ÖVSAFÜB-ƏŞRAF SƏRAFƏTLI INSANLARIN XÜSUSIYYƏTLƏRI

: 1546 ()

   
     İRİŞ 

Ölkəmizin İran İslam Respublikasındakı səfiri, təcrübəli diplomat, görkəmli şərqşünas alim Abbasəli Həsənov cənablarına kitabın tərcüməsində verdiyi dəyərli məsləhətlərə görə öz minnətdarlığımızı bildiririk.

 

Məşhur həkim, xeyriyyəçi insan professor Hüseynəli İsmayılova kitabın nəşr olunmasında göstərdiyi maddi yardımlara görə təşəkkür edirik.

 

Uzun illər boyu Övsafül-Əşraf kitabı görkəmli alimlər tərəfindən tədqiq edilmiş və yeri gəldikcə bir çox dünya dillərinə tərcümə olunmuşdur. Günümüzə qədər gəlib çatmış əlyazma nümunələri, həmin nüsxələrdə olan fərqlər qeyd olunan işləri dərinləşdirmiş və bu tədqiqatların nəticəsi olaraq, kitabın əsas hissələri demək olar ki, dəqiqləşmişdir. Üzərində tədqiqat işləri aparılan və əksər alimlərin diqqətini cəlb edən nümunələrdən biri də görkəmli alim Seyyid Mehdi Şəmsəddinin 1990-cı ildə nəşr etdiyi nüsxədir. Bu tərcümə də məhz həmin nüsxə əsasında hazırlanmışdır.

 

Tərcümədə X əsr nəsr nümunəsi olan Övsafül-Əşraf əsərinin özünəməxsus ruhu və koloriti mümkün qədər qorunub saxlanılmış, bu məqsədlə müəllifin öz orjinal üslubuna xələl gəlməsin deyə, bə`zi ifadə və terminlər olduğu kimi verilmiş, mətndə fikri tamamlamağa ehtiyac duyulan yerlərdə isə böyük mö`tərizələr daxilində tamamlayıcı tərkiblərdən istifadə edilmişdir. Əlavə olaraq bə`zi söz və ifadələrin kənarına açıqlama və tərcümə xarakteri daşıyan, kiçik mö`tərizələr daxilində isə qeydlər artırılmışdır. Məsləhət görülən bə`zi ifadə və terminlərin izahı, həmçinin çıxarışlar mətnin altında verilmişdir.

 

Qeyd etmək lazımdır ki, bu kitab ümumi oxucu kütləsi üçün deyil, klassik ədəbiyyat və dini maariflə yaxından tanış olanlar üçün nəzərdə tutulub.

 

Kitabın əsas hissəsini təşkil edən elmi, əxlaqi, irfani və fəlsəfi məfhumların izah və açıqlamaya ehtiyacı var.

 

Bu kitabdan tam yararlanmaq üçün onun mə`na və məzmununa əhatəli şəkildə varid olan müəllimə (əxlaq ustadı) ehtiyac var.

 

Kitabın klassik Azərbaycan nəsrinə məxsus bir üslubda tərcümə olunması mütərcimin zəifliyini yox, onun bu sahədə xüsusi iste`dad və bacarığa malik olduğunu göstərir. Müasir dilçilik sahəsində kifayət qədər mə`lumat və təcrübəsi olan qələm sahibi üçün klassik üslubda tərcümə və digər yaradıcılıq işinin nə qədər çətin olmasını ədəbiyyatşünaslar çox gözəl başa düşürlər.

 

Klassik üslubun dirçəldilməsi, müasir oxucuların izafi tərkibli yazı formaları ilə tanışlığı müxtəlif sahələrdə yazılmış, arxivlərdə və kitabxanalarda saxlanılan zəngin ədəbi irsimizin orjinal nüsxələrdən oxunmasına da şərait yaradır.

 

Belə bir əsərin dilimizə çevrilərək, həqiqət axtarışında olan müdrik oxuculara təqdim edilməsi bir neçə cəhətdən təqdirəlayiqdir:

 

Birincisi, sələflərimizin gənc nəslə tanıtdırılması, dahi şəxsiyyətlərimizin müasir cəmiyyətimizə yeni təqdimatı günümüzün ən zəruri məsələlərindəndir.

 

İkincisi, özünəməxsus ideoloji donuqluğa məxsus olan sovetlər rejimini yaşamış ölkəmizdə korifeylərin qiymətli əsərlərinin yenidən işlənib hazırlanması da öz zəngin elmi-mə`nəvi irsimizə qovuşmaq hesab olunur.

 

Üçüncüsü, müxtəlif əqidə və fikirlərin xalqımızın üzərinə hücuma keçdiyi bir dövrdə öz əsilliyimizi qorumamızda, mürtəce məzhəblərin bütün inanclarımızı sual altına aldığı bir şəraitdə öz ayinlərimizi yaşatmamızda bu kimi əsərlərin faydası danılmazdır.

 

Dördüncüsü, öz kökündən ayrı salınmış bir xalqın məqsədyönlü şəkildə cılızlaşdırıldığı bir dönəmdə, özü üçün əcnəbi ö ək axtaran böhranlı bir cəmiyyətə onun bəşəriyyət üçün nümunə ola biləcək xacələrini həyata qaytarmaq ən böyük xidmətlərdəndir.

 

Naşirdən

  
Ön söz 

Dahi Azərbaycan alimi və mütəfəkkiri Xacə Nəsirəddin Tusi haqqında çox yazılmış, çox fikirlər söylənilmişdir. Belə yazılar arasında bə`zən həqiqətdən bir az uzaq, bə`zən də müxtəlif səbəblərdən irəli gələn ixtilaflı nəzərlərə də rast gəlinir. Tusi şəxsiyyəti bə`zən ifrat dərəcədə şişirdilir, bə`zən də qərəzli yanaşma nəticəsində mənfi obraza çevrilir.

 

Haqqında əfsanələr gəzən Tusinin şəxsiyyətinə bu münasibətin özü də keşməkeşli həyat yolu keçmiş, zəngin mədəni-elmi irs qoyub getmiş Tusi şəxsiyyətinin böyüklüyündən xəbər verir.

 

Azərbaycan oxucularının və eləcə də əksər dünya xalqlarının daha çox Əxlaqi Nasiri əsərindən tanıdıqları Tusi haqqında doğma vətənimiz Azərbaycanda da − yetərincə olmasa belə kitablar yazılmış, dövri mətbuatda ara-sıra məqalələr dərc edilmişdir. Amma çoxsahəli yaradıcılığa və böyük şəxsiyyətə malik Tusinin ən incə ştrixlərinə qədər portretini cızmaq hələ ki, kimsəyə nəsib olmamışdır.

 

Həqiqətən də bə`zi tədqiqatçıların dediyi kimi Bu heyrətləndirici və bənzərsiz şəxsiyyət (Tusi) zaman və məkana sığacaq həddə deyil... O, bir şəxsdir ki, islamın bütün firqə və tayfaları onun əzəmət və böyüklüyünü təsdiq etmişlər.

 

Bu baxımdan Tusi haqqında deyilənləri təkrar etməyi lüzumsuz sayıb, ən`ənəni pozmamaq xatirinə qısa bioqrafik mə`lumat verməklə kifayətlənir, bir-iki maraqlı görünə biləcək məsələyə toxunmaqla daha çox Tusinin Övsafül-Əşraf əsəri haqqında danışacağıq.

 

Nəsirəddin Tusi 1202-ci il fevral ayının 17 də (h.q. 597-ci il, cəmadiül-əvvəl) Xorasan vilayətinin Tus şəhərində anadan olmuşdur. Adı və soyadı Məhəmməd bin Məhəmməd bin əl-Həsən ət-Tusi, kunyəsi Əbu Cə`fər, ləqəbi isə Nəsirəddindir.

 

Fəqihlər onu Mühəqqiq Tusi və ya Xacə Tusi, hükəma Bəşərin ustadı və On birinci əql, filosoflar Üçüncü müəllim adlandırmışlar. Daha çox Xacə Tusi ləqəbi ilə məşhurlaşmışdır.

 

Bir müddət (təqribən 22 il) Qohestan hakimi, İsmaililərin əmiri Nasirəddin Əbdürrəhim bin Əbu-Mənsurun qəzəbinə düçar olduğu üçün Ələmut qalasında ev dustağı şəraitində həbsdə olmuşdur.

 

Təqribən 654 (h.q.) ildə Monqol hökmdarı Hülakunun İsmaililər üzərində qələbəsindən sonra Tusi azad olmuş, amma qəzəbli monqol hökmdarlarının dövlət sistemində mühüm mənsəblərə yiyələnməsi ilə həyatın daha ağır və qorxulu imtahanlarına tuş gəlmişdir. Bütün bunlara baxmayaraq Tusi, həyatın ağır sınaqlarından həmişə üzüağ çıxmışdır. Nəhayət 672-ci (h.q.) ildə yaxın şagirdləri ilə Bağdada səfər edən Tusi xəstələnib orada da vəfat edir və öz vəsiyyətinə görə Kazimeyndə iki imamın qəbirlərinin ayaq tərəfində torpağa tapşırılır.

 

Xacənin əksər elmi əsərləri fəlsəfə, kəlam, nücum və riyaziyyat sahələrini əhatə edir. Əsərlərinin dəqiq sayı indiyə qədər müəyyənləşdirilməmişdir. Müxtəlif tədqiqatçıların əsərində Tusinin əsərlərinin sayı fərqli rəqəmlərlə göstərilir. Bə`ziləri bu rəqəmləri hətta 220 qədər yüksəldirlər. Bunlarla yanaşı Nəsirəddin Tusinin ən böyük elmi abidəsi sözsüz ki, banisi olduğu Marağa rəsədxanası olmuşdur.

 

Bir filosof, fəqih, mütəkəllim, vəzir, siyasətçi, əxlaq ustadı, ədib, münəccim, riyaziyyatçı, şair və yazıçı kimi bənzərsiz şəxsiyyətə malik olan Xacə şəxsiyyətinin bə`zi cəhətləri təzadlı görünsə də, bu cəhətlərin hər birində kamillik həddi kəsb edilmişdir.

 

Nəsirəddin Tusinin həyat və yaradıcılığında ilk baxışda ziddiyyətli görünən bir neçə yönlü baxışları tusişünaslar müxtəlif cür izah etməyə çalışmışlar. Bə`zi tədqiqatçıların e`tiqadına görə Xacənin şəxsiyyət və əqidəsi ətrafında müxtəlif rə`ylərin toqquşmasının əsas səbəbləri Tusinin ziddiyyətli ictimai-siyasi mühitdə yaşayıb-yaratması olmuşdur. Bu səbəblərin bir neçəsini aşağıdakı şəkildə göstərmək olar:

 

1. Tusinin, o dövrün hakim ictimai-dini baxışları ilə fərqlənən şiə məzhəbində olması;

 

Təbiidir ki, böyük şiə alimlərindən sayılan Tusinin o zaman onu əzmək istəyən çoxlu müxalifləri olmuşdur.

 

2. Tusinin bir filosof olması;

 

Fəlsəfənin əsas mehvər və açarı olan ağıl və məntiqi korun əlində gəzdirdiyi əsa-ya bənzədən bə`zi müqəddəs ünsürlər aydındır ki, İslam fəlsəfəsində on birinci əql ləqəbini qazanmış Tusiyə xoş üz göstərə bilməzdilər.

 

3. Zahirdə və zərurətdən irəli gələn səbəblər üzündən monqol hökmdarları ilə həmrə`y olması;

 

Bə`zi tarixçilər Tusini, monqol hökmdarı Hülakunun Abbasi xəlifəsini qətlə yetirməsinə təhrik etməsilə günahlandırırlar.

 

4. İctimai şəraitin amansız tələbləri nəticəsində İsmaililərin yanında sığınacaq tapması və İsmaili hökmdarlarının adına kitab yazması.

 

Böyük zəkaya və gələcəyi qabaqcadan görə bilmək qabiliyyətinə malik olan Tusi heç vaxt şəxsiyyətinin və elminin hansısa firqəyə və ya məktəbə mənsub dar çərçivədə məhdudlaşmasına imkan verməmişdir.

 

Bildiyimiz kimi Hikməti mütəaliyyə fəlsəfi məktəbinin banisi olan Molla Sədraya qədər ilahi mə`rifətin dərkində müxtəlif üsullara söykənən üç böyük fikri cərəyan − kəlamçılar, filosoflar və irfan əhli arasında həmişə ixtilaf olmuşdur və indinin özündə də bə`zi hallarda özünü biruzə verir. Molla Sədra qismən də olsa bu ixtilafları həll etməyə çalışmışdır. Görünür Molla Sədradan çox-çox qabaq Tusi bu mübahisəli məsələləri özü üçün həll etmiş, həmişə bu ixtilafların fövqündə durmuşdur. Elə buna görədir ki, hər üç məktəbin nümayəndələri Tusini özlərinə mənsub etməyə çalışmışlar.

 

Kəlam məktəbinin nümayəndələri Tusini böyük şiə mütəkəllimi hesab edib özlərinə mənsub bilmiş, fəlsəfi məktəbin nümayəndələri onu İbn Sinadan sonra üçüncü müəllim kimi özlərinə aid etmiş, irfan əhli isə Tusinin tam bir övliya olduğunu iddia etmişlər.

 

Həqiqətən də Tusinin Təcridül-e`tiqad əsərinə nəzər salanda, onu şiə kəlamının ən mükəmməl kitablarından biri, bəlkə də birincisi olduğuna şübhə yeri qalmır. Təsadüfü deyil ki, indinin özündə də ilahiyyat bölmələrinin kəlam dərslərində, elmi-dini hövzələrdə şiə kəlamı olaraq əsas dərslik kimi Tusinin qabaqcıl şagirdlərindən olan Əllamə Hillinin Təcridül-e`tiqada yazdığı Kəşfül-murad adlı şərhi tədris edilir.

 

Bir filosof kimi Tusi islam aləmində yunan fəlsəfi məktəbinin iftixarı olan birinci müəllim ləqəbini qazanmış Aristotelin davamçısı, ikinci müəllim adına layiq görülmüş Məşşa fəlsəfi məktəbinin nümayəndəsi İbn Sinanın tələbəsi (silsilə şagird vasitəsilə) və üçüncü müəllim kimi yad edilir.

 

Tusinin fəlsəfi əsərlərinin hətta adına diqqət yetirmək dediklərimizə kifayət edir.

 

Amma qəribə burasıdır ki, hətta Tusinin fəlsəfi baxışlarında fərqli mövqelərdən çıxış etdiyi iddia edilir. Tusi elmi irsinin varislərindən sayılan Əllamə Həsənzadə Amuli özünün Min bir nöqtə adlı əsərində belə yazır: Ustad Əllamə Təbatəbai söyləyirdi: Ustadım rəhmətlik Seyyid Hüseyn Badkubi deyirdi ki, Qütbiddin Şirazinin İşraq fəlsəfəsinə yazdığı şərhi, Xacənin dərslərində qeydə aldığı yaddaşları əsasındadır. Qütbiddin Şirazi Xacənin dərsləri əsnasında, Xacənin Şeyx İşraqın bəyanları ətrafında ifadələrini və fikirlərini qeydə almışdır.

 

Başqa bir vaxt deyirdi ki, Xacənin özü (əqidəsində, fəlsəfi baxışlarında) işraqyönlü idi.

 

İrfani baxımdan Tusi həyatına və yaradıcılığına diqqət yetirəndə onun da öz sələfləri kimi ömrünün sonlarında irfana üz tutduğu zənn edilir. Orta əsrlərin əksər ədib və alimlərinə xass xüsusiyyətlərdən biri də ömürlərinin son illərini təsəvvüf və irfana bağlamalarıdır. Əlbəttə bu, sufilik və dərvişlik həyat tərzi olmayıb, sadəcə şəriət çərçivəsində yer verilən irfani süluka meyl göstərmək olmuşdur. Ümumiyyətlə orta əsrlər islam dünyasının əksər alim və mütəfəkkirləri bə`zən, məsləklərinin xilafına olsa belə, bu mövzuda qələmlərini sınamağa çalışmışlar. Görünür, Nəsirəddin Tusinin də həyat və yaradıcılığında irfani meyllərin gözə çarpması bu səbəbdən olmuşdur.

 

Nəsirəddin Tusinin irfani baxışlarına aydınlıq gətirmək, həmçinin seyri-süluk əhlinin istilahlarını tanımaq baxımından Övsafül-Əşraf əsəri olduqca böyük əhəmiyyət kəsb edir.

 

Mə`lum olduğu kimi Nəsirəddin Tusi bir sıra əsərlərini Ələmut qalasında İsmaililərin yanında olarkən yazmış və o əsərlərin bə`zilərini İsmaili əmirlərindən birinin adına ithaf etmişdir. Tusinin bu qəbildən olan əsərləri üslub və ruhuna görə İsmaili məzhəbi və fikri baxışlarına yaxınlıq təşkil edir. O cümlədən:

 

1. Əlaəddin Xurşah Məhəmməd bin Həsən (628-653 h.q.) və Qohestan əmiri Xacə Nasirəddin Əbul-Fəth Əbdürrəhim Əbu-Mənsurun adına yazdığı Əxlaqi Nasiri kitabı.

 

2. Batinilərin üslubunda yazdığı Ağazü əncam əsəri.

 

3. 644-654-cü illər arasında Tə`limilərin üslubunda yazdığı Seyri-süluk əsəri. Xacə bu əsərini ismaili əmirlərindən Qütbiddin Müzəffər bin Müəyyədə (Məhəmməd) verir ki, Ali Dərgaha çatdırsın.

 

4. Nasirəddin Möhtəşəmin göstərişi ilə tərcümə etdiyi Zübdətül-Həqayeqi Eynül-Qüzat. Amma bu əsərin nüsxəsi indiyə qədər əldə edilməmişdir.

 

İlk baxışdan Tusinin Övsafül-Əşraf əsərini də məhz İsmaililərin qalasında olduğu zaman yazdığı güman edilir. Əsərin dəqiq yazılma tarixi olmasa da Tusinin bu risaləni Əxlaqi Nasiri kitabından sonra qələmə aldığı göstərilir. Bu barədə Övsafül-Əşraf-a yazdığı müqəddiməsində Tusi belə deyir: ...Amma sonra [deyim ki] bu risalənin yazarı Muhəmməd Tusi, gözəl əxlaqın və filosofların qaydasına uyğun bəyənilmiş siyasətin bəyanına şamil olan və Əxlaqi Nasiri adlandırılan kitabı yazdıqdan sonra fikirləşirdi ki, təriqət yolçularının və əqli, nəqli qanunlara söykənən, və nəzəri və əməli yöndən həqiqət aşiqlərinin qaydasına müvafiq övliya və bəsirət əhlinin yolu haqqında müxtəsər − həmin fənnin xülasəsi və məğzi həddində ola biləcək − bir risalə hazırlasın.

 

Ustad Müctəba Minəvinin sözlərinə görə Əxlaqi Nasiri-nin nüsxələrinin birində Tusinin bu kitabı (Əxlaqi Nasiri) 633 ildə başa çatdırdığı qeyd edilir. Bu sözlərə istinadən Tusinin Əxlaqi-Nasiri kitabını 36 yaşlarında yazması gərəkdir.

 

Əlbəttə unutmaq olmaz ki, Tusi Əxlaqi Nasiri kitabını müxtəlif tarixlərdə − 1232-33, 1254-55, 1272-73-cü illərdə nəzərdən keçirməklə yenidən işləmişdir. Əgər ustad Minəvinin sözlərinə əsaslansaq, Tusinin Övsafül-Əşrafı 37-40 yaşlarında yazmasını fərz etmək olar. Çünki Tusinin özü də bu risaləsini Əxlaqi Nasiridən sonra yazdığını göstərmişdir. Onda belə çıxır ki, bu əsər də Tusinin İsmaililərin əsarətində olduğu zaman yazılmış olmalıdır. Çünki Tusinin 619-632-ci (h.q.) illər arasında İsmaililərin əlində giriftar olması göstərilir və bu əsarət 654-cü il (h.q.) Hülakunun İsmaililəri darmadağın etməsinə qədər davam edir.

 

Başqa bir tərəfdən, Övsafül-Əşrafın müqəddiməsindən göründüyü kimi Tusi bu risaləsini Hülakunun oğlu Abaqaxan tərəfindən vəzirliyə mənsub edilmiş Şəmsəddin Məhəmməd əl-Cüveyninin adına yazmışdır. Şəmsəddin Məhəmmədin 22 il vəzirlik məqamında olmasını nəzərə alsaq, böyük ehtimalla Tusi Övsafül-Əşraf əsərini onun vəzirliyinin ilk illərində yazmış olmalıdır.

 

Bununla belə, Övsafül-Əşraf əsərinin birbaşa Əxlaqi-Nasiri kitabından sonra yazılması inandırıcı görünmür. Çünki Əxlaqi-Nasiridən Məhəmməd Şəmsəddinin vəzirlik mənsəbinə yiyələnməsinə qədər uzun bir zaman fasiləsi durur.

 

Böyük ehtimalla Tusi Övsafül-Əşraf əsərini Əxlaqi-Nasiri kitabından sonra yazdım dedikdə, Əxlaqi-Nasirinin 1272-73-cü illərdə monqol hakimiyyəti dövründə üçüncü redaktəsini nəzərdə tutmuşdur.

 

Üslub baxımından da Övsafül-Əşraf əsəri Tusinin İsmaililərin yanında eyni məzmunda yazdığı Seyri-süluk əsərindən gözə çarpacaq dərəcədə fərqlənir.

 

Tusi Övsafül-Əşraf əsərində seyri-süluk mərhələlərini olduqca yığcam və aydın şəkildə verməklə ilahi dərgahın şərafətli yolçularının xüsusiyyətlərini açıqlamağa çalışmışdır.

 

Bu əsərində Tusi Allaha doğru hərəkətin başlanğıcını, hərəkəti əngəlləyən maneələrin aradan qaldırılmasını, salikin seyri-sülukunu, süluk əsnasında baş verən halları, sülukdan sonrakı halları və vüsal əhlinin hərəkətinin sonunu altı babda vermiş, altıncı babdan başqa yerdə qalan bütün babları beş fəsilə bölmüşdür. Altıncı babı isə bir fəsildə göstərmişdir. Çünki fəna bəhsinə aid olan sonuncu bab Xacənin dili ilə desək − çoxalmır.

 

Tusi hər fəslin əvvəlində mövzuya münasib Qur`an ayələrindən misallar vermiş, əlavə olaraq, əksər yerlərdə yeri gəldikcə, hədis və rəvayətlərə istinad etmişdir. Hədislərə istinad edərkən Tusi bə`zi sufi məsləklərinə uyğun və zövqlərindən dolayı bəyəndikləri hədisləri deyil, daha çox sənəd baxımından mö`təbər hesab etdiyi hədisləri nəql etməyə sə`y göstərmişdir. Həmçinin sufilərin dilindən nəql olunan rəvayətlər sırasında da onların ən mö`tədil olanını seçməyə çalışmışdır.

 

Əksər alimlərin islam dini çərçivəsində şəriətdən başlayan təriqəti qəbul etdikləri kimi, Tusi də Övsafül-Əşraf əsərində bu xətti tutduğunu açıq göstərir və təriqətin şəriətdən ayrılmaz olduğunu bildirir. Bu bağlılığı biz Tusinin risalənin bölmələrini nizamlamasından da görürük. Belə ki, Tusi seyri-sülukun başlanğıcı üçün salikə ilkin növbədə imanın, səbatın, niyyətin, sidqin, inabətin və ixlasın əldə edilməsini əsas şərt kimi göstərir, sonra bu yoldakı maneələrdən və seyri-sülukdan bəhs edir.

 

Hərtərəfli bilik sahibi olan Tusi başqa əsərlərində olduğu kimi bu əsərində də hər məsələyə münasibət bildirərkən digər firqə və məktəblərin də nəzərini qarşıya qoyur, məsələyə dar çərçivədən yanaşmadığını nümayiş etdirir.

 

Məzmununa görə irfani bir risalə olan Övsafül-Əşraf əsərinin bə`zi fəsillərində Əxlaqi-Nasiridə olduğu kimi hərdən Tusinin fəlsəfi fikirləri özünü biruzə verir. Buna görə də seyri-süluk babında Tusinin ifadələri bə`zən sufiyanə, bə`zən də fəlsəfi rəng alır. 12-13-cü əsrlər nəsr ədəbiyyatına görə sadə və rəvan dili olduğu hesab edilən Övsafül-Əşraf əsəri məfhum baxımından Tusinin digər əsərləri kimi olduqca ağır nəzərə çarpır. Bunun ümdə səbəblərindən biri də əsərdə müxtəlif elmi istilahların çoxluq təşkil etməsi və bə`zən də fikrin incə rəmzlərlə ifadə edilməsidir. Bununla yanaşı, qarşınızda olan bu əsər olduqca qiymətli, hər bir şəxsin öz elmi səviyyəsində faydalana biləcəyi, hər bir kəsin öz zərurəti qədər payını alacağı açıq süfrədir. Bu kitabın tədqiqatçı alimlər üçün mö`təbər mənbə, mə`nəviyyat yolunda addımlayanlar üçün gözəl dərslik, və proqram olacağına şübhə etmirik.

 

Sonda dahi müəllifə Ulu Tanrıdan rəhmət diləyir, onun yüksək ruhunun xalqımıza duaçı olmasını arzulayır və kitabın mütərcimi gənc rəssam, ədəbiyyatçı və teoloq Füzuli müəllimə yaradıcılıq işlərində daha böyük uğurlar arzulayıram.

 

AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şö`bəsinin əməkdaşı Şəfiyeva Əfşan.

  
Xacə Nəsirəddin Tusinin Şərafətli insanların xüsusiyyətləri əsərinə yazdığı müqəddimə 

Nəhayətsiz şükür və həmd olsun o Allaha [ondan ötəri] ki, Onun həqiqətindən xəbərdar olmağa heç bir əqlin gücü yetməz, heç bir fikir və bilik Onun mə`rifətinin dərinliklərinə vara bilməz. Onun haqqında deyilən hər bir söz, Onun vəsfində dildə cari olan hər bir bəyan əgər sübuti olsa təsəvvürə gələn bənzətmə nöqsanı olmadan mümkün olmayacaqdır, əgər qeyri-sübuti olsa vəhmi idrakda (təvəhhöm) canlanması tə`til fitnəsindən amanda qalmayacaqdır. Buna görə də peyğəmbərlərin ağası, övliyaların müqtədası Xatəmül-Ənbiya Muhəmməd Mustafa dedi: Sənə sitayiş etməyə qadir deyiləm. Sən həmin o Zatsan ki, Özün Özünü vəsf etdin. Sən, Sənin haqqında söz söyləyənlərin dediklərindən daha üstünsən.

 

Minlərcə salam və salavat, afərin və əhsən onun müqəddəs ruhuna, pak ruhlara, onun sülaləsinə, xüsusilə də mə`sum imamlara və seçilmiş silahdaşlarına olsun, Allah həqqinə!

 

Amma sonra [deyim ki] bu risalənin yazarı Muhəmməd Tusi, gözəl əxlaqın və filosofların qaydasına uyğun bəyənilmiş siyasətin bəyanına şamil olan və Əxlaqi Nasiri adlandırılan kitabı yazdıqdan sonra fikirləşirdi ki, təriqət yolçularının və əqli, nəqli qanunlara söykənən, və nəzəri və əməli yöndən həqiqət aşiqlərinin qaydasına müvafiq övliya və bəsirət əhlinin yolu haqqında müxtəsər − həmin fənnin xülasəsi və məğzi həddində ola biləcək − bir risalə hazırlasın. [Amma] işlərin çoxluğundan, bə`zi maniələr üzündən həmin mühüm işlə məşğul olmaq heç cür müyəssər olmurdu, fikirdə olanları həyata keçirməyə imkan tapılmırdı.

 

Nəhayət Yer üzünün padşahı, aləmin buyruqçusu, qılıncın və qələmin valisi, ərəbin və əcəmin böyüklərinin müqtədası, haqqın və dinin günəşi, islamın və müsəlmanların şökəti, aləmlərin məliki, məmləkətlərin divanının sahibi, əşraf və ə`yanın iftixarı, ədl və ehsanın məzhəri, cahanın əfzəl və əkməli, İranın pənah və ümid qapısı, övliyaların sevimlisi, xoşbəxtlik sahibi Muhəmməd bin Əl-Cuveyninin kəsərli işarəsi həmin fikrin həyata keçməsinə səbəb oldu. Belə ki, fürsət əl verdi, vaxt və hal da yerinə düşmüş oldu; maneələrin olmasına və işlərin çoxluğuna baxmayaraq, o şey ki, könül onun bəyan edilməsində köməkçi olmuşdu, həmin maneələrin qələmə alınmasında güzəştə getdi. O böyük zatın əmrinə baş əyərək və fərmanına itaət edərək həmin həqiqətlərin şərhindən və fikirlərin zikrindən ibarət neçə bab bu müxtəsər risalədə qələmə aldı. Hər babda Qur`ani Məciddən − [necə ki, bu ayədə buyurmuşdur:] Heç bir batil nə qabaqdan, nə də arxadan onun sorağına gəlməz − dediklərimizə şəhadət verəcək misallar çəkildi. Əgər məqsədə uyğun açıq-aşkar misallar tapılmadısa, ona yaxın olanlarla kifayətləndi və onu Övsaful-Əşraf adlandırdı. Əgər [bu risalə onun] şərəfli nəzərində bəyənilərsə, [deməli] məqsəd yerinə yetirilmişdir, əks təqdirdə qabaqcadan üzürxahlıq edir, [və ümid edirik ki] Onun şərif zatının bəyənilmiş əxlaq və gözəl xüsusiyyətləri yol verilmiş nöqsanları öz məğfirət pərdəsi ilə örtsün. Allah-taala onu məcazi aləmdə məxsus padşahlıq dərəcəsinə çatdırdığı kimi, həqiqi aləmdə də ilahi rəf`ətə və əbədi dövlətə çatdırsın.

 

Allah lətif və duaları qəbul edəndir.

  
MÖVZUYA GİRİŞ  
Bu risalənin şamil olacağı bəhslərin zikri 

Şəksiz hər kəs özünə və əməllərinə nəzər salsa özünü başqasına möhtac görəcəkdir və hər kəs başqasına möhtac olsa zatən naqisdir. Elə ki, insan öz naqisliyindən agah oldu, daxilində kamala varmağa doğru bir şövq oyanacaqdır və beləliklə kamala doğru hərəkətə ehtiyac hiss edəcəkdir. Təriqət əhli bu hərəkəti süluk adlandırır. Bu hərəkətə rəğbət göstərən kəsin altı məsələyə diqqət yetirməsi lazımdır:

 

1. Hərəkətin hidayəti (başlanğıcı) və bu səfər üçün lazım olan azuqə, yol tədarükü. (Yə`ni bu hərəkətə, yola qədəm qoyan ilk qədəmi haradan götürəcəyini, ilkin hazırlığı bilməlidir.)

 

2. Onu hərəkətdən və sülukdan saxlayacaq, [seyri-süluk yolunda] maneələrin aradan qaldırılması.

 

3. İnsanı ilk qədəmdən son məqsədə aparan hərəkət ki, [bu hərəkət] seyri-süluk olar və bu hərəkət zamanı salikin qarşılaşacağı hallar.

 

4. Seyri-süluk əsnasında, yolun əvvəlindən son məqsədə doğru olan hərəkət zamanı salikin qarşılaşacağı hallar.

 

5. Sülukdan sonra vüsal əhlinə, (məqsədə çatanlara) baş verəcək hallar.

 

6. Hərəkətin sonu ki, bu yerdə ona tövhiddə fəna deyərlər.

 

Altıncı bəndi çıxmaqla yerdə qalan bəndlərin hər biri başqa neçə məsələyə şamil olar ki, onları altı babda və hər babı altı fəsildə verəcəyik. Və amma axırıncı (6-cı) bab bölünmədiyi üçün bu bölgüdən istisnadır, [çünki] hərəkətdə olduğu kimi bilməliyik ki, keçmiş hərəkətin hər bölməsinin hasil olması, ondan öncə mövcud olmuş başqa bölümə dayanır və [həmçinin] özündən sonra gələcək başqa bir bölümdən öndə dayanır və amma axırıncı bölüm yolun sonu olduğu üçün və ondan sonra heç bir bölüm olmadığı üçün heç bir məsələyə şamil olmayacaqdır.

 

Və amma səfər əsnasında salikin düşdüyü hər bir hal öncəki və sonrakı halət arasında bir vasitə olub, əgər öncəki hala nisbətdə müqayisə olunsa kamal və bəyənilmiş, əgər sonrakı halət ilə müqayisə olunsa nöqsan və bəyənilməz olacaqdır.

 

Ona görə də Peyğəmbəri-əkrəm (s) buyurub: İki günü bərabər (oxşar) olan adam zərər etmişdir.

 

Və buna görə də atalar demişlər: Yaxşıların bəyənilən işləri müqərrəblərin pis işləri yerində hesab olunar. İnşəallah bütün bu mətləblər bu risalənin fəsillərində aydınlaşacaqdır. İndi ki, bu müqəddimə aydın oldu, Allahın köməkliyi ilə bu risalənin bablarının və fəsillərinin bəyanına keçirik.

  
BİRİNCİ BAB 

Hərəkətin başlanğıcı və bu səfər (hərəkətin müyəssər olması) üçün lazım olan azuqə, yol tədarükü. Bu altı şeyə şamil olur və biz onun hər birini ayrıca fəsillərdə aşağıdakı şəkildə göstəririk:

 

Birinci fəsil: İman

 

İkinci fəsil: Səbat

 

Üçüncü fəsil: Niyyət

 

Dördüncü fəsil: Sidq

 

Beşinci fəsil: İnabət

 

Altıncı fəsil: İxlas

  
Birinci fəsil  
İman 

Allah-taala buyurur: İman gətirib imanlarını zülmlə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!

 

İman [kəlməsi] lüğətdə təsdiq mə`nasındadır, yə`ni inanmaq. Və təhqiq əhli arasında xas təsdiq mənasındadır və bu həmin təsdiqdir ki, qəti elm və Peyğəmbərin (s) buyurduqlarına qəlbi inam onunla hasil olur. Peyğəmbərin (s) mə`rifəti Qadir, Alim, Səmi`, Bəsir [olan] Allahın mə`rifətindən ayrı olmaz. O Allahın ki, peyğəmbərləri göndərmiş, Qur`anı Məhəmməd Mustafaya (s) nazil etmiş və İslam ümmətinin yekdil nəzərlə qəbul etdiyi halalı, haramı, vacibi, müstəhəbbi bəyan etmişdir.

 

Deməli iman bu məsələlərə şamil olur, nə az, nə də çox, çünki ondan azı iman sayılmaz və ondan çoxu imanın özü yox, kamalı olar.

 

İmanın nişanələri: İmanın nişanəsi odur ki, insan bilməli olacağı şeyi bilməli, deməli olacağı şeyi deməli, etməli olacağı şeyi etməli və çəkinməli olacağı şeydən çəkinməlidir. Bütün bu dediklərimiz saleh əməl adlanır və bəhs etdiyimiz təsdiq (iman) üçün lazımlı və artıb-azaltmaq qabiliyyətinə malikdir.

 

Və buna görə də saleh əməl hər yerdə imanla yanaşı zikr olunur. Necə ki, Allah buyurur: Yalnız iman gətirib yaxşı əməllər edən...(ziyanda olmayacaq)

 

İmanın mərtəbələri: Bilməliyik ki, imanın bir neçə mərtəbəsi var. Onun ən aşağı mərtəbəsi dildə olan imandır ki, Allah-taala bu barədə buyurur: Ey mö`minlər! Allaha və Peyğəmbərinə, Onun öz Peyğəmbərinə nazil etdiyi kitaba (Qur`ana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Və həmçinin buyurulan bu ayə: Qənimət əldə etmək iştahası ilə islama daxil olan bədəvi ərəblər biz iman gətirdik! dedilər. (Ya Peyğəmbər! Onlara) de ki: Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik! deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır... həmin mətləbə işarədir. Bundan yuxarı mərtəbə təqlidi imandır. Yə`ni mö`min iman etməli olacağı şeyə qəti iman edir, amma onun imanının zavala uğramaq imkanı var. Əlbəttə, əgər qəti iman hasil olarsa, onun ardınca saleh əməl də gələcəkdir ki, Allah-taala buyurur: Mö`minlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır!...

 

Bundan daha yaxşısı qeybə olan imandır ki, Allah-taala onun barəsində buyurur: O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır...

 

Bu cür iman bir növ batini bəsirətlə yanaşı olur və imanda möhkəm olmağı tələb edir. Sanki mö`min qeyb pərdəsi arxasından aləmi müşahidə edir. Bu mərtəbədən də yuxarı o kəslərin imanıdır ki, Allah-taala onlar haqqında buyurmuşdur: Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər. Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar... O yerə qədər ki, buyurur: Onlar həqiqətən də iman əhlidirlər.

 

Bu, kamalla olan imanın mərtəbəsidir. Bu iman yəqinlə yanaşı olur və imanın ən ali mərtəbəsi hesab olunur. Bunun şərhini sonra verəcəyik.

 

Seyri-süluk yolunda qeybə olan imandan aşağı mərtəbənin, ən azı təqlidlə olan imandan aşağısının faydası yoxdur. Çünki, həqiqətən də dildə olan iman bir iman deyil. Allahın buyurduğu bu ayə də ona işarədir: Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar.

 

İnsanın seyri-süluku başa vurması üçün hökmən ali iman mərtəbəsinə yiyələnməsi lazımdır. Əgər mütləq kamil vücuda, yə`ni Yaradana qəti imanı olsa, bu e`tiqadın nəticəsində ruhu bir yerdə qərar tutacaq və seyri-süluk onun üçün mümkün olacaqdır və asanlıqla hədəfinə çatacaqdır.

  
İkinci fəsil  
Səbat 

Allah-taala səbat barəsində buyurur: Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlimeyi-şəhadətlə) sabitqədəm edər..

 

Səbat bir halətdir ki, imanla yanaşı olmayınca insanda ruhi rahatlıq, arxayınlıq yaranmaz və nəticədə, kamalın tələbi də ondan asılı olduğu üçün müyəssər olmaz. Çünki e`tiqadında süst olan hər kəs kamal tələb edə bilməz. İmanın səbatı kamil və kamalın var olduğuna qət`i imanın əldə edilməsindən ibarətdir. Nə qədər ki, bu qət`iyyət əldə edilməyib kamalın tələbi də olmayacaqdır və nə qədər ki, kamalın tələbi və bu yolda səbatın əldə edilməsi qərarına gəlinməyib, seyri-süluk mümkün olmayacaqdır və bir kəs əzm göstərib qərara gəlsə amma səbatı olmasa Yer üzündə şeytanların azdırıb atdığı və çaşqın dolaşan adam kimi olar. Bəlkə, belə də deyə bilərik ki, çaşqın və sərgərdan qalmış adamın qərarı da olmaz və necə ki, müəyyən bir səmtə yönəlməyibdir, onun hərəkəti və seyri-süluku da baş tutmayacaqdır və əgər hərəkəti də olsa faydasız və səmərəsiz olacaqdır.

 

Və amma, bir adamın səbatının səbəbi öz əqidəsinin haqq olduğuna olan batini bəsirəti, kamala qovuşmasından aldığı ləzzət və həmin batini halətin zavala uğramayacaq şəkildə mələkəyə çevrilməsi olar. Bu səbəblə də sabitqədəm insanlar həmişə saleh əməllər görərlər.

  
Üçüncü fəsil  
Niyyət 

Allah-taala niyyət barəsində buyurur: De ki, Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

 

Niyyət qəsd mənasındadır və qəsd elm və əməl arasında vasitədir, çünki bir kəs nə etməli olduğunu bilməsə, həmin işi görməyə qəsd etmir və nə qədər ki, qəsd etməyib həmin işi görməyəcəkdir. Seyri-sülukun başlanğıcı qəsddir. Bunun üçün də salik müəyyən məqsədi nəzərdə tutmalıdır və məqsəd mütləq kamildən kamalın əldə edilməsi olduğu üçün, niyyət Haqq Taalaya yaxınlaşmaq olmalıdır, çünki mütləq kamil yalnız Odur.

 

Əgər belə olsa əməlsiz niyyət, niyyətsiz əməldən daha yaxşı olacaqdır, necə ki, Peyğəmbər (s) buyurur: Mö`min insanın niyyəti əməlindən daha yaxşıdır.

 

Çünki niyyət ruhun yerindədir, əməl isə bədənin; yenə də Həzrət buyurur: Əməllər niyyətdən asılıdır, yə`ni bədənin həyatı ruhdan asılıdır.

 

Və yenə də buyurubdur: Hər kim, hər işdə hansı niyyəti etmiş olsa, ona da çatacaqdır. Hər kəs Allaha və Peyğəmbərinə doğru hicrət etsə, hicrəti Allaha və Peyğəmbərinə doğru olacaqdır. Hər kəs dünya malına sahib çıxmaq və ya bir qadınla evlənmək üçün dünyaya tərəf hicrət etsə, onun hicrəti həmin səmtə də olacaqdır.

 

Və amma, qürbət qəsdi isə görülən xeyir bir iş hər zaman kamalın əldə edilməsini tələb edər. Necə ki, Allah-taala buyurur: Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyə, yaxud yaxşılıq etməyə və ya insanlar arasında sülh yaratmağa əmr edən şəxsin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən şəxsə (axirətdə) böyük mükafat verəcəyik!

  
Dördüncü fəsil  
Sidq 

Allah-taala sidq barədə buyurur: Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) sadiq olanlardan olun (Peyğəmbər və onun səhabələri ilə birlikdə olun!)

 

Sidqin lüğətdəki mə`nası doğru danışmaq və əhdə vəfa anlamındadır. Amma burada murad həm danışıqda, həm niyyətdə, həm qərara gəlməkdə, həm verdiyi əhd-peymana vəfa etməkdə ümumiyyətlə həyatda qarşılaşdığı bütün hallarda doğru-düzgün olmaq mə`nasındadır. Siddiq o kəsdir ki, sadaladığmız bütün hallarda sidq onun məsləkinə, adətinə çevrilmiş olsun; belə ki, heç bir yerdə xilaf işin eyni və əsəri onda müşahidə edilməsin. Aqillər və alimlər demişlər: Əgər bir kəs belə olsa, onun yuxusu da doğru olacaqdır və göstərilən bu ayə də onların şə`nində nazil olmuşdur: Mö`minlər içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar...

 

Siddiqləri peyğəmbərlər və şəhidlərlə bir sırada tutmuşlar. Allah-taala buyurur: Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın ne`mətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar), e`tiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar.

 

İbrahim və İdris kimi böyük peyğəmbərləri siddiq sifəti ilə vəsf etmişlər: Həqiqətən, o, (İbrahim) büsbütün doğru danışan bir zat-bir peyğəmbər idi.

 

Həmçinin bə`zi peyğəmbərlər haqqında da buyurmuşdur: Biz onlara doğru danışan və yüksək dərəcəli dil qərar verdik.

 

Düzgünlük və sədaqət məqsədə çatmaq üçün ən yaxşı yol olduğu üçün, məqsədə çatmaq yolunda müstəqim yolla seyri-süluk edən şəxs ən ümidverici kəs olacaqdır, inşaallah.

  
Beşinci fəsil  
İnabət (tövbə)  

Allah-taala inabət haqqında buyurur: Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun.

 

Tövbə Allaha üz tutmaq, Ona doğru qayıdış mə`nasındadır. Tövbə üç cür olur:

 

1. Qəlblə olan tövbə; Bu tövbədə insanın qəlbi həmişə Allahla olmalıdır və insan düşüncəsində, çıxarmaq istədiyi qərarda Allaha yaxınlaşmağı tələb etməlidir. Necə ki, Allah buyurur: Rəbbinin hüzuruna haqqa dönən qəlblə qayıtdı.

 

2. Dillə olan (sözlə) tövbə; Bu tövbədə insan daimən Allahı zikr etməklə, Onun ne`mətlərini, Ona yaxın bəndələri yad etməklə məşğul olur. Allahın buyurduğu kimi: (Bu ne`mətləri) ancaq tövbə edib Rəbbinə dönən kimsə yad edər.

 

3. Əməli tövbə. Tövbənin bu bəndində insanın etdiyi işlər və ibadətlər Allaha qürbət qəsdi ilə olur, məsələn, vacib və müstəhəbbi namazlar, müqəddəs ziyarətgahlara getmək, Allah bəndələrinə ehsan, sədəqə vermək, insanlara mənfəət verib, zərəri onlardan dəf etmək, müamilədə düzgün olmaq, özü və ailəsi ilə insaflı davranmaq və xülasə şəriətin bütün hökmləri Allaha yaxınlaşmaq, Onun razılığını cəlb etmək qəsdi ilə olmalıdır. Allah da bu barədə buyurur: Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (Onlara deyiləcəkdir): Bu, və`d olunduğunuz cənnətdir. O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan, Rəbbindən Onu görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönən qəlblə gələn bəndə üçündür! Ora sağlıqla, əmin-amanlıqla daxil olun. Bu əbədiyyət günüdür! Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (mö`minlərin təsəvvür edə bilmədikləri ne`mətlər, o cümlədən Allahın camalına tamaşa etmək və s.) mövcuddur!

  
Altıncı fəsil  
İxlas 

Allah-taala ixlas barəsində buyurur: Halbuki onlara əmr edilmişdi Allaha dinlərini xalis edərək, (yalnız Allaha məxsus edərək) digər bütün batil dinlərdən islama dönərək ibadət etsinlər...!

 

Fars dilində ixlas məxsus qılmaq mənasındadır, yə`ni bir şeyi yanaşı olduğu və ya qarışdığı başqa bir şeydən paklamaq, ayırmaq. Amma burada ixlas o deməkdir ki, insanın dediyi, gördüyü hər bir iş Allah dərgahına qürbət qəsdilə, xas və xalis [şəkildə] Allah üçün olsun, belə ki, hər cür dünya və axirət qərəzindən pak olsun.

 

Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur...

 

İxlasın ziddi odur ki, ona başqa bir qərəz qarışsın, məsələn vəzifə, mal-dövlət istəyi, şöhrət arzusu və ya axirət savabı tamahı, və ya cəhənnəm əzabından qurtulmaq istəyi. Bunlar hamısı şirkdir. Şirkin özü iki növdür: aşkar və gizli. Aşkar şirk bütpərəstlikdir, yerdə qalan hamısı gizli şirkdir. Peyğəmbəri-əkrəm (s) buyurur: Mənim ümmətim arasında şirkin niyyəti, zülmət gecədə qara daşın üstündə gəzən qara qarışqanın hərəkətindən gizlidir.

 

Seyri-süluk yolunda kamal sorağında olan üçün şirk ən pis maneədir. Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!

 

Elə ki, gizli şirk aradan qalxdı, süluk və ona nail olmaq asan olacaqdır. Hədislərin birində deyilir ki, Kim qırx gün işlərini və ibadətini Allah üçün ixlasla yerinə yetirsə, hikmət bulağı qəlbindən qaynayıb dilinə cari olar.

  
İKİNCİ BAB  
Seyri-süluk yolunda maneələrin aradan qaldırılması.  

Bu bab altı fəsildən ibarətdir:

 

Birinci fəsil Tövbə.

 

İkinci fəsil Zöhd.

 

Üçüncü fəsil Fəqr.

 

Dördüncü fəsil Riyazət.

 

Beşinci fəsil Mühasibə və müraqibə.

 

Altıncı fəsil Təqva.

  
Birinci fəsil  
Tövbə 

Allah-taala tövbə barəsində buyurur: Ey mö`minlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.

 

Tövbənin mə`nası günahdan dönməkdir. Hər şeydən öncə bilməliyik ki, günah nədir, sonra ondan dönməliyik. Bilməlisiniz ki, insanın işləri beş növdür:

 

1. Hökmən görüləcək və tərki cayiz olmayan iş (vacib)

 

2. Hökmən görülməyəcək və görülməsi cayiz olmayan iş (haram)

 

3. Görülməsi görülməməsindən daha üstün olan iş (müstəhəb)

 

4. Görülməməsi görülməsindən daha üstün olan iş (məkruh)

 

5. Görülməsi və görülməməsi bərabər olan iş (mubah)

 

Beləliklə günah birinci bəndə görə görüləcək işin görülməməsi, ikinci bəndə görə isə görülməyəcək işin görülməsidir. Bu işlərdən tövbə etmək bütün aqillərə vacibdir. Burada günah dedikdə, yalnız dillə və əməllə olan günahlar deyil, hər bir aqil insanın ixtiyarı və iradəsilə baş tutan bütün fikri və əməli günahlar nəzərdə tutulur. Və amma üçüncü növ əməlin yə`ni müstəhəb əməlin tərki və dördüncü növ əməlin yə`ni məkruhun görülməsi tərki-övla adlanır. Mə`sumlar üçün övlanın tərki bəyənilməzdir. Onlar bu işlərdən tövbə etməlidirlər. Seyri-süluk əhlinin məqsədi Haqq-Taala olduğu üçün, onların Allahdan qeyrisinə diqqət yetirmələri günah sayılır və bu işdən tövbə etməlidirlər.

 

Deməli tövbə üç növdür:

 

1. Bütün bəndələrə şamil olan ümumi tövbə.

 

2. Mə`sumlara aid olan xas tövbə.

 

3. Seyri-süluk əhlinə şamil olan əxəsss tövbə.

 

Ümmətin günahkarlarının tövbəsi birinci növdən, Həzrət Adəm və digər peyğəmbərlərin tövbəsi ikinci növdən və bizim peyğəmbərimizin (s) tövbəsi ki, buyurur: Həqiqətən də mənim qəlbimə qubar oturur və mən (buna görə) hər gün yetmiş dəfə istiğfar edirəm. üçüncü növdəndir.

  
Ümumi tövbə 

Ümumi tövbə iki şərtə əsaslanır:

 

1. Bütün işlərdən agah olub, hansı işin kamala çatmağa, hansı işin nöqsana səbəb olduğunu bilmək. Əlbəttə, kamal şəxslərə nisbətdə cürbəcür olur; bə`ziləri üçün kamal əzabdan qurtulmaqdır, bir başqası üçün savaba çatmaqdır, digəri üçün Allah-taalanın razılığını əldə etmək, Ona yaxın olmaqdır.

 

Nöqsan da eynilə kamalın müqabilində duraraq neçə qismə bölünür; bə`ziləri cəzaya səbəb olur, bə`ziləri insanı savabdan məhrum edir və bə`ziləri də Allahın qəzəbinə səbəb olur ki, həmin Allahın lə`nətindən ibarətdir.

 

2. Kamalın faydalı olduğuna, yə`ni Allah rizasının bu işdə olduğuna və nöqsanın zərərli olduğuna, yə`ni Allahın qəzəbinə səbəb olduğuna vaqif olmaq.

 

Bu iki şərtə yiyələnmiş hər aqil şəxs günah etməz və əgər birdən günah etmiş olsa da, tez tövbə edər.

  
Tövbənin əldə edilməsinin keyfiyyəti 

Tövbə üç şəkildə həyata keçir:

 

1. Keçmiş zamanla müqayisədə tövbə;

 

2. İndiki zamanla müqayisədə tövbə;

 

3. Gələcək zamanla müqayisədə tövbə;

  
Keçmiş zamanla müqayisədə tövbə 

Keçmiş zamana nisbətdə tövbə iki qisimdir:

 

1. Keçmişdə gördüyü günaha görə insanın həddən artıq peşmançılıq və təəssüf hissi keçirməsi. [Tövbənin] bu şəkli digərini icab edər. Bu səbəbdən Peyğəmbər (s) buyurur: Peşmançılıq özü tövbədir.

 

2. Keçmişdə gördüyü günahların əvəzini çıxmaq ki, bu da üç növə ayrılır:

 

1) Allahın əmrindən boyun qaçırmaqla nəticələnən günah iş (Allaha nisbətdə edilən günah);

 

2) İnsanın özünü Allahın qəzəbinə düçar etməklə, nöqsana sürükləməklə nəticələnən günah (Özünə nisbətdə etdiyi günah);

 

3) İnsanın dili və ya əməli üzündən başqasının zərəri ilə nəticələnən günah. (Başqasına nisbətdə edilən günah);

 

Və amma, insan başqaları haqqında etdiyi günahın əvəzini ödəməlidir. Nə qədər ki, başqasının haqqını özünə qaytarmayıb süluk yoluna qədəm qoya bilməz. Əgər başqasının haqqını dili ilə tapdalamışsa, gedib ondan üzr istəməlidir və ya əvəzini ödəməlidir və ya bir yolla onu özündən razı salmalıdır. Əgər başqasının haqqını əməli olaraq tapdamışsa, onda haqqında günah etdiyi şəxsin haqqını əgər sağdırsa özünə, yox əgər dünyadan köçmüşsə onun varislərinə qaytarmalıdır və ya mümkün yolla onların razılığını əldə etməlidir və nəzərdə tutulan cəzanı çəkməlidir.

 

Əgər bir kəsi öldürmüş olsa, ölü yiyəsinin razılığını əldə etməlidir, çünki ölmüş şəxsdən razılıq almaq qeyri-mümkündür. Əgər bu şərtləri və tövbənin digər şərtlərini əldə etsə, Allah-taalanın axirətdə onu öz hüdudsuz rəhmətinə şamil edəcəyinə ümidvar olsun.

 

Və amma özü haqqında etdiyi günahın əvəzini ödəmək üçün tə`yin edilmiş dini və dünyəvi cəzaları ödəməlidir.

 

Və amma Allahın haqqında etdiyi günahların əvəzini ödəmək üçün ağlayıb-sızlamaqla Allah dərgahına üz tutmalı, ibadətə və riyazətə məşğul olmalıdır. Əlbəttə, bu şərtlə ki, özü və başqaları haqqında etdiyi günahların əvəzini ödəmiş olsun.

  
İndiki zamanla müqayisədə edilən tövbə 

İndiki zamanla nisbətdə tövbə iki cürdür:

 

1. Hal-hazırda mürtəkib olduğu günahı Allaha qürbət qəsdi ilə tərk etsin.

 

2. Başqası haqqında etdiyi sitəm və haqsızlıqdan əl çəkib həmin kəslər haqqında etdiyi zülmün, haqsızlığın əvəzini ödəsin.

  
Gələcək zamanla müqayisədə edilən tövbə 

Gələcək zamanla da nisbətdə tövbə iki cürdür:

 

1. Etdiyi günahı gələcəkdə bir daha təkrarlamayacağına qəti qərar verməsi; hətta onu öldürsələr, yandırsalar belə [bir daha həmin günaha bulaşmamalıdır.] İstər öz ixtiyarı ilə olsun, istər zorla olsun, bir daha həmin günahı etməyə razı olmamalıdır.

 

2. Özünə söz verməlidir ki, gələcəkdə etdiyi tövbəsini sındırmayacaq, verdiyi sözünün üstündə duracaqdır. Hətta sözünün üstündə dura bilməsi və bir daha həmin günaha düşməməsi üçün, həmin günaha qayıtdığı təqdirdə nəzir verəcəyini və ya kəffarə ödəyəcəyini və ya həmin günahdan saxlayacaq digər maneə növünü özü ilə şərt kəsə bilər.

 

Nə qədər ki, öz sözündə qəti olmayıb və ya fikrində həmin günaha qayıtmaq ehtimalı olsa, sabitqədəmlik əldə edilməyəcəkdir. Bu şərtləri Allaha qürbət qəsdi ilə etməlidir ki, Peyğəmbəri-əkrəmin (ə) buyurduğu: Günahdan tövbə edən kəs, heç bir günahı olmayan kəs kimidir zümrəsinə daxil olsun.

 

Bütün bu dediklərimiz ümumi tövbə ilə əlaqədar idi.

 

Allah-taala bu camaat haqqında buyurub: Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün.

 

Və həmçinin buyurmuşdur: Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edər.

  
Xas və əxəss tövbə 

Xas tövbə övla işin tərk edilməsini bildirən tövbədir. Bu tövbənin şəraiti də ümumi tövbədə yad edilən kimidir. Allah-taala bu barədə buyurmuşdur: Allah çətin saatda bir qismin ürəyi (şəkk-şübhəyə düşüb peyğəmbərdən və cihaddan) dönmək üzrə ikən Peyğəmbərə (s), onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi.

 

Və amma əxəss tövbə iki şeyə nisbətdə hasil olur:

 

1. Salikin tutduğu yoldan qeyrisinə iltifatından və diqqətindən tövbə etməsi. Bu barədə demişlər: Sağ və sol hər iki tərəf azdırıcıdır.

 

2. Seyri-süluk əhlinin keçməsi vacib olan mərhələdən enməsi və o mərhələdə dayanmasından edilən tövbə. Onların orada dayanması günah sayılır. Yə`ni kamalın bir mərhələsini başa vurmaqla kifayətlənməməli, həmin mərtəbədə qalmaqla razılaşmamalıdır ki, bu iş onlar üçün günah hesab olunur. Buna görə də demişlər: Yaxşıların bəyənilən işləri müqərrəblər üçün günah hesab olunur

 

Bunun üçün də seyri-süluk əhli kamalın hər mərhələsinə yetişdikdə daha yüksək mərhələyə diqqət yetirməli, həmin mərhələdə dayanmağı özlərinə günah bilməlidirlər. [Əgər belə bir günahla qarşılaşmalı olsalar] tövbə, istiğfar, israrın tərki, keçmişdə buraxdıqları səhvlərdən peşmançılıq və Allah dərgahında ağlayıb-sızlamaqla özlərini paklamalıdırlar.

 

Kim Allaha tövbə etsə və xalis bəndə olsa, Allah da onun üçün olar. Allah (günahından) tövbə edənləri, təmiz və pak olanları sevər!

  
İkinci fəsil  
Zöhd 

Allah-taala zöhd barəsində buyurur: (Kafirlərin) bə`zi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə) Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha baqidir. (Sürəklidir, əbədidir.) Zöhd rəğbətsizlik mə`nasındadır. Zahid o kəsdir ki, dünyaya aid olan işlərə yeməli, içməli, geyməli, mülk, şəhvət, ləzzət, mal-dövlət, vəzifə, dövlət başçılarına yaxınlaşmaq və bir sözlə ölüm vasitəsilə insanın əlindən çıxacaq heç bir şeyə rəğbəti olmasın. Əlbəttə bu rəğbətsizlik imkansızlıq və yoxsulluq, və ya cahillik və nadanlıq, ya qərəz və ya bu işin müqabilində hansısa əvəz qəsdi ilə olmamalıdır. Hər kəs bu deyilənlərə dünyəvi olduqları üçün e`tinasız olsa zahid adlanır. Amma Həqiqi zahid o kəsdir ki, yuxarıda deyilənlərdən əlavə, hətta onun cəhənnəm əzabından nicat tapmaq və cənnət savabına çatmağa da tamahı olmasın. Onun zahidliyi ancaq vücudunda həmişəlik yer alacaq fayda və bərəkət xatirinə olmalı, dünyəvi və axirəvi tamahlara, ümidlərə və ya qərəzlərə aludə olmamalıdır.

 

Mələkənin, yə`ni hansısa sifətin insanın vücudunda adətə çevrilməsi və yer tutmasının əldə edilməsi belədir ki, insan özünü nəfsani istəklərdən saxlamalıdır və nəfsini çətin işlərlə məşəqqətə salmalıdır ki, qərəzi tərk etmək iradəsi onda möhkəmlənsin.

  
Zahidlərdən biri haqqında hekayət 

Deyirlər ki, bir nəfər zahid otuz il imiş ki, kəllə-paça və faludə satırmış, amma heç vaxt özü ondan bir tikə də olsun belə yemirmiş. Bunun səbəbini soruşduqda deyir: Bir gün ürəyimdən kəllə-paça yemək həvəsi keçdi. Nəfsimə qulaqburması olsun deyə kəllə-paça satmağı özümə peşə seçdim ki, hər zaman ixtiyarımda olmasına baxmayaraq ondan dilimə vurmayım və beləliklə də heç bir ləzzətə meyl göstərməyim.

 

Dünyada cəhənnəm atəşindən nicat tapmaq və ya behişt savabına çatmaq xatirinə zahidlik edən kəs, o kəsə oxşayır ki, alçaqlığın həddindən, həddən artıq ac olmasına baxmayaraq qonaq gedəcək deyə heç bir şey yemir ki, qonaqlığa gedəndə daha çox yeyə bilsin! Və ya o kəsə oxşayır ki, daha artıq fayda götürmək üçün alış-verişə məşğul olub ticarət edir. Halbuki həqiqət yolunda (seyri-sülukda) insan [onu məqsəddən yayındıracaq] məşğələləri kənara qoymaqla zahidlik etməlidir ki, başı başqa şeyə qarışmasın və hədəfdən yayınmasın.

  
Üçüncü fəsil  
Fəqr 

Allah-taala fəqr barədə buyurur: Acizlərə, xəstələrə və sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah yoxdur

 

Fəqir o kəsə deyirlər ki, ya heç malı, pulu yoxdur ya da olsa da, onun xərclərini ödəyəcək həddə deyil. Amma burada fəqir dedikdə biz o kəsi nəzərdə tuturuq ki, mal-dövlətə, dünyəvi işlərə rəğbəti olmasın və əgər əlinə mal-dövlət də keçmiş olsa, onu toplamağa səy etməsin. [Əlbəttə dediyimiz bu fəqirlik] nə nadanlıq üzündən, nə maneə və qəflət üzündən və ya nə şəhvətə, şöhrətə, məşhurlaşmağa görə, özünə yaxşı ad qazanmaq tamahı ilə və ya cəhənnəm əzabının qorxusu, ya axirət savabının şövqü ilə olmamalıdır. [Bu yerdə] fəqirlik dünyaya e`tinasızlıq deməkdir; belə ki, fəqirlik həqiqət yolunun yolçuları üçün lazımlı şərtlərdən olub Allahın haqqına riayət etməyə və gözləməyə məşğul olmaqdır ki, Allahdan qeyri heç bir şey onlar üçün hicaba çevrilməsin. Bu fəqr, həqiqətdə zöhdün bir şö`bəsidir.

 

Peyğəmbəri-əkrəm (s) buyurur: Sizə cənnət əhlinin hökmdarlarından xəbər verimmi? Dedilər: Bəli. Buyurdu:Saçları qarışmış, üzlərinə qubar oturmuş, camaatın e`tina etmədiyi bütün zəiflərdir (onlar!) əgər Allaha and versələr, Allah dualarını qəbul edər.

 

O Həzrətə (s) deyəndə ki: Bətha və Məkkə torpaqları qızıl ilə doludur, əgər istəyirsənsə sənə verək. Cavabında buyurdu: Xeyr! [Bəlkə belə yaxşıdır ki,] bir gün ac oluram, ehtiyac əlimi Sənə uzadıram və bir gün tox oluram Sənə şükür edirəm.

  
Dördüncü fəsil  
Riyazət 

Allah-taala riyazət barəsində buyurur: Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinin istəyini (şəhvət) boğmuşsa, həqiqətən, onun yurdu cənnətdir!

 

Riyazətin lüğəvi mə`nası heyvanı ram etmək, onu xoşagəlməz hərəkətlərdən çəkindirmək və sahibinin verdiyi bütün buyruqlara onu adət etdirməkdir. Bizim də burda məqsədimiz riyazət dedikdə, heyvani nəfsin şəhvət və qəzəb qüvvəsində və bu iki qüvvəyə aid olan şeylərdən itaətinə mane olmaq və [həmçinin] natiqə nəfsin heyvani qüvvəyə, mal toplamaq, vəzifəyə olan hərislik və bu hərislikdən törənə biləcək hiylə, məkr, qeybət, təəssüb, qəzəb, kin, həsəd, fisq, şər işlərdə batıb qalmaq və xoşagəlməz adətlər kimi əxlaqi rəzilətlərə və əməllərə tabe olmağının qarşısını almaqdır.

 

Və həmçinin, riyazət dedikdə məqsədimiz, mümkün kamala çatmaq yolunda nəfsin, əql və əməldən itaətini adətə çevirməkdir. Və amma şəhvət qüvvəsinə tabe olan nəfsə bəhimi deyərlər, qəzəb qüvvəsinə tabe olan nəfs səbu`i deyərlər və əxlaqi rəzilətləri özündə adətə çevirmiş nəfsi şeytani adlandırarlar.

 

Allah Qur`anda bu üç nəfsi əmmarə nəfs adlandırmışdır. [Əlbəttə] əgər bu rəzilətlər nəfsdə sabit olmuş olsa, amma əgər sabit olmasa və ya hərdən insanda gah xeyirə, gah da şərə təmayül etsə və ya xeyirə meyilli olub, şərə meyillilikdən peşman olsa və özünü danlasa, o nəfsə ləvvamə nəfs demişdir.

 

Və amma əqlə tabe olub xeyir tələbini özündə adətə çevirmiş nəfsi mütməinnə nəfs adlandırmışdır.

  
Riyazətdə insanın hədəfi 

Riyazətdə insanın qərəzi üç şeydir:

 

1. Haqqa qovuşmaq yolunda zahiri və batini maneələrin aradan qaldırılması;

 

2. Kamalın tələbi məqsədilə heyvani nəfsin əməli əql qarşısında müti edilməsi;

 

3. Mümkün kamala çatmaq məqsədilə ilahi feyzin qəbulu yolunda insani nəfsin sabitliyə adət etdirilməsi;

  
Beşinci fəsil  
Mühasibə və müraqibə 

Allah-taala mühasibə və müraqibə haqqında buyurur:Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da çıxarmasanız da Allah ona müvafiq sizinlə haqq-hesab çəkər.

 

Mühasibə lüğətdə kiminləsə hesablaşmaq və müraqibə (bir şeyi qoruyaraq, əmanət olaraq) saxlamaq mə`nasındadır. Mühasibə dedikdə bizim məqsədimiz budur ki, insan itaətini və günahını hesab etsin, görsün hansı daha çoxdur. Əgər itaəti çox olsa, baxıb görsün itaətinin günahdan çox olması Allahın onun haqqında lütf etdiyi ne`mətlərə nisbətdə nə qədərdir. İnsanın vücudunun özü elə bir ne`mətdir ki, onun əzalarının yaradılışında saysız hikmətlər gizlənmişdir; belə ki, təşrih elminin alimləri öz fəhmləri və elmləri tutumunda neçə-neçə kitablarda onu şərh etmişlər. [Amma buna baxmayaraq] dəryadan bir qətrəni belə başa düşə bilməmişlər. [İnsanın vücuduna diqqətlə nəzər salsaq] nəbati və heyvani nəfs qüvvələrində çoxlu faydaların mövcud olduğunu görəcəyik, [insanın ruhuna nəzər salsaq] Allahın onu, mə`qulatı və elmləri öz zatı ilə necə də dərk edən, məhsusatı necə fəhm edən olaraq yaratdığını müşahidə edəcəyik, ə`za və qüvvələrini idarə edə bilməsi üçün ixtiyarında alətlər qoyduğuna şahid olacağıq. Həmçinin [Allah] ilk yaradılışdan insanın ruzisini müəyyən, onun inkişaf və bəslənməsi vasitələrini həm yuxarı aləmdən, həm də bu dünyadan hazır etmişdir.

 

Belə olan surətdə əgər [günahına nisbətdə ağır gələn] itaətini Allahın bütün bu ne`mətləri və digər sayagəlməz ne`mətlərilə müqayisə etsə, bütün hallarda özünün təqsirli olduğunu görəcəkdir. Necə ki, Allah buyurmuşdur:

 

Əgər Allahın ne`mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz.

 

Və amma, əgər onun itaəti və günahı bir həddə, bərabər olsa, bilməlidir ki, bu ne`mətlərin müqabilində heç bir bəndəlik etməmişdir və [belə olan halda] öz təqsirini aşkar görəcəkdir.

 

Və amma, əgər günahı itaətindən çox olmuş olsa.., vay halına!

 

Yenə vay halına! Buna görə də kamalın tələbində olan əgər özü ilə bu cür mühasibəni aparsa, onda itaətdən başqa bir şey olmayacaqdır. Və baxmayaraq ki, ancaq itaət edir yenə də özünü müqəssir görəcəkdir. Buna görə də Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: Sizi mühasibəyə çəkməmişdən öncə özünüzü mühasibə edin.

 

Əgər bir kəs özünü mühasibə etməsə günah bataqlığına düçar olar, bu ayənin əsasında ki, buyurur: Heç kəsə əsla haqsızlıq edilməz. Bir xaldal dənəsi ağırlığında olsa belə, onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik! [onu haqq-hesaba çəksələr] mühasibə vaxtı şiddətli əzaba və böyük ziyana düşər. [Belə bir andadır ki]: Heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın... Belə bir gündən Allaha pənah aparırıq!

 

Və amma müraqibə, insanın yaxşı əməllərini batil edəcək hərəkətlərin baş verməməsi üçün batinini və zahirini həmişə qoruyub saxlamasıdır, yə`ni həmişə öz əhvalına diqqət yetirməlidir ki, məbada gizlində və aşkarda günah iş görər, ya istər kiçik, istər böyük bir şey onu haqq yolun yolçuluğundan saxlayar. Bu ayəni həmişə xatirində saxlamalıdır ki, buyurur: Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ondan qorxun.

 

Beləliklə də [seyri-süluk yolunda insan] vüsal mərhələsinə, məqsədinə nail olar.

 

 

والله یوفق من یشاء من عباده انه هو اللطیف الخبیر

  
Altıncı fəsil  
Təqva 

Allah-taala təqva barəsində buyurur: ...Allah yanında ən hörmətli olanınınz Allahdan ən çox qorxanınızdır.

 

Təqva [insanın] Allahın qəzəbindən və dərgahından uzaq düşmək qorxusu vasitəsilə günahlardan çəkinməsi mənasındadır. Necə ki, sağalmaq istəyən xəstə onun səhhətinə zərərli və xəstəliyini artıracaq şeylərdən çəkinməlidir ki, müalicəsi baş tutsun və [müsbət] nəticə versin. Kamal tələbində olan insanlar da kamalla tərs gələn və ya kamalın əldə edilməsinə əngəl törədən və ya saliki kamal yolundan saxlayan şeylərdən çəkinməlidirlər ki, bu yolda müsbət nəticə əldə edə bilsinlər. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər.

  
Təqvanı təşkil edən ünsürlər 

Həqiqətdə təqva üç şeydən təşkil olunmuşdur:

 

1. Xof;

 

2. Günahdan çəkinmək;

 

3. Allaha yaxınlaşmaq tələbi;

 

Bunların hər birinin şərhi bu risalədə yeri gəldikcə dolğun şərh ediləcəkdir. Qur`an və hədislərdə təqvaya geniş yer verilmişdir və müttəqilər haqqında çoxlu söz söylənilmişdir. Biz bu yığcam risalədə onların hamısını yad etmək iqtidarında deyilik. Təqvanın son hədəfi Allah-Taalaya məhəbbətdir.

 

Xeyr (elə deyildir.) hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər.

  
ÜÇÜNCÜ BAB 

Seyri-süluk, kamalın tələbi və salikin əhvalını bəyan edər və altı fəsildən ibarətdir:

 

Birinci fəsil Xəlvət.

 

İkinci fəsil Təfəkkür.

 

Üçüncü fəsil Xof.

 

Dördüncü fəsil Rəca.

 

Beşinci fəsil Səbir.

 

Altıncı fəsil Şükür.

  
Birinci fəsil  
Xəlvət 

Allah-taala xəlvət barəsində buyurur: Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) kəsləri boşla getsinlər.

 

Həqiqi elmlərdə sübuta yetmişdir ki, ilahi feyzi qəbul etməyə iste`dadı olan hər bir zat, nə qədər ki, bu iste`dad var və maneə yoxdur, həmin feyzdən məhrum olmayacaqdır. İlahi feyzi o kəs tələb edə bilər ki, iki işdən agah olmuş olsun və bu agahlığı bütün hallarda həmin feyzin qəbulu iste`dadı ilə yanaşı saxlamış olsun.

 

1. Bilməlidir ki, qəti və şəksiz ilahi feyz var.

 

2. Bilməlidir ki, hər kəsdə o feyz olsa, [həmin feyz] o şəxsin kamalının zəminəsi olacaqdır.

  
Seyri-sülukün mühüm maneələri 

Bu müqəddimə aydın olandan sonra xatırlatmalıyıq ki, kamal tələbində olan şəxs ilahi feyz iste`dadına yiyələndikdən sonra [seyri-süluk] yolunda maneələrin aradan qaldırılmasına başlamalıdır. Bu maneələrin ən başlıcası məcazi məşğələlərdir ki, insanı Allahdan qeyri şeylərlə məşğul etməklə onu həqiqi məqsədə tam diqqət yetirməkdən saxlayır. İnsanı məşğul edən böyük maneələr ibarətdir:

 

1. Zahiri hisslər;

 

2. Batini hisslər;

 

3. Heyvani qüvvələr;

 

4. Məcazi fikirlər.

 

Zahiri hisslər [məsələn,] gözün görməsiylə insanı özünə çəkən mənzərələr, qulağın eşitməsiylə insanı yerindən oynadan səslər və həmçinin [burunla duyulan] xoş qoxular, [dadbilmə hissi ilə duyulan ləziz] yeməklər və [toxunmaqla] ləms edilənlər insanı [əsas hədəfdən yayındırıb] özünə məşğul edən məşğuliyyətlərdir.

 

Batini hisslər [məsələn,] məhəbbətə, nifrətə, [müxtəlif] surət və hallara və bu kimi şeylərə nisbətdə yaranan xəyal və vahimələr və ya keçmiş xatirələrin xəyalda canlanması və ya mal-dövlət, vəzifə kimi cazibəli görünəcək işlərdə fikrə dalmaq insanı özünə məşğul edən məşğuliyyətlərdir.

 

Heyvani qüvvələr [məsələn,] qorxu, qəm, qəzəb, şəhvət, xəyanət, xəcalət, [yersiz] qeyrət, [düzgün olmayan] rəqabətlər, acı hadisələrdən pəhriz etmək insanın məşğuliyyətinə səbəb olur.

 

Məcazi fikirlər [məsələn,] mühüm olmayan işlərdə və faydasız elmlərdə təfəkkür insanın məşğələsinə çevrilir.

 

Xülasə, insanın yersiz [məşğuliyyətinə,] kamalı yolunda hicaba səbəb olacaq bu kimi işlər maneə sayılır. Xəlvət bu cür maneələrin aradan qaldırılmasından ibarətdir. Beləliklə, xəlvət sahibi elə bir yer seçməlidir ki, zahiri və batini hisslər onu özünə məşğul edə bilməsin və heyvani qüvvələri də tərbiyə etməlidir ki, onu həmin qüvvələrə xoş gələn şeylərin cəzbinə və xoş gəlməyən şeylərin dəfinə təhrik etməsin. Məcazi fikirlərdən də külli olaraq üz döndərməlidir, çünki bu cür fikirlərin hamısı sonra fani dünyanın məsləhətinə görə olur, amma axirət məsləhəti bilinən işlərin sonu, insan ruhunda əbədi qalacaq ləzzətlərin əldə edilməsidir. [Salik] zahiri və batini maneələri, insanı Allahdan qeyri işlərə məşğul edən amilləri aradan qaldırdıqdan sonra bütün bacarığını, iradəsini işə salıb qeybi töfhələri və həqiqi zehniyyəti, yə`ni təfəkkürü ki, ayrıca fəsildə zikr olunacaq ələ gətirməyə çalışmalıdır.

  
İkinci fəsil  
Təfəkkür 

Allah-taala təfəkkür barəsində buyurur: Məgər onlar öz-özlərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Hərçənd təfəkkür üçün çoxlu mə`nalar söyləmişlər, amma onların hamısının xülasəsi bir cümlədə öz əksini tapır və o da budur ki: Təfəkkür, yə`ni insaniyyət batininin məbdədən məqsədə doğru seyri və alimlərin istilahında nəzər də bu mə`nadadır. Heç kəs seyr etmədən nöqsan mərtəbəsindən kamal mərtəbəsinə yetişə bilməz. Buna görə də demişlər: İlkin vacib, təfəkkür və nəzərdir. Qur`ani-məciddə də təfəkkürə təşviq edən ayələr çoxdur, onların hamısını [burada] saymaq mümkün deyil. Misal olaraq: Həqiqətən, bunda (bu yaradılışda) təfəkkür edən bir qövm üçün ibrətlər vardır!

 

Hədisdə deyilir: Bir saatlıq düşüncə və təfəkkür yetmiş illik ibadətdən üstündür.

 

Onu da deyək ki, seyrin məbdəsi, yə`ni haqqa doğru hərəkətin başlanğıc yeri varlıq aləmi və insanın vücududur. Və seyr bu mə`nadadır ki, afaqi və ənfusi ayələr, yə`ni varlıq aləminin hər zərrəsinin zərrəsində və insanın vücudunda tapılan hikmətlər onları Yaradanın əzəmət və kamalına bir nişanə olsun ki, bununla da ilahinin başlanğıc nuru hər bir zərrədə müşahidə edilsin: Onun (Qur`anın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, (varlıq aləmində) həm də onların öz vücudunda mütləq göstərəcəyik...

 

Ondan sonra aydın olur ki, Allahın müqəddəs vücudu Ondan qeyri hər bir şeyə və bu minvalla varlıq aləminin hər bir zərrəsində Onun zühurunun təcəllisinə şəhadət və nəzarət edir: (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!

 

Afaq ayələri mövcudatın (Allahdan qeyri hər bir şey) həqiqi dərkindən və bəşərin gücü həddində onların hər birinin vücudunun fəlsəfi anlamından ibarətdir. Bu dərk, asimanlar, ulduzlar, səma cisimlərinin hərəkəti, vəziyyəti və miqdarı, onların ölçüsü və təsirləri haqqında bəhs edən astronomiya elmi yolu ilə, həmçinin ünsürlərin tərkibi, malik olduqları keyfiyyət və surətləri əsasında təsir və əks təsirlərindən, ünsürlərin hasil olmasının keyfiyyətindən, bərk cisimlərin (mə`dən filizləri), bitkilərin, heyvanların tərkibindən bəhs edən təbiətşünaslıq elmi yolu ilə və eləcə də göy və yer mövcudatını, başlanğıc hərəkətini, tə`sir və əks tə`sirlərini, onların xüsusiyyət və müştərək yönləri və ədəd, riyaziyyat elmi və onlara aid bölmələr kimi elmləri öyrənmək yolu ilə ələ gəlir. Bunların hamısının dərki afaq ayələri adlandırılır.

 

Və amma ənfus ayələri təşrih elmi (fiziologiya və psixologiya) vasitəsilə cismin və ruhun (fiziki və psixoloji) dərkindən ibarətdir. İnsan cismi sümüklər, əzələlər, sinir sistemi və damarlar kimi tək (sadə) üzvlərə, əmr verib, əmr alan üzvlər kimi mürəkkəb üzvlərə malikdir ki, onların hər biri [müxtəlif]alət və vasitələrə, qüvvələrə, xüsusi vəzifələrə, sağlamlıq və xəstəlik kimi halətlərə yiyəlik edirlər. Həmçinin insan ruhu cismlə əlaqədə təsir və əks təsirlərə, nöqsan və kamala, dünya və axirətə nisbətdə xoşbəxtliyə və bədbəxtliyə malikdir. Bunların hamısının dərki ənfus ayələri adlandırılır. Bura qədər dediklərimiz seyrin başlanğıcıdır və öndə gələn təfəkkür afaq və ənfus ayələrinin dərkindən ibarətdir. Amma kamalın ən ali mərtəbəsinə yetişməkdən ibarət olan seyrin sonu və məqsədi haqqında axırıncı fəsil və bablarda söhbət açacağıq.

  
Üçüncü fəsil  
Xof və hüzn 

Allah-taala xof və hüzn haqqında buyurur: Əgər mö`minsinizsə, Məndən qorxun!

 

Üləma [xov və hüznün fərqi barədə] demişdir: Hüzn əldən çıxmış bir şeyə nisbətdə olan qəm-qüssədir. Xof gözlənilən bir şeyə nisbətdə olan qorxudur.

 

Deməli hüzn, baş vermiş və qayıtması qeyri-mümkün olan acı bir hadisəyə nisbətdə və ya bir fürsətin, ya da düzəlməsi mümkün olmayan yaxşı bir işin əldən çıxmasına nisbətdə [yaranan] qəlbi narahatçılıqdan ibarətdir. Və amma xof, baş verməsi gözlənilən və onu yaradacaq amillərin ortaya çıxması mümkün olan acı bir hadisəyə nisbətdə və ya yaxşı bir işin əldən çıxmasına görə ki, sonradan düzəlməsi mümkün deyil olan nigarançılığa nisbətdə keçirilən qəlbi narahatçılıqdan ibarətdir. Beləliklə, əgər belə bir işin yaranmasına səbəb olacaq amillərin üzə çıxması qəti olsa və ya yaranmasına böyük bir ehtimal verilirsə bunu məkruh intizar adlandırırlar. Bu intizar ağır narahatçılıqlara səbəb olacaqdır. Amma belə bir işin baş vermə amilləri qəti olması və ancaq onun yarana bilmə fikri narahatçılığa səbəb olsa onun səbəbi malixuliyadır.

 

Və amma saliklərin xof və hüznü faydasız olmaz, çünki hüzn əgər günaha batmaq, ya itaətdən və ibadətdən uzaq düşmüş ömürün hədərə getməsi və ya seyri-süluku və kamalı tərk etmək üzündən olsa, belə hüzn insanın tövbə etməyə qərar çıxarmasına səbəb olacaqdır.

 

Xof əgər günaha batmaq, nöqsana düçar olmaq və yaxşıların dərəcəsinə çata bilməmək üzündən olsa, yaxşı işlər görməkdə sə`y etməyə, kamal yolunda irəliyə can atmağa səbəb olacaqdır.

 

Allah öz bəndələrini bununla qorxudur.

 

Seyri-süluk məqamında xofu və hüznü olmayan kəs, ürəyi daşlaşmış, qəsavət basmış adamdır.

 

Elə isə vay qəlbləri Allahın zikrinə (Qur`ana) qarşı sərt olanların halına! Onlar (haqq yoldan) açıq-aydın azmışlar.

 

Xofun aradan getməsilə seyri-süluk əsnasında hiss edilən hər cür əmin-amanlıq həlak olmağa səbəb olacaqdır. Allahın məkrindən, (onları dolaşdırıb bəla toruna salmayacağına) əmin idilərmi? Allahın məkrindən özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!

 

Amma kamal əhli artıq belə bir xof və hüznə möhtac olmazlar.

 

Bilin ki, Allah dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

 

Xof, xəşiyyət və rəhbətin fərqi. Baxmayaraq ki, lüğət baxımından xof və xəşiyyət bir mənadadır, amma seyri-süluk əhlinin istilahında onlar arasında fərq vardır. Çünki xəşiyyət alimlərə nisbət verilir, necə ki, Allah bu ayədə buyurur: Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar...

 

Cənnət də xəşiyyət əhlinə məxsusdur: Bu (cənnət) Rəbbindən qorxanlar üçündür

 

Amma onların xofu olmaz: Onlar qəm-qüssə görməzlər

 

Deməli xəşiyyət o qorxudur ki, Haqq-taalanın əzəmət və heybətini dərk etmək, öz nöqsanından xəbərdar olmaq, Haqqa bəndəlikdə qusurlu olmaq və ya übudiyyətdə ədəb-ərkanın tərk edilməsi ehtimalı, ya ibadətdə boşluğa yer vermək səbəbilə yaranır. Buna görə də xəşiyyət xofun xüsusi bir növüdür. Bu ayənin buyurduğu: Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxarlar. [məsəli də] dediklərimizə bir dəlildir. Və amma rəhbət məna baxımından xəşiyyətə yaxındır: Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar. Salik riza dərəcəsinə çatdığında onun xofu əmin-amanlığa çevrilər.

 

İman gətirib imanlarını zülmə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!

 

Nə acı bir işdən nigaran olarlar, nə də xoş bir işə rəğbət göstərərlər. Bu əmin-amanlıq kamalın səbəbinə olur, [çünki] öncə söylədiyimiz əmin-amanlıq nöqsana görə idi. Bu əmin-amanlığa sahib olanın xəşiyyəti də olur, o vaxta qədər ki, vəhdət nəzəri təcəlla tapır və belə olan halda xəşiyyətdən də bir əsər-əlamət qalmır, çünki xəşiyyət kəsrətin tələblərindəndir.

  
Dörcüncü fəsil  
Rəca` 

Allah-taala rəca` barəsində buyurur: Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar.

 

Əgər bir şəxs gələcək zamanda baş verəcək yaxşı bir işin intizarında olub bu ümidlə həmin yaxşı işin müqəddiməsi üçün çalışsa, nəticədə əldə edəcəyi şeyin təsəvvüründən və intizarından qəlbində bir növ fərəh, sevinc hissi baş qaldıracaqdır ki, [bu batini fərəhə] rəca` deyirlər. Əgər qəti olaraq müqəddiməni əldə etmiş olsa və bilsə ki, onun istəyi gələcəkdə hasil olacaqdır, onu mətlub intizar adlandırırlar. Belə olan halda [bu halın] fərəhi və sevinci də çox olacaqdır. Əgər müqəddimənin əldə edilməsinə yəqini və zənni olmasa, [amma istəyini əldə edəcəyinə ümidi olsa] bu intizarı təmənna adlandırırlar. Əgər qəti olaraq bilsə ki, müqəddimənin əldə edilməsi qeyri mümkündür və [bununla belə] istəyinin intizarında olsa, bu cür ümid qurur və axmaqlıq babından sayılar.

  
Xof və rəca` 

Xof və rəca` bir-birinin qarşılığıdır. (mütəqabil) Seyri-süluk məqamında, xofda olduğu kimi rəcanın da çoxlu faydaları vardır. Çünki rəca kamal dərəcəsində tərəqqiyə, mətləbə çatmaq yolunda sür`ətə bais olur. Necə ki, Allah-taala buyurur: Kasad olmayacaq bir ticarət umarlar ki, (Allah) onlara (əməllərinin) mükafatını versin və Öz lütfündən onlara artırsın!

 

Həmçinin rəca` [salikin] Allah-taalanın əfv və məğfirətinə xoşgüman olmasına və Onun rəhmətinə e`timad göstərməsinə zəmin yaradır: Onlar Allahın rəhmətinə ümidvardırlar.

 

Və amma həmin ümidin əsasında mətləbə çatmaq barədə [Allah-taala Həzrət Musaya (ə) xitabən] buyurmuşdur: انا عند ظن عبدی بی

 

Mən bəndəmin (Mənə etdiyi) gümanına uyğun hərəkət edirəm.

 

Bu məqamda rəca`nın olmaması bədbinliyə və ümidsizliyə səbəb olur, belə ki, Allah-taala buyurur: Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!

 

İblis də həmin ümidsizliyə görə əbədi lə`nətə gəlmişdir. [Ona görə də]:

 

Allahın rəhmətindən ümidsiz olmayın.

 

Amma elə ki, salik mə`rifət dərəcəsinə çatdı onun rəc`sı sona yetər,çünki artıq bilir ki, görməli olacaq işi görmüşdür, görməli olmayacaq işi görməmişdir. Bu təsəvvürlə, əgər onda rəca` yeri qalmış olsa, bu ya olmalılara və ya olmamalılara olan cəhalət üzündəndir, ya da bütün səbəblərin Səbəbkarına olan şikayətə görədir ki, niyə mətləbinə çatmayıbdır.

 

Əvvəlki fəsildən və bu fəsildən məlum oldu ki, salik nə qədər ki, [məqsədə yetməyib,] yoldadır, xof və rəca` halı ondan əskik olmaz: (Onlar...) qorxu və ümid içində Rəbbinə dua edərlər...

 

Çünki rəhmət və qəzəb ayələrini eşitmək, nöqsan və kamalın dəlillərindən agahlıq və hər birinin digərinin yerinə zühur etməsi ehtimalı və yolun sonunda məqsədə çatmaqdan məhrum olma və məqsədə yetmə ehtimalı bütün bunlar rəca` və xofa səbəb olurlar və bir tərəfin digər tərəfdən əskik və ya üstün olması imkansızdır. Elə buna görə də demişlər: Əgər mö`minin xof və ümidini tərəziyə vursanız, bərabər gələcəkdir. Çünki rəca` xofdan artıq gəlsə yersiz əmin-amanlığa səbəb olacaqdır: Məgər Allahın məkrindən əmin idilərmi?

 

Əgər xof rəca`dan üstün olsa məhvedici bədbinliyə və ümidsizliyə səbəb olacaqdır: Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!

  
Beşinci fəsil  
Səbir 

Allah-taala səbir barəsində buyurur: Səbir edin, çünki Allah səbir edənlərlədir!

 

Səbir lüğətdə, xoşagəlməz bir hadisə baş verdiyində insanların qərarsızlıqdan, səbirsizlikdən özünü saxlaya bilməsidir. Səbir edəndə insan qəlbini iztirabdan, dilini şikayətdən, bədən üzvlərini (artıq) hərəkətdən qorumuş olur.

  
Səbirin növləri 

Səbir üç növdür:

 

1. Avam səbiri. Bu, insanların özünü sün`i olaraq, yalandan səbirli göstərməsidir ki, zahirdə camaat, aqillər onu görüb bəyənsin: Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər.

 

2 Zahidlərin, abidlərin, təqvalıların, helm sahiblərinin səbiri ki, axirət savabına çatmaq xatirinə olar: Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbir edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!

 

3 Ariflərin səbiri. Ariflərdən bə`ziləri [onlara üz vermiş] acı müsibətlərdən ləzzət alarlar, çünki fikirləşərlər ki, Allah-taala onları bu bəlalara mübtəla etməklə digər bəndələrdən üstün qılmışdır və onlara xüsusi diqqət yetirmişdir: Səbir edən şəxslərə müjdə ver? O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: Biz Allaha məxsusuq və (vaxtı gələndə) Onun yanına qayıdacağıq! deyirlər.

  
Səbir haqqında bir hekayə 

Əsərlərin birində deyilir ki, Peyğəmbərin (s) böyük səhabələrindən biri olan Cabir bin Abdullah Ənsari ömrünün axır çağlarında zəifləyib əldən düşmüş idi. Həzrət Baqir (ə) ona baş çəkməyə gedir və əhvalını soruşur, Cabir deyir: Elə bir haldayam ki, qocalığı cavanlıqdan, xəstəliyi sağlamlıqdan, ölümü həyatdan daha çox sevirəm! İmam Baqir (ə) deyir: Mən beləyəm ki, əgər Allah məni qoca görmək istəsə, qocalığı daha çox sevərəm, əgər cavan görmək istəsə, cavanlığı daha çox sevərəm, əgər xəstə görmək istəsə, xəstəliyi, sağlam görmək istəsə, sağlamlığı daha çox sevərəm, əgər ölüm versə, ölümü, həyat bağışlasa, həyatı daha çox istəyərəm. Elə ki, Cabir bu sözləri eşitdi, qalxıb o Həzrətin (ə) alnından öpdü və dedi: Allahın rəsulu (s) düz deyirmiş ki, [ölməyib] mənim adımı daşıyan övladlarımdan birini görəcəksən. İnək yeri yardığı kimi, o da elmi yarar. و هو یبقر العلم بقـرا کما ...

 

Bu səbəbdən də onu əvvəlinci və axırıncı elmləri yaran adlandırmışlar. Dediyimiz dərəcələrə diqqət yetirməklə mə`lum olur ki, Cabir səbir əhlinin dərəcəsində imiş və Həzrət Baqir (ə) isə riza mərtəbəsində. Riza məqamının şərhi sonra veriləcəkdir, inşaallah.

  
Altıncı fəsil  
Şükür 

Allah-taala şükür barəsində buyurur: Şükür edənləri, əlbəttə mükafatlandıracağıq!

 

Şükür lüğətdə, ne`mət sahibinə, onun verdiyi ne`mətləri müqabilində qədirdanlıq, təşəkkür mə`nasındadır. Ən böyük ne`mətlər, bəlkə onların hamısı Allah tərəfindən olduğu üçün, ən yaxşı iş də Allaha şükürlə məşğul olmaq olacaqdır. Şükür etmək üç surətdə olur:

 

1. Ne`mətin dərki ki, afaq (dünya) və ənfusa (insan) şamil olur.

 

2. O ne`mətlərin əldə edilməsindən hasil olan şadlıq və sevinc.

 

3. İmkan daxilində ne`mət sahibinin razılığını əldə etməyə səy etmək. Bu razılığın əldə edilməsi, qəlbdə Ona olan məhəbbətlə, dildə və əməldə Allaha layiq şəkildə şükür etməklə, istər ibadətlə, istər itaətlə və istər də öz acizliyinə e`tiraf etməklə olsun, ne`mət sahibinin razılığını cəlb etməyə çalışmaqla hasil olur. Allah-taala buyurur: Əgər (Mənə) şükür etsəniz, sizə (olan ne`mətimi) artıracağam. Rəvayətdə deyilir ki: İmanın yarısı səbir, o biri yarısı şükürdür. Çünki salik həmişə iki haldan xaric deyil, ya xoşagəlməz bir işlə qarşı-qarşıyadır, ya da xoşagəlimli bir işlə üz-üzədir. Deməli xoşagəlimli işə görə şükür etməli, xoşagəlməz işə görə isə səbir etməlidir. Səbirin qarşısında səbirsizlik, qərarsızlıq durduğu kimi, şükürün də qarşısında küfr (nankorluq) dayanır. Küfr, küfranın bir növü sayılır: Əgər nankorluq etsəniz, (unutmayın ki,) Mənim əzabım, həqiqətən şiddətlidir!

 

Buradan mə`lum olur ki, şükürün dərəcəsi, səbirin dərəcəsindən üstündür; çünki, şükür həm ürəklə, həm dillə, həm də başqa bədən üzvləri ilə olur və bütün bunların özü də Allahın ne`mətləridir. Şükür etmək üçün bu ne`mətlərdən istifadə edə bilmənin özü də başqa bir ne`mətdir. Beləliklə, əgər, hər bir ne`mətə şükür etmək istəsə, həmin ne`mətə şükür edə bildiyi üçün də başqa bir şükür etməlidir ki, [bu minvalla] söz uzunluğa çəkər. Elə ən yaxşısı budur ki, şükürün əvvəli və axırı acizliyə, zəifliyə e`tirafla yanaşı olsun. Şükürü yerinə yetirməkdə aciz olduğuna e`tiraf etməyin özü böyük bir şükürdür, necə ki, sitayiş etməkdə acizliyə e`tiraf etmək böyük sitayişdir. Buna görə də demişlər: Sənə sitayişi saymaq imkansızdır, Sən elə bilirsən ki, Özün-Özünü sitayiş etmişsən və Sən, Sənin haqqında deyilənlərdən üstünsən.

 

Təslim əhli üçün şükür tamamlanmışdır, çünki şükür, ilahi ne`mətlərin əvəzini ödəməyə şamil olur. O kəs ki, bəndəlik məqamında özünü görmür, bəs, necə ola bilər ki, hər şeyin Özü olan Allahın qarşısında zahir olsun?! Buna görə də şükürün ən son nöqtəsi odur ki, şükür edən həm özünü, həm də ne`mət sahibini vücuda malik bilsin.

  
DÖRDÜNCÜ BAB 

Hərəkət əsnasında, məqsədə yetənə qədər salik üçün baş verəcək halları zikr edər. Bu bab altı fəsildən ibarətdir:

 

Birinci fəsil İradə.

 

İkinci fəsil Şövq.

 

Üçüncü fəsil Məhəbbət.

 

Dördüncü fəsil Mə`rifət.

 

Beşinci fəsil Yəqin.

 

Altıncı fəsil Sükun.

  
Birinci fəsil  
İradə 

Allah-taala iradə barəsində buyurur: Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar.

 

İradə fars dilində istəmək mə`nasındadır və o üç şeyə əsaslanır:

 

1. Muradın dərki.

 

2. Muradda olan kamalın dərki.

 

3. Muradın yoxluğu.

 

Deməli, əgər, murad elə bir iş olsa ki, [hələlik mövcud deyil, amma] onu əldə etmək mümkündür, bir halda ki, iradə qüdrətlə yanaşı olsa, murad əldə ediləcək.

 

Və əgər, murad elə bir iş olsa ki, mövcud və hasil olub, amma hazır olmasa, iradə və qüdrət murada qovuşmağa səbəb olacaqlar, [bu fərqlə ki,] əgər onun qovuşmasında bir durğunluq yaransa, iradə insanda bir hal yaradacaqdır ki, ona şövq deyərlər. Şövq [həmişə] vüsaldan qabaq olur. Əgər vüsal tədrici olsa, elə ki, (mətləbə) qovuşmağın bir nişanəsi göründü, o hala məhəbbət deyərlər. Məhəbbətin dərəcələri vardır ki, onun ən axırıncı dərəcəsi kamil vüsal və hərəkətin sonu olar.

 

Və amma iradə bir e`tibarla sülükla yanaşı, başqa bir e`tibarla sülükun zəminəsidir. Çünki bir tərəfdən kamalın tələbində olmaq bir növ iradədir, başqa bir tərəfdən əgər vüsala yetmək səbəbilə və ya vüsaldan imtina edəcəyinə olan elmi ilə iradə aradan getsə, [o zaman] hərəkət də dayanacaqdır. [Əlbəttə] sülukla yanaşı olan iradə nöqsan əhlinə məxsusdur, amma kamal əhlinin iradəsi [belə olmayıb] eyni kamal və məhz murad olar.

  
Bu barədə bir rəvayət 

Hədisdə deyilir ki, cənnətdə bir ağac vardır ki, onu Tuba adlandırırlar. Hər kəsin nə muradı olsa həmin ağac həmin anda onu öz muradına çatdırar. Həmçinin demişlər ki, insanların bə`zisi bu dünyadakı itaətlərinin savabını axirətdə görəcəklər, [halbuki] bə`zi adamların savabı onların əməllərinin eyni olar. Bu söz ona dəlalət edir ki, bə`zi adamların iradəsi, eyni onların muradıdır. Çünki, sülukda riza mərhələsinə çatan kəsin özündən bir iradəsi olmaz. Bu mərhələnin tələbində olan böyük şəxsiyyətlərdən biri belə deyir: Əgər məndən soruşsalar ki, nə istəyirsən? Deyərəm: İstəyirəm ki, heç nə istəməyim.

  
İkinci fəsil  
Şövq 

Allah-taala şövq barəsində buyurur: Və elm verilən kəslər də bilsinlər ki, haqq (Qur`an) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun.

 

Şövq böyük iradə tələb edən və ayrılıq dərdi ilə yoğrulmuş bir məhəbbətdən alınan ləzzətdir. Süluk halında şiddətli iradədən sonra şövq zəruridir. Çox vaxt sülukdan qabaq mətləbin kamalı haqqında bilik əldə ediləndə, şövq də hasil olur. Salik sülukda nə qədər irəliləmiş olsa, onun şövqü də bir o qədər artıb, səbiri isə azalacaqdır və nəhayət bu gedişlə mətləbə çatar və bundan sonra artıq onun ləzzətində qəmdən və ayrılıq dərdindən əsər qalmaz və [beləliklə də] şövq sona yetər. Çox vaxt təriqət böyükləri məhbubun müşahidəsini şövq adlandırırlar. Ona görə ki, onların mətləbi ittihad olar ki, o mərtəbəyə də hələlik çatmamışlar.

  
Üçüncü fəsil  
Məhəbbət 

Allah-taala məhəbbət barəsində buyurur: İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.

 

Məhəbbət, bir kamalın əldə edilməsinə, ya xəyali bir kamalın hasil olmasına və ya idrak oluna biləcək qəti bir işə nisbətdə yaranan şadlıq, xoş əhval-ruhiyyə mə`nasındadır.

 

Başqa ibarətlə, məhəbbət insanın ləzzət, ya kamal güman etdiyi bir şeyə meyl etməsidir. Çünki, ləzzət insana xoş gələn bir idrak, yə`ni kamala qovuşmaq olduğu üçün, məhəbbətdə də ləzzət və ya ləzzətin təxəyyülü olmamış deyil.

 

Məhəbbət [dərəcəsinə görə] şiddətli və zəif olur. Onun ilk dərəcəsi iradədir, çünki iradəsiz məhəbbət yoxdur. Ondan sonra [gələn dərəcə] şövqlə yanaşı gələn iradədir və sonrakı mərhələ o yerdədir ki, iradə və şövq murada qovuşmağa səbəb olsunlar ki, belə olan halda məhəbbət daha çox şiddətlənir. Nə qədər ki, insan və onun mətləbi arasında fasilə var, məhəbbət də olacaqdır və eşq, ifrat məhəbbət mə`nasındadır.

 

Ola bilsin insan və mətləbi [həqiqətdə] müttəhid olsun, amma bir e`tibarla aralarında fasilə olsun. Nə zaman bu e`tibar aradan qalxsa, [onda] məhəbbət də sona yetəcəkdir. Deməli məhəbbətin sonu ittihaddır.

  
Məhəbbət haqqında filosofların nəzəri 

Filosoflar demişlər: Məhəbbət ya fitridir, ya da [sonradan] qazanılan (kəsb edilən). Fitri məhəbbət bütün kainatda mövcuddur. [Məsələn,] fələkdə (planetdə) onun hərəkətinə səbəb olan məhəbbət vardır. Məkana və çəkiyə, miqdar, tə`sir və əks tə`sir kimi digər təbii hallara meyl edən hər ünsürdə və həmçinin, maqnitdə olan cəzbetmə qüvvəsi kimi tərkibatda da məhəbbət vardır. Bitkilərdə məhəbbət tərkibatda olduğundan daha çoxdur, çünki inkişaf etmək, qidalanmaq, toxum vermək və növünu qorumaq qabiliyyətinə malikdirlər. Heyvanlarda [olan məhəbbət hissi] bitkilərdən daha çoxdur, çünki onlarda öz həmnövünə qarşı olan üns, ülfət, cinsi meyillilik, balalarına olan əlaqə, məhəbbət bitkilərdə yoxdur.

 

Və amma, insanlarda məhəbbət daha çox qeyri-fitri, kəsb edilmədir. Və onun insanda mövcud olmasının səbəbi üç şeydir:

 

1. Ləzzət istər cismani olsun, istər qeyri-cisman, istər təxəyyülü olsun, istər həqiqi.

 

2. Mənfəət bu da, ya məcazidir, məsələn dünyəvi məhəbbət kimi ki, onun mənfəəti bil-ərəz olar, ya da həqiqi ki, onun mənfəəti biz-zat olar.

 

3. Cövhəri oxşarlıq ki, bunun özü iki növdür: 1. Ümumi cövhəri oxşarlıq, məsələn, bir-birinin əxlaqından, rəftarından razı və şad olan iki nəfərin xasiyyəti və əxlaqı arasındakı oxşarlıq kimi. 2. Xüsusi cövhəri oxşarlıq, məsələn, haqq əhli arasında olan oxşarlıq kimi ki, hamısı Mütləq Kamaldan kamal kəsb etməkdədirlər.

 

Ola bilsin məhəbbətin səbəbi yuxarıda dediyimiz səbəblərdən ikisinin və ya üçünün birləşməsindən (mürəkkəb şəkildə) olsun (yə`ni həm ləzzət, həm mənfəət, həm oxşarlıq birlikdə məhəbbətin yaranmasına səbəb olsun) Əlbəttə, mə`rifətə, idraka əsaslanan məhəbbət də vardır. Necə ki, arifə ləzzət, mənfəət və bütün xeyirlər Mütləq Kamil tərəfindən çatdığı üçün, Ona məhəbbət göstərir. Bu məhəbbət digər məhəbbətlərdən üstün olur. Bu ayənin mənası: Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. burada aydın olur.

  
Məhəbbət haqqında zövq əhlinin nəzəri 

Zövq əhli demişdir: Ümid, qorxu, şövq, üns, şadlıq, təvəkkül, riza və təslim bunlar hamısı məhəbbət üçün lazım bilinən şeylərdir, çünki məhəbbət, məhbubun rəhmətinin təsəvvürü ilə ümidi zəruri edir, Onun heybətinin təsəvvürü ilə qorxunu zəruri edir, Ona qovuşmazlığın təsəvvürü ilə şövqü, Ona qovuşmağın təsəvvürü ilə ünsü, ifrat ünsiyyətin təsəvvürü ilə şadlığı, inayətə arxayınlığın təsəvvürü ilə təvəkkülü, məhbubdan gələn hər bir şeyin gözəl olduğunun təsəvvürü ilə rizanı, özünün aciz, qüsurlu olduğunun, Onun [məhbubun isə] kamalının, əhatəsinin və qüdrətinin təsəvvürü ilə təslimi zəruri edir.

 

Xülasə, həqiqi məhəbbətin bir həddi də təslimdir. Bu o zaman olur ki, insan öz məhbubunu Mütləq hakim, özünü isə mütləq məhkum bilsin. Həqiqi aşiqin bir həddi də fənadır. Bu o zaman olur ki, aşiq bütün şeyləri mə`şuqda görür və özünü görmür. Əgər bir kəs bu məqama çatsa, Allahdan qeyri bütün şeylər onun gözündə hicab [hesab] olunacaqdır. Beləliklə, onun seyri-sülukunun nəhayəti bu olar ki, bütün şeylərdən üz çevirib [yalnız] diqqətini Ona yönəltsin. Bütün işlər axırda Ona (Allaha) qayıdacaqdır.

  
Dördüncü fəsil  
Mə`rifət 

Allah-taala mə`rifət haqqında buyurur: Allah şahidlik etdi ki, Özündən başqa heç bir tanrı yoxdur. Mələklər və haqq-ədalətdən ayrılmayan elm sahibləri də O mütləq qüvvət, hikmət sahibindən başqa heç bir tanrı olmadığına şahidlik etdilər.

 

Mə`rifət fars dilində idrak mə`nasındadır. Burada mə`rifət dedikdə, Allahı dərkin ən yüksək mərtəbəsi nəzərdə tutulur. Çünki Allahıdərkin çoxlu mərtəbələri vardır. Mə`rifətin mərtəbələri atəşin şö`ləsi kimidir ki, bə`ziləri ancaq onun adını eşitmişlər ki, yandırıb-yaxan bir mövcuddur; ona çatan hər bir şey yanır, onun nişanəsi düşdüyü hər bir şeydə zahir olur, ondan nə qədər götürsən, azalmaz, ondan ayrılan hər bir şey, onun təbiətinin ziddinə olacaqdır. Bu mövcud atəş adlanır.

 

Allahın dərkində də bə`ziləri bu həddədirlər ki, onlara müqəllidlər deyərlər, necə ki, bə`zi adamlar böyük adamların mə`rifət haqqında söylədikləri sözləri qəbul edərlər, amma qəbul etdiklərinə dəlilləri olmaz. Mə`rifətin (bundan) bir pillə yuxarı mərtəbəsinə qalxmış bə`ziləri o kəslərə bənzəyərlər ki, atəşin tüstüsü onlara çatmışdır və bilirlər ki, bu tüstü [hökmən] bir yerdən qalxır. Buna görə də nişanəsi tüstü olan mövcudun (atəşin) varlığına hökm edərlər. İlahi mə`rifətdə də bu mərtəbəyə yüksəlmiş kəslərə nəzər əhli deyərlər. Nəzər əhli qəti dəlillərlə bilərlər ki, Yaradan, Qur`an vardır, çünki Onun qüdrət nişanələrini Onun varlığına dəlil bilərlər.

 

Bu mərətbədən yüksəkdə o kəslər olarlar ki, atəşə yaxın oturmaqla onun hərarətini hiss edərlər və ondan bəhrələnərlər. İlihi mə`rifətdə də bə`ziləri bu mərtəbəyə çatarlar ki, qeybə inananlar adlandırılarlar. Bu dəstə Allahı pərdə arxasından tanıyarlar.

 

Bu mərtəbədən yuxarıda o kəslər durarlar ki, atəşdən çörək bişirmək, qazan asmaq və s. kimi çoxlu faydalar əldə edərlər. İlahi mə`rifətdə də bə`ziləri mə`rifətin ləzzətini dadarlar və bununla şad, xürrəm olarlar.

 

Bura qədər elm əhlinin [ilahi mə`rifətdəki] mərtəbələrini söylədik, amma bunlardan da yüksəkdə elə kəslər vardır ki, atəşin özünü müşahidə edərlər və həmin atəşin nurunun vasitəsilə digər varlıqları da müşahidə edərlər. İlahi mə`rifətdə də belələrinə baxış əhli və həmçinin ariflər deyərlər və həqiqi mə`rifət sahibləri də bunlar olar. Bu mərtəbədən də yüksəkdə duranlara yəqin əhli deyərlər. Bunların məqamı ariflərdən yuxarı olar. Yəqin və yəqin əhli haqqında sonrakı fəsildə söhbət açacağıq, inşəallah.

 

Yəqin əhli arasında bə`zilərinin mə`rifəti müayinə babından olar ki, onlara hüzur əhli deyərlər. Üns və şadlıq bu dəstəyə xas olar, amma mə`rifətin son pilləsi orada qurtarar ki, artıq arif [özü də] aradan qalxar, eynən atəşdə yanıb heçə çıxmış adam kimi.

  
Beşinci fəsil  
Yəqin 

Allah-taala yəqin haqqında buyurur: Onların axirətə yəqinləri olar. Hədisdə deyilir ki: Kimə yəqin və onun bəhrəsi verilsə, namazın və orucunun azlığı haqqında düşünməz.

 

Ürfdə yəqin zavalı mümkün olmayan, [həqiqətlə] uyğun və sabit olan qəti bir e`tiqad mənasındadır. Həqiqətdə, yəqin, mə`luma və onun xilafının imkansız olmasına olan elmdən ibarət bir tərkibdir.

  
Yəqinin mərtəbələri 

Yəqinin mərtəbələri vardır ki, Qur`anda elmül-yəqin, eynül-yəqin və həqqül-yəqin tə`birilə göstərilmişdir. Necə ki, buyurur: Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) elmül-yəqinlə bilsəydiniz (fani dünya malına uymazdınız)! (Ey müşriklər! Qiyamət günü) siz o cəhənnəmi mütləq görəcəksiniz! Bəli, siz (Cəhənnəmə vasil olandan sonra) onu mütləq eynül-yəqinlə görəcəksiniz!

 

Başqa bir yerdə buyurur: Və Özü də cəhənnəmə atılacaqdır. Şübhəsiz ki, bu, həmin həqqül-yəqindir!

 

Mə`rifət babında atəş misal olaraq göstərildiyi kimi, yəqin babında da həmin misalı göstərmək olar. Yə`ni atəşin nuru vasitəsilə müşahidə edilən hər şey elmül-yəqin misalındadır. Görünə biləcək əşyalara nur saçan atəşin şö`ləsinin özünü görmək eynül-yəqin misalındadır. Atəşin düşdüyü hər bir şeydə, onun kimliyini məhv edəcək dərəcədə təsir qoyub, sırf özünün qalması həqqül-yəqin misalındadır.

 

Baxmayaraq ki, cəhənnəm əzabdır, amma ora düşmək yanmağa və məhv olmağa səbəb olduğu üçün, onu yaxından və uzaqdan görmək və ora daxil olmaq yəqinin bu üç mərhələsi üçün misal çəkilmişdir. والله اعلم بحقائق الامور

  
Altıncı fəsil  
Sükun<lfootnote id ="129" description ="129"/> 

Allah-taala sükun haqqında buyurur: O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (mö`minlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!

 

Sükun iki növdür:

 

1. Nöqsan əhlinə məxsus sükun. Bu sükun sülukdan qabaqdır, çünki onun sahibi mətləbdən və kamaldan xəbərsiz olar. Bu növ sükuna qəflət deyərlər.

 

2. Kamal əhlinə məxsus olan sükun. Bu sükun sülukdan sonra, mətləbə çatan zaman hasil olur. Bu növ sükuna itminan deyərlər. Bu iki sükun arasında olan hala hərəkət və [ya] seyri-süluk deyərlər. Hərəkət vüsaldan öncə məhəbbətin zərurətlərindən olar və sükun mə`rifətin zərurətlərindən olub vüsalla yanışı olar. Buna görə də demişlər: Əgər arif hərəkət etsə həlak olar və əgər mühibb aram dursa həlak olar. Bundan da mübaliğəlisini demişlər, o budur ki: Əgər arif danışsa həlak olar, əgər mühibb sükut etsə həlak olar.

 

Vüsala çatana qədər salikin əhvalı belə olar. Doğrusunu Allah bilir.

  
BEŞİNCİ BAB 

Vüsal əhlinin [sülukdan sonra] başına gələn halları zikr edər. Bu bab altı fəsildən ibarətdir:

 

Birinci fəsil təvəkkül;

 

İkinci fəsil riza;

 

Üçüncü fəsil təslim;

 

Dördüncü fəsil tövhid;

 

Beşinci fəsil ittihad;

 

Altıncı fəsil vəhdət.

  
Birinci fəsil  
Təvəkkül 

Allah-taala təvəkkül haqqında buyurur: Əgər mö`minsinizsə, Allaha təvəkkül edin!

 

Təvəkkül, işi kiminsə öhdəsinə qoymaq mə`nasındadır. Burada bəndənin [Allaha] təvəkkülü nəzərdə tutulur. Bəndənin Allaha təvəkkül etməsi o deməkdir ki, bəndə gördüyü bir işi və ya qarşısına çıxan bir işi Allahı özündən daha bilikli və bacarıqlı bildiyi üçün Allaha tapşırır ki, əgər Allahın təqdiri olsa həmin işi düzəldəcək və bəndə Allahın təqdir etdiyi hər bir şeyə qane və razı olsun: Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir...

 

Allahın təqdir etdiyi işə insanın qane və razı olması belə hasil olur ki, insan öz əvvəlki halı barəsində düşünsün ki, [Allah] onu əvvəl heçdən yaratdı və onun yaradılışında neçə-neçə hikmət qərar verdi ki, insan bütün ömrü boyu onun mində birini dərk edə bilməz, [sonra] onu boya-başa, ərsəyə çatdırdı, həyatını davam etdirə və nöqsandan kamala çata bilməsi üçün onu daxildən və xaricdən təchiz etdi və bu işi təmənnasız gördü.

 

Məsləhətə uyğun onu boya-başa çatdırdı ki, bilsin ki, gələcəkdə [onun üçün lazım olacaq] hər şeyi hazır edəcəkdir və Onun təqdirindən və iradəsindən kənarda olmayacaqdır. Beləliklə Allaha e`timad edəcək və onda iztirab və nigarançılıqdan əsər əlamət qalmayacaq. Onda yəqin hasil olacaq ki, istər iztirabı olsun, istərsə də olmasın, Allah-taala onun görməli olduğu işi Özü əncam verəcəkdir. Ona görə də buyurur: Əgər bir kəs hər şeydən üz döndərib Allaha üz tutsa, Allah-taala onun bütün həyat ehtiyaclarını tə`min edər və ona, gümanı gəlmədiyi yerdən ruzi yetirər.

 

Təvəkkül o demək deyil ki, insan bütün işlərdən əl çəksin, desin ki, Allaha tapşırdım. Təvəkkül o deməkdir ki, [insan] Allahdan qeyri hər bir şeyin Allah tərəfindən olduğuna yəqin əldə edəndən sonra [bilsin ki,] aləmdə baş verin əksər işlər şərtlər və səbəblər əsasında hasil olur, çünki Allahın qüdrət və iradəsi bə`zi işlərə aid olur, bə`zi işlərə isə aid olmur. Qəti şəkildə [Allahın qüdrət və iradəsi] xüsusi şərtlər və amillər əsasında bir şeyə aiddiyyət tapır, deməli insan özünü, öz elm və qüdrətini cümlə səbəblər və şərtlərdən bilməlidir ki, bə`zi işlərin məxsus icadı [üçün hazır] olsun, hansı ki, insan o işləri özünə nisbət verir.

 

Buna görə də bu cür işlərdə hansı ki, insanın iradə və qüdrəti də onun vücuda gəlməsinin şərtləri və səbəbləri sırasındadır çalışqan olmalıdır. Eynən o kəs kimi ki, həmin adamın vasitəsilə onun məhbubunun sevdiyi işlər hasil olur. Elə ki, vəziyyət belə oldu, cəbr və qədərin cəmi və ittihadı qarşıya çıxır, çünki, o işi əgər məhbuba nisbət versə, [bu işin] cəbr olduğu xəyala gəlir, əgər şərtlərə və səbəblərə nisbət versə, [bu işin] qədər olduğu sanılır. Amma, əgər diqqətlə araşdırılsa, nə mütləq cəbr, nə də mütləq qədər olur. Bu həmin (İmam Sadiq (ə) söylədiyi) kəlamdır ki, demişlər: Nə cəbrdir, nə də qədər, məsələ bu ikisinin arasında olandır.

 

Deməli insan özünü [onun] özünə aid olan işlərdə qüdrət sahibi bilməlidir. Əlbəttə bu qüdrətini vasitə və alətlərdə dəxaləti olan fail kimi yox, vasitə və alət mənziləsində görməlidir.

 

Həqiqətdə, biri failə aid olan, digəri vasitəyə aid olan o iki e`tibar müttəhid olurlar və hər ikisi faildən qaynaqlanırlar və eyni halda vasitənin rolu da nəzərdə tutulur.

 

Əlbəttə bu olduqca dəqiq bir məsələdir və təfəkkür qüvvəsini yetərincə çalışdırmadan onu həll etmək olmaz.

 

Kim bu mərtəbəyə çatmış olsa, yəqin olaraq bilir ki, bütün mövcudatın təqdiri Allahın əlindədir və baş verəcək hər bir işi xüsusi vaxtda, xüsusi şərait, alətlər və səbəblərlə icad edir. Ona görə də mətləbə çatmaqda tələsikliyi və ya onun dəf` olmasında ləngiməyi təsirli bilmir, özünü də vasitələrdən, səbəb və şərtlərdən biri kimi görür. Beləliklə, dünya işlərinə ürək bağlamaqdan xilas olur və özünə aid olan işlərdə ciddi səy göstərir. Həqiqətdə bu mə`nanı təsəvvür edir: (Ya Peyğəmbər!) Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?

 

Belə olan halda həmin adam mütəvəkkillər sırasında yer tutar. Bu ayə onun və onun kimiləri haqqında nazil olmuşdur: ...Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!

  
İkinci fəsil  
Riza 

Allah-taala riza barəsində buyurur: Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür...

 

Riza, razılıq mə`nasındadır. Bu, [Allahın işlərinə nisbətdə] məhəbbətin səmərəsi və istər zahirdə, istər batində, istər dildə və istərsə də əməldə inkarın olmamasının nəticəsidir. Nəzər əhlinin istəyi odur ki, Allah onlardan razı olsun ki, Allahın qəzəbindən və əzabından amanda olsunlar, amma Həqiqət əhlinin istəyi odur ki, onlar Allahdan razı olsunlar, ölüm və həyat, bəqa və fəna, əziyyət və rahatlıq, xoşbəxtlik və bədbəxtlik, sərvət və fəqirlik kimi müxtəlif hallardan heç biri onların təbinə müxalif olmasın və birini digərindən üstün bilməsinlər, çünki bilirlər ki, bu halların hamısı Allah-taala tərəfindəndir və Allah-taalanın məhəbbəti onların qəlbində möhkəm yer tutmuşdur. Beləliklə, Onun iradə və muradından artıq bir şey istəməzlər, qarşılaşdıqları hər bir hadisəyə razı olarlar.

  
Riza haqqında alimlərin söylədikləri 

Alimlərdən biri haqqında belə nəql edirlər ki, yetmiş il ömür sürdü, bu yetmiş il müddətində bircə dəfə də demədi ki, Ey kaş belə olmayaydı, elə olmayaydı.

 

Alimlərdən birindən soruşurlar ki, özündə rizanın nə təsirini gördün? Dedi: Rizanın heç qoxusu da bu uma dəymədi, bununla belə əgər mənim zatımdan körpü düzəldib cəhənnəmin üzərində yerləşdirsələr və bütün xəlayiqi axırıncı nəfərinə kimi onun üstündən keçirib cənnətə yola salsalar və məni təkcə cəhənnəmə daxil etsələr, əsla mənim ürəyimdə nisgil qalmaz ki, niyə başqalarının payının əksinə olaraq mənim payıma bu düşdü!

 

Kimin ki, ürəyində dediyimiz müxtəlif halların bərabər olması (halı, baxışı) möhkəm yer tutsa, onun muradı həqiqətdə baş vermiş həmin şeydir. Ona görə də demişlər: Kimə nə vermişlərsə, (onun ləyaqətinə görə) ona verilməli olan elə həmin şeydir (haqqıdır). Allahın bəndədən razılığı o vaxt hasil olur ki, bəndənin Allahdan razılığı hasil olmuş olsun.

 

...Allah onlardan, onlar da Allahdan razıdırlar...

 

Belə olan halda, madam ki, bir kəs varlıq dünyasının işlərindən birinə hər nə olmuş-olsun e`tiraz etsə və ya zehninə gətirsə və ya mümkündür yadına salsın [həmin adam] riza mərtəbəsindən binəsib olar.

 

Riza mərtəbəsinə yiyələnmiş kəs həmişə rahatlıq içində olar, istər ona [olması] gərəkən və [olması] gərəkməyən şey olmasın. Həqiqətdə onun [olması] gərəkən və [olması] gərəkməyən şeylərinin hamısı gərəkən olar:

 

Allahın rizası isə [bunların hamısından] daha böyükdür...

 

Buna görə də behiştin qapıçısını Rizvan adlandırmışlar və demişlər Riza Allahın böyük qapısıdır. Çünki riza məqamına çatan kəs behiştə çatacaqdır və baxdığı hər bir şeyə Allahın rəhmət nuru ilə baxacaqdır, necə ki, buyurublar: Mö`min Allahın nuru ilə baxar.

 

Çünki Allah-taala bütün varlıqları var edəndir və əgər [aləmdəki] işlərdən birini bəyənməsə, həmin işin vücuda gəlməsi qeyri-mümkündür. [Beləliklə] əgər insanın nəzərində heç bir iş bəyənilməz olmazsa, [onda] onların hamısından razı olar; nə əldən çıxmış bir şeyə qəmgin, nə də ələ gətirdiyi bir şeyə şad olar.

 

Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!

  
Üçüncü fəsil  
Təslim 

Allah-taala təslim barəsində buyurur: Amma xeyr! (Ya Rəsulum) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) tə`yin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə təslim olmayınca, (həqiqi surətdə) iman gətirmiş olmazlar.

 

Təslim lüğətdə yenidən geri qaytarmaq mə`nasındadır, amma burada təslim deyəndə məqsəd odur ki, Salik özünə nisbət verdiyi hər bir şeyi Allaha tapşırsın. Bu təvəkkül mərtəbəsindən yuxarıdadır, çünki təvəkküldə insan işi Allaha tapşırır və həmin işə Allahı vəkil tutur; deməli insan özünün o işlə əlaqəsinin [üzülmədiyini] yerində qaldığını görür, amma təslimdə bu bağlılığı da bütövlükdə qırır ki, özünə aid hesab etdiyi hər bir işi Allaha aid bilsin.

 

Və həmçinin təslim məqamı riza məqamından yüksəkdə olar, çünki riza mərtəbəsində Allahın gördüyü hər bir işdən bəndə razı qalar, amma təslim mərtəbəsində insan əsasən öz istəyini, istəyinə müvafiq və müxalif olan hər bir şeyi Allaha tapşırır, onun heç bir istəyi qalmaz ki, bir şeyə müxalif və ya müvafiq olmuş olsun.

 

Deməli verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymazlar riza mərtəbəsinə aid olar və sənə tam bir itaətlə təslim olarlar bu mərtəbədən yuxarısına aid olar. Çünki Salik təhqiq nəzəri ilə baxsa özünü nə riza həddində görər, nə də təslim. [Özünü bu həddən üstün bilər], çünki hər iki mərhələdə insan özünü Allahın qarşısında qoymuş olur, yə`ni riza mərhələsində o razıdır və Allah ondan razı, təslim mərhələsində o təslim edəndir, Allah qəbul edən. Amma tövhid mərhələsində bu e`tibarlar da aradan qalxır.

  
Dördüncü fəsil  
Tövhid 

Allah-taala tövhid barəsində buyurur: Allahla yanaşı başqa tanrı qəbul etmə...

 

Tövhid biri demək, biri etməkdir. Birinci mə`nada (danışıqda) tövhid, imanın mə`rifətin başlanğıcına olan şərti və Allahın vəhdaniyyətinin təsdiqi mə`nasındadır. ...Həqiqətən, Allah tək bir tanrıdır...

 

İkinci mə`nada (əməldə) tövhid, imandan sonra hasil olan mə`rifətin kamalıdır, belə ki, əgər bir kəs yəqin etsə ki, Allahdan başqa kimsə vücudu inayət etmir və Allahın inayəti də ayrıca vücud deyil, belə olan yerdə çoxluqdan gözünü çəkər və hamını bir görər və bir bilər. Deməli, nəhayətdə çoxluğun bir vəhdəti olduğuna gəlib çıxar və Allahın üluhiyyətdə şəriki yoxdur və [Allah] yeganədir mərtəbəsindən Allahın vücudda şəriki yoxdur və [Allah] yeganədir mərtəbəsinə çatar.

 

Bu mərtəbədə Allahdan sivayı hər bir şey salik üçün hicab olar və Allahdan qeyrisinə nəzər salmağı mütləq şirk hesab edər və bu halın dili ilə deyər: Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!

  
Beşinci fəsil  
İttihad 

Allah-taala ittihad barədə buyurur: Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur...

 

Tövhid bir etmək, ittihad bir olmaqdır. Orada [tövhid barəsində Allah buyurur]: Allahla yanışı başqa tanrı qəbul etmə! Burada [isə ittihad barəsində Allah buyurur]: Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə.

 

Çünki tövhiddə, [zahirən] riyakarlıq nöqsanı var, amma ittihadda yoxdur.

 

Deməli, nə vaxt yeganəlik mütləq olsa və insanını zehnində, [özü və Allah arasında] ikililik hiss etməyəcək şəkildə möhkəm yer tutsa, ittihada çatmış olar. İttihad heç də bə`zi dardüşüncəli adamların düşündüyü kimi deyil ki, elə fikirləşirlər ki, ittihad, bəndə ilə Allahın bir olmasıdır:

 

تعالی الله عن ذلک علوا کبیرا

 

Bəlkə [ittihad] odur ki, hamı onu görür və belə bir riyakarlığa ehtiyacları yoxdur ki, desinlər ki, Ondan qeyri hər nə varsa, Ondandır, deməli hamı birdir. Əslində [ittihadda batini gözlər] Allahın təcəlla nuru ilə aydınlıq tapıb Ondan qeyrisini görmürlər, [belə olan halda] görən, görmək və görüş [məfhumunu itirib] aradan qalxar və hamı bir olar.

 

Və Hüseyn bin Mənsur Həllacın duasıdır ki deyir: Mənimlə Sənin aranda, mənim varlığım mənimlə döyüşə qalxmışdır. Ey Allah! Öz lütfünlə mənim bu varlığımı aradan götür. Duası müstəcab olur; varlığı aradan qalxır ki, nəhayətdə deyə bilsin: Bu mənəm ki istəyirəm və istədiyim şey də elə mənəm.

 

Bu məqamda mə`lum olur ki, o kəs ki, dedi: Ənəl-həqq və o kəs ki, dedi: Pakam mən, mənim şə`nim necə də yüksəkdir heç də Allahlıq iddiası etməmişdir, əslində öz varlığının inkarını və özündən qeyrisinin varlığının isbatını iddia etmişdir.

  
Altıncı fəsil  
Vəhdət 

Allah-taala vəhdət barəsində buyurur: (Allah buyuracaq:) Bu gün hökm kimindir? (Heç kəsin qımıldanmağa belə cür`əti çatmadığından Allah Özü cavab verəcəkdir:) Bir olan (heç bir şəriki, bənzəri olmayan), qəhr edən (qadir) Allahındır!

 

Vəhdət yeganəlik mə`nasındadır. Bu [məqam] ittihaddan üstündür, çünki mə`nası birlik olan ittihaddan çoxluq qoxusu gəlir, lakin vəhdətdə belə bir nöqsan yoxdur. Orada (vəhdətdə) sükun, hərəkət, fikir, zikir, seyr, süluk, tələb, talib, mətlub, nöqsan, kamal hamısı aradan qalxar.

 

Nə vaxt ki, söhbət Allaha yetişdi, sakit olun (susun)!

  
ALTINCI BAB  
Fəna 

Allah-taala fəna barəsində buyurur: Allahdan başqa hər şey məhvə məhkumdur.

 

Vəhdət məqamında salik, süluk, seyr, məqsəd, tələb, talib, mətlub hamısı aradan qalxar. Allahdan başqa hər şey məhv olar.

 

Bu sözün isbatı və onun bəyanı da olmaz və bu sözün inkarı və onun bəyanının inkarı da olmaz. Çünki isbat və inkar bir-birinin qarşılığıdırlar və ikilik çoxluğun başlanğıcıdır, ona görə də inkarın və isbatın orada mə`nası yoxdur, inkarın inkarı, isbatın isbatı da olmaz, [həmçinin] isbatın inkarı, inkarın isbatı da olmaz.

 

Buna fəna deyərlər ki, məxluqatın mə`adı onların fənası ilə olar, necə ki, onların başlanğıcı yoxluqdan idi: Sizi (yoxdan) yaratdığı kimi, yenə (o cür də) Onun hüzuruna qayıdacaqsınız!

 

Fənanın mə`nası ilə çoxluğun (kəsrətin) [arasında onları bir-birindən ayıran] bir həddi vardır: (Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. Fəna bu mə`nada da olmaz, dilə gələn, ağla gələn, xəyaldan keçən hər nə varsa, hamısı (fənada) sona yetər: Hər bir şey kamil şəkildə Allaha qayıdar.

 

و السلام علی من اتبع الهدی و سبحان ربک رب العزة

 

 

 
 
      İraqın Kazimeyn şəhəri; imam Kazim (ə) ilə imam Cavadın (ə) adını daşıyır.    Seyyid Məhəmmədrza Qiyasi Kermani, Seyrü-süluk, səh. 10, Hüzur mətbəəsi 1379.   Məhəmmədtəqi Daneşpəjuh, Əxlaqi Möhtəşəmi, səh. 5, Tehran Universiteti mətbəəsi 1361.     Həsənzadə Amuli, Hezaro yek nokte, səh. 128, 195-ci nöqtə.   Yadnameyi Tusi, səh. 92.   Nəcib Mail Hərəvi, Se risale dər təsəvvüf, səh. 30, Məşhəd 1361.   Məcmueyi Rəsaili Xacə Nəsirəddin, universitet çapı, səh. 36.   Məhəmmədtəqi Daneşpəjuh, Fehresti Daneşqah, səh. 2115, 2653.    13-cü əsr ədəbi nəsr qaydalarına uyğun olaraq adətən müəlliflər özləri haqqında danışarkən birinci şəxs əvəzliyinin yerinə üçüncü şəxsin dilindən çıxış edirmişlər. Bu qayda daha çox təvazökarlıq və ədəb normalarına riayət etmə kimi qiymətləndirilirdi.   Müctəba Minəvi, Əxlaqi Nasiri (müqəddimə), səh. 15.      Sübuti − Sübuti sifətlər. Yə`ni bu sifətlərin bir mövcudda olması həmin mövcudun kamal nişanəsinə, olmaması isə həmin mövcudun naqisliyinə işarədir. Sübuti sifətin müqabili səlbi sifətlərdir. Yə`ni bu sifətlərin bir mövcudda olması həmin mövcudun acizliyinə və naqisliyinə, olmaması isə kamalına dəlalət edir.  Sübuti sifətə cəmaliyyə, kamaliyyə sifətlər də deyilir. Səlbi sifətə cəlaliyyə, tənzihiyyə sifətlər də demişlər.  Sübuti sifətlərin vacibəl-vücud üçün sübutu zəruri, səlbi (yə`ni həmin sifətlərin alınması, soyundurulması) isə imkansızdır. Həmçinin səlbi sifətlərin vacibəl-vücuddan səlbi (götürülməsi) zəruri, sübutu isə imkansızdır.   13-cü əsr ədəbi nəsr qaydalarına uyğun olaraq adətən müəlliflər özləri haqqında danışarkən birinci şəxs əvəzliyinin yerinə üçüncü şəxsin dilindən çıxış edirmişlər. Bu qayda daha çox təvazökarlıq və ədəb normalarına riayət etmə kimi qiymətləndirilirdi.    Şəmsəddin Məhəmməd Cüveyni: Tarixdə Cüveyni-Vəzir adı ilə şöhrət tapmışdır. Cüveyninin əsil-nəsəbinin on beşinci silsilə halqası Abbasi xəlifəsi Mə`munun vəziri və hacibi olmuş Fəzl bin Rəbi`ə çatır. Babası Şəmsəddin Məhəmməd, Sultan Məhəmməd Xarəzmşahın və oğlu Sultan Cəlaləddinin hökuməti illərində, hökumət divanında maliyyə işlərinə rəhbərlik etmişdir. Şəmsəddin Məhəmmədin oğlu Bəhaiddin Məhəmməd monqol hökmdarı Hülaku İrana gələnə qədər monqol hökmdarlarının xidmətində yüksək vəzifələrdə çalışmışdır. Cüveyni-Vəzir dövlət xadimi olmaqla yanaşı həm də zəmanəsinin elmlərinə yiyələnmiş böyük alim və şair idi. İbnil Futi özünün Məcməül-Adab əsərində bu barədə yazır: Şəmsəddin Məhəmməd vəzir ömrünün ilk çağlarında ədəbiyyat elmlərini mənimsəyir. Məqamate Həriri adlı bölümü İmadəddin Əbu Məhəmməd Naxçıvaninin yanında oxuyub öyrənir. Elmi fənləri kamil öyrənib başa çıxdıqdan sonra ata və babası kimi o da dövlət işlərinə daxil olur.  Hülaku hökumətinin son illərində və Hülakunun iki oğlu Abaqaxan və Tekudarın padşahlıq illərində, yəni 22 il müddətində (661-683) baş vəzir məqamında çalışmışdır. Xacə Nəsirəddin Tusinin Şəmsəddin Cüveyni vəzir ilə səmimi dostluqları olmuşdur. Xacə özünün məşhur Övsaful-Əşraf əsərini onun adına ithaf etmişdir.   Təriqət əhli − Sufilər, ariflər, süluk əhli də deyirlər. Məqsəd seyrü-süluk yoluna qədəm qoyanlardır. Süluk əhli iki dəstədir:  1. Ali məqsəd tələbində olanlar və vəchullah müridləri.  2. Axirət tələbində olanlar və axirət müridləri.   Tanınmış arif və şair Baba Tahirə görə camaat üç tayfaya bölünür; alim, mürid, arif.  Arif o kəsdir ki, bu yolda alacağı həzzləri nəzərdə tutmadan öz Allahının istəyində olar. Alim elmin və öz həzzlərinin istəyində olar. Mürid, öz həzzlərini görməklə öz muradının istəyində olar. Həmçinin deyir: Seyrü-süluk yolunda camaat üç təbəqəyə bölünür:  1. Cəhd və riyazət əhli.   2. Hifz və siyasət əhli.   3. Haqq və inayət əhli.   Birinci dəstə öz ibadətlərində ciddi və çalışqan olub riyazət çəkərlər. İkinci dəstə öz hallarını və məqamlarını qoruyub saxlayarlar və öz nəfslərini ilahi ədəblə tərbiyə etməkdə siyasət əhli olarlar. Üçüncü dəstə haqqa qovuşanlardır ki, ilahi inayət məqamında yer tutarlar.   Seyrü-süluk − Müəyyən bir hədəfə doğru müəyyən bir yolun xüsusi tə`limatlar əsasında qət edilməsi. Seyr bu yoldakı hərəkət, süluk qət edilən yol, üsul, gediş, salik isə bu yolun yolçusudur. Ariflərin nəzərində seyrü-süluk haqq yolun yolçusu (salik) tərəfindən vüsal və fəna məqamına çatana qədər xüsusi mərhələləri başa vurmağa deyilir və o cümlədən bu mərhələləri aşmaq nəzərdə tutulur: tövbə, zöhd, fəqr, riyazət, sükun, xof və rəca, hüzn və s.  Nəfisi deyir: Bil ki, süluk ərəb dilində mütləq gedişdən ibarətdir, yə`ni yolçu ola bilsin zahiri aləmdə seyr etsin, ola da bilsin batini aləmdə seyr etsin. Sufilər yanında süluk xüsusi hərəkətdən, gedişdən ibarət olub müəyyən dərəcələrə bölünür, bu həmin seyr iləllah (Allaha doğru seyr), seyr fillahdır (Allahda seyr). Allaha doğru seyrin nəhayəti var, Allahda seyrin nəhayəti olmaz. Əgər bu deyilənlər çətin anlaşılırsa başqa bir şəkildə söyləyim.  Bil ki, sufilər yanında süluk, pis danışıqdan yaxşı danışığa, pis əməldən yaxşı əmələ, pis əxlaqdan yaxşı əxlaqa, öz varlığından Allahın varlığına doğru getməkdən ibarətdir.  Seyrin ilk dərəcəsi bu dünyanın məhdud dairəsindən çıxmaqdır. Salikin seyrdə keçəcəyi ilk məqam tövbə məqamıdır ki, ona babul-əbvab (qapılar qapısı) deyirlər.    Əvalil-ləyali, c. 1, səh. 284.   Müqərrəblər − Allaha və ya bir şəxsə (məsələn şaha) ən yaxın həmdəm. Bir şəxs yanında ən möhtərəm, əziz adam. Burada Allah dərgahına yaxınlaşmaq istəyən kəslər nəzərdə tutulur. Təriqət yolçularının ən ali məqamlarından sayılır.   Məhəccətul-bəyza, c. 7, səh. 89.    Ən`am, 82.    Əsr, 3.   Nisa, 136.   Hucurat, 14.   Hucurat, 15.   Bəqərə, 3.   Ənfal, 2.   Həmin. Ayə əslində belədir: Onlar ancaq öz Rəbbinə təvəkkül edər.    Yusuf, 106.   İbrahim, 27.   Ən`am, 71.    Ən`am, 162.   Üsuli-kafi, c. 2, səh. 84 (Beyrut çapı) və həmçinin Bihar, c. 70, səh. 201, bab 53, rəvayət 32.   Sünən, İnb-Macə, c. 2, səh. 1413, bab 26, hədis 4227 və həmçinin Bihar, c. 67, səh. 111, bab 30, rəvayət 21.   Nisa, 114.    Tövbə, 119.   Əhzab, 23.   Nisa, 69.    Məryəm, 41.    Zumər, 54.   Qaf, 33.   Mu`min, 13.   Qaf, 31-35.    Bəyyinə, 5.   Zumər, 3.   Bihar, c. 72, səh. 96, bab 98, rəvayət 8.   Kəhf, 110.   Bihar, c. 70, səh. 249, bab 54, rəvayət 25.    Nur, 31.    Bihar, c. 63. səh. 183.   Bihar, c. 8, səh. 34, bab 21, rəvayət 5.     Üsuli-Kafi, c. 2, səh. 435, həm. Bihar, c. 6, səh. 21, rəvayət 16.   Təhrim, 8.   Nisa, 17.    Tövbə, 117.   Nəhcül-bəlağə (Əbduh), xütbə 16, səh. 50.   Bihar, c. 11, səh. 206, bab 6, rəvayət 4.   Birinci cümlə rəvayətdən, ikinci cümlə isə Bəqərə surəsinin 222-ci ayəsindən götürülmüşdür.     Tövbə, 91.   Bihar, c. 77, səh. 93, rəvayət 2.   Bihar, c. 72, səh. 64, rəvayət 13.   Naziat, 40-41.    Nəfs − Məfhumundan asılı olaraq müxtəlif mə`nalarda işlənir:  1. Hər kəsin və ya hər bir şeyin zatı.  2. Ruh, zehin.  3. Öz.  Hər bir şəxsin özü.   4. Qədim fəlsəfədə təbii cisimdə (maddə) həyatı və hərəkəti yaradan müstəqil cövhər. Nəfsin tərifində demişlər:  Mücərrəd bir cövhər olub zatında maddəyə ehtiyacı yoxdur, amma fe`ldə maddəyə ehtiyacı olar. Cənabəzi nəfsin irfani məfhumu haqqında deyir: Nəfsin həqiqəti elmin vasitəsilə idrak olunmaz, vicdanla tanınmaz. Nəfs mütləq vücuddan ibarət olub nəfsin nöqsanları vasitəsilə pərdələnmişdir.  Əbulqasim Qüşeyri deyir: Bir şeyin nəfsi, yə`ni o şeyin vücudu deməkdir. Amma mə`rifət əhli yanında nəfs deyildikdə vücud nəzərdə tutulmur. Məqsəd bir kəsin pislənilən sifətləri, məzəmmətedici əxlaqı və əməlləridir. Ariflərə görə nəfs ruhun zindanı, dünya isə nəfsin zindanıdır.  Burada Nəsirəddin Tusi mə`rifət əhlinin, ariflərin nəzərindən çıxış edir, nəfsi salikin ali məqsədə çatması yolunda əngəl olan əsas maneələrdən biri sayır.   Natiqə nəfs − Qədim fəlsəfədə buna insani nəfs, aqilə nəfs, mələki nəfs də demişlər. Nitq (şüur) insanı heyvandan ayıran başlıca xüsusiyyət kimi götürülür. Nitq qüvvəsi insan əqlinin və danışmasının əsas mənşəyi hesab edilir.  Burada əqlin hakim kəsildiyi, digər heyvani qüvvələri özünə tabe etdirən nəfs nəzərdə tutulur.   Əmmarə nəfs − Qur`ani-kərimin 12-ci surəsinin 53-cü ayəsindən götürülmüşdür.   Ləvvamə nəfs − Qur`ani-kərimin 75-ci surəsinin 2-ci ayəsindən götülürmüşdür.   Mütməinnə nəfs − Qur`ani-kərimin 89-cu surəsinin 27-ci ayəsindən götürülmüşdür.    Bəqərə, 284.   Əql vasitəsilə dərk olunanlar.   Hiss üzvləri vasitəsilə dərk olunanlar.   İbrahim, 34.    Bihar, c. 70, səh. 73, rəvayət 26.   Ənbiya, 47.   Bəqərə, 48.   Bəqərə, 235.    Hucurat, 13.   Talaq, 2, 3.   Ali-İmran, 76.    Ən`am, 70.    Rum, 8.    Rum, 21.   Bihar, c. 69, səh. 293, bab 37, rəvayət 23.   Afaqi və ənfusi ayələr. Afaq, üfüq kəlməsinin cəm halı olub üfüqlər deməkdir. Ənfus, nəfs kəlməsinin cəm forması olub nəfslər deməkdir. Seyrü-süluk yolunun müqəddimələrindən biri də afaqi və ənfusi seyrdir. Qur`ani-kərimin Fussilət surəsinin 53-cü ayəsindən əxz edilmiş ürfani bir göstərişdir. Afaq dedikdə bütün xarici aləm (varlıq aləmi), ənfus dedikdə isə insanın vücudu nəzərdə tutulur.   Fussilət, 53.   Fussilət, 53.    Ali-İmran, 175.    Malixuliya − Malixulaya − Melanxoliya. Yunan mənşəli söz kimi ərəb dilinə daxil olmuşdur. Orta əsrlər təbabətində (psixologiyada) bir növ psixoloji xəstəlik kimi göstərilir. Qara ödün çoxluğundan əmələ gələn qəm-qüssəyə deyirdilər. Qüssəyə dalmaq, iştəhasızlıq, sayıqlama, könül naxoşluğu, qarabasma malixuliyanın əsas əlamətlərindən sayılır. Məhəmməd Yusif Şirvaninin Tibbnamə əsərində deyilir: Maxulaya dediyimiz bir buxardır ki, buluda bənzər və bulud dəxi günəşi necə qablar isə, bu dəxi insanın qəlbini qablayıb və əqlini zayil edib, hər nə gərəksə yabanə söylədər.  Nəsirəddin Tusi də burada yersiz fikri narahatçılığı malixuliyanın əlaməti kimi göstərmişdir.   Zümər, 16.   Zümər, 22.   Ə`raf, 99.   Yunus, 62.   Xof, xəşiyyət, rəhbət − Hər üç kəlmə lüğət baxımından eyni mə`nada olub qorxu məfhumunu verir, amma seyri-süluk əhli bu üç qorxunu bir-birindən fərqləndirib, ortaya çıxma amillərinə görə müxtəlif dərəcələrə ayırmışlar.   Fatir, 28   Bəyyinə, 8    Yunus, 62.   Rə`d, 21.   Ə`raf, 154.   Ən`am, 82.   Kəsrət − çoxluq mə`nasında olub vəhdətin (yeganəlik, birlik, vahid) qarşısında dayanır.   Bəqərə, 218.     Fatir, 29-30.    Bəqərə, 218.   Bihar, c. 70, səh. 389, bab 59, rəvayət 56.   Yusif, 87.   Zümər, 53.    Səcdə, 16.   Ə`raf, 99.   Yusif, 87.   Rum, 8.    Zumər, 10.   Bəqərə, 155-156.    Ali-İmran, 145.   İbrahim, 7.   İbrahim, 7.    Bihar, c. 97, səh. 87, rəvayət 13.   Kəhf, 28.    Tuba − Pakizə və ətirli deməkdir. Cənnətdə olan bir ağacın adıdır. Ariflərin dilində Tuba müxtəlif sirli mə`nalar daşıyır. Böyük arif və alim Xacə Əbdullah Ənsari özünün Kəşfül-Əsrar adlı əsərində bu barədə deyir: Tuba Haqla ünsiyyət məqamının daşıyıcısı olub Haqqın zatının cəbərutu kənarında aram və qayğısız ömür sürər. Bu gün onların (saliklərin) qəlbində Tuba və yarıny zülfü var, sabah Tuba və yarıny hüsnü onların mənzili olar. Bu gün onların bəhrəsi mə`rifətin zövqü və məhəbbətin ünsüdür, sabah səma və görüş şərabı onların qisməti olar. Onların Tubası vaxtdır, cənnətləri nəqddir, rahatlıqları dərddir. Ey cavanmərd! Allahların çöhrəsi ilə zinətləndirilmiş yeddi ölkə dərddir. Ağacın bir budağının səkkiz cənnətinin mülkü dərddir. Əgər siddiqlərin və ariflərin qəlblərində olan o qəm və dərddən bir zərrəsi bütün kainatda aşkar olsa, yaradılış əhli həmin o zərrənin ləzzətindən, şadlığından eyni şadlığın özü olar və bütün tikanlıq gülüstana dönər  Mövlana Tubanı mə`rifətin bir rəmzi sayır:   Tubanın sayəsini gör də rahat yat.  Baş qoyaraq o sərkeşin sayəsinə yat.  İşraq fəlsəfəsinin banisi Yəhya Şəhabəddin Söhrəvərdinin Əqli sorx (qırmızı əql) əsərində kinayə olaraq külli nəfsin yerində gəlir. Deyir: Qaf dağlarının üçüncü silsiləs dağında gecəni aydınladan işıq Tuba ağacının nurudur. Başqa bir yerdə deyir: Pirdən soruşdum Tuba ağacı nə olan şeydir və haradadır? Dedi: Tuba ağacı böyük və əzəmətli bir ağacdır. Cənnətlik olan kəs cənnətə getdiyində həmin ağacı cənnətdə görər və şərhini verdiyimiz on bir dağdan birində yerləşər. Dedim: Heç onun meyvəsi varmı? Dedi: Dünyada gördüyün hər bir meyvədən o ağacda vardır, sənin yanında olan bu meyvələr də − hamısı onun səməridir. Həmçinin dedi: Simurğun yuvası Tuba ağacının başında olar.    Həcc, 54.   Bəqərə, 167.    Bil-ərəz, biz-zat − Bil-ərəz, yə`ni zatı olmayan, var olmasında, zahir olmasında başqa bir varlığa möhtac olan. Müstəqil varlığı olmayan. Biz-zat tam bunun əksidir. Özü-özünə, bir kəsə, bir şeyə söykənmədən var olan.    Bəqərə, 165.   Zövq əhli − Zövq əhli bəhs və cədəl əhlinin müqabilindədir. Məqsəd dünya həqiqətlərini bəhs və cidalla yox, zövqlə dərk etmək istəyənlərdir. Ürfan əhli, şühud əhli, söhbət əhli də demişlər. Burada ariflər nəzərdə tutulur. Nəsirəddin Tusi filosofların nəzərini verdikdən sonra ona müqabil olaraq ariflərin də nəzərini gətirir.   Hud, 123.    Ali-İmran, 18.   Nəzər əhli − Məntiq və dəlil əhli, əql əhli. Filosoflar nəzərdə tutulur.   Baxış əhli − Bəsirət əhli də demişlər. Batini gözləri açıq olanlardır. Ariflər nəzərdə tutulur.   Yəqin əhli − Xacə Nəsirəddin Tusi yəqin barədə Əxlaqi Nasiri kitabında belə buyurur: Yəqin seyrü-sülukda ən yüksək məqamlardan sayılır. Yəqin əhlinə müqinan da demişlər. Bu məqam böyük filosofların, alimlərin məqamıdır.     Bəqərə, 4.   Təkasur, 5-6-7.   Vaqiə, 94-95.    Sükun − Ürfanda Allahın inayəti sayəsində salikin qəlbinin aram, sakit olmasına işarədir.   Rə`d, 28.    Mühibb − Aşiq, bir kəsə və ya bir şeyə məhəbbəti olan.   Maidə, 23.    Talaq, 3.   Nurus-səqəleyn, c. 5, səh. 357.   Cəbr və qədər − Cəbr və ixtiyar, qəzavü-qədər, el dilində alın yazısı da deyilir. Əzəl gündən son günə qədər mövcudatın halına şamil olan ilahi hökm nəzərdə tutulur. Qədim fəlsəfədə qəzanı yaradılış üçün Allahın ilk iradəsi, qədəri isə Allahın ilkin iradəsinə uyğun yaradılış bilirdilər. Qəzaya görə bütün baş verənlər Allahın iradəsilə olur və Allaha nisbət verilir; İnsan gördüyü işlərdə müstəqil iradə və ixtiyar sahibi deyil. Qədərə görə insanın bütün əməlləri onun öz ixtiyarı və qüdrəti ilə olur. Qədimdən bu məsələ filosoflar və kəlamçılar arasında uzun mübahisələrə səbəb olmuşdur. Bə`zi firqə və məzhəblər birinci nəzəriyyəni əsas götürmüş, bə`ziləri isə ikinciyə üstünlük vermişlər. Xacə Nəsirəddin Tusi də bu məsələdə bir şiə alimi olaraq hər iki ifrat tərəfdən fərqli olan orta həddi qəbul edir və bu məsələdəki nəzərini sonda İmam Sadiqin (əs) dilindən sitat gətirərək açıqlamaqla şiə məktəbinin nəzərini ortaya qoymuş olur.    Bihar, c. 4, səh. 197.   Zümər, 36.   Ali-İmran, 159.   Hədid, 23.   Nəzər əhli − Məntiq və dəlil əhli, əql əhli. Filosoflar nəzərdə tutulur.    Həqiqət əhli − Həqiqət əhli zahir əhlinin müqabilində olar. Batin əhli də demişlər. Məqsəd Allah əhli olanlardır.   Maidə, 119.   Tövbə, 72.    Bihar, c. 32, səh. 238, bab 4, rəvayət 190.   Loğman, 17.   Nisa, 65.   Nisa, 65.    Həmin.   İsra, 22.   Nisa, 171.   Ən`am, 79.    Qəsəs, 88.    Mu`min, 16.   Bihar, c. 91, səh. 68, bab 3, rəvayət 2.   Qəsəs, 88.   Ə`raf, 29.