik edərək keşiyini çəkməliyəm. Sən, mən səni xərclədikdən sonra mənim olursan.

 

Əli (ə) bir gün qəssab dükanının qabağından keçirmiş. Qəssabın gözü o həzrətə sataşan kimi deyir: Bu gün yaxşı ət gətirmişəm, istəyirsinizsə alın. Əli (ə) pulunun olmadığını bildirdi. Qəssab deyir ki, mən pul üçün tələsmirəm, gözləyərəm sonra verərsən. O həzrət belə cavab verir: Sən pulun gəlməsi üçün səbr etməkdənsə, qa ıma deyərəm o, səbr edər. Mən sənə borclu olmamağım üçün, qa ımı səbr etməyə məcbur edərəm.

  
MƏNDƏN QURTULUŞ YOLU BATİNİN İSLAH EDİLMƏSİDİR 

İslam deyir ki, insanı mən olmaqdan çıxararaq biz etmək istəyirsinizsə onun batinini islah edin, onu dünya malına qul olmağa qoymayın. Onu şəxsi mülkiyyətdən və sahibkarlıqdan məhrum etməklə bu dərd sağalmayacaq. Əlbəttə qeyd etmək lazımdır ki, bu barədə də iki məktəb və nəzər vardır. Məktəblərdən biri deyir ki, sizin sahibkarlıqla qətiyyən işiniz olmasın; bərabərsizliklərin çoxluğu problem deyil, siz yalnız batinlə məşğul olun. Digər məktəb isə deyir ki, batinin mühüm və əsas olması fikri düzdür, amma xarici aləm islah edilməyincə batini islah etmək olmaz və biz islamda xarici aləmə də diqqət yetirildiyini görürük, yəni islam sahibkarlığı tamamilə ləğv etmədən xaricdəki əyrilikləri düzəltmək istəyir. İslam bərabərliklərin bərqərar edilməsi və cəmiyyətdə düzlük yaranması üçün müxtəlif yollardan istifadə edir, amma bununla belə mənliyin bizə çevrilməsi üçün təkcə bunu qənaətbəxş saymır. Ruhlara həqiqət hakim olmalıdır.

 

Yəqin ki, qarmmatikadakı izafət tərkibində təyin edilən və təyin edən hissələrlə tanışsınız. Sosializm məktəbinin diqqəti izafətin təyin edilən hissəsinədir. Bu məktəb deyir ki, təyin edilən hissələrin mən ilə birlikdə gəlməsi məsələn, mənim evim, mənim pulum və s. deyilməsi mənliyi mən edir; siz təyin edilən hissələri götürün, çünki onların xüsusi olması mən yaradır.

 

Amma bu məktəb deyir ki, mənliyin təyin edilən hissələri heç bir iş görmür, iş görən mənliyin təyin edən tərəfidir. O, mən nə? deyir. Yəni mən nəyə aiddir? Əgər mənliyin fərdi və xüsusi işlərə aid olması mənliyi, mən edir... (Ustadın söhbətinin yazıldığı kasetin bu hissəsi bir az pozulub.) Amma ruh ümumi işlərə məsələn, iman və Allaha bağlı olanda mən bizə çevrilir. Bu məktəbin tərəfdarları deyirlər: Biz bir çoxlarını görürük ki, mallarının çox olmasına baxmayaraq, onların mənliyi mən kimi qalmayıb və bizə çevrilib. Onların mənliyi onların heç nələri olmayanda da biz olub, əllərində hər şey olanda da! Çünki onların ruhları əşyaya bağlı olmayıb.

 

Əli (ə) həyatda belə olub. O, çox enişli-yoxuşlu həyat keçirib. O həzrətin evində bəzən yalnız ailə üzvlərinə çatacaq miqdarda azuqə olub və evdə başqa heç nə olmasına baxmayaraq həmin azuqəni Allah yolunda bağışlayıb. Bir müddət də dövrün ən böyük ölkə və xilafət başçısı olub və bütün beytül-mal xəzinələrinin ixtiyar sahibi hesab edilib. Bəli, Əli (ə) həmin vaxt hər cür naz-nemətlə yaşamaq və mənliyi hər cür doyurma imkanına malik olub. Amma onun mənliyi həm heç nəyə malik olmadığı və həm də hər şeyə sahib olduğu vaxt mən deyil, biz olub. Həmişə özünü unudaraq başqalarının fikrində olub. Deməli, mənliyin biz olması üçün mülkiyyət və sahibkarlığın aradan götürülməsinin zəruriliyini vurğulayan fəlsəfə düzgün deyildir.

  
MƏN YARADAN AMİLLƏR TƏKCƏ SAHİBKARLIQDA BİTMİR!  

Sosializmin cavabında deyirlər ki, məgər insanların bütün istəkləri iqtisadi məsələlər qismindədirmi ki, xüsusiçilik kollektivə çevriləndə mənlər biz olsunlar? İnsan həyatının yalnız bir hissəsi iqtisadi işlərdir və sahibkarlıq məsələsi barəsində ancaq həmin hissədə danışılır. Vəzifə, məqam, həyat yoldaşı və bu kimi bir sıra şeylər vardır ki, onlar iqtisadi məsələlərdən çox olmasa da, az deyil. Bəzən kimsə bütün var-yoxunu bir qadının yolunda xərcləməyə və ya dünya şöhrətli bəzi yüksək ictimai post və vəzifənin əldə edilməsi üçün verməyə razı olur. Bu barədə nə deyirsiniz? Bütün qadınları üst-üstə tökərək onlardan hamısı eyni səviyyəli olan bir dəstə standart arvad düzəltmək mümkündürmü? Əgər cinsi ortaqlıq məsələsi yoxdursa əlbəttə bu heç bir kommunist ölkəsində olmayıb birinin evində gözəl, digərinin evində isə çirkin arvad olur və bunun özü mən yaradan məsələlərdəndir.

 

Vəzifə məsələsində necə! Əgər biz əslində həqiqət olmayan, sosialist ölkəsinin başında duran şəxsin qida, minik və digər cəhətlərdən ölkə əhalisinin hamısı ilə bərabər olmasını, məsələn filan sosialist ölkəsinin baş nazirinin iqtisadi imkanlar baxımından filan zavod, ya tarlada çalışan fəhlə və ya əkinçi ilə bir səviyyədə olmasını və onların hər ikisinin yemək, avtomobil və s. imkanlardan bəhrələnərək istifadələrinin bir cür olmasını fərz etsək də əlbəttə bunların hamısı yalnız quru təsəvvür və fərziyyədir bu sual yenə də verilir ki, hər gün qəzetlərdə və yüksək tribunalardan adı çəkilən, dəfələrlə televiziya ekranlarında göstərilən baş nazirlə zavodların küncündə qalaraq unudulmuş fəhlə imkan və nemətlərdən bir cür və bərabər bəhrələnirlərmi?! Xeyr, belə deyil. Çünki həmin vəzifənin imkanlarından başqası deyil, həmin məqam sahibi istifadə edir. Bunları ortaq vəziyyətə gətirmək və həmin fəhlə ilə baş nazir vəzifəsini üst-üstə tökərək yenidən onların arasında bərabər səviyyədə bölüşdürmək olmaz. Partiyanın liderliyi, sədr müavinliyi və digər postların hər birinin bir nəfərə məxsus olması və axırda müəyyən bir kütlənin bu imkanlardan məhrum qalması labüddür. İdarələrdəki vəziyyət də belədir.

 

Deməli, mənlərin bizə çevrilməsi üçün xüsusi mülkiyyət və sahibkarlıqların aradan götürülməsi kifayət etmir və biz bir sıra yerlərdə xüsusi mülkiyyətin aradan götürülməsinə baxmayaraq, mənlərin bizə çevrilmədiyinin şahidi oluruq. Bəli, nəinki mənlər bizə çevrilmədi, əksinə onların öz aralarında daxili çəkişmə, müharibə və mübarizələr və hətta onların iki böyük divləri, yəni Sovet ittifaqı ilə Çin bir-birləri ilə mübarizə apardılar və onların əks nöqtələrində olan imperializmi özlərinə dost etmək üçün yarışa girdilər. Bütün bunlar mənliyin bizə çevrilməsini və həmin söhbətlərin quru söz olduğunu göstərir. Əlbəttə biz mülkiyyət bərabərsizliklərinin mənlərin yaranmasında çox təsirli olmasına və biz yaratmaqla çoxlu ixtilafların meydana gəlməsini qəbul edirik. Buna görə də İslam, mülkiyyət və sərvətin tarazlaşdırılmasına xüsusi əhəmiyyət verib. Amma məsələ burasındadır ki, mənlərin bizə çevrilməsi üçün təkcə bu bərabərsizliklərin aradan götürülməsi kifayət etmir. Biz anlayışının onların arasında quru ad və söz olmasını görürük; ortaya ehtiyac çıxan kimi mətləb dəyişir. Bu məktəbdə mənlərin bizə çevrilməsinin zəruriliyinin və onun kamil insanın şərtlərindən biri olmasının bildirilməsi düzgündür və biz də bu məsələni qəbul edirik. Amma, insanın təkcə mənliyinin bizə çevrilməsi ilə kamil insan olmasını fikirləşmək düz deyil. Sosializm məktəbi də təkyönlü məktəblərdəndir. Bütün insani dəyərlərin mənin bizə çevrilməsində olmasını bildirən nəzəriyyə səhvdir. Mənliyin bizə çevrilməsindən əlavə bir sıra digər dəyərlər də vardır ki, bundan əvvəl barəsində söhbət etdiyimiz məktəblərin hər biri, heç olmasa müəyyən bir dəyərə düzgün diqqət yetirmişlər. Deməli, yalnız bir şeyi insani dəyər hesab etmək düzgün deyildir.

  
İMAN MƏNLƏRİN BİZ OLMA YOLUDUR 

Digər bir məsələ isə budur ki, əvvəldə Ona çevrilmiş mən gerçək və həqiqi biz ola bilər. Bu ariflərin nəzəriyyəsindəki mətləbdir. Əvvəlcə O olmamış, mən bizə çevrilə bilməz. Mənlərin biz olma yolu onların, əvvəlcə O olmaları, yəni Allaha iman gətirmələridir. [Ya Məhəmməd!] Söylə: Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! [O bu kəlmədir ki:] Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] rəbb qəbul etməyək!... Bu ayədə kitab əhlinə xitab edilib. Ey kitab əhli! Ey yəhudi, xristian, zərdüşt və atəşpərəstlər! Gəlin hamımız bir kəlmə və həqiqət ətrafında toplaşaq, hamımızın arasında eyni olan bir həqiqət ətrafında! Siz Quranın ifadələrinin incəliyinə diqqət edin. Buyurur ki, O, elə bir həqiqətdir ki, nə mənim, nə sənin, nə bizim və nə də sizindir. O, bizim hamımızındır, həm siz və həm də biz onda şərikik. O, bizim hər ikimizə, hamımıza aiddir. Peyğəmbər buyurur ki, Allah hamınındır və mən iddia edə bilmərəm ki, O, xristianın, yəhudinin, zərdüştin və bütpərəstin də Allahı deyil, yalnız mənim Allahımdır. O, hamının Allahıdır və hamıya məxsusdur. İnsanın Ona mənsub olması, mən yaradaraq aralarda sərhəd çəkən məhdud şeyə bağlılığı kimi deyildir. O, mən və sənin bağlandığımız zaman çəkişmə və vuruşmalara səbəb olan pul deyil. O, elə bir həqiqətdir ki, eyni anda hamını özündə birləşdirə bilir. Gəlin hamımız biz olaq! Hansı yolla? Vahid iman, ideya və kəlmə Allah kəlməsi və Ona iman vasitəsilə! Gəlin hamımız biz olaq, amma bundan əvvəl hamımız o olmalıyıq. Hamımız o olduqdan, yəni bu mənlər onun müqabilində yoxa çıxdıqdan və hamımız bir rəng onun rəngində olduqdan sonra biz ola bilərik. Bizim və sizin aramızda eyni və bərabər olan bir kəlməyə tərəf gəlin! İslam Peyğəmbəri əgər hamının biz olması üçün ərəb dilini öyrənməsini təklif etsəydi, fars dili deyərdi ki, nə üçün ərəb dili? Gəlin hamımız fars dilini öyrənək. Fransalı deyərdi ki, nə üçün ərəb dili? Həmin dil fransız dili olsun. Ərəb dili hamının onda bərabər ola bilməsi mümkün olan şey deyil. Ərəb, fars, türk, fransız və s. dillərin hər biri bir xalqa məxsusdur. Bir çox digər şeylər də belədir.

 

Amma hamının olan və heç kəsə məxsus olmayan həqiqət bizim Allahımızdır. Bəli, mütləq həqiqət, hamımızı və dünyanı yaradan və son dönüş nöqtəsi olan Allah hamınındır, gəlin Ona tərəf tələsək, təkcə Ona itaət edək və heç nəyi Ona şərik qoşmayaq. Sonra buyurur ki, Allahı qoyub bir-birimizi özümüzə Rəbb etməyək! Biz Ona tərəf gedərək o olduqdan sonra biz ola bilərik. Belə olan surətdə bir-birimizi özümüzə Rəbb, yəni Allah seçməyək. Ağalıq-nökərlik, istismarçı-istismar olunan, yuxarı-aşağı söhbəti də aradan götürülsün, yığışdırılsın, amma oradan başlamaq, yəni ayədə deyilən yerdən başlamaq şərti ilə! Gördüyümüz kimi, Quran biz tərəfdarıdır və həmişə bizdən söhbət edir.

 

Namazda Allahı sitayiş edərək Ona həmd etdikdən, yəni Əlhəmdu-illahi Rəbbil aləmin dedikdən sonra ona xitab edirik. Mən tək namaz qılıram və namazın cəm şəkildə deyil. Amma Allahım təkcə Sənə ibadət edirəm və yalnız Səndən kömək istəyirəm demək əvəzinə, Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! deyirəm. Mən yalnız sənə ibadət edirəm demirəm. Namazın sonunda isə Əssəlamu ələyna və əla ibadillahis-salihin yəni biz və Allahın saleh bəndələrinə salam olsun deyirik.

  
SƏDİNİN ŞERİ 

Sədinin belə bir şeri var:

 

 

Bəni adəm əzaye yek digərənd

 

Ke dər afərineş zeyek qohərənd

 

Çu ozvi be dərd avərəd ruzqar

 

Digər ozvhara nəmanəd qərar

 

To kəz mohnəte digəran bi ğəmi

 

Nə şayəd ke namət nəhənd adəmi.

 

 

Yəni: Adəm övladı bir-birlərinin bədən üzvləri kimidirlər; çünki yaradılışda bir incidəndirlər. Fələk bir üzvi ağrıdanda digər üzvlər də qərar tapa bilməzlər. Əgər sən başqalarının çətinlik və dərd-qəminə kədərlənmirsənsə, sənin adını insan qoymaq olmaz.

 

Sədinin çox yüksək qiymətləndirilmiş və həmin qiymətə doğrudan da layiq olan bu şeri Peyğəmbərin (s) bir hədisinin eynilə tərcüməsidir, amma şer bir az naqisdir və hədisin məzmununa tam uyğun gəlmir. Peyğəmbərin (s) hədisi budur: İman əhli qarşılıqlı dostluq və mehribançılıq baxımından bir bədənin üzvü kimidirlər. Onlardan biri narahat olanda bədənin digər üzvləri qızdırma və yuxusuzluq keçirməklə ona şərik olurlar. Bədən üzvlərindən biri ağrıyanda digər üzvlər rahat yataraq o üzv nə qədər ağrı çəkir qoy çəksin! deyirlər, yoxsa onun dərdinə şərik çıxırlar?! Peyğəmbər (s) buyurur ki, bədənin digər üzvləri özlərinin ağrıyan üzvlə həmdərd olmalarını iki yolla, biri qızdırma, digəri isə yuxusuzluq yolu ilə bildirirlər. Həmin vaxt digər üzvlər yatmırlar və həmişə narahat vəziyyətdə olurlar. Məsələn, bağırsaqda narahatlıq yaranır və ya ciyərdə iltihab olur, amma nə əl, nə baş, nə ürək və nə də heç bir üzv yatmır. Ümumiyyətlə bədən istirahət etmir. Bütün bu narahatçılıqların səbəbi hansısa bir üzvün ağrıması olur. Qızdırma bütün bədən üzvlərinin bir üzvdəki narahatçılığa verdiyi reaksiyadır. Peyğəmbər (s) burada bir nöqtəyə diqqət edib. O həzrət mömin bədən kimdir deyəndə, bədənin ruh istəməsini nəzərdə tutub. Bütün üzvləri o etmək və sonra, onların biz olmaları üçün ruh lazımdır. Siz ölü bədəni doğrayaraq parça-parça etsəniz, digər üzvlər bunu hiss edərlərmi? Xeyr, çünki ruh yoxdur. Möminləri vahid şəklə salaraq birləşdirən şey ruhdur. Onlar həmin ruhda bir olduqları üçün biz olublar və bir-birləri ilə həmdərdlik edirlər. Həmin ruh iman, yəni ayədə deyilən müştərək həqiqətdir. Möminlər iman sahibi olduqları üçün onların mənləri o olub və buna görə də təbii olaraq həmdərddirlər. Amma bərabər kəlmə və həqiqətə malik olmayan insanlar belə deyillər. Peyğəmbər (s) möminləri deyib, yəni onlar bir ruhda ortaq və şərikdirlər, onlara vahid həqiqət hakimdir. Sədi Adəm övladı bir-birlərinin bədən üzvləridir deməklə səhvə yol verib. Çünki adəm övladı ayədə deyilən vahid və müştərək kəlmə və həqiqətə malik olmayınca, heç vaxt bir-birlərinin bədən üzvü ola bilməz. Adəm övladının bir bədən üzvi kimi olmaları yalan sözdür. Amerikalılar və vyetnamlılar adəm övladıdırlar, ya yox? Bəli, onların hər ikisi adəm övladıdır, amma adəm övladının bir-birinin bədən üzvü olması yalandır. Adəm övladına bir ruh və iman hakim olanda, yəni onların mənləri vahid oda və imanda bir-birinə qarışaraq yoxa çıxanda onlar bir-biri ilə həmdərdlik edirlər. Fələk bir üzvi ağrıdanda digər üzvlərin də qərar tutmaması da həmin vaxt olur.

 

Deməli, bu məktəbin kamil insan barəsinədki səhvlərindən biri onun bir dəyər, yəni bizdən başqa bütün dəyərləri unutmasıdır. Biz olmaq fikri düzdür, yəni mənliyi biz olmayan insan, kamil insan deyil. Amma təkcə mənliyin biz olması ilə insanın kamilliyə çatmasını düşünmək də səhvdir. Biz olmaq kamil insanın sifət cizgilərinin hamısı deyil, yalnız biridir. Onların digər səhvləri isə, mənləri biz edən şeyin xüsusi mülkiyyət olmasını təsəvvür etmələridir. Onlar elə düşünürlər ki, xüsusi mülkiyyət aradan götürülsə, artıq bundan sonra heç kim mən hissinə malik olmayacaqdır.

  
DƏVƏ VƏ TÜLKÜNÜN NAĞILI 

Neçə il bundan əvvəl ju alların birində bir nağıl oxumuşdum. Orada belə bir əfsanə yazmışdılar ki, bir gün bir dəvə ilə bir tülkü dost olurlar. Tülkü dəvəyə təklif edir ki, gəl müştərək həyat sürək, xüsusi həyat və mülkiyyəti ləğv edərək dost olaq, birləşək və hətta bir-birimizi dost deyib çağıraq. Mən səni dostum dəvə, sən isə məni dostum tülkü deyə çağır və ortada mən söhbəti olmasın. Hətta mən bundan sonra öz balama mənim balam deməyəcəm və sən də öz balanı mənim dəvə balam deyib çağırma; mən də, sən də öz balalarımızı bizim balamız deyib çağıraq. Gəl mən kəlməsini tamamilə yoxa çıxarıb, bizə çevirək. Mən bundan sonra sənin palanına bizim palanımız deyəcəyəm, sən də mənim quyruğuma bizim quyruğumuz de! Ümumiyyətlə məndən söhbət getməsin. Yazıq dəvə də inandı və onlar bir müddət belə müştərək həyat sürdülər. Amma bu müştərək həyat bir hadisə baş verənə kimi davam etdi. Belə ki, tülkü neçə gün ov əldə edə bilmədi. Bir gün əsəbi və narahat halda yaşadıqları müştərək evə gəldi, amma aclıqdan kiçik bağırsaqları böyük bağırsaqlarını kəsirdi. Gözü dəvənin balasına sataşdı. O, dəvənin balasını bir küncə çəkərək parçaladı və qa ının doydurdu. Dəvə evə qayıdanda balasını soruşdu. Tülkü xəbərsiz olduğunu dedi. Dəvə balasını axtarmağa başladı və axırda onun leşini tapdı. O, başına döyərək mənim balamı kim bu günə salıb? deyib ağlamağa başladı. Dəvə mənim balam deyən kimi tülkü deyir: Sən hələ tərbiyələnməmisən? Hələ də mənim balam deyirsən? Bizim balamız de!

 

Mənlərin bu cür biz olması dəvə-tülkü nağılıdır.

 

Deməli, bu məktəb də kamil insan barəsində kamil məktəb deyil. Bu məktəbdə də yalnız bir dəyərə o da naqis şəkildə diqqət yetirilib.

  
EKSİSTANSİALİZM MƏKTƏBİ NƏZƏRİYYƏSİNİN XÜLASƏSİ 

Söhbətimizin sonunda digər bir məktəbin nəzəriyyəsini xülasə şəkildə açıqlamaq istəyirəm. Əlbəttə həmin məktəb barəsində gələn söhbətimizdə geniş söhbət aparacağıq.

 

Bu məktəb bu gün çox yayılmış məktəblərdəndir və demək olar ki, insani dəyərlər və kamil insan üçün çəkdiyi cizgilər baxımından sosializmin müqabil və əks nöqtəsidir. Sosializm məktəbində ictimai cəhətlərə çox diqqət yetirilib. Sosializm baxımından insan, bütün insanlar arasında bərabərlik və vəhdət bərqərar edildikdə kamil olur. Onların müştərək və kollektiv mülkiyyətə təkid etmələri də ümumi və ictimai cəhətlərə diqqət etmələri səbəbindən olur.

 

Eksistansializm məktəbində isə ictimai deyil, fərdi cəhətlərə malik dəyərlərə diqqət edilir. Bu məktəb iradə azadlığı, düşüncə azadlığı, insanın özünə hakimiyyəti və müstəqilliyi məsələsinə çox təkid edir. Bu məktəb deyir ki, hər bir icbardan azad olan, heç bir qüdrətin təsiri altında olmayan, tam azad həyat tərzi keçirən və azad iradəyə malik insan, kamil insandır. Bu məktəbin fikrincə insanlığın əsas meyarı azadlıqdır. Onların agahlıq demələri də onun azadlığın müqəddiməsi olmasına görədir. Deyirlər ki, kamil insan azad insandır və insan nə qədər çox azad olsa, bir o qədər kamildir. O, digər amillərin təsiri altında nə qədər çox olsa, insanlığı bir o qədər azalar. Bu məktəb tərəfdarlarının fikrincə, Allaha inam, etiqad və bəndəçilik onun insanlığını sındırır. Onlar deyirlər ki, bu qism inam və etiqadlar insanı Allah müqabilində təslim olmağa vadar edir və Allaha bəndəçilik insanın azadlığını əlindən alır. İnsanın kamilliyi onun azadlığında olduğu və kamil insan, bütün şeylərdən azad olmalı olduğu üçün insan, hətta dini əsirlik və tabeçiliklərdən də azad olmalıdır. Hafiz deyir:

 

 

Qulame himməte anəmke zire çərxe kəbud

 

Ze hərçe rənge təəlloq pəzirəd azadəst.

 

 

Yəni: Mən mavi səma altında o kəsin himmətinin quluyam ki, bağlılıq rəngi olan hər bir şeydən azaddır.

 

Əgər bu mavi səma altında heç nəyə bağlı olmayan kimsə tapılsa, o, kamildir.

 

Digər bir yerdə deyib:

 

 

Faş miquyəmo əz qofteye xod del şadəm

 

Bəndeye eşqəmo əz hər do cəhan azadəm.

 

 

Yəni: Faş edirəm və dediklərimdən şadam; eşqin quluyam və hər iki dünyadan azadam.

 

Eksistansializm məktəbində deyilir ki, eşqin quluyam demək də səhvdir. Hər iki dünyadan, eşqdən və hətta ay üzlüdən də azadam demək lazımdır. İnsanlıq azadlıq və onun tələb etdiyi şeylərdir. Azadlıq üsyan və itaətsizlik, hər şey müqabilində asilik və heç nəyə tabe olmamaqdır. İnşallah gələn söhbətimizdə bu barədə geniş danışacağıq.

  
ON ÜÇÜNCÜ FƏSİL   
EKSİSTANSİALİZM MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ  

Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə [axirət üçün özünə nə hazırladığına] nəzər salsın. Allahdan qorxun! Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!

 

Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu [xeyirlərini başa düşməyən] kimsələrə bənzəməyin! Onlar [Allahın itaətindən çıxmış] fasiqlərdir!

 

(Həşr 18-19).

 

Keçən söhbətlərimizin sonunda digər bir məktəbə, daha doğrusu ən müasir məktəbə və onun kamil insan barəsindəki nəzəriyyələrinə toxunduq. Bu məktəb insanın kamillik meyarı, daha doğrusu insanın cövhəri və insani dəyərlərin ən dəyərlisini azadlıq hesab edərək deyir ki, insan, bu dünyada azad yaradılmış yeganə varlıqdır. Yəni heç bir icbar və zərurət onu öz təsir altına almır. Keçmiş alimlərin dili ilə desək, insan yaradılış aləmində məcbur deyil, muxtar olan varlıqdır. Bəzilərinin dili ilə isə: İnsandan başqa hər nə varsa məcburidir, yəni bir sıra səbəb və amillərin icbari təsiri altındadır, amma insan məcbur deyil və onu heç bir səbəb və icbar idarə etmir.

  
EKSİSTANSİALİZM MƏKTƏBİNDƏ VÜCUDUN ƏSALƏTİ 

Bu məktəbin dediyi digər bir mətləb də budur ki, bu dünyaya azad və muxtar gəlmiş insan, digər varlıqların əksinə olaraq xüsusi təbiətə malik deyildir. Dünyada, hər bir şey xüsusi təbiət və mahiyyətlə yaradılıb. Məsələn, daş daş xüsusiyyətinə malik olaraq yaradılıb və o, daş deyil, kəssək ola bilməz, pişik pişik təbiətli, at isə at təbiətli yaradılıb. Amma insan heç bir xüsusi təbiətə malik deyil və təbiəti onun özü, özünə verir. Azad və muxtar yaradılmış insanın azadlıq və ixtiyar dairəsi onun özünə təbiət və mahiyyət verməsi həddindədir. Buna vücudun əsaləti və ya vücudun mahiyyətdən önəmliyi deyilir.

 

Vücud və ya mahiyyətin əsaləti bizim işlətdiyimiz nisbətən qədim terminlərdəndir və onun ömründən, yəni məşhur filosof Molla Sədranın dövründən təqribən 350 il keçir. Amma filosoflar vücud və mahiyyətin əsaləti terminini təkcə bu barədə deyil, bütün şeylər barəsində işlədir və ondan vücudun əsaləti adı ilə terminalogiyaya daxil olmuş başqa bir məna nəzərdə tuturlar. Eksistansialist məktəbinin, insan digər varlıqlardan xüsusi və müəyyən təbiətə malik olmaması və öz təbiətini özü müəyyənləşdirməsinə görə üstündür deyərək vücudun əsaləti və ya vücudun mahiyyətdən önəmliyi adlandırdığı bu mətləb isə bizim fəlsəfə, xüsusilə Molla Sədra fəlsəfəsində başqa ibarətlər və çox möhkəm dəlillərlə bəyan edilib. Onlar isə bu mətləbi başqa yol və ifadələrlə sübut ediblər. İnsanın sabit təbiətə malik olmaması və onun özünün özünə təbiət verməsi də həqiqətdir.

 

Bizim dini mətnlərimizdə, keçmiş ümmətlərin öz mahiyyətlərini itirmələri, indiki insanların əxlaq və xüsusiyyətləri və ya onların qiyamətdə məhşərə çəkilmələri barəsində, yəni insanların hamısının məhşərə bir cür deyil, bəzilərinin insan, bəzilərinin isə heyvan sifətində gələcəkləri barəsindəki ifadələr də bu səbəbdəndir. Hamının insan doğulması və dünyaya insani fitrətlə gəlməsinə baxmayaraq, onun həyatın gedişində öz mahiyyətini dəyişərək heyvana çerilməsi mümkün bir şeydir. Bəli, bu bir həqiqətdir. Hər halda bu məktəbin əsas nəzəriyyələrindən biri, insanın muxtar və məsuliyyətli yaradılmasıdır ki, bu öz yerində düzgün bir anlayışdır.

 

Bildiyimiz kimi, müsəlmanlar arasında bir-birinə zidd iki qrup icbar və cəbrə inanan Əşairə, eləcə də tam azadlıq və ixtiyara etiqadlı olan Mötəzilə vardır. Şiə və Əhli-beyt məktəbi isə məsələnin bu iki əqidə arasında yerləşən orta mövqedə olduğunu deyir və nə Əşairənin icbar əqidəsini və nə də Mötəzilənin tam ixtiyar inamını qəbul edir. Eksistansializmin tam azadlıq adlandırdığı şey Mötəzilənin dediyi mütləq ixtiyar məsələsidir. İslam baxımından icbar yoxdur, amma ixtiyar var. Bizim imamlarımız buyurublar ki, məsələn, nə bu günkü materialistlərin dediyi kimi icbardır və nə də eksistansialistlərin dedikləri ixtiyar və azadlıq, həqiqət bu iki əqidə arasında yerləşən ixtiyar mövqeyidir. Deməli, insanın ixtiyar və azadlıq məsələsi, ona icbarın hakim olmaması və onun ixtiyarını əlindən almaması həddinə qədər düzdür. Həmçinin insanın canlı və ya cansızlığından asılı olmayaraq, bütün varlıqların əksinə olaraq sabit və dəyişməz təbiətə malik olmaması və onun, təbiətini özü formalaşdırması fikri də düzdür.

  
İNSAN ASILILIĞININ NƏTİCƏLƏRİ 

Bu məktəb azadlıq barəsində başqa bir mətləb də söyləyib. Onun insan azad və muxtar yaradılıb və hətta o, öz təbiətini özü təyin edir sözləri fəlsəfi azadlıq mənasındadır. Amma sonra belə deyir: Azadlığa zidd olan hər bir şey insanı insanlıqdan çıxarır və onu bu nöqtədən uzaqlaşdırır.

 

İnsan zatən azad yaradılıb. Bir sıra amillər, o cümlədən bağlılıq və asılılıqlar insanın azadlığını əlindən ala bilər. İnsan mahiyyətindən asılı olmayaraq, hər hansı bir şeyə bağlananda və ona təslim olanda insanlıqdan çıxır. Onlar həmin şəxsin insanlıqdan çıxmasının səbəbində deyirlər ki, hər hansı bir şeyə bağlanan insanın azadlığı əlindən çıxdığı üçün, o, insanlıqdan xaric olur. İnsan azad və sərbəst varlıqdır. Onun, özünü nəyəsə bağlaması, onun azadlıq və sərbəstliyini əlindən alır.

 

İnsanın müəyyən bir şeyə bağlılığının bir neçə zəruri və qaçılmaz nəticəsi var. Birincisi, insan pul və ya bu kimi digər bir şeyə bağlandıqda həmin şey insanın fikrini özünə cəlb edir və onun diqqətini özündən uzaqlaşdırır və nəticə insanın özünü unudaraq özündən qəflət etməsi və başqalarına diqqət yetirməsi olur. Bəli, insan bir şeyə bağlanan kimi, həmin bağlılıq onun sərbəstliyini əlindən alır və onun özünü özünə unutdurur və diqqətini həmin şeyə cəlb edir. Həmin insan heç vaxt özünü yad etmir və həmişə həmin istəyinin fikrində olur. Bu, insan üçün tənəzzülə uğramaqdır; o, insanın azadlıq və agahlığını əlindən alır və insan agah varlıq olmaq əvəzinə, qafil və nadan varlığa çevrilir. O, həmin şey barəsində nə soruşsanız cavab verər, amma özündən xəbərsiz olar.

 

Bağlılığın ikinci zəruri nəticəsi isə, insanın öz insani dəyərlərindən qafil olaraq məftun olduğu şeyin dəyərlərinə diqqət yetirməsidir. Pulpərəst adam üçün insani dəyərlər əhəmiyyətsiz olur və ümumiyyətlə onun özü, özünü dəyərləndirmir; şərəf, kəramət, azadlıq və bu kimi şeylər onun zehnində heç bir rol oynamır; onun üçün yeganə şey puldur. O, öz dəyərlərini deyil, pulun dəyərlərini əsas dəyər hesab edir. Onun öz qiymət və şərəfi tənəzzülə uğrayır və pulun dəyəri canlanır.

 

Üçüncü xislət, bir şeyə bağlılığın əsirliklə nəticələnməsidir. özünü bir şeyə bağlayan insan, mütləq, hərəkət və təkamüldən geri qalmalıdır. Çünki belə bir insan, ağaca və ya tövlədəki mıxa bağlanmış heyvan kimi, həmin şeyə bağlanmış olur. Əgər siz, bir insan, heyvan və ya maşını ağaca bağlasanız onu hərəkətdən saxlamış olursunuz; onu donduraraq ətalətdə saxlayırsınız.

  
BU MƏKTƏB BAXIMINDAN ALLAHA ETİQAD MƏSƏLƏSİ 

Deməli, bu məktəb baxımından insanın cövhər və həqiqəti, insani dəyərlərin ən dəyərlisi, başqa sözlə desək, insani dəyərlərin anası azadlıq və ixtiyardır, insanlığını qorumaq və məhv olmaqdan saxlamaq istəyən şəxs isə azadlığını qorumalıdır. İnsanlığını qorumaq istəyən adam ay üzlü nigara bağlılıq və haqq aşiqi olmaq məsələlərini yığışdırmalıdır.

 

Bu məktəb deyir ki, insan tam azad olmalıdır. Buna görə də, eksistansializm məktəbi nəzəriyyələrinin çoxu dialektik materializmlə zidd olmasına baxmayaraq, onun davamçılarının bir qrupu Allaha inamın iki baxımdan bu məktəblə düz gəlmədiyini vurğulayırlar. Həmin iki səbəbdən biri budur ki, Allaha inam ilahi təqdirə, ilahi təqdir isə icbara və insanın sabit təbiətə malik olmasına etiqad bəslənilməsini tələb edir. Çünki Allah varsa, insan Onun elmində müəyyən təbiətə malik olmalıdır və həmçinin Allahın olması insana ilahi təqdir və onun nəticəsində yaranan icbarın hakim olmasına səbəb olur və nəticədə azadlıq və ixtiyar aradan götürülür. Buna görə də biz azadlığı qəbul etdiyimiz üçün Allahı qəbul etmirik.

 

Digər səbəb isə budur ki, Allaha inamın azadlığa inamla zidd olması nəzərə alınmasa belə, həmin inam Allaha iman gətirilməsini tələb edir və bu imanın mənası Allaha bağlanmaq deməkdir, halbuki bağlılıq malik olduğu formadan asılı olmayaraq, insan azadlığına ziddir. Xüsusilə Allaha bağlılıq daha kəskindir, çünki bu bağlılıq bütün bağlılıqların başındadır. Şair demişkən:

 

 

Mən bəsteye to həstəm mohtace bəstəni nist

 

Əhdi ke ba to bəstəm hərgez şekəstəni nist.

 

 

Yəni: Mən sənə bağlıyam, bağlanmaq üçün başqa şeyə ehtiyac yoxdur; səninlə bağladığım əhd heç vaxt sınmaz.

 

Allaha olan bağlılığı heç bir şəkildə sındırmaq olmaz. Buna görə də bu məktəb insanın kamilliyini onun azadlığında görür.

 

Bu məktəb barəsində iki cəhətdən danışmaq olar: Birincisi, onların Allaha inamı, azadlıq və ixtiyara zidd hesab etmələridir. Bu, onların səhvlərindən biridir. Biz Materializmə yönəlmənin səbəbləri və İnsan və taleh kitablarında bu mətləbi izah edib məsələnin onlar deyən kimi olmamasını bildirmişik. Onlar ilahi təqdir barəsində qoca qarılar kimi fikirləşirlər. Bəli, onlar bu məsələni düzgün dərk etməyiblər, çünki islam maarifində olan ilahi təqdir məsələsi azadlıq və ixtiyarla heç cür zidd deyildir. Söhbətimizin əsas mövzusu bu məsələ olmadığı üçün onun haqqında çox danışmaq istəmirəm. Bizim söhbətimiz, ikinci hissə barəsindədir.

 

Bu məktəbin ikinci iradı bütün bağlılıqlar insan azadlığına ziddir, hətta həmin bağlılıq Allaha bağlılıq olsa belə! deməsidir. Mən burada bir müqəddimə gətirmək istəyirəm.

  
KAMİLLİK ÖZDƏN ÖZƏ OLAN HƏRƏKƏTDİR 

Təkamül yolunda hərəkət edən bir varlıq təsəvvür edin. Məsələn, torpaqdan göyərərək inkişaf edib gül açan bir bitkini təsəvvürünüzdə canlandırın. Yaxud bir heyvanın yaranmasına səbəb olan və əvvəldən heyvan olana kimi mərhələləri keçən hüceyrə, yəni zəif vəziyyətdən başlayaraq ən yüksək təkamül mərhələsinə çatan varlıq haradan-haraya hərəkət edir? O, özündən başlayıb qeyri bir varlıq olmağa doğru hərəkət edirmi, yəni yad bir şeyə çevrilirmi?

 

Başqasından özünə doğru hərəkət edirmi? Başqasından başqasına doğru irəliləyir, yoxsa özündən özünə doğru gedir? Onun özündən başlayıb qeyrisinə doğru hərəkət etməsini deməyin mənası budur ki, o, nə qədər ki, hərəkət və inkişaf etməyib özü olur, amma hərəkətə başladıqdan sonra özünə yadlaşaraq özündən ayrılır və bundan sonra özü olmur. Keçmiş filosoflardan bəziləri deyiblər ki, hərəkət qeyriliyin yaranmasıdır, yəni hərəkət başqalaşmanın özüdür. Əlbəttə bu səhv sözdür.

 

Məsələ budur ki, gül toxumu və ya insanın nütfəsi inkişaf etməyə başladığı ilk andan, kamilliyin son hədəfinə çatana kimi özündən özünə doğru hərəkət edir, yəni onun özü və gerçəkliyi bir həqiqətdir. Onun özü xüsusi olaraq, nə əvvəldəki, nə ortadakı və nə də sondakı vəziyyətdədir. Onun özü əvvəldən axıra kimi özüdür; o, axıra çatdıqca daha da özləşir, yəni onun özü daha kamil olur. Bəli, o, özündən özünə doğru hərəkət edir, amma naqis özdən kamil özə doğru! Həmin gül şüura malik olmamasına baxmayaraq, öz kamilliyinə doğru hərəkət edir. Görəsən həmin gülün şüuru olsaydı, o, yenə də bu kamilliyə eşq bəsləməyəcəkdimi? Bütün varlıqlar fitri olaraq öz kamilliklərinin aşiqidirlər; həmin gül də, cansız təbiət də öz kamilliyinin vurğunudur; bu məsələ, yəni kamilliyin aşiqi olmaq bütün varlıqlara aiddir. Buna görə də hər hansı bir varlığın özünün son kamalına bağlılığı Sarterin nəzərinin əksinə olaraq özünə yadlaşma deyil, özündə daha çox qərq olmaqdır! Yəni daha çox öz olmaqdır. Azadlığın insanın hətta öz kamilliyindən azad olması mərhələsinə çatması, yəni onun hətta özündən azad olması dərəcəsinə çatması, özünə yadlıq gətirir və bu, insanın kamilliyinə zidd olan azadlıqdır. Azadlığın insanın kamilliyinə də şamil olması, yəni həmin varlığın kamillik mərhələsini də əhatə edərək mən hətta öz kamillik və təkamül mərhələsində də azadam mənasını verməsi o deməkdir ki, mən özümdən daha kamiləm və mənim naqis özüm, daha kamil özümdən azaddır. Bu azadlıq, insanı özündən, onun öz kamilliyinə bağlılığından çox uzaqlaşdırır.

 

Bu məktəbdə insanın başqasına bağlılığı ilə özünə, yəni öz kamilliyinə bağlılığı arasında fərq qoyulmayıb. İnsanın özündən başqa digər bir yad zata bağlanmasını, onun mahiyyətinin dəyişməsinə səbəb olmasını biz də qəbul edirik. Dinlərdə, dünyanın maddi şeylərinə bağlılıq nə üçün bu qədər qadağan edilib? Çünki maddiyyat insana yaddır və doğrudan da insani dəyərlərin tənəzzülünə səbəb olur. Amma insanın son kamillik nöqtəsinə bağlılığı yad bir şeyə deyil, özünə bağlılıqdır. İnsanın özünə bağlılığı, onun özünə yadlaşmasına, biganəliyinə, özündən xəbərsizliyinə səbəb olmur və insanın öz dəyərlərini unutmasını tələb etmir, yaxud insan hərəkətinin dayanması və ətalətdə qalması ilə nəticələnmir, çünki hər hansı bir şey son hədəfinə bağlananda ona doğru tələsir və hərəkət edir.

  
BU MƏKTƏBİN İNSANIN ALLAHLA ƏLAQƏSİ BARƏSİNDƏKİ SƏHVİ 

Cənab Sarter! Allah iki səbəbə görə insana yad deyil. Birincisi, insanın Allaha bağlılığı onun, öz zatına zidd və yad bir şeyə bağlılığı deyil və buna görə də insan Allaha bağlananda özünü unutmur. Çünki o, Allahı yadına salır. İslam fəlsəfəsində hər bir şeyin yaradıcı və vücuda gətirən amil və səbəbinin və hər bir şeyin zatının dayağının, yəni şeyin dayağı olan yaradıcı səbəbin həmin şeyə onun özündən yaxın olması çox aydın dəlillərlə bəyan və sübut edilib.

 

Quran buyurur ki, Biz sizə sizin özünüzdən də yaxınıq. Bizim sizə olan yaxınlığımız sizin özünüzə olan agahlığınızdan çoxdur və bizim zatımız sizə, sizin özünüzdən də yaxındır. Quranın bu ifadəsi doğrudan da çox maraqlıdır. Hamı özünün özünə hamıdan yaxın olmasını deyir, amma Quran deyir ki, Allah hər bir şeyə onun özündən də yaxındır, çünki, Allah hər bir şeyə onun özündən daha çox özdür. Əlbəttə bu çox ali səviyyəli bir sözdür.

 

Əli (ə) buyurub: Allah şeylərdən xaricdə və onlardan ayrı deyil, amma eyni zamanda onların daxilində də deyil. Bu Nəhcül-bəlağənin istinad etdiyi mətləblərdən biridir.

 

İkincisi, Quranın insanın Allaha bağlı olmasını deməsinin səbəbi onun, Allahı insan hərəkətinin son nöqtəsi hesab etməsidir və o, insan yolunun ona tərəf getməsini bildirir. Deməli, insanın Allaha üz tutması, onun öz kamalına diqqətidir, yəni bu, həmin gül toxumunun öz kamilliyinin son nöqtəsinə diqqəti kimidir. İnsanın Allaha tərəf getməsi onun özünə tərəf, yəni naqis özündən kamil özünə doğru getməsidir.

 

Deməli, Allahı da digər şeylərlə müqayisə edən və insanın Allaha tərəf getməsini onun özünü unutması və hərəkətdən qalması hesab edən şəxs səhvə düçar olub.

  
İNSANIN ÖZÜNDƏN VƏ ALLAHDAN AGAHLIĞI 

Allah insana o qədər yaxındır ki, insanın Ondan agahlığı, eyni ilə özündən agah olmasıdır və insan Allahdan xəbərdar olanda özündən xəbərdar ola bilər. Kiminsə özündən xəbərdar olaraq Allahdan xəbərsiz və qafil olması qeyri-mümkündür. Quran buyurur: Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir! Bəli, Allahı unudan özünü unudub. İnsan Allahını tapanda özünü tapır, Onu unudanda isə özünü də unudur. Quran eksistansializmin sözlərinin əksini buyurub. Onlar deyirlər ki, insanın diqqəti Allaha yönəldikdə o, Allahdan agah olaraq özünü unudur. Quran isə buyurur ki, insan yalnız Allahdan agah və xəbərdar olanda özündən xəbərdar ola bilər. Bu, Quranın ən ali və dəqiq insani və psixoloji mətləblərindəndir və doğrudan da çox heyrətləndirici məsələdir.

 

Quran deyir ki, insan bəzən özünü unudur. Bu ilahi kitabın buyurduğu mətləblərə əsasən ən böyük məğlubiyyət və uduzmaq bütün pullarını, var-yoxunu və ya namusunu uduzmaq deyildir, ən böyük uduzan özünü uduzmuş şəxsdir. İnsan özünü uduzanda hər şeyini uduzmuş olur. Bəli, insanın özünü uduzması onun hər şeyini uduzması deməkdir.

 

İbadətin fəlsəfəsi nədir? İbadətin fəlsəfəsi insanın özünü tapmaq üçün Allahı tapmasıdır; Quranın buyurduğu kimi özünü həqiqi mənada tapmaq və özündən xəbərdar olmaqdır. Bəşəriyyət bu mətləbi hələ ki, dərk edə bilməyib və bunu yalnız islam məktəbindən ilham alan şəxslər dərk ediblər. Siz əgər islam dünyasında Mühyiddin Ərəbinin peyda olaraq insanın özündən agahlığını təfsir etməsini görürsünüzsə və bu bəhsi ondan sonra Mövləvi və digər şagirdlərin davam etdirməsini müşahidə edirsinizsə, nəzərə almalısınız ki, onlar Qurandan altı yüz il sonra gəlib və bu ilahi kitabdan ilham alıblar. Əlbəttə onlar Qurandan altı yüz il sonra gəliblərsə də, müasir filosoflardan 700 il qabaq olmaq iftixarına da malikdirlər.

 

Mövləvi, insanın özünüdərk və şüurun ilahi agahlıqdan ayrı olmaması barəsində belə deyib:

 

 

İqtizayi can çe ey del agəhist

 

Hər ke agəhtər bovəd canəş qəvist.

 

 

O, bu şerdə deyir ki, ruh agahlıq deməkdir və kimin agahlığı çoxdursa onun ruhu da güclüdür. İnsan ruhunun heyvan ruhundan güclü olmasının səbəbi onun daha çox agah olmasına görədir. O, şerin davamında mətləbi yavaş-yavaş dəqiqləşdirdikdən sonra deyir ki, insan Allahından xəbərdar olanda özündən də xəbərdar və agah olur!

 

Buna görə də onların, hər bir bağlılığı azadlığa zidd təsəvvür etmələrinə cavab olaraq demək lazımdır: Bəli, Allaha bağlılıqdan başqa hər bir bağlılıq azadlığa ziddir. Amma Allaha bağlılıq belə deyil, çünki o, insanın özünə kamil özə bağlılığıdır və azadlıq Allaha bağlılıqdan başqa heç bir şeylə yaranmır. Deməli, ilahi şüur və agahlıq insanın özündən daha çox agah olmasına səbəb olur və insan ibadətdə və təklikdə Allahın zikrində nə qədər çox qərq olarsa, onun Allaha olan diqqəti çoxalacaq və nəticədə özünü daha yaxşı tanıyacaq.

 

Bəzi böyük şəxsiyyətlər irfani agahlığa bu yollarla çatıblar. Təqribən əlli il bundan əvvəl Nəcəfi-əşrəfin böyük müctəhid və alimlərindən olan mərhum Hüseynqulu Həmədaninin şagirdi Mirzə Cavad ağa Məliki Təbrizidən bir neçə kitab yadigar qalıb. O, bu kitabların birində bir neçə müqəddimə gətirməklə insanın özündən agahlığını izah edərkən irfani agahlıq mərhələsinə, yəni insanın özünü tanıyaraq dərk etməsi bəhsinə çatanda deyir: Mən özündən agahlıq hissinə ilk dəfə yuxuda nail olan və həmin hissi oyaq olandan sonra da davam etdirən bir şəxs tanıyıram. Sonra isə həmin mətləbi öz kitabında müəyyən formalarla izah edir. özündən agahlığın bu həqiqi forması ilahi agahlıqdan yaranmadır və o, həqiqi ibadətdən başqa heç nə ilə əldə edilmir. Psixoloq min il də tədqiqat aparsa bu həqiqi özündən agahlığa çata bilməz.

 

Əli (ə)-ın çox heyrətləndirici bir cümləsi var. O həzrət buyurur: Mən, bir şey itirəndə həmişə onun dalınca gəzən, amma özünü itirməsinə baxmayarq onu axtarmayan şəxsə təəccüb edirəm! O, nə üçün özünü axtarmır? Ey insan! Sən özünü itirdiyini bilmirsən? Get, özünü tap; bu sənin üçün itirdiyin digər şeylərdən daha qiymətli və dəyərlidir.

  
BİR NEÇƏ İRADA CAVAB 

Eksistansialistlərin Allaha iman gətirmək insani dəyərlərin unudulmasına səbəb olur sözlərinin cavabında demək lazımdır ki, yad bir şeydə qərq olmaq insanın zati dəyərlərini unutmasına səbəb olur, amma öz və kamilliyin eyni olan bir şeydə qərq olmaq insanda dəyərlərin daha da çiçəklənməsinə gətirib çıxarır. Buna görə də ibadət və bəndəçilik məqamında yüksəlmiş şəxslərdə bütün insani dəyərlər güclənir, onların ağılları kamilləşir, eşqləri qüvvətlənir, qüdrətləri artır, ictimai xislətləri, izzət və kəramətləri güclənir; çünki bütün bunlar Haqqın zati təzahürləridir.

 

Onların Allaha bağlılıq insanın hərəkətdən qalması və ətalətə düçar olmasına səbəb olur iddiaları da səhvdir. Onlar elə bilirlər ki, Allah da ağac kimidir və kiminsə Allaha bağlanması, onun məhdud varlığa bağlanması kimidir və o, hərəkət edə bilməz. Cənab eksistansialist! Allah sonsuz həqiqətdir. Məsələn, bir də görürsən ki, insanı yüz ağac eni və uzunu olan yerdə həbs edirlər və bu, insan üçün məhdudiyyət yaradır. Çünki insan deyir ki, mən həmin ərazini gəzib-dolaşdım və onun axırı məhduddur. Amma insanı sonsuz ərazidə həbs etmək onun üçün məhdudiyyət yaratmaq deyil. Sonsuz ərazidə dayanacaq nöqtə yoxdur. Bunun mənası odur ki, ey insan! Sən sonsuzluğa doğru hərəkət edəndə də kamala doğru gedirsən, Allah-taala elə bir məhdudiyyətsiz varlıqdır ki, bəşəriyyətin ən kamil insanı həzrət Peyğəmbər (s) belə, əbədi olaraq irəliləsə və hərəkətdə olsa sona çatmaz. Allah sonu olan məhud varlıq deyil və O, bəşəriyyətin yeganə sonsuz tərəqqi meydanıdır.

 

Salavat barəsində alimlər arasında belə bir söhbət var ki, bizim Peyğəmbərə (s) salavat göndərməyimizin mənası nədir və onun nə təsiri var ki, biz Allahdan Peyğəmbər üçün rəhmət və xeyir istəyirik? Bir dəstə deyir ki, Peyğəmbər kamil insandır, bəs bizim ona rəhmət istəməyimizin mənası nədir? Bu sualın cavabında deyilir ki, Peyğəmbər də hər an hərəkətdədir və o, əbədi olaraq getsə də bu yol sona çatmayacaq. Deməli ilahi Zata bağlılıq insan hərəkətinin ətalətə çevrilməsinə səbəb olmur.

  
HƏDƏF VƏ VASİTƏ NÖVLÜ KAMAL 

Digər bir məsələ budur ki, eksistansialistlər hədəflə vasitə arasında səhvə yol veriblər. Azadlıq insan üçün kamaldır, amma o, hədəf olan kamal deyil, vasitə növlü kamaldır! İnsanın son hədəfi azad olmaq deyil. Amma insan öz kamilliyinə çatması üçün azad olmalıdır. Çünki azadlıq ixtiyar və sərbəstliyə malik olmaq deməkdir və insan bütün varlıqlar içində öz yolunu, daha dəqiq desək özünü seçməli olan yeganə varlıqdır.

 

Deməli, insan azad və muxtardır. Amma sual budur ki, insanın azad olması onun öz kamilliyinə çatması deməkdirmi? İnsan, azadlıqla ən ali kamilliyə çata bildiyi kimi, ən alçaq məqamlara enə bilər.

 

Muxtar varlığın mənası cilovu kiminsə əlində olan deyil, öz boynuna atılmış varlıq deməkdir. Bu o deməkdir ki, Ey insan! Sən bu təbiətin həddi-büluğa çatmış alim varlığısan; səndən başqa bütün varlıqlar həddi-büluğa çatmamış varlıqlardır və onlar başqası tərəfindən idarə edilməlidir. Biz ona haqq yolu göstərdik. İstər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir].

 

(İnsan-3).

 

Allah-taala buyurur ki, Biz sənə yolu göstəririk, amma hansı yolla getməyi sən özün seçməlisən.

 

Azadlığın özü bəşəriyyət üçün kamillik deyil, kamillik vasitəsidir, yəni insan azad olmasa məcbur edilən varlıq kimi kamilliyə çata bilməz. Deməli, azadlıq hədəf deyil, vasitə növlü kamillikdir.

 

Asilik də belədir. Onlar belə bir nəticəyə gəliblər ki, insan azad olduğu üçün üsyankar və asi ola bilər, yəni hər bir icbarın qarşısında dayanaraq onu inkar və rədd edə bilər. Sonra isə hər bir iatətsizliyin insan üçün kamal olmasını düşünərək belə nəticəyə gəliblər ki, azad insan heç nəyə tabe olmayan və hər bir şey müqabilində asi olan şəxsdir.

 

Onlar asi olmağı zati dəyərə malik əməl hesab etdikləri üçün, məktəblərinin zəruri və labüd nəticəsi hərc-mərclikdir. Bəli itaətsizliyə zati dəyər verilən məktəb hərc-mərclik və özbaşınalıq tələb edir. Sarter bu ittihamı özündən və məktəbindən uzaqlaşdırmaq üçün çox çalışıb, amma bacarmayıb. İtaətsizliyi zati dəyərə malik bir şey hesab edən məktəbdə hərc-mərclik və özbaşınalığın olmaması qeyri-mümkündür. İslamda insan üçün müəyyən dəyərə malik olan şey itaətsizlik imkanıdır; yəni insan üsyan da edə bilər, itaət də; yuxarı da gedə bilər aşağı da! İtaətsizlik etməyən varlıq insandan üstündürmü? Xeyr! O, üsyan edə bilmədiyi üçün bu işi görmür. İtaət və üsyan imkanı bir-biri ilə bərabərdir və bunları etmək imkan və bacarığı insan üçün kamillik sayılır. Digər varlıqlar bu imkana malik deyillər və buna görə də məsul, azad və muxtar sayılmırlar.

 

Bəli, insan üçün üsyan və itaətsizlikdən sonra tövbə adlı qapıdan keçmək kamaldır. İnsanın itaətsizlikdən qayıtması ilə Allah-taalanın adlarından biri, yəni bağışlayan adı gerçəkləşir. Əgər günah və tövbə olmasaydı, Allah-taala heç kəsi bağışlamasaydı da O, yenə də bağışlayan olacaqdı. Asilik tənəzzül, tövbə isə qayıdışdır; Allahın bağışlama sifəti bu tənəzzül və qayıdışla gerçəkləşir.

 

Hədislərdə deyilir ki, Allah-taala buyurub: Əgər yer üzündə yaratdığım insanlar üsyan edərək itaətsizlik etməsəydilər, Mən bir daha başqa varlıqlar yaradardım ki, onlar Mənə qarşı itaətsizlik göstərib sonra tövbə etsinlər və Mən onları bağışlayım.

 

Deməli üsyan və itaətsizlik zati dəyərə malik deyildir.

 

Azadlıq icbar və maneənin olmaması deməkdir. Azadlıq kamala çatmaq deyil, heç bir maneə və icbar olmadığı üçün kamillik yolunda hərəkət etmək imkanına malik olmaqdır. Azadlıq kamal deyil, kamalın müqəddiməsidir. Azad və muxtar yaradılmış və yolu üstündəki bütün maneələr götürülmüş, müəyyən yolu getməli olan varlıq azadlıq mərhələsinə çatır, amma bu mərhələyə çatmaq kamilliyin müqəddiməsinə çatmaq deməkdir, yəni o, kamillik yolunu getməkdə azaddır.

 

Deməli, bu məktəbin birinci səhvi insanın azadlıq və ixtiyarının Allah adlı bir varlığın vücudu ilə zidd olmasını təsəvvür etməsidir. İkinci səhvi isə, Allaha bağlılığı digər şeylərə bağlılıq kimi güman etməsi və onun da, dəyərlərin tənəzzül, ətalət və donmasına səbəb olmasını fikirləşməsidir. Üçüncü səhvi isə azadlığı insanın mütləq kamilliyi hesab etməsidir, halbuki azadlıq insanın müqəddimə xarakterli kamalıdır.

 

Azadlıq kamaldırmı? Bəli, bu şübhəsiz elədir. Çünki insan, azadlıq olmasa öz kamilliyinə çata bilməz. Allah insanı elə yaradıb ki, o, öz kamillik dərəcəsinə azadlıq və ixtiyarı ilə çatsın. Kamillik yolunu azadlıq və ixtiyardan başqa digər bir şeylə getmək mümkün deyil. Bu yol icbar və məcburiyyətlə gedilməzdir.

  
İSLAMİ MƏTNLƏRDƏ AZADLIQ MƏFHUMU 

Bir qədər də islamda azadlıq barəsində işlədilmiş ibarətlər barəsində danışmaq istəyirəm. İslam azadlığın insani dəyərlərdən olmasını etiraf edib. Amma onu uydurma təfsir və ifadələrdəki kimi yeganə dəyər deyil, həqiqi mənada qəbul edir. Əli (ə)-ın Nəhcül-bəlağədə imam Həsən (ə)-a bir vəsiyyətnaməsi var. Bu vəsiyyətnamə o həzrətin Malik Əştərə yazdığı çox geniş məktubundan sonra ən böyük məktubudur. Həmin vəsiyyətnamənin cümlələrindən biri budur: Nəfsini [ruhunu] bütün alçaqlıqlardan üstün tut səni istəklərə çəksə də, çünki nəfsini alçaltmağın əvəzində ondan üstün və uca bir şey tapa bilməzsən, ancaq özünü zəlil edərsən. Əli (ə) gördüyünüz kimi, nəfs və ruhunu giriftar etmə deyil, nəfsini bütün alçaqlıqlardan üstün tut deyir, yəni özünə hörmətlə yanaş və özünü alçalmaqdan və zəlilliklərdən qoru! Quranın buyurduğu kimi, ən böyük uduzmaq insanın özünü uduzmasıdır. Əli (ə) burada həmin mənaya toxunaraq deyib ki, əldən verilən və satılan hər şey üçün qiymət qoymaq mümkündür; əldə olan hər bir şeyi satmaq və əvəzində ona bərabər pul almaq olar; amma sənin bir şeyin var ki, onu satsan bütün dünyada onun bərabəri olan bir şey tapmazsan və o, sən özünsən, yəni həmin nəfs və ruhun qiymətsizdir və ona qiymət təyin etmək qeyri-mümkündür. Əgər sənə ruh və nəfsini satmaq əvəzində bütün dünyanı və onda olanları versələr, yenə azdır və uduzmusan; ona bərabər, onun qiymət və dəyərini ödəyəcək heç nə tapmaq olmaz. Çünki nəfsini alçaltmağın əvəzində ondan üstün və uca bir şey tapa bilməzsən!

 

O həzrətin nəvələrindən olmuş imam Cəfər Sadiq (ə) da belə buyurub: Mənim ruh, can və özümlə bərabərlik edə bilən yalnız bir şey var və o, Allahdır. Nəfs və ruhu Allaha sataraq Allahı götürmək mümkündür; amma ondan başqa dünyanın bütün varlıqları arasında, müqəddəs ruhlar aləmi, dünya və axirətdə nəfsə dəyər tapmaq olmaz.

 

Əli (ə) həmin məktubunda belə buyurur: Oğlum, heç vaxt başqasına qul olma, çünki Allah səni azad yaradıb.

 

Sizə Nəhcül-bəlağədən başqa bir ibarət nəql edərək söhbətimi sona çatdırmaq istəyirəm. O həzrət söhbətlərinin birində ibadətləri bir-biri ilə müqayisə edərək belə buyurur: Allaha ibadət edən insanlar üç dəstədirlər: Bəziləri qorxudan ibadət edirlər; çünki cəhənnəm və əzabın olmasını eşidiblər. Bunlar Allahın onlara əzab verməməsi üçün Ona ibadət edirlər. Bu qulların ibadətdir. (Bu cür ibadət edənlər qul sifətlilərdirlər ki, onlar ağalarının qorxusundan işləyirlər və bunun digər bir dəyəri yoxdur.)

 

Bəziləri isə Allaha behişt tamahı ilə ibadət edirlər. Çünki bunlar da Allahın, ağacları altından çaylar axan, hurilər olan behiştinin olmasını eşidiblər və bilirlər ki, Allah həmin behiştləri ibadət edənlərə verəcək. Onların yadına behiştdəki toyuq əti, zümrüd, ləl-cəvahir və hurilər düşən kimi ibadət etməyə başlayırlar ki, həmin şeylər bunlara da qismət olsun. Bu da tacirlərin ibadətdir; çünki tacir çoxlu pul və mənfəət əldə etmək üçün işləyir.

 

Amma başqa bir qrup Allaha yalnız şükr etmək üçün ibadət edir. Onlar ibadəti nə behişt tamahına görə və nə də cəhənnəm qorxusundan edirlər. Xeyr, onlar yalnız və yalnız Allahı görür və Onu nəzərdə tuturlar.

 

İnsanın insani sifətlərindən biri də təşəkkürdür. İnsanın vicdanı hətta behişt və cəhənnəm olmasa belə, Allaha şükr etməyin zəruriliyini hökm edir. Vicdan ibadətin vacibliyini bildirir.

 

Məgər Peyğəmbərin (s) mübarək ayaqları çox ibadət etməkdən şişməmişdimi? O həzrətə deyirlər: Ey Allahın peyğəmbəri! Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq ayəsi ki, sizin barənizdədir, nə üçün bu qədər ibadət edirsiniz? O həzrət buyurur: Məgər Allaha ibadət edənlərin hamısı cəhənnəm qorxusu və ya behişt tamahına görə ibadət edir? Mən şükr edən bəndə olmayım?

 

Bəli, birinci dəsətənin ibadəti qul ibadəti, ikinci dəstənin ibadəti tacir və muzdur ibadəti, üçüncü dəstənin ibadəti isə azad insan ibadətidir. Əli (ə)-ın məntiqinə əsasən, azad insan hətta behişt və cəhənnəmə belə bağlı deyil, o, behişt və cəhənnəmdə də azaddır və yalnız Allaha bağlıdır.

 

Mən bir söhbəti də (on üç fəsildən əlavə və yekun olaraq) indiyə kimi dediklərimi bir yerə toplayaraq islamın kamil insanını izah etməyə həsr etmək istəyirdim, amma iş elə gətirdi ki, izah etdiyim məktəblərin nəzərlərini açıqlayarkən islamın nəzərini də bəyan etdim. Bütün dediklərimizdən məlum oldu ki, birincisi islam təkyönlü məktəb deyil. İslam bütün cəhətləri əhatəli şəkildə görə bilən bir gözə malikdir. İslam, filosofların dediklərini onlardan qabaq deyib; ariflərin gördüklərini onlardan yaxşı görüb; məhəbbət məktəbinin dediklərini artıqlaması ilə deyib; qüdrət məktəbinin gördüyünü daha yaxşı görüb; sosializmin hiss etdiyini ondan yaxşı dərk və bəyan edib; həmçinin azadlıq məktəbinin gördüyü şeyləri daha yaxşı görüb və eyni zamanda bu məktəblərin zəif nöqtələrinin heç biri onda yoxdur. Çox aydın və müəyyən məntiq islam məktəbinin hərtərəfli və kamil olmasını göstərir. İslamın Allah tərəfindən olmasını bizə sübut edən də bunlardır.

 

Məgər indiyə kimi barəsində söhbət açıdığmız bütün məktəblərin baniləri dünyanın ən dahi şəxsiyyətləri olmayıblarmı? Bəli! Amma görürük ki, onların hamısı islam müqabilində öz dəyərlərini itirirlər. Peyğəmbər (s) hər nə qədər dahi özü də məktəbə getməmiş və yazı-pozu bilməyən dahi olsaydı belə, öz başından belə sözlər danışa bilməzdi. Deməli, onun insan qüdrətindən üstün və bir mənbədən ilham alması məlum olur və həmin mənbə, doğrudan da Allahdır. Bu məktəb bütün məktəblərdən üstündür və onun düzgün dəyəri başqa məktəblərlə müqayisə ediləndə, daha yaxşı məlum olur və aydınlaşır.

 

Əlhəmdu lillahi rəbbil aləmin!