ƏI-BƏYAN

: 2995 ()

    
    

  

   ÜƏLLİFDƏN  

 Hələ kiçik yaşlarımdan Quran oxumağa və onun sirləri ilə tanış olmağa yüksək maraq göstərirdim. Hər bir həqiqi müsəlman, hətta hər bir həqiqətsevər insan Quranı oxuyub dərk etməyə və onun dərin sirlərindən agah olmağa səy etməlidir. Çünki, Quran bəşəriyyəti haqqa hidayət edən və onların xoşbəxt həyatını təmin edən asimani kitabların ən sonuncusu və kamilidir. Quran hər şeyi açıq-aşkar bəyan edən, hamı üçün xeyirli olan ilahi nur mənbəyidir. Quran lüğət alimləri üçün ən böyük söz mənbəyi, qrammatika alimləri üçün aşkar izahlar toplusu, fiqh alimləri üçün ən canlı şahid, filosofların axtardığı maarif, xətiblər üçün fəsahətli bəyan tərzləri, əxlaq alimləri üçün isə ən gözəl etik mənbə və dərslikdir.

  

  Bir sözlə Quran, alimlərin bütün sahələrdə apardıqları təhqiqatların tükənməz elm və bilik xəzinəsidir.

  

  İctimai və siyasi elmlər, həyat və məişət qanunları, bəşəriyyətin ictimai idarəetmə üsulları və s. Quranda hamının başa düşə biləcəyi bir tərzdə bəyan edilmişdir. Bir çox dini elmlər məhz bu asimani kitabdan bəhrələnmiş və zaman keçdikdcə vahid məktəb kimi formalaşmağa başlamışdır. Quran, dünyaya hakim olan bir çox qanunları kəşf etmiş və insanlar üçün sirr olaraq qalan bir çox məsələlərin üzərindən zülmət pərdəsini qaldırmışdır.

  

    Bu müqəddəs kitab, mövcud olan həqiqi din üçün əbədi möcüzə və mükəmməl qanunlar məcmusudur. Bütün bunlar, mənim uşaq ikən Qurana həvəs göstərməyimdə və onun sirləri ilə tanış olmağımda çox təsirli olmuşdur. Mən, müntəzəm olaraq Quranın açılmayan sirlərinə yol tapmağa səy edir və buna nail olduqda özümdə Qurana qarşı oyanan yüksək rəğbətin daha da artdığını hiss edirdim.

  

  Beləliklə də, müxtəlif təfsir kitablarını araşdırır və orada, haqqında söhbət açılan mövzulara diqqət yetirirdim. Mütaliə zamanı Quranın nə qədər fəsahətli və hikmətli olmasının, Allah-taalanın mütləq və tükənməz elminin və insanların onu dərk etməkdə necə də aciz qaldıqlarının şahidi olurdum. Belə bir qənaətə gəlirdim ki, insan özünü Allah-taalanın elm və qüdrəti qarşısında nə qədər kiçik və aciz hesab etsədə də, o, təsəvvür etdiyindən daha aciz və daha gücsüzdür. Quran təfsirini mütaliə etdikcə onun əzəməti mənim nəzərimdə daha da ucalır, insanın bilik və məharəti isə bir o qədər kiçilir və dəyərsizləşirdi.

  

  Yazılmış təfsir kitablarını mütaliə edərkən belə bir qənaətə gəldim ki, təfsir alimlərinin Quran ayələrindən əldə etdikləri cüzi məlumatlar yalnız onun açılmayan sirlərinin bir hissəsini təşkil edir. Onlar əldə etdikləri məlumatları bir yerə toplayaraq kitab halına salmış və müxtəlif ünvanlar altında ona təfsir adını vermişlər. İlk baxışda bu təfsirlər Quranın açılmayan sirlərinin hamısını aşkara çıxarmalı və toxunulmayan mövzuları təfsir halında izah etməli idilər. Amma bu qeyri-mümkündür. Çünki, insan kimi əql və şüur baxımından naqis olan bir varlıq, elmi hər şeyi əhatə edən kamil bir varlığı tamamilə dərk etməsi və onun ayələrini ətraflı şəkildə yozması qeyri-mümkündür.

  

  Amma necə olursa-olsun biz, bu yolda böyük zəhmətlər çəkən və ömürlərinin sonunadək Quran ayələri ətrafında araşdırmalar aparan təfsir alimlərinin gördükləri işləri qiymətləndirməli və onları lazımınca dəyərləndirməliyik.

  

  Çünki onlar, bu müvəfffəqiyyətə, qəlblərinə saçan Quran nuru ilə nail olmuş və bu yolda əllərindən gələni əsirgəməmişlər. Ümumiyyətlə, adi insanlardan Quranın mükəmməl və nöqsansız təfsir yazmasını gözləmək düzgün təvəqqö deyildir.

  

  Lakin, onlardan bəzilərinin böyük və bəlkə də bağışlanmaz bir nöqsanı vardır. O da bəzi alimlərin Quranın əzəmət və böyüklüyündən xəbərsiz olduqları halda, ayələrini öz ixtisaslarına uyğun olaraq tərcümə etmələridir. Məsələn, dilçi alimlər Quranı yalnız lüğət və qrammatik qanunlar əsasında, filosoflar fəlsəfi qanun və terminlərə uyğun şəkildə və bəziləri də yeni elmi üsullarla təfsir etməyə çalışmışlar. Onlar belə güman etmişlər ki, Quran məhz bu nöqteyi-nəzərdən nazil olmuşdur. Bütün bunlarla yanaşı, təfsir kitablarında bəzən başqa bir üslubla da qarşılaşırıq. O da bəzi alimlərin   Quranı öz şəxsi rəyləri və heç bir etibarı olmayan şəxslərin söylədikləri rəvayətlərə əsaslanaraq təfsir yazmalarıdır.

  

  Qeyd etmək lazımdır ki, mövcud təfsirlərin əksəriyyətində müəyyən nöqsan və çatışmamazlıqlar vardır. Buna görə də hər bir alim təfsirə başlamazdan qabaq öz şəxsi rəy və nəzərlərini kənara qoymalı, Quranın həqiqi mənasına yol tapıb, ixtisar və yersiz əlavələrə yol vermədən təfsir etməlidir. Başqa sözlə desək, Quran müfəssirin şəxsi rəyi ilə deyil, Quranın öz zahiri ayələri ilə təfsir olunmalıdır.

  

  Sözün əsl mənasında həqiqi müfəssir o kəsdir ki, fəlsəfə bəhslərindən agah, əxlaqi dəyərlərə yiyələnmiş və fiqhin dərinliklərinə yol tapmış olsun. O, yaşadığı cəmiyyəti yaxşıca tanımalı və orada baş verən prosesləri bir sosioloq kimi araşdırmağa qadir olduqdan sonra Quranı təfsir etməlidir. Quranda işarə olunan digər elmlərə gəldikdə də, bu üsuldan istifadə etməli və Quranı həmin elmin tələbatını ödəyəcəyi qaydada təfsir etməlidir. Bəli, hər bir müfəssir ilk növbədə Quranın bütün elm və fəsillərindən agah olmalı, bu barədə lazım olan məlumatları əldə etdikdən sonra Quranı təfsir etməyə başlamalıdır. Belə olduqda o, neçə cilddən ibarət olan Quran təfsirinin elmi, əxlaqi, sosioloji, fiqhi və s. ensiklopediyasını təlif edə bilər.

  

  Bütün bunları nəzərə alaraq belə qərara gəldim ki, Quranın bütün gözəlliklərini bəyan edə biləcək bir təfsir yazım. Bu müqəddəs işdə Allah-taaladan mərhəmət və kömək etməsini, bütün səhv və batil təfəkkürdən qorumasını diləyirəm.

  

  * *

  

  Bu təfsirdə qrammatik qanunlara və ədəbi mövzulara işarə etməyəcək, əvəzində isə Quranın müxtəlif mənalarına toxunan mövzular haqqında söhbət açacağıq. Çünki, Şeyx Tusi Tibyanda, Təbərsi Məcməul-bəyanda, Zəməxşəri Kəşşafda qrammatik və ədəbi mövzular ətrafında geniş məlumatlar vermiş və nəzərə çarpan bütün çətinlikləri qismən də olsa, aradan qaldırmışlar və biz yalnız onların toxunmadıqları mövzulara işarə edəcək və müxtəsər şəkildə təfsir edəcəyik. Burada, siz əziz oxucuların diqqətini bir neçə məsələyə cəlb etmək istəyirəm:

  

  a)İstinad etdiyimiz mövzular bunlardan ibarətdir:

  

    1.Quranın zahiri ayələri;  

  

    2.Quranın hamıya bəlli olan açıq-aşkar ayələri;  

 

  3.Sənəd baxımından mötəbər olan mütəvatir hədis və rəvayətlər;  

  

    4.Əhli-beyt (ə) tərəfindən nəql olunmuş hədislər;  

  

    5.Sağlam fitri əql. Çünki əql xarici və batini dəlil hesab olunur.   

  

  Belə ki, Peyğəmbər (s) və onun pak Əhli-beyti bizim üçün zahiri (xarici) dəlil hesab olunur.

  

  b) Adətən təfsir etmək istədiyimiz ayəni digər ayələrin məfhumu ilə izah etməyə çalışacağıq. Bir sözlə, Quranı dərk etmək üçün ilk növbədə   onun özündən istifadə etmişik və eyni zamanda təfsir etdiyimiz ayələrə dəlalət edən hədis və rəvayətlərdən də sübut və dəlil kimi istifadə etmişik.

  

  * * *

  

  Müqəddimədə təfsirin özü ilə bilavasitə bağlı olan mətləblərə işarə edilmişdir. Bu məlumatlar, təfsir elmində hələ toxunulmayan məsələlərin açılmasında və müfəssirin təfsir sahəsində istifadə etdiyi üsullardan agah olmasında xeyirli ola bilər. Biz bu kimi məsələləri təfsirə başlamazdan əvvəl araşdırır və adını Quran təfsirinə giriş qoyuruq.

  

  Burada Quranın ecazı, dəyişikliyə yol verilməməzliyi, əbədi olaraq vahid formada qalaraq qorunacağı və bu kimi mətləblər ətraflı izah edilmişdir. Bu kitabı yazıb başa çatdırmaqda Allah-taaladan müvəffəqiyyət arzulayıram və həmçinin Ondan bu kiçik işimizi Qurana xidmət kimi qəbul etməsini diləyirəm.

  
    BİRİNCİ FƏSİL  
    QURANIN ƏZƏMƏTİ QARŞISINDA  

    1.Quran Quran və hədis baxımından;  

  

    2.Quran ayələrinin fəziləti və oxunma qaydaları;  

  

    3.Quran tilavətinin fəziləti haqqında uydurulmuş hədislər;  

  

    4.Quran [ayələrinin] mənalarında diqqət və təfəkkür.   

  
    QURAN QURAN VƏ HƏDİS BAXIMINDAN  

  Söhbət Quranın fəzilətindən düşsə, yaxşı olar ki, bu barədə danışmaq istəyən özünü onun əzəməti qarşısında kiçik saysın, onun dərin mənalarını dərk etməkdə aciz olduğunu etiraf etsin. Bəlkə də bu, səmimi bir etiraf Quran barəsində nə isə deməkdən daha münasib olardı?!

  

  İnsan müvəqqəti, (əql və qüdrət baxımından) məhdud və naqis varlıq olduğu bir halda, özünün elm və qüdrəti hər şeyi əhatə edən mütləqiyyəti, hər şeyi yoxdan yaradan kamil bir varlığı dərk edə bilərmi?

  

  Hər hansı bir yazıçının qələmi və ya çıxış edən natiqin bəyan tərzi nə qədər güclü olsa da, Qurandan üstün və ya ona bərabər bir şey ifadə edə bilərmi? Məhdud bir varlıq özü kimi məhdud varlıqdan başqa bir vücudu vəsf və ya tərif etməyi bacararmı?

  

    Quranın əzəmətini layiqincə bəyan etməyə qadir olan yalnız onun öz ayələri və bəşəriyyətin (həzrət Peyğəmbər (s)) vasitəsilə haqqa hidayət, habelə xoşbəxt həyatlarının təmin olunmalarının möcüzəsi ola bilər.

  

  Bu asimani kitab əsrlər boyu bəşəriyyətin xoşbəxt həyat təminatçılığını və eyni zamanda onların üzərində olan rəhbərliyi öz öhdəsinə götürmüşdür.

  

  Quranın bir çox ayələrində bu haqda deyilir:

  

    Həqiqətən, bu Quran [bütün bəşəriyyəti] ən doğru yola [islama] yönəldir. (9/17).  

  

    Bu Quran elə bir kitabdır ki, onu sənə, insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura [küfrdən imana], həm də yenilməz qüvvət sahibi və hər cür tərifə, şükrə layiq olan Allahın yoluna [islam dininə] çıxartmaq üçün nazil etmişdir. (1/14).  

  

    Bu, [belə əhvalatlar] insanlardan [xalqdan] ötrü [olub keçənlərə dair] bir xəbər, müttəqilərdən ötrü isə doğru yola göstəriş və nəsihətdir. (138/9).   

  

  Peyğəmbər (s)-dan bu haqda nəql olunmuş hədisdə deyilir:

  

    Allah-taala bütün varlıqlardan üstün olduğu kimi, Onun buyurduqları da bütün söylənilənlərdən üstün və fəzilətlidir.   

  

  Demək, Quranın fəziləti haqda nəyi isə söyləmək insanların bacarıq və qüdrətindən xaricdir. Və belə olduğu bir halda, bu işi Quranın özündə yaşayan, onunla hidayət olub başqalarını da hidayət edən Əhli-beytin (ə) və Quran həqiqi mütəxəssislərinin öhdəsinə qoymaq lazımdır.

  

  Quranın əzəmət və fəzilətini dərk edən həqiqi şəxslər məhz onlardır.

  

  Belə ki, Quranı bəşəriyyətə çatdıran və onları şəri hökmlərlə tanış edən şəxs, onların (Əhli-beytin) cəddi həzrət Məhəmməd (s) olmuşdur. Onun, Quranın fəziləti haqqında buyurduğu hədislərdən birində deyilir:

  

    Mən özümdən sonra sizin üçün iki ədəd çox qiymətli və ağır əmanət qoyub gedirəm. Quran və Əhli-beytimi. Bu iki əmanət qiyamət gününədək bir-birindən ayrılmayacaqdır və o gün Kovsər hovuzunun kənarında mənə qovuşacaqlar.   

  

  Buradan belə məlum olur ki, Peyğəmbər (s) və onun Əhli-beyti Quranı hamıdan daha çox dərk etmiş, özlərində yaşadaraq ona iman gətirmiş və bundan sonra xalqı haqqa doğru hidayət etmişlər. Belə isə, Quranı yaxından dərk etmək üçün onlar tərəfindən nəql olunmuş hədisləri nəzərdən keçirib, onların haqq yoluna qoşulmalıyıq.

  

  Quranın fəziləti haqqında Əhli-beyt (ə) tərəfindən onlarlca hədis və rəvayət nəql olunmuşdur. Əllamə Məclisi bu hədisləri Biharul-ənvarın 19-cu cildində bir yerə toplayaraq ayrıca bir fəsil tərtib etmişdir. Burada həmin hədislərdən bir neçəsini təqdim edirik:

  

    Birinci hədis:   

  

    Haris Həmdani deyir: Günlərin bir günündə məscidə daxil olub orada bir dəstə şəxsin faydasız mübahisələrə məşğul olduğunu gördüm. Əli (ə)-ın yanına gedib gördüklərimi ona danışdım. Buyurdu: Doğrudanmı sən bunları özün müşahidə etdin? Dedim: Bəli. Sonra buyurdu:   Haris! Bir gün Peyğəmbər (s) mənə bu sözləri dedi: Çox keçməz (müsəlmanlar arasında) fitnə və qarşıdurmalar yaranar. Dedim: Ya Rəsuləllah! Bunlardan necə yaxa qurtara bilərik? Buyurdu: Siz Allahın nazil etdiyi Quranla bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz. Onun vasitəsilə haqq ilə batil bir-birindən asanlıqla ayrılar. Quran elə bir kitabdır ki, orada nə bir kəlmə zarafat, nə də bir mənasız ifadələrə rast gəlmək olar. O elə bir kitabdır ki, zalım və sitəmkarlar onu özlərindən uzaq etmək istəyirlər. Allah-taala da onları xar edərək fəlakətə düçar edər. Hər kim hidayət yolunu Qurandan ayrı bir vasitələrlə axtararsa, şübhəsiz, yolunu azacaq və zəlalətə düçar olacaqdır. Quran Allahla insanlar arasında olan qırılmaz rabitədir. Bəşəriyyəti haqqa hidayət edən Quran, nəfsani istəklər və əhrimənlər tərəfindən dəyişilməsi mümkün olmayan hikmətlə dolu bir kitabdır. Quran keçmişdə və gələcəkdə baş verən əhvalatları əhatə edir.  

  

    Quran vasitəsilə dillər təhrif və dəyişikliklərdən qorunar və heç bir faydası olmayan mübahisələrə birdəfəlik son qoyular. Alim və mütəfəkkirlər Quran ayələri ətrafında araşdırmalar aparar və heç vaxt yoruldum deməzlər. İllər, əsrlər keçdikcə, Quran öz möcüzəsini saxlayar və aşiqlərinin qəlbində daha dərin izlər qoyar.  

  

    Quran hətta cinləri belə, heyrətə gətirmiş və onlar Quran haqqında bu sözləri demişlər:  

  

    Biz çox qəribə, təsəvvüredilməz dərəcədə gözəl olan bir Quran eşitdik. O, [xalqa] haqq yolu göstərir. Biz ona iman gətirdik.  

  

    Quranla danışanların sözü kəsərli və məntiqli olacaqdır. Onunla qəzavət edən şəxsin çıxardığı hökm ədalətli, öz əməllərini onunla tətbiq edən şəxslərin aqibəti isə xeyirlə nəticələnəcəkdir. Hər kim insanları Qurana doğru çağırarsa, onları haqqa hidayət etmiş olar.   

  

  Nəsihətlərin sonunda Əli (ə), Harisə bu sözləri buyurdu:   Ey Əvər, bu hədisi məndən yadigar saxla. (Sünən Darəmi, 2/435, Səhih Termizi, 11/30).  

  

    Hədisin izahı:   

  

  Hədisdə bir neçə maraqlı mətləbə toxunulur:

  

    Quran keçmişdə və gələcəkdə baş verən əhvalatları əhatə edir.   Burada bir neçə mətləb nəzərə çarpır:

  

  a) Bəlkə də gələcəkdə baş verən əhvalatlar deyildikdə, qiyamət günü nəzərdə tutulur. Çünki, Quranın bir çox ayələrində insanın qiyamət gününə, məhşərdə aparılacaq sorğu-suallara, onların gördükləri işlərə müvafiq olaraq mükafatlandırılıb-cəzalandırılacaqlarına əhəmiyyət   vermələrinə xüsusi diqqət yetirilmişdir. Və eyni zamanda Əli (ə)-ın buyurduğu   Quranla siz bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz. Quran sizin axirət dünyanızı və öldükdən sonra bir daha diriləcəyinizi belə bəyan edir   sözləri bir daha bunları sübuta yetirir.

  

  b)Bəlkə də gələcək deyildikdə məqsəd, Quranın gələcək hadisələr barəsində əvvəlcədən xəbər verməsidir. Belə ki, bir çox hadisələr Quran ayələri nazil olduqdan sonra baş vermişdir.

  

  v)Bu barədə verilən üçüncü nəzəriyyə Quranın keçmiş qövm və millətlər barəsində xəbər verməsidir. Quran onların keçmiş tarixinə nəzər salaraq gələcək millət və nəsillərin bu yolu keçəcəklərinə işarə etmişdir. Bu ehtimala əsasən deyə bilərik ki, yuxarıdakı hədislərdə İnşiqaq surəsinin 19-cu ayəsi nəzərdə tutulur. Orada deyilir:

  

    Siz [ey kafirlər, qiyamət günü] haldan-hala düşəcəksiniz.  

  

  Yəni, siz də özünüzdən əvvəlki qövmlərin getdikləri batil yolu gedəcək və özünüzü ağır həlakətə düçar edəcəksiniz.

  

  Eyni zamanda bu hədis Peyğəmbər (s)-dan nəql olunmuş hədisə də dəlalət edə bilər. Hədisdə deyilir:   Siz də özünüzdən əvvəlkilərin puç və batil həyat tərzini dirildəcək və onların adət-ənənələrini davam etdirəcəksiniz. (Kənzul ummal, 6/40).  

  

    2.Quran elə bir kitabdır ki, zalım və sitəmkarlar onu özlərindən uzaq etmək istərlər. Allah-taala da onları xar və böyük fəlakətə düçar edər   deməklə, Peyğəmbər (s) Quranın zalım və bidətçilər tərəfindən təhrif olunmayacağını və əbədi olaraq öz əzəmətini saxlayacağını bəyan etmək istəmişdir.

  

  Onlar əvvəlki səmavi kitabları təhrif etdikləri kimi, heç vaxt Quranı əyləncə vasitəsinə çevirməyə və onun hökümlərini dəyişməyə nail olmayacaqlar. (Əlhuda ila dinul Mustəfa, 1/34).

  

    Şəxsi meyl və istəklər orada dəyişikliklər apararaq onun həqqaniyyətinə xələl gətirə bilməzlər.   

  

  Biz bilirik ki, bəşər Quran ayələrini öz şəxsi rəy və nəzərləri ilə təfsir etmiş və oradan müxtəlif mənalar əldə etmişlər. Amma bütün bunlara baxmayaraq, onun həqiqi mənası öz dəyişilməzliyini saxlamış və qiyamət gününə qədər də toxunulmaz olaraq qalacaqdır.

  

  3.Hədisdən əldə etdiyimiz üçüncü mühüm mətləb Quranın bütün ixtilaf və keşməkeşləri həll etməsidir. Belə ki, hədisdə deyilir   Allahın nazil etdiyi Quranla siz bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz.   Bu bir daha Quranın qəzavət və ictimai ədalətin bərqərar olunması üçün ən gözəl vasitə olduğunu sübuta yetirir.

  

  Bəli, əgər müsəlmanlar öz maddi və mənəvi həyatlarında Qurana sığınaraq onun hökmlərindən lazımı qaydada istifadə etsəydilər, həqiqəti   tamamilə dərk edər və Peyğəmbər (s)-ın Əhli-beytinin (ə) məqamından agah olardılar. O Əhli-beyt ki, Peyğəmbər (s) onların əhəmiyyətini Quranla eyni səviyyədə tutmuş və özündən sonra məhz onları canişin təyin etmişdir.

  

  Həqiqətən, əgər müsəlmanlar Quranı özləri üçün haqq və ədalət şüarı bilsəydilər, bu gün belə bir çıxılmaz vəziyyətə düşməzdilər. Əgər onlar Quran nuru altında hərəkət etsəydilər, hər bir ali hədəflərinə çatar və bir daha haqq yoldan azmazdılar.

  

  Amma təəssüflər olsun ki, müsəlmanlar Qurana arxa çevirib cahiliyyət dövrünün adət-ənənələrinə üz tutmuşlar. Onlar zəlalət bayrağı altına pənah aparmış və nəticədə din, əqidə, təriqət və s. bu kimi ixtilaflara düçar olmuşlar. Bu ixtilaflar günbəgün böyüyərək müxtəlif cərəyanların yaranmasına səbəb olmuşdur. Biri digərini küfr və itaətsizlikdə təqsirləndirir, nahaq qanını tökür və var-dövlətini haqsız olaraq qarət edir. Onlar müxalif təriqətləri təhqir və tənqid etməyi, hətta lənət oxumağı belə özləri üçün ibadət sanır və bununla Allaha yaxınlaşmaq istəyirlər. Bütün bunların səbəbi isə bizə məlumdur. Qurandan uzaq düşmək, onu şəxsi rəy, yaxud müəyyən nəzərə əsaslanaraq təfsir etmək bütün fəsadların mənşəyidir.

  

    İkinci hədis:   

  

  Əli (ə)-dan nəql olunmuş ikinci hədisdə Quran belə vəsf edilir:   Quran sönməz əbədi nur və dərinliyi bilinməyən böyük bir dənizdir. Quran haqq yolu və ümid mənbəyidir. Bu yolun yolçuları qət etdikləri mərhələdə zülmət və qa lıqlarla qarşılaşmaz və haqq yoluna hidayət olunarlar. Quranın gətirdiyi dəlil və sübutlar dəyişilməz və əbədidir. Quran bütün dərdlərin dərmanı və şəfa mənbəyidir. Quranı özündə yaşadan şəxslər daim alnıaçıq və vüqarlı olarlar. Quranın tərəfdarları bir an olsun belə, himayəsiz qalmaz və onu özlərinə ən böyük hami və dayaq hesab edərlər. Quran iman xəzinəsi, tükənməz elm mənbəyi, ədalət və qəzavət gülüstanıdır.  

  

    Quran islamın təməli və geniş həqiqət düzənliyidir. Quran suyu tükənmək bilməyən dəniz və bulanmayan bir çeşmədir. Quran öz yolçularının yoluna nur saçan hidayət carçısıdır. Onun yolçuları qəflət və cəhalətdən uzaq olar və haqq yoldan bir an olsun belə, sapınmazlar. Allah-taala Quranla elm susuzlarının susuzluğunu yatırar, fiqh alimlərinin qəlblərinə təravət bəxş edər və əməli-saleh insanları öz məqsədlərinə çatdırar. Qurana iman gətirənlər ömürlərini izzət və əmin-amanlıqla başa vurarlar. Quran ona pənah gətirmiş şəxsləri ümidsiz qoymaz və onları özünün səadət və xoşbəxtlik yoluna hidayət edər. Quran dəlil axtaranlar üçün ən tutarlı sübut və istidlal mənbəyidir. Quran mütəfəkkirlər üçün əlamət və nişanələr, silaha ehtiyacları olanlar   üçün ən gözəl sığınacaq, alimlər üçün tükənməz elm mənbəyi, onu nəql edən kəslər üçün ən böyük hədis, hökm çıxaran qazilər üçün isə ən gözəl ədalət nümunəsidir. (Nəhcül-bəlağə, 198-ci səh.)   

  

  Bu xütbədə də bir neçə mühüm məsələyə işarə olunmuşdur və biz onlardan bəzilərini şərh edirik.

  

    Quran nuru sönməyən əbədi hidayət çırağıdır.   Hədisdə buna oxşar ifadələrlə dəfələrlə qarşılaşırıq. Buradan məqsəd, Quranın həqqaniyyətinin müvəqqəti olmamasıdır. Onun ayələrinin əbədi verdiyi hökmlər isə, həmişəlik qüvvə və icra məqamında qalacaqdır. Məsələn, Quranın bəzi ayələri müəyyən şəxs və ya hadisələr barəsində nazil olmuşdur, amma buna baxmayaraq, onun ümumi məfhum və mənası qiyamət gününədək müəyyən şəxs və ya hadisələrə deyil, ümumi şeylərə aid olacaqdır.

  

  Əyaş, İmam Baqir (ə)-ın   Hər tayfanın [doğru yol göstərən] bir rəhbəri vardır (Rəd-7)   ayəsinə verdiyi təfsir haqda nəql etdiyi rəvyətlərdən birində bu mətləbə işarə edərək deyir: Ayədə rəhbər [yol göstərən] deyildikdə, Əli ibni Əbu Talib (ə) nəzərdə tutulur. Və rəhbər hər zaman bizim Əhli-beytimizdən olacaqdır.

  

  Ravi deyir: Demək bu ayə sizə də şamil olunur. Və siz də ayədə işarə olunan rəhbərlərdənsiniz.

  

  Buyurdu:   Bəli, ayə mənə də şamil olunur. Quran ayələri hər zaman qüvvədə olduğu üçün mən də ayənin aid olduğu nümunələrdən biriyəm. Fəna və məhdudiyyət Quran üçün heç bir əhəmiyyət kəsb etməyir. Əgər hər hansı bir ayə yalnız müəyyən qövm və ya millət barəsində nazil olsaydı, bu günə kimi Qurandan heç bir əsər-əlamət qalmazdı. Halbuki belə deyildir. Quran ayələri əbədi olaraq keçmiş qövm və millətlərə şamil olduğu kimi, gələcək nəsillərə də şamil olunur və bu məlumatlar onlar üçün də etibarlı sayılır.   

  

  İmam Sadiq (ə)-dan bu məzmunda nəql olunmuş hədislərdən birində deyilir:

  

    Quran, diri və əbədi bir kitabdır. O, heç vaxt məhv olub aradan getməyəcəkdir. Gecə və gündüz əsrlər boyu eyni cərəyanda olduğu kimi və günəş əsrlər boyu aləmi işıqlandırdığı kimi, Quran da həm keçmişdə, həm də gələcəkdə müsəlmanlar üçün əbədi mənəviyyat nuru olmuş və olacaqdır.   

  

  Üsuli-kafidə Ömər ibni Yəziddən nəql olunmuş hədisdə deyilir:

  

    O kəslər ki, Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir [qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir] (Rəd-21)   ayəsinin mənasını imam Sadiq (ə)-dan soruşduqda buyurdu:   Bu ayə Peyğəmbər (s)-ın Əhli-beyti haqda nazil olmuşdur. Möminlər onları sevməli və onlarla əlaqələrini kəsməməlidirlər.     Sonra sözünə davam edərək buyurdu:   Ayə Peyğəmbər (s)-ın Əhli-beyti barəsində nazil olsa da, sənə yaxın olan qohum-əqrəbaya da şamil ola bilər. Sənə tövsiyə edəcəyim şey budur ki, müəyyən şəxslər barəsində nazil olmuş ayələri yalnız onların özlərinə aid etməyəsən.  

  

  Fərat Kufinin təfsirində deyilir: Əgər hər hansı bir ayə yalnız müəyyən qövm və ya millət barəsində nazil olsaydı, indi Qurandan heç bir əsər-əlamət qalmazdı. Amma bu bir həqiqətdir ki, yer və göylər durduqca, Quran da duracaq və dünyanın ömrü qədər bəşəriyyətin həyatında aparıcı rol oynayacaqdır. Belə ki, Quran bütün qövm və millətlərin istər müsbət və istərsə də mənfi xüsusiyyətlərini açıq-aşkar tərzdə bəyan etmişdir. Miratul-ənvar, 3-4-cü səh.

  

  Bu məzmunda istənilən qədər hədis və rəvayət nəql olunmuşdur, amma bu bir neçə hədislə kifayətlənib xütbənin izahını davam etdiririk.

  

    2.Bu yolun davamçıları qət etdikləri mərhələlərdə zülmət və qaranlıqlarla qarşılaşmaz və haqq yoluna hidayət olunarlar:   Buradan məqsəd Quranın insanları haqq yola hidayət etməsidir. Hər kəs bu yolun yolçusu olsa, bir daha cəhalət və nadanlığa üz tutmaz. Çünki, Allah-taala Quranı bəşəriyyətin haqq yola hidayəti və xoşbəxt həyatının təmin olunması üçün nazil etmişdir. Beləliklə, haqq və ədalətsevər insanlar zəlalətdən üz çevirib əbədi xoşbəxt həyata qovuşarlar.

  

    3.Quranın ayələri açıq-aşkar, verdiyi hökmlər isə dəyişilməzdir.   

  

  Burada iki ehtimal vermək olar:

  

  a).Quranın maarif və təlim prinsiplərinin əsasını bəşəri fitrət və təbii qanunlar təşkil edir. Belə ki, bu prinsiplər sabit və dəyişilməz qanunlar üzərində qurulmuşdur.

  

  b).Quranın həqiqi formasını təşkil edən kəlmə və ifadələr öz orjinallığını itirmədən qorunub saxlanmış, hətta cüzi əlavə və ya ixtisara yol verilməmişdir.

  

    4.Quran haqq-ədalət gülüstanıdır   deyildikdə, əqidə və təfəkkür, əməl və əxlaq, qəzavət və mühakimə, ictimai ədalət və s. sahələrdə ədalətə ayırdığı xüsusi diqqət nəzərdə tutulur. Bu səbəbdən də Quran ədalət ağaclarının becərildiyi gülüstan adlanır.

  

    5.Quran imanın təməlidir.   Buradan məqsəd islam dininin istər əxlaqi, istərsə də əməli hökmlərinin Quran ayələrinə əsasən vahid formada qorunub saxlanılmasıdır.

  

    6.Quran geniş həqiqət düzənliyidir.   Düzənlikdə hər şey maneə olmadan necə varsa elə də göründüyü kimi, Quran da bütün həqiqətləri açıq-aşkar bəyan edir. Bu səbəbdən də Quran burada geniş səhra və düzənliyə və orada maniəsiz görünən şeylər isə həqiqətə oxşadılmışdır. Burada başqa bir mətləbə də işarə olunmuşdur. O da   insanların haqq-ədalətə nail olmaq üçün yalnız Qurana üz tutmalarıdır. Hər kim həqiqəti Quranda deyil, ayrı yerlərdə axtararsa, istəyinə nail ola bilməyəcəyini yəqin etməlidir.

  

    7.Quran suyu tükənmyən bir dənizdir.   Yəni, hər kim Quranın bütün sirlərinə yiyələnmək istəsə, buna tam şəkildə nail ola bilməyəcəkdir. Çünki, onun kəşf olunan sirləri nə tükənmək bilir, nə də öz etibarını itirir. Yerin dərin qatlarından qaynayan bulaqların suyu tükənmədiyi kimi, Quranın da əsrarəngiz sirləri tükənmək bilmir.

  

  Quranın əhatə dairəsi o qədər genişdir ki, onun hər hansı bir mövzusu haqqında araşdırma aparan tədqiqatçılar, ondan yalnız öz şüur və düşüncələri qəbul etdiyi səviyyədə bəhrələnə bilərlər.

  

  Elm şahinləri nə qədər çalışsalar da, onun yüksəkliyinin qülləsinə çatmazdan əvvəl özlərində yorğunluq hiss edir, çatdıqları mərhələyə qənaət etməli olurlar. Onlar bu mərhələyə çatmaqla öz məqsədlərinə nail olduqlarını zənn edir, amma bir addım irəli getdikdə qarşılarında yeni-yeni mətləblərin açıldığının şahidi olurlar.

  
    QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI  

    Bu barədə nəql olunmuş hədislər:   

  

  Quran bəşəriyyətin dünya və axirət həyatının xoşbəxtliyini təmin edən əbədi ilahi qanundur.

  

  Onun ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir. Hər kim bu iki dünyada xoşbəxt həyata nail olmaq istəsə, gecə və gündüz Quranla ünsiyyətdə olmalı və onu özündə yaşatmalıdır. Hər gün onunla öz əhd-peymanını təzələməli və əhdinə vəfadar olmalıdır. Quranla öz əlaqəsini daha da gücləndirən və onu öz hafizəsinə köçürən şəxslər, atdıqları böyük addımları Quranla atar və gördükləri bütün işləri Quranla yerinə yetirərlər.

  

  Quran tilavətinin fəziləti barəsində onlarla hədis və rəvayət nəql olunmuşdur. Biz burada onlardan yalnız bir neçəsini təqdim edirik.

  

  İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: Peyğəmbər (s) Quran tilavətinin fəziləti haqda buyurmuşdur:   Hər axşam on ayə Quran oxuyan şəxslər, qafil və Allahını unutmuş kəslərdən hesab olunmazlar, əlli ayə oxuyanların adı əməl dəftərinə daim Allahı yad edən şəxslər kimi yazılar, yüz ayə oxuyan ibadət edənlərdən, iki yüz ayə oxuyan qəlbən ibadətə qapılan və xalisanə bəndəlik edənlərdən, üç yüz ayə oxuyan səadətə nail olanlardan, beş yüz ayə oxuyan (məhşərdə) ibadətə tələsən və bu yolda qalmış kəslər kimi tanınarlar. Min ayə oxuyan kəslər isə,   sanki Allah yolunda saysız-hesabsız qızıl-gümüş sədəqə vermiş olarlar. (Üsuli-kafi, Quranın fəziləti).   

  

  İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:   Quran bəşəriyyətin səadət və xoşbəxtliyini təmin edən həyat qanunudur. Bu qanun toplusu Allah tərəfindən tərtib olunmuş və ən mükəmməl şəkildə onların ixtiyarına qoyulmuşdur. Həqiqi müsəlman o kəsdir ki, bu həyat proqramına diqqət yetirməklə, hər gün ən azı əlli ayə oxumuş olsun. (Üsuli-kafi, Quranın fəziləti).   

  

  Yaxşı olar ki, hər bir tacir gecə evinə qayıdarkən yatmazdan əvvəl Quran ayələrindən birini tilavət etsin. Əgər belə edərsə, oxuduğu hər bir ayənin müqabilində əməl dəftərinə on savab iş yazılar və o miqdarda da günahlarından bağışlanar. (Üsuli-kafi, Quranın fəziləti).

  

  Quran oxumağı sizlərə tövsiyə edirəm. Bilin ki, cənnətin sarayları Quran ayələrinin sayı qədərdir. Qiyamət günü Quran qarilərinə Quran oxumaq əmr olunar. Onlar nə qədər çox oxuyarlarsa məqamları bir o qədər ucalar və öz əməllərinə layiq dərəcələrlə mükafatlanarlar. (Üsuli-kafi).

  

  Bir çox hədis kitablarında, o cümlədən Biharul-ənvarın 19-cu cildində Quran oxumağın fəzilətləri barəsində kifayət qədər hədis nəql olunmuşdur. Bu kitablarda Quran oxumağın fəzilətlərindən başqa digər mühüm mətləblərə də işarə olunmuşdur.

  
    1.QURANIN ÜZÜNDƏN OXuNMASI  

  Nəql olunmuş hədislərin bir qismi, Quranın üzündən oxunmasının onun əzbər oxunmasından daha fəzilətli olduğuna dəlalət edir. Bu məzmunda nəql olunmuş rəvayətlərdən birində deyilir: İshaq ibni Əmmar imam Sadiq (ə)-dan soruşur. Mən Quranı artıq hifz etmişəm (əzbərləmişəm), onu əzbər olaraq oxusam yaxşıdır, yoxsa üzündən? İmam (ə) buyurdu: Üzündən oxu, bunun savabı daha çoxdur. Və bil ki, Quranın yazılarına baxmaq özü bir ibadətdir.

  

  İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir:   Quranı üzündən oxuyan şəxslərin gözləri də Qurandan bəhrələnər. Ata-anasının günahları küfr ilə dünyadan köçsələr belə, azalar.   

  

  Quranın üzündən oxunmasına müsəlmanların sövq etdirilməsinin bir neçə səbəb və sirri vardır.

  

  1. Quran nüsxələri çoxalır və qədim nüsxələrin məhv olub aradan getməsinin qarşısı alınır. Əgər müsəlmanlar Quranı hifz edərək bu qayda ilə oxuyarlarsa, getdikcə Quran nüsxələrinə olan ehtiyac azalar və nəticədə Quran nadir nüsxələrdən birinə çevrilər.

  

    2. Hədislərdə qeyd olunduğu kimi, Quranın üzündən oxunması insanın mənəviyyatına müsbət təsir göstərir. Eyni zamanda Quran yazılarına baxmaqdan ləzzət alır və bir çox hallarda göz ağrılarından amanda qalır.

  

  3.Quranı üzündən oxumaq, oxucunun Qurana daha çox diqqət yetirməsinə səbəb olur. Belə olduqda, insan Quranın açılmayan sirr və incəlikləri barəsində daha çox araşdırmalar aparır. Belə ki, insan ürək açan mənzərəyə diqqətlə baxdıqda ruhən arxayınlaşır və özündə mənəvi rahatlıq hiss edir.

  

  Quran ayələrinə nəzər salaraq onun dərin mənalarını dərk etməyə çalışan oxucu, ondan vəsfolunmaz ləzzətlər alır. Nəticədə qəlbi nurlanır və mənəvi paklığa nail olur.

  
    2.QURANIN EVLƏRDƏ OXUNMASI  

  Bu məzmunda da bir neçə hədis və rəvayət nəql olunmuşdur. Hədislərin məzmununa diqqət yetirdikdə, müsəlmanların evlərdə Quran tilavət etmələrinə sövq olunmalarının bir neçə səbəbinin və onun bir neçə müsbət təsirinin şahidi oluruq.

  

  1. Quranın evlərdə tilavət olunması, haqq kəlməsinin (islam hökmləri və əxlaq normalarının) ev sakinləri tərəfindən dinlənərək qəbul olunmasına səbəb olur. Belə ki, ev sahibi vaxtaşırı Quran oxuyarsa, digər ev sakinləri də onun təsiri altına düşərək bu gözəl adətə meyl edər və nəticədə Quran oxuyan şəxslərin sayı birə on artar. Əgər müsəlmanlar Quran tilavət etmək üçün müəyyən zaman və yer təyin edərlərsə, təbiidir ki, hamının eyni zamanda həmin yerdə Quran oxuması mümkün olmayacaqdır. Bu səbəbdən də Quranın evlərdə oxunması islam hökmlərinin hamı tərəfindən rəğbətlə qəbul olunmasına səbəb olur.

  

  2. Evlərdə Quran oxunarsa, səhər-axşam oradan Quran səsi ucalar və onu dinləyən şəxslərin qəlbləri bununla təskinlik tapar.

  

  3. Quranın evlərdə oxunması, həmən evin daha da bərəkətli olmasına səbəb olur. Mələklər bu evlərə nazil olar, şeytanlar isə qorxuya düşərək oradan uzaq olmaq istəyərlər. Ulduzlar yer üzünü işıqlandırdıqları kimi, Quran oxunan evlər də səma əhlinə nur saçar. Quran oxunmayan evlərdə bərəkət olmaz, mələklər bu evlərə gəlməkdən çəkinər və oralar şeytanların daimi gediş-gəliş yerinə çevrilər. (Üsuli-kafi, 2-ci cild. Quranın oxunma fəziləti).

    
    QURAN TİLAVƏTİNİN FƏZİLƏTİ HAQDA UYDURULMUŞ HƏDİSLƏR  

  Bu məzmunda o qədər hədis nəql olunmuşdur ki, onun çoxluğu insanı heyrətə gətirir.

  

  Biz onlardan bir neçəsinə işarə edəcəyik.

  

  Peyğəmbər (s) buyurur:   Qurandan bir hərf oxuyan şəxsin əməl dəftərinə bir xeyirli əməl yazılar və hər bir xeyirli əməl on bərabər savabla mükafatlandırılar.   Sonra əlavə edərək buyurur:    Əlif, lam, mimin bir hərf olduğunu deməyirəm. Bəlkə Əlif bir hərf, lam iki hərf, mim isə üç hərfdir.   

  

  Bir çox əhli-sünnət alimləri bu hədisi öz kitablarında nəql etmişlər. Qurtəbini, Termizini, İbni Məsudu onlara misal çəkmək olar.

  

  Mərhum Koleyni də öz kitabında bu məzmunda imam Sadiq (ə)-dan hədis nəql etmişdir.

  

  Əbu İsmət Fərəc ibni Əbi Məryəm Məruzi, Məhəmməd ibni Əkaşə Kermani və Əhməd ibni Abdullah Cuveybari Quran fəziləti barəsində böyük saxtakarlıqlar göstərmiş hədis dəccallarındandırlar.

  

  Hətta Əbu İsmət özü bu həqiqəti etiraf etmişdir. Ondan Əkrəmənin müasiri olmadığın halda, onun Quranın bütün surələri haqda İbni Abbasdan hədis söylədiyini haradan bilirsən? - deyə soruşduqda belə cavab vermişdi: Camaatın Qurandan uzaqlaşıb Əbu Hənifənin fiqhinə və Məhəmməd ibni İshaqın Məğazi adlı kitabına üz tutduqlarını görüb, xalis niyyətlə özümdən bir neçə hədis uydurub onların ixtiyarına qoydum ki, bəlkə müsəlmanlar bu yolla Quran oxumağa meyl etsinlər.

  

  Osman ibni Səlah, Ubəy ibni Kəbin Peyğəmbər (s)-dan Quranın fəziləti barəsində nəql etdiyi məşhur hədis haqda deyir:   Bu hədis ətrafında kifayət qədər araşdırmalar aparılmışdır. Əldə olunan nəticə, onu nəql edən şəxsin dediyi bu sözlər olmuşdur: Bu hədisi mən bir neçə nəfərlə həmkarlıq edərək özümdən uydurub camaatın ixtiyarına qoydum.   

  

  Demək, Vahidi və digər müfəssirlər bu hədisi öz kitablarında nəql etməklə böyük bir səhvə yol vermişlər. (Təfsir Qurtəbi, 1/18-19).

  

  Allaha və Onun peyğəmbərinə iftira yaxan hədis dəccallarının gördükləri işlər insanda təəccüb doğurur. Bəli, şeytan onların gördükləri bu çirkin işləri, nəzərlərində xeyirxah işlər kimi cilvələndirmişdir.

  

  Müşriklərin etdikləri əməllər beləcə yaxşı göstərildi.

    
    QURAN AYƏLƏRİNİN MƏNALARINDA DİQQƏT VƏ TƏFƏKKÜR  

  Digər mövzularda olduğu kimi, bu mövzu ətrafında da kifayət qədər hədis və rəvayət nəql olunmuşdur.

  

  Allah-taala Qurani-kərimdə bu haqda buyurur:

  

    Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? [Yoxsa ürəklərinin öz kilidləri vardır?]   

  

  Göründüyü kimi Quran ayələrinə olan diqqətsizlik, hətta Quranın özü tərəfindən qətiyyətlə tənqid olunmuşdur.

  

  İbni Abbasın Peyğəmbər (s)-dan nəql etdiyi hədisdə deyilir:   Quranı uca və açıq tərzdə oxuyun! Və onun sirr və qəribəliklərinə yol tapmağa çalışın.   

  

  Əbu Əbdürrəhman deyir: Bizə Quranı təlim edən Peyğəmbər səhabələrindən biri deyərdi: Səhabələr Quranı Peyğəmbərdən on ayə-on ayə öyrənirdi. Peyğəmbər (s) ilk on ayəni təlim verər və onlar da bu on ayədə bəyan olunan şəri qanunlara və əxlaq normalarına əməl etməyincə növbəti on ayənin izahını verməzdi. (Biharul-ənvar, 19/27).

  

  İbni Məsud, Osman və Ubeyddən nəql olunmuş rəvayətdə deyilir: Peyğəmbər (s) səhabələrə on ayə təlim verər və onlar bu ayələri əməli olaraq icra etməyincə, növbəti ayələrə keçməzdi. O həzrət çalışırdı ki, səhabələr Quranı əməli olaraq öyrənsinlər. (Təfsir Qurtəbi, 1/9).

  

  Günlərin bir günündə Əli (ə) ənsarla elmi mübahisə aparan Cabir ibni Abdullah Ənsariyə yaxınlaşıb ondan bəzi elmi məsləhətlər verməsini istədi. Ənsardan biri Əli (ə)-ın bu xahişindən təəccüblənərək dedi: Ya Əmirəl-möminin! Malik olduğun elm və biliklə yenə də Cabirdən elmi məsləhətlər alırsanmı?! Buyurdu:   Cabir bu tərifə layiqdir. Çünki o, bu ayənin təfsirini çox gözəl dərk etmişdir.  

  

    [Ya Məhəmməd!] Quranı [oxumağı və təbliğ etməyi, yaxud hökmlərinə əməl etməyi] sənə vacib buyuran Allah, qayıdacağın yerə [hicrət edərək çıxdığın Məkkəyə] səni yenə də qaytaracaqdır. (Qəsəs-85).   

  

  Əllamə Məclisi bu məzmunda nəql olunmuş hədis və rəvayətləri toplamış və Biharul-ənvarda ayrıca fəsil ayırmışdır.

  

  Quran bəşəriyyətin dünya və axirət həyatının səadət və xoşbəxtliyini təmin etdiyi üçün hər zaman ona müraciət etməli və yetkin nəticəyə oradan gəlməlidir. Bu həqiqəti insanın əql və fitrəti təsdiqləyir, təəssüb, inadkarlıq hissi olmadıqda isə, ona doğru meyl edir.

  

    Zəhəri, imam Səccad (ə)-dan nəql etdiyi hədisdə deyir:   Quranın hər bir ayəsi sənin üçün tükənməz bir xəzinədir. Qarşında açılan bütün xəzinə qapılarına diqqət yetirməli və mahiyyətini dərk etməyə cəhd etməlisən. (Üsuli-kafi, 2-ci cild, Quranın fəziləti fəsli).   

  
    İKİNCİ FƏSİL  
    QURANIN MÖCÜZƏSİ  

    13. Möcüzəni tanımaq;  

  

    14. Möcüzə, peyğəmbərliyi təsdiq edən amillərdən biridir;  

  

    15. Möcüzələr arasında olan oxşarlıq;  

  

    16. Quran ilahi möcüzədir;  

  

    17. Quran əbədi möcüzədir;  

  

    18. Quranın əql və fəlsəfə baxımından möcüzəliyi;  

  

    19. Quranın Tövrat və İncil ilə müqayisəsi;  

  

    20. Quranın həmahəngliyinin möcüzəsi;  

  

    21.Quranın qanunvericilik möcüzəsi;  

  

    22.Quranın dəyişilməzliyi və daimi sabitliyi;  

  

    23.Quranın qeyb barəsində verdiyi xəbərlər;  

  

    24.Quranın yaradıcılıq [xilqət] sirləri.   

  
    MÖCÜZƏNİ TANIMAQ  

    Möcüzənin mənası:   

  

  Möcüzə ecaz kəlməsindən götürülmüşdür və ecaz kəlməsinin özünün bir neçə mənası vardır:

  

  1.Nəyi isə əldən vermək; Məsələn, ərəblər bir şeyi əldən verdikdə deyirlər əcəzəhul əmrul fulani yəni, filankəs bu işi əldən verdi.

  

  2.Bir başqasının acizliyini və ya çarəsizliyini hiss etmək; Məsələn, əgər Əhməd hər hansı bir işin müqabilində aciz qalarsa, bu halda deyilir: əcəztu əhmədən yəni, Əhmədin aciz və çarəsiz qaldığını gördüm.

  

  3.Bir başqasını görülən iş və deyilən ifadələrlə heyrətə gətirərək aciz etmək; Burada artıq, ecaz kəlməsi təciz mənasını daşıyır (təciz yəni kimisə aciz etmək). Məsələn, əgər bir şəxs Əhmədi acizliyə vadar edərsə, bu halda deyəcəkdir: əcəztu Əhmədən yəni, Əhmədi aciz və çarəsiz etdim.

  

  Kəlam alimləri isə bu kəlməni tam başqa mənada işlədirlər. Onlar möcüzəni tərif edərək deyirlər: Allah-taala tərəfindən peyğəmbərliyə təyin olunmasını iddia edən şəxs, gərək öz sözlərinin həqiqətini sübuta yetirmək   üçün zahirdə xilqət qanunlarının ziddinə olan və adi insanların icra etməkdə aciz qaldıqları qeyri-təbii və qeyri-adi işlər görsün. Belə bir xariquladə iş möcüzə adlanır və bu işin icrası isə ecaz sayılır.

  
    MÖCÜZƏ HANSI ŞƏRAİTDƏ YERİNƏ YETİRİLMƏLİDİR  

    Möcüzəyə lazım olan şərtlər:   

  

  Xariquladə iş yalnız o zaman möcüzə adlana bilər ki, aşağıdakı xüsusiyyətlərə malik olsun:

  

  1.Peyğəmbərlik iddiası edən şəxs həmin əməli öz risalətinin haqq olmasını sübuta yetirmək üçün həyata keçirməlidir;

  

  2.İddia etdiyi şey, bəşər əqli baxımından qəbul ediləsi bir iş olmalıdır. Əgər onun müddəasını əqli yolla inkar və ya təkzib etmək mümkün olsa, gördüyü xariquladə işlərin düzlüyünə etibar etmək olmaz və bu işə başqaları qadir olmasalar da belə, onu möcüzə adlandırmaq olmaz;

  

  Məsələn, Allahlıq iddiası edən şəxsin dedikləri təbii ki, yalan və iftira olmalıdır. Çünki, belə bir iddianı təkzib edəcək kifayət qədər əqli dəlillər vardır. Demək, onun irəli sürdüyü iddia tamamilə yalandır.

  

  3.İrəli sürdüyü iddia şəriət baxımından da məqbul olmalıdır. Yəni, əgər onun müddəası şəri dəlillərlə təkzib olunsa, yerinə yetirdiyi xariquladə işlər onun sözlərinin həqiqətini sübuta yetirməyəcək və gördüyü işlər də möcüzə adlandırılmayacaq. Məsələn, bir şəxs həzrət Məhəmməddən (s) sonra peyğəmbərlik iddiası edir. Təbii ki, onun iddiası tamamilə batil və əsassızdır. Çünki, həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olduğunu təsdiqləyəcək kifayət qədər Quran ayələri və o həzrətin özündən və məsum imamlardan nəql olunmuş hədislər vardır. Peyğəmbərlik həzrət Məhəmmədlə (s) başa çatmış və ondan sonra bəşəriyyətə peyğəmbər göndərilməyəcəkdir. İrəli sürülən iddia əql və sənəd yolu ilə batil olunarsa, daha iddia edən şəxsin gətirdiyi dəlil və sübutlara heç bir ehtiyac qalmayacaqdır. Və belə olduqda, Allah-taalanın onun əməllərini batil etməyə heç bir ehtiyac duyulmayacaqdır.

  

  4.Möcüzənin digər şərtlərindən biri də, göstərilən möcüzənin iddia olunan məsələni təsdiq etməsidir. Belə ki, peyğəmbərlik iddiası edən şəxsin göstərdiyi möcüzələr bu ilahi məqamı (peyğəmbərliyini) təkzib etməməlidir. Əgər təkzib edərsə, artıq biz onu möcüzə adlandırmamalıyıq. Məsələn, Peyğəmbərlik iddiası edən Museyləmə adlı bir şəxs möcüzə göstərmək məqsədilə, suyu azalmış quyunun suyunu çoxaltmaq üçün oraya tüpürür, amma gözlənilən nəticənin tam əksinə olaraq, quyunun suyu tamamilə quruyur. Amma bütün bunlara baxmayaraq o, yenə də peyğəmbərlik iddiası edir və yaxın qəbilələri özünə cəlb etməyə çalışır. O,   günlərin bir günündə Hənifə qəbiləsinin yanına gəlir və əlini onların uşaqlarının başına çəkir. Bu uşaqların bir qismi keçəl xəstəliyinə tutuldu, digər bir qisminin isə dilində pəltəklik yarandı. (İbni Əsir, 2-ci cild, 138-ci səh).

  

  Belə bir halda Allah-talanının onun gördüyü işlərin batil olmasını başqa yollarla aşkara çıxarmağa heç bir ehtiyac qalmır.

  

  5.Möcüzə bəşəriyyətə məlum olan elmi anlayışlar vasitəsilə həyata keçirməməli və eyni zamanda öyrədib-öyrəniləsi olmamalıdır. Əgər bir şəxs müxtəlif elmlərdən istifadə edərək, (hətta başqaları buna qadir olmasalar da belə) qeyri-adi işlər görərsə, bunu möcüzə adlandırmaq olmaz.

  

  Sehirbaz və cadugərlərin müxtəlif elm və fənlərə yiyələnərək göstərdikləri bir çox qeyri-adi işlərini dediklərimizə misal çəkmək olar. Onların gördükləri bu kimi işləri möcüzə adlandırmaq olmaz və onların əməllərinin Allah-taala tərəfindən batil olunmasına heç bir lüzum da yoxdur. Allah, öz batil iddialarını sübuta yetirmək üçün müxtəlif elm və fənlərdən istifadə edən şəxslərin niyyətlərini batil, özlərini isə xar və rüsvay edər. Çünki, onlar bütün bunları dəqiq elmi qanunlardan istifadə edərək həyata keçirirlər. Və məlum məsələdir ki, bu işlərə yiyələnən və təcrübə halında həyata keçirən hər bir şəxs belə bir nəticələrə nail olacaqdır.

  

  Təbabət elmi ilə məşğul olan bəzi alimləri buna misal çəkmək olar. Onların təbabət haqda olan bəzi məlumatları təkcə adi insanlara deyil, hətta bir çox həkimlərə də naməlumdur. Amma buna baxmayaraq biz onların məharətini möcüzə adlandıra bilmərik.

  

  Hətta, əgər Allah-taala insanlardan yalnız birini, tövbənin sirlərindən və elmi qanunlardan agah edərsə və bundan sui-istifadə olunmadığı təqdirdə Allah-taalanın yaradılış qanununa heç bir eyb və nöqsan tutmaq olmaz. Çünki, bütün bunlar möcüzə deyil və eyni zamanda irəli sürülən iddia üçün də dəlil hesab olunmayır.

  

  Möcüzənin hər hansı bir yalançı şəxs tərəfindən göstərilməsi və batil iddianın sübuta yetirilməsi isə qeyri-mümkündür. Belə olduqda insanlar haqq yoldan azır və cəmiyyətdəki hərc-mərclik birə on artmağa başlayır. Bu isə Allah-taalanın müqəddəs zatından uzaq və münəzzəhdir.

  

    Allah onların dediklərindən çox uca və çox yüksəkdir.  

  
    MÖCÜZƏ, PEYĞƏMBƏRLİYİ TƏSDİQ EDƏN AMİLDİR  

    Möcüzənin vacibliyi:   

  

  Əqli və fitri dəlillərlə məlum oldu ki, Allah-taala bəşəriyyəti əbədi səadətə çatdırmaq üçün onların qarşısında müəyyən həyati proqram və   vəzifələr qoymuş və bununla da insanın, müəyyən mərhələləri qət etmədən kamal və səadətə nail olmasını qeyri-mümkün hesab etmişdir.

  

  Bəşəriyyəti kamal və səadətə çatdıran qanunlar olmadıqda isə, Allah-taalanın bəşəriyyətin ehtiyaclarından xəbərsiz olduğunu güman etmək olar. Bu isə bir qədər əvvəl qeyd etdiyimiz kimi, Onun müqəddəs Zatından uzaq və münəzzəhdir.

  

  Allah-taalanın bəşəriyyəti xoşbəxt etmək istəməsi və ya istəyib təmin edə bilməməsi də qeyri-mümkündür. Çünki, bu iki mənfi xislət (paxıllıq və acizlik) də Allah-taalaya xas olmayan xüsusiyyətlərdəndir.

  

  Demək, Allah-taala bəşəriyyətin xoşbəxt həyat qanunlarını təyin etməklə yanaşı, onları bütün bu məlumatlarla da agah etməlidir. Bir qədər əvvəl qeyd etdik ki, bəşəriyyətin xoşbəxt həyatının təmin olunması və haqqa hidayət olmaları üçün Allah tərəfindən lazımı qanun və vəzifələr təyin olunmalı və bundan sonra, onun bəşəriyyətə çatdırılması üçün kimlərsə müəyyənləşməlidir. Öz iman və davranışları ilə başqalarından fərqlənən bu şəxslər, peyğəmbər adlanır. Peyğəmbərin əsas vəzifəsi, bəşəriyyəti haqqa hidayət etmək və onları tək olan Allaha ibadət etməyə sövq etdirməkdir. Onlar bununla da öhdələrinə düşən məsuliyyəti yerinə yetirmiş olurlar. İnsanlar isə öz ixtiyarları ilə ya haqqı seçir, ya da batilə meyl edərək özünü əbədi fəlakətə düçar edirlər.

  

    Lakin, Allah olacaq işi [möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini] yerinə yetirmək üçün belə etdi ki, həlak olan, aşkar bir möcüzə ilə [dəlillə] həlak olsun, sağ qalan da aşkar bir möcüzə ilə sağ qalsın. (8/42).   

  

  Bu uca və ilahi məqam olan peyğəmbərliyə gəldikdə isə, qeyd etməliyik ki, bu mənsəbə nail olmaq üçün çoxları yalan və hiyləyə əl atmış və bu yolda heç bir şeydən çəkinməmişlər.

  

  Bu səbəbdən də, Allah tərəfindən peyğəmbərliyə təyin olunmuş şəxslər, iddialarının sübuta yetirilməsi və başqalarının bundan sui-istifadə etməməsi üçün, kimsənin qadir olmadığı möcüzələri göstərməli və tutarlı dəlillər gətirməlidirlər. Belə ki, onun gördüyü xariquladə işlər adi təbii qanunlardan fərqli olmalı və qeyd etdiyimiz kimi, adi insanların istedad və bacarığından xaric olmalıdır. Yalnız belə olduqda, peyğəmbərliyin yeganə dəlili olan bu qeyri-adi işləri möcüzə, onun icrasını isə ecaz adlandırırıq.

  
    MÖCÜZƏNİN PEYĞƏMBƏRLİYİN SÜBUTUNDA QOYDUĞU TƏSİR  

  Möcüzə təbiət qanunlarından xaric olduğu üçün yalnız Allahın izn və qüdrətilə həyata keçirilə bilər. Yəni, qeyb aləmindən ilham almayınca, kimsənin möcüzə iddia etməsi qeyri-mümkündür.

  

    Demək, peyğəmbərlik iddiası edən şəxsin möcüzə yolu ilə Allah tərəfindən himayə olunması və onun öz mövqeyindən istifadə edərək insanları haqq yoldan azdırması Allah-taalanın müqəddəs Zatına zidd olan xüsusiyyətlərdəndir. Bu nəticəyə gəlirik ki, peyğəmbərlərin möcüzə göstərməsi yalnız Allahın izn və qüdrəti ilə müyəssər ola bilər. Bu müddəa ümumi bir qanun və nəzər sahibləri tərəfindən təsdiq olunan bir həqiqətdir.

  

  Məsələn, camaat padşah və ya soltan tərəfindən rəiyyətin işlərini idarə etmək üçün təyin olunmuş şəxsin tutduğu mövqeyə şəkk və tərəddüdlə yanaşsalar, onlar tutduğu vəzifəni sübuta yetirmək üçün padşah tərəfindən tutarlı sənəd və dəlillər gətirməlidirlər. Rəislik iddiası edən şəxs padşahın, onun digər rəislər kimi mükafatlandırılacağını iddia edərsə və padşah da onu nəzərdə tutulan hədiyyələrlə mükafatlandırarsa bunu, həmin şəxsin padşahın nəzərində etibarlı olduğuna sübut kimi göstərmək olar. Çünki, əzəmətli və haqsevər padşahın, yalançı və fırıldaqçı bir şəxsi ona xidmət edəcək bir vəzifəyə və rəislik məqamına təyin etməsi və onu müxtəlif hədiyyələrlə mükafatlandırması qeyri-mümkündür.

  

  Demək, adi insan üçün təsəvvür etmək mümkün olmayan bir şeyi (mənfi xüsusiyyəti) aləmlərin Rəbbinə və elmi hər şeyi əhatə edən bir varlıq üçün də təsəvvür etmək qeyri-mümkündür.

  

    Əgər o, [peyğəmbər] özündən bəzi sözlər uydurub Bizə istinad etsəydi Biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah damarını qoparardıq. (Əl-haqqə, 69-44/46).   

  

  Yəni, Məhəmmədi peyğəmbərliyə seçərək bir çox möcüzələri ixtiyarına qoysaq da o, istədiyi şeyləri Bizim adımızdan bəyan edə bilməz. Belə bir şey fərz olunduqda, Biz bu itaətsizliyin əvəzini çıxar və onu şiddətlə cəzalandırarıq (şah damarını qırarıq). Çünki, din və şəriətin həqiqi qoruyucusu və haqq ilə batili bir-birindən ayıran da Bizik.

  
    ƏŞƏRİLƏRİN NƏZƏRİYYƏSİ  

  Diqqət yetirmək lazımdır ki, möcüzəni peyğəmbərliyin sübutu kimi qəbul edən şəxslər, əqlin yaxşı və pisi ayırd etmək qbiliyyətinə malik olmasına etiqadlı olmalıdırlar ki, bu mərhələdə də əqlin hakimliyini qəbul edə bilsinlər.

  

  Əşərilər isə bu həqiqəti qətiyyətlə rədd edir və bəşər əqlini pisi-yaxşıdan ayıran əsas meyar hesab etmirlər. Bu səbəbdən də peyğəmbərliyin sübutu məsələsi hələ də onlar üçün qaranlıq olaraq qalmışdır.

  

  Çünki, möcüzənin peyğəmbərin haqq olmasını sübuta yetirməsi, insanın möcüzəni dərk etməsi və bunun yalançı iddiaçılar tərəfindən mümkün olmadığına yəqinlik hasil etməsindən irəli gəlir. İnsan, hansı işlərin Allaha   aid olub-olmamasını ayırd etmədikdə təbii ki, kimin haqq, kimin nahaq olmasını dərk edə bilməyəcəkdir.

  

  Əqlin yaxşını-pisdən ayıra bilməməsi nəzəriyyəsi peyğəmbər tanıma (həqiqətlə yalan arasında fərq qoyma) məsələsində böyük çətinliklər meydana gətirir.

  

  Fəzl ibni Ruzbəhan, Əşərilərin əql haqda irəli sürdükləri nəzəriyyəyə bir neçə əsaslı irad tutmuşdur. O, verdiyi cavabların birində deyir: Xoşagəlməz işləri Allah-taala üçün fərz etmək qeyri-mümkün olmasa da, bunu bilmək lazımdır ki, O, möcüzəni daim haqq peyğəmbərlərin ixtiyarına qoyur və belə bir mühüm işi heç vaxt yalançı və fırıldaq adamlara həvalə etməz. Demək peyğəmbərlərin, haqla batilin yalançı şəxslər tərəfindən tanınıb üzə çıxarılması hətta, Əşərilər üçün də qaranlıq qalmayacaqdır.

  

  Ruzbəhanın verdiyi bu cavaba isə bir neçə nöqsan və irad tutulmuşdur:

  

  1.Ruzbəhanın burada Allah-taalaya nisbət verdiyi işlər heç bir hiss orqanı ilə dərk olunmayır. Bunu yalnız əql və şüur yolu ilə dərk etmək olar və bu yolu isə, Əşərilər öz üzlərinə bağlamışlar.

  

  Çünki, əgər əql yaxşı ilə pisi ayırd etməyə qadir olmasa, onda Allahın da verdiyi vədlərə əməl etməməsinə, heç də qeyri-adi hal kimi baxılmayacaqdır.

  

  2.Bütün bunlarla yanaşı Ruzbəhan, keçmiş peyğəmbərlərin hamılıqla möcüzəyə malik olduqlarına əsaslanaraq, möcüzənin iftiraçı şəxslər tərəfindən həyata keçə bilməməsini bəyan edir.

  

  Amma bu məsələyə tərəddüdlə yanaşan şəxslər Allahın, möcüzənin əməli-saleh və sadiq insanlar vasitəsilə həyata keçirməsinə qətiyyətlə inanmırlar. Nəticədə onlar möcüzəni, peyğəmbərliyi sübuta yetirən meyar kimi qəbul etmirlər.

  

  3.Ruzbəhan deyir: Əgər əql baxımından hər hansı bir işin görülməsi və ya tərk olunması eyni səviyyədə olarsa və əql onlardan hansının yaxşı və ya pis olduğunu dərk etməyə qadir olmazsa, hər şeyə qadir olan və görəcəyi işlər üçün məsuliyyət daşımayan (kimsə tərəfindən nəzərdə olmayan) bir varlıq, (Allah) öz adətini dəyişərək möcüzəni əməli-saleh insanların ixtiyarına qoyduğu kimi, onu yalançı və fırıldaqçı şəxslərin də ixtiyarına qoya bilər.

  

  4.Adət, dəfələrlə təkrar olunan işlərin nəticəsində meydana gəlir. Və təkrar olaraq baş verən işlərin də təbii ki, müəyyən zamana ehtiyacı vardır. Belə olduğu bir halda, iş və hadisələr adət halını almazdan əvvəl ilk peyğəmbərin həqqaniyyətini hansı dəlillərlə sübuta yetirmək olar?

  

  Gələcək fəsillərdə Əşərilər və onların bu barədə irəli sürdükləri nəzəriyyələr haqda söhbət açacağıq.

    
    MÖCÜZƏlƏr ARASINDA OLAN OXŞARLIQ  

  Bir qədər əvvəl qeyd etdik ki möcüzə, kimsənin qadir olmadığı, təbii qununlardan fərqlənən və yalnız Allahın izni ilə peyğəmbərlər tərəfindən yerinə yetirilən qeyri-adi işlərə deyilir.

  

  Amma möcüzəni tanımaq heç də hamıya müyəssər olmayır. Möcüzəni yalnız o kəslər tanıya bilər ki, həmən möcüzəyə oxşar elm və fənlərə dərindən yiyələnmiş olsun. Çünki, alim və mütəxəssislər yiyələndikləri elm və fənlərin sirlərini başqalarından daha dəqiq və daha ətraflı dərk edirlər. Və belə bir halda yalnız onlar möcüzənin kimin üçün mümkün, kimin üçünsə qeyri-mümkün olduğunu bilirlər.

  

  Bu səbəbdən də elm adamları möcüzəni hamıdın tez təsdiq etmiş, sair insanlar isə əksinə olaraq, bəzən ona şübhə ilə yanaşmış və hətta bir çox hallarda onu inkar da etmişlər.

  

  Onlar belə güman edirlər ki, möcüzə iddiası edən şəxslər bunları hər hansı bir elm və ya fənnə yiyələnməklə həyata keçirirlər. Buna görə də onlar daim möcüzəyə şəkk-şübhə ilə yanaşmışlar.

  

  Bu səbəbdən də ilahi hikmət, möcüzənin cəmiyyətdə geniş yayılmış işlərə aşkar olaraq uyğun olmasını tələb edir. Allah öz peyğəmbərinə geniş yayılmış elm və fənlərə oxşar möcüzələr verir və onun məqamını, şan-şöhrətini hamının nəzərində ucaldır. Demək, zəmanəsinin peyğəmbəri o dövrün yayılmış elm və sənətinə oxşar möcüzələr göstərmiş və bu yolla yaşadığı məntəqənin tanınmış və nüfuzlu şəxsiyyətlərini özünə cəlb edə bilmişdir. Belə olduğu bir şəraitdə insanların əksəriyyəti həqiqətdən agah olur, ən başlıcası isə Allah-taala öz höccətini onların [insanların] üzərində tamamlayır.

  

  Bu ilahi qanuna əsasən, tarixə nəzər saldıqda baxıb görürük ki, sehrkarlıq və cadugarlıq baş alıb getdiyi bir gündə Allah-taala həzrət Musa (ə)-a əsanı, Yunan tibbi aləmə səs saldığı vaxtda isə həzrət İsa (ə)-a ağır xəstələri, hətta ölüləri diriltməyi möcüzə olaraq bəxş edir.

  

  Həzrət Musa (ə) öz əsasını sehrkarların qarşısına atır və əsa Allahın izni ilə əjdahaya dönüb onların bütün sehr alətlərini udur və beləliklə də, başda cadugarlar olmaqla, yəhudilərin böyük bir hissəsi Musa (ə)-a iman gətirir. Çünki, onlar sehr və cadunun nə olduğunu bilir və Musa (ə)-ın möcüzəsini isə ilahi qeyb tərəfindən olduğunu da yaxşıca dərk edirdilər.

  

  İsa (ə)-ın zamanında da biz həmən həqiqətin bir daha şahidi oluruq. Yunan tibbi yunanların müstəmləkəsi olan Suriya və Fələstin ərazilərində özünün son inkişaf mərhələsinə çatdığı bir vaxtda Allah-taala, İsa (ə)-ı məhz burada peyğəmbərliyə seçir, möcüzə yolu ilə ağır xəstələri və ölüləri   diriltməyi onun ixtiyarına qoyur. Musa (ə)-ın dövründə olduğu kimi, Yunan təbibləri də İsa (ə)-ın möcüzəsinin qarşısında diz çöküb onun göstərdiyi möcüzələrin ilahi qeybdən qaynaqlandığını dərk edir və ona iman gətirirlər.

  

  Bir anlığa qayıdaq Ərəbistan yarmadasının cahiliyyət dövrünə. Onların ictimai həyat tərzini nəzərdən keçirdikdə baxıb görürük ki, cahil ərəblərin məharətlə yiyələndikləri və fəxr edəcəkləri yeganə şey vardırsa, o da onların şer sənətində əldə etdikləri fəsahət və bəlağətdir. Müxtəlif qəbilələrin söz ustadları şəhərin mərkəzində şer məclisləri qurur və orada özlərinin ən gözəl şerlərini oxuyurdular. Burada oxunan şerlər adətən özünütərif və ya başqalarını tənqid-təhqir xarakterini daşıyırdı. Şairlərin sayı artıqda onlar mərkəzi bazarlarda toplanır və öz istedadlarını fəxrlə nümayiş etdirirdilər. Şairlər arasında münsiflər heyəti seçilir və ilin ən gözəl şeri elə oradaca elan olunurdu.

  

  Şairlər çoxaldıqca oxunan qəsidələrin sayı da çoxalır və onlardan ən yaxşısını seçmək daha da çətinləşirdi. Belə ki, münsiflər heyəti yeddi ən gözəl qəsidəni seçib onları Kəbənin divarlarından asmaq qərarına gəlir. Şerlər qızıl su ilə yazılır və camaat arasında qızıl şerlər və ya muəlliqati səbə [yeddi asılmış şer] adlanırdı. Münsiflər heyətinə Nabicə Zibyani rəhbərlik edirdi. O, həcc ziyarəti zamanı Məkkənin Ukkaz bazarına gələr və yeni yazılmış şerləri oxuyardı. Ehtiram əlaməti olaraq Zibyani üçün qırmızı çadır qururlar və şairlər növbə ilə onun görüşünə gəlib yeni qəsidələrini ona təqdim edirdilər. O, da şerləri diqqətlə dinləyir və ən gözəl şer ustalarına fəxri mükafatlar təqdim edirdi. (Şuəraul Nəsraniyyə, 2/640. Beyrut çapı).

  

  Şer və ədəbiyyatın inkişaf etdiyi belə bir dövrdə həzrət Məhəmməd (s) Allah tərəfindən peyğəmbərliyə seçilir və qiyamətə qədər qüvvədə olacaq müqəddəs Quranı ona vəhy edir. Şöhrəti bütün Ərəbistan yarmadısana yayılmış şer ustaları Quran ayələrini oxuyaraq onun fəsahətinə məftun olurdular. Nəhayət onlar da Quranın bəşər yaradıcılığı olmadığını və Allah tərəfindən həzrət Məhəmmədə (s) vəhy olaraq nazil edildiyini dərk etdilər.

  

  İbni Sukəytdən nəql olunmuş hədisdə bu həqiqət bir daha açıqlanır. Hədisdə deyilir:

  

  İmam Rza (ə)-ın yanına gəlib ondan soruşdum ki, nə üçün Allah-taala möcüzə olaraq Musa (ə)-a əsa və parlaq əli, İsa (ə)-a tibbi, Məhəmməd (s)-a isə ecazkar kəlamları bəxş etmişdir?

  

  İmam Rza (ə) buyurdu: Allah-taala Musa (ə)-ı peyğəmbərliyə təyin etdiyi zaman sehr və cadugarlıq geniş yayılaraq hamı tərəfindən rəğbətlə qarşılanırdı. Musa (ə) da məhz bu üslubdan istifadə edərək Allahın izni ilə kimsənin bacarmadığı möcüzə göstərir və bu yolla həm öz peyğəmbərliyini sübuta yetirir, həm də cadugarların sehrlərini bütünlüklə batil edirdi.

  

    İsa (ə)-ın zamanında isə bir çox ağır xəstəliklər yarandığından bu sahədə mütəxəssislərə böyük ehtiyac hissi duyulurdu. Belə bir şəraitdə Yunanıstanda və onun müstəmləkələrində görkəmli təbiblər meydana gəldi, tibb elmi get-gedə əsil gəlir mənbəyinə çevrilməyə və bir çoxları tərəfindən sui-istifadə edilməyə başladı. Tibb elmi öz inkişaf mərhələsini keçdiyi belə bir şəraitdə, İsa (ə)-a bu elmə oxşar möcüzə verilir. O, ağır xəstələri, anadangəlmə kor və karları sağaldır, hətta bəzi hallarda Allahın izni ilə ölüləri də dirildirdi. Beləliklə, həm onun peyğəmbərliyi, həm də Allahın insanlar üzərindəki höccəti tamamlanmış olurdu.

  

  Həzrət Məhəmməd (s)-ın dövründə isə, şer və ədəbiyyat özünün son inkişaf mərhələsinə çatmışdı. Belə bir şəraitdə Məhəmməd (s) peyğəmbərliyə təyin olunaraq, vəhy yolu ilə Quran ayələrini şer, qəsidə və yüksək sənətkarlıqla söylənilmiş söz vurğunu olan cahil ərəblərə tilavət etməyə başlayır. Beləliklə, həm onun peyğəmbərliyi sübuta yetirilir, həm də Allahın insanlar üzərindəki höccəti tamamlanmış olur. (Üsuli-kafi, 1-ci cild. Əql və cəhalət fəsli, 20-ci hədis).

  

  Diqqət yetirmək lazımdır ki, Peyğəmbər (s)-ın Qurandan başqa şəqqul qəmər, kərtənkələni danışdırması, daşların onun qarşısında Allahı zikr etməsi və s. möcüzələri olmuşdur. Amma Quran bir neçə səbəbə görə bütün bu möcüzələrdən daha çox əhəmiyyət kəsb edir.

  

  1.Yaradılış və bir çox elmlərin sirlərindən agah olmayan ərəblər bu kimi möcüzələrə şəkk və tərəddüdlə yanaşa bilsəydilər də, şer sənətindən kifayət qədər məlumatları olduqları üçün Quranın fəsahətini heç cür inkar edə bilmirdilər. Çünki, onların özləri bu elmlərə yiyələnmiş və bir çox dəyərli əsərlər yarada bilmişdilər. Amma necə olursa-olsun özlərini Quranın qarşısında tamamilə aciz hesab edirdilər.

  

  2.Peyğəmbər (s)-ın göstərdiyi bəzi möcüzələr müəyyən zaman, məkan və şərait çərçivəsində idi və məhz bu səbəbdən də onlar müvəqqəti olmalı, zaman keçdikcə bir tarixi hadisəyə çevrilməli və ağızdan-ağıza nəql olunmalıydı. Quran isə əbədi möcüzə olaraq Məhəmməd (s)-a nazil olmuş və qiyamətə qədər qüvvədə qalacaqdır.

  

  Biz növbəti fəsillərdə bəzi şəxslər tərəfindən tərəddüd ilə yanaşılan, Peyğəmbər (s)-ın digər möcüzələrinə işarə edəcəyik.

  
    QURAN İLAHİ MÖCÜZƏDİR  

  İslam və Quran tarixindən məlumatı olan hər bir insan bu həqiqəti tərəddüd etmədən qəbul edir. Həzrət Məhəmməd (s) bəşəriyyəti Quranla birliyə, qardaşlığa çağırır. Müxalif olanların etirazlarının qarşısında Quran ayələrinə istinad edir və bunun bəşər kəlamı olduğunu iddia edənlərə   Quran ayələrinə oxşar bir ayə gətirmələrini tələb edirdi. O, deyərdi:   Əgər dedikləriniz düzdürsə Qurana oxşar bir kitab gətirin, gətirərsinizsə mən öhdəmə düşən vəzifədən əl çəkəcəyəm. Bununla da o, həm Allahın yer üzündəki höccətini, həm də öz peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmiş olurdu.   

  

  O, iddiaçıların uğursuzluqlarını görüb Qurana oxşar on ayə gətirmələrini təklif etdi. Bunun da öhdəsindən gələ bilməyəcəklərini görüb, yalnız bir ayə gətirmələrini istədi.

  

  Bu mübarizə əsrlər boyu davam etmiş və qiyamət gününədək davam edəcəkdir.

  

  İlk baxışda şer və ədəbiyyatın, fəsahət və bəlağət elmlərinin dərinliklərinə yol tapan ərəblər üçün Qurana oxşar ikinci bir kitabın tərtib olunması heç də çətin bir iş deyildi. Onlar belə bir kitab yazmaqla həm öz adlarını əbədi olaraq tarixə zəbt edər, həm də ərəb millətini gələcək sarsıntı və çətinliklərdən xilas edə bilərdi.

  

  Amma fəsahətli ərəblər Quran ayələrini tilavət etdikləri ilk gündən onun ilahi möcüzə olduğunu dərk etdilər. Onlar artıq başa düşürdülər ki, Quranla mübarizə aparmaq yalnız onların məğlubiyyəti və rüsvayçılığı ilə nəticələnə bilər. Bu səbəbdən də Quranın əzəmətinin qarşısında aciz olduqlarını etiraf etdilər.

  

  Beləliklə onlardan bəziləri İslamı qəbul edərək Məhəmməd (s)-a iman gətirdi, bəziləri isə inadkarlıq edərək mübarizəni qılınc-qalxan ilə davam etdirməyi hər şeydən üstün tutdular.

  

  Fəsahətli ərəblərin Quranı ilahi möcüzə kimi qəbul etmələri və onun qarşısında özlərinin aciz olduqlarını etiraf etmələri, Quranın bir daha ilahi vəhy olduğunu sübuta yetirir.

  
    BİR İRAD VƏ ÜÇ CAVAB  

  Bəzi məlumatsız şəxslər belə bir iddia irəli sürürlər ki, ərəblər o zaman Qurana oxşar kitab yazmış, amma zaman keçdikcə istifadə olunmadığından unudularaq aradan getmişdir.

  

  Bu nəzəriyyəni üç cəhətdən əsassız hesab edə bilərik:

  

  1.Həqiqətən əgər belə bir əsər olsaydı, şersevər ərəblər ondan öz şer məclislərində istifadə edər və öz məqsədlərinə nail olmaq üçün ondan səmərəli istifadə edərdilər.

  

  Digər tərəfdən isə belə bir kitabın mövcud olduğu tarix və ədəbiyyat kitablarında qeyd olunar və nəticədə yaddaşlardan silinməzdi.

  

  2.Quranın mübariztələblik çağırışı təkcə ərəblərə deyil, eləcə də bütün bəşəriyyətə şamil olunurdu. Çünki, Quranın bu dəvəti ümumbəşəri xarakter daşıyırdı. Bu haqda İsra surəsinin 88-ci ayəsində deyilir:

  

      [Ya Peyğəmbərim!] De ki: Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.   

  

  Tarix boyu məsihilər və islamın digər düşmənləri bu müqəddəs ilahi dinin əzəmətini aradan aparmaq üçün milyonlarla pul xərcləmiş və saysız-hesabsız məkirli planlar tərtib edərək həyata keçirmişlər. Əgər onlar Qurana oxşar bir surə də yazmış olsaydılar, islamın məhvi uğrunda gecə-gündüz fədakarlıq göstərən şəxslər bundan səmərəli istifadə edər və öz hədəflərinə nail olardılar.

  

    Onlar Allahın nurunu [islam dinini] öz ağızları [öz iftiraları və şər sözləri] ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də öz nurunu [dinini] tamamlayacaqdır. ( Əs-səf-8).   

  

  3.Kəlam nə qədər fəsahətli və bəlağətli olsa belə, insan bir müddət məşğul olduqda onun kimi və ya heç olmasa ona oxşar ifadələr bəyan etməyə qadir olur. Bu hamıya məlum olan ümumi bir qanundur. Qurani-kərim isə bu ümumi qanundan istisnadır.

  

  Belə ki, insan nə qədər çox Quran əzbərləsə, onun ayələri haqda düşünüb-daşınsa, nəhayət fəsahət və bəlağət elmlərinə dərindən yiyələnsə bu işin qeyri-mümkünlüyünü daha yaxşı dərk etmiş olar. Demək, etiraf etmək lazımdır ki, Quranın bəyan tərzi və onun ifadə üslubu təkrarolunmaz olub təlim olunası deyildir.

  

  Buradan belə məlum olur ki, əgər Quran Peyğəmbər (s)-ın öz buyurduqları sözlərdən ibarət olsaydı, onda o, nəql olunmuş digər hədis və rəvayətlərə oxşar olmalıydı. Quran və hədis üslubları arsında belə bir oxşarlıq nəzərə çarpsaydı, islam düşmənləri bunu nəzərdən qaçırmaz, onu istifadə etdikləri planlara və müsəlmanlara qarşı tərtib etdikləri mübarizə proqramına daxil edərdilər.

  

  Bunu da nəzərdən qaçırmamalıyıq ki, adətən ədəbiyyatın bir sahəsində va ya müəyyən bir janrda müvəffəqiyyət qazana bilən şəxslər, digər bölümlərdə öz məharətlərini bir o qədər də göstərə bilmirlər.

  

  Məsələn, gözəl şer ustaları nəsr yazmaqda, dastan yazanlar şer sənətində, nohə yazanlar hekayə və poema yazmaqda bir o qədər də uğur qazana bilmirlər. Qurani-kərimdə isə biz bunun tam əksini müşahidə edirik. Bu müqəddəs kitabda müxtəlif mövzular haqda söhbət açılmasına baxmayaraq, bir neçə ədəbi fənlərdən istifadə olunmuş və onların hamısında fəsahət və bəlağət qanunlarından ən yüksək formada istifadə olunmuşdur.

    
    QURAN ƏBƏDİ MÖCÜZƏDİR  

  Bir qədər əvvəl məlum oldu ki, peyğəmbərləri yalnız onların göstərdikləri möcüzələrlə tanımaq mümkün olur. Onlar müəyyən müddət ərzində yaşadıqları üçün, göstərdikləri möcüzələr də məhdud və müvəqqəti olmuşdur. Möcüzələr müvəqqəti olsa da, Allah-taala, peyğəmbərlərin vasitəsilə öz höccətini onların üzərində tamamlamış və beləliklə möcüzələr nəsilbə-nəsil nəql olunmuşdur.

  

  Amma belə nəzərə gəlir ki, bu möcüzələr içərisində əbədi olaraq öz təsirini qoruyub saxlayacaq bir möcüzəyə də ehtiyac vardır. Çünki, əvvəlki peyğəmbərlərin möcüzələri zaman keçdikcə ya unudulur, ya da müxtəlif səbəblər üzündən müəyyən şəkk-şübhələrə məruz qalır. Belə bir halda, gələcək nəsillər peyğəmbərlərin möcüzələrindən agah olmayıb, yəqinlik hasil etməkdən məhrum olarlar. Ən başlıcası isə Allahın insanlar üzərindəki höccəti tamamlanmaz, onların üzərlərinə düşəcək vəzifələr müəyyənləşdirilməmiş qalar. Bu isə ilahi hikmətlə heç bir şəkildə uyğun gəlmir. Bu səbəbdən də əbədi peyğəmbərlik, əbədi bir möcüzə tələb edir. Çünki əbədi peyğəmbəri təsdiqləyəcək yeganə amil, onun gətirdiyi əbədi möcüzə olacaqdır. Allah-taala əbədi möcüzə olan Quranı, əbədi və sonuncu peyəmbəri (s) təsdiqləmək üçün nazil etmişdir. Onun peyğəmbərliyi keçmiş nəsillər üçün dəlil olduğu kimi, gələcək nəsillər üçün də açıq-aşkar höccət və dəlil olacaqdır.

  

  Dediklərimizdən belə bir nəticəyə gəlirik:

  

  1.Quran, Məhəmməd (s)-ın özünün və eləcə də digər peyğəmbərlərin möcüzələrindən daha üstün və daha fəzilətlidir. Çünki, Quran müəyyən dövr və şəxslər üçün deyil, əbədi olaraq bütün bəşəriyyət üçün nazil olmuşdur. Quran, mübarizə səhnəsində rəqibi olmayan, qiyamət gününədək bəşəriyyətə hakim olan əbədi ilahi qanundur.

  

  2.O dövrün möcüzələri məhdud və müvəqqəti olduğu üçün, keçmiş şəri hökm və ictimai qanunlar da qüvvədən düşmüş hesab olunur.

  

  Quranın özünəməxsus xüsusiyyəti, onu digər peyğəmbərlərin möcüzələrindən fərqləndirir və ona xüsusi dəyər verir. O da, Quranın bəşəriyyəti xoşbəxt həyata, kamala, səadətə hidayət etməsi və onlara belə bir həyat tərzini təlim verməsidir. Bildiyimiz kimi cahiliyyət dövründə yaşayan ərəblər əxlaq normalarına yiyələnməyən, bütpərəstliyə, günahsız qanlar tökməyə adət etmiş kəslər olmuşlar. Quran belə bir inadkar qövmü, daha dəqiq desək milləti, cəhalət, rəzalət və zülmətdən çıxarıb yüksək mədəniyyətə, həqiqi əxlaq və insaniyyətə qovuşdurdu. İslamın və Peyğəmbər (s)-ın şəhadət şərbətini, səhabələrinin parlaq tarixini mütaliə   edən hər bir şəxs, Quranın əzəmətini və bəşəriyyətin hidayətində qoyduğu izin şahidi olacaqdır.

  

  Ərəbistan yarımadasının o dövrdəki ictimai durumu yerli əhalini uçuruma doğru aparır və onların qarşısına zülmət pərdəsi çəkirdi. Quran bütün bəşəriyyəti, xüsusilə də cəhalət zülmündə qərq olmuş ərəbləri səadətə və xoşbəxt həyata qovuşdurdu. Bir qədər əvvəl kiçik bəhanələrlə bir-birinin qanını tökməyə hazır olan cahil ərəblər, islamı qəbul etdikdən sonra Allah yolunda canlarını, mallarını və hətta övladlarını qurban verməyə, Peyğəmbər (s)-ın haqq yolunda şəhadət şərbətini içməyə tələsirdilər.

  

  Təbəri öz tarix kitabında yazır: Müsəlmanlar Bədr döyüşünə tədarük gördükləri zaman, islam fədailərindən biri olan Miqdad, Peyğəmbər (s)-ın yanına gəlib deyir:

  

  Ya Rəsuləllah! Allahın sənə əmr etdiyi haqq yolunu davam etdir! Biz də son damla qanımıza qədər bu yolda sənə yardımçı olacağıq. And olsun Allaha! Biz sənə Bəni-israilin Musa (ə)-a Sən öz Allahınla birgə vuruş, biz isə burada səni gözləyəcəyik! söylədiklərini deməyəcəyik. Biz sənə deyirik: Allahın sənə yardımçı olsun və get düşmənlərinlə vuruş. Biz də son nəfəsimizə kimi sənə yardımçı olacaq və tutduğun haqq yolda cihad edəcəyik. And olsun səni haqq olaraq peyğəmbərliyə göndərən Allaha! Əgər bizi dəhşətli tufanlardan keçərək Həbəşistana doğru hərəkət etməyimizi əmr etsən, son mənzilədək səninlə birgə olacaq və bu yolda əlimizdən gələni əsirgəməyəcəyik. Peyğəmbər (s) Miqdada öz təşəkkürünü bildirib onun üçün xeyir-dua etdi.

  

  Miqdad elm və fədakarlığı ilə şöhrət tapmış, haqqı söyləməkdən çəkinməyən və bütpərəstliklə mübarizə aparan qabaqcıl müsəlmanlardan idi. Onun kimi, Peyğəmbər (s)-ın ətrafını əhatə edən möminlər onlarca idi.

  

  Quran, bütləri özlərinə tanrı bilən daşürəkli insanlardan olan düşmənlərə qarşı barışmaz, möminlərə isə mehriban olan haqsevər insanlar tərbiyə etdi. Quran, səksən il ərzində müsəlmanları, başqalarının səkkiz yüz il müddətində nail ola bilmədikləri qələbəyə çatdırdı.

  

  Peyğəmbər (s)-ın səhabələrinin tarixini digər peyğəmbərlərin səhabələri ilə müqayisə etsək görərik ki, onların qısa müddət ərzində əldə etdikləri zəfər və müvəffəqiyyətlərin əsas səbəbi, müsəlmanların Qurana olan bağlılıqları və ondan aldıqları mənəvi ilham olmuşdur.

  

  Bir anlıq həzrət İsa (ə)-ın və digər peyğəmbərlərin səhabələrinin tarixinə nəzər salaq. Onların barəsində azacıq mütaliə etməklə, həmin qövmlərin iman gətirdikləri peyğəmbərlərə qarşı nə qədər biganə olduqlarının şahidi oluruq. Belə ki, onlar bir çox hallarda öz düşmənləri ilə birləşərək peyğəmbərləri ağır şəraitdə qoymuş, ya da onları cəmiyyətdən təcrid   edərək mağaralara sığınmağa və mübarizə meydanını tərk etməyə məcbur etmişlər.

  

  Bütün bunları nəzərə alaraq, müsəlmanların Peyğəmbər (s)-a və islam dininə olan fədakarlıqlarını, Quranın digər möcüzələrindən biri hesab edə bilərik. Gələcək fəsillərdə biz bu barədə ətraflı söhbət açacağıq.

  
    QURANIN ƏQL VƏ FƏLSƏFƏ BAXIMINDAN MÖCÜZƏLƏRİ  
    QURAN VƏ SAVADSIZ PEYĞƏMBƏR  

  Qurani-kərimin bir çox ayələrində Peyğəmbərin (s) savadsız olması və kimsədən dərs almamasına dəfələrlə işarə olunmuşdur. Peyğəmbər (s) özü də, böyüyüb boya-başa çatdığı qəbilə ilə ünsiyyətdə olarkən dəfələrlə bu həqiqəti onlara bəyan etmiş və bu haqda nazil olmuş Quran ayələrini onların qarşısında tilavət etmişdir. Onlar da hamılıqla bu həqiqəti qəbul etmiş, inkar etməyə heç bir dəlil tapa bilməmişlər.

  

  O həzrət, hətta ibtidai savad almamasına baxmayaraq, bəşəriyyətə hikmət dolu, alim və mütəfəkkirləri özünə cəlb edən, şərq və qərb filosoflarını heyran qoyan və qiyamət gününədək əbədi olaraq qalacaq ilahi vəhyi Quranı özü ilə gətirdi.

  

  * * *

  

  Əgər bəzi inadkar şəxslərin Peyğəmbər (s)-ın müxtəlif elm və fənlərə yiyələndiyinə dair irəli sürdükləri iddianı həqiqət olaraq qəbul etsək də belə, yenə irəli sürülən iddia cavabsız olaraq qalacaqdır. Çünki, əgər Peyğəmbər (s) zəmanəsinin alim və bilicilərindən dərs alsaydı, öz dəvət və bəyanatlarında onların təcrübəsindən istifadə etməli idi. Amma tarixə nəzər saldıqda, biz bunun tam əksini müşahidə edirik.

  

  Peyğəmbər (s) bütpərəstlik və xurafatla mübarizə aparır, təkallahlıq etiqadının əsasını qoyurdu. Peyğəmbərlə (s) müasir olanlarlar da ya bütpərəstlər, yaxud da Kitab əhli adlanan yəhudi və məsihilər idi. Peyğəmbər (s)-ın islamın təbliğində onlardan bəhrələndiyini güman edənlər də sözsüz ki, böyük səhvə yol vermiş olarlar. Belə bir fərziyyəni yalnız o zaman qəbul etmək olardı ki, Quranın, Tövrat və İncillə məna və məfhum baxımından müəyyən bir oxşarlığı olmuş olsun. Həqiqət isə tam bunun əksinədir. Quran xurafat və yanlış etiqadlarla mübarizə aparır. Tövrat və İncilin ayələrində isə bundan savayı bir şey nəzərə çarpmayır. Quranın bəşəriyyətə təqdim etdiyi təkallahlıq, əxlaq, elm, mərifət prinsipləri ətiqeyn (Tövrat və İncil) də bir çox hallarda nəzərə çarpan   xurafat və iftiralardan uzaq və oxşarsızdır. Quran tövhid və Allahtanıma prinsiplərinə xüsusi diqqət yetirir. Burada Allah-taala bütün eyb və nöqsanlardan münəzzəh tutularaq, Ona layiq olan ən gözəl sifətlərlə vəsf edilmişdir.

  
    QURANDA TƏKALLAHLIQ  

    [Yəhudilər, xaçpərəstlər və müşriklər] dedilər: Allah özü üçün övlad götürmüşdür. Allah pak və müqəddəsdir [bu sözlərin Ona heç bir aidiyyatı yoxdur, O bütün eyb və nöqsanlardan xalidir]. Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir! (Bəqərə 116-117).  

  

    Sizin tanrınız tək olan Allahdır. Ondan başqa tanrı yoxdur. O rəhimli və mərhəmətlidir. (Bəqərə-163).  

  

    Allahdan başqa heç bir tanrı yoxdur [Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan] əbədi və əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa hamısı Onundur! (Bəqərə-255).  

  

    Yerdə və göydə heç bir şey Allahdan gizli qalmaz. Anaların bətnində sizə istədiyi surəti verən Odur! O qüdrət və hikmət sahibindən başqa heç bir tanrı yoxdur! (Ali İmran 5-6).  

  

    O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona itaət edin. O hər şeyə vəkildir. Gözlər Onu [görüb] dərk etməz O, gözləri dərk edər. ( Ənan 102-103).  

  

    De ki: Allah məxluqu yoxdan yaradır, sonra da [öldürüb yenidən] dirildir. Elə isə [haqdan] üz döndərirsiniz? (Yunus-34).  

  

    Göyləri, gördüyünüz kimi dayaqsız olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta [dünyanın axırına, qiyamətə] qədər [səmada] dolanan günəşi və ayı [iradəsinə] tabe edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. [Bütün bu dəlillərdən sonra] Rəbbinizlə qarşılaşacağınıza [qiyamət günü dirilib haqq-hesab hüzurunda duracağınıza] bəlkə inanasınız! (Rəd-3).  

  

    Allah Odur. Allahdan başqa heç bir tanrı yoxdur. Dünyada da, axirətdə də həmd-səna Ona məxsusdur. Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız. (Qəsəs-70).  

  

    O özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhimli və mərhəmətlidir! [Allah dünyada bütün bəndələrinə rəhm edən, Rəhman, axirətdə isə yalnız möminləri bağışlayan Rəhimdir!]  

  

      O özündən başqa heç bir tanrı olmayan, [bütün məxluqatın] sahibi, müqəddəs və pak bəxş olan [bəndələrinə] əmin-amanlıq, salamatlıq bəxş edən, [peyğəmbərlərini öz köməyinə] arxayın edən, [hər şeyə] göz-qulaq olan, yenilməz qüvvət və qüdrət sahibi, [hər işdə] qalib olub hökmü keçən [bəndələrinin işini yoluna qoyan, həm də onları istədiyi hər bir şeyə məcbur etməyə qadir olan] və [hər şeyin] fövqündə olan Allahdır! Ən gözəl adlar [əsmayi hüsna] ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təsdiq edib, şəninə təriflər deyər. O, yenilməz qüvvət və hikmət sahibidir! (Həşr 22-24).   

  

  Göründüyü kimi Allah-taala Qurani-kərimdə ən gözəl ad və sifətlərlə vəsf edilmişdir. Belə ki, insan əqli dəlillərlə bütün bunları asanlıqla qəbul edir və ona tərəddüd etmədən iman gətirir.

  

  Əziz oxucular! Özünüz nəticə çıxarın, kimsədən dərs almamış, həddindən artıq geri qalmış bir mühitdə yaşayan insan bu kimi ifadələri bəyan edə bilərdimi?

  
    QURANDA PEYĞƏMBƏRLİK  

  Quran keçmiş peyğəmbərlərin tarixi, möcüzələri, ismət və şəxsiyyətləri barəsində də dəyərli məlumatlar verir. Peyğəmbərlərin ən gözəl xüsusiyyətlərlə vəsf olunaraq bütün mənfi xislət, adət-ənənələrdən uzaq olduqları bəyan edilmişdir.

  

    O kəslər ki, əllərindəki Tövratda və İncildə [adını, vəsfini və əlamətlərini] yazılmış gördükləri rəsula-ümmi [heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli] peyğəmbərə tabe olurlar. [O peyğəmbər] onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz [pak] nemətləri halal, murdar [napak] şeyləri haram edər. ( Əraf-157).  

  

    [Əksəriyyəti yazıb-oxumaq bilməyən] ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu peyğəmbər əvvəllər haqq yoldan açıq-aşkar azsalar da onlara Allahın ayələrini oxuyar, onları [günahlardan, şirk və küfr çirkabından] təmizləyər, onlara kitabı və hikməti [Quran və şəriəti] öyrədir. (Cümə-2).  

  

    Və həqiqətən, səni minnətsiz, tükənmək bilməyən mükafat gözləyir. Doğrudan da, sən böyük bir əxlaq sahibisən! [Böyük bir din üzərindəsən!]  

  

    Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini məxluqat [insanlar, bəşər övladı] üzərində seçilmiş [üstün] etdi. (Ali İmran-33).  

  

    Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: Mən sizin ibadət etdiklərinizdən [bütlərdən] tamamilə uzağam. Yalnız mən,   yoxdan yaradan Allahdan başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir. (Zuxruf 26-27).  

  

    Beləcə, İbrahimə göylərin və yerin mülkünü, səltənətini [oradakı qəribəlikləri və gözəllikləri, onların Allahın qüdrəti ilə yaranmasını] göstərdik ki, tam qənaətlə inananlardan olsun. ( Ənam-75).  

  

    Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə [peyğəmbərliyə] çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurduq. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq.  

  

    Zəkəriyyanı, İsanı, İlyası da hidayətə çatdırdıq. Onlar hamısı əməli-salehlərdən idi. Biz həmçinin İsmaili, Əl-Yəsəi, Yunusu və Lutu da hidayətə qovuşdurduq və onları [özləri ilə bir dövrdə yaşayan bütün] insanlardan üstün etdik. ( Ənam 84-86).  

  

    Biz Davud və Süleymana elm [insanlar arasında mübahisələri həll edib, ədalətli hökm çıxartmaq, quşların dilini bilmək və s.] verdik. Onlar dedilər Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun. (Nəml-15).  

  

    [Ya Peyğəmbər!] İsmaili, [İlyasın əmisi oğlu] Əl-Yəsəi və Zül Kifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdir. (Sad-48).  

  

    Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsamilin [Yəqubun] nəslindən seçilib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın [Allahın] ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanardılar. (Məryəm-58).   

  
    QURANIN TÖVRAT VƏ İNCİLLƏ MÜQAYİSƏSİ  

  Quranın təkallahlıq, ilahi sifətlər, Peyğəmbər (s)-ın əzəmət və şəxsiyyəti haqda irəli sürdüyü mülahizələri nəzərdən keçirdiniz. İndi isə Tövrat və İncilin bu haqda verdiyi məlumatları nəzərdən keçirməyinizi və sonra onu Quranla müqayisə etməyinizi tövsiyə edirik.

  

  Mətləbi daha da aydınlaşdırmaq üçün Əhdeyndə nəql olunmuş bir neçə rəvayəti siz əziz oxuculara təqdim edirik.

  

  1.Tövratda Adəmlə Həvvanın Cənnətdən çıxarılmaları haqda deyilir:

  

  Allah-taala Adəmə Cənnətin bütün meyvələrindən yeməyə icazə vermişdi. Ona qadağan olan yalnız agahlıq, yəni xeyirlə-şəri tanıma ağacı idi. Allah, Adəmə vəhy edərək buyurdu: Ey Adəm! Bil ki, bu ağacın meyvəsindən yediyin gün öləcəksən. Sonra Adəmdən Həvvanı yaratdı və onlar hər ikisi lüt-üryan idilər. Çünki, yaxşı ilə pisin nə olduğunu dərk etməyirdilər. Onlar Cənnətdə şad və xürrəm yaşadıqları zaman, bir ilan   onlara yaxınlaşıb qadağan olunmuş ağaca tərəf apardı və onları bu ağacın meyvəsindən yeməyə sövq etdi. Onları bu işə razı salmaq üçün dedi: Əgər bu ağacın meyvəsindən yeyərsinizsə, əbədi həyata qovuşacaqsınız. Allah sizi bu ağacın meyvəsindən yeməyi qadağan etməklə nəyin pis, nəyin də yaxşı olduğunu dərk etməməyinizi istəmişdir.

  

  Adəmlə Həvva ilanın söylədiklərinə inanıb qadağan olunmuş ağacın meyvəsindən yedilər və həmən an üryan olduqlarını hiss etdilər. Utanaraq övrətlərini örtdülər. Elə bu zaman Allah Cənnətdə gəzişirdi. Adəmlə Həvva Onu görüb özlərini gizlətmək istədilər. Allah Adəmi səsləyərək harada olduğunu soruşdu. Adəm çarəsiz qalıb cavab verdi. Sənin səsini eşidib gizləndim. Çünki bir anda özümü üryan hiss etdim. Allah dedi: Üryan olduğunu necə başa düşdün? Yoxsa, sənə qadağan etdiyim meyvədənmi yemisən? Hər şey Allaha bəlli oldu. Artıq Adəm də bizim kimi oldu. O, da bundan belə yaxşı ilə pisi, gözəl ilə çirkinin nə olduğunu biləcəkdir. Belə getsə həyat ağacının meyvəsindən yeyəcək və bizim kimi əbədi yaşayacaqdır. Bu səbəbdən də Allah, Adəmi Cənnətdən qovub onunla həyat ağacı arasında böyük fasilə [məsafə] qoydu. (Yaradılış səfəri. 2-3-cü fəsillər.)

  

  Yenə də Tövratda deyilir: Şeytan, deyilən həmin ilandır. O Şeytan ki, bütün dünyanı zəlalətə və uçruma sövq edir. (12-ci fəsil, 9-cu bölüm).

  

  Bir anlıq diqqət yetirin, görün səmavi adlanan kitablarda elm və qüdrəti hər şeyi əhatə edən Allaha nə kimi yalan və iftiralar qoşulur. Acizlik, qorxu, yalançılıq və s. Belə ki, Allah agahlıq ağacını yalan olaraq Adəmə ölüm ağacı kimi tanıtdırmışdır. Sonra isə onun həyat ağacının meyvəsindən yeyərək əbədi yaşamasından qorxaraq, dünyaya hökmranlıq etməkdə onunla şərik olmasın deyə, Adəmi Cənnətdən qovur. Daha sonra Allahın cism olaraq cənnətdə gəzişməsinə işarə olunur. Ən başlıca isə, Allahın Adəm və Həvvanın tutduqları işdən xəbərsiz olduğuna, yəni məxluqatın gördükləri işlərdən agah olmadığına toxunulur. Bir halda ki, Zatı bütün eyb və nöqsanlardan münəzzəh olan bir varlığa, bu kimi sifət və xüsusiyyətləri aid etmək qeyri-mümkündür.

  

  2.Tövrat İbrahim (ə) ilə Nəmrudun əhvalatında deyir: İbrahim zövcəsi Saranı Nəmrudun hüzurunda bacısı kimi qələmə verdi və Sara olduqca gözəl olduğu üçün Nəmrud onu əldən vermək istəmədi. Onu özünə arvad edib İbrahimə xeyli maddi yardım etdi. Artıq İbrahimin ixtiyarında xeyli mal-qara və saysız-hesabsız xəzinələr var idi. Nəmrud, Saranı İbrahimin bacısı yox, zövcəsi olduğunu başa düşdükdə İbrahimə dedi: Nə üçün həqiqəti gizlədib, Saranı əlindən almağıma razı oldun? Sonra Nəmrud, Saranı İbrahimə qaytardı. (Tövrat, Yaradıcılıq səfəri, 12-ci fəsil).

  

  Buradan belə məlum olur ki, fitnə-fəsada və əxlaqsızlığa yol verən, İbrahim (ə)-ın özü olmuşdur. Çünki, o, Saranı zövcəsi olduğunu danmaqla   Nəmrudun onu ələ keçirməsinə əlverişli imkan yaratmışdır. Adi insanlar bu işə yol vermədikləri bir halda, Allahın əziz peyğəmbəri belə bir pozğunluğa yol verə bilərdimi?! Əstəğfirüllah! Allaha pənah aparırıq bu kimi yalan və iftiralardan!

  

  3.Tövrat Lut (ə) və qızlarının əhvalatı haqda deyir: Günlərin bir günündə Lutun böyük qızı bacısına deyir: Artıq atamız qocalıb əldən düşüb və yer üzündə bizimlə yaxınlıq edəcək kimsə qalmayıb, gəl atamızı məst edib onunla yaxınlıq edək. Beləliklə atamızın nəslini qoruyub saxlamış olarıq. Həmən günün gecəsi Lutu içirdirlər, böyük qızı onunla yaxınlıq edir. İkinci gün yenə də bu iş təkrar olur və bu dəfə kiçik qızı onunla yaxınlıq edir. Beləliklə hər iki bacı atasından hamilə olur. Onların hər birinin bir oğlu olur. Böyük bacının oğlu Mu abin sülaləsinin banisi Mu ab, kiçik bacının oğlu isə Bəni-əmum sülaləsinin banisi Bin-əma adı ilə şöhrət tapır. (Tövrat, Yaradıcılıq səfəri, 19-ci fəsil).

  

  Bu da Tövratda həzrət Lut və onun qızları haqda uydurulmuş növbəti təhqiramiz əfsanə.

  

  4.Tövratda deyilir:

  

  İshaq özündən sonra peyğəmbərliyi oğlu İsuya vermək istəyirdi. Lakin Yəqub adlı başqa bir oğlu atasının korluğundan istifadə edib qardaşının paltarını geyinir və özünü İsu kimi tanıtdırır. İshaq təmtəraqlı məclis qurub oğlunun peyğəmbərliyə təyin olunduğunu qeyd edir və özü də məclisə qoyulan şərablardan bir qədər içir. Sonra oğlu üçün dua edib deyir: Sən bundan sonra qardaşlarının ağası və sərvərisən. Anan və övladlarım qarşında kiçilməli və ehtiram etməlidirlər. Allah lənət etsin, sənə lənət oxuyanlara! Allah yar olsun, səni sevib yar olanlara!

  

  İsu məclisə daxil olub, qardaşının peyğəmbərliyi ondan qəsb etdiyini başa düşür. Atasının yanına gəlib deyir: Atacan mənə də xeyir-dua et! İshaq deyir: Mən onu sənin və qardaşlarının üzərində rəhbər təyin etdim. Buğda və şərabla ona sərvət və qüdrət verdim. Oğul belə olduğu bir halda mən sənə nə edə bilərəm? İsu atasından rədd cavabını eşidib uca səslə nalə etdi. (Tövrat, Yaradıcılıq səfəri, 27-ci fəsil).

  

  Qəribədir, peyğəmbərliyi başqa birisindən qəsb etmək olarmı? Həqiqətən Allah peyğəmbərlik məqamını hiylə və yalan işlətməklə birinin üzərindən götürüb başqa birisinin öhdəsinə qoya bilərmi? Görəsən doğrudan da Yəqub, hiylə ilə atası İshaqı aldatdığı kimi, Allahı da aldada bilmiş və O, da bu məqamı həqiqi sahibinə qaytara bilməmişdirmi?

  

  Bəlkə də bu əfsanəni uyduran şəxslərin özlərini şərab məst etmiş və belə bir çirkin iş tutmağa vadar etmişdir.

  

  Tövratda deyilir:

  

  Yəhda, oğlu Əirin zövcəsi Samar ilə zina edir və ondan Faris və Zari adda iki oğlu olur. (Tövrat - Yaradıcılıq səfəri, 38-ci fəsil).

  

    Başqa bir tərəfdən isə Məttanın İncilində Yəsu Məsihin şəcərənaməsi geniş şəkildə verilir və orada həzrət Məsih, Süleyman və onun atası Davudun öz oğlunun arvadı ilə qeyri-qanuni cinsi əlaqədən dünyaya gələn Faresdən olmaları bildirilir.

  

  Əstəğfirullah! Əgər peyğəmbərlər zinadan, özü də məhrəmlə edilən zinadan dünyaya gəlmiş olsalar, daha hansı müqəddəslikdən danışmaq olar?!

  

  Amma nədənsə Tövratı təlif və sonralar təhrif edən şəxslər Allah peyğəmbərlərinə iftira yaxmağı özlərinə adi peşə seçmişlər.

  

  6.Tövratda deyilir:

  

  Davud, qabaqcıl sərkərdəsi Uryaya adlı imanlı bir şəxsin zövcəsi ilə zina edir. Uryayın zövcəsi bu yaxınlıqdan sonra hamilə olur. Davud rüsvay olacağından qorxub müxtəlif tədbirlərə əl atır. Bir gün o, Uryaya əmr edir ki, evə gedib öz zövcəsi ilə yaxınlıq etsin. Amma Uryay bundan imtina edərək deyir: Heç rəvadırmı ki, ağam Yuab və onun havadarları səhrada aclıqdan-susuzluqdan əziyyət çəksin, mən də gedim öz zövcəmlə yaxınlıq edim?! Yox! Heç vaxt! And olsun əziz canına, mən bu işə heç vaxt razı olmaram.

  

  Davud bunun da bir nəticə vermədiyini gördükdə, Uryayı yanında saxlayıb yedirdib içirir. Onu məst etdikdən sonra Yuaba belə bir məktub yazır. Uryayı ağır döyüşə göndər. Onu düşmənlə qarşı-qarşıya qoyun. Döyüşüb həlak olsun.

  

  Yuab da Davudun göstərişinə əməl edir. Uryay döyüşdə həlak olduqdan sonra, Davuda bu haqda xəbər verir. Davud Uryayın zövcəsini öz evinə aparır və əzadarlıq günləri başa çatdıqdan sonra onunla rəsmi ailə qurur. (Şemuel kitab 2, 11-12-ci fəsillər).

  

  Məttanın İncilində də deyilir ki, Süleyman peyğəmbər və Davud (ə)-ın oğlu həmən qadından dünyaya gəlmişlər.

  

  Azacıq da olsa, qeyrət hissi olan bir şəxsə bu işi aid etmək mümkün olmadığı bir halda, ismət və şəxsiyyətilə hamıdan fərqlənən Allah peyğəmbərlərinə belə bir çirkin və nalayiq işi aid etmək olarmı?

  

  Şəxsi rəylər əsasında yazılmış incillərdə başqa bir nöqsan nəzərə çarpır. O da həm Süleyman (ə)-ın, həm də həzrət Məsihin Davud (ə)-ın oğlu olmasıdır. Necə ki, Lukanın İncilində deyilir: Məsih, atası Davudun taxtında oturardı... Maraqlıdır, görəsən Davud (ə)-ın oğlu, həzrət Məsih olumuşdur, ya Süleyman? Yoxsa, onlar iki doğma qardaş olmuşlar!?

  

  7.Tövratda deyilir:

  

  Süleyman peyğəmbərin yeddi yüz azad, üç yüz də kəniz qadını var idi. Qadınlar onu bütlərə ibadət etməyə sövq edirdilər. Süleyman onların hiyləsinə uyub Sədunilərin pərəstiş etdikləri Əşturət və Əmunilərin pərəstiş etdikləri Məlkum bütünə ibadət etməyə başladı. Allah-taala onun bu   xoşagəlməz işindən qəzəblənib deyir: İxtiyarında olan bu padşahlıq və səltənəti səndən geri alıb kölələrindən birinə verəcəyəm. (Padşahlar - birinci kitab, 11-ci fəsil).

  

  Yenə Tövratda deyilir:

  

  Süleyman peyğəmbər Səydanilər pərəstiş etdikləri Əşturət, Muabilərin pərəstiş etdikləri Kəmuş və Əmunilərin pərəstiş etdikləri Məlkum bütləri üçün böyük və gözəl bütxanalar düzəltdirmişdir. Yuşanın padşahı bütxanaları nəcislə murdarlayıb bütləri sındırır. (Padşahlar - ikinci kitab, 23-cü fəsil).

  

  Müəllif: Əqli yolla peyğəmbərlərin məsum və günahsız olduqları sübuta yetsə də, bir anlıq onların məsum olmadıqlarını fərz edək. Bəs, bəşəriyyəti təkallahlığa dəvət edən ilahi peyğəmbərin bütlər üçün ibadətgah tikməsini necə, qəbul etmək olarmı? Bu haqda yetgin nəticəyə gəlməyi əql və düşüncə sahiblərinin öz üzərinə qoyuruq!!

  

  8.Huşənin kitabında deyilir: Allahın Huşəyə etdiyi ilk xitab bu olmuşdur:

  

  Get özün üçün zinakar qadın və zinazadə övladlar seç. Çünki, yaşadığın dünya zinakar Allah tərəfindən yaradılmışdır. Huşə, Bəyimin qızı Göhər ilə zina etdi və ondan iki oğlu və bir qızı oldu.

  

  Yenə də həmən kitabda deyilir: Allah Bəni-israili sevdiyi kimi, sən də ərli və zinakar qadını sev.

  

  Öz insafınızla qəzavət edin, Allah bəşəriyyətə nümunə olaraq göndərmiş olduğu bir şəxsi zinakarlığa vadar edə bilərmi?

  

  Yazıçının təklif etdiyi mətləbin qəbahətini dərk etməməsinə təəccüb etməmək olar. Lakin insanda təəccüb doğuran ziyalı təbəqələrin tövrata səmavi kitab olaraq iman gətirmələri və bir çox hallarda mötəbər mənbə kimi ona istinad etmələridir!!

  

  Bəli! Təqlid dəyişilməz bir adətdir. İnsanın kor-koranə təqliddən yaxa qurtarması və özünü bütün asılılıq və tabeçilikdən azad etməsi olduqca çətin məsələdir.

  

  9.İncildə deyilir:

  

  Günlərin bir günündə Məsih camaata nəsihətamiz xütbə oxuyurdu. Anası və qardaşları isə onu eşikdə gözləyirdilər. Orada olanlardan biri həzrət Məsihə müraciət edərək deyir: Anan və qardaşların səni eşikdə gözləyirlər. Onların sənə sözləri vardır. Məsih dedi: Anam kimdir, qardaşım kimdir? Sonra əli ilə şagirdlərinə işarə edərək dedi: Bunlar mənim anam və qardaşlarımdır. Mənim həqiqi anam və qardaşlarım o kəslərdir ki, göylərdə deyilənlərə qulaq asmış və ona iman gətirmiş olsunlar. (Huşənin kitabı, 3-cü fəsil).

  

  Əziz oxucular! Bir anlıq sözlərdəki səxavətə diqqət yetirin, görün şagirdlərini hamıdan üstün tutan Məsih, doğma anasını özündən   uzaqlaşdıraraq onun müqəddəsliyinə xələl gətirəcək ifadələr işlədir. Bir halda ki, o özü başqa bir yerdə şagirdləri haqda bu sözləri demişdir. Onlar hələ də iman gətirməmişlər. (Markos 4-cü fəsil).

  

  Onların qəlblərində xaş-xaş dənəsi qədər də iman yoxdur. (Mətta 17-ci fəsil).

  

  Mətta, kitabının 26-cı fəslində həzrət Məsih (ə)-ın şagirdləri haqda bu sözləri deyir: Yəhudilər Məsihə həmlə edəcəkləri gün şagirdlərindən onu qorumalarını istəmişdi. Amma onlardan heç biri Məsih (ə)-ın dediklərinə qulaq asmayır. Məsih (ə), yəhudilərin əlinə düşdüyü zaman onu tərk edən ilk şəxslər məhz şagirdləri oldu.

  

  Bu, Məsih (ə)-ın şagirdləri haqda İncildə nəql olunmuş nümunələrdən biri idi.

  

  10.Yuhənnanın İncilində deyilir:

  

  Günlərin bir günündə Məsih toy məclisində iştirak edir. Orada şərab qurtardıqda möcüzə yolu ilə altı kuzə şərab düzəldir.

  

  Mətta, Məsih (ə)-ın şərab içməsi haqda yazır: Məsih bəzən şərab içməkdə həddi aşardı.

  

  Əstəğfirullah! Allaha pənah aparırıq müqəddəs peyğəmbərlərə vurulan böhtan və iftiralardan. O ki, qaldı şərabın haramlığına, istər tövratda, istərsə də incildə şərabın haram olması haqda kifayət qədər ayə və fəsillər vardır.

  

  Belə ki, tövratda Allah-taala Haruna etdiyi xitabələrin birində buyurur:   İctimaiyyət içinə daxil olduqdan sonra ömrünüzün son gününədək şərab için.   

  

  Qəribədir, görəsən tövratda və incildə şərabın haramlığı haqda kifayət qədər dəlil və sübutlar olduğu bir halda, həzrət Məsihi şərabxorluqda günahlandırmaq hansı məqsəd daşıyır?

  
    NƏTİCƏ  

  Əhdeyndəki xurafatlarla az da olsa tanış oldunuz. Göründüyü kimi peyğəmbərlərə və Allaha yaxılan iftiralar əql və məntiqlə tam ziddiyyət təşkil edir. Biz bütün nümunələri siz əziz oxucuların ixtiyarına qoyuruq. Diqqətlə mütaliə etdikdən sonra, vicdan və ədalətlə yetgin nəticəyə gəlib hökm çıxarın. Deyin görək həzrət Məhəmmədin (s) bəşəriyyət üçün əbədi olaraq gətirdiyi hikmətlə dolu və heç bir nöqsana yol verilməyən Quran, xurafat əsasında yazılan tövrat və incildən götürülə bilərdimi? Digər tərəfdən, bütün xurafat, yalan və iftiraları nəzərə alaraq, Əhdeyni həqiqi səmavi kitab və ilahi vəhy adlandırmaq olarmı?

    
    QURANIN UYĞUNLUQ ECAZI  

  Quranın bir neçə möcüzəvi xüsusiyyətləri haqda söhbət açdıq və bir qədər əvvəl, əql və fəlsəfi ecazına da müxtəsər işarə etdik. Haqqında söhbət açmaq istədiyimiz mövzu, Quranın həmahəng və uyğunluq ecazıdır. Yəni, Quran ayələrində azacıq da olsun ixtilaf və tərtib baxımından nöqsan nəzərə çarpmayır.

  

  Hər bir normal insan əldə etdiyi həyati təcrübələrdən belə bir qənaətə gəlməlidir ki, yalan və iftira əsasında qurulan qanun və nizamnamələr çox keçmədən öz etibarını itirib aradan getməlidir. O ki qaldı etiqadi və əxlaqi məsələlərə, burada bu məsələ daha qabarıq nəzərə çarpır. Yalançı şəxslər nə qədər səy etsələr də, öz ifadələrində ziddiyyət və nöqsanlara yol verməlidir. Necə deyərlər, yalançının yaddaşı az olar.

  

  Amma Qurani-kərim, insanların həyatına daxil olmaqla onların ictimai, siyasi, dini və s. məsələlərinə toxunmuş, azacıq da olsun nöqsan və çatışmamazlıqlara yol verməmişdir.

  

  Allah-taala peyğəmbərlik, siyasət, ictimaiyyət, şəhər və ölkələrin idarəetmə üsulları, əxlaq və s. qanunlar haqda ətraflı mülahizələr aparmışdır. Burada astronomiya, tarix, müharibə və sülh qanun-qaydalarına ümumi şəkildə olsa da, toxunulur. Mələk və insanlar, heyvanlar, yağış, külək, bitkilər aləmi və bu kimi yer və səmavi varlıqlar haqda da maraqlı məlumatlar verilir. Bütün bunlarla yanaşı, Quranda, qiyamətin qorxunc səhnəsi, insanların məhşərdəki sorğu-sualı da öz əksini tapmış və qeyd etdiyimiz kimi, mövzu və qanunların heç birində ziddiyyət, nöqsan və çatışmamazlıqlara yol verilməmişdir.

  

  Quran bəzən bir mövzu ətrafında iki dəfə və ya daha artıq söhbət açır, amma buna baxmayaraq onların heç birində çatışmamazlıq nəzərə çarpmayır. Məsələn, götürək Musa (ə)-ın əhvalatını. Biz Quranda bu əhvalatla dəfələrlə qarşılaşsaq da, onların heç birində nöqsan və ziddiyyətlərlə qarşılaşmırıq. Növbəti ayə özündən əvvəlki ayələri təsdiqləyir və onu daha da təkmilləşdirir.

  

  Quranın 23 il ərzində müxtəlif hadisə və münasibətlər əsasında nazil olduğunu nəzərə aldıqda, onun həqiqətən ilahi vəhy olduğunun, insanın elm və qüdrətindən xaric olduğunun bir daha şahidi oluruq. Quranın 23 il ərzində nazil olmasını yaranmış ictimai, siyasi, dini şərait tələb edirdi. Bu müqəddəs kitab ayə-ayə nazil olmasına baxmayaraq, öz həmahəngliyini qoruyub saxlaya bilmişdir. Bu da Quranın möcüzəvi xüsusiyyətlərindən biridir.

  

      Onlar Quran barəsində [onun Allah kəlamı olması haqda] düşünməzlərmi?  

  

    Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə onda çoxlu ziddiyyət [ixtilaf, uğursuzluq] tapardılar.   

  

  Bu mübarək ayə insanı daxili və fitri mətləblərə dəvət edir. O da bundan ibarətdir ki, insan irəli sürdüyü iddia və söylədiyi ifadələrdə yalan və iftiraya əsaslanarsa, gec-tez söylədiyi ifadələrdə ziddiyyət və nöqsan yaranacaqdır. Lakin biz, Quranda bu kimi çatışmamazlıqlarla qarşılaşmırıq.

  

  Quranın nöqsan və çatışmamazlığını sübuta yetirmək üçün heç bir təsdiq və dəlilə ehtiyac duyulmayır. Bu həqiqəti hətta, o dövrün cahil ərəbləri də dərk edirdi. Fəsahət və bəlağət alimləri, görkəmli şer ustaları, ədəbiyyatşünaslar dəfələrlə bu mətləbə toxunmuş, Quranın əbədi və ilahi möcüzə olduğunu etiraf etmişlər.

  

  Bir anlıq Vəlid ibni Müğeyrənin söylədiklərinə diqqət yetirin. Əbu Cəhl ondan Quran barəsində öz nəzərini bildirməsini istədikdə, bu sözləri demişdir:

  

  Mən Quran barəsində nə deyə bilərəm? And olsun Allaha! Sizlərdən, məndən çox ərəb şer və qəsidələrini bilən yoxdur. Şerin sirlərində, fəsahət və bəlağət elminin dərinliklərində, rəcəz şerlərində məndən bilikliniz yoxdur. Mən şerin bütün növlərinə, hətta cinlərin şerlərindən belə agaham. Amma and olsun Allaha! Məhəmmədin söylədikləri bunların heç birinə bənzəməyir. Bəli! Məhəmmədin söylədiklərində özünəməxsus şirinlik vardır. Onun söylədiklərindən daha şirin və daha mənalı bir şey söyləmək mümkün deyildir. Məhəmmədin hər bir sözü, hər sözdən daha üstün və təsəvvür olunmazdır.

  

  Əbu Cəhl dedi: And olsun Allaha! Əgər onun əleyhinə bir söz deməsən, qəbilə üzvləri səndən razı qalmayacaqdır.

  

  Vəlid dedi: Elə isə bir qədər səbr edin, bir şey fikirləşim. Bir qədər fikirləşdikdən sonra dedi: Quran, Məhəmmədin sehrkarlardan öyrəndiyi sehrdir. (Təfsir Təbəri, 29/98).

  

  Başqa bir yerdə Vəlidin verdiyi cavab bir qədər fərqli olaraq nəql olunur: And olsun Allaha! Məhəmmədin söylədikləri nə insan sözüdür, nə də cin. Dediyi sözlərin özünəməxsus şirinliyi vardır. Kimsə bu vaxta qədər bu sözləri deməmiş və deməyə də qadir deyildir. İstifadə etdiyi hər bir ifadə də yenilik və cazibəlik hiss olunur.

  

  Əgər səmavi kitab adlanan tövrat və incili diqqətlə araşdırsanız, haqq və batili olduğu kimi dərk edib həqiqətə nail olacaqsınız.

  

  İndi isə incildəki bir neçə ziddiyyətli ayələrə diqqət yetirin:

  

  1.Lukanın incilində deyilir:

  

  Məsih (ə) dedi:

  

    Mənimlə olmayanlar mənə müxalif olanlardır. (Mətta. 12-ci fəsil. Luka 11-ci fəsil).

  

  Amma başqa bir yerdə yenə də incildə oxuyuruq: Bizimlə müxalif olmayanlar bizimlədirlər. (Markos və Luka. 9-cu fəsil).

  

  2.İncildə deyilir: Məsih (ə)-ı saleh müəllim adlandırdıqda etiraz edərək dedi: Saleh?! Allahdan başqa kimsə saleh deyildir. (Mətta. 19-cu fəsil. Markos 10-cu fəsil).

  

  Amma başqa bir yerdə bunun tam əksilə rastlaşırıq. Mənəm saleh gözətçi. Sonra dedi: Saleh gözətçi mən özüməm. (Yuhənna 10-cu fəsil).

  

  3.Məttanın İncilində deyilir:

  

  Həzrət Məsih ilə dar ağacına asılan oğruların hər ikisi onu danlayır, təhqiramiz sözlər deyirdilər. (Mətta. 27-ci fəsil).

  

  Başqa bir incildə isə bunun tam əksi deyilir: Oğrulardan biri Məsihə dedi: Əgər həqiqətən Məsihsənsə (Allah peyğəmbərisənsə) həm özünü, həm də bizi bu bəladan qurtar. Başqa birisi dedi: Məsihi danlamaqla Allahın əzabından qorxmursanmı. (Luka 5-ci fəsil).

  

  4.Yuhənnanın İncilində deyilir:

  

  Əgər mən öz xeyrimə şəhadət verirəmsə, şəhadətim heç də düzgün olmayacaqdır. (Yuhənna 5-ci fəsil).

  

  Amma həmən incildə başqa bir fəsildə deyilir:

  

  İsa dedi: Əgər mən şəhadət verərəmsə, şəhadətim tamamilə düzgün olacaqdır. (Yuhənna 8-ci fəsil).

  

  Bunlar həcm baxımından bir o qədər də böyük olmayan incildən, bir-biri ilə fərqli və ziddiyyətli nümunələr idi. Amma nə qədər az olsa da, həqiqətsevər insanlara həqiqəti bilmək üçün kifayət qədər dəlil və sübut ola bilər.

  
    QURANIN QANUNVERİCİLİK BAXIMINDAN ECAZI  
    QURANDAN ƏVVƏLKİ DÖVRLƏR  

  Bu bir həqiqətdir ki, aləmi öz nuru ilə işıqlandıran islam dini, zühur etməzdən əvvəl bir çox millətlər, xüsusilə cahil ərəblər zülmət və qorxunc həyat tərzi keçirirdi. Savadsızlıq, əxlaqsızlıq, ictimai pozğunluq hakim olan bir cəmiyyətdə elm öyrənmək ərəblər üçün böyük rüsvayçılıq, qan töküb ticarət karvanlarını qarət etmək isə mərdanəlik hesab olunurdu.

  

  İslamdan əvvəl onlar özlərinin qorxunc və xurafi adət-ənənələrindən böyük bəhrələr aparırdılar. Cahil ərəblərin, vahid əqidə adı altında bir yerə   toplayacaq nə dini, nə də ictimai qanun çərçivəsində vəhdət yaradacaq qanunları var idi. Ata-babalarının adət-ənənələri onları heyran edir və onu davam etdirməyi özləri üçün böyük fəxr bilirdilər. Bütpərəstlik cahil ərəblər arasında ən çox yayılmış ayinlərdən biri hesab olunurdu. Onlar öz əlləri ilə yonduqları bütlərə pərəstiş edir və onları şəfaətverici vasitə kimi müqəddəsləşdirirdilər.

  

  Ata-analarından onlara irs olaraq qalan var-dövlət və qarət yolu ilə əldə etdikləri mallar, onlar arasında püşk atma yolu ilə bölünürdü. Hər şeydən çox, geniş yayılmış qumarbazlıq əksəriyyət tərəfindən rəğbətlə qarşılanır, hətta bunu özlərinə böyük iftixar hesab edirdilər. Adət şəklini almış ən çikrin işlərdən biri də, atalarının zövcələri ilə evlənmələri, ondan da dəhşətlisi isə qız uşaqlarını diri-diri torpağa basdırmaları olmuşdur.

  
    QURAN ƏSRİ  

  Ərəbistan yarmadasının islamdan əvvəlki ictimai vəziyyəti ilə az da olsa tanış oldunuz. Cəhalət və hərc-mərclik baş alıb getdiyi bir halda, orada parlaq islam günəşi doğdu. Cəhalətdə qərq olmuş qaranlıq ürəklər, islam nuru ilə işıqlandı.

  

  Təkallahlıq, bütpərəstliyin cəhalət və fəsadını elm və əxlaqla, illər boyu davam edən qəbiləvi düşmənçiliklərini isə dostluq və məhəbbətlə əvəz etdi. Qarətçi və pərakəndə ərəb qəbilələri təqvalı vahid müsəlman ümmətinə çevrildi. Belə ki, iqtidarda olduqları illər ərzində elm, mədəniyyət, insaniyyət və svilizasiyanın ən yüksək mərhələlərinə nail olaraq, fəth etdikləri ölkələrdə də bunların yayılmasında böyük nailiyyətlər əldə etdilər. Həmin dövrdə elm, mədəniyyət və tərəqqi artıq islam bayrağı altında dalğalanırdı.Görkəmli fransız elm xadimi Durus bu haqda deyir:

  

  Müsəlmanların peyğəmbəri olan Məhəmməd, özünün səmavi təlimlərini pərakəndə ərəb qəbilələri arasında asanlıqla yayaraq onların vəhdət və birliyinə nail oldu. O, öz hakimiyyətini İspaniyadan Hind yarmadasınadək yayaraq svilizasiya və tərəqqi bayrağını bu ölkələrdə ucalda bildi. O böyük insan, Avropa ölkələrindən fərqli olaraq, bir zaman Ərəbistan yarmadasında dərin islahatlar apara bildi.

  

  Orta əsrlərdə elm və mədəniyyətə yiyələnən yeganə millət var idisə, o da cəhalət pərdəsini kənara çəkmiş və onu elm və mədəniyyətlə əvəz etmiş ərəb milləti idi. (Sifvətul ürfan. Məhəmməd Fərid Vəcdi-119).

  

  Demək, ərəblər qazandıqları bütün zəfər və nailiyyətləri, müqəddəs islam dinini qəbul etmək və səmavi bir kitab kimi Qurana iman gətirmələri ilə əldə etmişlər. O, Quran ki, bütün qanun nizamnamələri məntiq və əql əsasında qoyulmuşdur. Quran özünəməxsus bəyanetmə üslubu ilə digər səmavi kitablardan fərqli və müqayisəolunmaz dərəcədə üstündür. Bu   halda biz bunu, Quranın başqa bir möcüzəvi xüsusiyyətlərindən biri kimi qəbul edə bilərik.

  
    QURANDA BƏRABƏRLİK  

  Quranın digər möcüzəvi xüsusiyyətlərindən biri də qanunvericilik və əxlaq prinsiplərində tutduğu orta mövqe və ədalətdir. Belə ki, bu müqəddəs kitabda qanunvericilikdə ifrat və təfritə varmadan orta mövqe tutulmuşdur. Quran ədalət və bərabərliyə diqqət yetirir və bu iki xüsusiyyət üzərində qurulan bütün işləri insanlar üçün zəruri hesab edir. Və eyni zamanda onların dilindən, Allah-taaladan bütün işlərin ifrat və təfritə yol vermədən həyata keçirməsini diləmələrini bəyan edir.

  

    Bizi doğru yola yönəlt. (Fatihə-5).   

  

  Quranın digər ayələrində də insanların bütün işlərdə orta mövqe tutmaları (ifrat və təfritə yol verməmələri) tövsiyə olunur.

  

    Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. (Nisa-58).  

  

     Ədalətli olun. Bu təqvaya daha yaxındır (Maidə-8).  

  

    Söz söylədiyiniz zaman [lehinə və ya əleyhinə danışdığınız adam] qohumunuz olsa belə, ədalətli olun (Ənam-152).  

  

    Həqiqətən, Allah [Quranda insanlara] ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara [haqqını] verməyi [kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı] buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir! (Nəhl-90).   

  

  Quran həyatın bütün sahələrində ədaləti hər şeydən üstün tutur və müsəlmanlara da daim bu meyara əsaslanmağı tövsiyə edir. Onlardan bir neçəsi haqda söhbətə bəşlayırıq.

  
    1. SƏRVƏT VƏ MÜLKİYYƏT  

  Quran insanın orta həyat səviyyəsində yaşamasını, israfa yol verməyib, imkansızlara qarşı xəsis olmamasını tövsiyə edir. Quranın bir çox ayələrində insanların xəsislik və paxıllıqdan uzaq olmaları əmr olunur:

  

    Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər, heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyir, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır. (Ali İmran-180).   

  

    Eyni zamanda insanların israfdan çəkinərək bir qədər əliaçıq olmaları tövsiyə olunur.

  

    İsraf etməyin. Allah israf edənləri sevməz! ( Ənam-141).  

  

    Həqiqətən, [malını əbəs yerə] sağa-sola səpələyənlər Şeytanın qardaşlarıdır. (İsra-27).  

  

    Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşiman olarsan. (İsra-29).   

  
    2. İNTİQAM VƏ ƏFV ETMƏKDƏ ƏDALƏT  

  Quran insanı həyatın acılı-şirinli günlərinə adət etməyə, qarşısına çıxan bəla və müsibətlərə səbr etməyə tövsiyə edir. Səbr edənlərin böyük nemətlərlə mükafatlandırılacaqlarına bəşarət verir:

  

    Yalnız [dünyada Allah yolunda çətinliklərə] səbr edənlərə [axirətdə] saysız-hesabsız mükafat veriləcəkdir. (Zumər-10).  

  

    Allah səbr edənləri sevər. (Ali İmran-146).   

  

  Amma bu heç də o demək deyildir ki, Quran insanları zülmə qarşı mübarizə aparmaqdan çəkindirir və onların zülmə tabe olmalarını tövsiyə edir. Xeyir! Quran məzlumlara, öz haqlarını tələb etmək lazım gələrsə, mübarizəyə belə qoşulmasını əmr edir. Bəqərə surəsinin 194-cü ayəsində bu haqda deyilir:

  

    Sizə qarşı həddini aşanlarla siz də həmən ölçüdə həddi aşın [cavab verin].   

  

  * * *

  

  Quran, qətlə yetirilmiş şəxsin sahibinə həddi aşmadan (yəni daha ağır əzab növlərindən istifadə etmədən) qisas almaq ixtiyarın vermişdir.

  

    Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə [və ya varisinə qatil barəsində] bir ixtiyar verdikdə [istəsə qatildən qisas alar, istəsə bağışlayar və ya qanbahası tələb edər]. Lakin, o da qətl etməkdə ifrata varmasın. [qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin. (İsra-33).   

  
    3. MADDİ VƏ MƏNƏVİ İŞLƏRDƏ ƏDALƏT  

  Quranın qanunvericilik prinsipləri ədalət üzərində qurulduğu üçün, onda dünya və axirət qanunları arasında müəyyən oxşarlıq vardır. Quran, tövratda olduğu kimi yalnız insanların maddi həyatlarına diqqət yetirərək axirət dünyasını onların zehnindən silməmişdir. Belə ki, xeyirxah işlər görən şəxslərin mükafatını, məhz dünyəvi var-dövlətdə və başqalarının   üzərində hakimiyyətdə görür. Və eyni zamanda incildə olduğu kimi, yalnız axirətə qapılaraq dünyəvi həyatdan əl çəkməyi kimsəyə tövsiyə etməyir.

  

  Quran həm insanları axirət dünyasına sövq edir, həm də dünyəvi halal ləzzətlərdən zövq almağı tövsiyə edir.

  

    Hər kəs Allaha və peyğəmbərinə itaət edərsə, Allah onu ağacların altında çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da [möminlər üçün] böyük uğur və qurtuluşdur! Hər kəs Allaha və peyğəmbərinə itaət etməyib Onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir. (Nisa 13-14).  

  

    Kim [dünyada] zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyirini görəcəkdir [mükafatlanacaqdır].  

  

    Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir [cəzasnı çəkəcəkdir]. (Zilzal 7-8).  

  

    Allahın sənə verdiyindən özünə axirət qazan [malını Allah yolunda sərft et]. Dünyadakı nəsibini də unutma. (Qəsəs-77).   

  

  Quranın bir çox ayələrində elm və təqvaya tövsiyə olunmaqla yanaşı, dünyəvi halal nemətlərdən səmərəli istifadə etməyə də xüsusi diqqət yetirilir.

  

    [Ya Məhəmməd!] De ki, Allahın öz bəndələri üçün yaratdığı zinət və təmiz [halal] ruziləri onlara kim haram buyurmuşdur? ( Əraf-32).   

  

  * * *

  

  Qeyd etdiyimiz kimi Quran, insanların dünyəvi həyatları ilə yanaşı axirət dünyasının mənəvi məsələlərinə də xüsusi diqqət yetirir. Bütün bunlarla yanaşı insan, yaradılış dünyasında mövcud olan varlıqlara və vücudunun əsrarəngiz sirlərinə yol tapmasına sövq olunur. Burada tək insanla Allah arasında olan rabitəyə deyil, onların bir-biri ilə ünsiyyətdə olma və qarşılıqlı həmkarlıq və ehtiram prinsiplərinə də diqqət yetirilir.

  
    4. İQTİSADİYYATDA ƏDALƏT  

  Qurani-kərimdə qanuni alqı-satqı və digər müamilə üsulları halal, sələm, çəkidə və digər ölçü vahidlərində edilən kələkbazlıqlar isə haram buyurulmuşdur.

  

    Allah, alış-verişi halal, sələm almağı isə haram [qadağan] etmişdir. (Bəqərə-275).  

  

    Ey iman gətirənlər! Əhdlərə sadiq olun! (Maidə-1).   

    
    5.HƏYAT YOLDAŞINI SEÇMƏKDƏ ƏDALƏT  

  Bəşəriyyətin yer üzündə çoxalaraq qalmasının yeganə amili varsa, o da evlənmək və ailə qurmaqdır. Bu səbəbdən də Allah-taala insanlara müəyyən olunmuş qanunlar çərçivəsində evlənmə əmrini vermişdir.

  

    [Ey möminlər!] Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh [yaxud evlənməyə qabil] kölə və qariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah [lütf, mərhəmət] geniş olan və [hər şeyi] biləndir! (Nur-32).  

  

     Əgər yetim qızlarla [evlənəcəyiniz təqdirdə] ədalətlə rəftar edə biləcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa qadınlardan iki, üç və dörd nəfəri ilə nikah bağlayın. (Nisa-3).   

  
    6.RƏFTAR VƏ ÜNSİYYƏTDƏ ƏDALƏT  

  Quran, insanı həyat yoldaşı ilə xoş rəftar etməyə, onun maddi-mənəvi ehtiyaclarını ödəməyə və digər müsəlmanlarla, xüsusilə ata-ana, yaxın qohumlarla da gözəl rəftar etməyə dəvət edir. Başqalarına qarşı xoş rəftar etmək və səmimi ünsiyyətdə olmaq yalnız müsəlmanlara deyil, eləcə də bütün bəşəriyyətə vacib olan məsələlərdəndir.

  

    Onlarla [qadınlarınızla] gözəl [Allah buyurduğu kimi] rəftar edin. (Nisa-19).  

  

    Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar [kişilər] üzərində hüquqları vardır. (Bəqərə-228).  

  

    Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qohum-qonşuya, yaxın yoldaş və dostlara, [pulu qurtarıb yolda qalan] müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin. Həqiqətən Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməz. (Nisa-36).  

  

    Allah sənə [sərvət verməklə] yaxşılıq etdiyi kimi, sən də [varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə] yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz. (Qəsəs-77).  

  

    Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır. (Əraf-56).  

  

    Yaxşılıq edin! Allah yaxşılıq [ehsan] edənləri sevər. (Bəqərə 195).   

    
    QURANDA ÜMUMİ NƏZARƏT QANUNLARI  

  Quran yaxşı işlərə dəvət, pis işlərdən çəkindirməyi müəyyən şəxslərə deyil, ümumi nəzarət qanunu adı altında hamıya eyni səviyyədə vacib etmişdir.

  

  Ümumi şəkildə şamil olan belə bir qanun, ümumbəşəri bir inanc olan müqəddəs islam dininə əbədilik ruhu vermişdir.

  

  İslam, cəmiyyətin bütün üzvlərini və hər bir ailə üzvlərini bir-birlərinin üzərində nəzarətçi və haqq-ədalətə sövq edən hidayətçi təyin etmişdir. Başqa sözlə desək, hər bir müsəlman yaşadığı cəmiyyətdə bir növ hüquq-mühafizə işçisi rolunu oynayır. O, cəmiyyətdə yaranmış fitnə-fəsadın, pozğunluğun qarşısını almalı və ictimai ədalətin bərqərar olunması üçün əlindən gələni əsirgəməməlidir.

  

  Diqqətli olun, cəmiyyətin maddi-mənəvi maraqlarını qoruya biləcək bundan böyük, qüdrətli və təsiredici ordu yaratmaq olarmı?!

  

  Yaşadığımız əsrdə ölkə və şəhərlərə nəzarət etmək üçün xüsusi təyinatlı polis və ordu hissələrindən istifadə olunur. Amma bununla belə, ictimai problemlərin, qanun pozğunluqlarının qarşısı tamamilə alınmır. Çünki, hər bir nəzarətçi orqan nə qədər güclü və təchiz olunmuş olsa da, daim cəmiyyətin arasında olmaq imkanına nail ola bilmir. Daha dəqiq desək, bu iş onlar üçün qeyri-mümkündür.

  

  Amma islam yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək proqramını tərtib etməklə, ümumdünya müsəlmanlarından əzəmətli könüllü ordu yaratmışdır. Belə bir ordu, kimsə tərəfindən maliyələşdirilmədən hər zaman, hər yerdə üzərinə düşən məsuliyyəti lazımınca yerinə yetirir və ictimai sabitliyin bərqərar olunması üçün tam zəmanət verir.

  
    QURANDA BƏRABƏRLİK QANUNU VƏ ÜSTÜNLÜK MEYARI  

  Quranın hər şeydən daha çox əhəmiyyət verdiyi məsələ, bərabərlik prinsipləridir. Belə bir prinsipin həyata keçməsilə sinfi, irqi ixtilaflar aradan qaldırılmış, birinin digərindən güc, var-dövlət və s. baxımdan üstün tutma tərz-təfəkkürünə bir dəfəlik son qoyulmuşdur. Üstünlük meyarı isə, Quran nöqteyi-nəzərindən elm və təqva qəbul olunmuşdur. Bu haqda Quran ayələrində deyilir:

  

    Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. (Hücurat-13).  

  

      Heç, bilənlərlə bilməyənlər [alimlə cahil] eyni ola bilərmi?! (Zümər-9).   

  

  Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir:   O böyük Allah, cahiliyyət dövründə xar və rüsvay olanlara islam kölgəsi altında, izzət və hörmət bəxş etdi. İslamı qəbul etməklə, cahiliyyət dövründəki ata-babaları və qəbilələri ilə etdikləri iftixar hisslərini kənar qoyub, birliyə, bərabərliyə nail oldular. İstər ərəb olsun, istərsə də əcəm, istər ağ olsun, istərsə də qara, bütün insanlar Adəmin övladlarıdırlar və Adəm torpaqdan xəlq olunmuşdur. Qiyamət günü Allah yanında ən hörmətliniz, pərhizkarlar [Allahdan qorxanınız] olacaqdır. (Fürui Kafi. 2-ci cild, 21-ci fəsil).   

  

  Başqa bir hədisdə buyurur:

  

    Alimlərin digər insanlardan fəzilətli [üstün] olması, mənim sizlərdən fəzilətli olmağım kimidir. (Camiussərcir. Mənavinin şərhi. 4-cü cild, 432-ci səh).   

  

  Milliyyətcə ərəb olmayan Salman Farsi öz imanı ilə hamıdan fərqlənir və məhz belə bir xüsusiyyətinə görə Peyğəmbər (s)-ın nəzərində daha da ucalır. Əhli-beyt üzvlərindən biri kimi tanınmağa başlayır. Lakin Əbu Ləhəb, Peyğəmbər (s)-ın əmisi olmasına baxmayaraq, Allaha şərik qoşduğu üçün müsəlman ümmətinin sıralarından xaric olunur.

  

  Peyğəmbər (s)-ın tarixini mütaliə edərkən bir daha bunun şahidi oluruq ki, o böyük insan, heç vaxt öz qohum-əqrəbası, qəbiləsi ilə fəxr etməmişdir. Elm və təqvanı hər şeydən üstün tutur, insanları təkallahlığa, bərabərliyə, birliyə, qardaşlığa dəvət edirdi. Beləliklə o, qəlblərə yol tapıb cahiliyyət dövrünün qeyri-insani adət-ənənələrini vəhdət və bərabərliyə çevirdi. Bir qədər əvvəl bəzi qəbilələrə xiffət gözü ilə baxan Məkkənin əyan-əşrəfi, öz qızlarını islamı qəbul etmiş və heç bir maddi imkanı olmayan şəxslərə ərə verməyə razı olurdular.

  
    NƏTİCƏ  

  Göründüyü kimi, Quranda bəyan olunan ilahi qanunlar müəyyən dövr və şəxslər üçün deyil, nazil olduğu ilk gündən qiyamət gününədək bütün bəşəriyyətə şamil olmuş və olacaqdır. Bəşəriyyətin maddi və mənəvi ehtiyaclarını təmin edən bu qanunlar həm dünya, həm də axirət xarakteri daşıyır. Bütün bunları nəzərə alaraq Məhəmməd (s)-ın haqq peyğəmbərliyinə şəkk və tərəddüdlə yanaşmaq olarmı? Bir haldakı o, yarımvəhşi və nadan bir cəmiyyətdə peyğəmbər təyin olunmuş və öz dəvətini o dövr və məkanın əqidəvi məsələləri ilə heç bir əlaqəsi olmadığı bir şəraitdə həyata keçirmişdir. Belə ki, onun risaləti ərəb qəbilələrinin təsəvvür etdiklərindən daha yüksək idi.

    
    QURANDA DƏYİŞİLMƏZ HƏQİQƏTLƏR  

  Qurani-kərimin ayələrində bir çox mətləblərə toxunulmuş, bəziləri haqda ötəri məlumat, bəziləri haqda isə ətraflı izahlar verilmişdir. Bəzən, olduqca böyük əhəmiyyət kəsb edən Allahtanıma, təfəkkür, yaradılış, qiyamət, metafizika aləmi, ruh, mələklər, cin, Şeytan, qalaktika, keçmiş peyğəmbərlərin və onların davamçılarının tarixi haqda söhbət açılmış və nəsihətamiz məsəllər çəkilmişdir. Bütün bunlarla yanaşı, bəzən ailə hüquqları, döyüş, ölkə idarəetmə, ictimai-sosial qanunlarına da toxunulur. Eyni zamanda siyasət, ictimai əlaqələr, iqtisadiyyat, evlənmə və s. məsələlərə də toxunaraq bəşəriyyətə ədalətli üsul və qanunlar təklif edir.

  

  Bütün bunlar bəşəriyyətin ixtiyarına qoyulmuş ən kamil, nöqsan və çatışmamazlıqlara yol verilməyən ilahi qanunlar silsiləsidir.

  

  Demək, insanlar belə bir qanunlar silsiləsini tərtib etməkdə, sadəcə olaraq acizdir. Xüsusilə yarımvəhşi və cahil bir cəmiyyətdə bunun həyata keçməsi qeyri-mümkündür.

  

  Bir anlığa nəzəri elmlər haqda yazılmış əsərlərə nəzər salaq. Bu sahədə bir çox alimlər minlərlə məqalə və əsərlər yazıb-yaratmışlar. Amma çox keçmədən onların hər birində nəzərə çarpacaq dərəcədə nöqsan və çatışmamazlıqlar müşahidə olunmuşdur. Çünki, nəzəri elmlər ətrafında nə qədər araşdırmalar aparılarsa, bir o qədər çatışmamazlıq və boşluqlarla qarşılaşmaq olar. Həqiqət, bəhs və araşdırmaların səmərəsidir.

  

  İstər keçmiş nəsillərdən gəlib çatmış həll olunmayan elmi əsərlər, istərsə də keçmişdə yazılmış fəlsəfi kitablar, sonrakı nəsillər tərəfindən oxunub nəql edilmişdir. Belə ki, bir çox hallarda, keçmiş alimlərə müxtəlif dəlillər yolu ilə sabit olmuş böyük əhəmiyyət kəsb edən məsələlər, sonralar daha ətraflı araşdırılmışdır. Amma yüz illərin keçməsinə baxmayaraq, Quran ayələri ətrafında yüzlərlə təhqiqatlar aparılmış lakin, ilahi qanunlara kiçicik də olsa nöqsan və iradlar tutulmamışdır. Əgər bu barədə nə isə yazılmışsa da, çox keçmədən tutarlı dəlillərlə batil olunmuşdur. Bu barədə gələcək fəsillərdə ətraflı səhbət açacağıq.

  
    QURANDA QEYBİ XƏBƏRLƏR  

  Quranın bəzi ayələrində gələcəkdə baş verəcək mühüm tarixi hadisələrə işarə olunur. Belə ki, tarixə nəzər saldıqda, bu haqda xəbər verən Quran ayələri nazil olduqdan sonra həmən hadisələr baş vermiş və azacıq da olsa səhvə yol verilməmişdir.

    
    1.BƏDR DÖYÜŞÜNÜN ƏVVƏlCƏdƏN XƏBƏR VERİLMƏSİ  

    O zaman Allah, sizə iki dəstədən birinin [Şamdan qayıdan karvanın və ya Məkkədən qalxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin] sizin olmasını vəd edirdi. Siz, silahsız karvanın sizin olmasını arzu edirdiniz. Allah isə öz sözlərini [bu barədə nazil etdiyi ayə] ilə haqqı [islamı] bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi. ( Ənfal-7).   

  

  Döyüş başlamazdan əvvəl islamı təzə qəbul etmiş möminlər həm silah və sursat, həm də canlı qüvvə baxımından azlıq təşkil edirdilər.

  

  Müsəlmanlardan yalnız Zubeyr ibni Əvvamın və Miqdadın miniyi vardısa, Qüreyş əsgərləri həm ordu baxımından çoxluq təşkil edir, həm də hamılıqla döyüş silahları ilə təchiz olunmuşdular. Bu səbəbdən də onlar qorxuya düşərək mənəvi sarsıntı keçirirdilər. Lakin ayə nazil olmaqla, onların sayca az olmalarına baxmayaraq, qalib gələcəklərinə və kafirlərin məğlubiyyətə uğrayacağına bəşarət verilir.

  
    2.PEYĞƏMBƏRİN (S) DÜŞMƏNLƏRİ HAQDA VERİLƏN XƏBƏRLƏR  

    [Ya Məhəmməd!] Sənə əmr olunan Quranı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər! Şübhəsiz ki, istehza edənlərin [şərindən] səni qorumağa Biz kifayət edərik. O kəslər ki, Allahdan başqa tanrıya şərik qoşdular, onlar [başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün bəd əməllərinin aqibətini] mütləq biləcəklər. (Hicr 94-95-96).   

  

  Ayə islamın zühur etdiyi ilk günlərdə Məkkədə nazil olmuşdur. Bəzzaz və Təbərani kimi müfəssirlər ayənin nazil olma səbəbləri haqda Ənəs ibni Malikdən nəql etdikləri hədisdə deyirlər: İslamın zühur etdiyi ilk günlərdə Peyğəmbər (s) Məkkə müşriklərinin yanından keçərkən onlardan biri istehza ilə dedi: özünü peyğəmbər sanan və daim Cəbraillə birgə olduğunu güman edən şəxs budur. Həmən anda ayə nazil olur və Peyğəmbərə (s) qeyb aləmindən yardım olacağı və kafirlərin tezliklə xar və rüsvay olacaqları bildirilir.

  

  Ayə nazil olarkən kimsə, iqtidarda olan qüdrətli və adlı-sanlı Qüreyş qəbiləsinin tez bir zamanda məğlubiyyətə uğrayacağını güman etmirdi. Lakin, ayə nazil olmaqla hər şey əvvəlcədən bəyan oldu və çox keçmədən həqiqət öz yerini tapdı.

    
    3.İSLAMIN BÜTÜN DİNLƏRƏ QALİB GƏLMƏSİ  

    Müşriklərin xoşuna gəlməsə də, islamın bütün dinlərdən üstün olduğunu göstərmək üçün öz Peyğəmbərinə doğru yolu göstərən, rəhbərlə [Quranla] və haq dinlə göndərən Odur! (Səf-9).   

  

  Ayə nazil olarkən hələ islam dini Ərəbistan yarmadasında bütünlüklə yayılmışdı. Lakin, bir neçə il əvvəl bu ayə nazil olmaqla, islam dininin bütün dinlərə qalib gələcəyi və qiyamət gününədək öz əzəmətini qoruyub saxlayacağı bildirilirdi.

  
    4.İRAN-RUM MÜHARİBƏSİ  

    Rumlular [bizanslılar iranlılara] məğlub oldular. [Ərəbistana] ən yaxın bir yerdə [Şamda ya Urdunda] lakin onlar [bu] məğlubiyyətlərindən sonra qalib gələcəklər. (Rum 2-3).   

  
    5.İSLAM DÜŞMƏNLƏRİNİN MƏĞLUBİYYƏTİ  

    Yoxsa onlar: Biz [Məhəmməddən və möminlərdən] intiqam ala biləcək bir zümrəyik! - deyirlər?  

  

    [Bədr vuruşunda] bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır! (Qəmər 44-45).   

  

  Bədr döyüşü baş verməzdən əvvəl, Məkkə müşriklərinin böyük məğlubiyyətə uğrayacağı haqda Peyğəmbərə (s) xəbər verilir. Hər tərəfli təchiz olunmuş doqquz yüz nəfərlik Qüreyş ordusunun müqabilində duran, hərbi ləvazimat baxımından olduqca acınacaqlı vəziyyətdə olan üç yüz nəfərlik müsəlman qoşunu üçün bu xəbər hər şeydən mühüm ola bilər.

  
    6.ƏBU LƏHƏBİN AQİBƏTİ  

    Əbu Ləhəbin əlləri qurusun, qurudu da! [Qiyamət günü] ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı [və ya oğul-uşağı]. O, alovlu atəş görəcəkdir. Onun odun daşıyan [Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında göz gəzdirən] övrəti də həmçinin. (Ləhəb 1-4).   

  

    Ayə Əbu Ləhəbin həyatı haqda nazil olmuşdur. Göründüyü kimi onun özünün və övrətinin cəhənnəmin dəhşətli əzabına düçar olacağı, onlar hər ikisi sağ ikən bəyan olunur.

  
    QURANDA YARADILIŞIN SİRLƏRİ  

  Qurani-kərimdə dəfələrlə yaradılışın sirr və qanunlarına toxunulur. Yer və digər səmavi cisimlərin qalaktikadakı müntəzəm hərəkəti, vahid və dəyişilməz qanuna tabe olmaları və s. mövzuları əhatə edir.

  

  Quranın nazil olduğu bir dövrdə, vəhy yolu ilə bunlardan agah olan peyğəmbərlərdən savayı, kimsənin bu kimi elmlərdən azacıq məlumatı belə yox idi.

  

  Qeyd etmək lazımdır ki, yunan alimlərindən bəziləri astronomik hesablamalar apararaq yaradılışın müəyyən sirlərinə yol tapa bilmişdilər. Lakin elm və svilizasiyadan uzaq düşmüş Ərəbistan yarmadasında bu kimi faktlarla qarşılaşmaq qeyri-mümkün idi. Lakin, Quranın verdiyi və olduqca dəqiq olan məlumatları hələ heç bir yunan alimi tərəfindən təklif olunmamışdı. Belə ki, yüz illər keçdikdən sonra bu elmlər bəşəriyyətə məlum olmuş və onun müxtəlif sahələrində araşdırmalar aparılmağa başlamışdır. Bir şeyə də diqqət yetirmək lazımdır ki, Quranda o dövrə aid olan elmi mövzular olduqca sadə bir tərzdə bəyan olunmuş, başa düşülməsi bir o qədər də asan olmayan mətləblərə isə yalnız qısa şəkildə toxunulmuş və geniş şəkildə araşdırılması isə gələcək nəsillərin üzərinə qoyulmuşdur. Qurani-kərimdə yaradılış və onun sirlərinə toxunan ayələrə istənilən qədər rast gəlmək olar. Biz onlardan bir neçəsinə işarə edirik:

  

    Hər şeydən [bütün meyvələrdən] müəyyən ölçüdə [lazım olan qədər] yetişdirdik. (Hicr-19).   

  

  Ayədə bitkilər aləminin müəyyən ölçüdə yaradıldığına işarə olunmuşdur.

  

  Son zamanlar botanika alimlərinə məlum olmuşdur ki, təbiətdə mövcud olan bitkilərin hər biri özünəməxsus tərkibə malikdir. Belə ki, tərkib hissəsinin bir qismi başqa bir qismindən çoxluq və ya azlıq təşkil edərsə, onların xarici görünüşündə nəzərə çarpacaq fərq və dəyişikliklər əmələ gəlir. Bitkilər aləminə hakim olan belə bir sabit qanun, əsrlər boyu dəyişmədən qalmış və qalmaqdadır. Və göründüyü kimi, yaradılış aləmində böyük əhəmiyyət kəsb etdiyi üçün Qurani-kərimdə dəfələrlə bu mətləbə işarə olunmuşdur.

    
    QURANDA CÜTLƏŞMƏ QANUNU  

  Quran haqqında söhbət açan əsrarəngiz mövzulardan biri də, bitkilər aləminin külək vasitəsilə cütləşməsi və ya daha dəqiq desək, tozlanma prosesidir.

  

  Bu təbii prosesin nəticəsində ağaclar (bitkilər) tozlanır və yeni-yeni bitkilərin göyərməsinə səbəb olur. Hicr surəsinin 22-ci ayəsində bu haqda deyilir:

  

    Biz [buludla] yüksəlmiş [bitkilərə, ağaclara həyat verən, onları tozlandıran] külək göndərdik.   

  

  Keçmişdə müfəssirlər ayədəki təlqih kəlməsinin lüğəvi (yükləmək) mənasından istifadə edərək, ayəni belə təfsir etmişlər: Buludları yükləyib hərəkətə gətirmək üçün küləyi göndərdik və ya yağışı buludların qatlarında yüklədik (yerləşdirdik) və onu küləklə hərəkətə gətirdik.

  

  Lakin bu nəzəriyyə, ayənin mənası ilə bir o qədər də uyğun gəlmir. Çünki, əvvəla nəzərdə tutulan mövzu bir o qədər də əhəmiyyət kəsb etmir və Quranın şənindən olduqca aşağıdır.

  

  Sonra isə onlar buna diqqət yetirməli idilər ki, külək buludları yalnız hərəkətə gətirir və onların qatlarına heç bir şey yükləmir.

  

  Demək, ayə bəzi keçmiş müfəssirlərin dərk edə bilmədiyi və olduqca əhəmiyyətli elmi bir məsələyə dəvət edir. O da bundan ibarətdir ki, bitkilər aləmi də nəsil artımı üçün heyvanlar kimi cütləşmə prosesini keçməlidirlər. Və bu proses bitkilər aləmində əksər hallarda külək vasitəsilə həyata keçdiyi üçün tozlanma adlanır. Məsələn nar, portaxal, sənubər, ərik, pambıq və s. bitkilərin cütləşməsi yalnız tozlanma yolu ilə həyata keçir. Tumurcuqların içindəki kisəciklər yetişdikdən sonra açılır və küləklə ətrafa yayılan erkək toz dənələri onlara daxil olur və beləliklə tozlanma prosesi başa çatır.

  
    QURANDA EVLƏNMƏ QANUNU  

  Quran, evlənmənin və ya müştərək həyat tərzinin qurulmasını təkcə insan və heyvanlarda deyil, bitkilər aləmində də baş verdiyini bizə xəbər verir.

  

    Bütün meyvələrdən [erkək-dişi, yaxud şirin-acı, turş-meykai və s. olmaqla] cüt-cüt yetişdirən... Odur. (Rəd-3).  

  

      Yerin yetişdirdiklərindən, onların [insanların] özlərindən və bilmədiklərindən [erkək-dişi olmaqla] cütlər yaradan Allah pak və müqəddəsdir!  

  

    [Eybsiz və nöqsansızdır!] (Yasin-36).  

  

    O [böyük Allah] ki, yer üzünü sizin üçün döşəmiş [döşək etmiş]... (Taha-20).   

  

  Quran, çox zərif və incə ifadələrdən istifadə edərək yer üzünü döşəyə və ya uşaq beşiyinə bənzətmişdir. Məlum olduğu kimi, ayədə istifadə olunan məhd kəlməsi, ərəb dilində uşaq beşiyinə deyilir. Südəmər körpə beşikdə rahatlıq tapdığı kimi, yer üzündə baş verən dəyişikliklər (gündüzün gecə ilə əvəz olması, fəsillərinin dəyişdirilməsi və s.) insanlarda mənəvi rahatlığın və asayişin yaranmasına səbəb olur.

  

  Təbiətdə baş verən dəyişikliklər təkcə insanlarda deyil, heyvan və bitkilər aləmində də asayişin bərqərar olmasına səbəb olur.

  

  Göründüyü kimi, ayədə yerin hərəkət etməsinə ötəri və qısa ifadələrlə işarə olunur. Bunun isə əsas səbəbi Ərəbistan yarmadasında hökm sürən o dövrün cəhalət rejimi olmuşdur.

  

  Yerin sabit və hərəkətsiz olduğuna əsaslanan nadan bir camaata təbii ki, elə bir şəraitdə yerin daim hərəkətdə olmasını birbaşa açıq-aşkar ifadələrlə bəyan etmək olmazdı. (Peyğəmbərin (s) vəfatından on əsr sonra Qaliley, yerin iki növ hərəkətdə (həm öz oxu ətrafında fırlanması və günəş qalaktikasındakı daimi hərəkəti) olduğunu sübut etməyə cəhd etdi. Lakin onun irəli sürdüyü nəzəriyyə iqtidarda olan katolik keşikçiləri tərəfindən küfr kimi qarşılandı. Qaliley işkəncələrə məruz qalaraq zindanlara atıldı. Beləliklə, Avropa alimləri öz ixtiralarını kimsəyə bildirməməyi hər şeydən üstün tutdular.) Beləliklə, Quran yerin hərəkət etməsini icmali və qısa ifadələrlə bəyan edir.

  
    QURANDA TANINMAYAN QİTƏLƏR  

  Quranın on dörd əsr bundan əvvəl açdığı sirlərdən biri də, yer üzündə mövcud olan digər qitələrdir. Qaf surəsinin 17-ci ayəsində bu haqda deyilir:

  

    İki məşriqin və iki məğribin Rəbbi [günəş və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi] Odur.   

  

  İki məşriq və iki məğrib deyildikdə nəyin nəzərdə tutulduğu, bir çox müfəssirlərin nəzərini özünə cəlb etmişdir. Onlardan bəziləri ayəni təfsir edərkən iki məşriq və məğribdən, bir məşriq və məğribin ay, ikinci məşriq və məğribin günəş olduğunu izah etmişlər. Başqa bir qismi isə məşriq və məğrib deyildikdə, yay və qış nəzərdə tutulduğunu bildirmişlər.

  

    Lakin bu məzmunda nazil olmuş digər ayələr yer üzündə mövcud olan, hələ o zaman kəşf olunmamış qitələrə dəlalət edir. Məsələn, Zuxruf surəsinin 38-ci ayəsində deyilir:

  

    Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasında məsafə qədər uzaqlıq olaydı.   

  

  Ayədən belə məlum olur ki, insanlar üçün ən uzaq məsafə şərqlə qərb arasında olan məsafədir. Demək, iki məşriq və məğrib deyildikdə, bunu ay və günəş və ya yayla qış kimi mənalandırmaq olmaz. Çünki, onların arasında olan məsafə bir o qədər də uzaq deyildir. Demək, məşriq və məğrib deyildikdə, şərq və qərb tərəfindən əhatə edən qitələri nəzərdə tutmalıyıq. Belə ki, şərq hesab etdiyimiz qitədə yaşayan əhali yer kürrəsinin ikinci yarısında yaşadıqları üçün, bizim yaşadığımız qitəni artıq şərq deyil, qərb hesab etməliyik. Göründüyü kimi Quran, on dörd əsr əvvəl qitələr, dəniz səyyahları tərəfindən kəşf edilməzdən əvvəl bizə bu haqda xəbər verir.

  

  Şərq də qərb də Allahındır ayəsini misal olaraq deyə bilərik ki, məşriq və məğrib kəlmələri tək halda işlənilən ayələrdən məqsəd, şərq və qərb istiqamətlərini bəyan etməkdir. Təsniyə (ikilik) məşriqəyn məğribəyn və cəm halında (məşriq, məğrib) işlənilən ayələrdən isə, üfüq baxımından bir-birləri ilə fərqli olan yer üzündəki bütün şəhərlərin şərq və qərb nahiyələrini nəzərdə tutmalıyıq. Gələcək fəsillərdə bu mətləbə yenidən qayıdacağıq.

  
    QURANDA YERİN DAİRƏLİYİ  

  Qurani-kərimdə bu haqda deyilir:

  

    Zəif, fəqir görünən o tayfanı [İsrail oğullarını] yer üzünün daimi xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə [Şam diyarına] varis etdik. (Əraf-137).  

  

    O, göylərin, yerin və onların arasında olanların [bütün məxluqatın] Rəbbidir. Məşriqlərin [şərqin və qərbin] Rəbbi Odur. (Saffat-5).  

  

    Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən qadirik. (Məaric-40).   

  

  Ayə günəşin müxtəlif yerlərdən qürub edib doğmasına dəlalət etməklə yanaşı, yerin dairəvi olmasına da işarə edir.

  

  Çünki, əgər yer dairəvi olarsa, günəş onun başqa bir hissəsindən qürub etməlidir və belə olduqda şərq və qərbin müəyyən olunması bir o qədər də zəhmət tələb etməyəcək. Yox əgər yerin dairəvi olmadığını fərz edəriksə, şərq və qərbin dərk olunması bizim üçün qeyri-mümkün olacaqdır. Lakin Qurtəbi və digər müfəssirlər məşriq və məğribləri günəşin illik hərəkəti və   il ərzində günlərin dəyişilməsi ilə təfsir etmişdir. Bu isə ayənin zahiri mənası ilə tamamilə ziddiyyət təşkil edir. Çünki, günəşin il ərzində müəyyən şərq və qərbi olmur və belə olduqda o, heç bir əhəmiyyət də kəsb etmir. Belə bir nəticəyə gəlirik ki, ayədə şərq və qərb deyildikdə, yerin hərəkəti nəticəsində yaranmış cəhətlər nəzərdə tutulur.

  
    YERİN DAİRƏVİLİYİNƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR  

  Şərq və qərb ayələrinin yerin dairəvi olduğuna dəlalət etdiyi artıq bizə məlum oldu. İndi isə bu haqda nəql olunmuş hədis və rəvayətləri nəzərdən keçirək.

  

  İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:   Günlərin bir günündə bir nəfər şəxslə səfərə çıxdım. O, hər gün məğrib namazını qaş qaraldıqdan, sübh namazını isə günəş qürub etməzdən əvvəl gecə yarısı qılardı. Amma mən əksinə olaraq, məğrib namazını gün qürub edərkən, sübh namazını isə dan yeri söküləndə qılardım. O, mənə dedi: Sən də mənimlə eyni vaxtda qıl çünki, günəş üfüqdə bizim üzərimizdə görünməzdən əvvəl başqaları onu bizdən tez görür və axşamlar bizim üzərimizdə qürub edərkən başqa üfüqlərdə hələ də qürub etməyir.  

  

    İmam Sadiq (ə) deyir: Mən ona dedim ki, hər qövm və millət bütün dini mərasimləri öz üfüqü əsasında həyata keçirməlidir.   

  

  Göründüyü kimi, həmin şəxs burada şərq və qərb arasında fərq qoymaqla yer kürəsinin dairəvi olduğuna işarə edir. İmam Sadiq (ə) da öz növbəsində onun dediklərini təsdiq edir və eyni zamanda buraxdığı səhvlərə diqqət yetirməsini tövsiyə edir.

  

  2.İmam Səccad (ə) sübh və axşam namazlarından sonra bu duanı edərdi:   Allah gecə və gündüz üçün müəyyən hədd və ölçü təyin etmişdir. Onlardan hər birini digərinə daxil edir və eyni zamanda digərindən o birinə qovuşdurur.   

  

  İmam Səccad (ə) insanlardakı tərz-təfəkkürü nəzərə alaraq gündüzün gecə, gecənin də gündüzlə əvəz olunmasını çox zərif ifadələrlə bəyan edir və yerin dairəvi olduğuna toxunur.

  

  Bəziləri belə güman edə bilər ki, imam Səccad (ə) gecənin gündüzə, gündüzün də gecəyə daxil olmasını (bir-birilə əvəz olunmasını) dedikdə, onların ilin fəsillərində uzanıb qısalması olmuşdur. Bu isə tamamilə yanlış bir fikirdir. Çünki, əgər imam yalnız hamının dərk edə bildiyi bir məsələni, yəni gündüzün uzanmasını və gecənin qısalmasını və ya bunun əksini bəyan etmək istəsəydi, onlardan (gecə və gündüz) hər birini digərinə daxil edir deməklə kifayətlənər və əlavə olaraq və eyni zamanda digərini də o birinə qovuşdurur ifadəsindən də istifadə etməzdi.

  

    Çünki, bu cümlə ilk baxışda birinci cümləni bir növ təkrar edir. Buna əsasən deməliyik ki, ikinci cümlə hal formasında işlənmişdir. Demək gecənin gündüz, gündüzün də gecə ilə əvəz olunmasını yalnız o zaman fərz etmək olar ki, yerin dairəvi olduğunu qəbul etmiş olaq.

  
    NƏTİCƏ  

  Quranın möcüzə və səmavi kitab olduğuna dair gətirdiyimiz dəlillərlə kifayətlənirik. Artıq cəsarətlə deyə bilərik ki, Quran bəşəriyyətin bacarıq və istedadından xaric olan ilahi bir vəhy toplusudur.

  

  Quranın ilahi vəhy olduğunu sübuta yetirmək üçün, islamın bəşəriyyət üçün Əli ibni Əbi Talib (ə) kimi bir şəxsiyyət yetişdirməsini dəlil gətirmək kifayət edər.

  

  Dünyanın tanınmış alimləri İmamın (ə) ifadələrini (xütbə və hikmətli kəlamlarını) dərk etməyi özlərinə böyük iftixar bilirlər. Mütəfəkkir və təhqiqatçılar onun tükənməz elm dəryasından bəhrələnir və ondan öz elmi əsərlərində lazımı qaydada istifadə edirlər. Onun söylədiyi ifadələr qarşısında nə bir şəxs yeni nəzər verir, nə də ondan üstün bir şey söyləməyə cəsarət edirlər.

  

  Əli (ə)-ın həyatı ilə tanışlığı olmayan şəxslər, onun xütbələrindən birini mütaliə etdikdən sonra belə güman edə bilərlər ki, haqqında söhbət açdığı bütün elmi mövzularda xüsusi məharəti olmuş və bütün ömrünü bu sahələrdə təhqiqat işləri aparmaqla başa vurmuşudur. Lakin onun elm və zəkası ilahi vəhy məktəbindən qaynaqlanmışdır. Ərəbistan yarmadasının, xüsusilə də Hicazın o günkü ictimai vəziyyətilə azacıq tanış olan şəxs, qətiyyətlə belə bir nəticəyə gələcəkdir ki, Əli (ə) öz elmini Peyğəmbərə (s) iman gətirdiyi ilk gündən ilahi vəhy məktəbindən əxz edə bilmişdir.

  

  Məşhur söz ustadlarından biri Nəhcül-bəlağə haqda bəyan etdiyi gözəl ifadələrdən birində deyir:

  

    Nəhcül-bəlağə, Xaliqin dediklərindən aşağı, məxluqun [insanların] dediklərindən olduqca üstündür.   

  

  Əlinin (ə) məqamını yalnız o zaman dərk etmək olar ki, onun yiyələndiyi elmlərlə, xüsusilə də fəsahət və bəlağət elmləri ilə tanışlığın olsun. Belə ki, onun elm və zəkası hamını heyran qoymuş, hətta düşmənlərini də bu ecazkarlıqları etiraf etməyə vadar etmişdir. Elmlə yanaşı o, özünün iman və təqvası ilə də fərqlənərək kamil insan simvoluna çevrilmişdir. O, eyş-işrətə və dünya ləzzətlərinə göz yumar, hər zaman təqvanı meyar tutardı. Hakimiyyət məsələsi meydana çıxdıqda, Əbu Bəkrin idarəetmə üsulunu qəbul etmək şərtilə xilafəti ona təqdim etməyə hazır olurlar. O isə buna razı olmayaraq, necə olursa-olsun haqq-ədaləti hər şeydən üstün tutur, dövlət idarəetmə üsulunu yalnız Quranda görürdü.   Müaviyə Şamda hakimiyyəti ələ keçirdikdən sonra, öz mövqeyini möhkəmləndirmək üçün, hətta bir gün də olsun onun hakimiyyətdə olmasına razı olmurdu. Çünki o, bunun acınacaqlı aqibətini əvvəlcədən görür və nə ilə nəticələnəcəyini çox gözəl şəkildə dərk edirdi.

  
    ÜÇÜNCÜ FƏSİL  
    QURANIN ECAZI HAQDA İRƏLİ SÜRÜLƏN MÜLAHİZƏLƏR VƏ ONUN CAVABLARI  

    1.Quranda ədəbi səhvlər;  

  

    2.Quranın ecazı hamı tərəfindən dərk olunurmu?;  

  

    3.Quranla mübarizə mümkündürmü?;  

  

    4.Quran əvvəlki səmavi kitablarla müxalifdirmi?;  

  

    5.Qurandakı ziddiyyətsizlik;  

  

    6.Quranın ecazı rədd olunasıdırmı?;  

  

    7.[Quranla] mübarizə aparmaqdan çəkinməyin dəlilləri;  

  

    8.Quranın tərtib olunması ilə onun ecazı arasında olan mütənasiblik;  

  

    9.Quranın bəyan üsulu ilə şair və yazıçıların üsulları arasındakı fərqlər;  

  

    10.Quranla mübarizə.   

  
    QURANDA ƏDƏBİ SƏHVLƏR  

  Quran öz müxaliflərini daim mübarizə meydanına çağırmış və onlardan iddialarını sübuta yetirmək üçün öz ayələrinə bənzər heç olmasa kiçik bir nümunə gətirmələrini tələb etmişdir. Lakin, onlar həmişə olduğu kimi, buna qadir olmadıqlarını görüb bu işin qarşısında aciz olduqlarını etiraf etmişlər.

  

  Rüsvayedici məğlubiyyətə uğrayan müxaliflər yeni-yeni mübarizə yollarına əl atır və bu ağır məğlubiyyət ilə heç cür razılaşa bilmirdilər. Onların növbəti iradı, guya Quranda ədəbi səhvlərin mövcud olması idi.

  

  Təəssübkeş və inadkar insanların Qurana tutduqları və heç bir məntiqə əsaslanmayan ədəbi səhvlər haqqında:

  

    1-ci səhv;   

  

  Onlar deyirlər ki, Quranda istifadə olunan bəzi cümlələr ərəb dilinin leksika, orfoqrafiya, fəsahət və bəlağət elmləri ilə tamamilə ziddiyyət təşkil   edir. Onların irəli sürdükləri belə bir əsassız iddianı biz iki yolla batil edə bilərik.

  

  1.Quran, fəsahət və bəlağət incəliklərinin sirlərinə yiyələnmiş şair və ədiblərin yaşadıqları zaman və məkanda [Məkkədə] nazil olmuşdur. Əgər belə bir şeyə yol verilsəydi, dövrün söz ustaları tərəfindən diqqətlə araşdırılar və ən əlverişli mübarizə üsullarından birinə çevrilərdi. Beləliklə onlar qarşılaşdıqları maneəni birdəfəlik dəf edə bilərdilər. Digər tərəfdən isə, biz bunu tarixi kitablarda və ya heç olmasa müxaliflər tərəfindən nəql olunmuş rəvayətlərdə görərdik. Lakin istər dost, istərsə də düşmənlər arasında belə bir cərəyanın baş verdiyini müşahidə etmirik.

  

  2.Quran nazil olarkən hələ ərəb dilinin qarammatikası bir elm kimi formalaşmamışdı və o dövrün məşhur ədib və şairləri tərəfindən qarammatik təhlillər aparılmırdı. Bu sahədə yalnız Quran nazil olub qurtardıqdan sonra araşdırma və təhqiqatlar aparmağa ehtiyac duyuldu. Beləliklə, ərəb dilinin qarammatik qanunları tərtib olundu və burada Quran ən başlıca meyar götürüldü.

  

  Demək, Quranla tətbiq olunmayan qarammatik qanunlar nöqsanlı və etibarsız hesab olunur.

  

  Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, Quranda istifadə olunan ziddiyyətli ifadələri yalnız o zaman fərz etmək olardı ki, o, bütün Quran qariləri tərəfindən təsdiq olunmuş olsun. Yox əgər ixtilaf onlardan birinin qiraətində müşahidə olunarsa, bunu ümumilikdə deyil, yalnız onun özünün batil qiraətə yiyələndiyini deyə bilərik. Və kimlərinsə yanlış qiraəti Quranın böyüklüyünə heç bir xələl gətirə bilməz. Çünki bütün mötəbər qiraətlərə, Peyğəmbərdən (s) nəql olunmuş mütəvatir hədislərdə işarə olunmuşdur.

  
    QURANIN ECAZI HAMI TƏRƏFİNDƏN DƏRK OLUNASI DEYİLDİR  

    2-ci səhv:   

  

  Onlar deyirlər ki, insanlar Quran kimi ikinci bir kitab gətirə bilməsələr də biz, heç bir fəsahətli kəlamı möcüzə adlandıra bilmərik. Çünki, fəsahət və bəlağət elmlərinə yiyələnmək hamıya deyil, yalnız bu sahədə istedad və bacarığı olan şəxslərə müyəssər olur. Bir halda ki, möcüzə göstərən şəxsləri təsdiq etmək, daha dəqiq desək, onlara iman gətirmək üçün, möcüzəni hamı dərk edib başa düşməlidir.

  

    Cavab:   

  

  İrəli sürülən bu iddia da birinci iddia kimi olduqca zəif və əsassızdır. Çünki, onların təsəvvür etdikləri kimi möcüzəni tanımaq üçün lazım olan şərtlərdən biri də, heç də onun hamı tərəfindən dərk olunması deyildir.   Əgər biz belə bir şərti qəbul edəriksə, onda peyğəmbərlər tərəfindən göstərilən möcüzələri möcüzə hesab etməməliyik. Çünki, möcüzələrdən hər biri bir və ya bir neçə baxımdan hamı üçün dərk olunası olmamışdır.

  

  Möcüzəni yalnız ona oxşar elmlərə yiyələnən şəxslər dərk etmiş və sonralar başqalarına da onlar tərəfindən mütəvatir və ardıcıllıqla nəql və sübut olunmuşdur. Quran isə, bir qədər əvvəl dediyimiz kimi, ilahi peyğəmbərlərin möcüzələrindən fərqli olaraq, özünəməxsus xüsusiyyətlərə malikdir. Belə ki, peyğəmbərlər ehtiyac duyularkən xüsusi şəraitlərdə möcüzələr göstərmiş və zaman keçdikcə ya unudulmuş, ya da öz təsirini itirmişdir. Nə vaxta qədər ki, müsəlman ümməti və ərəb dilinin incəliklərinə yiyələnən şəxslər var, Quran əbədi möcüzə olaraq yaşayacaqdır.

  
    QURANLA MÜBARİZƏ APARMAQ MÜMKÜNDÜRMÜ?   

    3-cü səhv:   

  

  Onlar deyirlər ki, ərəb dilinə yiyələnən hər bir şəxs, Quranda istifadə olunan və ya onlara oxşar ifadələrdən istifadə etməklə Qurana oxşar ikinci bir kitabı asanlıqla tərtib edə bilər.

  

    Cavab:  

  

  Bu mövzu ətrafında bəhs etməyə belə dəyməz. Çünki, bir şəxsin Quranda istifadə olunan ifadələrdən istifadə etməsi heç də o demək deyildir ki, o, Quran kimi ikinci bir kitabı tərtib etməyə qadir və bacarıqlıdır.

  

  İxtiyarında tikintiyə lazım olan bütün avadanlıqlar qoyulan Hər bir şəxs uca və gözəl saraylar tikə bilərmi? Əgər onların irəli sürdükləri bu iddia doğrudan da mümkün olsaydı, onda bütün ərəb dilli xalqlar ixtiyarlarında olan söz ehtiyatından istifadə edərək fəsahətli və bəlağətli xütbələr oxuyar və dinləyiciləri heyran qoyardılar.

  

  Sanki onlar da Nizam və onun ardıcılları kimi Sərfə nəzəriyyəsini irəli sürməklə irad tutmaq istəmişlər. Nizamçılar belə bir əqidəyə əsaslanırlar ki, Quran kimi ikinci bir kitab yazmaq qeyri-mümkündür və bunun səbəbi yazıçının acizliyində deyil, Allah-taalanın bu yolda çalışanları hədəflərinə çatmaqda nakam qoymasıdır. Amma bütün bunlar Quranın möcüzə olmasına əsla dəlalət etmir. Lakin onların irəli sürdükləri bu nəzəriyyəni iki əsaslı səbəbə görə qəbul etmək qeyri-mümkündür.

  

  1.Əgər Sərfə dedikdə, Allah-taalanın bütün insanlara Quran kimi ikinci bir kitab yazmaq bacarığı verə bildiyi halda, bunu heç kimə verməməsi nəzərdə tutulsa, tamamilə düz bir fikirdir. Lakin belə olduqda   Sərfə nəzəriyyəsi təkcə Qurana deyil, peyğəmbərlərin bütün möcüzələrinə şamil olardı.

  

  Yox əgər Sərfə nəzəriyyəsindən məqsəd, bəşəriyyətin Quran kimi ikinci bir kitab tərtib etməyə qadir olması, lakin Allah-taalanın bu işdə onlara maneçilik törətməsi olsa, belə bir fərziyyənin batil olduğu asanlıqla hamıya bəlli olar. Çünki, bir çoxları Quranla mübarizə meydanına çıxmış və bu yolda heç kim onların qarşısını maneə ilə almamışdır. Onlar bütün səy və cəhdlərindən istifadə etmiş, lakin son mərhələdə Quranın fəsahət və bəlağətinin qarşısında aciz olduqlarını etiraf etmişlər.

  

  2.Əgər Quranın ecazı Sərfə ilə bağlı olsaydı, yəni Allah-taala Quranı nazil etdikdən sonra insanları onunla mübarizə etməkdən məhrum etsəydi, onda heç olmasa Quran nazil olmazdan əvvəl yaşamış söz ustalarının əsərlərində Quranda istifadə olunan ifadələrlə qarşılaşardıq. Əgər belə bir şey olsaydı, Quran müxalifləri öz mübarizə üsullarında bundan səmərəli istifadə edər və onu öz davamçılarına irs qoyardılar. Belə bir ifadələrdən istifadə olunmadığı üçün məlum olur ki, Quranın ecazı yalnız onun özünə aiddir və onunla mübarizə aparmaq sadəcə olaraq bəşəriyyət üçün qeyri-mümkün bir işdir.

  
    QURAN ƏVVƏLKİ SƏMAVİ KİTABLARLA MÜXALİFDİRmi?   

    4-cü səhv:   

  

  Deyirlər ki, Quranın möcüzə olduğunu qəbul etməyi, onu gətirən şəxsin doğruluğuna dəlil hesab edə bilmərik. Çünki, Quranda nəql olunmuş əhvalatlar Tövrat və İncildə nəql olunmuş əhvalatlarla tamamilə ziddiyyət təşkil edir. Bir halda ki, Tövrat və İncil də Allah-taala tərəfindən göndərilmiş səmavi kitablardır.

  

    Cavab:  

  

  Quran, Tövrat və İncildə nəql olunmuş qondarma dastanlarla müxalif olmaqla yanaşı, onları tənqid atəşinə tutaraq qətiyyətlə rədd edir və beləliklə qəlblərdəki şəkk-şübhələri aradan aparmaqla öz həqiqətini bəşəriyyətə sübut edir.

  

  Çünki Quran, batil və xurafi əqidələrlə mübarizə aparan, Allah və Onun peyğəmbərlərinin müqəddəsliyinə xələl gətirən amillərə qarşı çıxan yeganə səmavi kitabdır.

  

  Buna əsasən deyə bilərik ki, Quranın Əhdeyn kitabları ilə müxalif olması, onun həqiqi səmavi kitab olmasına tutarlı bir dəlildir.

  

  Ötən fəsillərdə Tövrat və İncildə nəql olunmuş xurafi dastan və əhvalatlar haqda ümumi məlumat verib, onlardan bəzilərinə işarə etdik. Orada sübuta yetirildi ki, hal-hazırda mövcud olan Tövrat və İncil Musaya   və İsaya (ə) nazil olmuş həqiqi ilahi vəhylər toplusu deyildir. Quranın Allah tərəfindən nazil olmuş Tövrat və İncilə qarşı münasibətinə gəldikdə isə, qeyd etməliyik ki, Quran nəinki onlarla müxalifətçilik etmir, hətta onları tamamilə təsdiq edən ən mötəbər bir sənəd də sayılır.

  
    QURANDA HEÇ BİR ZİDDİYYƏT YOXDUR  

    1- ci irad:   

  

  Deyirlər ki, Quranda bir-biri ilə ziddiyyət təşkil edən mətnlər, bizdə onun ilahi vəhy və səmavi kitab olduğuna dair şəkk və şübhə yaradır.

  

    Cavab:  

  

  Ərəb dilində yovm kəlməsi gün (gün çıxandan gün batana qədər olan zaman) mənasında işlənilir. Ləyl isə (axşam) gündüzün müqabilində istifadə olunan ifadədir.

  

  69-cu surənin 7-ci ayəsində deyilir:

  

    Allah, küləyi yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi.   

  

  Göründüyü kimi burada yovm kəlməsi gündüz, ləyl isə gecə mənasında işlədilmişdir. Bəzən də yovm kəlməsinin gecə və gündüz mənasında işlədilməsinin şahidi oluruq.

  

    [Saleh onlara dedi] Daha üç gün yurdunuzda yaşayıb keyf çəkin. (Hud-65).   

  

  Belə ki, ləyl kəlməsi bəzən gecəyə, bəzən də günəşin üfüqdə gizlənməsinə deyilir.

  

    And olsun günəşə və onun işığına [günəşin qaldığı vaxta]. (Şəms-1).  

  

    Yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən... (Haqqə-7).   

  

  Bəzən də ləyl gündüzlə gecəyə deyilir.

  

    [Bir daha] xatirinizə gətirin ki, biz Musaya [Tur dağında vəhy üçün] qırx gecəlik vədə vermişdik. (Bəqərə-51).   

  

  Göründüyü kimi, birinci ayədə yovm gecə ilə gündüz, ikinci ayədə isə ləyl gecə-gündüz, yəni bir gün mənasında işlənmişdir.

  

  Bu iki ifadə - yovm və ləyl Qurani-kərimin digər ayələrində də gecə-gündüz mənalarında işlənmişdir.

  

  Buradan belə məlum olur ki, ayədə istifadə olunan bu ifadələrin hər biri eyni məna daşıyır. Demək, ayədə ziddiyyət deyil, əksinə uyğunluq nəzərə çarpır. Hər iki ayə bir-birini təsdiq və təfsir edir.

  

  Ziddiyyət o zaman ola bilərdi ki, ləyl yalnız gecə, yovm isə yalnız gündüz mənasını daşımış olsun. Bir halda ki, ləyl, həm də yovm gecə   və gündüz mənalarını verir və belə olduqda heç bir ziddiyyətdən söhbət açmaq olmaz.

  

  Bu, inkarolunmaz bir həqiqət olsa da, bəzi inadkar və təəssübkeş insanlar Quranın əzəmətinə xələl gətirmək məqsədilə belə bir məntiqsiz iradlara əl atırlar. Belə bir ixtilafı Məttanın incilində də müşahidə edirik.

  

  Orada deyilir: Məsih ölməzdən əvvəl, dünyasını dəyişdikdən sonra cəsədinin yerdə yalnız üç gün dəfn olunacağı haqda xəbər verdi. (12-ci fəsl).

  

  Lakin həmən kitabın digər fəsillərində və digər incillərdə bu haqda deyilir: Məsih çox qısa bir müddət ərzində yerdə dəfn olundu. Onun cəsədi yalnız cümə gününün axırı, bazar və bazar ertəsi günləri yerdə dəfn olundu.

  

  Bu incilləri diqqətlə mütaliə etdikdən sonra, onu ilahi vəhy adlandıran şəxslərdən soruşun: Dediyiniz üç gecə-gündüz ilə incildəki gecə və gündüz arasında nə kimi oxşarlıq görürsünüz?!

  

  Təəccüb doğuran burasıdır ki, qərb alimləri xurafat və mövhumatlarla dolu olan incil və tövrata iman gətirib, haqq-ədalət meyarı olan Qurandan üz çevirir və onun əzəmət və böyüklüyünü dərk etmək istəmirlər.

  

  Nə etmək olar, haqsevər insanlar az, təəssüb fəlakətinə düçar olanlar isə olduqca çoxdur.

  

    2-ci irad:   

  

  Deyirlər ki, Ali İmran surəsinin 41-ci ayəsində Zəkəriyya peyğəmbərin dualarının qəbul olunması əlaməti üç gün göstərilir.

  

    [Allah] dedi: Sənin nişanən üç günün ərzində adamlarla yalnız işarə ilə [əl, baş və gözlə] danışmaq olacaqdır.   

  

  Lakin başqa bir yerdə həmən əlamət üç gecə göstərilib.

  

    [Allah] dedi: Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışa bilməyəcəksən. (Məryəm-10).   

  

  Ayədəki ziddiyyət göz qabağındadır. Belə ki, birinci ayədə həzrət Zəkəriyyanın dualarının qəbul olma əlaməti üç gün, digər ayədə isə onun üç gecə sükut edib heç bir şey danışmaması göstərilir.

  

    4-cü irad:   

  

  Onlar deyirlər: Quranda nəzərə çarpan ikinci ziddiyyətli məsələ bundan ibarətdir ki, bəzən insanların öhdəsinə düşən vəzifə yalnız onların özlərinə aid edilir Kim istəyir inansın, kim də istəyir inanmasın [kafir olsun] (Kəhf-29), bəzən də bütün işlərin Allahın ixtiyarında olduğu bəyan edilir.

  

    Allah istəməsə siz bunu istəyə bilməzsiniz. (Dəhr (insan)-30).   

  

  Ümumilikdə götürsək, Quranın bəzi ayələrində insanlar ixtiyar sahibi kimi qələmə verilir. Bəzi ayələrdə də onların heç bir ixtiyara malik   olmadıqları və bütün işlərin Allahın istək və iradəsi ilə həyata keçməsi bildirilir.

  

  Bu ayələr arasındakı ixtilaf və ziddiyyətlər göz qabağındadır və onlara heç cür don geyindirmək olmaz.

  

    Cavab:   Quran insanların öhdəsinə düşən vəzifələri bəzən onların özlərindən, bəzən də Allahın istək və iradəsindən asılı olduğunu bəyan edir. Əlbəttə, onların hər biri öz yerində tamamilə düzgün və nöqsansızdır. Lakin, bunun bir neçə səbəbi vardır.

  

  1.Hər bir insan öz fitrəti ilə bu həqiqəti dərk edir ki, o bəzi işləri öz ixtiyarı ilə görməyə qadir olduğu kimi, onu tərk də edə bilər.

  

  Bu səbəbdən də əql və düşüncə sahibləri insanları gördükləri saleh əməl və xeyirxah işlərə görə daim tərifləyir, nadan insanları isə tənqid atəşinə tuturlar. Demək, insanlar öz işlərində tamamilə azad və muxtar yaradılmışdır. Sağlam düşüncəli hər bir insan bu həqiqəti də dərk edir ki, o özünə aid olan işlərdə azad olsa da, görəcəyi əksər işlərin bir sıra başlanğıc və müqəddiməsi onun ixtiyarından xaricdir.

  

  Məsələn, insanın görəcəyi işlərə səbəb olan müqəddimələrdən biri də onun özünün mövcud olmasıdır. Həyatı, onu əhatə edən varlıqları dərk etməsi, görmək istədiyi işlərə qarşı rəğbət bəsləməsini buna misal vurmaq olar. Diqqət yetirilsə məlum olar ki, insanın görəcəyi işlərin özünü onun öz istəyi ilə, həmin işlərin müqəddiməsini isə Allah-taalanın istək və iradəsi ilə əlaqələndirmək olar.

  

  2.Fəlsəfədə sübuta yetirilmişdir ki, aləmdə mövcud olan varlıqları yaradan Xaliq, onları yaratdıqdan sonra heç bir məxluqu öz ixtiyarına buraxmaz və onların idarəçiliyində bir an da olsa belə, qəflət etməz. Məxluqat yaranışda Xaliqə ehtiyaclı olduğu kimi, idarəçilik və həyatı davam etdirməkdə də qırılmaz şəkildə Ona bağlıdır. Demək, aləmdə mövcud olan varlıqlardan heç biri Allahın istək və iradəsi olmadan bir an olsun belə, davam gətirə bilməz.

  

  Yaradan ilə yaradılmışlar arasında olan bağlılığı, bənna ilə onun tikdiyi bina arasında olan rabitəyə oxşada bilmərik. Binanın tikilişi bənnadan asılı olsa da, tikildikdən sonra bənnanın olub-olmaması həmin bina üçün heç bir əhəmiyyət kəsb etmir. Biz bu misalı şairlə onun yazdığı şerə də bənzədə bilərik. Belə ki, həmin şer üçün şairin yaşayıb-yaşamamasının heç bir fərqi yoxdur.

  

  Yaradanla yaradılmışlar arasında olan rabitəyə, işıqla işıq mənbəyi arasında olan rabitəni misal çəkə bilərik. Belə ki, lampa öz ətrafını işıqlandırmaq üçün ilk növbədə elektrik mənbəyindən kifayət qədər enerji almalıdır. Bu proses qırılmaz şəkildə həyata keçməli və bir an olsun belə, elektrik lampası və enerji mənbəyi arasında olan əlaqə kəsilməməlidir. Ani olaraq bu rabitənin kəsilməsi ilə ətrafa qaranlıq çökəcəkdir.

  

    Elektrik lampasının öz nur və hərarətini qoruyub saxlaması üçün onun enerji mənbəyi ilə qırılmaz rabitəsi tələb olunduğu kimi, aləmdə mövcud olan bütün varlıqların da öz həyatlarını davam etdirməsi üçün yaradıcı qüvvəyə, hər şeyə həyat verən, elmi, qüdrəti hər şeyi əhatə edən mütləq bir varlığa ehtiyacları vardır.

  

  Bu ehtiyac hissi varlıqların yaradıldıqları ilk gündən mövcud olacağı son ana qədər davam edir. Onun rəhməti hər şeyi əhatə edir və yaratdığı varlıqları bir an olsun belə nəzərindən qaçırmayır. Xaliq ilə məxluqat arasında olan rabitə labüd və qırılmazdır. Bu rabitənin bir anlıq kəsilməsi həyat çırağının sönərək aləmin zülmətə qərq olması ilə bərabərdir.

  

  Demək, insanın gördüyü işlər ya cəbridir (icbari), ya da ixtiyari (azad). O, bu iki ünsürün hər birindən istifadə edir. Belə ki, o, öz güc və qüvvəsindən istifadə etməklə görəcəyi və tərk edəcəyi işlərdə azad olsa da, ixtiyarında olan qüdrət və istedadlardan istifadə etməkdə öz Xaliqinə tamamilə möhtacdır. Belə bir nəticəyə gəlirik ki, insan gördüyü işlərdə müəyyən qədər azad olsa da, bəzi səbəblərə görə Allahdan asılıdır.

  

  Quran da bizə bu həqiqəti başa salmaq istəyir ki, insan azad varlıq olsa da, görəcəyi işlər Allahın istək və iradəsindən asılıdır. Kəlam alimləri bu məsələni dini termin olaraq Əmrun beynə əmreyn adlandırmışlar. Vahid məktəb halını almış belə bir təfəkkür tərzi daha da formalaşaraq cəbr (yəni, insan bütün işləri ixtiyarsız və məcburi olaraq həyata keçirir) və təfviz (yəni, insan özünü tam ixtiyar sahibi bilərək bütün işlərini öz istək və iradəsi ilə həyata keçirir) adlanan iki ziddiyyətli nəzəriyyəni batil etmişdir. Mətləbi daha da aydınlaşdırmaq üçün bu barədə sadə bir misal çəkməyi daha məqsədə uyğun görürük.

  

  Bir anlıq əlini tərpədə bilməyən əlil bir şəxsi gözləriniz önünə gətirin. Əlini hərəkətə gətirə bilmədiyi üçün onu müalicə edən həkim kiçik elektrik cihazının vasitəsilə cərəyan yaratmaq və onun qolunu hərəkətə gətirməklə bəzi işləri görməkdə ona köməklik edir. O, elektrik cərəyanını kəsdikdə, əlil yenə də hərəkətsiz qalır. Sonra elektrik cərəyanını yaratmasını onun öz ixtiyarına qoyur və beləliklə də o, xəstənin əlini hərəkətə gətirməsində heç bir rol oynamır. Bundan belə o, bizim nəzərimizdə elektrik cihazını ixtira edən adi bir şəxs kimi olacaqdır. Xəstənin öz əlini hərəkətə gətirməsini də, qeyd etdiyimiz kimi Əmrun beynə əmreyn prinsipi əsasında qəbul edəcəyik. Çünki, xəstənin əlini hərəkətə gətirib-gətirməməsi öz ixtiyarındadır və kimsə onu bu işə vadar etmir. Lakin unutmaq olmaz ki, o bu işi öz ixtiyarı ilə həyata keçirsə də, elektrik cihazının cərəyana qoşulub oradan ayrılması onu müalicə edən həkimin ixtiyarındadır. Demək, xəstənin əlini hərəkətə gətirməsində nə həkim, nə də xəstə tam ixtiyara malikdir.

  

    Bu səbəbdən də kəlam alimləri insanın gördüyü işləri nə cəbr və nə də təfviz adlandırırlar. Onların fikrincə insan görmək istədiyi işləri öz iradəsi ilə həyata keçirsə də, Allahın istək və iradəsi də buna təsir göstərir və nəzərdə tutulan işlərin həyata keçməsi üçün lazımı şərtlər tələb olunur. Quranda rast gəldiyimiz bir çox ayələr bu mətləbə dəlalət edir. Burada insanın tam ixtiyar sahibi olması ilə yanaşı, Allahın da istək və iradəsinin təsirli olması açıq-aşkar bəyan olunur. Bu mətləbə Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə də rast gəlmək olar.

  

  Hədislərdən birində deyilir:

  

    İmam Sadiqin (ə) səhabələrindən biri ondan soruşur: Allah öz bəndələrini xoşagəlməz işlərə vadar edirmi?  

  

    Buyurdu: Xeyr.  

  

    Dedi: O, bütün işləri öz bəndələrinin öhdəsinə buraxıbdırmı?  

  

    Buyurdu: Xeyr.  

  

    Dedi: Elə isə, Allahla insanlar arasında olan bu bağlılığı mənə izah edin.  

  

    İmam (ə) buyurdu: Allah-taala öz lütf və mərhəmətini öz bəndələrinin üzərindən bir an olsun belə, kəsmir və insanlar gördükləri işlərdə cəbr ilə təfviz arasında olan mərhələni qət edirlər. (Üsuli-kafi. Tövhid, Cəbr və təfviz, əmrun bəynə əmreyn fəsli).   

  

  İmam Sadiqdən (ə) nəql olunmuş başqa bir rəvayətdə deyilir: Bu nə cəbrdir nə də təfviz, (ixtiyar) sadəcə olaraq onların arasında olan bir mərhələdir. (Həmin mənbə).

  

  Yuxarıda qeyd olunan mətləblərdən belə bir nəticəyə gəlirik ki, Quran ayələri zahirdə cəbr və ixtiyara dəlalət etsə də, əslində heç bir ziddiyyət olmadan eyni məna və eyni məqsəd daşıyırlar. Bu ayələr (cəbr və ixtiyara dəlalət edən ayələr) bir-birini tamamlayır və təfsir edir. Belə ki, ayələrə istinad etməklə belə bir qənaətə gəlirik ki, insanın gördüyü işlər həm onun özündən, həm də Allahın istək və iradəsindən asılı olur. Bu növ əqidə tərzi Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə dəfələrlə rast gəldiyimiz əmrun beynə əmreyn yoludur.

  
    QURANIN ECAZINDA ZİDDİYYƏT  

    5-ci irad:   

  

  Onlar deyirlər: Əgər insanların Quran kimi ikinci bir kitab təlif edə bilmədiklərini möcüzə hesab edəriksə, onda Eqleydsinin və Maçestinin kitablarını da möcüzə adlandırmalıyıq. Yəni, təkcə müəyyən bir kitabın oxşarının yazılmaması möcüzə hesab edilərsə, onda dünyada nə çox kitablar vardır ki, onların da bənzəri yoxdur.

  

      Cavab:  

  

  Əvvəla, adları çəkilən bu iki kitabın oxşarının yazılması heç də çətin bir iş deyildir və kimsə bu kitabların bənzərinin hazırlanmasının qeyri-mümkünlüyünü ehtimal belə verməyib. Tarixə nəzər saldıqda da bu kitabların qarşısında kimsənin aciz qalmadığının şahidi oluruq. Çünki, son dövrün alimləri bu kitablardan dəfələrlə elmi və mükəmməl kitablar yazıb-yaratmışlar. Buraya əlavə mətləblər daxil edilmiş və nəzərə çarpan fəsillərdə müəyyən dəyişikliklər aparılmışdır. Bunu da qeyd edək ki, bir qədər əvvəl möcüzə haqda söhbət açdıqda möcüzənin şərtlərindən bir neçəsinə işarə etdik. Onlardan biri bu idi ki, möcüzə peyğəmbərlik iddiası edən şəxsin doğruluğunu sübuta yetirməli və onun iddiası ilə müvafiq olmalıdır. Və möcüzənin digər şərtlərindən biri də onun təbii qanunlardan xaric olmasıdır. Bu kitablarda isə bu xüsusiyyətlərin heç birini müşahidə etmirik.

  
    QURANLA MÜBARİZƏ APARILMASININ SƏBƏBLƏRİ  

    6-cı irad:   

  

  Onlar deyirlər: Ərəblərin Quran kimi ikinci bir kitab yazmamasının səbəbi heç də onların bu işə aciz olmaları deyildir. Bunun bir neçə səbəbi olmuşdur.

  

  İstər Peyğəmbərin (s), istərsə də xəlifələrin dövründə iqtidarı ələ keçirmiş müsəlmanlar böyük qüdrət və nüfuz əldə etdikləri üçün, bütpərəst ərəblər Quran kimi ikinci bir kitab yazmağa cəsarət etmirdilər. Onlar çox gözəl bilirdilər ki, Quranla mübarizə müsəlmanlar tərəfindən necə qarşılana bilər.

  

  Əməvi sülaləsi xilafəti ələ keçirdikdən sonra isə mərkəzi hakimiyyətin islama və Qurana olan marağı getdikcə zəifləyib məhvə doğru yönəlirdi. Və təbii ki, belə bir şəraitdə Quran və islam dini ilə mübarizə heç bir əhəmiyyət kəsb etməməli idi.

  

  Digər tərəfdən isə illər ötdükcə müsəlmanlar Quranın şirin məna və ifadələrindən ilham alır və qəlbən ona bağlanırdılar. İllər ötdü və Quran qəlblərdə dərin iz qoydu və insanlarla Quran arasında qırılmaz ünsiyyət yarandı.

  

    Cavab:   Biz bu iradı bir neçə səbəbə görə rədd edə bilərik.

  

  1.Peyğəbmər (s) öz müxaliflərini Quranla mübarizəyə dəvət etdiyi zaman hələ Məkkədə yaşayır və islamı gizlincə təbliğ edirdi. Məlum olduğu kimi, o illər iqtidarda müsəlmanlar deyil, öz şer və ədəbiyyatı ilə fəxr edən Məkkə müşrikləri idi. Amma buna baxmayaraq, fəsahət və   bəlağət elmlərinə yiyələnmiş ərəblər Quranın qarşısında aciz olduqlarını etiraf edir və həqiqəti dərk etdikdə onun qarşısında diz çökürdülər.

  

  2.Qorxu məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, bu heç vaxt qeyri-müsəlmanların Quran və islamla apardıqları mübarizəyə maneçilik törədə bilməzdi. Belə ki, islamdan əvvəl və sonra Səudiyyə Ərəbistanında kitab əhli azad və toxunulmazlıq şəraitində yaşamış və müsəlmanlar tərəfindən heç bir zorakılığa məruz qalmamışlar. Məkkə bütpərəstləri də kitab əhlinin malik olduqları toxunulmamazlıq hüququna yiyələndikləri üçün, kimsədən çəkinmədən etiraz edə bilərdilər. İctimai ədalət müsəlmanların xəlifələri tərəfindən qorunub saxlanılır və qanun pozğuntuluğuna yol verilmirdi. Əlinin (ə) xilafəti dövründə ictimai ədalətə daha çox diqqət yetirilir və müxalif qrup və qəbilələrə öz sözlərini deməyə xüsusi şərait yaradılırdı.

  

  Bəli, belə bir azad şəraitdə Qurana bənzər ikinci bir kitab yaza bilməsələr də, hamıya söz azadlığı verilir, din və Qurana qarşı öz etirazlarını açıq-aşkar bəyan etməyə şərait yaradılırdı.

  

  3.Fərz edək ki, elə doğrudan da Məkkə müşriklərində bu işdə onlara maneçilik törədə biləcək qorxu hissi olmuşdur. Bəs görəsən bu işdə kitab əhlinə hansı amil maneçilik törətmişdir? Nə üçün onlar gizlində də olsa, Qurana qarşı mübarizə apararaq istəklərinə nail ola bilməmişlər? Onlar Tövrat və İncilə istənilən qədər xurafi dastanlar əlavə etsələr də, Quran ayələrində kiçik bir ziddiyyət və ixtilaf yaratmağa cəsarət etməmişlər.

  

  4.İnsan təbiəti daim yenilik və dəyişiklik tələb edir. Bir şey dəfələrlə təkrar olunduqda insanın nəzərində adiləşir və bir çox hallarda həmən şeyə qarşı nifrət hissinin yaranmasına səbəb olur.

  

  Yazılmış şer və ədəbi əsərlər isə nə qədər fəsahətli və bəlağətli olsalar da, bir neçə dəfə oxunduqdan sonra adiləşir və özünün əvvəlki dəyərini itirməyə başlayır.

  

  Məsələn, insan yeni yazılmış qəsidəni oxuyur və bundan mənəvi zövq alır, lakin bir neçə dəfə təkrarlandıqdan sonra həmin əsər öz təravətini itirir və adiləşir. Əlinə yeni qəsidə düşdükdə isə onu ilk qəsidədən daha maraqla oxumağa başlayır. Zaman keçdikcə o da əvvəlki kimi adiləşir və öz əhəmiyyətini itirməyə başlayır.

  

  İnsanın yeniliyə və dəyişikliyə olan meyli təkcə ədəbiyyatda deyil, yemək-içməkdə, geyinib-keçinməkdə və s. şeylərdə də özünü büruzə verir.

  

  Əgər Quran möcüzə olmasaydı, bəşəriyyətin yenilikaxtarma hissi özünü burada da büruzə verərdi. Məlum olduğu kimi, bu müqəddəs kitabın nazil olduğu vaxtdan illər, əsrlər keçməsinə baxmayaraq, dəfələrlə oxunmuş, əzbərlənmiş amma öz təravət və şirinliyini qoruyub saxlaya bilmişdir.

  

  Əgər Quran da oxucu və ya dinləyicidə yorğunluq hissi yaratsaydı, müxaliflər bunu mübarizə üçün ən gözəl üsul hesab edərdilər. Quran nə qədər çox təkrar olunursa, öz cazibədarlığını bir o qədər çox qoruyub   saxlayır və oxunduqca özünə qarşı rəğbət hissinin artmasına səbəb olur. Quranın tilavəti insanda ruh yüksəkliyi yaradır və imanın daha da möhkəmlənməsinə böyük təsir göstərir. Belə bir xüsusiyyət nəinki Quranın əzəmətinə xələl gətirmir, hətta onu daha da dəyərləndirir və ilahi möcüzə olduğunu bir daha sübuta yetirir.

  

  5.Müxaliflərin, müsəlmanlar əsrlər, illər boyu Quranla ünsiyyətdə olmuş və bu səbəbdən də onunla mübarizə etməmişlər iddiasına gəldikdə isə, bunu biz yalnız müsəlmanlar barəsində qəbul edə bilərik. Çünki, ərəb olmayan qeyri-müsəlmanlar da Quranın tilavətindən mənəvi zövq aldıqlarını etiraf etmiş və mənasını başa düşməsələr belə, özlərində ona qarşı böyük rəğbət və ruh yüksəkliyi duymuşlar.

  
    QURANIN ECAZI İLƏ TOPLANMASI ARASINDA OLAN UYĞUNLUQ  

  7-ci irad:

  

  Onlar deyirlər: Tarixdə göstərilir ki, Əbu Bəkr Quranı vahid kitab halına salmaq istədikdə Ömərə və Zeyd ibni Sabitə, məscidin kandarında oturub, iki nəfər tərəfindən Quran ayəsi olması təsdiq edilən cümlələri yazmağı və nəticədə onları kitab halına salmağı əmr etdi. Qərara alınmışdı ki, onların toplayıb təsdiq etdikləri və vahid nüsxə halına saldıqları nümunə hamı tərəfindən qəbul edilsin. Əgər Quran həqiqətən möcüzə olsaydı, nə onların şəhadətinə ehtiyac olardı, nə də kimlərinsə onu vahid nüsxə halına salmasına.

  

    Cavab:  

  

  Bu iddianı da bir neçə səbəbə görə rədd edə bilərik:

  

  1.Quranın möcüzə olması onun kəlmələrinin ayrı-ayrılığında deyil, fəsahət və bəlağətindədir. Quranın bir yerə yığılması məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, orada artıq kəlmə və hərflərin əlavə olunması və ya çıxarılması tamamilə adi hal ola bilərdi. Bunun üçün də iki nəfər şəxsin əgər bunu həqiqət hesab etmək olarsa şəhadət verməsini (yəni toplanmış nüsxələrə nəzarət etmələri) tamamilə məntiqi hesab etmək olardı.

  

  2.İnsanlar Quranın fəsahəti qarşısında acizdirlər - dedikdə, bu heç də o demək deyildir ki, onlar ona oxşar, hətta bir kəlmə və ya bir ayə gətirməyə belə qadir deyillər. Quran ayələrinə oxşar ikinci bir ifadəni bəyan etmək bəlkə də onlar üçün mümkün olmuşdur, lakin müsəlmanlar heç vaxt belə bir iddia irəli sürməmişlər. O ki qaldı Qurana, o da öz müxaliflərini öz ayələrinə oxşar bir ayə deyil, bir surə gətirmələrini tələb edir. Buna əsasən deyə bilərik ki, iki nəfərin, yığılmış nüsxələrə və ya oxunan ayələrin düzlüyünə şəhadət verməsi tamamilə məqsədəuyğun bir haldır.

  

    3.Səhabələrdən ikisinin məsciddə bir şahid kimi iştirak etmələri haqda nəql olunmuş rəvayətə gəldikdə isə, onun mötəbərliyinə bir o qədər də istinad etmək olmaz. Çünki, rəvayət mütəvatir hədislər silsiləsinə daxil deyildir.

  

  4.Rəvayətin məzmunu bu haqda nəql olunmuş digər rəvayətlərlə ziddiyyət təşkil edir. Belə ki, Quran Əbu Bəkrin xilafəti dövründə deyil, Peyğəmbər (s) hələ sağ olarkən bir yerə yığılmışdır. Gələcək fəsillərdə bu mətləbi təsdiq edəcək digər hədis və rəvayətlərə işarə edəcəyik. O ki qaldı Quran hafizlərinə, hələ Peyğəmbərin (s) zamanında onların sayı yüzlərlə, bəlkə də minlərlə idi. Belə olduğu bir halda səhabələrdən yalnız ikisinin Quran nüsxələrinə və tilavətinə etdikləri nəzarət bir o qədər də düzgün olmazdı.

  

  Qaranlıq cəhalət rejimindən yaxa qurtarmış müsəlmanlar gecə-gündüz Quranı tilavət edir və onu zehnlərinə həkk edirdilər. Quran hafizlərinin bol olduğu bir şəraitdə belə bir məsuliyyətli işin yalnız iki nəfərə tapşırılması bir o qədər də inandırıcı olmazdı.

  
    QURANIN İFADƏ TƏRZİ ilƏ NATİQLƏRİN ÇIXIŞ ÜSLUBU ARASINDA OLAN FƏRQ  

    8-ci irad:   

  

  Onlar deyirlər:

  

  Quranın bəyan tərzi ilə, mahir ədib və şer ustalarının üslubu tamamilə fərqli və ziddiyyətlidir. Belə ki, surələrdə bir neçə mövzuya və bir-biri ilə əlaqəsi olmayan mətləblərə toxunulduğunun şahidi oluruq. Məsələn, hər hansı bir tarixi mövzu haqda söhbət açıldığı zaman dərhal əxlaq, alış-veriş və ya digər mövzulara da toxunulur. Əgər Quranda hər bir mövzu üçün ayrıca fəsil ayrılsaydı, daha yaxşı olardı.

  

    Cavab:  

  

  Quran, bəşəriyyəti haqq-ədalətə hidayət etmək və onları dünya və axirət səadətinə qovuşdurmaq üçün nazil olmuşdur. Quran fiqhi, tarixi, və əxlaqi kitab olmadığı üçün bu elmlərə ayrıca başlıq və fəsillər ayrılmamışdır.

  

  Şübhəsiz, Quranın bəyan etmə üslubu digər üslublardan daha qənaətbəxş olduğu üçün, nəzərdə tutulan mövzunu oxuculara daha tez çatdırır. Quran surələrindən hər birini mütaliə etdikdə yaradılış, məad, əxlaq və keçmiş qövmlərin tarixi haqda dəyərli məlumatlar əldə etməklə yanaşı, onların aqibətlərindən də ibrət dərsi alınır, kamil insana xas olan əxlaq normaları və dinin bir çox şəri məsələləri ilə yaxından tanışlıq hasil olur.

  

    Mövzuların müxtəlif olmasına baxmayaraq, surələrin heç birində istər fəsahət və bəlağət, istərsə də ümumi məna baxımından heç bir nizamsızlıq müşahidə etmirik.

  

  Əgər Quran ayrı-ayrı fəsillərə bölünsəydi öz nəzmini itirər və oxucu üçün bir o qədər də faydalı olmazdı. Belə ki, hər hansı bir mövzunu mütaliə edən oxucu, Quranın digər müqəddəs hədəflərindən xəbərsiz qalar və nəticədə ən başlıca məqsədə, yəni kamala çatmaqdan məhrum olardı.

  

  Qurana xas olan belə bir bəyan tərzi onu digər dini, ədəbi mətnlərdən fərqləndirir və ona xüsusi yaraşıq verir.

  

  Amma nə etmək olar, düşmənçilik və ədavət hissi həqiqəti dərk etmək üçün daşürəkli, təəssübkeş insanların gözlərini kor, qulaqlarını isə kar etmişdir.

  

  Əgər Quran ayrı-ayrı fəsillərə bölünsəydi başqa bir ciddi çatışmamazlıqla qarşılaşardı. O da Quranda bir neçə dəfə təkrar olunan keçmiş peyğəmbərlərin əhvalatı və tarixi əhəmiyyət kəsb edən hadisələrdir. Əgər dəfələrlə təkrar olunan bu əhvalatlar eyni fəsildə nəql olunsaydı, Quran öz təravət və cazibədarlığını itirər və belə olduqda təkrar heç bir məna kəsb etməzdi.

  
    QURANLA MÜBARİZƏ  

    9-cu irad:   

  

  Husnul iycaz kitabının müəllifi deyir: Quranda istifadə olunan oxşar ifadələrin yerini dəyişdirməklə, Quran kimi ikinci bir kitab yazmaq heç də çətin deyildir. O, öz iddiasını isbat etmək üçün Quranın müxtəlif yerlərindən cümlələr toplamış və bununla da fəsahət və bəlağət elmlərinə dair olan məlumat səviyyəsinin hansı dərəcədə olduğunu çatdırmaq istəmişdir.

  

    Cavab:  

  

  Bir qədər sonra müəllifin Quranla mübarizə tədbirində istifadə etdiyi ifadələrə və onun zəif nöqtələrinə işarə edəcəyik. Biz Nəfəhətul ecaz adlı kitabda bu haqda ətraflı söhbət açmışıq.

  
    FATİHƏ SURƏSİ İLƏ MÜBARİZƏ  

  Bu xəyalpərəst insan elə güman edir ki, ağlına gəldiyi bu qısa ifadələr Fatihə surəsindən qısa olmaqla yanaşı, onun əhatə etdiyi bütün mətləblərə də şamil olur:

  

      Şükr olsun bağışlayan Rəhmana [O Allah ki] varlıqların sahibi və pərvərdigarıdır, [O Allah ki] mükafat verəndir. İbadət sənin üçün, kömək də səndəndir. Bizi iman yoluna hidayət et!   

  

  Dərin mənalı Quran ayələrini, heç bir məna kəsb etməyən qısa ifadələrdən ayıra bilməyən yazıçıya təəccüb edirik?!

  

  Yaxşı olardı ki, yazıçı hər şeydən əvvəl öz yazılarını ərəb ədəbiyyatı ilə tanışlığı olan məsihi alimlərinə təqdim edəydi və özünü bu dərəcədə rüsvay etməyəydi.

  

  O, bilməli idi ki, mübarizə məqsədilə hər hansı bir mətnə qarşı istifadə etdiyi ifadələr məna və heca baxımından bir-birindən fərqli və ziddiyyətli olmamalıdır.

  

  Mübarizə dedikdə, heç də belə təsəvvür etmək lazım deyil ki, müxalif mövqe tutmuş şəxs mətndə istifadə olunmuş ifadələrin yerini dəyişib onu bir qədər fərqli ifadələrlə bəyan etmiş olsun. Əgər mübarizə bu qədər asan olsaydı, Peyğəmbərlə (s) mübarizə aparan Məkkə müşrikləri belə bir əlverişli üsuldan istifadə edər və asanlıqla öz məqsədlərinə nail olardılar. Lakin onlar ədəbi mübarizə üsulunun nə olduğunu çox gözəl dərk edir və bu səbəbdən də Quranla mübarizə aparmağa cəsarət etmirdilər.

  

  Onlardan bəziləri həqiqəti yəni, Quranın ilahi möcüzə olduğunu dərk edib iman gətirdi. Qəlbləri daşdan da möhkəm olan inadkar və cahil kəslər isə Quranı sehr və cadu adlandıraraq dedilər:

  

    Bu [başqasından] öyrənilən sehrdən başqa bir şey deyildir! (Müddəssir-24).   

  

  Görəsən özünü bu dərəcədə rüsvay edən yazıçının bəlağət elmindən heç bir məlumatı olmamışdırmı?

  

  1.Axı necə demək olar ki, Şükr olsun bağışlayana (Rəhmana) kəlməsi, Şükr Allaha kəlməsi ilə məna və məfhum baxımından eynidir. Bir halda ki, Allah kəlməsi Allah-taalanın bütün sifətlərinə şamil olan müqəddəs Zatın adı, Rəhman isə yalnız onun sifətlərindən biridir.

  

  Demək, Əlhəmdulillah həmd olsun Allaha kəlməsindəki şükürdən məqsəd, Allah adının bütün sifətlərə şamil olması, Şükr Rəhmana Əlhəmdu lirrəhman kəlməsində edilən şükürdən məqsəd isə, yalnız Allahın Rəhman sifətinə edilən şükürdür və göründüyü kimi, burada artıq Allahın digər sifətləri nəzərdə tutulmur.

  

    2.Aləmlərin Rəbbinə [bu dünyada hamıya] rəhimli, axirətdə isə ancaq möminlərə mərhəmətli olana   ayəsini Varlıqların pərvərdigarı kimi naqis və münasib olmayan qısa bir ifadəylə bəyan edir. Bu qısa ifadə isə hər iki ayənin məna və məfhumunu bütünlüklə aradan aparır. Çünki, hər iki ayə aləmlərin çoxluğuna, Allahın hakimiyyət və rəhmətinin onların hamısına şamil olduğuna dəlalət edir. Onun hakimiyyəti əzəli və əbədidir.

  

    Bütün bunları varlıqların pərvərdigarı kimi qısa və mənasız bir ifadədən əldə etmək olarmı?

  

  Bir halda ki, kovn, lüğətdə baş vermək, qayıtmaq mənalarını verir. Malik və başçı mənasını verən Rəbb kəlməsini məsdər halında işlənilən Əkvan kəlməsinə birləşdirmək isə qrammatik qanunlarla əsla uyğun gəlmir. Cümlə quruluşuna gəldikdə isə, xaliq ifadəsindən istifadə edərək xaliqul əkvan yəni varlıqların xaliqi deyə bilərik. Əkvan kəlməsinə gəldikdə isə, onu nə aləmlər mənasında istifadə edə bilərik, nə də Allahın varlıqlara şamil olan daimi rəhmətinə.

  

    3.Maliki yəvmiddin haqq-hesab gününün [qiyamət] gününün sahibinə ayəsini Əlməlikud-dəyyani [O Allah ki] mükafat verəndir   ifadəsilə əvəz etməklə biz ayədən tam başqa bir məna əldə edir və nəzərdə tutulan hikmətli ifadələrdən uzaq düşmüş oluruq. Çünki, ayə Allahın qiyamət gününün sahibliyinə, müəllifin uydurduğu ifadə isə Allahın [möminlərə] mükafat verəcəyinə dəlildir. Göründüyü kimi burada qiyamət gününə və orada insanların gördükləri işlərin müqabilində mükafat və ya cəzaya layiq görüləcəyinə dəlalət edən heç bir məna nəzərə çarpmır. Məlum olduğu kimi, qiyamət günü aləmə yalnız Allahın özü hakim olacaq və hamı Onun əmrinə itaət edəcəkdir. Kimi cənnətə, kimisi də cəhənnəmə daxil ediləcəkdir. Bu səbəbdən də Allah-taala bu ayədə Malik adlandırılmışdır. Lakin yuxarıda qeyd olunan ifadələrdə biz bu məna ilə də qarşılaşırıq.

  

  Bəli, Əlməlikud-dəyyan Maliki yəvmiddin ayəsinin verdiyi mənaların heç birini daşımır. Bu ifadələrdən yalnız bu nəticəyə gəlmək olar ki, Allah öz bəndələrini xeyirxah işlərinə görə mükafatlandırır və beləliklə onları səadət və kamala sövq etmiş olur. Bu isə ayənin batini mənaları ilə olduqca fərqli və hətta ziddiyyətlidir.

  

    4.Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik.   

  

  Yazıçı belə güman etmişdir ki, ibadət və kömək diləmək yalnız çarəsizlik üzündən edilməlidir. Bu səbəbdən də ayə həqiqəti bəyan etməklə yanaşı, iman sahiblərinə təlqin etmək istəyir ki, ibadi məsələlərindəki tövhid prinsiplərini və Allaha olan ehtiyac hisslərini hətta ibadətdə belə aşkar etsinlər. Burada ən başlıca məqsəd, möminlərin bu həqiqəti etiraf etmələridir ki, Allahdan başqa heç bir varlığa pərəstiş etməyib, yalnız Ondan kömək diləsinlər.

  

  Biz bunları üzdəniraq yazıçının uydurduğu Ləkəl ibadətu və bikəl mustəan ibadət Sənin üçün və kömək də səndəndir ifadəsindən əldə edə bilərikmi?

  

    5.Bizi doğru yola yönəlt  

  

    Ayədən məqsəd budur ki, insan ibadət zamanı Allahdan onu haqq yola, doğru yola yönəltməyini diləsin. Bu yol onu saf əqidəyə, xeyirli işlərə və bir sözlə bütün insani dəyərlərlə hidayət etmiş olsun.

  

  Göründüyü kimi ayə bir neçə mühüm mətləbə toxunur.

  

    (İhdinas-siratəl iman)  

  

    Bizi iman yoluna hidayət et.  

  

    Qeyd olunan   ifadədən bu mənalardan heç birini əldə etmirik.

  

  Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, yuxarıdakı ifadə yalnız haqq yola hidayət prinsipini izlədiyi üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Lakin iman yolunun doğru yol olduğuna və bu yolun yolçularının heç vaxt haqq yoldan sapınmayacaqlarına heç bir işarə edilməmişdir.

  

  Yazıçı özünün naqis və əsassız iradları ilə bu ayəyə qədər kifayətlənmiş və surənin ardını heç bir ifadələrlə əvəz etməmişdir. Bu isə bir daha bu həqiqəti sübuta yetirir ki, yazıçı surənin məna və məfhumunu dərk etmişdir. Çünki, surənin ardı, yəni Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və [haqdan] azanların yoluna yox!

  

  6-7-ci ayələr doğru yolun mövcud olduğuna dəlalət edir. Allahın razılığını qazananlar bu yolun yolçuları və ilahi nemətlərlə mükafatlandırılan şəxslərdir. Bu yol peyğəmbərlərin, şəhidlərin və əməli-saleh insanların yoludur. Allahın qəzəbinə düçar olan kəslər isə haqq yoldan azan və inadkarlıq üzündən həqiqətdən üz çevirənlərdir. Cəhalət və nadanlıq onları zəlalətə doğru sürüklədiyi üçün, həqiqəti axtarmaq əvəzinə ata-babalarının getdikləri yolu davam etdirmiş və kor-koranə təqlidi hər şeydən üstün tutmuşdur. Ayələri diqqətlə oxuyub işarə olunan mühüm mətləblərə diqqət yetirən hər bir şəxs bir çox həyati və əxlaqi məsələlərlə qarşılaşmış olur. Belə ki, yaxşını pisdən ayıra bilən hər bir adi insan bu ayələrdən ibrət dərsi almalı, peyğəmbərləri və əməli-saleh insanların tutduqları yolu davam etdirməlidir. İndi özünüz deyin, dərin mənalı və hikmətli ilahi kəlamları kənara qoyub hansısa xəyalpərəst yazıçının uydurduğu əsassız ifadələrə etimad etmək olarmı?

  
    KOVSƏR SURƏSİ İLƏ MÜBARİZƏ  

  Elə həmin yazıçı Kovsər surəsini bu ifadələrlə bəyan edir:

  

    Biz sənə cəvahiri bəxş etdik, sən də uca səslə namaz qıl, sehirbaz və cadugərlərin sözlərinə etina etmə.   

  

  Bu iddianı biz bir neçə səbəblərə görə batil və əsassız hesab edə bilərik.

  

  1.Göründüyü kimi, yazıçı Qurandakı oxşar ifadələrdən istifadə etmiş və heç nədən çəkinmədən bunun adını mübarizə qoymuşdur.

  

    2.Qoşduğu ifadələrdən belə məlum olur ki, bu onun öz sözləri deyil, sadəcə olaraq peyğəmbərlik iddiası etmiş Musəyləmə Kəzzabın uydurduğu ifadələrdir. O, bu surəni belə ifadə edir:

  

    Biz sənə [insan] kütlələr bəxş etdik. Sən də namaz qıl və mühacirət et. [Və bil ki,] düşmənin kafir bir kəsdir.   

  

  3.Təəccüb doğuran burasıdır ki, o, iki kəlmənin qafiyə baxımından bir-birinə oxşar olmasını fəsahət və bəlağət elmlərində də bu qayda üzərində olacağını güman etmişdir. Bir halda ki, fəsahət qanunlarının ilk şərtlərindən biri kəlmələr arasında uyğunluq və rabitənin olmasıdır. Yazıçının ifadələrində isə biz bunların heç birini müşahidə etmirik.

  

  4.Buradan belə bir sual meydana gəlir. Görəsən hansı səbəblər üzündən yazıçı cəvahir kəlməsini müəyyənlik əlaməti olan əlif-lam ilə qeyd etmişdir.

  

  Əgər müəyyən cəvahiri nəzərdə tutursa, belə olduqda heç bir müəyyənlik şəkilçisindən istifadə etməyə ehtiyac duyulmur. Əgər dünyada mövcud olan bütün cəvahiratı nəzərdə tutursa belə ki, əlif və lam hərfləri ismin müəyyənlik formasının cəm halına dəlalət edir bunu da həqiqi olaraq qəbul edə bilmərik. Çünki, dünyada mövcud olan ləl-cəvahiratın yalnız bir nəfərə verilməsi qeyri-mümkündür.

  

  5.Burada başqa bir sual meydana gəlir. O da bundan ibarətdir ki, görəsən birinci cümlə ilə Vəla tətəmidu qovlə sahir sehirbaz və cadugərlərin söylədiklərinə etina etməyin cümləsi arasında nə kimi rabitə vardır? Cadugər dedikdə kimləri nəzərdə tutur? Söylədiklərinə etina etmə dedikdə hansı sözləri nəzərdə tutur? Əgər o hər hansı bir cadugəri və onun söylədiklərini nəzərdə tutursa onda, mətləbin daha da açılması və onun söylədiklərinin nədən ibarət olduğunu sübuta yetirmək üçün müəyyən dəlil və sübutlar gətirməlidir. Yox əgər müəyyən şəxsi və onun söylədiklərini nəzərdə tutmayırsa belə ki, hər iki ifadə, yəni həm qovl söyləmək, həm də sahir sehirkar qeyri-müəyyənlik və inkar formasında işlənilmiş və ümumiyyət xarakteri daşıyır. Belə olduqda bu mənanı daşıyacaqdır: Heç bir sehirbaz və cadugərin söylədiyi sözlərə etina etməyin. Lakin biz, cümləni bu mənada qəbul edə bilmərik. Çünki bizim, sehirkarların hətta adi məsələlərdə belə söylədiklərinə etina etməyimizə heç bir əqli dəlilimiz yoxdur.

  

  Əgər buradan məqsəd sehirkar və cadugərlər olarsa, yenə də biz bunu həqiqət kimi qəbul edə bilmərik. Çünki, cadugərlərin işi sehramiz ifadələr söyləmək deyil, özünəməxsus hiylə və məkrlərdən istifadə edərək müəmmalı işlər göstərməkdir.

  

  6.Kovsər surəsi Peyğəmbəri (s) istehza edən şəxs barəsində nazil olmuşdur. O, Peyğəmbər (s) haqda bu sözləri deyirdi: Məhəmməd övladı olmayan sonsuz bir insandır (övladı olmayan deyildikdə oğlan uşağı   nəzərdə tutulur). Tezliklə öləcək və gətirdiyi din unudularaq aradan gedəcəkdir.

  

  Tur surəsinin 30-cu ayəsində bu haqda deyilir:

  

    Yoxsa onlar [sənin barəndə]: O, şairdir. Biz [ruzigarın gərdişi nəticəsində] onun başına gələcək müsibəti [ölüb getməsini] gözləyirik! deyirlər.  

  

    Bütün bu iftiraların müqabilində Peyğəmbərə (s) təskinlik olsun deyə Kəusər surəsi nazil oldu. (ərə) Yəni biz sənə böyük nemət kəusəri bəxş etdik.   

  

  Bəli, bu Peyğəmbərə (s) bəxş olunan ən böyük və ən dəyərli nemət idi. Ömrünün son gününədək öhdəsinə düşən peyğəmbərlik vəzifəsinə məsuliyyətlə yanaşır və insanları təkallahlığa, haqq-ədalətə dəvət edirdi. Ona iman gətirmiş kəslərlə düşmənlərə qarşı mübarizə aparır və bütün ömrünü islamın yayılmasına həsr edirdi. Onun nəsli, qızı Fatimənin (ə) övladları ilə artıb çoxaldı. Dünya durduqca onun nəsli duracaq, axirət dünyasında isə birlikdə kovsər hovuzunun kənarına yığılıb şəfaətindən bəhrələnəcəklər.

  

    Yəni bütün bu nemətlərin müqabilində Allaha şükr et! Namaz qıl və Allah yolunda qurban kəs.   

  

  Ayədəki Nəhr sözü bir neçə məna daşıyır.

  

  1.Həcc ziyarəti zamanı Minada kəsilən qurbanlıq dəvə;

  

  2.Qurban bayramı eyd zuha günü kəsilən dəvə;

  

  3.Namaza başlarkən ilk təkbirdə əllərin qulaqlara qədər qalxması;

  

  4.Namazda ikən bədənin bütünlüklə qibləyə tərəf olması.

  

  Lakin nəhr sözü haqda deyilən bütün mənaları ayəyə şamil edə bilərik və onların hər birini nəzərdə tutduqda, Peyğəmbərin (s) ona bəxş olunan nemətlərə şükr etməsi kimi qəbul edə bilərik.

  

  Allah-taala bəxş etdiyi nemətlərə, Peyğəmbərə (s) şükr etməsini əmr etdikdən sonra növbəti 3-cü ayəni nazil etdi:   Səni istehza edən düşmənin sonsuz qalacaqdır və onun ad və şöhrətindən heç bir əsər-əlamət belə qalmayacaqdır!   

  

  Peyğəmbərə (s) istehza edən kəslərin aqibəti Quranın xəbər verdiyi kimi də oldu. Onun nəsli kəsilərək ad-sanından heç bir əsər-əlamət qalmadı.

  

  Axirətdə isə onların məskun olacaqları yer cəhənnəmin əzablı təbəqələri olacaqdır.

  

  Kovsər surəsi haqda qısa məlumat verdik.

  

  İndi özünüz deyin, hikmətlə dolu olan ilahi kəlamları, üzdəniraq yazıçının bir-biri ilə əlaqəsi olmayan əsassız ifadələri ilə müqayisə etmək olarmı?!

  

  O, Musəyləmə Kəzzabın Quranla mübarizə üsulundan istifadə etsə də, nəticədə məqsədinə çata bilməmişdir.

    
    DÖRDÜNCÜ FƏSİL  
    HƏZRƏT MƏHƏMMƏDİN (S) VƏ KEÇMİŞ PEYĞƏMBƏRLƏRİN MÖCÜZƏLƏRİ  

    1.Möcüzəni inkar edən ilk ayənin araşdırılması;  

  

    2.Möcüzəni inkar edən ikinci ayənin araşdırılması;  

  

    3.Möcüzəni inkar edən üçüncü ayənin araşdırılması;  

  

    4.Həzrət Məhəmmədin (s) Tövrat və İncildə peyğəmbərliyi haqda;  

  

    5.Mətləblərin xülasəsi.   

  
    MÖCÜZƏNİ İNKAR EDƏN İLK AYƏNİN ARAŞDIRILMASI  
    İSLAM PEYĞƏMBƏRİNİN MÖCÜZƏSİNİN DİGƏR PEYĞƏMBƏRLƏRİN MÖCÜZƏSİNDƏN ÜSTÜNLÜYÜ  

  Bu haqda məlumatı olan hər bir şəxs, Peyğəmbərin (s) ən böyük möcüzəsi olan Quranın, keçmiş peyğəmbərlərin möcüzəsindən daha əhəmiyyətli olduğunu çox gözəl dərk edir. Ötən fəsillərdə Quranın bəzi möcüzəvi xüsusiyyətlərinə və onun digər peyğəmbərlərin möcüzələrindən daha üstün olduğuna dair qısa məlumat verdik.

  

  Lakin Peyğəmbərin (s) möcüzəsi yalnız Quranın nazil olması ilə bitmir. Qurani-kərimdən başqa onun digər möcüzələri də olmuş və bəzi xüsusiyyətləri ilə onlarla şərik olmuşdur. Quran isə ona xas olan əbədi və ilahi möcüzədir.

  

  Quranın digər möcüzələrdən üstünlüyünə və Peyğəmbərin (s) digər möcüzələri ilə keçmiş peyğəmbərlərin möcüzələri arasında olan oxşar xüsusiyyətlərə dair iki mühüm şeyə istinad edə bilərik:

  

    1.Mütəvatir hədis və rəvayətlər;   

  

  Müsəlmanlar Peyğəmbərin (s) möcüzələrinə dair yüzlərlə hədis və rəvayətlər nəql etmiş, bu barədə əqidə ixtilaflarının olmasına baxmayaraq, saysız-hesabsız kitab və elmi əsərlər yazıb yaratmışlar.

  

  Peyğəmbərin (s) möcüzəsi haqda nəql olunmuş mütəvatir hədislərin, kitab əhlinin öz peyğəmbərlərinin möcüzələri haqda nəql etdikləri hədislərdən iki üstün xüsusiyyəti vardır:

  

    a)Zaman yaxınlığı;   

  

    Peyğəmbərin (s) göstərdiyi möcüzələr haqda nəql olunmuş hədis və rəvayətlər zaman baxımından olduqca yaxın və qısa müddətli idi. Bu səbəbdən də bu haqda məlumat əldə etmək bir o qədər də çətin deyildi.

  

    b)Hədislərin mütəvatirliyi və çoxluğu.   

  

  Peyğəmbərə (s) iman gətirmiş və onun möcüzələrini öz gözləri ilə müşahidə etmiş şəxslərin sayı minlərlə olduğu üçün təbii ki, bu haqda nəql olunmuş hədis və rəvayətlər də mütəvatir və çox olmalı idi. Həzrət İsaya (ə) və Musaya (ə) iman gətirənlərin sayı az olduqları üçün onların möcüzələri haqda nəql olunmuş hədis və rəvayətlər də olduqca azdır.

  

  Demək həzrət İsa və Musanın (ə) möcüzələri haqda nəql olunmuş hədis və rəvayətlər çox və mütəvatirdisə, həzrət Məhəmmədin (s) möcüzələri haqda nəql olunmuş hədis və rəvayətlər daha çox mütəvatir olmalıdır.

  

    2.Peyğəmbərin (s) digər peyğəmbərlərdən üstünlüyünün vacibliyi.   

  

  Həzrət Məhəmmədin (s) keçmiş peyğəmbərlərin möcüzələrinə yiyələnməsinə dəlalət edən ikinci dəlil bundan ibarətdir ki, o Həzrət keçmiş peyğəmbərlərin bir çoxunun göstərdiyi möcüzələri həyata keçirmiş və bununla da öz həqqaniyyətini sübuta yetirmişdir. Məhz belə bir xüsusiyyətə malik olduğu üçün o, özünü digər peyğəmbərlərdən üstün və ən başlıcası isə peyğəmbərlərin sonuncusu olduğunu bildirmişdir. Onun digər peyğəmbərlərdən üstün olma xüsusiyyəti bütün peyğəmbərlərin yiyələndiyi möcüzələrə malik olmasını tələb edir. Belə ki, əgər bir şəxs başqalarından üstün olarsa, bəzi xüsusiyyət baxımından onlardan naqis olması qeyri-mümkündür. Məsələn, təbabət elmində hamıdan bilikli olduğunu iddia edən hər hansı bir şəxs, bəzi xəstəliklərin müalicəsinin öhdəsindən asanlıqla gəlməlidir. Əks halda ziddiyyət meydana gələr. Çünki, bir tərəfdən o hamıdan bilikli və bacarıqlı olduğunu iddia edir, digər tərəfdən isə adi bir xəstəliyin öhdəsindən gəlməyə çətinlik çəkir. Bu səbəbdən də tarixə nəzər saldıqda görürük ki, peyğəmbərlik iddiası edən şəxslər, onlardan möcüzə tələb olunmasın deyə, möcüzəni qətiyyətlə inkar etmiş və bu məzmunda nazil olmuş Quran ayələrini müxtəlif mənalarda yozmağa cəhd göstərmişlər.

  
    YANLIŞ TƏSƏVVÜR  

  Bəzi inadkar şəxslər peyğəmbərlərin möcüzələrə malik olmasını qətiyyətlə rədd etdikləri kimi, heç bir elm və məntiqə əsaslanmayan nadan və cahil şəxslər də həzrət Məhəmmədin (s) möcüzələrinin yalnız Qurandan ibarət olduğunu və onun digər başqa möcüzələrə sahib olmadığını iddia edirlər. Hətta bəzi sadəlövh insanlar əldə etdikləri yanlış məlumatlara   əsaslanaraq öz nəzərlərində bu mətləbə toxunan Quran ayələrinə istinad edirlər.

  

  Onların istinad etdikləri ayələrdən bir neçəsinə işarə edib, məntiqi dəlillərlə belə bir təfəkkür tərzinin yanlış olduğunu sübuta yetirəcəyik.

  

    Bizə möcüzələr göndərməyə mane olan şey ancaq, əvvəlkilərin [keçmiş ümmətlərin] onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi [maya] dəvə verdik, lakin onlar ona zülm etdilər [dəvəni tutub kəsdilər]. Biz möcüzələri yalnız [bəndələrimizi] qorxutmaq üçün göndərdik.  

  

    Onlar deyirlər:   Ayədən belə məlum olur ki, Məhəmmədin (s) Qurandan savayı başqa bir möcüzəsi olmamışdır. Və Allah-taala ona Qurandan başqa ayrı bir möcüzə vermədiyi üçün, keçmiş ümmətlər öz gözləri ilə gördükləri möcüzələri təkzib edir və onun qarşısında təslim olmurdular.

  

    Cavab:   Ayədən məqsəd, heç də Peyğəmbərin (s) Qurandan başqa digər möcüzələrə malik olmaması deyildir. Sadəcə olaraq o həzrət müşriklərin yersiz tələblərini rədd etmiş və onlara möcüzə göstərməkdən boyun qaçırmışdır.

  

  Başqa sözlə desək, Peyğəmbər (s) müşriklərin əyləncə məqsədilə görmək istədikləri möcüzələrdən imtina etmiş və onların istəklərini yerinə yetirməkdən boyun qaçırmışdır.

  

  Demək ayədən məqsəd, Peyğəmbərin (s) bütün möcüzələri deyil, əyləncə məqsədilə görmək istədikləri möcüzələri rədd etməsi olmuşdur.

  

  Ayənin özündə dediklərimizi sübuta yetirəcək bir neçə əsaslı dəlillər vardır:

  

  1.Ayədə əlamət və nişan mənasını verən ayə sözünün cəm formasından, yəni ayat sözündən istifadə olunmuş, özü də müəyyənlik formasında, yəni əlif-lam ilə işlənmişdir. Bu səbəbdən də burada əlif-lamın istifadə olunmasına dair üç ehtimal verə bilərik:

  

    a)Əlif-lame cinsi;  

  

  Bu halda ayənin mənası aşağıdakı kimi olacaqdır. Allah-taala Həzrət Məhəmmədin (s) həqqaniyyətini sübuta yetirəcək heç bir dəlil və möcüzə göndərməmişdir. Demək, Allah tərəfindən göndərilmiş peyğəmbərlərin öhdəsinə heç bir məsuliyyət düşməmiş və onların fəaliyyəti hədər yerə olmuşdur. Çünki peyğəmbərlik iddiası edən şəxsin öz həqqaniyyətini sübuta yetirmək üçün dəlil və sübutunun olmaması ağılasığan bir şey deyildir. Əks təqdirdə onun iftirası aşkara çıxarılacaqdır.

  

    b) Əlif-lame cəmi;  

  

  Bu məna da peyğəmbərliyi sübuta yetirən möcüzə ayələrinin bütövlükdə inkar olunması deməkdir. Lakin bu ehtimal da əvvəlki ehtimal kimi batil və əsassızdır.

  

    v)Belə isə biz üçüncü ehtimalı qəbul etməli və deməliyik ki, ayədəki müəyyənlik şəkilçisi olan əlif-lam şərt və əhd mənasında işlənmişdir. Buradan belə məlum olur ki, Quranın inkar etdiyi möcüzələr məhz müşriklərin əyləncə məqsədilə Peyğəmbərdən (s) tələb etdikləri möcüzələrdir.

  

  2.Əgər müşriklərin inkar və təkzib etmələri onların möcüzə göstərməsinə mane olsaydı, Peyğəmbərin (s) ən böyük möcüzəsi olan Qurani-kərim də nazil olmazdı. Çünki, ümumi bir qanun olduğu yerdə heç bir istisnaya yol vermək olmaz. Belə bir nəticəyə gəlirik ki, Quranın inkar etdiyi və ya daha dəqiq desək, qadağan etdiyi möcüzələr peyğəmbərlərin bütün möcüzələri deyil, yalnız müşriklərin əyləncə məqsədilə görmək istədikləri möcüzədir.

  

  3.Ayədə möcüzənin göstərilməməsi keçmiş ümmətlərin möcüzəni təkzib etmələri ilə əlaqələndirilmişdir. Bunu yalnız o zaman qəbul etmək olar ki, möcüzənin həyata keçməsinə ehtiyac duyulmuş olsun və bunun qarşısını alacaq heç bir amil olmasın. Qeyri halda isə möcüzənin baş verməməsini nə iləsə əlaqələndirmək heç bir məna daşımayacaqdır. Məsələn biz, od olmadığı bir halda ağacların yaş olduğu üçün yanmadığını deyə bilmərik. O ki qaldı möcüzənin həyata keçməsinə, bunun üçün yalnız iki amilin olması lazımdır. Onlardan biri ilahi hikmət, ikincisi isə insanların istək və tələbləridir.

  

  İlahi hikmətin iki səbəbi vardır:

  

  1.Allah-taala başqalarını təkzib etmək üçün öz hikmətinin əksinə bir iş görməz.

  

  2.Əgər insanları təkzib etmək möcüzənin qarşısını alsaydı, peyğəmbərlərin göndərilməsinə də maneçilik törədərdi.

  

  İkinci əsas səbəbə, yəni insanların istək və tələblərinə gəldikdə isə, qeyd etməliyik ki, insanlar möcüzəni gördükdən və bütün lazımı göstərişləri peyğəmbərlər tərəfindən aldıqdan sonra yenə də əyləncə məqsədilə möcüzə görmək istəyirdilər. Belə bir halda məlum məsələdir ki, Allah-taala onlara möcüzə göstərməyəcəkdir.

  

    Nəticə:   Qeyd olunan ayə peyğəmbərlərin haqq olmasını sübuta yetirmək üçün göstərdikləri möcüzələrə deyil, müşriklərin möcüzələr gördükdən sonra onlardan əyləncə məqsədilə tələb etdikləri möcüzələrə dəlalət edir.

  

  Burada belə bir sual meydana gəlir. Keçmiş ümmətlərin möcüzəni təkzib etmələri sonralar baş verəcək möcüzələrin qarşısını necə ala bilərdi?

  

    Cavab:   Onların möcüzəni təkzib etmələri şiddətli əzaba düçar olmaları ilə nəticələnə bilərdi. Belə ki, əgər onlar möcüzə tələb edib sonra onu təkzib etsəydilər, dərhal Allahın qəzəbinə gələr və şiddətli əzaba düçar olardılar. Bunu da bilirik ki, Allah-taala öz peyğəmbərlərinə öz ümməti   arasında olduğu müddət ərzində yer üzərinə əzab göndərməyəcəyinə söz vermişdir.

  

    Halbuki sən onların arasında ola-ola Allah [sənə hörmət əlaməti olaraq] onlara əzab verən deyil. (Ənfal-33).   

  

  Bu səbəbdən də əzaba düçar olmamaları üçün Allah tərəfindən heç bir möcüzə göndərilməmişdir.

  

  İnsanlar tələb etmədən peyğəmbərlərin həqqaniyyətini sübuta yetirmək və onların özləri haqda hidayət məqsədilə baş verən möcüzələrin təkzib olunması heç də peyğəmbərlərin özlərinin təkzib olunmasından az olmayırdı. İstər peyğəmbərlərin, istərsə də möcüzələrin insanlar tərəfindən təkzib olunması axirət əzabından başqa ayrı bir şeylə nəticələnməyir. Amma əgər əyləncə məqsədilə göstərilən möcüzə də insanlar tərəfindən təkzib olunsaydı, onlar həm axirət, həm də dünyəvi əzaba düçar olmuş olardılar. Çünki, həqiqətə nail olmaq istəyən şəxs, gördüyü birinci möcüzəyə iman gətirər və bununla da kifayətlənər.

  

  Əgər bir şəxs möcüzə görmək istəyirsə, əslində bununla o, peyğəmbərlik iddiası edən şəxsin həqqaniyyətini dərk etmək istəyir. Əgər həmin şəxs bundan sonra yenə də peyğəmbəri təkzib etsə həm dünyəvi, həm də axirət əzabına düçar olacaqdır. Çünki o, bu əməli ilə peyğəmbəri istehza etmiş və öz istəyinin əksinə çıxmış olur.

  

  Tələb olunan möcüzələr təkzib olunduğu üçün Allah-taala bu kimi möcüzəni ayənin sonunda qorxuducu möcüzələr adlandırır. Beləliklə, Allah-taala insanlara peyğəmbərləri və onların möcüzələrini təkzib etdikləri üçün ciddi xəbərdarlıq edir. Qeyd etməliyik ki, belə bir xəbərdarlıq bütün hallarda deyil, yalnız insanları haqqa hidayət edən və peyğəmbərlərin həqqaniyyətini sübuta yetirən möcüzələrdə də müşahidə edilə bilər.

  

  4.Ayənin mətninə diqqət yetirdikdə bir daha bu həqiqətin şahidi oluruq ki, Allah tərəfindən qadağan olunan möcüzələr ümumi xarakter daşımır və məhz inadkar insanların əyləncə məqsədilə tələb etdikləri və insanlara xəbərdarlıq məqsədilə göstərilən möcüzələrə aiddir.

  

  a)İsra surəsinin 58-ci ayəsində insanların inadkarlıq üzündən düçar olduqları fəlakətlərə toxunulur.

  

  Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitaba [lövhi məhfuzda] yazılmışdır.

  

  b)Həmən ayədə Səmud qövmünün düçar olduğu fəlakətə işarə olunur.

  

  v)Bu möcüzələr həmən xəbərdarlıq ayələri altında qeyd olunmuş və Biz möcüzələri yalnız [bəndələrimizi] qorxutmaq üçün göndərdik ifadəsilə sona çatır.

  

    Bütün deyilənlərdən belə məlum olur ki, qadağan olunan möcüzələr deyildikdə, inkar edilməsi ilahi əzabla nəticələnən möcüzələr nəzərdə tutulur.

  

  5.Bu mətləbə toxunan digər Quran ayələrində də qadağan olunmuş möcüzələrin müşriklərin əyləncə məqsədilə görmək istədikləri möcüzələrə aid olduğuna dəlalət edir. Bu ayələri diqqətlə araşdırdıqda məlum olur ki, müşriklər özləri üçün əzab göndərilməsini istəmiş və ya tələb etdikləri möcüzəni təkzib etməklə keçmiş ümmətlərdə olduğu kimi, əzaba düçar olmuşlar.

  

  Bu məzmunda nazil olmuş ayələr ümumi şəkildə üç qismə bölünür.

  

  1.Bəla istənilən ayələr;

  

  2.Əyləncə məqsədilə tələb və sonralar təkzib olunan möcüzələr haqda nazil olmuş ayələr;

  

  3.Möcüzələr təkzib olunduqdan sonra gəlmiş bəlalar haqda nazil olmuş ayələr.

  
    BƏLA İSTƏNİLƏN AYƏLƏR  

    Bir zamanda: Ya Allah! Əgər [Quran] Sənin tərəfindən gəlməsi haqdırsa, onda başımıza göydən daş yağdır və ya şiddətli bir əzab göndər. Halbuki, sən onların arasında ola-ola Allah [sənə hörmət əlaməti olaraq] onlara əzab verən deyildir. [Tövbə edib bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz. (Ənfal 32-33).  

  

    De ki: Bir deyin görək əgər Allahın əzabı sizə gecə, yaxud gündüz gəlsə [nə edərsiniz?] Günahkarlar buna [əzabın gəlməsinə] niyə tələsirlər? (Yunus-50).  

  

    Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, [istehza ilə]: Bu əzabı gecikdirən [ona mane olan] nədir? deyəcəklər. (Hud-8).  

  

    Müşriklər [istehza ilə] səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər [bunun üçün] əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, əzab onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir. (Ənkəbut-53).  

  

    Onlara bir ayə gəldiyi zaman: Allahın peyğəmbərinə verildiyinin [nübüvvətin, möcüzələrin] misli bizə verilməyincə biz iman gətirməyəcəyik! deyərlər. Allah peyğəmbərliyi hara [kimə] göndərəcəyini özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar. (Ənam-124).  

  

      [Onlar belə dedilər. Əgər o həqiqi peyğəmbərdirsə bunu sübut etmək üçün] qoy əvvəlki peyğəmbərlər kimi bizə bir möcüzə gətirsin! (Ənbiya-5).  

  

    Dərgahımızdan müşriklərə haqq [Quran və peyğəmbər] gəldikdə onlar: Musaya verilən [möcüzələri] nə üçün eynilə ona da verilmədi? dedilər. Məgər onlar daha öncə Musaya verilənləri danıb: İki sehr [tövrat və Quran] bir-birilə köməkləşdi [və ya iki sehrbaz Musa və Məhəmməd bir-birinə yardım etdi], yaxud da: Biz onların hər birini [Tövratı, Quranı, Musanı və Məhəmmədi] inkar edirik! deməmişdilərmi? (Qəsəs-48).   

  
    MÖCÜZƏLƏR TƏKZİB OLUNDUQDAN SONRA GƏLMİŞ BƏLALAR HAQDA NAZİL OLMUŞ AYƏLƏR  

    Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də bilmədilər ki, əzab onlara haradan gəldi. (Nəhl-26).  

  

    Onlardan [Məkkə müşriklərindən] əvvəlkilər də [peyğəmbərləri] təkzib etmişdilər. Buna görə də heç özləri bilmədikləri yerdən onlara əzab gəlmişdi. (Zümər-25).  

  

    Dediklərimizin xülasəsi.   

  

  Haqqında bəhs etdiyimiz ayə bir qrup inadkar insanların, peyğəmbərlərin həqqaniyyətini dərk edərək onların möcüzələrini öz gözləri ilə müşahidə etdikdən sonra, bir daha möcüzə tələb etmələrinə dəlalət edir. Əslində isə onlar nə həqiqət axtarır, nə də ona nail olmaq istəyirdilər.

  

  Ayədən məlum olur ki, bu kimi möcüzələr heç bir peyğəmbər tərəfindən həyata keçməmişdir.

  

  Bütün deyilənlərlə yanaşı ayənin məzmununu şərh edəcək istər sünnü, istərsə də şiə mənbələrində nəql olunmuş bir çox hədis və rəvayətlərlə qarşılaşırıq. Lakin biz onlardan ikisi ilə kifayətlənirik.

  

  1.İmam Baqir (ə) buyurur:   Müşriklərdən bir neçəsi Peyğəmbərdən (s) möcüzə göstərməsini istədilər. Cəbrail nazil olub Peyğəmbərə (s) dedi: Ya Məhəmməd! Allahın buyurur ki, onların istəklərinə (yəni möcüzənin göstərilməsinə) mane olan yalnız keçmiş peyğəmbərləri təkzib etmələridir. Əgər Qüreyş camaatının istəyini nəzərə alaraq onlara möcüzə göstərsəydik və onlar da keçmiş ümmətlər kimi möcüzələrimizi təkzib etsəydilər, onlara da əzab nazil edərdik. Bu səbəbdən də biz möcüzələri bir qədər təxirə salırıq. (Təfsir burhan. 1-ci cild, 607-ci səh).  

  

    2.İbni Abbasdan nəql olunmuş hədisdə deyilir:   Məkkə camaatı Peyğəmbərdən (s) möcüzə yolu ilə Səfa dağını qızıla çevirməsini və ətrafdakı dağları əkinçiliyə əlverişli olsun deyə yox və ya yer ilə bərabər etməsini tələb edirdilər. Dərhal Allah tərəfindən belə bir vəhy nazil oldu: Əgər istəyirsənsə onların istəklərini bir qədər təxirə salım. Bəlkə də onların arasında kimsə iman gətirmiş olsun. Yox əgər istəyirsənsə onların istəklərini yerinə yetirim. Amma əgər təkzib edərlərsə keçmiş ümmətlər kimi onları da hamılıqla həlak edəcəyəm. Peyğəmbər (s) buyurdu: İlahi! Bir qədər onlara möhlət ver! Sonra Allah-taala bu ayəni nazil etdi. Möcüzənin göndərilməsinə mane olan yeganə şey varsa o da keçmiş peyğəmbərlərin təkzib olunması və əzabın göndərilməsidir. (Təfsir Təbəri. 15-ci cild, 74-cü səh).   

  

  Bu haqda bir çox hədis və rəvayətlər nəql olunmuşdur. Maraqlananlar hədis kitablarına müraciət edə bilərlər.

  
    MÖCÜZƏNİ RƏDD EDƏN İKİNCİ AYƏNİN ARAŞDIRILMASI  

  İstinad etdikləri ayələrdən başqa birisi, İsra surəsinin 90-93-cü ayələridir.

  

  [Quranın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini sındırmayan müşriklər] belə dedilər: Biz yerdən [Məkkədən] bir bulaq çıxarmayınca: Yaxud [ağacları] arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağı olmayınca, və yaxud iddia etdiyi kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud da Allahı və mələkləri [peyğəmbərliyinin doğruluğuna şahid olaraq] açıq-aşkar qarşımıza gətirməyincə; və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca biz sənə iman gətirməyəcəyik. Əgər oxumaq üçün bizə [səmadan] bir kitab endirməyəsən, göyə qalxmağına da əsla inanmayacağıq! [Ya Məhəmməd!] De ki, Rəbbim pak və müqəddəsdir! [Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!] Mən isə yalnız peyğəmbər olan bir insanam! [Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!]

  

  Deyirlər: Ayənin məzmunundan belə bir nəticəyə gəlirik ki, müşriklər Peyğəmbərdən (s) möcüzələr göstərməsini tələb etmiş, O isə buna qadir olmadığını bu ifadələrlə bəyan etmişdir.

  

  De ki, Rəbbim pak və müqəddəsdir! [Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!] Mən isə yalnız peyğəmbər olan bir insanam! [Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!]

  

    Buradan belə məlum olur ki, Peyğəmbərin (s) Qurandan başqa heç bir möcüzəsi olmamışdır.

  

    Cavab:   Bu məsələyə dair bir neçə cavab vermək olar.

  

  1.Ayədəki müşriklərin tələb etdikləri möcüzələr əsassız olaraq Məkkə müşriklərinin inadkarlıqla, əyləncə məqsədilə görmək istədikləri möcüzələrə bənzəyir. Bir qədər əvvəl biz bu kimi möcüzələrin hansı şəraitdə baş verdiyini və nə ilə nəticələndiyini qeyd etmişdik. Demək bu ayədə, peyğəmbərlərin öz həqqaniyyətini sübuta yetirmək üçün gətirdikləri ibtidai möcüzələrə deyil, inadkar müşriklərin əyləncə və bəhanə olaraq tələb etdikləri möcüzələrə dəlalət edir. Çünki onlar peyğəmbərlərin, öz həqqaniyyətini sübuta yetirmək üçün qarşılarına müəyyən şərtlər qoyur, hətta hansı möcüzəni göstərmələrini belə, əvvəlcədən təyin edirdilər. Əgər onlar doğrudan da həqiqəti bilmək istəsəydilər, zəmanə peyğəmbərlərinin göstərdikləri möcüzələrlə kifayətlənməli və onlara iman gətirməli idilər. Belə olduqda peyğəmbərlərdən möcüzə tələb etmək və möcüzələrin birini digərindən üstün tutmağa heç bir lüzum olmayacaqdı. Bütün bunlarla kifayətlənməyən Məkkə müşrikləri, Peyğəmbərdən (s) möcüzə yolu ilə göyə qalxmağı və Allah tərəfindən peyğəmbərliyini təsdiq edəcək məktub gətirməsini tələb edirdilər.

  

  Görəsən Peyğəmbərin (s) göyə qalxması bir möcüzə kimi onlara kifayət etmirdimi?! İnadkarlıq üzündən irəli sürdükləri puç və əsassız iddialar təbii ki, onları həqiqəti dərk etməkdən məhrum etməli idi.

  

  2.Peyğəmbər (s), Rəbbim pak və müqəddəsdir deməklə, heç də bu işin qarşısında aciz olduğunu bildirmək istəməmişdir. O həzrət belə bir ifadədən istifadə etməklə Allahın bütün eyb və nöqsanlardan uzaq və mümkün olan hər bir şeyə qadir olduğunu bəyan etmək istəmişdir. O, uca və münəzzəh olduğu üçün gözlərə görünməz və cism olaraq bizim gözlərimiz önündə canlanmaz. O, təsəvvür olunandan daha uca və daha qüdrətlidir. Demək Onun, insanların şəxsi meyl və istək üzündən tələb etdikləri möcüzələrin qarşısında aciz qalması qeyri-mümkündür. O ki qaldı Peyğəbərə (s), o da adi bir insandır. Görəcəyi bütün işlərdə Allahın əmrini gözləyir və Onun izni olmadan nə bir möcüzə göstərir, nə də [dini məsələlərdə] kimsəyə əmr edirdi. Bütün işlər Allahın istək və iradəsindən asılıdır. O, istədiyini edir və nəzərdə tutduğu hər bir işi peyğəmbərlərinin vasitəsilə həyata keçirir.

  

  3.Ayəyə diqqət olunsa məlum olar ki, müşriklərin Peyğəmbərdən (s) tələb etdikləri möcüzələrin bir qisminin həyata keçməsini qeyri-mümkün, digərlərini isə peyğəmbərin həqqaniyyətini təsdiq edəcək amillər kimi qəbul etmək olmaz. Bu səbəbdən də hətta əgər əyləncə və şəxsi istək üzündən tələb olunan möcüzələrin həyata keçməsi vacib olarsa, yenə də bu kimi istəklər cavabsız qalacaqdır.

  

      İzah:   Müşriklərin tələb etdikləri möcüzələrin altısından üçünün həyata keçməsi mümkün olsa da, onları peyğəmbərlərin həqqaniyyətinə dəlil olaraq qəbul edə bilmərik.

  

    1.Göylərin yerə enməsi;   

  

  Göy cisimlərinin parçalanaraq yerə tökülməsi qeyri-mümkün olan bir işdir. Çünki göy cisimlərinin parçalanaraq yer kürəsinə tökülməsi, yer əhalisinin hamılıqla məhvinə səbəb ola bilərdi.

  

  Belə bir hadisə isə yalnız dünyanın sonunda yəni, qiyamət günündə baş verəcəkdir. Allah-taala bu hadisəni öz peyğəmbərlərinə qabaqcadan xəbər vermişdi. Belə ki, ayədə gətirilmiş düşündüyü kimi ifadəsi də Peyğəmbəri (s) baş verəcək bu böyük hadisədən xəbərdar edirdi. Qurani-kərimdə bu mətləbə dəfələrlə toxunulmuş və bu haqda bəşəriyyətə ciddi xəbərdarlıq edilmişdir.

  

    Göy yarıldığı zaman. (İnşiqaq-1).  

  

    Göy parçalandığı zaman. (İnfitar-1).  

  

    Əgər istəsək onları yerə batırar, yaxud göyün bir parçasını onların başına endirərik. (Səba-9).   

  

  Göylərin parçalanmasının və ya yerə enməsinin qeyri-mümkün olduğunu dedikdə, heç də Allahın buna qadir olmadığını təsəvvür etməməliyik. Sadəcə olaraq bu hadisələrin baş verməsi üçün lazımi şərait yaranmalıdır. İnsanların təkamülü hər şeydən önəmli olduğu üçün ilahi hikmət prinsipləri tələb edir ki, bu prosesin həyata keçməsi üçün müəyyən zaman və şərait yaranmış olsun. Hər şey başa çatdıqdan sonra isə Allahın əmri ilə yer və digər səma cisimləri öz hərəkət dairəsindən xaric olub şiddətli toqquşma və dəyişikliklərə səbəb olacaqdır. Bu ilahi əmr daim qüvvədə olub və olacaqdır. Hər şeyə qadir olan Allahın isə öz vədəsinə xilaf çıxması qeyri-mümkündür.

  

    2.Allahın gətirilməsi;   

  

  Müşriklər deyirdilər: Sənə yalnız o zaman iman gətirəcəyik ki, Allahı bizim yanımıza gətirəsən və biz onu öz gözlərimizlə görək. Bu isə qeyri-mümkündür. Çünki əgər Allah gözlə görünsəydi, müəyyən rəngə, ölçüyə və cismə xas olan digər xüsusiyyətlərə malik olmalı idi. O, cism olmadığı üçün gözlə görünməsi qeyri-mümkündür. Demək, cismə xas olan xüsusiyyətləri də Ona aid etmək qeyri-mümkün olmalıdır.

  

    4.Allahdan məktub gətirmək.   

  

  Bu da qeyri-mümkün olan bir işdir. Çünki, onların istədikləri adi məktub deyil, Allahın öz dəsti-xətti ilə yazmış olduğu məktubdur. Yox əgər adi məktub istəsəydilər, bunun üçün göyə qalxmağın heç bir zərurəti olmazdı.

  

    Digər tərəfdən isə, Allahın insan kimi əli və digər bədən üzvləri olmadığı üçün Onun əlinə qələm götürüb məktub yazması da təbii ki, qeyri-mümkün olmalıdır.

  

  Allah-taala belə işlərdən daha uca, daha ali və münəzzəhdir.

  

  Həyata keçməsi mümkün olan, lakin əqli baxımdan əsassız sayılan tələblər isə bunlardan ibarət idi:

  

  1.Çeşmənin qaynaması və yerdən su çıxması;

  

  2.Meyvəli və çeşməli bağlara malik olmaq;

  

  3.Qızıl evə malik olmaq.

  

  Peyğəmbər (s) bütün bunlara yiyələnsəydi də bunu, onun peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirəcək amil hesab etmək olmazdı. Çünki, adi insanların bir çoxu bu kimi var-dövlətə yiyələnsə də, biz onlardan heç birini peyğəmbər hesab etmərik. Başqa sözlə desək, bu iki şeyin arasında heç bir əlaqə yoxdur. Demək var-dövlət peyğəmbərlərin həqqaniyyətini təsdiq edəcək amil deyildir. O ki qaldı dünyəvi sərvət və əyləncəyə, bütün bunlar fani və müvəqqətidir. Peyğəmbərlərin yiyələndikləri nemət isə ilahi hikmət və elmdir. Onların gördükləri bütün işlər və söylədikləri bütün sözlər dərin hikmətə əsaslanır.

  

  Bəziləri belə təsəvvür edə bilərlər ki, var-dövlət adi yol ilə əldə edildiyi üçün bunu, peyğəmbərlərin həqqaniyyətinə dəlil hesab etmək olmaz. Əgər qeyri-adi yol ilə əldə olunarsa biz, bunu [ilahi] möcüzə hesab etməli və peyğəmbərlərin həqqaniyyətini sübuta yetirəcək amil kimi qəbul etməliyik. Belə bir təsəvvür tərzi tamamilə batil və əsassızdır. Çünki, peyğəmbərlərin qeyri-adi yolla var-dövlət sahibi olması onun həqqaniyyətinə dəlalət edən dəlil kimi hesab edilsə də, müşriklərin istəkləri təkcə bu deyildi. Onlar belə güman edirdilər ki, peyğəmbər adi yolla var-dövlət sahibi olmalı və peyğəmbərlik də yoxsul insanlara verilməməlidir.

  

  Zuxruf surəsinin 31-ci ayəsində bu haqda buyurulur:

  

  Onlar dedilər: Məgər bu Quran iki şəhərdən [Məkkə və Taifdən] olan böyük bir adama [ya Vəlid ibni Müğəyrə, yaxud da Ürvan ibni Məsuda] nazil edilməli deyildimi?

  

  Belə bir yanlış təsəvvür və əqidəyə əsaslanan Məkkə müşrikləri Peyğəmbərdən (s) var-dövlət sahibi olmasını tələb edirdilər.

  

  Dediklərimizi sübuta yetirəcək məsələ müşriklərin, Peyğəmbərin (s) meyvəli bağlara və qızıl evə malik olmasını tələb etmələridir. Onlar Peyğəmbərdən (s), başqa bir möcüzə istəmirdilər. Əgər onlar, Peyğəmbərin (s) bütün bunlara qeyri-adi yolla malik olmasını və bunu onun peyğəmbərliyinin həqqaniyyətinə dəlalət edən amil kimi qəbul etmək istədikləri təqdirdə, belə bir uzun və zəncirvari şərtlər heç bir məna-məfhum kəsb etməzdi. Çünki, peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmək üçün bir salxım üzümün və ya bir misqal qızılın möcüzə olaraq   gətirilməsi kifayət edərdi və belə bir qeyri-adi işi onun peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirəcək amil kimi qəbul etmək olardı. Və belə olduqda, meyvəli bağların və qızıl evin yaradılmasına heç bir ehtiyac duyulmazdı.

  

  O ki qaldı yerdən su çıxarmasına, onlar bunu heç də özləri üçün istəmirdilər. Onların niyyəti bu idi ki, Peyğəmbər (s) yerdən çeşmələr qaynatmaq və s. vasitələrdən istifadə etməklə öz imkanlarını artırsın və peyğəmbərlik üçün lazım olan şeylərə malik olsun.

  
    MÖCÜZƏNİ İNKAR EDƏN ÜÇÜNCÜ AYƏNİN ARAŞDIRILMASI  

    Müşriklər: Barı peyğəmbər [bizə dediklərinin doğru olduğunu bilməyimiz üçün] Rəbbi tərəfindən bir möcüzə nazil edəydi! deyirlər. Onlara belə cavab ver: Qeyb [aləmi] ancaq Allaha məxsusdur. Elə isə [Allahın əzabını] gözləyin. Doğrusu mən də sizinlə birlikdə gözləyirəm! (Yunus-20).   

  

  Onlar deyirlər: Ayənin məzmunundan belə məlum olur ki, müşriklər Peyğəmbərdən (s) möcüzə gətirməsini istədikdə o, möcüzənin onun ixtiyarında deyil, Allahın istək və iradəsindən asılı olduğunu bildirmişdir. Buradan belə bir nəticəyə gəlirik ki, Peyğəmbərin (s) Qurandan başqa heç bir möcüzəsi olmamışdır. Bu məzmunda ayələrə Quranın digər surələrində də rast gəlirik. Məsələn Rəd surəsinin 1-ci və Ənam surəsinin 37-ci ayəsində deyilir.

  

    Kafir olanlar: Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi? deyirlər. Sən ancaq [insanları Allahın əzabı ilə] qorxudansan, hər tayfanın [doğru yol göstərən] bir rəhbəri [peyğəmbəri] vardır. (Rəd-7).  

  

    [Məkkə müşrikləri] dedilər: Məgər ona [Peyğəmbərə Rəbbindən bir möcüzə endirilməli deyildimi? De ki: Allah möcüzə endirməyə qadirdir. Lakin onların əksəriyyəti [belə bir möcüzə göndərildikdə, onu inkar edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti] bilməz! ( Ənam-37).   

  

  Müşriklərin istidlal etdikləri bu mətləbə də biz iki cür cavab verə bilərik.

  

    Birinci Cavab:   Əvvəlki ayələrdə olduğu kimi bu ayədə də inkar olunan möcüzələr Peyğəmbərin (s) bütün möcüzələri deyil, müşriklərin inadkarlıqla Peyğəmbərdən (s) tələb etdikləri möcüzələrdir. Bir qədər əvvəl qeyd etdik ki, müşriklər tələb etdikləri möcüzələri peyğəmbərlərə iman gətirmək və ya onların həqqaniyyətini dərk etmək məqsədilə deyil, məhz öz istəklərinə nail olmaq üçün idi.

  

    Belə ki, müşriklərin irəli sürdükləri tələblərin özünəməxsus xüsusiyyətləri var idi və onlar heç bir məntiqə əsaslanmırdı.

  

  Qurani-kərimdə dəfələrlə bu mətləbə toxunulmuşdur və biz bir daha bu məzmunda nazil olmuş ayələrdən bir neçəsinə işarə edirik.

  

  Onlar dedilər: Məgər ona [həzrət Məhəmmədə peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən] bir mələk endirilməli deyildimi? (Ənam-8).

  

    [Müşriklər Peyğəmbərə] belə dedilər: Ey özünə kitab nazil edilən kəs! Axı sən divanəsən. Əgər sən doğru danışanlardansansa [peyğəmbər oldğun barədəki iddian düzgündürsə] mələkləri bizə gətirsənə! (Hicr 6-7).  

  

    Müşriklər dedilər: Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib-dolaşır? Məgər ona özü ilə birlikdə [insanları Allahın əzabı ilə qorxudan və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən bir mələk göndərilməli deyildimi?  

  

    Yaxud ona [ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə, göydən] bir xəzinə endirilməli və ya onun [meyvəsindən] yeyib dolanmaq üçün bir bağı olmalı deyildimi? Zalimlər [müşriklər möminlərə] dedilər: Siz ancaq ovsunlaşmış [buna görə də ağlını itirmiş] bir adama tabe olursunuz! (Furqan 7-8).   

  

  Yuxarıda qeyd olunan ayələrdən bir daha belə bir nəticəyə gəlirik ki, müşriklərin Peyğəmbərdən (s) tələb etdikləri möcüzələr onların şəxsi istək və inadkarlıqlarından irəli gəlmiş və heç bir əqli dəlillərə əsaslanmamışdır. O ki qaldı Peyğəmbərə (s), o da müşriklərin ardı-arası kəsilməyən tələblərinin qarşısında təslim olmamalı və onlara müsbət cavab verməməli idi. Çünki, qeyd etdiyimiz kimi müşriklər bu tələbləri peyğəmbərə iman gətirmək məqsədilə deyil, əyləncə və inadkarlıq üzündən tələb edirdilər. Bu səbəbdən də əgər onlar, möcüzələrdən hər birini Peyğəmbərin (s) həqqaniyyətinə dəlalət edəcək amil kimi qəbul etsəydilər, onlara mənfi cavab verməzdi. Belə olduqda, heç olmasa Quranı bir möcüzə olaraq onların qarşısına qoyar və mübarizə meydanına dəvət edərdi.

  

  Yuxarıda qeyd olunan ayələrdən iki mühüm nəticəyə gəlirik.

  

  1.Peyğəmbər (s) ixtiyarında olan möcüzələrdən yalnız biri ilə, yəni Quranla müşriklərin mübarizə meydanına varid oldu. Başqa cür ola da bilməzdi. Çünki, əbədi peyğəmbərlik əbədi möcüzəyə əsaslanmalıdı və belə bir əbədi möcüzəvi xüsusiyyətə yalnız Quran malikdir. Digər möcüzələr isə müvəqqəti və məhduddur. Yəni bütün insanlara deyil, bəzi zaman və ərazilərdə yaşamış millətlərə şamildir.

  

  2.Möcüzə göstərmək peyğəmbərin ixtiyarında deyildir. O, Allah tərəfindən peyğəmbərliyə təyin olunur və Onun izn və əmri olmadan nə kimsəyə əmr edir, nə də özü bir iş görür.

  

    Bu xüsusiyyət təkcə həzrət Məhəmmədə deyil, həmçinin bütün peyğəmbərlərə şamildir. Belə ki, Allahın izni olmadan onlar nə peyğəmbərlik iddiası etmiş, nə də möcüzə göstərmişlər. Qurani-kərimdə bu haqda deyilir:

  

    Allahın izni olmadıqda heç bir peyğəmbər heç bir möcüzə gətirə bilməz. (Rəd-38).  

  

    Heç bir peyğəmbər Allahın izni olmadan möcüzə gətirə bilməz. Allahın [kafirlərə əzab verməsi barədə] əmri gəldikdə [peyğəmbərlər və onları təkzib edənlər arasında] ədalətlə hökm olunar. Yalan danışanlar, batil söyləyənlər elə oradaca ziyana uğrayacaqlar. (Mumin-78).   

  

  Bunu da qeyd etmək lazımdır ki, Quranda [bəzi] möcüzələri inkar edən ayələrlə yanaşı, Peyğəmbərin (s) Qurandan başqa digər möcüzələrinə də dəlalət edən ayələrə rast gəlmək olur.

  

  Məsələn:

  

    Qiyamət yaxınlaşdı, ay [Peyğəmbərin möcüzəsi ilə] parçalandı.  

  

    Əgər müşriklər [Məhəmmədin (s) peyğəmbərliyinin həqiqiliyini təsdiq edən] bir möcüzə görsələr [imandan] üz döndərib: Bu uzun müddət davam edən bir sehrdir! deyərlər. (Qəmər 1-2).  

  

    Onlara bir ayə gəldiyi zaman: Allahın peyğəmbərinə verildiyinin [nübüvvətin, möcüzələrin] misli bizə verilməyincə biz iman gətirməyəcəyik! deyərlər. (Ənam-124).   

  

  Hər iki ayədə istifadə olunan ayə kəlməsindən məqsəd Quran ayəsi deyil, möcüzə və onun əlamətləridir. Yəni ayə sözü hər iki ayədə möcüzə mənasında işlənmişdir. Çünki, əgər Quran ayəsi nəzərdə tutulsaydı, parçalanmaq və görmək felindən deyil, eşitmək felindən istifadə olunardı. Ayənin məzmunu da Quran ayələri ilə deyil, möcüzə ilə əlaqəlidir.

  

  Buradan belə məlum olur ki, Peyğəmbərin (s) Qurandan başqa digər möcüzələri də olmuşdur və uzun müddət davam edən sehrdir cümləsindən belə bir nəticəyə gəlmək olar ki, onun möcüzələri dəfələrlə təkrar olunmuşdur. Haqqında söhbət açdığımız ayələrin məzmununu nəzərə alaraq biz onları iki hissəyə bölə bilərik.

  

  1.Müvəqqəti olaraq möcüzələrin dayandırılmasına dəlalət edən ayələr;

  

  2.Bu müddət başa çatdıqdan sonra yenidən Peyğəmbərin (s) göstərdiyi möcüzələr haqda nazil olmuş ayələr.

    
    İNCİL VƏ TÖVRATDA HƏZRƏT MƏHƏMMƏDİN (S) PEYĞƏMBƏRLİYİ HAQDA  

  Quran, Tövratda və İncildə həzrət Məhəmmədin (s) zühur edəcəyi haqda xəbər verildiyinə dəfələrlə işarə etmişdir.

  

    O kəslər ki, əllərindəki Tövratda və İncildə [adını, vəsfini və əlamətlərini] yazılmış gördükləri rəsula-ümmi [heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli] peyğəmbərə tabe olurlar. [O peyğəmbər] onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər. (Əraf-157).  

  

    Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: Ey İsrail oğulları! Həqiqətən mən, özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə [sizə] müjdə verən Allahın elçisiyəm! (Səf-6).   

  

  Bununla yanaşı, tarixə nəzər saldıqda Peyğəmbərin (s) dövründə kitab əhlindən, yəni məsihi və yəhudilərdən bir çoxunun Peyğəmbərə (s) iman gətirərək islamı qəbul etdiklərinin şahidi oluruq.

  

  Kitab əhlinin kütləvi şəkildə islamı qəbul etməsi, Tövrat və İncildə həzrət Məhəmmədin (s) zühuru haqda xəbər verilməsini bir daha sübuta yetirir.

  

  Çünki əgər bu kitablarda Məhəmmədin (s) zühur edəcəyi haqda xəbər verilməsəydi, yəhudi və məsihilər çox asanlıqla onu təkzib edər və ona iman gətirmək fikrinə düşməzdilər. Qəlblərində kin-küdurət olmayan, həzrət Musa və İsaya (ə) iman gətirmiş şəxslər təbii ki, peyğəmbərlərin sonuncusu və ən şərəflisi olan Məhəmmədə (s) də iman gətirməli idilər.

  

  Onlara iman gətirməyənlər isə, Məhəmmədin (s) peyğəmbərliyini qəbul edib ona iman gətirmələri üçün möcüzə görməli idilər. O ki qaldı Məhəmmədin (s) möcüzələrinə, Qurandan başqa onun bir çox digər möcüzələri də olmuş və bəşəriyyətin haqqa hidayət olması üçün digər peyğəmbərlərin möcüzələrindən daha böyük təsir göstərmişdir. Çünki, onun möcüzələri haqda nəql olunmuş hədis və rəvayətlər zaman və etibar baxımından digər peyğəmbərlərin möcüzələri haqda nəql olunmuş hədis və rəvayətlərdən daha yaxın və daha mötəbərdir.

  
    MƏTLƏBLƏRİN XÜLASƏSİ  

  1.Quran ayələri nəinki möcüzəni inkar etmir, hətta onları sübuta belə yetirir;

  

    2.Möcüzə, peyğəmbərin ixtiyarından xaric bir işdir. Belə ki, o yalnız Allahın istək və iradəsilə möcüzə göstərə bilər;

  

  3.Peyğəmbərlik iddiası edən şəxs iddiasını sübuta yetirmək üçün möcüzə göstərməlidir. Lakin, Allah-taala bundan artıq nə ona möcüzə izni verməli, nə də özü möcüzə göstərməlidir. İnsanların bütün istəklərinə, o cümlədən onların hər dəfə möcüzə istəyinə müsbət cavab vermək düzgün təvəqqö deyildir.

  

  4.Möcüzə inkar və təkzib olunduğu zaman insanların əzab və fəlakəti ilə nəticələnir. Lakin müşriklər bu qəbildən olan möcüzələri istədilərsə də, müsəlman ümməti belə bir fəlakətə düçar olmadı;

  

  5.Əbədi olan yeganə möcüzə, Allah tərəfindən peyğəmbərlərin sonuncusu olan həzrət Məhəmmədə (s) nazil olmuş Qurani-kərimdir. Məhəmməd (s), qiyamət gününədək qalacaq bu ilahi möcüzə ilə müşrikləri mübarizə meydanına, ona iman gətirmiş şəxsləri isə haqq-ədalətə dəvət edirdi;

  

  6.Məhəmmədin (s) möcüzələri mütəvatir olaraq sübuta yetməklə yanaşı, Tövrat və İncildə də o həzrətin zühur edəcəyi haqda əvvəlcədən xəbər verilmişdir;

  

  7.Məhmmədin (s) möcüzələri çox olsa da, Qurandan başqa onların hamısı yaşadığı zaman və məkana aid olmuşdur. Bu möcüzələrin heç biri keçmiş peyğəmbərlərin möcüzələri kimi əbədi olmamışdır.

  
    BEŞİNCİ FƏSİL  
    YEDDİ QURAN QARİSİ  

    1.Abdullah ibni Amir Dəməşqi;  

  

    2.İbni Kəsir Məkki;  

  

    3.Asim ibni Bəhdiləi Kufi;  

  

    4.Əbu Əmr Bəsri;  

  

    5.Həmzə Kufi;  

  

    6.Nafe Mədəni;  

  

    7.Kəsai Kufi.  

  

    1.Xələf ibni Haşimi;  

  

    2.Yəqub ibni İshaq;  

  

    3.Yəzid ibni Qəqa.   

    
    QURAN VƏ YEDDİ QİRAƏT ÜSULU  
    YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ  

  Quranın yeddi qiraət üsulu haqda din alimləri tərəfindən müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.

  

  Əhli sünnə alimlərinin bir qismi belə bir fikirdədirlər ki, yeddi qiraət üsullarının hamısı Peyğəmbərin (s) özünə gedib çatır. Yəni Peyğəmbər (s) özü Quranı bu üsullarla tilavət etmişdir.

  

  Şiə alimləri bu fikirdədirlər ki, mütəvatir olaraq nəql olunmuş yeddi qiraət üsulu və onların Peyğəmbərə (s) aid olması heç də qəti deyildir. Əhli sünnə alimlərinin bir qismi belə bir nəzəriyyəni qəbul etmişlər və bizim fikrimizcə bu nəzəriyyə daha dəqiq və daha etibarlıdır.

  

  Müsəlmanlar arasında əqidə ixtilafının olmasına baxmayaraq, onların hamısı bu fikirdədirlər ki, Quran [və onun qiraəti] yalnız mütəvatir hədis və rəvayətlər yolu ilə sabit oluna bilər.

  

  Şiə və sünnü alimlərinin əksəriyyəti bu mətləbə istinad edərək demişlər:

  

  Quran islam dininin əsasını təşkil etdiyi və peyğəmbərlərin həqiqətini təsdiq edəcək ilahi möcüzə olduğu üçün bütün sahələrdə böyük əhəmiyyət kəsb edir.

  

  Müsəlmanlar arasında onun nəql olunmasına olan maraq və səbəb də, təbii olaraq çox olmuşdur. Belə ki, daha çox əhəmiyyət kəsb edən məsələ, başqalarından fərqli olaraq, mütəvatir olması üçün bir çox mühəddis və ravilər tərəfindən nəql olunur.

  

  Bu səbəbdən də hər hansı bir hadisə və ya xəbər mütəvatir şəkildə deyil, vahid xəbər formasında nəql olunarsa, bir o qədər də əhəmiyyət kəsb etmədiyi üçün Quran hesab olunmayacaqdır.

  

  Süyuti deyir: Qazi Əbu Bəkr özünün İntisar adlı kitabında yazır: Fiqh və kəlam alimlərinin bir qismi belə bir əqidədədirlər ki, əgər hər hansı bir ayə vahid xəbər formasında nəql olunsa, qətiyyətlə onu Quranın bir hissəsi hesab etmək olmasa da, Quran hökmündə olacaqdır.

  

  Lakin, yuxarıda gətirdiyimiz dəlil bu nəzəriyyənin batil olduğunu bir daha sübuta yetirir. Çünki, hər hansı bir mövzu bir neçə səbəblər üzündən vahid xəbər formasında nəql olunarsa, özünün yalan olduğuna dəlalət edəcəkdir. Çünki, əgər mötəbər olsaydı, mütəvatir olaraq nəql olunardı.

  

  Məsələn, əgər padşahın şəhərə daxil olacağını bir-iki nəfər xəbər verərsə (bir haldakı padşahın şəhərə daxil olmasının gizli qalması şəhər əhalisi üçün heç bir əhəmiyyət kəsb etmir) və həmən xəbəri bu iki nəfər şəxsdən   savayı başqaları bilməzsə, xəbəri eşidən dəgər şəxslər özlərində şəkk-şübhəyə yol vermədən bunun yalan olduğunu qəbul edəcəklər. Təbiidir ki, belə bir vəziyyətdə padşahın şəhərə gəlməsi münasibətilə heç bir tədbir görülməyəcəkdir.

  

  Buradan belə məlum olur ki, hər hansı bir mətləb vahid xəbər formasında bəyan edilərsə, Allah kəlamı və Quran ayəsi hesab olunmaz. Onun yalan olduğu sübuta yetirildikdə isə, onun şəri hökm kimi əməl olunmasına heç bir lüzum olmayacaqdır.

  

  Məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar belə bir əqidədədirlər ki, Quran ayələrinin sabit olması yalnız onun mütəvatir olaraq nəql olunması ilə həyata keçə bilər. Bunu da qeyd edək ki, ayələrin mütəvatir olması ilə qiraət üsullarının mütəvatir olması arasında heç bir əlaqə yoxdur. Ümumiyyətlə bunun üçün heç bir lüzum da yoxdur. Quran ayələri mütəvatir olsa da, qiraət üsullarının mütəvatir olmaması tamamilə təbii bir haldır. Çünki, Quranın mütəvatir olmasını qiraət üsullarının mütəvatir olması üçün dəlil hesab etmək olmaz. Belə ki, qiraət üsullarının mütəvatir olmasını inkar edən dəlillər Quran ayələrinin mütəvatir olmamasına dəlil hesab olunmur. Növbəti fəsillərdə bu barədə ətraflı söhbət açacağıq.

  

  Qiraət üsullarının mütəvatir olmaması haqda mövcud olan mühüm bəhslərdən biri də qarilərin özü ilə tanışlıq və onların qiraətlərini nəql edən şəxslərin etibarlı olub-olmamasıdır. Ən məşhur Quran qariləri isə yeddi nəfərdən ibarətdir. Biz onların hər biri haqda ətraflı məlumat verdikdən sonra, onların siyahısına əlavə olunan daha üç qari haqda söhbət açacağıq.

  
    1.ABDULLAH İBNİ AMİR DƏMƏŞQİ  

  Adı: Abdulla ibni Amir Dəməşqi;

  

  Kunyəsi: Əbu Umran;

  

  Ləqəbi: Yəhsəbi.

  

  Abdulla ibni Amir Quranı Muğəyrət ibni Əbi Şəhabdan öyrənmişdir.

  

  Heysəm ibni Umran deyir: Abdulla ibni Amir Əməvi xəlifəsi Vəlid ibni Əbdülməlikin hakimiyyəti dövründə məsciddə imamlıq vəzifəsini daşıyırdı.

  

  Heysəm belə hesab edir ki, Abdulla Bəni-humeyr qəbiləsindən olmuşdur və buna görə də o, bəzən ona irad tutardı.

  

  Əbu Əmr Dani deyir: Abdulla ibni Amir Bilal ibni Əbi Dərdadan sonra Şama baş qazi təyin olundu... Şam camaatı Quran qiraətində onu özlərinə başçı təyin hesab edirdi.

  

  İbni Cəzri deyir: İbni Amirin qiraəti haqda müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Bəzən onların sayı doqquza çatır. Lakin, mötəbər   yazıçılardan bəzilərinin dediklərinə görə İbni Amirin qiraəti kimdən öyrənməsi dəqiq məlum deyildir.

  

  Abdullah Hicrətin 9-cu ilində doğulmuş, 118-ci ilində isə vəfat etmişdir.

  
    İBNİ AMİRİN RAVİLƏRİ  

  İbni Amirin qiraətini iki nəfər ravi müxtəlif yollarla nəql edir. Bu iki şəxs Hişam və Zəlvandır.

  

  1.Adı Hişam, kunyəsi ibni Amir, atasının adı isə Nəsir ibni Musəyrə olmuşdur. Qiraəti Əyyub ibni Təmimdən öyrənmişdir.

  

  Rical* alimləri Hişamın kimliyi haqda iki müxtəlif nəzəriyyə irəli sürmüşlər. Yəhya ibni Muin Hişam haqda deyir: O, mötəbər kəslərdən idi və ona etibar etmək olardı.

  

  Nəsai deyir: Onun şəxsiyyətində heç bir eyb və nöqsan olmamışdır.

  

  Dar Qutni onun haqqında belə bir nəzər vermişdir: Hamı ona ehtiram qoyar və söylədiklərinin həqiqiliyinə kimsə şübhə etməzdi.

  

  Amma bütün bunların əksinə olaraq, bəzi rical alimləri onu kəskin şəkildə tənqid etmişlər. Acuri, Əbi Davuddan nəql edərək deyir: Əbu Əyyub Süleyman ibni Əbdürrəhman, Hişamdan daha mötəbər olmuşdur. Çünki, Hişamın istinad etdiyi hədislərdən dörd yüzü həqiqətə uyğun deyildir.

  

  İbni Davud deyir: Bir zamanlar belə qərara gəlmişdim ki, Hişamın söylədiyi hədisləri nəql etməyəm. Çünki o, hədis dəllalı idi!

  

  Saleh ibni Məhəmməd deyir: Hişam hədis nəql etmək üçün pul alardı. İstədiyi məbləği əldə etməyincə hədis nəql etməzdi.

  

  Məruzi deyir: Əhməd, Hişamı xatırlayarkən bu sözləri deyərdi: O, ikiüzlü və sadəlövh bir insan idi. Sonra onun, Quranın məxluq olduğu haqda irəli sürdüyü nəzəriyyəni inkar edərək sözlərini bu ifadələrlə başa vurmuşdur: Onun arxasında namaz qılan şəxs, namazını yenidən qılmalıdır!

  

  Müəllif, Hişam barəsində irəli sürülmüş ixtilaflı nəzəriyyələrin kimlər tərəfindən nəql olunduğunu bilmək üçün, oxuculara Təbəqatul qurra adlı kitaba nəzər salmağı daha məqsədəuyğun hesab edir.

  

  2.İbni Zəkvan, İbni Amirin ikinci ravisi hesab olunur. Adı Abdulla, atasının adı Əhməd ibni Bəşir olmuşdur. Bəzən onu Bəşir ibni Zəkvan da adlandırırlar. Qiraəti Əyyub ibni Təmimdən öyrənmişdir və onun qarşısında tilavət etmişdir.

  

  Əbu Əmr və Hafiz deyir: Kəsai Şama gəldikdə İbni Zəkvan qiraəti ondan öyrəndi.

  

  İbni Zəkvan Hicrətin 173-cü ilində doğulmuş, 242-ci ilində isə vəfat etmişdir.

  

    Müəllif: İbni Zəkvanın raviləri də Hişamın raviləri kimi tanınmışdır.

  
    2.İBNİ KƏSİR MƏKKİ  

  Adı Abdulla, atası Kəsir ibni Abdulla ibni Zadan ibni Firuzan ibni Hermez, Məkkənin Dar qəbiləsindən olmuşdur. Əslən iranlı olub. Təysir adlı kitabda yazılanlara görə İbni Kəsir qiraəti Abdulla ibni Məsaildən öyrənmişdir və onun qarşısında tilavət etmişdir.

  

  Hafiz Əbu Ömər və başqaları bu fikri qəbul etmiş və onun doğruluğuna istinad etmişlər. Lakin Hafiz Əbu Əla bu məsələyə şübhə ilə yanaşmış və bunu o qədər də mötəbər hesab etməmişdir. İbni Kəsir öz qiraət üsulunu Mücahid ibni Cəbrə, Dərbas və Qulam ibni Abbasa təqdim etmiş və onlar tərəfindən təsdiq olunmuşdur.

  

  İbni Kəsir Hicrətin 45-ci ilində Məkkədə doğulmuş və 120-ci ilində elə oradaca vəfat etmişdir. (Təbəqətul qurrə. 1-ci cild, 443-cü səh).

  

  Əli ibni Mədini, İbni Kəsir haqda bu sözləri deyir: O, etibarlı və inanılmış kəslərdən idi. İbni Səd onun mötəbər olduğuna işarə etdikdən sonra deyir: Əmr Daninin fikrincə o, qiraəti Abdulla ibni Saib Məzufidən öyrənmişdir. Lakin onun, qiraəti Mücahiddən öyrəndiyi də göstərilir və bu xəbər daha mötəbərdir. (Təhzibut-təhzib. 5-ci cild, 37-ci səh).

  
    İBNİ KƏSİRİN RAVİLƏRİ  

  İbni Kəsirin qiraətini iki nəfər ravi müxtəlif yollarla nəql etmişdir.

  

    1.Bəzi   Əhməd ibni Məhəmməd ibni Abdulla ibni Qasim ibni Nafe ibni Ubey Əsl, adı isə Bəşardır. Əsli İranın Həmədan vilayətindəndir. Saib Məxzufinin vasitəsilə müsəlman olmuşdur.

  

  Onun barəsində də iki müxtəlif fikir irəli sürülmüşdür.

  

  İbni Cəzri deyir: İbni Kəsir illər boyu Quranı tədris etmiş və müəllimlik vəzifəsində çalışmışdır. Onun güclü hafizəsi və Quran elmləri ilə xüsusi əlaqəsi var idi. Hicrətin 170-ci ilində doğulmuş, 250-ci ilində isə vəfat etmişdir. (Təbəqətul qurra. 1-ci cild, 119-cu səh).

  

  Bəzi qiraətini Qəvvas ləqəbi ilə məşhur olan Əbdül Həsən Əhməd ibni Məhəmməd ibni Ələqədən və Əbul Əxrix Vəhəb ibni Vadh Məkkidən və Abdulla ibni Ziyad ibni Abdulla ibni Yəsardan öyrənmişdir. ( Ənnəşr fi qiraatil əsir. 1-ci cild, səh.119).

  

  Əqili deyir: İbni Kəsir yalançı və etibar olunmayan bir şəxs olmuşdur.

  

  Əbu Hatim deyir: O, hədis nəql etməkdə mötəbər olmadığı üçün mən ondan hədis nəql etmirəm. (Lisanul Mizan. 1-ci cild, səh. 120).

  

    Müəllif:  

  

    Qiraət ustalarının kimliyi haqda daha dəqiq məlumat əldə etmək üçün Təbəqatül qurraya müraciət edin.

  

    2.Qənbəl    Məhəmməd ibni Əbdürrəhman, Xalid ibni Məhəmməd, Əbu Əmr künyəsi ilə tanınmışdır. Məxzum tayfası tərəfindən köləlikdən azad edilmiş və ömrünün sonunadək Məkkədə yaşamışdır.

  

  Qiraəti Əhməd ibni Məhəmməd ibni Ovn Nəbaldan öyrənmiş və onun hüzurunda tilavət etmişdir. Sonralar Əhməd ibni Məhəmməd onu öz yerinə Məkkədə qiraət ustadı təyin etmişdir. Qənbəl, Bəzidən də qiraət nəql etmişdir və hicazda Quranın tədris olunmasını ona həvalə etmişdir. O, Məkkədə xəlifə ordusunun hərbiçilərindən sayılırdı. Hicrətin 195-ci ilində doğulmuş, 291-ci ilində vəfat etmişdir. (Təbəqətul qurra. 2-ci cild, 119-cu səh).

  

  Qənbəl, sonralar nizami orduya sərkərdə təyin olunur. Elə bu səbəbdən də qiraət üsulunda dəyişikliyə yol verir və yaşlandıqca qiraətində yaranmış fərq daha çox nəzərə çarpmağa başlayır. Belə ki, vəfatından yeddi il əvvəl Quran tədrisini və müəllimliyi tərk etməli olur. (Lisanul Mizan. 5-ci cild, 249-cu səh).

  

    Müəllif:   Digər ravilər arasında olan ixtilaf, Qənbəlin qiraətini nəql edən ravilərdə də nəzərə çarpır.

  
    3.ASİM İBNİ BƏHDİLƏ KUFİ  

  Əbu Bəkr ibni Əbinnucud Əsədi Kufə şəhərində yaşamış və Bəni-əsəd qəbiləsi tərəfindən köləlikdən azad olunmuşdur.

  

  Qiraəti Zərr ibni Hubəyş və Əbu Əbdürrəhman Sələmidən və Əbu Əmr Şeybanidən öyrənmiş və onların qarşısında tilavət etmişdir.

  

  Əbu Bəkr ibni Əyyaş deyir: Günlərin bir günündə Asim mənə dedi: Quran qiraətini mənə tədris edən kəs yalnız Əbdürrəhman Sələmi olmuşdur. Onun yanından qayıtdıqdan sonra eşitdiklərimi Zərrə dedim və o da Asimin dediklərini təsdiq etdi.

  

  Həfs deyir: Asim nəql edir ki, Quran qiraətindən sənə tədris etdiyim bütün incəlikləri Əbdürrəhman Sələmidən o isə Əli ibni Əbi Talib Fəradan öyrənmişdir. Və Əba Bəkr Əyyaşa tədris etdiyim şeyləri Zərr ibni Hubeyşdən, o isə qiraəti İbni Məsuddan öyrənmişdir.

  

  İbni Məsud deyir: Asim mötəbər kəslərdən idi. Əməşin hafizəsi ondan daha güclü idi.

  

  Abdulla ibni Əhməd atasından nəql edərək deyir: Asimin özünəməxsus qiraət üslubu var idi. Etibarlı olduğu üçün Xəlifə Osman tərəfindən Quran qarilərinin rəhbəri təyin olunmuşdu.

  

  Yəqub ibni Süfyan deyir: Mötəbər bir şəxsiyyət olmasına baxmayaraq, nəql etdiyi hədislərdə bəzi nöqsanlar da nəzərə çarpır.

  

    İbni Əliyyə, Asimə irad tutaraq deyir: Asim haqda hədis və rəvayət nəql edən şəxslər hamılıqla zəif hafizəyə malik olmuşlar.

  

  Nəsai deyir: Asimdə heç bir nöqsan nəzərə çarpmırdı, lakin İbni Xərraş onun nəql etdiyi hədisləri qətiyyətlə rədd edirdi.

  

  Əqilinin fikrincə Asimin yeganə mənfi xüsusiyyəti varsa, o da onun hafizəsinin zəif olmasıdır.

  

  Dar Qutbi də Asimə bu iradı tutmuşdur. Həmmad ibni Sələmə deyir: Asim ömrünün son illərində hədis və rəvayətləri mötəbərlik baxımından ayırd etməyə çətinlik çəkirdi. Asimin doğulduğu il məlum deyildir. Vəfat tarixi isə Hicrətin 127-ci və ya 128-ci ilində baş vermişdir.

  
    ASİMİN RAVİLƏRİ  

  Asimin qiraətini Həfs və Əbu Bəkr heç bir vasitə olmadan onun özündən nəql etmişlər.

  

  1.Həfs ibni Süleyman Bəni-əsəd qəbiləsindən olmuşdur.

  

  Zəhəbi deyir: Həfs hədis nəql etməkdə güclü hafizəyə malik olsa da, Quran qiraəti sahəsində bir o qədər də etibarlı hesab olunmurdu. Onun qiraəti yazılı şəkildə saxlanılırdı. Həfs deyərdi: Qiraətdə Asimilə heç bir ixtilafımız olmamışdır. Qiraətdə olan cüzi fərq, yalnız Rum surəsinin 54-cü ayəsində nəzərə çarpır.

  

  Ayədə deyilir:

  

  (Allahulləzi xələqəkum min zəfin.)

  

  Həfs zəf kəlməsini zəmmə ilə, yəni zəfu, Asim isə fəthə ilə, yəni zəfə kimi qiraət etmişdir.

  

  Asim ibni Bəhdələ Kufi Hicrətin 90-cı ilində doğulmuş, 180-cı ilində vəfat etmişdir. (Təbəqatul-qurra. 1-ci cild, səh.254).

  
    RİCAL ALİMLƏRİNİN HƏFSƏ OLAN MÜNASİBƏTLƏRİ  

  İbni Əbi Hatəm Abdullah ibni Əhməd ibni Hənbəl o da atası Əhməd ibni Hənbəldən nəql edərək deyir: Həfs hədis elmindən uzaq düşmüş və heç bir etibarı olmayan bir şəxs olmuşdur. Osman Dar və başqaları İbni Muindən belə nəql edir. Həfs digər mühəddislər kimi bir o qədər də etibarlı deyildi. İbni Mədini deyir: Həfs hədis nəql etməkdə olduqca zəif və qeyri-mötəbər olmuşdur. Bu səbəbdən də mən heç vaxt ondan hədis nəql etmirəm. Buxari onun haqda deyir: Rical alimləri onun nəql etdikləri hədisləri qətiyyətlə rədd etmişlər.

  

  Müslüm öz kitabında yazır: Həfs kimsə tərəfindən qəbul olunmayan mühəddis olmuşdur. Nəsai onun haqda deyir: Həfs mötəbər şəxs   olmadığı üçün, nəql etdiyi hədislər kimsə tərəfindən yazılmırdı. Saleh ibni Məhəmməd deyir: Onun nəql etdiyi hədislər yalan və əsassız olduğu üçün, kimsə onu yazmaq fikrinə düşmürdü. İbni Xərram, Həfsi yalan danışmaqda və hədis uydurmaqda ittiham etmişdir. İbni Həyyanın fikrincə Həfs hədislərin mətnində dəyişikliklər aparır və sənədi olmayan əsassız hədisləri mötəbər olsun deyə, qondarma mənbələrlə nəql edirdi. Bəzən də hədisi vasitəçi ravilərin adı ilə bağlayırdı. İbni Cəzri özünün Movzuat kitabında Əbdürrəhman ibni Məhdəvidən belə nəql edir: And olsun Allaha! Həfsdən rəvayət nəql etmək düzgün deyildir. Dar Qutni deyir: Həfs hədis nəql etməkdə olduqca zəif olmuşdur. Saci deyir: Həfs, nəql etdiyi hədislər aradan getmiş kəslərdəndir. Onun söylədikləri yalan və iftiradan savayı bir şey deyildir.

  

    Müəllif:   Rical alimlərinin Həfs ibni Bəhdilə haqda irəli sürdükləri nəzəriyyələr barədə ətraflı məlumat əldə etdiniz. Bunu da qeyd edək ki, Həfs barəsində fikir irəli sürən ravilər, digər qarilərin raviləri kimi şəxsiyyəti və kimliyi məlum olmayan kəslərdir.

  

    2.Əbu Bəkr   Adı Şəbə, atasının adı Əyyaş ibni Salim Hənatdır. Bəni-əsəd və Kufi qəbilələrinə mənsub olmuşdur.

  

  İbni Cəzri onun barəsində bu sözləri deyir: O, öz qiraət üslubunu müəllimi Asimə, həmçinin Əta ibni Saibə və Əsləmə Munqirə təqdim etmişdir. Şəbə yüz il ömür sürmüş və ölümündən yeddi il əvvəl qiraətdən əl çəkmişdir.

  

  Şəbə zəmanəsinin ən tanınmış qiraət və şəriət alimlərindən biri hesab olunurdu. Bəzən o, özü haqda deyərdi: Tək mən özüm islam dininin yarısını təşkil edirəm! Ölüm ayağında bacısını ağlayan görən Şəbə deyir: Evin o küncünə bax! Mən orada on səkkiz min dəfə Quranı xətm etmişəm. Şəbə Hicrətin 95-ci ilində doğulmuş, 193-cü və ya 194-cü ilində vəfat etmişdir.

  

  Abdullah ibni Əhməd ibni Hənbəl atasından Əbu Bəkr haqda deyərdi: Şəbə mötəbər şəxsiyyətlərdən olmaqla yanaşı, səhvə də çox yol verərdi.

  

  İbni Əbi Hatəm deyir: Atamdan, Əbu Bəkr Əyyaşın və Əbul Əhvəsin kimliyi haqda soruşduqda bu sözləri dedi: Onlardan heç birinin mötəbər olmasını təsdiq etmirəm. İbni Səd deyir: O, düz danışan və etibarlı bir şəxs idi, hədislə yanaşı digər elmlərə də yiyələnirdi. Lakin səhvə də çox yol verərdi.

  

  Əbu Nəsim deyir: Hədis və qiraətdə Əbu Bəkrdən çox səhvə yol verən ikinci bir şəxs görmədim.

  

  Bəzad deyir: Hafizəsi zəif olduğu üçün hədis əzbərləmirdi.

  

  Yəqub ibni Şeybə deyir: Nəql etdiyi hədislərdə bir növ zəiflik nəzərə çarpırdı.

    
    4.ƏBU ƏMR BƏSRİ  

  Zəbban ibni Əla ibni Əmmar Mazəni Bəsrə əhalisindən olmuşdur. Bəziləri, hətta onun iranlı olduğunu da qeyd etmişlər.

  

  Təqibə məruz qaldığı üçün atası ilə birlikdə Hicazı tərk etməyə məcbur olmuş və qiraət elminə Məkkə və Mədinədə yiyələnmişdir. Bəsrə və Kufə şəhərlərində də tanınmış qiraət ustalarının dərslərində iştirak etmiş, sonralar daha da məşhurlaşaraq yeddi qiraət ustalarının sırasına daxil edilmişdir.

  

  Şam camaatı Hicrətin 5-ci yüz illiyinə qədər İbni Amirin qiraət üsulundan istifadə edərdi. Amma sonralar İraqdan Şama gəlmiş bir şəxs Əməvi məscidində Əbu Əmr Bəsrinin qiraətini geniş şəkildə təbliğ etmiş və onu yerli əhaliyə öyrətməyə başlamışdır. Əsməi, Əbu Əmrdən nəql edərək deyir: Hətta keçmiş qiraət ustalarından kimsənin məndən bilikli olduğunu güman etmirəm.

  

  Əbu Əmr Hicrətin 68-ci ilində doğulmuş və bir çoxlarının dediyinə görə, 154-cü ildə vəfat etmişdir.

  

  Dovri, İbni Muindən nəql edərək deyir: Əbu Əmr mötəbər və etimad olunası bir şəxs olmuşdur.

  

  Əbu Xeysəmə deyir: Əbu Əmrin heç bir nöqsanı yox idi, lakin nəql etdiyi rəvayətləri yadda saxlaya bilmirdi.

  

  Nəsr ibni Əli Cəhzəmi atasından nəql edərək deyir: Günlərin bir günündə Şəbə mənə dedi: Əbu Əmrin qiraətinə diqqət yetir! Hər hansı bir qiraəti seçərsə, onu kağız üzərinə köçür. Çünki, o, yaxın gələcəkdə qiraət tədris edəcəkdir.

  

  Əbu Müaviyə Əzhəri nəql edərək deyir: Əbu Əmr bir neçə qiraət üsuluna yiyələnmişdi. O, ərəb dilinin incəliklərinə fəsahət alimlərindən daha çox tanış idi.(Təhzibut-təhzib, 12-ci cild, səh.178-180)

  
    ƏBU ƏMRİN RAVİLƏRİ  

  Əbu Əmrin qiraətini iki nəfər şəxs Yəhya ibni Mübarəkin vasitəsilə nəql etmişdir. Dovri və Səuəsini də onların sırasına daxil etsək, onların sayı üçə çatacaqdır.

  

  1.Yəhya ibni Mübarək;

  

  İbni Cəzri onun haqqında deyir: Əbu Əmr nəhv və qiraət elmlərini tədris edərdi. O, etibarlı və hamı tərəfindən hörmətlə qarşılanan şəxslərdən idi. Bağdada gəldikdən sonra hamı onu Yəzidi adlandırmağa başladı. Çünki, Abbasi xəlifəsi Yəzid ibni Mənsur Humeyri ilə sıx əlaqədə idi. Belə ki, xəlifənin övladlarının tərbiyəsi də onun üzərinə düşürdü. Yəhya ibni Mübarək qiraət dərslərini başa vurduqdan sonra onu Əbu Əmrə təqdim   edir. Əbu Əmr ona öz nəzəriyyələrindən istifadə etməyi tövsiyə edir və onu Quran qiraətini tədris etmək üçün öz yerinə canişin təyin edir. Yəhya, Əbu Əmrlə yanaşı, məşhur qari Həmzədən də dərs almışdır. O, qiraət elmində ictihada nail ola bilmiş və ustadı Əbu Əmr ilə çox az məsələlərdə ixtilafı olmuşdur. Qiraəti isə ondan Dovri və Əbu Şueyb Səuəsi nəql etmişdir.

  

  İbni Mücahid deyir: Əbu Əmrin digər şagirdləri Yəzididən (Yəhyadan) daha fəal olmalarına baxmayaraq, burada məhz onun mötəbərliyini qeyd etdik. Bunun isə əsas səbəbi onun başqaları ilə deyil, məhz Əbu Əmrlə maraqlanıb ondan hədis nəql etməsidir. O, Əbu Əmrin digər şagirdlərindən daha fəal və hafizəli idi.

  

  Yəhya, Hicrətin 402-ci ilində doğulmuş və 72 yaşında Mərvdə vəfat etmişdir. Bəziləri isə onun yaşının daha çox olduğunu qeyd etmişlər.

  

  2.Dovri, Yəhyanın ravisi və şagirdi olmuşdur. Adı Həfs, atasının adı isə Əmr ibni Əbdül Əziz Dovri, Bəni-əzd və Bağdadi qəbiləsinə mənsub olmuşdur.

  

  İbni Cəzri deyir: Dovri hamı tərəfindən hörmət və izzətlə qarşılanan bir şəxs olmuşdur. Nəql etdiyi bütün mətləbləri yazır və hifz edirdi. O, qiraət elminin qanun və qaydalarını bir yerə toplayan ilk şəxs olmuşdur. Təvəllüdü dəqiq məlum deyildir, vəfat tarixi isə Hicrətin 246-cı ili göstərilir. (Təhzibut-təhzib, 2-ci cild, səh.408.)

  

    Müəllif:   Dəvəridən qiraət haqda nəql edən şəxslərin kimliyi digər ravilər kimi məlum olunmamışdır.

  

  3.Səuəsi Adı Saleh, künyəsi Əbu Şueyb, atasının adı Ziyab ibni Abdullahdır.

  

  İbni Cəzri onun haqda deyir: Səuəsi bütün mətləbləri yazır və onu hifz edirdi. Bu səbəbdən də onun nəql etdikləri mötəbər hesab olunurdu. O, öz təhsilini Əbu Məhəmməddən almış və onun rəğbətini qazanmışdı. 261-ci ilin əvvəllərində 70 yaşında vəfat etmişdir. .(Təbəqatul-qurra, 1-ci cild, səh.261.)

  

  Əbu Hatəm, Nəsai və Əbu Həyyan, Səuəsinin etibarlı bir şəxs olduğunu təyid etmişlər.

  

  Əbu Əmr Dani deyir: Nəsai qiraəti ondan nəql edirdi, lakin Müslim ibni Qasim Əndəlosi heç bir dəlil və əsas olmadan Səuəsini mötəbər hesab etmişdir. (Təhzibut-təhzib, 4-cü cild, səh.392.)

  

    Müəllif:   Səuəsinin ravilərinin kimliyi digər ravilər kimi naməlum qalmışdır.

  
    5.HƏMZƏ KUFİ  

  Həmzə ibni Həbib ibni Əmmarət ibni İsmail, Kufənin Bəni-təmim qəbiləsinə mənsub olmuş və Əbu Əmmarə ləqəbi ilə tanınmışdır.

  

    Qiraət dərslərini başa vurduqdan sonra qiraətini Süleyman ibni Əməş və Həmran ibni Ueynə təqdim edir.

  

  Kifayətul-kubra kitabında deyilir: Həmzə, qiraəti Məhəmməd ibni Əbdürrəhman ibni Əbi Leyla və Təlhə ibni Musrifdən öyrənmişdir. Əttəysir kitabında isə deyilir: Həmzə, Muğeyrət ibni Muqsimin, Mənsurun və Leys ibni Əbi Səlimin qiraət dərslərində iştirak etmiş və ilk təhsilini onlardan almışdır. Əttəysir və Mustəkir kitablarının müəllifi yazır: Həmzə qiraəti imam Sadiqdən (ə) öyrənmişdir.

  

  Bunlar deyir: Həmzə ilk qiraət təhsilini Həmrandan almış və sonralar Əməşə, Əbu İshaqa və Əbi Leylaya təqdim etmişdir. Asim və Əməşdən sonra qiraət tədrisinin rəhbərliyi ona həvalə olunmuşdur.

  

  Həmzə etibarlı və misilsiz bir şəxsiyyət olmşudur.

  

  Abdulla Əcli deyir: Əbu Hənifə, Həmzəyə deyir: Qurana və şəriətin vacib hökmlərinə bizdən daha bilikli olduğun üçün bu barədə səninlə bəhs etmək istəmirəm.

  

  Süfyan Suri deyir: Həmzə Quran və şəriətin vacib hökmlərində hamıdan bilikli idi. Abdulla ibni Musa deyir: Əməş şagirdi Həmzəni hər dəfə gördükdə deyərdi: Həmzə Quran elmlərinə yiyələnmiş böyük bir alim və mütəxəssisdir. Həmzə Hicrətin 80-cı ilində doğulmuş, 156-cı ilində isə vəfat etmişdir.(Təbəqatul-qurra, 1-ci cild, səh.261.)

  

  İbni Muin deyir: Həmzənin doğru və mötəbərliyi hamı tərəfindən qəbul olunurdu.

  

  Nəsai deyir: Həmzənin heç bir eyb və nöqsanı olmamışdır.

  

  Əcli deyir: O, əməli-saleh və etibarlı bir şəxs idi.

  

  İbni Səd deyir: Qiraət elmində özünəməxsus üsluba malik idi. Öz etibarı ilə hamıdan fərqlənirdi və hamının ehtiramını qazanmışdı. Saci deyir: Həmzə düz danışan, amma hafizəsiz bir şəxs idi. Bu səbəbdən də onu hədis söyləməkdə bir o qədər də mötəbər hesab etmək olmaz. Hədisi əsas meyar götürən bəzi şəxslər onun qiraətinə irad tutmuşlar. Bəziləri isə onun qiraət üsulu ilə qılınan namazları batil hesab etmişlər.

  

  Yenə də Saci və Əzdi deyir: Alimlər Həmzə haqda müxtəlif nəzəriyyələr irəli sürmüş və bəzən onu məzəmmət etməyə çalışmışlar.

  

  Əsləmət ibni Şəbib deyərdi: Əhməd ibni Hənbəli namazda Həmzənin qiraətindən istifadə edən şəxsin arxasında namaz qılmazdı.

  

  Acəri, Əhməd ibni Sənandan nəql edərək deyir: Yəzid ibni Harun, Həmzənin qiraətindən əsla razı deyildi. Əhməd ibni Sənan deyir: İbni Məhdi deyərdi: Əgər ixtiyarım olsaydı, Həmzənin qiraət üsulundan istifadə edən və ondan təqlid edən şəxsləri şallaqla cəzalandırardım. Əbu Bəkr Əyyaş, Həmzənin qiraətini bir növ bidət hesab edirdi. İbni Dərid deyərdi: Çox istərdim ki, Həmzənin qiraəti unudularaq Kufədə bir dəfəlik aradan getsin. (Təhzibut-təhzib, 3-cü cild, səh.27.)

    
    HƏMZƏNİN RAVİLƏRİ  

  Həmzənin vasitəsi ilə onun qiraətini nəql edən şəxslər Xələf ibni Hişam və Xəlad ibni Xalid olmuşlar.

  

  1.Əbu Məhəmməd künyəsi ilə tanınmış və Bəni-əsəd qəbiləsinə mənsub olmuş Xələf, Bağdadlı Hişam ibni Sələt Bəzadın oğlu olmuşdur.

  

  İbni Cəzri deyir: Xələf on məşhur qarilərdən və Səlimin vasitəsilə Həmzənin qiraətini nəql edən ravilərdən biridir. On yaşında ikən Quranı əzbərləmiş, on üç yaşına çatdıqda isə qiraət elminə yiyələnməyə başlamışdır. Ümumi şəkildə götürsək Xələf, Həmzənin qiraət üsulundan istifadə etmiş, lakin yüz iyirmi yerdə onunla müxalif olmuşdur. Xələf Hicrətin 150-ci ilində doğulmuş, 229-cu ilində isə vəfat etmişdir. (Təbəqatul-qurra, 1-ci cild, səh.272.)

  

  Ləlkai deyir: Abbas Dovridən, Əhməd ibni Hənbəlin Xələf ibni Hişam haqda nəql etdiyi əhvalat barəsində soruşduqda deyir: Bu əhvalatı mən özüm Əhməd ibni Hənbəldən eşitmişəm. Lakin belə nəql edirlər ki, günlərin bir günündə Əhməd ibni Hənbələ, Xələf barəsində xoşagəlməz məlumat verirlər. Belə ki, hətta onu şərabxorluqda belə ittiham edirlər. Əhməd onların dediklərini təsdiq edir və sonra deyir: Onun barəsində nə deyirlər desinlər. Hər halda o, bizim nəzərimizdə ən etibarlı şəxslərdəndir.

  

  Nəsai deyir: Xələf Bağdadi mötəbər şəxslərdəndir. Dar Qütni isə onun haqda bu sözləri deyir: Xələf abid və fəzilət sahibidir. Sözünü davam edərək deyir: Qıldığım qırx illik namazları Kufi məzhəbçiləri kimi şərab içdiyim üçün yenidən təzələməli oldum.

  

  Xətib Bağdadi öz kitabında Məhəmməd ibni Hatəm Kəndidən nəql edərək yazır: Yəhya ibni Muindən Xələf haqda soruşdum. Cavabında dedi: Xələf sadəcə olaraq hədisin nə olduğunu bilmir. (Təhzibut-təhzib, 3-cü cild, səh.156.)

  

    Müəllif:   Xələfin barəsində rəvayət nəql edən şəxslərin kimliyi haqda bir qədər sonra söhbət açacağıq.

  

  2.Xəlad ibni Xalid, Əbu İsa Şeybani kimi Kufənin tanınmış şəxsiyyətlərindən olmuşdur.

  

  İbni Cəzri onun barəsində deyir: Xəlad qiraət elminə mükəmməl yiyələnmiş təhqiqatçı alim olmuşdur. Qiraəti Səlimdən öyrənmiş və onun özünə təqdim etmişdir. Öz yaşıdları arasında hamıdan etibarlı və hafizəli sayılırdı. Doğum tarixi dəqiq məlum deyildir. Vəfatı isə Hicrətin 220-ci ilinə təsadüf etmişdir.

  

    Müəllif:   Digər ravilər kimi Xələf barəsində rəvayət nəql edən şəxslərin kimliyi naməlum qalmışdır.

    
    6.NAFE MƏDƏNİ  

  Nafe ibni Əbdürrəhman ibni Əbi Nəim.

  

  İbni Cəzri onun barəsində deyir: Nafe tanınmış yeddi qaridən biri hesab olunur. O, əməli-saleh və mötəbər bir şəxs olmuşdur. Əsli İranın İsfahan şəhərindən olmuş, lakin təhsilini Mədinə tabeinlərindən* almışdır.

  

  Səid ibni Mənsur deyir: Malik ibni Ənəs deyərdi: Mədinə camaatı qiraəti Peyğəmbərdən (s) əxz etmişlər. Ondan - Mədinə camaatının qiraəti dedikdə, Nafenin qiraətini nəzərdə tutursunuz?-deyə soruşduqda, Bəli! deyə, cavab vermişdi.

  

  Abdulla ibni Əhməd ibni Hənbəl deyir: Atamdan qiraətlərdən hansı birini daha çox sevdiyini soruşdum. Dedi: Mədinə camaatının qiraətini. Dedim: Bu qiraətə yiyələnmək mümkün olmazsa necə? Dedi: Asimin qiraətinə üstünlük verərəm.

  

  Nafenin doğum tarixi haqda dəqiq məlumat göstərilmir. Vəfatı isə Hicrətin 169-cu ilinə aid olunur. (Təbəqatul-qurra, 2-ci cild, səh-330.)

  

  Əbu Talib, Əhməd ibni Hənbəldən nəql edərək deyir: Camaat, Quranı Nafedən öyrənsələr də, nəql etdiyi hədislərə əsla etina etmirdilər.

  

  Dovri, İbni Muindən nəql edərək onun etimad olunası şəxs olmadığına işarə etmişdir. Nəsai deyir: Nafenin heç bir nöqsanı olmamışdır. İbni Həyyan da onun mötəbərliyinə işarə etmişdir. Əhməd ibni Hənbəl və Yəhya onun haqqında müxtəlif rəylər vermişlər. Belə ki, Əhməd ibni Hənbəl onun nəql etdiyi hədisləri bütünlüklə yalan, Yəhya isə mötəbər hesab edir.

  
    NAFENİN RAVİLƏRİ  

  Nafenin qiraətini Qalun və Vərəş arada heç bir vasitə olmadan nəql etmişlər.

  

  1.Qalun: İsa ibni Mina ibni Vərdan, Əbu Musa ləqəbi ilə tanınmış və Bəni-zəhrə qəbiləsi tərəfindən köləlikdən azad edilmişdir.

  

  Deyir: İsa Rəbib fitri istedada və qeyri-adi hafizəyə malik olduğuna görə, Nafe ona Qalun ləqəbini vermişdir. Qalun isə Rum dilində zirək və gözəl mənasını verir.

  

  Abdulla ibni Əli deyir: Ona Qalun ləqəbinin verilməsinin əsas səbəbi əsliyyətcə rumlu və babası Abdullahın Rum əsirlərindən olmasıdır.

  

  Qalun, qiraəti Nafedən öyrənmiş və onun özünə təqdim etmişdir.

  

  İbni Əbi Hatəm deyir: Qalun lal olduğu üçün Quranı dodaqlarını tərpətməklə oxuyur, hətta başqaları qiraətdə səhvə yol verdikləri zaman işarələrlə onların səhvini düzəldirdi. Qalun Hicrətin 120-ci ilində doğulmuş və 220-ci ildə 100 yaşında vəfat etmişdir. (Təbəqatul-qurra, 1-ci cild, səh.615.)

  

    İbni Həcər deyir: Qalun qiraət elmində hamıdan bilikli və etibarlı olsa da, nəql etdiyi hədislər bir o qədər də mötəbər deyildi. Əhməd ibni Saleh, Misirdən Qalunun nəql etdiyi hədislər barəsində soruşduqda, gülümsəyərək demişdir: Məgər hamıdan hədis nəql etmək olar?!

  

    Müəllif:   Qalunun qiraətini nəql edən ravilər digər ravilər kimi naməlum qalmışlar.

  

  2.Vərəş: Osman ibni Səid.

  

  İbni Cəzri onun barəsində deyir: Vərəş Misirdə olduğu illər ərzində qiraət tədrisi ona həvalə olunmuşdu. Onun özünəməxsus qiraət üsulu var idi. Qiraətdə Nafe ilə müxalif olmasına baxmayaraq, zəmanəsinin ən mötəbər şəxsiyyətlərindən biri hesab olunurdu.

  

  Vərəş Hicrətin 110-cu ilində Misirdə doğulmuş, 197-ci ildə elə oradaca vəfat etmişdir. (Təbəqatul-qurra, 1-ci cild, səh-502.)

  
    7.KƏSAİ KUFİ  

  Əsli iranlı olmuş Əli ibni Həmzət ibni Abdullah ibni Bəhmən ibni Firuz, Kəsai ləqəbi ilə məşhur olmuşdur. Bəni-əsəd qəbiləsi tərəfindən köləlikdən azad olunmuşdur.

  

  İbni Cəzri onun barəsində deyir: Həmzə Zəyyatdan sonra qiraət elminin tədris olunması Kəsaiyə həvalə edildi. O, qiraəti Həmzədən öyrənmiş və dörd dəfə onun qarşısında tilavət etmişdir.

  

  Əbu Ubeyd isə özünün Əl-qiraət adlı kitabında yazır: Kəsainin özünəməxsus qiraət üsulu var idi. Bəzən o, Həmzənin qiraətindən də istifadə edərdi. Vəfat tarixi haqqında müxtəlif məlumatlar söylənmişdir, lakin daha dəqiq nəzərə çarpan tarix Hicrətin 189-cu ilidir. (Təbəqatul-qurra, 1-ci cild, səh. 535.)

  

  Kəsai qiraəti Həmzə Zəyyatdan, Məhəmməd ibni Əbdürrəhman ibni Əbi Leyladan və İsa ibni Əmr Əməşdən müzakirə yolu ilə və şifahi olaraq öyrənmişdir. Onun qiraətini Süleyman ibni Ərqəm, imam Sadiq (ə), Əzrəmi və İbni Ueynə də dinləmişdir. Sonralar o, qiraəti Rəşidə və oğlu Əminə də tədris etmişdir. (Təhzibut-təhzib, 8-ci cild, səh. 313.)

  

  Mərzbani İbni Ərabidən nəql edərək deyir: Kəsai şərab içərək bilərəkdən bəzi günahlara mürtəkib olsa da, Quran elmlərinə mükəmməl yiyələnmiş və güclü hafizəyə malik olmuşdur. (Möcəmül-üdəba, 5-ci cild, səh. 185.)

  
    KƏSAİNİN RAVİLƏRİ  

  Leys ibni Xalid və Həfs ibni Əmr, Kəsainin qiraətini heç bir rabitə olmadan nəql etmişlər.

  

    1.Leys ibni Xalidin əsil adı Haris, künyəsi Əbdülharis, atasının adı isə Xalid Bağdadi olmuşdur.

  

  İbni Cəzri onun barəsində deyir: O, qiraəti Kəsaidən öyrənmiş, öz elmi gücü və hafizəsi ilə hamıdan fərqlənirdi. Doğum tarixi dəqiq məlum deyildir. Vəfat tarixi isə Hicrətin 240-cı ilinə aid edilir. (Təbəqatul-qurra, 2-ci cild, səh. 34.)

  

  2.Həfs: Onun kimliyi haqda Asim barədə söhbət açarkən ətraflı məlumat verdik.

  

  * * *

  

  Yeddi məşhur qari və onların raviləri haqda ətraflı məlumat əldə etdik. Onlardan əlavə, Xələf ibni Hişam, Yəqub ibni İshaq və Yəzid ibni Qəqadan ibarət olan başqa bir üçlük də vardır. İndi isə onlar barəsində:

  
    8.XƏLƏF İBNİ HİŞAM  

  Həmzənin şərh-halını verərkən Xələf barəsində də kifayət qədər məlumat əldə etdik. Xələfin qiraətini nəql edənlər də iki nəfər olmuşdur.

  

  1.İshaq: İbni Cəzri onun barəsində deyir: Adı İshaq, atasının adı İbrahim ibni Osman ibni Abdullah, künyəsi isə Əbu Yəqub olmuşdur. Əsli Mərv vilayətindən olsa da, Bağdadda yaşamışdır. Xələfin hədislərini köçürür və onları nəql edirdi. İshaqın düzlüyü və mötəbərliyi hamıya bəlli idi. Doğum tarixi dəqiq məlum deyildir, vəfatı isə Hicrətin 286-cı ilinə təsadüf edilir. (Təbəqatul-qurra, 1-ci cild, səh. 155.)

  

    Müəllif:   Digər ravilər kimi onun qiraətini nəql edən şəxslərin də kimliyi məlum deyildir.

  

  2.İdris: İbni Cəzri onun barəsində deyir: Adı İdris, atasının adı Əbdülkərim Həddad, künyəsi isə Əbül Həsəndir; Bağdadda sakin olmuşdur. Güclü hafizəyə malik olduğu üçün şəriət elminin dərinliklərinə yiyələnə bilmişdir. Nəql etdiyi hər bir şey hamı tərəfindən rəğbətlə qarşılanardı. Qiraəti ona Xələf tədris etmişdir.

  

  Dar Qutnidən İdris barəsində soruşduqda cavabında deyir: İdris inanılmış və etibarlı bir şəxsdir. Doğum tarixi dəqiq məlum deyildir, vəfatı isə Hicrətin 292-ci ilinə təsadüf edilir. (Təbəqatul-qurra, 1-ci cild, səh. 154.)

  

    Müəllif:   Digər ravilər kimi İdrisin də qiraətini nəql edən şəxslərin kimliyi naməlumdur.

  
    9.YƏQUB İBNİ İSHAQ  

  Adı Yəqub, atasının adı isə İshaq olmuşdur. Bəsrənin Bəni-həzrəm qəbiləsi tərəfindən köləlikdən azad olunmuş və Əbu Məhəmməd künyəsi ilə tanınmışdır.

  

    Əbu Cəzri onun barəsində deyir: Yəqub on məşhur qarilərdən biri hesab olunurdu. Öz dediyinə görə, qiraəti ilk dəfə Səlam adlı şəxsin yanında öyrənmiş və beş gün müddətində Şəhab Şə əfə Məcaşeyinin qarşısında tilavət etmişdir. Şəhab özü isə doqquz gün müddətində öz qiraətini Muslimət ibni Məharib, Müslim isə Əbul Əsvəd Duəliyə və nəhayət Əbul Əsvəd Duəli də qiraəti ilk dəfə Əlidən (ə) öyrənmişdir. Doğum tarixi dəqiq məlum deyildir, vəfatı isə 88 yaşında ikən Hicrətin 205-ci ilinə təsadüf edilir.

  

  Əhməd, Əbu Hatəm və İbni Həyyan onun doğruluğuna və mötəbərliyinə istinad etmişlər. İbni Səd isə onun rical alimləri tərəfindən bir o qədər də rəğbətlə qarşılanmadığını söyləmişdir.

  

  Yəqubun qiraətini Ruvəys və Ruh adlı şəxslər nəql etmişlər.

  

  1.Ruvəys: Adı Məhəmməd, atası isə Bəsrə sakini və Luluyi ləqəbi ilə məşhur olan bir şəxs olmuşdur.

  

  İbni Cəzri deyir: Ruvəys güclü hafizəyə malik idi. Quran elmlərində özünəməxsus istedad və məharətə yiyələndiyi üçün qiraəti tədris edirdi. Özü isə bu sahədə Yəqub Həzrəminin şagirdi olmuş və elə ona da təqdim etmişdir.

  

  Dani deyir: Ruvəys, Yəqubun ən fəal və istedadlı şagirdlərindən biri idi. Məhəmməd ibni Harun Təmmar və Əbu Abdulla Zubeyr ibni Əhməd Zubeyri Şafei Ruveysin ravilərindən hesab olunurlar.

  

  Doğum tarixi dəqiq məlum deyildir. Vəfatı isə Hicrətin 338-ci ilinə təsadüf olunur. (Təbəqatul-qurra, 2-ci cild, səh.233.)

  

  2.Ruh: Əbdül Həsən künyəsi ilə məşhur olmuşdur. Atası Əbdülmumin Bəni-hüzəl qəbiləsi tərəfindən köləlikdən azad olunmuş və Bəsrənin tanınmış Nəhv alimlərindən biri olmuşdur.

  

  İbni Cəzr onun barəsində deyir: O, Bəsrənin ən mötəbər şəxsiyyətlərindən biri hesab olunurdu. Alimliklə yanaşı hərbi işlərlə də məşğul olurdu. Qiraəti Yəqubdan öyrənmiş və onun ən istedadlı şagirdlərindən biri kimi tanınmışdı. Doğum tarixi dəqiq məlum deyildir. Vəfatı isə Hicrətin 235 və ya 234-cü ilinə təsadüf olunur. (Təbəqatul-qurra, 1-ci cild, səh.285.)

  

  Digər ravilər kimi onun da raviləri hələ də naməlum qalmışdır.

  
    10.YƏZİD İBNİ QƏQA  

  İbni Cəzri deyir: Yəzid ibni Qəqa bir rəhbər kimi tanınmışdı. Mədinənin Bəni-məxzum qəbiləsinə mənsub olmuş və Əbu Cəfər künyəsi ilə şöhrət tapmışdı.

  

    O, tabeinlərin ən məşhur on qarilərindən biri idi. Qiraəti Abdulla ibni Əyyaş ibni Əbi Rəbiədən, Abdullah ibni Abbasdan və Əbu Hüreyrədən öyrənmiş və onların özlərinə təqdim etmişdir.

  

  Yəhya ibni Muin deyir: İbni Qəqa Quran elmlərinə mükəmməl yiyələndiyi üçün Mədinəyə baş qari təyin olunmuşdu. Bu səbəbdən də hamı onu Qari adlandırırdı. O bir alim kimi hamı tərəfindən sevilir və ehtiramla qarşılanırdı. Digər ravilərdən fərqli olaraq az rəvayət nəql edərdi.

  

  İbni Əbi Hatəm deyir: Atamdan İbni Qəqanın necə şəxsiyyət olduğunu soruşduqda, onun mötəbər şəxs olduğunu etiraf etdi. Doğum tarixi dəqiq məlum deyildir. Vəfatı isə Hicrətin 130-cu ilinə təsadüf olunur.

  

  Yəzid ibni Qəqanın raviləri isə İsa və İbni Cəmaz adlı şəxslər olmuşdur.

  

  1.İsa: Künyəsi Əbdül Haris, Mədinədə isə Hiza ləqəbi ilə tanınan İsa ibni Vərdan.

  

  İbni Cəzri deyir: İsa qiraət və hədis elmlərinə mükəmməl yiyələnmiş, nəql etdiyi hədislər isə hamı tərəfindən rəğbətlə qarşılanmış mötəbər bir şəxsiyyət idi. Güclü hafizəyə malik olmuş və Quran elmlərində bir çox təhqiqat işləri aparmışdır. Qiraəti ilk dəfə Əbu Cəfər Şeybdən və sonralar Nafedən öyrənmişdir.

  

  Dani deyir: İsa, Nafenin ilk şagirdlərindən biri olmuşdur. Bəzən hədislərin nəql olunmasında və mənbələrin araşdırılmasında Nafeyə dəyərli məsləhətlər verərdi. Mənə belə gəlir ki, İsa Hicrətin 160-cı ilində vəfat etmişdir.

  

  2.İbni Cəmmaz: Adı Süleyman, atasının adı Müslim ibni Cəmmaz, künyəsi isə Əbdürrəb olmuşdur. Bəni-zəhra qəbiləsi tərəfindən köləlikdən azad edilmiş və Mədinədə məskunlaşmışdır.

  

  İbni Cəzri deyir: O, güclü hafizəyə malik idi. Qiraət elmini tədris etməklə yanaşı, hərbi işlərlə də məşğul olurdu. Əl-Kamil və Əl-Mustənir kitablarının yazdıqlarına görə, İbni Cəmmad qiraəti ilk dəfə Əbu Cəfər Şeybədən və sonralar Nafedən öyrənmişdir. Deyilənlərə görə İbni Cəmmaz Hicrətin 170-ci ilində vəfat etmişdir.

  

  Yuxarıda adları çəkilən şəxslər Quran elmlərinə mükəmməl yiyələnmiş on məşhur qari hesab olunurlar. Onların kimliyi və nəql etdikləri rəvayətlərin mötəbər olub-olmaması haqda rical alimləri arasında fikir aydınlığı olsa da, biz kimsəyə irad tutmaq fikrində deyilik.

    
    ALTINCI FƏSİL  
    YEDDİ QİRAƏT ÜSULU  

    1.Yeddi qiraət üsulunda nəzərə çarpan mütəvatirsizlik;  

  

    2.Yeddi qiraət üsulunun mütəvatirliyi haqda irəli sürülmüş nəzəriyyənin araşdırılması;  

  

    3.Yeddi qiraət üsulu;  

  

    4.Yeddi qiraət üsulunun düzgünlüyü və mötəbərliyi.   

  
    YEDDİ QİRAƏT ÜSULUNDA NƏZƏRƏ ÇARPAN MÜTƏVATİRSİZLİK  
    QİRAƏTLƏRİN MÜTƏVATİR OLMAMASINA DƏLALƏT EDƏN DƏLİLLƏR  

    Bir qədər əvvəl qeyd etdik ki, Quran hər bir müsəlman tərəfindən mütəvatir olaraq qəbul edilir. Bu müqəddəs kitabın qiraəti haqda isə bir neçə müxtəlif nəzəriyyələr irəli sürülmüş və onun mütəvatir olmaması bir neçə dəlil vasitəsilə sübuta yetirilmişdir.  

  

    1.Qiraət ravilərinin şərhi-halını nəzərdən keçirdikdən sonra bir daha bəlli olur ki, qiraətlər mütəvatir şəkildə deyil, vahid xəbər formasında nəql olunmuşdur. Belə olduqda onlardan bəzilərinin doğru və mötəbər olması bizim üçün müəmmalı qalır. Demək biz, qiraətlərin mütəvatir olaraq qarilərin özlərinə aid olması haqda heç bir söz deyə bilmərik.  

  

    2.Qiraət ustalarının qiraəti harada və necə öyrənmələri bir daha qiraətin onların özlərinə mütəvatir olaraq deyil, vahid xəbər formasında nəql olunuduğunu sübuta yetirir.  

  

    3.Bütün qiraət üsullarının ravilərinin bütün təbəqələrdə mütəvatir olduğunu və nəql etdikləri rəvayətlərdə yalana yol vermədiklərini fərz etsək də belə, nəticədə ravilərə yetişəcək sənəd silsiləsi mütəvatirlik baxımından öz etibarını itirəcək və vahid xəbər formasında bəyan ediləcəkdir. Çünki, hər bir qiraət üsulunu yalnız bir qari tərtib edərək özünəməxsus üsulla qiraət etmişdir.  

  

    4.Hər bir qari və onun ardıcılları yalnız öz qiraət üsulunun düzgünlüyünə istinad edərək, həmən dəlillərlə digər qiraət üsullarına qarşı çıxır. Buradan belə məlum olur ki, hər bir qiraət üsulu qarilərin şəxsi rəy və nəzərlərindən irəli gəlmişdir. Çünki, əgər onların hər biri Peyğəmbərdən   (s) mütəvatir olaraq nəql olunsaydı, doğruluğunu sübuta yetirəcək heç bir dəlilə ehtiyac duyulmazdı.  

  

    5.Bəzi böyük alim və qiraət ustalarının, digər qiraət üsullarına qarşı çıxaraq onları inkar etmələri, qiraət üsullarının bütünlüklə mütəvatir olmamasını sübuta yetirir. Çünki, əgər qiraət mütəvatir olaraq nəql olunarsa, onun alim və mütəxəssislər tərəfindən inkar olunması qeyri-mümkün olardı. Belə ki, İbni Cərir Təbəri, İbni Amirin qiraətini bütünlüklə və digər qarilərin qiraətini isə qismən inkar və tənqid edir. Qiraət ustaları Həmzənin, Əbu Əmrin, İbni Kəsirin qiraətlərini də qeyri-mötəbər hesab edərək onları qətiyyətlə rədd etmişlər. Alimlərdən bir çoxu kökü ərəb dili ilə əlaqəli olmayan qiraət üsullarını inkar etmiş və bu üsullar əsasında Quranı tilavət edən şəxsləri tənqid atəşinə tutmuşlar.  

  

    Həmzənin şərh-halını nəzərdən keçirərkən bunun şahidi olduq ki, onun qiraəti Hənbəli məzhəbinin banisi Əhməd ibni Hənbəl, Yəzid ibni Harun, İbni Məhdi, Əbu Bəkr Əyyaş və İbni Dərid tərəfindən qətiyyətlə rədd edilmişdir.  

  

    Zərkeşi, qiraətlərin ictihad yolu ilə formalaşmamasına əsaslanaraq deyir: Zəməxşəri və onun kimi bir çoxları, qiraətlərin ixtiyari olaraq ictihad və ərəb dili mütəxəssisləri tərəfindən tərtib olunmasına əsaslanaraq bizimlə müxalif mövqedə durmuşlar. Sonra onların nəzəriyyələrini rədd etmək məqsədilə Həmzənin qiraətini misal çəkərək deyir: Həmzə səhv olaraq Vəl ərham kəlməsində həmzəni kəsrə ilə, yəni irham kimi tələffüz etmişdir. Yəqub və Həzrəmi onun Və maəntum bimusriki ayəsini kəsrə ilə oxumasına irad tutmuşlar. Bu kimi səhvlərə Əbu Əmr də yol vermişdir. Yəğfirkum kəlməsində (ra) hərfini (lam) ilə idğam etməsi onun ən böyük səhvlərindən biridir.  

  
    MÜTƏXƏSSİSLƏR TƏRƏFİNDƏN QİRAƏTLƏRİN MÜTƏVATİR OLMAmaSINA DAİR İRƏLİ SÜRÜLƏN NƏZƏRİYYƏLƏR  

    1.İbni Cəzri deyir: Qiraət üsullarından hər biri ərəb dilinin qarammatikası və ya xəlifə Osmanın zamanında yığılmış Quran nüsxələri ilə uyğun gələrsə, onun mötəbərliyinə istinad etmək olar. Bu xüsusiyyətlərə malik olan qiraət ustaları ilə, Quranın nazil olmuş orjinal nüsxəsi arasında heç bir fərq nəzərə çarpmır. Belə bir halda hər bir müsəlman - istər yeddi mötəbər qari tərəfindən nəql olmuş olsun, istərsə də yox - onu düzgün qiraət üsulu kimi qəbul etməlidir.  

  

      Qiraət bu xüsusiyyətlərdən birinə malik olmadıqda isə, yeddi mötəbər qari tərəfindən nəql olunmasına baxmayaraq batil və əsassız hesab edilməlidir.  

  

    Bu nəzəriyyə bir çox məşhur alim və təhqiqatçılar tərəfindən irəli sürülmüşdür. Əbu Əmr Osman ibni Səid Dani, Əbu Məhəmməd ibni Əbitalib Məkki, Əbul Abbas Əhməd ibni Əmmar Məhdəvi də bu mətləbi açıq-aşkar bəyan etmişlər.  

  

    Əbi Şammə ləqəbi ilə tanınan məşhur təhqiqatçı Əbül Qasim Əbdürrəhman ibni İsmayıl da keçmiş alimlərin əsaslandıqları bu nəzəriyyəni əlində əsas tutmuşdur. Və bu nəzəriyyədə kimsənin onlarla müxalif olduğu qeydə alınmamışdır.  

  

    2.Əbu Şammə özünün Əl-mürşidul vəciz adlı kitabında yazır: Əsaslı dəlillər olmayınca qiraətlərdən hər hansı birinin, hətta yeddi məşhur qarilərdən birinə aid olunduğu hesab edilsə də, həqiqətən Quranın nazil olmuş orjinal nüsxəsilə tamamilə eyni olduğunu qəbul etmək heç də düzgün olmazdı. Əgər müəyyən bir qiraət yeddi məşhur qari tərəfindən nəql olunmayıbsa, bu heç də o demək deyildir ki, həmən qiraət səhv və əsassızdır. Çünki, qiraətin düzgün olub-olmamasına dəlalət edən əsas meyar, onun kimlər tərəfindən nəql olunmasında deyil, mötəbərliyini sübuta yetirən özünəməxsus xüsusiyyətlərdir. Lakin, yeddi məşhur qarinin qiraətlərinin ərəb dilinin qarammatikası və ədəbi janrı ilə müqayisə olunması yəqin ki, onların digər qarilərdən daha çox şöhrət tapmalarından irəli gəlir.  

  

    2.İbni Cəzri deyir: Son illərin mütəxəssisləri bu qənaətə gəlmişlər ki, qiraətlərin doğru və düzgün olması vacib olduğu kimi, onların mütəvatir olması da lazım və zəruridir. Demək, Quranın sübuta yetirilməsi üçün ilk növbədə onun mütəvatir olaraq nəql edilməsi lazımdır. Əks təqdirdə biz onu Quran adlandıra bilmərik. Nəticə olaraq qeyd etməliyik ki, Quranın mütəvatir olması zəruri olduğu kimi, onun qiraətinin də mütəvatir olması vacib və zəruridir.  

  

    Sonra, onların irəli sürdükləri bu nəzəriyyəni rədd edərək deyir: Belə bir nəzəriyyəni qəbul etmək məntiqdən uzaq olardı. Çünki, əgər qiraətlər mütəvatir olsaydı, biz artıq heç bir şərt və xüsusiyyətlərə ehtiyac duymazdıq. Belə ki, Peyğəmbər (s) tərəfindən nəql olunmuş hər bir mütəvatir hədis və rəvayəti arada heç bir şərt olmadan qəbul etməliyik. Yox əgər müxtəlif qiraət üsullarının mütəvatir olmasını lazımı şərtlərdən biri hesab edəriksə, onda bir çox qiraətlər mütəvatir olmadıqları üçün istər-istəməz aradan gedəcəkdir.  

  

    İbni Cəzri sözlərinə əlavə edərək deyir: Əvvəllər mən də bu əqidəyə əsaslansam da, sonradan böyük səhvə yol verdiyimi başa düşüb yanlış   əqidəmdən əl çəkdim və qiraət elmində müasir alimlərin fikirlərini qəbul etməyə başladım.  

  

    4.Əbu Şammə özünün Əl-Murşid adlı kitabında yazır: Bəzi qiraət mütəxəssisləri yeddi qiraət üsulunun hər birini mütəvatir hesab edirlər. Onlar bu qiraət üsullarının Allah tərəfindən nazil olduğunu iddia edir və belə bir əqidəyə əsaslanmağı hər bir müsəlmana zəruri hesab edirlər.  

  

    Sonra deyir: Biz də belə bir əqidəyə əsaslanırıq. Lakin bütün qiraətlərdə deyil, yalnız bütün ravilər tərəfindən qəbul olunmuş və kimsənin inkar etmədiyi qiraətləri. Bir haldakı, qiraətlər ətrafında yaranmış ixtilaf və qarşıdurmalar istənilən qədərdir. Bu səbəbdən də əgər qiraət mütəvatir olmazsa, heç olmasa ixtilaf və inkara da səbəb olmamalıdır.  

  

    5.Süyuti deyir: Qiraət barəsində söylənilən ən gözəl sözlərə Əbülxeyr ibni Cəzrinin kitabının əvvəlində söylədiyi ifadələrdə rast gəlirik. O, deyir: Qiraətin düzgün olmasının üç şərti vardır.  

  

    1.Ərəb dilinin qarammatik qanunlarına müvafiq olmalı;  

  

    2.Osmanın tərtib etdiyi nüsxələrdən biri ilə müvafiq olmalı;  

  

    3.Sənəd baxımından doğru və mötəbər olmalıdır.  

  

    Sonra əlavə edərək deyir: İbni Cəzri olduqca mühüm bir mətləbə toxunmuş və məntiqi dəlillərə əsaslanmışdır. (Əl-itqan. 1-ci cild, 129-cu səh).  

  

    6.Əbu Şammə özünün Əl-bismilə adlı kitabında qarilər arasında yaranmış ixtilaflı məsələlərə toxunaraq deyir: Biz onları bütünlüklə mütəvatir hesab etmirik. Onlardan bəziləri mütəvatir, bəziləri isə qeyri-mütəvatirdir. Və bu həqiqəti hər bir təhqiqatçı çox gözəl dərk edir.  

  

    7.Alimlərdən bəziləri deyirlər: Üsul alimlərindən kimsə hələ də qiraətlərin mütəvatirliyi haqda bir söz deməmişdir. Bəzilərinin fikrincə isə, yeddi mötəbər qarinin hər birinin nəql etdiyi qiraət özləri kimi tamamilə düzgün və mötəbərdir. Lakin, onların Peyğəmbər (s) tərəfindən mütəvatir olması sual altındadır. Çünki, mötəbər hesab olunan yeddi qaridən hər biri nəql etdiyi qiraətin Peyğəmbərə (s) mütəvatir olaraq deyil, vahid xəbər formasında çatmasını etiraf edir. (Tibyan 105-ci səh).  

  

    8.Son dövrün mütəxəssisləri deyirlər: Üsul alimlərindən bir qismi yeddi qiraət üsulunun hamısının mütəvatir olduğunu iddia etmişlər. Bəziləri isə belə bir iddianı on qari barəsində irəli sürmüşlər. Lakin, onların bu əsassız iddiaları sübuta yetirəcək heç bir məntiqi dəlilləri yoxdur. Belə ki, qarilərin özləri yeddi qiraət üsulunun bir qisminin mütəvatir, digər bir qisminin isə qeyri-mütəvatir olmasını dəfələrlə etiraf etmişlər. Belə bir halda, artıq digər on qari barəsində nə isə demək tamamilə yersiz olardı. Bəli, bütün qiraət üsullarının mütəvatir olması üsul alimlərinin şəxsi nəzəridir. Lakin, hər bir elm və fənnin mütəxəssisləri yiyələndikləri sahənin sirlərinə hamıdan daha çox agahdırlar. (Tibyan 106-cı səh).  

  

      9.Məkki, qiraətlər barəsində deyir: Bir çoxları Asim və Nafenin qiraətini mötəbər hesab etmişlər. Çünki onların qiraətləri daha düzgün və ərəb dilinin fəsahət və bəlağətinə daha yaxındır. (Tibyan 90-cı səh).  

  

    10.Qiraətlərin mütəvatir olmasına əsaslanan şəxslərdən biri də, məşhur qiraət ustadı şeyx Məhəmməd Səid Üryandır. O, öz yaddaşlarının birində yazır: Qiraətlərin hər birinin müəyyən irad və nöqsanları vardır. Biz bu kimi nöqsanları hətta mötəbər hesab olunan yeddi qiraət üsullarında da müşahidə edirik.  

  

    Sonra əlavə edərək deyir: Lakin, bu qiraətlərin etibar baxımından daha düzgünü Asim və Nafenin qiraətləridir. Fəsahət elmi baxımından müqayisə etdikdə isə Əbu Əmr Kəsainin qiraəti digər qiraətlərdən daha cazibəli və daha fəsahətlidir.  

  
    NƏTİCƏ  

    Qiraətlərin mütəvatir olmadıqlarına dair irəli sürülən nəzəriyyələri və qarilərin özlərinin bu həqiqəti etiraf etmələrini ixtisarla da olsa, nəzərdən keçirdik.  

  

    Əziz oxucular, indi özünüz nəticə çıxarın. Qarilər özləri bu qiraətlərin mütəvatir olmadığını etiraf etdikləri bir halda, heç bir sübut və dəlilə əsaslanmadan təəssüb hissi ilə belə bir əsassız iddianı bir daha irəli sürmək olarmı?!  

  

    Lakin, daha təəccüblüsü budur ki, Qazi Əbu Səid Müfti Əndəlosi, qiraətləri mütəvatir hesab etmədiyi üçün Kəsaini kəskin şəkildə tənqid atəşinə tutmuş və onun küfr etdiyinə dair hökm sadir etmişdir. Bir anlığa fərz edək ki, alimlər də qiraətlərin mütəvatir olduğuna əsaslanmışlar. Məgər bunu əldə əsas tutaraq müsəlman bir şəxsi, hətta dinin zəruri olmayan məsələlərinin birində kafir olmaqda ittiham etmək olarmı?!  

  

    Bunu da fərz edək ki, qiraətlərin mütəvatir nəql olunması dinin zəruri məsələlərindəndir. Məgər belə bir zərurət qarinin özünə sabit olmayınca, onu küfrdə ittiham etmək olarmı?!  

  

    İlahi! Sən özün daha yaxşı bilirsən ki, belə bir iddianı irəli sürmək, Sənin qanunlarına qarşı çıxmaqdan və müsəlmanlar arasında ixtilaf və ikitirəlik yaratmaqdan savayı bir şey deyildir.  

  
    QİRAƏTLƏRİN MÜTƏVATİRLİYİ HAQDA İRƏLİ SÜRÜLMÜŞ NƏZƏRİYYƏNİN ARAŞDIRILMASI  

    Qiraətlərin mütəvatir olduğunu iddia edən şəxslər irəli sürdükləri nəzəriyyəni sübuta yetirmək üçün bir neçə dəlilə istinad edib deyirlər:  

  

      1.Qiraətlərin mütəvatir olması icmai şəkildə qəbul olunan və bütün dövrlərdə alimlər tərəfindən hamılıqla qəbul edilən bir məsələdir.  

  

    Müəllif:   Bir qədər əvvəl bu nəzəriyyənin tamamilə əsassız olduğu oxuculara bəlli oldu. O ki qaldı onun icmai bir məsələ olmasına, bunu yalnız o zaman qəbul etmək olar ki, müxalif mövqe tutmuş şəxslər bu barədə öz ziddiyyətli nəzəriyyələrini irəli sürməmiş olsunlar. Bir haldakı yeddi qari üsulunun mütəvatirliyinin sübuta yetirilməsində biz bunun tam əksini müşahidə edirik. Çünki, hər bir qiraət üsulunun davamçıları digər qiraətləri tənqid atəşinə tutmuşlar.

  

  2.Hicrətin birinci və ikinci yüzilliklərində Peyğəmbərin səhabələri və sonralar ona iman gətirmiş müsəlmanların Qurana hər şeydən daha çox əhəmiyyət vermələri, bütün qiraətlərin mütəvatir olmasına səbəb olmalı idi.

  

  Bu mətləbi hər bir ədalətli və həqiqətsevər insan dərk edir.

  

    Müəllif:   Müsəlmanların Qurana əhəmiyyət vermələri onun qiraətinin deyil, özünün mütəvatir olduğunu sübuta yetir. Bunu da qeyd edək ki, Quran qiraətinin düzgünlüyü bəzi qarilər üçün, hətta əgər bir nəfər tərəfindən olsa da, ictihad və dinləmək yolu ilə sabit olur.

  

  Əgər bu doğrudan da həqiqətdirsə, onda bu məsələ yeddi və ya on mötəbər qiraət üsullarında deyil, Quranın bütün qiraət üsullarında müşahidə olunmalıydı. O ki qaldı istifadə olunan bəzi terminlərə, biz bunun üçüncü yüzillikdən sonra meydana gəldiyinin şahidi oluruq.

  

  Qiraətlər isə qarilər tərəfindən yeddi və ya on mötəbər üsullara bölünərək, ayrı-ayrılıqda məktəblərin yaranmasına səbəb oldu. Bu məntiqə əsaslanaraq, bütün qiraət üsullarının hamısını birlikdə mütəvatir və ya qeyri-mütəvatir hesab etməliyik. Birinci nəzəriyyə, yəni bütün qiraətlərin mütəvatir olması batil və əsassızdır. Belə olduqda ikinci nəzəriyyəni, yəni qiraətlərin heç birinin mütəvatir olmadığını qəbul etməliyik.

  

  3.Yeddi qiraət üsullarının mütəvatir olmaması, Quranın mütəvatir olmaması deməkdir. Və Quranın mütəvatir olmaması nəzəriyyəsi batil olduğu üçün, yeddi qiraət üsullarının da mütəvatir olmaması batil və əsassızdır. Hamıya məlumdur ki, Quranın orjinal mətni bizlərə məhz qari və hafizlərin vasitəsilə gəlib çatmışdır. Əgər onların qiraəti mütəvatirdirsə, demək Quran da mütəvatirdir və əgər qiraətlərdə nöqsana yol verilibsə, onda Quranın orjinal mətninə də şəkk-şübhə ilə yanaşılacaqdır.

  

    Müəllif:   Əvvəla Quranın və qiraətin mütəvatirliyi arasında heç bir zərurət yoxdur. Çünki, hər hansı bir kəlmənin tələffüzündə mövcud olan ixtilaf onun əsl mənasına heç bir mənfi təsir göstərmir. Məsələn, Mutənəbbinin şer və qəsidələrini nəql edən ravilərin, onun istifadə etdiyi ifadələrin hər hansı birində bir-birinə müxalif olan nəzəriyyələr irəli sürmələrinə baxmayaraq, qəsidənin ümumi mətninə heç bir zərər yetirməmişlər. Və qəsidələrin Mütənəbbiyə mənsub olduğuna şübhə ilə   yanaşmayan şəxslər, onun mütəvatirliyinə də heç bir xələl yetirmirlər. Həzrət Peyğəmbərin hicrəti buna aid olan digər bir misaldır ki, onun xırdalıqları haqda fikir ayrılığı olmasına baxmayaraq, məsələnin ümumiliyində hamı yekdildir.

  

  İkincisi də, qarilər tərəfindən bizə gəlib çatan yalnız onların yiyələndikləri qiraət üsullarının xüsusiyyətləridir. Quranın özü isə müsəlmanlar arasında mövcud olan ümumi təvatür vasitəsi ilə bizə gəlib çatmışdır. Hamıya məlumdur ki, müsəlmanlar bütün dövrlərdə Quranı yazılı və şifahi şəkildə hifz edərək bir-birlərinə nəql etmiş və onu bizlərə çatdırmışlar. Qarilər isə Quranın gələcək nəsillərə nəql olunmasında heç bir rol ifa etməmişlər.

  

  Buradan belə bir nəticəyə gəlirik ki, yeddi və ya on mötəbər qarinin Quranın mütəvatirliyini nəql edib-etməmələri və ümumiyyətlə onların mövcud olub-olmamaları Quranın mütəvatirliyinin sübuta yetirilməsində heç bir təsir göstərməmişdir. Çünki, Quran təsəvvür olunduğundan daha uca və daha münəzzəhdir. Bu səbəbdən də onun mütəvatirliyinin sübuta yetirilməsi üçün bir neçə qarinin qiraət və nəql etdikləri rəvayətlər heç də dəlil kimi qəbul olunmur.

  

  4.Əgər qiraətlər mütəvatir olmazsa, Quranda istifadə olunan Məlik və Malik və bu kimi ifadələri də mütəvatir hesab etmək olmazdı. Çünki, bu qiraətlərdən birinin qəbul, digərinin isə rədd olunması əsassız bir iddiadır. Bu səbəbdən də biz onların hər ikisini mütəvatir hesab etməliyik.

  

  İlk dəfə bu dəlilə İbni Hacib istinad etmiş və sonralar bir çoxları ondan təqlid etmişlər.

  

    Müəllif:   Qiraətdə olan ixtilaf yalnız kəlmələrin quruluşunda və ya onun tələffüzündə nəzərə çarpır və kəlmənin özünün və Quranın mütəvatirliyinə heç bir xələl gətirmir. Belə bir məntiqə əsaslanaraq, bütün qiraətləri mütəvatir hesab etməliyik, lakin bunun sübuta yetməsi üçün heç bir dəlil yoxdur.

  

  Alimlərdən bəzilərinin yeddi və ya on qarini digər qarilərdən üstün tutmasını isə xüsusilə qeyd etmək lazımdır. Fərz edək ki, doğrudan da yeddi məşhur qari digər qarilərdən daha mötəbər və Quran elmlərinə onlardan daha yaxşı yiyələnmişlər. Lakin buna baxmayaraq, yeddi qarinin mötəbər olduğunu bilavasitə Quranın mütəvatirliyinə də meyar olaraq qəbul edə bilmərik. Bəli, yeddi qarinin üstün xüsusiyyətlərini nəzərə alaraq, onları digər qarilərdən daha mötəbər hesab etmək olar. Quranın mütəvatirliyinə gəldikdə isə, bir-birindən fərqli olan bu iki şeyi əsla əlaqələndirmək olmaz.

  

    Nəticə:   Yuxarıda qeyd olunan dəlilləri nəzərə alaraq, yeddi qarini digər qarilərdən daha mötəbər hesab edə bilmərik. O ki qaldı digər qiraət üsullarına, onların mütəvatir olduqlarına kimsə əsaslanmır.

    
    ARAŞDIRMA  

  Belə bir nəticəyə gəlirik ki, Quranla qiraətlər arasında mütəvatirliyin bərqərar olunmasına heç bir lüzum yoxdur. Bunu alimlərdən bir çoxu təsdiq etmişlər. O cümlədən Zərqani deyir: Alimlərdən bəziləri bu məsələni daha da şişirdərək, yeddi qarinin mötəbərliyini qəbul etməyən şəxsləri küfrdə ittiham etmişlər. Çünki onlar, qiraətləri mütəvatir hesab etməyən şəxsləri Quranı da mütəvatir hesab etməməkdə günahlandırır və bu səbəbdən də, belə şəxsləri küfr etməkdə suçlayırlar. Bir zamanlar Əndəlosun (İspaniyanın) müftisi olmuş Əbu Səid Fərəc ibni Ləb, bu əqidənin bünövrəsini qoymuş ilk şəxslərdən olmuşdur. O, öz əqidəsini sübuta yetirmək üçün böyük səy göstərmiş, hətta bu sahədə kitab da yazmışdır. Lakin bütün bunlar bir nəticə verməmiş və Əbu Səid öz əqidəsini sübuta yetirə bilməmişdir. Bir qədər əvvəl qeyd etdik ki, qiraətlə Quranın mütəvatirliyi arasında olduqca böyük fərq vardır. Məgər Quran qiraətlər olmadan mütəvatir ola bilməzmi? Necə ki, bütün qarilərə gəldikdə, onlar hamılıqla mütəvatir hesab olunurlar.

  

  Alimlərin bəziləri deyirlər: Qiraətlərlə Quranın mütəvatir olması arasında heç bir əlaqə yoxdur. Üsul alimlərindən kimsə bu haqda heç bir nəzər irəli sürməmişdir. Bu barədə, sayı həddindən artıq az olan şəxsi nəzər sahiblərindən biri də İbni Hacibdir.

  

  Zərkeşi Burhan kitabında yazır: Quran və qiraət bir-birlərindən fərqlənən iki müxtəlif həqiqətlərdir. Onların arasında olan müştərəklikdən danışa bilmərik. Çünki Quran həzrət Məhəmmədə (s) nazil olmuş ilahi vəhy, qiraət isə tələffüz və yazılış baxımından bir-birindən fərqlənən özünəməxsus bir elmdir. Bununla yanaşı bəziləri qiraətləri mütəvatir, bəziləri isə sadəcə olaraq mötəbər hesab edirlər. Bunu da qeyd etmək lazımdır ki, bizə gəlib çatan qiraətlər qarilər tərəfindən mütəvatir olaraq nəql olunmuşdur. Lakin qarilərin özlərinin Peyğəmbər (s) tərəfindən mütəvatir olaraq nəql olunmaları, yəni mötəbər olduqlarına dəlalət edən hədisin nəql olunması kimsəyə məlum deyildir. Çünki, qiraətlər Peyğəmbər (s) tərəfindən vahid xəbər formasında nəql olunmuşdur və onlara yalnız qiraət kitablarında rast gəlmək olar. (Əl-itqan. 1-ci cild, 138-ci səh).

    
    YEDDİ QİRAƏT NÖVÜ İLƏ YEDDİ QİRAƏT ÜSLUBU AYRI-AYRI ŞEYLƏRDİR  

  Bəzən belə təsəvvür olunur ki, Quranın nazil olduğu yeddi hərf və yeddi oxunuş üslubu yeddi qiraət növü ilə eyni şeydir. Onlar buna əsaslanaraq öz iddialarını sübuta yetirmək üçün yeddi hərf və yeddi oxunuş üslubu haqda varid olan hədisləri öz müddəalarının dəlili kimi göstərməyə çalışmışlar.

  

  Çarəsizlikdən bu mövzunu burada araşdırmaq və onda olan səhvləri aydınlaşdırmaq məcburiyyətindəyik.

  

  1.Biz yeddi hərf və yeddi oxunuş üslubu haqda nəql olunmuş rəvayətləri əsla qəbul etmirik;

  

  2.Bu rəvayətlərin mötəbərliyinə istinad etsək də belə, yeddi hərf və yeddi oxunuş üslubunu yeddi qiraət növü ilə əlaqələndirməməliyik. Çünki, bu mövzu ətrafında təhqiqat və araşdırmalar aparmış alimlərdən heç biri, onların bir olduqlarına dair fikir irəli sürməmişlər. Burada Cəzairinin bu barədə söylədiklərini xatırlamaq yerinə düşərdi. O deyir: Əbu Bəkr Əhməd ibni Musa ibni Abbas ibni Mücahidin üçüncü yüzillikdə Bağdad qiyamına qədər mötəbər sayılan yeddi qiraət üsulu digər qiraətlərdən əsla fərqlənmirdi. O Məkkə, Mədinə, Kufə, Bəsrə, Şam şəhərlərinin qarilərindən yeddi nəfəri seçib onlara rəsmiyyət verdi. Onlar aşağıdakılardan ibarətdir: Nafe, Abdulla ibni Kəsir, Əbu Əmr Əla, Abdulla ibni Amir, Asim, Həmzə və Kəsai.

  

  Bəziləri belə güman edirlər ki, yeddi qiraət üsulu ilə yeddi qiraət növü arasında heç bir fərq yoxdur. Lakin bu, heç də belə deyildir... Alimlərin bəziləri hətta Əbu Bəkr ibni Mücahidi yeddi qiraət üsulunu mötəbər hesab etdiyi üçün tənqid atəşinə tutmuşlar. Onlar deyirlər: Yeddi deyildikdə, bir çoxları qiraətlə üslub arasında heç bir fərqin olmadığını güman edir və bu səbəbdən də əksər hallarda səhvə düçar olurlar.

  

  Sonra əlavə edərək deyir: Əhməd ibni Amir Məhdəvi deyir: Yeddi qiraət üsullarını mötəbər hesab edən şəxslər, camaatı anlaşılmaz vəziyyətdə qoyurlar. Çünki bu barədə kifayət qədər məlumatı olmayan kütlə, nəql olunmuş rəvayətlərdən səhv nəticə çıxardaraq qiraətlərin yeddi üslubla əsla fərqlənmədiyini güman edir. İbni Mücahid qiraətləri müəyyən etdiyi zaman belə bir ixtilafın meydana gəlməməsi üçün onlardan yalnız birini müəyyən etsəydi, çox gözəl olardı...

  

  Məşhur qiraət ustası İsmayıl ibni İbrahim ibni Məhəmməd Qurab Şafi kitabında yazır: Yalnız yeddi qarinin qiraətini seçib, digər qiraətləri rədd etməkdə heç bir rəvayətə əsaslanmaq olmaz.

  

    Lakin son illərin alim və mütəxəssisləri, yeddi qaridən savayı kimsəni tanımadıqları üçün, öz əsərlərində yalnız onların qiraətlərinə işarə etmiş və onları Kitabus-səbə (Yeddi kitab) adlandırmışlar. Bu kitablar tədriclə camaat arasında yeddi qiraət üsulunu sübuta yetirəcək dəlilə çevrilmişdir.

  

  Əbu Məhəmməd Məkki deyir: Alimlərdən bəziləri öz kitablarında yetmişə yaxın qarinin adını çəkmiş və onlardan bəzilərini elmi baxımdan yeddi mötəbər qaridən daha üstün tutmuşlar. Belə bir halda bu yeddi qarinin qiraətini Quranın yeddi qiraət üslubu ilə necə uyğunlaşdırmaq olar?! Görəsən bu mətləbə istinad etmək haqq və ədalətdən uzaqlaşmaq deyildirmi?! Ümumiyyətlə bunu təsdiq edəcək hər hansı bir dəlilə istinad etmək olarmı? Peyğəmbərdən (s) bu barədə rəvayət nəql olunduğu bir halda bu qiraətləri, yeddi Quran üslubu ilə eyni hesab etmək düzgün olardımı? Tarixə nəzər saldıqda görürük ki, Kəsai, Məmunun xilafəti dövründə qarilər sırasına daxil olur. Əvvəllər yeddinci qari Yəqub Həzrəmi hesab olunardı və Hicrətin 300-cü ilində İbni Mücahid, Kəsaini, Yəqub Həzrəminin yerinə təyin edir!! (Tibyan 82-ci səh).

  

  Şərəf Musa deyir: Bir çoxları qiraətlə yeddi Quran üslubunu eyni hesab etməklə böyük bir səhvə yol vermiş olurlar. Şübhə yoxdur ki, belə bir təfəkkür tərzi onlarda, kifayət qədər məlumat əldə edə bilmədikləri üçün yaranmışdır.(Tibyan, səh.61.)

  

  Qurtəbi deyir: Davudi və İbni Səfrə kimi bir çox alimlərimiz də qiraətlərlə üslublar arasında heç bir fərqin olmamasına dair fikir irəli sürmüşlər. Onlar deyirlər: Səhabələr qiraətlərin hər hansı birini seçməkdə tamamilə azaddırlar.

  

  İbni Nuhas və başqaları bu haqda deyir: Üslub dedikdə, biz yalnız bir şeyi nəzərdə tutmalıyıq. O da, xəlifə Osmanın dövründə yığılmış Quran nüsxələridir. O ki qaldı qiraət üslublarına, bu, sonralar alimlər tərəfindən müəyyən olunmuşdur müxtəlif oxunuş qaydalarıdır. (Təfsir Qurtəbi. 1-ci cild, 46-cı səh).

  

  İbni Cəzri də Kəsainin Quranın yeddi üslubda nazil olduğunu, qiyamət gününədək bu əsasda oxunacağına dair irəli sürdüyü nəzəriyyəsini tamamilə batil və əsassız hesab edərək demişdir: Siz özünüz bu nəzəriyyənin nə qədər zəif və əsassız olduğunun şahidisiniz. Çünki, kifayət qədər məlumat əldə etmiş şəxslər yeddi, on, on üç qiraət üslublarının yalnız son illərdə meydana gəlib məşhurlaşdığını çox gözəl dərk edirlər. Bu qiraət üsullarını hicrətin birinci yüz illiyində istifadə olunan qiraətlərlə müqayisə etsək, sanki dənizdən bir damla su götürmüş kimi oluruq. Belə ki, yeddi mötəbər qarinin qiraətindən təqlid və istifadə etmiş şəxslər olduqca çox olmuşlar.

  

  Biz burada onlarla yanaşı, saysız-hesabsız qiraət nəql etmiş ravilərin də fəaliyyətinin şahidi oluruq. Hicrətin üçüncü yüz illiyinə qədər onların   fəaliyyəti bu minvalla davam etmiş və üçüncü yüz illiyin axırlarında özünün ən son həddinə çatmışdır. Üçüncü yüz illik sona çatdıqda məşğuliyyətlər çoxalır və yaddaşlarda zəiflik yaranmağa başlanır. Bir tərəfdən də, digər elmlərlə müqayisədə hədis və təfsir elmlərinə daha çox diqqət yetirilməyə başlanır. Alimlərdən bəziləri özlərinin və ya təhsil aldıqları qiraət ustalarının qiraətini yazılı şəkildə qoruyub saxlamağa daha çox üstünlük verirdilər.

  

  Hamının etimadını qazanmış Əbu Ubeyd Qasim ibni Səlami ilk dəfə olaraq qiraətləri bir yerə toplayaraq kitab halına salmışdır. Hicrətin 224-cü ilində vəfat etmiş Əbu Ubey nəql olunmuş bu qiraətləri 25 qiraət üslubunda xülasə və tənzim edə bilmişdir. Sonra Əhməd ibni Ubeyr ibni Məhəmməd Kufi (258-ci Hicri ili) Antakiyada yaşadığı illərdə beş böyük şəhərin hər birindən (Məkkə, Mədinə, Bəsrə, Kufə, Şam) bir qari seçərək onlar barəsində ayrıca kitab yazmışdır.

  

  Qalun ilə birlikdə təhsil almış Qazi İsmayıl ibni İshaq Maliki (282-ci Hicri) öz kitabında iyirmi məşhur qari haqda ətraflı məlumat vermişdir. Onların siyahısında yeddi mötəbər qarinin adlarını da görmək olur. Qazidən sonra Məhəmməd Cərir Təbəri (301-ci Hicri) Əl-cam adlı kitabını yazmış və orada iyirmidən çox qari haqda ətraflı məlumat vermişdi. Sonra Əbu Bəkr Məhəmməd ibni Əhməd ibni Əmr Dağuyi (324-cü Hicri) məşhur qiraətlər haqda kitab tərtib edərək orada Əbu Cəfər Təbərinin də on mötəbər qaridən biri olduğunu qeyd etmişdir. Və nəhayət Əbu Bəkr Əhməd ibni Musa ibni Abbas ibni Mücahid (324-cü Hicri) ilk dəfə bu qiraətləri yeddi mötəbər qiraət adlandırmışdır. O, öz kitabında Dacuyi və Təbəri haqda da ətraflı məlumat vermişdir.

  

  Qiraət barəsində kitab yazmış İbni Cəzri öz əsərində digər təhqiqatçıların həyat və yaradıcılıqları haqda söhbət açdıqdan sonra deyir: Qiraətlərin tarixi haqda ətraflı məlumat verməkdən əsas məqsəd, kifayət qədər məlumat əldə etməyən şəxslərə həqiqəti bildirməkdir.

  

  Çünki onlar, Peyğəmbərin (s) dəfələrlə işarə etdiyi yeddi hərf və yeddi oxunuş üslubu ilə yeddi mötəbər qiraətlər arasında heç bir fərqin olmadığını güman edirlər. Bu isə tamamilə yanlış bir əqidədir. Bəzi məlumatsız şəxslər belə güman edirlər ki, mötəbər hesab olunan qiraətlər yalnız Əşşatibiyyə və Əttəysir adlı kitablarda, haqqında söhbət açılan qiraətlərdir. İstinad etdikləri yeganə mənbə isə Peyğəmbərdən (s) nəql olunmuş yeddi hərf və yeddi oxunuş hədisidir. Onlar hətta bu kitabda adları çəkilməyən qiraətləri qeyri-mötəbər və əsassız hesab etmişlər. Bir halda ki, orada adları çəkilməyən və yeddi qiraət üsullarından hesab olunmayan bəzi qiraətlər onların bir çoxundan daha mötəbər və daha düzgündür. Belə bir böyük səhvə yol vermələrinin əsas səbəbi, onların Quran yeddi üslubda nazil olmuşdur hədisindən çıxardıqları səhv nəticə,   digər tərəfdən isə yeddi qiraət üslubu haqda əldə etdikləri bəzi məlumatlardır. Buna əsasən də onlar yeddi qiraət üslubu ilə Quranın yeddi hərf və yeddi oxunuş üslubu arasında heç bir fərqin olmadığını zənn etmişlər. Bir çox keçmiş alimlər İbni Mücahidi qiraətləri yeddi hissəyə böldüyünə və onun sayını yeddidən nə çox, nə də az qeyd etmədiyinə görə tənqid atəşinə tutmuşlar. Çünki, məlumatı olmayan bir çox şəxslər qiraətlərlə üslublar arasında heç bir fərqin olmadığını güman edərək böüyk səhvlərə yol verirlər.

  

  Əbu Şammə deyir: Bir çoxları belə güman edirlər ki, yeddi qiraət deyildikdə hədisdə nəzərdə tutulan ifadələr nəzərdə tutulur. Bir halda ki, alimlər belə bir nəzəriyyəni rədd edirlər. Bəli, belə bir yanlış məlumata bu haqda heç bir məlumatı olmayan cahil insanlar əsaslanırlar. (Əl-itqan (Süyuti). 1-ci cild, 138-ci səh).

  

  Dediklərimizdən belə bir nəticəyə gəlmək olur ki, qiraətlərin heç biri mütəvatir olaraq qarilərin özləri və ya Peyğəmbər (s) tərəfindən nəql olunmamışdır. Onların mütəvatirliyinin qarilər tərəfindən nəql olunduğu fərz olunsa da, qəti şəkildə bilmək lazımdır ki, Peyğəmbərdən (s) bu məzmunda mütəvatir olaraq bircə rəvayət də nəql olunmamışdır.

  

  Demək, mötəbər qiraətlər ya vahid xəbər formasında nəql olunmuş, ya da qarilərin özlərinin ictihadı nəticəsində meydana gəlmişdir. Belə olduqda biz burada iki mətləbi aydınlaşdırmalıyıq:

  

  1.Bütün qarilərin mötəbər olub-olmaması;

  

  2.Bu qiraətlərdən namazda istifadə olunub-olunmamasının düzgünlüyü.

  

  Gələcək fəsillərdə biz onların hər biri haqda ətraflı söhbət açacağıq.

  
    QİRAƏTLƏRİN DƏLİL OLMASI HAQDA  
    ŞƏRİƏT MƏSƏLƏLƏRİNDƏ YEDDİ QİRAƏT ÜSLUBU İLƏ İSTİDLAL ETMƏK OLARMI?   

  1.Alimlərin bəziləri bütün qiraət üslublarını mötəbər hesab edərək bir çox şəriət məsələlərində onlara istinad etmişlər. Belə ki, Həfs istisna olmaqla, Kufə qariləri   Heyz zamanı qadınlardan kənar olun, heyzdən təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin   ayəsinə istinad edərək, heyz qusulu almamış qadınla yaxınlıq etməyin haram olduğuna istinad etmişlər. Göründüyü kimi onlar yəthə ə kəlməsini təşdidlə, yəni yəttəhhə ə oxumuşlar. Yəni heyzdən uzaq olun və (qadınlarınız) qüsl almayınca onlarla yaxınlıq etməyin.

  

      Cavab:   Bu qiraətin düzgünlüyünə dair heç bir dəlil yoxdur və qiraətlər arasında ixtilaf olduğu bir halda şəriət məsələlərində onlardan birinə istinad etmək olmaz. Bunun isə iki əsas səbəbi vardır:

  

  Birincisi, qiraətlərin səhv olmasının mümkünlüyü;

  

  İkincisi, qiraətlərə əməl olunmasının vacibliyinə dəlalət edən əqli və şəri dəlillərin olmaması ilə yanaşı, əql və şəriətin insana yəqinlik hasil etmədiyi hər hansı bir şeyə əməl etməyi qadağan etməsi. Bu haqda gələcək fəsillərdə ətraflı söhbət açacağıq.

  

  2.Deyə bilərlər ki, qiraətlər mütəvatir olmasa da, Peyğəmbərdən (s) nəql olunduğu üçün, onları heç olmasa vahid xəbər formasında nəql olunmuş hədislərə aid edə bilərik. Demək, vahid xəbərin etibarlı olmasına dəlalət edən amillər bu qiraətin də mötəbərliyinə dəlalət edəcəkdir.

  

    Cavab:   Qiraətlərin rəvayət olunduğu sübuta yetmədiyi bir halda təbii ki, vahid xəbərin də dəlil olması onları sübuta yetirməyəcəkdir. Belə ki, bir qədər əvvəl qiraətlərin qarilərin şəxsi rəy və ictihadları nəticəsində meydana gəlməsinin ehtimal verildiyinə işarə etdik. Bəzi alimlərin bu mətləbə əhəmiyyət verməsi bu ehtimalı bir daha təsdiq edir.

  

  Əgər qarilər arasında yaranmış ixtilafların əsas səbəbini ilk vaxtlar hərflərin nöqtəsiz, durğu işarələrinin olmamasında görmüşdüksə, onların ictihad etməsi haqda irəli sürülmüş nəzəriyyə bir daha özünü sübuta yetirir. İbni Əbi Haşim bu barədə deyir: Qarilərin qiraətlərində yaranmış ixtilafların əsas səbəbi, səhabələrin fəth olunmuş məntəqələrə göndərilərək, orada yerli əhaliyə Quran ayələrini nöqtə və işarələrsiz öyrətmələri olmuşdur. Yazıb-oxumaq savadı olmayan şəxslər Quranı başqalarından şifahi şəkildə dinləməklə əzbərləməyə çalışırdılar. Əzbərlədikləri hər bir ayə Quran nüsxələri ilə uyğun gəldikdə ona əməl edir, ziddiyyətli nəzərə çarpdıqda isə onu tərk etməli olurdular. Beləliklə də müxtəlif şəhər və məntəqələrdə bir-birindən fərqlənən qiraət üsulları meydana gəldi.

  

  Zərqani deyir: Müsəlmanlar İslamın zühur etdiyi ilk illərdə Quranın orjinallığını qoruyub saxlamaq və müxtəlif qiraətlərin qarşısını almaq məqsədilə, hərflərin üzərinə nöqtə və hərəkələr qoymadan oxumağa cəhd edirdilər. Lakin gözlənildiyinin tam əksi baş verdi. Qiraətlərdəki fərq daha çox hiss olunmağa başladı. Müxtəlif qiraət və tələffüzlərin çoxaldığını hiss edən müsəlmanlar hərflərə nöqtələr əlavə etməyə məcbur oldular. (Mənahilul irfan. 402-ci səh).

  

  2.Ravinin vahid xəbər formasının doğruluğuna dair mötəbər hesab etdiyi dəlilləri nə qiraətlərin ravilərinə, nə də qiraət üslublarının rəvayət olunmasına şamil etmək olar. Çünki, onların şərh-halı artıq etimad olunası şəxslərin olmadıqlarını sübuta yetirmişdir.

  

  3.Bütün qiraətlərin şəxsi rəy və ictihadlara deyil, yalnız rəvayətlərə istinad olunduğunu, bütün qarilərin etimad olunası şəxs olduqlarını fərz   etsək də, onların tamamilə mötəbər olduqlarını qəbul edə bilmərik. Çünki, əldə etdiyimiz icmali elmin vasitəsilə belə məlum olur ki, qiraətlərin bir qismi əsla Peyğəmbər (s) tərəfindən bəyan olunmamışdır. Belə bir halda təbii ki, icmali elm qiraətlər arasında ixtilafın yaranmasına səbəb olmalı idi. Belə ki, qiraətlərin biri digərini təkzib edəcək və nəticədə hər biri öz etibarını itirməli olacaqdı. Qiraətlərdən birini digərindən üstün tutmaq yalnız o zaman düzgün ola bilər ki, əlimizdə onun etibarlığını sübuta yetirəcək kifayət qədər dəlil olsun. Əks təqdirdə qiraətlərdən birinin digərindən üstün tutulması şəriət qanunlarına əsasən, tamamilə zidd olacaqdır.

  

  Əgər bütün qiraətlərin mötəbərliyinə istinad etsək, yenə də həmin nəticəyə gələcəyik. Şəriət məsələlərinin həllində onlardan istifadə etməyə gəldikdə isə, burada üstün xüsusiyyətləri bəyan edən və məna baxımından bir-biri ilə ziddiyyət təşkil edən rəvayətlərə istinad etməli olacağıq. Çünki, əgər hər iki qiraətin mütəvatir olduğunu təsdiq etsək, onların hər ikisinin Allah tərəfindən nazil olmasını qəbul etməli olacağıq. Demək, qiraətlərin hər ikisi sənəd baxımından eyni, zahiri məna baxımından isə bir-biri ilə tamamilə müxtəlif olacaqdır. Bu isə qeyri-mümkündür.

  

  İcmali olaraq qiraətlərdən birinin mötəbər olmadığını bilsək, onda gərək hər ikisini inkar edib digər üsul və qanunlara müraciət edək. Çünki, zahiri mənanı nəzərə alaraq onlardan birini digərindən üstün və həmçinin üstün tutduğumuz qiraəti mötəbər hesab edə bilmərik. Belə ki, iki şeydən birini digərindən yalnız o zaman üstün tutmaq olar ki, onlardan hansınınsa mötəbər olub-olmamasında yəqinlik hasil etmiş olaq. Qiraətlərdən hər hansı biri ziddiyyətli olsa artıq, onlardan heç birini mötəbər saya bilmərik. Çünki, belə olduqda onlar sənəd baxımından bir-birindən fərqlənməyəcək.

  
    YEDDİ QİRAƏT ÜSLUbLARININ HƏR BİRİ İLƏ NAMAZ QILMAQ OLARMI?   

  İstər sünnü, istərsə də şiə alimlərinin bir çoxu yeddi qiraət üslubu ilə, bəziləri isə mövcud olan on və ya daha çox qiraət üslubları ilə namaz qılmağı düzgün hesab edirlər.

  

  Lakin, namazda Quran ayələrinin düzgün tələffüz edilməsinin vacib şərtlərdən olmasını nəzərə alaraq deyə bilərik ki, qiraətə olduqca böyük əhəmiyyət yetirilməli, namazda bütün qiraətlərdən deyil, yalnız Peyğəmbər (s) və ya imamlar tərəfindən düzgünlüyü təsdiq olunan qiraətlərdən istifadə olunmalıdır. Demək, düzgünlüyü sabit olmayan hər hansı bir surə və ya kəlməni Quran adlandırmaq olmaz və insan, üzərinə düşən məsuliyyəti elə yerinə yetirməlidir ki, nəticədə ona olduğu kimi əməl etməsinə yəqinlik hasil etsin. Diqqət yetirsək məlum olar ki, ya gərək qiraətlərin sayı   miqdarında namaz qılınsın, ya da ixtilafa səbəb olan kəlmə və ya ifadə müxtəlif tələffüz formalarında təkrar edilsin. Yalnız belə olduqda insan üzərinə düşən məsuliyyəti olduğu kimi yerinə yetirmiş olur. Məsələn, Fatihə surəsinin 4-cü ayəsi həm Maliki yəvmiddin, həm də Məliki yəvmiddin şəklində oxunsun.

  

  Namazda Fatihə surəsindən sonra oxunan surələrə gəldikdə isə, gərək qiraətində heç bir ixtilaf olmayan surələr oxunsun.

  

  Bir anlıq imamların tövsiyələrinə nəzər salaq. Onlar zəmanələrində istifadə olunan qiraətlərin düzgünlüyünə nəzarət edir və öz davamçılarına bu qiraətlərdən istifadə etmələrini tövsiyə edirdilər. Öyrəndiyiniz kimi oxuyun, Sən də camaat oxuduğu kimi oxu. (Kafi-nəvadir fəsli. Quranın fəziləti).

  

  Qiraətlərdən bəzilərinin yasaq olunmasına gəldikdə isə, qeyd etməliyik ki, bu barədə onlar tərəfindən rəvayət nəql olunmamışdır. Və əgər nəql olunsaydı təbii ki, mütəvatir və ya vahid xəbər formasında bizlərə gəlib çatardı.

  

  Buradan belə bir nəticəyə gəlirik ki, namazdakı Quran qiraətlərini yeddi və ya on üsluba ayırmaq heç bir məna kəsb etmir. Yəni insan, qondarma və qeyri-mötəbər qiraətləri çıxmaq şərti ilə, namazda istədiyi qiraətlərdən istifadə edə bilər. Məsələn, Maliki yəvmiddin ayəsinimələkə yəvməddin kimi oxumaq düzgün deyildir.

  

  İnnəma yəxşəllahə min ibadihil uləmau ayəsindəki Allah kəlməsini zəmmə ilə yəxşəllahu və uləma kəlməsini fəthə ilə uləmaə kimi oxumaq tamamilə yanlış və səhv qiraət üsuludur. Bu qiraəti Əbu Hənifə, Xəzaidən nəql etmişdir. (Ayənin mənası belədir: Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Xəzainin şəraitindən isə bunun tam əks mənasını əldə edirik. Yəni, Alimlərdən qorxan yalnız Allahdır.)

  

  Qeyd olunanlardan belə bir nəticəyə gəlirik ki, imamların zamanında mövcud olmuş, düzgünlüyü onlar tərəfindən təsdiq olunan qiraətlərdən gündəlik namazlarda istifadə etmək tamamilə doğru və düzgündür.

  
    YEDDİNCİ FƏSİL  

    1.Yeddi hərf və yeddi oxunuş haqda nazil olmuş rəvayətlərin araşdırılması;  

  

    2.Yeddi hərf və yeddi oxunuş üslubunun məna və məfhumu.  

  

    Yeddi hərf və yeddi oxunuş haqda nazil olmuş rəvayətlərin araşdırılması;   

    
    YEDDİ HƏRF VƏ YEDDİ OXUNUŞ HAQDA NAZİL OLMUŞ RƏVAYƏTLƏRİN ARAŞDIRILMASI  
    HƏDİSLƏRİN MƏTNİ  

  Əhli sünnə alimləri öz kitablarında Quranın yeddi hərf və yeddi oxunuşu haqda bir çox hədis və rəvayətlər nəql etmişlər. Burada onlardan bir neçəsini araşdırmağı məqsədəuyğun görürük.

  

  1.Təbəri, Yunus və Əbi Kəribdən, onlar da İbni Şəhabdan, o da İbni Abbasdan və o da Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir:

  

  Peyğəmbər (s) buyurur:   Cəbrail Quranı mənə yalnız bir səbkidə oxudu. Mən də onu bir müddət həmən səbkidə oxuyurdum. Sonra mən ondan bunun sayını artırmasını xahiş etdim. O da, qiraətlərin sayını artırıb yeddiyə çatdırdı.   

  

  Bu hədisi Müslim öz kitabında Hərmələdən, o da İbni Vəhəbdən və o da Yunusdan nəql etmişdir. (Səhih Müslüm. 2-ci cild, 202-ci səh).

  

  2.Buxari, Əbi Kəribdən, o da Əbdürrəhman ibni Əbi Leyladan, o da babası Ubeyy ibni Kəbdən nəql edərək yazır: Məsciddə idim, bir şəxs daxil olub namaz qılmağa başladı. Qiraəti xoşuma gəlmədiyi üçün ona bir neçə irad tutdum. Sonra başqa birisi daxil olub tam başqa bir qiraətlə namaz qılmağa başladı. Mən onun da qiraətinə irad tutdum. Yaranmış anlaşılmamazlığı aradan qaldırmaq üçün hər üçümüz Peyğəmbərin (s) yanına getdik. O həzrəti gördükdə dedim: Bu iki nəfər məsciddə qiraətləri bir-birindən fərqli namaz qılırdılar və mən hələ bu vaxta qədər onların qiraətinə bənzər qiraət eşitməmişdim. Peyğəmbər (s) onların qiraətlərini dinləyib hər ikisini alqışladı. Bu əhvalat məndə şübhə hissi yaratdı, lakin bu hiss, cahiliyyət dövründəki hisslərimdən fərqli idi. Peyğəmbər (s) mənim nigaran qaldığımı görüb əlini ahəstəcə sinəmə qoydu. Xəcalət hissi bütün vücudumu bürüdü. O həzrət buyurdu: Ey Ubeyy! Mənə, Quranın yalnız bir səbkidə oxunması əmr olundu. Lakin mən, bunun ümmətim üçün bir qədər asan olmasını istədim. İkinci dəfə əmr olundu və mən yenə də öz xahişimi təkrar etdim. Bu əhvalat üç dəfə təkrar olundu və mən öz xahişimi üçüncü dəfə də təkrar etdim. Bu dəfə mənə Quranın yeddi səbkidə oxunması əmr olundu. Sonra mənə dedilər: İstəklərin təxirə düşdüyü üçün onların hər birinin müqabilində bir şey istəyə bilərsən. Belə olduqda mən ikinci istək olaraq, Allah-taaladan ümmətin bağışlanmasını istədim! Üçüncü istəyimi isə hamının mənə ehtiyacı olacağı günə saxlamışam.

  

    Bu rəvayəti bir qədər qısa şəkildə Müslim də öz kitabında nəql etmişdir. Təbəri də digər ravilərə istinad edərək bu rəvayəti bir qədər fərqli şəkildə öz kitabında gətirmişdir.

  

  3.Təbəri, Əbi Kəribdən, o da Süleyman ibni Sərddən və o da Ubeyy ibni Kəbdən nəql edərək deyir: Günlərin bir günündə məscidə daxil oldum və orada olduğum müddət ərzində namaz qılanların qiraətini dinləməyə başladım. Lakin, onlardan birinin qiraəti məni lap təəccübləndirdi. Ondan bu qiraəti kimdən öyrəndiyini soruşdum. O, Peyğəmbərdən (s)-deyərək cavab verdi. Sonra onu Peyğəmbərin (s) yanına aparıb qiraətini dinləməsini xahiş etdim. Peyğəmbər (s) onu dinlədikdən sonra öz razılığını bildirdi. Dedim: Ya Rəsuləllah! Sizin mənə öyrətdiyiniz qiraət bu şəxsin qiraəti ilə bir qədər fərqlidir. Buyurdu: Həm onun, həm də sənin qiraətin tamamilə düzgündür. Dedim: Ya Rəsuləllah! Həm mənə, həm də ona afərin deyirsiniz?!

  

  Sonra əlini sinəmə vurub bu duanı etdi. İlahi! Ubeyin qəlbindəki şəkk-şübhəni ondan uzaq et!

  

  Ubeyy deyir: Qorxu hissi büs-bütün vücudumu bürüdü. Sonra Peyğəmbər (s) buyurdu:   Günlərin bir günündə yanıma iki mələk gəldi. Onlardan biri Quranı yalnız bir səbkidə oxumağımı əmr etdi, ikinci mələk isə dedi: Bir qədər də əlavə et! Dedim: Bu xahişi mən də ondan etdim. Dedi: Elə isə iki səbkidə oxu! Biz bu xahişi bir neçə dəfə təkrar etdik. Səbkilərin sayı yeddiyə çatdıqda daha ondan heç bir şey istəmədik.   

  

  4.Təbəri, Əbu Kəribdən, o da atasına istinad edərək Əbdürrəhman ibni Bəkrədən və o da Peyğəmbərdən (s) nəql edərək deyir:   Cəbrail nazil olub dedi: Quranı yalnız bir səbkidə oxu! Mikayıl (mələk), ondan əlavə etməsinə xahiş etməyimi məsləhət gördü. Mən də ondan əlavə etməsini xahiş etdim. Cəbrail dedi: Elə isə iki səbkidə oxu! Mən səbkilərin sayı yeddiyə çatana qədər ondan xahiş etdim. Sonra dedi: Bu səbkilər artıq kifayət edər. Lakin diqqət yetirmək lazımdır ki, əzab ayələri məna baxımından rəhmət (bağışlama) və rəhmət ayələri əzab ayələrinə çevrilməsin.   

  

  5.Təbəri, Əhməd ibni Mənsurdan, o da Abdullah ibni Təlhədən, o da atasından nəql edərək deyir: Günlərin bir günündə bir şəxs Ömər ibni Xəttabın qarşısında Quran oxuyur. Ömər bu qiraətə qane olmayıb ona etiraz edir. Həmən şəxs deyir: Peyğəmbər (s) mənim qiraətimi dinləmiş və düzgünlüyünü təsdiq etmişdir. Ömər bu sözlərə də inanmayıb onu Peyğəmbərin (s) yanına aparır. Həmən şəxs dedi: Ya Rəsuləllah! Məgər mən hüzurunuzda Quran oxuduqdan sonra siz qiraətimin düzgünlüyünü təsdiq etmədinizmi? Peyğəmbər (s) buyurdu: Bəli! Ömər bu əhvalatdan çox narahat olur. Belə ki, Peyğəmbər (s) onun narahatlığını hiss edir və   əlini sinəsinə qoyub üç dəfə bu sözləri təkrar etdi:   Şeytanı özündən uzaq et! Sonra buyurdu: Ömər, bu qiraətlərin hamısı tamamilə düzdür. Lakin diqqət yetirmək lazımdır ki, əzab ayələri məna baxımından rəhmət, rəhmət ayələri isə əzab ayələrinə çevrilməsin.   

  

  Təbəri buna oxşar başqa bir əhvalatı, Ömər ibni Xəttab və Hişam ibni Həkəm arasında baş verdiyini də Yunus ibni Əbdül Əladan nəql etmişdir.

  

  Bu əhvalatı Buxari, Müslüm, Termizi də öz kitablarında gətirmişlər.

  

  6.Təbəri, Məhəmməd ibni Musənnadan, o da İbni Əbi Leyladan, o da Ubeyy ibni Kəbdən nəql edərək deyir: Peyğəmbər (s) Ğəffar qəbiləsinin yanında olarkən Cəbrail onun yanına gəlir və deyir:   Ya Rəsuləllah! Allahın sənə Quranı öz davamçılarına yalnız bir səbkidə öyrətməyini və onların bu səbkidə oxumalarını əmr edir. Peyğəmbər (s) buyurur: Allahın bizə rəhm etməsini istəyirəm. Çünki, mənə iman gətirmiş şəxslər belə bir ağır hökmü icra etməyə qadir deyillər.   Ubeyy deyir: Cəbrail ikinci dəfə yerə enərkən ona bu xəbəri çatdırır:   Allahın sənə Quranı iki səbkidə oxumağını əmr edir.   Peyğəmbər bir daha həmən xahişi təkrar edir. Bu əhvalat bir neçə dəfə təkrar olur və nəhayət Cəbrail dördüncü dəfə nazil olduqda Peyğəmbərə (s) Quranı yeddi səbkidə oxumaq icazəsini verir. Bu qiraətlərin hər birindən istifadə edən şəxs, onların tamamilə düzgün olmasına əmin olmalıdır. (Səhihi Müslüm. 2-ci cild, 203-cü səh.).

  

  7.Təbəri, Əbi Kəribdən, o da Zərrdən, o da Ubeydən nəql edərək deyir: Peyğəmbər (s) Məra-əhcar qəbiləsinin yanında olarkən Cəbrail onun yanına gəlir. Peyğəmbər (s) ona deyir: Mən heç bir savadı olmayan və içərilərindən çoxlu yaşlı qadın və kişi olan bir ümmətə peyğəmbər olaraq göndərilmişəm. Cəbrail onun nə demək istədiyini başa düşüb deyir: Elə isə Quranı yeddi səbkidə qiraət edin. (Səhihi Termizi. 11-ci cild, 64-cü səh.).

  

  8.Təbəri, Əmr ibni Osman Osmanidən, o da Məqbəridən və o da Əbu Hüreyrədən nəql edərək deyir: Peyğəmbər (s) buyurdu:   Quran yeddi səbkidə nazil olmuşdur. Onu istədiyiniz bu səbkilərin hər hansı birində qiraət edə bilərsiniz. Lakin diqqət yetirmək lazımdır ki, qiraət zamanı əzab ayələri məna baxımından rəhmət, rəhmət ayələri isə əzab ayələri ilə əvəz olunmasın.   

  

  9.Təbəri, Ubeyd ibni Əsbatdan, o da Ubeyy Sələmədən və o da Əbu Hüreyrədən nəql edərək deyir: Peyğəmbər (s) buyurur:   Quran yeddi səbkidə nazil olmuşdur. Orada Əlim, Həkim, Ğəfur, Rəhmi kimi ifadələr bir-birinin yerində işlənmişdir.   

  

  10.Təbəri, Səid ibni Yəhyadan, o da Abdullah ibni Məsuddan nəql edərək deyir: Surələrdən birinin ayələrinin sayının 35 və ya 36 olması haqda bir-birimizlə mübahisə edirdik. Mübahisəyə son qoymaq üçün Peyğəmbərin (s) yanına getmək qərarına gəldik. Evə daxil olduqda,   Peyğəmbərin (s) Əli ibni Əbi Talib (ə)-la birlikdə nə haqdasa söhbət etdiyini gördük. Mətləbi açıqladıqda qəzəbdən Peyğəmbərin üzünün rəngi dəyişdi. Sonra bizə tərəf gəlib buyurdu: Keçmiş ümmətlər bu kimi mənasız ixtilaf və qarşıdurmaların nəticəsində məhv olub aradan getmişlər. Bizdən ayrılıb Əliyə (ə) təklikdə nə isə dedi. Sonra Əli (ə) üzünü bizə tutub buyurdu: Allahın peyğəmbəri Quranı öyrəndiyiniz kimi qiraət etməyi əmr edir. (Təfsiri Təbəri. 1-ci cild, 9-15-ci səh).

  

  11.Qurtəbi, Əbu Davuddan, o da Ubeydən nəql edərək deyir: Peyğəmbər (s) buyurdu:   Mənə Quranın bir və ya iki səbkidə oxunması təklif olundu. Mələklərdən biri yanıma gəlib iki səbkidə oxumağı tövsiyə etdi. Sonra iki və ya üç səbkidə oxunması təklif olundu. Mələk yenə də yanıma gəlib üç səbkidə oxumağı tövsiyə etdi. Bu əhvalat bir neçə dəfə təkrar olundu və Quranın oxunma səbkisinin sayı yeddiyə çatdırıldı. Sonra mənə deyildi: İstərsən Əliymən, istərsən Səliymən, istərsən Əziyzən, istərsən də Həkiymən oxu. Lakin əzab ayələrini rəhmət ayələri ilə əvəz etmə.   

  

  Quranın müxtəlif səbkilərdə oxunmasına dair nəql olunmuş rəvayətlərin xülasəsini nəzərinizə çatdırdıq. Gələcək fəsillərdə bu rəvayətlərin əsassız olduğu haqda ətraflı söhbət açacağıq.

  
    RƏVAYƏTLƏRİN ZƏİF NÖQTƏLƏRİ  

  Quranın yeddi səbkidə oxunmasına dair nəql olunmuş rəvayətlərin hamısı əhli sünnə mənbələrində nəql olunmuşdur. Biz burada daha çox əhəmiyyət kəsb edən rəvayətləri nəzərinizə çatdırdıq. İndi isə onların zəif nöqtələrinə toxunacaq və nə qədər əsassız olduqlarını sübuta yetirməyə çalışacağıq.

  

  1.Bu rəvayətlər Zürarənin imam Baqirdən (ə) nəql etdiyi hədisin məzmunu ilə tamamilə ziddiyyət təşkil edir. Hədisdə deyilir:   Quran birdir, o bir olan Allah tərəfindən nazil olmuşdur. Qiraətdə yaranmış ixtilaflar isə qarilər tərəfindən meydana gəlmişdir. (Üsuli-kafi, Nəvadir fəsli, 12-ci rəvayət).   

  

  Fəzl ibni Yəsar imam Sadiqdən (ə) Quranın yeddi səbkidə nazil olması haqda soruşdu. İmam (ə) cavabında deyir:   Bu yalanı Allahın düşmənləri uydurmuşlar. Quran bir olan Allah tərəfindən yalnız bir səbkidə nazil olmuşdur. (Üsuli-kafi, Nəvadir fəsli, 13-cü rəvayət).   

  

  Quran və Peyğəmbərdən (s) sonra insanların dini məsələlərdə müraciət edə biləcəkləri ən mötəbər mənbə Peyğəmbərin (s) hər bir eyb, günah və nöqsandan uzaq olan Əhli-beytidir. Onların bütün əmr və qadağaları bizlər üçün qanundur.

  

    Belə bir halda onların tövsiyə və buyuruqları ilə ziddiyyət təşkil edən hədis və rəvayətlər heç bir əhəmiyyət kəsb etməməlidir.

  

  2.Rəvayətlərin məzmununda nəzərə çarpan ixtilaflar onların öz etibarını itirməsinə səbəb olur.

  

  1)Məsələn, rəvayətlərdən birində deyilir: Mikayıl, Peyğəmbərə (s) Cəbraildən oxunuş səbkilərinin artırılmasını xahiş edir. O da, Peyğəmbərin (s) xahişini və müsəlmanların Quranı bir səbkidə oxumağa qadir olmamalarını nəzərə alaraq, Allahın izni ilə onların sayını yeddiyə çatdırır. Digər rəvayətdə isə bu işin həzrət Mikayılın tövsiyəsi olmadan həyata keçdiyi göstərilir.

  

  2.Rəvayətdən birində deyilir: Ubey məscidə daxil olub orada bir şəxsin ona tanış olmayan bir səbkidə qiraət etdiyini eşidir. Digər bir rəvayətdə isə, məsciddə olarkən oraya iki nəfər şəxsin gəldiyi və onun qiraəti ilə zidd olan bir səbkidə qiraət etdikləri göstərilir.

  

  3.Bəzən verilən cavabların suallarla müvafiq olmadığının şahidi oluruq. Məsələn, İbni Məsudun nəql etdiyi rəvayətdə deyilir: Surələrdən birinin ayələrinin sayının 35 və ya 36 olması haqda bir-birimizlə mübahisə edirdik. Mübahisəyə son qoymaq üçün Peyğəmbərin (s) yanına getmək qərarına gəldik. Əhvalatı ona danışdıq. Əli (ə) Peyğəmbər (s)-la bir qədər söhbət etdikdən sonra bizə tərəf gəlib buyurdu: Allahın peyğəmbəri sizə öyrəndiyiniz kimi qiraət etməyi əmr edir. Göründüyü kimi sualla verilən cavab arasında heç bir əlaqə yoxdur.

  

  4.Quranın yeddi müxtəlif səbkilərdə nazil olması məna və məfhum baxımından heç bir əhəmiyyət kəsb etmir. Quranın müxtəlif səbkilərdə nazil olması ayələrin müxtəlif, bəlkə də ziddiyyətli mənalar verməsinə səbəb ola bilər. Quranın ən başlıca hədəfi isə, bəşəriyyətin nadanlıq və cəhalətdən uzaqlaşıb haqqa, ədalətə hidayət olmalarıdır.

  
    YEDDİ OXUNUŞ SƏBKİNİN MƏNA VƏ MƏFHUMU  

  Bu haqda bir çox nəzəriyyələr irəli sürülmüşdür. Biz onlardan bəzilərini burada qeyd edəcək və onların mənfi xüsusiyyətlərinə toxunacağıq.

  
    SİNONİM KƏLMƏLƏR  

  Birinci nəzər: Yeddi oxunuş səbki deyildikdə, eyni mənalar verən sinonim kəlmə və ya ifadələr nəzərdə tutulur.

  

  Məsələn, əccil, əsri və isə kəlmələrinin hər üçü tələsmək mənasını verir. Bu məzmunda nəql olunmuş rəvayətlərə əsasən Quranı, eyni məna daşıyan, lakin yazılışı bir-biri ilə fərqli olan ifadələrlə qiraət   etmək olar. Bu nəzəriyyənin tərəfdarları belə bir fikir irəli sürmüşlər ki, eyni məna daşıyan sinonim ifadələri Osmanın xilafəti dövründə Quran nüsxələrində görmək olardı. Qiraətdə yaranmış ixtilafları nəzərə alaraq, Quranın orjinal formada yazılması və bir-biri ilə fərqlənən nüsxələrin yandırılması əmr edilir. Təbəri və digər müfəssirlər bu nəzəriyyəyə xüsusi diqqət yetirmişlər. Həmçinin Qurtəbi və İbni Əbdulbərr Quranın yeddi səbkidə oxunmasına gəldikdə, bu nəzəriyyənin alimlərin bir çoxu tərəfindən irəli sürüldüyünə işarə etmişlər.

  
    NƏZƏRİYYƏNİ SÜBUTA YETİRƏCƏK DƏLİLLƏR  

  Əbu Bəkr və Əbu Davudun nəql etdikləri rəvayətlərlə yanaşı, bu nəzəriyyəni sübuta yetirəcək digər dəlillər də vardır.

  

  1.Yunus, İbni Şəhabdan nəql edərək deyir: Səd ibni Museyyib deyir: Nəhl surəsinin 13-cü ayəsində [Biz, müşriklərin: Quranı] Məhəmmədə bir insan öyrədir! dediklərini də bilirik deyildikdə, Peyğəmbərin (s) vəhy katiblərindən biri nəzərdə tutulur. Ayələr nazil olduqca Peyğəmbər (s) onu imla edir, o isə ayələri kağız üzərinə köçürürdü. Ayələrin sonunda gələn səmiun əlimun və əzizun həkimun kimi ifadələrlə qarşılaşdıqda, Peyğəmbərdən (s) onlardan hansı birini yazmalı olduğunu soruşar və o həzrət də cavabında buyurardı: Elə yazdıqların düzdür. Bu səbəbdən də o, özündə qürur və təkəbbürlük hiss etdi. Bəzən bunu özünə böyük fəxr bilib deyərdi: Peyğəmbər (s) ayələrdə istifadə olunan bəzi ifadələrin yazılmasını mənə həvalə etmişdi. Mən də onları istədiyim kimi yazırdım.

  

  2.Ənəsin dediklərinə istinad edərək deyir:

  

  O,   Şübhəsiz ki, gecə [namaz qılmaq üçün yataqdan] qalxmaq [çox çətin olsa da] daha əlverişli və [o zaman] söz demək [Quran oxumaq, dua etmək] daha münasibdir!   ayəsindəki əqvəm kəlməsini əsvəb kimi qiraət edən zaman yoldaşları ona irad tutaraq deyirdilər. Ey Əba Həmzə! Ayədə əsvəb deyil, əqvəmdir. Cavabında demişdi: əqvəm, əsvəb və əhda kəlmələrinin hər üçü eyni məna daşıyır.

  

  3.İbni Məsudun qiraətinə istinad edərək deyir:

  

    [Onların cəzası] ancaq dəhşətli, tükürpədici bir səs [Cəbrailin qışqırtısı] oldu   ayəsində səyhətən vahidətən birləşməsini zəyqətən vahidətən kimi oxumuşdu. Səyhə və zəqyə eyni mənalı sözlər olub, dəhşətli və tükürpədici səs mənasını daşıyır.

  

  4.Təbəri, Həmmama istinad edərək Məhəmməd ibni Bəşşar və Ubeyy Saibdən nəql edib deyir: Əbu Dərda   Həqiqətən [Cəhənnəmdəki] zəqqum ağacı günahkar [kafir] kimsənin yeməyidir   ayəsində təamul əsim birləşməsini təamul yətim kimi oxumuşdu. Əbu Dərda   ayəni bir neçə dəfə təkrar edir, lakin onu dinləyən şəxs ayənin mənasını başa düşmür. Sonra o, ayəni bir qədər də dəyişərək təamul facir kimi oxumağa başlayır. Çünki facir və əsim kəlmələri eyni məna daşıyır.

  

  5.Bu məzmunda nəql olunmuş rəvayətlərdən belə nəticəyə gəlirik ki, Quran, əzab ayələri rəhmət və rəhmət ayələri əzab ayələri ilə əvəz olmamaq şərtilə yeddi müxtəlif səbkilərdə oxuna bilər. Eləcə də ayədəki eyni mənalı sinonim sözlər bir-biri ilə əvəz oluna bilər.

  

    Cavab:   Gətirilən dəlilləri bir neçə səbəbdən əsassız hesab edə bilərik.

  

  1)Yeddi oxunuş səbkisi deyildikdə, ilk növbədə bunu nəzərdə tutmaq lazımdır ki, sinonim sözlər Quranın bütün ayələrində deyil, yalnız bir neçə yerində nəzərə çarpır. Belə bir halda, heç bir zərurət olmadan eyni mənalı ifadələri bir-biri ilə əvəz etmək nə dərəcədə düzgün ola bilər?!

  

  2) Quran öz fəsahət və bəlağəti ilə bütün səmavi kitablardan fərqləndiyi və əbədi möcüzə olduğu bir halda, Peyğəmbər (s) orada istifadə olunan eyni mənalı sözlərin bir-biri ilə əvəz olunmasına icazə verə bilərdimi?

  

  Məlum məsələdir ki, sonuncu səmavi kitab olan Quran Qiyamətə qədər bəşəriyyətin istinad edəcəyi yeganə ilahi mənbədir və onun mötəbərliyinin əsaslı dəlillərindən biri də bu müqəddəs kitabın orjinallıq və toxunulmazlıq məsələsidir. Əgər Quranda belə dəyişikliklərin aparılmasına icazə verilsə və ümumiyyətlə belə bir şey mümkün olsa, onda artıq bu kitab nə orjinal sayılar və nə də onun möcüzə olmasından danışmağa dəyməz. Əziz oxucular! Fikrimizi daha aydın şəkildə çatdırmaq üçün misal olaraq Yasin surəsinin bir neçə ayəsini məhz Quranın özündə işlənən sinonim sözlərlə əvəz edib sizin mühakimənizə verirəm.

  

  Yasin. Vəzzikril həkim. İnnəkə ləminəl ənbiyai əla təriqin səviyy. İnzalil həmidil kərim. Lətəxəvvəfə qovmən ma xəvvəfə əslafəhum fəhum sahun.

  

  Hansı bir ağıllı insan qəbul edə bilər ki, Peyğəmbər (s) Allahın əmanəti olan müqəddəs kitabda belə dəyşikliklərin aparılmasına icazə versin!? Əgər belə bir şey mümkün olsa, onda Quranın təhrif edilməsini məqbul sayanlara gözaydınlığı vermək lazımdır. Çünki bu iddialara əsasən, Peyğəmbər (s) özü şəxsən belə bir işə icazə vermiş olur.

  

  Allah özü şahiddir ki, bu sözlər yalan və iftira, eyni zamanda bağışlanmaz günahdır.

  

  Allah-taala öz peyğəmbərinə xitabən buyurur:

  

    Onlara de ki: Mən onu öz başına [istədiyim kimi] dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram.  

  

  Bu əmrdən sonra o həzrət bu kimi dəyişikliklərə yol verə bilərdimi?!

  

  Rəvayətlərdən birində deyilir: Peyğəmbərin (s) Bərra ibni Azibə öyrətdiyi duaların birində belə bir ifadə var idi: Və nəbiyyukəlləzi   ərsəltə. Bərra burada nəbi kəlməsini rəsul sözü ilə əvəz edir. Bu sözlər məna baxımından bir-biri ilə o qədər də fərqli olmamasına baxmayaraq, Peyğəmbər (s) belə bir dəyişikliyin aparılmasını ona qadağan edir. (Tibyan 58-ci səh.).

  

  Şəxsən özü təlim etdiyi bir duanın mətninin əvəz olunmasına bu qədər diqqətli olan bir peyğəmbər, Allah tərəfindən nazil olmuş və qiyamət gününədək toxunulmaz qalacağına vədə verilən Quran ifadələrini bir-biri ilə əvəz edə bilərdimi?! Peyğəmbərin (s) Quranı yeddi səbkidə oxumasını iddia edən şəxslər isə, ilk növbədə bu iddianı sübuta yetirməli və nümunə olaraq bir neçə mətləbə işarə etməlidirlər. Həqiqətən əgər belə bir qiraət üsulu mövcud olsaydı, bu günə qədər mütləq qorunub saxlanılardı. Qurani-kərimdə bu haqda deyilir:

  

    Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, Biz də onu [hər cür təhrif və təbdildən, artırıb azalmadan] qoruyub saxlayacağıq. (Hicr-9).   

  

  2.Rəvayətlərdən belə məlum olur ki, Quranın müxtəlif səbkilərdə qiraət olunmasının əsas səbəbi, onun bir səbkidə oxunmasının müsəlmanlar üçün olduqca çətin olması olmuşdur. Qiraətin asanlaşması məqsədilə Peyğəməbrin (s) xahişi ilə onların sayı yeddiyə çatdırılır. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, qiraətlərin çoxalması nəinki müsəlmanların xeyrinə olmamış, hətta ixtilaf və ayrı-seçkiliyin yaranmasına da səbəb olmuşdur. Belə ki, onlardan bəziləri digərlərini fərqli qiraətlərinə görə küfrdə ittiham etmişlər. Bu səbəbdən də xəlifə Osman, Quranın orjinal nüsxəsindən istifadə etməyi və digər nüsxələrin yandırılmasını əmr edir.

  

  Buradan bir neçə nəticəyə gələ bilərik.

  

  1.Quranın müxtəlif səbkilərdə oxunması müsəlman ümmətinə ağır nəticələr verdi və bu böhran Osmanın xilafəti dövründə daha aşkar şəkildə zahir oldu.

  

  Belə bir halda biz, qiraətlərin artırılmasına və bunun həyata keçməsinə dəlalət edən rəvayətlərin mötəbərliyinə istinad edə bilmərik. Bir haldakı bu məzmunda nəql olunmuş digər rəvayətlərdə Peyğəmbərin (s) qiraətlərdə mövcud olan ixtilaflara qarşı çıxması və hətta bəzi hallarda qəzəbləndiyinin də şahidi oluruq. Ötən fəsillərdə bu mətləbə dəlalət edən bir neçə rəvayəti nəzərdən keçirdik, növbəti fəsillərdəbu mövzuya bir daha qayıdacağıq.

  

  2.Müsəlmanların Quranı yalnız bir səbkidə qiraət etməyə qadir olmamalarına gəldikdə isə, bu tamamilə yanlış və əsassız bir dəlildir. Çünki, islamı qəbul etmiş ilk şəxslər milliyyətcə ərəb olmuş və Quranın orjinal nüsxəsini tələffüz etmək onlar üçün heç də çətin olmamışdır. Hətta Osmanın xilafəti dövründə belə, milliyyətcə ərəb olmayan ətraf   məntəqələrin islamı qəbul etmiş sakinləri də belə bir çətinliklə üzləşməmişlər.

  

  3.Rəvayətlərdən belə məlum olur ki, Osmanın xilafəti dövründə meydana gəlmiş böhran Peyğəmbərin (s) zamanında da mövcud olmuşdur. Lakin o həzrət hüzurunda Quran oxuyan hər bir qarinin özünəməxsus səbkisini təsdiq etmiş və bu ixtilafın müsəlmanlar üçün rəhmət və böyük nemət olduğunu bildirmişdir. Bu halda müsəlmanlar hansı səbəblər üzündən Peyğəmbərin (s) izn verdiyi bir şeyi Osmanın xilafəti dövründə qadağan etmişlər.

  

  Yoxsa, xəlifə müsəlmanların çətinliklərini Peyğəmbərdən (s) daha yaxşı dərk edir və bu məsələləri o həzrətdən daha mükəmməl bilirdi?..

  

  Bu kimi dəlillərin əsassız olduğu o qədər asanlıqla sübuta yetirilir ki, artıq heç bir əlavə dəlilə ehtiyac duyulmur. Hətta Süyuti və sünnü məzhəbinin fəal davamçılarından olan tanınmış nəhv mütəxəssisi Hafiz Cəmaləddin də, son illər bu kimi rəvayətlərin həqiqətdən uzaq olduğunu etiraf etmişlər. (Tibyan 61-ci səh).

  

  Rəvayətlərin batil və əsassız olması tamamilə göz qabağındadır və onların qondarma olmasına şübhə yoxdur.

  

    İkinci nəzər:   Bu barədə irəli sürülmüş ikinci nəzəriyyədə deyilir: Yeddi oxunuş səbki deyildikdə, ayələrin yeddi hissəyə bölündüyü nəzərdə tutulur. Bunlar əmr, halal, haram, möhkəm, mütəşabih, məsəl və Zəcr ayələridir. Bu nəzəriyyənin tərəfdarları Yunus ibni Məsuddan nəql olunmuş rəvayətə əsaslanırlar. Rəvayətdə deyilir: Peyğəmbər (s) buyurur: İlk səmavi kitab yalnız bir səbkidə nazil olmuşdur və o yalnız bir fəsildən ibarət idi. Quran isə yeddi fəsil və yeddi səbkidən ibarətdir. (Əmr, halal, haram, möhkəm, mütəşabih, məsəl və Zəcr). Belə isə, Quranın haram etdiyini özünə haram, halal etdiyini halal bil; Əmr olunduğunuz şeylərə əməl edin, yasaq etdiyi şeylərdən uzaq olun; Məsəl ayələrindən ibrət götürün; Möhkəm və mütəşabih ayələrə iman gətirib əməl edin.

  

    Cavab:   Bu nəzəriyyə də bir neçə səbəbdən tamamilə batil və əsassızdır.

  

  1.Rəvayətlərin zahiri mənasından məlum olur ki, yeddi oxunuş səbki deyildikdə, heç də ayələrin yeddi fəslə bölündüyü nəzərdə tutulmur;

  

  2.Bu rəvayətlər Əbi Kureybin nəql etdiyi rəvayət ilə tamamilə ziddiyyət təşkil edir. İbni Məsud rəvayəti nəql edərək deyir: Allah-taala Quranı beş səbkidə nazil etmişdir. Halal, haram, möhkəm, mütəşabih və məsəl;

  

  3.Rəvayətin məzmunundan qəti nəticəyə gəlmək bir o qədər də asan deyildir. Çünki, zəcr və haram sözləri eyni məna daşıyır. Demək, Qurandakı fəsillərin sayı yeddi deyil, altı olmalıdır.

  

    Əlavə olaraq qeyd etmək lazımdır ki, Quranda haqqında söhbət açılan bir çox mövzular bu fəsillərin heç birinə daxil olunmamışdır. Məsələn yaradılış, məad, peyğəmbərlərin və keçmiş ümmətlərin sərgüzəştləri və s. Əgər bu nəzəriyyənin tərəfdarları bu kimi mövzuları möhkəm və mütəşabih ayələr fəslinə aid etmək istəyirlərsə, gərək zahiri mənaları aşkar olduğu üçün bütün mövzular möhkəm ayələr fəslinə daxil edilsin. Belə olduqda biz, Quranı artıq yeddi deyil, yalnız iki fəslə bölməli olacağıq. Çünki, Qurani-kərimdə bəyan olunan mövzular məna baxımından ya aşkar (möhkəm) və ya mübhəmdirlər (mütəşabih).

  

    Üçüncü nəzər:   Yeddi fəsil haqda irəli sürülən digər nəzəriyyələrdən biri də Quran ayələrinin əmr, qadağa, insanlarda rəğbət və qorxu hissi yaratma, dini mübahisələr, keçmiş ümmətlərin əhvalatları və çəkilən məsələlərə bölünməsidir. Bu nəzəriyyəyə əsaslananlar Məhəmməd ibni Bəşşarın istidlal etdiyi rəvayətə istinad edirlər. Rəvayətdə deyilir: Peyğəmbər (s) buyurur: Quran yeddi səbkidə nazil olmuşdur. Onlar əmr, qadağa, insanlarda rəğbət və qorxu hissi yaratma, mübahisə, əhvalat və məsəl ayələrindən ibarətdirlər.

  
    FƏSAHƏTLİ İBARƏTLƏR  

  Bu nəzəriyyəni irəli sürənlər iddia edirlər ki, Quran o dövrün tanınmış yeddi böyük qəbilənin istifadə etdikləri ifadələrlə nazil olmuşdur.

  

  Yeddi qəbilə aşağıdakılardan ibarətdir:

  

  Qüreyş, Huzeyl, Həvazən, Yəmən, Kənanə, Təmim və Səqif Əbhəri və Beyhəqi kimi alimlər bu nəzəriyyəyə əsaslanmışlar.

  

    Cavab:   Bu nəzəriyyəni də bir neçə səbəbdən əsassız hesab edə bilərik.

  

  1.Bir qədər əvvəl qeyd olunan rəvayətlərdə yeddi fəsil deyildikdə, tam başqa bir məna nəzərdə tutulurdu.

  

  2.Yeddi qiraət səbkini yeddi ləhcə kimi mənalandırmaq, Əmrin bu haqda dedikləri ilə tamamilə zidd bir fikirdir. O, deyir: Quran yalnız Muzərr ləhcəsində nazil olmuşdur. Əmr, İbni Məsudun hətta himnə kəlməsini ətta himnə kimi oxumasına etiraz edir. Ona yazdığı məktublardan birində deyir: Quran Huzeyl ləhcəsində deyil, Qüreyş ləhcəsində nazil olmuşdur və camaata da məhz bu səbkini öyrətməlisən.

  

  3.Osman üç Qüreyş tayfasına göstəriş verərək deyir: Əgər Zeyd ibni Sabitin qiraəti ilə ixtilafınız olsa, Qüreyş qiraətini əsas tutun. Çünki, Quran Qüreyş ləhcəsində nazil olmuşdur.

  

  4.Başqa bir rəvayətdə deyilir: Əmr və Hişam, Furqan surəsini müxtəlif səbkilərdə qiraət etdikləri üçün aralarında ixtilaf yaranır və Peyğəmbərin (s) yanına gəlib onun hüzurunda həmin surələri qiraət etmək qərarına   gəlirlər. Onların hər biri qiraət edib qurtardıqdan sonra, Peyğəmbər (s) hər ikisinin düzgünlüyünü təsdiq edib buyurur: Quran yeddi səbkidə nazil olmuşdur, onların hansı biri ilə qiraət etsəniz düzdür. (Səhih Buxari).

  

  Hişam və Əmrin Qüreyş qəbiləsindən olması məlum olduğu halda, qiraət baxımından onların arasında heç bir ixtilaf ola bilməzdi və bu halda yeddi qiraət səbkilərini, yeddi ləhcə kimi mənalandırmaq olmaz.

  

  5.Əgər bu nəzəriyyəyə əsaslananlar Qüreyş ləhcəsinin bu ləhcələr arasında olmadığını nəzərdə tuturlarsa, onda onlar qiraəti asanlaşdırmaq əvəzinə, onu daha da qəlizləşdirmiş olurlar. Çünki, Qüreyş ləhcəsi ərəb qəbilələrinin mötəbər hesab etdikləri ləhcələrdən biri olmuşdur və onlar istifadə etdikləri ifadələrin həqiqətən ərəb kəlməsi olub-olmadığını məhz, Qüreyş ləhcəsi ilə müqayisə edirdilər.

  

  Əgər onlar digər ləhcələrin Qüreyş ləhcəsilə tamamilə eyni olduğunu nəzərdə tuturlarsa, onda onları yeddi hissəyə bölməyin heç bir lüzumu olmayacaqdır. Çünki, Qurani-kərimdə Qüreyş ləhcəsinə oxşar əlliyə yaxın ləhcədən istifadə olunmuşdur.

  

    Beşinci nəzər:   

  

    Muzərr ləhcəsi:   Yeddi oxunuş səbki deyildikdə, yalnız Bəni-muzər qəbiləsinə mənsub olan yeddi (Qüreyş, Əsəd, Kənanə, Huzeyl, Təmim, Zəbbə və Qeys) qəbiləsinin istifadə etdikləri ləhcələr nəzərdə tutulur.

  

    Cavab:   Dördüncü nəzəriyyəyə tutulan irad və nöqsanlar bu nəzəriyyəyə də şamil olunur.

  

    Altıncı nəzər:  

  

    Qiraətlərdəki ixtilaflar:   Bu nəzəriyyənin tərəfdarları yeddi səbki deyildikdə, yeddi qiraət üsulunu nəzərdə tuturlar. Onlar nəzəriyyələrini bəyan edərkən deyirlər: Apardığımız araşdırmalardan sonra belə bir nəticəyə gəldik ki, Quran məhz yeddi qiraət üsulunda nazil olmuşdur.

  

  1.Bəzən, yalnız kəlmənin məna və quruluşu deyil, hərəkəsi (sait hərfləri) dəyişilir. Məsələn, Hunnə əthəru ləkum cümləsindəki zəmmə ilə (u) oxunan əthəru əthərə oxunur.

  

  2.Bəzən hərəkənin əvəz olması ilə cümlənin quruluş və mənasında da dəyişiklik baş verir. Məsələn,   Rəbbəna baid əsfarina Ey Rəbbimiz! Səfərlərimizin arasını [məsafəsini] uzaq et! (Səba-19).   

  

  3.Bəzən hərflər dəyişildikdə yazılış formasında heç bir dəyişiklik baş vermir, məna isə tamamilə əvəz olunur. Məsələn, nunşizuha nunşiruha kəlməsi həm (z), həm də (r) hərfi ilə tələffüz olunur. Belə ki, nəşərə (yaymaq), nəşəzə isə (uzaq etmək) mənasını verir.

  

  4.Bəzən kəlmənin yazılış forması dəyişilsə də, mənası olduğu kimi qalır. Məsələn, kəl ihni mənfuş (dağlar isə didilmiş yun kimi olacaqdır)   ayəsi, Kəssovfil mənfuş oxunmuşdur. Çünki, ihn və sovf eyni mənanı (didilmiş yun) daşıyır.

  

  5.Bəzən qiraətdə yaranmış ixtilaflar həm kəlmənin yazılış formasının, həm də mənasının əvəz olunmasına səbəb olur. Məsələn, və təlhin mənzud (salxım-salxım sallanmış banan ağacları altında) ayəsi və təlin mənzud kimi oxunmuşdur.

  

  6.Bəzən qiraətlərdə ifadələr bir-birindən ya əvvəl, ya sonra (yəni yerləri dəyişilərək) tələffüz olunur. Məsələn, və caət səkrətul movti bil həqqi (ölüm məstliyi həqiqətən gəlir) ayəsi Və caət səkrətul həqqi bilmovti oxunmuşdur.

  

  7.Bəzən də ayəyə əlavə və əskiltmələr etməklə məna baxımından nöqsanlar yaradılır. Məsələn, Tisə və tisunə nəcətən unsa (Onun doxsan doqquz dişi qoyunu var).

  

  Və əmməl ğulamu fəkanə kafirən və kanə əbəvahu muminin (Oğlana gəldikdə isə, onun ata-anası mömin kimsələr idi). Fə innəllahə min bədi ikrahihinnə ləhunnə ğəfərun rəhim (Kim cariyələri zinakarlığa məcbur edərsə, [bilsin ki,] onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah [zinakarlığa vadar olanları] bağışlayar və rəhm edər).

  

  Belə ki, birinci ayəyə [ehtiyac duyulmadığı bir halda] unsa dişi, ikinci ayəyə kafirən kafir və kanə oldu, idi, üçüncü ayəyə isə ləhunnə həqiqət o cariyələrə, qadınlara ifadələri əlavə olunmuşdur.

  

    Cavab:   beşinci nəzəriyyədə yeddi oxunuş səbkisinə verilən izahatların xülasəsi bundan ibarət idi. Bu nəzəriyyəni də bir neçə səbəbdən əsassız hesab etmək olar.

  

  1.Yeddi oxunuş səbkisini belə bir tərzdə mənalandırmağın heç bir məna və məfhumu yoxdur. Ümumiyyətlə, adları çəkilən şəxslərin qiraətdə mövcud olan ixtilaflardan əsla məlumatları olmamışdır.

  

  2.İxtilafa səbəb olan amillərdən biri də, ayələrin mənalarının dəyişilib-dəyişilməməsidir. Bir haldakı biz, bu iki müxtəlif amili eyni şey hesab etməməliyik. Çünki, dəyişilən yalnız kəlmənin zahiri formasıdır istər məna dəyişilsin, istərsə də dəyişilməsin belə olduqda qiraətdə heç bir dəyişiklik baş verməyəcəkdir. Çünki, qiraətin əvəz olunmasına səbəb məna deyil, kəlmələrin yazılış formasıdır.

  

  Bu səbəbdən də iki qismə bölünən qiraəti eyni hesab etməliyik və belə olduqda qiraət səbkilərinin sayı yeddi deyil, altı göstərilməlidir.

  

  3.Təlhin kəlməsinin təlin və nənşizu sözünün nənşuru kimi oxunması ixtilafa səbəb olan digər amillərdən hesab olunur. Göründüyü kimi, hər iki ifadədə hərflər dəyişilməklə ha hərfinin ayn hərfilə, təlhin sözünün təlinlə, za hərfinin ra hərfilə və nunşizuha kəlməsinin nunşiruha ilə əvəz olunması qiraətdə müəyyən dəyişikliklər yaradır. Göründüyü kimi, fərq yalnız qiraətdə nəzərə çarpır və bu səbəbdən   də bu iki fərqliliyi eyni hesab etməməliyik. Çünki, daha çox əhəmiyyət kəsb edən yazılış deyil, qiraətdir.

  

  4.Nəql olunmuş rəvayətlərdən məlum olur ki, Quran yalnız bir səbkidə nazil olmuşdur. Lakin, sonralar Peyğəmbərin (s) xahişi nəticəsində onların sayı yeddiyə çatdırılmışdır.

  

  Məlum olduğu kimi, Quranın bir səbkidə nazil olması bu kimi ixtilafların yaranmasına səbəb ola bilməzdi. Belə bir halda yeddi oxunuş səbki deyildikdə, qiraətdə yaranmış yeddi ixtilafı nəzərdə tutmaq nə dərəcədə düzgün olardı?

  

  5.Qurani-kərimin əksər ayələri qarilər tərəfindən eyni səbkidə tilavət olunur. Qiraətdə nəzərə çarpan fərqləri nəzərə aldıqda isə yeddi deyil, səkkiz üslub haqqında danışmalıyıq.

  

  6.Əmr və digər ravilərin nəql etdikləri rəvayətlərdən belə məlum olur ki, qarilər arasında mövcud olan ixtilaflar yalnız kəlmələrin tələffüzündə olmuşdur və bu ixtilaflar yeddi qiraət üsulunun yalnız birini təşkil edir. Lakin Peyğəmbər (s) heç vaxt bu kimi ixtilafların aradan qaldırılması üçün qiraətlərin iki, üç və sonra yeddi səbkiyə çatdırılmasına ehtiyac duymamışdır. Ümumiyyətlə, qiraətlərin Cəbrailin vasitəsilə iki, üç və nəhayət yeddi üsluba qədər artırılmasını yaranmış ixtilaflar ilə əlaqələndirmək olarmı?!

  

  Cəzairi nəhayət bir qədər orta mövqe tutaraq bu barədə demişdir: Yeddi qiraət səbki barəsində bir çox nəzəriyyələr irəli sürülmüşdür ki, onların əksəriyyəti tamamilə yanlış və əsassızdır. Sanki bu nəzəriyyənin tərəfdarları Peyğəmbərdən (s) nəql olunmuş Quran yeddi səbkidə nazil olmuşdur hədisindən əsla agah deyillər. (Tibyan 59-cu səh).

  
    YEDDİNCİ NƏZƏR  
    QURANDA NƏZƏRƏ ÇARPAN DİGƏR İXTİLAFLAR  

    Deyirlər:   Yeddi qiraət üsulu deyildikdə [altıncı nəzərdə işarə olunan mətləblər deyil], qiraətin özündə olan ixtilaflar nəzərdə tutulur.

  

  Bu nəzəriyyəyə əsaslanan Zərqani, özünün Ləvayih adlı kitabında Əbülfəzl Razidən nəql edərək yazır: Hər bir ifadədə mövcud olan ixtilaf bu yeddi xüsusiyyətdən xaric deyildir.

  

  1.Şəxsi adların kişi və ya qadın cinsində tək, təsniyə* (ikilik bu ərəb dilinə aid olan bir xüsusiyyətdir) və cəm halında işlənməsi;

  

  2.Fellərdə indiki, keçmiş, gələcək və əmr formasında yaranmış ixtilaflar;

  

    3.Hərəkə (sait hərflər) və erab (ismin müxtəlif halları) baxımından yaranmış ixtilaflar;

  

  4.Edilən əlavələr və nöqsanlardan yaranmış ixtilaflar;

  

  5.İfadələrin bir-birlərindən əvvəl və ya sonra tələffüz olunması nəticəsində yaranmış ixtilaflar;

  

  6.Kəlmələrin əvəz olunması və ya dəyişilməsi nəticəsində yaranmış ixtilaflar;

  

  Fəth, imale, tərqiq, təfxim, idğam, izhar kimi yeni kəlmə və ləhcələrin meydana gəlməsi. Belə ki, bəzi qəbilələr bu kimi ifadələri bir mənada, digər qəbilələr isə tam başqa bir mənada işlətmişlər.

  

    Cavab:   Bu nəzəriyyə də digər nəzəriyyələr kimi batil və əsassızdır. Çünki, 6-cı nəzəriyyəyə tutulan 1-ci, 4-cü və 5-ci iradları bu nəzəriyyəyə də aid etmək olar.

  

  Nəzəriyyəyə tutulan digər iradlardan biri də ad (sifət) və fellərdəki ixtilafların ayrı-ayrılıqda hesab olunmasıdır. Bir haldakı, ixtilaf onların hər birinin yalnız zahiri formasındadır. Demək biz, onların hər ikisini ixtilafa səbəb olan eyni amil hesab etməliyik və belə olduqda ixtilafların sayı altıdan artıq olmayacaqdır.

  

  Yox, əgər bütün xüsusiyyətləri nəzərə almalı olsaq, gərək fellərin indiki, keçmiş, gələcək, əmr, tək, təsniyə və cəm halında istifadə olunmalarını ayrı-ayrılıqda müxtəlif fərqlərə (hissələrə) ayıraq. Və belə olduqda isə ixtilafların sayı nəzərdə tutulandan daha çox olacaqdır.

  

  Zərqani, İbni Quteybədən nəql edərək deyir: Cümlələrdə idğam, izhar, rum, işmam, təxfif və təshildə ixtilafın yaranması onun bir cümlə kimi formalaşmasına heç bir mənfi təsir göstərmir və bu halda onları ixtilafa səbəb olan amillərdən biri hesab edə bilmərik. Demək, qiraətdə nəzərə çarpan ixtilafların sayını altıdan çox təsəvvür etmək mümkün deyil.

  

  1.Kəlmənin əslində deyil, zahiri formasında nəzərə çarpan ixtilaf baid (uzaqlaşdırmaq) felinin keçmiş və ya əmr formasında və əmanətəhum (sizə əmanət olunan şeylər) cümləsinin tək və ya cəm halda istifadə olunmasında yaranmış ixtilaf kimi;

  

  2.Kəlmənin zahiri formasında deyil, əslində mövcud olan ixtilaf nunşizuha kəlməsinin bəzən ra, bəzən də za hərfləri ilə tələffüz olunması kimi;

  

  3.Həm kəlmələrin əslində, həm də zahiri formasında nəzərə çarpan ixtilaf ihn və sovf kəlmələri arasında olan ixtilaf kimi;

  

  4.Erabda nəzərə çarpan ixtilaflar; Məsələn, və ərculkum kəlməsi bəzən fəthə ilə, yəni və ərculəkum və bəzən də və ərculikum oxunur.

  

  5.İfadələrin bir-birindən əvvəl və ya sonra qiraət olunması nəticəsində yaranan ixtilaflar;

  

  6.Əlavə və ya əskiltmələr nəticəsində yaranan ixtilaflar.

    
    SƏKKİZİNCİ NƏZƏR  
    SAYLARIN ÇOXLUĞU  

  Bu nəzəriyyəyə əsaslananlar yeddi qiraət səbki deyildikdə, müəyyən rəqəm nəzərdə tutmurlar. Yəni, yeddi rəqəmi qiraətdəki ixtilafların çoxluğuna dəlalət edir, başqa sözlə desək, yeddi rəqəmi burada məcazi mənada işlənmişdir.

  

  Qazi Əyyaz və onun sadiq davamçıları bu nəzəriyyəyə əsaslanmışlar.

  

    Cavab:   Bu nəzəriyyəyə iki əsaslı irad tutmaq olar.

  

  1.Bu mətləbə dəlalət edən rəvayətlərin heç birində yeddi rəqəmi say çoxluğu mənasında işlənməmişdir.

  

  2.Yeddi səbki dedikdə nəyi nəzərdə tutduqlarını və onun hansı məna daşıdığını açıqlamamışlar. Demək biz, yeddi səbki ifadəsini bir qədər əvvəl qeyd olunan nəzəriyyələrdə olduğu kimi mənalandırırıq. Belə olduqda isə əvvəlki nəzəriyyələrə tutulan iradlar bu nəzəriyyəyə də şamil olacaqdır.

  
    DOQQUZUNCU NƏZƏR  
    YEDDİ QİRAƏT ÜSULU  

  Bu barədə irəli sürülən nəzəriyyələrdən biri də, yeddi səbkinin yeddi qiraət üsulu kimi mənalandırmaları olmuşdur.

  

    Cavab:   Əgər yeddi qiraət dedikdə, yeddi mötəbər qiraət üsulunu nəzərdə tuturlarsa, Qiraətlərə baxış fəslində bu nəzəriyyənin tamamilə batil və əsassız olduğu haqda ətraflı söhbət açdıq. Yox, əgər bütün qiraətləri nəzərdə tuturlarsa, onda qiraətlərin yeddidən daha çox olduğunu da nəzərdən qaçırmamalıdırlar.

  

  Belə bir nəzər də irəli sürülə bilər ki, Qurandakı qiraətlərin sayı çox olsa da, kəlmələri ayrı-ayrılıqda qiraət etsək, onları yeddi oxunuş qaydasından artıq tələffüz edə bilməyəcəyik. Demək, kəlmələrin qiraətində mövcud olan ixtilafın sayı da yeddidən artıq olmayacaqdır. Cavabında deyə bilərik ki, əgər Quranın əksər kəlmələrini nəzərdə tuturlarsa, bu tamamilə yanlış bir fikirdir. Çünki, Quranda yeddi səbkidə oxunan kəlmələrin sayı çox azdır. Yox, əgər yalnız bəzi kəlmələri nəzərdə tuturlarsa, bu halda başqa irad meydana gəlir. Belə ki, müxtəlif qiraət formalarında tələffüz olunan kəlmələr yeddidən daha artıq səbkilərdə tələffüz olunur. Məsələn, və əbədəttağuti kəlməsi 22, uffi kəlməsi isə 34 qiraət səkbilə tələffüz olunur.

  

    Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, bu nəzəriyyə də digər nəzəriyyələr kimi, həmin məzmunda nəql olunmuş rəvayətlərin məzmunu ilə əsla müvafiq deyildir.

  
    ONUNCU NƏZƏR  
    MÜXTƏLİF LƏHCƏLƏR  

  Bu nəzəriyyəyə əsaslananlar yeddi qiraət səbki deyildikdə, Quranda istifadə olunan ifadələrin bir-birindən fərqli olan müxtəlif ləhcələrdə tələffüz olunduğunu nəzərdə tuturlar.

  

  Rafei bu nəzəriyyəni öz kitabında qeyd etmişdir. (Ecazi Quran 70-ci səh.).

  

  Belə ki, ərəb qəbilələri müxtəlif ləhcələrdə danışdıqları üçün bəzi kəlmələri məxsus tərzdə tələffüz edirdilər. Məsələn iraqlılar, yəqulu kəlməsində boğazda tələffüz olunmalı qaf hərfini qeyri-ərəb xalqların tələffüz etdiyi adi q hərfi kimi, şamlılar isə onu ə hərfinə çevirərək tələffüz edirlər. Bu kimi dəyişikliklərin aparılmasından əsas məqsəd, müxtəlif ləhcələrdə danışan müsəlmanlar üçün Quran qiraətinin asanlaşdırılmasıdır. Çünki, hamının Quranı yalnız bir səbkidə qiraət etməsi olduqca çətin bir məsələdir. Bu səbəbdən də Quranın hər bir qəbilə və millətin öz ləhcəsində oxunmasına icazə verilmişdir. O ki qaldı ləhcələrin yeddi hissəyə bölünməsinə, burada məqsəd yeddi rəqəmi deyil, ləhcələrin çoxluğudur. Başqa sözlə desək, yeddi rəqəmi burada çoxluq mənasında işlənmişdir.

  

    Cavab:   Bu nəzəriyyə də bir neçə səbəbdən əsassız hesab olunur.

  

  1.İrəli sürülmüş bu nəzəriyyə Ömər və Osmandan nəql olunmuş rəvayətlərlə tamamilə ziddiyyət təşkil edir. Belə ki, nəql olunmuş rəvayətdə Quranın yalnız Qüreyş ləhcəsində oxunmasına işarə olunur. Bir qədər əvvəl qeyd etdik ki, Osman, İbni Məsudu hətta hiynə kəlməsini ətta hiynə kimi tələffüz etməsini qadağan və Quranı yalnız Qüreyş ləhcəsində oxunmasını əmr etmişdir.

  

  2.Bir qədər əvvəl qeyd olunan rəvayətlərdə ixtilafın kəlmələrin tələffüzündə deyil, mahiyyət və mənasına əsasən yarandığına işarə edilmişdir.

  

  3.Yeddi rəqəminin çoxluğa dəlalət etməsi, onun kinayə və rəmz olaraq istifadə olunması rəvayətlərin zahiri mənası ilə uyğun gəlmir.

  

  4.Bu nəzəriyyəyə istinad edərək Quranı, hal-hazırda da müxtəlif ləhcələrdə qiraət etmək olar. Lakin bu da ümumdünya müsəlmanlarının adət-ənənələri ilə ziddiyyət təşkil edən məsələlərdəndir.

  

    5.Əgər bu nəzəriyyənin tərəfdarları Quranın əvvəllər müxtəlif ləhcələrdə oxunmasını, lakin onun sonradan qadağan olunduğunu iddia edərlərsə, cavabında deməliyik: Bu heç bir dəlil və əsası olmayan bir iddiadır. Bir haldakı məzhəbindən asılı olmayaraq bütün alimlər, Quranın yalnız bir səbkidə oxunmasını təkid etmiş və ərəb qəbilələrinin ləhcələrinin Quranın qiraətinə sirayət etməsinə qarşı çıxmışlar. Bunu da qeyd etmək lazımdır ki, Peyğəmbərin (s) zamanında islamı qəbul etmiş müsəlmanların əksəriyyətini, əsasən Ərəbistan yarımadasında yaşayan bədəvi ərəblər təşkil etmiş və sözsüz ki, onların da Quranda istifadə olunan ifadələri tələffüz etməkdə heç bir çətinlikləri olmamışdır. Peyğəmbərin (s) vəfatından sonra ətraf məntəqələrin milliyyətcə ərəb olmayan sakinləri islamı qəbul edir və müsəlman dünyasının ərazisi birə on artmağa başlayır. Belə bir şəraitdə necə ola bilər ki, ərəb dilinin tələffüzündə heç bir çətinliyi olmayan, milliyyətcə ərəb olan müsəlmanlara Quranı (asanlaşdırmaq məqsədilə) öz ləhcələrində oxumağa icazə verilir, lakin milliyyətcə ərəb olmayan və tələffüz baxımından çətinlik çəkən şəxslər bu imkandan məhrum olurlar?!

  

  Biz bununla da Quranın yeddi səbkidə nazil olması haqda irəli sürülmüş nəzəriyyələrin araşdırılmasını dayandırıb, yeni mətləblər haqda söhbət açmaq istəyirik.

  

  Belə bir nəticəyə gəlirik ki, Quran yeddi qiraət üslubunda deyil, yalnız bir səbkidə nazil olmuş və Peyğəmbər (s) öz səhabələrinə Quranı yalnız bir səbkidə təlim etmişdir. Demək, Quranın yeddi səbkidə nazil olmasına dair nəql olunmuş bütün hədis və rəvayətlər qondarma və heç bir əsası olmayan iftiralardır.

  
    SƏKKİZİNCİ FƏSİL  
    QURANIN TƏHRİF OLUNUB-OLUNMAMASI HAQDA İRƏLİ SÜRÜLMÜŞ NƏZƏR VƏ MÜLAHİZƏLƏR  

    1.Təhrifin məna və növləri;  

  

    2.Müsəlmanlar Quranın təhrif olunub-olunmaması haqda hansı əqidəyə əsaslanırlar;  

  

    3.Quranda qiraətin nəsx (ləğv) olunması;  

  

    4.Quranın təhrif olunmamadığına dəlalət edən dəlillər;  

  

    ***  

  

    1.Quranın təhrifə olan baxışı;  

  

      2.Sünnə və hədislərin təhrifə olan baxışları;  

  

    3.Quran surələrinin namazda oxunması;  

  

    4.Quran xəlifələr tərəfindən təhrif olunmamışdır;  

  

    5.Quranın Osmanın xilafəti dövründə təhrif olunmaması;  

  

    6.Quran dörd xəlifənin xilafəti dövründən sonra təhrif olunmamışdır;  

  

    ***  

  

    5.Quranın təhrif olma nəzəriyyəsinin tərəfdarlarının gətirdikləri dəlillər və onlara verilən cavablar;  

  

    ***  

  

    1.Tövrat və İncilin təhrifə məruz qalması;  

  

    2.Əlinin (ə) yığdığı Quran nüsxəsi;  

  

    3.Təhrifə dəlalət edən rəvayətlər;  

  

    4.Quranın orjinal nüsxəsi necə yığıldı?   

  
    TƏHRİFİN MƏNA VƏ NÖVLƏRİ  
    TƏHRİF NƏDİR?   

    Təhrif   lüğətdə bir neçə məna daşıyır. Bu mənaların bəzilərinə Quranda da rast gəlirik.

  

  1.Əgər hər hansı bir kəlmə və ya ifadə özünün həqiqi mənasında deyil, digər mənalarda işlənilərsə təhrif olunmuş hesab olunur; Nisa surəsinin 46-cı ayəsində bu haqda deyilir:

  

    Yəhudilərdən bir qismi sözlərin yerini dəyişib təhrif edir...   

  

  Biz təhrifə Qurana verilən təfsirlərdə daha çox rast gəlirik. Bir çox bidətçi və batil əqidələrin sadiq davamçıları öz əqidələrini sübuta yetirmək üçün, Quran ayələrinin təfsirində təhrifə yol verərək, öz batil əqidələrini onun üzərində tətbiq etməyə çalışmışlar. İmamlar və onların davamçıları bu məsələyə ciddi yanaşmış, Quranda təhrifə yol verməyi qətiyyətlə qadağan etmişlər. Məsələn, imam Baqirin (ə) Səd Xəyrə yazdığı məktubda deyilir:   Onlar Qurandan üz çevirib ayələrin mənalarını təhrif edirlər. Gecə-gündüz Quran oxuyar, lakin onun göstərişlərinə əməl etməzlər. Dar düşüncəli şəxslər Quranı üzündən oxumaqla zövq alar, alimlər isə ona əməl olunmadığını görəndə kədərlənərlər.   (Vafi Namaz fəslinin sonu, 5-ci cild, 284-cü səh.).

  

    2.Hərf və hərəkələrdəki təhriflər;   

  

  Əgər kəlmələrdən bəzilərinin hərf və ya hərəkəsi dəyişilərsə, mənada heç bir dəyişiklik baş verməsə də təhrifə yol vermiş oluruq.

  

    On qiraət üsulu haqda söhbət açarkən biz bu mətləbə işarə etdik. Müxtəlif səbəblər üzündən meydana gəlmiş on qiraət üsullarında bu kimi dəyişikliklərin dəfələrlə şahidi oluruq. Bu səbəbdən də onlardan yalnız birini Quranın orjinal nüsxəsi ilə tətbiq etmək mümkündür.

  

    3.Kəlmələrdəki təhriflər;   

  

  Əgər Quranın kəlmələrindən bəzilərini oradan çıxarsaq və ya ayrı bir kəlməni oraya əlavə etsək, mənasında heç bir dəyişiklik baş verməsə, yenə də təhrifə yol vermiş oluruq.

  

  Bu kimi təhriflər, hətta Peyğəmbərin (s) zamanında belə Qurana yol tapa bilmişdir.

  

  Bunu sübuta yetirəcək bir neçə tarixi dəlillər vardır:

  

  1.Osman öz xilafəti dövründə ətraf məntəqələrin valilərinin hər birinə yeni yazılmış Quranın bir nüsxəsini göndərməklə, bu nüsxənin artırılmasını və mövcud olan bütün nüsxələrin yandırılmasını əmr edir. Buradan belə məlum olur ki, Osmanın xilafəti dövründə Quranın yazılış baxımından bir-birindən fərqli nüsxələri olmuş və xəlifə qiraətdə yaranmış ixtilafları nəzərə alaraq bu nüsxələrin yandırılmasını əmr etmişdir.

  

  2.Əbu Davud Sicistani özünün təlif etdiyi Sünən ibni Davud adlı kitabında, o dövrün Quran nüsxələrində mövcud olmuş ixtilafları müəyyən etmişdir.

  

  Birincisi, Osmanın xilafəti dövründə mövcud olmuş Quran nüsxələrində, kəlmələrin oxunuş və yazılış formasında nəzərə çarpacaq dərəcədə fərq və ixtilaflar olmuşdur. Onlardan yalnız biri, Quranın Peyğəmbərə (s) nazil olmuş nüsxəsi ilə hər cəhətdən uyğun idi və xəlifə Osmanın tətbiq etdiyi Quranlar məhz bu nüsxədən köçürülmüşdür.

  

  İkincisi, hər bir saf düşüncəli müsəlman belə bir əqidəyə əsaslanır ki, hal-hazırda hamı tərəfindən mütəvatir olaraq tilavət olunan Quran nüsxəsi, Osmanın xilafəti dövrünədək müxtəlif nüsxələrdə mövcud olmuş və bir-birindən fərqli üsullarla qiraət edilmişdir. Xəlifə Osman, bütün nüsxələrin yandırılmasını və yalnız Quranın orjinal nüsxəsinin saxlanılmasını əmr edir.

  

  Lakin, yalnız Peyğəmbərin (s) zamanında mövcud olmuş Quran nüsxələrinin mütəvatir və sonralar yazılmış nüsxələri təhrif olunmuş hesab edən şəxslər, hətta hal-hazırda mövcud olan Quran nüsxələrini belə mütəvatir olaraq qəbul etmirlər.

  

  Çünki, Təbəri və bu kimi əqidəyə əsaslanan bəzi müfəssirlər öz kitablarında Quranın yeddi səbkidə nazil olduğunu və Ömərin xilafəti dövründə bir yerə yığıldığını qeyd etmişlər.

  

    4.Ayələrdəki təhriflər;   

  

  Əgər hər hansı bir ayə və ya surəni Qurana əlavə etsək, yaxud oradan çıxarsaq, məna baxımından heç bir dəyişiklik baş verməsə, həmçinin   insanda həqiqi səmavi kitab olduğuna dair şəkk-şübhə yaratmasa belə, təhrifə yol vermiş olarıq. Biz bu kimi təhriflərin də Qurana yol tapdığının şahidi oluruq. Məsələn, Bismillahir-rəhmanir-rəhim ayəsi peyğəmbər və müsəlmanların əksəriyyəti tərəfindən Tövbə surəsi istisna olmaqla, bütün surələrin əvvəlində oxunmasına baxmayaraq, bu ayənin, Quranın bütün surələrinin bir hissəsini təşkil edib-etməməsinə dair ixtilaf meydana gəlmişdir.

  

  Belə ki, əhli sünnə alimlərinin bir qismi Bismillah ayəsini Quran ayələrinin bir hissəsi hesab etmir. Hətta Maliki məzhəbinin davamçıları bir neçə yer istisna olmaqla, bu ayənin gündəlik vacib namazlarda həmd surəsindən qabaq oxunmasını məkruh hesab edirlər. Başqaları isə bu ayəni həmin surənin tərkib hissəsi hesab edirlər. Diqqət yetirmək lazımdır ki, bu ixtilaf yalnız əhli sünnə alimləri tərəfindən meydana gəlmişdir. Şiə alimləri isə hamılıqla, Bismillah ayəsini Tövbə surəsi istisna olmaqla, Quranın bütün surələrinin tərkib hissəsi hesab edirlər. Həmd surəsinin təfsirində bu barədə ətraflı söhbət açacağıq.

  

    5.Əlavələr nəticəsində meydana gəlmiş təhriflər;   

  

  Əgər Qurana hər hansı kəlməni əlavə edəriksə, bu əlavə Quranın məna və mahiyyətinə xələl gətirərsə, və nəhayət onun əlavə olunduğu açıq-aşkar bəlli olarsa, təhrifə yol vermiş olarıq. Bu kimi təhriflər Qurana yol tapmamışdır və bu, hər bir müsəlmanın zəruri hesab etdiyi məsələlərdən biri kimi qəbul olunur.

  

    6.Əskiltmələr nəticəsində meydana gəlmiş təhriflər.   

  

  Təhrifə səbəb olan məsələlərdən biri də, Quranın ayə və ya kəlmələrini ixtisara salmaq və ya əskiltməkdir. Belə ki, bəziləri belə bir iddia irəli sürmüşlər ki, Quran ayələri zaman keçdikcə müxtəlif amillər üzündən bəzən ixtisara düşmüş və nəticədə Quran öz orjinallığını itirmişdir.

  

  Biz isə bu əsassız iddianı qətiyyətlə rədd edir və Quranın Peyğəmbərə (s) nazil olduğu surətdə qorunub saxlanıldığına etiqad bəsləyirik.

  
    MÜSƏLMANLAR QURANIN TƏHRİF OLUNUB-OLUNMAMASI HAQDA HANSI ƏQİDƏYƏ ƏSASLANIRLAR  

  Məlum oldu ki, müsəlmanların əksəriyyəti Qurani-kərimdə istər əlavələr, istərsə də ixtisar yolu ilə təhrifə yol verildiyinə istinad etməmişlər.

  

  Belə ki, görkəmli şəxsiyyətlərindən biri olmuş mərhum Şeyx Səduq (r.ə.) Quranın təhrif olunmamasını imamiyyə məzhəbinin ən başlıca əqidələrindən biri kimi qələmə vermişdir. Şeyxut-taifə Əbu Cəfər Tusi,   özünün Tibyan adlı təfsirində bu mətləbə toxunmuş və bunu ustadı Seyyid Murtəza Ələmul Hudadan nəql etdiyini vurğulamışdır.

  

  Quranın təhrif olunmaması haqda fikir irəli sürmüş digər məşhur müfəssirlərdən biri də Məcməul-bəyan təfsirinin müəllifi Təbərsidir. O, kitabının müqəddiməsində bu haqda ətraflı məlumat vermişdir.

  

  Həmçinin Şeyxul-füqəha təxəllüsünü almış Kaşiful-ğitanın müəllifi Şeyx Cəfər, Urvətul-vüsqanın müəllifi Əllamə Şəhşəhani Quranın təhrif olunmadığı haqda əsaslı fikir və mülahizələr irəli sürmüşlər. Vafi və Elmul-yəqin kitabının müəllifi mərhum molla Möhsin Feyz, Alurrəhman təfsirinin müəllifi Şeyx Məhəmməd Cavad da bu mətləbə böyük əhəmiyyət vermişlər.

  

  Adları çəkilən nəzər sahibləri ilə yanaşı, Quranın təhrif olunmaması haqda fikir irəli sürmüş şəxslərə gəldikdə, Şeyx Mufidin, bütün islam elmlərinin və eləcə də bir çox dəqiq və humanitar sahələrin mütəxəssisi mərhum Şeyx Bəhaəddin Amili və Qazi Nurullah Şuştərinin adlarını xüsusilə qeyd etmək lazımdır. Şiə alimlərinin imamət barəsində təlif etdikləri əsərlərə nəzər saldıqda, Quranın təhrif olunması haqda heç bir mətləbə rast gəlmirik. Bu isə bir daha üçüncü xəlifənin dövründən sonra Quran nüsxələrində mövcud olmuş təhriflərə birdəfəlik son qoyulduğunu sübuta yetirir.

  

  Ümumiyyətlə, Quranın təhrif olunmaması şiə alimlərinin bir çoxu, əhli sünnə alimlərinin isə bir qismi tərəfindən qəbul olunmuşdur. Bu mətləbi inkar edən varsa, onların sayı çox az və irəli sürdükləri nəzəriyyələr isə əsassızdır. Rafei bu barədə deyir: Şəxsi nəzəri olmayan bəzi kəlam alimləri heç bir dəlil və əsasları olmadan keçmiş və eyni zamanda batil nəzəriyyəyə əsaslanaraq, Quranın təhrif olunduğuna dair heç bir məntiqə əsaslanmayan mülahizələr irəli sürmüşlər. (Ecazul Quran 41-ci səh.).

  

  Mərhum Təbərsi Məcməul-bəyan təfsirində, Quranın təhrifi haqqındakı nəzəriyyənin Həşviyyə və onun kimi heç bir məlumatı olmayan şəxslər tərəfindən irəli sürüldüyünü qeyd etmişdir.

  
    QURANDA TİLAVƏTİN NƏSX olunması  

  Əhli sünnə alimlərinin bir çoxu Peyğəmbər (s) dövründə mövcud olan Quran bir qədər fərqli idi rəvayətinə istinad edərək, bəzi ayələrin müxtəlif səbəblər üzündən Quranda yazılmadığını iddia etmişlər. Bunu nəzərə alaraq bu məzmunda nəql olunmuş bütün rəvayətləri nəzərdən keçirir və onların irəli sürdükləri bu nəzəriyyənin nə dərəcədə düzgün olub-olmadığını araşdırmaq istəyirik. Belə ki, ayələrin bəzilərinin ixtisara salınması onun təhrif olunmasına səbəb ola bilər.

    
    BU HAQDA NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR  

  İbni Abbas deyir: Ömər minbərə çıxıb dedi: Allah-taala, Məhəmmədi (s) haqq olaraq peyğəmbərliyə təyin etdi. Ona Daşqalaq ayəsini (zinakarların daşqalaq olunmasını) nazil etdi. Biz onu oxuyub başa düşdük və ona əməl etdik. Amma qorxuram elə bir zaman gəlib çatsın ki, müsəlmanlardan birisi Quranda daşqalaq barəsində bir şey deyilməmişdir deyib zəlalətə (günaha) düçar olmuş olsun.

  

  Ömər sözünü davam etdirib dedi:

  

  Bəli, Allah-taala öz kitabında zinakarlıq edən evli kişi və qadınların daşqalaq olunmasını açıq-aşkar bəyan etmişdir. Quranda oxuduğumuz ayələrdən biri də bu idi:

  

    Ata-babalarınızdan üz çevirməyin. Onlardan üz çevirərsinizsə küfrə düçar olmuş olarsınız   və ya belə olmalı idi:

  

    Ata-babalarınızdan üz çevirərsinizsə küfr etmiş olarsınız.   (Səhih Buxari 8-ci cild, 26-cı səh.).

  

  Süyuti deyir: İbni Əştə özünün Əl-musahif adlı kitabında Leys ibni Səddən nəql edərək deyir: Quranı ilk dəfə bir yerə yığan şəxs Əbu Bəkr olmuşdur. Zeyd ona belə bir məktub yazır: Ömər də Daşqalaq ayəsini Qurana əlavə etmək istəmişdir. Lakin, onun Quran ayəsi olduğunu təsdiq edəcək ikinci bir şəxs olmadığı üçün Quran nüsxəsinə daxil edilməmişdir. (İtqan 2-ci cild, 101-ci səh.).

  

    Müəllif:   Ömərin Qurana əlavə etmək istədiyi daşqalaq ayəsi və onun bu təklifinin qəbul olunmaması hadisəsi müxtəlif şəkillərdə fərqli olaraq nəql olmuşdur.

  

    Əgər qoca kişi və qoca qadın zina edərlərsə, onları daşqalaq edin. Bu ilahi bir hökmdür. O Allah ki, yenilməz qüvvət və hikmət sahibidir.  

  

    Əşşəynu vəşşəyxətu fərcumu huma əlbəttətən bima qəzəya minəlləzzəti.  

  

    İnnəşşəynə vəşşəyxətə iza zənəya fərəcumuhuma əlbəttətən.   

  

  Lakin hal-hazırda mövcud olan Quran nüsxələrində biz daşqalaq hökmünə dəlalət edən bu kimi ayələrlə qarşılaşmırıq. Əgər bu rəvayəti mötəbər hesab edəriksə, ayənin Quranın orjinal nüsxəsindən ixtisara salındığını qəbul etməliyik.

  

  2.Təbərani, mötəbərliyinə istinad etdiyi Ömər ibni Xəttabdan nəql edərək deyir: Quranda bir milyon iyirmi yeddi hərf vardır. (İtqan 1-ci cild, 101-ci səh.).

  

    Bir haldakı mövcud olan Quran nüsxələrində hərflərin sayı bu rəqəmin heç üç də birini də təşkil etmir. Bu rəvayətə əsaslansaq, onda Quranın üçdə ikisinin ixtisara salındığını qəbul etməliyik.

  

  3.Yenə də İbni Abbas, Ömər ibni Xəttabdan nəql edərək deyir: Allah-taala Məhəmmədi (s) peyğəmbərliyə təyin edib, ona kitab [Quranı] göndərdi. Orada bir çox ilahi hökmlərlə yanaşı zinakarlara dair daşqalaq hökmü də verilmişdir. Biz bu ayələri oxuyar və lazım olduqda ona əməl edərik. Sonra əlavə edərək dedi: Biz Quranda bu ayələri oxuyardıq:

  

  Ata-babalarınızdan üz çevirməyin...

  

  Ata-babalarınızdan üz çevirsəniz... (Məsnəd Əhməd. 1-ci cild, 47-ci səh.).

  

  4.Nafe, İbni Ömərdən nəql edərək deyir: Mütləq sizlərdən biriniz özünü öyərək, mən Quranı bütünlüklə hifz etdim deyəcəkdir. Lakin o haradan bilsin ki, Quranın böyük bir hissəsi ixtisara salınaraq aradan getmişdir. Yaxşı olar ki, o, mən Quranın mövcud olan hissəsini hifz etdim desin. (İtqan 2-ci cild, 40-41-ci səh.).

  

  5.Urvət ibni Zubeyr, Ayişədən nəql edərək deyir: Peyğəmbərin (s) zamanında Əhzab surəsi iki yüz ayədən ibarət idi. Osmanın xilafəti dövründə Quran vahid nüsxə halına salındıqdan sonra orada, hal-hazırkı nüsxələrdə mövcud olan ayələr qaldı. (İtqan 2-ci cild, 40-41-ci səh.).

  

  6.Əbu Yunusun qızı Həmidə nəql edərək deyir: Atamın səksən yaşı olarkən mənim üçün Ayişənin yazdığı səhifələrdən bu ayəni oxudu:

  

  Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat göndərir [xeyir-dua verirlər]. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın [Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd: Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuhu deyin!] (İtqan 2-ci cild, 100-cü səh.).

  

  Həmidə deyir: Bu əhvalat, xəlifə Osman Quranı yığmazdan əvvəl baş vermişdir.

  

  7.Əbu Hərb ibni Əsvəd atasından deyir: Əbu Musa Əşəri, Bəsrənin üç yüz nəfər görkəmli qarilərini yığıb onlar üçün ziyafət təşkil etdi. Sonra üzünü onlara tutub dedi: Siz əməli-saleh insanlar, Bəsrənin ən yaxşı qarilərindən hesab olunursunuz. Dünya malına bel bağlayıb hər şeyi arzu etməyin. Əgər belə edərsinizsə qəlblərinizi qəsavət bağlayar və sizi həqiqətdən uzaq salar. Keçmiş ümmətlər xam xəyallarla yaşamış və tükənməyən arzular onların qəlblərinə qəsavət möhrü vurmuşdur.

  

  Sonra sözlərinə əlavə edərək dedi:

  

  Əvvəllər Quranda həcm və qafiyə baxımından Bəraət surəsinə bənzər bir surə oxuyardıq. Lakin həmən surədən mənim yadımda qalan yalnız bu ayə olmuşdur.

  

    Əgər Adəm övladı var-dövlət ilə dolu iki səhraya malik olarsa, üçüncü arzunu da edəcəkdir. [Axırda isə] Adəm övladının qa ını torpaqdan başqa heç bir şey doyuzdurmayacaqdır.

  

  Yadımdadır, Musəbbihat surəsinə oxşar başqa bir surə də oxuyardıq. Amma təəssüflər olsun ki, ondan da yalnız bu ayə yadımda qalmışdır.

  

  Ey iman gətirənlər! Etməyincə bir şeyi niyə deyirsiniz? Bilin ki, bu kimi sözlər sizin əməl dəftərlərinizdə yazılacaq və qiyamət günü sorğu-sual olunacaqsınız. (Səhihi Müslüm. 3-cü cild, 100-cü səh.).

  

  8.Zərr deyir: Günlərin bir günündə Ubeyy ibni Kəb məndən soruşdu: Ey Zərr! Əhzab surəsi neçə ayədən ibarətdir? Dedim: Yetmiş üç ayədən. Sözümü kəsərək dərhal dedi: Əhzab surəsi həcm baxımından Bəqərə surəsi kimi, bəlkə ondan da böyükdür. (Musnəd Əhməd 2-ci cild, 43-cü səh.).

  

  9.İbni Əbi Davud və İbni Ənbar Şəhabdan nəql edərək deyir: Bizə bəlli olmuşdur ki, (Osmanın xilafəti dövrünədək) mövcud olmuş Quranlar həcm baxımından hal-hazırkı Quran nüsxələrindən daha böyük olmuşdur. Lakin, Yəmamə döyüşündə Quran hafizlərinin həlak olması nəticəsində Quranın böyük bir hissəsi aradan getmişdir. (Musnəd Əhməd ibni Hənbəl 2-ci cild, 50-ci səh.).

  

  10.Ömər Ayişədən nəql edərək deyir: Əvvəllər [Uşaq anadan] on dəfə [və ya on dəfədən artıq] süd əmərsə [ananın] digər uşaqları məhrəm olmuş olur ayəsi Quran nüsxələrində mövcud olmuş lakin, Xəmsu məlumatin beş dəfə əmərsə... ayəsi nazil olmaqla, əvvəlki hökm öz qüvvəsini itirmişdir. Hər iki ayə, hətta Peyğəmbərin (s) vəfatından sonra digər ayələrlə yanaşı qiraət olunardı. (Səhihi Buxari 4-cü cild, 167-ci səh.).

  

  11.Musəvvər ibni Muxrəmə nəql edərək deyir: Ömər ibni Əbdürrəhman ibni Ovf deyərdi: Sən də Əgər döyüşərsinizsə, əvvəl döyüşdüyünüz kimi döyüşün ayəsini Quranda tapa bilmirsən?! Əbdürrəhman cavabında dedi: Digər ayələr kimi bu ayə də aradan getmişdir. (İtqan 2-ci cild, 42-ci səh.).

  

  12.Əbu Süfyan Kəlai deyir: Günlərin bir günündə Muslimət ibni Muxlid Ənsari bizə dedi: Əvvəllər Quranın bir hissəsini təşkil edən, lakin sonradan ixtisara salınmış iki ayə haqda nə deyə bilərsiniz?

  

  Onlardan heç biri, hətta Əbu Kənud Səhd ibni Malik belə onun hansı ayəni nəzərdə tutduğunu xatırlaya bilmədi. Sonra İbni Muslimə özü bu iki ayəni oxudu:

  

  İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər [Mühacirlər!] Müjdələr olsun ki, nicat tapanlardan oldunuz!

  

  Onlara [möminlərə] sığınacaq verən, [çətinliklərdə] köməklik edən və Allahın qəzəbinə gəlmiş şəxslərin qarşısında onları müdafiə edən şəxslər, kimsənin təsəvvür etmədiyi nemətlərlə mükafatlandırılarlar. Bütün bunlar onlara gördükləri xeyirli işlərin müqabilində bəxş olunar.

  

    Bütün bunlarla yanaşı İbni Abbasın və Ubeyy ibni Kəbin yazdıqları səhifələrdə Xələ və Həfəd adlı surələrə də rast gəlmək olar. Surələrin hər birindən bir ayəni sizin nəzərinizə çatdırırıq.

  

  İlahi! Biz səndən kömək diləyir və bağışlanmağımızı istəyirik. Şəninə şükr və səna deyir və sənə şərik qoşmayırıq. İtaətindən çıxıb günahkar şəxsləri özümüzdən uzaq edirik. İlahi! Yalnız sənin üçün ibadət edir, qarşında namaz qılıb səcdəyə qapanırıq. Hər zaman sənə pənah gətirib bütün işlərimizi sənə xatir görürük. Əzabından qorxur, rəhmətinə ümid edirik. Çünki, əzabın yalnız kafirlərə şamil olar.

  

  Bu məzmunda digər rəvayətlər də nəql olunmuşdur. Lakin biz, bunlarla kifayətlənib verilən cavabları nəzərdən keçirməyə daha çox əhəmiyyət veririk.

  

    Cavab:   Quranın bəzi ayələrini tilavət, bəzilərini də ixtisara salınaraq onun orjinal nüsxəsindən çıxarılması təhrifdən savayı bir şey deyildir. Bir sözlə Quranın təhrif olunduğuna dair irəli sürülmüş nəzəriyyə heç bir məntiqə əsaslanmadığı kimi orada bəzi ayələrin ixtisara salınması da tamamilə batil və əsassız nəzəriyyədir. Çünki, bu kimi dəyişikliklər ya Peyğəmbərin (s) özü, ya da ondan sonra xilafəti idarə edən şəxslər tərəfindən həyata keçirilməli idi.

  

    Birinci nəzər:   

  

  Quran ayələrinin Peyğəmbər (s) tərəfindən ixtisara salınmasını (və ya əvəz olunmasını) sübuta yetirmək üçün əsaslı dəlillərə istinad etmək lazımdır. Bu kimi məntiqsiz rəvayətlərlə belə bir əhəmiyyətli mətləbin sübuta yetirilməsi qeyri-mümkündür. Çünki, alimlərin fikrincə Quranın vahid xəbər ilə əvəz olunması və ya ixtisara salınması qeyri-mümkündür. Belə ki, onlardan bəziləri öz kitablarında bu mətləbə xüsusi diqqət yetirmişlər.

  

  Şafei və onun davamçıları Quranın zahiri mənasına istinad edərək, Quranın sünnət və mötəbər rəvayətlərlə nəsx olunmasını (əvəz olunmasını və ya ixtisara salınmasını) tamamilə əsassız hesab edirlər. Əhməd ibni Hənbəl də bu əqidəyə əsaslanmışdır. Bəziləri Quranın nəsx olunmasını mütəvatir rəvayətlərlə düzgün hesab etməsələr də, belə bir prosesin həyata keçməsini qeyri-mümkün hesab edirlər. Bütün bu rəvayətlərin vahid xəbər formasında nəql olunduğunu nəzərə alaraq, Quranın nəsx olunmasını Peyğəmbərə (s) aid etmək olarmı? Qeyd etmək lazımdır ki, bu rəvayətlərin məzmununda da bir sıra ziddiyyətlər nəzərə çarpır. Belə ki, onlardan bəzilərində nəsxin Peyğəmbərin (s) özü tərəfindən, bəzilərində isə onun vəfatından sonra baş verdiyinə işarə olunur.

  

    İkinci nəzər:   

  

  Quranın Peyğəmbərdən (s) sonra iqtidarda olmuş xəlifələr dövründə təhrif olunmasına gəldikdə isə, bunu deyə bilərik ki, belə bir nəzəriyyəni   qəbul etmək, Quranın təhrif olunmasını qəbul etmək deməkdir. Belə bir nəzəriyyəyə əsaslanaraq deyə bilərik ki, Quran tilavətində nəsxə yol verildiyinə etiqadı olan əhli sünnə alimlərinin bir çoxu, Quranın özündə də təhrifə yol verildiyinə istinad edirlər. Çünki, onlar Quran ayələrinin tilavətinin nəsx olunmasına əsaslanırlar. Hətta əhli sünnə alimlərinin bəziləri, bu ayələrlə bağlılığı olan şəri məsələlərdə bir sıra çətinliklərlə qarşılaşmışlar. Məsələn, boynuna cənabət qüslü gəlmiş şəxs, tilavəti nəsx olmuş ayələri oxuya bilərmi? Və ya dəstəmazı olmayan şəxslər bu ayələrə toxuna bilərmi?

  

  Bəziləri bu barədə qəti hökm verərək, boynuna cənabət qüslü gəlmiş və həmçinin dəstəmazı olmayan şəxslərə, nəsx olmuş ayələrin oxunmasını və onlara toxunmasını qadağan etmişdir. Bu da əhli sünnənin Quran ayələrinin nəsx olunduğuna dair olan etiqadlarını bir daha sübuta yetirir. Əhli sünnə məzhəbinin bir hissəsini təşkil edən mötəzilə məzhəbinin davamçıları isə bu nəzəriyyəni qətiyyətlə rədd edirlər.

  

  Lakin təəccüb doğuran budur ki, əhli sünnə alimlərinin bəziləri əhli sünnə davamçılarının belə bir etiqada əsaslanmadığını inkar və təkzib etmişlər. Hətta Alusi, Mərhum Təbərsinin təhrifin Həşfiyyəyə aid etdiyini təkzib edərək deyir: Əhli sünnə alimlərinin heç biri Quranın təhrif olunmasına dair fikir irəli sürməmişdir.

  

  Daha təəccüblüsü budur ki, o, şiə alimlərini təhrif nəzəriyyəsini qəbul etməkdə ittiham etmişdir. Alusi bu haqda deyir: Şiə alimlərinin irəli sürdükləri fərziyyələr, onların Quranın təhrif olma nəzəriyyəsini qəbul etmələrini bir daha sübuta yetirir. Belə ki, Təbərsi onların belə bir batil və yanlış əqidələrinin üstünü örtmək üçün bir sıra dəlillərə istinad etməyə cəhd göstərmişdir. (Ruhul Məani. 1-ci cild, 24-cü səh.).

  

  Bu iradların əksinə olaraq, ötən fəsillərdə şiə alimlərinin təhrif nəzəriyyəsini qətiyyətlə rədd etdiklərini və onların bu barədə heç bir fikir irəli sürmədikləri haqda ətraflı izahatlar verdik. Hətta Təbərsi öz kitabında Seyyid Mürtəzanın təhrif nəzəriyyəsinin batil olduğuna dair gətirdiyi əsaslı dəlillərə işarə etmişdir. (Məcməul-bəyan. 1-ci cil, 15-ci səh.).

    
    QURANIN TƏHRİFƏ OLAN BAXIŞI  
    QURANIN TƏHRİF OLUNMAMASINA DƏLALƏT EDƏN AYƏLƏR  

  Artıq, təhrifin nə olduğu və onun hansı amillər üzündən yarandığı bəlli oldu.

  

  Lakin, bu nəzəriyyənin tamamilə əsassız və batil olduğuna dəlalət edəcək bir sıra ayələr də vardır və biz onlardan bir neçəsini misal olaraq burada qeyd edirik.

  

    Birinci ayə:  

  

    Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu [hər cür təhrif və təbdildən artırıb-əksiltmədən] qoruyub saxlayacağıq. (Hicr-9).   

  

  Buradan belə məlum olur ki, Quran nazil olduğu ilk gündən Allah-taala tərəfindən təhrif və dəyişikliklərdən qorunub saxlanılmış və qiyamət gününədək toxunulmaz olaraq qalacaqdır.

  

  Lakin təhrif nəzəriyyəsinin tərəfdarları bu ayəni müxtəlif mənalarda təfsir etməyə çalışmışlar:

  

  1.Ayədə qeyd olunan zikr kəlməsindən məqsəd Quran deyil, Peyğəmbərdir (s). Belə ki, Təlaq surəsinin 10-11-ci ayələrində zikr deyildikdə, Peyğəmbər (s) nəzərdə tutulur.

  

    Allah sizin üçün Quranı nazil etmiş və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura [küfrdən imana] çıxartmaq üçün Allahın açıq-aşkar [halal-haramı bəyan edən] ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir.   

  

  Göründüyü kimi burada haqqında xəbər verilən şəxs Peyğəmbər (s) özüdür.

  

  Yəni, Allah-taala həzrət Məhəmmədi (s) peyğəmbərliyə təyin etdikdən sonra, bu ayəni nazil etməklə onu xoşagəlməz hadisələrdən qoruyacağını bildirmək istəmişdir.

  

    Cavab:   Ayəyə verilən bu təfsir tamamilə səhv və əsassızdır. Çünki, ayədə istifadə olunan İnzal və Tənzil kəlmələri (nazil etmək nazil olmaq) mənalarını daşıyır. Demək zikr deyildikdə, hər iki ayədə Peyğəmbər (s) deyil, Quran nəzərdə tutulur. Və əgər zikr deyildikdə Peyğəmbər (s) nəzərdə tutulsaydı, irsal (göndərmək) və ya buna oxşar ifadələrdən istifadə olunardı.

  

  Əgər burada zikr deyildikdə Peyğəmbərin (s) nəzərdə tutulduğunu fərz etsək, bir qədər əvvəl misal olaraq qeyd etdiyimiz Hicr surəsinin 9-cu   ayəsindən üç ayə əvvəl zikr deyildikdə, Peyğəmbərin (s) nəzərdə tutulduğunu deyə bilməyəcəyik.

  

    [Müşriklər peyğəmbərə] belə dedilər: Ey özünə kitab nazil edən kəs! Axı sən divanəsən! (Hicr-6).   

  

  Göründüyü kimi və qalu ya əyyuhəlləzi nuzzələ ələyhizzikru innəkə ləməcnun ayəsində zikr deyildikdə, Peyğəmbərə (s) nazil olmuş Quran nəzərdə tutulur.

  

    2.Deyirlər:   Quranın qorunması deyildikdə, onun təhrif və təbdildən qorunması deyil, eyb və nöqsanlardan qorunması və onun haqq olmasının sübutu nəzərdə tutulur.

  

    Cavab:   Gətirdikləri bu dəlilin birinci dəlildən daha əsassız və batil olduğu göz qabağındadır. Əgər onlar Allahın, Quranı kafirlərin tənqid və iradından qorumasını nəzərdə tuturlarsa, gəldikləri nəticənin batil olduğuna şəkk etməməlidirlər. Çünki, Quran hər şeydən daha çox kafirlərin tənqid və iradlarına məruz qalmışdır. Demək ayədən məqsəd, heç də kafirlərin tutduqları irad və nöqsanlar deyildir.

  

  Yox, əgər onlar Quranın özünəməxsus bəyan tərzini və başqalarının onunla mübarizə etməyə qadir olmadıqlarını nəzərdə tuturlarsa, demək lazımdır ki, bu barədə düzgün nəticəyə gəlmişlər. Lakin heç də nəzərdən qaçırmaq olmaz ki, Quran nazil olduğu ilk gündən bu yüksək xüsusiyyətə malik olmuşdur. O ki qaldı onun toxunulmazlığına, bu məsələ Quranın zati xüsusiyyətlərindən deyildir. Belə ki, Allah-taala belə bir toxunulmazlıq xüsusiyyətini ona nazil olduqdan sonra vermişdir. Buna əsasən deyə bilərik ki, zati toxunulmazlıq onun təhrifə qarşı zati istehkamı və müqavimət göstərməsidir. Bunun isə, yuxarıda qeyd olunan ayənin məna və məfhumu ilə heç bir əlaqəsi yoxdur.

  

  Əvvəla ona görə ki, Quran əvvəldən malik olduğu üstün xüsusiyyətlərlə öz müxaliflərinə qarşı sinə gərmiş və özünü lazımınca müdafiə edə bilmişdir. Təbiidir ki, belə bir halda onun heç bir xarici mühafizəkara ehtiyacı olmayacaqdır.

  

  Digər tərəfdən isə ayə Quranın toxunulmazlığına, nazil olarkən deyil, yalnız nazil olduqdan sonra zəmanət verir.

  

    3.Deyirlər:   Doğrudur, ayədə Quranın toxunulmazlığından söhbət açılır, lakin burada hansı Quran nəzərdə tutulur? Onların fikrincə, burada yalnız zəmanənin imamında olan Quran nəzərdə tutula bilər. Çünki ayənin zahiri mənasından onun ümumi xarakter daşıdığını müşahidə etmirik.

  

    Cavab:   Bu fərziyyə bir qədər əvvəl qeyd olunan fərziyyələrdən daha zəif və əsassızdır. Çünki, Quranın toxunulmaz qalması, ilk növbədə onu gündəlik tilavət edən camaat üçün lazımdır. O ki qaldı zəmanənin imamında olan Qurana, o, lövhi-məhfuzda və ya   mələklərin yanında olan Quran kimi toxunulmaz qalacaqdır. Sanki birisi hədiyyə vermək istədiyi şəxsə deyir: Mən sizin üçün bir hədiyyə göndərmişəm, lakin onu ya özüm, ya da dostlarımdan biri qoruyub saxlayacaqdır.

  

  Daha təəccüblüsü budur ki, onlar toxunulmaz dedikdə bütün Quranlar deyil, yalnız bir Quranı nəzərdə tuturlar. Onlar belə güman edirlər ki, zikr deyildikdə, kağız üzərində yazılmış və üzərindən oxunan ayələr nəzərdə tutulur. Bir halda ki, bu tamamilə yanlış bir fərziyyədir. Zikr deyildikdə Allah tərəfindən Peyğəmbərə (s) nazil olmuş Quran nəzərdə tutulur. Mövcud olan Quran nüsxələri isə, Peyğəmbərə (s) nazil olmuş orjinal nüsxənin zahiri formasıdır. Bu Quran nüsxələri isə zaman keçdikcə köhnəlib aradan gedər. Belə ki, toxunulmaz dedikdə, kağız üzərinə köçürülmüş, zaman keçdikcə çürüyərək aradan gedəcək nüsxələri deyil, Allah tərəfindən Peyğəmbərə (s) nazil olan və əməli-saleh insanların qəlblərindəki Quranı nəzərdə tutmalıyıq. Belə bir Quran dünya durduqca duracaq və orada istifadə olunan ifadələrdən heç biri təhrif və təbdilə məruz qalmayacaqdır.

  

  4.İrəli sürülən fərziyyələrə cavab verilsə də, şübhə doğuran bir məsələ də vardır və o da bundan ibarətdir ki, əgər təhrif nəzəriyyəsinin tərəfdarları Quranın bu ayəsində də (Hicr-9) təhrifə yol verildiyini ehtimal etsələr və ya bu ayə ilə Quranın təhrif olunmasını sübuta yetirmək istəsələr, onların iddiaları bir o qədər də inandırıcı olmayacaqdır. Çünki, təhrif olunduğu ehtimal olunan bir ayə ilə Quranın təhrif olunmasını isbat etmək həm məntiqdən uzaq, həm də sağlam əql və düşüncə ilə qəbul olunması qeyri-mümkün olan bir işdir. Lakin burada olduqca böyük əhəmiyyət kəsb edən bir məsələyə toxunmaq lazımdır. O da, Peyğəmbərin (s) Əhli-beyti tərəfindən Quran ayələrinin təhrif olunub-olunmaması haqda nəql olunan rəvayətlərin mötəbərliyini qəbul edib-etməməkdən ibarətdir. Yəni, Quranın təhrif olunub-olunmamasına dair etibar baxımından onlar tərəfindən nəql olmuş hədis və rəvayətlərə istinad edən kəslər, bu məsələnin həllində heç bir çətinliklərlə üzləşməzlər. Onlara qarşı kin-küdurət bəsləyən, buyurduqlarına istinad etməyən kəslər isə təhrif və bu kimi bir çox məsələlərdə çətinliklərlə üzləşəcək, əldə etdikləri nəticə isə batil və əsassız olacaqdır.

  

    İkinci ayə:  

  

    Özlərinə Quran gəldiyi zaman onu yalan hesab edənlər [mütləq cəzalarına çatacaqlar] o [Quran], şübhəsiz ki, çox dəyərli, qiymətli bir kitabdır.  

  

    Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. [Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz] o, hikmət sahibi və şükrə, tərifə   layiq olan [bütün işləri bəyənilən] Allah tərəfindən nazil edilmişdir. (Fussilət 41-42).   

  

  Ayənin məzmunundan belə məlum olur ki, Quran bütün kitablardan fərqli olaraq toxunulmaz qalmış və öz müqəddəsliyini qoruyub saxlaya bilmişdir.

  

  Təhrif nəzəriyyəsinin tərəfdarları, qeyd etdiyimiz ayə barəsində irəli sürdükləri fərziyyədə deyirlər: Quranın toxunulmazlığı deyildikdə, burada bəyan olunan hökm və qanunların yalan, eyb və nöqsanlardan uzaq olduğu nəzərdə tutulur. Onlar bu barədə Əli ibni İbrahim Qumidən nəql olunmuş rəvayətə istinad edirlər. O, öz təfsirində imam Baqirdən (ə) bu rəvayəti nəql edir: Quran, nə ondan əvvəl nazil olmuş Zəbur, Tövrat və İncil ilə, nə də sonradan yazılmış kitablarla batil olunar.

  

  Mərhum Təbərsi Məcməul Bəyanda imam Sadiqdən (ə) nəql etdiyi hədisdə deyir: Quranda keçmiş ümmətlər və gələcəkdə baş verən hadisələr haqda doğru və düzgün məlumatlar verilir. Burada nə yalan, nə də heç bir əsası olmayan fərziyyələr görmək olar.

  

    Cavab:   Ayəni belə mənalandırmaq heç də düzgün olmazdı. Çünki, burada misal olaraq qeyd olunan iki rəvayətin bu mətləblə heç bir əlaqəsi yoxdur. Belə ki, rəvayətlərdə yalnız Quranın, əvvəlki səmavi kitabların (Zəbur, Tövrat, İncilin) batil olunması, keçmiş ümmətlər və gələcək haqda verilən məlumatların həqiqət olması bildirilir.

  

  Quranın [batini və zahiri] xüsusiyyətlərini bəyan edən və ümumiyyət xarakteri daşıyan ayələrə müraciət etdikdə isə, zaman və məkandan asılı olmayaraq, hətta qiyamət gününədək Qurana batil əqidələrin, yalan və iftiraların yol tapmayacağının və toxunulmaz olaraq qalacağının şahidi oluruq. Və əgər ayəni, yalnız Quranda yalan və iftiralara yol verilmədiyi kimi mənalandırsaq, onda Quranın tarix boyu tağut rejimlərə, batil ənənə və əqidələrə zəfər çalmasını və bu kimi digər əhəmiyyətli məsələləri nəzərdən qaçırmış olarıq.

  
    SÜNNƏ VƏ HƏDİSLƏRİN TƏHRİFƏ OLAN BAXIŞI  

    Səqəleyn hədisi və Quranın təhrifi:   

  

  Quranın təhrif olunmamasına dəlalət edən ən əsaslı dəlil onun öz ayələridir. Biz bir qədər əvvəl onlardan ikisi haqda ətraflı məlumat verdik. Bu mətləbə dəlalət edəcək ikinci əsaslı dəlil, Peyğəmbərdən (s) nəql olunmuş Səqəleyn hədisidir. Hədisdə deyilir:

  

    Mən sizin aranızda iki qiymətli və ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı(Quran) və digəri isə mənim Əhli-beytimdir.   

  

    Hədisin məzmunundan belə məlum olur ki, Peyğəmbər (s) özündən sonra Quranı və Əhli-beytini (ə) müsəlmanların üzərində canişin təyin etmiş, müsəlmanlar da öz növbəsində qiyamət gününədək bir-birindən ayrılmayacaq bu iki şeyə tabe olmalı və onlara itaət etməlidirlər.

  

  Bu kimi hədislər istər sünnü, istərsə də şiə mənbələrində kifayət qədər nəql olunmuşdur. Buradan biz Quranın təhrif olunmasına dəlalət edən iki əsaslı dəlilə işarə edə bilərik.

  

  1.Təhrif nəzəriyyəsini qəbul edən müsəlmanlar Qurana istinad etməməklə yanaşı, onun hökmlərinə də əməl edə bilməzdilər. Çünki, təhrifə yol verdikdə ayələrdən bəziləri ya dəyişilməli, ya ixtisara salınmalı, yaxud da onlara müəyyən əlavələr edilməli idi. Bir halda ki, bu müqəddəs kitab nazil olduğu ilk gündən, məzhəbindən asılı olmayaraq hər bir müsəlman tərəfindən oxunmuş və həmçinin onun verdiyi hökmlərə əməl olunmuşdur. Buradan belə bir nəticəyə gəlmək olar ki, təhrif nəzəriyyəsi tamamilə batil və əsassızdır.

  

    İzah:   Səqəleyn hədisi Quranla Əhli-beytin qiyamət gününədək ayrılmaz və əbədi qalacağına dəlalət edir.

  

  Bu səbəbdən də insanların haqqa hidayət olmaları üçün həm Quran, həm də Əhli-beyt (ə) üzvlərindən biri qiyamət gününədək insanların arasında olmalıdır.

  

  Məlum məsələdir ki, əgər insanlar Quran və Əhli-beyti (ə) sevərək onlara tabe olsalar, onların getdikləri hidayət yolunun yolçularına çevrilərlər.

  

  İnsanların haqqa hidayəti və bu yolun həqiqi davamçılarından olmaları, onların zəmanə imamı ilə birbaşa ünsiyyətdə olmalarından asılı deyildir. Çünki, birbaşa ünsiyyət onlar sağ ikən də hamıya müyəssər olmurdu. O ki qaldı qeybət dövründə müəyyən şəxslərin imamla ünsiyyətdə olmalarının zəruriliyini iddia etmələrinə, bu tamamilə əsassız bir iddiadır. Belə ki, şiə məzhəbinin davamçıları istər imamların həyatı dövründə, istərsə də onlar qeybdə olan zaman onlarla ya birbaşa, ya da müxtəlif şəxslərin vasitəsilə ünsiyyətdə olmuşlar. Onlar imamlara qarşı məhəbbət göstərir və onların buyruqlarını həyatın bütün sahələrində həyata keçirərdilər.

  

  Qurana gəldikdə isə, qeyd etmək lazımdır ki, müsəlmanlar bütün mənəvi dəyərləri daim oradan götürmüş və bütün işlərdə onu özləri üçün ö ək hesab etmişlər. Onları zəlalətdən səadətə qovuşduran və xoşbəxt həyatlarını təmin edən də məhz Quran olmuşdur.

  

  Quranın əsli zəmanənin imamındadır deyənlər isə, böyük səhvə yol vermiş olurlar. Çünki, belə bir halda müsəlmanların istədikləri vaxt Qurana müraciət etmələri heç də asan olmazdı. Bilavasitə haqq-ədalət və hidayət mənbəyi olan Quran, daim müsəlmanların ixtiyarında olmalı və onlar istədikləri vaxt ona müraciət edə bilməlidirlər.

  

    Səqəleyn hədisinin Quranın təhrif olunmamasına dəlalət etməsi bundan ibarət idi.

  

  Lakin bu dəlillərə irad tutaraq deyirlər: Səqəleyn hədisi Quranın təhrif olunmamasına dəlalət etsə də, burada bütün Quran deyil, yalnız fiqh və şəriət qanunlarının toxunulmamazlığı nəzərdə tutulur. Çünki, müsəlmanlar [şəriət məsələlərində] bütünlüklə Qurana deyil, yalnız fiqhi ayələrə istinad edirlər. Bu hədis həmin ayələrlə əlaqəli olmadığı üçün Quranın təhrif olunmamasına dəlalət edə bilməz.

  

    Cavab:   Bu nəzəriyyənin heç bir əsası yoxdur. Çünki bəşəriyyəti haqqa hidayət edən, Quranın müəyyən surələri deyil, Peyğəmbərə (s) 23 il müddətində nazil olmuş bütün surə və ayələridir. İnsanların xoşbəxt həyatını təmin edən və onları səadətə qovuşduran yalnız fiqh ayələri deyil, onun bəşər həyatını hərtərəfli əhatə edən bütün ayələri, o cümlədən əxlaq, rəftar, ailə, siyasət, hüquq, ticarət və s. qanunvericilik ayələri də şamildir. Quranın fəziləti barəsində söhbət açarkən qeyd etdik ki, bəzi ayələrdə keçmiş ümmət və peyğəmbərlərin sərgüzəştləri əhvalat şəklində bəyan olunsa da, əsas məqsəd ilahi hökmlərin izahı və insanların bundan ibrət götürərək haqqa hidayət olmalarıdır. Buna əsasən müsəlmanlar Qurana iman gətirərək onun bütün ayələrinə istinad etmişlər.

  

  Təhrif nəzəriyyəsini qəbul edənlər arasında elələri də vardır ki, təhrif deyildikdə yalnız vilayət ayələrinin təhrif olunduğunu nəzərdə tuturlar. Bir halda ki, vilayət ayələri də digər ayələr kimi hər bir müsəlman tərəfindən qəbul olunmalı və əməli olaraq sübuta yetirilməlidir. Və belə bir halda bu ayələrdə də təhrifə yol verilməsi sadəcə olaraq qeyri-mümkündür.

  

  Təhrif nəzəriyyəsinin əsassızlığının Səqəleyn hədisi vasitəsilə sübuta yetirilməsinin ikinci yolu bundan ibarətdir ki, təhrif məsələsi düzgün olsa, onda Quran tədricən öz etibarını itirəcək və nəticədə dəlil olaraq kimsə tərəfindən mötəbər sayılmayacaqdır. Belə bir çətinliklə qarşılaşan hər bir şəxs, şəkk-şübhəni aradan qaldırmaq üçün Əhli-beytə (ə) müraciət etməli, onların Quran barəsində verdikləri nəzəriyyəyə, yəni bu ilahi kitabın təhrif olunmamasına etiqad bəsləməli və bu barədə heç bir əlavə fərziyyələrə istinad etməməlidir. Çünki, hədisdən əldə etdiyimiz mənaya əsasən Əhli-beyt (ə), Qurandan sonra müsəlmanların istinad edəcəkləri ikinci ən mötəbər mənbədir. Belə bir halda, Quranın təhrif olunduğuna ehtimal verib sonra bu nəzəriyyənin əsassız olduğunu Əhli-beytin (ə) buyuruqları ilə sübuta yetirməliyikmi?!

  

  Təhrif nəticəsində Quran öz etibarını itirir dedikdə isə, ayələrdə olunan ixtisar, əlavələr, dəyişikliklər və bunun nəticəsində məna, məfhum baxımından nəzərə çarpan fərqlər nəzərdə tutulur.

  

    Nəticə:   Təhrif nəzəriyyəsindən əldə olunan nəticə, Quranın öz etibarını itirməsi və ayələrin zahiri mənalarına istinad olunmasıdır. Bu isə   qeyd etdiyimiz kimi, tamamilə yanlış bir nəticədir. Belə ki, Quranın dəlil olmaması onun təhrif olunduğuna dəlalət edir və belə bir halda bunun sübuta yetirilməsi üçün icmali elmdən istifadə olunmasına heç bir ehtiyac duyulmur. Bu halda biz belə bir qənaətə gəlməliyik: Təhrif nəticəsində icmali elm yolu ilə bəzi ayələrin zahiri mənalarında yaranmış ixtilaflar artıq bizə bəlli olur və icmali elmə istinad etməklə Quran öz etibarını itirir. Çünki, əgər Quranın zahiri mənasının dəlil olduğunu icmali elm yolu ilə sübuta yetirmək istəsək, cavabında gərək deyək:

  

  Əvvəla, Quranda təhrifə yol verilməsi icmali elmə və ayələrin zahiri mənasında ixtilafın yaranmasına səbəb olmur. Digər tərəfdən isə icmali elm, Quranın zahiri mənalarına istinad olunmasında heç bir təsirə malik deyildir. Çünki, icmali elm yalnız o zaman təsirli ola bilər ki, ona hər tərəfli əməl olunmuş olsun, əks təqdirdə onun heç bir vəzifə təyin etmək səlahiyyəti olmayacaq. Belə olduqda isə icmali elm, Quran ayələrinin zahiri mənalarının şəriət məsələlərini bəyan edən və bəyan etməyən ayələri arasında ixtilafın yaranmasının qarşısını alır. Şəriət hökmlərini bəyan etməyən ayələrə əməl olunmadıqda isə, icmali elm heç bir rol oynamayacaq.

  

  Təhrif nəzəriyyəsinin tərəfdarları bəzən belə güman edirlər ki, Quranın dəlil olması onların istinad etdikləri nəzəriyyə ilə heç də ziddiyyət təşkil etmir. Yəni onlar həm Quranın dəlil olmasını, həm də onun təhrif olunduğunu qəbul edərək, belə bir fərziyyəyə istinad edirlər. Onlar deyirlər: Təhrif nəzəriyyəsini qəbul etməklə yanaşı, Quran ayələrinin zahiri mənalarına da istinad edə bilərik. Çünki, ayələrin zahiri mənalarının dəlil olması təhrif nəzəriyyəsinin etibarsızlığına səbəb olur. Lakin, imamlar mövcud Quranların mötəbərliyini, həmçinin öz səhabələrinin Quranın zahiri mənalarına əməl etmələrini təsdiq etmişlər. Beləliklə, təhrif nəzəriyyəsinin tərəfdarları həm bu nəzəriyyəyə istinad etmək, həm də Quranın zahiri mənalarının imamlar tərəfindən təsdiq olunduğuna etiqad bəsləmək istəmişlər.

  

  Lakin, bu tamamilə batil və əsassız fərziyyədir. Çünki, imamların öz davamçılarını haqqa hidayət etmələri və onların Quran ayələrinin zahiri mənalarına istinad etdiklərini təsdiq etmələri, heç də Quranın dəlil olduğunu sübuta yetirmək məqsədilə olmamışdır. Əksinə onlar, Quran nazil olduğu ilk gündən onun zahiri mənalarının dəyişilmədiyinə istinad etmiş və belə bir saf əqidəyə əsaslanaraq bəşəriyyətin hidayətini öz üzərlərinə götürmüşlər. Yəni, onların mövcud Quranların mötəbərliyini təsdiq etmələri, onun zahiri etibarına deyil, həqiqi dəlil və höccət olduğuna dəlalət edir.

    
    QURAN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI  

  Quranın təhrif olunmamasına dəlalət edən başqa bir dəlil, vacibi namazlarda 1-ci və 2-ci rəkətlərdə Həmd surəsindən sonra hər hansı bir surənin tam şəkildə və ayət namazında isə bir surənin beş yerə bölünərək oxunmasıdır. Bu hökm namaz vacib olunduğu ilk gündən məhz bu şəkildə müəyyənləşmiş və müsəlmanlar tərəfindən icra olunmuşdur.

  

  Buna əsasən təhrif nəzəriyyəsini qəbul edən şəxslər, gündəlik namazlarında təhrifə yol verilmiş surələr oxumamalıdırlar. Həmd surəsindən sonra hər hansı bir surənin tam və düzgün şəkildə oxunması vacib olduğu üçün, təhrif olunmuş surələrin oxunması mükəlləfin üzərindən məsuliyyəti götürməz.

  

    İrad:   Təhrif nəzəriyyəsinin tərəfdarları belə bir iddia irəli sürə bilərlər ki, surənin tam oxunması, yalnız onun təhrifə məruz qalmadığını bilmədikdə vacib olur. Bundan qeyri-halda surənin tam oxunması heç də vacib deyildir.

  

    Cavab:   Bu iddianı yalnız o zaman düzgün hesab etmək olar ki, Quranın bütün surələrinin təhrif olunduğuna ehtimal vermək olsun. Lakin bu surələrdən heç olmasa biri hətta təhrif nəzəriyyəsinin tərəfdarlarının əqidəsinə əsasən təhrif olmasa, onda gərək bu nəzəriyyənin tərəfdarları gündəlik namazlarında bu surədən başqa heç bir surə oxumasınlar.

  

    Başqa bir irad:   

  

  Məsum imamlar namazda Həmd surəsindən sonra hər hansı bir surənin oxunmasını icazə vermişlər. Əgər belə bir icazə verilməsəydi, təhrif olması ehtimal verilən surələrin oxunması düzgün olmazdı.

  

    Cavab:   İmamların, Quran surələrinin gündəlik namazlarda oxunmasına icazə vermələri, onun təhrif olunmamasını bir daha sübuta yetirir. Yox, əgər imamların bu icazəsi müsəlmanların qıldıqları namazları təhrif olmuş surələri oxumaqla batil edəcəkdisə, bu halda onlar təhrif olunmamış surələrin oxunmasını tövsiyə edərdilər. Və belə olduqda təqiyyə ilə də heç bir ziddiyyət yaranmazdı. Çünki, Tövhid və Qədr surələrinin oxunmasına daha çox diqqət yetirər və onların fəziləti haqda dəyərli məlumatlar verərdilər. Belə bir halda bu iki surənin fəziləti haqda söhbət açmaq əvəzinə, təhrif olunmamış digər surələrin də oxunmasının vacibliyini bəyan edərdilər.

  

    Nəticə:   Gündəlik namazlarda Həmd surəsindən sonra hər hansı bir surənin tam oxunmasının vacibliyi imamlar tərəfindən dəfələrlə bəyan olunmuşdur. Və müsəlmanların bu məsələ ətrafında təqiyyə   etmələrinə heç bir səbəb olmamışdır. Çünki, bu hökm ya Peyğəmbərin (s) zamanında, ya da ondan sonra imamlar tərəfindən verilmişdir.

  

  Demək, Həmd surəsindən sonra hər hansı bir tam surənin oxunmasının vacibliyi, hələ Peyğəmbərin (s) zamanında bəyan edilmiş və bu hökm hər bir müsəlman tərəfindən gündəlik namazlarda icra olunmuşdur. Buna əməl etmək yalnız o zaman düzgün olardı ki, surələr təhrif olunmadan özünün həqiqi formasını saxlaya bilmiş olsun. Təhrifə məruz qaldıqda isə, elə bir surə seçilməli idi ki, təhrif olunmamış olsun. Belə ki, bu məqsəd üçün heç bir surə müəyyən olunmamış və istənilən hər bir surənin tam oxunmasına icazə verilmişdir. Bu isə bir daha Quranın təhrif olunmadığını sübuta yetirir.

  

  Bu hökm təkcə surələrin namazlarda oxunmasına deyil, bütün surə və ayələrin (istənilən vaxtlarda da) qiraət olunmasına şamil olur.

  
    QURAN XƏLİFƏLƏR TƏRƏFİNDƏN TƏHRİF OLUNMAMIŞDIR  

    Dördüncü dəlil:   Təhrif nəzəriyyəsinin tərəfdarları tərəfindən bu barədə üç müxtəlif fərziyyə irəli sürülmüşdür. Quran ya Əbu Bəkr və Ömərin, ya Osmanın, yaxud da başqa xəlifələrin xilafəti dövründə təhrifə məruz qalmışdır.

  

  Quranın Əbu Bəkr və Ömərin xilafəti dövründə təhrif olunmaması haqda:

  

  Bunun həyata keçməsi üç haldan xaric deyildir:

  

  1.Təhrif ya zərurət üzündən, ya da qeyri-iradi olaraq baş vermişdir;

  

  2.Xilafət (hakimiyyət) haqda olan ayələrin bilərəkdən təhrif olunması;

  

  3.Digər ayələrin bilərəkdən təhrif olunması.

  

    1.Bilərəkdən yaranmış təhriflər;   

  

  Deyirlər: Quran, Əbu Bəkr və Ömərin xilafəti dövründə bir yerə yığılmadığı üçün onun bütün ayələrinin qorunub saxlanılması mümkün olmamış və bu səbəbdən də bəzi ayələr unudularaq aradan getmişdir.

  

    Cavab:   Bu fərziyyə üç əsas səbəbə görə tamamilə batil və əsassızdır:

  

  1.Peyğəmbərin (s) və onun səhabələrinin Qurana və onun tilavətinə olan sonsuz diqqət və əhəmiyyəti, bu nəticəyə gəlmək imkanı verir ki, Quran hələ Peyğəmbərin (s) zamanında bir yerə yığılmış, oradan bir kəlmə, yaxud bir hərf də olsun belə, ixtisara salınmamışdır. Ayələr pərakəndə və ya əzbərləmək yolu ilə olsa da, müsəlmanlar tərəfindən qorunub saxlanılmışdır. Cahiliyyət dövründə yazılmış yüzlərlə şer misralarını əzbərləmiş şəxslərin Quranın əzbərlənməsində səhvə yol vermələrini təsəvvür etmək olarmı?!

  

    O Quran ki, müsəlmanlar onun yolunda həyatın bütün ağırlıqlarına sinə gərir, hətta öz can, mal və əzizlərini belə qurban verməyə razı olurdular. Onlar tarixin qara səhifələrini öz qanları ilə yumuş və Quranın bu günlərədək qorunub saxlanılmasında böyük xidmətlər göstərmişlər. Bütün bunları nəzərə alaraq, bu nəzəriyyə də digər nəzəriyyələr kimi əqli və tarixi dəlillərlə əsassız və batil hesab olunur.

  

  2.Bütün bunlarla yanaşı Səqəleyn hədisi bir daha bu ehtimalı batil edir. Çünki, Səqəleyn hədisinin Quranın bir hissəsinin aradan getməsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, əgər təhrif olunarsa, Peyğəmbərdən (s) bizlərə gəlib çatan kitabın [Quranın] tam nüsxəsi deyil, yalnız bir hissəsi olacaqdır. Lakin hədisin məzmunundan belə məlum olur ki, Quranın Peyğəmbərdən (s) bizlərə müəyyən hissəsi deyil, tam və kamil nüsxəsi gəlib çatmışdır.

  

  Hədisin məzmununa diqqət yetirdikdə bir daha bunun şahidi olacağıq ki, Quran hələ Peyğəmbərin (s) zamanında toplanmış və vahid nüsxə halına salınmışdır. Belə ki, hədisdə deyilir: Mən sizin üçün [özünüzdən sonra] iki ağır [əhəmiyyətli] şey qoyuram. Allahın kitabını və Əhli-beytimi. Demək, Quranı yalnız o zaman kitab adlandırmaq olardı ki, bütün surə və ayələri bir yerə yığılmış olsun.

  

  3.Digər tərəfdən isə müsəlmanlar islamı qəbul etdikləri ilk gündən Qurana böyük əhəmiyyət vermiş və onun vahid nüsxə halına salınmasına xüsusi diqqət yetirmişlər. Əgər müsəlmanların Qurana əhəmiyyət verməyərək onu vahid nüsxə halına salmamalarını fərz etsək də belə, Peyğəmbər (s) o zamanın şəraitini və gələcəkdə yaranacaq ixtilafı, qarşıdurmaları nəzərə alaraq, bunun həyata keçməsinə hamıdan daha çox əhəmiyyət verməli idi. Məgər ona bu işdə mane olan amillər var idimi?!

  

  Bütün bu sualların cavabı mənfidir. Çünki Peyğəmbər (s) həm Qurana, həm də onun vahid nüsxə halına salınmasına hamıdan daha çox diqqət yetirirdi və bunu həyata keçirmək üçün ixtiyarında hər cür imkanlar var idi. Bu səbəbdən də qətiyyətlə deməliyik ki, Quran hələ Peyğəmbərin (s) zamanında yığılmış və vahid nüsxə halına salınmışdır.

  

    2.Siyasi məna daşımayan ayələrin təhrifi;   

  

  İrad: Bu haqda irəli sürülmüş başqa bir fərziyyədə deyilir: Birinci və ikinci xəlifə siyasətləri ilə heç bir əlaqəsi olmayan ayələri şəxsi rəylərinə əsasən bilərəkdən təhrif etmişlər.

  

    Cavab:   Bu fərziyyə də digər fərziyyələr kimi bir neçə səbəbdən batil və əsassızdır.

  

  Əvvəla belə bir təhrifə heç bir ehtiyac duyulmamışdır. Və məlum məsələdir ki, heç bir adi insan onun şəxsi həyatı və işi ilə əlaqəsi olmayan belə böyük, eyni zamanda qorxulu olan bir işi görməzdi.

  

    Digər tərəfdən isə hər iki xəlifənin hakimiyyəti dövrünə nəzər saldıqda bunun şahidi oluruq ki, islam dini və müsəlmanlar o günlər özünün dirçəliş mərhələsini keçmiş, ictimai, siyasi, dini və s. məsələlər Quranla tətbiq olunmuşdur. Demək, müsəlmanların Qurana böyük əhəmiyyət verdikləri belə bir zamanda, onun kimsə tərəfindən təhrifə yol verilməsi sadəcə olaraq qeyri-mümkün idi. Və eyni zamanda mərkəzi xilafət ilə müxalif olan Səd ibni Ubadə və başqaları o günlər baş verən bütün hadisələri diqqətlə izləyir və bir o qədər də əhəmiyyət kəsb etməyən məsələləri belə nəzərdən qaçırmayırdılar. Əgər xilafət başçıları Quranda təhrifə yol vermiş olsaydı, təbii ki, bu iş müxaliflər tərəfindən etirazla qarşılanar və tez bir zamanda bunun qarşısı alınardı. Lakin tarixi mənbələr bizə bu haqda heç bir məlumat verməyir.

  

  Həzrət Əlinin (ə) mərkəzi xilafətə qarşı çıxış etdiyi Şəqşəqiyyə kimi həyacanla dolu olan xütbəsinə nəzər saldıqda belə, biz bu mətləbə toxunulduğunun şahidi olmuruq.

  

  Quran təhrif olunmuşdur lakin, kimsə buna etiraz etməmişdir kimi iddia edənlər isə, böyük bir səhvə yol vermiş olurlar. Çünki, tarixdə baş verən böyüklü-kiçikli bütün hadisələr yazılaraq indiki zamana kimi gəlib çatmışsa, əgər doğrudan da islamın və müsəlmanların müqəddəratına böyük təsir göstərən belə bir əhəmiyyətli hadisə baş vermişdisə, sözsüz ki, bu iş tarix kitablarında nəql olunmalıydı.

  

    3.Quranın siyasi xarakter daşıyan ayələrinin təhrifi;   

  

  Təhrif nəzəriyyəsinə istinad edən digər şəxslər iddia edirlər ki, Quranın siyasi xarakter daşıyan ayələri birinci və ikinci xəlifə tərəfindən hakimiyyəti əldə saxlamaq məqsədilə təhrif olunmuşdur. Lakin bu, tamamilə əsassız bir nəzəriyyədir. Belə ki, Əli (ə) xilafətdən məhrum olduqdan sonra həyat yoldaşı həzrət Zəhra (ə) və yaxın səhabələri ilə birlikdə xəlifəyə öz etirazlarını bildirir, Peyğəmbərin (s) Əli (ə) haqda buyurduğu hədis və rəvayətləri onlara xatırladırdılar. Əliyə (ə) yaxın olan səhabələr Peyğəmbərdən (s) bu barədə nəql olunmuş Qədr və bu kimi digər mötəbər hədislərə istinad edərək, dəfələrlə mərkəzi xilafətə qarşı öz etirazlarını bildirmişdilər. İhticac adlı kitabda səhabələrdən on iki nəfərinin xəlifəyə qarşı çıxışları və istinad etdikləri rəvayətlər açıq-aşkar işıqlandırılmışdır. Bu barədə ətraflı məlumat əldə etmək istəyənlər yuxarıda adı çəkilən kitaba müraciət edə bilərlər.

  

  Bir sözlə, əgər belə bir əhəmiyyətli mövzuya dəlalət edən ayələr təhrif olunsaydı, ilk növbədə Əli (ə) və onun səhabələri tərəfindən böyük etiraza səbəb olar və dərhal həmən təhriflərin qarşısı alınardı.

    
    QURANIN OSMANIN XİLAFƏTİ DÖVRÜNDƏ TƏHRİF OLUNMASI  

  Osmanın xilafəti dövründə Quranın təhrif olunmasına dair irəli sürülmüş nəzəriyyə, digər nəzəriyyələrdən daha əsassızdır.

  

  1.Osmanın xilafəti dövründə müsəlmanlar elə bir inkişaf mərhələsinə çatmışdılar ki, nə Osman, nə də başqa birisi Quranı təhrif etməyə cürət edə bilməzdi.

  

  2.Osmanın, Quranın siyasi xarakter daşımayan ayələrini təhrif etməyə heç bir səbəb olmamışdır. O ki qaldı xilafət mövzusuna dəlalət edən ayələrə, biz belə bir ayənin təhrif olunduğunu müşahidə etmirik. Əgər belə bir ayə mövcud olsaydı, Osmanın xilafəti dövrünədək müsəlmanlar yaşayan məntəqələrdə yayılar və təhrifə yol verilməsin deyə, Osmanın xəlifəliyə təyin olunmasının qarşısı alınardı. Və ya heç olmasa bu işdə Osmana irad tutular və onunla müxalif olan şəxslərin əlində sübut və dəlilə çevrilərdi.

  

  3.Əgər Osman həqiqətən də Quranı təhrif etmiş olsaydı, bu onu qətlə yetirən şəxslərin əlində ən gözəl bəhanələrdən birinə çevrilərdi. Belə ki, onlar Osmanı beytul-maldan sui-istifadə etməkdə günahlandırmış və bu səbəbdən də onu qətlə yetirmişlər.

  

  4.Əgər Quran xəlifə Osman tərəfindən təhrif olunsaydı, ondan sonra xəlifə təyin olunmuş Əli (ə) bunların qarşısını alar və lazımı düzəlişlər aparardı. Lakin, bu barədə xəlifəyə hətta onun müxalifləri belə etiraz etməmişlər.

  

  Əli (ə) öz çıxışlarının birində, üçüncü xəlifənin beytul-maldan sui-istifadə etməsi haqda deyir:   And olsun Allaha! Əgər ərə gedən qadınların mehriyyəsi və alınan kənizlərin pulu beytul-maldan ödənilmişsə, mən onu yenidən buraya qaytaracağam. Çünki, ədalətin əhatə dairəsi çox genişdir. Ədalət kölgəsi altında həyat ona dar gələn şəxslərə, zülm kölgəsi altında daha da dar gələcəkdir. (Nəhcül-bəlağə).   

  

  Beytul-mala belə bir əhəmiyyət verən və onu əvvəlki vəziyyətinə qaytarmaq istəyən bir şəxs, sözsüz ki, Quranda təhrifə yol verilmiş olsaydı, onun qarşısını alaraq əvvəlki vəziyyətinə qaytarmağa çalışardı.

  
    QURANIN SONRAKI DÖVRLƏRDƏ TƏHRİF OLUNMASI  

  Quranın təhrif olunmasına dair irəli sürülmüş üçüncü nəzəriyyədə bunun sonrakı dövrlərdə baş verdiyinə işarə olunur. Lakin artıq bizə   məlumdur ki, kimsə tərəfindən belə bir iddia və ya nəzəriyyə irəli sürülməmişdir.

  

  İrad: Təhrif nəzəriyyəsinin tərəfdarları bu barədə deyirlər: Həccac ibni Yusif qiyam etdikdən sonra, Quranda Bəni-üməyyənin əleyhinə nazil olmuş ayələri çıxararaq, oraya bəzi əlavələr edir. Sonra nüsxələrin sayını artırıb böyük şəhərlərə (Məkkəyə, Mədinəyə, Bəsrəyə, Kufəyə, Şama və Misrə) göndərilməsini əmr edir. Köhnə nüsxələr isə yığılır və onlardan hətta bir nüsxə belə saxlanılmayır. Sonralar oxunan və tədris olunan Quranlar, məhz bu Quranlardan köçürülürdü. (Mənahicul irfan 257-ci səh).

  

    Cavab:   Həccac adi bir Bəni-üməyyə hökmdarı idi və onun belə bir böyük dəyişikliyə yol verməsi sadəcə olaraq qeyri-mümkün idi. O nəinki Quranda, hətta şəriətin adi məsələlərində belə dəyişiklik aparmağa qadir deyildi. Bir anlıq fərz edək ki, elə doğrudan da Həccac bütün Quran nüsxələrini yığdırıb oraya bəzi əlavələr etmiş və bütün köhnə nüsxələrin yandırılmasını əmr etmişdir. Ətraf məntəqə, şəhər və ölkələrdə Quran sədası altında yaşayan yüz minlərlə müsəlman necə, bütün bunlara göz yumub xəlifəyə öz etirazlarını bildirmirdilərmi?!

  

  Necə ola bilər ki, belə bir mühüm hadisə heç bir tarixçi tərəfindən nəql olunmamış və Quran mütəxəssislərinin təlif etdikləri yüzlərlə əsərdə araşdırılmamış qalsın?!

  

  Daha təəccüb doğuran burasıdır ki, müsəlmanlar hətta Həccacın hakimiyyəti dövründən sonra belə heç bir tədbirə əl atmamış və onun yolunu davam etdirmişlər.

  

  Həccac bütün Quran nüsxələrini yığıb məhv etməyə qadir olduğu kimi, onu müsəlman məntəqələrində yaşayan yüz minlərlə Quran hafizlərinin sinələrindən pozmağa da qadir idimi?!

  

  Bütün bunlarla yanaşı bunu da qeyd etmək lazımdır ki, əgər Quranda Bəni-üməyyə əleyhinə ayə olmuş olsaydı, Həccacdan əvvəl iqtidarda olan və daha çox nüfuza malik olan Müaviyə, Mərvan və digər xəlifələr də belə tədbirə əl atardı. Və əgər onlar da belə bir iş görmüş olsaydılar, Əli (ə) və onun tərəfdarları onlara qarşı öz etirazlarını bildirər, verdikləri hökmlərin əsassız olduğuna dair məntiqi dəlillər gətirərdilər. Belə ki, onlar dəfələrlə Müaviyənin çıxardığı digər hökmlərə qarşı öz etirazlarını bildirmiş və qismən də olsa bunun qarşısını ala bilmişlər.

  

  Göründüyü kimi, təhrif nəzəriyyəsinin tərəfdarlarının irəli sürdükləri bu fərziyyə təkcə Quran və sünnə ilə deyil, sağlam əql, düşüncə ilə də tam şəkildə ziddiyyət təşkil edir.

    
    TƏHRİFƏ DAİR DƏLİLLƏR  

  Təhrif nəzəriyyəsinin tərəfdarları Quranın təhrif olnumasına dair bir neçə əsassız dəlilə istinad etmişlər. Və biz onlardan bir neçəsini siz əziz oxuculara təqdim edirik.

  

    1.Tövrat və İncilin təhrif olunması:   

  

  Bir çox şiə və sünnü mənbələrində deyilir: Keçmiş ümmətlərin qarşılaşdıqları çətinliklərlə müsəlman ümməti də qarşılaşacaqdır. Yəni əgər təhrif Tövrat və İncilə yol tapmışdırsa, mütləq biz bunu Quranda da görəcəyik.

  

  Mərhum şeyx Səduq özünün Kamaluddin adlı kitabında Qiyas ibni İbrahimdən, o da imam Sadiqdən (ə) nəql edərək deyir: Keçmiş ümmətlərin başına gələn əhvalatlar, olduğu kimi müsəlman ümmətinin də başına gələcəkdir. (Biharul-ənvar 4-cü cild, 8-ci səh).

  

  Hədisin ümumi məzmunundan belə nəticəyə gəlmək olur ki, bu kimi təhriflər Qurana da yol tapa bilmişdir.

  

    Cavab:   Bu dəlili dörd səbəbə görə əsassız hesab etmək olar.

  

  1.Bu kimi dəlillərin əsasını təşkil edən rəvayətlər, şiə məzhəbinin istinad etdiyi dörd mötəbər hədis kitablarının heç birində mütəvatir olaraq nəql olunmamışdır. Əgər nəql olunmuşdursa da, vahid xəbər formasında nəql olunmuşdur.

  

  Demək, bu kimi rəvayətlərə istinad etməklə Quranın, Tövrat və İncil kimi təhrifə məruz qaldığını qəbul etmək olmaz.

  

  2.Əgər bu dəlilin doğruluğuna istinad olunarsa, Qurana əlavələr olunduğu da qəbul edilməlidir. Çünki, Tövrat və İncilə istənilən əlavələr olunmuşdur. Bir haldakı, Qurana əlavələr olunmasına dair irəli sürülmüş nəzəriyyələrin sayı demək olar ki, yox dərəcəsindədir.

  

  3.O ki qaldı keçmiş ümmətlərin başına gələn hadisələrə, onların bir çoxu ilə müsəlman ümməti heç də qarşılaşmamışdır. Məsələn, İsrail camaatının qırx il səhralarda didərgin düşməsi, buzova pərəstiş etmələri, Firon və onun adamlarının qərq olmaları, Süleyman peyğəmbərin insanlar və cinlər üzərindəki səltənəti, İsanın (ə) asimana qalxması, Musanın (ə) davamçısı olan Harunun onun özündən tez vəfat etməsi, Musanın (ə) göstərdiyi doqquz möcüzə, İsanın (ə) atası olmadan dünyaya gəlməsi, bir çox keçmiş ümmətlərin Allah-taalanın qəzəbinə gələrək meymuna, donuza və s. çevrilmələri və bu kimi yüzlərlə qeyri-adi hadisələr. Bir halda ki, müsəlman ümməti bunların heç biri ilə qarşılaşmamışdır. Bu kimi fərqli xüsusiyyətlər bu məzmunda hədis və rəvayətlərin əsassız oluduğunu bir daha sübuta yetirir. Fərz edək ki, bəlkə də onlar müsəlman ümmətinin   gələcəkdə məhz bu hadisələrlə deyil, onlara oxşar hadisələrlə qarşılaşacaqlarına işarə etmək istəmişlər.

  

  Buna əsasən müsəlmanlar, Quranın batini mənaları ilə ziddiyyət təşkil edən zahiri mənalara istinad etməklə təhrifə yol vermiş olurlar.

  

  Əgər bu fərziyyəni qəbul etmiş olarıqsa, Əbu Vaqid Ləysidən nəql olunmuş tamamilə əsassız olan bu rəvayəti təsdiq etmiş oluruq. Rəvayətdə deyilir: Peyğəmbər (s) Xeybər döyüşünə getdiyi zaman, yolda kafirlərin Zati-ənvat adlandırdıqları ağaca rast gəlir. Kafirlər səhrada olarkən adətən silahlarını onun budaqlarından asıb, kölgəsi altında istirahət edirdilər. Səhabələrdən bir neçəsi Peyğəmbərin (s) yanına gəlib deyir: Ya Rəsuləllah! Müşriklərdə olduğu kimi, bizim üçün də bu səhrada Zati-ənvat təyin et. Peyğəmbər (s) onların bu xahişindən bir qədər narahat olub buyurdu: Həmd olsun pak olan Allaha! Siz də məndən Musanın (ə) əshabının ondan istədikləri şeyi tələb edirsiniz. Onlar Musaya (ə) dedilər: Hamıda olduğu kimi bizim də Allahımızı gözlə görüləsi et! Sonra Peyğəmbər (s) buyurdu: And olsun Allaha! Keçmiş ümmətlərin yolunu gedirsiniz. (Səhih Termizi 6-cı cild, 29-cu səh).

  

  Hədisin məzmunundan belə bir nəticəyə gəlmək olur ki, müsəlman ümmətinin başına gələnlər, keçmiş ümmətlərin başına gələnlərin təkrarı deyil, sadəcə olaraq onlara oxşar hadisələrdir.

  

  4.Əgər bu rəvayətlərin sənəd baxımından mütəvatir və həqiqət olduğu sübuta yetsə belə, yenə də Quranın təhrif olunuduğunu qəbul edə bilmərik. Əgər gələcəkdə təhrifə məruz qalarsa, təkrara yol verilmiş olunur. Bir halda ki, rəvayətdə müəyyən zaman göstərilməmiş və qiyamət gününədək həyata keçməsinin mümkünlüyünə işarə olunmuşdur.

  

  Bütün bunları nəzərə alaraq Quranın, Peyğəmbərin (s) və ya ondan sonra dörd xəlifənin dövründə təhrifə məruz qaldığına necə iddia etmək olar?!

  
    ƏLİ (Ə)-IN YAZDIĞI QURAN NÜSXƏSİ  

    İkinci dəlil:   Təhrif nəzəriyyəsinin tərəfdarları mötəbər hesab etdikləri bir çox hədis və rəvayətələrə istinad edərək belə fərziyyə irəli sürmüşlər ki, Əli (ə)-ın adi Quran nüsxələrindən bir qədər fərqli ayrı bir Quran nüsxəsi olmuşdur. Belə ki, orada olan bəzi surə və ayələr digər nüsxələrdə olmamış, Əli (ə) onu camaata təqdim etdikdə onlar tərəfindən qəbul olunmamışdır. Hal-hazırda mövcud olan Quran nüsxələri isə həcm baxımından həmən Quran nüsxəsindən kiçikdir. Bu barədə bir çox rəvayətlər nəql olunmuşdur. Onlardan birində deyilir: Günlərin bir günündə Əli (ə) Təlhəyə deyir: Peyğəmbərə (s) nazil olmuş halal-haramı   və digər şəriət məsələlərini bəyan edən bütün ayələri bir yerə yazıb kamil nüsxə halına saldım. Və indi o mənim ixtiyarımdadır. (Təfsir Burhan 28-ci səh).

  

  Başqa bir yerdə deyilir: Quranın möhkəm, mütəşabih, nasix, mənsux və ümumiyyət xarakteri daşıyan bütün ayələri Əli (ə) tərəfindən yığılıb vahid nüsxə halına salınmışdır. Burada nə bir söz, nə də bir hərfdə səhvə yol verilməmişdir. (Təfsiri Safi. 6-cı müqəddimə-11).

  

  Koleyni də öz kitabında bu məzmunda bir neçə rəvayət nəql etmişdir. Onlardan birində deyilir:

  

  Cabir, imam Baqir (ə)-dan nəql edərək deyir: Kimsə Quranın nazil olduğu halda ixtiyarında olduğunu iddia etməyir. Əli ibni Əbi Talibdən başqa kim bu iddianı etsə, şübhəsiz yalan söyləyir. (2-ci cild, 72-ci fəsl, 130-cu səh).

  

    Cavab:   Əli (ə)-ın yazdığı Quran nüsxəsinin hal-hazırda ki, Quran nüsxələri ilə (surələrin ardıcıllıq baxımından) fərqli olması kimsədən gizli deyildir. Oradakı əlavələrə gəldikdə isə, bu əlavələr (əlbəttə əgər olmuşsa) bəzi ayələrə verilən təfsir və ya izahatlar olmuşdur.

  

    İzahat:   Belə bir səhv nəticəyə gəlməyin əsas səbəbi təvil və tənzil kəlmələrinin son dövrün mütəxəssisləri tərəfindən düzgün mənalandırmaması olmuşdur. Çünki, onlar tənzil deyildikdə yalnız Quranın nazil olmasını, təvil deyildikdə isə orada istifadə olunan ifadələrin izahını nəzərdə tuturlar.

  

  Lakin diqqət yetirmək lazımdır ki, bu iki ifadələrə verilən məna yeni terminalogiyaya daxildir və onlar özlərinin lüğəvi mənalarını daşımırlar. Bu səbəbdən də biz heç də Əhli-beyt tərəfindən nəql olunmuş rəvayətlərdə istifadə olunan bu ifadələri, məhz özünün yeni və terminaloji mənasında işlətməməliyik. O ki qaldı təvil kəlməsinin əsl mənasına, məsdər xarakteri daşıyan bu kəlmə təfil vəzninə daxildir. Sözün əsli isə əvəldir və bunun da mənası qayıtmaq və ya qaytarmaqdır. Belə ki, ərəblər el arasında deyirlər: Əvvəkun hukumu ila əhlihi yəni (hər bir şey öz sahibinə qaytarılmalıdır).

  

  Təvil bəzən bir işin sonu, aqibəti mənasında da işlənir. Məsələn:

  

    Sənə yuxu yozmağı öyrədəcək (Yusif-6).  

  

    Gəl bu yuxunu bizə yoz (Yusif-36).  

  

    Bu əvvəl gördüyüm yuxunun yozumudur (Yusif-100).  

  

    Sənin səbr edib dözə bilmədiyin şeylərin daxili [batini] mənası budur (Kəhf-83).   

  

  Göründüyü kimi, bu ayələrin hamısında təvil (işin sonu) aqibət mənasında işlənmişdir.

  

    Tənzil məsdər xarakteri daşıyır və təfil vəzninə daxil olduğu üçün (aşağı enmək) və ya endirmək mənasını daşıyır. Və bəzən tənzil nazil olmuş şeyin özü ilə işlənilir.

  

  Məsələn:

  

    [Sizə oxunan bu kitab] (Vaqiə-77).  

  

    O [Allah dərgahında] qorunub saxlanılan bir kitabdır (Vaqiə-78).  

  

    Ona yalnız pak olanlar toxunar (Vaqiə-79).  

  

    O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir (Vaqiə-80).   

  

  Göründüyü kimi bu ayələrdə tənzil deyildikdə, Quran nəzərdə tutulur. Lakin, bir çox hallarda da özünün məsdər formasında (enmə mənasında) işlənmişdir.

  

  Bir daha qayıdaq Əli (ə)-ın yığdığı Quran nüsxəsinə. Əgər biz burada bəzi əlavələr görəriksə, heç də onu Quran ayəsi hesab etməməliyik. Bunlar sadəcə olaraq Qurana verilən təfsir və ya izahatlardır.

  

  Götürək elə münafiqlər barəsində nazil olmuş ayələri. Məlum olduğu kimi Qurani-kərimdə onlardan hansınınsa müəyyən olaraq adı çəkilməmişdir. Bundan isə əsas məqsəd onların maraqlarını ələ gətirmək və qəlblərində islama qarşı rəğbət hissi yaratmaq idi. Lakin Əli (ə)-ın yazdığı nüsxədə isə, onlardan bəzilərinin adları ilə qarşılaşırıq. Demək, adların çəkilməsindən məqsəd ayələrə bir qədər ətraflı izahat vermək olmuşdur. O ki qaldı Quranda adı çəkilən Əbu Ləhəbə, o münafiq deyil, Peyğəmbərlə (s) açıq-aşkar düşmənçilik edən inadkar bir bütpərəst idi.

  
    3.TƏHRİFƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR  

    Üçüncü dəlil:   

  

  İrad: Təhrif nəzəriyyəsinin tərəfdarları deyirlər: Quranın təhrif olunmasına dair Əhli-beyt tərəfindən kifayət qədər hədis və rəvayət nəql olmuşdur və biz bu rəvayətlərə istinad edərək qətiyyətlə deyə bilərik ki, Quran təhrifə məruz qalaraq öz orjinallığını itirmişdir.

  

    Cavab:   Əvvəla bu məzmunda nəql olunmuş hədis və rəvayətlərdə təhrif kəlməsi ilə qarşılaşdıqda, heç də Quranın təhrif olunduğunu nəzərdə tutmaq lazım deyildir. Digər tərəfdən isə bu rəvayətlərin sənəd baxımından heç bir etibarı yoxdur. Çünki, bu rəvayətlərin əksəriyyəti Əhməd ibni Məhəmməd Səyyarinin və Əli ibni Əhməd Kufinin təlif etdikləri kitablarda nəql olunmuşdur. Bir halda ki, onlar Rical alimləri tərəfindən istinad olunası bir mənbə kimi qətiyyətlə rədd olunmuşlar. Lakin bu məzmunda nəql olunmuş və istinad olunası bir neçə mötəbər rəvayətlər də vardır. Bu səbəbdən də biz bu hədislərin araşdırılmasından daha çox, onların necə dəlalət etmələrinə diqqət yetiririk.   Və belə bir nəticəyə gəlirik ki, rəvayətlər məna və dəlalət baxımından dörd hissəyə bölünürlər. Onların mətnini nəzərdən keçirdikdən sonra Quranın təhrifinə dəlalət edib-etməmələri haqda ətraflı söhbət açacağıq.

  

    1.Birinci hissə:   

  

  Təhrif kəlməsi istifadə olunan və burada məhz Quranın nəzərdə tutulduğuna dair nəql olunmuş rəvayətlərin sayı otuzdan artıq deyildir.

  

  Onlardan bir neçəsini misal olaraq sizlərə təqdim edirik:

  

  1.Əli ibni İbrahim Qumi özü Əbuzərə istinad edərək nəql etdiyi rəvayətlərdən birində deyir: Bəzilərinin üzləri ağ, bəzilərinin üzləri isə qara olacağı gündə... ayəsi nazil olarkən, Peyğəmbər (s) buyurdu: Qiyamət günü mənim davamçılarım yanıma beş [müxtəlif] bayraq və əlamətlərlə daxil olacaqlar. Sonra mən onlardan Səqəleyn yəni Quran və Əhli-beyt ilə necə rəftar etdiklərini soruşacağam.

  

  Onlardan bir qismi deyərlər: Sənin bizə qoyduğun böyük əmanəti [Quranı] təhrif və sonra hissə-hissə etdik. Orada verilən hökmlərdən boyun qaçıraraq ona qarşı müxalif mövqe tuturduq. Kiçik əmanətinlə (Əhli-beyt) isə daim düşmənçilik edir, hətta onlara qarşı zülm və müharibə belə edirdik.

  

  2.Seyid ibni Tavus və Muhəddis Cəzairi, Həsən ibni Həsən Samiriyə istinad edərək nəql etdiyi rəvayətdə deyir: Günlərin bir günündə Huzəyfəyə, ilahi qanunlara tabe olmayan şəxslər haqda bu sözləri dedi: Onlar camaatı haqq yoldan azdırar, Quranı və mənim sünnətimi əvəz etmək istərlər.

  

  3.Səd ibni Abdulla Qumi, Cabir Cofiyə istinad edərək və o da imam Baqir (ə)-dan nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) Minada* olarkən dua etdi, sonra üzünü camaata tutub buyurdu: Ey camaat, mən sizin arazınzda iki ağır əmanət qoyuram. Agah olun ki, əgər onlara sığınarsınızsa heç vaxt haqq yoldan azmayacaqsınız. Bu iki əmanət Allahın kitabı [Quran] və Əhli-beytimdir və onlarla yanaşı Allahın evi Kəbəyə də ehtiramla yanaşmalısınız.

  

  İmam Baqir (ə) hədisi nəql etdikdən sonra buyurdu: Lakin camaat Allahın kitabını təhrif etmiş, Əhli-beyti qətlə yetirmiş, Allahın evi olan Kəbəyə qarşı böyük hörmətsizliklər etmişlər. Onlar ilahi hökmlərə qarşı çıxır və ona tabe olmaqdan boyun qaçırırdılar.

  

  4.Şeyx Səduq özünün Xisal adlı kitabında Cabirə istinad edərək və o da Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: Qiyamət günü Allahın ədalət məhkəməsinə üç şey daxil olub camaatdan şikayət edəcək. Onlar Quran, məscid və mənim Əhli-beytimdir. Quran deyəcək: İlahi! Camaat məni təhrif edib əzəmət və müqəddəsliyimi aradan apardı. Məscid deyəcək: İlahi! Camaat məndən üz döndərib lazımınca bəhrələnmədi. Əhli-  beytim deyəcək: İlahi! Camaat bizi qətlə yetirir, yerimizdən, yurdumuzdan didərgin salırdı...

  

  5.Koleyni (Üsuli Kafidə) və şeyx Səduq Əli ibni Suveydə istinad edərək nəql etdiyi hədisdə deyir: Həzrət Əbul Həsən Musa ibni Cəfər (ə) zindanda olarkən bir məktub yazdım. O da məktubun cavabında yazdı: Camaat Allahın kitabını əmanət olaraq qəbul etdi, lakin sonra xəyanət edərək onu təhrif etdilər.

  

  6.İbni Şəhr Aşub, Abdullaha istinad edərək nəql etdiyi hədisdə deyir: Həzrət imam Hüseyn (ə) Aşura günü xütbə oxudu. Orada deyilirdi: Siz Allahın hökmündən çıxan inadkar və haqdan uzaq düşmüş bir camaatsınız. Qurandan üz çevirib, Şeytandan ilham alırsınız. Sizlər günahlarınızla fəxr edər, Allahın kitabını təhrif edərsiniz.

  

  7.İbni Qəuluyyə özünün Kamizziyarat adlı kitabında Həsən ibni Ətliyyəyə istinad edərək imam Sadiqdən (ə) nəql etdiyi hədisdə deyir: Hair Hüseyninin yanına gedərkən bu duanı oxu: İlahi! Peyğəmbərlərini təkzib edən kəslərə lənət et.

  

  8.Həcal Qutbə ibni Məymundan o da Abdul Əladan nəql etdiyi hədisdə deyir: İmam Sadiq (ə) buyurur: Ərəb dilinin təəssübkeşləri (yəni onu digər dillərdən üstün tutan kəslər) Quranı təhrif edərlər.

  

    Cavab:   Rəvayətlərdə təhrif deyildikdə, heç də Quranın sözün əsl mənasında təhrif olunduğu nəzərdə tutulmayır və bunun bir qədər əvvəl haqqında söhbət açdığımız təhrif nəzəriyyəsi ilə heç bir əlaqəsi yoxdur. Rəvayətlərdə təhrif deyildikdə ya qarilərin qiraətində olan ixtilaflar, belə ki, bu da təhrifin bir növü hesab olunur ya bəzi müfəssirlərin Əhli-beytə qarşı qərəzli mövqe tutaraq bəzi ayələrə verdikləri yanlış təfsirlər, ya da şəriət məsələlərinin bilərəkdən dəyişdirilməsi nəzərdə tutulur. İmam Baqir (ə) bu mətləbə işarə edərək buyurur: Camaat Allahın kitabını təhrif etmiş və onu istədikləri kimi mənalandırmışlar...

  

  Bir qədər əvvəl qeyd etdik ki, tarixdə bu kimi təhriflərə dəfələrlə yol verilmiş və bunun nəticəsində müsəlman ümməti arasında nəzərə çarpacaq qədər ixtilaf və ikitirəlik yaranmışdır. Əgər bu təhriflərə yol verilməsəydi nə Peyğəmbər (s) mənəvi sarsıntı keçirər, nə də Əhli-beyt öz haqqından məhrum olardı. Lakin bir daha diqqət yetirmək lazımdır ki, yuxarıda haqqında söhbət açılan təhrif üsullarının nəzərdə tutduğumuz mövzu ilə heç bir əlaqəsi yoxdur.

  

    İkinci hissə:   

  

  Təhrif rəvayətlərinə istinad edən başqa bir qrup belə bir fərziyyə irəli sürmüşlər ki, Quranın orjinal nüsxəsində bəzi dini məzhəb və təriqət rəhbərlərinin adları çəkilmiş, lakin təhrif nəticəsində aradan getmişdir. Bu məzmunda bir neçə rəvayət nəql olunmuşdur.

  

    1.Mərhum Koleyni Üsuli-kafidə Məhəmməd ibni Fəzldən nəql edərək deyir: İmam Əbul Həsən (ə) buyurur: Əli ibni Əbi Talibin (ə) imamət və vilayəti, bütün peyğəmbərlərin kitablarında qeyd olunmuşdur. Allah, peyğəmbərlərin hamısına Məhəmmədin (s) sonuncu peyğəmbər və onun vəsisi Əli (ə) haqda xəbər vermişdir.

  

  2.Əyaşi, imam Sadiq (ə)-dan nəql edərək deyir: Əgər Quran indinin özündə də nazil olduğu kimi qalsaydı, hal-hazırda orada biz Əhli-beytin adlarına rast gələrdik.

  

  3.Koleyni Üsuli-kafidə və Əyaşi öz təfsirində İbni Abbasdan, həmçinin Furat Kufi öz təfsirində Əsbəs ibni Nəbatədən nəql edərək deyir: Əli (ə) buyurur: Quran dörd hissədən ibarət olmaqla nazil olmuşdur. Onun ayələrinin dörddə biri bizim, dörddə biri düşmənlərimiz, dörddə biri ibrətamiz məsələlər, dörddə biri isə icra olunması vacib, müstəhəb, haram və məkruh olan şəriət məsələləri haqda nazil olmuşdur. Qurana ehtiramla yanaşıb onun göstərişlərinə əməl etmək bizim ən başlıca vəzifəmizdir.

  

  4.Koleyni imam Baqir (ə)-dan nəql etdiyi hədisdə deyir: Cəbrail Bəqərə surəsinin 23-cü ayəsini Peyğəmbərə (s) nazil edərkən orada Əlinin adı çəkilmişdir. Ayədə deyilir:

  

  Əgər bəndəmizə [Məhəmmədə] [Əli barəsində] nazil etdiyimizə [Qurana] şəkkiniz varsa, siz də [fəsahətdə və bəlağətdə] ona bənzər bir surə gətirin.

  

    Cavab:   İmamların adlarına gəldikdə deməliyik ki, heç bir ayədə birbaşa onların adları çəkilməmişdir. Bu kimi rəvayətlərdə imamların adları ilə qarşılaşdıqda isə, ayənin təfsir və ya izah olunduğuna ehtimal verməliyik. Demək, belə bir əsassız dəlilə istinad edərək, heç də Quranın təhrif olunduğunu iddia etmək olmaz.

  

  Yox əgər təhrifdən savayı heç bir məna əldə etmiriksə, bu məzmunda nəql olunmuş rəvayətlər, Quranın təhrif olunmadığını açıq-aşkar bəyan edən digər möhkəm ayələr və Peyğəmbərdən (s) nəql olunmuş mütəvatir hədislərlə ziddiyyət təşkil etdiyi üçün kənara qoyulmalı və ona mötəbər rəvayət kimi istinad olunmamalıdır. Deməli ilk növbədə ayənin məzmununa diqqət yetirmək lazımdır. Əgər ayənin məzmununda Əli (ə) və ya digər imamlar nəzərdə tutulursa, biz yalnız ayəni təfsir edərkən onların adlarına işarə etməliyik. Əks təqdirdə nə bu məzmunda nəql olunmuş rəvayətlərə istinad etməliyik, nə də ayəni istədiyimiz tərzdə təfsir etməliyik.

  

  Təhrif rəvayətlərinə istinad edən şəxslərin irəli sürdükləri nəzəriyyənin əsassız olduğunu bir neçə dəlillə sübuta yetirə bilərik.

  

  1.Hamı tərəfindən mötəbər hesab olunan və eyni zamanda tarixi xarakter daşıyan Qədir hədisindən bir daha məlum olur ki, Əli (ə)-ın adı Qurani-kərimdə birbaşa çəkilməmişdir. Çünki, Əli (ə)-ın Qədir hədisi   vasitəsilə xilafətə təyin olunması Allahın əmri ilə həyata keçmişdir. Elə bir şəraitdə ki, bu hadisəni yüz minlərlə müsəlman öz gözləri ilə müşahidə edib və bu hadisənin canlı şahidlərinə çevrilirdilər. Əli (ə) bundan belə Peyğəmbərə (s) bütün işlərində köməklik etməli və qarşılaşdığı bütün çətinliklərdə onu qorumalı idi.

  

  Əgər Əli (ə)-ın adı Quranda açıq-aşkar göstərilsəydi, onun belə bir şəraitdə (Qədir hadisəsində) xilafətə təyin olunmasına heç bir ehtiyac duyulmazdı. Demək Əli (ə)-ın adı Quranda birbaşa çəkilsəydi, Peyğəmbər (s) heç nədən çəkinmədən bunu bəyan edər və bu mətləbi təsdiqləyəcək ayə nazil olmazdı. Belə ki, Qədir hadisəsindən bir daha bizə məlum olur ki, Əli (ə)-ın adı Qurani-kərimdə birbaşa olaraq bir dəfə də olsun çəkilməmişdir. Bu əhvalat həccətul-vidada Peyğəmbərin (s) ömrünün son günlərində baş vermişdir. Elə bir vaxtda ki, Quran demək olar ki, tam şəkildə nazil olmuş və müsəlmanlar arasında geniş yayılmışdır.

  

  2.Əli (ə)-ın Qurani-kərimdə adı çəkilməsinə dəlalət edən bəzi rəvayətlərin tamamilə yalan və əsassız olduğu göz qabağındadır. Belə ki, bir qədər əvvəl qeyd etdiyimiz dördüncü hədisdə Əli (ə)-ın, Bəqərə surəsinin 23-cü ayəsində adının birbaşa çəkilmədiyini görürük. Bir halda ki, həmin ayənin vilayət və ya imamət mövzusu ilə heç bir əlaqəsi yoxdur.

  

  3.Əbu Bəkrin Üsuli-kafidə imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə, Əli (ə)-ın adının Qurani-kərimdə birbaşa çəkilmədiyini bir daha sübuta yetirir. Hədisdə deyilir: İmam Sadiq (ə)-dan Nisa surəsinin Allaha, Peyğəmbərə və özündən olan ixtiyar sahiblərinə itaət edin! ayəsini soruşdum. İmam Sadiq (ə) buyurdu: Bu ayə Əli ibni Əbi Talib və oğlanları Həsən və Hüseyn barəsində nazil olmuşdur. Dedim: Camaat deyir ki, nə üçün Əlinin və onun Əhli-beytinin adları Quranda çəkilməmişdir? İmam (ə) buyurdu: Onlara de ki, namaz əmri verilərkən onun üç və ya dörd rəkət qılınacağı barəsində bir ayədə olsun nazil olmamışdır. Onun necə qılınacağı sonralar Peyğəmbər (s) tərəfindən izah olundu. (Vafi. 2-ci cild, 30-cu səh).

  

  Bu rəvayətlə bu məzmunda nəql olunmuş digər rəvayətlərdə həm təfsir, həm də nəyin nəzərdə tutulduğu bəlli olur. Yəni Əli (ə)-ın adı Quranda çəkilməmişdir. Lakin bəzi ayələrin təfsir və ya izahlarında onun adına rast gəlmək olur, Peyğəmbərə (s) bunun bəşəriyyətə bəyan olunması Allah tərəfindən əmr olunmuşdur.

  

  4.Əbu Bəkrə beyət etməyən və ona qarşı hər növ mübarizə üsuluna əl atan şəxslər, Əli (ə)-ın Quranda adının çəkilməsinə heç bir işarə etməmişlər. Əgər Əli (ə)-ın adı həqiqətən Quranda çəkilsəydi, Əbu Bəkrin yaratdığı yeni xilafətə qarşı çıxan şəxslər əsaslı dəlil olaraq buna istinad edər və onun istefasını tələb edərdilər.

    
    ÜÇÜNCÜ HİSSƏ  

  Təhrif rəvayətlərinə istinad edən başqa bir qrup iddia edirlər ki, müsəlmanlar Peyğəmbərdən (s) sonra Quranın bəzi ayələrində müəyyən dəyişikliklər aparmışlar. Belə ki, ayələrdə istifadə olunan ifadələrdən bəziləri ya oradan çıxarılmış və ya başqa bir ifadələrlə əvəz olunmuşdur.

  

  Misal olaraq bu məzmunda nəql olunmuş bir neçə rəvayətə işarə edirik.

  

  1.Əli ibni İbrahim Qumi, Hureyzdən və o da imam Sadiqdən (s) nəql etdiyi hədisdə deyir: Fatihə surəsinin altıncı ayəsi belə nazil olmuşdur:

  

    Siratə mən ən əmtə ələyhim ğəyril məğzubi ələyhim və ğəyrizzallin.   

  

  2.Əyaşi, Hişam ibni Salimdən nəql etdiyi hədisdə deyir: İmam Sadiq (ə)-dan Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini məxluqat [insanlar, bəşər övladı] üzərinə seçilmiş [üstün] etdi. İmam (ə) buyurdu: Ayə əslində belə nazil olmuşdur: İbrahim övladı və Məhəmməd ailəsini... göründüyü kimi burada İmran ailəsi, Məhəmməd ailəsi ilə əvəz olunmuşdur.

  

    Cavab:   Əvvəla bu rəvayətlər sənəd və etibar baxımından olduqca zəif və əsassızdır. Digər tərəfdən də Quranın bir çox ayələri bu məzmunda nəql olmuş və mötəbər hədis və rəvayətlər, həmçinin Quranın dəyişilməz olaraq qaldığına və təhrifə yol verilmədiyinə istinad edən hər bir müsəlman belə bir fərziyyəni qətiyyətlə rədd edir. Şeyx Mufid, Şeyx Tusi və Şeyx Bəhai təhrifə dair təlif etdikləri əsərlərdə bu mətləbə xüsusi diqqət yetirmiş və qətiyyətlə Quranda bircə hərfin də dəyişilmədiyini bildirmişlər. Onlar son nəticəyə gələrək deyirlər: Hal-hazırkı Quran nüsxələri Peyğəmbərə (s) nazil olmuş nüsxə ilə heç də fərqli deyildir və bu həqiqəti təsdiqləyəcək kifayət qədər hədis və rəvayət vardır.

  
    DÖRDÜNCÜ HİSSƏ  

  Təhrif rəvayətinə istinad edən başqa qrup deyir: Quranda bəzi ifadələr ixtisara salınmaqla mətnində nöqsan və çatışmamazlıqlar meydana gəlmişdir.

  

    Cavab:   Bu məzmunda nəql olunmuş rəvayətlər də digər rəvayətlər kimi tamamilə zəif və əsassızdır. Biz bu rəvayətləri də digər rəvayətlər kimi diqqətlə araşdırmalı və yetkin nəticəyə gəlməliyik. Yəni biz onları Quranın təhrif olunub-olunmadığına dair nəql olunmuş rəvayətlə və ya Quranın öz ayələri ilə tətbiq etməli, həqiqət olub-olmadığına yəqinlik hasil etməliyik. Bu rəvayətələr Quran və mötəbər rəvayətlərlə ziddiyyət təşkil etdikdə, digər qeyri-mötəbər rəvayətlər kimi kənara qoyulmalı, ona istinad olunmamalıdır.

  

    Məşhur Quran təhqiqatçılarından biri olan Kobasi bu haqda deyir: Quranın təhrif olunduğuna dəlalət edən rəvayətlər, bəziləri istisna olmaqla müsəlman icması tərəfindən qətiyyətlə rədd olunur. Quranda təhrif və ya nöqsana yol verilməsinə heç bir əsas yoxdur. Əgər bu həqiqətə uyğun olsaydı, digər mühüm hədislər kimi tez bir zamanda yayılar və hamının, xüsusilə təhrif nəzəriyyəsinin maraq dairəsinə çevrilərdi. Çünki, bu heç də kiçik və az əhəmiyyətli məsələ deyildir.

  

  Belə bir nəzəriyyə Bağdadi və Kurki kimi digər təhqiqatçılar tərəfindən irəli sürülmüşdür. Kurki, Quranın təhrif olunmadığına dair təlif etdiyi kitabda yazır: Quranda təhrif və ya nöqsana yol verildiyinə dair nəql olunmuş bütün hədis və rəvayətləri diqqətlə araşdırmalı, əsassız olduğu isbat olduqda, dərhal kənara qoyulmalı və mötəbər sənəd kimi istinad olunmamalıdır. Çünki, bu kimi rəvayətlər Quran ayələri və Peyğəmbər (s) tərəfindən nəql olunmuş hədislərlə, müsəlman icmasının etiqadı, əqidəsilə tamamilə ziddiyyət təşkil edir.

  

    Müəllif:   Mərhum Kurki bir qədər əvvəl, bizim haqqında söhbət açdığımız mətləbə toxunmuş və bu rəvayətləri Quran, hədis və icma ilə tətbiq olunmasına işarə etmişdir. Belə ki, bu üç mənbə ilə ziddiyyət təşkil edən bütün rəvayətlərin əsassız və qeyri-mötəbər olduğunu bildirmişdir.

  

  Şeyx Səduq, imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: Şübhə doğuran bir məsələ ilə qarşılaşdıqda, onu tezliklə həll edib, çətinliklərlə qarşılaşmamaq əvəzinə bir qədər səbr edib, təmkinli olmanız daha məqsədə uyğun olar. Çünki, hər bir həqiqətin öz meyar və şahidi, hər bir düz işin isə işıqlı gələcəyi vardır. Quran da həqiqət meyarıdır. Belə isə görünən hər bir işi və söylənilən hər bir sözü Quranla müqayisə edin. Onunla müvafiq olduqda qəbul edin, əks təqdirdə onu tərk etməyə çalışın. (Vəsailuş-şiə. 3-cü cild, 380-cı səh).

  

  2.Qutb Ravəndi, imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: Bir-biri ilə zidd olan iki müxtəlif hədislə qarşılaşdıqda, onları Quranla müqayisə və tətbiq edin. Quranla müvafiq olanı qəbul, digərini isə rədd edin. (Vəsailuş-şiə. 3-cü cild, 380-cı səh).

  
    DOQQUZUNCU FƏSİL  
    QURANIN YIĞILIB KİTAB HALINA SALINMASI  

    1.Quranın yığılmasına dair nəql olunmuş rəvayətlər;  

  

      2.Quranın yığılmasına dair nəql olunmuş rəvayətlərə verilən cavablar:  

  

    Birinci Cavab:   Rəvayətlərdə nəzərə çarpan nöqsan və çatışmamazlıqlar.

  

    İkinci Cavab:   Rəvayətlərdəki ziddiyyətlərin araşdırılması.

  

    Üçüncü Cavab:   Quranın rəvayətələrə olan baxışı;

  

    Dördüncü Cavab:   Quranın yığılmasına dair nəql olunmuş hədislərə əqli baxış;

  

    Beşinci Cavab:   Quranın yığılmasına dair nəql olunmuş hədislər və müsəlman icması;

  

    Altıncı Cavab:   Müsəlman icmasının Qurana əlavələr flu,Lasına olan mənfi baxışları;

 r

    3.Quranın yığılmasına dair irəli sürülmüş düzgün nəzəriyyə;  

  

    4.Nəticə.   

  
    QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR  
    QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRDƏN EDİLƏN SUİ-İSTİFADƏLƏR  

  Ötən fəsillərdə təhrif nəzəriyyəsinin tərəfdarlarının Quranın təhrif olunmasına dair irəli sürdükləri nəzəriyyə və dəlillərə işarə edib, onlara ayrı-ayrılıqda qən&##601;tbəxş cavablar verildi. Bu fəsldə də onların istinad etdikləri dördüncü dəlilə işarə edib onlara lazımı cavablar verəcəyik.

  

  Quranın yığılması təhrif nəzəriyyəsi tərəfdarlarının daim diqqət mərkəzində olmuş və ondan sui-istifadə etmək istəmişlər.

  

  İstinad etdikləri dəlillərin birində deyilir: Quranın yığılması adətən təhrifə yol verilməklə həyata keçmişdir. Bu səbəbdən də biz, Quranın təhrif olunduğunu tərəddüd etmədən qəbul etməliyik.

  

    Cavab:   Onlar belə güman edirlər ki, Quran Əbu Bəkrin fərmanı ilə yığılmışdır. Belə ki, Bir Məunə döyüşündə Quran hafizlərinin yetmiş, Yəmamə döyüşündə isə dörd yüz nəfərinin həlak olması Əbu Bəkri təşvişə saldı. O, qorxur ki, əgər baş verən hadisələr bu minvalla davam edərsə, hafizlər son nəfərə kimi həlak olacaq və nəticədə Quran aradan gedəcəkdir. Bu səbəbdən də Quranın vahid nüsxə halına salınması üçün Ömər və Zeyd ibni Sabitə pərakəndə olaraq yayılmış ayələri iki nəfərin şahidliyi ilə yığılmasını əmr edir. Demək nəticədə, ya   Quran təhrif olunmuş və ya heç olmasa təhrif olunuduğuna ehtimal vermək olar. Məsələn, bir və ya bir neçə şairin pərakəndə olaraq yayılmış şerlərini vahid şer toplusu halına salmaq istəyiriksə, unutqanlıq, çatışmamazlıq və ya müxtəlif səbəblər üzündən heç olmasa onlardan bir neçəsini bu topluya daxil edə bilməyəcəyimizə ehtimal verməliyik.

  

  Belə bir əsassız dəlilə istinad edərək, Quranın təhrif olunduğunu qəbul edirlər. Bu səbəbdən də cavab olaraq, Quranın yığılmasına dair nəql olunmuş mötəbər rəvayətlərə istinad edərək bu nəzəriyyənin əsassız olduğunu, Quran elmləri məcmuəsində yeni fəsil açmaqla isbat etmək istəyirik. İndi isə bu məzmunda nəql olunmuş rəvayətlərə diqqət yetirin.

  

  1.Zeyd ibni Sabit nəql etdiyi rəvayətdə deyir: Yəmamə döyüşü zamanı Əbu Bəkr məni yanına çağırdı. Onun xeyməsinə girdikdə Ömər ibni Xəttabın da orada olduğunu gördüm. Məni görcək dedi: Zeyd! Ömər deyir ki, döyüş qanlı-qadalı keçdiyi üçün Quran hafizlərinin bir çoxu həlak olmuş və onların sayı nəzərə çarpacaq qədər azalmışdır. Qorxuram ki, ağır döyüşlər baş versin və Quran hafizlərinin bu döyüşlərdə bütünlüklə həlak olması, Quran ayələrinin bir çoxunun unudularaq aradan getməsinə gətirib çıxarsın. Bu səbəbdən də belə bir qərara gəlmişik ki, pərakəndə Quran ayələrini bir yerə yığıb vahid nüsxə halına salaq.

  

  [Əbu Bəkr deyir:] Ömərə dedim: Peyğəmbərin (s) görmədiyi bir işi məndən tələb edirsən?!

  

  Ömər dedi: And olsun Allaha! Görə biləcəyimiz ən xeyirli iş varsa, o da budur. O, özü bunu dəfələrlə təklif etmişdir. Nəhayət, Allah qəlbimi öz nuru ilə işıqlandırdı və onun təklifini qəbul etdim.

  

  Zeyd deyir: Sonra Əbu Bəkr mənə dedi: Sən cavanlığından öz ağıl və dərrakənlə hamıdan fərqlənir, sədaqətinlə hamının etimadını qazana bilmisən. Hələ Peyğəmbərin (s) zamanında nazil olan vəhyləri kağız üzərinə köçürür və beləliklə Peyğəmbər və Quranla yaxın ünsiyyətdə ola bilirdin. Gəl bu ağır və eyni zamanda məsuliyyətli işi öz üzərinə götür.

  

  Zeyd sözlərinə əlavə edərək deyir: And olsun Allaha! Əgər Əbu Bəkr dağı qazıb başqa yerə daşınmasını əmr etsəydi, bu mənim üçün Quranı bir yerə yığmaqdan asan olardı. Bu səbəbdən də Əbu Bəkrin, Ömərə dediyini təkrar etdim. Peyğəmbərin (s) görmədiyi bir işi necə yerinə yetirə bilərsiniz? Əbu Bəkr dedi: And olsun Allaha! Müsəlmanlar yalnız buna ehtiyac duyurlar. Bu səbəbdən də Quranın yığılmasını təkidlə mənə əmr edir və mümkün qədər bu işə tez başlamağımı istəyirlər. Nəhayət özümün bu işə hazır olduğumu hiss etdim, pərakəndə olan ayələri kağız üzərindən və hafizlərin yaddaşlarından bir yerə yığıb vahid nüsxə halına saldım. Tapılması bir qədər çətin olan, Tövbə surəsinin son ayələri idi [Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki... onu da Kəzimə Ənsaridən əldə edə bildim.

  

    Böyük zəhmətlə yığılan Quran nüsxəsini, Əbu Bəkr xəlifə olduğu müddət ərzində özündə saxlayırdı. Sonra onu Ömər və ondan sonra qızı Həfsə saxlayırdı. (Səhih Buxari. 6-cı cild, 98-ci səh).

  

  2.İbni Şəhab, Ənəs ibni Malikdən nəql edərək deyir: Osman, Huzeyfə İraq və Şam camaatını Azərbaycan və Ermənistanın fəthinə hazır olmalarını əmr etdi. Huzeyfə səfər tədarükü görərkən onların qiraətində müşahidə etdiyi ixtilaflardan bərk narahat olur. Bunun qarşısını almaq məqsədilə Osmana belə bir məktub yazır: Ya Əmirəl-möminin! Yəhudi və nəsranilər islamı qəbul edib qiraətdə ixtilafa düçar olmazdan əvvəl, islamı qəbul etmiş müsəlmanların dadına çat!

  

  Osman, yığılmış Quran nüsxələrini üzündən köçürmək məqsədilə Həfsəyə məktub yazıb, ondan həmin Quranın göndərilməsini istəyir. Həfsə nüsxəni ona göndərir. Xəlifə Zeyd ibni Sabitə, Abdulla ibni Zubeyrə, Səid ibni Asa, Abdurrəhman ibni Hərs ibni Hişama bu nüsxənin üzünü köçürməyini əmr edir.

  

  Sonra Osman onlardan üçünü yanına çağırıb deyir: Əgər sizinlə Zeyd ibni Sabit arasında Quranın yazılış və oxunuşunda ixtilaf meydana gəlsə, Qüreyşin ləhcə və istifadə etdiyi ifadələrə müraciət edin. Çünki, Quran onların ləhcəsində və istifadə etdiyi ifadələrlə nazil olmuşdur.

  

  Bu dörd nəfər şəxs xəlifənin əmrinə əsasən bir neçə nüsxə köçürüb ona təqdim edir. Xəlifə əsl nüsxəni Həfsəyə qaytarır və yazılmış nüsxələri ətraf məntəqələrə göndərir, sonra isə mövcud olan nüsxələri yandırıb məhv olunmasını əmr edir.

  

  İbni Şəhab hədisi nəql etdikdən sonra deyir: Zeyd ibni Sabitin oğlu Xaricə nəql edir ki, atam deyərdi: Nüsxənin üzərindən köçürdüyümüz zaman, Peyğəmbərin (s) özündən eşitdiyim Əhzab surəsinin ayələrindən birini itirmişdik. Nəhayət onu Xəzimət ibni Sabit Ənsaridən əldə edə bildik və onu nüsxələrə əlavə etdik. Həmən ayə bundan ibarət idi:

  

  Möminlərin içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar.

  

  3.İbni Əbi Şeybə Əli (ə)-dan nəql edərək deyir: Əbu Bəkrin savabı hamıdan daha çoxdur. Çünki o, Quranı bir yerə yığan ilk şəxs olmuşdur.

  

  4.İbni Şəhab, Salim ibni Abdulla və Xaricədən nəql edərək deyir: Əbu Bəkr kağız üzərinə yazılmış pərakəndə Quran ayələrini bir yerə yığıb, Zeyd ibni Sabitədən ona nəzər salmasını istədi. Lakin Zeyd bundan imtina etdi. Əbu Bəkr ilə Ömər bir daha yığılmış nüsxədə düzəliş aparmasını israr etdikdə Zeyd nəhayət öz razılığını bildirdi.

  

  Bu nüsxə Əbu Bəkrin vəfatından sonra Ömərin və ondan sonra Peyğəmbərin (s) zövcəsi Həfsənin yanında saxlanılırdı. Osman öz adamlarını göndərib Həfsədən həmən nüsxələri təhvil verməsini istədi. Lakin Həfsə Quranı Osmana verməkdən imtina etdi. Osman bir daha öz   adamlarını göndərib, Quranın yenidən ona qaytarılacağını söz verir. Həfsə bu dəfə Quranı onlara verməyə razılıq verir. Osman onun üzərindən bir neçə nüsxə köçürüb, əsl nüsxəni yenidən Həfsəyə qaytarır.

  

  5.Hişam ibni Urvə atasından nəql edərək deyir: Yəmamə döyüşündə iştirak edən Quran qariləri həlak olduqdan sonra, Əbu Bəkr, Ömər ibni Xəttaba və Zeyd ibni Sabitə məscidə gələn mötəbər qarilərin qiraətlərini dinləmələrini və onların qiraətlərinin yalnız o zaman kağız üzərinə köçürmələrini əmr edir ki, iki nəfər mötəbər şəxs qiraətlərin düzgünlüyünə şəhadət vermiş olsun. Peyğəmbərin (s) səhabələrindən və Quran hafizlərindən bir çoxunun bu döyüşdə həlak olması, belə bir zərurətə səbəb olmuşdu və xəlifə lazımınca bunu yerinə yetirdi.

  

  6.Məhəmməd ibni Səyreyn nəql etdiyi rəvayətdə deyir: Ömər ibni Xəttab öldürüldüyü zaman hələ Quran bir yerə yığılmamışdı.

  

  7.Həsən rəvayət edir ki, Ömər, Quran ayələrinin biri haqda sual verdi. Cavabında ona deyilir: Bu ayə Yəmamə döyüşündə həlak olmuş filan şəxsdə idi. Ömər, qarilər ölməklə Quranın zaman keçdikcə unudularaq aradan getməsindən qorxub, həyacanlanaraq Hamımız Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq ayəsini oxudu və sonra tez bir zamanda Quranın bir yerə yığılmasını əmr etdi. Beləliklə deyə bilərik ki, Ömər, Quranı vahid nüsxə halına salan ilk şəxs olmuşdur.

  

  8.Yəhya ibni Əbdürrəhman ibni Xəttab nəql etdiyi rəvayətdə deyir: Ömər ibni Xəttab, Quranın bir yerə yığılması qərarına gəldikdə, minbərə qalxıb dedi: Peyğəmbərdən (s) kim nə öyrənibsə, yazılı şəkildə onları bizə təhvil versin. Kimdə nə vardısa gətirib onu xəlifəyə təhvil verdi. Lakin, Ömər o yazıları qəbul edirdi ki, iki nəfər mötəbər şəxs onun Quran ayələri olduğuna şəhadət vermiş olsun. Xəlifə, Quranın yığıldığı ərəfədə qətlə yetirildi. Ondan sonra xilafətə Osman təyin olundu. O da Ömərin başladığı işi davam etdirdi və yalnız o səhifələri qəbul edirdi ki, iki nəfər mötəbər, adil şəxs yazılının həqiqətən Quran olduğuna şəhadət vermiş olsun.

  

  Xəzimə ibni Sabit xəlifənin yanına gəlib deyir: Ayələrdən ikisi Qurana daxil edilməmişdir. Ondan bu ayələrin hansılar olduğunu soruşduqda, Tövbə surəsinin son ayələrini oxudu:

  

  [Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır... Xəzimə bu ayələri oxuduqdan sonra Osman dedi: Mən şəhadət verirəm ki, bu iki ayə həqiqətən Allah tərəfindən nazil olmuşdur. Siz nə məsləhət görürsünüz, bu ayələri Quranın hansı surəsinə əlavə edək? Xəzimə dedi: Bu ayələri Peyğəmbərə (s) nazil olmuş son surələrə əlavə edin! Beləliklə bu iki ayə Tövbə surəsinə əlavə edildi və onun son iki ayəsi kimi qəbul olundu.

  

  9.Ubeydə ibni Uməyr deyir: Ömər iki nəfərin şəhadəti olmadan heç bir yazılını Qurana əlavə etmirdi. Ənsardan biri sizə özünüzdən bir   peyğəmbər gəldi... ayəsini Ömərə təqdim etdi. Ömər dedi: Peyğəmbərin (s) əxlaqı həqiqətən bu ayələrdə bəyan olunduğu üçün, səndən şahid istəmirəm. (Bütün bu rəvayətlər Kənzul-ummalda nəql olunmuşdur. 2-ci cild, 361-ci səh).

  

  10.Süleyman ibni Ərqəm Həsəndən, İbni Seyrəyndən və İbni Şəhab Zəhradan nəql edərək deyir: Yəmamə döyüşündə qarilərin böyük bir hissəsi həlak oldu. Daha dəqiq desək, onlardan dörd yüz nəfəri amansızcasına qətlə yetirildi. Zeyd ibni Sabit, Ömərlə görüşdükdə ona deyir: Qanun olaraq Allah tərəfindən təyin olunmuş şəri məsələlər bütünlüklə Quranda bəyan edilmişdir. Quran aradan getməklə bu hökmlər də unudulub zehnlərdən silinəcəkdir. Belə bir qərara gəlmişəm ki, ayələri bir yerə yığıb, Quranı kitab halına salım. Ömər dedi: Bir qədər səbr et! Bu barədə Əbu Bəkr ilə məşvərət etməliyəm!

  

  Onlar Əbu Bəkrin yanına gedib bu barədə onunla ətraflı söhbət edirlər. Əbu Bəkr onları dinlədikdən sonra deyir: Bir qədər səbr edin, görək camaat bu barədə nə deyir. Məscidə gəlib hamının qarşısında xütbə oxudu və onları bu məsələdən agah etdi. Hamı bir nəfər kimi bu işi bəyənib öz razılıqlarını bildirdilər. Carçı, bütün yazılı nüsxələrin xilafətə təhvil verilməsini elan etdi və Quran bir yerə yığılaraq kitab halına salındı...

  

  11.Xəzimət ibni Sabit nəql etdiyi rəvayətdə deyir: Sizə özünüzdən bir peyğəmbər gəldi... ayəsini Ömər və Zeyd ibni Sabitə təhvil verdikdə, Zeyd dedi: Özündən başqa bunların həqiqətən Quran ayəsi olduğuna şəhadət verəcək bir kəs varmı? Dedim: And olsun Allaha ki, bilmirəm. Ömər dedi: Mən bunların Quran ayələri olduğuna şəhadət verirəm.

  

  12.Əbu İshaq, səhabələrdən bəzilərindən nəql edərək deyir: Ömər ibni Xəttab Quranı bir yerə yığmaq istəyirdi. Camaatı məscidə yığıb onlardan soruşdu: Ərəb dilinin yazı qanunlarının (kəlmələrin yazılış formasına) ən biliklisi kimdir? Dedilər: Səid ibni As. Sonra bir daha soruşdu: Ən gözəl xəttə malik olan kimdir? Dedilər: Zeyd ibni Sabit. Ömər deyir: Belə isə Səid imla etməli, Zeyd isə onu kağız üzərinə köçürməlidir. Beləliklə dörd nüsxə köçürülür. Ömər onlardan birini Kufəyə, birini Bəsrəyə, birini Hicaza, birini isə Şama göndərir.

  

  13.Abdulla ibni Fəzalə nəql etdiyi rəvayətdə deyir: Ömər Quranın əsl nüsxədən köçürülməsi qərarına gəldikdə, öz səhabələrindən bir neçəsinə bu işə başlamalarını əmr etdi. Xəlifə təkidlə onlara deyərdi: Hər hansı bir ayənin yazılışında ixtilaf meydana gələrsə, Muzər qəbiləsinin tələffüzünə müraciət edin. Çünki, Quran Muzər qəbiləsində olan bir şəxsə [Peyğəmbərə (s)] nazil olmuşdur.

  

  14.Əbu Qulabə deyir: Ömər özünün xilafəti dövründə Quran qarilərindən bir neçəsinə yerli əhaliyə Quranı təlim etməyi əmr etdi. Onlar ətraf məntəqələrə gedib müəllimlik edir, Quranın qiraət üsullarını onlara   təlim verirdilər. Cavan və yeniyetmələr arasında Quran oxuya bilənlərin sayı birə-on artsa da, onların qiraətində nəzərə çarpacaq qədər ixtilaflar müşahidə olunurdu. Müəllimlər şagirdlərinin qiraətlərində yaranmış ixtilafları eşitdikdə onlarla çox ağır rəftar edir, hətta onları kafir olmaqda ittiham edirdilər. Xəbər Osmana çatdıqda xütbələrinin birində deyir: Mərkəzi xilafətə yaxın olmaqla yanaşı, əgər sizlərin qiraətlərinizdə ixtilaf olarsa, sözsüz ətraf məntəqələrdə yaşayan və əsli ərəb olmayan müsəlmanların qiraətində ixtilaf daha çox olmalıdır. Belə isə Quranı bir yerə yazıb kitab halına salaq. Ona müraciət etməklə həm sizin, həm də başqalarının ixtilaflarına son qoya bilərik.

  

  Əbu Qulabə, Malik ibni Ənəsdən nəql edərək deyir: Mən Quranı imla edənlərdən biri idim. Bəzən ayələrin bəzilərində ixtilaf meydana gəlirdi. Belə olduqda biz, bu ayələri Peyğəmbərin (s) özündən eşidən (və ya öyrənən) kəslərə müraciət edərdik. Bəzən onların özlərini tapmaq çətin olurdu. Osman onların ardınca ya adam göndərir ya da onlarla ünsiyyətdə olan şəxslərlə əlaqə saxlayırdı. Bu müddət ərzində həmən ayələrin yerlərini boş qoyur, ondan əvvəlki və sonrakı ayələri yazırdıq. Nəhayət nüsxələrin köçürülməsi başa çatdırıldı. Xəlifə ətraf məntəqələrə bu məzmunda bir neçə məktub yazdı: Yeni yazılmış nüsxəni özümdə saxlayıb, digər nüsxələri yandırdım. Siz də göndərdiyim nüsxədən başqa bütün nüsxələri yığıb yandırın.

  

  15.Məsəb ibni Səd nəql etdiyi rəvayətdə deyir: Günlərin bir günündə Ömər, xütbələrinin birində belə bir mətləbə toxundu: Peyğəmbərin (s) vəfatından cəmi on üç il keçib. Sizlər isə Quranın oxunuşunda bir-birinizlə mübahisə edir və deyirsiniz ki, Ubəyin qiraəti belə, Abdullanın qiraəti isə tam başqa bir tərzdədir. Biriniz digərinizi qiraətin oxunuşunda ittiham edir, lakin heç cür razılığa gələ bilmirsiniz. Sizi and verirəm Allaha! Bu ixtilafları kənara qoyub, evlərinizdə pərakəndə saxladığınız yazıları gətirin ki, onları bir yerə yığıb kitab halına salaq.

  

  Bir neçə gündən sonra evlərdə saxlanılan dəri və kağız üzərinə yazılmış yüzlərlə Quran ayələri xəlifəyə təhvil verildi. Xəlifə onları bir-bir çağırıb gətirdiyi nüsxələri şəxsən Peyğəmbərin (s) özündən eşidib yazdıqlarına and içdirirdi. Onlar da bir nəfər kimi nüsxələrin həqiqətən Quran ayələri olduqlarına and içir və Osmanın verdiyi suallara bəli - deyərək cavab verirdilər.

  

  Sorğu-sual başa çatdıqdan sonra, Osman onlardan soruşdu: Hansınız gözəl xəttə maliksiniz? Dedilər: Zeyd ibni Sabit. O, Peyğəmbərin (s) ən yaxın dostlarından biri və onun katibi olmuşdur. Sonra onlardan soruşdu: Ərəb dilinin yazılış qanunlarına necə, ən bilikli şəxs kimdir? Dedilər: Səid ibni As. Osman Səidə imla etməyi, Zeydə isə ondan eşitdiklərini kağız   üzərinə köçürməyi əmr etdi. Zeyd bir neçə nüsxə köçürüb onu camaata payladı.

  

  Məsəb ibni Səd əlavə edərək deyir: Səhabələrdən bir çoxu xəlifənin həyata keçirdiyi bu işi bəyənib, ona öz razılıqlarını bildirdilər.

  

  16.Abdul Əla ibni Abdulla ibni Amir Qərşi nəql etdiyi rəvayətdə deyir: Quranın yazılması başa çatdıqdan sonra, Osmana təhvil verildi. O, Qurana baxıb dedi: Olduqca xeyirli və lazımlı iş gördünüz. Lakin mən burada bir neçə kiçik səhvlər görürəm, zaman keçdikcə ərəb milləti qiraət etməklə özü onları düzəldəcək.

  

  17.Əbu Məlih deyir: Osman ibni Ofvan Quranın yazılması qərarına gəldikdə dedi: Ayələri Huzəyl qəbiləsi imla etməli, Səqif qəbiləsi isə onu kağız üzərinə köçürməlidir.

  

  18.Əkrəmə deyir: Quran yazıldıqdan sonra Osmana təqdim olundu. Xəlifə orada bir neçə səhv gördükdə deyir. Əgər Quranı Huzeyl qəbiləsi imla və Səqif qəbiləsi onu kağız üzərinə köçürsəydi, bu səhvlərə yol verilməzdi.

  

  19.Əta deyir: Osman Quranın pərakəndə ayələrini aradan aparmaq istədiyi zaman, Ubey ibni Kəbi yanına çağırıb lazımı göstərişlər verdi. Ubey ayələri imla edir, Zeyd isə onları kağız üzərinə köçürürdü. Səid ibni As da yazdıqlarına nəzarət edir, buraxdıqları səhvləri düzəldirdi. Beləliklə yeni nüsxə Ubey və Zeydin vasitəsi ilə yazıldı.

  

  20.Mucahid nəql edərək deyir: Osman Quranı bir yerə yığmaq istədiyi zaman, Ubeyə imla, Zeydə yazmağı, Səid ibni Asa isə buraxılan səhvləri düzəltməyi əmr etdi.

  

  21.Zeyd ibni Sabit deyir: Yığılmış nüsxələri köçürdüyüm zaman, Peyğəmbərdən (s) eşitdiyim ayələrdən birini nüsxələrdən heç birində tapa bilmədim. Nəhayət mən onu Xəzimət ibni Sabit adlı şəxsdən əldə edə bildim. Həmən ayə bu idi: Möminlərin içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Peyğəmbər (s) ona Zuşşəhadəteyn [yəni, iki nəfərin verdiyi şəhadət] ləqəbini verdiyi üçün, onu öz şəhadətini qəbul edib gətirdiyi ayəni Qurana əlavə etdim.

  

  22.İbni Əştə Leys ibni Səiddən nəql edərək deyir: Quranı ilk dəfə bir yerə yığan şəxs, Zeyd ibni Sabit olmuşdur. Camaat pərakəndə nüsxələri xəlifəyə təhvil verir və onlar kağız üzərinə köçürülürdü. Lakin Zeyd, nüsxələri yalnız iki nəfər mötəbər şəxs şəhadət verdikdən sonra kağız üzərinə köçürürdü. Bəraət [Tövbə] surəsinin sonuncu ayələrindən başqa, bütün ayələr kağız üzərinə köçürüldü. Nəhayət bu ayələri Xəzimət ibni Sabit, Zeydə təhvil verdi, amma onun özündən başqa onların həqiqətən Quran ayələri olduqlarına şəhadət verə biləcək ikinci bir şəxs yox idi. Bütün bunlara baxmayaraq, Xəzimətin gətirdiyi ayələr Qurana əlavə olundu. Çünki, Peyğəmbər (s) onun şəhadətini iki nəfərin şəhadət verməsi   ilə bərabər tuturdu. Sonra Ömər, Rəcm ayəsini gətirdi. Lakin heç bir şahidi olmadığı üçün həmin ayə Qurana əlavə olunmadı. (İtqan. 1-ci cild, 101-ci səh).

  

  Quranın yığılmasına dair nəql olunmuş rəvayətlər bunlardan ibarət idi. Bu rəvayətlər vahid xəbər formasında nəql olunmaqla yanaşı, bir neçə mənfi xüsusiyyətlərə də malikdir. Gələcək fəsillərdə bu xüsusiyyətləri təklikdə araşdıracaq və kitabı bu fəsillə başa vuracağıq.

  
    QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ VERİLƏN CAVABLAR  
    BİRİNCİ CAVAB  
    QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRDƏ NƏZƏRƏ ÇARPAN NÖQSAN VƏ ÇATIŞMAMAZLIQLAR  

  Əvvəlki fəsildə Quranın yığılmasına dair nəql olunmuş rəvayətləri nəzərdən keçirdik. Belə ki, bəzən bu rəvayətlərdən şəxsi məqsədlər üçün sui-istifadə olunmuşdur. Lakin bu rəvayətlərin heç birinin mötəbər olduğu nəzərə çarpmır. Bəzən təhrif nəzəriyyəsinin tərəfdarları da bu rəvayətlərə istinad edərək, Quranın təhrif olunduğuna dair müxtəlif fərziyyələr irəli sürmüşlər. Mötəbər olmadığı bir halda isə, təhrif olub-olmadığı haqda bir söz demək tamamilə əsassız olacaqdır. Biz bu fəsildə rəvayətlərin zəif xüsusiyyətlərini ayrı-ayrılıqda araşdıracaq və onların mötəbər olmadıqlarını sübuta yetirəcəyik.

  

    Birinci xüsusiyyət:   

  

  Rəvayətlərdə nəzərə çarpan, oxucuda sual doğuran nöqsan və ziddiyyətlər.

  
    BİRİNCİ SUAL:   
    QURAN NƏ VAXT BİR YERƏ YIĞILMIŞDIR?   

  Bu məzmunda nəql olunmuş rəvayətlər üç qismə bölünür: İkinci rəvayətdən belə məlum olur ki, Quran Osmanın xilafəti dövründə kitab halına salınmışdır. Lakin birinci, üçüncü və dördüncü rəvayətlərdə bunun   Əbu Bəkrin xilafti dövründə həyata keçirildiyinin şahidi oluruq. Yeddinci və on ikinci rəvayətlərdə isə Quranın yığılması Əbu Bəkr və Osmanın xilafəti dövründə deyil, Ömərin xilafəti dövründə göstərilir.

  
    İKİNCİ SUAL  
    ƏBU BƏKRİN XİLAFƏTİ DÖVRÜNDƏ QURANIN YIĞILMASINI KİM ÖZ ÖHDƏSİNƏ GÖTÜRMÜŞDÜR?   

  Birinci və on ikinci rəvayətlərdə bu işin Zeyd ibni Sabitə həvalə olunduğu göstərilir. Dördüncü rəvayətdə isə deyilir: Bu işi Əbu Bəkr özü öz öhdəsinə götürmüşdür. Zeyd ibni Sabit isə onun göstərişi ilə yazılmış nüsxələrə nəzarət edir və onlarda lazımı düzəlişlər aparırdı. Beşinci rəvayətdə isə belə məlum olur ki, bu iş Ömər və Zeyd ibni Sabitə həvalə olunmuşdur.

  
    ÜÇÜNCÜ SUAL  
    QURANIN YIĞILMASI ZEYD İBNİ SABİTƏ HƏVALƏ OLUNMUŞDURMU?   

  Birinci rəvayətdən belə məlum olur ki, Əbu Bəkr Quranın yığılmasını Zeyd ibni Sabitə həvalə etmişdir. Orada deyilir: Əbu Bəkr Zeydə deyir: Sən cavanlığından öz əql və dərrakənlə hamıdan fərqlənir və sədaqətinlə hamının etimadını qazana bilmisən. Hələ Peyğəmbərin (s) zamanında nazil olan vəhyləri kağız üzərinə köçürür və beləliklə Peyğəmbər (s) və Quranla yaxından ünsiyyətdə ola bilirdin. Gəl bu ağır və eyni zamanda məsuliyyətli işi öz üzərinə götür. Buradan belə məlum olur ki, Quranın yığılması Zeyd ibni Sabitə həvalə olunmuşdur. Digər rəvayətlərdə isə bu işə başqalarının cəlb olunduğu göstərilir.

    
    DÖRDÜNCÜ SUAL  
    QURANIN BƏZİ AYƏLƏRİ OSMANIN XİLAFƏTİ DÖVRÜNƏDƏK YAZILMIŞDIRMI?   

  Rəvayətlərin bir çoxundan bizə məlum olur ki, Quranın bütün ayələri pərakəndə olasa da, (hələ Peyğəmbərin (s) zamanında) dəri və kağız üzərinə yazılmışdır. Lakin ikinci rəvayətdə hələ Osmanın xilafəti dövründə ayələrdən bəzilərinin kağız üzərinə köçürülmədiyi və onun hafizələrdə saxlanıldığı göstərilir.

  
    BEŞİNCİ SUAL  
    OSMAN ÖZÜNÜN XİLAFƏTİ DÖVRÜNDƏ YAZILMIŞ AYƏLƏRDƏN BƏZİLƏRİNİ İXTİSARA SALIBMI?   

  Rəvayətlərin bir çoxunda Osmanın xilafəti dövrünədək ayələrdən heç birinin ixtisara salınmadığı göstərilir. Lakin dördüncü rəvayətdə Osmanın, özündən əvvəl mövcud olan nüsxələri məhv etməsi və bunun ətraf məntəqələrdə yaşayan müsəlmanlara da əmr olunması göstərilir.

  
    ALTINCI SUAL  
    OSMAN ÖZ NÜSXƏSİNİ HANSI MƏNBƏDƏN YIĞA BİLMİŞDİR  

  İkinci və dördüncü rəvayətlərdən belə məlum olur ki, Osman Əbu Bəkrin yığdığı nüsxələrə istinad etmiş və özünün nüsxəsini onun əsasında yığdırmışdır. Altıncı, on dördüncü və on beşinci rəvayətlərdə isə bunun tam əksinə olaraq, Osmanın öz nüsxəsini iki nəfər mötəbər şəxsin şəhadət verməsi ilə yığdırdığı göstərilir.

    
    YEDDİNCİ SUAL  
    QURANIN YIĞILMASINI ƏBU BƏKRDƏN KİM İSTƏMİŞDİR?   

  Birinci rəvayətdə deyilir: Quranın yığılaraq kitab halına salınmasını ilk dəfə Ömər, Əbu Bəkrdən istəmişdir. Lakin, Əbu Bəkr bundan imtina edir və yalnız Ömərin dəfələrlə israr etməsindən sonra buna razı olur. Sonra Əbu Bəkr, Zeyd ibni Sabiti yanına çağırıb Ömərin irəli sürdüyü təklifi ona da bildirir. Zeyd də bir qədər imtina etdikdən sonra nəhayət bu işə öz razılığını bildirir. Lakin onuncu rəvayətdə bu təklifin Əbu Bəkrə, Ömər və Zeyd tərəfindən edildiyi və Əbu Bəkrin əshabla məşvərət etdikdən sonra onlara müsbət cavab verdiyi göstərilir.

  
    SƏKKİZİNCİ SUAL  
    QURANIN ƏSL NÜSXƏSİ HANSI XƏLİFƏ TƏRƏFİNDƏN YIĞILMIŞDIR VƏ BU NÜSXƏDƏN KÖÇÜRÜLDÜKDƏN SONRA HANSI ŞƏHƏRLƏRƏ GÖNDƏRİLMİŞDİR?   

  İkinci rəvayətdən, Quranın əsl nüsxəsinin Osman tərəfindən yığıldığı göstərilir. Lakin on ikinci rəvayətdə bunun Ömər tərəfindən həyata keçirildiyinə işarə olunur.

  
    DOQQUZUNCU SUAL  
    TÖVBƏ SURƏSİNİN SON İKİ AYƏSİ HANSI XƏLİFƏNİN DÖVRÜNDƏ QURANA ƏLAVƏ EDİLMİŞDİR?   

  Birinci, on ikinci və iyirmi ikinci rəvayətdən belə məlum olur ki, bu iki ayənin Qurana Əbu Bəkrin xilafəti dövründə əlavə olunduğu göstərilir. Lakin səkkizinci və digər rəvayətlərdə bu ayələrin Ömərin xilafəti dövründə Qurana əlavə olunduğu qeyd olunur.

    
    ONUNCU SUAL  
    BU AYƏLƏRİ QURAN KATİBLƏRİNƏ KİM TƏHVİL VERMİŞDİR?   

  Birinci və iyirmi ikinci rəvayətlərdə biz, Əbu Xəzimətin adı ilə rastlaşırıq. Lakin səkkizinci və on birinci rəvayətlərdə bu ayələrin Xəzimət ibni Sabit tərəfindən xəlifəyə təhvil verildiyi göstərilir. İbni Əbdül Bərr bu haqda deyir: Əbu Xəzimə və Xəzimət ibni Sabit iki müxtəlif şəxs olmuşdur və onların arasında heç bir qohumluq rabitəsi olmamışdır.

  
    ON BİRİNCİ SUAL  
    BU İKİ AYƏNİn HƏQİQƏTƏN QURAN AYƏSİ OLDUĞU HANSI YOLLA İSBAT OLUNUR?   

  Bu barədə rəvayətlər üç qismə bölünür:

  

  1.Yalnız bir nəfərin şəhadəti ilə sabit olunur;

  

  2.Doqquzuncu və iyirmi üçüncü rəvayətlərdə isə buraya Osmanın da əlavə olunduğu göstərilir;

  

  3.On birinci rəvayətdə isə şəhadət verən kəslərin arasında Ömərin adının birinci çəkildiyinin şahidi oluruq.

  
    ON İKİNCİ SUAL  
    OSMAN QURANIN İMLA VƏ YAZILMASINI KİMLƏRƏ HƏVALƏ ETMİŞDİR  

  İkinci rəvayətdə Osmanın, Quranın imla olunmasını və yazılmasını İbni Zubeyr, Səid ibni Asa və Əbdürrəhmana həvalə etdiyi göstərilir. Lakin on beşinci rəvayətdə xəlifənin, Zeydin ayələrin köçürülməsinə, Səid ibni Asın isə ayələri imla etməyə təyin olunduqları göstərilir. On altıncı rəvayətdə isə xəlifə tərəfindən Səqif qəbiləsini nüsxələrin köçürülməsinə, Huzəyl qəbiləsinin isə ayələri imla etməyə təyin olunduğu göstərilir. On səkkizinci rəvayətə gəldikdə isə burada, bütün bunların təkzib olunduğunun şahidi   oluruq. Yəni, Səqif qəbiləsinin ayələrin köçürülməsinə, Huzeyl qəbiləsinin isə ayələrin imla edilməsinə təyin olunduğu göstərilir.

  

  Bütün bunlarla yanaşı, on doqquzuncu rəvayətdə ayələrin imla olunmasının Ubey ibni Kəbə, yazılmasının Zeyd ibni Sabitə, nüsxələrə nəzarət olunmasına (səhvlərin düzəlişinə) isə Səid ibni Asın təyin olunduğu göstərilir. İyirminci rəvayətdə bu məzmunda nəql olunmuşdur. Lakin, orada nüsxələrə nəzarət olunması işi Əbdürrəhman ibni Hərsə həvalə olunduğu göstərilir.

  
    İKİNCİ CAVAB  
    QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRDƏ NƏZƏRƏ ÇARPAN ZİDDİYYƏTLƏR  
    QURAN PEYĞƏMBƏRİN (S) ÖZ ZAMANINDA YIĞILMIŞDIR  

  Quranın Peyğəmbərin (s) zamanında yığılmasına dair nəql olunmuş mötəbər rəvayətlər, bir qədər əvvəl yuxarıda nəql olunan rəvayətləri bütünlüklə etibardan salır və eyni zamanda maraq doğuran yeni bir məsələnin meydana gəlməsinə səbəb olur.

  

  Əziz oxucular, biz bu rəvayətlərdən bir neçəsini sizə təqdim edirik:

  

  1.İbni Əbi Şəybə, Əhməd ibni Hənbəl, Termizi, Nəsai, İbni Həbban, Hatəm, Biyhəqi və Ziya Məqdəsi kimi mühəddislər İbni Abbasdan nəql etdikləri rəvayətdə deyirlər:

  

  Günlərin bir günündə Osmandan soruşdum: Ənfal Məsani,* Tövbə surəsi isə miəyn* surələrindən olduğu bir halda nə üçün onları bir-birlərindən sonra və aralarında Bismillah olmadan yerləşdirmisiniz, bir halda ki, onların hər ikisi Tival* surələrindən sonra gəlir? Osman dedi: Peyğəmbərə (s) bir neçə ayədən ibarət surə nazil olarkən, katiblərinə bu surələri bəzi ayələrdən sonra yerləşdirməyi göstəriş verərdi. Bir neçə ayə ardıcıl olaraq nazil olduqda isə, onların lazım olan surələrə əlavə olunmasını göstəriş verirdi. Bütün bu əlavə və dəyişikliklər Peyğəmbərin (s) göstərişi ilə həyata keçirilirdi. Osman əlavə edərək deyir: Peyğəmbərə (s) Mədinədə nazil olmuş ilk surə Ənfal, son surə isə Tövbə surəsi olmuşdur. Lakin hər iki surə eyni xüsusiyyətlərə və eyni məzmuna malikdir. Surələrin arasındakı oxşarlıq və Peyğəmbərin (s) onların ayrı və ya bir surə olmasını deməməsi, məndə belə təsəvvür yaratdı ki, Ənfal və Tövbə surələrini bir surə hesab etmək olar. Bütün bunları nəzərə alaraq   bu iki surəni Tival surəsindən sonra aralarında Bismillah olmadan yerləşdirdik.

  

  2.Təbərani və İbni Əsakir, Şəbidən nəql edərək deyir: Quran, Peyğəmbərin (s) zamanında ənsardan olan altı nəfər şəxsin iştirakı ilə kitab halına salınmışdır. Həmən şəxslər Ubey ibni Kəb, Zeyd ibni Sabit, Muaz ibni Cəbəl, Əbu Dərda, Səd ibni Ubeyd və Əbu Zeyd olmuşlar. Onlarla yanaşı Məciə ibni Cariyə də iki və ya üç surə istisna olmaqla Quranı bir yerə yığa bilmişdir.

  

  3.Qətadə deyir: Malik ibni Ənəsdən, Peyğəmbərin (s) zamanında Quranın kimlər tərəfindən yığıldığını soruşdum. O, cavabında ənsardan olan bu dörd nəfərin adını çəkdi: Onlar, Ubey ibni Kəb, Muaz ibni Cəbəl, Zeyd ibni Sabit və Əbu Zeyd adlı şəxslər olmuşlar.

  

  4.Məfuq deyir: Günlərin bir günündə Abdulla ibni Ömər, Abdulla ibni Məsud barəsində söz düşdükdə dedi: Ömrümün sonunadək onu sevəcək və ehtiram edəcəyəm. Çünki, Peyğəmbər (s) bizlərə Quranı ondan, Salim Muazdan və Ubey ibni Kəbdən öyrənməyimizi tövsiyə etmişdir.

  

  5.Nəsai, mötəbər mənbələrdən birində Abdulla ibni Ömərdən nəql edərək deyir: Quranı bir yerə yığıb, hər gecə bir dəfə onu oxuyardım. Xəbər Peyğəmbərə (s) çatdıqda mənə, Quranı ayda bir dəfə fasilə verməklə oxumağımı tövsiyə etdi!...

  

  Quranın Peyğəmbərin (s) zamanında yığılmasına dair digər rəvayətlər də vardır. Bu məzmunda nəql olunmuş rəvayətlərdən belə məlum olur ki, Quran, Peyğəmbərin (s) öz nəzarəti altında yığılmış və burada heç bir təhrifə yol verilə bilməzdi.

  
    İRAD VƏ CAVAB  

  Deyə bilərik ki, Quranın yığılması deyildikdə, onun kitab halına salınması deyil, əzbər olaraq hafizələrə salındığı nəzərdə tutulur. Lakin, bu tamamilə yanlış və əsassız bir təsəvvürdür. Əvvəla ona görə ki, belə bir fərziyyəni sübuta yetirəcək heç bir dəlil yoxdur. Digər tərəfdən isə, əgər Quranın yığılması deyildikdə, onun hifz olunması nəzərdə tutularsa, bunu yalnız altı nəfərə aid etmək düzgün olardımı? Bir halda ki, Peyğəmbərin (s) zamanında Quran hafizlərinin sayı təsəvvür olunduğundan daha çox olmuşdur. Demək, Quranın yığılması deyildikdə onun hifz olunması deyil, kağız üzərinə köçürülərək kitab halına salınması nəzərdə tutulur. Belə ki, Peyğəmbər (s) və onun səhabələrinin tarixinə nəzər saldıqda, bir daha bunun şahidi oluruq ki, o dövrdə bu kimi Quran hafizlərinin və pərakəndə nüsxələri kitab halına salan şəxslərin sayı heç də az olmamışdır. O ki qaldı Buxarinin və Malik ibni Ənəsin nəql etdikləri rəvayətlərdə onların sayının   dörd nəfərdən ibarət olduqlarının göstərilməsinə, bu rəvayətləri bir neçə əsaslı səbəbə görə tamamilə əsassız hesab edə bilərik.

  

  Əvvəla ona görə ki, Buxarinin nəql etdiyi başqa bir rəvayətdə onların sayının dörddən çox olduğu göstərilir. Digər tərəfdən isə ravi hansı əsasa görə Peyğəmbər (s) vəfat edərkən Quranı yığan şəxslərin sayının məhz dörd nəfərdən ibarət olduğunu təkid edir? Müsəlmanların ətraf məntəqələrə yayıldığı və Quran hafizlərinin sayının on mindən artıq olduğu bir vaxtda, Quranı yığan şəxslərin sayını qətiyyətlə və belə bir məhdud sayla göstərmək olarmı? Əlbəttə xeyir! Belə bir fərziyyə, həqiqətdən çox təxmini hesablamalara bənzəyir.

  
    NƏTİCƏ  

  Quranın Peyğəmbərin (s) zamanında yığıldığına dəlalət edən bu kimi bir çox rəvayətləri nəzərə alaraq, bu ağır işin Əbu Bəkrin xilafəti dövründə və onun təşəbbüsü ilə həyata keçdiyini qəbul etmək nə dərəcədə düzgün olardı?

  

  Bir anlıq fərz edək ki, elə doğrudan da Quran Əbu Bəkrin xilafəti dövründə yığılmışdır. Bu zaman belə bir sual meydana gəlir: Nə üçün Əbu Bəkr Quranın yığılmasını, o zaman hələ sağ olan və Peyğəmbər (s) tərəfindən Quranın tədrisinə təyin olunan Abdulla ibni Məsuda, Muasa, Ubey ibni Kəbə və Salimə deyil, məhz Zeyd ibni Sabitə və Ömərə həvalə etmişdir. O ki qaldı Yəmamə döyüşündə hafizlərin hamılıqla şəhid olmasına, əvvəla bu döyüş Quranın kitab halına salınmasından sonra baş vermiş və döyüşdə hafizlərdən yalnız Salim həlak olmuşdur. Bütün bunlarla yanaşı, bunu da qeyd etmək lazımdır ki, Zeyd, Peyğəmbərin (s) katiblərindən biri olmuş və Quranla yaxından ünsiyyətdə olmuşdur. Belə olduğu bir halda Əbu Bəkrin, Zeyd barəsində tərifli sözlər deməsinə heç bir ehtiyac olmayacaqdır. Məzhəbindən asılı olaraq mötəbər hesab olunan Səqələyn hədisi bir daha bu həqiqəti sübuta yetirir ki, Quran Peyğəmbərin (s) sağlığında yığılmış və kitab halına salınmışdır.

    
    ÜÇÜNCÜ VƏ DÖRDÜNCÜ CAVAB  
    ƏQL VƏ QURAN NÖQTEYİ-NƏZƏRİNDƏN QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR  
    QURANIN, QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ BAXIŞI  

  Quranın yığılmasına dair nəql olunmuş rəvayətlər bir-birləri ilə və bu məzmunda nəql olunmuş digər rəvayətlərlə ziddiyyətlik təşkil etməklə yanaşı, Quranın bir çox ayələri ilə də düz gəlmir.

  

  Əvvəla bunu qeyd etmək lazımdır ki, Quran nazil olduğu ilk gündən onun bəzi surələri kitab əhlinin, hətta müşriklərin də ixtiyarında olmuşdur. Belə ki, Peyğəmbər (s), islamla mübarizə aparan müşrikləri mübarizə meydanına çağırır və onlara Quran kimi ikinci bir kitab, buna qadir olmadıqları təqdirdə Quran surələrinə oxşar on surə və buna da qadir olmadıqda heç olmasa bir surə gətirmələrini təklif edir. Buradan belə bir nəticəyə gəlmək olur ki, Quran nüsxələri nəinki əhli kitabın, hətta müşriklərin ixtiyarında belə olmuşdur.

  

  Digər tərəfdən isə, bir çox ayələrdə, eləcə də Səqələyn hədisində Quranın kitab adlandırıldığının şahidi oluruq. Belə ki, əgər Quran pərakəndə olaraq kağız, dəri və sümük parçalarının üzərinə yazılmış olsaydı, onu kitab adlandırmaq olmazdı. Çünki kitab, kamil nüsxə halına salınmış yazı toplusuna deyilir.

  
    QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ ƏQLİ DƏLİLLƏR  

  Quranın Peyğəmbərdən (s) sonrakı xəlifənin dövründə yığılmasına dəlalət edən rəvayətlər əql və dərrakə ilə də müvafiq deyildir. Peyğəmbərin (s) Qurana verdiyi əhəmiyyət, qiraət və yazılışı haqda nəql etdiyi hədislər, Quranın, hələ həzrət sağ ikən yığılmasını bir daha sübuta yetirir. Bir sözlə Quranın Peyğəmbərdən (s) sonrakı xəlifələrin dövründə yığılmasına dəlalət edən rəvayətlər istər tarixi sənədlər, istər Peyğəmbərin sünnəti, istərsə də müsəlmanların Quranın kamil yazılı nüsxəsinə olan ehtiyacları ilə tamamilə ziddiyyət təşkil edir.

  

    Çünki, Quran özünəməxsus xüsusiyyətləri ilə hər bir müsəlmanın diqqətini özünə cəlb edə bilmişdir. Qurana olan belə bir batini və fitri əlaqə istər böyüklərdə, istərsə də az yaşlı uşaqlarda böyük təsir qoymuşdur.

  

  İndi isə sizi Quranın hər bir müsəlmanı özünə cəlb edən xüsusiyyətlərinin bəziləri ilə tanış edəcək, nəticə çıxarmağı isə öz öhdənizə buraxacağıq. Məhz bu xüsusiyyətlər, Quranın hələ Peyğəmbər (s) zamanında yığılmasını və sonrakı xəlifələrə həvalə olunmamasını sübuta yetirir.

  
    1.QURANIN BƏLAĞƏTİ  

  Cahiliyyət dövründə yaşayan ərəblər bəlağətli şer, xütbələr əzbərləyir və onlara xüsusi əhəmiyyət verirdilər. Belə olduğu bir şəraitdə sonralar islamı qəbul etmiş şersevər ərəblərin Quranın bəlağəti qarşısında heç bir əksül-əməl göstərməmələrini təsəvvür etmək olarmı? O Quran ki, bəlağətli şerləri ilə şöhrət tapmış şer ustalarını mübarizə meydanına dəvət edir və onları özünün fəsahətli və bəlağətli ayələri qarşısında diz çökməyə vadar edirdi.

  

  Bəli, ərəblər (istər mömin olsun, istərsə də kafir) Qurana xüsusi diqqət yetirir, onun ayələrini həvəs və diqqətlə əzbərləməyə çalışırdılar. Lakin, onların hər birinin öz arzu və hədəfi var idi. Möminlər, Qurana iman gətirir və öz əqidələrini onun üzərində qururdular. Kafirlər isə, Quranla mübarizə aparmaq məqsədilə onun ayələrini əzbərləməyə çalışırdılar.

  
    2.PEYĞƏMBƏR  

  Peyğəmbər (s) müsəlmanlar arasında böyük qüdrət və nüfuza malik idi. Ona iman gətirmiş hər bir müsəlman verdiyi bütün göstərişlərə dərhal əməl edir və ona müti və tabe olduqlarını heç zaman gizlətməyirdilər. O, müsəlmanlara Quranın əhəmiyyətini bəyan edir, onun əzbərlənməsinin fəzilətli olduğunu dəfələrlə təkid edərdi. Belə bir şəraitdə tərbiyə olunan müsəlmanlar, Quran oxumağa və ayələrin əzbərlənməsinə xüsusi diqqət yetirirdilər. Beləliklə, qısa bir müddət ərzində Quran hafizlərinin sayının artıb çoxalması Quranın təlim və tədrisinin geniş vüsət almasına zəmin yaratdı.

  
    3.QURANIN ƏZBƏRLƏNMƏSİ  

  Quranın əzbərlənməsi müsəlmanlar tərəfindən daim rəğbətlə qarşılanmış və bu işə böyük əhəmiyyət vermişlər. Tarixə nəzər saldıqda, Quran hafizlərinin müsəlmanlar arasında böyük hörmət və izzətə yiyələndiklərinin şahidi oluruq. Onlara hamı tərəfindən ehtiram olunur və yiyələndikləri ilahi elmə böyük qiymət verirdilər.

    
    4.SAVAB  

  Müsəlmanları bu işə daha da sövq etdirən, onlara Peyğəmbər (s) tərəfindən Quranın qiraət və əzbərləmələrinə görə veriləcək savablar idi. Onlar Quranın əzbərlənməsini var-dövlətlərindən, hətta doğma övladlarından da çox əhəmiyyət verərdilər.

  

  Belə ki, evdar qadınların bir çoxu Quran səhifələrini yığır və onları əzbərləməyə çalışırdılar.

  

  İbni Məsud özününTəbəqat adlı kitabında yzır: Fəzl ibni Dəkkin deyir: Vəlid ibni Abdulla ibni Cəmi nənəsindən nəql edərək deyir: Abdulla ibni Harisin qızı Ümmi Vərəqə Quranın bütün ayələrini yığa bilmişdir. Peyğəmbər (s) onu şəhid adlandırardı. O deyir: Peyğəmbər (s) Bədr döyüşünə gedərkən onunla birlikdə döyüşə getməyi və orada yaralılara yardım etməyi xahiş etdim. Hər şeydən əvvəl Allah yolunda xeyirli işlər görməyi və bu yolda şəhid olmağı arzu edirdim. Peyğəmbər (s) cavabında buyurdu: Allah-taala şəhadəti sənin üçün hazır etmişdir. (İtqan. 1-ci cild, 125-ci səh).

  

  Demək, əgər qadınlar Quranın yığılmasına və ayələrin əzbərlənməsinə bu qədər diqqət yetirmişlərsə, sözsüz ki, kişilərin də Qurana verdikləri əhəmiyyət heç də az olmamışdır. Peyğəmbərin (s) zamanında mövcud olmuş Quran hafizləri haqda məlumat əldə etmək istəyənlər, mötəbər tarix kitablarına müraciət edə bilərlər.

  

  Qurtəbi deyir: Yəmamə döyüşündə Quran hafizlərindən yetmiş nəfəri həlak oldu. Peyğəmbərin (s) zamanında baş vermiş Bir məunə döyüşündə də qətlə yetirilənlərin sayı bir o qədər idi.

  

  Bir qədər əvvəl qeyd etdiyimiz onuncu rəvayətdə isə Yəmamə döyüşündə həlak olanların sayı dörd yüz nəfər göstərilirdi.

  

  Quran hafiz və qariləri ilə yanaşı Peyğəmbərin (s) özü də Quranın yığılmasına və əzbərlənməsinə xüsusi diqqət yetirirdi. İyirmi üç il ərzində tədricən nazil olmuş Quran, Peyğəmbərin (s) xüsusi diqqət mərkəzinə çevrilmişdi. O, hər bir ayənin oxunub hifz olunmasını həm öz katiblərinə, həm də digər əshaba dəfələrlə təkid edərdi.

  

  Zeyd ibni Sabit deyir: Biz Peyğəmbərin (s) hüzurunda kağız, ağac qabığı, dəri üzərinə yazılmış pərakəndə Quran ayələrini bir yerə yığırdıq.

  

  Hakim bu hədisi nəql etdikdən sonra deyir: Buxari və Müslim bu hədisi mötəbər hesab etmiş, lakin onu öz kitablarında nəql etməmişdir. Amma necə olursa-olsun, biz bunu Quranın Peyğəmbərin (s) zamanında yığıldığına əsaslı dəlil hesab edə bilərik. (Mustədrak. 2-ci cild, 611-ci səh).

  

  Quranın əzbərlənməsi hər bir müsəlman kişi və qadın tərəfindən həvəslə həyata keçirilirdi. Belə ki, elə bir müsəlman ailəsi olmazdı ki, orada heç olmasa bir neçə surə və ya ayə olmamış olsun.

  

    İbadət ibni Samit nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s), yanına gələn şəxsləri vaxtı olmadıqda Quran öyrətmək üçün bizim yanımıza göndərərdi.

  

  Kuləyb nəql etdiyi rəvayətdə deyir: Mən Əli (ə)-ın yanında idim. Müsəlmanların məsciddən ucalan Quran səslərini eşitdikdə buyurdu: Xoş onların halına!... (Kənzul-ummət 2-ci cild, 185-ci səh).

  

  İbadən nəql etdiyi başqa bir rəvayətdə deyir: Peyğəmbər (s), ətraf məntəqələrdən Quran öyrənmək üçün yanına gələn kəsləri bizlərdən birinə həvalə edərdi. Hər zaman peyğəmbər məscidindən Quran sədaları ucalardı. Lakin, sonralar müsəlmanlar bir-birini çaşdırmasınlar deyə, Quranı yavaş və aram-aram oxumalarını əmr etdi. (Kənzul-ummət 2-ci cild, 185-ci səh).

  

  Bəli, Quranın əzbərlənməsi müsəlman qadın və kişilərin arasında böyük rövnəq tapa bilmişdi. Belə ki, qadınlar bəzən Quranın təlimini özlərinə mehriyyə təyin edərdilər.

  

  Əziz oxucu! Bütün bunları nəzərə alaraq, Quranın Əbu Bəkrin xilafəti dövrünədək təxirə düşdüyünü və xəlifənin bunun həyata keçməsi üçün iki nəfəri təyin etməsini iddia etmək olarmı? Demək, müsəlmanların Peyğəmbərin (s) sağlığındakı şəraiti və onların Qurana verdikləri əhəmiyyəti nəzərə alaraq, belə bir nəzəriyyəni qətiyyətlə rədd edə bilərik.

  
    BEŞİNCİ VƏ ALTINCI CAVAB  
    MÜSƏLMAN İCMASININ QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ BAXIŞI  
    MÜSƏLMAN İCMASI MÜTƏVATİR OLMAYAN RƏVAYƏTLƏRLƏ QURANIN İSBAT OLUNMASINI QEYRİ-MÜMKÜN HESAB EDİRLƏR  

  Quranın, Peyğəmbərdən (s) sonrakı dövrlərdə yığılmasına dair nəql olunmuş rəvayətlərin hansı səbəblər üzündən əsassız olduqları barədə bəzi izahatlar verdik. Bu fəsldə də biz, həmən rəvayətlərin beş və altıncı zəif xüsusiyyətlərini nəzərdən keçirəcək və şübhə yaradacaq məsələləri aradan qaldırmağa çalışacağıq.

  

  Hər şeydən əvvəl bunu qeyd etmək lazımdır ki, müsəlman icması iki mühüm məsələdə əqidə ixtilaflarını kənara qoya bilməmişdir.

  

  1.Quranın yalnız mütəvatir rəvayətlərlə isbat olunması;

  

    2.Quranda təhrifə yol verilməməsinin qəbul olunması.

  

  Lakin, bir qədər əvvəl Quranın yığılmasına dair nəql olunmuş rəvayətlər, bu iki məsələ ilə tamamilə ziddiyyət təşkil edir. Müsəlman icmasının Quranın yalnız mütəvatir rəvayətlərlə isbat olunmasını qəbul etdikləri bir halda, bu məzmunda nəql olunmuş rəvayətlərdə isə biz, yazılı nüsxələrin həqiqətən Quran ayəsi olduğunu bir, iki və ya bir nəfərin, iki nəfərin yerinə şəhadət verməsi ilə qəbul olunduğunun şahidi olurduq. Bu isə o deməkdir ki, Quran mütəvatir rəvayətlərlə deyil, vahid xəbər formasında yazılmışdır. Quranın yalnız mütəvatir rəvayətlərlə isbat olunduğu bir halda, görəsən bəzilərinin vahid xəbər formasına istinad etmələrinə hansı amillər səbəb olmuşdur?

  

  Təəccüb doğuran burasıdır ki, İbni Həcər və onun kimi bəzi mühəddislər, rəvayətlərdə qeyd olunan şəhadət kəlməsini yazmaq və qorumaq kimi mənalandırmışlar.

  

  Lakin, rəvayətlərə verilən belə bir təfsiri bir neçə səbəbdən əsassız hesab edə bilərik.

  

  1.Belə bir təfsirin Quranın yığılmasına dair nəql olunmuş rəvayətlərlə heç bir əlaqəsi yoxdur və biz burada şəhadəti qorumaq və ya yazmaq kimi mənalandıra bilmərik.

  

  2.Bu o deməkdir ki, Quranı yığan şəxslər ayələri yaddaşlarda olan, lakin kağız üzərinə köçürülməyən ayələri Qurana əlavə etmişlər. Hərçənd bu nüsxələrin Quran ayələri olduğu mütəvatir olaraq sübuta yetirilmişdir, bu isə o deməkdir ki, mütəvatirliyi sübuta yetirilməyən bəzi ayələr Quranın əsl nüsxəsinə daxil edilmişdir.

  

  3.Əgər ayənin mütəvatirliyi sübuta yetirilmişsə, demək onu yazmağa və ya əzbərləməyə heç bir ehtiyac olmayacaqdır. Yox əgər mütəvatirliyi sübuta yetməmişsə, onun həqiqətən Quran ayəsi olduğunu yazmaqla heç cür sübut etmək olmaz və belə olduqda təbii ki, həmən ayələr Qurana əlavə olunmayacaqdır. Demək, Quranın yığılmasında ayələrin yazılması və ya əzbərlənməsinin heç bir əhəmiyyəti olmayacaqdır.

  

  Nəticə: Müsəlman icmasının Quranın mütəvatirliyinə olan etiqadlarını, Quranın öz ayələrini və nəhayət Peyğəmbərdən (s) nəql olunmuş rəvayətləri əsas tutaraq, Quranın yığılmasına dair nəql olunmuş qeyri-mütəvatir rəvayətləri kənara qoymalı və onların mötəbərliyinə istinad etməməliyik.

  
    MÜSƏLMAN İCMASI QURANA ƏLAVƏLƏR OLUNMAMASINA İSTİNAD EDİRLƏR  

  Əgər Quranın Peyğəmbərdən (s) sonrakı dövrlərdə yığılmasına dair nəql olunmuş rəvayətləri mötəbər hesab edəriksə, belə ki, (təhrif nəzəriyyəsinin   tərəfdarları bunu iddia edirlər) Quranın təhrif olunmasına dair irəli sürülmüş nəzəriyyələrin genişlənməsinə lazımı şərait yaratmış olarıq. Belə olduqda təhrif istər nöqsan və ya ixtisara salma ilə, istərsə də əlavə etmək yolu ilə olsun, bunun heç bir fərqi olmayacaqdır.

  

  Əgər Peyğəmbər (s) Quranın yığılmasına şəxsən nəzarət etməsəydi, sonrakı dövrlərdə təbii ki, oraya bəzi əlavələr və ya ixtisarlar olunardı. Bu isə Quranın əzəmətinə xələl gətirə bilərdi. Bir halda ki, müsəlman icması bu nəzəriyyəni qətiyyətlə rədd edir və yalnız Quranın toxunulmamazlığına istinad edir. Belə bir tərz-təfəkkür bu məzmunda (təhrifə dair) nəql olunmuş rəvayətlərlə ziddiyyət təşkil etdiyi üçün bunu, rəvayətlərin növbəti zəif xüsusiyyətlərindən biri kimi qəbul etməliyik.

  
    İRAD VƏ CAVAB  

  Bəziləri deyə bilər ki, Quran qeyri-adi xüsusiyyətlərə (bu xüsusiyyətlərdən biri də orada istifadə olunan ifadələrdir) malik olduğu üçün, oraya Quran ayələrindən savayı hər hansı bir ifadə və ya kəlmə əlavə olunarsa, dərhal özünü büruzə verər və həqiqi ayələrdən fərqlənər. Bu xüsusiyyətlərinə görə Quranın təhrif olunub-olunmamasını bilmək, bizim üçün heç də çətin olmayacaqdır.

  

  Başqa sözlə desək, Quranın, əsas meyar hesab etdiyimiz möcüzəvi xüsusiyyətləri (ecazı) bütün biganə ifadələrin Qurana əlavə olunmasının qarşısını alacaqdır. Nöqsan və ixtisara gəldikdə isə, biz bu xüsusiyyətləri əsas meyar hesab edə bilmərik. Çünki, əldə olunmayan bir şeyi hər hansı bir meyar ilə müqayisə və ya tətbiq edə bilmərik. Bu səbəbdən də təhrif nəzəriyyəsinin tərəfdarları Qurana əlavələrin edilməsi fərziyyəsini inkar etsələr də, nöqsan və çatışmamazlığa yol verildiyini qəbul edirlər.

  

    Cavab:   Quran özünün ecaz və bəlağəti ilə, oraya hər hansı bir surənin əlavə olunmasının qarşısını ala bilibsə də, bir və ya iki cümlənin (xüsusilə, əgər qısa olarsa) əlavə olunmasının qarşısını ala bilməyib. Əgər bu iş mümkün olsaydı, iki nəfərin şəhadətinə heç bir ehtiyac duyulmazdı. Və belə olduqda ayələr bəlağət və özünün qeyri-adi xüsusiyyətləri ilə digər ifadələrdən fərqlənərdi.

  

  Belə bir qənaətə gəlirik ki, Quranın Peyğəmbərdən (s) sonrakı dövrlərdə yığılmasını qəbul edənlər təbii ki, təhrif nəzəriyyəsinə istinad edəcəklər və bizə məlumdur ki, təhrif deyildikdə Qurana edilən əlavələr nəzərdə tutulur. Bu isə qeyd etdiyimiz kimi müsəlman icmasının etiqad və əqidəsi ilə tamamilə ziddiyyət təşkil edir.

    
    NƏTİCƏ  
    QURANIN YIĞILMASINA DAİR İRƏLİ SÜRÜLMÜŞ DÜZGÜN NƏZƏRİYYƏ  

  Qeyd etdiklərimizdən belə məlum olur ki, Quran Peyğəmbərin (s) zamanında yığılmış və kamil nüsxə halına salınmışdır. Əbu Bəkrin və ya digər xəlifələrin dövründə yığılmasına dəlalət edən rəvayətlər isə, əsassız olmaqla yanaşı Quran, sünnə, əql və icma ilə də ziddiyyət təşkil edir. Belə ki, təhrif nəzəriyyəsinin tərəfdarları qeyd olunan qeyri-mötəbər rəvayətlərlə irəli sürdükləri əsassız iddiaları isbat edə bilməzlər.

  

  Quranın Əbu Bəkrin xilafəti dövründə yığıldığını qəbul etsək də belə, bu məzmunda nəql olunmuş rəvayətlərin nəql olunma səbkisi öz mötəbərliyinə qarşı oxucuda şübhə yaradar. Çünki, Quran ayələri bütünlüklə mütəvatir olaraq nəql olunmuş və müsəlmanlar arasında sənəd baxımından mötəbər olaraq qəbul edilmişdir. Bunun nəticəsində müsəlmanlar Quranla daha çox ünsiyyətdə ola bilmiş və hələ Peyğəmbərin (s) zamanında onun vahid nüsxə halına salınmasında böyük rol oynamışlar.

  

  Bəli, Osmanın xilafəti dövründə Quranın bir yerə yığılması kimsədən gizli deyildir. Lakin, bu heç də o demək deyildir ki, o pərakəndə surə və ayələri bir yerə yığaraq onu kitab halına salmışdır. Osman yalnız Quranın müxtəlif səbkilərdə oxunmasının qarşısını almış və fərqli səbkilərdə yazılmış Quran nüsxələrini bir yerə yığaraq yandırılmasını əmr etmişdir. Belə ki, qısa bir müddət ərzində onun verdiyi hökm müsəlmanlar yaşayan digər məntəqələrdə də icra olundu. Və bununla da xəlifənin verdiyi hökm tövhidul məsahif adlandırıldı.

  

  Əhli sünnə məzhəbinin görkəmli almilərindən biri olan Haris Muhasibi bu barədə deyir: Camaat belə güman edir ki, Quran Osmanın xilafəti dövründə yığılmışdır. Lakin bu heç də belə olmamışdır. Sadəcə olaraq İraq və Şam camaatının qiraətində yaranmış ixtilaflar xəlifəni narahat etdiyi üçün, hamıya ənsarın seçdiyi qiraət üsulundan istifadə etməyi əmr etmişdir.

  

    Müəllif:   Xəlifənin qiraətdə yaranmış ixtilafların qarşısını alaraq (yeddi qiraət səbkisi barəsində nəql olunmuş rəvayətlər daxil olmaqla), mütəvatir olaraq Peyğəmbərdən (s) nəql olunmuş qiraət səkbisini yenidən qüvvəyə mindirməsi kimsədən gizli deyildir.

  

  Bəli, bu Osmanın xilafəti dövründə həyata keçirdiyi ən mühüm və tərifəlayiq işlərindən biri idi. Bəlkə də əgər xəlifə bu ixtilafın qarşısını almasaydı, müsəlmanlar arasında bu barədə böyük ziddiyyətlik yaranar və bunun nəticəsində onlar hətta bir-birlərini küfrdə ittiham edərdilər.

  

    Biz ötən fəsillərdə Peyğəmbərdən (s), Quranın müxtəlif səbkilərdə oxunmamasına və bunun qətiyyətlə qadağan etməsinə dair nəql olunmuş hədislər barəsində ətraflı məlumatlar verdik. Bütün bunları nəzərə alaraq, xəlifənin islam dünyasına göstərdiyi bu böyük xidmətini heç cür inkar edə bilmərik. Lakin, xəlifəyə tutulan əsaslı iradlardan biri də, onun [bir-birindən oxunuşunda fərqli olan] nüsxələri yandırması və bu hökmü ətraf məntəqələrə də göndərməsidir. Hökm sadir olduqdan sonra müsəlmanlardan bəziləri ona öz etirazlarını bildirsələr də, heç bir nəticə vermədi və xəlifənin bu fərmanı tək mərkəzi xilafətdə deyil, ətraf məntəqələrdə də icra olundu.

  

  Bu səbəbdən də onu hərracul məsahif, səhifələri yandıran adlandırdılar.

  

    Nəticə:   Qeyd etdiklərimizdən belə məlum olur ki, təhrif barəsində irəli sürülmüş müxtəlif nəzəriyyələr tamamilə batil və əsassızdır. Bu nəzəriyyələri yalnız o zaman qəbul etmək olar ki, insan bu barədə heç bir araşdırma aparmadan xurafata qapılaraq, özünü belə bir yanlış təfəkkürün əsiri etmiş olsun. Sağlam düşüncəli, həqiqətsevər hər bir insan isə əql və dərrakəsini işə salmaqla, özünü bu böyük xürafat uçrumundan xilas etmiş olar.

  
    ONUNCU FƏSİL  
    AYƏLƏRİN ZAHİRİ MƏNALARININ HÖCCƏT VƏ DƏLİL OLMASI  

    Ayələrin zahiri mənalarının höccət olmasını isbat edən dəlillər:  

  

    1.Quran ümumbəşər kitabdır;  

  

    2.Quran peyğəmbərliyi sübuta yetirəcək dəlildir;  

  

    3.Quran müsəlmanların müraciət etdikləri ən böyük və ən mötəbər mənbədir;  

  

    4.Quran rəvayətlərin məhək daşıdır;  

  

    5.İmamlar Quranın zahiri mənalarına istinad etmişlər.  

  

    Quranın zahiri mənalarının höccət olmamasını sübuta yetirən dəlillər:  

  

    1.Quranı yalnız müəyyən şəxslər başa düşür;  

  

    2.Quranın şəxsi meyl və istəklə təfsir olunması yolverilməz bir haldır;  

  

    3.Quranın dərin və köklü mənaları;  

  

    4.Quranın zahiri mənaları həqiqəti bəyan etməyirmi?  

  

    5.Mütəşabih ayələrə istinad və əməl olunmur;  

  

      6.Quranın zahiri mənalarının dəlil olmasına təhrifin göstərdiyi təsir.   

  
    QURANIN ZAHİRİ MƏNALARININ HÖCCƏT OLMASINI İSBAT EDƏN DƏLİLLƏR  

  Ərəb dili ilə tanışlığı olan hər bir şəxs ayələrin zahiri mənalarını asanlıqla başa düşür və bir çox şəriət məsələlərinin icrasında onlara istinad edirlər.

  

  Ayələrin zahiri mənalarına istinad etmək, Quran elmləri terminalogiyasında Quranın zahiri mənalarının höccəti adlanır. Bu səbəbdən də bir çox şəri məsələlərin həyata keçirilməsində və irəli sürülən nəzəriyyələrin isbatında onlara istinad olunur. Çünki, Quranın zahiri mənası ümumi kütlə tərəfindən istinad olunası ən mötəbər mənbə və sənəd hesab olunur.

  

  Quranın zahiri mənalarının höccət olmasına dair irəli sürülmüş nəzəriyyəni sübuta yetirəcək kifayət qədər hədislər vardır və burada diqqətinizi onlardan bir neçəsinə cəlb etmək istəyirik.

  
    1.QURAN ÜMUMBƏŞƏRİ KİTABDIR  

  Məlum olduğu kimi, Peyğəmbər (s) ünsiyyətdə olduğu şəxsiyyətlərlə xüsusi davranış və ya danışıq tərzi seçməmişdir.

  

  Qəbiləsinin bir üzvü kimi o da, başqalarının danışdığı kimi danışır və onlarla adət halını almış bir tərzdə rəftar edərdi.

  

  Bu da hamıya məlumdur ki, Quran nazil olduqdan sonra belə, onun nazil olmuş ayələrini çox sadə, ərəb qəbilələrinin adət etdiyi bir tərzdə bəyan edər, həmçinin Quranın qadağan etdiyi və ya icra olunması vacib olan məsələləri onlara iqrar edərdi.

  

  Qurani-kərimin bir çox ayələrində bu məsələyə dəfələrlə işarə olunmuşdur.

  

    1.Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur.? (Məhəmməd-24).  

  

    2.Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik ki, bəlkə öyüd-nəsihət qəbul etsinlər. (Zumər-27).  

  

    3.Şübhəsiz ki, bu [Quran] aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!* Onu Cəbrail [Ruhuləmin] endirdi.* [Günahkarları Allahın   əzabı ilə] qorxudan peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə [nazil etdi]* özü də açıq-aydın ərəb dilində. (Şuəra 192-195).  

  

    4.Bu, [belə əhvalatlar] insanlardan [xalqdan] ötrü [olub keçənlərə dair] bir xəbər, müttəqilərdən ötrü isə doğru yola göstəriş və nəsihətdir. (Ali-İmran-138).  

  

    5.Biz Quranı [ümmətin üçün] ancaq sənin dilinlə asanlaşdırdıq. Bəlkə, anlayıb öyüd-nəsihət qəbul etsinlər. (Casiyə-58).  

  

    6.And olsun ki, Biz Quranı [ondan] ibrət almaq, öyüd-nəsihət qəbul etmək üçün belə asanlaşdırdıq. Amma hanı ibrət alan, öyüd-nəsihət qəbul edən?! (Qəmər-17).  

  

    7.Onlar Quran barəsində [onun Allah kəlamı olması haqqında] düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə ondan çoxlu ziddiyyət [ixtilaf, uyğunsuzluq] tapardılar. (Nisa-82).   

  
    2.QURAN PEYĞƏMBƏRLİYİ SÜBUTA YETİRƏCƏK DƏLİLDİR  

  Quran həzrət Məhəmmədin (s) peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmək üçün nazil olmuşdur. Nazil olduğu ilk gündən öz müxaliflərini mübarizə meydanına çağırmış və onlara Quranın surələrinə oxşar heç olmasa bir surəni gətirmələrini təklif etmişdir.

  

  Peyğəmbərin (s), müşriklərlə mübarizə meydanına çıxması Quranın ilahi möcüzə olduğunu bir daha sübuta yetirir. Buradan belə məlum olur ki, ərəblər Quranı asanlıqla başa düşüb və onun zahiri mənalarını olduğu kimi dərk edə bilirmişlər. Çünki, əgər Quran ayələrinin başa düşülməsi çətin və müəmmalı olsaydı, əvvəla nə müşriklər mübarizə meydanına çağırılar, nə də onun ilahi möcüzə olduğu isbat olunardı. Və belə olduğu bir halda insanların haqq-ədalətə, imana dəvət olunmaları heç bir məna kəsb etməzdi.

  
    3.QURAN, MÜSƏLMANLARIN MÜRACİƏT ETDİKLƏRİ ƏN BÖYÜK VƏ ƏN MÖTƏBƏR MƏNBƏDİR  

  Nəql olunmuş bir çox rəvayətlərdə müsəlmanların Peyğəmbərin (s) tövsiyə etdiyi Səqələynə (Quran və Peyğəmbərin (s) Əhli-beytinə) müraciət etmələri və bütün işlərini onlarla tətbiq etmələrinə təkid olunmuşdur. Bu isə Quranın zahiri mənalarının asanlıqla başa düşülməsini və həyata keçirilməsinin vacibliyini bir daha sübuta yetirir.

    
    4.QURAN RƏVAYƏTLƏRİN MƏHƏK DAŞIDIR.   

  Bir çox mütəvatir rəvayətlərdən bizə məlum oldu ki, nəql olunmuş rəvayətlər Quranla tətbiq olunmalı və bununla da onun mötəbər olub-olmaması aşkara çıxarılmalıdır. Daha dəqiq desək, Quranla müvafiq olan rəvayətlər qəbul olunmalı, digər rəvayətlər isə kənara qoyularaq istinad olunmamalıdır.

  

  Nəql olunmuş yüzlərlə mütəvatir rəvayət Quranın zahiri mənasının dəlil olmasını açıq-aşkar isbat edir. Çünki, anlamı bir o qədər də asan və heç bir etibarı olmayan hər hansı bir mətnlə rəvayətləri tətbiq etmək düzgün olmazdı.

  
    5.İMAMLAR QURANIN ZAHİRİ MƏNALARINA İSTİNAD ETMİŞLƏR  

  1.Zürarə, imam Sadiq (ə)-dan soruşur: Belə bir qənaətə necə gəlmisiniz ki, dəstəmaz alarkən məsh başın bütün hissəsinə deyil, yalnız bir hissəsinə çəkilməlidir? İmam (ə) sualın cavabında buyurur: Dəstəmaz ayəsində Birüusikum kəlməsində ön şəkilçi kimi işlənmiş Ba hərfindən. Bu halda ayənin zahiri mənasından belə bir qənaətə gəlirik ki, məshi başın hər tərəfinə deyil, yalnız bir hissəsinə çəkmək lazımdır.

  

  2.Günlərin bir günündə imam Sadiq (ə)-dan soruşurlar: Adətən çox istirahət edirəm. Və istirahət etdiyim zaman qonşu həyətdən haram edilmiş musiqi sədası eşidilir. Bir halda ki, məqsədim həmən musiqiyə qulaq asmaq deyil, yalnız istirahət etməkdir. Bu haqda nə deyə bilərsiniz. İmam (ə) buyurur: Quranın bu ayəsini nəzərə alaraq Çünki qulaq, göz və ürək bunların hamısı [sahibinin etdiyi əməl, dediyi söz barəsində] - sorğu-sual olunacaqdır. (İsra-36) sənin gördüyün bu işin haram olduğuna istinad etmək olar.

  

  3.İmam Sadiq (ə) oğlu İsmayıla deyir: Möminlərdən bir neçəsi sənin yanında şəhadət verərlərsə, o zaman onların şəhadətini qəbul et. Çünki, Allah-taala Qurani-kərimdə bu haqda buyurur:

  

    Allah da inanır, möminlər də. (Tövbə-61).   

  

  5.İmam Sadiq (ə), üç dəfə təlaq verilmiş və artıq ərinin onun üçün haram olduğu qadınlar haqda buyurur: Əgər həmən qadın başqa birisi ilə evlənib və sonra boşanarsa, yenidən əvvəlki əri ilə evlənə bilər. Allah-taala Qurani-kərimdə bu haqda buyurur:

  

    Ayrı bir kişi ilə nikah etməyincə...   

  

    6.İmam Sadiq (ə) buyurur: Üç dəfə təlaq verilmiş qadın, başqa birisi ilə müvəqqəti evlənərsə (siğə edilərsə), əvvəlki ərinə halal olmayır. Allah-taala bu haqda buyurur:

  

    Yəni əgər sonrakı əri həmin qadını boşasa, əvvəlki ərlə ailə qurmağın eybi yoxdur.   

  

  Ayələrin zahiri mənasından belə məlum olur ki, üç dəfə təlaq verilmiş bir qadın öz əri ilə yalnız o zaman yenidən evlənə bilər ki, bir başqasına ərə getmiş və ondan boşanmış olsun. Müvəqqəti evlənmədə isə təlaq olmadığı üçün qadının birinci əri ilə evlənməsinə icazə verilmir.

  

  7.Dı ağı düşmüş bir şəxs, imam Sadiq (ə)-dan dəstəmaz alarkən necə məsh çəkəcəyini soruşur. İmam (ə) sualın cavabında buyurur: Soruşduğun bu sualın cavabı Quranda açıq-aşkar bəyan edilmişdir.

  

    O [öz dini üçün] sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı.   

  

  Sonra sözünə davam edərək buyurdu: Dəstəmaz alarkən yaranın üzərinə bağladığın tənzifin üzərindən də məsh çəkə bilərsən.

  

  8.İmam Sadiq (ə)-dan bəzi qadınlarla evlənmək barəsində soruşduqda buyurur: Allah-taala onlarla evlənməyi sizlərə halal etmişdir. Qurani-kərimdə bu haqda deyilir:

  

    Və uhillə ləkum ma vəraə zəlikum.   

  

  9.Əti halal olan bəzi heyvanlar haqda isə bu ayəyə istinad etmişdir.

  

    [Ya Rəsulum!] De ki: Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə [Bismillah deyilmədən] kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm... (Ənam-145).   

  

  10.İmam Sadiq (ə)-dan kölə və kənizlərin, sahiblərinin icazəsi olmadan evlənmələri haqda soruşduqda, bu ayəyə istinad edir:

  

  Əbdən məmlukən la yəqdiru əla şəyin.

  
    QURANIN ZAHİRİ MƏNALARININ HÖCCƏT OLMADIĞINI İSBAT EDƏN DƏLİLLƏR  

  Bir qədər əvvəl Quranın zahiri mənalarının höccət olduğuna dəlalət edən dəlil və sübutlara işarə etdik. Lakin, hədis alimlərinin bir qismi bunun tam əksinə olaraq yeni bir nəzəriyyə irəli sürərək, Quranın zahiri mənalarının höccət olmadığını iddia edirlər. Onların fikrincə Quranın zahiri mənalarında, həmişə heç də nəzərdə tutulan şeyləri dərk etmək   olmur. Onlar da öz nəzəriyyələrini sübuta yetirmək üçün bir neçə dəlilə istinad edirlər.

  
    1.QURANIN DƏRK OLUNMASI MÜƏYYƏN İxTİSASMI TƏLƏB EDİR?   

  Quranın zahiri mənalarının höccət olmadığını iddia edənlər deyirlər: Quranın həqiqi mənalarını dərk etmək heç də hamıya müyəssər deyildir. Onu yalnız Quran elmləri ilə yaxından tanış olan bəzi mütəxəssislər dərk edə bilər. Və dediklərini sübuta yetirmək üçün bu məzmunda nəql olunmuş bir neçə rəvayətə istinad edirlər.

  

  1.Şueyb ibni Ənəs, imam Sadiq (ə)-dan nəql etdiyi mursəl* rəvayətdə deyir: İmam Sadiq (ə), Əbu Hənifəyə deyir: İran camaatının fiqhi suallarına sənmi cavab verirsən?

  

  Dedi: Bəli.

  

  Buyurdu: Nəyə istinad edərək fitva verirsən?

  

  Dedi: Allahın kitabına (Qurana) və Peyğəmbərin (s) sünnəsinə.

  

  Buyurdu: Əbu Hənifə! Allahın kitabını lazımınca dərk edə bilirsənmi? Nasix və Mənsux ayələrini tanıyırsanmı?

  

  Dedi: Bəli.

  

  Buyurdu: Belə bir böyük elmə yiyələndiyini iddia etdiyin üçün vay halına! Məgər bilməyirsənmi ki, bu elmlərə yalnız Peyğəmbərin (s) Əhli-beyti və müəyyən şəxslər yiyələnirlər?! Ey Əbu Hənifə! Bil ki, Allah-taala Quranda sənin biləcəyin bir şey nazil etməmişdir və orada sənə bir hərf də olsun irs qoymamışdır.

  

  2.Zeyd nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə), Qətadədən soruşur: Bəsrənin fəqihliyini öz üzərinə sənmi götürmüsən?

  

  Dedi: Belə təsəvvür edirlər.

  

  İmam Sadiq (ə) buyurdu: Düzdürmü ki, Quranı təfsir edirsən?

  

  Dedi: Bəli.

  

  İmam (ə) buyurdu: Ey Qətadə! Əgər Quranı öz rəyinlə təfsir edirsənsə bil ki, həm özünü, həm də başqalarını uçruma yönəltmiş olursan. Yox əgər başqalarının rəyi ilə təfsir etmiş olsan, yenə də həm özünü, həm də başqalarını uçruma yönəltmiş olarsan. Bil ki, Quranı yalnız o kəslər təfsir və dərk edə bilər ki, onların haqqında Quranda xitab və ya söhbət açılmış olsun.

  

    Cavab:   Nəql olunmuş birinci rəvayətdə yalnız Quranın zahiri mənaları deyil, həm də batini mənaları (Nasix və Mənsux ayələri) ilə tanışlıq və həmçinin bu kimi məsələlər nəzərdə tutulur. Belə ki İmam (ə), Əbu Hənifədən Nasix və Mənsux barəsində soruşur. Bu isə bir şəxsin Quranın batini mənalarına yiyələnib-yiyələnməməsinə dəlalət edir. Bütün   bunları nəzərə alaraq, imam Sadiq (ə) belə bir məsuliyyətli vəzifəyə təyin olunmuş bir şəxsi Əbu Hənifəni, Quran elmlərinə daxil olan bu kimi məsələlərə agah olmadığı üçün danlamaq qərarına gəlir.

  

  İkinci rəvayətdə isə biz, imam Sadiq (ə)-ın Qətadədən təfsir etməsi haqda soruşduğunun şahidi oluruq. Quran təfsir olunduqda isə bir çoxlarına məlum olmayan dərin məna və məfhumlar üzə çıxarılır. Bu isə olduqca mühüm və məsuliyyət tələb edən bir işdir. Belə bir dərin elmə yiyələnmək isə heç də hamıya müyəssər olmayır. Demək, rəvayətlərdən məqsəd Quranın zahiri mənalarının dərk olunması deyil, onun dərin [batini] mənalarına yol tapmasıdır.

  

  Əvvəlki fəsldə nəql olunan mötəbər rəvayətlər, dediklərimizi bir daha təsdiq edir. Belə ki, bu rəvayətlərdən bizə məlum olur ki, Quranın zahiri mənalarının dərk olunması heç də təsadüfü şəxslərə aid deyildir.

  

  Birinci rəvayətdə, imam Sadiq (ə)-ın Əbu Hənifəyə Orada [Quranda] sənə bir hərf də olsun irs qoyulmamışdır deməsi, bir daha bu mətləbi sübuta yetirir ki, Allah-taala yalnız öz peyğəmbərlərini Quranın varisləri qərar vermişdir. Fatir surəsinin 32-ci ayəsində bu haqda deyilir:

  

    Sonra kitabı bəndələrimizdən seçdiklərimizə miras qoyduq.   

  

  Bu səbəbdən də Quran ayələrini tam şəkildə dərk edib, kimsəyə açıqlamaq, sirlərinə agah olmaq Peyğəmbər, övliya və onların sadiq davamçılarından savayı kimsəyə nəsib olmayıb. Bütün bunları nəzərə alaraq, imam Sadiq (ə)-ın Əbu Hənifəyə etdiyi xəbərdarlığı heç də belə qəbul etmək olmaz ki, o hətta Qul hu vəllahu əhəd (De ki, O Allah birdir) kimi sadə ayələri belə başa düşməmişdir.

  
    2.QURAN ŞƏXSİ RƏY ƏSASINDA TƏFSİR OLUNMAMALIDIR  

  Quranın zahiri mənalarının höccət olmadığını iddia edən şəxslər deyirlər: Quranın zahiri mənasına istinad edərək ayələri təfsir etmək, şəxsi rəy və nəzər əsasında təfsir etmək deməkdir. Bir halda ki, bir çox mütəvatir rəvayətlərdə Quranın şəxsi rəy əsasında təfsir edilməsi qətiyyətlə qadağan olunmuşdur.

  

    Cavab:   Bir qədər əvvəl qeyd etdik ki, təfsir dedikdə biz, ayələrin həqiqi mənalarının üzə çıxarılmasını və ayələrin anlamında mövcud olan çətin ifadə və müəmmaların hamısının başa düşüləcək bir tərzdə izah olunması nəzərdə tutulur. Çünki, ayələrin zahiri mənalarında heç bir anlaşılmazlıq nəzərə çarpmır.

  

    Ayələrin zahiri mənası təfsir adlandırılsa belə, biz onu şəxsi rəy və nəzər əsasında yazılmış təfsir kimi qəbul etməməliyik. Belə bir təfsir və onun məfhumu, ümumi kütlənin anlayacağı və dərk edə biləcəyi təfsirdir.

  

  Məsələn, əgər Nəhcül-bəlağədə Əli (ə)-ın oxuduğu dərin mənalı xütbələrdən birini çox sadə ifadələrlə tərcümə edəriksə, biz onu ümumi kütlənin başa düşə biləcəyi tərzdə bəyan etmiş oluruq. Və belə bir təfsiri biz, şəxsi rəy əsasında olunmuş təfsir adlandırmamalıyıq. Bu səbəbdən də imam Sadiq (ə) həmən mətləbə toxunaraq buyurur: Camaat mütəşabih ayələrin batini və həqiqi mənalarını dərk edə bilməyib, özlərini böyük çətinliyə düçar etmişlər. Onlar ayələrin batini mənalarına yol tapmadıqda, onu istədikləri kimi təfsir etmiş və özlərini ilahi övliyalardan ehtiyacsız güman etmişlər. Buna görə də, ayələrin həqiqi mənalarını soruşmağı belə özlərinə rəva bilməmişlər.

  

  Quranın şəxsi rəy və nəzər əsasında təfsir olunmasının imam Sadiq (ə)-ın nöqteyi-nəzərindən haram buyrulduğu, nəql olunmuş rəvayətlərdən bir daha bizə bəlli oldu. Quranın təfsirini öz öhdəsinə götürmüş şəxs, ilk növbədə Peyğəmbərin (s) tövsiyələrinə əməl edərək Əhli-beytə (ə) müraciət etməli və onların buyurduqlarından ilham almalıdır. Onlar bəşəriyyətin ilham və hidayət mənbəyi olduqları bir halda, kimsə Quranın zahiri mənaları ilə qənaətlənərək şəxsi rəy və nəzər əsasında ilahi qanunlara dair hökm və fitva sadir etməməlidir.

  

  Əgər hər hansı bir müfti (fiqh alimi, dini rəhbər) və ya müfəssir, imamların Quran ayələrinə verdikləri izahatları, əlavə və istisna qanunları nəzərə almadan ayələrin zahiri mənalarına və ümumi qanunlara istinad edərsə, Quranı özünün şəxsi rəyi əsasında təfsir etmiş olur. Bir halda ki, nəql olunmuş bir çox rəvayətlərdə Quranın şəxsi rəy əsasında təfsir olunması qətiyyətlə pislənmiş və belə üsulun ilahi qanunlara zidd olduğu bildirilmişdir.

  

  Qeyd etdiklərimizdən belə məlum olur ki, Əhli-beytin (ə) Quranın təfsirinə dair verdikləri izahatları nəzərə alaraq, yenidən onun zahiri mənalarına istinad etmək, onu nəinki şəxsi rəy əsasında olunmuş təfsir, hətta adi bir təfsir adlandırmaq belə olmaz.

  

  Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, Quranın zahiri mənasına istinad olunmasının düzgünlüyünə dəlalət edəcək bir çox rəvayət nəql olunmuşdur.

  

  Bu iki qrup rəvayətlərdən belə bir nəticəyə gəlmək olur ki, Quranın şəxsi rəy ilə təfsir olunması, onun kəlmələrinin zahiri mənalarına əməl etmək deyil; onlardan birincisi (şəxsi rəylə təfsir) haram, ikincisi isə düzgün və təqdirə layiqdir.

    
    3.QURANIN DƏRİN MƏNA DAŞIYAN AYƏLƏRİ  

  Quranın höccət olmadığını iddia edənlərin bir qismi istinad etdikləri üçüncü dəlildə deyirlər: Quranın geniş mətləbi əhatə edən bir çox ayələri dərin mənalar daşıdıqları üçün hamı onu heç də asanlıqla başa düşmür.

  

  Qədim dövrlərdə təlif olunmuş bir çox alimlərin əsərlərini nəzərdən keçirdikdə, belə mətləbin böyük kütlə tərəfindən dərk olunmadığının şahidi oluruq. Onları dərk edə biləcək şəxslər yalnız bu sahədə təcrübəsi olan mütəxəssis və təhqiqatçılardır. Bəşər tərəfindən yazılmış bu kitablar asanlıqla dərk olunmayandan sonra, ilahi kəlam olan, keçmiş və gələcəkdən xəbər verən vəhy məcmuəsini dərk etmək təbii ki, asan olmayacaqdır.

  

    Cavab:   Quran, keçmiş və gələcəyin dərin, batini elmlərini əhatə edib [bəzi ayələri] yalnız Əhli-beyt tərəfindən dərk olunsa da, orada mövcud olan digər ayələrin zahiri mənaları ərəb dili ilə tanışlığı olan hər bir şəxs tərəfindən dərk olunur. Və beləliklə, nəqli dəlilləri nəzərə almaqla ilahi hökm və göstərişlər lazımı qaydada icra olunur.

  
    4.QURANIN ZAHİRİ MƏNALARI NƏZƏRDƏ TUTULMurmu?   

    Deyirlər:   Ümumi şəkildə bilirik ki, ümumiyyət və müəyyən xarakteri daşıyan Quranın bütün zahiri mənaları nəzərdə tutulmur. Onlardan bir çoxu müəyyən maddələrlə məhdudlaşdırılmışlar. Eyni zamanda, zahiri mənalarda Quranın bəzi ifadələrinin nəzərdə tutulmaması haqda ümumi məlumat əldə etdik. Lakin, bu kimi ifadə və cümlələr nəzərdə tutulmadığı üçün onlardan digər mənalar hasil olunur. Bunu da qeyd edək ki, bu kimi mənalar tam şəkildə müəyyənləşdirilməmişdir və bəlkə də Quranın digər ayələri ilə qarışaraq onları bir-birinə oxşatmışlar. Biz, Quranda istifadə olunan bu kimi ifadələr barəsində də ümumi məlumat əldə etdik, bu səbəbdən də Quranın bütün ifadə və ayələrinin zahiri mənalarına müraciət etməkdən çəkinməli və onlara istinad etməməliyik. Çünki, onlar da nəzərdə tutulmayan cümlə və ifadələrdən ola bilər.

  

    Cavab:   İcmali elm yalnız o zaman Quran ayələrinin zahiri mənalarına əməl etməyə mane ola bilər ki, onun ayələrində heç bir araşdırma və təhqiqat aparılmamış olsun. Lakin, bir qədər yaxından diqqət yetirdikdə və zahiri mənaları nəzərdə tutulmayan bəzi ayələri araşdırdıqda məlum olur ki, elm və əql baxımından digər ayələrə də istinad və əməl   olunmasına heç bir maneə yoxdur. Çünki, belə olduqda əldə etdiyimiz icmali elm, yalnız Quranda istifadə olunan və zahiri mənası nəzərdə tutulmayan ifadələrə aid olacaqdır. Bəzi ayələr araşdırılaraq onlarda bu xüsusiyyətlərin olması müəyyənləşdirilmişdir. Digər ayələrə isə belə bir ehtimal verilməmişdir və belə olduqda onların zahiri mənalarına istinad və əməl etmək düzgün olacaqdır.

  

  Belə bir elmi təhlil İcmali elmin təcziyə və təhlili adlanır və biz onun vasitəsi ilə bütün hallarda əməl və istinad edəcəyimiz şeylərin düzgünlüyünü asanlıqla ayırd edəcəyik.

  

  Hər yerdə olduğu kimi, nəql olunmuş rəvayətlərin mötəbər olub-olmamadığını müəyyənləşdirmək üçün bu üsuldan (icmali elmdən) istifadə edir və beləliklə yetkin nəticəyə gəlirik.

  

  Əgər icmali elmin bir tərəfini ləğv edib digər tərəfini saxlamaqla da həmin şeyə əməl etmək mümkün olmasaydı, onda təkcə Quranın deyil, eləcə də hədis və rəvayətlərin də höccət olması qüvvədən düşərdi və onlara əməl etmək mümkün olmazdı. Onların zahiri mənalarına istinadən də əməl edə bilməzdik. Çünki hədis və rəvayətlərin də ümumi və xüsusi mənaları vardır ki, onların zahiri mənalarından ayrı bir şeydir. Müxaliflərin əqidəsinə görə, Quranın zahirinin höccət olmasını da qüvvədən bir növ icmali elm hədis və rəvayətlərdə də vardır və onların da zahirini qüvvədən salır.

  

  Və əgər icmali elmin təhlil olunması bu xüsusiyyətə malik olmasa, terminalogiyada əsli bəraət adlanan, insanın üzərinə düşən vəzifələrin hansılarının icrası vacib, hansılarının isə haram olduğuna dair qəti hökm sadir edə bilmərik. Çünki, üzərinə şəri vəzifə düşən hər bir insan nəyin ona vacib və nəyin haram olduğunu çox yaxşı bilir. Və icmali elm ilə vacib və haram olan bəzi məsələlərə diqqət yetirdikdən sonra nə qədər məlumat əldə etmişsə, bir o qədər yetkin nəticəyə gələ bilər. Digər məsələlərdə isə halallıq hökmü verilir və buna terminalogiyada əsli bəraət deyilir.

  

  Alimlərdən bir qismi bəzi məsələlərdə ehtiyata üstünlük verirlər. Lakin, onların verdikləri bu kimi hökmlər icmali elmə və əsli bəraət deyil, müəyyən rəvayət və hədislərə əsaslanır. Bu barədə ətraflı məlumat əldə etmək istəyənlər Əcvədul-təqrirat adlı kitaba müraciət edə bilərlər.

  
    5.MÜTƏŞABİH AYƏLƏRƏ ƏMƏL OLUNMAMALIDIR  

    Deyirlər:   Mütəşabih adlanan bəzi ayələrin zahiri mənalarına əməl etmək, Quranın özündə də yasaq edilmişdir. Belə ki, Ali-İmran surəsinin 7-ci ayəsində Quranın zahiri mənalarına əməl edənlər haqda buyurulur:

  

      Onun bir hissəsi Quranın əslini, əsasını təşkil edən möhkəm [mənası aydın, hökmü bəlli], digər qismi isə mütəşabih [mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan] ayələrdir. Ürəklərində əyrilik [şəkk-şübhə] olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar [tabe olarlar].   

  

  Burada Allah-taalanın zahiri və ya başqa bir məna nəzərdə tutduğunu qətiyyətlə müəyyən edə bilmərik. Bu səbəbdən də ayələrin zahiri mənaları mütəşabih adlanır. Onlara istinad və əməl etmək isə düzgün deyildir.

  

    Cavab:   Təşabuh o ifadələrə deyilir ki, iki və ya daha çox məna daşımış olsun və eyni zamanda daşıdığı bütün mənalar həmən ifadələrlə eyni səviyyədə olsun. Belə ki, ifadə tələffüz olunduğu zaman daşıdığı mənalar dinləyicinin zehnində fikir ayrılığına səbəb olmamalıdır. Oxucu və ya dinləyici bu kimi ifadələrlə qarşılaşdığı zaman mənalardan hər hansı birini qəbul etməzdən əvvəl mətləbi bəyan edən şəxsin nəzərdə tutduğu şeyi diqqətlə araşdırmalı və yalnız onun nəyi nəzərdə tutduğunu müəyyən və mətləbi isbat edəcək dəlillər əldə etdikdən sonra qəbul etməlidir. Deməli, ifadələrin zahiri mənalarını biz heç də mütəşabih kimi qəbul etməməliyik. Çünki, ifadələrin zahiri mənaları hamıya məlum və bəllidir.

  

  Əgər mütəşabih kəlməsinin bir neçə mənada işləndiyini və bu mənaların heç birinin asanlıqla başa düşülmədiyini, habelə zahiri ifadələrə (kəlmələrə) mütəşabih deyildiyini fərz etsək belə, yenə də bizi cümlənin zahiri mənasına əməl etməyimizə mane ola bilməz. Çünki, istər əql və düşüncəyə, istsərsə də ümumi kütlənin adət-ənənəsindən qaynaqlanan bu üsuldan hər zaman və hər yerdə istifadə olunur. Quranın zahiri mənalarına gəldikdə, biz yenə də həmən üsuldan istifadə etməliyik. Əldə olunan qəti dəlillər və sübutlar bizi ayənin zahiri mənasından başqa bir mənaya istiqamətləndirdikdə isə, biz [istisna olaraq] artıq zahiri mənanı qəbul etməməliyik.

  
    6.TƏHRİFİN, QURANIN ZAHİRİ MƏNASININ HÖCCƏT OLMASINA GÖSTƏRDİYİ TƏSİR  

  Gətirdikləri son altıncı dəlildə deyilir: Quranın təhrif olunması, kəlmələrin zahiri mənalarının mütəşabih və mücməl olmasına (izah olunmalı) və bunun nəticəsində də öz etibarını itirməsinə səbəb olmuşdur.

  

    Cavab:   Bir qədər əvvəl Quranın təhrif olunmadığı, müxtəlif dəlil və sübutlarla isbat olundu. Onun təhrif olunduğunu fərz etsək belə, bu heç də onun öz etibarını itirməsinə səbəb olmur. Çünki, nəql olunmuş bir   çox rəvayətlərdən belə məlum olur ki, hər bir müsəlman bütün işlərini Quranla tətbiq etməli və onu ən başlıca meyar kimi qəbul etməlidir. Quran hər bir müsəlmanın istinad və mənəvi qida aldığı ilham mənbəyidir.

  

  Demək, Quran (fərz edək ki,) təhrif olunsa belə, yenə də ona müraciət olunmalıdır. Bir halda ki, onun ayələrində təhrifə yol verilməsi sadəcə olaraq mahal və qeyri-mümkündür.

  

    Nəticə:   Qeyd etdiklərimizdən belə bir nəticəyə gəlirik ki, Quranın zahiri mənaları ən mötəbər istinad mənbəyidir. Çünki, Quran islam dininin təməli, haqq və batilin, maddi və mənəvi dəyərlərin meyar və məhək daşıdır. Onunla müxalif olan [qondarma] rəvayət və hədislər öz etibarını itirərək istinad olunmadan kənara qoyulmalıdır.

  
    ON BİRİNCİ FƏSİL  
    Haşiyə və qeydlər.   

    1.Səqələyn hədisini nəql edən mənbələr;  

  

    2.Haris Həmədaninin şərhi-halı;  

  

    3.Lətərkəbunnə sunənun min qəblikum hədisini nəql edən mənbələr;  

  

    4.Müəllifin, yəhudi alimlərinin biri ilə apardığı elmi mübahisə;  

  

    5.Quranın tərcüməsi və tərcüməyə lazım olan şərait;  

  

    6.Qüreyşin Peyğəmbərə (s) qarşı mücadilə və çəkişmələri.   

  
    SƏQƏLƏYN HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR  

  1.Səqələyn hədisini Əhməd ibni Hənbəl özünün Musnəd adlı kitabında (1-ci cild, 14-17-26 və 29-cu səh) Əbu Səid Xidridən (4-cü cild, 366, 371-ci səh) Zeyd ibni Ərqəmdən (5-ci cildin 182-ci səh) və Zeyd ibni Sabitdən nəql etmişdir.

  

  2.Fəzailul Quran (müəllif Dərəli) 2-ci cild 431-ci səh.

  

  3.Camil Səğir (müəllif Cəmaləddin Süyuti, Təbəranidən və o da Zeyd ibni Sabitdən nəql edərək, rəvayətin mötəbərliyini öz imzası ilə təsdiqləyir).

  

  4.Əllamə Mənavi şərhinin (3-cü cild 15-ci səh-də) nəql edir, Heysəmi hədisi nəql edən ravilərin şərh-halını bəyan etdikdən sonra onların mötəbər olduqlarını təsdiq edir.

  

  5. Hədisi nəql edən və mötəbərliyinə istinad olunan şəxslərdən biri də Əbu Yəla olmuşdur.

  

    6.Hafiz ibni Əbdüləziz Əxzəri hədisi nəql etdikdən sonra deyir: Peyğəmbər (s) bu hədisi həccətül vidada bəyan etmişdir. Hər kim İbni Cozi kimi bu hədisi qondarma hesab edirsə böyük səhvə yol vermiş olur.

  

  7.Səmhudi deyir: (Müəllif Hakim Nişapuri 3-cü cild 109-cu səh) hədis Zeyd ibni Ərqəmə tərəfindən nəql və mötəbərliyi təsdiq olunmuşdur. Daim müxalif mövqe tutan və nəql olunmuş rəvayətlərə haşiyə yazan Zəhəbi belə, bu rəvayətə irad tutmamışdır.

  

  Səqələyn hədisini nəql edən mənbələrin istifadə etdikləri kəlmə və ifadələrdə müəyyən fərqlər nəzərə çarpsa da, məna və məfhum baxımından tamamilə eynidir.

  
    HARİS İBNİ HƏMDANİNİN ŞƏRHİ-HALI  

  İmamiyyə alimləri hamılıqla belə bir fikirdədirlər ki, Haris ibni Abdulla Həmdani, Əli (ə)-ın yaxın silahdaşlarından biri olmuşdur. O, böyük nüfuza malik olmuş və Əli (ə)-la ünsiyyətdə olduğu illərdə böyük, əhəmiyyət kəsb edən xidmətlər göstərmişdir.

  

  İmamiyyə alimləri onu daim təqva və pəhrizkarlığı ilə xatırlayar və haqqında yalnız tərifəli sözlər deyərlər. Rical alimləri və bir çox təhqiqatçılar onun nəql etdiyi rəvayətləri mötəbər hesab edir və bir çox hallarda onlara istinad etmişlər.

  

  Əhli sünnə alimlərinin bir çoxu Harisin şərh-halını yazarkən onu xoş ifadələrlə yad etmişlər.

  

  İbni Həcər Əsqəlani özünün Təhzibut-təhzib adlı kitabında Harisin şərh-halını Davəridən nəql edərək İbni Muinin bu sözlərinə işarə edir. Mən onun şərh-halını İbni Məsuddan eşitdim. O, Harisi etimad olunası bir şəxs kimi qələmə verirdi.

  

  Osman Darəmi, İbni Muindən nəql edərək deyir: O, hamının etimadını qazanmış bir şəxs idi.

  

  Əşəs ibni Səvar, İbni Seyreyndən nəql edərək deyir: Kufə camaatı beş nəfər şəxsə daha çox ehtiram edərdi. Lakin onlardan ikisinə, yəni Haris və Ubeydəyə daha artıq ehtiram edər və onlar haqda daim tərifli sözlər deyərdilər. Ubeydə barəsində söz düşərkən Haris yad olunur, Haris barəsində bir söz deyildikdə, həmçinin Ubeydə xoş sözlərlə yad olunardı.

  

  İbni Əbi Davud deyir: Haris zəmanəsinin ən bilikli fiqh alimi idi. O, olduqca hörmətli və şərəfli bir nəslə mənsub idi. İrs məsələsini Əli (ə)-dan öyrənmiş və onun incəliklərinə hamıdan daha çox yiyələnmişdi.

  

  Əbu Cəfər Təbəri Zilul Muzəyyil adlı kitabında, Hicrətin 161-ci ilində vəfat etmiş şəxslər barəsində məlumat verərkən deyir: Haris ibni Abdulla Əur, Əli (ə)-ın qabaqcıl səhabələrindən biri idi. O, zəmanəsinin   fiqh,* hesab*, fəraiz* elmlərinə yiyələnmiş ən bilikli alimlərindən sayılırdı.

  

  Zəhəbi, Harisin şərh-halında yazır ki, Harisin nəql etdiyi rəvayətlər Əhli sünnənin istinad etdikləri dörd mötəbər mənbələrdə də nəql olunmuşdur. Nəsai, ravilərin mötəbərliyinə və onların şəcərənaməsinə (əsliyyətinə) hamıdan daha çox diqqət yetirsə də, Harisin nəql etdiyi rəvayətlərə istinad edirdi. Çünki o, özünün elm və şöhrəti ilə hamının nüfuzunu qazanmış və cəmiyyətdə özünəməxsus məqama nail olmuşdur.

  

  Mərrət ibni Xalid deyir: Məhəmməd ibni Seyreyn günlərin bir günündə mənə dedi: İbni Məsuda yaxın olan beş nəfər şəxsdən hədis nəql olardı. Mən onlardan dördü ilə görüşə bilsəm də, Haris ilə görüşməyə nail olmadım. Əlbəttə o, digərlərindən daha nüfuzlu və daha bilikli idi.

  

    Yazıçı:   Şiə və sünni alimlərinin Harisin biliyi və şəxsiyyəti barəsində söylədikləri təriflərə baxmayaraq, Şəbi onu qətiyyətlə təkzib edir və onun barəsində bu sözləri deyir: Haris Əur, mənim üçün hədis nəql edərdi, lakin o, yalançının biri idi. Sonralar bəziləri Şəbənin dediklərini qəbul edib, Harisi yalançı kimi qələmə verməyə başlamışdılar. Lakin bizə belə gəlir ki, bu kimi iftiralar təəssüb və inadkarlıqdan savayı başqa bir şeydən irəli gəlməyir. Çünki, bir qədər əvvəl qeyd etdik ki, rical alimlərinin və təhqiqatçılarının bir çoxu Harisi mötəbər bir şəxs kimi qələmə vermiş və ondan yalan hədis və rəvayət nəql olunmadığını etiraf etmişlər. Bu səbəbdən də alimlərin bir qismi, Şəbinin Haris barəsində söylədiklərinin yalnız quru təəssüb üzündən meydana gəldiyinə işarə etmişlər.

  

  Əbu Abdulla Qurtəbi deyir: Şəbi, Harisi yalançılıqda ittiham etsə də, onun sözlərini qəbul etmək olmaz. Çünki, kimsə Harisin nə vaxtsa yalan bir söz dediyini eşitməmişdir. Bəlkə də Şəbi, Əli (ə)-ın Harisə olan yaxın münasibətini və onu başqalarından üstün tutduğu üçün ona qarşı qərəzli mövqe tutmuş və haqqında xoşagəlməz sözlər söyləmişdir. Bu səbəbdən də Şəbi, Əbu Bəkri hamıdan daha çox üstün tutar və onun barəsində deyərdi: O, islamı qəbul etmiş ilk şəxs olmuşdur. (Təfsir Qurtəbi 1-ci cild 5-ci səh).

  

  İbni Həcər, Harisin şərh-halında yazır: İbni Əbdülbərr özünün Elm adlı kitabında, Şəbənin hansı səbəblər üzündən Haris barəsində bu sözləri deməsini belə izah edir: Şəbi, Harisi Əli (ə) ilə yaxın və səmimi ünsiyyətdə olduğu üçün daim tənqid və təkzib edərdi. Və mənim fikrimcə o, özünün belə bir xoşagəlməz işinin cəzasını çəkdi. O da bundan ibarətdir ki, kimsənin Harisdən yalan bir rəvayət eşitmədiyi bir halda onu yalançılıqda ittiham etmiş və irəli sürdüyü belə bir əsassız iddia, kimsə tərəfindən qəbul olunmayaraq öz yalanını sabit etmişdir.

  

    İbni Şahin deyir: Əhməd ibni Saleh deyərdi: Haris Əur etimad olunası şəxslərdən idi. Əli (ə)-dan nəql olunmuş rəvayətdə onun tərif və mədh olunması çox gözəl ifadələrlə bəyan edilir!!

  

  Ona, Şəbinin Harisi təkzib etməsini dedikdə buyurur: Harisin nəql etdiyi rəvayətlərin heç biri yalan deyildir. Sadəcə olaraq o, Əli (ə) ilə yaxın ünsiyyətdə olduğu üçün Şəbi tərəfindən təkzib edilmişdir.

  

    Yazıçı:   Üzümü nəzər sahiblərinə və təhqiqatçılara tutub onlardan soruşmaq istəyirəm: Sizi and verirəm Allaha! Deyin görək günahsız bir müsəlmanı, Allahın əməli-saleh bəndəsini, möminlərin əmiri Əli (ə) kimi bir şəxsiyyət ilə səmimi ünsiyyətdə olduğu üçün, onu yalan və qondarma rəvayətlər nəql etməkdə ittiham etmək olarmı? Yiyələndiyimiz elm və məlumatlar, apardığımız təhqiqatlar, əqidə və etiqadımız bizə belə bir yanlış işin görülməsinə icazə verirmi?! Məgər Peyğəmbərin (s) özü Əli (ə)-ın fəzilətinin hamıdan üstün olduğunu bəyan edərək onun barəsində dəfələrlə bu sözləri deməzdimi?!   Ey Əli! Harun, Musaya nə qədər yaxın olmuşsa, sən də mənə bir o qədər yaxın və əzizsən.   

  

  Ümumiyyətlə hədis tarixinə nəzər saldıqda bunun şahidi oluruq ki, Peyğəmbər (s), Əli (ə) barəsində söylədiyi tərifli sözləri, digər səhabələrin heç biri barəsində bəyan etməmişdir.

  

  Dost və düşmən, Əli (ə)-ın fəzilətini Peyğəmbərin (s) dilindən dəfələrlə eşitmiş və özləri bunu etiraf etmişlər. Elə bir fəzilətlər ki, başqa birisi barəsində nə deyilməmiş, nə də işlədilməmişdir.

  

  Belə ki, Hakim Nişapuri deyir: Günlərin bir günündə Müaviyə, Səd ibni Vəqqası Əli (ə)-ı söyməyə və onun barəsində nalayiq sözlər deməyə vadar etmək istəyirdi. Səd, bundan imtina edərək Müaviyəyə deyir: Ey Müaviyə! (Allah özü səninlə hesab çəkər! İnşaalah!) Peyğəmbər (s), bu böyük şəxsiyyət barəsində dəfələrlə tərifli sözlərini və həmçinin tükənməz fəzilətini bəyan etdiyi bir halda, mən onun ünvanına necə xoşagəlməz sözlər deyə bilərəm?! Əgər bu rəvayətlərdən heç olmasa biri mənim barəmdə nəql olunsaydı, bu şərəf mənim üçün qırmızı tüklü dəvələrdən daha qiymətli olardı. Sonra Kəsa, Mənzələt, Bidəq hədislərini və Xəndək əhvalatını Müaviyəyə nəql etdi. (Mustədrak (Hakim Nişapuri) 3-cü cild 108-ci səh).

  

  Peyğəmbər (s) bununla kifayətlənməyib, Əli (ə)-ın fəzilətlərini bəyan etdiyi hədislərdə onun elm və əxlaqına, ictimai-siyasi mövqeyinə də dəfələrlə işarə etmişdir.

  

  Hakim nəql etdiyi rəvayətlərdən birində deyir: Peyğəmbər (s), Əli (ə)-a buyurur:   Ey Əli! Hər kim mənə itaət etmiş olarsa, Allaha itaət etmiş olur və hər kim səndən itaət etmiş olarsa, mənə itaət etmiş olur. Hər kim səninlə müxalif olub düşmənçilik edərsə, mənimlə düşmənçilik etmiş olur. (Həmən bənbə).   

  

    Bu hədis, Peyğəmbərdən (s) Əli (ə)-ın fəzilətləri barəsində nəql olunmuş rəvayətlərin kiçik bir hissəsidir. Bu məzmunda nəql olunmuş rəvayətlər isə, qeyd olunanlardan olduqca çoxdur.

  

  Lakin Şəbinin, Harisi yalançılıqda ittiham etməsi heç də təəccüblü deyildir. Çünki, o, Əməvilərin yaxın havadarlarından biri idi, dəfələrlə onların təşkil etdiyi rəngarəng ziyafətlərdə iştirak edər və bu əlverişli şəraitdən səmərəli istifadə edərdi. Bu səbəbdən də onların rəğbətini qazanmaq üçün istək və niyyətlərinə müvafiq sözlər deyir, lazım gəldikdə isə qondarma hədislər belə nəql etməkdən çəkinmirdi.

  

  Tarixə nəzər salsaq, bu kimi təəssüf doğuran əhvalatlarla dəfələrlə qarşılaşmış olarıq. Məsələn, Təbəri, kitabının 5-ci cildinin 310-cu səhifəsində yazır: Abdul Məlik ibni Mərvan, Şəbini Misir camaatından, oğlu Vəlid ibni Əbdülməlik üçün beyət almağa oraya göndərir. Sonra isə Əbdülməlik tərəfindən Kufəyə vali təyin olunmuş Bəşər ibni Mərvanın nəzarət etdiyi məntəqələrdən birinə, maliyə işlərini idarə etməyə təyin olunur. Və daha sonra Ömər ibni Əbdüləziz tərəfindən Kufə şəhərinin qəzavət işlərinin rəhbərliyini öz üzərinə götürür.

  

  Bəli, Şəbi, Mərvanın yaxın havadarlarından biri olmuşdur. Onun və Əməvi sülaləsinin digər nümayəndələrinin razılığını qazanmaq üçün nə yalan danışmaqdan çəkinər, nə də başqalarına iftira qoşmaqdan. Əbül Fərəc, Həsən ibni Ömər Fəqihdən nəql edərək deyir: Günlərin bir günündə Şəbinin evinə getdim. Həyətə daxil olduqda evdən cəlbedici qəribə səs eşitdim. Ondan bu səsin qonşu evdən gəldiyini soruşduqda, əlimdən tutub şəxsi otağına gətirdi. Birdən, gözüm gözəl və yaraşıqlı bir cavana düşdü. O, şəhvətedici təranələr oxuyur və məclis əhlini əyləndirirdi. Şəbi üzünü mənə tutub dedi: Onu tanıyırsanmı? Dedim: yox. Dedi: Bu həmən kəsdir ki, hələ uşaq ikən bir çox elm və məharətlərə yiyələnmişdir. Onun adı İbni Səricdir.

  

  Başqa bir yerdə deyir: Xəlifə Ömər ibni Ubəydən bu sözlərin deyildiyi nəql olunmuşdur. Şəbi, atamla birlikdə evin ikinci mərtəbəsində idilər. Evin alt mərtəbələrindən xanəndələrin gözəl səsləri eşidilirdi. Atam Şəbəyə dedi: Eşidirsənmi? Dedi: Xeyr!! Aşağı nəzər saldıqda gözəl və yaraşıqlı bir cavan gördük. O, öz gözəl təranələri ilə hamını valeh edirdi. Bu cavan və məşhur xanəndə İbni Ayişə idi. Şəbi heyrətə gəlib barmaqlarını dişləri ilə sıxıb dedi: Allah, elm və məharəti istədiyi şəxsə bəxş edir.

  

  Əbül Fərəc nəql etdiyi başqa bir rəvayətdə deyir: Məsəb ibni Zubeyr Kufəyə vali olduğu dövrdə, günlərin bir günündə Şəbini evinə gətirir. Onlar birlikdə Məsəbin zövcəsi olan Ayişənin otağına girirlər. Ayişə bu zaman yatağında tam üryan halda istirahət edirdi. Məsəb dedi: Şəbi! Ayişə barəsində nə deyə bilərsən? Şəbi, Ayişəni Məsəbin ürəyincə tərifləyib,   gözəl ifadələrlə vəsf etdi. Məsəb bu təriflərindən razı qalıb, ona on min dirhəm pul və otuz dəst paltar hədiyyə verdi.

  

  Belə ki, Qurtəbi öz kitabında yazır: Şəbi and içərdi ki, Əli (ə) Qurandan bir ayə də olsun belə, əzbərləməmiş dünyasını dəyişdi.

  

  Sahibi deyir: Əli (ə) barəsində deyilən bu sözlər olduqca nalayiq və tamamilə əsassızdır. Elə bir şəxs barəsində ki, dəfələrlə ümumi kütlə arasında uca səslə bu sözləri deyərdi. Məni itirməmişdən əvvəl, elmi və dini suallarınızı məndən soruşun, mən də sizə cavab verim. Çünki, mən Quranda nazil olmuş bütün ayələrin xüsusiyyətlərinə hamıdan çox agaham. Hətta onların gecə, gündüz, dağda və səhrada nazil olduqlarını belə bilirəm.

  

  Sudey, Əbdü Xəyrdən nəql edərək deyir: Əli (ə), Peyğəmbər (s) vəfat etdiyi gün, camaatın Qurana qarşı diqqətsizliyini görüb, Quranı bir yerə yığmayınca əbasını geyinməyəcəyinə (yəni evdən bayıra çıxmayacağına) and içdi. O gündən etibarən evində oturub Quranın pərakəndə nüsxələrini bir yerə yığıb onu kitab halına saldı. Əli (ə)-ın yığdığı bu nüsxə, ilk Quran nüsxəsi oldu. Oradakı bütün ayələri öz hafizəsindən kağız üzərinə köçürdü və bu nüsxə sonralar imam Sadiq (ə)-ın övladlarında idi.

  

  Ey qürurlu müsəlman! Görün bu şəxs dilinə Allah və Onun peyğəmbəri barəsində necə nalayiq və xoşagəlməz sözlər gətirir?!

  

  Bəli! Möminlərin Əmiri olan həzrət Əli (ə), nəql olunmuş bir çox rəvayətlərdə elm, hikmət və xilqətin (yaradılışın) sirlər şəhəri adlandırılmışdır. Əli (ə) hər zaman Quranla, Quran da onunladır. Bu iki qiymətli bəşər və kitab qiyamət gününədək bir-birlərindən ayrılmayacaqdır və o gün kovsər hovuzunun kənarında Peyğəmbərin (s) yanında olacaqlar.

  

  Budur Əli (ə)-ın həqiqəti. Günəş tək nurlu olan, şiələrin qolunun gücü və düşünən beyni, Allahın yer üzündə canişini sayılan bir şəxsiyyətin danılmaz həqiqətini görməyə qadir olmayan Şəbi kimilər isə, öz yalan və iftiraları ilə özlərini belə bir böyük günaha düçar edərək layiqili cəzalarını çəkəcəklər. (İnşaallah).

  
    LƏTƏRKƏBUNNƏ SUNƏNƏ MƏN QƏBLƏKUM HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR  

  Bu hədis Kənzul-ummal ilə yanaşı, digər mötəbər mənbələrdə də nəql olunmuşdur.

  

  O cümlədən:

  

  1.Musnəd (Əhməd ibni Hənbəl, Vaqedidən nəql edir, 5-ci cild, 218-ci səh) 3-cü cildin 14-cü səhifəsində isə Əbu Səid Xidridən nəql edir.

  

    2.Etisam (Buxari) Peyğəmbərin (s) buyurduqları fəsil, 8-ci cild 151-ci səh. Hədisi belə nəql edir: (ərə)

  

  3.Səhih Müslim Elm (Müslim Yəhudi və nəsranilərin adət-ənənələrini davam etmək fəsli, 8-ci cild 51-ci səh).

  

  4.Məcməuz-zəvayid (Hisəmi) 7-ci cild, 261-ci səh. Hədisi İbni Abbasdan nəql edir.

  
    MÜƏLLİFİN BİR YƏHUDİ ALİMİ İLƏ APARDIĞI ELMİ MÜBAHİSƏ  

  Mən, yəhudi alimlərinin biri ilə Yəhudi dininin dövranı arxada qaldığı və hal-hazırda heç bir möcüzəyə malik olmadığı haqda fikir mübadiləsi apardığım zaman, ona belə bir sual verdim: Şəriət (din) təkcə yəhudilərə aiddir, yoxsa bütün bəşəriyyətə? Əgər yalnız yəhudilərə aiddirsə, onda digər millətlər peyğəmbərlərin göndərilməsinə ehtiyac duyacaqlar və həmən peyğəmbər sizin nəzərinizcə islam peyğəmbərindən (həzrət Məhəmməddən (s)) başqa kim ola bilər? Əgər Musa (ə)-ın gətirdiyi şəriət ümumbəşəri və əbədidirsə, demək o, əbədiliyinə dəlalət edəcək dəlil və sübutlara malik olmalıdır. Bir halda ki, hal-hazırda bunu sübuta yetirəcək heç bir dəlil yoxdur. Çünki, Musa (ə)-ın göstərdiyi möcüzələr yalnız öz dövrünə aid idi və hal-hazırda onun gətirdiyi dinin həqqaniyyətini sabit edəcək möcüzələrdən heç bir əsər-əlamət qalmamışdır.

  

  Əgər Bu möcüzələr hal-hazırda mövcud olmasa da lakin, nəql olunmuş bir çox mütəvatir rəvayətlərdə onların mövcud olduğu açıq-aşkar bəyan edilmişdir. desəniz, cavabında deyəcəyik: Əvvəla möcüzə yalnız o zaman mütəvatir rəvayətlərlə sabit ola bilər ki, nəql edən ravilərin sayı camaat tərəfindən mötəbərliyini isbat edəcək miqdara çatmış olsun. Siz belə mütəvatir rəvayətlərlə Musa (ə)-ın möcüzələrini bütün əsrlərdə və bütün millətlər üçün sabit edə bilməzsiniz.

  

  Digər tərəfdən isə, əgər yalnız möcüzələrin nəql olunması har hansı bir həqiqəti isbat etməyə kifayət edərsə, bunu təkcə Musa (ə)-ın möcüzələrinə aid etmək olmaz. Belə ki, siz Musa (ə)-ın möcüzələrini nəql etdiyiniz halda, məsihilər İsa (ə)-ın möcüzələrini, müsəlmanlar da öz peyğəmbərlərinin möcüzələrini nəql edəcəklər. Möcüzələr haqda nəql olunmuş bu rəvayətlər arasında nə kimi fərq var? Demək, başqalarının öz peyğəmbərlərinin möcüzələri haqda nəql etdikləri rəvayətlər yox, təkcə sizin Musa (ə)-ın möcüzələri haqda nəql etdiyiniz rəvayətlər qəbul olunur?! Əgər hər hansı bir peyğəmbərin göstərdiyi möcüzələr onun həqqaniyyətini sübuta yetirirsə, bəs nə üçün siz, digər peyğəmbərlərin möcüzələri haqda nəql olunmuş rəvayətləri qəbul etmirsiniz?

  

      Cavabında dedi:   Yəhudilərin, Musa (ə)-ın möcüzələri haqda nəql etdikləri rəvayətləri həm məsihilər, həm də müsəlmanlar təsdiq edir və onların mötəbərliyini etiraf edirlər. Lakin, digər peyğəmbərlərin möcüzələri isə hamı tərəfindən qəbul olunmayır. Bu səbəbdən də onların həqqaniyyətini isbat etmək üçün digər dəlillərə ehtiyac vardır.

  

    Cavabında dedim:   

  

  Düzdür, Musa (ə)-ın möcüzələrini müsəlmanlar və məsihilər hamılıqla qəbul edir. Lakin, onlar bu rəvayətləri yəhudilərin mötəbər mənbələrindən deyil, öz peyğəmbərlərinin möcüzələr haqda verdikləri məlumatlardan əldə etmişlər. Müsəlmanlar və məsihilər Musa (ə)-ın möcüzələrini öz peyğəmbərlərinin ilahi möcüzələri vasitəsilə tanıya bilmişlər. Demək, onlar əgər Məhəmmədin (s) və İsa (ə)-ın peyğəmbərliyini qəbul etməzlərsə, Musa (ə)-ın, peyğəmbər kimi qəbul olunması üçün göstərdiyi möcüzələri də heç cür təsdiq edə bilməyəcəklər.

  

  Bu irad tək yəhudi dininə deyil, bütün qədim dinlərə aiddir. Əbədi möcüzəyə malik olan din varsa, o da müqəddəs islam dinidir. Onun möcüzəsi bütün dövr və millətlərə şamil olunur, qiyamət gününədək bəşəriyyəti haqqa hidayət edəcək və öz əzəmətini itirməyəcəkdir.

  

  Biz bu əbədi möcüzə [Quranla] ilə islamı qəbul edib, onun həqqaniyyətini təsdiq etdik. İslamı qəbul edib həqqaniyyətini təsdiq etdikdən sonra, keçmiş peyğəmbərlərin də haqq olaraq Allah-taala tərəfindən bəşəriyyətə göndərildiklərini qəbul etməliyik. Çünki, Quran və Peyğəmbər (s) onların həqqaniyyətini dəfələrlə təsdiq etmişdir. Belə bir nəticəyə gəlirik ki, Quran əbədi möcüzə olduğu üçün, bütün səmavi kitabların və ilahi peyğəmbərlərin həqqaniyyətini təsdiq etmiş və onlara lazımı qiymət vermişdir.

  
    QURANIN TƏRCÜMƏSİ VƏ TƏRCÜMƏYƏ LAZIM OLAN ŞƏRTLƏr  

  Allah-taala həzrət Məhəmmədi (s) bəşəriyyətin haqqa hidayət olması üçün peyğəmbərliyə təyin etmiş, bu müqəddəs hədəfə nail olması üçün onu bütün din və ayinlərin, cəhalət və nadanlığın üzərində qalib etmişdir. Demək, Quran insanı əbədi səadətə qovuşdurmaqla, onun kamala çatmasında böyük rol oynayır. Allah-taala tərəfindən insanlara bəxş olunan bu böyük nemət müəyyən millət və qəbiləyə deyil, bütün bəşəriyyətə şamil olunur. Lakin ilahi hikmət, Quranın peyğəmbərin yaşadığı qəbilənin danışdığı dildə nazil olmasını tələb edir. Orada bəyan olunan ilahi qanunlar isə, bütün millətlərə eyni dərəcədə şamil olunur. Belə isə hamı Quranı qəbul etməli və haqqa hidayət olmaq üçün ondan lazımınca bəhrələnməklə əbədi səadətə qovuşmalıdır.

  

    Quranın ümumbəşəri bir kitab olduğunu nəzərə alaraq, şübhəsiz ki, onun bütün millətlərin dillərinə tərcümə olunması vacibdir. Belə ki, ərəb dili ilə tanışlığı olmayan digər millətlər, bütünlüklə hamıya şamil olan ilahi qanunlardan agah olsun.

  

  Lakin, Quranı hər hansı bir dilə tərcümə edən şəxs, ilk növbədə həm ərəb dilinin, həm də tərcümə edəcəyi dilin incəliklərinə dərindən yiyələnməlidir. Çünki, Quran başqa dillərə nə qədər səlis tərcümə olunsa da, ecazkarlıq və zinət bəxş edən bəlağətli bəyan etmə tərzi, ərəb dilində olduğu kimi özünü biruzə verə bilməyəcəkdir. Amma bütün bunlara baxmayaraq, mütərcim, ayələrin bəyan etmə üsulunda istifadə olunan incəlikləri nəzərə almalı və öz tərcüməsində onlardan lazımı qaydada istifadə etməlidir. Ayələrdə istifadə olunan kəlmə və ifadələrin əsl mənasını hamının başa düşə biləcəyi sadə üsullarla bəyan etməlidir. Bu yalnız o zaman mümkün ola bilər ki, mütərcim ayələrin məzmun və məfhumunu yaxşıca dərk etmiş olsun. Həmçinin, aşağıda qeyd edəcəyimiz üç mühüm məsələyə diqqət yetirsin:

  

  1.Ayənin (və ya ayədəki kəlmələrin) zahiri mənaları ilə tanışlıq;

  

  2.İnsanın sağlam əql (düşüncə) və fitrətinin hökm verdiyi mətləblərə diqqət yetirmək;

  

  3.Quranın təfsirinə dair Əhli-beyt (ə) tərəfindən nəql olunmuş rəvayətləri nəzərə almalı və onlardan səmərəli istifadə etməlidir.

  

  Mütərcim bu üç mühüm məsələ ilə yaxından tanış olduqdan sonra, ayələrin əsl mənasına yol tapmaq üçün onlardan istifadə etməli və nəhayət nəzərdə tutulan mətləbi tərcümə edəcəyi dildə çox sadə ifadələrlə bəyan etməlidir.

  

  Lakin, mötəbər hesab olunmayan bir çox müfəssirlərin irəli sürdükləri nəzəriyyələrə tərcümə zamanı istinad etməməlidir. Əgər tərcüməçi qeyd olunan bu üç məsələyə riayət edərsə, tərcümədə heç bir çatışmamazlıq və nöqsana yol verilməyəcəkdir. Beləliklə hər bir qövm və millət, öz dilinə tərcümə olunmuş Quranı asanlıqla başa düşəcək, həmçinin onun əsl mahiyyətini də olduğu kimi dərk edəcəkdir. Hər bir mütərcimin yuxarıda qeyd olunan şərtlərdən istifadə etməsi labüd və zəruridir. Çünki, Quran ümumbəşəri bir kitab olduğu üçün, onun mətni tək ərəb dili ilə tanışlığı olan şəxslərə deyil, hər bir adi insana da bəlli olmalıdır.

  
    QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ  

  Qüreyşin və digər qəbilələrin inadkarlıq üzündən Peyğəmbərdən (s) möcüzə tələb etdikləri haqda nazil olmuş rəvayətlərə dəlalət edən hədislər, kitabın əvvəlki fəsillərində işarə etdiyimiz ayələrin təfsirini bir daha təsdiq   edir. Belə ki, Təfsire Burhanda deyilir: Günlərin bir günündə Peyğəmbər (s) Kəbənin kənarında oturarkən Qüreyş qəbiləsindən bir neçə nəfər ona tərəf yaxınlaşır. Vəlid ibni Muğeyrə Məxzumi, Əbu Bəxtəri ibni Hişam, Əbu Cəhl ibni Hişam, Asim ibni Vail Səhmi, Abdulla ibni Bəni Uməyyə Məxzumi və həmən qəbilənin digər şəxsləri də onların arasında idi. Peyğəmbər (s), səhabələrinin biri ilə onlara Quran oxuyur və Allahın hökmlərini bəyan edirdi. Onlar Peyğəmbərdən (s) bir qədər uzaqlaşıb bir-birlərinə dedilər: Məhəmmədin dini ətrafa yayılıb, dediyi sözlər daha cəzzabiyyət və əzəmət tapmışdır. Gəlin bir tədbir görüb onun nüfuzunun artmasının qarşısını alaq. Harada görsək danlaq və tənqid atəşinə tutaq. Belə olduqda tutduğu mövqeyi zəifləyəcək və dediyi sözlərin heç bir təsiri olmayacaqdır. Getdikcə nüfuzu, ona yaxın olan şəxslərin yanında azalıb, etdiyi müraciət və çıxışları öz dəyərini itirəcəkdir. Nəhayət o, bu işindən əl çəkib insanları yoldan çıxarmayacaqdır. Buna nail olmadığımız təqdirdə daha sərt tədbirlərə əl atmalı olacağıq və onda bizimlə onun arasında qılınc hökm edəcək. Ona həmlə edib məhv edəcəyik.

  

  Söz bu yerə çatdıqda Əbu Cəhl dedi: Bəs Məhəmmədlə danışığa girib onunla mücadiləni kim edəcəkdir?

  

  Abdulla ibni Əbi Uməyyə dedi: Bu işi mən öz üzərimə götürürəm. Mənim nə qədər şücaətli və hazırcavab olduğumu özünüz yaxşı bilirsiniz. Əgər məni bu işə təyin etsəniz, elə bu saat Məhəmmədin yanına gedərəm. Əbu Cəhl dedi: Heç bir etirazımız yoxdur. Başda sən olmaqla onun yanına gedin və hamının adından özün danış. Birlikdə Peyğəmbərin (s) yanına gəlirlər və Abdulla sözə başlayaraq deyir:

  

  Ey Məhəmməd! Düzünü desək böyük məqam iddiası edirsən!! Dediyin sözlər çox böyük və qəribədir!! Deyirsən guya aləmlərin Rəbbinin peyğəmbəri və yer üzərindəki nümayəndəsisən. Aləmlərin Rəbbinə sənin kimisini peyğəmbərliyə təyin etmək əsla yaraşmaz. Çünki, sən də bizim kimi bir insansan, bizdən fərqlənəsi heç bir xüsusiyyətin yoxdur. Bizim kimi yeyir, bizim kimi içir və bizim kimi küçə və bazarda yol gedirsən.

  

  İran və Rum padşahlarının nümayəndələri olduqca dövlətli və böyük nüfuza malikdirlər. Onlar böyük imarətlərdə yaşayır, yüzlərlə kəniz və qulluqçu onlara xidmət edir.

  

  Aləmlərin Rəbbi isə həmin padşah və onların nümayəndələrindən daha uca və daha əzəmətlidir. Və onlar Allahın bəndələridirlər. Onların nümayəndələri Allahın nümayəndələrindən üstün olmamalıdırmı!? Əgər Allah bizlərə peyğəmbər göndərmək istəsə, bu məqama hamıdan yoxsulunu deyil, varlı birisini təyin etməlidir. Belə isə əgər Quran həqiqətən Allah tərəfindən göndərilmişsə, nə üçün Məkkə və ya Mədinənin ən varlı və tanınmış şəxsiyyətlərindən birinə nazil olmamışdır?! Nə üçün Quran Məkkədə Vəlid ibni Muğəyrəyə və ya Taifdə Urvət ibni Məsud   Səqəfiyə nazil olmamışıdır. Onlar ki, bu şəhərlərin ən varlı və ən tanınmış sakinlərindəndirlər?!

  

  Abdulla sözlərini burada bitirdikdə Peyğəmbər (s) buyurdu: Ey Allah bəndəsi! Yenə deyəcəyin bir şey varmı?

  

  Abdulla: Xeyr. Deyəcək bir sözüm yoxdur. Lakin bunu da demək istəyirəm ki, quraqlıqdan torpaqları cadar-cadar olan Məkkədə çeşmələr çıxarmayınca, dərələrdə dağlar yaratmayınca, özünün və bizim istifadə edə biləcəyimiz xurma və üzüm bağları və orada axar çaylar yaratmayınca, sənə iman gətirməyəcəyik. Və ya özün dediyin kimi, əgər asiman onların başları üzərinə parça-parça düşərsə, yenə də deyərlər: bu parçalanmış buludlardan savayı bir şey deyildir. Göylərdən yağış yağdırıb bizləri razı salasan. Bundan sonra bəlkə biz də bu sözləri deyək.

  

  Abdulla sözlərinə davam edərək dedi: Əgər bütün bunları yerinə yetirsən belə, mələkləri bizim hüzurumuza gətirməyincə və biz onları yaxından görməyincə, özün üçün qızıldan qəsr yaradıb ondan bizlərə də tüğyan etməyimiz üçün ehtiyacımızı ödəyəcək qədər bəxş etməyincə, hətta göylərə qalxıb oradan bizim üçün bu məzmunda bu kitab Allah tərəfindən, Abdulla ibni Ubey və onun tərəfdarlarına göndərilir ki, Məhəmməd ibni Abdullaha iman gətirsinlər. O, həqiqətən Mənim peyğəmbərimdir. Onun dedikləri təsdiq olunmalıdır. Çünki, onun dedikləri Mənim sözlərimdir. bir şey gətirməyincə sənə iman gətirmərik.

  

  Ey Məhəmməd! Bütün bunları yerinə yetirsən belə, bilmirəm sənə iman gətirəcəyəm ya yox. Çünki, əgər bizi özünlə göylərə qaldırıb oranın qapılarını bizim üzümüzə açsan, bəlkə də gözlərimizi bağlayıb bizi sehr etdiyini deyəcəyəm.

  

  Peyğəmbər (s): İlahi! Sən hər şeyi eşidən və bilənsən. Bəndələrinin dediklərinə də hamıdan agahsan. Sonra üzünü Abdullaha tutub dedi: Rum və İran padşahları barəsində dediklərin və onların nümayəndələrinin, valilərin varlı və nüfuzlu şəxslər olduğu tamamilə doğrudur. Lakin Allahın qanun və hökmləri öz tədbir və müqəddəsliyi ilə onların hakimiyyət üsulundan və adət-ənənələrindən tamamilə fərqlidir. O, istədiyi hökmü verir və istədiyi şəxsi peyğəmbərliyə təyin edir. Əgər peyğəmbərlərini camaatdan fərqli olaraq ixtiyarlarında yüzlərlə kəniz və qulluqçu, cah-calallı qəsrlərdə yaşasaydılar, qürurlanaraq peyğəmbərlik məqamına xələl gətirməzdilərmi?! Belə olduqda bəşəriyyətin hidayəti süstləşərək uçruma yönəlməzdimi?!

  

  Əgər həqiqətən peyğəmbər olsaydın, sənin həqqaniyyətinə şəhadət verəcək bir mələk gətirərdin. Və biz də onu öz gözlərimizlə görüb şəhadət verərdik deməyin isə çox qəribədir. Çünki, əvvəla mələklər gözlə görüləsi bir məxluq deyillər. Mələk havaya bənzər zahiri bir varlıqdır.

  

    Mələkləri mənəvi gözlərinizlə görmənizi fərz etsək də, onları gördükdə deyəcəksiniz: Bunlar mələk deyillər, bəşərdirlər. Çünki, əgər mələk sizə görünməli olarsa, ünsiyyətdə olduğunuz şəxs kimi zahir olar. Və beləliklə siz onunla sərbəst danışa bilər və peyğəmbərin həqqaniyyətinə dair verdiyi şəhadəti dərk edə bilərsiniz. Belə olduqda isə deyəcəksiniz ki, o adi bir insandır və sənin xeyrinə mələyin adından şəhadət verir.

  

  Sonra məni sehrkarlıqda ittiham edərək deyərsən. Sən sehirlənmişsən. Sənin bu sözün olduqca yersiz və əsassızdır. Əql və dərrakəmin sizdən üstün olduğunu çox yaxşı bilirsiniz, amma buna baxmayaraq yenə də məni sehrlənmiş adlandırırsınız. Məni tanıdığınız gündən qırx yaşı arxada qoyduğum bu günə qədər məndən səhv və yersiz bir iş görmüsünüzmü? Yalan və nalayiq sözlər danışdığımı, əqlə zidd olan bir hərəkət etdiyimi görmüsünüzmü? Bu müddət ərzində həyatın şirinli-acılı günlərini görən, həyatın bütün çətinliklərinə sinə gərən, amma bütün bunlara baxmayaraq bir dəfə də olsun günaha düçar olmayan bir şəxs, ilahi və mənəvi qüvvədən başqa ayrı bir şeyə arxalana bilərmi?

  

  Quranın Məkkə və ya Mədinənin varlı və nüfuzlu sakinlərindən birinə nazil olmadığı haqda verdiyin sualın cavabı isə bəllidir. Çünki, Allah-taala, insaniyyətin kamal və əzəmətini siz düşündüyünüz kimi var-dövlətlə qiymətləndirmir. Dünyadakı var-dövlət onun üçün heç bir əhəmiyyət kəsb etmir. Siz iqtidarda olan bəzi varlı şəxslərdən qorxduğunuz üçün onları hər bir məqama, hətta peyğəmbərliyə belə layiq bilirsiniz.

  

  Yerdən çeşmələr çıxarmayınca sənə iman gətirməyəcəyəm deməyin də irəli sürdüyün digər şərtlər kimi məntiqsiz və tamamilə əsassızdır. Çünki, siz bununla yanaşı elə bir möcüzələr göstərməyimi tələb edirsiniz ki, onların həyata keçməsi sadəcə olaraq qeyri-mümkündür. Onlardan bəziləri həyata keçsə də, peyğəmbərliyi sübuta yetirəcək dəlil hesab etmək olmaz. (Məsələn çaylar axan xurma və üzüm bağlarına malik olmaq və s.) Məhəmməd bir Allah peyğəmbəridir. Camaatın cəhl və nadanlığından sui-istifadə etmək və peyğəmbərliyin həqqaniyyətini və dəlalət etməyən dəlillərə istinad etmək isə onun şənindən uzaq və təsəvvür olunmazdır.

  

  Tələb etdiyin möcüzələrin bəziləri əgər həyata keçərsə, sizin həlak olmağınıza səbəb ola bilər. Bir halda ki, peyğəmbər öz həqqaniyyətini sübuta yetirmək üçün insanları həlak deyil, məntiqə əsaslanan möcüzələr göstərir. Sən bu kimi möcüzələri tələb etməklə öz həlakətini istəmiş olursan. Allah-taala öz bəndələrinə qarşı olduqca mehriban və diqqətlidir. O, insanların nəyə ehtiyac duyduqlarını onların özlərindən daha yaxşı bilir. Allahı və mələklərin görünməsinin, Allahdan məktub gətirilməsini tələb etməyin isə sadəcə olaraq qeyri-mümkündür.

  

  İrəli sürdüyün tələblərdən belə məlum olur ki, məqsədin həqiqəti dərk etmək deyil, inadkarlıq üzündən müxtəlif bəhanələrə əl ataraq Allahı və   Onun peyğəmbərini istehza etməkdir. Lakin Allah və Onun peyğəmbəri bu cür böhtan və istehzalardan uzaq və münəzzəhdir. Sözün qısası, gətirdiyin bəhanələr icra olunmayacaq və onlara müsbət cavab verilməyəcəkdir.

  

  İndi isə ayrı-ayrılıqda verdiyim mənfi cavablara təmkinlə qulaq as.

  

  1.Quraqlıq səhrada çeşmələr çıxarıb orada çaylar axan xurma və üzüm bağları yaradılması barəsində irəli sürdüyün birinci tələbin cavabında deyə bilərəm ki, sənin irəli sürdüyün bu tələb cəhalət və nadanlığından irəli gəlir. Onu da deyim ki, ilhai möcüzələrdən heç bir məlumatı olmayan bir insansan.

  

  Əgər tələblərinin hər birini yerinə yetirərəmsə və dediyin hər bir şeyə malik olaramsa, onda həqiqətən peyğəmbərmi olacağam?!

  

  İrəli sürdüyün bütün bu tələb buna bənzəyir ki, sanki demiş olursan durub qarşımda bir qədər yol getsən peyğəmbərliyini qəbul edəcəyəm!! Məgər sənin havadarlarının Taifədə çay altından çaylar axan xurma və üzüm bağlarınız yoxdurmu? Məgər siz onlara malik olmaqla peyğəmbər olmusunuzmu ki, mən də bu bağlara yiyələnməklə peyğəmbər olum.

  

  2.Göylər parça-parça olub başlarınız üzərinə töküldükdə məgər həlak olmayacaqsınızmı?! Belə bir tələbi irəli sürməklə Allah peyğəmbərinin sizi həlak etməyinimi istəyirsiniz? Lakin o, sizin təsəvvür etdiyinizdən daha mehriban və sizə qarşı daha səmimidir. O, sizi həlak deyil, əksinə olaraq ilahi dəlillər gətirməklə haqqa hidayət edəcək. Lakin daha bir mühüm məsələyə diqqət yetirməlisiniz ki, Allah-taala gətirdiyi dəlilləri insanların istək və iradəsi ilə deyil, öz hikmət və tədbiri əsasında həyata keçirir. Çünki, insanlar bəzən bu kimi məsələlərdə nəyin onun xeyirinə və nəyin onun zərərinə olduğunu ayırd edə bilməyib, tələb edərək özünü fəlakətə düçar etmiş olar. Ey Abdulla, məgər bu vaxta qədər görmüsənmi ki, həkim xəstənin istəyilə onu müalicə və qazi şikayətçinin istədiyi dəlilə istinad etmiş olsun?!

  

  3.Qızıl qəsrə malik olmağıma gəldikdə isə deməliyəm ki, bunu heç də peyğəmbərliyimə dəlalət edəcək dəlil hesab etmək olmaz. Misir padşahlarının qızıl qəsrlərə malik olduqlarını eşitmisənmi?

  

  Abdulla: Bəli.

  

  Peyğəmbər (s): Onlar bu qəsrlərə malik olmaqla peyğəmbərlik məqamına çata bilmişlərmi?

  

  Abdulla: Xeyr.

  

  Peyğəmbər (s): Belə isə Məhəmməd də qızıl qəsrələrə malik olmaqla peyğəmbərlik məqamına nail ola bilməz. Bil ki, Məhəmməd sənin savadsızlığından (cəhalətindən) istifadə edib öz peyğəmbərliyini sabit etmək istəmir.

  

  Bütün bunlarla yanaşı göylərə qalxıb oradan Allah-taala tərəfindən məktub gətirməyimi tələb və yalnız belə olduqda iman gətirəcəyini   bildirirsən. Bu da əsassız bəhanədən savayı bir şey deyildir. Çünki, göylərə qalxmaq, oradan enməkdən daha çətindir. Özün etiraf edirsən ki, göylərə qalxmağın iman gətirməyinə səbəb olmayacaqdır. Belə olduğu bir halda oradan məktub gətirməmi necə təsdiq edəcəksən. Lakin bütün bunlara baxmayaraq axırda bir daha tərəddüdlə iman gətirib-gətirməyəcəyini etiraf edirsən!! Demək sən Allah-taalanın dəlilləri qarşısında inadkarlıq edirsən. Sən və sənin havadarların bəhanə axtaran və haqqa göz yuman inadkar insanlarsınız.

  

  Allah-taala kitabında sizlərə cvavab olaraq buyurur:

  

    De ki Ey Məhəmməd! Allah [Onun barəsində düşündüklərinizdən] pak və münəzzəhdir. Mən yalnız peyğəmbərliyə göndərilmiş bir bəşərəm. Onun adından nə hökm verir, nə də istədiyim möcüzələri ondan tələb edirəm.   

  
    İZAHAT  

    Təqiyyə   Can təhlükədə olarkən insanın öz əqidəsini gizli saxlaması.

  

    Nasix   O ayələrə (şəri hökmə) deyilir ki, zaman keçdikcə yeni hökm sadir olmaqla əvvəlki hökmləri əvəz etmiş olur.

  

    Mənsux   Zaman keçdikcə əvəz olunmuş şəri hökmlər.

  

    Mina   Məkkədə yerləşən dağlardan birinin adı?

  

    Məsani   surələr Miəyn surələrindən sonra gələn surələr.

  

    Miəyn   surələr tival surəsindən sonra ayələrinin sayı yüzdən bir qədər çox və ya bir qədər az olan surələr. Buraya yeddi surə daxildir. Bəni-israil, Kəhf, Məryəm, Taha, Ənbiya, Həcc, Muminun.

  

    Tival surələr    Quranın yeddi böyük surələri tivani adlanır. Bəqərə, Ali-İmran, Nisa, Maidə, Ənam, Əraf, Ənfal (Tövratla birlikdə).

  

    Mütəvatir   o rəvayətlərə deyilir ki, onların mötəbərliyi hamı tərəfindən qəbul olunmuş olsun.

  

    Fiqh   Xüms, zəkat, namaz, oruc, həcc kimi şəriət hökmləri haqda söhbət açan elm.

  

    Fəraiz   Üsuli əqaid kimi vacib olan elmlər.

  

    Hesab    Riyaziyyat, heyət, astranomiya və s. elmlər.

  
  
                                                                                                                                                     &nb