BEYTÜL-ƏHZAN

: 2559 ()

   
     

Bağışlayan və Mehriban Allahın Adı İlə

  
Ön söz 

Ulu Tanrıya şükr edib həmd söyləmək, eləcə də həzrəti- Mühəmməd(s) və onun pak Ailəsinə salavat və salam göndərmək insanların doğru yola hidayət olunmasında ən başlıca amillərdən biridir.

 

Dünya xanımlarının xanımı, məsum İmamlarımızın anası həzrəti- Fatimeyi-Zəhranın (səlamullahi əleyha) həyatından bəhs edən bu kitabı biz dörd hissəyə və hər hissəni də bir neçə bölməyə ayırmışıq.

 

Birinci hissə həzrəti-Fatimə(s.ə)-nin təvəllüd tarixi, adı və o xanımın müxtəlif ləqəblərlə adlandırılması səbəblərindən bəhs edir.

 

İkinci hissədə o Xanımın əxlaqi dəyərləri, eləcə də həzrəti-Əli (ə.s) ilə evlənməsindən söz acılır.

 

Kitabın üçüncü hissəsində Peyğəmbər(s)-in vəfatından sonra baş vermiş hadisələrdən, xanım Fatimə(s.ə)-nin alovlu nitqləri, özünü müdafiə etməsi və bu barədə qeyd olunmuş bir sıra mətləblərdən bəhs edilir.

 

Nəhayət, dördüncü hissə həzrəti-Fatimə(s.ə)-nin atası Peyğəmbər(s)-in vəfatından sonra çəkdiyi iztirab və müsibətlərlə, onun həzrəti-Əli(ə.s)-yə vəsiyyəti, eləcə də o böyük qadının ömrünün son günlərində baş vermiş hadisələrlə zəngindir.

 

Abbas ibn Mühəmməd Rza Qumi.

  
Birinci hissə  
Həzrəti-Zəhra(s.ə)-nın təvəllüdü.  

Xanım Fatimeyi-Zəhra(s.ə) besətin beşinci ili, cəmadius-sani ayının iyirmisində, Peyğəmbər(s) qırx beş yaşında ikən Məkkədə dünyaya göz açmışdır. İmam Sadiq(ə.s) və İmam Baqir(ə.s)-dən müasir dövrümüzədək gəlib çatmış hədislərə əsasən, həzrəti-Zəhra(s.ə)-nın anası xanım Xədicə(s) olmuşdur. Öz merac gecələrinin birində Rəsuli-əkrəm(s)-ə təklif edilən behişt meyvələrindən Peyğəmbər(s)-imiz təzə xurma və üzümdən meyl etmişdi. Allah-təala həmin behişt meyvələrini Peyğəmbər(s)-in sülbündə suya (nütfəyə) çevirmişdir. Nəticədə, Rəsulullah(s) meracdan qayıtdıqdan sonra xanımı Xədicə(s.ə) ilə bir yatmışdı. Beləliklə, Fatimə(s.ə)-nin nuru Xədicə(s.ə.)-nin bətnində cilvələndi. Buna görə də xanım Fatimə(s.ə)-ni Hövrau-Unsiyyə də adlandırmışlar ki, bunun da mənası xanım Zəhra(s.ə)-nın insan ola-ola eyni zamanda behişt hurilərindən sayılması deməkdir, belə ki Peyğəmbər(s) nə zaman behişt ətrini duymaq istəsəydi, onun və tuba ağacının ətrini Fatimə(s.ə)-dən alar, sevimli qızını əzizlərdi, lakin Peyğəmbər(s)-in zövcələrindən bəzisi o Xanımın bu böyük məqamını dərk etmədiyinə görə belə hərəkəti Peyğəmbər(s) üçün nalayiq hesab edirdi.

 

Sual oluna bilər ki, Rəsuli-əkrəm(s)-in meracı altı ay hicrətdən qabaq, yaxud digər mənbəyə əsasən, besətin ikinci ilində baş vermişdir. Həzrəti-Fatimə(s.ə) isə besətin beşinci ilində dünyaya göz açmışdır ki, bu da yuxarıdakı hadisə ilə (Peyğəmbər(s)-in meracdan sonra bilavasitə Xədicə(s.ə) ilə yaxınlıq etməsi) üst-üstə düşmür.

 

Cavab budur ki, Peyğəmbər(s)-in meracı bir dəfə ilə məhdudlaşmadığı üçün yuxarıdakı iradı ona aid edə bilmərik. İmam Sadiq(ə.s)-in buyurduğuna görə, Rəsuli-əkrəm (s) iyirmi dəfə meraca getmişdir. Bu səfərlərinin hamısında da Allah-təala Peyğəmbər(s)-ə bütün vacib əməllərdən daha çox Əli (ə.s)-nin və ondan sonrakı imamların vilayət və imaməti haqqında göstəriş vermişdir.

 

Əllamə Məclisi həzrəti-Zəhra(s.ə)-nın təvəllüd tarixini öz məşhur Biharül-ənvar kitabında belə təsvir edir:

 

Bir gün Peyğəmbər (s) Əbtəh (Məkkə və Mina arasında) deyilən yerdə əyləşmiş, həzrəti-Əli (ə.s), Abbas, Həmzə, Əmmar Yasir, Müfzər ibn Zəhzah, Əbu Bəkr və Ömər də o Cənabın yanında oturmuşdular. Bu zaman Cəbrayıl öz əsl surətində çox böyük, qanadları şərq və qərbi əhatə etmiş halda Peyğəmbər(s)-in hüzuruna gəlib belə səsləndi: Ey Peyğəmbər! Böyük Allah sənə salam göndərir və buyurur ki, qırx gün Xədicə (s.ə) ilə yaxınlıq etməyəsən.

 

Bu məhrumiyyət Xədicə(s.ə)-yə dərin məhəbbət bəslədiyinə görə Peyğəmbər(s)-ə çox ağır gəldi, lakin Allahın əmri hər bir şeydən daha üstün olduğu üçün onu mütləq yerinə yetirmək lazım idi. Bu hadisədən sonra Peyğəmbər(s) qırx gün Xədicə(s.ə)-yə yaxın düşmədi. Gündüzləri oruc tutub, gecələri isə ibadətlə məşğul olan Rəsulullah(s) vaxt tamama yetişəndə Əmmar Yasiri Xədicə(s.ə)-nin yanına göndərib bu xəbəri ona çatdırmağı tapşırdı: Ey Xədicə! Elə güman etmə ki, bir müddət səndən uzaqlaşmağım sənə olan sevgimin azalması, ya laqeydlik üzündəndir. Allahım bunu öz işini yer üzündə həyata keçirməkdən ötrü əmr etmişdir. Bu əmrin nəticəsi üçün səadət və xeyirdən savayı bir şey fikirləşmə. Allah-təala gündə neçə dəfə ən böyük mələklərini sənin nazını çəkməyə məmur edir. Axşam düşən kimi qapını bağla və öz yatağında istirahət et. Bil ki, mən Fatimə binti Əsədin evindəyəm.

 

Xədicə(s.ə) öz günlərini qəm-kədərlə ötürürdü. Qırx gün sona yetdikdə həzrəti-Cəbrayıl Peyğəmbər(s)-in yanına gələrək belə ərz etdi: Allah-təala sənə salam göndərib buyurur ki, sənə veriləcək hədiyyəni almağa hazırlaşasan. Peygəmbər(s) Cəbrayıldan soruşdu: Allahın mənə edəcəyi töhfə nədir? Cəbrayıl bu barədə bir şey bilmədiyini bildirdi. Bu zaman Mikayıl Allahın dörd yaxın mələklərindən (Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl) biri göylərdən yerə enərkən behişt parçalarına bükülmüş cənnət meyvələri ilə dolu sinini Rəsuli-əkrəm(s)-in qarşısına qoydu.

 

Bu vaxt Cəbrayıl Peyğəmbər(s)-ə dedi: Allah-təala buyurur ki, axşam iftarını bu meyvələrlə açasan.

 

Həzrəti-Əli(ə) söyləyir ki, Peyğəmbər(s) bizdə idi. Adətən axşamlar iftar vaxtı mənə evin qapısını açıq qoymağımı tapşıran və Qoy kim istəsə, gəlib Peyğəmbərlə birlikdə yemək yesin-söyləyən Mühəmməd(s) o gecə məni də qapının ağzında oturdub: Ey Əbu Talibin oğlu, bu, məndən başqasına haram olunmuş bir təamdır, - deyə buyurdu.

 

Mən qapının ağzında əyləşdim. Rəsuli-əkrəm(s) evə daxil olub sininin üstünə çəkilmiş örtüyü qaldırdı, içində bir salxım üzüm, bir budaq da xurma gördüm. Allahın Rəsulu(s) onları bir az yeyib doyandan sonra su içdi. Sonra yumaq üçün əllərini uzatdı. Cənab Cəbrayıl o Həzrətin mübarək əlinə su tökür, Mikayıl yuyur, İsrafil isə dəsmalla Peyğəmbər(s)-in əllərini qurulayırdı. Artıq qalmış meyvələr, sini ilə birgə asimana aparıldı. Bu zaman Peyğəmbər(s) nafilə namazını qılmaq üçün artıq ayaq üstə durmuşdu ki, Cəbrayıl Onun yanına gəlib dedi: Ya Mühəmməd, indi sənə namaz haramdır. Gərək evə gedib Xədicə(s.ə) ilə yaxınlıq edəsən, çünki Allah istəyir ki, bu gecə sənin sülbundən pak övladlar yaratsın.

 

Nəhayət, Peyğəmbər(s) qırx gün ayrılıqdan sonra Xədicə(s.ə)-nin görüşünə getdi.

 

Xədicə(s.ə) deyir: Mən həmin 40 gün müddəti tək qalırdım. Axşam düşən kimi qapını bağlayıb, pərdələri çəkir, başımı bağlayıb namaz qılırdım. Namazı qurtarandan sonra çırağı söndürüb yatağıma istiharət etməyə gedirdim. Lakin o gecə hələ yatmamışdım ki, qapının halqasının döyüldüyünü eşitdim. Mən: Qapını döyən kimdir ki, Peyğəmbər(s)-dən başqa heç kim onu döymür?-dedim. Bu vaxt Peyğəmbər(s)-in məlahətli səsini eşitdim: Ey Xədicə, qapını aç! Mənəm, Mühəmmədəm. Sevinclə qapını açdım. O cənab evə daxil oldu. O, hər dəfə evə gələndə bir qabda su istəyər, dəstəmaz alıb iki rükət namaz qılar, sonra yatağına girərdi. Lakin həzrəti-Mühəmməd(s) o gecə su istəmədi, heç namaza da hazırlaşmadı. Mənim qolumdan tutub yatağına apardı.

 

Allaha and olsun ki, Peyğəmbər(s) məndən hələ uzaqlaşmamışdı ki, Fatimə(s.ə)-nin nurunu öz bətnimdə hiss edib hamilə olduğumu başa düşdüm.

 

Müəllif yazır: Peyğəmbər(s)-in Xədicə(s.ə.)-dən qırx gün müddətində kənarlaşdırılması Fatimə(s.ə)-nin müqəddəs vücudunu, Allahın bu böyük töhfə və hədiyyəsini almaq üçün görülən hazırlıq idi, belə ki həzrəti-Zəhra(s.ə)-nın ziyarətnaməsində bu mətləbə işarə olunmuşdur: İlahi! Salam göndər o pak qadına! Fatimə sənin Rəsulunun qızı, ciyərparası, qəlbinin məlhəmidir. O, Peyğəmbərə sənin tərəfindən seçilmiş və öz əhdinə vəfa etdiyi bir töhfədir.

 

Peyğəmbər(s)-in Xədicə(s.ə)-dən belə kənar gəzməyi dünya qadınlarının sərvəri həzrəti-Fatimə(s.ə)-nin məqamının doğma, əziz və böyük olmasına bir nümunədir ki, bu fəziləti dil belə təsvir etməkdə acizdir.

 

Allahın Elçisi(s) üçün behişt meyvələrindən üzüm və xurmanın gətirilməsi bu meyvələrin daha çox bərəkətli və xeyirli olmalsından irəli gəlir. Çünki ağacların arasında heç bir ağac xurma və üzüm ağacı kimi bərəkətli, xeyirli olmamışdır. Eləcə də bu iki ağac Adəm(ə)-in xəmirindən artıq qalmış gildən yaradılmışdır. Çox ehtimal ki, belə seçim bu pak və mübarək nəslin övladlarının çoxlu olmasına və müqəddəsliyinə bir işarədir.

 

O zaman həzrəti-Mühəmməd(s) vacib namazını qılmışdı. Onun iftardan sonra qılacağı namaz isə müstəhəb və nafilə namazları idi ki, bunların da Cəbrayıl qılınacağı təqdirdə haram olduğunu söyləmişdi.

  
Həzrəti-Zəhra(s.ə.)-nın viladəti.  

Şeyx Səduq Əmali kitabında Müfəzzəl ibn Ömərdən belə nəql edir:

 

Ömər deyir ki, bir gün imam Sadiq(ə.s)-dən soruşdum:

 

Fatimə(s.ə) dünyaya necə gəlmişdi?

 

İmam(ə.s) buyurdu:

 

Xədicə(s.ə) Peyğəmbər(s) ilə evlənəndən sonra Məkkə qadınları İslama qarşı olan düşmənçilikləri üzündən Xədicə(s.ə)-dən uzaqlaşdılar, belə ki nə Xədicə(s.ə)-nin evinə gedir, nə də yolda onu görəndə salam verir, hətta başqa qadınların belə onunla görüşməsinə mane olurdular ki, bütün bunlardan Xədicə (s.ə) çox kədərlənir və bu çirkin əməllərin həzrəti-Mühəmməd(s)-ə zərər yetirəcəyindən çəkinib qorxurdu. Amma Xədicə(s.ə) bunu da Peyğəmbər(s)-dıən gizlədirdi.

 

Bir gün Allahın Rəsulu(s) evə daxil olduqda Xədicə(s.ə)-nin kiminləsə söhbət etdiyini eşidir və bu barədə Xədicə(s.ə)-dən soruşduqda, o pak qadın belə cavab verir: Bətnimdəki uşaq mənimlə söhbət edir. O, mənim munisimdir.

 

Peyğəmbər(s) buyurmuşdur: Cəbrayıl mənə xəbər verib ki, bu uşaq qız uşağıdır və bizim mübarək, pak nəslimiz də odur. Allah-təala mənə olunan vəhy kəsildikdən sonra onları yer üzündə mənim canişin və xəlifələrim qərar verəcəkdir.

 

Bu minvalla həzrəti-Xədicə(s.ə) hamiləlik dövrünü keçirirdi. O, Fatimə(s.ə.)-nin təvəllüdü yetişdikdə Qüreyş və Bəni-Haşim qadınlarına ona hamiləlikdən azad olmaqda kömək göstərmələri üçün xəbər göndərdi, lakin Qureyş və Bəni-Haşim qadınları bildirdilər ki, sən bizi saymayıb, sözümüzü yerə saldın və Əbu Talibin yoxsul yetimi olan Mühəmməd(s)-ə ərə getdin, buna görə də sənin yanına gəlməyəcəyik, sənə heç bir kömək də etməyəcəyik. Besətin ilk illərində müşriklər müsəlmanları bacardıqları qədər sıxışdırırdılar. (Həzrəti-Mühəmməd(s)-in tərəfdarları özlərini cəmiyyətdən təcrid olunmuş, təklənmiş, qərib hiss edirdilər.) Xədicə(s.ə) bu xəbərdən çox kədərləndi,

 

lakin Allah-təala onu tək qoymadı. Qəflətən Bəni-Haşim qadınlarına bənzər dörd nəfər buğdayı, hündür qamətli qadın evə daxil oldu. Xədicə(s.ə) onları görcək qorxdu. Qadınlardan biri dedi: Ey Xədicə, kədərlənmə! Biz Allah tərəfindən gəlmişik. Sənin bacılarınıq. Mən Sarayam (İbrahim Xəlil(ə.s)-in yoldaşı), bu, Məzahimin qızı Asiyadır. O, sənin behiştdəki rəfiqəndir. O birisi İmranın qızı Məryəm, digəri isə Musanın bacısı Gülsümdür. Allah-təala bizi sənin yanına sənə hamiləlikdən azad olmaqda kömək etmək üçün göndərmişdir.

 

Bu vaxt onlardan biri Xədicə(s.ə)-nin sağ tərəfində, o birisi sol, üçüncüsü üzbəüz, dördüncüsü isə arxa tərəfində əyləşdi. Fatimə(s.ə) pak-pakizə bir halda dünyaya gəldi. Dünyaya gəldiyi zaman ondan saçan nur bütün Məkkə evlərini işıqlandırdı, şərq və qərbdə nur saçılmayan bir yer qalmadı. On nəfər behişt hurilərindən, əllərində cənnətdən gətirdikləri teşt və kövsər suyundan doldurulmuş kuzə ilə evə daxil oldular. Xədicə(s.ə)-nin qarşısında duran qadın Fatimə(s.ə)-ni götürüb kövsər suyu ilə yudu, ağappaq, ətirli iki parçadan biri ilə Fatimə(s.ə)-ni bələyib, digəri ilə isə başını bağladı, sonra Fatimə(s.ə)-ni dindirdi. Fatimə(s.ə) dil açıb Allahın birliyinə, Mühəmməd(s)-in isə onun rəsulu olmasına şəhadət verərək belə dedi:

 

Şəhadət verirəm ki, yeganə Allahdan başqa Allah yoxdur. Atam Allahın rəsulu, peyğəmbərlərin başçısıdır. Ərim övliyaların sərvəri və iki övladım isə behişt cavanlarının ağasıdır.

 

Sonra O, qadınlara ayrı-ayrılıqda salam verərək onların hər birini öz adı ilə səsləyib dindirdi. Qadınlar böyük sevinc və şadlıqla Fatimə(s.ə)-nin mövludu münasibətilə təbrik söyləyib müjdə verirdilər. Hurilər səmada ilk dəfə olaraq elə bir nur gördülər ki, hələ ondan qabaq belə bir nuru heç bir vaxt sezməmişdilər. O zaman xanımlar Xədicə(s.ə)-yə dedilər: Pak-pakizə və bərəkətli nəslə sahib olacaq mübarək övladını qucağına al! Xədicə(s.ə) döşlərini qızının mübarək dodaqlarına tutdu. Süd cari oldu. Fatimə(s.ə) ondan sonra hər gün bir aylıq uşaq təki, hər ay isə bir illik uşaq kimi böyüyüb gündən-günə boy atırdı.

  
Fatimə(s.ə)-nin adları.  

Yunis ibn Zəyban İmam Sadiq(ə.s)-in belə söylədiyini nəql edir:

 

Fatimə(s.ə)-nin Allah dərgahında doqquz adı vardırFatimə, Siddiqə, Mubarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Mühəddəsə, Zəhra. Fatimə adının mənası hər cür pislikdən ayrılmış (və ya seçilmiş), təmizlənmiş deməkdir. Əgər Fatimə olmasaydı, möminlər ağası Əli(ə.s) üçün Adəmdən tutmuş ta qiyamətə kimi yer üzündə həyat yoldaşı tapılmazdı.

 

Bəzi rəvayətlərdə belə gəlmişdir ki, onun Fatimə adlandırılması buna görədir ki, Xanımın yerinə yetirəcəyi işləri cəhənnəm atəşindən çox-çox uzaq, elm və kamalın vasitəsilə başqalarından qat-qat fərqlənir. Qadınlara məxsus hər ay baş verən adətdən pakdır. İnsanlar onu tanımaqda acizdirlər. Allah-təala onu və onun mömin, Tanrının birliyinə səmimi-qəlbdən inanan övladlarını, dostlarını cəhənnəm atəşindən uzaqlaşdırar.

 

Yenə də rəvayət olunubdur ki, Fatimə(s.ə)-nin adı Allahın Fatir adından götürülmüşdür. O Həzrətə ona görə Tahirə deyirlər ki, hər cür pislik və çirkinlikdən uzaqdır. Qadınlara məxsus adəti görməmişdir. Zəhra adlandırılmasının səbəbi isə gündə üç dəfə nurlu camalının həzrəti- Əli(ə.s) üçün cilvələnməsindən irəli gəlirdi.

 

Əbu Haşim Cəfəri deyir: İmam Həsən Əsgəri(ə.s)-dən soruşdum ki, nəyə görə Fatimə(s.ə)-yə Zəhra deyirlər?

 

Buyurdu: Fatimə(s.ə)-nin nurlu çöhrəsi əmirəlmöminin Əli(ə.s) üçün sübh doğan günəş, günorta nur saçan ay və axşam parlaq ulduz kimi idi.

 

Şeyx Səduq (r.ə) həzrəti-Riza(ə)-dan nəql edir ki, bir gün İmam söhbət əsnasında buyurdu: Mübarək Ramazan ayında ay səmada hilallaşanda (yəni on dörd günlük olanda ) Fatimə(s.ə)-nin nuru ayın nurunu üstələyirdi, belə ki Fatimə(s.ə) evə girərkən ayın işığı yenidən aşkar olurdu.

 

İmam Sadiq(ə.s) Fatimə(s.ə)-nin Zəhra adlandırılması səbəblərindən birini belə açqlayır:

 

Behiştdə onun üçün qırmızı yaqutdan bir qübbə düzəlmişdir ki, həmin qübbənin hündürlüyünün ölçüsü bir illik yol məsafəsi qədərdir. Bu qübbə Allahın qüdrəti ilə fəzada heç bir sütun olmadan durmuşdur. Qübbənin yüz min qapısı vardır və hər qapının da ağzında min mələk dayanmışdır. Behişt əhli isə sizin səmada parlayan ulduza baxdınız kimi, ona baxaraq belə deyər: Bu parlaq imarət Fatimə(s.ə.)-nindir.

 

Başqa bir rəvayətdə belə gəlmişdir ki, Allah-təala mələkləri yoxlamaq məqsədilə onlara tərəf qara bulud göndərdi. Bu zaman elə bir qaranlıq çökdü ki, mələklər bir-birini belə görmədilər. Allahdan bu qaranlığın onların üzərindən götürməsini istədilər. Allah-təala onların duasını qəbul edib Fatimə(s.ə)-nin nurunu göndərdi.Məhz bu xanımın nuru ərşin ətrafında asılı halda günəş kimi göyün və yerin yeddi qatını işıqlandırdı. Mələklər Allaha təsbih və zikr dedilər. Allah-təala onlara buyurdu: And olsun İzzəti-cəlalıma ki, sizin təsbihinizin savabını qiyamətə qədər həzrəti-Zəhra(s.ə)-nın Atasının, Ərinin və Övladlarının dostlarına verəcəyəm.

 

Həzrəti-Zəhra(s.ə)-nın adlarına bu adlar da daxildir: Hisan, Hürrə, Seyyidə, Əzra, Həvra, Məryəm, Kübra və Bətul. Rəvayətdə nəql olunur ki, o Həzrət bu səbəbdən Bətul adlandırılmışdır ki, heç vaxt qadın adəti görməmişdir. İbn Şəhr Aşub Mənaqib adlı kitabında yazır:

 

Səhih rəvayətlərə əsasən, Fatimə(s.ə) iyirmi ada malik olubdur ki, adlarından hər biri onun fəzilətlərini özündə əks etdirmişdir. İbn Babəveyh bu adları Müvəllid Fatimə kitabında sadalamışdır.

 

O Xanımın künyələri: Ümmülhəsən, Ümmülhüseyn, Ümmülmöhsin, Ümmuləimmə, Ümmüəbiha və Ümmülmöminin-dən ibarət olmuşdur. Bu künyələr xanım Fatimə(s.ə)-nin ziyarətnaməsində də işlədilmişdirdir.

 

Mənaqib adlı kitabda qeyd olunmuşdur ki, göylərdə həzrəti-Fatimə(s.ə)-yə Nuriyyə, Səmaviyyə, Haniyyə də deyirlər.

 

Haniyyə adı ərinə və övladlarına qarşı çox mehriban, qayğıkeş olduğu üçün xanım Zəhra(s.ə)-ya verilmişdi.

  
Həzrəti-Zəhra(s.ə)-nın ərinə qarşı olan münasibəti.  

Bu barədə təkcə bunu xatırlamaq kifayət edər ki, həzrəti-Zəhra(s.ə)-ya dəyən zərbə, vurulan töhmət, sümüyünün sınması, qırmancın qolunda iz salması kimi müxtəlif əzab və əziyyətlərə düçar olması böyük məhəbbət bəslədiyi əri Əli(ə.s)-yə görə olmuşdu. Bütün bu əzab və əziyyətlərə bu yolda şəhadətə yetişənə kimi dözdü. Ömrünün son anlarında Zəhra(s.ə)-nı ağlayan görən həzrəti-Əli(ə.s) ondan ağlamağının səbəbini soruşduqda xanım Fatimə(ə.s.): Məndən sonra sənə üz verəcək müsibətlərə görə ağlayıram,-deyə cavab verdikdə İmam Əli(ə.s) buyurmuşdu: Ağlama, Allaha and olsun ki, bu müsibətlər mənə Allah yolunda üz verdiyinə görə asan və kiçik görünür.

 

Şeyx Müfid(r.ə) İrşad adlı kitabında yazır:

 

Peyğəmbər(s) hicrətin 8-ci ilində baş vermiş Zatüssəlasil döyüşündə həzrəti-Əli(ə.s)-ni düşməni məhv etmək üçün Yabis adlı qumlu səhraya göndərmişdi. Belə nəql edirlər ki, həzrəti-Əli(ə.s)-nin xüsusi bir yaylığı varmış ki, onu böyük və çətin döyüşlərə gedəndə başına bağlayarmış. Bu döyüşə gedəndə də Fatimə(s.ə)-nin yanına gəlib həmin yaylığı istəyəndə xanım Fatimə(s.ə) Həzrətdən sual edib soruşdu: Hara gedirsən? Atam səni hara göndərir? O zaman həzrəti-Əli(ə.s) buyurmuşdu: Qumlu səhraya gedirəm.

  
Həzrəti-Zəhra(s.ə)-nın övladına olan məhəbbəti.  

Bu barədə məncə, Şeyx Səduqun Həmmad və İmam Sadiq(ə.s)-dən nəql etdiyi rəvayətini xatırlatsaq, kifayət edər.

 

İmam Sadiq(ə.s) buyurmuşdur ki, iki seyyidə xanımla bir zamanda evlənmək olmaz. Əgər bu xəbər həzrəti-Zəhra(s.ə)-ya çatsa, ona ağır gəlib qəlbinə toxunar.

 

Həmmad soruşdu: Məgər bu, həzrəti-Zəhra(s.ə)-ya yetişirmi?

 

İmam Sadiq (ə) buyurdu: Bəli, And olsun Allaha ki, bu xəbər xanım Zəhra(s.ə)-ya yetişir.

  
Yeddinci əsrin məşhur şairlərindən biri olan İbn Üneynin yuxusu.  

Ümdətüt Talib adlı kitabda nəsəbşünas alimlər arasında məşhur olan Bəni Davud ibn Musa Əlhəsəninin əhvalatlarında qəribə bir rəvayət vardır ki, çox etibarlı mənbəyə əsaslanır. Bu rəvayət İbn Üneynin divanında da yer almışdır.

 

İbn Üneyn bir dəfə Məkkəyə yola düşdüyü zaman özü ilə çoxlu qiymətli əşyalar da götürmüşdü. Qəflətən yolda Bəni-Davud nəslindən olan seyyidlərdən bəzisi onu tutub bütün mal-dövlətini əlindən alır, hətta əynindəki paltarlarını da çıxararaq özünü möhkəm döyür, döydükdən sonra onu orada qoyub tez gözdən itirlər.

 

İbn Üneyn Yəmən Sultanı olan Əziz ibn Əyyuba şikayət məktubu yazaraq ondan yardım istəyir. Həmin vaxtda da Yəmən hökmdarının qardaşı Məlik Nasir də qardaşından dəniz kənarında bir müddət qalması üçün icazə istəmişdi.

 

İbn Üneyn öz naməsində qəsidə ilə hökmdarı onu qarət edən seyyidlərdən intiqam almağa təhrik edirdi. Həmin qəsidənin ilk bəndlərinin məzmunu təqribən belədir:

 

Sənin yaxşılıq və səxavətin fəsahət və bəlağət alimlərini onları bəyan etməkdə aciz qoyubdur. Sən yaxşılıq və səxavətdə elə bir dərəcəyə yetişmisən ki, yaxşılar və xeyirxahlar sərhəddindən çox-çox yuxarılara qalxmısan. Mən xaçpərəst müstəmləkəçilərin əsarəti altında olan sahili fəth etmişəm,-deyib çox da öyünmə. Çünki bu əsarət altında olmuş sahillə Ədən arasında çox böyük fərq vardır (sahil hara, Ədən hara?). Sən əgər cihad etmək istəyirsənsə, qılıncını Allahın vacibat və sünnəsini tapdayan tayfaya qarşı çək. Öz qılıncınla Allah evini (Məkkəni) murdar və Bəni-Davud tayfası kimi alçaq qəbilələrdən təmizlə. Demə ki, onlar Fatimə(s.ə)-nin övladlarıdır və onlarla döyüşmürəm. Çünki bu oğru və quldur seyyidlər Əbu Süfyan ailəsi ilə əlaqə yaratsalar, İmam Həsən(ə.s)-i öldürmək üçün belə əlbir olarlar.

 

Elə ki İbn Üneyn bu qəsidəni yazıb, Yəmən hökmdarına göndərdi, yuxuda görıdü ki, Kəbənin kənarındadır. Həzrəti-Fatimə(s.ə) də ordadır və Kəbəni təvaf edir, yəni Kəbə ətrafına dövrə vurur. Qabağa gəlib salam verdi. Lakin həzrəti Fatimə(s.ə) onun cavabını almadı. Ağlayıb acizanə o Həzrətə ərz etdi ki, mənim günahım nədir ki, salamımı almadın? Həzrəti-Zəhra(s.ə) ibn Üneynə şerlə cavab verdi. Həmin şerin məzmunu təqribən belədir:

 

Fatimə(s.ə)-nin bütün övladlarının alçaq və ləyaqətsiz olması qeyri-mümkündür. Lakin ruzigar məkr, hiylə ilə bizə zülm və pislik etdi. Əgər övladlarımdan biri ləyaqətsizlik edərsə, sən qəsdən onların hamısına nalayiq sözlər deməməlisən. Get, öz əməlindən tövbə et. Çünki hər kim bizə pislik edib sonra qayıdıb tövbə etsə, Allah-təala onu bağışlayar. Babaları həzrəti-Mustafa(s)-nın xatirinə onları əzizlə. Onun ailəsindən olan şəxsi incidib təhqir etmə. Həzrəti-Rəsul(s)-un ailəsindən sənə hər nə yetişsə, qiyamət günü onun mükafatını bizimlə görüşəndə alacaqsan.

 

İbn Üneyn deyir ki, bu halda ağlaya-ağlaya vahimə içində yuxudan ayıldım, başa düşdüm ki, həzrəti-Siddiqeyi-Tahirə(s.ə)-nin bərəkəti sayəsində bədənimin bütün yaraları sağalmışdır. Dərhal tövbə etdim. Dediyim sözlərdən peşman oldum. Sonra üzrxahlıq əvəzi olaraq bu şeri yazdım. Şerin məzmunu belədir:

 

Bəşəri haqqa hidayət etmək üçün gəlmiş Peyğəmbər(s)-in qızının hüzurunda üzr istəyirəm ki, cinayət edən günahkarın günahından keçsin. Öz dediklərimi geri götürərək danışdığım sözlərdən tövbə edirəm. Bundan sonra Allaha and olsun ki, əgər onlardan biri (Fatimə(s.ə.)-nin övladlarından) məni qılıncla tikə-tikə doğrasa belə, onun bu hərəkətini nalayiq bilmərəm. Əksinə, bunu ləyaqətli bir əməl təki qəbul edərəm.

  
İkinci hissə  
Həzrəti-Zəhra (s.ə)-nın fəzilətləri.  

Kisa və Mübahilə əhlindən biri sayılan Fatimə(s.ə) ən çətin dövrdə Allah yolunda hicrət edən, şərəfinə Təthir ayəsi nazil olan şəxsiyyətlərdəndir. Cəbrayıl da onlarla birgə ağlamasına fəxr etmişdi. Allah-təala onların paklıq və doğruluğuna şəhadət vermişdir. O, İmamların anası olmaqla yanaşı, Peyğəmbər(s)-in nəslinin ondan doğulub qiyamətə kimi davam edəcək yadigarıdır. Bu nurlu vücud əvvəldən axıra hər iki dünya qadınlarının xanımıdır. O, sözündə və danışığında həzrəti-Mühəmməd(s)-ə ən çox oxşayan şəxs idi. Onun əxlaq və həyat tərzi Rəsuli-əkrəm(s)-in həyat tərzi və əxlaqını xatırladırdı. Yerişi sanki Peybəmbər(s)-in yerişi idi. O, həmişə atasının yanına gələndə Rəsuli-əkrəm(s) qızını mehribanlıqla qarşılayar, əlindən öpər, nə zaman behişt ətrini duymaq istəsə idi, onu iyləyər və buyurardı:

 

Fatimə bədənimin parəsidir.Kim onu sevindirsə, məni sevindirib, kim ona pislik etsə, mənə pislik edibdir.

 

Fatimə mənə hamıdan əzizdir.

 

Peygəmbər(s)-in Fatimə(s.ə)-yə olan sonsuz məhəbbətini ifadə etdirən ya həbibətə əbiha-kimi kəlamlarını misal göstərmək olar ki, bu da ey atasının dostu və məhbubu mənasındadır.

 

Təbəri Şiyi İmam Baqir(ə.s)-ə, İmam da öz Cəddinə əsaslanaraq Fatimə(s.ə)-nin dilindən belə nəql edir ki, bir gün Allahın Rəsulu(s) mənə belə xitab etdi:

 

Ey atasının dostu və məhbubu! Hər bir məstedici haramdır və hər bir məstedici şərab sayılır.

  
Allah üçün dostluq.  

Xatırladaq ki, Allaha daha yaxın olan insanlar öz övladlarını, yaxın qohum-əqrəba və dostlarını instinktiv olaraq sevməmişlər, əksinə, onlar hər cür nəfsani, eləcə də qeyri-insani hisslərdən uzaq olmuşlar. Belə şəxslərin məhəbbəti ixlas üzündən, habelə Allaha görə olmuşdur. Allahdan digərinə olan sevgiləri isə elə yenə də Allahın özünə qayıdır və Allaha xatir olur. Məhz buna görə də həzrəti-Yəqüb(ə.s) Yusif(ə.s)-i başqa övladlarından daha çox sevirdi. Nəticədə, Yəqub(ə.s)-un o biri övladları onun Yusif(ə.s)-i nə səbəbə belə çox sevdiyindən xəbərsiz olduqları üçün pis fikirlərə düşmüşdülər. Onu yolunu azmış kimi qələmə verib, həmişə deyinirdilər: Yəqub(ə.s)-un bu məhəbbətinə biz layiqik, çünki dünya işlərini yerinə yetirməkdə biz ondan(Yusifdən) daha bacarıqlı və daha güclüyük.

 

Amma Yəqub(ə.s)-un Yusif(ə.s)-ə olan məhəbbəti maddi səbəblər üzündən deyil, əksinə, Allahın Yusif(ə.s)-i sevdiyinə və onu qardaşlarının arasından seçəcəyinə görə idi. Yəqin ki, Allahın sevimlisi onun Peyğəmbər(s)-inin də məhbubu, sevimlisi olacaqdır.

 

Kuleyni Məhəmməd ibn Sənandan belə nəql edir:

 

Bir gün İmam Cavad(ə.s)-a müsəlmanlar arasında baş vermiş ixtilaflı bir mövzu barədə söhbət açdım. O da mənim cavabımda belə buyurdu: Ey Məhəmməd! Bil ki, Allah-təala həmişəki kimi yeganə və misilsizdir. Ondan sonra Mühəmməd(s), Əli(ə.s) və Fatimə(s.ə)-nin nurunu yaratdı. O pak üç nur min illərlə beləcə qaldı. Daha sonra Allah-təala bütün mövcudatı xəlq edərək onları məxluqatın yaradılışına şahid etdi. Bütün yaradılmışların arasında yalnız onlara itaət etməyi buyurdu, məxluqatın bütün işlərini onlara həvalə etdi. Beləliklə, onlar (Mühəmməd (s), Əli(ə.s), Fatimə (s.ə)) istədikləri şeyi halal və haram edə bilərlər. Lakin onu da bilmək lazımdır ki, bu üç müqəddəs vücud Allahın istədiyini istər, onun qəbul etmədiyini sevmək və ya Allah istəyəndən başqa heç nəyi istəməzlər. Bu, dinin mahiyyətidir. Kim tələsib qabağa keçsə, yolunu azar. Hər kim də arxaya qalıb ləng tərpənsə, həlak olar. Yalnız din ilə yanaşı addımlayan onunla bir haqqa yetişər. Ey Məhəmməd, bu sözü öyrən və əzbərlə.

 

Müəllif yazır: Bu şərif hədisdə Fatimə(s.ə)-nin İlahinin məxluqatın bütün işlərini həvalə etdiyi şəxslərdən olduğu bəlli olur. Beləliklə, o, istədiyi şeyi halal və haram edə bilər (əlbəttə, bir şərtlə ki, onun istədiyi Allahın istədiyi olsun).

  
Fatimə(s.ə)-nin kitabı.  

Bir çox İmamların müxtəlif rəvayətlərində nəql olunmuşdur ki, Fatimə(s.ə)-nin kitabı məsum İmamlardır. O cümlədən Bəsairüd-dərəcat adlı kitabda İmam Sadiq(ə.s)-in: Fatimə (s.ə) özündən sonra bir kitab yadigar qoyub. Bu kitab Quran deyildir, lakin ulu Yaradan tərəfindən Fatimə(s.ə)-yə nazil olan Allah kəlamıdır. Peyğəmbər (s) onu həzrəti-Əli(ə.s)-yə söyləmiş, O da yazmışdır,-buyurduğu qeyd edilmişdir.

 

Əbu Bəsir belə nəql edir:

 

Bir gün İmam Sadiq(ə.s)-in hüzuruna gəlib soruşdum:

 

Canım sənə fəda! Əhli-beyt tərəfdarları deyirlər ki, Peyğəmbər(s) öz elmindən yalnız bir fəsil öyrətmişdir ki, həmin fəsildən də minlərlə qapı açılır. Mənim zənnimcə, həqiqi və kamil elm məhz elə budur.

 

Həzrəti-Cəfəri-Sadiq(ə.s) bir az fikrə gedib buyurdu:

 

O elmdir, lakin kamil elm deyildir. Əlbəttə, Məcmuə bizdədir, amma insanlar hardan bilsin ki, Məcmuə nədir? O, yetmiş dirsək uzunluğunda Peyğəmbər(s)-in söylədiyi, həzrəti-Əli(ə.s)-nin dəsti-xətti ilə yazdığı bir tumardır. Bütün halal və haram hökmlər, şəri qanunlar orada yazılmışdır, belə ki hətta cırmağın cəriməsinə kimi həmin tumarda qeyd olunmuşdur.

 

Dedim:

 

- Allaha and olsun ki, bu, kamil elmdir.

 

-Bu elmdir, lakin kamil elm deyildir. Düzdür, Cəfr elmi bizdədir, amma xalqın Cəfr elmi barədə heç bir məlumatı yoxdur.

 

-Bəs Cəfr nədir?

 

-Peyğəmbərin, övliyaların, keçmiş Bəni-İsrail alimlərinin dəri üzərində yazılmış elmidir, ancaq bu da elmi-kamil deyil. Sizin əlinizdəki Quranın üç bərabər ölçüsündə olan həzrəti-Fatimə(s.ə)-nin kitabı da elmdir. Bu elmdən yalnız bizim xəbərimiz var, çünki o bizdədir. Allaha and olsun ki, Qurani-Kərimdən bir kəlmə də olsun bu kitabda yoxdur. Hətta bunu da kamil elm adlandırmaq olmaz. Kamil elm hər gecə və gündüz bir hadisədən sonra başqa bir hadisəyə, bir şeydən sonra başqa bir şeyə aid qiyamətə kimi davam edən bir elmdir.

  
Fatimə(s.ə)-nin behiştdə məqamı.  

Bəzi rəvayətlərdə belə nəql olunmuşdur ki, Fatimə(s.ə) Peyğəmbər(s)-in Qəzba adlı dəvəsində məhşərə daxil olan dörd süvaridən biridir.

 

İbn Şəhr Aşub rəvayət edir ki, həzrəti-Mühəmməd(s) ölüm yatağında olarkən Qəzba adlı dəvəsi ondan soruşdu ki, məni özündən sonra kimə tapşırırsan?

 

Peyğəmbər(s) buyurdu: Ey Qəzba, Allah səni bərəkətli etsin. Sən qızım Fatimə(s.ə)-ninsən. O sənə həm bu dünyada və həm də axirətdə minəcək.

 

Elə ki Rəsuli-əkrəm (s) vəfat etdi, o dəvə gecə ikən Fatimə(s.ə)-nin yanına gəlib dedi: Salam olsun sənə, ey Peyğəmbərin qızı. Mənim bu dünya ilə vidalaşmağıma az qalıbdır. Allaha and olsun ki, Peyğəmbər(s)-in vəfatından sonra dilimə ot və su dəyməyib.

 

O dəvə ayrılığa dözməyib həzrəti-Mühəmməd(s)-in vəfatından üç gün keçmiş canını tapşırdı.

 

Furat ibn İbrahim öz təfsirində əmirəl-möminin Əli(ə.s)-nin dilindən belə söyləyir:

 

Bir gün Peyğəmbər(s) Fatimə(s.ə)-nin yanına gəldikdə xanımın kədərli olduğunu hiss etdi. Rəsulallah(s) bir az qiyamət günü barədə danışıb bu məqama yetişəndə belə buyurdu: Ey Fatimə, behişt qapısına yetişən zaman o vaxta qədər heç bir kəslə görüşməyən və səndən sonra da görüşməyəcək 12 min behişt hurisi səni qarşılayar. Onların əlində nurdan ibarət silah olar. Bu hurilər yəhəri sarı qızıl və qırmızı yaqut, yüyəni təzə mirvaridən olan işıq saçan dəvələrə minərlər. Hər dəvənin üstsndə də sız-sıx düzülmüş parlaq incilərlə bəzədilmiş sundus süfrəsi açılar. Behiştə gələn zaman cənnət əhli sənin qədəmlərindən şadü-xürrəm olar. Əhli-beyt tərəfdarları üçün istədikləri şey həmişə və elə o dəqiqə hazır olar. Allah övliyaları behiştdə yerləşdirən zaman həzrəti-Adəm(ə.s), ondan sonra isə bütün Peyğəmbərlər səni ziyarət etməyə gələrlər.

  
Peyğəmbər(s)-in qəlbinin sözü.  

Fatimə(s.ə) buyurdu: Bu ayə (Nur, 63)   Öz aranızda bir-birinizi çağırdığınız kimi? Peyğəmbəri çağırmayın (yəni onu ehtiramla səsləyin.) nazil olan zaman mən Rəsuli-əkrəm(s)-i Ey Allahın Rəsulu!-deyə çağırırdım. Lakin o Həzrət istəyirdi ki, ona Ata deyə müraciət edim. Üç dəfə mənə heç bir şey söyləmədi. Axırda mənə üz tutub buyurdu:

 

Ey Fatimə, bu ayə sənin, ailən və sənin nəslin üçün nazil olubdur.

 

Sonra əlavə etdi: Mənə Ata deyə müraciət et, çünki sənin məni belə çağırmağın qəlbimi daha da şadlandırır və Allahı da razı edir.

 

Mishabul-Ənvar adlı kitabda həzrəti-Əli(ə.s)-nin həzrəti-Mühəmməd(s)-in qızı Fatimə(s.ə)-yə bəslədiyi dərin məhəbbət və ehtiram barəsində söylədiyi hədis qeyd olunmuşdur. Burada xanım Fatimə(s.ə) Atası ilə olan mükaliməni xatırlayaraq belə bir məqama toxunmuşdu:

 

Allah-təala sənə salam göndərəni bağışlayar və onu mən cənnətin harasında olsam, mənə qovuşdurar.

  
Peyğəmbər(s)-in qızı barədə etdiyi dua.  

Kuleynin yazdığına görə, İmam Baqir(ə.s) Cabir ibn Abdulla Ənsaridən nəql edir:

 

Həzrəti-Mühəmməd(s) çölə çıxıb Fatimə(s.ə)-ni görməyə getmişdi. Mən də onunla idim. Biz Peyğəmbər(s)-in evinə yetişəndə O, əlini qapıya dayadı və sonra buyurdu:

 

Salam olsun sizə.

 

Fatimə(s.ə) də onun cavabını aldı. Peyğəmbər(s) evə daxil olmaq üçün icazə istədi. Xanım söylədi:

 

Buyur, ey Allahın elçisi.

 

Rəsuli-əkrəm(s) buyurdu:

 

Yanımdabir nəfər də var. İcazə olarmı, o da içəri keçsin?

 

Fatimə(s.ə) ərz etdi:

 

Rübəndim başımda deyil.

 

Peyğəmbər(s) buyurdu:

 

Fatimə, çadra ilə başını ört.

 

Fatimə(s.ə) çadra ilə örtündükdən sonra Peyğəmbər (s) yenə salam verib mənim də onunla birgə içəri daxil olmağım üçün icazə istədi, Fatimə(s.ə) icazə verdi.

 

Cabir deyir ki, mən Rəsululah(s) ilə evə daxil olanda Fatimə(s.ə)-nin çöhrəsinin saraldığını hiss etdim. Peyğəmbər(s) bunun səbəbini soruşduqda o Həzrət(s.ə) buyurdu ki, aclığın təsirindəndir. Həzrəti-Mühəmməd(s) bu zaman belə dua etmişdi:

 

Ey acları doyduran Allah, Mühəmməd(s)-in qızı Fatiməni doyur.

  
Fatimə(s.ə)-nin həyat yoldaşı ilə davranışından bir nümunə.  

Əbu Səid Xudradan nəql olunur:

 

Bir gün həzrəti-Əli(ə.s) acımışdı. Evə gəlib xanımından yemək istədi. Fatimə (s.ə) ərz etdi:

 

Atamı Peyğəmbər, səni isə onun vəlisi qərar verən Allaha and olsun ki, evdə yeməyə bir şey yoxdur. İki gündür, yeməyimiz qurtarıb. Əgər olsaydı, onu özümdən və oğullarım Həsənlə Hüseyndən qabaq sənin üçün saxlayardım.

 

Əli(ə.s) buyurdu:

 

Fatimə, bəs niyə mənə xəbər verməmisən ki, sizin üçün yemək tapım?

 

Fatimə(s.ə) belə cvab verdi:

 

Ey Əbülhəsən, mən Allahımdan utanıram ki, səndən qüdrətində olmayan bir şeyi tələb edim.

  
Ev və çöl işlərinin bölünməsi.  

Qərbül-əsnad adlı kitabda İmam Sadiq(ə.s)-in İmam Baqir(ə.s)-dən eşitdiyi hədis qeyd olunur:

 

Bir gün həzrəti-Əli(ə.s) ilə Fatimə(s.ə) ev və çöl işlərini öz aralarında bölüşdürməkdən ötrü Peyğəmbər(s)-in yanına gələrək onların arasında qəzavət etməsini xahiş etdilər. Peyğəmbər(s) ev işlərini Fatimə(s.ə)-nin, çöl işlərini isə Əli(ə.s)-nin öhdəsinə qoydu. Fatimə(s.ə):

 

Təkcə Allah şahiddir ki, mən bu bölgüdən necə xoşhal və razıyam, çünki Allahın Rəsulu(s) mənə elə iş tapşırdı ki, mənim daha evdən bayıra çıxmağıma ehtiyac yoxdur və naməhrəmlərin gözündən uzaq olacağam, deyə buyurdu.

  
Mələklər həzrəti-Zəhra(s.ə)-nın xidmətində.  

Xəraic Ravəndinin kitabında Salmanın söylədiyi belə bir hədis qeyd olunur:

 

Həzrəti-Zəhra(s.ə)-nın evində idim. Xanım Fatimə(s.ə)-nin əyləşərək dəyirmanda arpadan un üyütdüyünün şahidi oldum. Dəyirmanın dəstəyi qana bulaşmışdı. Hüseyn(ə.s) (o zaman südəmər körpə idi) evin bir tərəfində aclıqdan ağlayırdı.

 

Söylədim ki, ey Peyğəmbər(s)-in qızı, özünüzü bu qədər zəhmətə salmayın. İndi sizin Fizzə kimi kəniziniz var. O, xidmətinizdə hazırdır. Belə olduqda həzrəti-Zəhra(s.ə) buyurdu:

 

Allahın Rəsulu mənə belə göstəriş vermişdir ki, evin işlərini növbə ilə bir gün mən, bir gün isə Fizzə görsün. Dünən Fizzənin növbəsi idi, bu gün isə mənim növbəmdir.

 

Söylədim:

 

Ey Peyğəmbər(s)-in qızı, mən sizin azad etdiyiniz qulam və xidmətinizdə hazıram. Mənə əmr et, ya dəyirmanda arpa çəkim, ya da Hüseyn(ə.s)-i saxlayım.

 

Xanım buyurdu:

 

Hüseyn(ə.s)-i mən saxlayaram, sən dəyirmanda arpa üyüt.

 

Mən bir az arpa üyütdüm. Azan səsi gəldi. Məscidə gedib namazı Rəsuli-əkrəm(s) ilə birgə qıldım. Namazdan sonra bu hadisəni Əli(ə.s)-yə söylədim. O Həzrət gözləri yaşarmış halda ayağa qalxıb evə getdi. Bir az keçməmiş gördük ki, gülə-gülə qayıtdı. Rəsuli-əkrəm(s) ondan gülməyinin səbəbini soruşduqda buyurdu ki, evə getmişdim, içəri daxil olanda gördüm ki, Fatimə(s.ə) arxası üstə yuxuya dalmış, Hüseyn(ə.s) də sinəsi üstündə yatmışdı, dəyirman da onun qarşısında öz-özünə fırlanırdı.

 

Peyğəmbər(s) gülüb buyurdu:

 

Ey Əli, məgər bilmirsənmi, Allahın elə mələkləri var ki, Mühəmməd və ali Mühəmmədə xidmmət etmək üçün yer üzünü gəzib dolaşırlar. Onların bu xidməti qiyamətə kimi davam edəcəkdir.

  
Peyğəmbər(s)-in həzrəti-Zəhra(s.ə)-ya yardımı.  

Başqa bir rəvayətdə belə nəql olunur ki, bir gün həzrəti-Mühəmməd(s) əmirəl-möminin Əli(ə.s)-nin evinə daxil olduqda qızının o Cənabla birgə dəyirmanda qavərs üyütməklə məşğul olduğunu görür və belə buyurur: Hansınız yorulmusunuzsa, mən onu əvəz edim. Əli(ə.s) ərz etdi ki, Fatimə (s.ə) yorulmuşdur. Peyğəmbər(s) Fatimə(s.ə)-yə söylədi: Qalx, əziz qızım! Fatimə(s.ə) ayağa qalxdı. Peyğəmbər(s) Fatimə(s.ə)-nin yerində oturub Əli(ə.s)-yə kömək eləməyə başladı.

 

Bu hərəkətlə Allahın Rəsulu(s) ümmətinə öyrətdi ki, əgər xanım ev işlərində əziyyət çəkirsə, ona kömək etmək lazımdır.

  
Həzrəti-Zəhra(s.ə)-nın xörəyinin bərəkəti.  

Məşhur kitabların bir qismində Cabir ibn Abdulla Ənsarinin söylədiyi hədis qeyd olunmuşdur:

 

Peyğəmbər(s) bir neçə gün yeməyə bir şey tapmadığı üçün aclıqdan əziyyət çəkirdi. Öz həyat yoldaşlarının otaqlarında yemək olmadığından qızı Fatimə(s.ə) buyurdu : Qurbanın olum bizim evdə də yemək yoxdur. Rəsuli-əkrəm(s) qonşulardan birinə müraciət edib onlardan iki tikə çörək və bir az da ət alaraq Fatimə (s.ə) üçün göndərdi. Fatimə(s.ə) bunları alıb qaba qoydu, ağzını bağlayıb dedi: Mən Allahın Rəsulunu özümdən və ailəmdən qabaq bilirəm (Halbuki onlar hamısı aclıq çəkirdi).

 

O zaman Fatimə(s.ə) Həsən və Hüseyn(ə.s) ilə Peyğəmbər(s)-ə xəbər göndərdi. Peyğəmbər(s) gələndə Fatimə(s.ə) göndərilən hədiyyə barədə ona danışdı. Həzrəti-Mühəmməd(s) buyurdu ki, o qabı buraya gətirsin. Fatimə(s.ə) qabı Peyğəmbər(s)-in yanına gətirdikdə Rəsuli-əkrəm(s) qabı alıb qapağını qaldırır, bu zaman qabın çörək və ətlə dolu olduğunu görüb sevinir.

 

Cabir deyir ki, bunu gördükdə çox təəccübləndim. Başa düşdüm ki, bu, Allah kəramətindən bir nümunədir. İlahinin həmd və şükrünü yerinə yetirdim və Peyğəmbərinə salam göndərdim. Rəsuli-əkrəm(s) Fatimə(s.ə)-yə dedi ki, bunlar haramdır?

 

Fatimə(s.ə) ərz etdi : Tanrı öz dərgahından hər kəsə istəsə, bol-bol ruzi verər.

 

Peyğəmbər(s) Əli(ə.s)-nin dalınca adam göndərdi. Hamı yığışdı. Peyğəmbər(s)-in zövcələri və bütün evdə olanların hamısı o yeməkdən yedilər. Lakin qab yenə dolu idi. Fatimə(s.ə) buyurdu ki, o xörəkdən bütün qonşulara göndərin. Allah-təala bu xörəyə bol-bol xeyir və bərəkət verdi, belə ki bu cür bərəkəti vaxtilə həzrəti- Məryəm(s.ə)-ə də əta etmişdi.

  
Fatimə(s.ə)-nin ibadətinə bir baxış.  

Həsən Bəsri (tanınmış zahid) yazır: İslam ümməti arasında ibadətdə Fatimə(s.ə)-nin misli ola bilməz. O xanım ayaqları qabar olana qədər ibadət edirdi.

 

Bir gün Rəsuli-əkrəm(s) Qızı(s.ə)-dan soruşdu:

 

Qadın üçün ən yaxşı şey nədir?

 

O cavab verdi:

 

Naməhrəm kişiyə baxmaya və naməhrəm də onu görməyə.

 

Peyğəmbər(s) bu sözü eşitcək Fatimə(s.ə)-ni bağrına basdı və bu ayəni oxudu:

 

Onlar bir-birindən tutulmuş övladlardır. (Təqva və fəzilət nəzərindən.) (Ali-İmran surəsi, 34)

 

İmam Həsən(ə.s)-dən anası ilə bağlı bir əhvalatı qeyd etsək, yerinə düşərdi:

 

Cümə gecəsində anamı mehrabda ibadət edən gördüm. O, uzun zaman səcdə və ruku halında qaldı. Sübh çağı yetişdikdə möminələrin adını bir-bir çəkərək onları dua etdi, lakin özünü heç dua etmədi. Soruşdum ki, anacan, başqaları kimi özün barədə niyə dua etmədin? Anam: Oğlum, əvvəl qonşu, sonra ev, deyə buyurdu.

 

Şeyx Səduq(r.ə) həzrəti-Zəhra(s.ə)-dan belə nəql edir:

 

Rəsuli-əkrəm(s)-dən eşitmişəm ki, cümə günündə elə bir saat vardır ki, əgər bir müsəlman Allahdan bir şey diləsə, Tanrı onun istədiyini verər. Bu, günəşin yarısının üfüqdə qalıb, yarısının batdığı zamandır.

 

Fatimə(s.ə) həmişə öz qulamına buyurardı: Yuxarı çıx, nə vaxt gördün, günəşin yarısı üfüqdə batdı, mənə xəbər ver ki, dua edim.

 

Rəvayətdə nəql olunur ki, o Həzrət mehrabda dayanıb ibadət edən zaman onun nuru səma əhli üçün ulduz kimi parlardı.

  
Həzrəti-Zəhra(s.ə)-nın ər evində rəftarı.  

Bəni-Səd qəbiləsindən olan bir nəfər Əmirəl-möminin Əli(ə.s)-nin həzrəti-Fatimə(s.ə) haqqında ona danışdıqlarını belə nəql edir:

 

Peyğəmbər(s)-imizin sevimli qızı olmasına baxmayaraq, kuzə ilə o qədər su daşıyardı ki, çiynində kuzənin qulpunun izi qalar, ev süpürməkdən və qazan altı alışdırmaqdan paltarları hisli-tozlu olardı. Onun bu qədər əziyyət çəkdiyini gördükdə Fatiməyə dedim:

 

Atan Rəsuli-əkrəm(s)-in yanına gedib ev işlərində sənə kömək etmək üçün bir kəniz istəsəydin, yerinə düşərdi.

 

Beləliklə, Fatimə(s.ə) atasının yanına gedir, lakin Peyğəmbər(s)-in yanında adam olduğunu görüb heç nə demədən evə qayıdır.

 

Həzrəti-Mühəmməd(s) Fatimə(s.ə)-nin nə üçünsə gəlib heç nə istəmədən geri qayıtdığını anlayıb, səhəri gün evimizə gəldi. Biz bu zaman hələ yataqdan qalxmamışdıq.

 

Rəsuli-əkrəm(s) adəti üzrə üç dəfə salam verərdi (icazə məqsədilə). Əgər icazə verilsəydi, daxil olardı, yox, əgər icazə verilməsəydi, qayıdıb gedərdi. Dedim:

 

Salam, ey Allahın Rəsulu, buyurun içəri.

 

O Həzrət buyurdu:

 

Fatimə, dünən mənim yanıma nə üçün gəlmişdin, istədiyini söylə.

 

Fatimə(s.ə) həya edərək heç nə demədi. Qorxdum ki, əgər mən cavab versəm, Peyğəmbər(s) qalxıb gedər. Ərz etdim:

 

-Ey Allahın Rəsulu, qoy mən səni xəbərdar edim. Fatimə o qədər su çəkib ki, sinəsində qabın dəstəyinin izi qalıb. Dəyirmanda un üyütməkdən əlləri qabar bağlayıbdır. Ev süpürüb qazan altı alışdırmaqdan paltarlarının rəngi dəyişmişdir. Buna görə də mən ona dedim ki, yaxşı olardı ki, atanın yanına gedib ev işlərində sənə kömək etmək üçün bir kəniz istəyəsən.

 

Peyğəmbər(s) buyurdu:

 

İstəyirsizmi, sizə elə kəlam öyrədim ki, xidmətçidən daha yaxşı olsun? Yataq otağına gedən zaman otuz üç dəfə subhanəllah, otuz üç dəfə əlhəmdulillah və otuz üç dəfə Allahu Əkbər deyin.

 

Bu zaman Fatimə(s.ə) ayağa durub üç dəfə təkrar etdi:

 

Allah və Rəsulundan razı qaldım.

 

Əbubəkir Şirazinin (sünni alimlərindəndir) məşhur kitabında nəql olunur ki, həzrəti-Zəhra(s.ə) Peyğəmbər(s)-ə öz vəziyyətini söyləyib kəniz istəyən zaman Ata(s)-sı ağlayıb buyurmuşdu:

 

Fatimə, and olsun məni peyğəmbərliyə seçən Allaha! Məsciddə dörd yüz nəfər kişi vardır ki, nə yeməkləri var, nə də geyimləri. Əgər fəzilətinin itmək qorxusu olmasaydı, mən sənin istədiyini edərdim. İstəmirəm ki, əcr və mükafatın səndən alınıb sənin kənizinə verilsin.

 

Sələbinin təfsirində İmam Baqir(ə.s)-dən, Qüşeyrinin təfsirində isə Cabir ibn Abdulla Ənsaridən nəql olunan hədisdə deyilir ki, həzrəti-Mühəmməd(s), Fatimə(s.ə)-nin əynində yun paltar dəyirmanda un üyüdə-üyüdə uşağa süd verdiyini gördükdə Onun gözləri yaşardı və buyurdu:

 

Ey qızım, axirətin şirinliyi üçün dünyanın çətinliyinə döz!

 

Fatimə söylədi:

 

Ey Peyğəmbərimiz, Allaha nemətləri və əta etdiklərinə görə həmd, şükr olsun.

  
Zəhra(s.ə)-nın kənizi Fizzənin elminə bir baxış.  

Əbulqasim Qureyşi öz kitabında bəzi səhabələrdən nəql edir ki, Zəhra(s.ə)-nın kənizi Fizzə səhrada həcc karvanından geriyə qalıb itmişdi. Karvandan arxada qalmış Abdulla Mübarək adlı biri deyir ki, səhrada bir nəfər yalqız qadın gördüm. Mən dəvə ilə onun yanına gedib hər nə soruşurdumsa, Quran ayəsi ilə cavab verirdi. Ondan soruşdum:

 

Sən kimsən?

 

Dedi:

 

Və de salam olsun sizlərə, tezliklə biləcəklər. (Zuxruf, 89)

 

Ona salam verib dedim:

 

Sən burada neyləyirsən?

 

Qadın cavab verdi:

 

Allah-təala hər kəsi hidayət etsə, yolunu azmaz. (Zümər, 37)

 

Başa düşdüm ki, yolu azıbdır. Soruşdum:

 

Cinlərdənsən, yoxsa insanlardan?

 

Dedi:

 

Ey Adəm övladları, bəzəklərinizi, zinətlərinizi götürün.

 

(Əraf, 31)

 

Əmin oldum ki, Adəm övladıdır. Soruşdum:

 

Haradan gəlirsən?

 

Dedi:

 

Onlar uzaq yerdən səslənərlər. (Fussilət,44)

 

Anladım ki, uzaq yoldan gəlir. Dedim:

 

Hara gedirsən?

 

Dedi:

 

Allah-təala imkanlı şəxslərə Kəbənin həccini vacib etdi. (Ali-İmran,97)

 

Onun Məkkəyə getdiyini bilib dedim:

 

Karvandan nə vaxt ayrı düşmüsən?

 

Biz göyləri və yeri və yerin altında olanları altı günə yaratdıq. (Qaf, 39)

 

Ayədən məlum oldu ki, altı gündür, karvandan ayrı düşüb. Sual etdim:

 

Yemək istəyirsənmi?

 

Biz onları yemək yeməyən cəsədlər tək yaratmadıq.

 

(Ənbiya, 8)

 

Başa düşdüm ki, acdır. Dedim:

 

Tələs, tez gəl.

 

Allah-təala heç kimin boynuna gücündən artıq yük qoymaz. (Bəqərə, 286)

 

İndi də yorulub, yeriməyə taqəti olmadığını anlayıb dedim:

 

Gəl dəvəyə min, arxada əyləş.

 

Əgər yerdə və göydə yeganə Allahdan başqa allahlar olsaydı, yer-göy bir-birinə dəyərdi. (Ənbiya, 22)

 

Demək, mənimlə birgə dəvədə oturmağa həya edir. Dəvədən düşüb onu təkcə mindirdim. Elə ki dəvəyə mindi, dedi:

 

Pak və münəzzəhdir o Allah ki, bunu bizə müti etdi. (Zuxruf, 13)

 

Karvana çatan zaman ondan soruşdum:

 

Karvanda sənin qohum-əqraban varmı?

 

Dedi:

 

Ey Davud, biz səni Yer üzündə öz xəlifəmiz etdik(qərar verdik). (Sad,26)

 

Mühəmməd Peyğəmbərdən başqa bir şey deyildir. (Ali-imran, 144)

 

Ey Yəhya, kitabı möhkəm tut. (Məryəm, 12)

 

Ey Musa, mənəm Allah. (Qəsəs, 30)

 

Başa düşdüm ki, karvanda ona qohum olan Davud, Mühəmməd, Yəhya və Musa adında şəxslər vardır. Onları çağırdım. Dörd nəfər cavan o qadına tərəf gəldilər. Ondan soruşdum:

 

Bunlar sənin nəyindir?

 

Mal və övlad dünya həyatının bəzəyidirlər. (Kəhf, 46)

 

Məlum oldu ki, onlar qadının övladlarıdır. Əzizləri qadının yanına gələndə o dedi:

 

Ey ata, onu qulluğa götür. Çünki yaxşı bir insanı qulluğa götürürsən. O, qüvvətli və əmin bir şəxsdir. (Qəsəs, 26)

 

Qadın bununla onlara deyir ki, mənim muzdumu versinlər.Onlar mənə bir miqdar pul verdilər. Əmn onlardan soruşdum:

 

Bu xanım kimdir?

 

Dedilər:

 

Bu qadın həzrəti-Zəhra(s.ə)-nın kənizi, bizim anamız Fizzədir. O, iyirmi ildir ki, Quran ayələrindən başqa bir söz danışmır.

  
Həzrəti-Zəhra(s.ə) və onu sevənlərin fəziləti, behiştdəki məqamları.  

Əbu Cəfər Təbəri Bəşarətül Mustafa adlı kitabında Həmmam Əbi Əlidən belə nəql edir:

 

Bir gün Kəbul Əhbardan soruşdum:

 

Əli ibn Əbitalib(ə.s)-in dostları barədə fikriniz nədir?

 

O dedi:

 

Mən onların Quranda vəsfini tapmışam. Onlar Allahın hizbi, İslamın köməkçiləri, Allah vəlisinin ardıcılları, insanlar arasında Allahın alicənab və seçilmiş bəndələridirlər. Allah-təala onları öz dini üçün seçib, behişti onlar üçün yaratmışdır. Behiştdə Firdovsi-Əlada şəffaf mirvari dənəsindən və ləl cəvahirdən düzəldilmiş otaqlarda yaşayarlar. Onlar müqəddəs şəxsiyyətlərin arasındadırlar. Belə şəxslər hələ əl dəyməmiş içkilərdən içərlər. Bu içki onlara məxsus Təsnim adlı bulağın suyundandır. Təsnim Allah-təalanın həzrəti-Fatimə(s.ə)-yə əta etdiyi bulaqdır. Bu bulağın mənbəyi qübbəsi soyuqluqda kafur, dadı zəncəfil, iyi isə müşk kimi olan bir sütunun dibindədir. O bulaq arxlara axar, Fatimə(s.ə)-nin dostları da ondan içərlər. Bu qübbənin dörd sütunu vardır. Onun bir sütunu da yaşıl zümrüddəndir. Həmin sütunun dibində isə təhur və baldan olan şərabla dolu daha iki bulaq vardır. Bu çeşmələrdən hər biri behiştin aşağı hissəsindən axır. Təkcə Təsnim çeşməsi cənnətin yuxarı başında axır. Onun suyundan yalnız behiştin xüsusi adamları içəcəklər. Onlar Əli(ə.s)-nin dostlarıdırlar. Budur, Allah-təalanın Quranda buyurduğu kəlamın təfsiri:

 

Onlar ağzı bağlı əl dəyməmiş şərabla sirab olarlar. O elə bir çeşmədir ki, ondan yalnız Allahın ən yaxın adamları içəcəklər. (Mutəffifin, 25-28)

 

Sonra Kəbul Əhbar dedi: Allaha and olsun, Əli(ə.s)-nin dostlarını ancaq Allahın əhdü-peyman bağladığı şəxslər sevir.

 

Əbu Cəfər Təbəri yuxarıdakı rəvayəti nəql edəndən sonra yazır ki, Peyğəmbər(s) və onun Əhli-beyti(ə.s)-ni sevənlərin, bu hədisi qızıl suyu ilə yazmağına dəyər. Onların behiştin bütün ali dərəcələrinə əlləri çatacaqdır. Bu rəvayət əhli-təsənnündən də nəql olunmuşdur.

  
Salmanın sualına cavab.  

Təbəri öz Bəşarətül-Mustafa kitabında Kənz adlı mənbəyə istinad edib Əbuzərin dilindən nəql edərək belə yazır:

 

Peyğəmbə (s)-in yanında idim, Bilal Həbəşi və Salman da Allahın Rəsulunu ziyarətə gəlmişdilər. Bu zaman Salman qəfildən həzrəti-Mühəmməd(s)-in ayağına düşüb onun mübarək ayaqlarından öpdü. Peyğəmbər (s) onu bu işdən çəkindirib buyurdu:

 

Ay Salman, əcəmlərin şahları üçün etdiklərini mənə qarşı etmə. Mən Allahın bəndələrindənəm və bəndələr kimi də yeyib-içirəm.

 

Salman söylədi:

 

Ey mənim ağam, istəyirəm, mənə həzrəti-Zəhra(s.ə)-nın qiyamətdəki fəzilətindən xəbər verəsən.

 

Peyğəmbər (s) gülərüzlə ona baxıb buyurdu:

 

Canım əlində olan Allaha and olsun ki, Fatimə (s.ə) həmin qadındır ki, dəvəyə minərək məhşər ərsəsindən gəlib keçər. Onun mübarək başı Allah qorxusundan bir görüntü, gözləri isə Tanrı nurundandır. Cəbrayıl o dəvənin sağında, Mikayıl solunda, Əli (ə.s) qabağında, Həsən və Hüseyn (ə.s) arxasınca gələrlər. Allah-təala onun qoruyucusudur. Məhşər səhnəsindən keçən zaman Allah-təala tərəfindən nida gələr:

 

Ey xəlaiq, gözlərinizi qapayın və başınızı aşağı salın. Bu, sizin Peyğəmbərinizin qızı, imamınız Əli(ə.s)-nin zövcəsi, Həsən və Hüseyn (ə.s)-in anasıdır.

 

Sonra başında iki ağ çadır sirat körpüsündən keçər.

 

Fatimə(s.ə) behiştə daxil olan zaman İlahinin onun üçün hazır etdiyi nemətlərə baxıb deyər:

 

Mehriban və bağışlayan Allahın adı ilə, həmd və şükr olsun o Allaha ki, qəmi və kədəri bizdən uzaqlaşdırdı. Əlbəttə, bizim Allahımız bağışlayan və mehribandır. O Allah ki, bizi öz lütfü ilə ali məqamda qərar veribdir, o məqama heç bir əzab və əziyyət yetişməyəcək.

 

Ondan sonra Allah-təala Fatimə(s.ə)-yə vəhy edər:

 

Ey Fatimə, istədiyini məndən dilə ki, sənə əta edib sevindirim.

 

Fatimə(s.ə) ərz edər:

 

İlahi, sən mənim ümidimsən. Sənin dərgahından istəyim budur ki, mənim və ailəmin dostlarını cəhənnəm atəşindən azad edəsən.

 

Allah-təala ona cavab verər:

 

Ey Fatimə, izzət və cəlalıma and olsun ki, yerin və göylərin xilqətindən iki min il qabaq özümə and vermişəm ki, sənin və ailənin dostlarını cəhənnəm əzabından azad edim.

  
Fatimə(s.ə)-nin zöhd və təqvasından nümunələr.  

Seyyid ibn Tavus Əbu Cəfər Əhməd yazdığı Zöhdünnəbi kitabında qeyd edir ki, bu iki ayə (Hicr, 43, 44) nazil olan zaman:

 

Cəhənnəm bütün yolunu azmışların qayıdacaq yeridir. Onun yeddi qapısı vardır ki, hər qapıdan da müəyyən olunmuş dəstələr keçər.

 

Peyğəmbər (s) bərkdən ağladı. Əshabı da bunu görcək ağlamağa başladı. Ancaq səhabələr Həzrətin ağlamağının səbəbini bilmirdilər və həzrəti-Mühəmməd(s)-in halı elə dəyişmişdi ki, heç kəs ondan söz soruşmağa cürət etmirdi.

 

Peyğəmbər(s) həmişə Fatimə(s.ə)-ni görəndə xoşhal olardı. Buna görə də səhabələrdən biri Fatimə(s.ə)-nin hüzuruna gələrək onu Atasının yanına çağırmaq üçün evə daxil olanda gördü ki, Fatimə(s.ə) dəyirmanda arpa üyüdə-üyüdə bu ayəni oxuyur:

 

O şey ki, Allah yanındadır, xeyir və əbədidir.

 

Həmin səhabə kişi xanıma salam verərək Rəsuli-əkrəm(s)-in halından Zəhra(s.ə)-nı agah edir. Fatimə(s.ə) cəld ayağa qalxıb on iki yerdən xurma lifi ilə yamaqlanmış köhnə çadrasını başına örtüb yola düşür. Evdən çıxanda Salman onu görüb ağlayır və deyir:

 

Vay halınıza! Rum və Kəsra (İran) qeysərləri sundus, ipək parçalardan hazırlanmış libaslar geyib gəzdikləri bir halda, Peyğəmbər(s)-in qızı on iki yerdən yamaqlanmış nimdaş çadra örtür!?

 

Fatimə(s.ə) Peyğəmbər(s)-in hüzuruna gəlib ərz etdi:

 

-Ey Allahın Rəsulu, Salman mənim libasıma təəccüb edir. Bununla belə səni haqqa məbus edən Allaha and olsun ki, beş ildir, Əli(ə.s)-nin evində gecələr qoyun dərisindən olan fərşin üstündə yatır, gündüzlər isə onunla dəvəmizə ələf veririk. Daha bilmir ki, bizim mütəkkəmiz də xurma lifindəndir.

 

Bu zaman Peyğəmbər(s) Salmana buyurdu:

 

__Mənim qızım qabaqcıllardan və Allah dərgahında ön səfdə duranlardandır.

 

Belə olduqda Fatimə(s.ə) söylədi:

 

__ Atacan, qurbanın olum, ağlamağının səbəbi nədir?

 

Peyğəmbər(s) Cəbrayılın nazil etdiyi yuxarıdakı iki ayəni xanım Zəhra üçün də oxudu. Fatimə(s.ə) cəhənnəm adını eşidən kimi üzü üstə yerə düşüb təkrar-təkrar dedi:

 

__Vay olsun, vay olsun o şəxsə ki, cəhənnəmə daxil olar.

 

Salman ayəni eşidən zaman dedi:

 

__Kaş qoyun olardım, sahibim məni kəsib dərimi soyardı, amma mən cəhənnəm sözünü eşitməyəydim.

 

Əbuzər də dilləndi:

 

__Kaş anam məni bu dünyaya gətirməzdi və mən də cəhənnəm adını eşitməzdim.

 

Həzrəti-Əli(ə.s) buyurdu:

 

__Kaş yırtıcılar bədənimi didib parçalayardılar, kaş anam məni doğmayaydı və cəhənnəm adını eşitməzdim.

 

Sonra əlini başına qoyub ağlaya-ağlaya dedi:

 

__ Səfərin uzaqlığından, qiyamət səfərinin azuqəsinin azlığından Allah özü bizi qourusun.

 

Günahkar adamlar cəhənnəmə tərəf gedirlər. Alov onları udur. Sanki onlar unudulmuş xəstələrə bənzəyirlər. Günahkarlar müalicə olunmayan yaralılar, heç kəsin cəhənnəm əzabından azad edə bilməyəcəyi əsirlərdir. Bunların qidası od-alovdur. Alovun təbəqələri arasında o tərəf-bu tərəfə çevrilər, dünyada pambıqdan geydikləri yumşaq, zərif paltarlar əvəzinə cəhənnəmdə alova bürünər, Yer üzündə həyat yoldaşları ilə qucaqlaşmadan cəhənnəmdə iblislərlə qucaqlaşarlar.

  
Peyğəmbər(s) və Fatimə(s.ə)-nin zahidliyindən bir nümunə.  

Rəsuli-əkrəm(s) nə vaxt səfərə çıxsaydı, ən son görüşdüyü şəxs Fatimə(s) olardı. Səfərdən qayıdanda da ilk olaraq onunla görüşərdi.

 

Döyüş səfərlərinin birindən Mədinəyə qayıdan zaman Peyğəmbər(s) Fatimə(s.ə)-nin evinə yaxınlaşdıqda qapıda qəşəng pərdə, Həsən(ə.s) və Hüseyn(ə.s)-in qolunda isə gümüş qolbaq görür. Həzrəti-Mühəmməd(s) evə girməyib geri qayıdır. Fatimə(s.ə) məsələdən xəbərdar olduqda başa düşür ki, Peyğəmbər(s)-in geri qayıtmağının səbəbi o pərdə və gümüş qolbaqlardır. Cəld pərdəni açıb, qolbaqları da Həsən(ə.s) və Hüseyn(ə.s)-in qolundan çıxardır. Uşaqlar əllərində həmin əşyalar ağlaya-ağlaya babalarının hüzuruna gedirlər. Peyğəmbər(s) həmin qolbaqları onlardan alıb Səubana (qullarından biri) buyurdu: Bu əşyaları filan yerə apar. Bunlarla Fatimə(s.ə) üçün əsəb ağacından hazırlanmış iki ədəd qolbaq al gətir. Çünki bunlar mənim Əhli-beytimdir. Mən istəmirəm ki, bəzək və ləzzətləri bu dünyada sərf edib axirət üçün saxlamayalar.

  
Fatimə(s.ə)-nin Peyğəmbər(s)-in yazdığı vəsiyyətə olan ehtiramı.  

Şeyx Əbu Cəfər Təbəri Əddəlail kitabında ibn Məsudun söylədiyi rəvayəti belə nəql edir:

 

Bir nəfər kişi Fatimə(s.ə.)-nin yanına gəlib dedi:

 

Ey Allah Rəsulunun qızı, sizdə atanızdan yadigar qalan bir şey varmı ki, mən də ondan istifadə edim?

 

Fatimə(s.ə.) kənizinə buyurdu:

 

O cəridəni (yazılmış vərəq) gətir.

 

Kəniz cəridəni nə qədər axtardısa, tapa bilmədi. Belə olan halda Fatimə(s.ə.) ona byurdu:

 

Onu tez axtar tap, çünki o vərəq mənə Həsən və Hüseyn qədər əzizdir.

 

Kəniz axtarmağa başladı. Nəhayət, vərəqi toz-torpağın içindən tapıb çıxartdı. Görünür, evi süpürən zaman itirmişdi. Kəniz həmin kağızı Fatimə(s.ə)-nin yanına gətirdi. Orada belə yazılmışdı:

 

Hər kimin qonşusu onun zülmündən amanda olmasa, möminlərdən deyildir. Kimin ki Allah və məada etiqadı varsa, qonşusuna zülm etməz, gözəl sözlər söyləyər və təbiətən mülayim olar. Allah-təala xeyirxah, səbirli və özünü haramdan saxlayanları sevir. Allah söyüş söyəni, acıdili, həyasızı, çox şey istəyib inadla təkid edənləri xoşlamır, çünki abır-həya imandandır. İman da behiştdə olar. Lakin söyüş həyasızlıqdan, həyasızlıq isə cəhənnəmdəndir.

  
Fatimə (s.ə) və onun gələcəyi haqqında həzrəti-Mühəmməd(s)-in söylədikləri.  

Şeyx Səduq ibn Abbasdan eşitdiyi bir rəvayətdə Peyğəmbər(s)-in Əhli-beytinə yetişəcək müsibətlər barədə irəlicədən xəbər verdiyini nəql edir. Aşağıdakı hissə də həmin rəvayətdən götürülmüşdür:

 

Qızım Fatimə(s.ə.) əzəli və əbədi olaraq iki dünyanın qadınlarının xanımıdır. O, mənim cismimin bir parəsi, gözümün nuru, qəlbimin meyvəsi və vücudumda olan ruhumdur. O Hövrau-Unsiyyədir. Mehrabda Allah qarşısında ibadət etməyə başladığı vaxt nuru ulduz kimi səma mələkləri üçün parlayar. Bu zaman Allah-təala mələklərinə buyurar:

 

Ey mələklər, mənim qarşımda ibadət üçün dayanmış kənizlərimin sərvəri olan kənizimə tamaşa edin. Görün, mənim qarşımda bədəni necə əsir. O, bütün varlığı ilə mənə ibadət edir. Sizi şahid tuturam ki, onun işlərini cəhənnəm atəşindən amanda saxlayacağam. (Yaxud sizə şəhadət verirəm ki, onun işlərini cəhənnəm atəşindən amanda saxlayacağam).

 

Müəllif deyir ki, həzrəti-Mühəmməd(s) bu sözdən sonra buyurmuşdu: Mən Fatimə(s.ə)-yə baxanda yadıma məndən sonra ona üz verəcək müsibətlər düşür. Sanki qəm və kədərin onun evinə necə varid olmasını, ona ediləcək hörmətsizliyi, haqqının əlindən alınmasını, öz irsinə yetişə bilməməsini, qabırğasının sındırılmasını, boynunda olan və hələ dünyaya gəlməmiş uşağın siqt olunmasını, onun Ya Muhəmmədahu çığırmağını elə indidən görurəm. O, bir cavab eşitmir, lakin kömək istəyir. Heç kim də ona kömək etmir, həmişə məndən sonra hüznlü, qəmli və gözü yaşlıdır, hərdən belə fikirləşir ki, vəhy evindən kəsilib, mənim ayrılığıma mübtəla olubdur. Gecələr hövlank durur, ona görə ki gecə namazı vaxtı mənim Quran oxumağımı eşidərdi. İndi isə eşitmir. Sonra atasının sağlığında necə əzizlənib, nəvaziş edildiyini xatırlayıb qəmli-qəmli, için-için ağlayır. Bu zaman Allah-təala mələkləri onun munisi edər. Mələklər həzrəti-Məryəmlə həmsöhbət olduqları tək onunla da elə həmsöhbət olarlar.

 

Ey Fatimə, Allah-təala səni seçdi və pak etdi. Səni bütün qadınların xanımı etdi. Ey Fatimə, Alahına ibadət və səcdə et. Allah dərgahında rukuda olanlarla ruku elə.

 

Sonra elə bil görürəm ki, o, dərddən və qubardan xəstələnib, qulluğa ehtiyacı vardır. Tanrı İmran qızı Məryəm(s.ə)-i ona baxmağa göndərər. Bu vaxt o, Allah-təala ilə belə dərdləşər: İlahi, həyatdan doyub yorulmuşam. Dünyapərəst insanların əlindən artıq cana gəlmişəm. Məni atama qovuşdur.

 

Allah-təala da onu mənə yetirər. O, mənim Əhli-beytimdən qəmli, kədərli, haqqı qəsb olunmuş və öldürülmüş halda mənə yetişəcək ilk şəxsdir. Bu vaxt Allaha yalvarıb deyərəm: İlahi, ona zülm edən şəxsləri öz rəhmətindən uzaq et. Onun haqqını qəsb edənləri cəzalandır. Onu kədərləndirənləri xar elə. Qızımı hamilə ikən zərbə ilə vurub uşağını hələ dünyaya gəlməmiş məhv edənləri isə əbədi olaraq cəhənnəm atəşinin sakini et.

 

Bu zaman mələklər deyərlər: Amin! İlahi, bu duanı müstəcab elə.

  
Həzrəti-Zəhra(s.ə)-nın ailə qurması.  

1.Zəhra(s.ə)-nın mehriyyəsi

 

Biharül-Ənvarda Şeyx Səduqun Əmali kitabına istinadən belə bir hədis qeyd olunmuşdur:

 

İmam Sadiq(ə.s) belə söyləyir: Rəsuli-əkrəm(s) Fatimə(s.ə)-ni həzrəti-Əli(ə.s)-yə ərə verdikdən sonra bir gün onlara getdiyi zaman həzrəti-Zəhra(s.ə)-nı aglayan görüb buyurdu: Niyə ağlayırsan? Allaha and olsun ki, əgər mənim xanədanımda Əli(ə.s)-dən üstün bir şəxs olsaydı, mən səni ona ərə verərdim. Fatimə! Mən səni ona ərə verməmişəm, əksinə, səni ona həyat yoldaşı təyin etmişəm. Sənin mehriyyən üçün isə əbədi olaraq dünyanın beşdən biri verilibdir.

 

2.Zireh pulundan cehiz

 

Həzrəti-Əli(ə.s) cehiz hazırlanması barədə belə söyləyir:

 

Rəsuli-əkrəm(s) mənə dedi:

 

__Dur get, öz zirehini (döyüş paltarı)sat.

 

Gedib zirehimi satdım, pulunu isə gətirib Rəsuli-əkrəm(s)-in qarşısına qoydum. Peyğəmbər(s) qədərini məndən soruşmadı və mən də bir söz demədim. Həzrəti-Mühəmməd(s) o puldan bir az götürüb Bilal Həbəşiyə verdi və buyurdu:

 

__Bu pula Fatimə(s.ə) üçün gözəl bir ətir al.

 

Sonra həmin puldan bir az da Əbu Bəkrə verib aşağıdakıları almağa göndərdi.

 

Əbu Bəkr də onların dediyini aldı.

 

Aldıqları cehiz bunlardan ibarət idi:

 

1.bir dəst köynək,

 

2.bir ədəd yaylıq,

 

3.qara xeybəri qətfə (yaxud qara əba),

 

4.ortası xurma lifindən toxunmuş taxt (yaxud qatları xurma lifindən olan balış),

 

5.biri yun, digəri isə xurma lifindən hazırlanmış iki ədəd Misir yorğanı,

 

6.dörd ədəd Taif malı olan içi quru otla doldurulmuş, aşılanmış dəri mütəkkə,

 

7.nazik yun pərdə,

 

8.Həcər kəndində (Bəhreyn kəndlərindəndir) istehsal edilən bir ədəd həsir,

 

9.əl dəyirmanı,

 

10.bir ədəd mis teşt,

 

11.su gətirmək üçün səhəng,

 

12.bişmiş gil kasa,

 

13.suyu sərinləşdirən xüsusi məşk,

 

14.çöl tərəfi rənglənmiş bişmiş gil kuzə,

 

15. bişmiş gildən hazırlanmış yaşıl kuzə,

 

16. bir neçə ədəd bişmiş gil bardaq.

 

Bütün bunlar alınandan sonra Əbu Bəkr və yoldaşları əşyaları Rəsuli-əkrəm(s)-in yanına gətirdilər. Peyğəmbər(s) onları əlinə götürüb o üzə, bu üzə çevirərək buyururdu:

 

Allah-təala mübarək etsin.

 

3.Toy şənliyi və toy gecəsinin təyin olunması

 

Həzrəti-Əli (ə.s) buyurur: Beləcə, bu əhvalatdan sonra Rəsuli-əkrəm(s) ilə hər gün məsciddə namaz qılıb öz evimə qayıdırdım. Lakin evlənmək barədə onunla heç bir söhbət etmirdim. Bir ay ötdükdən sonra Rəsuli-əkrəm(s)-in zövcələri mənə dedilər: İstəyirsən, biz sənin Fatimə(s.ə) ilə evlənməyin barədə Peyğəmbər(s)-lə söhbət edək.

 

Razılıq verdim. Onlar Rəsulullah(s)-ın hüzuruna getdilər. Ümmü Əymən dedi:

 

-Ey Allahın Rəsulu, elə bir iş üçün gəlmişik ki, əgər Xədicə(s.ə) sağ olsa idi, sevinərdi. Əli(ə.s) istəyir ki, həyat yoldaşını evinə aparsın. Əli(ə.s) ilə görüşü münasibəti ilə bizə və Fatimə(s.ə)-yə gözaydınlığı ver.

 

Rəsuli-əkrəm(s) buyurdu:

 

__ Bəs nə üçün Əli(ə.s) özü gəlib mənə demir? Biz gözləyirdik ki, o özü gəlsin.

 

__ Ey Allahın Rəsulu, səninlə bu barədə danışmağa həya edir.

 

Peyğəmbər(s) soruşdu:

 

__ İndi burada kim var?

 

Ümmü Sələmə Zeynəbin və bir neçə nəfərin adını sadaladı. Peyğəmbər(s) buyurdu:

 

__ Qızım və əmim oğlu üçün otaqlardan birini hazırlayın.

 

__ Hansını?

 

__ Öz otağımı.

 

Sonra həzrəti-Mühəmməd(s) qadınlara və zövcələrinə tapşırıq verdi ki, Fatimə(s.ə)-ni özunə layiq bəzəsinlər.

 

Ümmü Sələmə deyir:

 

Həzrəti-Zəhra(s.ə) sonra bir şüşədə ətir gətirdi, ondan bir az da ovcuma tökdü. Elə gözəl qoxusu vardı ki, həyatımda belə ətir görməmişdim. Dedim:

 

__ Bu gözəl ətir haradandır?

 

Buyurdu:

 

__ Dihyəyi Kəlbi (səhabədən biri) atamın hüzuruna gəldiyi vaxt atam həmişə mənə buyurardı: Ey Fatimə, əmin üçün döşəkçə gətir. Mən də döşəkçə gətirib yerə sərirdim. O da əyləşirdi. Qalxıb gedəndə libasının içindən yerə nəsə tökülürdü. Atam mənə söyləyərdi: Onları yığ. (Əlbəttə, gələn qonaq Dihyeyi Kəlbinin surətində Cəbrayıl idi).

 

Bir gün həzrəti-Əli(ə.s) Peyğəmbər(s)-dən soruşdu:

 

__ Bunlar nədir?

 

__ Ənbərdir, Cəbrayılın qanadları arasından tökülür.

 

Rəsuli-əkrəm(s) həzrəti-Əli(ə.s)-yə tapşırdı ki, toy üçün həzırlıq görsün, belə ki ət və çörəyi Peyğəmbər(s) özü, yağ və xurmanı isə, bəy almalı idi.

 

Əmirəlmöminin(ə.s) deyir ki, gedib yağ və xurma alıb Rəsuli-əkrəm(s)-in hüzuruna gətirdim. Peyğəmbər(s) qolunu çırmayıb xurmanı yağla qarışdırdı. Kök qoyun və çörəyi bizim üçün göndərdi. Sonra mənə buyurdu:

 

__Kimi istəyirsən, toya dəvət et.

 

Məscidə getdim. Məsciddə səhabədən çox adam var idi. Yarısını çağırıb, yarısını dəvət etməməkdən utandım, hündür bir yerə çıxıb dedim:

 

__Fatimə(s.ə)-nin toy məclisinə olan dəvətimi qəbul edin.

 

Hamı yeyib-içib bizə dua etdilər ki, Allah sizə bərəkət versin. Dörd mindən (4000) artıq olan qonağa yemək-içmək artıqlaması ilə çatdı. Sonra Peyğəmbər(s) kasa istədi. Kasaları gətirdilər. Kasaları doldurub zövcələrinin evlərinə göndərdi. Sonra bir kasa da götürüb dolduraraq buyurdu:

 

__Bu da Fatimə(s.ə) və əri üçün.

 

4.Zifaf gecəsi

 

Günəş qürub edəndən sonra həzrəti-Mühəmməd(s) Ümmü Sələməyə buyurdu:

 

__Fatimə(s.ə)-ni buraya gətir.

 

O, Fatimə(s.ə)-ni paltarının ətəyi yerlə sürünə-sürünə Atası(s)-nın yanına gətirdi. Utandığından xanım Zəhra(s.ə)-nın çöhrəsindən tər axırdı, buna görə də içəri girəndə ayağı büdrədi. Bu zaman Peyğəmbər(s) buyurdu:

 

__ Allah-təala səni dünya və axirət büdrəməyindən qorusun.

 

Fatimə(s.ə) Rəsuli-əkrəm(s)-in qarşısında dayananda Atası(s) onun niqabını üzündən qaldırdı. Əli(ə.s) Xanım(s.ə)-ın camalını gördü. Sonra Peyğəmbər(s) Fatimə(s.ə)-nin əlini Əli(ə.s)-nin əlinə qoyub buyurdu:

 

__ Allah-təala Peyğəmbər qızını sənə mübarək etsin. Ey Əli, Fatimə yaxşı həyat yoldaşıdır. Fatimə, Əli də yaxşı həyat yoldaşıdır. Öz evinizə gedib məni gözləyin.

 

Əli(ə.s) buyurur ki, Fatimə(s.ə)-ni evin bu biri tərəfində oturtdum. Hər ikimiz xəcalətdən başımızı aşağı dikmişdik.

 

5. Peyğəmbər(s)-in bəy və gəlini təbrik etməsi

 

Əli(ə.s) deyir ki, bir də hiss etdim ki, Peyğəmbər(s) evin qapısına yaxınlaşdı və soruşdu:

 

__Burada kim var?

 

Dedim:

 

__ Ey Allahın Rəsulu, içəri keçin.

 

Rəsuli-əkrəm(s) evə daxil olub Fatimə(s.ə)-ni yanında oturdub buyurdu:

 

__Fatimə, dur bir az su gətir.

 

Fatimə(s.ə) qalxıb bir kasa su gətirdi. Həzrəti-Mühəmməd(s) o sudan bir az Fatimə(s.ə)-nin başına səpib buyurdu:

 

__ Üzünü mənə çevir.

 

Fatimə(s.ə) üzünü ona tərəf çevirdi. Peyğəmbər(s) o sudan bir az ağzında qarqara edib yenə kasaya tökdü. Sonra o sudan bir az Fatimə(s.ə)-nin başına, sinəsinə çilədikdən sonra bir az da saçlarının arasına səpdi, belə bir dua oxudu:

 

İlahi, bu, mənə hamıdan əziz qızımdır. Allahım, bu isə (Əli(ə.s)) mənim qardaşım və mənə hamıdan əziz olan şəxsdir. Onu yer üzünə vəli və yavər qərar ver, ailəsini isə mübarək et.

 

Sonra Əli(ə.s)-yə üzünü çevirib buyurdu:

 

__ Öz ailənə yaxınlaş. Allah mübarək etsin, həm də Tanrının şükr və bərəkəti sənə olsun.

 

Başqa bir rəvayətdə Əmirəlmöminin Əli(ə.s)-nin dlindən belə nəql olunur:

 

Fatimə(s.ə) mənim evimə gələndən sonra Peyğəmbər (s) üç gün evimizə ayaq basmadı. Çərşənbə günü, sübh çağı bizə gəldi. O vaxt Əsma binti Ümeys də bizdə idi. Rəsuli-əkrəm(s) Əsmaya buyurdu:

 

__ Kişi burada ola-ola, sən niyə burada qalmısan?

 

Əsma ərz etdi:

 

__ Atam-anam sənə fəda olsun! Qız ər evinə gedəndə və zifaf mərhələsini keçirəndən sonra qadın xeylağına ehtiyac duyur. Elə buna görə də mən burada qalmışam.

 

Rəsuli-əkrəm(s) Əsmaya buyurdu:

 

__ Əsma, Allah-təala sənin dünya və axirət hacətlərini yerinə yetirsin.

 

Əmirəl-möminin Əli(ə.s.) söyləyir:

 

O gün hava çox souyq idi. Mən və Fatimə(s.ə) əbaya bürünmüşdük. Peyğəmbər(s)-in səsini eşidən zaman ayağa qalxmaq istədik. Həzrəti-Mühəmməd(s) buyurdu:

 

__ Sizi boynunuzda olan haqqıma and verirəm, mən içəri daxil olsam da, bir-birinizdən ayrılmayın.

 

Rəsuli-əkrəm(s) içəri keçib üst tərəfdə əyləşdi. O da ayaqlarını əbanın altına saldı. Mənimlə Fatimə(s.ə) o Həzrət(s)-in ayaqlarını isindirdik. Mənə buyurdu:

 

__ Kuzədə su gətir.

 

Mən bir kuzə su gətirdim. Rəsuli-əkrəm(s) suya üç dəfə üfürərək Qurandan bir neçə ayə oxudu. Sonra yenə buyurdu:

 

__ Bu suyu içib dibində bir az saxla.

 

O Həzrət(s)-in buyurduğuna əməl etdim. Peyğəmbər(s) suyun qalanını mənim başıma, sinəmə səpib buyurdu:

 

Allah-təala çirkinliyi səndən uzaqlaşdırdı və səni pak etdi, ey Əbəl-Həsən

 

6. Peyğəmbər(s)-in Fatimə(s.ə)-yə olan buyruqları

 

İmam Əli(ə.s) söhbətinin ardınca ərz edir:

 

Peyğəmbər(s) bizimlə görüşəndən sonra mənə buyurdu:

 

__ Sən çıx bayırda gözlə.

 

Mən Atası(s) ilə Fatimə(s.ə)-ni evdə qoyub çölə çıxdım. Onların arasında belə bir xüsusi söhbət baş verdi:

 

Peyğəmbər(s):

 

__ Qızım, kefin necədir? Ərini necə qəbul edirsən?

 

Fatimə(s.ə):

 

__Atacan, ərimi ən yaxşı həyat yoldaşı bilirəm, ancaq Qüreyş qadınlarından bəzisi yanıma gəlib mənə deyir ki, Rəsuli-əkrəm(s) səni yoxsul bir şəxsə ərə vermişdir.

 

Peyğəmbər(s):

 

__ Qızım, nə atan yoxsuldur, nə də həyat yoldaşın. Fatimə, məgər bilmirsənmi, Allah-təala bəşərə nəzər salanda onların arasında atanı seçib peyğəmbərliyə təyin etdi. Yerin bütün qızıl və gümüş xəzinələrini Tanrı mənim ixtiyarımda qoydu, lakin mən Allah dərgahında olan mükafatı bəyəndim (seçdim). Əziz qızım, əgər atan bildiyi şeyi sən bilsəydin, dünya sənin gözündə puç görünərdi. Allaha and olsun ki, sənin barəndə heç bir xeyir işi əsirgəməmişəm. Allah-təala sonra ərini seçdi. O zaman mənə vəhy etdi ki, səni ona ərə verib özümə canişin təyin edim. Sənin ərin İslamda hamıdan əvvəl, elmdə hamıdan səbirlidir. Qızım, Tanrımız xüsusi diqqət yetirəndə yer üzündə iki nəfər kişi seçdi__ onlardan birini sənin atan, digərini isə ərin təyin etdi. Qızım, sənin ərin yaxşı ərdir, bütün işlərdə ona itaət elə.

 

7.Peyğəmbər(s)-in Əli(ə.s) ilə söhbəti

 

Əli(ə.s) söhbətini belə davam etdirir:

 

Peyğəmbər(s) sonra məni səslədi. Mən evə keçdim. Həzrəti-Mühəmməd(s) buyurdu:

 

__ Öz evinə keç! Həyat yoldaşını sev və ona mehribanlıq göstər. Çünki Fatimə(s.ə) mənim cismimin parəsidir. Kim onu incitsə, məni incidib, kim onu sevindiribsə, məni sevindiribdir. Sizi Allaha tapşırıram. Allah sizə yar olsun.

 

Həzrəti-Əli(ə.s) buyurur: Allaha and olsun ki, Tanrım bizi ayıranadək Fatiməni heç vaxt incitmədim, bir işi görməyə məcbur etmədim. O da məni incitməmiş və mənim itaətimdən boyun qaçırmamışdır. Nə zaman ona baxsaydım, bütün qəmim, kədərim və ağrılarımı unudardım.

 

8. Kənizin əvəzində gözəl bir dua

 

Sonra Rəsuli-əkrəm(s) ayağa durub getməyə hazırlaşarkən Fatimə(s.ə) ev işlərində ona kömək etmək üçün kəniz istədi. Peyğəmbər(s) belə buyurdu:

 

__ Kənizdən daha yaxşı şey istəyirsənmi?

 

Fatimə(s.ə)-yə dedim:

 

__ De, bəli.

 

Fatimə(s.ə) də dediklərimi təkrar etdi.

 

Həzrəti-Mühəmməd(s) buyurdu:

 

__ Hər gün Allaha 33 təsbih, 33 dəfə həmd, 34 dəfə isə təkbir de. Bu təsbih min mükafatın ölçüsünə (əməllərin tərəzisində) bərabərdir. Fatimə, əgər bu təsbihatı hər gün səhər desən, Allah-təala sənin dünya və axirət istəklərini inşaallah lazımınca ödəyər.

 

Şeyx Tusi Misbahül-mütəhəccid kitabında qeyd edir ki, Peyğəmbər(s) Fatimə(s.ə)-ni zilhiccə ayının əvvəlində ərə verdi.

 

Bəzi rəvayətlərdə isə həmin günün zilhiccə ayının altısı olduğu qeyd edilmişdir.

 

(Kifayəmüt-talib səh. 296, Məcməüz-zəvaid VIII c, səh. 253, İbn Səbbac Əlfüsülül-mühümmə səh. 281, İbn Məqazəli Mənağib səh. 101, Yənabiül-məvəddət səh. 92, Əmini Əlğədir III c, səh. 23, Əlmüraciat səh. 244.)

  
Üçüncü hissə  
Peyğəmbər(s)-in vəfatından sonra Səqifə əhvalatı.  

Səqifə əhvalatını Şeyx Tusi Təlxisüş-şafi, İbn Əbil Hədid (sünnilərin məhşur alimlərindəndir) Şərhi-nəhcül-bəlağə, Əhməd ibn Əbdüləziz Cövhəri isə özünün Əssəqifə kitabında ətraflı şəkildə qələmə almışlar.

 

Onun xülasəsi belədir:

 

1.Mədinə müsəlmanlarının toplanışı

 

Rəsuli-əkrəm(s) vəfat edən kimi ənsar (Mədinə müsəlmanları) Bəni-Saidə səqifəsində (üstü örtülü yığışma mərkəzi) toplandı. Səd ibn Ubadəni (Xəzrəc tayfasının başçısı) Peyğəmbər(s)-in xəlifəsi və müsəlmanların rəhbəri təyin etməkdən ötrü evindən səslədilər. Xəstə olduğundan onu elə yatağındaca oraya gətirdilər. Səd ibn Übadə nitq söyləyib xalqı onu rəhbər seçməyə çağırdı.

 

Oradakıların hamısı (ənsarlardan) onun dəvətini qəbul etdikdən sonra öz aralarında söhbətə başladılar ki, əgər mühacirlər (Məkkə müsəlmanları): Rəsuli-əkrəm(s)-lə biz birgə hicrət etmişik və elə Peyğəmbər(s)-in ilk səhabələri də biz olmuşuq, bundan əlavə o Həzrətin qohumları bizik, bəs belə olan surətdə nə üçün Rəsuli-əkrəm(s)-in vəfatından sonra xilafət və hökumət işlərində bizimlə çəkişirsiz?-deyə soruşsalar, o zaman nə cavab verəcəyik deyə düşündülər.

 

Onlardan bir qrupu dedi ki, biz belə etiraz edərik: Bir başçı siz seçin və bir başçı da biz seçək. Bu təklifdən başqa heç bir təklifi qəbul etmərik. Səd ibn Ubadə Mədinə müsəlmanlarının bu söhbətini və tərəddüdünü eşidəndə dedi: Bu, süstlüyün başlanğıcı və beyətə qarşı olan ilk müxalifətçilikdir. (İbn Əbil Hədid Şərhi-Nəhcül-bəlağə VI c, səh. 6)

 

2.Ömər və Əbu Bəkrin iztirabı və Əbu Bəkrin nitq söyləməsi

 

Ömər ibn Xəttab bu məsələni eşitdikdə Əbu Bəkr üçün xəbər göndərdi ki, tez evdən çıxıb yanıma gəl. Əbu Bəkr isə cavabında: Hələ işim var. Sonra gələrəm,-dedi.

 

Ömər ikinci dəfə Əbu Bəkrə xəbər göndərdi ki, elə bir hadisə üz vermişdir ki, sən gərək orada olasan, hökmən gəl.

 

Əbu Bəkr qalxıb Ömərin yanına getdi. Ömər onu görən kimi dedi:

 

__ Məgər bilmirsən ki, mədinəlilər Bəni-Saidə səqifəsində yığışıb istəyir ki, xilafəti Səd ibn Ubadəyə tapşırsın? Onların arasında ən yaxşı və sayılan şəxslərin təklifi bu idi ki, bir nəfər biz, bir nəfər də siz tərəfdən seçilməlidir.

 

Əbu Bəkr qorxuya düşdü. Ömərlə birlikdə tələsik səqifəyə gəldilər. Əbu Übeydeyi Cərrah da onlarla birgə idi. Səqifəyə daxil olanda orada çoxlu adam gördülər. Ömər deyir:

 

__ Mənim fikrimdə olan söyləyəcəyim sözlərin hamısını Əbu Bəkr öz nitqində söyləyəcək.

 

O, Allaha həmd və şükr edəndən sonra yenidən sözünə başladı:

 

Böyuk Allah Mühəmməd(s)-i xalqa peyğəmbərlik, risalət və hidayət etmək üçün seçmişdi. Onu öz ümmətinə şahid etdi ki, ümməti yeganə olan Allaha sitayiş edib hər növ şirkdən uzaqlaşsın. Bir halda ki, adamlar özləri üçün cürbəcür allahlar seçib onlara pərəstiş edirdilər. Belə başa düşürdülər ki, bu məbudlar öz pərəstişkarlarını şəfaət edib onlara mənfəət yetirəcək, amma həqiqətdə isə onlar daşdan və ağacdan yonulmuşdular.

 

Sonra o, sözünə davam edərək bu ayəni oxudu:

 

Allahdan başqa elə şeylərə pərəstiş edirlər ki, nə onlara ziyanı, nə də onlara bir xeyri var. (Yunis, 18).

 

Öz ata-babalarının dinini tərk edib atmaq ərəblərə ağır gəldiyindən Allah-təala Peyğəmbər(s)-i təsdiq edib ona iman gətirmək imtiyazını Həzrət(s)-in qəbiləsindən olan ilk mühacirlərə nəsib etdi. Onlar fədakarlıqla onu himayə edərək çətin bir şəraitdə müşriklərin əzab və əziyyətinə səbirlə qatlaşdılar. Mühacirlər Yer üzündə Allaha və Peyğəmbər(s)-ə iman gətirib ona pərəstiş edən ilk şəxslər olmuşlar. Mühacirlər Peyğəmbər(s)-in dostlarından və xanədanından olanlardır. Peyğəmbər(s)-dən sonra rəhbərlik etməyə ən layiqli adamlar da məhz onlardır. Hər kim bu barədə onlara müxalif çıxsa, zülmkardır. Siz, ey mədinəlilər, onların dindəki üstünlük və islamdakı qabaqcıllığını inkar edən deyilsiniz. Allah-təala sizi dinin və Peyğəmbər(s)-in köməkçiləri kimi qəbul edib Rəsuli-əkrəm(s)-in mühacirətini sizə tərəf yönəltdi. Peyğəmbərin zövcələrindən və səhabələrindən çoxu sizlərdəndir. Əvvəlki mühacirlərdən sonra heç kim bizim yanımızda sizin qədər əziz ola bilməz. Rəhbər bizdən, vəzir isə sizdən seçilsin. Biz sizinlə məşvərət etməkdən boyun qaçırmarıq.

 

3.Başqa bir əshabın söhbəti

 

Əbu Bəkrin nitqindən sonra Mədinə müsəlmanlarından Hübab ibn Munzir ibn Cumuh ayağa qalxıb dedi:

 

__ Ey Mədinə müsəlmanları, öz qərarınızda möhkəm dayanın, çünki xalq sizin sayənizdə başını dolandırır. Heç kimin sizinlə müxalifətçilik etməyə haqqı yoxdur. Sizin icazəniz olmadan bir nəfər də rəhbəriyyətə sahib çıxa bilməz. İzzət və əzəmət sahibi, eləcə də çoxluq təşkil edən, güclü və möhtərəm olanlar sizlərsiniz. Xalq sizin qərarınızla ayaqlaşır. Buna görə də bir-birinə qarşı etiraz etməyin ki, bütün işləriniz korlanar. Əgər onlar (mühacirlər) dediyim sözləri qəbul etməsələr, onda bizim qərarımız budur ki, bir nəfər sizdən, bir nəfər də bizdən rəhbər seçilsin.

 

Bu zaman Ömər ibn Xəttab qalxıb dedi:

 

__ Heyhat! Heç vaxt iki qılınc bir qında yerləşməz. Mühacirlər razı olmazlar ki, siz mədinəlilər onların rəhbəri olasınız. Ona görə ki, Peyğəmbər(s) sizin qəbilənizdən deyildir, ancaq ərəblər həzrəti-Mühəmməd(s)-in mənsub olduğu qəbilənin rəhbərliyinə etiraz etməz. Peyğəmbər(s)-ə məxsus olan rəhbərlik məqamını ələ keçirmək üçün bizimlə döyüşən kimdir? Bir halda ki, biz Rəsuli-əkrəm(s)-in dostlarından və onun qohumlarındanıq.

 

Bu vaxt Hübab ibn Münzir yenə ayağa qalxıb cavab verdi:

 

-Ey mədinəlilər, öz sözünüzün üstündə möhkəm durun. Bu şəxsin (Ömər) və əshabının sözünü qəbul etməyin ki, sizi fikrinizdən döndərməsinlər. Əgər müxalif olsalar, onları öz şəhərimizdən qovun. Çünki xilafətə siz layiqsiz. Onları Mədinədən çıxartmaq sizin qılıncınızdan asılıdır. Xalq bu işdə sizinlə əlbir və sizə arxadır. Mən bu yolda möhkəm və yıxılmaz bir sütun kimi dayanmış, dəvələrin yatağında öz çirkin bədənlərini qaşımaq üçün basdırılmış dirək kimi (xilafət işlərini qaydaya salmaq üçün) müqavimət göstərərəm. Mən heç kimdən qorxmayan şir ürəkli bir adamam. Allaha and olsun! Əgər istəsəniz, mən onun (Ömərin) qollarını arxasına çataram.

 

Ömər ibn Xəttab dedi:

 

__ Onda Allah səni öldürsün.

 

Hübab cavab verdi:

 

__ Allah səni öldürər..

 

Bu zaman Əbu Übeydeyi Cərrah məclisdəkiləri sülhə çağırdı:

 

__ Ey Mədinə müsəlmanları! Siz Peyğəmbər(s)-ə (Mədinədə) kömək edən ilk şəxslər olmuşsunuz. Barı indi İslam hökumətini bir-birinə vurmaqda birinci olmayın.

 

Noman ibn Bəşirin atası Bəşir ibn Səd irəli çıxıb: Ey mədinəlilər! Bilin ki, Mühəmməd(s) Qüreyş qəbiləsindəndir. Onun qohum-əqrabası o Həzrət(s)-ə daha yaxındır. Məni xilafət məsələsində onlarla müxalif bilməyin, __ deyə söylədi.

 

4.Əbu Bəkrin qərarı və ona beyət

 

Bu vaxt Əbu Bəkr ayağa durub təkrar etdi:

 

__Bu, Ömər və Əbu Übeydiyyədir. Onlardan birinə __ hansına istəyirsiniz, beyət edin.

 

Ömərlə Əbu Übeydə dedilər:

 

__ Allaha and olsun ki, xilafətə gəlmək üçün səndən qabağa keçmərik. Sən mühacirlərin ən yaxşısı, dinin ən gözəl qanunu olan namazın bərqərar olunmasında Peyğəmbər(s)-in canişinisən. İndi əlini uzat ki, biz sənə beyət edək.

 

Əbu Bəkr Ömərə və Əbu Übeydeyə beyət etmək üçün əlini uzatdıqda Bəşir ibn Səd: Əbu Bəkrə beyət etməsəniz, Xəzrəc tayfası onunla əlbir olacaq,__ deyə onları qabaqladı.

 

Bu vaxt adamlar hər tərəfdən gəlib Əbu Bəkrə beyət edirdilər. Bu arada öz yatağındaca xəstə-xəstə bura gətirilmiş Səd ibn Übadə az qaldı ki, ora yığışanların ayaqları altında qalıb tapdansın. O, ucadan qışqırdı:

 

__ Məni öldürdünüz.

 

Ömər dedi:

 

__ Sədi öldürün. Allah öldürsün onu.

 

5.Sədin Ömərə münasibətinin soyuması və ona beyətdən imtina etməsi

 

Bu zaman Sədin oğlu (Qeys ibn Səd) sıçrayıb Ömərin saqqalından tutaraq hədələdi:

 

__ Ey döyüşlərdən qorxub qaçan, camaat içində gizlənib özünü şir kimi aparan Səhhakın oğlu. Allaha and olsun! Əgər Sədin başından bir tük belə əksik olsa, səni elə günə salarıq ki, üzünün sümüyü görsənər.

 

Əbu Bəkr Ömərə:

 

__ Sakit ol, güzəşt elə, çünki güzəştə getmək yaxşı və bəyənilmişdir.

 

Səd ibn Übadə Ömərə dedi:

 

__ Ey Səhhakın (Ömərin nənəsi olan Həbəşistanlı kəniz) oğlu! Allaha and olsun! Əgər xəstə olmasaydım, ayağa qalxmağa taqətim olsaydı, səni və Əbu Bəkri Mədinənin küçələrində süründürərdim. O vaxt olsaydı, nənəmin qorxusundan Mədinədən qaçardınız. Sizin hər ikinizi elə tayfaya qatardım ki, nəinki başqaları sizə tabe olmazdı, əksinə, özünüz onların qarşısında zəlil və müti olardınız. Ey xəzrəclilər, məni bu çuxurdan qaldırın.

 

Onlar Sədi yatağından qaldırıb evə apardılar. Sonra Əbu Bəkr Səd üçün xəbər göndərdi ki, xalq mənə beyət etdi, sən də beyət et.

 

Səd dedi:

 

__ Allaha and olsun! Oxum qurtarmayana və nizəmlə sizi al qana boyamayana qədər sizə beyət etmərəm. Nə qədər ki əlimdə qılınc var, sizinlə döyüşəcəyəm. Allaha and olsun! Cinnü-ins yığışsa, mən sənə beyət etməyəcəyəm.

 

Sədin sözünü Əbu Bəkrə yetirdilər. Ömər dedi:

 

__Heç bir çarə yoxdur, o beyət etməlidir.

 

Bəşir ibn Səd Ömərə belə məsləhət verdi:

 

__ Ömər, Səd ölənə qədər də beyət etməyəcəyək. Əgər o öldürülsə, Ovs və Xəzrəc tayfalarının hər ikisi onunla bir öləcəklər. Onu öz ixtiyarında qoyun. Sədin evdə oturmağı sizin işinizə xələl yetirməz.

 

Ömər və onun həmfikirləri Bəşirin sözünü qəbul edib, Sədi öz başına buraxdılar.

 

Səd ibn Übadə onların namazında iştirak etmir, ziddiyyətli məsələlərdə qəzavət etmək üçün onların yanına getmirdi. Əgər arxası olsaydı, onlarla döyüşərdi. O, Əbu Bəkrin xilafəti dövründə beləcə dövran keçirirdi. Əbu Bəkrdən sonra Ömər ibn Xəttab xilafət başına gələndə də Səd bu minvalla öz yolunu (beyət) etməmək) davam etdirirdi. Ömərlə üzləşməmək üçün Şama tərəf gedərək bir müddət sonra Ömərin xilafəti zamanında Həvəran ölkəsində onların heç birinə beyət etmədən dünyadan köçmüşdü. Gecə vaxtı Sədi oxla vurub öldürmüşdülər. Şəhərdə onun cin tayfası tərəfindən öldürülməsi şayiəsi yayılmışdı.

 

6. Sədin cinlər tərəfindən öldürülməsinin saxta dastanı.

 

Məşhur tarixçi Bilazəri yazır ki, Ömər ibn Xəttab Xalid ibn Vəlidlə Məhəmməd ibn Müslimeyi Ənsariyə Səd ibn Übadəni öldürmələri barədə göstəriş vermişdi. Nəticədə, onların hər biri Sədə bir neçə ox ataraq onu öldürmüşdülər. Sonra xalq arasında belə şayiə yaydılar ki, guya Sədi cinlər öldürüb və adamların dilinə bu şeri saldılar (ki, cinlər deyir): Xəzrəc tayfasının rəisi Səd ibn Übadəni biz öldürdük. Ona iki ox atdıq, oxlar xətaya uğramayıb onun ürəyinə batdı.

 

7. Səqifə əhvalatı barəsində İbn Əbil Hədidin söylədiyi başqa bir rəvayət

 

İbn Əbil Hədid də məşhur mənbələrə istinad edərək belə yazır: Elə ki Peyğəmbər(s) dünyadan köçdü, mədinəlilər ibn Übadənin ətrafına yığışdı. Əbu Bəkr, Ömər və Əbu Übeydə də onların yanına getdilər. Ənsardan olan Hübab ibn Münzir dedi: Gəlin bir nəfər bizdən və bir nəfər də sizdən seçilsin. Allaha and olsun, biz xilafət barəsində sizə paxıllıq etmirik. Yalnız bundan qorxuruq ki, sizdən sonra atalarını, oğullarını və qardaşlarını öldürdüyümüz şəxslər bizə hakim kəsilib hökmranlıq edələr (Bəni- Üməyyə kimi).

 

İbn Əbil Hədid yazır:

 

Bu rəvayəti Əbu Cəfər Yəhya ibn Məhəmməd Ələvi üçün danışanda dedi: Mən Hübab ibn Münzirin fərasət və uzaqgörənliyini təsdiqləyirəm. Elə onun söylədiyi və qorxduğu şey də oldu. O vaxt Yəzid ibn Müaviyə Hicrətin 63-cü ilinin zilhiccə ayında (təxminən 643-cü il miladi) Mədinədə baş verən qanlı Hərrəh hadisəsində Bədr döyüşündə öldürülmüş müşriklərin qanını Mədinə müsəlmanlarından aldı. (Bu hadisə İbn Müaviyənin vasitəsilə baş vermişdi. Mədinə müsəlmanlarından 10 000 nəfərdən çoxu kütləvi surətdə qırılmışdı. Hübab ibn Münzir də hakimiyyət başına belələrinin gəlməyindən qorxurdu.

 

Rəsuli-əkrəm(s) də müşriklərin qanını tökmüşdü və bilirdi ki, əgər qızı və qızının övladları zülmkar hakimlərin hökmranlığı altına keçsəydilər, dəhşətli xətərə məruz qalacaqdılar, buna görə də həmişə hakimiyyəti özündən sonra əmisi oğluna (Əli(ə.s)-yə) vəsiyyət edirdi ki, Əhli-beyti bu xətərlə üzləşməsin. Əgər xilafətə Peyğəmbər(s)-in itrəti keçsəydi, Əli(ə.s) və Əhli-beyti həmişə amanda qalacaqdı, lakin qəza və qədər, zalım hakimlərin tamahı ona müsaidə etmədi. Hər şey elə alt-üst oldu ki, həzrəti-Mühəmməd(s)-in övladlarının aqibətinin necə olduğundan özün də xəbərdarsan.

  
Əli(ə.s) və Bəni- Haşimin Səqifə toplanışında olmaması 

Böyük alim Şeyx Müfid (413 h.c.,993 miladi) öz İrşad adlı kitabında belə yazır:

 

Peyğəmbər(s) vəfat edəndən sonra İmam Əli(ə.s) onun mübarək bədəninə qüsl verib kəfən tutmağa və dəfn işləri ilə məşğul idi. Nəhayət, Əli(ə.s)-nin və Bəni-Haşimin iştirakı olmadan Əbu Bəkrin xilafəti bərqərar oldu. Beləliklə də, Mədinə müsəlmanlarının arasına ixtilaf düşdü, lakin Məkkənin fəthində azad olmuşlar dəstəsi və Peyğəmbər(s)-in qəlblərini satın almaq üçün İslama daxil olmalarına icazə verdiyi şəxslər xilafət məsələsinin təxirə düşməsini istəmirdilər. Ona görə Bəni-Haşimin başı işdən açılmamış məsələni bitmiş hesab edib Əbu Bəkri xəlifə seçdilər, çünki o, Səqifə toplanışında idi və plan da onun məqsədinə uyğun qurularaq tamamlanmışdı.

 

2.Əli(ə.s)-nin söhbəti

 

Rəvayət olunmuşdur ki, Əbu Bəkrə beyət edilmə mərasimi sona yetən kimi bir nəfər həzrəti-Əli(ə.s)-nin hüzuruna gəlib gördü ki, o Həzrət əlində bel Rəsuli-əkrəm(s)-i qəbrini hamar edir. Söylədi:

 

__ Camaat Əbu Bəkrə beyət etdi. Mədinəlilərin arasında ixtilaf düşdüyündən onlar xilafət məsələsində məğlub oldular. Tüləqa (Məkkənin Fəthində azad olmuşlar) sizin xəlifə olmağınızdan qorxaraq qabağa düşüb tez bu kişiyə (Əbu Bəkrə) beyət etdi.

 

Həzrəti- Əli(s) beli yerə söykəyib buyurdu:

 

Mehriban və bağışlayan Allahın adı ilə. Əlif lam mim. Elə bilirlər ki, iman gətirdik deyib öz başlarına buraxılarlar və imtahan olunmazlar? Biz onlardan qabaqkıları imtahan etdik. Gərək Allahın elmi yalan və doğru deyənlərin barəsində həqiqəti aşkara çıxarsın. Günah iş görənlər elə bilirlər ki, bizim qüdrətimizin çərçivəsindən uzaqlaşa biləcəklər? Necə də nahaq qəzavət edirlər?

 

3.Əbu Süfyanın təklifinin rədd olunması.

 

Əbu Süfyan Peyğəmbər(s)-in evinə gəlmişdi. Əli(ə.s) və Abbas (Peyğəmbər(s)-in əmisi) ona baxdılar ki, görsünlər nə deyir və bunun istədiyi nədir? Əbu Süfyan bir şer oxudu: (şerin məzmunu təxminən belədir.)

 

Ey Bəni-Haşim xanədanı, başqalarını öz xilafətiniz barədə tamaha saldırmayın, əsasən də Təym ibn Mərrə (Əbu Bəkr) və Ədiyy (Ömər) tayfalarını. Xilafət siz Bəni-Haşimindir və sizə də qayıdacaqdır, xüsusilə Əbülhəsən Əli(ə.s)-nindir. Ey Əbülhəsən, xilafət vasitəsilə öz arxanı möhkəmlət. Çünki ümid bəslədiyin xilafətə sən layiqsən.

 

Sonra o, ucadan dedi:

 

__ Ey Bəni- Haşim, Ey Əbdül Mənaf övladları, siz razısınızmı, Əbu Süfyan alçaq oğlu alçaq sizin hakiminiz olsun? Allaha and olsun, əgər istəsəniz, süvari və piyadadan ibarət bir qoşun hazırlayaram ki, onları sıxışdırıb çıxararlar.

 

Əli(ə.s) onun çirkin niyyətindən xəbərdar olduğundan Əbu Süfyana dedi:

 

__ Çıx get! Çünki Allaha and olsun, dediyin sözlər Allaha görə deyildir. Sən həmişə İslamı parçalamaq və zərər yetirmək fikrində olmusan. Biz Rəsuli-əkrəm(s)-i torpağa tapşırmaqla məşğul idik. Hər kəs öz əməlinin mükafatını alacaq. Allah-təala zəhmət çəkənlərə kömək edər.

 

Əbu Süfyan pisniyyətli və fürsətdən istifadə etmək fikrində olduğundan məyus olub oradan birbaşa məscidə getdi. Bəni-Üməyyə tayfasının məsciddə yığışdığını görüb onları xilafəti ələ almağa çağırdı. Bəni-Ümməyə də Əbu Süfyanın ardınca getdi. Beləliklə, elə bir fitnə qalxmışdı ki, hamı ona düçar olmuş, cürbəcür bəhanələr ortaya çıxmışdı. Şeytan hökmranlıq sürürdü. Zalımlar əl-ələ vermişdilər. Möminlər isə xar və pərişan olmuşdular. Budur, Allah kəlamının batini mənası:

 

Fitnədən qorxun ki, təkcə sizin zülmkarlarınıza yetişmir. (Əksinə, hamını əhatə edir.) (Ənfaq, 25).

 

4.Şeytansifətin təhrikləri

 

Böyük alim şeyxi-əcəll və əqdəm Übeydullah ibn Abdulla Əsəd Abadi Əlmuqniu fil imaməti kitabında yazır ki, burada Səqifə əhvalatının incəliklərini araşdırıb aydınlaşdırsaq, görərik ki, onlar vəliyyi-əmrin və sahibi-həqqin haqqını əlindən almaq üçün nə qərara gəldidər. Tarixçilər və tarixi şəxsiyyətlərin həyatını yazanlar demək olar ki, hamısı belə qənaətə gəlmişlər:

 

Hadisə zamanı Əmirəl-möminin Əli(ə.s) Peyğəmbər(s)-in müqəddəs vücudunu dəfn etməklə məşğul idi. Mühacir, ənsar, Qüreyşin bir qrup üzvləri hakimiyyətlə əlaqədar həzrəti-Əli(ə.s) və Bəni-Haşim tərəfindən hansısa bir hadisənin baş verəcəyini gözləyirdilər. İblis Səqif tayfasından olan Müğeyrə ibn Şöbə adlı çəpgöz bir kişinin surətində zahir olub onlara dedi:

 

__ Nəyi gözləyirsiniz?

 

Dedilər:

 

__ Gözləyirik ki, Bəni-Haşim öz işini qurtarsın.

 

İblis dedi:

 

__ Gedin öz işinizi görün ki, tamamlansın. Allaha and olsun, əgər Bəni-Haşim tayfasının Peyğəmbər(s)-i dəfn edib qurtarmasını gözləsəniz, onların təsiri altına düşəcəksiniz. Xilafət işi isə Rum qeysərləri və İran kəsraları qaydasında davam edəcəkdir. Bundan əlavə bir müddət bundan qabaq Qureyşdən bir neçə nəfər məktub yazıb Əbu Ubeydiyeyi Cərraha söz veriblər. O məktubda belə şərt kəsiblər ki, əgər Rəsuli- əkrəm (s) vəfat etsə və yaxud öldürülsə, Bəni-Haşimin hakimiyyətini qəbul etmərik ki, nübüvvət və xilafət yenidən onlarda cəmlənməsin.

 

Sonra həmin iblis (Müceyrə) mədinəlilərin yanına gedib onları da hakimiyyəti ələ keçirməyə təhrik etdi.

 

Ənsarlar Bəni-Saidə səqifəsinə yollandılar.

 

5.Əbu Züveyb Həzəlinin qəribə xəbərləri

 

Übeydullah Əsəd Abadi sözünə davam edib deyir ki, Bəsrə əhlindən olan Əbül-Həsən ibn Zənci Müğəvi 433-cü hicri qəməri ilində (təxminən 1013-cü il miladi) mənə Əbu Züveyb Həzəlidən eşitdiyi bir qəziyyəni söyləmişdi:

 

Biz Mədinədən uzaqda idik. Rəsuli-əkrəm(s)-in xəstəlikdən yatağa düşməsi xəbərini eşitdikdə pərişan olub, o gecəni çətinliklə başa vurduq. Çox narahat idik. Mən yuxuya və qarışıq xəyallara qərq olmuşdum. Birdən səhərə yaxın eşitdim ki, Hatifi belə deyir:

 

İslamda böyük bir hadisə baş vermişdir. İslam parçalamışdır. Xurmalıqlar arasında və bütlərin şəhərində (yəni Mədinədə) Rəsuli -əkrəm (s) vəfat etdi. Gözlərimiz o Həzrətin vəfatının müsibətinin faciəsindən yaş tökür.

 

Əbu Züveyb deyir: Yuxudan hövlank ayıldım. Səmaya baxanda Sədi-zabih adı ilə tanınmış ulduzdan başqa bir şey görmədim. Belə yozdum ki, ərəb tayfaları arasında ölüm-itim olacaq. Başa düşdüm ki, bu gecə Rəsuli- əkrəm (s) bu dünyadan köçübdür. Ayağa qalxdım. Dəvəmə minib Mədinəyə sarı yola düşdüm. Artıq hava işıqlaşmağa başlamışdı. Bir şey görmək üçün ətrafıma baxırdım ki, ondan məna yozum. Birdən səhrada ağzında kiçik bir ilan ovlamış yekə bir tısbağa gördüm. İlan qıvrılır, tısbağa isə onu yavaş-yavaş çeynəyirdi. Tısbağa ilanı yeyib qurtardıqdan sonra mən bu hadisəni belə yozdum ki, yəqin Rəsuli-Əkrəm(s)-in canişininə etiraz edib ondan üz çeviriblər. İlanın yeyilməsindən ağlıma xilafətin yeyilməsi mənası gəldi (başqalarının əlinə keçir).

 

Dəvəmi tələsik sürüb mədinəyə yetişdim. Gördüm, Mədinə əhli əza və ah-naləyə qərq olubdur. Hacıların ehramda ağladıqları kimi hönkür-hönkür ağlayırlar. Nə baş verdiyini soruşanda Rəsuli-Əkrəm(s)-in vəfat etdiyini söylədilər.Elə ki bu xəbəri eşitdim, məscidə tərəf getdim. Məsciddə heç kimi görməyib Peyğəmbər(s)-in evinə yollandım. Qapı bağlı idi. Dedilər, Allahın Rəsulu(s) vəfat edib, mübarək peykərini kəfənə tuturlar. Qüsl vermək üçün təkcə Əhli-beyti onun yanındadır. Soruşdum ki, bəs camaat haradadır?

 

Mənə belə cavab verdilər:

 

__ Camaat Bəni-Saidə səqifəsində mədinəlilərin toplanışna gedib.

 

Mən özümü Səqifəyə yetirdim. Əbu Bəkr, Ömər, Müqeyrə, Əbu Übeydeyi-Cərrah və Qureyşdən olan daha bir neçə nəfəri orada gördüm. Mədinəlilərin arasında Səd ibn Dilhəm və onların şairi Həssan ibn Sabiti də orada əyləşən gördüm. Qureyş və ənsarla xilafət barəsində söz açdım. Heç birindən haqqı eşitmədim. Sonra Əbu Bəkrə beyət etdilər.

 

Daha sonra Əbu Züveyb gəldiyi yolla da geri qayıtdı. O, Osmanın xilafəti zamanında dünyadan köçmüşdü.

 

6. Səqifə mərsiyələrində şerlər

 

Adı çəkilən alim (Übeydullah Əsəd Abadi) yenə yazır ki, Nabiğeyi-Cuda evindən çıxıb Peyğəmbər(s)-in vəfatından sonra camaatın vəziyyətini xəbər aldı. İmran ibn Həsi Səqifə toplanışı barədə ona şerlə cavab verdi. Şerin məzmunu təxminən belədir:

 

Əgər mən özümü o qalmaqal arasında tanısaydım, bir qurbanlıq kəsərdim. (Vəziyyət bu qədər qarışmışdı).

 

Nabiğə soruşdu:

 

__ Həzrəti Əbülhəsən Əli (ə.s) neyləyir?

 

Ona cavab verdilər:

 

__ O, Rəsulallah(s)-ın mübarək cənazəsini dəfn etməklə məşğuldur.

 

O zaman Nabiğə bir şer oxudu.Məzmunu belədir:

 

Bəni-Haşim xanədanından olan bu əslə (yəni qabaqdan saçı tökülmüş) kişiyə__ Əli(ə.s)-yə deyin ki, xilafətin hörülmüş ipini açdın(yəni əldən verdin).Sən Qureyşin başçısısan. Dünən sənə möminlərin əmiri kimi salam verirdilər (Qədir-Xum əhvalatı), bu gün isə öz əhdlərinə vəfa etmədilər. Təym ibn Mərrə övladları (Əbu Bəkr və s.) əhd-peymanı pozub cəhənnəm atəşinə layiq oldular. O (Əli (ə.s)) isə sabah__ qiyamət günü onlarla düşmənçilik edəcək.

 

Səqifə əhvalatının baş verdiyi gün mədinəlilərin bayraqdarı Noman ibn Zeyd aşağıdakı şeri oxuyaraq İslamda baş vermiş bu ixtilafa görə ağlayırdı. O, insanların Peyğəmbər (s)-ə qarşı çıxmalarına çox təəssüf edib belə deyirdi:

 

Ey İslamın ölüm xəbərini verən, ayağa qalx, İslamın əzasına otur. Çünki xeyir ölmüş, onun yerini isə şər tutmuşdur. Qüreyş və Kəb tayfaları üçün qəbul edib rəhbər seçdikləri şəxsdən başqa bir ö ək yoxdur. Şəxsiyyətini tanımadıqları halda Əli (ə.s) kimi simanı hakimiyyətdən uzaqlaşdırdılar. Əli(ə.s)-nin vücudu gunəş kimi örtülməz. Onun Allahın qüdrəti ilə yüksələn qiymətli və Tanrı dərgahında böyük məqamı olan bayrağı heç vaxt bükülməz. Onlar istəyirlər ki, Əli(ə.s)-nin nurunu örtməklə zülmətlərini gizlətsinlər, lakin heç vaxt buna nail olmayacaqlar.

 

Əli (ə.s) döyüşlərdə Qüreyşin sərdarı, onların faruqu (yəni haqqı batildən ayıranı) və siddiqdir. O, Qureyşə sevinc bəxş etmişdir.

 

Xilafəti bütün eniş və yoxuşlarda Allaha təkbir söyləyib namaz qılan Əli(ə.s)-nin əlindən almağı namaz qılmayan və təkbir deməyən ziyan verənlər (münafiqlər) bunu dinin məsləhəti sandılar. Məhv olsun onlar ki, şeytana uyub yollarından azdılar!

 

Həmin gün Ütbət ibn Əbu Süfyan ibn Əbdül Mütəllib bu məzmunda şer oxudu:

 

Əmr sahibi, rəhbər Peyğəmbər(s)-dən sonra həzrəti-Əli(ə.s)-dir, çünki o, həmişə həzrəti-Mühəmməd(s)-lə bir yerdə olmuş, sevincini, kədərini bölüşmüş Peyğəmbər(s)-in yavəri idi. Əli (ə.s) Rəsuli-əkrəm(s)-in həqiqi vəsisi və kürəkəni idi. O, Peyğəmbər (s) ilə namaz qılan və İslamı qəbul edən ilk şəxsdir.

 

Peyğəmbər(s)-in əmisi Abbas o gün bu şeri oxudu:

 

Bəni-Haşimdən olmayan, lakin Bəni-Haşimə göstəriş verən insanlara təəccüb edirəm. Bəni-Haşim Peyğəmbər(s)-in zümrəsindəndir. Başqa tayfalar hörmətdə, rəftar və alicənablıqda ona tay deyillər.

 

Ütbət ibn Əbi Ləhəb də şer oxudu:

 

Bəni-Təym tayfası (Əbu Bəkr) xilafəti zülmlə ələ keçirərək Əli(ə.s)-ni onun üçün qabaqcadan təyin olunmuş rəhbərlikdən uzaqlaşdırdı, Əli(ə.s)-nin Peyğəmbər(s)-ə olan qohumluğuna hörmət etməyib, onun elmi məqamına (onun rəhbərliyinin əsas şərtidir) diqqət qoymadılar.

 

Übadət ibn Samitin oxuduğu şer belə idi:

 

Niyə bu kişilər Əli(ə.s)-ni ona layiq olan xilafət məqamından uzaqlaşdırdılar.? Məgər başqalarına görə xilafət Əli(ə.s)-yə məxsus deyildimi?

 

Bəni-Cəhm xanədanından olan Əbdürrəhman Hənbəlin baş vermiş hadisələrə şerlə münasibəti:

 

Allaha and olsun! Lazım idi ki, dinin müdafiəçisi, iffət və izzətdə məşhur, paklığa müvəffəq olmuş, alicənab, doğruçu, imanda hamıdan qabaq olan Əli(ə.s)-yə beyət edəydiniz. Həmin Əbül Həsənə, Əli(ə.s)-yə beyət edin ki, o, eyibli, bu məqama layiq olmayan şəxsin tayı deyildir. O, yeganə insandır ki, hamıdan ilkin Allah üçün namaz qılıb, təqva yolunu tutmuşdur. Belə olan halda (əgər Əli(ə.s)-yə beyət etsəniz) siz yolunuzu azandan sonra hidayət yoluna qayıdıb parçalanmağınıza səbəb olan səhvləri düzəldərsiniz. Əli(ə.s) sizə çətinliklərdə hamıdan çox kömək edəcək. O, Fatimə binti Əsədin oğludur.

 

Zəfər ibn Haris ibn Hüzeyfiyeyi Ənsari də onlara qoşulmuşdu:

 

Əli(ə.s)-nin ətrafında birləşib ona kömək edin, çünki o, Rəsuli-əkrəm(s)-in rəhbər təyin etdiyi möhtərəm şəxsdir. Əgər onu tək qoysanız, xoşagəlməz hadisələri aradan qaldırmaq üçün bir şəxs tapılmaz.

 

Əbu Süfyan Səxr ibn Hərb ibn Üməyyə də belə deyirdi:

 

Ey Haşim oğulları, niyə Əhməd(s)-in mirası sizin əlinizdən ip yeyən tayfanın əlinə keçdi? Ey Əbdül mənaf xanədanı, aranızda ləyaqətli şəxslər ola-ola, necə bu gördüyüm şeylərə razı olursunuz? Xilafəti əldə saxlamaqda möhkəm durun. Bizə və bizim köməyimizə inanın. Vəzifə sahiblərindən hansı biri sizə tay ola bilər? Nə vaxtdan Bəni-Təym qəbiləsinin qibləsi sizə yaxın olmuşdur? Bəli, Təym və Ədiyy tayfaları biri-birinə bərabərdirlər. Lakin siz onlardan layiqli və üstünsünüz. Qureyşin böyük və izzətli məqamından sonra Təym tayfasının qapısını işıqlandırdılar. Döyüşsüz, qılıncsız onların qarşısında kiçiklik etdilər. Təəssüflər olsun, onların bu qələbəsinə ki, onları həmişə dövlət və sərvətlə məcruh, həm də qalib edəcəkdir.

 

Xəzimət ibn Sabit də baş verənlərə dərindən təəssüflənərək söyləyirdi :

 

Mən xilafətin Bəni-Haşimin əlindən çıxaraq Əli(ə.s)-dən alınmasını güman etmirdim. O, Quran və sünnəti hamıdan çox bilmirmi? Əli(ə.s) Rəsuli-əkrəm(s) vəfat edənə qədər o Həzrətlə qalan axırıncı şəxs deyildimi ki, sonra Cəbrayıl Peyğəmbər(s)-ə qüsl verməkdə və kəfənə tutmaqda ona kömək etdi? Qoy biz onu xilafətdən uzaqlaşdıranı tanıyaq. Bilin və agah olun ki, sizin başqalarına beyət etməyiniz bağışlanılmaz səhvdir.

 

Xəzimət ibn Sabitin Ayişəyə xitab olunan şerindən:

 

Ayişə, Əli(ə.s)-də eyib axtarma. Sən anasan. Əli(ə.s) artıq Rəsuli-əkrəm(s)-in rəhbər təyin etdiyi və o Həzrətin Əhli-beytinin üzvlərindən biridir. Sən xəbərdarsan ki, Rəsuli-əkrəm(s) xanədanında Əli(ə.s)-ni öz vəsisi təyin etdi.

 

Noman ibn Əclan Ənsari Əmr ibn Ası danlayanda Şəqifə barəsində aşağıdakı şeri söyləmişdir:

 

Dediniz ki, Səd ibn Übadəni xəlifə seçmək haramdır, lakin siz Ömərin oğlunun azad etdiyi Əbu Bəkrin xəlifə seçilməyini halal bildiniz. Əli(ə.s) rəhbəriyyətə daha layiqli şəxs ola-ola, xilafətə Əbu Bəkri seçdiniz. Bu, bir növ, Əli(ə.s)-ni təhqir etmək kimi bir şeydir. Belə böyük vəzifəyə təkcə Əli(ə.s) layiqdir, ey nadanlıq yolunu gedən, Ömər As!

  
Əli(ə.s)-nin mədinəliləri müdafiə etməsi və Həssanın şerləri.  

Übeydullah Əsəd Abadi öz Əlmuqniu fil imamə adlı kitabında yenə də yazır:

 

Əbu Bəkr xilafətdə möhkəmlənib Səqifədən məscidin ətrafında olan evlərə tərəf gələndə, Ömər As Əbu Bəkrə tərəfdarlıq etmək məqsədilə Mədinə camaatını danlayıb alçaq, ləyaqətsiz kimi sözlər deyərək təhqir edirdi. O, İslama qarşı olan kin və nifrətini Peyğəmbər(s)-in vaxtında gizlədirdi. İndi fürsətdən istifadə edib bu düşmənçiliyi aşkar etmişdi. Bu xəbər Əli(ə.s)-yə çatanda məscidə gəlib minbərə çıxdı, Mədinə müsəlmanlarının fəzilətlərindən və onların şəninə nazil olmuş Quran ayələrindən misallar çəkib buyurdu:

 

Hamı gərək mədinəlilərin (ənsar) haqqını tanıyıb onlara ehtiram eləsin.

 

Xalq Həssan ibn Sabitdən (mədinəlilərin məşhur şairi) Əli(ə.s)-nin fəzilətləri, İslamda olan xidmətləri barədə də şer yazmağını tələb edirdi. Onlar Səqifədə Əli(ə.s)-yə qarşı çıxdıqlarından peşman olmuşdular. Həssan ibn Sabit də aşağıdakı şeri oxumuşdu:

 

Allah-təala biz tərəfdən Əli(ə.s)-yə xeyir, mükafat versin. Mükafat Allahın əlindədir. Əbülhəsən Əli(ə.s)-nin tayı-bərabəri varmı? Səndə olan fəzilətlərə görə Qüreyşdən qabağa keçdin. Sənin qəlbin geniş və sınaqdan çıxmışdır.

 

Onlardan bəzisi sənin məqamının arzusundadır. Arıq, zəif bir adamın kök və qüvvətli bir rəqiblə döyüşə girməsi nə qədər ağılsızlıqdır.

 

Sən hər yerdə və hər məkanda İslamı himayə etməkdə su ilə dolu kəndirli quyu qabına bənzəmisən (yəni İslam su ilə dolu quyu kimi, sən də quyudan su çıxaran qab və kəndir kimisən ki, xalqı İslamın elm və fəzilətləri ilə sirab etmisən).

 

Ömər As fəzilət və təqvanı bir kənara atıb dərdləri artıranda sən bizə görə düşmənlərimizə qarşı çıxdın. Sən Ləvvi ibn Qalib sülaləsindən olub həm indi və həm də gələcəkdə xalqın ümidisən. Allahın Rəsulu(s)-nu (s) və Əhli-beytini qorudun, onun bizimlə olan əhd-peymanını hifz etdin. O Həzrət(s) səninlə əhd bağlamışdı. Bu rəhbəriyyətə kim səndən daha layiqdir? Məgər sən xalqı hidayət etməkdə Rəsuli-əkrəm(s)-in qardaşı deyilsənmi? Sən o Həzrət(s)-in vəsisi, Quran və Peyğəmbər sünnətini hamıdan daha yaxşı bilən deyilsənmi? Buna görə nə qədər ki, Nəcd və Yəmən torpağında həyat vardır, sənin haqqın bizim boynumuzda böyük və əzizdir.

  
Əbu Bəkrin Üsaməyə məktubu və onun cavabı.  

İmamətin Peyğəmbər(s)-dən sonra Əli(ə.s)-yə məxsus olması və onun haqqının qəsb olunmasını iddia etməyin dəlillərindən biri də Əbu Bəkrin Səqifə hadisəsindən sonra Üsamə ibn Zeydə yazdığı məktubudur. Üsamə ibn Zeyd düşmən təcavüzünün qarşısını almaq üçün Şama göndərilən qoşunun həzrəti-Mühəmməd(s) tərəfindən təyin olunmuş sərkərdəsi idi. Peyğəmbər(s) buyurmuşdu ki, hər kim Üsamənin əmrindən boyun qaçırsa, günahkardır. Səqifə əhvalatına gəldikdə isə Üsamə Rəsulullah(s) vəfat etdikdə, eləcə də Səqifə toplantısı zamanı Mədinədə deyildi. O, Şama getmək üçün qoşunla Mədinə yaxınlığında yerləşən Cürf torpağında idi.

 

Əbu Bəkrin Üsaməyə yazdığı məktubun məzmunu belədir: Rəsuli- əkrəm (s)-in xəlifəsi Əbu Bəkrdən Üsamə ibn Zeydə.

 

Müsəlmanlar mənə pənah gətirərək məni xəlifə seçdilər. Beləliklə, Peyğəmbər(s)-dən sonra camaat məni rəhbərliyə qəbul etdi. Mənim məktubum sənə çatan zaman sən də başqa müsəlmanlar kimi gəlib mənə beyət et. Ömər ibn Xəttabın sənin qarşında olan məsuliyyətini boynundan götürürəm, qoy o, mənim yanımda olsun. Çünki mənim Ömərə ehtiyacım var. Bu əmrlərimi yerinə yetirdikdən sonra Rəsuli-əkrəm(s)-in tapşırdığı cəbhəyə gedərsən.

 

Məktub Üsaməyə yetişdikdən sonra Əbu Bəkrə belə cavab yazdı: Peyğəmbər(s)-in azad olunmuş qulu Üsamə ibn Zeyddən Əbu Bəkr ibn Əbi Quhəfəyə.

 

Məktubun mənə yetişdi. Lakin onun əvvəli ilə sonu ziddiyyət təşkil edir. Məktubun əvvəlində yazmısan ki, mən Peyğəmbər(s)-in xəlifəsiyəm, sonra belə iddia edirsən ki, müsəlmanlar sənin ətrafında birləşib səni özlərinə xəlifə seçdilər. Əgər belədirsə, onlar gərək sənə məsciddə beyət edəydilər, nəinki Bəni-Saidə səqifəsində.

 

Sonra da Ömər ibn Xəttaba ehtiyacın olduğuna görə ona ordudan boyun qaçırmağına icazə verməyimi məndən tələb edirsən. Lakin bil və agah ol ki, o, özbaşına mənim icazəm olmadan ordudan boyun qaçırdı. Mənə də yaraşmaz ki, kiminsə hərbi qanunu pozmağına icazə verəm, çünki Rəsuli-əkrəm(s) mənə öz rəhbərliyim altında səfərbərlik və hərəkət əmrini vermişdir. Elə hər ikiniz qanunu pozmusunuz. Peyğəmbər(s)-in də əmrindən boyun qaçırmaq istər sağlığında olsun, istərsə də vəfatından sonra fərqi yoxdur, hər ikisi eyni surətdə xilafdır. Sən yaxşı bilirsən ki, həzrəti-Mühəmməd(s)-in sizin barənizdə olan rəyi və əmri sizin özünüz barədə fikirləşdiyinizdən daha üstündür. Sizin niyyətinizdən Peyğəmbər(s) xəbərdar idi, ona görə də o Cənab(s) məni sizə rəhbər təyin edibdir, sizi mənə rəhbər təyin etməyib. Peyğəmbər(s) ilə müxalifətçilik münafiqliq və ikiüzlülükdür...

 

Müəllif yazır: Biz Əbu Bəkrin məktubunu və Üsamənin cavabını Üyunül bəlağə fi ünsil hazir və nəqələtül müsafir adlı kitabda öz geniş təfsilatı ilə xatırlatmışıq. Burada isə yalnız bir hissə ilə kifayətlənirik.ı

  
Səqifə hadisəsi ilə əlaqədar təhqiqat və araşdırmalar.  

1.Peyğəmbər(s)-in dəfn mərasimində bir çoxlarının iştirak etməməsi

 

Məşhur sünni alimi İbn Əbdül Birr İstiab adlı kitabında belə yazır: Peyğəmbər(s) vəfat edən günü camaat Bəni-Saidə səqifəsində Əbu Bəkrə beyət etdi, amma ümumi beyət həzrəti-Mühəmməd(s)-in vəfatından bir gün sonra çərşənbə axşamı günü baş vermişdi. Xəzrəcli və qureyşlilərin bəzisi Əbu Bəkrə beyət etməkdən boyun qaçırmışdılar.

 

Şeyx Müfid(böyük şiə alimi, təxminən 993-cü il miladi,413-cü il hicri-qəməri) öz İrşad kitabında belə yazır:

 

Mühacir və ənsarların əksəriyyəti xilafət üstündə aralarına düşən ixtilafa görə Rəsuli-əkrəm(s)-in dəfn mərasimində iştirak edə bilmədi, elə buna görə də onlar Peyğəmbər(s)-in cənazəsinə meyit namazı qılmaqdan məhrum oldular. O gecə Fatimə(s.ə): Vasəvə səbah, yəni bu gün nə pis gündür, bu gün atamı əldən verdim,__ deyib fəryad çəkərək səhəri açmışdı.

 

Böyük alim Seyyid ibn Tavus (664-cü il Hicri-qəməri, təxminən 1244-cü il miladi) öz Kəşfül-məhəccə adlı kitabında övladına müraciət edərək deyir:

 

Əhli-sünnə kitablarında və Təbərinin yazdığı kitabda rast gəldiyim qəribə şeylərdən biri də budur ki, Peyğəmbər(s)-in bazar ertəsi vəfat etməsinə baxmayaraq, onu çərşənbə günü (yaxud gecəsi) dəfn etdilər, yəni iki və ya üç gün dəfn mərasimi təxirə salındı. (Başqa bir rəvayətdə belə nəql olunur ki, o Həzrət(s)-in cənazəsi üç gün yerdə qalıb sonra dəfn olunmuşdu.) İnsanların başı xəlifə seçkisində çəkişmələrə qarışmışdı. Cəddin Əli(ə.s)o Cənab(s)-ın cənazəsindən ayrılmır, meyit namazından qabaq da cənazəni dəfn edə bilmirdi, çünki onu öldürə, Əli(ə.s) Peyğəmbər(s)-imizi vaxtından qabaq dəfn etmiş və ya həzrəti-Mühəmməd(s) başqa yerdə dəfn olunub__ bəhanəsi ilə Həzrət(s)-in mübarək cənazəsinə ehtiramsızlıq göstərib, o müqəddəs Vücudun qəbrini eşib çölə çıxara bilərdilər. Allah-təala Peyğəmbər(s)-i ölüm yatağında qoyub xəlifə təyin etməyə məşğul olanları öz rəhmətindən uzaq etsin. Baxmayaraq ki, xilafətin əsli, kökü Peyğəmbər(s)-in nübuvvət və hökuməti ilə bağlı idi. Ey övladım, Allaha and olsun! Mən hələ də başa düşə bilmirəm ki, onların ağlı, vicdanı, həzrəti-Mühəmməd(s)-in yaxşılıq və mehribanlığı müqabilində necə yol verdi ki, Peyğəmbər(s)-in müqəddəs məqamına belə cəsarət etdilər?!

 

Bu barədə Zeyd ibn Əli (Zeyd dördüncü İmam həzrəti- Zeynalabdin(ə.s)-in oğludur) çox gözəl demişdir:

 

Allaha and olsun! Əgər onların Peyğəmbər(s)-ə heç bir yaxınlıq və qohumluğu olmadan xilafətə keçmək imkanları olsaydı, o Həzrətin peyğəmbərliyindən üz döndərib onu inkar etməkdən belə çəkinməzdilər.

 

Sonra Seyyid ibn Tavus yenə deyir:

 

Peyğəmbər(s)-in haqlarından biri də budur ki, ölümündən sonra, xüsusilə vəfat edən günü bütün müsəlmanlar ən yaxşı libaslarını (əzadların geydikləri qara paltarlar kimi) geyib qumun üstündə oturaydılar. Bu gün yemək-içməkdən imtina edib hamı qadınlı__kişili mərsiyə (növhə) oxuyub əzadarlıq edəydilər. Çünki o gün müsəlmanlar üçün ən müsibətli bir gün idi.

 

2.Səqifə Bura ibn Azibin nəzərindən

 

İbn Əbil Hədid və Süleym ibn Qeys Bura ibn Azibdən belə nəql edirlər:

 

Mən həmişə Bəni-Haşimin dostlarından və tərəfdarlarından olmuşam. Peyğəmbər(s) vəfat edəndə xilafətin başqalarının əlinə keçməsindən çox narahat idim. Bir tərəfdən də Həzrət(s)-in vəfatı məni çox kədərləndirirdi. Tələsik dəli kimi gah Peyğəmbər(s)-in evinə gedib Əhli-beytinin Rəsuli-əkrəm(s)-ə başı qarışdığını görür, gah da Səqifəyə gələrək insanların xəlifə təyin etməkdə bir-birilə necə çəkişdiklərinin şahidi olurdum. Ənsarlar mühacirlərə üstün gəlmək, mühacirlər isə ənsarlara hakim olmaq istəyirdilər. Bu çəkişmə yatdıqdan bir müddət sonra tayfa böyükləri Öməri və Əbu Bəkri görmədim. Qəfil birindən eşitdim ki, bütün müsəlmanlar Səqifədədirlər. Bir başqası isə: Əbu Bəkrə beyət etdilər,__ söyləyir. Bir az ötmüşdü ki, gördüm, Əbu Bəkr, Ömər və Əbu Übeydə əyinlərinə qəşəng libaslar geymiş, bir dəstə ilə gəlirlər. Yolda kiminlə qarşılaşırdılarsa, aldadıb istər-istəməz Əbu Bəkrin yanına gətirərək əlini əlinə verib beyət etdirirdilər. Bu mənzərəni müşahidə etdikcə az qalırdım ki, dəli olam. Çox bikef halda Peyğəmbər(s)-in evinə üz tutdum. Haşim övladları o Həzrətin ölümü ilə əlaqədar qapını bağlamışdılar. Qapını möhkəm döyüb qışqırdım: Camaat Əbu Bəkrə beyət edir.

 

Peyğəmbər(s)-in əmisi Abbas dedi: Qiyamətə qədər əliniz qısaldı. (Daha qiyamətə qədər bir xeyir görməyəcəksiniz, çünki müsəlmanlar Peyğəmbər(s)-ə qulaq asmayıb xilafəti əyri yola sürüklədilər).

 

3.Bəni-Haşimin beyət etməsi

 

Ehticac adlı kitabın müəllifi Əllamə Təbərsi və İbn Qüteybə Əlimamətu vəssiyasət kitabında belə qeyd edirlər ki, əmirəl-möminin Əli(ə.s) həzrəti-Mühəmməd(s)-in dəfn mərasimindən sonra kədərli halda gəlib məsciddə oturmuş, Bəni-Haşimdən olanlar da onun ətrafında yığılmışdı. Zübeyr ibn Əvam da Əli(ə.s)-nin yanında idi. Məscidin digər tərəfində isə Bəni-Üməyyə tayfası Osmanın ətrafına yığışmışdı. Başqa bir tərəfdə isə Bəni-Zöhrədən bir dəstə Əbdürrəhman ibn Uffun ətrafında dövrə vurub oturmuşdu. Beləcə müsəlmanlar bir neçə dəstəyə bölünərək məsciddə əyləşmişdilər. Bu vaxt Əbu Bəkr, Ömər və Əbu Übeydeyi Cərrah məscidə daxil olub dedilər:

 

__ Niyə sizi ayrı-ayrı dəstələrdə oturmuş görürəm? Ayağa qalxıb Əbu Bəkrə beyət edin.

 

Mədinəlilər və başqaları ona beyət ediblər. Osman və Əbdürrəhman ibn Uf öz tərəfdarları ilə ayağa qalxıb Əbu Bəkrə beyət etdilər. Həzrəti-Əli(ə.s) və Bəni-Haşimin nümayəndələri məsciddən çıxaraq Əli(ə.s)-nin evində yığışdılar. Zübeyr də onlarla idi.

 

Ömər aralarında Əsid ibn Xəzri və Səlmət ibn Səlamə olmaqla beyət edənlərdən bir dəstə ilə Əli(ə.s)-nin evinə gəldikdə Bəni-Haşimin burada yığışdığını görüb onlara dedi:

 

__ Hamı Əbu Bəkrə beyət edib, siz də beyət edin.

 

Zübeyr ayağa qalxıb qılıncını siyirdikdə Ömər əmr etdi:

 

__Bu iti zərərsizləşdirib onun şərini başımızdan uzaq edin.

 

Səlmət ibn Səlamə Zübeyrin üstünə yüyürüb qılıncı onun əlindən qapdı. Ömər qılıncı Səlmətdən alaraq yerə o qədər döyəclədi ki, qılınc sındı. Sonra Bəni-Haşimi araya alaraq məscidə__ Əbu Bəkrin yanına aparıb dedilər: Allaha and olsun! Əgər beyətdən boyun qaçırsanız, sizi qılıncla mühakimə edəcəyik.

 

Bəni-Haşim özünün belə çıxılmaz vəziyyətə düşdüyünü gördükdə bir-bir qabağa gəlib Əbu Bəkrə beyət etdi.

 

4.Əli(ə.s)-nin evinə hücum və Fatimə(s.ə)-nin cavabı

 

Əllamə Təbərsi Ehticac kitabında Abdulla ibn Əbdürrəhman ibn Ufdan belə nəql edir:

 

Ömər ibn Xəttab ətəyini möhkəm bağlayıb Mədinənin küçələrini gəzə-gəzə qışqırırdı ki, hamı Əbu Bəkrə beyət etdi, Əbu Bəkrə beyət etməyə tələsin. Camaat çarəsiz qalıb gedib Əbu Bəkrə beyət edirdi. Ömərə xəbər verdilər ki, bəziləri öz evlərində gizlənib beyətdən boyun qaçırır. Belə olduqda Ömər adamları ilə gizlənənlərin evlərinə hücum çəkib, hamını məscidə yığaraq Əbu Bəkrə beyət etdirdi. Bu hadisədən bir neçə gün ötdükdən sonra o, od-alov istəyib dedi:

 

__ Ömərin canı onun əlində olan Allaha and olsun ki, ya gərək Əli(ə.s) evdən çölə çıxsın, ya da evə içindəkilərlə birgə od vuracağam.

 

Yanındakılardan bəziləri ona belə etiraz etdi:

 

__ Bu Evdə Rəsuli-əkrəm(s)-in qızı Fatimə(s.ə), Peyğəmbərin nəvələri Həsənlə Hüseyn(ə.s), həzrəti-Mühəmməd(s)-in izləri vardır. Sən bu evə od vuracaqsan?!

 

Ömər işi belə görüb dedi:

 

__ Siz nə danışırsınız? Məqsədim qorxutmaqdır.

 

İmam Əli(ə.s) xəbər göndərdi ki, mən evdən çölə çıxa bilmərəm, çünki sizin kənara atdığınız Quranı yığıb tənzimləməklə məşğulam. Sizin dünyaya olan bağlılığınız başınızı qarışdırıbdır. Mən and içmişəm ki, Quranı yığıb nizama salmamış çiynimə əba atıb çölə çıxmayacağam.

 

Bu vaxt Peyğəmbər(s)-in qızı Fatimə(s.ə) evdən çıxıb qapıda toplaşanların qarşısında buyurdu: Mən sizin kimi bədrəftar bir tayfa görməmişəm. Siz Rəsuli-əkrəm(s)-in cənazəsini bir tərəfə qoyub, öz aranızda işlərinizi həll etdiniz (xilafət məsələsini bizimlə məsləhətləşmədən öz aranızda çözdünüz), lakin bizimlə heç məşvərət də etmədiniz. Haqqımızı görməzliyə vurdunuz. Elə bil, heç Qədir-Xum əhvalatından xəbəriniz yoxdur. (Sibt ibn Əlcuzi Hənəfi Təzkirətül xəvas səh. 30; Zeyni Dehlan Sireyi həlbiyə III c, səh. 257, Sireyi-nəbəviyyə; Sireyi-hələbiyyə III c, səh. 3; Əllamə Əmini Əlğədir I c, səh. 9).

 

Təbərani Əlmöcəmül-kəbir kitabında alicənab səhabə Hüzeyfə ibn Əsid Cəffarinin söylədiklərini qeyd etmişdir:

 

Rəsuli-əkrəm(s) vida həccindən qayıdanda səhabənin Bətha adlanan bir yerdə ağacların altında oturmasına mane oldu. Sonra əmr verdi ki, ağacların altını kol-kosdan təmizləsinlər. O Həzrət namaz qılıb ayağa qalxdı, buyurdu:

 

__ Ey müsəlmanlar, Allah-təala mənə xəbər vermişdir ki, hər bir peyğəmbər özündən qabaqkı peyğəmbərin ömrünün yarısı qədər yaşayacaqdır. Mənə elə gəlir ki, mən də tezliklə bu dünyadan köçməli olacağam. Bilin və agah olun ki, mən də, siz də hamılıqla məsuliyyət daşıyırıq. Bəs siz nə deyirsiniz?

 

Dedilər:

 

__ Şəhadət veririk ki, sən çalışdın, nəsihət verdin və Allahın dinini təbliğ etdin. Allah sənə əcr versin.

 

Bu zaman həzrəti-Muhəmməd(s) buyurdu:

 

__ Allahın təkliyinə, Mühəmmədin onun rəsulu olmağına, Cənnətin, Cəhənnəmin, ölümün, dirilməyin, Qiyamət gününün və ölülərin yenidən dirilməsinin haqq olmağına şəhadət verirsinizmi?

 

__ Bəli, bunların hamısına şəhadət veririk.

 

Peyğəmbər(s) dedi:

 

__ İlahi, şahid ol. Ey müsəlmanlar, Allah-təala mənim mövlamdır. Mən də möminlərin mövlası və onlara canlarından əziz olan bir adamam. Elə isə hər kimin mövlasıyamsa, bu Əli(ə.s) də onun mövlasıdır. İlahi, onun dostları ilə dost, düşmənləri ilə düşmən ol. (Mənbələr: İbn Əsakir Tarixi-Dəməşq II c, səh. 50, Xarəzmi Hənəfi Mənaqib səh. 94, İmam Əhməd ibn Hənbəl Müsnəd IV c, səh. 281, İbn Səbbağ Maliki Mühibbəddin Zəbəri Zəxairül-Üqba səh. 67, Fəzailül-xəmsə I c, s.-350, Zəhəbi Tarixi-islam II c, səh. 197, Xacə Hənəfi Elmül-kitab səh. 161, Zərəndi Hənəfi Nəzli-dürərüs-simtin səh. 109, Qunduzi Hənəfi Yənabiul-məvəddə səh. 30,31, 249, Təfsiri- Razi Şafei III c, səh. 63, İbn Cuzi Təzkirətul-xəvas səh. 29, Mişkatül-məsabih III c, səh. 246, Əbqatül-Ənvar I c, səh, 258, Həmvuni Fəraidüs-simtin I c, səh. 77, Əlmüraciat II c, Təhqiqi-Şeyx Hüseyn Razi səh. 177).

 

O, sonra buyurdu:

 

__ Ey müsəlmanlar, mən sizdən qabaq gedirəm. Siz mənimlə Bəsrə və Səna (Yəməndə şəhər) arasındakı məsafə böyüklükdə bir hovuzun yanında görüşəcəksiniz. O hovuzda ulduzların sayı qədər gümüş camlar vardır. Mənimlə görüşəndə sizə tapşırdığım qiymətli səqəleyn (Quran və pak Əhli-beyt) barədə sizdən sual edəcəyəm. İndi başa düşün ki, onunla necə rəftar etməlisiniz. Allahın kitabı səqli-əkbərdir. Onun bir tərəfi Allahın əlində, digər bir tərəfi sizin əlinizdədir. Ondan möhkəm yapışın. Onu alçaldıb təhrif etməyin. Səqli-əsğər mənim itrətim-Əhli-beytimdir. Çünki Allah-təala mənə xəbər vermişdir ki, bu iki şey bir-birindən ayrılmazlar. (İbn Hücr Heysəmi Şafei Əssə Şafei Əli ibn Əbitalibin tərcümeyi-halı, Tarixi-dəməşq II c, səh. 45, Müttəqi Hindi Kənzul-ümmal, I c, səh. 168, Əmini Əlğədir I c, səh. 26,27, Əbqatül-Ənvar 12 cildli kitab, I c, səh. 31,32, Həkim Termezi Şafei Nəvadirul-Əhval səh. 289, Yənabiul müvəddə səh. 37)

 

Zeyd ibn Ərqəmi deyir ki, Rəsuli-əkrəm(s) vida həccindən qayıtdıqda Qədir-Xumda dayanıb buyurdu: Mən Allah tərəfindən dəvət olunmuş və bu dəvəti qəbul etmişəm. Lakin sizin aranızda biri digərindən böyük iki şey qoyub gedirəm: birincisi, Quran; ikincisi, Əhli-beytimdir. Ona görə diqqət edin ki, məndən sonra onlarla necə rəftar edəcəksiz. Çünki onlar mənə kövsər hovuzunda yetişənə qədər bir-birindən ayrılmazlar. Daha sonra o Həzrət belə buyurdu: Allah-təala mənim mövlam, mən də möminlərin mövlasıyam. Bu vaxt Əli(ə.s)-nin əlini tutub buyurdu: Mən hər kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. İlahi, onun dostları ilə dost, düşmənləri ilə düşmən ol. (Nisai Xəsis səh. 32, Əmini Əlbədir I c, səh. 30, Müttəqi Hindi Kənzül-Ümmal V c, səh. 91, Əbqatül-Ənvar I c, səh. 117,121,144,152,161).

 

Büra ibn Azib deyir ki, Rəsuli-əkrəm(s) ilə vida həccindən qayıdırdıq. Qədir-Xum da miniklərimizdən düşdük. Zöhr namazını qılandan sonra o Həzrət Əli(ə.s)-nin əlini tutub soruşdu:

 

__ Məgər mən möminlərin canından onlara daha əziz deyiləmmi? Dedilər:

 

__ Bəli, əlbəttə, əzizsən.

 

O buyurdu:

 

__ Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, onun dostları ilə dost, düşmənləri ilə düşmən ol.

 

Sonra Ömər ibn Xəttab Əli(ə.s)-yə dedi:

 

__ Mübarək olsun, ey Əbu Talibin oğlu! Sən hər bir imanlı kişi və qadının mövlası oldun. (Təbəri Zəxairül-üqba səh. 67, Fəzailül-xəmsə I c, səh. 350, Təbəri Şafei Ərriyazün-nəzərə II c, səh. 23, İbn Səbbağ Maliki Əlfüsülul-mühümmə səh. 24, Əlhavi siyutti I c, səh. 176, İbn Əsakir Tarixi-Dəməşq II c, səh. 47, Bilazəri Ənsabül-Əşraf II c, səh. 215, Xarəzmi Mənaqib səh. 94, Əmini Əlğədir I c, səh. 38,41.)

 

Səd ibn Vəqqas deyir: Eşitdim, Peyğəmbər(s) Əli(ə.s)-nin əlindən tutub xütbə oxudu. Allaha həmd və səna edəndən sonra buyurdu:

 

__ Ey müsəlmanlar, mən sizin mövlanız deyiləmmi?

 

Dedilər:

 

__ Bəli, əlbəttə, bizim mövlamızsan.

 

Sonra Əlinin əlini yuxarı qaldırıb byurdu:

 

__ Bu mənim canişinimdir. Mənim dinimi əda edir. Mən onun dostları ilə dost, düşmənləri ilə düşmənəm. (Xəsaisun-nisa səh. 101, Fəzailul-xəmsə I c, səh. 365, İbn Əsir Əlbi-dayə vənnahiyə V c, səh. 212, Əmini Əlğədir I c, səh. 38,41.)

 

Yenə Səd ibn Vəqqas söyləyir ki, biz həzrəti-Mühəmməd(s) ilə birgə idik. Qədir-Xuma yetişdikdə hamı dayandı. Qabaqda olanlar geriyə qayıtdı, arxada qalanlar isə gəlib bizə yetişdilər. Elə ki hamı bir yerə yığışdı, Peyğəmbər(s) buyurdu:

 

__ Ey müsəlmanlar, sizin mövlanız kimdir?

 

Cavabında üç dəfə dedilər:

 

__ Allah və Rəsulu.

 

Sonra Əli(ə.s)-nin əlini tutub yuxarı qaldırdı və buyurdu:

 

__ Allah və Rəsulu kimin mövlasıdırsa, Əli də onun mövlasıdır. İlahi, ona dost olanlarla dost, düşmən olanlarla düşmən ol. (Xəsaisün-nisa səh. 101, Fəzilül-Xəmsə I c, səh. 365, Təbəri Ərriyazün-nəzərə II c, səh. 282).

 

Qədir-Xumda olanların hamısı Peyğəmbər(s)-in məqsədini başa düşüb anlamışdılar. Rəsuli-əkrəm(s)-in xəlifəsinin yanına gedib bu böyük ilahi nemətin ona verilməsi münasibətilə onu təbrik də etdilər. Təbrik edənlərdən biri də Ömər ibn Xəttab idi. O dedi:

 

__ Mübarək olsun, mübarək olsun, ey Əli ibn Əbitalib. Sən mənim və hər bir müsəlmanın mövlası oldun.

 

(İbn Əsakir Tarixi-Dəməşq III c, səh. 75, Mənaqibi-ibn Məğazəli səh. 81, 24, Mənaqibi-Xarəzmi səh. 94, Xətib Bağdadi Tarixi-Bağdad VIII c, səh. 290, Hüskami Şəvahidüt-tənzil I c, səh. 158, Cəzami Sirrül-aləmin səh. 21, İhqaqül-həqq VI c, səh. 256, Əmini Əlğədir I c, səh. 132, Fəraidüs-simtin I c, səh. 77). İkinci dəfə dedi: Mübarək olsun ey Əbu Talib oğlu, sən hər bir imanlı qadın və kişinin mövlası oldun. (İbn Səbbağ Əlfüsülül- mühümmə səh. 24, Əlhaviyi-Siyuti I c, səh. 122, Zəxairul-Üqba səh. 67, Fəzailül-xəmsə I c, səh. 350, Zəhəbi Tarixül-islam II c, səh. 197, Xacə Hənəfi Elmül-kitab səh. 161, Nəmzi dürərüs-simtini Zərəndi səh. 109, Qunduzi Yənabiül-məvəddə səh. 30,31, 249, Təfsiri-Fəxr-Razi III c, səh. 63).

 

Əbu Hüreyrə deyir ki, kim zilhiccə ayının 18-i oruc tutsa, Allah-təala altmış ayın savabını onun nameyi-əmalına yazar. O gün zilhiccənin 18-ci günü həzrəti-Mühəmməd(s) Qədir-Xumda Əli(ə.s)-nin əlini tutub dedi:

 

__ Mən kimin mövlasıyamsa, Əli(ə.s) də onun mövlasıdır. İlahi, onun dostlarına dost, düşmənlərilə isə düşmən ol. Onun dostlarına kömək ol.

 

Bu zaman Ömər ibn Xəttab dedi:

 

__ Mübarək olsun, ey Əbu Talib oğlu! Sən mənim və müsəlmanların mövlası oldun.

 

(Tarixi-ibn Əsakir II c, səh. 75, Hakim Hüskani Şəvahidüt-tənzil I c, səh402, Xətib Bağdadi Tarixi-Bağdad VIII c, səh. 290, Həməvəyni Fəraidüs-simtin I c, səh. 77, bab-13, Mülhəçül- Müraciat səh. 192, 193).

 

Əli(ə.s)-nin beyət etməsi barədə əhl-təsənnün alimlərinin dediklərindən:

  
1.İbn Qüteybə Deynəvərinin nəzərindən beyət 

İbn Qüteybə Deynəvəri adı ilə məşhurlaşmış Əbu Məhəmməd Abdulla ibn Qüteybə Deynəvəri böyük sünni alimlərindənlir. O, 12-ci İmamın qeybəti-suğra zamanında yaşamış və 322-ci hicri qəməri, 902-ci miladi ilində vəfat etmişdir. O, özünün Əlimamətu vəs-siyasət kitabında Əli(ə.s)-nin Əbu Bəkrə beyət etməkdən imtina etməsi barədə belə yazır:

 

Sonra Əli(ə.s)-ni: Mən Allahın qulu və Rəsuli-əkrəm(s)-in qardaşıyam, __ deyə-deyə Əbu Bəkrin yanına gətirdilər.

 

Bir nəfər o Həzrətə dedi:

 

__ Əbu Bəkrə beyət et.

 

Həzrəti-Əli(ə.s) buyurdu:

 

__ Mən rəhbər olmağa sizdən daha çox layiqəm. Sizə beyət etmərəm. Siz gərək mənə beyət edəsiz. Xilafəti ələ keçirib, onu mədinəlilərdən aldınız. Dəliliniz də bu oldu ki, guya Peyğəmbər(s)-in qohumlarındansınız. Siz xilafəti biz Əhli-beytdən qəsbkarlıqla qəsb etmisiniz. Mədinə müsəlmanlarına belə sübut gətirmədinizmi ki, guya Peyğəmbər(s)-in qohumları olduğunuzdan xilafətə daha layiqsiniz? Nəticədə, onlar da məhz buna görə xilafətdən əl çəkib onu sizə təslim etmədilərmi? İndi Mədinə müsəlmanlarına gətirdiyiniz dəlili mən sizə gətirirəm. Mən Rəsuli-əkrəm(s)-in həm sağlığında, həm də vəfatından sonra o Həzrətə ən yaxın şəxs olmuşam və varam. Əgər imanınız varsa, bizimlə insaflı davranın, yoxdursa, eləcə zülmkarlığınızda qalın.

 

Ömər o Həzrətə dedi:

 

__ Səni Əbu Bəkrə beyət etməmiş buraxmarıq.

 

Həzrəti-Əli(ə.s) ona buyurdu:

 

__ Bu gün işləri Əbu Bəkr üçün möhkəm düzəlt ki, sabah xilafəti sənə qaytarsın. Ömər, Allaha and olsun ki, ona heç vaxt beyət etməyəcəyəm.

 

Əbu Bəkr dedi:

 

__ Əgər beyət etməsən, mən səni güclə məcbur edə bilmərəm.

 

Bu zaman Əbu Übeydə Cərrah da belə söylədi:

 

__ Ey əmioğlu, sən cavansan, bunlar (Əbu Bəkr, Ömər) isə sənin qəbilənin ağsaqqallarıdır. Sən bunlar kimi təcrübəli deyilsən. Mənim nəzərimcə, Əbu Bəkir xilafətə daha çox layiqdir, çünki onun hakimiyyət işlərində olan bilik və bacarığı səninkindən daha çoxdur. Buna görə də xilafəti Əbu Bəkrə ver. Əgər ömür vəfa etsə, sonra sən xəlifə olarsan. Elm, fəzilət, təcrübə, böyük təqva və əxlaq sahibi, Peyğəmbər(s)-ə yaxın olduğuna görə xəlifəlik məqamına hamıdan çox sən layiqsən!

 

Həzrəti-Əli(ə.s) belə buyurdu:

 

__ Allahı, Allahı nəzərinizə gətirin, ey mühacirlər! Mühəmməd(s)-in hakimiyyətini ərəblər arasında onun evindən öz evlərinizə aparmayın. Peyğəmbər (s) xanədanının məqamını əlindən almayın. Onların hüququnu tapdalamayın.

 

Ey mühacirlər, Allaha and olsun! Rəsuli-əkrəm(s)-in Əhli-beyti olduğumuz üçün xilafətə hamıdan çox bizim haqqımız çatır.

  
2.Mədinəlilərdən yardım 

İbn Qüteybə sözünü bu məqama yetirib yazır ki, həzrəti-Əli(ə.s) axşamlar Fatimə(s.ə)-ni dəvəyə mindirərək Mədinə müsəlmanlarının evinə gedir, müraciət edirdi. Fatimə(s.ə) ənsardan yardım istədikdə onlar belə cavab verirdilər: Ey Peyğəmbər(s)-in qızı, biz daha bu kişiyə beyət etmişik. Artıq iş-işdən keçmişdir. Əgər əmin oğlu (Əli(ə.s)) Əbu Bəkrdən qabaq bizə desəydi, onun hakimiyyətini qəbul edərdik.

 

Həzrəti-Əli(ə.s) onların cavabında belə söylədi: Mən Rəsuli-əkrəm(s)-in cənazəsini hələ dəfn etməmiş gəlib sizin aranızda hakimiyyət davası etməliydim?

 

Fatimə(s.ə) də Mədinə əhlinin vəfasızlığından şikayətlənib demişdi:

 

__ O gecə Əbül-Həsən (Əli(ə.s)) atamın dəfn mərasimində qalmalıydı, amma siz ənsar və mühacirlər elə bir iş tutdunuz ki, Allah qarşısında cavab verməli olacaqsınız.

 

İbn Qüteybə Əli(ə.s)-nin beyət etməsi barəsində yazır ki, Əbu Bəkr ona beyət etməyənləri axtardıqda onları Əli(ə.s)-nin yanında tapdı. Öməri ora göndərdi. Ömər Əli(ə.s)-nin evinə gəlib qapıdan: Hamı Əbu Bəkrə beyət etmək üçün çölə çıxsın! __ deyə qışqırdıqda, onlar Əli(ə.s)-nin evindən çölə çıxmaqdan imtina etdilər. Bu vaxt Ömər dedi:

 

__ Ömərin canı əlində olan Allaha and olsun ki, gərək evdən çölə çıxasınız. Əgər çıxmasanız, evi içindəki adamlarla birgə yandıracağam.

 

Yanındakılardan bəzisi etiraz etdi:

 

__ Axı həzrəti-Fatimə(s.ə) evdədir.

 

Ömər dedi:

 

__ Hətta Fatimə(s.ə) evdə olsa da, yandırıcağam.

 

İçəridəkilər çarəsiz evdən çıxıb Əbu Bəkrə beyət etdilər. Təkcə Əli (ə.s) evdən çölə çıxmadı, çünki and içmişdi ki, Quranı toplamamış çiynimə əba atıb çölə çıxmayacağam. Fatimə(s.ə) qapıda dayanaraq mühacirlərə belə xitab etdi: Mən sizin kimi etibarsız, nankor tayfa görməmişəm. Siz Peyğəmbər(s)-in cənazəsinin yanında bizi tək qoyub öz işlərinizin dalınca getdiniz. Bizə xəbər vermədən aranızda xilafət məsələlərini həll etdiniz.

 

Ömər Falimə(s.ə)-nin bu sözlərini eşitdikdə Əbu Bəkrin yanına gəlib dedi:

 

__ Beyətdən boyun qaçıran bu kişini (Əli(ə.s)) cəzalandırmaq istəmirsənmi?

 

Əbu Bəkr özünün azad etmiş olduğu qulamı Qunfuzu Əmirəlmöminin Əli(ə.s)-nin arxasınca göndərdi. Qunfuz Əli(ə.s)-nin yanına gələndə Əli(ə.s) ondan soruşdu:

 

__ Nə istəyirsən?

 

Qunfuz dedi:

 

__ Rəsuli-əkrəm(s)-in xəlifəsi sizi görmək istəyir.

 

Əli(ə.s) buyurdu:

 

__ Nə tez Peyğəmbər(s)-ə yalan qoşdunuz? (Özünüzü onun canişini bildirdiniz)

 

Qunfuz geriyə qayıdıb bu sözləri Əbu Bəkrə söylədikdə Əbu Bəkr hönkürtü ilə ağladı.

 

Ömər ikinci dəfə Əbu Bəkrə dedi:

 

__ Beyətdən boyun qaçıran bu kişiyə(Əli(ə.s)) aman vermə.

 

Əbu Bəkr Qunfuza tapşırdı ki, Əli(ə.s)-nin yanına gedib ona de ki, əmirəl-möminin (Əbu Bəkr) səni beyət etməyə dəvət edir.

 

Qunfuz Əli(ə.s)-nin yanına gəlib Əbu Bəkrin sözlərini ona çatdırdı. Əli(ə.s) səsini ucaldıb dedi: Əcəba, o özünün olmayan bir şeyi (rütbəni) necə iddia edir?!

 

Qunfuz geriyə qayıdıb Əli(ə.s)-nin sözünü Əbu Bəkrə söylədikdə Əbu Bəkr yenə də hönkürtü ilə ağladı.

 

Bu zaman Ömər özü ayağa qalxıb bir neçə nəfərlə Fatimə(s.ə)-nin evinə gəldi. Onlar qapını döydülər. Fatimə(s.ə) gələnlərin səsini eşidəndə uca səslə Atası Mühəmməd(s)-in qəbrinə sarı belə xitab etdi: Ey Ata, ey Allahın Rəsulu! Xəttabın və Əbuquhayənin oğulları səndən sonra gör bizə nə cür zülmü rəva gördülər?!

 

Ömərin yoldaşları Fatimə(s.ə)-nin bu sözlərini və hönkürtüsünü eşitdikdə çox kədərləndilər, lakin Ömər qapıdan kənara çəkilmədi. Əli(ə.s)-ni evdən çölə çıxarıb Əbu Bəkrin yanına gətirdilər və ona Əbu Bəkrə beyət etməsini əmr etdikdə Əli(ə.s) imtina etdi.

 

Dedilər:

 

__ Allaha and olsun, əgər beyət etməsən, boynunu vurarıq.

 

Əli(ə.s) buyurdu:

 

__ Belə olan surətdə siz Allah bəndəsini və Peyğəmbər(s)-in qardaşını öldürmüş olursunuz.

 

Ömər dedi:

 

__ Allahın bəndəsi bəli, amma Peyğəmbərin(s)-in qardaşı yox.

 

Əbu Bəkr bu arada sakit dayanmışdı, heç nə demirdi. Ömər ondan soruşdu:

 

__ Əli(ə.s)-ni beyət etməyə məcbur etmirsənmi?

 

Əbu Bəkr cavab verdi:

 

__ Nə qədər ki Fatimə(s.ə) onun yanındadır, mən onu heç bir şeyə məcbur edə bilmərəm.

 

Sonra həzrəti-Əli(ə.s) Rəsuli-əkrəm(s)-in qəbrinin üstünə gəlib hüznlü səslə belə fəryad etdi:

 

Ey anam övladı, bunlar məni çox çətin bir vəziyyətdə qoydular, hətta az qaldı ki, məni öldürsünlər.

  
Əbu Bəkrin Fatimə(s.ə) ilə söhbəti 

Bir gün Ömər Əbu Bəkrə dedi ki, gedək Fatimə(s.ə)-nin yanına. Biz onu incitmişik.

 

Ömər Əbu Bəkrlə birgə Fatimə(s.ə)-nin evinə gəldi. İçəri daxil olmağa icazə istədikdə həzrəti- Zəhra(s.ə) onlara icazə vermədi. Onlar Əli(ə.s)-nin hüzuruna gəlib onunla bu barədə danışaraq Əmirəl-möminin(ə.s)-i bu işdə vasitə etdilər. İmam Əli(ə.s) Fatimə(s.ə)-dən icazə aldı. Əbu Bəkrlə Ömər Fatimə(s.ə)-nin hüzuruna gəldikdə həzrəti-Zəhra(s.ə) üzünü onlardan yan çevirdi. Ona salam verdilər, lakin Zəhra(s.ə) onların salamlarını almadı.

 

Əbu Bəkr dedi:

 

__ Ey Rəsuli-əkrəm(s)-in məhbubu. Allaha and olsun, Peyğəmbər(s)-in qohumları öz qohumlarımdan mənə daha əzizdir. Mən səni qızım Ayişədən də çox istəyirəm. Çox istərdim ki, həzrəti-Mühəmməd(s)-in yerinə mən öləydim, ondan sonra sağ qalmayaydım. Sən mənə elə baxırsan ki, guya mən fəzilətlərini bilə-bilə sənin hüququnu tapdayıb Atan(s)- dan qalan mirasını əlindən alıram?! Mən atan Rəsulullah(s)-dan belə eşitmişəm:

 

Biz peyğəmbərlər özümüzdən sonra miras qoymuruq. Bizdən sonra qalan sədəqədir.

 

Fatimə(s.ə) buyurdu:

 

__ Əgər mən sizə atamdan bir söz desəm, ona əməl edərsizmi?

 

Ömərlə Əbu Bəkr dedilər:

 

__ Bəli, əməl edərik.

 

Fatimə(s.ə) buyurdu:

 

__ Sizi Allaha and verirəm! Məgər eşitməmisinizmi ki, Peyğəmbər (s) buyurub:

 

Fatimənin sevinci mənim sevincim, onun qəzəbi mənim qəzəbimdir. Kim qızım Fatiməni sevindirsə, məni sevindirib, kim Fatiməni qəzəbləndirsə, məni qəzəbləndiribdir.

 

Dedilər:

 

__ Bəli, bu sözü Rəsulullahdan da eşitmişik.

 

Fatimə(s.ə) buyurdu:

 

__ Allah və mələkləri şahiddir ki, siz məni qəzəbləndirdiniz, sevindirmədiz. Mən Peyğəmbər ilə görüşəndə sizdən o Həzrətə şikayət edəcəyəm.

 

Əbu Bəkr dedi:

 

__ Mən Allahın və sənin qəzəbindən Allaha pənah aparıram.

 

Sonra Əbu Bəkr elə şiddətlə ağladı ki, az qala, ruhu bədənindən çıxsın. Fatimə(s.ə) ona buyurdu:

 

__ Allaha and olsun, qıldığım hər namazdan sonra sənə qarğış edirəm.

 

Əbu Bəkr ağlar halda Fatimə(s.ə)-nin evindən çölə çıxdıqda insanlar onun ətrafına toplaşdılar. Əbu Bəkir onlara dedi:

 

__ Sizin hər biriniz gecələr öz xanımınızın yanında dincəlir, bir-birinizlə qolboyun olub şad-xürrəm yaşayırsınız. Lakin məni bu çarpışmanın arasında tək qoydunuz. Mənim sizin beyətinizə ehtiyacım yoxdur. Mənə etdiyiniz beyəti pozun!

 

Ətrafdakılar dedilər:

 

__ Ey Peyğəmbər(s)-in canişini, xilafət sənsiz düzəlmir, çünki sən hökumət işlərində bizdən daha təcrübəlisən, əgər sən hakimiyyətdən əl çəksən, Allahın dini məhv olar.

 

Əbu Bəkr dedi:

 

__ Allaha and olsun, əgər dinin süst olmaq qorxusu olmasaydı, Fatimə(s.ə)-nin bu sözünü eşidəndən sonra öhdəmdə bir müsəlmanın beyəti olsaydı belə, mən bir gecə də yatmazdım.

 

İbn Qüteybə yazır: Əli(ə.s) Fatimə(s.ə) vəfat edənə qədər Əbu Bəkrə beyət etmədi. Fatimə(s.ə) Atasının vəfatından sonra 75 gündən artıq yaşamadı. (Bu, İbn Qüteybənin yazısının sonudur).

 

2.İbn Əbdürrəbbi Əndulusinin yazdıqları.

 

Böyük sünni alimlərindən olan İbn Əbdürrəbbi Əndulusi adı ilə tanınmış Əhməd ibn Məhəmməd Qərtəbi Mərvani Maliki qiymətli kitablardan sayılan Ələqdül-fərid adlı kitabının ikinci cildində Beyət əhvalatı barədə ətraflı məlumat vermişdir.

 

O yazının xülasəsi belədir ki, Əbu Bəkrə beyət etməkdə müxalif olan şəxslər__ Əli(ə.s), Abbas və Zübeyr Fatimə(s.ə)-nin evində idilər. Əbu Bəkr Öməri onların dalınca göndərdi ki, beyət etməyənri Fatimə(s.ə)-nin evindən çölə çıxarsın. O, Ömərə belə tapşırdı: Əgər beyətdən imtina etsələr, onlara güc tətbiq etməkdən çəkinmə.

 

Ömər evə od vurmaq istədikdə Fatimə(s.ə) onunla üzbəüz dayanıb buyurdu:

 

__ Ey Xəttabın oğlu, bizim evi yandırmağa gəlmisən?

 

Ömər dedi:

 

__ Bəli! Siz də başqaları kimi beyət edin.

 

Əli(ə.s) evdən çıxıb Əbu Bəkrin yanına getdi və beyət etdi.

 

Görkəmli tarixçi Məsudinin yazdıqları.

 

Məsudi adı ilə tanınmış məşhur tarixçi Əli ibn Hüseyn Mürrəvicüz-zəhəb kitabında Abdulla ibn Zübeyrin qiyamı barədə belə yazır ki, Abdulla ibn Zübeyr Məkkədə olan bütün Haşimi övladlarını Əbi Talib tayfasında bir yerə toplamaq qərarına gəlir. Zübeyr ora külli miqdarda odun yığdırır. Əgər o odunlar od tutub yansa idi, Bəni-Haşimin hamısı yanar, onlardan biri də salamat qalmazdı. Məhəmməd Hənəfiyyə də (Əli (ə.s)-ın oğlu) onların arasında idi. O, sonra nəql edir ki, Əbu Abdulla Cədəli dörd min nəfərlə Kufədən Muxtar tərəfindən Məkkəyə göndərilib Bəni-Haşimi bu fəlakətdən qurtardı.

 

Məsudi yazır: Nofəli öz kitabında Ayişənin qulluğa təyin etdiyi şəxslərdən biri olan Həmmad ibn Səlmədən eşitdiyi qəziyyəni belə təsvir edir:

 

Abdulla ibn Zübeyrin qardaşı Ürvə ibn Zübeyr qardaşına edilən bu məzəmməti eşidəndə qardaşı tərəfdən üzrxahlıq edib deyirdi: Abdullanın odun yığmaqda məqsədi Bəni-Haşimi qorxutmaqla beyətə razı etmək idi, belə ki Ömər ibn Xəttab əvvəllər Bəni-Haşimi bu yolla beyətə təhrik etmişdi. Ömər Onları yandırmaq üçün odun yığdı, çünki Haşim övladları beyət etməkdən boyun qaçırırdılar.

 

Sonra Nofəli yazır ki, bu şərhi bir kitaba sığmayan bir məsələdir. Biz Əhli-beyt(ə.s)-in fəzilət və həyatı barədə bəhs edən Hədaiqul-Əzhan adlı kitabda bu barədə ətraflı şərh vermişik.

  
Böyük alimlərdən bir neçəsinin qeydləri.  

Böyük şiə alimi mərhum Ələmul-Hüda Seyyid Mürtəza (vəfatı: 436-cı il hicri qəməri, təxminən 1027-ci il miladi) Əşşafi adlı kitabında Fatimə(s.ə)-nin evinin yandırılması barədə qaziul-quzatın fikrinin əksinə olaraq yazır: Əhli-sünnə aləmində ittiham olunmayan şiə təriqətindən başqa digər təriqətlər də evin yandırılması əhvalatını nəql etmişlər. Bu barədə söylənilən rəvayətlərin dəlilsiz rədd edilməsinin heç bir əsası yoxdur.

 

Hadisələri olduğu kimi, obyektiv, doğru-dürüst, qərəzsiz təsvir edən, əhli-sünnə aləmində mötəbər sayılan məşhur tarixçi Bilazəri Mədainiyə əsaslanaraq yazır:

 

Əbu Bəkr bir nəfər göndərdi ki, həzrəti-Əli(ə.s)-ni beyət etməyə təhrik etsin, lakin o Cənab beyət etmədi.

 

Ömər əlində alov Əli(ə.s)-nin evinə tərəf gəldi. Fatimə(s.ə)-ni bir kənarda dayanmış gördü. Fatimə(s.ə) ona xitabən buyurdu:

 

__ Ey Xəttab oğlu, belə görürəm ki, bizim evi yandırmağa gəlmisən, deyilmi?

 

Ömər:

 

__ Bəli, bu, Atanın Allah dərgahından gətirdiyi şeydən güclüdür.

 

Bu zaman Əli(ə.s) evdən çıxıb Əbu Bəkrə beyət etdi.

 

Şiə tarixçiləri (raviləri) bu hadisəni çox mötəbər, qərəzsiz mənbələrə əsasən qeyd etmişlərlər. Maraqlı burasıdır ki, əhli-təsənnünün böyük raviləri də bu faktı olduğu kimi təsvir etmişlər.

 

İbrahim Səd Səqəfi İmam Sadiq(ə.s)-in hadisə barəsindəki şərhini vermişdir: Allaha and olsun ki, Əli(ə.s) alovun tüstüsünün evə daxil olduğunu görəndən sonra beyət etdi.

 

Böyük alim Seyyid ibn Tavus (vəfatı 664-cü il hicri-qəməri, təxminən 1262-ci il miladi) Əbu Bəkrin həyatı, Üsamənin ordusunda onun qanunu pozması və Səqifədə xilafəti qəsb etməsi barədə yazdığı Kəşfül-məhəccə adlı kitabda oğluna belə deyir: Törətdikləri ilə kifayətlənməyib Öməri atan Əli(ə.s) və anan Fatimə(ə.s)-nin üstünə göndərdi. Bu zaman Abbas və Bəni-Haşimdən bir neçə nəfər Əli(ə.s) və Fatimə(s.ə)-nin yanında idilər. Onlar cəddin Peyğəmbər(s)-in vəfatı ilə əlaqədar matəm saxlayırdılar. Ömər əmr verdi ki, əgər evdəkilər beyət etmək üçün çölə çıxmasalar, evi yandırsınlar.

 

Bu faktı Ələqdül-fərid adlı kitabın müəllifi həmin kitabın dördüncü cildində, əhli-təsənnündən də bir neçə ravi öz yazılarında işıqlandırmışdır. Mənim bildiyimə görə də, Ömərdən qabaq və sonra nə Peyğəmbər, nə övliyalar, hətta zalımlıq və rəhmsizləkdə ad qazanmış şahlardan heç biri belə bir zülmü (evi içindəki adamlarla birgə yandırmağı) etməmişlər. Hətta kafir hökmdarlar da beyət etməyənləri özlərinə tabe etdirmək üçün belə vəhşiliyə əl atmamışlar.

 

Harda görünüb ki, peyğəmbər, yaxud bir rəhbər insanları zəlalətdən qurtarıb onlara dünya və axirət səadətinə yetişməkdə yol göstərə, Allah-təala onun nübüvvəti vasitəsilə zalımların əsarəti altında əzilən şəhərləri azad edə, sonra həmin peyğəmbər, yaxud rəhbər dünyadan köçə, heç insafmıdır, onun etdiklərinin müqabilində Rəsulullah(s)-ın hər iki dünya qadınlarının xanımı adlandırıb özündən sonra yeganə yadigar qoyub getdiyi qızını iki azyaşlı övladı ilə bərabər yandırmaqla hədələyib incitsinlər?

  
Maraqlı bir hadisə.  

Əllamə Təbərsi Ehticac adlı kitabında Əhməd ibn Hişamla Übadə ibn Samitin (Peyğəmbər(s)-in alicənab səhabələrindən) dialoqunu vermişdir. Onu burada qeyd etmək yerinə düşərdi:

 

Bir gün Əhməd ibn Hişam Übadə ibn Samitin yanına gəlib soruşdu:

 

__Müsəlmanlar Əbu Bəkr xəlifə olmamışdan öncə də onu digərlərindən üstün bilirdilərmi?

 

Übadə cavab verdi:

 

__ Biz hər hansı bir mövzu barədə sükut edəndə siz də sükut edin, araşdırıb yoxlama aparmayın. Allaha and olsun, necə ki həzrəti-Mühəmməd(s) Əbu Cəhllə müqayisədə peyğəmbərliyə layiq idi, eləcə də Əli(ə.s) Əbu Bəkr ilə müqaisədə xilafətə layiq idi.

 

Biz bir gün Rəsuli-əkrəm(s)-in hüzurunda idik. Əli (ə.s), Əbu Bəkr və Ömər də Rəsulullah(s)-ın evinə gəldilər. Əvvəl Əbu Bəkr evə daxil oldu. Sonra Ömər, axırda isə Əli(ə.s).

 

Sanki (mübarək vücudundan uzaq) Peyğəmbər(s)-in üstünə kül ələndi. Birdən-birə halı dəyişdi, sonra Əli(ə.s)-yə buyurdu:

 

__ Allah-təala səni bunlara əmir edə-edə, onlar səni qabaqlamaq istəyirlərmi?

 

Əbu Bəkr:

 

__ Ey Allahın Rəsulu(s), yaddan çıxartdım.

 

Ömər:

 

__ Bilmədim, səhv etdim.

 

Peyğəmbər(s) onlara buyurdu:

 

__ Nə unutdunuz, nə də səhv etdiniz. Sanki sizin rəhbəriyyət məqamını onun əlindən alıb hakimiyyəti ələ keçirmək üçün onunla vuruşmağınızı öz gözlərimlə görürəm. Allahın və Peyğəmbərinin düşmənləri bu işdə sizə kömək edirlər. Elə bil görürəm ki, Əhli-Beytimə zülm olunur və ucqar yerlərə səpələnirlər. Bu mətləb Allahın elmindədir.

 

Sonra Peyğəmbər(s) elə ağladı ki, göz yaşları axmağa başladı. Bu vaxt Əli(ə.s)-yə buyurdu:

 

__ Ey Əli, səbir elə, Allahdan əmr gələnə qələr səbir elə, döz. Allahdan başqa qüdrət və qüvvət sahibi yoxdur. Yalnız bu surətdə sənin üçün Tanrı dərgahında o qədər əcr vardır ki, iki katib mələk belə onu hesablaya bilmir. Elə ki xilafət əlinə keçdi, müxaliflər Allah və Peyğəmbər fərmanına boyun əyənə qədər qılınc sənindir, çünki sən haqlısan. Səninlə birgə qiyam edənlər də haqlıdır. Habelə sənin övladların da səndən sonra qiyamətə qədər haqq sahibidirlər.

  
Şiqşiqiyyə xütbəsini əks etdirən güzgü.  

Şeyx Səduq öz yazısında İbn Abbasın söylədiklərini belə işıqlandırır:

 

Əmirəl-möminin Əli(ə.s)-nin hüzurunda (xilafət zamanı) xilafət əhvalatından (Peyğəmbər(s)-dən sonra ta o vaxta qədər) söz düşdükdə O, hadisəni belə şərh etdi: (Biz onu Nəhcül-bəlağədən sitat gətiririk.)

 

Allaha and olsun, Əbu Bəkr xilafət qumaşını geydi, halbuki çox gözəl bilirdi ki, mən İslam hökumətini idarə etməkdə dəyirman daşlarının mehvəri kimiyəm (onsuz dəyirman fırlanmır). O, yaxşı bilirdi ki, elm və kamal çeşmələri dağ vücudumun ətəklərindən qaynayır. Uca göylərdə qanad çalan quşların mənim düşüncələrimə belə yetişməyə qüdrəti yoxdur. Lakin mən tək əllə haqqımı geri almaq üçün qiyam etmək və ya qocaları solduran, cavanları qocaldan, imanlı şəxsləri ömrünün axırınadək incidən alçaq bir mühitdə səbir etmək fikrində ola-ola, xilafət kəmərini belimdən açıb kənara çəkildim. Səbir və təmkinin əql və müdrikliyə yaxın olduğunu gördüm. Buna görə səbir və təmkin yolunu tutdum. Ancaq bu halımda da gözümə çöp düşmüş, boğazıma sümük ilişmiş şəxsə bənzəyirdim. Mirasımı gözümün qarşısında qarət edirdilər. O vaxta qədər ki, birincisi (Əbu Bəkr) dünyadan köçdü, xilafəti ikinciyə (Ömər ibn Xəttaba) tapşırdı. (Burada İmam Əli(ə.s) şair Əşanın beytini misal gətirir: Dünən və bu gün arasında çox fərq vardır. Bu gün dəvəyə minib çətinliyə düçar olmuşam, lakin əvvəllər Cabirin qardaşı Həyyam ilə çox rahatlıqda idim.)

 

Görəsən, nə üçün o, (Əbu Bəkr) sağlığında mənə görə müsəlmanlar ilə beyətini pozmaq istəyə-istəyə özü ölüm yatağında hakimiyyəti başqasına verdi. Bu ikisi xilafəti öz aralarında dəvənin iki döşü kimi bölüşdürdülər. Onu günlərini eyş-işrətdə keçirən insanın ixtiyarına verdi ki, hökumət başçısı elə bir şəxs oldu ki, dəvə kimi itaətdən boyun qaçırırdı. Əgər sahibi onun yüyənini əlində möhkəm saxlasaydı, dartınmaqdan bu u yarılar, əgər başını buraxsaydı, fəlakət uçurumunda məhv olardı. Allaha and olsun, müsəlmanlar onun (Ömər) zamanında səhv yola düşüb haqdan uzaqlaşdılar. O da dünyadan köçənə qədər mən yenə səbir və təmkin yolunu tutdum. Ömər ömrünün son günlərində xilafət məsələsini şuraya tapşırdı. Məni də bu şuranın üzvlərindən biri güman edirdi. Doğrusu, Allah bizləri bu şuranın şərindən qorusun. Nə vaxt məni onlarla bir sırada müqayisə ediblər ki, indi də onlarla bir sırada təyin edirlər. Lakin yenə də səbir edib onların şurasında iştirak etdim.Onlardan bəzisi (Səd ibn Vəqqas) kin bəsələdiyindən məndən üz döndərdi. Digəri (Əbdürrəhman Osmanın anabir bacısının əri idi. Osmanla qohumluğuna görə) qohumluğu üstün tutdu. Qalan ikisi (Təhlə və Zübeyr) də xoşagəlməz cəhətlərinə görə başqa yolla getdilər. Nəticədə, üçüncüsü (Osman) qalib gəldi. Xilafəti ələ keçirdi. Yekəqarın və qarınqulu Osmanın dəvə kimi beytül-malı yeyib dağıtmaqdan başqa əlindən bir iş gəlmirdi. Atasının qohumları onunla əlbir oldular. Onlar bahar fəslində otlaqlara hücum edib acgözlüklə otlayan ac dəvələr kimi Allah malını udmaq üçün qollarını çırmaladılar. Nəhayət, hakimiyyətin möhkəmlənməsi üçün gördüyü işlər boşa getdi. Nalayiq əməlləri onun bütün işlərini puç etdi.

  
Əli(ə.s)-nin xilafəti dövrünə bir baxış.  

İmam Əli(ə.s) Şiqşiqiyyə xütbəsinin ardınca buyurur: Osmandan sonra hər tərəfdən dəstə-dəstə adamlar mənə tərəf axışdılar. Məni elə əhatəyə aldılar ki, az qala, iki gözümün nuru, Peyğəmbər(s)-in yadigarı Həsən(ə.s)-lə Hüseyn(ə.s) ayaq altda qalıb əzilsinlər. Əbam iki tərəfdən paralandı. İnsanlar canavar qorxusundan çobana pənah aparan qoyunlar kimi məni araya almışdılar, lakin qalxıb xilafətə gələndən sonra bəziləri (başda Təlhə və Zübeyr olmaqla) mənə etdikləri beyəti pozdular. Bir dəstəsi də (xəvaric və mariqin) mənə itaət etməyib dindən çıxdılar. Digərləri də (Qasitin, Müaviyə və tərəfdarları) vəzifə üçün haqdan üz çevirdilər. Elə bil Allah-təalanın Qəsəs surəsinin 83-cü ayəsini heç eşitməyiblər:

 

Axirət dünyası o kəslər üçündür ki, yer üzündə fəsad və tüğyan edən olmasınlar. Aqibət təqvalılarındır. Bəli, yaxşı eşidib yaxşı da əzbərləmiş, başa düşmüşdülər. Lakin dünyanın bər-bəzəyi onların gözünü qamaşdırıb, cəvahiratı isə aldatmışdır.

 

Agah olun, toxumu çərtib insanı yaradan Allaha and olsun, əgər xala ətrafıma yığışıb köməyimə gəlməsəydi və zalımların harınlığı, məzlumların aclığı ilə mübarizə aparmağı Allah-təala hər bir cəmiyyətin alim və ziyalılarının öhdəsinə qoymasaydı, mən xilafət dəvəsinin yüyənini buraxıb ondan əl çəkər, sonunu başlanğıc camı ilə sirab edərdim. O zaman yaxşı başa düşərdiniz ki, sizin dünyanız mənim nəzərimdə dişi keçinin bu undan axan sudan belə qiymətsizdir.

 

Bu zaman bir nəfər iraqlı ayağa durub imam Əli(ə.s)-yə bir məktub verdi. (Bəziləri deyir ki, o məktubda suallar yazılmışdı və cavab istəyirdi.) O Həzrət məktubu axıra qədər nəzərdən keçirdikdən sonra ibn Abbas ona ərz etdi:

 

__ Yaxşı olardı ki, sözünüzə davam edəydiniz.

 

Lakin Əli(ə.s) ona belə cavab verdi:

 

__ Heyhat, ey Abbasın oğlu, bu, bir dəvənin nərəsi idi. Çölə çıxdı, sonra da yerinə qayıtdı (alov dilləri kimi zəbanə çəkib sonra yenə yatdı).

 

Bu sözlərlə İmam ürəyindəkiləri açıqlayırdı.

 

İbn Abbas deyir: Allaha and olsun, mən heç bir söhbətə bunun qədər təəssüflənməmişəm ki, İmam istədiyi yerə qədər sözünü davam etdirə bilmədi.

  
İbn Əbil Hədidin ustadının maraqlı söhbəti.  

Məşhur sünni alimi İbn Əbil Hədid yazır ki, İbn Abbasın yuxarıdakı sözü işlətməkdən məqsədi ustadımın (Şəbib Vasiti oğlu Əbülxeyir Müsəddiq) 603-cü il hicri qəməridə, təxminən miladi 1199-cu il tarixində mənə dediyi sözdür: Mən bu xütbəni İbn Xitab adı ilə tanınmış ustadım Əbu Məhəmməd Abdulla ibn Əhmədə oxudum. İbn Abbasın sözünə yetişəndə ustadım mənə dedi: Əgər mən olsaydım, İbn Abbasa deyərdim ki, məgər Əli(ə.s)-nin demədiyi söz qaldımı ki, sən kədərlənirsən? (O, bir xütbə ilə onları ifşa etmişdir.)

 

Allaha and olsun, əvvəlinci xəlifədən ta axırıncıya kimi heç bir şey qoymadı qalsın, hamısını dedi.

  
Əli(ə.s)-nin ibn Abbas ilə dərdləşməsi.  

Əllamə Məclisi (r.ə) Biharül-Ənvar kitabında Kəşfül-yəqindən belə bir parça verir:

 

İbn Abbas (Əli(ə.s)-nin əmisi oğlu) dedi:

 

__ Mən Əli(ə.s)-nin bir şeyi xatırladıqda, yaxud həyəcanlı bir xəbər eşitdikdə hərəkətlərinə, üzünün ifadəsinə həmişə fikir verirdim. Bir gün onun Şamdakı silahdaşlarından biri o Həzrətə aşağıdakı məzmunda məktub göndərmişdi: Ömər As, Ütbə ibn Əbi Süfyan, Vəlid ibn Üqbə və Mərvan Müaviyənin ətrafına yığışmış, Əli(ə.s)-dən söz salıb onu tənqid etmişlər. Söz yaymışlar ki, Əli(ə.s) Peyğəmbər(s)-in səhabələrini öldürməklə axırlarına çıxacaq. Onlar öz əməllərini sənin haqqında söyləmişlər.

 

Bu məktub həzrəti-Əli(s)-yə yetişən kimi orduya əmr verdi ki, Nüxəylə ordugahına gedib özü onlara yetişənə qədər orada gözləsinlər (Oradan da Müaviyəyə qarşı Siffeyn döyüşünə getsinlər). Ancaq onun tərəfdaşları da süstlük göstərərək Kufəyə qaçıb Əli(ə.s)-ni tək qoydular.

 

Bu hadisə əmirəl-möminin Əli(ə.s)-ni çox narahat etmişdi. Xəbər hər yerə yayıldı. Mən eşidən kimi gecəykən Əli(ə.s)-nin evinə getdim. O Həzrətin qulluqçusu Qənbərlə görüşüb dedim:

 

__ Əmirəl-mömininin vəziyyəti necədir?

 

Qənbər dedi:

 

__ Əmirəlmöminin yatıbdır.

 

Bu zaman Əli(ə.s) içəridən Qənbərin sözünü eşidib buyurdu:

 

__Kimdir?

 

Qənbər:

 

__ Ey möminlərin əmiri, İbn Abbasdır.

 

(Bəzi mənbələrdə İbn Abbas özü dedi: Mənəm)

 

İmam icazə verdi. İçəri daxil olanda gördüm, o Həzrət yatağının bir tərəfində əyləşərək özünü yorğana bürüyübdür. Gözə çox narahat dəyirdi. Soruşdum:

 

__Bu gecə nə isə halın yaxşı deyildir, ey möminlərin əmiri(niyə yatmırsan?).

 

O buyurdu:

 

-Ey Abbasın oğlu! Göz yuxudadır, lakin qəlb oyaqdır. Qəlb başqa bədən əzalarının hökmdarıdır. Ürək narahat olanda yuxu da qaçır. Gecənin əvvəlindən indiyə qədər gördüyün kimi fikrə getmişəm. Keçən günləri xatırlayıram. Gör necə müsəlmanlar əhdlərinə xilaf çıxdılar! Onlar sözlərinin üstündə durmadılar. Rəsuli-əkrəm(s) sağlığında öz əshabına əmr etdi ki, mənə möminlərin əmiri kimi salam versinlər (Bu hadisə Qədir-Xumda baş vermişdi). O Həzrətin vəfatından sonra çalışmışam ki, bu etimadı doğruldum. Mən Rəsuli-əkrəm(s)-dən sonra ümmətin ən yaxşısı və onlara hamıdan yaxın olan şəxsəm. Lakin dünyaya dörd əllə bağlılıq, vəzifəpərəstlik üzündən insanlar məndən üz döndərib, itaətdən boyun qaçırırlar. (Müəllif İmam Əli(ə.s)-nin bu zaman təcavüzkarlardan şikayətləndiyini qeyd edir.)

 

Sonra İmam(ə.s) sözünü belə davam etdirdi:

 

__ Ey Abbasın oğlu, indi iş bura yetişib ki, Ciyəryeyən Hindənin oğlu Müaviyə, Əmr As, Ütbən, Vəlid, Mərvan və onların silahdaşlarını mənimlə bir sırada qələmə verirlər. Buna görə mən nə vaxta qədər tərəddüd içində yaşayım. Nə vaxta qədər Peyğəmbər xilafəti və vərasəti dünyada özünü xalqın rəhbəri hesab edən belə çirkin şəxslərin əlində olacaq. Xalq da onlara itaət edir. Bu hökmdarlar Allah dostları haqqında nalayiq sözlər danışırlar. Yalançılıq və keçmişdən ürəklərində gizlədikləri kinləri ilə öz düşmənçiliklərini davam etdirirlər. Peyğəmbər(s) sirlərinin mühafizəçiləri olan şəxslər yaxşı bilirlər ki, mənim bütün düşmənlərim mənə qarşı çıxmaqla şeytana itaət etmişlər. Onlar öz nəfslərinə qul olub axirətlərini puç etdilər. Təkcə ehtiyacsız Allahdır. Haqq yola hidayət edən də yalnız Odur.

 

Ey Abbasın oğlu! Vay olsun o şəxsə ki, mənə zülm edib hüququmu tapdalayaraq bu böyük məqamı əlimdən aldı. Mən uşaq olan zaman hələ namaz mənə vacib olmamış Rəsulullah(s) ilə namaz qılanda onlar harada idilər. Halbuki bu mənfurlar o vaxtı bütlərə sitayiş edir, Allah qanunundan boyun qaçırır, küfrdən üz döndərməyin vaxtı yaxınlaşanda isə könülsüz İslamı qəbul etdilər. Lakin onların batini küfr və nifaqla yoğrulmuşdu. Allah nurunu söndürmək üçün Peyğəmbər(s)-in ölümünü gözləyirdilər. O Həzrətin vəzifəsinin sona yetməsi üçün dəqiqələri sayırdılar. Onların hərislik və kini o yerə çatmışdı ki, hətta Rəsuli-əkrəm(s)-i belə (Məkkədə) öldürmək istəyirdilər. Mərkəzi yığıncaqları olan Darunnuduhda həzrəti-Mühəmməd(s)-i qətlə yetirmək üçün məşvərət keçirtdilər. Allah-təala bu barədə (Ali İmran surəsinin 53-cü ayəsində) buyurur:

 

Düşmənlər islamın məhv olması üçün tədbir gördülər. Allah-təala da buna qarşı tədbir gördü. Allah-təala tədbir görənlərin ən yaxşısıdır. Həmçinin buyurur:

 

Onlar istəyirlər ki, öz ağızları ilə Allah nurunu söndürsünlər. Lakin Allah-təala istəyir ki, öz nurunu kamil etsin. Hərçənd kafirlər istəməsələr də.

 

Ey Abbasın oğlu, Peyğəmbər(s) sağlığında onları Allahın vəhyinə (nazil etdiyinə) dəvət edib tapşırdı ki, mənimlə dostluq etsinlər, amma   şeytan onları yollarından azdırdı. Necə ki şeytan babamız həzrəti-Adəm(ə.s) ilə düşmənçilik edib, həsəd apardı, Allah vəlisinə etdiyi həmin bu həsəd də onu Allah dərgahından qovdurub əbədi olaraq Allahın lənətinə düçar etdi. Qüreyşin mənə olan paxıllığından Allahın köməkliyi ilə mənə heç bir ziyan yetməyəcəkdir.

 

Ey Abbasın oğlu, bu şəxslərdən hər biri istədi ki, hakim və hökmdar olsun, dünya onlara və qohumlarına üz çevirsin. Onların nəfs və dünya ləzzətlərinə bağlılıqları, xalqın bu dünyapərəstlərin arxasınca getməsi onları məcbur etdi ki, mənim ilahi hüququmu qəsb etsinlər. Əgər Siqli-Əsğəri (Peyğəmbər(s)-in Əhli-beyti, itrəti) kənara atmaq, elm ağacını kəsmək və dünyanın çiçəyi, Allahın möhkəm ipi, əmin qalası və Peyğəmbər övladını məhv etmək qorxusu olmasaydı, mənim üçün Tanrıya qovuşmaq susuz üçün su, yuxusuz üçün yuxu qədər əhəmiyyətli idi, baxmayaraq ki sinəm dərd-qəmlə və zehnim vəsvəsələrlə dolmuşdu, səbir etdim.

 

Səbir gözəldir. Allah-təaladan söylədiyinizin müqabilində kömək istəyirəm. (Yusif, 18)

 

Keçmişdə Peyğəmbərlər öldürülür, Allah övliyalarına zülm olunur. Tezliklə kafirlər biləcəklər ki, yaxşı aqibət və axirət evi kimindir. (Rəd, 42)

 

Bu zaman azan səsi eşidildi. Müəzzin Əssəlat deyib azana başladı.

 

Həzrəti-Əli(ə.s) buyurdu: Ey Abbasın oğlu, mənim və özün üçün istiğfar etməyi unutma. Allah bizə kifayətdir. O, ən gözəl mühafiəçidir. Allahdan başqa heç bir qüvvət və qüdrət yoxdur.

 

İbn Abbas deyir: Gecənin qurtarmasından və Əmirəl-möminin Əli(ə.s)-nin sözünü yarımçıq qoymasından çox qəmgin oldum.

  
On iki nəfərin Əbu Bəkrə olan etirazı.  

Şiə alimlərindən bir çoxu öz kitablarında yazırlar ki, Əbu Bəkr rəsmi surətdə xəlifə seçilən zaman on iki nəfər ona qarşı etiraz səsini ucaltmışdı. Onlardan altısı mühacirlərdən idi. Xalid ibn Səid ibn As (Bəni Üməyyədən), Salman Farsi, Əbuzər Qəffari, Miqdad, Əmmar Yasir və Bəridə İsləmi. Qalan altısı isə mədinəlilərdən idi: Əbulheysəm ibn Təyhan, Səhi ibn Hüneyf, Osman ibn Hüneyf, Xəzimə ibn Sabit, Üməyy ibn Kəb və Əbu Əyyub Ənsari.

 

Əbu Bəkr məsciddə minbərə çıxanda həmin on iki nəfər bir-birilə məşvərət edirdi. Onlardan bəzisi: Allaha and olsun, məscidə gedib Əbu Bəkri Peyğəmbər(s)-in minbərindən aşağı düşürmək lazımdır,__ digəri isə belə dedi: Əgər belə etsəniz, öz əlinizlə özünüzü təhlükəyə atmış olarsınız. Bir halda ki, Allah Quranda buyurur:

 

Öz əlinizlə özünüzü təhlükəyə atmayın. (Bəqərə, 195)

 

Yaxşısı budur ki, Əli(ə.s)-nin hüzuruna gedib bu barədə onunla məsləhətləşək.

  
Əli(ə.s)-nin məsləhəti.  

Adını çəkdiyimiz on iki nəfər şəxs Əli(ə.s)-nin hüzuruna gəlib ərz etdi:

 

__ Ey möminlərin əmiri, həqiqətən, sən müsəlmanların rəhbəri olmağa ən layiqli şəxssən, çünki biz Rəsuli-əkrəm(s)-dən eşitmişik:

 

Əli haqq ilə, haqq isə Əli ilədir. Hansı yerdə haqq varsa, Əli də oradadır.

 

Biz məscidə gedib Əbu Bəkri həzrəti-Mühəmməd(s)-in minbərindən aşağı düşürmək qərarına gəlmişik. Bu barədə sizinlə məsləhətləşib fikrinizi bilmək istəyirik, hər nə buyursanız, ona da əməl edək.

 

Əli(ə.s) buyurdu:

 

__ Əgər belə etsəniz, onlarla sizin aranızda çaxnaşma düşər. Siz isə sürmə və duz kimi azsınız. Müsəlmanlar yığışıb Peyğəmbərlərinin sözündən çıxmış və Allahı təkzib etmişlər. Mən bu baradə öz əhli-beytimlə məşvərət etdim. Onlar da susmağı məsləhət bildilər. Çünki müxaliflərin Allaha və Peyğəmbərin Əhli-beytinə olan kin və düşmənçiliyindən xəbərdar idilər. Onlar cahiliyyət dövrünün kin-küdurətini yaşadanlardır ki, o zamanın intiqamını bu gün almaq istəyirlər. Əbu Bəkrin yanına gedin. Peyğəmbərdən mənim barəmdə eşitdiyinizi ona deyin. Onu şübhədən çıxarın ki, qoy öz inadından əl çəksin. Allahın Rəsulunun əmrindən çıxdığına, onunla müxalifət etdiyinə görə Allah qarşısında çəkəcək cəzasını ona başa salıb xatırladın.

 

Həmin on iki nəfər cümə günü məscidə gəlib (Peyğəmbər(s)-in vəfatının dördüncü günü idi) minbərinin ətrafında əyləşdilər.

 

Əbu Bəkr minbərə çıxan zaman onlardan hər biri (dəlil gətirməklə) Əli(ə.s)-nin hüququnu müdafiə edib, onun fəzilətləri barədə həzrəti-Mühəmməd(s)-in buyurduqlarını ona xatırlatdılar.

 

Sözə ilk başlayan Xalid ibn Səid oldu. Sonra qalan mühacirlər, axırda isə ənsarlar öz sözlərini növbə ilə dedilər.

 

Nəql olunur ki, onlar sözlərini bitirdikdən sonra Əbu Bəkr minbərin üstündə çarəsiz qalıb onların əleyhinə bundan başqa ağıllı bir söz deyə bilmədi:

 

__ Sizin əmiriniz olmağa mənim ləyaqətim yoxdur. Mən sizlərdən üstün deyiləm. Mənə etdiyiniz beyəti pozun.

 

Ömər ibn Xəttab çığırdı:

 

__ Ey ləyaqətsiz, minbərdən aşağı düş. Qüreyşin gətirdiyi sübutlara cavab verə bilmirsənsə, niyə belə bir vəzifədə əyləşmisən!? Allaha and olsun, qərara gəlmişəm ki, səni bu vəzifədən götürüb yerinə Hüzeyfənin azad etdiyi qulamı Salimi qoyum.

 

Əbu Bəkr minbərdən aşağı düşdü, Ömərin əlindən tutub onu öz evinə apardı. Üç gün evdə qalıb Peyğəmbər(s) məscidinə gəlmədilər. Dördüncü gün çəkişmə oldu. Dörd gün idi ki, Əbu Bəkr və Ömər evdən çölə çıxmamışdı. Xalid ibn Vəlid min nəfərlə Əbu Bəkrin evinə gəlib belə dedi:

 

__ Niyə evdə oturmusunuz? Allaha and olsun, Bəni-Haşim (sizin yoxluğunuzdan istifadə edib) xilafətə göz dikmişdir.

 

Bir tərəfdən də Hüzeyfənin azad etdiyi qulam Salim, eləcə də Məaz başlarına yığdıqları tərəfdarları ilə oraya gələrək dörd min nəfərdən ibarət bir qoşun yaradıb, qılınclarını siyirərək Ömər ibn Xəttabı qabağa salıb, Əbu Bəkri məscidə gətirdilər. Ömər sözə başlayıb belə dedi:

 

__ Ey Əli(ə.s)-nin səhabələri, Allaha and olsun, əgər sizlərdən biri dünənki (yəni dörd gün bundan qabaqkı ) sözü dilinə gətirsə, başını bədənindən ayıracağıq.

 

Xalid ibn Səid ayağa qalxıb Ömərə xitabən söylədi:

 

__ Ey Səhhak Həbəşiyyənin oğlu, tərəfdaşlarının çoxluğu və qılınclarınızla bizi hədələyirsən? Allaha and olsun, sayımız gözə az çarpsa da, qılınclarımız sizinkindən daha itidir, lakin Allahın höccəti bizimlə olduğundan biz çoxluq təşkil edirik. Allaha and olsun, əgər imamımızın (Əli(ə.s)) itaəti qarşımı almasaydı, onun əmrini gözləmədən qılınc çəkib öz haqqımı almaq və vəzifəmi tamamlamaq üçün Allah yolunda sizinlə cihad edərdim.

 

Həzrəti-Əli(ə.s) Xalid ibn Səidə buyurdu:

 

__ Allah-təala sənin mövqeyini və müdafiə əzmini gördü, sənin səyinin mükafatını qəbul etdi, əyləş.

 

Xalid oturdu. Bu zaman Salman ayağa qalxıb dedi:

 

__ Allah böyükdür, Allah böyükdür. Əgər yalan danışıramsa, hər ikisi kar olsun, iki qulağımla Peyğəmbər(s)-dən eşitmişəm: Bir zaman gələr ki, qardaşım və əmim oğlu öz səhabəsindən bir neçə nəfərlə məsciddə oturar, bu zaman cəhənnəm itlərindən bir dəstə onu və əshabını öldürməyə gələr. İndi mənim heç şübhəm yoxdur ki, Peyğəmbər(s)-in buyurduğu həmin cəhənnəm itləri elə sizsiniz.

 

Ömər bu sözü eşidən kimi bərk acıqlandı, ayağa qalxıb Salmana hücum etdi. Əmirəl-möminin Əli(ə.s) cəld qalxıb Ömərin yaxasından yapışdı və onu saxladı. Daha sonra Həzrət onu yerə yıxıb buyurdu:

 

__ Ey Səhhak Həbəşiyyənin oğlu, əgər Allahın hökmü və Rəsulullah ilə bağladığım əhd olmasaydı, indi sənə başa salardım ki, bizlərdən hansımız qüvvətli və qalib, hansımız məğlubuq!

 

Sonra Əli (ə.s) üzünü öz əshabına çevirib buyurdu:

 

__ Qalxın, gedin. Allah sizə rəhm eləsin. Allaha and olsun ki, bundan sonra məscidə daxil olmayacağam. Qardaşlarım Musa və Harun kimi. Bəni-İsrail Musaya demişdi:

 

Sən və rəbbin gedin onlarla vuruşun, biz burada oturmuşuq.

 

Allaha and olsun, Rəsuli-Əkrəm(s)-in qəbrini ziyarət və Allahın hökmünü icra etməkdən başqa vaxt mən məscidə daxil olmayacağam, çünki Peyğəmbər(s)-in qoyduğu qanunu təxirə salıb xalqı heyrət içində və sərgərdan buraxmaq olmaz.

  
Əmirəl-möminin Əli(ə.s)-nin nitqi.  

Böyük Mühəddis Şeyx Kuleyni (vəfatı 328-ci il hicri qəməri, təxminən 916-cı il miladi) Əbu Heysəm ibn Teyhana əsaslanaraq belə yazır:

 

Bir gün əmirəl-möminin Əli(ə.s) Mədinədə (məsciddə) camaat üçün Allaha dua və səna etdikdən sonra belə bir söhbətə başladı:

 

-Dəni yetişdirən və insanı yaradan Allaha and olsun, əgər siz elm və kamalı mədənindən çıxarsaydınız, suyu saf və duru olan vaxt içsəydiniz, yaxşılığı öz yerindən götürsəydiniz, yolun aydın tərəfini tutub haqqın yolu ilə getsəydiniz, nicat yolları sizə aydın olub İslam ayini sizin üçün parlayardı. O zaman Allah nemətlərindən bütövlükdə faydalanaraq ailələrinizdən heç biri yoxsulluq və çətinliklə yaşamazdı. Hətta ərazimizdə məskunlaşan kafirlər də əmin-əmanlıq içərisində yaşayardılar, lakin siz zalımların yolunu tutdunuz. Bu işıqlıqda dünya sizin üçün qaranlıqlaşdı. Elm və kamal qapıları üzünüzə bağlandı. Özünüzə qapılıb dininizdə ixtilaf saldınız. Elminiz olmadan Allah dinində fitva verdiniz. Siz yolunu azmışların yolunu gedərək pak yolu itirdiniz. Haqq rəhbərlərini boşlayıb saya almadınız. Sübh açılanda öz mənafeyinizə uyğun hökm verərsiniz. Qarşınıza bir məsələ çıxanda zikr əhlindən (Əhli-beyt(ə.s)) soruşarsınız. Biz sizə fitva verəndən sonra deyərsiniz: Elm elə budur. (Bu cür bizim elmdə və kamalda üstünlüyümüzü dilinizlə deyərsiniz.) Lakin belə deməyinizin sizə heç bir təsiri yoxdur. Əməl meydanında onlara itaət edəndə isə, əksinə, onlara müxalif hərəkət edib bu əmrləri qulaqardına vurursunuz. Arxayın olun. Tezliklə əkdiyinizi biçib əməllərinizin mükafatını alacaqsınız.

 

Dəni yetişdirən və insanı yaradan Allaha and olsun ki, mənim sizin sahib və rəhbəriniz olduğumu çox gözəl bilirsiniz. Mən həmin şəxsəm ki, sizə mənə itaət etmək tapşırılıbdır. Onun elminin nurunda sizin nicat yolunu tapmağınız üçün alim mənəm. Sizin Rəbbinizin, eləcə də Peyğəmbərinizin seçdiyi şəxs, xeyrinizi bilən mənəm. Az müddətdən sonra sizlərə vəd olunan şey (Allah əzabı) qabaqkı ümmətlərə göndərildiyi kimi sizə də göndəriləcək. Tezliklə Allah sizdən imamınızın kim olduğunu soruşacaq. Siz öz imamlarınız ilə məhşur olaraq Allah dərgahına üz gətirəcəksiniz. Allaha and olsun, əgər mənim Talutun yoldaşları qədər və ya Bədr döyüşünün müsəlman cəngavərləri miqdarında (313 nəfər idilər) döyüşçüm olsaydı, onlar da sizin düşməniniz olsaydı, onlarla birlikdə haqq gələnə qədər sizi qılınclayardım, çünki bu qılınclamaq küfr və nifaq yolunu bağlamaq üçün yaxşı, dostluq və güzəştlə keçinməkdən tutarlıdır. İlahi, bizim aramızda haqq ilə hökm elə. Sən ən yaxşı hakimsən.

 

Əbu Heysəm (ravi) yazır ki, sonra Əli(ə.s) məsciddən çıxıb bir qədər yol getdi. Yolda otuz qoyundan ibarət bir sürü görüb buyurdu: Allaha and olsun, əgər bu qoyunların sayı qədər Allahı və Rəsulunu istəyən şəxslərdən ibarət döyüşçülərim olsaydı, mütləq bu milçək yeyən uşaqları hökmranlıqlarından ayırardım. (Rövzətül-kafi, səh.32)

  
Dost dar gündə tanınar.  

Əbu Heysəm yazır ki, Əli(ə.s) həmin günü başa vuranda üç yüz altmış nəfər kişi ölənə qədər onu mühafizə etmək üçün o Cənaba beyət etdi.

 

Əli(ə.s) onların beyətinin həqiqiliyini yoxlamaq üçün tapşırdı ki, gedin, sabah başı qırxılmış halda Əhcarüz zeyt-ə (Mədinə küçələrindən biri) mənim yanıma gəlin.

 

Onlar getdilər. Əli(ə.s) özü də başını qırxıb səhərisi həmin küçəyə getdi. Orada oturub üç yüz altmış nəfər kişini gözləməyə başladı, lakin onlardan cəmi beş nəfər başı qırxıq halda oraya yığışdı. İmam Əli(ə.s) əllərini göyə qaldırıb ərz etdi: İlahi, sən gizlətdiyimiz və aşkarda saxladığımızdan agahsan. Yerdə və göydə heç bir şey səndən gizli deyil. Məni müsəlman öldür. Məni saleh əməlli insanlara qovuşdur. Bilin və agah olun, and olsun Kəbəyə, onun Sahibinə, (nüsxəyə uyğun) and olsun Müzdəlifəyə (Ərəfata) və Minada cəmərəni (xırda daş) atmaq üçün hacıları oraya yetirən iti gedən dəvələrə, əgər Peyğəmbər(s)-in vəsiyyəti və əhdi olmasaydı, müxalifləri fəlakət xəndəyinə atıb ölüm şimşəklərini onların üzərinə yağdırardım. Onlar tezliklə sözümün mənasını başa düşəcəklər.

  
Mühacir və mədinəlilərdən Əli(ə.s)-nin dəstək istəməsi və Müaviyənin tənəsi.  

Tanınmış İslam tariçisi İbn Əbil Hədid yazır ki, Fatimə(s.ə) mədinəlilərin evinə gedib onları Əli(ə.s)-ni himayə etməyə çağırırdı. Müaviyənin bu barədə həzrəti-Əli(ə.s)-yə ünvanladığı məşhur müraciəti budur:

 

Adamların Əbu Bəkrə beyət edən günü gecə öz həyat yoldaşını dəvəyə mindirib Həsən və Hüseynin əlindən tutub Bədr əhli və ilk müsəlman olanların yanına gedib onları öz tərəfinə dəvət etməyin mənim heç yadımdan çıxmır. Zövcən və uşaqlarınla birgə sənin haqqının qaytarılması üçün onlardan kömək istədin. Xalqa dedin ki, gəlin Rəsulullahın yavərinə beyət edin, ancaq dörd-beş nəfərdən başqa heç kim sənin sözünü qəbul etmədi. Canıma and olsun, əgər sən haqq olsaydın, onlar sənin sözünü qəbul edərdilər.Lakin sənin etdiyin iddia batil idi. Bilmədən dilinə bir söz gətirdin. Bacarmadığın və yetişə bilməyəcəyin bir şeyə (xilafətə) əl atdın. Səni xilafəti ələ keçirməyə təhrik edəndə Əbu Süfyana dediyin sözü sən yaddan çıxarsan da, mən unutmamışam. Dedin ki, əgər qırx nəfər möhkəm döyüşçüm olsa (tərəfdarım olsa), hökmən mən bunlarla döyüşərdim. Demək, müsəlmanların Allahı sənin tərəfində deyildir.

  
Malik ibn Nüveyrənin etirazı.  

İltihabu-niranil-ihzan kitabının xülasəsində mühəqqiqlərdən bəzisi (Mühəqqiqi-Feyz) belə bir mətləbi qeyd etmişlər. Biz ancaq onun xülasəsini veririk:

 

Əbu Bəkrin beyəti sona yetən zaman Malik ibn Nüveyrə (Mədinədən bir qədər aralı öz tayfasından ayrı yaşayan Peyğəmbər(s)-in vəfalı səhabələrindəndir) həzrəti-Mühəmməd(s)-dən sonra kimin xəlifə olacağını yaxından öyrənmək məqsədi ilə Mədinəyə gəldi.

 

O gün cümə günü idi. Malik məscidə daxil olduqda Əbu Bəkrin Peyğəmbər(s) minbərində oturub xütbə oxuduğunu gördü. O, bu mənzərəni müşahidə edən zaman dedi:

 

__ Bu, Təym tayfasındandır?

 

Dedilər:

 

__ Bəli.

 

Malik soruşdu:

 

__Rəsuli-əkrəm(s)-in bizə ona itaət və dostluq etməyi tapşırdığı şəxs __ Vəsiyyi-Rəsulullah hanı? (yəni Əli(ə.s))

 

Müğeyrə ibn Şöbə dedi:

 

__ Sən yox idin. Biz buradaydıq. Bir hadisədən sonra başqa bir hadisə baş verir (əvvəl Əli(ə.s)-nin xilafəti məsələsi var idi, indi başqasının.)

 

Malik dedi:

 

Allaha and olsun, heç bir hadisə baş verməmişdir. Ancaq siz Allaha və Rəsuluna xəyanət edibsiniz.

 

Sonra O, Əbu Bəkrin yanına gəlib soruşdu:

 

__Ey Əbu Bəkr niyə Vəsiyyi-Rəsulullah (Əli(ə.s)) otura-otura minbərə sən çıxmısan?

 

Əbu Bəkr sərt cavab verdi:

 

__ Öz dabanına idrar edən (sidikləyən) bu ərəbi məsciddən qovun.

 

Ömər, Xalid və Qunfuz hər üçü qalxıb onu döyüb təhqir edərək məsciddən zorla çölə çıxartdılar.

 

Malik miniyinə minib bu şeri oxuya-oxuya Mədinədən öz yaşadığı yerə yola düşdü:

 

Biz Peyğəmbər(s) aramızda olana qədər ona itaət edirdik. Bəs ey müsəlmanlar, müsəlmanlarla Əbu Bəkr arasındakı bu münasibət hansı qanuna əsasəndir?! (mən hansı dəlilə əsasən ona beyət etməliyəm?) Əbu Bəkr öləndən sonra Ömər onun yerinə keçəcəkdir. Bu, çox sarsıdıcıdır. Ömər Əbu Bəkri müdafiə edir, onun eyiblərini örtür. Elə bil böyük bir cəmiyyətlə cihad edir və ya bir qəbrin kənarında əzadarlıq edir. Lakin əgər vəsiyyi-Peyğəmbər qiyam etsə, biz ona dəstək verəcəyik.

 

(Bəzi kitablarda şerin axırıncı misrası belə verilir: Əgər qüreyşlilərdən bizim aramızda coşqun xalq kütləsi hərəkətə gəlib haqqı tələb etsə, biz onlara arxa olarıq.)

  
Malikin Xalid ibn Vəlidin əli ilə öldürülməsi.  

Elə ki Əbu Bəkrin beyəti rəsmiləşib sona yetdi, o, xalqın rəhbəri təyin olundu. Bu zaman Əbu Bəkr Xalid ibn Vəlidi çağırıb ona dedi: Sən şahidsən ki, Malik ibn Nüveyrə nə dedi?! Camaatın qarşısında necə mənə etiraz edib bizim əleyhimizə şerlər oxudu?! İndi diqqətli ol, biz onun məkr və hiyləsindən kənarda qalmalıyıq. Çox guman ki, hakimiyyətə zərər yetirəcək. Sən onu da, tərəfdarlarını da öldürüb, ailələrini əsir etməlisən. Çünki mürtəd olub zəkat vermirlər. Sənə qoşun verib onların üzərinə göndərirəm.

 

Xalid öz qoşunu ilə Malik ibn Nüveyrənin yaşadığı Bitah şəhərinə hərəkət etdi. Malik onun üstünə qoşun gəldiyini eşitdikdə qılıncını götürüb atın yəhərini bağlayaraq müdafiə olunmağa hazırlaşdı. Malik ərəb cəngavərlərindən sayılırdı. Onu yüz döyüşçüyə bərabər bilirdilər. Xalid Malikin nəyə qadir olduğunu bilirdi, ona görə də açıq döyüşdən çəkinib hiyləyə əl atdı. Malikə söz verdi ki, sən amanda olacaqsan. Malik onun sözünə inanmadı. Xalid xeyli and içib dedi ki, heç bir hiylə yoxdur. Malik onun andlarına inandı. Hətta Xalidi qoşunla birgə qonaq saxladı. Gecə yarıdan keçəndə Xalid silahdaşlarından bir neçə nəfərlə namərdcəsinə Malikin evinə soxulub onu öldürdü. Elə həmin gecə Xalid Malikin zövcəsi Ümmü Təmimi zorladı. Daha sonra Malikin başını kəsib qazana qoydu. Həmin qazanda da o gecə qurbanlıq dəvə ətindən toy şənliyi üçün xörək bişirirdilər.

 

Təəccüblü burasıdır ki, Xalid Malikin kəsilmiş başı içində bişmiş xörəkdən yeməyi öz qoşununa əmr etmiş, sonra Malikin tərfdarlarının qadınlarını dindən çıxmış, mürtəd kimi ittiham edərək əsir aparmışdı.

  
Malikin müsibəti haqda Əli(ə.s)-nin mərsiyəsi.  

Malikin faciəli surətdə qətlə yetirilməsi və onun qadınlarının əsir alınması xəbəri Əli(ə.s)-yə yetişəndə çox narahat olub buyurdu: Hamımız Allah tərəfindən gəlmişik və Allaha tərəf də qayıdacağıq.

 

Sonra isə onun üçün bu şeri oxudu:

 

Bir az səbir elə ki, hər bir çətinlikdən sonra asanlıq gəlir. Hər bir iş üçün vaxt və ölçü var. Qadir Allah bizim əhvalımızdan xəbərdardır. Allahın təqdiri bizim tədbirimizdən üstündür.

 

Müəllif yazır: Malikin Xalid tərəfindən öldürülməsi macərası sünni və şiə raviləri tərəfindən qeyd olunmuşdur.

  
Əbu Bəkr və Ömərin Malikin Xalid tərəfindən öldürülməsinə münasibəti.  

Əbu Qutadə Xalidin qoşunundan idi. Xaliddən bu hiylə və cinayəti görəndə çox narahat olmuşdu. Ata minib özünü tez Mədinəyə yetirdi. Əbu Bəkrin yanına gəlib bütün hadisəni olduğu kimi onun üçün danışdı. Bundan sonra Xalidin sərkərdə olduğu orduda xidmət etmədiyinə and içdi.Əbu Bəkr dedi: Xalid hiyləgərliklə ərəbin mal və sərvətini qarət etmiş və mənim qanunumu pozmuşdur.

 

Ömər ibn Xəttab məsələdən xəbərdar olanda Əbu Bəkrlə çox söz-söhbətdən sonra dedi: Xaliddən qisas alınmalıdır.

 

Xalid əynində üzünə dəmir çəkilmiş pambıq köynək, kamanında iki ox Mədinəyə qayıdaraq elə bu görkəmdə (qalibiyyət və sərkərdəlik rəmzi idi) Mədinə məscidinə daxil oldu. Ömər onu görəndə oxları onun başı üstündən götürüb sındırdı və dedi:

 

__ Ey öz canının düşməni, müsəlmana təcavüz edib onu öldürürsən, sonra da həyat yoldaşını zorlayırsan?! Allaha and olsun, səni daşqalaq edərik.

 

Xalid heç bir şey deməyib sakit dayanmışdı. Belə güman edirdi ki, Əbu Bəkrin də fikri belədir. Əbu Bəkrin evinə gedib xüsusi bir hiyləgərliklə ondan üzrxahlıq istədi. Əbu Bəkr onun hiylə dolu üzrünü qəbul edib, qisasına göz yumdu.

 

Xalid Əbu Bəkrin evindən çölə çıxdı. Ömər onu məscidin qapısında gözləyirdi. Xalid Ömərə dedi:

 

__Yanıma gəl, ey Ümmü-Tülmənin oğlu.

 

Ömər Xalidin bu sözündən başa düşdü ki, Əbu Bəkrin yanından razı çıxıbdır. Ömər Xalidə heç bir söz deməyib evinə getdi.

 

Əllamə məclisi yazır: Ömərin Xalidi danlaması şəriət hökmlərini və İslam qanunlarını icra etmək məqsədi güdmürdü, əksinə, onun narahatlığı cahiliyyət dövründə Xalid ilə əhd-peyman bağladıqlarına görə idi. Elə buna görə də Xalidin Səd ibn Übadəni (ənsarların başçısı) öldürməsi xəbərini eşidəndə Xalidi əfv etdi.

 

Bəzi tarixçilərin İmamlardan nəql etdiklərinə görə, Ömərin xilafəti zamanı bir gün Ömər Mədinədən kənarda Xalid ilə görüşüb, ona demişdi:

 

__Malik ibn Nüveyrənin sən öldürmüsən.

 

Xalid:

 

__ Bəli, aramızda olan ədavətə görə onu öldürdüm.

 

Ömər bu sözdən xoşhallanıb Xalidi sinəsinə sıxıb: Sən Allahın və Rəsulullahın qılıncısan, __ dedi.

  
Quranın yığılması və nizamlanması.  

Süleym ibn Qeys Səqifə əhalatını Salmandan nəql edib bu məqama yetişir:

 

Əli(ə.s) xalqın vəfasızlığını, yalan və bəhanələrini görüb evində Quranı toplayıb nizamlamaqla məşğul idi. İşini görüb qurtarana qədər evdən çölə çıxmadı.

 

Bundan qabaq Quran ayələri vərəq, taxta və parça üzərində pərakəndə yazılmışdı. Əli(ə.s) bütün Quranı toplayaraq öz dəsti-xətti ilə yazdı, onun tənzil və təvilini, nasix və mənsux ayələrini müəyyən etdi. Həmin vaxtda da Əbu Bəkr o Həzrətə xəbər göndərdi ki, gəlib ona beyət etsin.

 

İmam Əli(ə.s) cavab verdi ki, mən Quranı toplamaqla məşğulam. And içmişəm ki, namaz vaxtından başqa Quranı yığıb tənzimləməmiş evdən çölə çıxmayacağam.

 

Əbu Bəkr və tərəfdarları bir neçə gün Əmirəlmömininə möhlət verdilər. Əli(ə.s) Quranı yığıb tənzimlədikdən sonra onu bir parçaya qoyub üstünü möhürlədi.

 

Başqa bir mənbəyə əsasən o Həzrət topladığı Quranı götürüb Rəsuli-əkrəm(s)-in qəbrinin üstünə gəldi. Onu yerə qoyub iki rükət namaz qılaraq Rəsuli-əkrəm(s)-ə salam göndərdi. Camaat Əbu Bəkrlə birgə məscidə yığışmışdı. İmam Əli(ə.s) də orada idi. O, uca səslə xalqa xitab edib buyurdu:

 

__ Ey müsəlmanlar, Rəsulullah(s) vəfat edəndən mənim başım əvvəl Peyğəmbər(s)-in dəfninə, sonra isə Quranın yığılmasına qarışmışdır. Bütün Quranı cəm edib bu parçaya bükmüşəm. Rəsuli-əkrəm(s)-ə nazil olan hər bir ayəni burada yığmışam. Peyğəmbər(s)-in mənə qiraət edib yazdırdığı və təvilini (ayələrin batini mənası) mənə öyrətdiyi ayələrdən başqa orada heç bir şey yazılmamışdır. Daha qiyamət günü deməyəsiz ki, bizim bundan xəbərimiz yox idi, mən sizi köməyə çağırmadım, haqqı sizə xatırlatmadım, Quranı sizə əvvəldən axıra kimi tanıtdırmadım.

 

Ömər dedi:

 

__ Bizi cəmlədiyin Qurana dəvət etməklə əlimizdə olan Qurana laqeyd etmə. (Bizim öz Quranımız var. O olduğuna görə sizin Qurana daha ehtiyacımız yoxdur.)

 

Başqa bir rəvayətdə isə Ömər deyir:

 

__ Quranı qoy qalsın. Özün isə get işinlə məşğul ol.

  
Peyğəmbər(s)-in vəsiyyətinin xatırlanması.  

İmam Əli(ə.s)-nin məsciddəki xütbəsinin davamı:

 

__Peyğəmbər(s) sizə vəsiyyət etmişdi ki, mən sizin aranızda iki böyük qiymətli şeyi əmanət qoyub gedirəm. Onlardan birincisi Quran, ikincisi isə Əhli-beytimdir. Bu iki şey behiştdə Kövsər hovuzunda mənə yetişənə qədər bir-birindən ayrılmazlar. Əgər Quranı qəbul edirsinizsə, məni də Quranla yanaşı qəbul edin ki, sizin aranızda Allahın Quranda nazil etdiyi hökmləri icra edim. Çünki mən Quranın bütün ayələrinin nasix-mənsuxuna, təvilinə, möhkəm və mütəşabihinə, halal və haramına sizdən daha yaxşı bələdəm.

 

Ömər dedi:

 

__ Bu Quranı özünlə götür ki, nə o səndən ayrılsın, nə də sən ondan. Bizim nə sənin topladığın Qurana, nə də sənə ehtiyacımız yoxdur.

 

Həzrəti-Əli(ə.s) Quranı götürüb evinə qayıtdı. Namaz qıldığı yerdə oturub Quranı qarşısına qoydu. Gözündən yaş axıda-axıda onun ayələrini oxumağa başladı.

  
Əmirəlmöminin Əli(ə.s)-nin qardaşı ilə görüşü.  

Bu zaman qardaşı Əqil Əli(ə.s)-nin hüzuruna gəlib onu ağlar gördükdə Həzrətdən soruşdu:

 

__ Niyə ağlayırsan? Allah sənin gözlərini heç vaxt yaşlı etməsin.

 

Həzrəti-Əli(ə.s) buyurdu:

 

__ Qardaşım, Allaha and olsun! Qüreyş və onların tərəfdarları üçün ağlayıram ki, haqdan üz çevirib əyri yola düşdülər. Öz fəsad və cəhalətlərinə qayıdıb ixtilaf, nifaq vadisinə, sərgərdanlıq səhrasına yuvarlandılar. Əvvəllər Peyğəmbər(s) ilə vuruşmaq üçün əlbir olduqları kimi, indi də mənimlə döyüşməkdən ötrü birləşiblər. Allah onların cəzalarını versin ki, mənimlə olan yaxınlıq ipini qırıb, əmim oğlu Peyğəmbər(s)-in hakimiyyətini əlimizdən aldılar.

 

Bu zaman hönkürüb buyurdu:

 

__Hamımız Allah tərəfindən gəlmişik və ona tərəf də qayıdacağıq.

 

Daha sonra isə aşağıdakı şeri oxudu. Şerin məzmunu ilə tanış olun:

 

Əgər mənim halımın pisliyini soruşsan, deyərəm, ruzigarın çətinliklərinə də səbir edib çətinliklə yaşayıram. Mənim üçün üzümdəki kədərimi düşmənimin görüb sevinməsi, dostumun isə bundan narahat olması çox ağırdır.

  
Əbu Bəkrin Əli(ə.s)-yə xəbər göndərməsi və o Həzrətin cavabı.  

İndi yenə Süleym ibn Qeysin yazdıqlarına qayıdaq. Sonra Əli(ə.s) öz evinə gəldi.

 

Ömər Əbu Bəkrə dedi:

 

__ Əli(ə.s)-nin dalınca bir nəfər göndər ki, qoy gəlib sənə beyət etsin, çünki Əli(ə.s) beyət etməsə, xilafət səhmana düşməz. Əgər o bizə beyət edərsə, o zaman ona da aman verərik.

 

Əbu Bəkr Əli(ə.s)-nin yanına bir nəfərlə xəbər göndərdi ki, Rəsulullah(s)-ın xəlifəsinin dəvətini yerinə yetir.

 

Əbu Bəkrin qasidi Əli(ə.s)-nin yanına gəlib onun sözünü o Cənab(ə.s)-a çatdırdıqda Əli(ə.s) buyurdu: Qəribədir, nə tez Peyğəmbər(s)-i təkzib (yalançı) etdiniz? Əbu Bəkr və ətrafındakılar yaxşı bilirlər ki, Allah və Rəsulu məndən başqasını öz xəlifəsi təyin etməmişdir.

 

Qasid Əli(ə.s)-nin sözlərini Əbu Bəkrə çatdırdıqda Əbu Bəkr dedi ki, get, bu dəfə Əli(ə.s)-yə belə de: Əmirəl-mömininin (Əbu Bəkr) dəvətini yerinə yetir.

 

Qasid Əli(ə.s)-nin yanına gəlib Əbu Bəkrin sözünü ona çatdırdı. Əli(ə.s) buyurdu: Qəribədir, onlar Peyğəmbər(s)-imizə verdikləri vədi nə tez unutdular?! Allaha and olsun, o (Əbu Bəkr) yaxşı bilir ki, bu ad məndən başqa bir kəsə layiq deyildir. Peyğəmbər(s) ona əmr etdi ki, mənə əmirəl-möminin deyib salam versin. O, həzrəti-Mühəmməd(s) tərəfindən bu işə sövq etdirilmiş yeddi nəfərdən biridir. O və onun rəfiqi (Ömər) həmin yeddi nəfərin arasında Peyğəmbər(s)-dən soruşmuşdu:

 

__ Bu əmr Allah və Rəsulu tərəfindəndirmi?

 

O zaman Peyğəmbər(s) buyurmuşdu:

 

-Bəli, Allah və Rəsulu tərəfindən haqdır ki, Əli(ə.s) möminlərin əmiri, müsəlmanların ağası, nurani və yaxşı insanların bayraqdırıdır. Allah qiyamət günü onu sirat körpüsündə əyləşdirib onun dostlarını cənnətə, düşmənlərini isə cəhənnəmə göndərər.

 

Əbu Bəkrin qasidi Əli(ə.s)-nin bu sözlərini Əbu Bəkrə yetirdi. Onlar elə həmin gün O(ə.s)-nu beyətə dəvət etməkdən əl çəkdilər.

 

Süleym ibn Qeys Salmanın dediklərinə əsaslanaraq belə qeyd edir:

 

Qaranlıq düşəndə həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-ni ata mindirdi. Onlar Həsən ilə Huseynin əlindən tutub Rəsuli-əkrəm(s)-in səhabələrinin evinə getdilər. Əli(ə.s)-nin getmədiyi səhabə evi qalmadı. O, alicənablıqla öz haqqı barədə Allahı xatırladıb onları köməyə səslədi, ancaq biz dörd nəfərdən başqa o Həzrətin dəvətini qəbul edən olmadı. Həmin dörd nəfər bunlardır: Salman, Əbuzər, Miqdad və Zübeyr ibn Əvam. Biz başımızı (Əli(ə.s)-nin dostları əlaməti olaraq) qırxmışdıq. Həzrəti-Əli(ə.s)-yə kömək etməkdə Zübeyr bizdən daha comərd və bəsirətli çıxdı.

  
Peyğəmbər(s)-in ailəsinə təcavüz.  

Elə ki Əli(ə.s) xalqın vəfasızlığını görüb başa düşdü ki, ona kömək etməkdən boyun qaçırırlar və Əbu Bəkrin ətrafında birləşirlər, evə qayıdıb bir daha bayıra çıxmadı. Belə olan halda Ömər Əbu Bəkrə dedi:

 

__ Niyə Əli(ə.s)-yə xəbər göndərmirsən ki, gəlib sənə beyət etsin? Ondan və dörd nəfərdən başqa hamı beyət edibdir.

 

Əbu Bəkr ürəyiyumşaq və güzəştə gedən bir adam kimi bir işdə çox götür-qoy edər, lakin Ömər isə daşürəkli, qəzəbli və acıdil idi.

 

Ömər dedi:

 

__ Qunfuzu Əli(ə.s)-ni çağırmağa göndərirəm. O, sərt, qəzəbli, kobuddur. Qunfuz Ədiy ibn Kəb sülaləsindən azad olunmuş bir quldur.

 

Əbu Bəkr Qunfuzu bir neçə nəfərlə Əli(ə.s)-nin hüzuruna göndərdi. Qunfuz Əli(ə.s)-nin evinə gəlib içəri daxil olması üçün icazə istədi, amma Əli(ə.s) ona icazə vermədi. Qunfuzun yoldaşları məsciddə bir neçə nəfərlə oturub söhbət edən Əbu Bəkr və Ömərin yanına gəlib dedilər:

 

__ Əli(ə.s) bizə içəri keçməyə icazə vermədi.

 

Ömər:

 

__ Təzədən Əli(ə.s)-nin evinə qayıdın. Əgər icazə verməsə, icazəsiz içəri girin.

 

Onlar Əli(ə.s)-nin evinə gəlib əvvəl icazə istədilər. Fatimə(s.ə) qapıya çıxıb buyurdu:

 

__ Mən sizə icazəsiz mənim evimə daxil olmağı qadağan edirəm. (Mən narahatam, evimə gəlməyin.)

 

Qunfuzun yoldaşları yenə də Əbu Bəkr və Ömərin yanına qayıtdılar. Qunfuz isə orada qaldı. Onlar Fatimə(s.ə)-nin sözünü Əbu Bəkrə çatdırdıqda Ömər hirslənib dedi:

 

__ Bizim qadınlar ilə nə işimiz vardır?

 

Sonra o, ətrafındakılara dedi:

 

__ Odun yığın.

 

Onlar odun yığıb Ömərlə birlikdə həzrəti-Zəhra(s.ə)-nın evinə gəldilər. Odunları evin qapısının qarşısında qaladılar. Bu vaxt da Əli(ə.s), Fatimə(s.ə), Həsən və Hüseyn(ə.s) evdə idilər. Ömər ucadan qışqırıb dedi:

 

__ Allaha and olsun, ey Əli, gərək evdən çıxıb Rəsulullahın xəlifəsinə (Əbu Bəkrə) beyət edəsən, yoxsa evini yandıracağam.

 

Fatimə(s.ə) Ömərə buyurdu:

 

__ Niyə bizimlə belə rəftar edirsən?

 

Ömər:

 

__ Qapını aç, yoxsa od vurub yandıraram.

 

Fatimə(s.ə):

 

__ Allahdan qorxmursanmı, mənim evimə güclə soxulursan?

 

Ömər oradan çəkilməyib yoldaşlarından alov istədi. Onlardan alovu alıb həzrəti-Zəhra(s.ə)-nın evinin qapısını yandırdı. Sonra qapını itələyib içəri girdikdə Fatimə(s.ə) onun qarşısında dayanıb fəryad etdi:

 

__ Ey atacan, ya Rəsulullah!

 

Ömər qılıncı qınındaca Zəhra(s.ə)-nın qabırğasına zərblə vurdu. O Xanımın naləsi asimana ucaldı:

 

__ Ey atacan.

 

Ömər qırmancı havada yellədib həzrəti-Zəhra(s.ə)-nın qoluna elə çırpdı ki, o Xanım ucadan nalə çəkdi:

 

__ Ey Rəsulullah, bax gör, Əbu Bəkr və Ömər səndən sonra bizimlə necə pis rəftar etdilər.

 

Bu zaman Əli(ə.s) sıçrayıb Ömərin yaxasından tutaraq onu yerə elə vurdu ki, bu undan qan açıldı. İstədi, birdəfəlik onun işini bitirsin, birdən Peyğəmbər(s)-in vəsiyyəti yadına düşdü. Dedi:

 

__ Ey Səhhakın oğlu, and olsun Mühəmməd(s)-i peyğəmbərliyə seçən Allaha, əgər Allahın hökmü və Rəsulullah(s)-ın vəsiyyəti olmasaydı, sən mənim evimə heç bir vəchlə daxil ola bilməzdin.

 

Ömər məscidə adam göndərib Əbu Bəkrdən kömək istədi. Bir dəstə Əbu Bəkrin havadarlarlarından köməyə gəlib Əli(ə.s)-nin evinə soxuldu. Əli(ə.s) ayağa qalxıb qılıncını çəkdi. Qunfuz Əli(ə.s)-nin onların üstünə qılınc çəkdiyini görüb qorxusundan Əbu Bəkrin yanına qaçdı, çünki o, həzrəti-Əli(ə.s)-nin döyüşlərdə göstərdiyi rəşadətindən xəbərdar idi. Baş vermiş hadisəni Əbu Bəkrə danışdıqda Əbu Bəkr Qunfuza dedi:

 

__ Əlinin evinə qayıt, əgər evdən çıxsa, onu buraya gətir. Yox, əgər çıxmasa, evi içindəki adamlarla bir yerdə od vurub yandır.

 

Qunfuz qayıdıb dəstəsi ilə birlikdə icazəsiz Əli(ə.s)-nin evinə soxuldu. Əli(ə.s) istədi, qılıncını götürsün, Qunfuz onu qabaqlayıb qılıncı qapdı. Bu zaman Fatimə(s.ə) Əli(ə.s)-ni himayə etmək məqsədilə qabağa gəldi. Qunfuz tazyanəni havada yellədib Fatimə(s.ə)-ni vurdu.

 

Fatimə(s.ə) o zərbələrin nəticəsində (bir müddətdən sonra) dünyadan köçəndə bu tazyanələrin şiddətli izləri (qolbaq kimi) onun qolunda açıq-aşkar bilinirdi.

 

Sonra həzrəti-Əli(ə.s)-ni zorla Əbu Bəkrin yanına gətirdilər. Ömər əlində qılınc Əli(ə.s)-nin başı üstündə dayanmışdı. Xalid ibn Vəlid, Əbu Übeydə Cərrah, Əbu Hüzeyfənin azad olunmuş qulamı Salim, Məaz ibn Cəbəl, Müğeyrə ibn Şöbə, Əsəd ibn Həzir, Bəşir ibn Səd və başqaları əllərində qılınc Əbu Bəkrin ətrafında dövrə vurmuşdular.

  
Həzrəti-Zəhra(s.ə)-nın qəzəbi.  

Əyyalinin yazdıqlarından:

 

Əli(ə.s)-ni evdən aparandan sonra Fatimə(s.ə) çölə çıxıb Əbu Bəkrə üzünü tutaraq belə buyurdu:

 

__ İstəyirsiz ki, həyat yoldaşımı əlimdən alıb məni tək qoyasız? Allaha and olsun, əgər ondan əl çəkməsəniz başımı açıb atamın qəbri üstündə Allah dərgahına nalə çəkərəm.

 

Sonra Fatimə(s.ə) Həsən ilə Hüsey(ə.s)-nin əlindən tutub Peyğəmbər(s)-in qəbri üstünə gəldi.

 

Həzrəti-Əli(ə.s) məsələdən agah olduqda Salmana belə tapşırdı:

 

__ Get Mühəmməd(s)-in qızı Fatimə(s.ə)-ni tap, geri qaytar. Sanki Mədinənin lərzəyə gəlib batdığını hiss edirəm. Allaha and olsun, əgər Fatimə(s.ə) saçını dağıdıb Peyğəmbər(s)-in qəbri üstündə Allah dərgahına nalə çəksə, daha Mədinə əhlinə bir an belə möhlət verilməyəcəkdir. Yer onların hamısını öz kamına çəkəcəkdir.

 

Salman tələsik Fatimə(s.ə)-nin yanına gəlib ərz etdi: Ey Mühəmmədin(s) qızı, Allah atanı bəşərin rəhmət qayəsi tək göndərmişdi. Evə qayıt və nifrin (qarğış) etmə.

 

Fatimə(s.ə) buyurdu:

 

-Salman, onlar istəyirlər ki, Əli(ə.s)-ni aradan götürsünlər. Daha səbrim tükənib. Qoy gedim atamın qəbri üstə saçımı dağıdım, Allahımın dərgahına nalə çəkim.

 

Salman:

 

__ Mən qorxuram ki, bu zaman yer lərzəyə gəlib Mədinə əhlini udar. Əli(ə.s) məni sizin yanınıza göndərdi ki, nifrin etməkdən əl çəkib evə qayıdasınız.

 

Həzrəti-Zəhra:

 

__ O zaman mən o Cənaba itaət edib evə qayıdaram və səbir edərəm.

 

Əllamə Təbərsi Ehticac adlı kitabında İmam Sadiq(ə.s)-dən belə nəql edir:

 

Əli(ə.s)-ni evdən aparanda bütün Bəni-Haşim xanımları evdən çıxıb həzrəti-Mühəmməd(s)-in qəbri üstünə gəldilər. Həzrəti-Zəhra(s.ə) ucadan səsləndi: Əmim oğlunu buraxın! And olsun Mühəmməd(s)-i haqq göndərən Allaha! Əgər onu buraxmasanız, saçımı dağıdıb Peyğəmbər(s)-in köynəyini başıma tutaram və Allah dərgahına nalə çəkərəm. Saleh peyğəmbərin dəvəsi Allah dərgahında mənim övladlarımdan əziz deyildir.

 

Salman deyir ki, Fatimə(s.ə)-nin yaxınlığında dayanmışdım. Allaha and olsun, Peyğəmbər(s) məscidinin divarlarının yerdən necə aralandığını gördüm, belə ki o aralıqdan bir şəxs asanlıqla sivişib keçə bilərdi. Yaxına gəlib dedim:

 

__ Ey alicənab xanım, ey mənim sərvərim! Allah Atanı bəşərin mərhəmət qayəsi qərar verdi. Siz camaatın əzaba düçar olmasına səbəb olmayın.

 

Fatimə(s.ə) evə qayıtdı. Məscidin yarığı birləşdi, divarların dibindən toz qalxıb bu umuza doldu.

 

Böyük ravi və alim Şeyx Kuleyni İmam Baqir(ə.s) və İmam Sadiq(ə.s)-dən nəql edir ki, işin bu dərəcəyə yetişdiyini görən həzrəti-Fatimə(s.ə) Ömərin libasından çəkib buyurdu:

 

__ Allaha and olsun, ey Xəttabın oğlu, əgər arada günahsız bəndələr də bəlaya düçar olmasaydı, yaxşı bilirsən ki, and içib Allaha pənah aparardım və tezliklə də Allah istədiyimi müstəcab edərdi.

 

Həmçinin rəvayət olunur ki, Əli(ə.s)-ni evdən aparanda Fatimə(s.ə) Peyğəmbər(s)-in köynəyini başına tutmuşdu. O, Həsən(ə.s) və Hüsey(ə.s)-nin əlindən tutub Əbu Bəkrin yanına gəlib buyurdu:

 

__ Mən sənə neyləmişəm? İstəyirsən, əmim oğlunu öldürüb uşaqlarını başsız qoyasan? Allaha and olsun, əgər pis olmasaydı, saçımı açıb, Allah dərgahında şivən edərdim.

 

Əbu Bəkrin tərəfdarlarından bir nəfər ondan soruşdu:

 

__ Nə qərara gəlirsən? Camaatın məhv olmağınımı istəyirsən?

 

Onlar Əli(ə.s)-ni buraxdılar. Əli(ə.s) həzrəti-Zəhra(s.ə)-nın əlindən tutub evə apardı.

 

Başqa bir rəvayətdə İmam Baqir(ə.s)-dən nəql olunur: Allaha and olsun, əgər Fatimə(s.ə) saçını yolsaydı, hamı məhv olardı.

  
İbn Əbil Hədidin qeydlərində Əli(ə.s)-dən beyətin alınması.  

Məşhur sünni alimi İbn Əbil Hədid Cövhərinin Əssəqifə kitabında belə yazılır:

 

Əbu Bəkr Ömərdən soruşdu:

 

__ Xalid ibn Valid hanı?

 

Ömər Xalidi çağırtdırdı. Əbu Bəkr Ömərlə Xalidə dedi:

 

__ Gedin Əli(ə.s) ilə Zübeyri buraya gətirin.

 

Ömərlə Xalid həzrəti-Zəhra(s.ə)-nın evinə gəldilər. Xalid qapıda dayandı. Ömər evə keçib Zübeyrdən soruşdu:

 

__ Əlindəki qılınc nədir?

 

Zübeyr:

 

__ Bu qılıncı əlimdə tutmuşam ki, Əli(ə.s)-yə beyət edim.

 

Səhabədən bir neçəsi, o cümlədən Miqdad və Bəni- Haşimin hamısı evdə idi. Ömər qılıncı Zübeyrin əlindən qapıb evdə olan daşın üstünə zərb ilə vuraraq sındırdı. Sonra Zübeyrin əlindən tutub çölə çıxartdı. O, Xalidə dedi:

 

__ Zübeyrdə gözün olsun.

 

Xalid Zübeyri saxladı.

 

Sonra Ömər Əli(ə.s)-nin evinə daxil olub ona dedi:

 

__ Qalx, beyət et!

 

Əli(ə.s) beyətdən imtina etdi. Ömər Əli(ə.s)-nin əlini tutub dedi:

 

__ Ayağa qalx!

 

O Cənab(ə.s) itaət etmədi. Nəhayət, Ömər O(ə.s)-nu güc tətbiq edərək çölə çıxarıb Xalidə tapşırdı. Xalidin yanında çox adam var idi. Ömər öz yoldaşları ilə birlikdə Əli(ə.s) ilə Zübeyri zorla məscidə apardı. Camaat hər tərəfdən axışıb tamaşa edirdi, belə ki Mədinənin küçələri adamlarla dolmuşdu.

 

Fatimə(s.ə) Ömərin bu hərəkətini görəndə fəryad edib camaatın arasına gəldi. Bəni-Haşimdən və başqa qəbilələrdən qadınlar onu əhatəyə aldılar. Fatimə(s.ə) ucadan dedi:

 

__ Əbu Bəkr, nə tez Peyğəmbər(s)-in Əhli-beytinə hücum etməyə cəsarət etdin!? Allaha and olsun, mən daha ölənə kimi Ömərlə kəlmə də kəsməyəcəm.

 

Ravi yazır: Elə ki Əli(ə.s) və Zübeyr beyət etdi, fitnələr yatdı. Əbu Bəkr Fatimə(s.ə)-nin yanına gedib Ömərin bağışlanmasını xahiş etdi.

 

İbn Əbil Hədid (yuxarıdakı rəvayəti nəql edib öz fikrini bildirərək) qeyd edir: Mənim fikrimcə, Fatimə(s.ə)-nin son nəfəsinə qədər Əbu Bəkr və Öməri dindirmədiyi bir həqiqətdir. Xanım(s.ə) onlardan incik getdi. Vəsiyyət etdi ki, onlar onun cənazəsinə namaz qılmaqda iştirak etməsinlər. Bu hadisə bizim səhabələrin nəzərincə, kiçik günahlardan sayılıb bağışlanılması mümkün olan şeylərdir. Əlbəttə, yaxşı olardı ki, Əbu Bəkr və Ömər Fatimə(s.ə)-yə ehtiram edib onun yüksək məqamına hörmət edəydilər. Lakin onlar ixtilaf və təfriqədən qorxub məsləhət bildikləri işi yerinə yetirmişlər. Onlar dində möhkəm yəqinliklə böyük məqam sahibləridirlər. Əgər belə hadisələr də sübuta yetirilmiş olsa, bu böyük günahlardan sayılmır. Əksinə, kiçik günahlardan sayılaraq təvəlla və təbərra (dostluq və düşmənçilik) meyarı olmamışdır. (İbn Əbil Hədid. Şərhi Nəhcül-bəlağə VI c, səh.50) İbn Əbil Hədidin bu mühakiməsi düzgündürmü? Belə əməlləri kiçik günahlardan hesab etmək olarmı? Özünüz mühakimə edin.

  
Peyğəmbər(s)-in gözünün nuru, hər iki dünya qadınlarının xanımı həzrəti-Fatimə(s.ə)-yə qarşı güc tətbiq edilməsi.  

Əllamə Məclisi Biharül-ənvar kitabında Süleym ibn Qeys Hilali Kufiyə, Əban ibn Əyyam Süleymə əsaslanaraq belə bir faktı qeyd edirlər: Peyğəmbər(s) vəfat edəndə hələ cənazəsini dəfn etməmiş müsəlmanlar Rəsuli-əkrəm(s) ilə bağladıqları əhd-peymanı pozub mürtəd oldular və Rəsulillah(s) tərəfindən təyin olunmuş yolun əksinə getdilər.

 

Əli(ə.s) Peyğəmbər(s)-in cənazəsini qüsl edib, kəfənə tutub, namaz qılıb, dəfn etdikdən sonra evə qayıdıb Peyğəmbər(s)-in vəsiyyətinə əməl edərək Quranı tərtib edib tənzimləməklə məşğul oııldu. Bu kimi işlər onu baş vermiş hadisələrdən kənarda saxladı. O zaman Ömər Əbu Bəkrə demişdi:

 

__ Hamı sənə beyət edibdir. Təkcə bu kişi __ Əli(ə.s) və Əhli-beytindən başqa. Bir nəfər göndər ki, gəlib beyət etsin.

 

Əbu Bəkr Ömərin Qunfuz adlı əmisi oğlunu həzrəti-Əli(ə.s)-nin dalınca göndərib ona tapşırdı:

 

__ Get Əli(ə.s)-yə de ki, Peyğəmbər(s)-in canişininin dəvətini qəbul elə.

 

Qunfuz bir neçə dəfə Əli(ə.s)-nin yanına gəlib Əbu Bəkrin sözünü ona yetirdi. Lakin Əli(ə.s) beyətdən imtina etdi.

 

Axırda Ömər hirslənib ayağa qalxdı. Xalid ibn Vəlidi və Qunfuzu çağırıb onlara tapşırıq verdi ki, odun yığsınlar. Onlar özləri ilə odun götürüb Ömərlə birlikdə Fatimə(s.ə)-nin evinə yollandılar.

 

Fatimə(s.ə) qapının arxasında dayanmışdı. Hələ Peyğəmbər(s)-in matəm şalını başından açmamışdı. O, Rəsulillah(s)-ın ayrılığından zəifləyib taqətdən düşmüşdü. Ömər qapıya yaxınlaşıb qapını döyərək ucadan qışqırdı:

 

__ Ey Əbu Talibin oğlu, qapını aç.

 

Fatimə(s.ə):

 

__ Ömər! Niyə biz matəmdə ola-ola bizdən əl çəkmirsən?

 

Ömər:

 

__ Qapını aç. Yoxsa evə od vurub yandıraram.

 

Fatimə(s.ə):

 

__ Ömər, Allahdan qorxmursanmı? İcazəsiz mənim evimə daxil olub hücum çəkirsən?

 

Ömər öz fikrindən dönməyib qapıya od vurdu. Yarı yanmış qapını itələyib içəri daxil olanda Fatimə(s.ə) onunla qarşı-qarşıya gəlib fəryad etdi:

 

__ Ata can, ey Allahın Rəsulu!

 

Ömər qılıncı qınındaca qaldırıb həzrəti-Zəhra(s.ə)-nın qabırğa nahiyəsinə endirdi. O Xanımın naləsi göyə ucaldı. Ömər qırmancını havada yellədib həzrəti-Zəhra(s.ə)-nın qoluna çırpdı. Fatimə (s.ə) fəryad etdi:

 

__ Ey atacan!

 

Bu zaman Əli(ə.s) cəld gəlib Ömərin yaxasından tutub yerə vurdu. Ömərin bu undan qan açıldı. Həzrəti- Əli(ə.s) xəncəri çəkib onu öldürmək istəyəndə Peyğəmbər(s)-in vəsiyyəti yadına düşdü. Peyğəmbər(s) ona hər şeyə dözüb səbirli olmağı vəsiyyət etmişdi. Əli(ə.s) dedi:

 

__Yaxşı bilirsən ki, əgər həzrəti-Mühəmməd(s)-in vəsiyyəti olmasaydı, sən mənim evimə icazəsiz daxil ola bilməzdin.

 

Ömər fəryad edib köməyə çağırırdı. Bir neçə nəfər onun köməyinə gəlib Əli(ə.s)-nin evinə doluşdu. O Həzrəti çəkə-çəkə məscidə tərəf beyət etməyə apardılar. Fatimə(s.ə) də qapının kənarında dayanıb baxırdı. Qunfuz qırmancı ilə fatimə(s.ə)-ni vurdu. Həzrəti-Fatimə(s.ə) vəfat edəndə qırmancın izləri onun qolunda hələ də qalmışdı. Sonra Qunfuz qapını itələyib açanda qapını Fatimə(s.ə)-nin böyrünə elə vurmuşdu ki, o Xanımın qabırğasının biri sınmışdı və bətnində olan uşağı məhv olmuşdu. Bu hadisədən sonra həzrəti-Zəhra(s.ə) yatağa düşüb aldığı həmin zədələrdən də şəhadətə yetişdi.

  
Qunfuza təşəkkür.  

Müəllif yazırr: Süleym ibn Qeysdən nəql olunmuşdur ki, Ömər ibn Xəttab bütün işçilərin maaşının yarısını (büdcənin azaldığına görə) cərimə olaraq onlardan tutdu. Lakin Qunfuzun maaşını bütövlükdə ödədi. Süleym deyir ki, Peyğəmbər(s) məscidinə gedib gördüm ki, bir dəstə adam məscidin bir küncündə oturub söhbət edir. Onların hamısı Bəni-Haşimdən idi. Təkcə Salman, Əbuzər, Miqdad, Məhəmməd ibn Əbu Bəkr, Ömər ibn Əbi Səimə və Qeys ibn Səd ibn Übadədən başqa. Bu yığıncaqda Abbas (Peyğəmbərin əmisi) Əli(ə.s)-dən soruşdu:

 

__ Niyə Ömər başqa işçilər kimi Qunfuzun pulundan tutmadı?

 

Həzrəti-Əli(ə.s) ətrafına baxıb gözlərindən yaş axıdaraq buyurdu:

 

__ Qunfuzun pulunu kəsmədi ki, ona bu yolla öz təşəkkürünü bildirsin. Çünki onun Fatimə(s.ə)-yə vurduğu qamçının izləri həzrəti-Zəhra(s.ə) vəfat edənə qədər onun qolunda qolbaq kimi qaralmışdı.

  
İmam Həsə(ə.s)-nin Müğeyrə ibn Şöbəyə söylədikləri.  

Süleym ibn Qeys qeyd edir ki, İmam Həsən Müctəba(ə.s) öz ehticacında Müaviyə və tərəfdarları ilə geniş söhbət edərkən həzrəti-Əli(ə.s)-yə nalayiq töhmətlər vuran Müğeyrə ibn Şöbəyə buyurmuşdu:

 

Sən Allahın düşməni, Quranın ziddinə gedən və Peyğəmbər(s)-i təkzib edən bir şəxssən. Sən Peyğəmbər(s) qızına əl qaldırdın. Onu yaralayıb bətnindəki uşağının məhv olmasına səbəb oldun. Cəsarətlə Peyğəmbər(s)-in ziddinə gedib o Həzrətin Fatimə(s.ə)-nin şəninə buyurduğu kəlamı alçaq tutdun: Sən behişt qadınlarının xanımısan.

 

Ey Müğeyrə, Allah sənin cəzanı versin, yalan sözlərinin günahının ağırlığını boynuna qoysun.

  
Feyz Kaşaninin yazılarında Əli(ə.s)-nin beyət etməsi.  

İslam dünyasının məşhur filosoflarından sayılan Feyz Kaşani Elmül-yəqin kitabında həzrəti-Əli(ə.s)-nin evinə hücum olunması barədə İntibahi Niranül-əhzan kitabına əsaslanaraq belə qeyd edir:

 

Ömər azad olunmuş qullardan və münafiqlərdən bir neçəsini yığaraq Əli(ə.s)-nin evinə yollandı. Onlar qapını bağlı görüb ucadan səsləndilər:

 

__ Əli, çölə çıx! Peyğəmbər(s)-in canişini səni öz hüzuruna tələb edir.

 

Həzrəti-Əli(ə.s) qapını açmadı. Onlar evi yandırmaq üçün qapının ağzına odun qaladılar. Ömər yenə qışqırıb dedi:

 

__ Allaha and olsun, əgər qapını açmasa, evə od vuracağam.

 

Fatimə(s.ə) onların evi yandıracağını başa düşüb qapını açdı. Onlar Fatimə(s.ə)-yə örtünmək üçün imkan vermədən qapını itələdilər. O Xanım(s.ə) naməhrəmlərin gözü qarşısında qalmamaq üçün qapının arxasına keçdi. Ömər qapını itələdi. Fatimə(s.ə) qapı ilə divar arasında qalıb bərk sıxıldı. Bu zaman Ömər və yoldaşları evə soxuldudar. Həzrəti-Əli(ə.s) yerdə oturmuşdu. Onlar Əli(ə.s)-ni dövrəyə alıb yaxasından və qollarından tutaraq zorla məscidə tərəf apardılar.

 

Fatimə(s.ə) özünü yetirib onlarla Əli(ə.s)-nin arasında dayanaraq buyurdu:

 

__ Allaha and olsun, qoymaram, əmim oğlunu zülmlə məscidə tərəf aparasanız. Vay olsun sizə, nə tez Allaha və Rəsuluna xəyanət edib Əhli-beytinə zülm etdiniz. Halbuki Peyğəmbər(s) bizə itaət etməyi və bizimlə dost olmağı sizə tapşıraraq tövsiyə etmişdi ki, bütün işlərinizdə bizdən yapışasınız. Allah da Müqəddəs kitablarda buyurdu:

 

Ey Peyğəmbər, xalqa de ki, Əhli-Beytimə məhəbbət göstərməkdən başqa sizdən Peyğəmbərliyimə görə heç nə istəmirəm. (Şura surəsi, 23)

 

Ravi yazır: Fatimə(s.ə)-nin bu sözü insanların çoxunun dağılışmasına səbəb olmuşdu.

 

Ömər bir nəfərlə orada qalıb əmisi oğluna belə göstəriş verdi: Əgər Fatimə(s.ə) müqavimət göstərsə, ona öz gücünü göstərməkdən çəkinmə.

 

Qunfuz qırmancla Fatimə(s.ə)-nin böyrünə və kürəyinə elə vurmuşdu ki, qırmancın izləri bədənində qalmışdı. Həmin bu zərbələr də Peyğəmbər(s)-in Möhsün adlandırdığı Fatimə(s.ə)-nin bətnindəki uşağın siqt olmasına səbəb olmuşdu. Onlar əmirəl-möminin Əli(ə.s)-ni çəkə-çəkə məscidə tərəf Əbu Bəkrin qarşısına gətirdilər. Həmin anda Fatimə(s.ə) hövlank məscidə, daxil olaraq Əli(ə.s)-ni onların əlindən almaq istədi. Lakin bacarmadı. Oradan atasının qəbri üstünə gedib ürək yanğısı, ah-nalə ilə ağlayaraq belə buyurdu: Atacan, canım kədər və qüssə içində bədənimdə məhbus olubdur. Kaş bu qüssə və kədərlə birgə bədənimdən çıxaydı.

 

Atacan, əfsuslar olsun sənin ayrılığına, əfsuslar olsun nəvələrin Həsən və Hüseyn(ə.s)-in atası, sənin Həbibin, əmirəl-möminin Əli(ə.s)- nin ayrılığına ki, onu uşaqlıqda tərbiyə etdin. Böyüyəndə onu qardaşın kimi çağırdın. O, sənin ən yaxın dostun və ən sevimli səhabən idi. O, hamıdan əvvəl islamı qəbul edib sənə tərəf gəldi, ey məxluqatın Əşrəfi!

 

İndi onu dəvəni aparan təki əsir aparırlar.

 

Sonra ürəkyandırıcı nalə çəkib dedi: Mühəmməd, ey dost, ey Əbəlqasim, ey Əhməd. Əfsuslar olsun, dostların azlığına. Əfsuslar olsun bu müsibətli, qəmli, acı ruzigara.

 

Fatimə(s.ə) bu sözləri deyib huşunu itirərək yerə yıxıldı. Camaat onun bu vəziyyətindən təsirlənib ucadan nalə çəkərək ağladı. Peyğəmbər (s) məscidini başdan-başa matəm bürümüşdü.

 

Sonra Əli(ə.s)-ni Əbu Bəkrin qarşısında dayandıraraq ona dedilər: Əlini uzadıb beyət et! Həzrəti-Əli(ə.s) byurdu: Allaha and olsun, beyət etmərəm, çünki mənim beyətim sizin boynunuzdadır. (Siz mənimlə Qədir-Xumda beyət etdiniz. Ona vəfadarlıq edin.)

  
Əbu Bəkrin Əli(ə.s)-nin əlinə əıııl verməsi.  

Ədiyy ibn Hatəm (Peyğəmbər(s) və Əli(ə.s)-nin dostlarındandır) deyir: Əli(ə.s) üçün ürəyim elə yandı ki, heç kim üçün elə yanmamışdı və yanmayacaq. Əli(ə.s)-nin yaxasından və qollarından tutub məscidə tərəf çəkə-çəkə apararaq deyirdilər:

 

__ Əbu Bəkrə beyət et!

 

O buyurdu:

 

__ Əgər beyət etməsəm, nə olar?

 

Cavab verdilər ki, boynunu vurarıq. Əli(ə.s) üzünü göyə tutub dedi: İlahi, şahid ol ki, bunlar məni öldürməyə gəliblər, halbuki mən Allahın bəndəsi və Peyğəmbər(s)-in qardaşıyam.

 

Onlar yenə Əli(ə.s)-yə dedilər:

 

__ Beyət etmək üçün əlini uzat.

 

O Cənab itaət etmədi. Onlar güclə onun əlini tutub çəkdilər. Həzrəti-Əli(ə.s) barmaqlarını yumdu. Yanındakılar nə qədər etdilərsə, onun yumruğunu aça bilmədilər. Nəhayət, Əbu Bəkrin əlini qabağa çəkib Əli(ə.s)-nin yumulmuş əlinə (yumruğuna) sürtdülər. O halda isə həzrəti-Əli(ə.s) üzünü Peyğəmbər(s)-in qəbrinə tutaraq deyirdi:

 

Ey anam oğlu, camaat məni zəiflədib, az qaldı ki, öldürsün. (Əraf surəsi, 150.)

 

Ravi yazır:

 

Əli(ə.s) üzünü Əbu Bəkrə tutub bu şeri dedi:

 

Əgər sən şura yolu ilə xalqın rəhbəri olmusansa, bu necə şuradır ki, onun (mənim kimi) məşvərətçiləri orada olmamışlar. Yox, əgər qohumluğu dəlil gətirirsənsə, başqaları Peyğəmbər(s)-ə səndən daha yaxındır.

 

O Həzrət təkrar-təkrar buyururdu: Əcəba, xilafət səhabəlik və qohumluqlamı sabit olur?

  
Evin yandırılması hadisəsi Ömərin öz dilindən.  

Ömər ibn Xəttab Müaviyəyə məktubunda (beyət və qapının yandırılması barədə) belə yazmışdı: Qabaqcadan öz adamlarımızla Əli(ə.s)-nin evinə getdim. Fizzə (həzrəti-Fatimə(s.ə)-nin kənizi) çölə çıxdı. Ona dedim:

 

__ Əli(ə.s)-yə de ki, çölə çıxıb Əbu Bəkrə beyət etsin. Çünki bütün müsəlmanlar ona beyət etmişlər.

 

Fizzə:

 

__ Əmirəl-möminin Əli(ə.s) Quranı tərtib etməklə məşğuldur.

 

Dedim ki, bu sözləri bir yana qoy, Əli(ə.s)-yə de ki, çölə çıxsın, yoxsa evə daxil olub onu zorla apararıq. Bu zaman Fatimə(s.ə) çölə çıxıb qapının qarşısında dayanıb dedi:

 

__ Ey yolunu azmış yalançılar, nə deyirsiniz, bizdən nə istəyirsiniz?

 

Dedim:

 

__ Niyə əmin oğlu cavab verməyə səni göndərib, amma özü pərdə arxasında oturub gizlənib?!

 

Fatimə(s.ə):

 

__ Ey Ömər, sənin bu tüğyanın və meydan oxumağın məni evdən çıxararaq höccəti sənə və sənin kimi hər bir yolunu azmışa tamam etdi.

 

Dedim:

 

__ Boş-boş sözləri bir kənara qoy. Əli(ə.s)-yə de ki, çölə çıxsın.

 

Dedi:

 

__ Yəni dostluq və kəramət sənə layiq deyil. Məni şeytan qoşunu iləmi qorxudursan, ey Ömər? Bil ki, hizbi-şeytan zəif və qüvvətsizdir.

 

Dedim:

 

__Ya Əli(ə.s) evdən çölə çıxmalı, ya da məscidə gedib beyət etməlidir, yoxsa evə adamları qarışıq od vuracağam.

 

Sonra Qunfuzun qırmancı ilə Fatimə(s.ə)-ni vurdum. Xalid ibn Vəlidə tapşırdım: Adamlarına de, odun yığsınlar.

 

Daha sonra Fatimə(s.ə)-ni hədələdim:

 

__ Evi yandıraram.

 

Fatimə(s.ə): Ey Allahın düşməni, ey Peyğəmbər(s)-in düşməni, ey Ə|mirəl-mömininin düşməni! __ deyib əllərini irəli uzatdı ki, mən içəri keçməyim. Mən onu vurub qapını möhkəm itələdim. Qırmancı qapını buraxmaq üçün əllərinə o ki var çəkdim. Ağrının şiddətindən nalə çəkib ağladı. Naləsi elə ürəkyandırıcı idi ki, az qala ürəyim yumşalıb oradan qayıdacaqdım, lakin yadıma Əli(ə.s)-nin Qureyş böyüklərinin (müşriklərinin) qanını tökməsi düşdü. Ürəyimdə ona qarşı bəslədiyim kin, düşmənçilik yenidən baş qaldırdı. Qapını təpiklə möhkəm vurdum. Fatimə(s.ə) qapını açılmasın deyə möhkəm sıxmışdı. Lakin mən qapıya təpiklə vuranda Fatimə(s.ə)-nin naləsini eşitdim. Elə bildim, Mədinə lərzəyə gəlib alt-üst oldu. Fatimə(s.ə) o halda ikən deyirdi: Ay atacan, ya Rəsululah, sənin sevimli qızınla belə rəftar edirlər. Ah, ey Fizzə gəl məni götür. Allaha and olsun, bətnimdə olan körpəm öldürüldü!

 

Mən başa düşdüm ki, Fatimə(s.ə) hamiləliyin şiddətli ağrısından divara(qapının arxasına) söykənmişdir. Qapını möhkəm itələdim. Qapı açıldı. Evə daxil olanda Fatimə(s.ə) o halətdə mənimlə üz-üzə dayandı. Lakin bərk qəzəbləndiyimdən elə bil, gözümün qarşısına pərdə çəkilmişdi. Niqabın üstündən ona elə sillə vurdum ki, yerə yıxıldı.

  
Fatimə(s.ə)-nin dilindən 

İrşadül-qülub kitabında belə qeyd edilmişdir:

 

Fatimə(s.ə)-nin dilindən: Bizim evi yandırmaq üçün qapımıza xeyli odun yığdılar. Mən qapının arxasında dayanıb o zalım tayfanı Allaha və Peyğəmbər(s)-ə and verirdim ki, bizdən əl çəksinlər. Ömər və Əbu Bəkrin azad olmuş qulu Qunfuzun vurduğu qırmancın izləri qollarımda qolbaq kimi qaraldı. Bu zaman qapıya təpik vurub qapını mənə tərəf itələdi. Hamilə halında üzü üstə yerə düşdüm. Alovun dilləri şölələnib üzümü yandırdı. O, əli ilə məni vururdu. Bu zaman qulağımdakı sırğam qırılıb yerə düşdü. Günahsız Möhsinim siqt olub öldürüldü.

  
Merac gecəsində Zəhra(s.ə)-nın məzlumiyyəti barədə Peyğəmbər(s)-ə verilən xəbər.  

Allah-təalanın Peyğəmbər(s)-ə merac gecəsində verdiyi xəbərlərdən biri də budur: Ya Əhməd, qızın Fatiməyə zülm edərlər. Onu hüququndan məhrum edib, onun üçün təyin etdiyin haqqı qəsb edərlər. İcazəsiz evinə daxil olub onu narahat edərlər. Heç kim onu müdafiə etməz. Ona vurulan zərbələr nəticəsində bətnindəki körpə siqt olunub öldürülər.

 

Peyğəmbər(s) buyurdu:

 

Biz Allah tərəfindən gəlmişik və Allaha tərəf də qayıdacağıq. İlahi, mən bunu (sənin yolunda olduğundan) qəbul edərək sənin fərmanına təslim oluram və sənin dərgahından səbir və dözüm istəyirəm.

  
Fatimə(s.ə)-ni incidən şəxslərin əzabı.  

Qiyamət günü mühakimə edilib haqqında hökm veriləcək ilk şəxs Əli(ə.s)-nin övladı Möhsin(ə.s)-in qatilləri olacaqdır. Onun qatilləri və Qunfuz barədə hökm olunacaq. Onları məhşər ayağına çəkib yanar qırmanclarla vuracaqlar. Əgər o qırmanclardan biri bütün dəryalara düşsə, dəryalar qaynayar. Əgər o qırmancı dünyanın bütün dağlarına vursalar, dağlar yanıb kül olar.

 

Müfəzzəl ibn Ömər İmam Sadiq(ə.s)-dən belə nəql edir ki, qiyamət günü həzrəti-Xədicə(s.ə) və Əli(ə.s)-nin anası Fatimə binti Əsəd(s.ə) Möhsini götürüb nalə çəkərək ağlayarlar. Anası Fatimə(s.ə) (Quranın bu ayələrini) oxuyar:

 

Bu, sizə vədə verilən gündür. (Ənbiya, 104)

 

Həmin gündür ki, hər bir şəxs xeyr əməlinin bəhrəsini görər və pis əməllərindən uzaq düşməyi istəyər. (Ali-İmran, 30)

 

Bu vaxt İmam Sadiq(ə.s) elə ağladı ki, göz yaşları mübarək saqqalını islatdı. Sonra byurdu: Aydın olmasın o göz ki, bu müsibəti eşidəndə ağlamaya.

  
Qiyamətdə Əli(ə.s)-nin xəzinəsi 

Peyğəmbər(s) Əli(ə.s)-yə buyurmuşdu:

 

Sən behiştdə xəzinə sahibisən, sən behiştin iki budağının sahibisən. (behiştin iki budağı deməkdə məqsədi behiştin bəzəyi olan Həsən və Hüseyn(ə.s)-dir)

 

Şeyx Səduq yazır: Bəzi tarixçilərdən eşitmişəm ki, xəzinə dedikdə burada Fatimə(s.ə)-nin qapı və divar arasında qalıb əzilməsi nəticəsində siqt olan övladı Möhsin nəzərdə tutulmuşdur. Həmin ustad dəlil olaraq bu faktı qeyd etmişdi ki, insanın siqt olunmuş uşağı ciddi və qəzəbli halda behişt qapısında dayanıb içəri keçməz. Ona deyirlər: Behiştə daxil ol! O cavab verər ki, atam və anam məndən qabaq behiştə daxil olmamış mən behiştə daxil olmaram.

  
Sünni alimi Nəzzamın yazdıqları.  

Seyyid Mövlana Mirhamid Hüseyn Hindi Əbəqatül-ənvar kitabında sünni alimlərindən olan Sənahəddin Səfədinin yazdığı Ənvari bil-vəfiyyat kitabında Əbu Ömər və Cahizin ustadı olan Nəzzamınhəyatından bəhs edən belə bir hadisəni qeyd edir: Peyğəmbər(s) açıq-aydın buyurmuşdu ki, imamət məqamı Əli(ə.s)-yə məxsusdur. O, Əli(ə.s)-ni bu məqama təyin etmişdi. Səhabənin hamısı bundan xəbərdar idi, lakin Ömər bunu Əbu Bəkrin xatirinə hamıdan gizli saxlamışdı. Nəzzam sözünü davam edərək yazır: Ömər Əbu Bəkrin beyət mərasimi günü Fatimə(s.ə)-nin böyrünə zərbə ilə vurdu. Onun təsirindən də Fatimə(s.ə)-nin bətnində olan (Peyğəmbər(s)-in qabaqcadan adını qoyduğu) körpəsi siqt oldu.

  
Hübarın öldürülməsi barədə Peyğəmbər(s)-in hökmü.  

Məşhur sünni alimi İbn Əbil Hədid Şərhi Nəhcül-bəlağə kitabında yazır: Hübar ibn Əsvəd adlı bir şəxs dəvəyə minmiş Peyğəmbər(s)-in qızı Zeynəbi nizə ilə qorxutmuşdu. Bu da Zeynəbin bətnində olan uşağın siqt olmasına bais olmuşdu. Məkkəni fəth edəndə (hicrətin altıncı ilində) Peyğəmbər Hübar ibn Əsvədin qanını halal bildi (yəni öldürülməsinə hökm vermişdi.)

 

İbn Əbil Hədid sözünün davamında yazır: Mən bu hadisəni ustadım Əbu Cəfər Nəqibə söylədim. O, belə dedi:

 

__ Əgər Peyğəmbər(s) Zeynəbi qorxudub bətnindəki uşağın siqt olmasına səbəb olan Hübar ibn Əsvədə ölüm hökmü veribsə, yəqin ki, sağ olsaydı, Fatimə(s.ə)-ni vurub, bətnindəki uşağının siqt olmasına bais olan şəxs üçün də ölüm hökmü fərmanını verərdi.

 

Mən soruşdum:

 

__ İcazə verirsənmi, bu faktı sənə istinad edib yazım? Yazım ki, Fatimə(s.ə) qorxudulub və bətnindəki Möhsini siqt olub.

 

Əbu Cəfər Nəqib dedi:

 

__ Nə bu rəvayətin səhihliyini və nə də batil olmağını mən tərəfdən bir kəsə söyləmə. Əlimdə olan bəzi hədislərə görə mənim bu barədə heç bir nəzərim yoxdur.

 

Müəllif yazır: Seyyid Cüzun öz şerində çox gözəl demişdir: (Şerin məzmunu) O iki nəfər qəzəb qurtumlarını Peyğəmbər(s)-in vəfatından sonra ardıcıl olaraq Fatimə(s.ə)-yə içirtdilər. Bu qurtumlar nə qədər bulanıq və əzablı idi. Onlar Fatimə(s.ə)-ni hiddətə gətirdilər. Lakin həqiqətdə Allahı__ yerin, göyün Allahını qəzəbləndirdilər. Fatimə(s.ə) kimin qızı idi? Kimin zövcəsi, kimin anası idi? (bütün bunlara baxmayaraq yenə də onun ehtiramına, məqamına riayət etmədilər.)

 

Vay olsun o şəxsə ki, ona zulm etməyi özünə həqiqət və ya bir təriqət (sünnət) bildi.

  
Həzrəti Fatimə(s.ə)-nin müsibətindən İmamların(ə.s) təsirlənməsi və kədərlənməsi.   
1.İmam Cavad(ə.s)-ın kədəri.  

Təbərinin Dəlailül-imamə kitabında Zəkəriyya ibn Adəmin söylədiyi hadisə təsvir edilmişdir: Mən İmam Riza(ə.s)-nın hüzurunda idim. Bu zaman oğlu həzrəti-Cavad(ə.s)-ı Onun hüzuruna gətirdilər. O vaxt hələ onun dörd yaşı yox idi. İçəri daxil olanda əlini yerə vurub başını göyə qaldıraraq uzun müddət fikrə getdi.

 

İmam Riza(ə.s) oğluna buyurdu:

 

__ Qurbanın olum, niyə fikrə getdin?

 

İmam Cavad(ə.s) cavab verdi:

 

__Anam Fatimə(s.ə)-yə edilən müsibətlərə görə xəyala daldım. Allaha and olsun, o iki şəxsi qəbirdən çıxarıb yandırar, sonra isə küllərini dənizlərə səpərdim.

 

Həzrəti-Riza(ə.s) oğlunu yanına çağırıb iki gözünün ortasından öpərək buyurdu:

 

__ Atam-anam sənə fəda olsun, sən bu məqama (imamətə) layiqsən.

  
2.İmam Baqir və İmam Sadiq(ə.s)-in kədəri.  

Belə söyləyirlər ki, İmam Baqir(ə.s) qızdırma xəstəliyinə tutulanda bədəninə soyuq su çiləyər, sonra isə uca səslə buyurarmış: Fatimətu bintu Mühəmmədin! Ay Mühəmməd(s)-in qızı Fatimə(s.ə)!

 

Əllamə Məclisi bu ibarəni belə şərh edir: İmam Baqir(ə.s) Fatimə(s.ə)-nin müqəddəs adını çəkməklə şəfa tapmaq istəmişdir.

 

Müəllif yazır: Mən belə ehtimal edirəm ki, qızdırma onun lətif bədəninə təsir etdiyi kimi, məzlum anasının müsibətlərinə kədərlənməyini gizlətməsi də onun kövrək qəlbinə təsir göstərmişdir. Qızdırmanın hərarətini su vasitəsilə azaltdığı kimi, anası Fatimə(s.ə)-ni xatırlamaqla öz kədərinin şiddətini azaldırdı. İnsan ürəkağrıdıcı ahı ilə, dərindən köks ötürməklə öz kədərini azaldır. Çünki, həzrəti-Zəhra(s.ə)-nın müsibətlərinin təsiri övladları__ pak İmam(ə.s)-ların ürəyində qılınc və bıçaq yarasından daha ağır, yanıqdan daha dəhşətlidir. Onlar elə bir şəraitdə idilər ki, həmişə təqiyyə edir, anaları həzrəti-Zəhra(s.ə)-nın müsibətlərini aşkar etməyə ixtiyar və qüdrətləri çatmırdı. Buna görə də nə vaxt həzrəti-Zəhra(s.ə)-nın adı onların yanında çəkilirdisə, qəlbləri hüznlə dolurdu. Hər bir diqqətli şəxs bu kədər və qüssəni onların mübarək çöhrələrindən sezib hiss edə bilərdi.

 

Digər bir hədisdə belə nəql olunmuşdur: İmam Sadiq(ə.s) Sukinidən (səhabədən biri) təzə anadan olmuş qızının adını nə qoyacağını soruşanda Sukuni: Fatimə, __ deyə söyləmişdi. Bu zaman İmam Sadiq(ə.s) dərindən ah çəkib əlini alnına qoyaraq qəmli-qəmli oturmuşdu.

 

Ötən səhifələrdə xatırlatdıq ki, Abbas Ömərin başqalarının pulunu kəsdiyi kimi, Qunfuzun pulundan niyə görə kəsməməsini Əli(ə.s)-dən soruşanda Əli(ə.s) ətrafına baxıb gözlərindən yaş axıdaraq buyurmuşdu: Bu, Qunfuzun Fatimə(s.ə)-yə vurduğu qamçıya görə mükafatıdır. Fatimə(s.ə) vəfat edənə qədər o qamçının izləri onun qollarında qolbaq kimi qaralmışdı.

  
3.Bəşşar Mükarinin əhvalatı.  

Bir çox mötəbər mənbələr, həmçinin Əllamə Məclisi Mikarinin söylədiklərini belə təsvir edirlər:

 

Bir gün Kufədə İmam Sadiq(ə.s)-in hüzuruna getmişdim. Gördüm ki, İmam onun üçün gətirilmiş Təbərzad xurmasından yeyir. Məni görüb buyurdu:

 

__ Yaxın gəl, qonaq ol.

 

Söylədim:

 

__ Nuş olsun. Yolda gələndə bir hadisə ilə rastlaşdım. Mənə yaman təsir etdi. Qəhərdən boğazım tutuldu.

 

__ Boynumda olan haqqıma and verirəm səni, yaxın otur, sən də ye.

 

Yaxına gəlib mən də xurmadan yedim. Sonra İmam(ə.s) mənə buyurdu:

 

__ İndi de görüm, nə hadisə baş veribdir?

 

__ Yolda gələndə gördüm ki, hökumət məmurlarından biri bir qadını döyə-döyə zindana aparır. Həmin qadın uca səslə deyirdi: Allaha və Rəsuluna pənah aparıram. Allahdan və Rəsulundan başqa heç kimə pənah aparmıram.

 

İmam Sadiq(ə.s) soruşdu:

 

__ O qadını niyə döyürdülər?

 

__ Camaatdan eşitdim ki, deyirdilər, guya o qadının ayağı büdrəyib yerə yıxılanda belə deyib: Ya Fatimə, Allah sənə zülm edənləri öz rəhmətindən uzaqlaşdırsın. Hökumət adamları bu sözü eşidən kimi onu tutub döyə-döyə zindana apardılar.

 

İmam Sadiq(ə.s) bu sözü eşitcək əlini xurmadan çəkib ağladı. Göz yaşları dəsmal və mübarək saqqalını islatdı. Sonra buyurdu:

 

__ Ay Bəşşar, qalx birlikdə Səhle məscidinə gedək. O xanımın azad olması üçün Allaha dua edib onun salamatlığını istəyək.

 

Doğrusu, əgər İmam Sadiq(ə.s) Fatimə(s.ə)-ni sevən bir xanım barədə belə xoşagəlməz hadisə eşidib narahat olursa, görəsən, bəs anası Fatimə(s.ə)-nin müsibətlərini ona danışsan, nə edər? Zalımın o Xanımın mübarək üzünə şillə vurmasına necə baxar?

  
Kərbəla hadisəsi ilə müqayisə.  

Ötən bəhslərdən aydın olduğu kimi, əmirəl-möminin Əli(ə.s)-nin müsibəti, günahsızlığı, səbir və dözümü ilə müqayisədə demək olar ki, İmam Hüseyn(ə.s)-nin çəkdiyi dərd və ağrılar ondan kiçik görünür. Məsələn, Təbərinin Nəfəsül-məhmum kitabından nümunə gətiririk:

 

Şimr ibn Zil Cövşən Kərbəlada hücuma keçib nizəsini imam Hüseyn(ə.s)-in xeyməsinə vuraraq ucadan qışqırdı:

 

__ Bu xeyməni içindəki adamlarla birlikdə yandırmaq üçün mənə od verin.

 

Xanımlar səs-küylə xeymədən çölə çıxdılar. İmam Hüseyn(ə.s) Şimrə xitab edərək ucadan buyurdu:

 

__ Mənim evimi yaxınlarımla birgə yandırmaqmı istəyirsən? Allah səni cəhənnəm atəşində yandırsın.

 

Əbu Müxtəf (Kərbəla hədisəsini qələmə alanlardan biri) yazır:

 

Süleyman ibn Raşid Həmid ibn Müslimin dilindən belə söyləyir:

 

Şimrə dedim:

 

__ Belə iş tutmaq məsləhət deyil. İki günah sahibi olmaqmı istəyirsən? Birincisi, Allahın əzabına düçar olarsan; ikincisi isə, qadınlara və uşaqlara əl qaldırırsan. Məgər sənin rəhbərin kişiləri öldürməklə razılaşmır?

 

Şimr soruşdu:

 

__ Sən kimsən?

 

__ Kim olduğumu sənə söyləmərəm.

 

Qorxdum ki, əgər özümü ona tanıtsam, sultana (İbn Ziyad) xəbər verməklə mənə zərər yetirər.

 

Bu zaman Şimrə məndən çox itaət edən Şəbəs ibn Rəbi adlı bir şəxs irəli gəlib Şimrə dedi:

 

__ Şimr, heç sənin sözündən çirkin söz eşitməmişəm. Məgər qadın və uşaqları öldürməyəmi göndərilibsən?

 

Həmid ibn Müslüm yazır: Mən şahid dayanıram ki, Şimr bu sözləri eşitcək həya edib qadın və uşaqları yandırmaq fikrindən döndü.

 

İndi deyirəm, Şimr bu qədər ağılsızlıq və həyasızlığı ilə yanaşı, Şəbəs ibn Rəbbinin sözündən təsirlənərək həya edib xeyməni yandırmaq fikrindən döndü, lakin Əli(ə.s)-nin evinə hücum edən şəxs evi içindəki adamlarla birgə yandırmaqla hədələyərək deyir: And olsun Allaha ki, canım onun əlindədir. Hökmən gərək beyət etmək üçün evdən çıxasız, yoxsa evə sizlə birgə od vuracağam.

 

Bəziləri ona etiraz edib dedilər ki, Peyğəmbər(s)-in qızı Fatimə(s.ə), Peyğəmbər(s)-in nəvələri, o Cənabın izləri var bu evdə. Sən nə edəcəksən?

 

Beləliklə, mən şahid dayanıram ki, o, bu sözlərdən əsla həya etməyib öz qərarından dönmədi. Əksinə, necə ki demişdi, elə də etdi. O zaman bir nəfər tapılmadı ki, Əli(ə.s)-yə kömək göstərib evini qorusun. Təkcə bir hədisdə qeyd olunur ki, Zübeyr ibn Əvam Əli(ə.s)-nin zorla çəkilə-çəkilə məscidə aparıldığını gördükdə əlini qılınca atıb ucadan dedi: Ey Əbdül Mütəllib övladları, siz sağ ola-ola məgər görmürsünüzmü, Əli(ə.s) ilə necə rəftar edirlər?

 

Zübeyr ibn Əvam Ömərə qarşı acıqlanıb qılınc çəkərək onu vurmaq istədi, lakin Ömər cəld qılıncı onun əlindən alıb daşa vurub parçaladı.

  
Əli(ə.s)-nin məzlumiyyəti.  

Böyük hədisçi siqətül-islam Kuleyni Sədirə əsaslanaraq belə yazır:

 

İmam Baqir(ə.s)-in hüzurunda idim. Orada Peyğəmbər(s)-in vəfatından sonra baş verən hadisələrdən və həzrəti-Əli(ə.s)-nin çətinliklərlə üzləşməsindən söz düşdükdə, oturanlardan biri İmam Baqir(ə.s)-dən soruşdu:

 

__ Allah sənin işini avand etsin, bəs Bəni-Haşimin şövkəti-şanı, qüdrəti nə oldu?

 

İmam Baqir(ə.s) buyurdu:

 

__ Bən-Haşimdən bir kəs qalmamışdı. Bəni-Haşimin şövkəti Cəfəri-Təyyar və Həmzə şəhadətə yetişəndən sonra iki nəfər zəif, gücsüz və təzəcə islamı qəbul etmiş kişi __ Abbas (Peyğəmbər(s)-in əmisi) və Əqil (Əli(ə.s)-nin qardaşı) qalmışdı ki, onlar da Məkkənin fəthində azad olmuşlardan idilər.

 

Bilin və agah olun, Allaha and olsun! Əgər Həmzə və Cəfər sağ olsaydılar, o iki nəfər (Əbu Bəkr və Ömər) elə məqama yetişə bilməzdilər. Əgər onlar sağ qalsaydılar, o iki nəfər canlarını salamat qurtara bilməzdilər.

 

Elə məhz bu təkliyinə və məzlumluğuna görə də Əli(ə.s) minbərdə xütbə oxuyanda həmişə axırıncı sözü bu olardı: Peyğəmbər(s) vəfat edən gündən mən həmişə məzlum olmuşam.

 

Müseyb ibn Nəcbə yazır: Bir gün həzrəti-Əli(ə.s) xütbə oxuyarkən bir nəfər ucadan səsləndi: Ey vay! Sənə zülm olundu. Həzrəti-Əli(ə.s) ona buyurdu:

 

__ Yaxın gəl!

 

O şəxs yaxına gələndə Əli(ə.s) ona buyurdu:

 

__ Səhranın qum dənələrinin sayı və heyvanların tükü qədər mənə zülm olunmuşdur.

 

Digər hədisə əsasən bir gün bir ərəb isə o Cənab(ə.s)-ın yanından ötəndə demişdi:

 

__ Ey məzlum Əmirəl-möminin.

 

O zaman Həzrət ona buyurmuşdu:

 

__ Əzizim, mənə o qədər zülm olunubdur ki, onun miqdarı səhranın qumları və heyvanların tükü qədərdir.

 

Əbuzər Qəffari isə Əli(ə.s)-yə: Məzlumların və zəiflərin şeyxi! __ deyərək müraciət edərdi.

 

Böyük mühəddis Kuleyni belə bir faktı qeyd etmişdir:

 

İmam Hadi(ə.s) buyurmuşdur: Əli(ə.s)-nin qəbrini ziyarət edəndə o Həzrəti bu sözlərlə ziyarət edin: Salam olsun sənə, ey Allahın valisi, sən məzlum və haqqı qəsb olunanda səbir edən ilk şəxssən. Ölənə qədər Allahın rizayətini istədin. Şəhadət verirəm ki, sən şəhid olaraq Allaha qovuşdun. Allah sənin qatilini müxtəlif növ əzablarla cəzalandırsın. Hər dəfə onun əzabını təzələsin.

 

Müəllif yazır: Bu sözlər dərdlə dolu sinədən qalxan, alovlanan bir ahdır, ürəkyaxan müsibətlərin cüzi hissəsidir ki, qayaları suya döndərər.

  
Həzrəti-Zəhra(s.ə)-nın müsibətlərini əks etdirən şerlər.  

Biz bu hissəni şeyx Saleh Hillininin yazdığı şeri ilə bitiririk:

 

Peyğəmbər(s)-in cənazəsi hələ yataqda ikən, kəfənə tutulmamış Ali-Mühəmməd(s)-ə zülm etdilər. O zaman Fatimə(s.ə)-yə dedilər: Peyğəmbər(s)-in qızı, kölgəsində oturub ah-nalə etməsin deyə, ərak ağacını kökündən kəsdilər. Onlar odun yığıb elə bir evi yandırmaq istədilər ki, o evin üzvləri olmasaydı, İslam dini məhv olardı. Onlar Fatimə(ə.s)-nin evinə hücum edib, ona əl qaldıraraq bətnindəki körpəsini siqt etdilər. Bu mənfurlar öz rəhbərlərini qılıncla əsir edib çəkə-çəkə aparırdılar. Peyğəmbər(s) qızı da onun arxasınca ah-nalə edirdi:

 

Əmim oğlunu buraxın. Yoxsa saçımı açıb Allah dərgahına öz dərdlərimlə şikayət edərəm. Allah dərgahında Saleh(s) peyğəmbərin dəvəsi və o dəvənin balası məndən üstün deyildir. (Saleh(s) peyğəmbərin dəvəsini öldürənlər kimi siz də Allah əzabına düçar olacaqsınız.)Bu zaman Fatimə(s.ə) ağlar gözlə, dərdli qəlblə Peyğəmbər(s)-in qəbrinə yaxınlaşdı. O vaxt müsibət toxumu qəlbində cücərdiyindən fəryad edib dedi: Ah bir kömək edənim yoxdur ki, düşmənin şərini özümdən uzaqlaşdırım, ey ata! İndi camaat Samira və inəyinə itaət edib Harundan (Əli(ə.s) burada Musa(ə.s)-nın qardaşı Harun(ə.s)-a bənzədilmişdir) üz döndərdilər. Atacan, hansı müsibətlərdən şikayət edim? Ömrümün axırına qədər bədənimdə izləri qalan qamçı zərbələrindənmi? Sənin fəraqından ötrümü ağlayım, ya həyat yoldaşımın haqqının tapdanmasınamı? Yoxsa qabırğamın sınmasından, ya bətnimdəki körpənin siqt olmasından şikayət edim? Atamın mənə etdiyi bəxşişlərinin və irsinin qarət olunmasındanmı, ya mənim məqamımı (atamın tövsiyələrindən sonra) tanıya-tanıya, bilə-bilə, qəsdən haqqımı inkar etmələrindənmi şikayət edim?

 

Atacan, onlar sənin iki yetimin Həsən və Hüseyn(ə.s)-i məzlum etdilər. Mən onlardan haqqımı tələb etdikdə onlar mənim haqqımı qəsb etdilər.

  
Məsudinin qeydlərində beyət əhvalatı.  

Məşhur tarixçi və alim Məsudi (Əli ibn Hüseyn vəfatı: 956-cı il, hicri qəməri, təxminən 1562-ci il miladi) İsbatül-vəsiyyə kitabında yazır: Əmirəl-möminin Əli(ə.s) Peyğəmbər(s)-in vəfatından sonra 35 yaşında ikən Allahın əmri ilə rəhbəriyyəti idarə etmək üçün ayağa qalxdı. Möminlər ona itaət etdilər. Münafiqlər isə ona itaət etməyib xilafəti idarə etmək üçün bir nəfər seçərək Allah və Rəsulu tərəfindən təyin olunmuş şəxsə qarşı çıxıb ona müxalif oldular.

 

Bəzi mənbələrdə qeyd olunubdur ki, Abbas (Peyğəmbərin əmisi) Peyğəmbər(s) vəfat etdikdən sonra əmirəlmöminin Əli(ə.s)-nin hüzuruna gələrək ona dedi:

 

__ Əlini uzat ki, sənə beyət edim.

 

Əmirəl-möminin(ə.s) buyurdu:

 

__ Məgər bu vəzifəyə göz dikənmi var? Bizdən başqa kimin bu məqama səlahiyyəti çatır ki?

 

Bu zaman müsəlmanlardan bir dəstəsi Zübeyr və Əbu Süfyan (Səxr ibn Hərb) beyət etmək üçün Əli(ə.s)-nin evinə gəldi, lakin Əli(ə.s) bundan imtina etdi. (yəqin ki, Peyğəmbər(s)-in dəfninə görə)ı

 

Bu vaxt mühacir və ənsarlar arasında ixtilaf düşdü. Mədinə müsəlmanları dedilər: Bir nəfər başçı sizdən seçilsin və bir nəfər də bizdən. Lakin mühacirlərdən (Məkkə və ətraf müsəlmanlar) bir dəstəsi dedi ki, Peyğəmbər(s)-dən eşitmişik: Xilafət Qureyş nəslinindir.

 

Mühacirlər Səd ibn Übadəni (ənsarların başçısı) əzişdirib əldən salandan sonra, nəhayət, ənsarlar mühacirlərə təslim oldular.

 

Ömər ibn Xəttab əlini vuraraq ona beyət etdi. Sonra onun ardınca Mədinəyə təzə gəlmiş ərəblər və müəllifəti-qulubihimdən (Məkkənin fəthindən sonra qəlblərinə təlif edilmə nəticəsində təzəcə İslamı qəbul etmiş müsəlmanlar, yəni qəlbləri satın alınmışlardan) bir qismi Əbu Bəkrə beyət etdilər. Bu xəbər Əli(ə.s)-yə həzrəti-Mühəmməd(s)-in pak cənazəsini qüsl edib, kəfənləyib, dəfn edəndən sonra yetişdi.

 

Həzrəti-Əli(ə.s) orada olan Bəni-Haşim qəbiləsilə və səhabədən Əbuzər, Salman, Miqdad, Əmmar, Hüzeyfə və Əbiyy ibn Kəb kimi şəxslərdən ibarət qırx nəfərlik bir dəstə ilə Rəsulullah(s)-ın cənazəsinə namaz qıldılar.

 

Həzrəti-Əli(ə.s) ayağa qalxıb oradakılar üçün nitq söylədi. Nitqdə həmd və sənadan sonra buyurdu: Əgər imamət Qureyşə verilirsə, mən Qureyşin ən layiqlisiyəm. Yox əgər Qureyşə verilmirsə, ənsarlar öz iddialarında qalsınlar.

  
Əli(ə.s)-nin beş Peyğəmbərə şəbahəti.  

Sonra Əli(ə.s) evinə qayıdaraq onlardan ayrıldı. Həzrət öz dostlarına belə buyurmuşdu: Mən beş sahədə beş Peyğəmbərə iqtida etmişəm. (Yəni mənim işim onların əməllərinə oxşayır)

 

1.Həzrəti-Nuh(ə.s)-dan Allaha ərz etdiyi sözü:

 

İlahi, bu zalım tayfa məni məğlub etdi, onlardan mənim intiqamımı al. (Qəmər,10)

 

2.Həzrəti-İbrahim(ə.s)-dən müşriklərə buyurduğu sözü:

 

Sizdən və Allahdan qeyrisinə dəvət etdiyiniz şeydən uzaqlaşıram. (Məryəm, 48)

 

3.Həzrəti-Lut(ə.s)-dan inadkar tayfasına buyurduğu sözü:

 

Kaş sizin qarşınızda dayanmağa qüdrətim olaydı və ya bir köməyim, arxam olaydı. (Hud, 80)

 

4.Həzrəti-Musa(ə.s)-dan Fironun tərəfdarlarına dediyi sözü:

 

Sizlərdən qorxduğum anda uzaqlaşdım.

 

5.Harundan (Musanın qardaşı) Musa(ə.s)-ya dediyi sözü:

 

Camaat məni zəiflədib az qala, öldürsün. (Əraf, 150)

 

Sonra Həzrəti-Əli(ə.s) Quranı yığıb tənzimləməklə məşğul oldu. Onu parçaya büküb üstünə də möhür vuraraq xalqa xitab etdi: Bu kitab Peyğəmbər(s)-ə necə nazil olubsa, eləcə də o Həzrətin buyurduğu kimi tərtib edilmişdir.

 

Oradakılardan bəzisi dedi:

 

__ Quranı qoy qalsın, özün isə get.

 

Bu zaman Həzrət buyurdu:

 

__ Rəsuli-əkrəm(s) məgər sizə buyurmamışdır ki, mən özümdən sonra sizin aranızda iki qiymətli şey yadigar qoyuram: birincisi, Allahın kitabı; ikincisi isə mənim Əhli-beytimdir. Bu iki şey mənə Kövsər hovuzunda yetişənə qədər bir-birindən ayrılmazlar. Əgər Peyğəmbər(s)-in sözünü qəbul edirsinizsə, Quranın hökmləri əsasında sizin aranızda hökm edim.

 

Camaat dedi:

 

__ Bizim sənə və tərtib etdiyin Qurana ehtiyacımız yoxdur. Quranı da götür get və ondan ayrı düşmə.

 

Həzrəti-Əli(ə.s) onlardan üz döndərib evinə getdi. Onu sevənlər də evdə oturub bayıra çıxmadılar, çünki bu dünyadan dördəlli yapışanlar Allahın Rəsulu ilə bağladıqları əhdi pozmuş, hələ bu azmış kimi Pyğəmbər(s)-in Əhli-beytinə qarşı zor işlədərək güclə evinə soxulmuş, qapını odlamış, Rəsullullah(s)-ın gözünün nuru, yadigarı, özünün dediyi kimi, hər iki dünya qadınlarının xanımı olan həzrəti-Fatimə(s.ə)-yə əl qaldırmışlar ki, bunun da nəticəsində, o müqəddəs Xanımın bətnindəki körpə dünyaya gəlməmiş məhv olmuşdu. Onlar həzrəti-Əli(ə.s)-ni güclə evdən çıxarıb Əbu Bəkrin yanına aparıb: Beyət et! __ dedilər.

 

O beyət etmədi. Dedilər: Əgər beyət etməsən, səni öldürərik. Buyurdu: Mən Allahın bəndəsi və Rəsuli-əkrəm(s)-in qardaşıyam, əgər məni öldürsəniz, günah işlətmiş olarsınız.

 

Onlar həzrəti-Əli(ə.s)-nin bükülmüş yumruğunu açmaq istədilər. O isə əlini yumdu. Bu mənfurlar o Cənabın yumruğunu aça bilməyib eləcə əli yumulu halda Əbu Bəkrin əlini onun əlinə sürtdülər.

  
İki təkanverici möcüzə.  

Məsudi sözünün ardını belə davam etdirir: Bir neçə gündən sonra Əli(ə.s) həmin iki nəfərdən biri (Əbu Bəkr) ilə görüşərək ona Allahı xatırlatdı. Bir az moizə edəndən sonra buyurdu:

 

__ İstəyirsənmi, səni Rəsulullahla görüşdürüm, sənə əmr və nəhy etsin? (yəni yaxşı işlərə sövq edib pis işlərdən çəkindirsin.)

 

Dedi:

 

__ Bəli

 

Həzrəti-Əli Əbu Bəkr ilə birlikdə Quba məscidinə getdi. Peyğəmbər(s) ona buyurdu: Ey şəxs (Əbu Bəkr), mənimlə bağladığın əhdə görə, xilafət Əli(ə.s)-nin öhdəsində olmalıdır. Xəlifə əmirəl-möminin Əli (ə.s)-dir.

 

O, Əli(ə.s) ilə birlikdə məsciddən qayıdıb belə qərara gəldi ki, xilafəti Əli(ə.s)-yə təhvil versin. Lakin dostu Ömər Əbu Bəkri bu işdən çəkindirib dedi:

 

__ Bu, açıq-aşkar bir sehr olub, Bəni-Haşimin məşhur cadularındandır. Məgər unutmusanmı, biz səninlə birgə İbn Əbi Kəbəşinin yanında olanda iki ağaca əmr etmişdi ki, birləşsinlər. O ağacların arxasında ehtiyacını ödəyəndən sonra o ağaclara bir-birindən ayrılmalarını əmr etdi. Həmən onlar bir-birindən ayrılaraq əvvəlki vəziyyətinə qayıtdılar?

 

Əbu Bəkr cavab verdi:

 

__ Sən mənə bu əhvalatı xatırladanda mənim yadıma başqa bir əhvalat düşdü. Mən və o (Peyğəmbər) Sur mağarasında gizlənəndə əlini üzümə çəkdi. Sonra ayağı ilə işarə edib mənə dənizi göstərdi. Dənizdə CəfəriTəyyar və yoldaşlarını gəmi ilə üzən gördüm.

 

Əbu Bəkr dostu Ömərin sözündən təsirlənib xilafəti Əli(ə.s)-yə təhvil vermək fikrindən döndü. Onlar Əli(ə.s)-ni öldürmək qərarına gəldilər. Bir-birilə məsləhətləşib Xalid ibn Vəlidi bu işi icra etmək üçün təyin etdilər. Əsma binti Ümeys məsələdən agah olub əmirəl-möminin Əli(ə.s)-yə xəbər göndərdi. Əsmanın kənizi Əli(ə.s)-nin evinə gəlib qapıda dayanaraq bu ayəni ucadan oxudu:

 

Bunlar səni öldürmək üçün məşvərət edirlər. Tezliklə şəhərdən çıx. Mən sənin xeyrini istəyənlərdənəm.

 

Bu zaman Xalid qılıncı paltrınının altında gizlətmişdi. Belə sözləşdilər ki, məsciddə imam camaat (namazda) axırıncı salamı verəndən sonra Xalid qalxıb Əli(ə.s)-ni öldürsün.

 

Xalidin namazda qurcalanmasından camaat elə başa düşdü ki, guya o, namazını səhv qılmışdır. Bu zaman imam camaat (Əbu Bəkr) axırıncı salamdan qabaq dedi:

 

__ Ey Xalid, sənə verdiyim tapşırığı geri götürürəm. Heç nə eləmə!

  
Fədəyin qəsb olunması.  

Əllamə Əbu Mənsur Təbərsi (vəfatı h.q. 588, Miladi təxminən 1184-cü il) Ehticac adlı kitabında və Əli ibn İbrahim isə İmam Sadiq(ə.s)-in söylədiklərinə əsaslanaraq həzrəti-Əli(ə.s)-nin belə buyurduğunu qeyd edirlər:

 

Elə ki Əbu Bəkrin beyəti sona yetdi və onun xilafəti ənsar və mühacirlər üçün müəyyənləşdirildi, Əbu Bəkr öz məmurlarını Fədəyə sarı göndərdi ki, Fatimə(ə.s)-nin nümayəndəsini oradan qovsunlar. Bu əmr icra olundu. İndi Fədək barəsindəki aşağıdakı yazılara diqqət yetirin.

  
Fatimə(s.ə)-nin etirazı və şahidlərin şəhadəti.  

Fatimə(s.ə) Əbu Bəkrin əmrindən xəbərdar olduqda onun yanına gəlib buyurdu:

 

__ Niyə atam Rəsulullah(s)-ın mənə bağışladığı irsi əlimdən alıb nümayəndəmi Fədəkdən qovmusan? Axı Peyğəmbər(s) onu mənə Allahın hökmü ilə bağışlamışdı.

 

Əbu Bəkr dedi:

 

__ Söylədiklərin üçün şahid gətir ki, həqiqətən də, Peyğəmbər(s) Fədəyi sənə bağışlamışdır.

 

Fatimə(s.ə) gedib Ümmü__Əyməni (Peyğəmbər(s)-in hörmət bəslədiyi xanımlardan biridir) şahid kimi Əbu Bəkrin yanına gətirdi.

 

Ümmü__ Əymən Əbu Bəkrə dedi:

 

__ Peyğəmbər(s)-in mənim şənimə söylədiklərini sənə sübut etməsəm, şahidlik etmərəm. Səni Allaha and verirəm, məgər bilmirsənmi həzrəti-Mühəmməd (s) buyurubdur:

 

Ümmü Əymən behişt xanımlarındandır.

 

Əbu Bəkr:

 

__ Bəli bilirəm ki, Peyğəmbər(s) belə buyurmuşdur.

 

Ümmü Əymən:

 

__ Şəhadət verirəm ki, Allah Peyğəmbər(s)-ə bu ayəni- Yaxınlarının haqqını ödə nazil edəndən sonra Fədəyi Fatimə(s.ə)-yə bağışlamışdı.

 

Sonra Əli(ə.s) də gəlib eynilə onun dediklərini təsdiqləyərək şəhadət verdi. Beləliklə, Əbu Bəkrə sübut olundu ki, Fədək Fatimə(s.ə)-nin şəxsi mülküdür. Buna görə də Fədəyin Fatimə(s.ə)-yə qaytarılması barədə bir məktub (sənəd) yazıb Fatimə(s.ə)-yə verdi.

 

Ömər ibn Xəttab bu məsələdən xəbərdar olan zaman Əbu Bəkrin yanına gəlib soruşdu:

 

__ Bu məktub nə üçündür?

 

Əbu Bəkr dedi:

 

__ Fatimə(s.ə) iddia etdi ki, Fədək mənim şəxsi mülkümdür, bu sözün doğruluğu üçün Ümmü__ Əymən və Əli(ə.s)-ni şahid kimi bura gətirdi. Mən də buna görə Fədəyin Fatimə(s.ə)-yə qaytarılması barədə sənəd yazıb imzaladım.

 

Ömər Fatimə(s.ə)-nin yanına gəlib məktubu əlindən alaraq cırıq-cırıq edib dedi:

 

__ Fədək (Döyüşsüz kafirlərin əlindən alınmış sərvət) bütün müsəlmanların malı hesab olunur. Ovs ibn Hədsan, Ayişə və Həfsə şəhadət verirlər ki, Rəsuli- əkrəm(s) buyurmuşdur:

 

Biz Peyğəmbərlər (özümüzdən sonra) irs qoymuruq (övladlarımız bizdən irs aparmır), bizdən sonra nə (mal) qalsa, (ümumi) sədəqədir.

 

Şahidlərə gəldikdə isə Əli(ə.s) Fatimə(s.ə)-nin əridir, öz mənafeyinə görə şəhadət vermişdir, yəni onun sözü qəbul deyildir. Amma Ümmü- Əymən əməlisaleh xanımdır, əgər başqa bir şəxs onunla birgə şahid dursa, bu işə bir də diqqət yetirərik.

 

Fatimə(s.ə) kədərli halda Əbu Bəkr və Ömərin yanından uzaqlaşdı.

  
Əli(ə.s)-nin Əbu Bəkrlə söhbəti.  

Səhəri gün həzrəti-Əli(ə.s) məscidə Əbu Bəkrin yanına gəldi. Ənsar və mühacirlər Əbu Bəkrin ətrafında dövrə vurub oturmuşdular. Əli(ə.s) ona buyurdu:

 

__ Niyə Fatimə(s.ə)-yə atasından qalan irsi əlindən almısan? Halbuki Peyğəmbər(s) sağlığında ikən onu Fatimə(s.ə)-yə bağışlamışdı.

 

Əbu Bəkr dedi:

 

__ Xeyr, belə deyildir.

 

Əli(ə.s):

 

__ Əgər bir müsəlman ixtiyarında olub onun hesab olunan mülkü mən iddia edib desəm ki, bu mülk mənimdir, kimdən iki adil şahid tələb edilməlidir?

 

Əbu Bəkr:

 

__ Əlbəttə, səndən (iddiaçıdan) iki adil şahid tələb edilməlidir.

 

Əli(ə.s) buyurdu:

 

__ Bəs niyə sən Fatimədən sahibi ola-ola ixtiyarında olan mülk üçün iki adil şahid istəyirsən? Halbuki Fədək Peyğəmbər(s)-in zamanında və ondan sonra da Fatimə(s.ə)-nin şəxsi mülkü hesab olunurdu. Sən müsəlmanlardan ixtiyarlarında olan mülk barədə başqasının mülkünün mənim mülküm olduğunu iddia etdiyimə görə məndən iki adil şahid tələb etdiyin məhkəmə qanunlarına əsasən iki adil şahid tələb etmirsən.

 

Əbu Bəkr:

 

__ Bu dəlilin qarşısında bizim danışmağa qüdrətimiz yoxdur. Əgər ədalətli şahidlər gətirsəniz, qəbul edərik, yoxsa Fədək müsəlmanlrın ümumi malıdır. Sənin və Fatimə(s.ə)-nin onu mənimsəməyə heç bir hüququnuz yoxdur.

 

Əli(ə.s) Əbu Bəkrə xitab edib buyurdu:

 

__ Quranı oxumusanmı?

 

Əbu Bəkr dedi:

 

__ Bəli.

 

Əli(ə.s) buyurdu:

 

__ De görüm, bu ayə (Əhzab, 33) kimin şəninə nazil olubdur?

 

Allah istəyir ki, günah və çirkinliyi siz Əhli-beytdən uzaqlaşdıraraq sizi pak etsin.

 

Bu ayə bizim haqqımızda nazil olub, yoxsa başqasının?

 

Əbu Bəkr:

 

__ Bəli, sizin şəninizə nazil olub.

 

Əli(ə.s) buyurdu:

 

__ Əgər bir neçə nəfər gəlib şəhadət versə ki, Fatimə(s.ə) (ələyzu billah) nalayiq iş görübdür, sən onunla necə rəftar edərsən?

 

Əbu Bəkr dedi:

 

__ Başqa qadınları cəzalandırdığım kimi, ilahi hədləri onun üçün də icra edərəm.

 

Əli(ə.s) buyurdu:

 

__ Bu zaman kafir sayılarsan.

 

Əbu Bəkr soruşdu:

 

__ Niyə?

 

Əli(ə.s) ona buyurdu:

 

__ Çünki Fatimə(s.ə)-nin paklığı barədə Allah-təalanın şəhadətiniı (yuxarıdakı ayəyə əsasən) rədd edib camaatın şəhadətini qəbul edirsən, beləliklə də Allahın və Rəsuli Əkrəm(s)-in hökmünü rədd etmiş olursan. Sən Rəsuli-Əkrəm(s)-in Allahın əmrilə Fədəyi Fatimə(s.ə)-yə bağışladığını və Fatimə(s.ə)-nin hələ Rəsuli-Əkrəm(s)-in sağlığında ikən onu öz ixtiyarına keçirdiyini rədd edirsən, amma (Peyğəmbər(s)-in irs qoymadığına şəhadət verən Ovs ibn Hədsan kimi) ayaq üstündə idrar edən bir ərəbin şəhadətini qəbul edib, buna əsasən Fədəyi bütün müsəlmanların malı adlandırıb onu Fatimə(s.ə)-dən aldın. Halbuki Rəsuli-Əkrəm(s) buyurmuşdur: İddia edən (müddəi) şahid gətirməli, iddianı inkar edən isə and içməlidir. Sən isə həzrəti-Mühəmməd(s)-in qayda-qanununu dəyişdirin. Şahidi inkar edəndən istədin, iddia edəndən(müddəidən) yox.

 

Bu zaman camaat acıqlı nəzərlərlə bir-birinə baxıb səs-küy qaldırdı. Bəziləri isə belə dedi:

 

__ Allaha and olsun, Əli(ə.s) düz deyir.

 

Əli(ə.s) dönüb öz evinə getdi. Fatimə(s.ə) məscidə gəlib Peyğəmbər(s)-in qəbrinə dövrə vuraraq bu şeri oxudu: Ey ata, səndən sonra elə fitnələr qalxdı ki, əgər sən sağ olsaydın, bu qədər çox ixtilaf düşməzdi.

  
Əli(ə.s)-nin qətli planı.  

Əllamə Təbərsi Ehticac kitabında yuxarıdakı əhvalatı qeyd etdikdən sonra sözünə davam edib İmam Sadiq(ə.s)-dən eşitdiyi bu rəvayəti belə təsvir edir:

 

Əbu Bəkr Əli(ə.s)-nin sübutundan sonra məsciddən evə qayıtdı. Ömər ibn Xəttaba xəbər göndərib onu yanına çağırtdırdı. Ömər Əbu Bəkrin yanına gəldi. Onların arasında belə bir söhbət baş verdi:

 

Əbu Bəkr:

 

__ Əli(ə.s) ilə bu günkü söhbətimizin necə sona yetdiyini gördünmü? Əgər səhərisi günü onunla belə davransaq, şübhəsiz, bütün işlərimiz laxlayıb hakimiyyətimizin əsası süstləşəcəkdir. Bu barədə fikrin nədir?

 

Ömər:

 

__Mənim təklifim belədir ki, onun qətlə yetirilməsi üçün hökm verək.

 

Əbu Bəkr:

 

__ Necə, kimin vasitəsilə?

 

Ömər:

 

__ Xalid ibn Vəlid bu işi yerinə yetirməyə münasib bir adamdır.

 

Onlar Xalidi çağırtdırıb ona dedilər:

 

__ İstəyirik, sənə böyük bir iş tapşıraq.

 

Xalid:

 

__ Hər nə istəyirsinizsə, tapşırın, Əli(ə.s)-ni qətlə yetirmək olmuş olsa belə, yenə də hazıram.

 

Əbu Bəkrlə Ömərə dedi:

 

__ Elə bizim də təklifimiz budur.

 

Xalid:

 

__ ııNecə desəniz, elə də yerinə yetirərəm. Onu necə öldürüm?

 

Əbu Bəkr:

 

__ Məscidə gedib, camaat namazında Əli(ə.s)-nin yanında əyləş. Mən (imam camaat olduğundan) axırıncı salamı deyən kimi qalxıb qılıncla boynunu vurarsan.

 

Xalid:

 

__ Çox gözəl. Siz deyən kimi edəcəyəm.

 

Əbu Bəkrin həyat yoldaşı Ümeysin qızı Əsma (Əhli-beyt(ə.s)-in tərəfdarlarından idi) bu sözləri eşitcək öz kənizinə dedi:

 

__ Əli (ə.s) və Fatimə(ə.s)-nin yanına gedib mənim salamımı onlara yetirərsən. Əliyə(ə.s) de ki, Bunlar səni öldürmək üçün bir-birilə məşvərət edirlər. Tezliklə şəhəri tərk et. Mən sənin xeyrini istəyənlərdənəm. (Qəsəs 20)

 

Cavabında isə Əmirəl-möminin(ə.s) kənizə belə buyurdu:

 

Allah-təala onların özləri və məqsədləri arasında maneəçilik törədər. (Yəni onlar planlarını yerinə yetirə bilməyəcəklər.)

 

Sonra Əli (ə.s) evdən çıxıb camaat namazında iştirak etmək üçün məscidə gələrək səfdə əyləşdi. Xalid ibn Vəlid də belində qılınc gəlib Əli(ə.s)-nin yanında oturdu. Namaz başlandı. Əbu Bəkr namazın təşəhhüdünü deyəndə peşman olub qərarından döndü. Əli(ə.s)-nin şücaət və dilavərliyinə bələd oldüğündan qorxdu ki, qarmaqarışıqlıq düşər. Odur ki, həyəcanlı halda çaşbaş qalıb bilmədi ki, namazın salamını versin, ya yox? (Camaat da elə başa düşdü ki, yəqin namazda nəsə səhvə yol vermişdir.) Birdən Xalidi fikrinə gətirib dedi: Sənə verdiyim tapşırığı geri götürürəm. Sonra isə ardınca dedi: Əssəlamu ələykum və rəhmətullahi və bərəkətuhu.

 

Bu zaman Əmirəl-möminin(ə.s) Xaliddən soruşdu:

 

__ O sənə nə tapşırmışdı ki?

 

Xalid dedi:

 

__ O, mənə səni öldürməyi tapşırmışdı?

 

Əli(ə.s)soruşdu:

 

__ Sən bu əmri yerinə yetirərdinmi?

 

Xalid:

 

__ Allaha and olsun, əgər namazın salamından qabaq məni bu işdən çəkindirməsəydi, səni öldürərdim.

 

Əli(ə.s) Xalidi möhkəm itələyib yerə yıxdı. Camaat tökülüşüb Xalidi Əli(ə.s)-nin əlindən almaq istədikdə Ömər dedi:

 

__ And olsun Kəbənin sahibinə, Əli Xalidi öldürəcək.

 

Məsciddəkilər Əli(ə.s)-yə yalvarıb dedi:

 

__ Səni and veririk bu qəbrin sahibinə (Peyğəmbər(s)-ə), Xalidi burax.

 

Həzrəti- Əli(ə.s) bu sözdən sonra onu buraxdı.

 

Əbuzər Qəffarinin söylədiyinə görə, həzrəti-Əli(ə.s) Xalidin boğazını iki barmağı ilə tutub elə sıxmışdı ki, Xalid boğuq səslə bağırmışdı. Camaat qorxusundan yaxına gələ bilmirdi. Hərə öz fikrində idi. Xalid libasını bulaşdırmışdı. Ayaqlarını bir-birinə vurub heç bir söz deyə bilmirdi.

 

Əbu Bəkr Ömərə dedi:

 

__ Budur, səninlə etdiyim məşvərətin nəticəsi alt-üst oldu. Elə bil, bugünkü hadisəni mən görürdüm, Allaha şükr edirəm ki, bizə toxunmadı.

 

Hər kim Xalidi Əli(ə.s)-nin qüvvətli əllərindən qurtarmaq üçün yaxın gəlirdisə, Onun (ə.s) qəzəbli baxışlarından dəhşətə gəlib geri çəkilirdi. Əbu Bəkr Öməri Abbası (Peyğəmbər(s)-in əmisi) çağırmağa göndərdi. Abbas gəlib Əli(ə.s)-yə and verib dedi:

 

__ Səni and verirəm bu qəbrin sahibinin haqqına (həzrəti-Mühəmməd(s)-in qəbrinə işarə edərək), öz övladlarına və onların anasının haqqına, Xalidi burax.

 

Məhz bu andan sonra Əli(ə.s) Xalidi buraxdı.

 

Abbas Əli(ə.s)-nin alnından öpdü.

 

Başqa bir rəvayətdə deyilir ki, Əli(ə.s) sonra Ömərin yaxasından tutub dedi:

 

__ Ey Həbəşiyyə Səhhakın oğlu, əgər Allahın hökmü və Peyğəmbər(s)-in əhdi olmasaydı, hansımızın zəif və güclü olduğunu sənə göstərərdim.

 

Camaat araya girib Öməri Əli(ə.s)-nin əlindən aldı. Bu vaxt Abbas Əbu Bəkrin yanına gəlib dedi:

 

__ Allaha and olsun, əgər Əli(ə.s)-ni öldürsəydiniz, Bəni-Təym (yəni tayfanızdan) tayfasından bir nəfər belə sağ qalmayacaqdı.

  
İbn Əbil Hədidin ustadının onun suallarına cavabı.  

Əllamə Məclisi Biharül-Ənvar adlı kitabında məşhur sünni alimi İbn Əbil Hədidə əsaslanaraq belə qeyd edir:

 

Ustadım Əbu Cəfər Nəqibdən soruşdum:

 

__ Mən Əli(ə.s)-nin bu işinə təəccüb edirəm ki, Rəsuli-əkrəm(s)-dən sonra (təxminən 23 il) bu uzun müddətdə düşmənin hiyləsindən necə yayınıb sağ qaldı? Necə oldu ki, düşmənləri Əli(ə.s)-ni öldürə bilmədilər?

 

Ustadım buyurdu:

 

__ Əgər Əli(ə.s) səbirli və təmkinli olub təvazökarlıqla kənara çəkilməsəydi, onu öldürərdilər, ancaq O, başını ibadətə, namaza və Quran oxumağa qatıb özünü əvvəlki qaydaları icra etməkdən saxlamışdı. Qılıncı unudub fürsət gözləyirdi, səbir edirdi. Həzrəti-Əli(ə.s) səhralara səyahətə çıxır, dağları gəzib seyr edirdi. O da başqaları kimi xəlifələrə itaət etmək yolunu tutmuşdu. Buna görə də düşmənlər ondan əl çəkib Əli(s.ə)-ni unutmuşdular.

 

Xəlifələrdən iznsiz heç kimin onu öldürməyə cürəti çatmadı. Əmr sahibləri də Əli(ə.s)-nin qətli üçün bəhanə tapmayıb çarəsiz qalaraq ondan əl çəkmişdilər, yoxsa onu öldürərdilər. Başqa bir tərəfdən də əcəl özü möhkəm zəncir və yenilməz bir qaladır. Əcəli çatmamış heç kəs ölməz.

 

Xalidin tapşırığı barədə ustadımdan sual edib soruşdum ki, Əbu Bəkrin Əli(ə.s)-ni öldürmək üçün Xalidi təyin etməsi doğrudurmu?

 

Əbu Cəfər Nəqib belə cavab verdi:

 

__ Əhli-beyt tərəfdarlarından bir neçəsi bunu təsdiq etmişlər. Hətta belə söyləyirlər ki, bir nəfər Əbu Hənifənin şagirdi Zəfər ibn Hezezlin yanına gəlib soruşmuşdu:

 

__ Necə ola bilər ki, Əbu Hənifə namaz qılan şəxsin salamdan qabaq namazdan ayrıla bilməsi, məsələn, namazın salamından qabaq bir söz deyə və ya bir iş görə bilməsi barədə hökm verir? Bu mümkündürmü?

 

Zəfər dedi:

 

__ Caizdir, çünki Əbu Bəkr təşəhhüddən sonra, salamdan qabaq söz demişdi.

 

O soruşdu:

 

__ Əbu Bəkr salamdan qabaq nə demişdi ki?

 

Zəfər cavab verdi:

 

__ Sənin kimi bir şəxsə belə bir sual vermək yaraşmaz.

 

O, israr edib yenidən bu sualı verdi. Nəhayət, Zəfər yanındakılara dedi:

 

__ Bu kişini qovun. Güman edirəm ki, bu, Əbül Xəttabın səhabələrindəndir.

 

İbn Əbil Hədid yazır:

 

Ustadımdan soruşdum:

 

__ Bəs bu barədə siz nə deyə bilərsiniz? Məgər Əbu Bəkr Xalidə tapşırıq vermişdi?

 

Nəqib dedi:

 

__ Mən inanıram. Lakin bu hədisi imamiyyə (Əhli-beyt tərəfdarları) firqəsi rəvayət etmişdir.

  
Əli(ə.s)-nin Əbu Bəkrə yazdığı məktub.  

Bu barədə Təbərsi Ehticac adlı kitabında (Ic,səh.127) belə yazır:

 

Əbu Bəkrin Fədəyi həzrəti-Fatimə(ə.s)-dən alıb onun xidmətçilərini Fədəkdən qovmaq xəbəri Əli(ə.s)-yə yetişəndə Əbu Bəkrə aşağıdakı məktubu göndərdi. Məktubun məzmunu belədir:

 

Qarmaqarışıqlıq və fitnə dalğalarını nicat gəmilərinin sipərləri ilə yarın. Şöhrətpərəstlik taclarını və hiyləgər şəxslərin sayını onları məhdudlaşdırmaqla unudun. Feyz və nur mənbəyindən kəsb edib təkcə ona tərəf nəzər salın. Pak şəxslərin mirasını özlərinə qaytarın. Cəhalət və qəflət mühitindən çölə çıxın. Sanki sizlərin gözübağlı dəyirmanı fırladan dəvələr kimi çaşbaş qalıb, sərgərdan yeriməyinizi öz gözlərimizlə müşahidə edirik.

 

Allaha and olsun, əgər əlimdə icazəm olsaydı, başlarınızı yetişmiş məhsulu biçən tək iti və dəmir oraqlarla bədəninizdən ayırardım. Sizin igidlərinizin beyin kasasını elə sındırardım ki, gözləriniz bərələ qalıb dəhşətə gələrdiniz. Mən düşmən qoşunlarını pərən-pərən salıb darmadağın edən şəxsəm. Sizin də qüvvənizi dağıdardım. Mən döyüş meydanlarında döyüşəndə siz evlərinizdən çölə çıxmır, qorxurdunuz. Mən dünənə kimi Peyğəmbər(s)-in yavəri idim. Sizin hamınız mənim əməllərim və rəftarımdan xəbərdar olub məqamımı təsdiq etdiniz. Atamın canına and olsun, siz nübüvvət və xilafətin bizim ailədə birləşməsindən razı deyildiniz. Bədr və Ühüd döyüşlərindəki kinlərinizi hələ də unutmamısınız.

 

Allaha and olsun, əgər sizə qüdrətli Allah tərəfindən müqəddəratınız barəsində nə yazıldığını desəm, iztirabın şiddətindən fəqərələrinizin sümükləri dəyirman pərgarının dişləri kimi bədəninizdən tökülər.

 

Əgər danışsam, deyəcəksiz ki, həsəd aparıram, paxıllıq edirəm. Yox, əgər sakit qalsam, deyəcəksiz ki, Əli ibn Əbutalib ölümdən qorxur. Əsla! Əsla! Mənim Haqqa qovuşmaq arzum südəmər körpənin ana döşünə olan istəyindən daha artıqdır.

 

Ölüm şərbətini düşmənlərə dadızdıran, döyüşlərdə ölümlə üz-üzə gələn, azca da olsun, ölümdən qorxmayan, çəkinməyən mən idim. Qaranlıq gecələrdə düşmən bayraqlarını qırıb atan, Peyğəmbər(s)-in mübarək xatirindən qəmi, tutqunluğu aparan mən idim.

 

Əgər mənə icazə verilsəydi, Allahın sizin barənizdə nazil etdiyini və mənim xəbərdar olduğumu deyərdim. O vaxt siz dərin quyu kəndirləri kimi lərzəyə gəlib başıalovlu heyrət içində, sərgərdan çöllərə üz tutardınız.

 

Lakin mən bütün bunlara laqeyd qalıb əliboş, dünyavi ləzzətlərdən əl çəkmiş pak ürək və təmiz qəlblə Allaha yetişmək üçün sadə və asan həyat tərzini özümə seçdim. Bilin ki, sizin dünyanızın həqiqəti havaya qalxıb adamların başı üstə sərilib qalınlaşan, sonra da pərən-pərən olub itən buluda bənzəyir.

 

Tezliklə gözləriniz açılacaq və öz pis əməllərinizin nəticəsini görəcəksiniz. Əkdiyiniz acı toxumları öldürücü zəhər kimi biçəcəksiniz. Bilin ki, Allah ən yaxşı hakimdir. Onun əziz Rəsulu sizin ən böyük düşməniniz olacaqdır. Qiyamət günü isə mühakimə olunan gününüzdür. Allah sizi öz rəhmətindən uzaq edib əzaba qərq etsin.

 

Hidayət yolunun yolçularına salam olsun!

  
Əbu Bəkrin Əli(ə.s)-nin məktubuna etdiyi etiraz.  

Əbu Bəkr Əli(ə.s)-nin məktubunu oxuduqda çox narahat olub dəhşətə gəldi və dedi: Əcəba! Doğrusu, Əli(ə.s) mənə qarşı nə qədər cürət və cəsarət etmişdir. Bu zaman baş vermiş hadisəni ənsar və mühacirlərə xatırladıb onlara xitabən dedi:

 

Ey mühacir və ənsarlar! Məgər mən Fədək barədə sizinlə məşvərət etmədimmi? Siz demədizmi, peyğəmbərlər özündən sonra miras qoymurlar? Fədəyin pərakəndə ordunun təchiz olunması, sərhədlərin möhkəmləndirilməsi və müsəlmanların ümumi mənafeyi uğrunda sərf olunması təklifini siz vermədinizmi?

 

Əlbəttə, mən də sizin rəyinizi qəbul edib təsdiqlədim, ancaq Əli ibn Əbutalib(ə.s) bu fikrə qarşı çıxıb parlaq qığılcım və şimşək gurultusu kimi məni hədələyir. O, mənim hakimiyyətimə qarşıdır, halbuki mən dəfələrlə istehfa vermək istəmişəm, siz qəbul etməmisiniz.

 

Mən elə lap əvvəldən Əli(ə.s) ilə üz-üzə dayanmağı istəməmiş, onunla döyüşməkdən qaçmış və elə indi də qaçıram.

  
Ömərin Əbu Bəkrə qarşı etirazı.  

Ömər ibn Xəttab bu sözdən bərk əsəbləşib Əbu Bəkrə dedi:

 

__ Bundan başqa bir söz deyə bilməzdin? Sən elə bir adamın övladısan ki, döyüşlərdə süstlük göstərib, kasadlıq günlərində də malını hamıdan gizlədərdi. Sübhanəllah! Nə qədər zəif və qorxaqsan?! Nə qədər kiçik qəlbin vardır?! Mən saf suyu və zülalı sənin ixtiyarına qoydum. Lakin sən ondan faydalana bilmədin. Sən bu saf suyu içərək susuzluğunu yatırıb sirab olmağı bacarmırsan. Mən boyun qaçıranların boynunu sənin qarşında əydim, ziyalı, siyasətçi və təcrübəli şəxsləri sənin ətrafına topladım. Əgər mənim səy və zəhmətim olmasaydı, heç vaxt belə bir müvəffəqiyyət əldə edə bilməyəcəkdin. Şübhəsiz, Əbu Talib oğlu Əli(ə.s) sənin sümüklərini əzmişdi.

 

Allaha şükr et ki, belə bir əhəmiyyətli nemət (rəhbərlik rütbəsi) mənim vasitəmlə sənin əlinə keçmişdir. Əlbəttə, hər kim Peyğəmbər(s) minbərində onun yerinə oturursa, həmişə Allaha şükr etməlidir. Bu Əbu Talib oğlu Əli möhkəm bir daş kimidir ki, sınmayınca ondan fəvvarə çıxmaz. O, qorxulu ilan kimidir, əfsunsuz və hiyləsiz ram olmur. Acı ağac kimi nə qədər onu bal ilə qarışdırsalar belə, yenə şirin meyvə verməz. Əli(ə.s), Qureyşin şücaətli oğullarını (müşrikləri) öldürdü, dikbaşları əzdi. Onun şimşək kimi çaxmağından vahimələnmə. Mən sənə zərər yetirməmiş işini bitirərəm və yolunun üstündə dayanaram.

 

Bu zaman Əbu Bəkr Ömərə dedi:

 

__ Gəl, bu boş-boş danışıqlarını kənra qoy. Allaha and olsun, Əli(ə.s) əgər istəsə, sağ əlinə ehtiyac duymadan sol əli ilə bizi məhv edər. Bizim müvəffəqiyyətimizə səbəb bunlardır: birincisi, O təkdir və köməyi yoxdur; ikincisi, Əli(ə) istəyir ki, həzrəti-Mühəmməd(s)-in vəsiyyətinə uyğun əməl etsin. O, bizimlə Peyğəmbər(s)-in vəsiyyətinin xilafına rəftar etmir; üçüncüsü, ərəb qəbilələrindən hər birinin yaxınlarının onun əli ilə öldürülməsinə görə Əli ilə düşmənçilikləri vardır. Əgər bu amillər olmasaydı, xilafət qəti surətdə onun əlinə keçəcək və bizim səyimizin heç bir nəticəsi olmayacaqdır.

 

Xəttabın oğlu! Yaxşı fikir ver, Əbutalib oğlu Əli məktubda yazdığı kimi dünyapərəst deyildir. Bizim ölümdən qorxub qaçdığımız kimi, o da dünya həyatından qaçır. Belə bir adamın ölümdən nə qorxusu? (Axıra kimi.)

  
Həzrəti-Zəhra(s.ə)-nın xütbəsindən bir parça.  

Təbərsi Ehticac kitabında Abdulla ibn Həsənə əsaslanaraq yazır:

 

Əbu Bəkr Fədəyi qəsb edəndə həzrəti-Zəhra(s.ə) bundan xəbər tutub başına çadra örtərək xidmətçiləri, Bəni-Haşim qadınlarından bir neçə nəfərlə məscidə gəlib Əbu Bəkrin və müsəlmanların qarşısında xütbə oxudu. (Bu xütbə məzmun cəhətdən çox ətraflı, sağlam məntiqə əsaslanmış və kəsərlidir.).

 

Həzrəti-Zəhra(s.ə) uzun paltar geymişdi. Yerişi sanki atası Peyğəmbər(s)-in yerişini xatırladırdı. Məscidə daxil olanda Əbu Bəkr mühacir və ənsarlardan bir dəstəsi ilə oturmuşdu. Pərdə çəkdilər, o Xanım keçib pərdənin arasında əyləşdi.

 

Həzrəti-Zəhra(s.ə) bu vaxt yanıqlı bir ah çəkdi, belə ki məsciddəkilər təsirlənib ağladılar. Məclis əzadarlıq və matəm məclisinə çevrildi. Hamı bərk kədərləndi. Fatimə (s.ə) bir az sükut edib camaat sakitləşəndən sonra öz sözünə başladı.

 

Həzrəti-Zəhra sözünə belə başladı:

 

__ Allaha sitayiş edib onun maddi və mənəvi nemətlərinə şükr edirəm ki, onun nemətləri bütün dünyanı əhatə etmişdir, belə ki biz onları saymaq və təsəvvür etmək iqtidarında deyilik. Onun sonsuz nemətlərinə şükr etməliyik. Yalnız bunun sayəsində uca Allahın bizə bəxş etdiyi nemətlər bol və davamlı ola bilər. Allahın bol-bol nemətləri isə onun həmd və sitayəşinə səbəb olur.

 

Şəhadət verirəm ki, O, yeganə və misilsizdir. Əlbəttə, bu şəhadətin mənbəyi ixlasdır. Tovhid və ixlas isə insanın daxilində olan fitri məsələlərdir. Tovhidin mərtəbələrinin əlamətləri təfəkkür və iman nuru altında zahirə çıxır. Bizim düşüncəmiz Allahın pak zatını dərk etməkdə aciz, nitqimiz isə vəsf etməkdə naqisdir. Hər görən göz onu dərk edə bilməz.

 

O, bütün mövcudatı əvvəli və maddəsi olmadan yaradandır. Mövcudatı əvvəlkinə bənzəmədən xəlq etmişdir. Öz iradə və qüdrəti ilə özü üçün fayda və mənfəət nəzərdə tutmadan varlıq mərhələlərini təsvir və tənzimləyən Allahın məqsədi öz qüdrət, hikmət, lütf və məhəbbətini bizlərə anladıb bildirməkdən başqa bir şey deyildir. O, insanları yaratdı və onları itaət, ibadət və gözəl mükafata dəvət etdi. Onları üsyankarlıqdan, itaətsizlikdən, əzab və qəzəbindən çəkindirdi.

 

Şəhadət verirəm ki, atam Mühəmməd ibn Abdulla(s) Allahın qulu və rəsuludur. Allah-təala besətdən qabaq qeyb aləmində onu seçmişdir, çünki adamların məqamı əzəl gündən qeyb aləmində məlum və müəyyən olmuşdur. Böyük Allah bütün işlərin aqibət və gedişatından xəbərdardır. Onun elmi zamanın asayiş və fəsadını, eləcə də baş verən hadisələri əhatə edir.

 

Böyük Allah öz Rəsulunu seçdi ki, Onun əmr və hökmləri insanlar arasında aydınlaşıb, cəhalət və azğınlıqdan elm, mərifət və səadət yoluna hidayət olsunlar. O Həzrət(s) peyğəmbərliyə seçiləndə bütün insanlar hələ o zaman pərakəndə halda bir-birindən uzaq, bütpərəst, böyük Allahdan qafil və azğın idilər. Allah-təala o Cənab(s)-ın vasitəsilə insanları cəhalət və qəflətdən ayıltdı. Allahın Rəsulu(s) səbir və yenilməzliklə insanların hidayət və nicatı üçün çalışmışdır. Onları düz yola, haqq dinə dəvət edərək nur və feyz dərgahına hidayət etmişdir. Sonra isə ilahi dini, haqq yolu və bəşərin vəzifələrini aydınlaşdırmışdır. Nəhayət, Böyük Yaradan həzrəti-Mühəmməd(s)-i öz dərgahına apardı. O, dünya zəhmətləri və əziyyətlərindən qurtulub Allahın rəhmət dəryasına yaxın mələkləri ilə həmsöhbət və mənus oldu. Allahın salam və salavatı olsun ona!

  
Böyük ilahi əmanət sayılan Quranın qorunması barədə.  

Ey ənsar və mühacirlər!

 

Siz Allahın bəndələrisiniz. Siz onun hökmlərini, haram və halal buyurduqlarını icra edənlərsiniz. Siz Peyğəmbər(s)-in hədis və gətirdiyi göstərişlərin daşıyıcısı, eyni zamanda qoruyucusu sayılırsınız. Siz ilahi həqiqət və İslam ayinlərinin qorunmasında var gücünüzlə çalışmalısınız.

 

Diqqətli olun ki, həzrəti-Mühəmməd(s)-in çox qiymətli və əzəmətli bir əmanəti olan, habelə səadət və təkamülün kamil nüsxəsi sayılan səmavi kitab__ Quranı olduğu kimi qoruyasınız. Bu kitab Allahın nur və kəsərli dəlilidir. İlahi qanunların höccət və həqiqətlərinin toplusu bu kitabda aydınlaşdırılmışdır, belə ki əgər onun qaydalarına əməl etsəniz, səadət və təkamülün ən uca zirvəsinə yetişər, cəhalət və zəlalət kimi bədbəxtliklərdən nicat taparsınız. Elə bir kamilliyə yetişərsiniz ki, başqaları sizin bu uca məqamınızın həsrətini çəkər.

  
İlahi hökmlərin mahiyyət və əhəmiyyəti barədə.  

Ey müsəlmanlar! Bilin və agah olun ki, sizin fərdi və ictimai vəzifələriniz bu səmavi kitabda gəlmiş, haqqın dəlil və sübutları, ilahi hökmlər Quranda yazılmışdır. Həmin bu səmavi qanunlar sizin səadətə yetişməyiniz və kamilləşməyiniz üçün təyin edilmişdir.

 

Tovhid__qəlblərinizi şirk və bütpərəstlikdən təmizləyərək ürəklərimizi iman nuru ilə işıqlandırmaq; zəkat__insanpərvərlik, məhəbbət, mehribanlıq, xeyirxahlığın qəlblərinizdə yerləşməsi və sərvətlərinizin artması üçündür.

 

Oruc qəlblərinizin hər cür çirkinlik və küdurətdən təmizlənməsi, pak və səfalı olması, eləcə də insan ruhunun ali və ləyaqətli məqamlara yetişməyə hazırlanması üçün əməli bir nümayiş və imtahandır.

 

Ədalət cəmiyyətdə bərabərlik və nizam-intizamın tənzimləyicisidir. Biz Əhli-beyt(ə.s)-in Allah-təala tərəfindən bəşəriyyətə hakim və ö ək seçilməyimiz, eləcə də Peyğəmbər(s) və Ailəsi(ə.s)-nin ardıcılı olmağın zəruriliyi cəmiyyətdə ixtilaf və çəkişmənin aradan qaldırılması səbəbindəndir.

 

Cihad dini əzəmət və şövkəti qoruyan güclü bir qalxandır.

 

Səbir müvəffəqiyyət şəfəqi, xoşbəxtlik bünövrəsi və məqsədə yetişmək yolunda bir vasitədir.

 

Xeyir işlərə sövq etmə və pis işlərdən çəkindirmə cəmiyyəti fəsaddan qoruyur.

 

Valideynə yaxşılıq Allahın mərhəmətini nazil, əzabını isə dəf edir.

 

Qohum-əqrəbaya kömək etmək uzun ömrə, işlərin asanlaşmasına və dostların çoxalmasına səbəbdir.

 

Yalnız yaxşılıq etməklə çoxlu dost, arxa qazanmaq olar.

 

Qisas xalqın asayişi, mal və qanını qorumaq üçündür.

 

Yaxşılıq və nəzirlər Allah rəhmətini cəlb etmək üçündür.

 

Alverdə ölçüyə düzgün riayət etmək ticarət və iqtisadiyyatın sürətlənməsinə, inkişafına səbəbdir.

 

Allah-təala bəndəni pisliklərdən uzaqlaşdırmaq üçün şərab içməyi haram buyurmuşdur.

 

Kobudluq və söyüş söyməkdən çəkinmək onun üçündür ki, nifaq, özbaşınalıq və zorakılıq cəmiyyətdən silinsin.

 

Oğurluqdan çəkinməklə insanlar arasında əmanət və iffətin qorunması, əl, göz və qəlbin pak qalmasına zəmanət vermək olar.

 

Şirkdən uzaq olmaq hamının saf niyyətlə Allaha itaət etməsi və ondan qeyrisinə ürək bağlamaması üçündür.

 

Kamil surətdə təqva və pəhrizkarlığa riayət edin. Müsəlman olmamış dünyadan getməyin. (Ali İmran, 107)

 

Bəndəliyin həqiqətinə riayət edin. Allahın əmr vənəhyini (halal və haramlarını), İlahi fərmanının əzəmətini unutmayın. Özünüzü cahillərin cərgəsində qərar verməyin.

 

Allahdan bəndələri içərisində ancaq alimlər qorxar. (Fatir,28)

 

(Allah dərgahında təqvalı və xoflu təkcə alimlər və xəbərdarlardır, nəinki bixəbər və qafillər).

  
Hidayət yolunun inkişafında həzrəti-Mühəmməd(s)-in qətiyyəti.  

Ey müsəlmanlar ! Bilin ki, mən Fatimə(s.ə)-yəm, atam Mühəmməd(s)-dir. Hər cür səhv və pislikdən uzağam. Məndən əsla yersiz söz, səbəbsiz əməl baş verməz:

 

(Ey ümmətim!) Sizə özünüzdən bir Peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona agır gəlir, o sizi (sizin iman gətirməyinizi) çox istəyir, möminlərə qarşı şəfqətli, mərhəmətlidir!

 

Bu Peyğəmbər sizin qadınlarınızdan birinin yox, mənim atamdır. Bu Peyğəmbər Əli ibn Əbutalib(ə.s)-in qardaşı və əmisi oğludur, nəinki sizin kişilərinizdən birinin. Mənim atm sizi pislik, batil əqidə və əməllərdən döndərən şəxsdir. Mənim atam sizləri gözəl moizə, nəsihət, dəlil və hikmətlərlə Allaha tərəf dəvət etdi. O, var qüvvəsi ilə müşriklərə qarşı çıxıb, onlarla mübarizə apardı. Onların başlarının üstə qılınc saxlayıb boğazlarını elə sıxdı ki, çarəsiz qalıb təslim oldular. Atam bütləri sındırıb Haqq düşmənlərinin, inadkarların başını əzdi, kafir başçılarının kürəyini yerə vurdu. Küfr və nifaq düyünlərini açıb, şeytanların dilini, münafiqlərin sözünü kəsdi. Beləliklə, həqiqət aşkar oldu. Onun vücudunun parlaq nuru mühitin qaranlığını yox edib həqiqətləri izhar etdi.

 

Atamın hidayət nurunda tovhid kəlməsi dillərdə əzbər oldu. Əvvəllər başqalarının pəncəsi altında əzilən heç bir qüdrət və ixtiyar sahibi olmayan bir parça ətdən başqa heç nə deyildiniz. Düşmənin hakimiyyəti altında çirkli su və iyrənc yeməklər yeyərək, xar və zəlil olmuşdunuz. Allah-təala Peyğəmbər(s)-in vasitəsilə sizi bu alçaqlıqlardan xilas etdi. Daha sonra qaraqəlbli, kindən ürəyi od tutub yanan bəzi adamlar dinc oturmayıb müsəlmanlarla döyüş tonqalını alovlandırdılar, lakin hər dəfə də Allah-təala bu alovları söndürdü.

  
İslamın müdafiəsində Əli(ə.s)-nin rolu.  

Nə zamandan şeytandan pis bir əməl baş verirdisə, ya müşriklərdən hansınınsa düşmənçilik və ədavəti baş qaldırırdısa, o zaman Rəsuli-əkrəm(s) qardaşı Əli ibn Əbutalib(ə.s)-i həmin düşmənin qarşısına çıxıb onu məğlub etməyə göndərirdi. Onda Əli(ə.s) döyüşə girib öz vəzifəsini layiqincə yerinə yetirirdi. O Həzrət heç vaxt nəticəsiz meydandan geri dönməzdi. Əli(s) düşmənin qol-qanadını ayağı altında əzərək müxaliflərin alov şölələrini öz qılıncı ilə yatırırdı.

 

O, ixlasla üzərində bütün əziyyətlərə Allaha xatir dözərək İlahi fərmanı yerinə yetirmək üçün hədsiz dərəcədə səy göstərirdi. Əli(ə.s) Peyğəmbər(s)-ə ən yaxın insan idi. Onun Tanrı dostları arasında xüsusi əzəməti vardı, ancaq siz öz eyş-işrət fikrinizdə idiniz. Elə həmişə bunu gözləyirdiniz ki, bizim ailəmizdə bədbəxt hadisələr baş versin. Siz düşmən səfləri ilə üz-üzə gələndə geriyə çəkilərək döyüş meydanından qaçırdınız.

  
İnsanların vəfasızlığı barədə.  

Ey müsəlmanlar! Allah-təala öz Peyğəmbər(s)-ini bu fani dünyadan ənbiya və seçilmişlərin son məskəni olan əbədi dünyaya apardı. Ürəklərinizdə olan kin aşkar oldu. Üzünüzə çəkdiyiniz şəriət və din libasını cırıb yırtdınız. Künc-bucaqda gizlənən müxaliflər qol-qanad açdılar. Batil cəbhənin havadarlarının səsi qalxdı. Şeytanın avazı ucaldı. Nəticədə, münafiqlər də onun səsinə səs verdilər. Dünyapərəst və azğın adamlar zəlalət, fitnəkarlıq yolunu tutub şeytanın ardınca getdilər.

 

Şeytan sizi aldanmış tapdı. Siz onun axarına düşdünüz. Onun azca işarəsi ilə acıqlanıb əsəbləşərək özünüzü itirdiniz. Öz əməllərinizin düzgünlük və ədalətini əldən verərək başqalarının hüququna təcavüz etdiniz. Sahibi olmadığınız dəvənin yüyənindən yapışaraq içməyə haqqınız olmayan bulaqdan su içdiniz.

 

Doğrusu, nə tez öz vəfanızı itirdiniz, nə tez sizin hərislik və tamahınız baş qaldırdı. Hələ ürəklərimizin yarası sağalmamışdı. Hələ Rəsuli-əkrəm(s)-in cənazəsi yerdə qalmışdı. O müqəddəs Vücud bizim gözlərimizin qarşısından yox olmamış öz çirkin işlərinizə başladınız. Tələsərək layiq olmadığınız yerləri tutdunuz.. Təəccüblü budur ki, elə zənn etdiniz ki, guya bu tələskənlik fitnənin qarşısını almaqdan ötrüdür.

 

Bilin ki, bu adamlar fitnə və qarışıqlıqda süqut etdilər. Cəhənnəm kafirləri udandır.

 

Belə hərəkətlər sizdən uzaqdır. Necə də yalan danışırsınız?! Məgər Quran sizin aranızda deyilmi? Bütün əmrləri aydın, həqiqətləri aşkar, halal və haramı açıq-aydın söyləyən Allah kəlamını kənaramı qoydunuz? Tanrı hökmünün əksinəmi fitva verirsiniz? Allah kəlamına etiraz edirsiniz? Zülmkarlar necə də pis uçuruma yuvarlanıblar?!!!

 

Kim İslamdan başqa bir dinin ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərə çəkənlərdən olar. (Ali-İmran,85)

 

Siz bu müsibətli böhranının yatmasına, qarmaqarışıqlıgın aradan getməsinə dözmədiniz. Tələsərək yel vurub fitnə közünü daha da alovlandırmağa başladınız. İnsanlar arasında fəsadı daha da gücləndirdiniz. Şeytanın dəvətini qəbul edib yolunuzu azdınız. Haqq dininin nurunu söndürdünüz. Peyğəmbər(s)-in hökm və sünnətini tərk etdiniz. Əsassız bəhanələrlə öz çirkin məqsədlərinizi icra etdiniz. Həqiqətdə isə, həzrəti- Mühəmməd(s)-in Əhli-beytinə xəyanət və zülmü rəva gördünüz.

 

Biz sizin iti bıçaqlarınızın qarşısında səbir edib böhtan və tənələrinizə dözürük.

  
Fatimə(s.ə)-nin Fədək haqqındakı dəlilləri.  

Siz belə düşünürsünüz ki, biz Rəsuli-əkrəm(s)-in heç bir irsinə sahib deyilik? Məgər cahiliyyət dövrünün qanunlarına tabesiz?

 

Onlar cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir? (Maidə, 50)

 

Siz mənim Peyğəmbər qızı olmağıma şübhəmi edirsiniz? Halbuki gün kimi aydındır ki, mən Peyğəmbər qızıyam.

 

Ey müsəlmanlar! Heç rəvadırmı, mən öz irsimdən məhrum olam?

 

Ey Əbu Quhafənin oğlu (Əbu Bəkr)! Quranda yazılıbmı ki, sən öz atandan irs aparasan, lakin sənin əqidənə görə, mən atamdan irs aparmayım?

 

Çox qəribə və pis iş gördün. (Məryəm, 27)

 

Qəsdən Allahın kitabını tərk edib səmavi hökmləri kənaramı atırsan? Halbuki Allah-təala buyurur:

 

Süleyman Davuddan irs apardı. (Nəhl, 16)

 

Həzrəti-Yəhya İbn Zəkəriyyanın dastanında Zəkəriyyanın dilindən buyurur:

 

Sən öz qüdrətinlə mənə bir canişin bəxş et ki, mənim və Ali- Yəqubun varisi olsun.

 

Yenə də buyurur:

 

Qohumlar Allahın kitabında (lövhi-məhfuzda və ya Quranda irs, varislik baxımından) bir-birinə daha yaxındırlar. (Ənfal, 75)

 

Həzrəti-Yəhya yenə də belə buyurur:

 

Allah övladlarınız haqqında sizə tövsiyə edərək buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. (Nisa, 11)

 

Başqa bir ayədə buyurıur:

 

(Sizin hər birinizi ölüm haqlayan zaman) Qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir. (Bəqərə, 180)

 

Siz belə güman edirsiniz ki, ata malından mənim nəsibim yoxdur və gərək atamdan irs aparmayam. Allah şərif ayələrdə bütün insanları nəzərdə tutumuşdur. Məgər bu ayələr bütün təbəqələrə şamil deyillərmi? Atam bu ayələrin əhatəsindən xaricdirmi? Məgər Mən və Atam bir dinin və ümmətin fərdlərindən sayılmırıqmı? Siz məgər Quran ayələrindən Atam və əmim Oğlundan daha çox xəbərdarsınız?

 

Bu gün necə istəyirsiniz, elə də edin. Lakin sabah qiyamət günü böyük Allah sizinlə bizim aramızda hakimlik edəcək. O gün bizim rəhbərimiz Peyğəmbər(s) olacaqdır. O zaman yolunu azmışlar böyük zəlalətə düçar olacaqdır. Lakin sonrakı peşmançılığın onların hallarına heç bir faydası yoxdur.

 

Hər bir xəbərin (Quranda sizə xəbər verdiyim əzabın Allah tərəfindən təqdir olunmuş) müəyyən bir vaxtı vardır. (Ənam, 67)

 

Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz! (Hud, 39)

  
Mədinə müsəlmanlarının tənqidi.  

Sonra Fatimə(s.ə) üzünü ənsarlara__Mədinə müsəlmanlarına çevirib buyurdu:

 

Ey qəhrəmanlar dəstəsi! Dinin dayaqı və İslamın yavərləri. Mənim barəmdə niyə belə süstlük edib harayıma hay vermirsiniz? Məgər atam Rəsululllah(s) buyurmamışdır ki, övladları haqqında ataların hüququna riayət edin? Nə tez dəyişildiniz? İmkanınız ola-ola, haqqı əda etməkdən boyun qaçırırsınız. Sizin üçün mənim hüququmu müdafiə etmək asandır. Həzrəti-Mühəmməd(s)-in vəfatından çox keçməmiş siz onun dinini bu tezliklə aradan götürmək istəyirsiniz. Allaha and olsun, onun vəfatı elə böyük müsibətdir ki, təsiri hər yeri bürümüş, elə bir çaxnaşma salmışdır ki, bu çaxnaşmanı sakitləşdirəcək bir kəs yoxdur.

 

Bilin ki, deyilməli hər nə var idisə, dedim, baxmayaraq ki sizi alçaqlıq və zəlalət bürüdüyü üçün onların faydası olmadığına yəqinim var. Lakin nə edim ki, ürəyimin qəmi tüğyan edib qəlbimi sıxdı. Ürəyimdəkiləri höccəti tamam etməkdən ötrü, bəhanələrinizi kəsmək üçün sizə dedim. Bəli, siz istədiyinizi cənginizə keçirib öz murad atınıza minərək onu ram etdiniz. Amma haqqı tapdadığınıza görə ar və alçaqlıq sizin üçün əbədi olaraq qaldı. Onun damğa və nişanəsi sizin alnınıza elə vuruldu ki, dünyanın axırına qədər silinməyəcəkdir. Həmçinin axirətdə də qəlblərə təsir edib onları əridən cəhənnəm atəşi yaxanızdan yapışacaqdır. Mənim üçün isə sizin bu zülmünüz ötəri və asandır. Çünki Allah mənim halımı və sizin rəftarınızı yaxşı görür.

 

Zülm edənlər isə (ölümdən sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını) mütləq biləcəklər! (Şura, 227)

 

Mən sizi Allah hökmündən boyun qaçırmağın dəhşətli əzabından çəkindirən Peyğəmbər qızıyam.

  
Şeyx Əzərinin münasibəti.  

Müəllif yazır:

 

Bu barədə Şeyx Kazim Əzəri Bağdadi gözəl bir şer yazmışdır:

 

Qardaşı barədə Peyğəmbər(s) ilə bağladıqları əhdi pozdular. Müsibət qurtumlarını Peyğəmbər(s)-in qızına o qədər içirtdilər ki, o Xanmın boğazında sümük tək ilişib qalmışdır.

 

Bu gün O, Ədiyy və Təym tayfasının üzvlərindən olan iki nəfərin__ Əbu Bəkr və Ömər yanına gəldi. Bərk qəhərlənərək uzun-uzadı ağladı. Sonra yaxına gələrək Allaha şikayətləndi. Onun bu dərdli şikayətindən möhkəm qayalar belə lərzəyə gəlib mum oldu.

 

Zəhranı qorxudanda bilmirəm, nə hala düşdü. Halbuki onsuz da Rəsuli-əkrəm(s)-in vəfatından çox kədərlənmişdi. Bu iki tayfa- Ədiyy və Təym onun Atası və Əri ilə yaman düşmənçilik aparırdı.

 

Fatimə (s.ə) gözəl moizə ilə onlara nəsihət verdi. Onun xütbəsi adama Peyğəmbər(s)-in sağlığındakı xütbəsini xatırladır.

 

O, xütbədə buyururdu: Bu səmavi kitablara nəzər salın, burada irs aparmaq barədə açıq-aşkar, eləcə də əsaslı dəlillər görərsiniz.

 

Allah sizə övladlarınız barədə tövsiyə edir. (Nisa, 11) mənası bütün insanların yaxınlarına şamil olan bir əmrdir.

 

Bu söhbəti insanlar o alicənab Xanımdan eşitdikdə ürəkləri yumşaldı. Az qaldı ki, qəlblərində olan kin və ədavət əriyib getsin.

 

Onlara buyurdu: Ey camaat! Bizim barəmizdə düşündükcə Allahı nəzərinizdən qaçırmayın. Bizimlə dostluq edin. Çünki biz Allah bağının yetişmiş meyvələriyik.

 

Bilin və agah olun ki, biz sizin aranızda Allah dininin şüarıyıq. Bizim ehtiramımızı qoruyub saxlayın.

 

Biz qeyb aləminin xəzinəsindən olan feyz və kəramət sahibiyik. Hidayət olanlar haqq yolunu bu məxəzdən öyrənirlər.

 

Necə olur ki, azad edilmiş qul mənə çatan irsi saxta hədislər əsasında əlimdən alır?

 

Necə ola bilər ki, bizim Mövlamız (Atamız) bizim üçün heç bir şey qoymayıb, lakin bizdən olmayan Təym tayfasına vəsiyyət edibdir?

 

Sizcə, bəlkə biz hidayətə layiq deyilik, ancaq Bəni-Təym hidayət olunubdur? Və yaxud sizin fikrinizcə, Peyğəmbər(s) bizi başlı-başına və sərgərdan buraxmışdır ki, siz də elmli və xəbərdar olandan sonra onun səhvini düzəldəsiniz.

 

Ey camaat! Bizə insaf gözü ilə baxıb Rəsuli-əkrəm(s)-in hörmətini qanmayıb haqqına riayət etməyən bu iki nəfərin zülmündən dadımıza yetişin.

 

Faıtimə(s.ə) sözünü qurtaranda Əbu Bəkr cavab vermək üçün ayağa qalxaraq həmd və sənadan sonra belə dedi:

 

__ Ey Peyğəmbər qızı! Atan Rəsulillah(s) möminlərə qarşı mehriban, kafirlərə qarşı isə qəzəbli və acıqlı idi. Rəsuli-əkrəm(s) əsil-nəsəb cəhətindən sənin atan idi, başqa qadınların yox. O, sənin ərinin qardaşı idi, başqalarının yox. Peyğəmbər(s) yalnız onu (Əlini) hər bir mühüm və böyük iş üçün seçərdi. O, həzrəti-Mühəmməd(s)-in ən yaxşı yavəridir. Sizi xoşbəxt adamlardan başqa heç kim sevmir. Bədbəxtlərdən başqa heç kim sizinlə düşmənçilik etmir. Siz Peyğəmbər(s)-in pak itrəti olub, Allahın seçilmiş bəndələrisiniz. Siz bizi səadətə aparan bələdçimiz, behiştə sarı yönəldən rəhbərimizsiniz. Sən, ey xanımlar xanımı, Peyğəmbərin ən yaxşı qızı! Öz sözlərində doğru, əql və mərifətdə isə hamıdan üstünsən. Heç kim sənin haqqını əlindən almayıb, sənin sədaqətinə heç bir söz ola bilməz. Allaha and olsun, Rəsuli-əkrəm(s)-in buyuruğundan çıxmamış, o Həzrətdən iznsiz bir hərəkət etməmişəm. Əlbəttə, bir tayfa tərəfindən seçilən şəxs camaata yalan söyləməz. Allah şahiddir ki, mən Rəsuli-əkrəm(s)-dən eşitmişəm: Biz Peyğəmbərlər özümüzdən sonra qızıl, gümüş, malikanə və var-dövlət irs qoymuruq. Bizim mirasımız elm, hikmət, kitab və nübüvvətdir. Bizdən miras qalan dünya malı isə bizim vəfatımızdan sonra ümmətin rəhbəri olan şəxsin ixtiyarındadır. O necə məsləhət bilsə, eləcə də ondan istifadə edə bilər.

 

Mən isə sən (Ey Fatimə!) tələb etdiyinin gəlirini (Fədəyin) hərbi sursatlar, silahların hazırlanması üçün xərcləyirəm. Müsəlmanların fikri belədir. Biz heç vaxt istəmirik ki, hansısa bir mətləbi səndən gizlədək və ya sənin haqqını əlindən alaq. Mənim ixtiyarımda olan sənin ixtiyarındadır. Öz var-dövlətimi heç vaxt səndən əsirgəmərəm. Sən alicənab atanın ümmətinin seyyidəsi və Peyğəmbər(s)-in övladlarının (həzrəti-Zəhra(s.ə)-nın övladları) əziz anasısan. Biz istəmirik ki, sənin malını əlindən alıb Atan və Övladların sarıdan olan böyük məqamını inkar edək. Sənin hökmün mənim əlimdə olana nüfuz edə bilər, lakin mən atan Rəsulullah(s)-ın qanunlarına müxalif çıxa bilmərəm.

 

Həzrəti-Fatimə(s.ə) buyurdu:

 

__ Sübhanəllah, heç vaxt Rəsuli-Əkrəm(s) müqəddəs Kitabın__ Quranın əleyhinə olaraq bir söz buyurmayıb. Əksinə, bütün işlərində Qurana istinad etmişdir. Siz hiyləgərliklə rəy verməkdə müttəfiq olub onun üçün bəhanələr gətirirsiniz. Yalan sözdən qaçmırsınızmı? Sizin bu tədbirləriniz münafiqlərin Peyğəmbər(s)-in zamanında tökdüyü tədbirlərə oxşayır. Quranda açıq-aydın buyurulur:

 

(Zəkəriyya Allaha dua etdi ki, öz dərgahından mənə bir oğul(vəli) bəxş et ki,) O həm mənə, həm də Yəqub nəslinə (onlara lütf edilmiş Peyğəmbərliyə) varis olsun. (Məryəm, 6)

 

Süleyman Davuda (Peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə çıxdı. (Nəhl, 16)

 

Allah-təala öz qanun Kitabında aydın və geniş surətdə bütün irs, qanun, vərəsələrin növ və xüsusiyyətlərini tamamilə bəyan etmiş, qadın, kişi varislərindən hər birinin payı barədə açıq-aşkar söz açmışdır. Belə ki bu haqqda bir kimsədə heç bir şübhə və tərəddüd yaranmır. Deməli, Quran və İslam qanunları sizi bu işə vadar etməmişdir.

 

Xeyr (Heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız (tükənməz, dözümlü) səbir gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır! (Yusif,18)

 

Xanım Fatimə(s.ə)-nin çıxışından sonra Əbu Bəkr belə dedi:

 

__ Şübhəsiz, Allah və Rəsulunun sözü doğru, həqiqətdir. Sən, ey Peyğəmbər qızı, düz deyirsən. Sən rəhmət, hidayət və hikmət mənbəyisən. Sən dinin ehkamlarından və haqqın dəlillərindənsən. Mən sənin fikrini, söylədiklərini əsla rədd etmirəm, lakin hüzurunda oturan bu camaat, hamımız yekdilliklə belə fikirdəyik (ki, Fədəyin ixtiyarı əlimizdə olub ümumi yolda istifadə olunsun). Mən zülmkar və düşmən deyiləm. Əksinə, müsəlmanların rəyi ilə həmfikirəm.

 

Fatimə(s.ə) üzünü insanlara çevirib buyurdu:

 

__ Ey çirkin əməldən qorxusu olmayıb sürətlə batil sözə tərəf meyl edib yüyürənlər!

 

Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəkləri qıfıllanmışdır? (yoxsa ürəklərinin öz kilidləri vardır?) (Mühəmməd, 24).

 

Xeyr, zülmlərinin və pis işlərinin qaranlığı qəlblərinə qələbə çalmışdır. (Mutəffifin, 14)

 

Nə pis xəyallara daldınız.

 

Qiyamət günü Allahdan güman etmədiyiniz (Əzab) görünəcəkdir.

 

Yalan danışanlar (batil söyləyənlər) elə oradaca ziyana uğrayarlar. (Qafir, 78)

  
Fatimə(s.ə)-nin Peyğəmbər(s)-ə xitabən söylədiyi şerlər.  

Xütbənin sonunda Fatimə(s.ə) üzünü atası Rəsulullah(s)-ın qəbrinə tərəf çevirib ona xitabən bu şeri oxudu:

 

Ey Ata! Səndən sonra elə fitnələr qalxıb qəribə səslər ucaldı ki, əgər sağ olsaydın, bu ixtilaflar düşməzdi. Sən bizim aramızdan getdin. Bizim əhvalımız bərəkətli yağışları kəsilmiş quraq bir torpağın halına çevrildi. Sənin ümmətin nizam-intizamı bir-birinə vurdu. Buna görə şahid ol, onların əməllərini nəzərindən qaçırma.

 

Allah dərgahında məqam və dərəcəsi olan hər bir peyğəmbər və övliya ailəsinə hamı ehtiram edibdir. (Lakin təkcə bizə ehtiram edilməyibdir.)

 

Sən bizim aramızdan gedəndən və torpaqlar altında pünhan olandan sonra bir çoxları öz qəlblərinin kinini aşkar etdilər.

 

Bəziləri tutqun sifətlə bizə baxıb məqamımızı yüngül sandılar. Sən aramızdan gedəndən sonra əlimiz bu gün hər şeydən üzülübdür.

 

Sən parlaq bir nur idin ki, sənin nurundan istifadə edirdilər. Sən Allah tərəfindən səmavi kitab nazil olan şəxssən.

 

Ayələri nazil edən Cəbrayıl həmişə bizim munisimiz idi. Sən getdin və getməyinlə xeyir qapıları bizim üzümüzə bağlandı.

 

Kaş səndən qabaq ölüm bizi haqlayaydı. Sənin getməyinlə kimlərsə öz batil məqsədlərinə nail oldu.

 

Vəfatınla bizə elə bir müsibət üz verdi ki, dünyadakı ərəb və əcəm məzlumlarının müsibəti bizə üz vermiş müsibətdən yüngüldür.

 

Dürrün-nəzim adlı kitabda qeyd olunmuşdur ki, həzrəti-Zəhra(s.ə) aşağıdakı üç beyt şeri yuxarıdakı şerə qoşub buyurdu:

 

Ey alicənab Ata! Nə qədər ki sən vardın, mənim himayədarım və yavərim var idi. İzzətlə camaat arasında yol gedirdim. Sən mənim qol-qanadım idin.

 

Lakin bu gün gərək o alçağın qarşısında təvazö edib ondan çəkinim. Mənə zülm edənləri gərək öz əlimlə dəfn edim. Qumru quşu gecənin yanğısından budaqda oturub nalə vuran vaxtı, mən də sübh çağı sənin ayrılığından göz yaşı tökürəm.

 

Şeyx Müfid Əmali adlı kitabında çox mötəbər mənbəyə əsaslanaraq əmirəl-möminin Əli(ə.s)-nin qızı həzrəti-Zeynəb(s.ə)-dən belə nəql edir: Elə ki Əbu Bəkr Fatimə(s.ə)-dən Fədəyin alınması barədə qəti qərara gəldi, Fatimə(s.ə) Əbu Bəkrin cavabından sarsılıb Peyğəmbər(s)-in qəbrinin kənarına gələrək ümmətin ona etdiyi zülmdən şikayətlənib o qədər ağladı ki, həzrəti-Mühəmməd(s)-in qəbrinin torpağı o Xanımın göz yaşlarından sulandı. Sonra ürəkağrıdıcı naləsinin sonunda yuxarıdakı şeri oxudu.

  
Fatimə(s.ə)-nin Əli(ə.s) ilə söhbəti.  

Təbərsi Ehticac kitabında belə yazır:

 

Əmirəl-möminin(ə.s) evdə Fatimə(s.ə)-ni gözləyirdi. Fatimə(s.ə) xütbədən və atası Rəsulullah(s)-ın qəbri kənarında ağladıqdan sonra həyəcanlı bir vəziyyətdə evə yollandı, içəri girəndə gözü Əli(ə.s)-yə sataşdı, kömək istəmək və şikayət məqsədilə o Həzrətə dedi:

 

__ Ey Əbu Talibin oğlu! Ana bətnində olan uşaq kimi büzüşüb küncdə oturmusan. (Əllərini qoltuğuna vurubsan.) Müttəhim kimi evin küncünə qısılıbsan. Sən həmin pəhləvansan ki, qartalların qanadlarını sındırardın. İndi isə qorxaq toyuqların lələkləri əlində aciz qalıbsan. Əbu Quhafənin oğlu zülmkarlıqla atamın bəxşişini əlimdən alaraq mənimlə kobud davrandı. Heç Ovs və Xəzrəc qəbilələrinin övladları da mənə kömək etmədilər, mühacirlər dadıma yetişmədilər. Hamı başını aşağı əyib gözlərini yerə dikmişdi. Heç bir kəs məni müdafiə edib zalımların zülmünün qarşısını almadı. Qəzəblənib evdən çıxdım. İndi isə pərişan və başıaşağı evə qayıdıram. Sən həmin adamsan ki, ərəb canavarları sənin şikarın idi, ancaq indi milçəklər səni əldən salıblar. Nə danışanlara mane oldun, nə də batil yola yönələnləri yerinə oturtdun. Daha səbrim tükənib. Kaş bu acı hadisələrdən qabaq öləydim. İndi isə sənə qarşı kobudluq edib hörmətsizlik göstərdim. Allah mənim üzrümü qəbul edəndir. İstər mənə kömək etmiş olasan və istərsə də olmayasan. İlahi! Sənin qüdrətin hamıdan əzəmətli, əzabın isə hər şeydən şiddətlidir.

 

Əmirəl-möminin Əli(ə.s) Fatimə(ə.s)-yə buyurdu:

 

__ Vay sənə yox, əksinə, sənin düşmənlərinə olsun. Ey Allah Elçisinin qızı və nübüvvət yadigarı, mənə acığın tutmasın. Mən din yolunda süstlük etməmiş, qüdrətimdə olanı əlimdən əsirgəməmişəm. Allah-təalanın axirətdə sənə qərar verəcəyi hər şey sənin əlindən alınanlardan daha qiymətlidir. Allahın köməyinə ümidvar ol. Müsibət və əziyyətləri Allah yolunda hesab et.

 

Fatimə(s.ə) Əli(ə.s)-nin nəsihəti ilə sakitləşib dedi:

 

__ Tək Allah mənə kifayət edər.

  
Fatimə(s.ə)-nin xütbəsindən sonra Əbu Bəkrin cəsarəti.  

Məşhur sünni alimi İbn Əbil Hədid Fədək barədə Əhməd ibn Əbdül Əziz Cövhərinin yazdığı Əssəqifə kitabına əsaslanaraq yazır:

 

Əbu Bəkr Fatimə(s.ə)-nin Fədək barədə söylədiyi xütbəsini eşitdikdə həzrəti-Zəhra(s.ə)-nın sözləri ona çox ağır gəldi. Camaatın qarşısındaca minbərə çıxıb dedi:

 

__ Ey camaat! Bu nə vəziyyətdir? Siz niyə hər sözə qulaq asırsınız? Bu arzular Peyğəmbər(s)-in zamanında harada idi? Kim bu barədə həzrəti-Mühəmməd(s)-dən bir şey eşidibsə, desin. Hər kim orada olubsa, cavab versin. (Aşağıdakı naqis cümlələrin tərcüməsinə görə üzr istəyirik.) O, fitnəkarlıq edir. O deyir ki, əvvəlki halətə__ hərc-mərcliyə qayıdaq. Qocaldığından zəiflərdən kömək istəyir, qadınları köməyə çağırır. O, əxlaqsız adamların sevimlisi olan Ümmü Təhhal kimidir. Bilin, əgər istəsəm, deyərəm və əgər desəm, aydınlaşdıraram. Lakin indi sükutu seçmişəm.

 

Sonra Əbu Bəkr üzünü ənsarlara tutub dedi:

 

__ Ey Mədinə camaatı! Peyğəmbər(s)-ə qovuşmağa layiq olduğunuza baxmayaraq, ağılsızlıq edirsiniz. Çünki Peyğəmbər(s) sizin aranıza gəldi. Siz ona öz aranızda yer verib kömək etdiniz. Bilin! Mən dilimi və əlimi bu məqamı bizimki bilməyənlərə sarı uzatmaram.

 

Sonra o, minbərdən aşağı düşdü. Fatimə(s.ə) də evə qayıtdı.

 

İbn Əbil Hədid yazır: Mən Əbu Bəkrin söylədiklərini ustadım Yəhya ibn Əbi Zeyd Bəsri üçün oxuyub soruşdum:

 

__ Əbu Bəkr bu söhbətində kimə işarə edir? Nəzərində tutduğu şəxs kimdir?

 

Dedi:

 

__ O ki açıq-aşkar söyləyir.

 

Soruşdum:

 

__ Əgər açıq-aşkar söyləsəydi, səndən soruşmazdım.

 

Ustadım gülüb dedi:

 

__ Nəzərində tutduğu şəxs Əli ibn Əbu Talibdir.

 

Mən:

 

__ Bütün bu sözlər Əli(ə.s)-nin barəsindədirmi?

 

Ustadım:

 

__Bəli, ey oğul! Bu padşahlıq da gəldi-gedərdir, yaxın-uzaq tanımır.

 

__ Mədinəlilər bu barədə nə dedilər?

 

O dedi:

 

__ Əli(ə.s)-ni xatırladılar (Əlini haqq bildilər), Əbu Bəkr onların bu sözündən dəhşətə gəlib mədinəliləri belə sözlər danışmaqdan çəkindirdi.

  
Ümmü Sələmənin Fatimə(s.ə)-ni müdafiə etməsi.  

Şamlı fəqih Cəmaləddin Yusif ibn Hatəmin yazdığı Durrun- nəzim adlı kitabda belə qeyd olunur:

 

Ümmü Sələmə (Peyğəmbər(s)-in zövcələrindən biri) Əbu Bəkrin Fatimə(s.ə)-yə dediyi sözlərdən xəbər tutduqda demişdi: Heç rəvadırmı, Fatimə(s.ə) kimi bir xanıma belə sözlər deyilsin?! Allaha and olsun, Fatimə(s.ə) Ünsiyyeyi-Hövra və Allahın Elçisi(s)-nin qızıdır. Mələklər onu qucaqlarına almışlar. Zəhra pak qadınların qucağında böyümüş, gözəl və mükəmməl tərbiyə altında boya-başa çatmışdır. Siz belə güman edirsiz ki, həzrəti-Mühəmməd (s) onu öz irsindən məhrum edib və ona bu barədə heç bir şey deməmişdir? Halbuki Allah-təala öz Peyğəmbərinə belə buyurur:

 

Və ən yaxın qohumlarını qorxut!

 

Rəsuli-əkrəm(s) Fatimə(s.ə)-nin məsum olmasını inakrmı edib? Halbuki Fatimə(s.ə) dünya qadınlarının ən yaxşısı, cənnət gənclərinin Ağasının anası və İmran qızı Məryəmlə bir səviyyədədir. Allahın risaləti onun Atasının vasitəsilə xətm olundu. Allaha and olsun, Peyğəmbər(s) Fatimə(s.ə)-ni həmişə isti-soyuqdan qoruyardı, sağ əlini onun başı altına mütəkkə kimi qoyub sol əli ilə üstünü örtərdi. Ey müsəlmanlar! Sakit olun. Siz Peyğəmbərin gözü qarşısındasınız. O, sizə baxır. Siz böyük Allahın hüzuruna daxil olacaqsınız. Vay olsun sizə, tezliklə öz əməllərinizin bəhrəsini görəcəksiniz.

 

Söyləyirlər ki, həmin il Ümmü Sələmənin aylıq hüququ bu etiraza görə kəsildi.

  
Əbu Bəkrlə Fatimə(s.ə)-nin söhbəti.  

İbn Əbil Hədid həmçinin Əssətfeyi-Cövhəri kitabında yazır: Fatimə(s.ə) Əbu Bəkrə buyurdu:

 

__ Ümmü Əymən (İslamın əvvəllərindən hidayət olmuş hörmətli xanımlardan) şəhadət verir ki, Allahın Rəsulu(s) Fədəyi mənə bağışlamışdır.

 

Əbu Bəkr:

 

__ Ey Allah Rəsulunun qızı! Allaha and olsun, onun yaratdıqları içində mənim üçün Mühəmməddən sevimlisi yoxdur. Mən istəyirdim ki, o Həzrətin vəfatı günü yerlə göy birləşsin, dünya dağılsın. Allaha and olsun, Ayişənin kasıb olmağı mənim yanımda sənin kasıb olmağından daha yaxşıdır. Sən mənim barəmdə belə düşünürsən ki, mən hamının haqqını ödəyirəm, lakin haqqını ödəməkdə sənə zülm edirəm? Hərçənd ki, sən Peyğəmbər(s)-in qızısan, lakin bil və agah ol ki, bu mülk (Fədək) hzrəti-Mühəmməd(s)-in şəxsi mülkü deyildi, əksinə, bütün müsəlmanların idi. Peyğəmbər(s) bunun gəliri ilə müsəlmanları cihada göndərir və yaxud Allah yolunda, ümumi mənfəətə görə ondan paylayırdı. Peyğəmbər(s)-dən sonra rəhbəriyyət mənim əlimə keçmişdir. Bu mülkün də sahibi mənəm.

 

Fatimə(s.ə):

 

__ Allaha and olsun, bundan sonra səninlə heç vaxt danışmayacağam.

 

Əbu Bəkr :

 

__ Vallah! Mən səndən heç vaxt uzaqlaşmaram.

 

Fatimə(s.ə):

 

__ Allaha and içirəm ki, sənə nifrin (qarğış) edəcəyəm.

 

Fatimə(s.ə) ölüm yatağında olanda vəsiyyət etdi ki, Əbu Bəkr onun cənazəsinə namaz qılmasın. Buna görə də onu gecə ikən dəfn etdilər. Fatimə(s.ə) Peyğəmbər(s)-in vəfatından 72 gün sonra dünyadan köçdü. Abbas (Peyğəmbər(s)-in əmisi) onun cənazəsinə namaz qıldı.

  
Əbu Osman Cahiz Bəsrinin irs barədə yazdıqları.  

Əbu Osman Cahiz Bəsri görkəmli ustad və mütəfəkkirlərindən biri (vəfatı 768-775 h. q.) Seyyid Mürtəza Ələmülhüdaya əsaslanaraq belə yazır: Müsəlmanlar elə başa düşür ki, həmin iki nəfərin, yəni Əbu Bəkrlə Ömərin söylədikləri rəvayətin doğruluğuna dəlil Peyğəmbər(s): Biz özümüzdən sonra irs qoymuruq buyuruğudur. Odur ki, onlar bu rəvayəti həzrəti-Mühəmməd(s)-dən nəql edəndə səhabələr bunu ağlabatan bilib qəbul etdilər.

 

Belə düşünən şəxslərə deyirik: həqiqət insanların onu qəbul edib-etməməsi ilə ölçülə bilməz. Şəxsiyyət həqiqətin deyil, həqiqət şəxsiyyətin meyarıdır. Əbu Bəkrin təsirinə düşən də, həzrəti-Fatimə(ə.s)-nin sağlam məntiqə söykənən, alovlu nitqinin qarşısında susub onu qəbul edən də həmin camaat idi

 

Fatimə(s.ə) vəsiyyət etmişdi ki, vəfatından sonra Əbu Bəkr onun cənazəsinə belə namaz qılmasın. Fatimə(s.ə) Əbu Bəkrin yanına gəlib öz haqqını tələb etmək üçün sübut gətirəndə Əbu Bəkrə belə buyurmuşdu:

 

__ Əgər sən ölsən, səndən kim irs aparacaq?

 

Əbu Bəkr cavab verdi:

 

__ Ailəm və övladlarım.

 

Fatimə(s.ə) soruşdu:

 

__Necə olur ki, biz Peyğəmbər(s)-dən irs aparmırıq, lakin sənin övladların səndən irs aparırlar?! Mən səndən Allaha şikayət edəcəyəm. Bundan sonra heç vaxt səninlə danışmayacağam.

 

Əbu Bəkr:

 

__ Mən də səndən heç vaxt uzaqlaşmayacağam.

 

Onu da unutmamalıyıq ki, səhabələr də Əbu Bəkrə etiraz edib, onun bu hərəkətinə mane olmaq istəyirdilər. Bu özü də xanım Fatimə(s.ə)-nin haqlı olmasına bir sübutdur. Maraqlı burasıdır ki, Əbu Bəkr və Ömərdən başqa heç kəs o Xanımın öz ata mülkü Fədəyi geri qaytarmaq cəhdinə qarşı çıxmrdı. Əgər həzrəti-Fatimə(s.ə) öz tələbi ilə haqsızlıq etmiş olsa idi, onda hamı buna etiraz edib həqiqəti ona anladardı.

 

Cahiz (kitabın müəllifi) sözünün davamında belə yazır: Biz Fatimə(s.ə) ilə Əbu Bəkrin yuxarıda qeyd etdiyimiz mükaliməsinə nəzər salanda ilk növbədə belə bir məqam diqqətimizm cəlb edir:

 

Həzrəti-Fatimə(s.ə) Əbu Bəkr ilə həmişə qəzəblə rəftar edir, Əbu Bəkr isə bunun müqabilində onunla mülayim davranırdı. Məsələn, həzrəti-Zəhra(s.ə): Sənə həmişə nifrin edəcəyəm, heç vaxt səninlə danışmayacağam! __ dedikdə, Əbu Bəkr isə əksinə: Mən isə sənin üçün dua edib, səndən heç zaman uzaqlaşmayacağam, __ deyə mehriban və mülayim davranırdı. Əbu Bəkr xanım Zəhra(s.ə)-ya: Mənim üçün səndən əzəmətli və hörmətli bir şəxs yoxdur, lakin nə etmək olar! Mən Peyğəmbər(s)-dən belə eşitmişəm ki, biz peyğəmbərlər irs qoymarıq. Bizdən qalan nə varsa, ancaq sədəqədir, __ deməklə ilk baxışdan xeyirxah və ədalətli rəhbər təsiri bağışlayır. Oxucuya elə gəlir ki, həzrəti-Zəhra(s.ə)-nın qəzəb və nifrini müqabilində belə Əbu Bəkr o Xanım(s.ə)-ın yüksək məqam və ehtiramını qoruyub saxlayır.

 

Lakin bütün bunlar ilk təəssüratdır. İlk təəssürat isə çox vaxt aldadıcı olur. Əslində isə, bütün bu ehtiram və mehribanlıq, mülayim rəftar, alicənablıq nümunəsi olan bu saxta təmkin Əbu Bəkrin seçdiyi mövqe, hiylə idi. Müəyyən məqsədlər naminə özünü lütfkar və insaflı göstərmək istəyən şəxsi biz heç bir əsasla ədalətli adlandıra bilmərik.

  
Osmanın Ayişəyə söylədikləri.  

Tanınmış tarixçilərdən__ Təbəri və Səqəri öz tarix kitablarında belə yazırlar:

 

Osmanın xəlifəliyi dövründə Ayişə onun yanına gəlib belə dedi:

 

__ Atam Əbu Bəkrin, ondan sonra Ömərin mənə verdiyi bəxşişi sən də mənə verməlisən.

 

Osman dedi:

 

__ Əbu Bəkr və Ömər ürəkləri istəyib, sənə bəxşiş veriblər, ancaq mən bu barədə Quran və sünnətdə bir kəlmə olsun belə, görməmişəm. Mən belə bir iş tuta bilmərəm.

 

Ayişə:

 

__ Peyğəmbərdən qalan mirası mənə ver.

 

Osman:

 

__Nə tez unutdun? Məgər Fatimə atanın yanına gəlib Peyğəmbərdən ona qalan mirası tələb etdikdə sən Ayişə və Malik ibn Əvs şəhadət vermədinizimi ki, Peyğəmbər(s) irs qoymayıb?!! Sən Fatimə(s.ə)-nin haqqını batil hesab etmədinmi? İndi də məndən irs istəyirsən?! Yox! Mən sənə heç nə verməyəcəyəm.

 

Təbəri əlavə edib yazır ki, bu sözləri deyən vaxt Osman söykənmişdi, amma Ayişənin sözünü eşidən kimi dik oturub dedi: ...Məgər sən deyildinmi, öz nəcasəti ilə dəstəmaz alan ərəblərlə birgə: Peyğəmbərdən irs qalmaz, __ deyə şəhadət verən?!

  
İslamda ilk batil şəhadət 

Şeyx Müfidin İxtisas adlı kitabında İmam Sadiq(ə.s)-in bu əhvalatla bağlı söylədikləri belə təsvir olunmuşdur:

 

Peyğəmbər(s) vəfat etdikdən sonra Əbu Bəkr onun canişini olduqda Fatimənin Fədək bağında qalan vəkilinə xəbər göndərib onu bağdan çıxartdı.

 

Bu zaman xanım Fatimə (s.ə) Əbu Bəkrin yanına gəlib buyurdu:

 

__ Əbu Bəkr! Atam Rəsullullah(s)-ın yerində oturduğun bəs deyil, hələ bir vəkilimi də Fədəkdən çıxarmısan. Sən özün bilirsən ki, Rəsuli-əkrəm(s) bu bağı mənə bağışlayıb, mənim şahidlərim də var.

 

Əbu Bəkr :

 

__ Peyğəmbər(s) özündən sonra irs qoymayıbdır. Bu, ola bilməz.

 

Əmirəl-möminin Əli(ə.s) həzrəti-Fatimə(s.ə)-yə məsləhət görmüşdü ki, vərəsəlikdən söhbət düşəndə belə desin: Sən Peyğəmbərin özündən sonra irs qoymasını inkar edirsən, halbuki vaxtilə Süleyman peyğəmbər Davud peyğəmbərdən, Yəhya isə Zəkəriyya peyğəmbərdən irs aparmışdı. Mən nəyə görə atamdan irs aparmamalıyam?!

 

Fatimə(s.ə) Əbu Bəkrin yanına gəlib bu sözləri ona söylədikdə Ömər dedi:

 

__ Bunları sənə öyrədiblər.

 

Fatimə(s.ə) buyurdu:

 

__ Bu sözləri mənə əmim oğlu, həyat yoldaşım Əli(ə.s) öyrədib.

 

Əbu Bəkr:

 

__ Ayişə və Ömər şəhadət verirlər ki, həzrəti-Mühəmməd(s)-dən bu sözü öz qulaqları ilə eşidiblər ki, Peyğəmbər özündən sonra irs qoymaz.

 

Fatimə(s.ə) buyurdu:

 

__ Bu iki nəfərin verdiyi şəhadət İslamda ilk batil (yalan) şəhadətdir.

 

Fədək atamın mənə bağışladığı mülkdür. Mənim iki adil şahidim var.

 

Əbu Bəkr:

 

__ Get şahidlərini bura gətir.

 

Fatimə(s.ə) qayıdıb Əli(ə.s)-ni və Ümmü Əyməni Əbu Bəkrin yanına gətirdi. Əbu Bəkr Ümmü Əymənə dedi:

 

__ Sən Peyğəmbər(s)-dən Fatimə haqqında bir şey eşitmisən?

 

Ümmü Əymən və həzrəti-Əli(ə.s) dedilər: Biz Peyğəmbərdən belə eşitmişik:

 

Fatimə behişt qadınlarının xanımıdır.

 

Sonra Ümmü Əymən sözünə davam edib dedi:

 

__ Behişt qadınlarının xanımı olan adam özünün olmadığı bir şeyi yalandan öz malı adlandırmaz. Mənim özüm də behişt qadınlarındanam. Peyğəmbərdən eşitmədiyim sözü heç vaxt dilimə gətirmərəm.

 

Ömər:

 

__ Bu sözləri boşla görüm. Fatimə haqqında nə şəhadət verə bilərsən?

 

Ümmü Əymən:

 

__ Mən Fatimə(s.ə)-nin evində oturmuşdum. O vaxt Peyğəmbər(s) də evdə idi. Bu zaman Cəbrayıl göylərdən enib o Cənab(s)-a buyurdu: Ey Mühəmməd! Dur mənimlə gəl. Allah mənə Fədəyin sahəsinin həddini öz qanadlarımla xətləməyimi əmr etmişdir. Peyğəmbər(s) ayağa qalxıb Cəbrayıl ilə getdi. Bir müddət keçdikdən sonra həzrəti-Mühəmməd(s) qayıtdıqda xanım Fatimə(s.ə) ondan soruşdu: Atacan, hara getmişdin? Peyğəmbər(s) buyurdu: Cəbrayıl Fədəyin sahəsini mənim üçün müəyyənləşdirdi. Fatimə(.s) dedi: Ata, səndən sonra yarana biləcək maddi ehtiyacların fikrini çəkirəm. Bu ehtiyaclarımı ödəməkdən ötrü Fədəyi mənə bağışlayarsanmı? Peyğəmbər(s) buyurdu: Bu mülkü sənə bağışladım.

 

Ümmü Əymən sözünə əlavə edib dedi:

 

__Bəli, Rəsulullah(s) mənə və Əli(ə.s)-yə buyurdu: Şəhadət verərsiniz. İndi də biz şəhadət veririk. Ömər dedi:

 

__ Sən qadın olduğuna görə sənin şəhadətini qəbul etmirik. Həmçinin Fatimənin həyat yoldaşı olduğuna görə Əlinin də şəhadətini qəbul etmirik.

 

Fatimə qəzəbli halda ayağa qalxıb dedi:

 

__ İlahi, bunlar__ Əbu Bəkr və Ömər sənin Peyğəmbərin qızına zülm edib, haqqını əlindən aldılar. Sən özün onların cəzasını ver.

 

Həzrəti-Əli(ə.s) və Fatimə(ə.s) 40 gün mədinəlilər və mühacirlərin evlərinə gedib onlardan dəstək istədilər.

  
Fədək sənədlərinin cırılması.  

Kitabda belə bir fakt da qeyd edilir:

 

Əli(ə.s) Fatimə(ə.s)-yə buyurdu:

 

__ Əbu Bəkr tək olan zaman onun yanına get, çünki o, başqalarına nisbətən mülayimdir. Ona belə deyərsən: Sən atamın yerində oturmusan. Əgər Fədək sənin mülkündürsə və mən bu mülkü səndən istəyirəmsə, gərək bu mülkü mənə qaytarasan!

 

Fatimə(s.ə) Əbu Bəkrin yanına gedib bu sözləri eynilə ona çatdırdı.

 

Əbu Bəkr dedi:

 

__ Düz deyirsən.

 

Beləliklə, Əbu Bəkr Fədəyin Fatimə(s.ə)-yə qaytarılması haqqındakı sənədi imzaladıqdan sonra onu Fatimə(s.ə)-yə verdi.

 

Fatimə evə qayıdarkən yolda Ömərlə rastlaşdı. Fatimə buyurdu: Fədəyin mənə qaytarılması haqqında sənədi Əbu Bəkrdən aldım. Ömər Fatimədə olan sənədi tələb etdikdə Fatimə sənədi Ömərə vermədi.

 

Ömər Fatimə ilə kobud davranaraq sənədi ondan alıb iki yerə böldü. Ömərin bu qəzəbli rəftarı Fatimənin yorğan-döşəyə düşməsinə səbəb oldu. Həzrəti-Fatimə(s.ə) 75 gündən sonra dünyasını dəyişdi. O Xanım(s.ə) vəfat etməmiş Əli(ə.s)-yə də vəsiyyət etdi ki, məni gecə vaxtı dəfn et ki, həmin iki nəfərin (Əbu Bəkr və Ömər) bundan xəbəri olmasın. Əli(ə.s) də onun vəsiyyətinə əməl edərək gecə ikən Fatimə(s.ə)-ni dəfn etdi.

  
Fidyənin Zeynəbə bağışlanması.  

Bədr döyüşündə (hicrətin ikinci ili) Əbul As ibn Rəbi (Xədicənin bacısı oğlu və Peyğəmbər(s)-in qızı Zeynəbin həyat yoldaşı) kafirlərin qoşununda müsəlmanlara qarşı vuruşmuşdu. Müsəlmanlar Əbul As ibn Rəbini əsir tutub Mədinə şəhərinə gətirdilər.

 

Məkkə əhli öz əsirlərini fidyə verməklə (pul və yaxud qiymətli əşya) azad edirdi. Peyğəmbər(s)-in qızı Zeynəb də Məkkədə idi. O da ərinin azad olunması üçün müəyyən miqdar mal və bir boyunbağı Mədinəyə göndərdi. Bu boyunbağını anası Xədicə toy gecəsi öz qızı Zeynəbə toy hədiyyəsi etmişdi. Peyğəmbər boyunbağını görən kimi tanıdı və çox mütəəssir oldu. Müsəlmanlara buyurdu:

 

__ Əgər icazə verirsinizsə, Əbul Ası azad edib bu boyunbağını da geri qaytaraq.

 

Müsəlmanlar dedilər:

 

__ Ey Peyğəmbər! Bizim canımız və malımız sənə qurbandır. Əlbəttə, icazə veririk.

 

Peyğəmbər(s) Əbul Ası fidyəsiz azad etdi və boyunbağını ona verib Məkkəyə Zeynəb üçün göndərdi.

 

Əhli təsənni alimlərindən biri olan İbn Əbil Hədid bu barədə belə yazır:

 

Mən bu hədisi müəllimim Əbu Cəfər Yəhya ibn Əbl Zeyd Nəqibə oxudum. O (Əbu Cəfər) dedi:

 

__ Məgər bu hadisəni Əbu Bəkr və Ömər görməyiblər? Heç olmasa, belə mülayim rəftarı Rəsuli-əkrəm(s)-dən öyrənib, Fədəyi Fatimə(s.ə)-yə bağışlaya bilərdilər. Məgər Fatimə(s.ə)-nin məqamı bacısı Zeynəbin məqamından üstün sayılmırmı? Fatimə(s.ə) behişt qadınlarının xanımıdır. Əlbəttə, bu hadisə o vaxt mümkün olardı ki, Fədək Fatimənin mülkü olmasın.

 

Əbil Hədid müəllimi Əbu Cəfərə dedi:

 

__ Əbu Bəkrdən belə rəvayət olunub ki, Fədək bütün müsəlmanların malıdır və elə buna görə guya onun Fədəyi Fatiməyə verməyə haqqı yox idi.

 

Əbu Cəfər cavabında söylədi:

 

__ Əbul Asın fidyəsi də (boyunbağı) müsəlmanların idi, lakin Allahın Rəsulu(s) boyunbağının icazəsini müsəlmanlardan alıb Zeynəbə qaytardı. Əgər Əbu Bəkr müsəlmanlardan Fədəyin icazəsini alıb Fatiməyə qaytarsaydı, müsəlmanlar buna etiraz edəcəkdilər? Sözsüz ki, razılıq verərdilər. Çünki Fatimə(s.ə) Peyğəmbər(s)-in qızıdır.

 

İbn Əbil Hədid:

 

__ Qaziyül qüzat Əbul Həsən Əbdül Cəbbar ibn Əhməd də belə fikirdədir.

 

Əbu Cəfər:

 

__ Həqiqət budur ki, Əbu Bəkrlə Ömər Fatimə ilə çox insafsız rəftar ediblər.

  
Seyyid Cəzuinin nəzmə çəkdiyi şerin məzmunu.  

(Şer ərəbcə olduğuna görə kitabda ancaq onun məzmunu verilib).

 

Fatimə Peyğəmbər(s)-dən ona qalan irsi tələb etmək üçün iki nəfərin (Əbu Bəkr və Ömər) yanına gəldi, lakin irsi ona qaytarmadılar.

 

Ey kaş, biləydim ki, niyə görə Quranın göstərişlərinə əməl etmirlər, bir halda ki Quranda irs haqqında ayə var. Məgər Quranın irs haqqında ayələri qüvvədən düşmüşdür? Yoxsa bunlar Quran ayələrini təhrif etdilər?

 

Məgər Məvəddət ayəsi (Şura surəsi, 23-cü ayə) həzrəti- Fatimə(s.ə) və onun qohumları haqqında nazil olmayıbdır?

 

Sonra özlərindən: Atan özündən sonra irs qoymayıb, __ deyə yalandan iqrar etdilər. Dedilər: Qədimdən adətdir ki, peyğəmbərlər özlərindən sonra irs qoymazlar və bu sözlə də Fatimə(s.ə)-nin irs aparmasına mane oldular.

 

Əgər həzrəti-Mühəmməd(s) belə bir söz deyibsə, bəs niyə Fatimə(s.ə)-nin budan xəbəri yoxdur?

 

Fatimə(s.ə) Peyğəmbər(s)-in tən yarısıdır. Məgər O, Atasının sözünə əməl etməzdimi? Sözsüz ki, Fatimə atasının sözündən heç vaxt çıxmamışdı. Çünki Fatimə Allah yanında ən təqvalı və pak adamdır. Onların haqsız olduğunu müəyyən etmək üçün Nəhl, Məryəm surələrinə nəzər sal.

 

Hər iki surədə Yəhyanın və Süleymanın irs aparmasından bəhs olunur. Hər kim Fatimə(s.ə)-nin haqlı olmasını öyrənmək istəyirsə, bu iki surəyə diqqət yetirə bilər. Sonra Fatimə(s.ə) göz yaşı tökərək Allaha şikayətləndi.

  
Dördüncü hissə  
Fatimə(s.ə)-nin Atasının vəfatından sonrakı vəziyyəti.  

Allahın Rəsulu(s) vəfat edən zaman böyükkiçik, kişiqadın, qocacavan, ümumiyyətlə bütün Mədinə əhalisi matəm saxlamışdı. Elə bir müsəlman tapmazdın ki, Peyğəmbər(s)-in vəfatına görə qəmgin olmasın. Bir sözlə, Mədinə şəhəri ah-nalə səsinə qərq olmuşdu. Bu ayrılıq ən çox həzrəti-Mühəmməd(s)-in yaxınlarına, xüsusən əmisi oğlu Əli(ə.s)-yə daha çox təsir etmişdi. Hətta bəziləri həyəcandan danışa bilmirdi. Əgər bu qəm-qüssə dağlara üz tutsaydı, dağların belə buna dözümü çatmazdı.

 

Lakin heç kim həzrəti-Fatimə(s.ə) kimi qəmgin ola bilməzdi. Yalnız Allah özü buna şahid idi.

 

Get-gedə kədər artır, göz yaşı isə dayanmırdı.

  
Fatimə Atası(s)-nın qəbri kənarında (VIII gün).  

Ravi yazır: Peyğəmbər(s)-in vəfatından 7 gün sonra səkkizinci gün Fatimə(s.ə) Atasını ziyarət etmək niyyəti ilə evdən ağlaya-ağlaya qəbir üstünə yollandı. Xanım(s.ə)-ın ağlamaqdan gözləri qaralmışdı. Narahatlığın təsirindən çadrası yerlə sürünürdü. Atasının qəbrinə gözü sataşan kimi özündən gedib məzarın üzərinə yıxıldı. Mədinə qadınları onun köməyinə çatıb, həzrəti-Zəhra(s.ə)-nın üzünə su səpib onu huşa gətirdilər. Daha sonra Fatimə ağlaya-ağlaya Atasına xitab edərək belə buyurdu:

 

Atacan, qüvvətim tükənib, səbrim qurtarıb, düşmənim sevinir, qəm-qüssə isə məni öldürür. Ey əziz Atam! Daha tənha qalmışam, səndən sonra səsim kəsilib, belim bükülüb, həyatım bir-birinə dəyib. Səndən sonra dəhşətli günlərimi keçirirəm. İndi məni sakitləşdirən də yoxdur. Qəm- qüssəm gündən- günə artır. Atacan, səndən sonra kim bu ümmətin fəryadına yetişəcək? Ey Ata, səndən sonra camaat bizdən üz döndərdi. Görəsən, nə vaxt yanına gələcəyəm? İlahi, mənim ölümümü tezliklə yetir, çünki dünya və həyat mənim üçün artıq daralıb.

  
Fatimə(s.ə)-nin kədəri və Mədinə camaatının təklifi.  

Ağlayıb qəlbini boşaltdıqdan sonra Fatimə(s.ə) evə qayıtdı. O, gecə-gündüz ağlayıb göz yaşı tökürdü. Mədinə böyüklərindən bir dəstə həzrəti-Əli(ə.s)-nin yanına gəlib belə dedi:

 

__ Fatimə gecə-gündüz aglayır. Gecələr onun ah-naləsindən yata, gündüzlər isə dincələ bilmirik. Səndən xahiş edirik, Fatiməyə deyəsən, heç olmasa, ya gecə ağlasın, biz gündüzlər dincələk, yaxud gündüzlər o ağlasın, gecələr biz dincələk.

 

Həzrəti-Əli(ə.s) buyurdu:

 

__ Çox yaxşı, mən sizin xahişinizi ona çatdıraram.

 

Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-nin yanına gəlib onu ağlar gördü. Fatimə Əli(ə.s)-ni görüb bir az sakitləşdi. Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-yə buyurdu:

 

__ Mədinə böyükləri məndən xahiş ediblər ki, ya gecə, ya da ancaq gündüz ağlayasan.

 

Fatimə(s):

 

__ Ey Əbul Həsən! Mən bu camaatın arasında çox az yaşayacağam və tezliklə bunlardan ayrılacağam.

 

Əli(ə.s):

 

__ İxtiyar sahibisən.

 

Sonra Əli(ə.s) Mədinə evlərindən uzaqda, Bəqi qəbirstanlığında Fatimə(s.ə) üçün (ağlamaq üçün) kiçik bir ev düzəltdi. Bu evi Beytül-əhzan, yəni Qəm evi adlandırdı.

 

Fatimə hər gün sübh vaxtı Həsən(ə.s) və Hüseynlə(ə.s) bu evə gedib ağlayardı. Əli(ə.s) axşam gəlib Xanım(s.ə)-ını evə aparardı.

  
Bilal Həbəşinin azan verməsi.  

Ravi yazır: Bir gün Fatimə(s.ə) buyurdu:

 

__ Ürəyim çox istəyir ki, Atamın müəzzini azan versin və mən də onun səsini eşidim.

 

Bu xəbər Bilala çatdıqda Bilal azan verməyə başladı: Allahu Əkbər. Allahu Əkbər.

 

Fatimə bu səsi eşidən kimi Atasının zamanı yadına düşdü. Özünü saxlaya bilməyib, ağlamağa başladı.

 

Fatimə Əşhədu ənnə Mühəmmədən Rəsulullah səsini eşidən kimi bihuş olub yerə yıxıldı. Camaat Bilala dedi: Azanı saxla. Fatimə(s.ə) dünyadan getdi. Onlar belə güman etdilər ki, Fatimə(s.ə) vəfat edib.

 

Bilal azanı saxladı. Fatimə huşa gəlib ayıldıqdan sonra Bilala buyurdu: Azanı axıra kimi oxu.

 

Bilal azanı davam etməyib dedi: Ey xanımlır Xanımı, qorxuram, mənim səsimi eşitməklə sizə bir xətər yetişə.

  
Fatimə Ühüd şəhidlərinin qəbri kənarında.  

İmam Sadiq(ə.s) bu barədə belə söyləyir:

 

Fatimə(s.ə) Peyğəmbər(s)-in vəfatından sonra cəmi yetmiş beş gün yaşadı. Bu yetmiş beş gündə heç kim onu gülərüz görmədi. Həftədə iki dəfə(I və III günlər) Ühüd şəhidlərinin qəbirləri kənarına gedib, orada namaz qılar və dua oxuyardı. O Xanım vəfat edənə kimi bu işi davam etdirirdi.

 

Mahmud ibn Lübeyddən rəvayət olunub ki, həzrəti-Mühəmməd(s) vəfat etdikdən sonra Fatimə(s.ə) Atası(s)-nın qəbri kənarına gəlib ağlayardı. Gördüm ki, Fatimə(s.ə) orada ağlayır. Sakitləşəndən sonra Fatiməyə yaxınlaşıb dedim: Ey xanımlar xanımı! Sizin bu halınıza dözə bilmirəm.

 

Fatimə(s.ə) buyurdu: Ey Əbu Ömər! Ağlamağın yeri var. Çünki mən ataların ən yaxşısını itirmişəm. Ürəyim çox istəyir, atamı görəm.

  
Həzrəti-Zəhra(s.ə)-nın dua və vəsiyyəti.  

İmam Baqir(ə.s) söyləyir: Fatimə(s.ə) atası Peyğəmbər(s.ə)-in vəfatından altmış gün keçdikdən sonra xəstələndi. Həzrəti-Zəhra(s.ə) xəstə olarkən belə dua edərdi: Ey Qadir və Diri olan Allah! Sənin rəhmətinə pənah gətirirəm, məni cəhənnəm atəşindən uzaq et və məni behişt əhlindən qərar ver.

 

Bu zaman həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-yə buyurdu:

 

__ Allahdan arzum budur ki, səni tezliklə sağaldıb şəfa versin.

 

Fatimə(s.ə):

 

__ Ey Əbul Həsən, Allahımla görüşməyimə çox az qalıb.

 

Daha sonra Xanım(s.ə)-ı Əli(ə.s)-yə vəsiyyət elədi ki, məndən sonra bacım qızı Əmamə(Əbul Asın qızı) ilə evlənərsən.

 

Çünki yalnız o, (Əmamə) məndən sonra uşaqlarıma mehribanlıq göstərər.

 

Başqa bir rəvayətdə belə söylənilir:

 

Fatimə(s.ə) Əli(ə.s)-yə dedi:

 

__ Mənim səndən bir xahişim var.

 

Əli(ə.s) buyurdu:

 

__ Ey Peyğəmbərin qızı, sözünü buyur, onu mütləq yerinə yetirərəm.

 

Fatimə:

 

__ Səni and verirəm Allaha və Atamın haqqına, Əbu Bəkrlə Ömər mənim cənazəmə namaz qılmasınlar. Allahın Rəsulu(s) mənə buyurmuşdur: Sən mənim Əhli-beytimdən ilk adamsan ki, mənim yanıma gələcəksən. Bu xəbəri sənə vermək mənə çox ağır gəlir.

 

İmam Baqir(ə.s) buyurur: Peyğəmbərin vəfatından 50 gün keçmişdi. Həzrəti-Fatimə(s.ə)-nin xəstəliyi güclənirdi. O xanım bilirdi ki, elə bu xəstəliklə də dünyadan gedəcək. Fatimə(s.ə) buyurdu: Ya Əli, Allahın işinə səbir et və məni gecə qüsl edib kəfənləyər, dəfn edərsən. Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-nin vəsiyyətinə əməl etdi.

 

Fatimə(s.ə) söyləyir: Atam Rəsulullah(s)-ı yuxuda gördüm. O Həzrətdən sonra bizim başımıza gələnlərin hamısını Peyğəmbər(s)-ə danışdım. Rəsuli-əkrəm(s) buyurdu: Sizin üçün axirətdə əbədi ev var. Bu ev təqvalılar üçündür. Sən tezliklə bizim yanımıza gələcəksən.

  
Zəhra(s.ə)-nın ömrünün son günləri.  

1.Fatimə(s.ə)-nin Əbu Bəkr və Ömərə söylədikləri.

 

Fatimə(s.ə) şəhadət çarpayısında son günlərini yaşayarkən Əli(ə.s)-yə vəsiyyət etdi ki, onun(Fatimə(s.ə)-nin) həyatında olan hadisələri (başına gələnləri) gizli saxlasın və ağır xəstəliyi haqqında heç kəsə xəbər verməsin. İmam Əli(ə.s) onun vəsiyyətini yerinə yetirdi. Əli(ə.s) özü Fatimə(s.ə)-yə qulluq edirdi. Əsma Binti Ümeys də (o vaxtlar Əbu Bəkrin arvadı idi) Zəhra(s.ə)-nın xəstəliyinin gizli saxlanılması vəsiyyətini yerinə yetirmiş olsun deyə, gizlin-gizlin Zəhra(s.ə)-ya xidmət edirdi. Peyğəmbər(s) (özündən sonra) Zəhra(s.ə)-nın başına gələcək zülmlər barədə ona xəbər verdiyi kimi, bu xəstəliyini də qabaqcadan xəbər vermişdi. Sonra Fatimə(s.ə)-nin ağrıları daha da gücləndi. Allah-təala (məna aləmində) həzrəti-Məryəmi Fatimə(s.ə)-yə qulluq etmək və onunla ünsiyyətdə olmaq üçün göndərdi.

 

Əbu Bəkrlə Ömər Fatimə(s.ə)-nin ağır xəstəliyindən və bərk ağrılar keçirdiyindən xəbərdar olduqda ona baş çəkmək üçün qapısına gəlib evə girməyə icazə istədilər. Amma Fatimə(s.ə) icazə vermədi. Ömər Əli(ə.s) ilə görüşüb ona dedi:

 

__ Əbu Bəkr incə qəlbli bir qocadır, Peyğəmbərin dostu və səhabələrindəndir. Neçə dəfə onunla bura gəlib icazə istəmişik, ancaq Fatimə icazə verməyib. Əgər məsləhət bilirsənsə, Fatimədən icazə al ki, bizi qəbul eləsin.

 

Əli(ə.s) buyurdu:

 

__ Çox yaxşı, görüm, bəlkə icazə ala bildim.

 

Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-nin yanına gəlib buyurdu:

 

__ Ey Peyğəmbərin qızı! Bilirsən ki, bunlar səninlə görüşməkdən ötrü neçə dəfə gəlib icazə istəyiblər, amma sən onlara icazə verməmisən. Onlar səndən icazə almağım üçün xahiş ediblər. Mən də səndən xahiş edirəm ki, Əbu Bəkrlə Ömərə icazə verəsən.

 

Fatimə buyurdu:

 

__ Allaha and olsun, onlarla bir kəlmə belə kəsməyəcəyəm. Peyğəmbərlə görüşüb, onların mənə etdiklərindən Peyğəmbərə şikayət edəcəyəm.

 

Əli(ə.s) buyurdu:

 

__ Mən səndən onlar üçün icazə almağı onlara zəmanət vermişəm.

 

Xanım Zəhra(s.ə):

 

__ Əgər zəmanət vermisənsə, ev sənin evindir, qadınlar da kişilərə itaət etməlidirlər. Mən heç vaxt sənin istəyinə qarşı çıxmamışam, istədiyinə icazə ver.

 

Əli(ə.s) evdən çıxıb Əbu Bəkr və Ömərə buyurdu:

 

__ İcazə verdi.

 

Onlar evə daxil oldular. Fatimə(s.ə)-ni gördükdə salam verdilər. Amma Fatimə(s.ə) onların salamınının cavabını vermədi, üzünü onlardan yan çevirdi. Onlar Fatimə(s.ə) ilə üzbəüz oturmaqdan ötrü fırlandılar. Fatimə(s.ə) yenə də üzünü onlardan yan çevirdi. Bu iş neçə dəfə təkrar olundu. Bu vaxt O, Əli(ə.s)-yə ərz etdi:

 

__ Mənim üzümü ört.

 

Həzrəti-Zəhra(s.ə) xidmətində olan qadınlara buyurdu:

 

__ Mənim üzümü çevirin.

 

Zəhra(s.ə)-nın üzünü çevirdikdən sonra həmin iki nəfər yenə də Zəhra(s.ə) ilə üzbəüz oturdu. Xahiş etdilər ki, Zəhra(s.ə) onlardan razı qalsın və keçmişləri yaddan çıxartsın. Fatimə(s.ə) buyurdu:

 

__ Sizi Allaha and verirəm! Yadınızdadırmı, Peyğəmbər(s) Əli(ə.s)-yə aid bir hadisə ilə bağlı bizi gecə yarısı öz hüzuruna çağırtdırdı?

 

Onlar dedilər:

 

__ O gecə yadımızdadır.

 

Fatimə buyurdu:

 

__ Sizi and verirəm Allaha! Peyğəmbər(s)-dən eşitdinizmi: Fatimə mənim bədənimin yarısıdır və mən ondanam, ona əziyyət edən mənə əziyyət etmişdir. Mənə əziyyət edən isə Allaha əziyyət etmişdir. Mənə ölümümdən sonra ona əziyyət edən şəxs elə bil, mənim sağlığımda ona əziyyət edib. Mənim sağlığımda ona əziyyət edən isə elə bil, mənim ölümümdən sonra ona əziyyət etmişdir.

 

Dedilər:

 

__ Bəli, eşitmişik.

 

Buyurdu:

 

__ Allaha şükr olsun. Allahım, sən özün şahidsən, həmçinin burada olanlar, siz də şahidsiniz ki, bunlar (Əbu Bəkr və Ömər) mənə əziyyət vermişlər. Alaha and olsun, nə qədər ki Allahımla görüşüb, onların mənə etdikləri zülmdən şikayət etməmişəm, bir kəlmə də onlarla söz danışmaram.

 

Başqa bir mənbəyə əsasən, Fatimə(s.ə) əllərini göyə açıb buyurdu:

 

__ İlahi, bu iki nəfər mənə əziyyət etdi, onlardan şikayətimi Sənin və Peyğəmbəri(s)-nin hüzurunda deyəcəyəm. Atam Rəsulullah(s)-la görüşüb sizin mənə etdiyiniz zülm və haqsızlıqları ona çatdırmayınca, sizə halal etməyəcəyəm. Qoy O özü mənimlə sizin aranızda olanları mühakimə etsin.

 

Bu vaxt Əbu Bəkr çığırdı:

 

__ Vay olsun mənim halıma, ah o ilahi əzab...!!! Ey kaş! Anam məni doğmayaydı.

 

Ömər Əbu Bəkrə dedi:

 

__ Səni özlərinə rəhbər seçən camaata təəccüb edirəm. Sən süst qoca bir kişisən. Bir qadınıın qəzəbindən belə qorxursan, bir qadının xoş rəftarından isə xoşhal olursan.

 

Sonra onlar ayağa qalxıb getdilər. Fatimə(s.ə) bu vaxt Əli(ə.s)-yə dedi:

 

__ İstədiyini yerinə yetirdimmi? (Onlara evə daxil olmağa icazə verdim.)

 

Əli(ə.s) buyurdu:

 

__ Bəli.

 

Fatimə(s.ə):

 

__ Səni and verirəm Allaha, elə et ki, bu iki nəfər mənim cənazəmə namaz qılmasın, qəbrimin kənarında durmasın.

 

2.Örtülü tabutun düzəldilməsi.

 

Bir mənbədə isə belə deyilir:

 

Fatimə(s.ə) Əsma binti Ümeysə buyurdu:

 

__ Mən qadınların cənazəsi aparılan taxtanı özümə layiq bilmirəm. Çünki cənazənin üstünə parça atırlar və bədən tamamilə parçanın üstündən görünür. Cənazəni görən isə meyitin kişi və ya qadın olduğunu duyur. Mən zəifləmişəm və bədənimdə ət qalmayıb. Mənim bədənimin örtülməsi üçün bir şey düzəltməzsənmi?

 

Əsma dedi:

 

__ Həbəşistanda olduğum vaxt həbəşlər cənazəni aparmaq üçün bədəni tamamilə örtən şeylər düzəltmişdilər. Əgər istəyirsənsə, ona oxşar bir şey düzəldim.

 

Fatimə(s.ə):

 

__ Düzəlt.

 

Əsma taxtadan döşəmə, sonra isə xurma ağacının budaqlarından istədi. Onları taxtın pəyələrinə bağladı, sonra onun üstünə bir parça çəkib Fatimə(s.ə)-yə dedi:

 

__ Həbəşistanda camaatın istifadə etdiyi tabut belə idi.

 

Fatimə(s.ə) bunu çox bəyəndi və buyurdu:

 

__ Allah səni Cəhənnəm odundan qorusun, bu tabutdan birini də mənimçün düzəlt və məni onunla ört.

 

Rəvayət olunubdur ki, Peyğəmbərin vəfatından sonra həzrəti-Zəhra(s.ə)-nın dodaqlarından təbəssüm silinmişdi, ancaq bu tabutu görəndə xəfifcə gülümsəmiş və buyurmuşdu:

 

__ Bu tabut nə qədər gözəl və yaxşıdır. Bundan cənazənin qadına, ya kişiyə aid olması bilinmir.

 

3.Mühacir və ənsar qadınlarından həzrəti-Zəhra(s.ə)-nın görüşünə gələnlər və o Xanım(s.ə)-ın xütbəsi.

 

Təbərsi Ehticac kitabında (Ic,səh.147.) Süveyd ibn Qüflənin söylədiklərini belə təsvir edir:

 

Həzrəti-Fatimə(s.ə) ölüm yatağında olarkən mühacir və ənsar qadınlarından bir qrupu onun yanına gəlib belə ərz etdi:

 

__ Ey Peyğəmbər(s) qızı, bu xəstəliklə səhəri necə açdınız?

 

Fatimə(s.ə) Allaha həmd və səna dedikdən, eləcə də atası Peyğəmbər(s)-ə salam göndərdikdən sonra buyurdu:

 

__ And olsun Allaha! Səhəri sizin dünyanı, sizin kişiləri bəyənmədiyim halda açdım. Sizin kişiləri düşmən bilirəm, çünki onları öz dilimin altında yoxlayıb, ağzımdan tulladım və onları sınaqdan sonra tanıdım.

 

İti qılıncların kütləşməsi, (yəni sizin kişilərin əvvəllər İslamın inkişafı yolundakı fəallığı, sonradan isə bu məsələdə süsüt olmaları), iman gətirdikdən sonra dindən çıxıb dünyəvi həvəslərə aludə olaraq azğınlaşmaq çox çirkindir.

 

Nə qədər çirkindir bu dəstə (bizim hüququmuzu müdafiə etməyənlər) və onlar üçün İlahi əzab. Onlar özlərini əbədi axirət əzabına düçar etdilər. Görərsiniz, əzabın ağır daşını onların boynuna saldım və onların çirkin əməllərinin cavabını onlara qaytardım. Onları boşladım, əməlləri paltar kimi onların əyinlərini bürüdü.

 

Bizə zülm edənlərdən Allahın geniş rəhməti kəsilsin və onlar o rəhmətdən uzaq düşsünlər. Vay olsun onlara ki, rəhbərlik və imamlıq məqamını möhkəm risalət dağlarından aldılar, nübüvvət və hidayət köklərini və Cəbrayılın nazil olduğu yeri haqqın sahibindən məhrum etdilər.

 

Bilin ki, sizin kişilərin əməlləri, aşkar bir ziyandır (İslama). Çünki onlar Əli(ə.s)-dən üz çevirdilər. And olsun Allaha! Əli(ə.s)-nin qılıncı meydanda iti və kəsərli olub. O, ölümdən qorxmurdu, öz qüdrətli əlləri ilə düşmən cəngavərlərini fəlakət torpağına atıb məhv edirdi. Allaha and olsun! Əgər onlar ümmətin idarəsini Əli(ə.s)-yə tapşırsaydılar, O(ə.s), hər yolundan azanı yola gətirərdi. Əli(ə.s) aşkar hüccətdən qaçanları qaytarardı. O camaatı haqqa tərəf elə sövqləndirərdi ki, haqqa üz tutanların nə ağzı yaralanar, nə də yorulardı. Əli(ə.s) onları çoxlu, həm də ətirli şəlalələrə varid edərdi. O şəlalələrin suyu və ətrafı saf, pak olardı.

 

Bəli, Əmirəlmöminin(ə.s) onları məhz bu cür sularla sirab edərdi. Həzrəti-Əli(ə.s) özü onların dünyasından bəhrələnmədiyi bir halda nəsihət edərdi. Məqamını öhdəsinə götürsəydi, doğru və yalançı, təqvalı və həris insanlar bir-birindən fərqlənərdilər.

 

Və əgər şəhərlərdə və kəndlərdə yaşayan camaat iman gətirib təqvalı olsalar yerin və göyün bərəkətləri onlar üçün açılar (onlara verilər). Amma onlar (həqiqətləri) inkar etdilər, biz də onları öz əməllərinin cəzasıyla cəzalandırdıq. (Əraf, 96)

 

Və bu dəstədən o kəslər ki, zülm etdilər, öz pis əməllərinin cəzasına çatacaqlar və heç vaxt İlahi əzabın cəngəlliklərindən qaça bilməyəcəklər. (Zümər, 51)

 

Zəmanəyə bax! Ey kaş biləydim ki, bu (bivəfa) camaat nəyə və kimə arxalanıb belə ailəyə təhqir və zülm edib pis yol seçdilər?!

 

Onlar bizə zülm etdilər və bizə kömək etmədilər. And olsun Allaha, möhkəm qanadları buraxıb toyuq qanadlarına yapışdılar. Kül olsun elə başlara ki, sahibləri yaxşı iş gördüklərini güman edirdilər, amma cahil tamahkardırlar.

 

İtaət etmək üçün haqqa hidayət edən şəxs layiqlidirmi, ya özü hidayət olmayan şəxs? Məgər ki (başqası tərəfindən) hidayət oluna? Sizə nə olub? Necə də (batil) hökm verirsiniz? (Yunis, 35)

 

Bilin ! Canıma and olsun, sizin (kişilərin) bu hərəkətiniz çox çəkməz, vaxt gələr ki, sona yetər. Cəza vaxtı çatdıqda azğınlar öz layiqli cəzalarını alarlar. Gələcək nəsillər isə özlərindən qabaq yaşayanların aqibətinə baxar, ibrət götürər.

 

Fitnə və bəla gözləyin, özünüzü iti qılınclar, zalımlar səltənəti, ümumi hərc-mərcliyə hazırlayın. Zalımlar sizi çalıb-çaparlar, sizin üçün çox az bir şey qoyarlar. Sizin cəmiyyətinizi qətlə yetirərlər. O vaxt düzgün rəhbərlik xəttindən ayrıldığınız üçün həsrət çəkərsiniz. Sizin qəlbləriniz kor olubdur.

 

4.Fatimə(s.ə)-nin nitqinin mühacir və ənsar qadınlrı vasitəsilə təbliğ olunması.

 

Süveyl ibn Qüflə deyir ki, Fatimə(s.ə)-nin görüşünə gələnlər (qadınlar) həzrəti-Zəhra(s.ə)-nın sözlərini öz ərlərinə çatdırdılar. Mühacir və ənsar böyüklərindən bəzisi üzr istəmək üçün Fatimə(s.ə)-nin hüzuruna gəlib belə ərz etdilər:

 

__ Ey dünya qadınlarının Xanımı! Əgər Əli(ə) xilafət məqamını tez bildirsəydi, biz ona beyət edərdik və başqa heç kimin ardınca getməzdik. Amma Əbu Bəkr qabağa düşdü, nəticədə, biz də ona beyət etmişik. (İş-işdən keçib.)

 

Fatimə(s.ə) onlara buyurdu:

 

__ Məndən uzaqlaşın. Artıq sizin üçün üzr gətirməyə bir bəhanə qalmayıbdır. Göstərdiyiniz süstlük, laqeydlik və günahınızdın sonra üzrxahlığa yer yoxdur. Niyə əvvəldən aldandınız?

 

5.Fatimə(s.ə)-nin Ümmü Sələməyə cavabı.

 

Biharül-ənvar kitabında Əyyaşinin təfsirinə əsaslanaraq belə qeyd edilir:

 

Ümmü Sələmə (Peyğəmbər(s)-in təqvalı, sevimli qadınlarından biri) Fatimə(s.ə)-nin görüşünə gəlib belə söylədi:

 

__ Ey Allah Peyğəmbərinin qızı, səhəri necə açdın?

 

Fatimə(s.ə) :

 

__ Səhəri böyük kədərlə açdım. Birincisi, Atamdan ayrı düşdüyümə görə ciyərim bir parça qan olub; ikincisi, Allah Elçisi(s)-nin Vəsisinə edilən zülmdən qəlbim odlanır. And olsun Allaha! Əmirəlmöminin Əli(ə.s)-ni təhqir etdilər. O Həzrət bir də onda gördü ki, xilafət və imamət məqamını ondan oğurlayıblar və Allahın Kitabının və Peyğəmbər(s) sünnətinin əksinə əməl ediblər. Bu azğınlığın səbəbi budur ki, Əli(ə.s) onların sevdikləri insanları __ müşrikləri Bədr və Ühüd müharibələrində məhv etmişdi. Onlar öz həsəd, kin atəşlərini Əli(ə.s)-dən intiqam almaqla söndürdülər. Xilafəti onun əlindən aldılar. Atamın rəhmətindən sonra çoxalıb qalmış və gizli ədavətlər üzə çıxdı, söz- gəzdirənlərin, ara qızışdıran adamların köməyi ilə bizimlə düşmənçiliyə başladılar və bizi intiqam axtaranların hədəfi etdilər. Birdəfəlik iman kəməndini kəsdilər, iman cilvəsini iman kamalından ayırdılar. Peyğəmbərlərin Ağası(s)-nın risalətini və Əmirəlmöminin(ə.s)-in xəlifəliyini ayaq altına qoydular. Dünyaya aldanaraq öz mənafeləri naminə Əli(ə.s)-nin köməyə dəvətini də qəbul etmədilər. Çünki Əli(ə.s) onların atalarını müharibələrdə və cinayət etdikləri üçün məhv etmişdi.

 

6.Fatimə(s.ə)-nin vəsiyyəti.

 

Fətal Nişaburinin Rövzətül-vənzin kitabında belə yazılır: Həzrəti-Fatimə(s.ə) 40 gün yataqda xəstə oldu və ondan sonra dünyasını dəyişdi. Ölümün yaxınlığını hiss etdikdə Ümmü Əyməni, Əsma binti Ümeysi və Əli(ə.s)-ni istədi. Onlar Xanım(s.ə)-ın yanına gəldilər. Bu zaman Fatimə(s.ə) Əli(ə.s)-yə belə buyurdu:

 

__ Ey əmim oğlu! Ölüm xəbəri mənə çatıb. Elə bilirəm ki, az bir müddətdən sonra atam Peyğəmbə(s)-rə yetişəcəyəm. Ürəyimdə olanı sənə vəsiyyət edirəm.

 

Əli(ə.s):

 

__ Ey Peyğəmbər(s)-in qızı, istədiyini vəsiyyət elə.

 

O vaxt Əli(ə.s) Fatimə(ə.s)-nin baş tərəfində oturmuşdu. Evdə olanlara isə buyurdu:

 

__ Bizi tək buraxın.

 

Sonra Fatimə(s.ə) dedi:

 

__ Ey əmim oğlu! Mənimlə evləndiyin gündən məndən xəyanət və yalan görməmisən. Mən heç vaxt sənə qarşı çıxmamışam.

 

Əli(ə.s) buyurdu:

 

__ Xeyr, heç vaxt səndən elə şeylər görməmişəm. Sən həmişə ayıq, sevimli və əziz olmusan. Sənin Allah dərgahında olan xofun səni öz müxalifin kimi məlamət etməkdən daha çoxdur. Səndən ayrılmaq mənə çox çətindir. Amma nə edək ki, ölümə çarə yoxdur. And olsun Allaha! Elə bil, Peyğəmbər(s)-in şəhadət müsibəti mənim üçün yenidən təkrarlanır. Səndən ayrılmaq və sənin yoxluğun çox böyük bir müsibətdir.

 

Allah tərəfindən gəlmişik, Allaha doğru da qayıdacağıq.

 

Bu, çox acı bir müsibətdir.

 

Bu müsibətin rahatlığı yoxdur və ürək yandıran, sağalmayandır.

 

Sonra bir müddət birlikdə ağladılar. Əli(ə.s) Fatimə(s.ə)-nin başını qucaqlayıb buyurdu:

 

__ Nə istəyirsən, vəsiyyət elə. Sənin vəsiyyətinə əməl edərəm, sənin işini öz işimdən qabağa salaram.

 

Fatimə(s.ə):

 

__ Əmim oğlu, Allah özü sənin mükafatını versin. Məndən sonra bacım Zeynəbin qızı Əmamə ilə evlənərsən. Mənim üçün tabut düzəlt. Mənə zülm edənlərdən və haqqımı tapdalayanlardan heç biri mənim cənazəmin yanına gəlməsinlər, mənim üçün namaz qılmasınlar. Onlara itaət edənlər də gəlməsinlər. Məni gecə camaat yuxuya gedəndən sonra dəfn edərsən.

 

Misbahül-ənvar kitabında İmam Sadiq(ə.s)-in Atasından eşitdiyi bir rəvayətdə belə oxuyuruq ki, Fatimə(s.ə) ehtizar (dünyadan gedən zaman, canüstündə olanda) vaxtında Əmirəl-möminin(ə.s)-ə belə vəsiyyət etmişdi: Mən səni Allaha tapşırıram və vəsiyyət edirəm ki, övladlarımla yaxşı rəftar edəsən. Sonra qızı Ümmü Gülsümü bağrına basdı və Əli(ə.s)-yə buyurdu: Bu qızım həddi-buluğa çatanda evin bütün əşyaları onun olsun və Allah onun köməyi olsun.

 

Həmçinin rəvayət olunub ki, Zəhra(s.ə)-nın ayrılıq vaxtı çatdı, bir az ağladı. Əmirəl-möminin Əli(ə.s) soruşdu:

 

__ Niyə ağlayırsan?

 

Fatimə(s.ə):

 

__ Məndən sonra sənə yetişəcək azar və əziyyətlərə görə ağlayıram.

 

Əli(ə.s):

 

__ Ağlama, and olsun Allaha, onun yolunda bu çətinliklər mənim üçün asandır.

 

Yenə də belə rəvayət edirlər:

 

Fatimə(s.ə) Əli(ə.s)-yə dedi:

 

__ Ümmü Sələmə, Ümmü Əymən və Fizzədən başqa heç kəsə mənim dünyadan getməyim haqda xəbər vermə. Kişilərdən də iki oğlum, Peyğəmbər(s)-in əmisi __ Abbas, Salman, Miqdad, Əbuzər və Hüzeyfəyə xəbər et. Sənə də mən öləndən sonra məni görməyi halal edirəm. (Bədənini yaralı olduğu üçün Əli(ə.s)-yə göstərmirdi, öləndə isə icazə verdi ki, onun bədənində olan zədələrə baxsın).

 

Dediyim qadınlarla mənə qüsl ver, məni gecə dəfn elə, qəbrimi ziyarət edəndə də heç kəsə demə.

 

7.Peyğəmbər(s)-in əmisi Abbasın təklifi.

 

Şeyx Tusi rəvayət edibdir ki, Fatimə(s.ə)-nin xəstəliyi lap şiddətlənəndə Abbas Fatimə(s.ə)-yə baş çəkməkdən ötrü yanına gəldi. Ona dedilər ki, Fatimə(s.ə)-nin halı yaxşı deyil və onun yatdığı otağa girməyə heç kəsə icazə verilmir.

 

Abbas öz evinə qayıtdı, əmirəl-möminin Əli(ə.s) üçün xəbər göndərdi və öz qasidinə dedi: Get mənim dilimdən Əli(ə.s)-yə de ki, əmin salam göndərir və deyir ki, Peyğəmbər(s)-in qızı və gözünün nuru Fatimə(s.ə)-nin xəstəliyindən elə qəmgin və narahatam ki, vücudum titrəyir. Elə bilirəm, bizim aramızdan birinci O, Peyğəmbər(s)-ə qovuşacaq. O Həzrət də onu behiştin ən uca məqamları üçün seçərək Allah dərgahına aparacaq. Əgər bilirsənsə ki, Fatimə(s.ə) çarəsiz olaraq dünyadan gedəcək, icazə ver, sabah mühacir və ənsardan (müsəlman) toplayım, onlar da onun dəfnində iştirak edib savaba çatsınlar. Bu iş İslam dininin əzəməti üçün yaxşıdır.

 

Həzrəti-Əli(ə.s) Abbasın qasidinə (deyilənə görə, bu, Əmmar Yasir imiş) belə buyurdu: Mənim salamımı əmim Abbasa çatdır və de ki, Allah sizin məhəbbətinizi əskik etməsin, sənin təklifin mənə çatdı və sizin rəyiniz gözəldir. Amma bilirsən ki, onlar eyni zamanda Fatimə(s.ə)-yə zülm etdilər, Onu haqqından məhrum etdilər və atasından qalmış mirası ona vermədilər. Öunlar Peyğəmbər(s)-in onun haqqında olan göstərişinə əməl etmədilər. İlahi haqqı tapdaladılar. Allah mühakimə üçün kifayət edir və zülmkarlardan intiqam alacaq. Ey əmim, səndən məni bağışlamağını istəyirəm və məni sənin təklifinə əməl etməyəcəyimə görə üzrlü hesab etməyini diləyirəm. Çünki Fatimə(s.ə) vəsiyyət edib, onun işini (dəfn olunması, qüsl edilməsi və s.) gizli saxlayaq (Hədisin axırına qədər).

  
Həzrəti-Zəhra(s.ə)-nın şəhadətinin qəmli anları.  

Şiə və sünni tarixçiləri Əbu Rafenin arvadı Səlmaya əsaslanarq belə qeyd etmişlər:

 

O deyir: Mən Fatimə(s.ə)-nin ömrünün axırlarında ondan bəzi şeylər soruşdum.

 

Bir gün onun halı yaxşılaşdı. Xəstəliyi aramladı. Həzrəti-Əli(ə.s) bəzi işləri görmək üçün evdən çölə çıxmışdı. Bu zaman Fatimə(s.ə) mənə buyurdu:

 

__ Bir az su gətir, qüsl edib yuyunum.

 

Mən su gətirdim. Kömək etdim, Fatimə(s.ə) ayağa qalxıb yaxşı-yaxşı yuyundu, paltarlarını dəyişdi. Sonra mənə buyurdu:

 

__ Mənim yatağımı evin ortasında sal.

 

Sonra yerində üzü qibləyə uzandı və mənə buyurdu:

 

__ Mən bu gün dünyadan gedəcəyəm. Mən yuyunmuşam, heç kəs üstümü açmaçın.

 

Sonra əlini başının altına qoyub dünyadan getdi.

 

Rəvayət olunub ki, Fatimə(s.ə) məğrib və işa namazları arasında can vermişdir. Can verdiyi bir anda ciddi bir baxışdan sonra deyib: Salam olsun Cəbrailə. Səlam olsun Allahın Rəsuluna. Pərvərdigara, mən sənin Rəsulun ilə birgəyəm. Əbədi məskən sayılan Sənin evindəyəm.

 

Sonra öz yanındakılara xitab edərək buyurdu:

 

__ Mənim gördüklərimi siz də görürsünüzmü?

 

Oradakılardan bəziləri dedi:

 

__ Ey Allah Rəsulunun qızı, sən nə görürsən?

 

Xanım buyurdu ki, indi asiman (səma) əhlinə baxıram. Cəbraili görürəm. Rəsulullaha baxıram, o buyurur: Ey qızım! Gəl bizim yanımıza, sənin üçün hazırlanmış (nemətlər və ilahi rizvan) sənin üçün daha yaxşıdır. Zeyd ibn Əli(ə.s) belə nəql edir ki, Fatimə(s.ə) Cəbrailə, Peyğəmbərə(s), Əzrailə salam verdi, orada olanlar mələklərin zərif səslərini eşitdilər, ən gözəl ətirləri iylədilər.

  
Əsma binti Ümeysin Zəhra (s.ə)-nın şəhid olduğu anlar barəsində söylədikləri.  

Əsma binti Ümeys deyir ki, Fatimə(s.ə) canüstə olanda mənə söylədi: Peyğəmbər(s)-in rəhmət anlarında Cəbrail onun yanına gəldi, behişt kafuru gətirdi. Peyğəmbər(s) onu üç yerə böldü. Bir hissəsini özü üçün götürdü, bir hissəsini Əli(ə.s)-yə, bir hissəsini də mənə verdi ki, ağırlığı qırx dirhəm qədər idi. Sonra (kafurun yerini göstərib) mənə xitabən buyurdu: Ey Əsma, o kafuru gətir, başımın yanına qoy. Bunu deyib üzünü örtdü.

 

Sonra buyurdu: Bir az mənim yanımda qal. Sonra məni səslə, əgər cavab verməsəm, bil ki, atama qovuşmuşam.

 

Əsma bir az gözləyib Xanım(s.ə)-ı çağırdı, amma cavab eşitmədikdə səsləndi: Ey Mühəmməd Mustafanın qızı! Ey qadınların bətnində olanların ən kəramətlisinin qızı! Ey yer üzərində gəzənlərin ən yaxşısının qızı! Ey öz rəbbi ilə məqamı iki ox qədərində olan şəxsin qızı! Yenə də cavab eşitmədiyini gördükdə, Zəhra(s.ə)-nın üzündəki örtüyü kənara çəkdi, onun Liqahullaha qovuşduğunu, ruhunun Allah dərgahına pərvaz etdiyini gördükdə, özünü onun üzərinə atdı. Əsma o Xanım(s.ə)-ın üzündən öpərək deyirdi: Ey Fatimə(s.ə)! Atan Rəsulullahın hüzuruna çatdıqda mənim salamımı ona çatdır.

  
Həsən və Hüseyn Analarının cənazəsi yanında.  

Sonra Əsma yaxasını cırıb həyəcanlı halda çölə çıxdı, Həsən və Hüseyn(ə.s)-i evin yanında gördü. Onlar otağa girib anasının üzü qibləyə uzandığını gördülər. Hüseyn(ə.s) anasını əli ilə silkələdi, birdən başa düşdü ki, artıq anası dünyadan gedib. Üzünü qardaşı Həsənə tutub dedi: Qardaş! Anama görə Allah sənə əcr versin (yəni başın sağ olsun). Həsən(ə.s) özünü anasının üstünə atıb onu öpür, deyirdi: Anacan! Mənimlə danış, yoxsa ruhum bədənimdən ayrılar. Hüseyn(ə.s) irəli gəlib anasının ayaqlarından öpür, deyirdi: Anacan! Mən sənin oğlun Hüseynəm. Mənimlə danış, yoxsa qəlbim parçalanar, ölərəm!

  
Əli(ə.s)-yə xəbər 

Əsma Həsənlə Hüseynə dedi:

 

__ Atanız Əli(ə.s)-nin yanına gedib ananızın vəfatı xəbərini ona yetirin.

 

Həsən və Hüseyn(ə.s) evdən çıxdılar. Fəryad edərək deyirdilər: Ya Mühəmməd, ya Əhməd! Bu gün sənin aramızdan getməyinin müsibəti yenidən canlandı, çünki anamız dünyadan gedib. Sonra məscidə daxil oldular. Həzrəti-Əli(ə.s) məsciddə idi. Onlar Fatimə(s.ə)-nin şəhadət xəbərini atalarına çatdırdılar. Bu xəbər Əmirəlmöminin(ə.s)-ə o qədər təsir etdi ki, huşdan getdi, taqəti üzüldü. Dərhal üzünə su səpdilər. Huşa gələndə ürəkyandıran bir səslə buyurdu: Ey Peyğəmbərin qızı! Kimə başsağlığı verim. İndi sənsiz necə sakit olum?!

  
Əli(ə.s) Zəhra(s.ə)-nın cənazəsi yanında.  

Məşhur tarixçi Məsudi belə yazır:

 

Fatimə(s.ə) dünyadan getdiyi vaxt İmam Əli(ə.s) çox üzülmüş, demək olar ki, dünyadan əl götürmüşdü. O, belə mərsiyə oxuyurdu: Hər iki dostun birliyi axırda fəraq, ayrılıq ilə nəticələnir. Ölüm və ayrılıqdan başqa hər müsibət əhəmiyyətsizdir. Peyğəmbər(s)-in vəfatından sonra Fatimə(s.ə)-nin getməsi bir daha onu göstərir ki, artıq heç bir dost qalmayacaq.

 

Ravi qeyd edir: Həzrəti-Əli(ə.s) Həsən və Huseynin əlindən tutub Fatimə(s.ə)-nin cənazəsi olan otağa varid oldular. Əsma Fatimə(s.ə)-nin başı üstündə oturub ağlayır, belə deyirdi: Ey Peyğəmbər(s)-in yetim qalmış balaları, biz Peyğəmbər(s)-in vəfatından sonra Fatimə(s.ə)-yə başsağlığı verirdik. Amma indi kimə başsağlığı verək?

  
Fatimə(s.ə)-nin vəsiyyəti.  

Həzrəti-Əli(ə.s) parçanı Fatimə(s.ə)-nin üzündən götürdü, başının üstündə bir məktub gördü. Onu götürüb oxudu. Orda belə yazılmışdı: Bağışlayan və Mehriban Allahın adı ilə. Bu Rəsulullah(s)-ın qızı Fatimə(s.ə)-nin etdiyi vəsiyyətlərdir:

 

1.Fatimə(s.ə) şəhadət verir ki, vahid Allahdan başqa heç bir məbud yoxdur.

 

2.Mühəmməd(s) onun bəndəsi və elçisidir.

 

3.Behişt və cəhənnəm haqdır, qiyamətin olacağına şəkk-şübhə yoxdur və Allah (o gündə) ölənləri qəbirlərdən dirildib qaldıracaq.

 

4.Ey Əli! Mən Peyğəmbərin qızı Fatiməyəm. Allah-təala məni sənə ərə verdi ki, dünya və axirətdə sənin olam. Sən mənə qarşı (ixtiyar sahibi olmaqda) başqalarından daha üstünsən. Gecə ikən mənə qüsl verib, kəfənə bürü, hənut vurub gecə ikən mənə namaz qıl, dəfn et. Heç kəsə bildirmə. Səni Allaha tapşırıram, övladlarıma qiyamətə kimi salam göndərirəm.

  
Zəhra(s.ə)-nın matəmində.  

Rəvayət olunmuşdur ki, bu xəbərdən sonra Mədinə əhli şivən qopardı. Bəni-Haşim qadınları Fatimə(s.ə)-nin evinə axışaraq elə nalə, şivən qopardıar ki, sanki Mədinə lərzəyə gəldi. Onlar deyirdilər: Ey seyyidə Xanım, ey Rəsülüllahın Qızı! Camaat həyəcanlı halda Əli(ə.s)-nin hüzuruna gəldi. Həzrət(ə.s) oturmuşdu. Həsən və Hüseyn(ə.s) onun qarşısında ağlaşırdılar. Camaat da onlara baxıb ağlamağa başladı. Həzrəti-Zəhra(s.ə)-nın qızlarından biri olan Ümmü Gülsüm üzündə niqab, başında çadra olan bir halda ağlaya-ağlaya evdən çıxıb fəryad etdi: Ey Ata! Ey Allahın Rəsulu! Doğrudan da, biz bu gün səni elə əldən vermişik ki, əbədi olaraq bir daha səni görməyə nail ola bilməyəcəyik. Camaat bir yerə yığışıb fəğan edir, cənazənin evdən çıxmağını gözldəyirdilər. Əbuzər evdən çıxıb onlara dedi: Evlərinizə gedin, çünki cənazənin dəfnə aparılması bu gecəyə qədər təxirə salınır. Camaat bunu eşidib dağılışdı.

  
Cənazənin qüsl, kəfən və namazı 

Axşam düşdü. Əli(ə.s) cənazəyə qüsl verdi. Bu zaman Həsən(ə.s), Hüseyn(ə.s), Zeynəb, Ümmü Gülsüm, Fizzə və Əsma binti Ümeys də onun yanında idi. Əsma deyir: Fatimə(s.ə) mənə vəsiyyət etmişdi ki, mən və Əli(ə.s)-dən başqa heç kəs ona qüsl verməsin. Mən Fatimə(s.ə)-yə qüsl verəndə Əli(ə.s)-yə kömək etdim.

 

Rəvayət olunmuşdur ki, həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-yə qüsl verəndə deyirdi: Pərvərdigara! Fatimə(s.ə) Sənin kənizin və Sənin Rəsulunun qızıdır. Pərvərdigara, Onun höccətini ona özün təlqin et. Onun haqq dəlillərini böyük et, dərəcəsini ali et, Onu atası Mühəmmədlə həmneşin et!

 

Həmçinin rəvayət olunmuşdur ki, həzrəti-Əli(ə.s) Peyğəmbər(s)-in mübarək bədənini quruladığı parça ilə Zəhra(s.ə)-nın da bədənini quruladı. Qüsl işi qurtardıqda cənazəni tabuta oxşayan taxtın üstünə qoyub Həsən(ə.s)-ə buyurdu: Əbuzərə xəbər göndər, gəlsin. Əbuzər gəldi, cənazəni namaz qılınacaq yerə apardılar. Həsən(ə.s) və Hüseyn(ə.s) də onlarla birlikdə getdi. Sonra həzrəti-Əli(ə.s) meyit namazını qıldı.

  
Həsən(ə.s) və Hüseyn(ə.s) Zəhra(s.ə)-nın ağuşunda 

Vərəqə rəvayət edir:

 

Əli(ə.s) buyurdu: Fatimə(s.ə) qüsl verməyə başladım. Əynindəki köynəyi çıxarmadan ona qüsl verdim. Kəfənə bürüdüm. Kəfənin bəndlərini bağlamaq istədikdə səslədim: Ey Ümmü Gülsüm, Səkinə, Zeynəb, Fizzə, Həsən, Hüseyn! Gəlin ananızın görüşündən azuqə götürün, çünki behiştlə görüşüb ayrılmaq vaxtıdır. Həsən(ə.s) və Hüseyn(ə.s) gəlib şivən qopardılar: Ah! Babamız Mühəmməd(s) və anamız Fatimə(s.ə)-nin vəfatından yaranan neçə qəm-qüssə, sönməyən həsrət şöləsi! Ey Həsə(ə.s)-nin anası, ey Hüseyn(ə.s)-in anası! Babamla görüşəndə bizim salamımızı ona çatdır və ona de ki, biz səndən sonra dünyada yetim qaldıq. Allahı şahid tuturam ki, (bu vaxt) Fatimə(s.ə) yanıqlı bir nalə çəkdi, əllərini uzatdı və bir müddət balasını nəvazişlə sinəsinə sıxdı. Sonra qeybdən səs eşitdim: Ey Əli, Həsən və Hüseyni analarının sinəsindən götür. Allaha and olsun ki, onlar səma mələklərini ağlatdılar. Dostlar öz dostunu görməyi arzulayır.

  
Fatimə(s.ə)-nin kəfənə bükülməsi 

Rəvayət olunub ki, Kəsir ibn Abbas Fatimə(s.ə)-nin kəfəninin üstünə belə yazdı: Zəhra(s.ə) şəhadət verir ki, Allahdan başqa heç bir məbud yoxdur və Mühəmməd(s) Allahın Rəsuludur.

 

Misbahül-ənvarda nəql olunan rəvayətdən məlum olur ki, həzrəti-Zəhra(s.ə)-nın büküldüyü kəfənin parçası çox qalın idi. Kitabda qeyd olunub ki, Fatimə(s.ə) ehtizar halında olanda bir qab su istədi və onunla qüsl etdi. Sonra ətir istədi, onun üçün xəşin və qalın parça gətirdilər, onları bədəninə bürüdü.

 

Həmçinin rəvayət olunub ki, o Xanım(s.ə)-ı yeddi parça ilə kəfənə bükdülər.

  
Meyit namazı və dəfn mərasimi 

Rovzətül-vaizin kitabında yazılıb ki, gecə vaxtı camaat yuxuda ikən həzrəti-Əli(ə.s) Həsən(ə.s), Hüseyn(ə.s), Əmmar, Miqdad, Əqil, Zübeyr, Əbuzər, Səlman, büreyd və Bəni Haşimdən olan bir neçə yaxın dostları ilə birlikdə cənazəni evdən çıxarıb ona namaz qıldılar və onu gecə yarısı torpağa tapşırdılar. Həzrəti-Əli(ə.s) Zəhra(s.ə)-nın qəbrinin ətrafında əlavə yerdə qəbir də düzəltdi ki, onun qəbri tanınmaz olsun.

 

Misbahül-ənvar kitabında qeyd olunur ki, bir nəfər İmam Sadiq(ə.s)-dən soruşdu ki, Əmirəl-möminin(ə.s) Fatimə(s.ə)-nin cənazə namazını neçə təkbirlə qıldı? Həzrət buyurdu:

 

-Əli(ə.s) bir təkbir deyirdi. Cəbrail bir təkbir deyirdi. Sonra isə ilahi dərgahın müqərrəb mələkləri təkbir deyirdilər.

 

Beləliklə, həzrəti-Əli(ə.s) 5 təkbirlə namaz qıldı.

 

Başqa bir şəxs soruşdu:

 

-Ona harda namaz qıldı?

 

İmam Sadiq(ə.s) buyurdu:

 

-Öz evində namaz qıldı. Sonra cənazə (tabutda) hərəkət etdirilərək evdən çıxarıldı.

  
Dəfndən sonra həzrəti-Əli(ə.s) Peyğəmbər(s)-ə salam göndərir.  

Şeyx Tusi(r.ə) belə yazır ki, həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-nin cənazəsini dəfn etdikdən sonra onun qəbrini yerlə bir səviyyədə bərabərləşdirdi, sonra əlinin toz-torpağını təmizlədi, qəm-qüssədən həyəcanlandı, göz yaşı axıtdı. Sonra üzünü Peyğəmbər(s)-in qəbrinə tutub dedi: Ya Rəsulullah salam olsun Sənə mənim və hal-hazırda sənin görüşünə gələn qızın tərəfindən. Ey Allahın Rəsulu, sənin sevimli qızınıın ayrılığından yaranan hicrandan səbrim azalmış, taqətim üzülmüşdür. Amma sənin rəhmətin kimi kədərli bir hadisədən sonra mənə çatan hər bir müsibət kiçikdir. Heç vaxt unutmaram onları ki, sənin mübarək cəsədini qəbrə qoydum. Sən rəhmət edəndə mübarək başın sinəmdə idi. Ruhun pərvaz etdi. Ey Peyğəmbər! Mənə tapşırdığın əmanəti sənə qaytardım. Ancaq mənim qəm-qüssəm, kədərim həmişəlikdir. Gecələri oyaq qalaraq başa vururam, ta ki öz qızın səni ümmətin əlbir olub ona qarşı etdiyi zülmdən agah edəcək. Vəziyyəti ondan (olduğu kimi) soruş. İş belədir: Sənin vəfatından çox keçməmiş, adın xatirələrdən getmişdir. Mənim-vidalaşan bir kəsin salamı siz ikinizə olsun. Bu salam narazı və ya qəlbi yorğun kəsdən deyil. Əgər sənin hüzurundan geri qayıdıramsa, onda bu, yorğunluq üzündən deyil və əgər qəbrinin kənarında qalsam, onda bu heç də Allahın səbirli olanlara verdiyi vədə barəsində bədgümanlıqdan deyil. Bəli, səbir etmək daha fəzilətli və daha gözəldir. Əgər bizə (zahirdə) qələbə çalanlardan ehtiyat etməsəydim, onda sənin qəbrinin kənarında qalar, etikaf bağlayar, bu müsibətdə balası ölmüş analar kimi ahu-fəğan, nalə edərdim. Allah şahiddir ki, mən düşmənlərin qorxusundan sənin qızını gizli torpağa tapşırdım. Elə bir qız ki, haqqını qəsb etdilər, mirasını ondan aldılar, halbuki sənin vəfatından çox da keçməmişdir, adın hələ köhnəlməmişdir. Ey Allahın Rəsulu, sənin hüzuruna şikayət edirəm. Sənə itaət etmək xatirinə təmkinli olacağam. Allahın salam, rəhmət, bərəkəti Sənə və sənin Qızına olsun.

  
Əli(ə.s)-nin qəbrin kənarında söylədiklərindən bir hissə.  

Misbahül-ənvar kitabında İmam Sadiq(ə.s)-dən belə nəql olunmuşdur ki, Əmirəl-möminin Əli(ə.s) Fatimə(s.ə)-nin cənazəsini qəbrin içinə qoyanda dedi: Ey Fatimə! Səni məndən də yaxşı olan bir kəsə təhvil verdim. Sənin üçün Allahın bəyəndiyi şeyləri bəyəndim. Sonra isə bu ayəni tilavət etdi:

 

Biz sizi o torpaqdan xəlq etdik, ona qaytaracağıq və bir daha oradan çölə çıxarmayacağıq. (Taha, 55)

 

Qəbrin üstünü örtüb düzəldəndən sonra üstünə azacıq su səpdi. Qəbrin kənarında ağlar və qəmli oturdu. Əmisi Abbas onun qolundan tutub evə sarı apardı.

  
Həzrəti-Əli(ə.s) qəbrin açılmasının qarşısını şiddətlə alır.  

Bir mənbəyə əsasən, Fatimə(s.ə)-nin dəfn olunduğu gecə Bəqidə qırx təzə qəbir düzəldildi. Müsəlmanlar o Xanım(s.ə)-ın vəfatından xəbərdar olduqda Bəqi qəbristanlığına getdilər, lakin orada qırx təzə qəbir gördülər. Fatimə(s.ə)-nin qəbrini tapa bilmədilər. Onların şivən və ah-nalə səsləri ucaldı. Bir-birini məzəmmət edib deyirdilər: Peyğəmbər(s)-in sizin içinizdə bir qızı var idi, o da dünyadan getdi və torpağa tapşırıldı, amma siz onun namaz və dəfnində iştirak etmədiniz, qəbrini də tapmadınız. Tayfa başçıları dedilər: Gedin, imanlı qadınlardan bir neçəsini gətirin, bu qəbirləri açsınlar, Fatimə(s.ə)-nin qəbrini tapıb ona namaz qılaq, qəbrini ziyarət edək.

 

Əli(ə.s) bu məsələdən agah olanda qəzəbli halda evdən çıxdı. O qədər qəzəbli idi ki, gözləri qızarmış, boynundakı damarlar şişmişdi. O Cənab(ə.s) acı hadisələrlə əlaqədar geydiyi sarı əbanı çiyninə salmışdı. O, Bəqiyə gəldi və camaatı bu işdən çəkindirib qorxutdu. Camaat deyirdi: Bu gələn Əliyyibn Əbi Talibdir. O and içmişdir ki, əgər bu qəbirlərdən bir daş yerindən tərpənərsə, hamınızı qılıncdan keçirəcək. Bu zaman Ömər özünün bir dəstə səhabəsi ilə birlikdə Əli(ə.s)-nin yanına gəldi. Ömər dedi:

 

-Ey Əbul Həsən! Bu, nə işdir görmüsən? Allaha and olsun ki, hökmən Zəhranın qəbrini açacağıq ki, ona namaz qılaq.

 

Əli(ə.s) əlini onun arxalığına atıb onu öz paltarına bürüdü və yerlə sürüdü. Ömər yerə sərildi. Həzrəti-Əli(ə.s) ona buyurdu:

 

-Ey Həbəşiyyəli Sevdanın oğlu! Mən camaatın dindən çıxacağından qorxduğum üçün öz haqqımdan keçdim. Amma Fatimə(s.ə)-nin qəbrini açmaq kimi istəyinizdən əl çəkməsəniz, Allaha and olsun ki, yeri sizin qanınızla sirab edərəm. Bu işdən əl çəkin, təki canınız salamat qalsın.

 

Əbu Bəkr Əli(ə.s)-yə:

 

-Səni and verirəm, Rəsulullahın haqqına, Öməri burax. Biz sənin xoşlamadığın işi görmərik.

 

Bu zaman həzrəti-Əli(ə.s) Öməri buraxdı. Camaat dağılışdı və onlar qəbri açmaq fikrindən döndülər.

  
Əli(ə.s)-nin Ömər və Əbu Bəkr üçün verdiyi izahat.  

Şeyx Səduqun İləlüş-şəraye kitabında qeyd olunur ki, bir kişi İmam Sadiq(ə.s)-dən Fatimə(s.ə)-nin qəbrinin açılması barədə çıxarılan qərar barəsində soruşdu. İmam(ə.s) buyurdu ki, Əli(ə.s) gecə ikən cənazəni evdən çıxartdı, bir neçə xurma budağı ilə od qaladı, onların işığında yola düşdü. Ona namaz qılıb elə gecə vaxtı dəfn etdi. Sübh tezdən Əbu Bəkr və Ömər Qureyşdən olan bir kişini görüb ondan soruşdular:

 

-Haradan gəlirsən?

 

Kişi dedi:

 

-Əli(ə.s)-nin evindən gəlirəm. Fatimə(s.ə) barəsində ona baş sağlığı verməyə getmişdim.

 

Soruşdular:

 

-Məgər Fatimə(s.ə) dünyadan köçübmü?

 

-Bəli, dünən gecə yarısı onu dəfn ediblər.

 

Əbu Bəkr və Ömər bərk pərişan oldular. Camaatın danlağından çox qorxdular. Buna görə də Əli(ə.s)-nin hüzuruna gəlib dedilər:

 

-Allaha and olsun ki, bizə qarşı hiylə və düşmənçilikdən əl çəkmədin. Bunlar hamısı kindəndir. Elə Peyğəmbər(s)-ə də təklikdə qüsl verdin və bizə xəbər vermədin. Oğlun Həsən(ə.s)-ə öyrətdin ki, məscidə gəlib Əbu Bəkr minbərdə olanda: Babamın minbərindən aşağı en!- deyə fəryad etsin.

 

Həzrəti-Əli(ə.s) onlara buyurdu:

 

-Əgər and içsəm, mənim sözlərimi təsdiq edəcəksinizmi?

 

Əbu Bəkr: Bəli,- deyə cavab verdi.

 

İmam Əli(ə.s) buyurdu:

 

-Peyğəmbər(s) mənə vəsiyyət etmişdi ki, ona təklikdə qüsl verim və bu barədə heç kəs mənə şərik olmasın. O Həzrət: Əmioğlum Əlidən başqa heç kəs mənim bədənimə baxmasın, - deyə buyurmuşdu. Mən Ona qüsl verdim. Mələklər Onun bədənini o yan-buyana döndərirdilər. Fəzl ibn Abbas mənə iz verirdi, özü də gözlərini bağlamışdı. Mən o Cənabın köynəyini çıxarmaq istəyəndə qeybdən bir səs eşitdim, amma özünü görmədim. O deyirdi: O Həzrətin köynəyini çıxartma!

 

Mən bu sözləri təkrar-təkrar eşitdim, amma onu deyənin kim olduğunu görmədim. Buna görə də Peyğəmbər(s)-ə köynəyi çıxarmadan qüsl verdim, sonra kəfən gətirildi. Mən onu kəfənə bükəndən sonra köynəyi bədənindən çıxartdım.

 

Amma oğlum Həsən(ə.s)-in məscidə gəlib Əbu Bəkrə etiraz etməsi məsələsinə gəldikdə isə, siz Mədinə əhli bilirsiniz ki, Həsən(ə.s) camaat namazı əsnasında camaatın sıraları arasında keçərək özünü Rəsulullah(s)-a çatdırıb o Həzrət səcdədə olarkən onun kürəyinə minirdi. Peyğəmbər(s) başını səcdədən qaldıranda bir Əli ilə Həsən(ə.s)-in kürəyindən, o biri əli ilə ayaqlarından tutub namazı qurtarana qədər onu öz çiynində saxlayardı.

 

Dedilər:

 

-Bəli, biz bu məsələni bilirik.

 

Həzrət buyurdu:

 

-Siz Mədinə əhli bunu da bilirsiniz ki, bəzi vaxtlar Peyğəmbər(s) minbərdə olarkən Həsən(ə.s) məscidə varid olurdu. Peyğəmbər(s) xütbəni yarıda saxlayıb Həsən(ə.s)-i öz boynuna alaraq ayaqlarını isə sinəsinə sıxır, xütbəni bu halda sona çatdırırdı. Camaat Həsən(ə.s)-in ayaqlarındakı xəlxal bərqini (zinət növüdür) məscidin axırında görürdü. Həsən(ə.s) Peyğəmbər(s)-dən bu qədər məhəbbət və nəvaziş görmüşdü. Ona görə də bir dəfə məscidə gələndə başqasını həmin minbərdə gördükdə ona çox ağır gəldi. Buna görə həmin sözləri dedi. Allaha and olsun ki, mən oğluma bu göstərişi verməmişəm. Həzrəti-Fatimə(s.ə) barəsində isə deməliyəm ki, o həmin qadındır ki, mən sizin üçün onun hüzuruna gəlməyiniz barədə ondan icazə istədim. Siz də gəldiniz, onun sözlərini eşitdiniz, onun sizə qarşı necə qəzəbli olduğunu anladınız. Allaha and olsun, o mənə vəsiyyət etdi ki, sizi onun cənazəsinin yanına buraxmayam, siz onun namazında iştirak etməyəsəniz. Mən də onun vəsiyyətinin əleyhinə bir iş etmək istəmədim.

 

Ömər dedi:

 

-Bu, nə sözlərdir?! Özüm gedib Fatimə(s.ə)-nin qəbrini açacağam, cənazəni çıxardıb ona namaz qılacağam!

 

Əli(ə.s) buyurdu:

 

-Allaha and olsun, əgər belə bir iş görsən, bu qərarından dönməsən, başını bədənindən ayıraram! Bu halda mən sizinlə yalnız qılıncla rəftar edəcəyəm!

 

Həzrəti-Əli(ə.s) ilə Ömər arasında kəskin mübahisə başladı. Bir-birinə həmlə etmək dərəcəsinə yaxınlaşanda mühacir və ənsardan bir qrupu irəli gəlib onları ayırıb dedi: Allaha and olsun, biz razı olmarıq ki, Peyğəmbər(s)-in əmisi oğluna, onun canişininə belə sözlər deyilsin.

 

Bununla da camaat dağılışıb getdi.

  
Qazi Əbu Bəkrin şerləri.  

Dahi mühəddis Əliyyibn İsa İrbil Kəşfül-qimmə kitabında (II c, səh.69) yazır ki, dostlarından biri Qazi Əbu Bəkr ibn Əbu Briənin (sünni alimlərindəndir) yazdığı şeri mənim üçün oxudu, mən də onu burada qeyd edirəm: Ey bu dünyanın qəribəlikləri ilə maraqlanan insan! Sirləri aşkar etməyə çalışma. Bəlkə sənin aşkarlamağa çalışdığın iyrənc bir şeydir?

 

Nə çox üstü açılmamış sirlər var ki, aşkar olanda pərdənin altında olan əsl siması aşkar olar. Ey sual edən, sənin cavabın hazırdır, amma mən onu bəyan etməyə qorxuram. Əgər camaatın mənə qarşı düşmənçiliyi, xəlifənin əzab-əziyyəti və hiylələri olmasaydı, düşmən qılıncları başımızın üstündə başımızı parçalamaq üçün hazır olmasaydı, onda Ali-Mühəmmədin sirlərindən təzə-təzə xəbərlər bəyan edərdim, ta ki sizi Malik və Əbu Hənifənin fitvalarından ehtiyacsız edəm və sizə göstərərdim ki, İmam Hüseyn(ə.s)-in qətlə yetirilməsinin səbəbi və mənşəyi elə səmarə günüdür. (Əbu Bəkrin zorla xilafətə keçdiyi gün.)

 

Həmçinin sizə izah edərdim ki, Fatimə(s.ə)-ni hansı halda və necə vəziyyətdə gecə ikən qəbrə qoydular. Həm də sizə bəyan edərdim ki, o iki nəfərin Fatimə(s.ə)-nin evinə daxil olmaları nə üçün qadağan olunmuşdu! Heyhat, təəssüf. Peyğəmbər(s)-in qızı son dərəcə qəm-qüssə ilə vəfat etdi.

  
İmam Sadiq(ə.s)-in göstərdiyi vəsiyyətnamə.  

Dahi mühəddis Şeyx Kuleyn Əbu Bəkrdən nəql edir:

 

İmam Sadiq(ə.s) mənə buyurdu:

 

-İstəyirsənmi, Fatimə(s.ə)-nin vəsiyyətnaməsini sənə oxuyum?

 

Dedim:

 

-Bəli! İstəyirəm.

 

İmam Sadiq(ə.s) sandığı açıb bir namə çıxartdı və belə oxudu:

 

Bismillahir rəhmanir rəhim. Bu, Peyğəmbər(s)-in qızı Fatimə(s.ə)-nin etdiyi vəsiyyətdir ki, bu vəsiyyətdə həvaiti səbə (yeddi bağ): 1-əvaf, 2-dəlal, 3-burqə, 4-mübit, 5-husna, 6-safiyə, 7-məşrəbətu Ümmü İbrahim bağlarını vəsiyyət edirəm ki, vəqf olaraq qalsın. Bunların idarə olunmasını Əmirəl-möminin(ə.s)-ə həvalə etdim. Onun vəfatından sonra oğlum Həsən(ə.s)-in, ondan sonra övladlarımın ən böyüyünün (yəni bu işlər tarix boyu böyük nəvələrimin) ixtiyarında olsun. Allah bu vəsiyyətə şahiddir. Həmçinin Miqdad və Əbuzər də şahiddir. Bu vəsiyyəti Əliyyibn Əbu talib yazdı.

 

Böyük alim Seyyid ibn Tavus (664-cü h-q ilində vəfat etmişdir) Kəşfül-məhəccə kitabında yazır ki, Peyğəmbər(s) və əmirəl-mömin Əli(ə.s) fəqir deyildilər. Zöhdün (zahidlik) fəqirlik ilə yanaşı olması şərt deyildir. (Sonra oğluna xitabən deyir: Cəddin Həzrət Mühəmməd(s) Fədək və Əvalini anam Fatimə(s.ə)-yə hədiyyə etdi. Abdulla ibn Həmad Ənsarinin söylədiyinə görə, onların illik gəliri hər il 24 min dinar (qızıl pul) idi. Başqa bir rəvayətdə isə yetmiş min dinar olduğu qeyd olunur.)

  
Fatimə(s.ə) Peyğəmbər(s)-dən sonra nə qədər yaşadı?  

Fatimə(s.ə)-nin Peyğəmbər(s)-dən sonra nə qədər yaşaması barədə tarixçilər arasında fikir ayrılığı vardır. Onların əksəriyyəti bu müddətin altı ay olması fikri üzərində dayanırlar. Bir qism tarixçi isə bu müddətin qırx günə bərabər olmasını iddia edir. Bizim nəzərimizcə, həzrəti- Fatimə(s.ə) Atası(s)-nın vəfatından 95 gün sonra, cəmadiyul-axir ayının 3-də (hicrətin 11-ci ili) dünyadan getmişdir.

 

Məhəmməd ibn Cərir Təbəri mötəbər mənbəyə əsaslanaraq İmam Sadiq(ə.s)-in belə buyurduğunu qeyd edir: Fatimə(s.ə) çərşənbə axşamı cəmadiyul ayının 3-də vəfat etmişdir. Şəhid olmasının səbəbi isə budur ki, Ömər ibn Xəttabın qulamı Qunfuz Ömərin əmrinə əsasən qılıncın qundağı (qılaf) ilə ona elə zərbə vurmuşdu ki, oğlu Möhsin dünyaya gəlməmiş anasının bətnindəcə məhv olmuşdu. Bu hadisədən sonra həzrəti-Zəhra(s.ə) sağlamlığını itirmiş, ağır xəstəliyə tutulmuşdu. O, xəstəlik yatağında yatarkən ona zülm edən kəslərin heç birinə onunla görüşə icazə vermədi.

 

Vəssalamu ələykum və rəhmətullahi və bərəkatuhu!

 

 
 
      Üsuli-kafi I-c, səh.461.   Nəzərdə tutulan Yabis adlanan məntəqədə Hicrətin 8-ci ilində baş vermiş Zatüssəlasil döyüşüdür. Düşmən qoşununda 1000 nəfər süvari var idi. Həzrəti-Əli(ə.s) bir dəstə ilə onların üstsnə gedərək vuruşdu və bu döyüşdə qalib gəldi. Bu zaman Adiyat surəsi Əli(ə.s)-nin və döyüşçülərinin rəşadət və qələbəsinin şəninə Allah tərəfindən nazil oldu. Həzrəti-Fatimə(s.ə) bu səfərin çox çətin və qorxulu səfər olmasına görə ağlayırdı. Bu zaman evə gələn Peybəmbər(s) Zəhra(s.ə)-nı ağlayan gördükdə ona buyurdu: Niyə ağlayırsan? Qorxursan ki, ərin döyüşdən sağ-salamat qayıtmaz? Yox, inşallah o, sağ-salamat qayıdacaqdır. Bunu eşidən Əli(ə.s) Peybəmbər(s): Ey Allahın Rəsulu, məgər istəmirsənmi, şəhid olub behiştə gedim?-buyurmuşdu. (Məcməül-bəyan X c, səh.528.)ı   Nəsəbşünas yəni soy, nəsil tədqiqatçısı.  Üneyn Əbül Məhasin Məhəmməd ibn Nəsrəddin ibn Əl-Hüseyn ibn Üneyn Ənsari Kufi Dəməşqi- 7-ci əsrin ən böyük və məşhur şairlərindəndir. 630-cu hicri ilndə dünyasını dəyişmişdir.Divan sahibidir.   Kisa sözünün mənası Peyğəmbər(s)-in Əli(ə.s), Fatimə(s.ə),Həsən(ə.s)və Hüseyn(ə.s) ilə birgə bir əbanın altına yığışmasıdır. Elə bu halda Cəbrayıl nazil olub beş nəfər Ali- əban(ə.s)-ın şəninə Təthir ayəsini (Əhzab, 33) gətirmişdi: Allah-təala tam surətdə istəyir ki, hər cür pisliyi siz Əhli beytdən uzaq etsin və sizi pak-pakizə saxlasın.  Mübahilə sözünün mənası məsihi alimləri ilə Peyğəmbər(s) arasında baş vermiş dua və nifrindir ki, Allah-təala haqsız və batil insanları öz əzabına düçar etmək istəyirdi.Bu mətləb Ali-İmran surəsinin 61-ci ayəsində vurğulanmışdır.   Yusifsurəsinin 8-ci ayəsində bu mətləbə işarə olunmuşdur.   Böyük parça üzərinə yazılmış yazı.  Yəni Quranın zahiri mənasından dərk etdiyimiz məna orda yoxdur, əksinə, bizim başa düşdüyümüz Quran təfsirləri kimi ona yazılmış bir şərtdir. (Əlavə məlumat almaq üçün Əyanuüş-şiə adlı kitabın I c, səh. 97-yə müraciət edə bilərsiniz.)  Üsuli-kafi I c, səh.239.   Bu hədisi ibn Abbas həzrəti-Əli(ə.s) dən nəql etmişdir. Hədis uzun olduğundan yuxarıdakı ondan bir parçadır. Hədisin şərhi Rəyahinüş-şəriət adlı kitabda I c, səh. 225-228-də qeyd olunmuşdur.   Qavərs-darı növündən olub acı dadan külrəngli bir toxumdur, onun yarpağı və kolu arpaya oxşayır. Əksər hallarda buğda əkilən sahələrdə bitir.   Bu hədis Nişaburinin təfsirində qeyd olunmuşdur.    Müti, yəni itaət edən, tabe olan.   Fizzə Növbə əhlindən idi. Sonralar Əli(ə.s.)-nin evinə gəlib həzrəti Zəhra(s.ə.)-nın kənizi olmuşdu. Beləliklə, onun gözəl əxlaqından bəhrələnmiş və böyük məqama yetişmiş, Fatimə(s.ə.)-nin ailə üzvlərindən biri olmuşdu. 18 Hizb- zümrə, hissə, qism.   Müsnəd Əhməd və Kəşfül-ğimmə. Quranın Əhqaf surəsinin 20-ci ayəsində oxuyuruq: Qiyamət günündə kafirlər oda salınıb, onlara deyirlər: Siz gözəllik və ləzzətlərdən dünya həyatında istifadə etmisiniz.    Ümmü Əymən çox saleh qadınlardan idi. O, Peyğəmbər(s)-in azad olunmuş kənizi idi. Aminədən (Peyğəmbər(s)-in anası) sonra Peyğəmbər(s)-i o saxlayırdı.Buna görə də həzrəti-Mühəmməd(s) buyurardı: Ümmü Əymən mənə anamdan sonra anadır. Bəziləri belə nəql edir ki, o Xədicə (s.ə)-ninbacısının kənizi idi. Onu Peyğəmbər(s)-ə bağışlamışdı. Bəziləri də bu əhvalatı Ümmü Sələməyə aid edirlər. (Kəşfül-ğimmə I c, səh.360).    Dihyə ibn xəlfəyi Kəlbi Peyğəmbər(s) -in süd qardaşı, o Həzrətin dostlarından və İslamın qabaqcıllarından idi. Çox gözəl camalı vardı. Bəlkə də elə buna görə Cəbrayıl çox vaxt Dihyeyi Kəlbinin surətində Peyğəmbər(s)-ə nazil olurdu. Allahın Rəsulu (s) Cəbrayılla söhbət edəndə kənardan baxanlar elə başa düşürdülər ki, o Həzrət Dihyeyi Kəlbi ilə söhbət edir. Dihyeyi Kəlbi Hicrətin 48-ci ilində vəfat edib (Üsdül ğayə II c, səh. 130; İstibab I c, səh. 463).     Ənbər, yəni gözəl ətir.  Gəlinlə bəyin qovuşduğu ilk gecə (toy gecəsi).    Əsma Cəfəri Təyyarın həyat yoldaşı idi. Bu zaman onlar Həbəşistanda mühacirətdə idilər. Bəziləri belə hesab edirlər ki, burada (rəvayətdə) texniki səhvə yol verilmişdir. O qadının Səlma binti Üməys (Həmzənin həyat yoldaşı) olması da ehtimal olunur.(Əyanuş-şiə I c, səh. 313)     İbn Əbil Hədid Şərhi Nəhcül-bəlağəVI c, səh. 8,10.   Bu mətləb İbn Əbil Hədid Şərhi Nəhcül-bəlağə I c, səh. 174-də qeyd olunmuşdur.  Bu fakt İbn Əbil Hədid Şərhi Həhcül-bəlağə II c, səh. 7, 826-da və Qamusur-rical IV c,  səh. 328-də öz əksini tapmışdır. Əlbəttə, bu mövzu Əli(ə.s)-nin Peyğəmbər(s) tərəfindən seçilmə səbəblərindən biridir. Başqa səbəblərdə elm, təqva, Əli(ə.s) -nin parlaq keçmişi və s.kimi xüsusiyyətlər bu seçimdə öz rolunu oynamışdı.   Ənkəbut surəsi, 1,2,3,4,-cü ayələr.  Peykər- bədəın, cüssə.  Nabiğə adı ilə məşhurlaşmış Qeys ibn Kəd cahiliyyət dövrünün şairlərindən idi. İslamı qəbul edib müsəlman oldu. Müsəlman olmağı ilə fəxr edib bu barədə şerlər oxuyurdu. Uzun ömür sürmüşdür. (Səfinətül-bihar II c, səh.569.)     Məcruh, yəni ləkələnmiş, biabır edilmiş, etibara layiq görülməyən.  Seyyid ibn Tavus oğluna xitabda belə deyir: Çünki Əli(ə.s) seyyidlərin cəddidir(babasıdır).    Bura ibn Azib Ənsari Əvsi Peyğəmbər(s)-in vəfalı dostlarından biridir. Döyüşlərin çoxunda fəal iştirak etmişdir. Əli(ə.s)-nin xəlifəliyi zamanında o Həzrətin xüsusi səhabəsindən olubdur. Rey hicri-qəmərin 24-cü ilində (təxminən 604-cü il miladi) onun sərkərdəliyi ilə fəth olunmuşdur. Ömrünün axırına kimi Kufədə yaşamışdır. Müsəb ibn Zübeyrin hakimiyyəti zamanı Kufədə vəfat edib. Üsdül-qabə I c, səh.171.    Bu hadisə İbn Əbil Hədidin Şərhi Nəhcül-bəlağə kitabında VI c, səh.48-də yazılmışdır.  Hadisə çox kiçik bir fərqlə İbn Əbil Hədidin Şərhi Nəhcül-bəlağə kitabında VI c, səh.48-də qeyd olunmuşdur.   Peyğəmbər(s) vida həccinin onun üçün axırıncı həcc olduğunu əshabına bildirdi. Müsəlmanlar bu həccin savabını qazanmaq və Peyğəmbər(s) ilə yol yoldaşı olmaq şərəfinə nail olmaq üçün hər tərəfdən vida həccinə axışıb gəldilər. Qədir-Xum günü müsəlmanlar Əlinin vilayəti və dostluğu barədə əhdi-peyman bağladılar ki, sizin xilafətə yetişmək ümidinizi kəssin, ancaq siz Peyğəmbər(s) ilə bağladığınız əhdi-peymana xilaf çıxdınız.  İbn Əbil Hədid: Şərhi Nəhcül-bəlağə VI c, səh.12   İbn Əbil Hədid Şərhi Nəhcül-bəlağə VI c, səh.13, XI c, səh.14     Bu parça Harunun Musa(ə.s)-ya dediyi sözdür. Əraf surəsi 150-ci ayədə gəlmişdir.  Cabirin qardaşı Həyyan Yəmamə şəhərində yaşayırdı. O, tayfa başçısı idi. Kəsranın onun üçün göndərdiyi sərvətin nəticəsində çox dövlətli olmuşdu.Əşa da (yuxarıdakı şeri deyən) Həyyanın nədimi (həmsöhbəti) idi.   Ömərin təyin etdiyi şuranın üzvləri aşağılakılardan ibarət idilər: Əli(ə.s), Osman, Səd Vəqqas, Əbdürrəhman ibn Uf, Təlhə və Zübeyr. Bu altı nəfər bir evdə yığışdı. Zübeyr öz hüququnu Əli(ə.s)-yə, Təlhə Osmana, Səd Vəqqas isə Əbdürrəhmana verdi. Bir az sükutdan sonra Əbdürrəhman Əli(ə.s) yə dedi: Mən öz haqqımı sənə verirəm, bu şərtlə ki, Allahın kitabı, Peyğəmbərin sünnəti, öz elmim və ictihadımla rəftar edəcəyəm. Əbdürrəhman ibn Uf bu təklifi Osmana verdi. Osman da onu qəbul etdi. Beləliklə, Ömərin planlaşdırdığına görə, Osman xilafətə yetişdi.( İbn Əbil Hədid Şərhi Nəhcül-bəlağə, I c, səh. 188).      Həqiqətən, ustadın bu sözü yerində işlənmişdir. Çünki Şiqşiqiyyə xütbəsini təhlil etməklə, görünür, bütün məsələlər qısa şəkildə bəyan olunmuş və sübut üçün kifayət etmişdir.  Əhməd ibn Məhəmməd Hənbəli, Təbəri kimi sünni alimlərindən bəziləri də on iki nəfərin etiraz etmə əhvalatını qeyd etmişlər.(Tarixi-Təbəri)   Bu mükalimə Nasixüt-təvarixi xüləfa kitabında öz əksini tapmışdır. səh.32,40.     Talut saleh və qüvvətli bir gənc idi. Calut ilə döyüşmək üçün Şimuil Peyğəmbər tərəfindən döyüşə göndərildi. O bəni İsrail tayfasından az bir dəstə ilə Calut ilə döyüşüb qalib oldu. Bu hadisə Bəqərə surəsinin 246-252-ci ayələrində gəlmişdir. Həmin xütbədə Talutun adı çəkildiyinə görə Talutiyyə xütbəsi də adlanır.  Rövzətül-kafi səh. 33    Müaviyənin həzrəti-Əli(ə.s)- nitəhqir etməsinə baxmayaraq, İmam Əli(ə.s) heç vaxt geri çəkilməmiş, son nəfəsinə qədər bu çürük, mənfur rejimi devirmək üçün mübarizə aparmış, həmişə xalqı haqq tərəfə çəkmişdir.  Müaviyənin bu əsassız ittihamınabaxmayaraq, Əli(ə.s) nin elə bir mühitdə həmin hərəkəti onun nə qədər möhkəm iradəyə malik olduğunu bir daha sübut edir. Beləliklə, nəinki O, mühitdən qorxmadı, hətta imkanı qədər etiraz edib xalqı əməli surətdə ona arxa çevirərək mənfur rejimi devirmək üçün mübarizəyə dəvət edirdi.   Tarixi-Təbəri III c, səh. 295, Tarixi-ibn Əsir III c, səh.149, Üsdül-Ğabə IV c, səh. 295, Tarixi-ibn Əsa V c, səh. 105, (Əlğədir VII c, səh. 158-166.)  Şərhi Nəhcül-bəlağə ibn Əbil Hədid I c, səh. 179   Nasix, mənsux, təvil, möhkəm və mütəşabih-müxtəlif Quran və ayə formullarıdır.  Qunfuz Ömərin əmisi oğlu və Ədiy qəbiləsindəndir.    Yəni Saleh(ə.s) -in günahkar qəbiləsi Salehin dəvəsini tutub öldürmüşdülər. Allah da onları cəzalandıraraq məhv etdi. Mənim də övladlarım Salehin dəvəsindən əskik deyillər. (Səmud tayfası, Salehin dəvəsi və onların cəzalandırılması macərası Quranda müxtəlif yerlərdə, o cümlədən Şəms surəsi 11-15-ci ayələrdə gəlmişdir.)   Şərhi Nəhcül-bəlağə İbn Əbil Hədid VI c, səh.48    Tarixi sənədlərdə Müğeyrə ibn Şöbənin şəxsən özünün həzrəti-Zəhra(s.ə)-ya əl qaldırması barədə heç bir fakt yoxdur. Lakin o, Peyğəmbər(s) ailəsinin əleyhinə camaatı təhrik edən bir şeytan kimi xatırlanmışdır.   Bu mənbəyə əsasən Əli(ə.s) beyət etməmişdir.    Bu şer Nəhcül-bəlağədə 190-cı hikmətdə qeyd olunmuşdur.   Bu, eynilə İbn Əbil Hədidin Şərhi Nəhcül-bəlağəsində XVIII c, səh.416, Xoyinin Şərhi Nəhcül-bəlağəsində 190-cı hikmətdə işlənmişdir.  Müaviyə Əbu Bəkrin xilafəti zamanı qardaşı Yəzid ibn Əbi Süfyandan sonra Şamın hakimi olmuşdu. Ömər və Osmanın xilafəti zamanında da Şam hakimi olaraq qaldı. (Təhtiməttül-müntəha s.-30) Ömərin Müaviyəyə yazdığı məktub elə onun öz xilafəti dövrünə təsadüf edir.  Bu məktubu Əllamə Məclisi Biharül-ənvar kitabının VIII cildində 222-ci səhifədə öz geniş təfsilatı ilə qeyd edib yazır ki, həmin məktub Dəlailül-imamə kitabının II cildindən götürülmüşdür. İmam Hüseyn(ə.s)-in şəhadətindən sonra Abdulla ibn Ömər Mədinə camaatından bir neçə nəfərlə Şama gəlib Ye-zidə etiraz edərək Kərbəla faciəsi barədə onun bu alçaq hərəkətini pislədilər. Yəzid Abdullaya dedi: İstəyirsən, atanın məktubunu sənə göstərim... Sonra çıxarıb Abdullaya verdi.(Yuxarıdakı məktub onun xülasəsidir).  Mötəzimlərin tanınmış natiqi, islamın böyük alimi Nəzzam adı ilə məşhurlaşmış İbrahim ibn Səyyar Bəsri (vəfatı 835-845 h.ç., təxm. 1443-cü il miladi.)   Öz dinini və məsləkini, etiqadını başqalarından gizlətmə.   İbn Əbil Hədid Şərhi Nəhcül-bəlağə VI c, səh.48.   Din aliımlərinin rütbələrindən biri.    Bu ziyarətnamə ümumi ziyarət kimi Məfatilül-cinan kitabının 636-cı səhifəsində qeyd olunmuşdur.  Samira Bəni-İsrail tayfasının sehrkarlarından idi. Həzrəti-Musa(ə.s)-nın dövründə Bəni-İsraillilərdən bir dəstəsi yolunu azdı. Dedilər, Samira Musanın yolunu gedənlərdən idi. Musa(ə.s) Tur dağına gedəndə qızıldan buzov düzəldib onu səsləndirib hərəkətə gətirdi və Bəni-İsrail tayfasını ona pərəstiş etməyə dəvət etdi. Onlardan bir neçəsi ona iman gətirdilər. Elə ki Musa(ə.s) qayıtdı, buzovu məhv edib camaatı haqqa çağırdı.   Şəbahət, yəni oxşarlıq.   Yuxarıdakı ayə (Qəsəs, 20) məxfi surətdə Musa(ə.s)-ya iman gətirmiş Ali Firon sarayında olan bir şəxsə aiddir. O gizlin olaraq Musa(ə.s)-ya Firon tərəfdarlarının onu bldürmək istədiklərini bildirdi. Əsma binti Ümeysin (Əbu Bəkrin zövcəsi) kənizi də bu ayəni oxumaqla Əsmanın pərdə arxasından eşitdiyi sui-qəsddən Əli(ə.s)-ni xəbərdar etdi.   Fədək Mədinənin 140 kilometrliyində yerləşən bol məhsullu, çeşməli-sulu və başdan-başa xurma ağacları ilə zəngin olan, Xeybər yaxınlığındakı bir kənddir. Hicrətin yeddinci ilində (təxminən 587-ci il miladi) müsəlmanlar Xeybər qalasını fəth etdikdən sonra Fədək yəhudilərin hicazda yeganə dayaq nöqtəsi idi. Yəhudilər ürəklərinə düşən qorxunun təsirindən Fədəyi döyüşsüz Peyğəmbərə təslim etdilər. Bundan sonra Fədək həzrəti-Mühəmməd(s)-in şəxsi mülkü hesab olunurdu, belə ki, İsra surəsinin 26-cı ayəsi nazil oldu: Yaxınlarının haqqını ödə. - mötəbər şiə və sünni mənbələrinə əsasən Peyğəmbər(s) Fədəyi Fatimə(s.ə)-yə bağışladı. (Mizanül-etimal IIc,səh.288, Kənzül-ümmal IIc, səh.158, Məcməül-bəyan və dürrül-mənsur kitabı İsra surəsinin 26-cı ayəsinin ardı.)   Təbərsi Ehticac Ic, səh.120-123.    Xalid ibn Vəlid ibn Müceyrə Məxzumi hicrətin 5, ya 7-ci (miladi təxminən) illərində Əmr Asla birlikdə Mədinəyə gəlib İslamı qəbul etmişdi. O, ağzı yava və qorxmaz bir adam idi. Məkkənin fəthində İslam ordusunun sərkərdələrindən sayılırdı. Törətdiyi cinayətlərdən qabaqda xatırlatdığımız kimi, Malik ibn Nüveyrəni Peyğəmbər(s)-dən sonra qətlə yetirməsini misal çəkmək olar. Əbu Bəkr onu Şamın hakimi təyin etmişdi. Ömərin xilafəti dövründə o vəzifədən azad edildi. Nəhayət, elə o zamanda da Himməs adlanan məntəqədə dünyadan köçdü. (Üsdül-qayə IVc.) mütərcim.  Burada Hədəsin ondan hadis olmağı dəstəmazı pozan hallardan biri nəzərdə tutulmuşdur.    Məktubun hissələri Nəhcül-bəlağədə 5-ci xütbədə gəlmişdir.  Təbərsinin Ehticac kitabının tərcüməsi. Ic,səh.272-277    Bu xütbə İbn Əbil Hədid Şərhi-Nəhcül-bəlağə IVc, Bəğatunnisa səh.12, Təbərsi Ehticac Ic, səh.131-dən 149-a qeyd olunmuşdur. Onun tərcüməsi burada qısa şəkildə verilmişdir.  Mənus, yəni alışmış, isinişilmiş.   Bu mətləb Zümər surəsinin 47-ci ayəsindən əxz edilmişdir.       Rəyahinüş şəriə Ic, səh. 311.  Bu şer bəzi rəvayətlərdə azacıq dəyişikşiklə yazılmışdır.   İbn Əbil HədidŞərhi Nəhcül-bəlağə. XVIc,səh.215.   İbn Əbil Hədid Şəhri Nəhcül-bəlağə XVIc,səh.214.   Tərcüməçi: Düzdür, Əbu Bəkr çox zaman xanım Zəhra ilə mülayim davranmş, lakin onun bu mülayimliyi həzrəti-Zəhra(s.ə)-nın xütbəsindən sonra nəzərə çarpmışdı. Əgər Əbu Bəkrin həzrəti-Fatimə(s.ə)-yə ünvanladığı bütün nitqlərinə nəzər salsaq, o Xanım(s.ə)-a qarşı layiq olmadığı münasibətin__ hörmətsizlik və təhqirin şahidi oluruq .   Beytülmaldan (müsəlmanların ümumi xəzinəsi) verilən pul və yaxud qiymətli əşya.   Nəhl surəsi 16-cı ayə, Məryəm surəsi 6-cı ayə.   Əbul As besətdən qabaq Peyğəmbərin qızı Zeynəb ilə evlənmişdi. Məkkə alınmamışdan qabaq Mədinəyə qaçdı və orada İslamı qəbul etdi. Bu zaman Peyğəmbər yenidən Zeynəblə Əbul Asın əqdini kəsdi. Əmamə Əbul Asla və Zeynəbin qızı sayılır. Həzrəti-Əli(ə.s), Fatimə(s.ə) vəfat etdikdən sonra onun vəsiyyətinə görə Əmamə ilə evləndi. Əbul-As 12-ci hicri ilində vəfat elədi. (Üsdül-Qabə Vc,səh.236.)    Peyğəmbər(s)-in vəfatından sonra Bilal azan demirdi. Bununla da başqalarının hakimiyyətini təsdiq etmək istəmirdi.    İbn Quteybə Dinvəri Əl imamhətu vəssiyasət. (270-ci hicri ilində vəfat edib.) Ic,səh.24. Misir çapı.     Deyilənlərə əsasən, o zamanlar cənazələri nərdivana oxşar divarsız taxta üzərində aparırdılar və cənazə (görsəndiyi üçün) tanınırdı.  Əsma Cəfər ibn Əbu Talibin arvadı idi və 15 il Cəfərlə birlikdə Həbəşistanda qalmışdır. Cəfər şəhid olduqdan sonra isə Əbu Bəkrə ərə getmişdirı. Mühəmməd ibn Əbu Bəkrin anasıdır.    Kəşfül-ğimmə IIc, səh.67. İbn Abbasdan söylənilən rəvayətə əsasən.  Nəhcül-bəlağə, 202-ci xütbə.          Üsuli Kafi, I c, səh. 459.