NƏHCÜL-BƏLAĞƏ XÜTBƏLƏ ( 2)

: 2054 ()

(İmam əleyhis-salam Allaha həmd və şükr etmək, yaratdıqlarını vəsf etmək, əzəmətini və böyüklüyünü, kamal və cəlal sifətlərini bəyan etməklə başa saldı ki, Onu zahiri gözlə deyil, ürəyin gözü ilə görmək olar. O, Allaha münacat və razü-niyaz etmək niyyətilə ərz etdi:)

 

Allahım, Sənsən gözəl vəsflərə və sonsuz nemətləri sayılmağa layiq olan. Əgər Səni (lütf və kərəmini) arzulayırıqsa, Sən arzuladığımızdan daha yaxşı və daha üstünsən. Əgər Sənə (rəhmət və əfvinə) ümid ediriksə, Sən ümidlərimizdən daha əziz və daha böyüksən. İlahi, Sən elə bir şeydə (bəlağətli və aydın nitqdə) mənə qüdrət vermisən ki, onunla Səndən qeyrisini mədh edib Səndən başqa heç kəsə həmd-səna demərəm. Onunla bəhrəsiz və ümidsiz mövqelərə, şəkk və bədgüman yerlərə (məxluqun yanına) üz tutmaram. (Çünki onların özləri zavallı və möhtacdır.) İnsanların mədhindən və (Sənin nemətinlə) ərsəyə çatan məxluqlara tərif söyləməkdən dilimi saxlamısan. İlahi, hər məddah təriflənəndən muzd, haqq umar. Mən Sənin rəhmət azuqələri və əfv xəzinələrinə yol göstərmənə (əta etdiyin ən böyük mükafata) ümidvaram. Xudaya, bura (təzim və tovhidlə məşğul olduğum yer) Sənə xas olan vahidliklə Səni tanıyan və buna görə də şükr və sənaya Səndən qeyrisini layiq bilməyən kimsənin yeridir. (Deməli, hər kəsin minbərə çıxmağa və oradan hər sözü danışmağa ləyaqəti çatmaz.) Mənim yoxsulluq və ehtiyacımın da yolu Sənədir ki, onun bədbəxtliyini Sənin fəzl və ehsanından başqa (heç bir şeylə) ödəmək olmaz, onun çətinliyini Sənin səxavət və bəxşişindən qeyri heç nə aradan götürməz. (Sənin zikrinə məşğul olduğumuz) Belə bir məqamda, Öz razılığını bizə yetir, əllərimizi Səndən qeyrisinə doğru yönəltmə. Çünki Sən istədiyin hər şeyə qadirsən.

  
91-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Osman öldürüldükdən sonra camaatın ona beyət etdiyi vaxt (hicrətin otuz beşinci ilinin zilhiccə ayının iyirmi beşində, cümə günü) buyurduğu kəlamlarındandır.

 

Məndən əl çəkib başqasını istəyin. Müxtəlif sifətləri və rəngləri olan bir işə qol qoyuruq. (Belə ki,) ürəklərin ona dözümü yoxdur (camaatın belə hadisələrə dözümü yoxdur) və ağıllar onun yükünü çəkməyəcəklər (inkar edəcəklər). Üfüqləri qara bulud (zülm, sitəm və bidət) bürüyüb (haqq-həqiqət günəşi onun altında gizlənib), aydın yol (İslam hökmlərinin həqiqəti) dəyişib. Bilin ki, mən sizin dəvətinizi (beyətinizi) qəbul etsəm, özümün bildiyim kimi rəftar edəcəyəm. Və (xəlifəliyi qəbul edib işə başlasam) danışanın (nəfsi istəklərinə uyğun və şəriətə zidd olan) sözünə, (özümdən əvvəlki xəlifələrin yolu ilə getmədiyimə görə məni) məzəmmət edənin qınağına qulaq asmayacağam. Əgər məni buraxsanız (xəlifə seçməsəniz), sizlərdən (insanlardan) biri kimi olaram və bəlkə də sizlərin (haqsız xəlifənin nalayiq rəftarları barədə) sözlərinizə daha çox qulaq asaram (və hüququnuzu qoruyaram), özünüzə vali və hakim etdiyiniz şəxsin (İslamın buyurduqlarına uyğun əmr versə) əmrlərini daha yaxşı yerinə yetirərəm. (Buna görə də) mənim sizlərə vəzir və müşavir olmağım, əmir və hakim olmağımdan daha yaxşıdır.

  
92-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın xütbələrindəndir: Allaha həmd və şükr etdikdən, Həzrət Peyğəmbərə salamdan sonra, ey camaat, mən fitnə-fəsadın gözünü kor qoydum. Onun zülməti təlatümə çəkdikdən, çətinlikləri artdıqdan sonra məndən başqa heç kəsin bu fitnə-fəsadı (dəf etməyə) cürəti çatmırdı. Məni tapmayacağınız vaxt gəlməmiş (hər şeyi bildiyimə görə dini hökmləri və məsələləri) məndən soruşun. And olsun canım qüdrətinin əlində olana ki, bu zamandan qiyamət gününə qədər (baş verəcək) elə bir şeyi (bir xəbəri) məndən soruşmazsınız (ki, cavab verməyim) (hakimiyyətə gəlməklə insanların hidayətinə və ya azmasına səbəb olan) yüz nəfəri (bir qədər az və ya çoxunu) doğru yola yönəldənlər və yüz nəfəri azdıranlar barədə sorğu-sual etməzsiniz ki, sizə (dəvələri istədikləri yerə dartan sarbanlar kimi) həmin dəstənin dəvət edənləri, öndə gedənləri və qovanları (hakimləri), onların endikləri və yükləndikləri (toplaşma yerləri), onlardan ölənlər və öldürülənlər barədə xəbər verməyim (öncədən deməyim). Məni tapmasanız (aranızda olmasam), pis hadisələrlə, çətin işlərlə üzləşdikdə sual soruşduqlarınızın çoxu (çox məəttəl qaldıqlarından) başlarını yerə dikəcək (susacaq və bu pis hadisələrdən və çətin işlərdən çıxış yolunu tapmayacaqlar). Cavab verənlərdən çoxu da (cahilliklərinə və nadanlıqlarına görə, cavab verməyə) qorxacaq (aciz qalacaq). Bu o vaxt olacaq ki, sizin aranıza çoxlu müharibə, (onun fitnə-fəsadından) çətinlik düşəcək, (çarəsizlik və əlacsızlıqdan) dünya sizə dar gələcək, bəla günlərini (çətin vaxtları) uzun sanacaqsınız (hər bir saatı sizlərə bir gün qədər və daha uzun gələcək). Nəhayət, Allah-təala sizlərin içindən yaxşı əməl sahiblərinə qələbə nəsib edəcək. Fitnələr (camaata) üz tutduqda (batillə haqq, fəsadla doğru) səhv salınacaq, aradan getdikdə isə (fitnəkarlar məhv olacaq və camaat batildən, fəsaddan) hali olacaq. (Onda haqla doğrunu başa düşəcək, öz cahilliklərini və nadanlıqlarını etiraf edəcəklər, Çünki) fitnələr üz tutduqda (onların nadürüstlükləri) məlum olmaz, arxa çevirdikdə (aradan getdikdə) tanınarlar. (Nə qədər ki, fitnə-fəsad tüğyan edər, haqq gözə görünməz, onun alovu səngiyəndə haqq aşkara çıxar.) Fitnələr (hər yerdə) küləklər tək dolanarlar, bir şəhərə çatar və bir şəhərdən keçərlər. Agah olun, fikrimcə, sizin üçün fitnələrin ən təhlükəlisi (ən böyüyü və ən çətini) Bəni-Üməyyənin fitnəsidir. O, kor və qaranlıq bir fitnədir. (Onda doğru qurtuluş yolu itib, dinə və dünyaya ziyanı açıq-aşkar görünür.) Onların hakimiyyəti hər yanı bürüyəcək, bəla və çətinlikləri (pərhizkarlara və şiələrə) məxsus olacaq. Həmin fitnələrə gözüaçıq baxan hər kəs (Bəni-Üməyyənin çirkin işlərinin əleyhinə çıxsa) bəla və çətinlik ona üz tutacaq. Kim buna göz yumsa (onların çirkin işlərinə iradını bildirməyib əmr və qadağalarına boyun əysə), bəla ondan uzaq olacaq (rifahda və əmin-amanlıqda) qalacaq. Allaha and olsun, məndən sonra Bəni-Üməyyə sizlər üçün (sağarkən sağıcını) dişləyən, əli-ayağı ilə (başına) vuran, təpikləyən və süd sağmağa qoymayan, soncuq atan qoca dəvə kimi pis hakimlər olacaqlar. (Xülasə, yaxşılara əziyyət verib öldürəcək, müsəlmanların beytülmalından haqqı çatanlara heç nə verməyəcəklər.) Daima sizlərə hakim kəsiləcəklər ki, onlara xeyir verən və ziyan vurmayanlardan başqa bir kəs (yer üzündə) qalmasın. (Onlara itaət etsinlər və ya ən azı məqsədlərinin əleyhinə söz danışıb addım atmasınlar.) Onların bəlası və hakimliyi (sizin üstünüzdən) kəsilməyəcək. Belə ki, sizlərdən birinin onlardan intiqam alması qulun sahibindən və tabe olanın tabe olduğu şəxsdən intiqam alması kimidir. (Onların əlaltılar satın almış qullarına bənzəyirsiniz ki, öz haqqınızı qoruya bilmirsiniz.) Onların pis, qorxulu, (müharibə, qantökmə, qarət, oğurluq və namussuzluğun adət olduğu) cahiliyyət dövrü camaatının rəftarına oxşayan fitnə-fəsadları sizlərə tuş gələcək. O fitnədən nicat və hidayət üçün nə bir əlamət, nə də (haqq yolu üçün) görünən bir nişanə vardır. Biz Əhli-Beyt o fitnələrin günahından nicat tapacağıq (fitnəkarların əməllərindən bezərək Allah-təalanın buyruqlarına uyğun rəftar edəcəyik) və həmin vaxtlar (kimsəni aşkarda haqq yoluna) dəvət edə bilməyəcəyik. Sonra Allah-təala onları zəlil və xar edib zorla (ətrafa) dartacaq (bəla və müsibətlə) dolu camdan su verəcək, kimsənin (Bəni-Abbasın) vasitəsilə dərini ətdən ayıran tək o fitnələri sizdən uzaqlaşdıracaq. Onlara qılınc (zərbəsindən) başqa bir şey hədiyyə etməyəcəklər və qorxu, xofdan başqa bir şey geyindirməyəcəklər. O zaman (Bəni-Üməyyənin hökuməti süqut edib hamısı zəif, gücsüz və zəlil olduqda) Qüreyş dünyanı və onda olan bütün şeyləri əldən verib onun yerinə bir dəvəni öldürmək qədər (bir saat) olsa belə, məni görməyi və bu gün onların bəzilərindən istədiyim və mənə vermədikləri bütün şeyləri onlardan qəbul etməyimi arzulayacaqlar.

  
93-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Allah-təalanın bəzi sifətlərinin xatırılandığı, peyğəmbərlər və vəsilərinin mədh edildiyi və sonda camaata öyüd-nəsihət verildiyi) xütbələrindəndir.

 

Hər şeydən üstün olan Allahdır, uca himmətlilər belə Onu dərk edə bilməz və zəkalı insanların zirəkliyi ona çatmaz. (Zatının həqiqətinin əslini başa düşməzlər, çünki müəyyən bir hədlə məhdudlaşmır ki, onu dərk etmək mümkün olsun.) Əvvəldir və Onun üçün son yoxdur ki, axırına çatılsın.

  
Bu xütbənin bir hissəsi peyğəmbərlər (Həzrət Peyğəmbər və pak İmamlar) haqqındadır 

Allah-təala peyğəmbərləri ən üstün saxlanclarda (atalarının bellərində) əmanət saxladı və ən yaxşı yerlərdə (analarının bətnində) yerləşdirdi. Onları yaxşı bellərdən pak-pakizə bətnlərə köçürdü. Onlardan biri dünyadan getdikdə başqa birisi ondan sonra Allahın dinini yaymaq üçün ayağa qalxmışdır (ilahi hökmlərin təbliği ilə məşğul olmuşdur). Nəhayət, Allah-təala tərəfindən peyğəmbərlik və nübuvvət mənsəbi Həzrət Məhəmməd səlləllahu əleyhi və alihə yetişdi. O Həzrəti ən yaxşı mədənlərdə (əvvəlki peyğəmbərələrin belində) və ən əziz köklərdə (bətnlərdə) yetirdi. (O böyük şəxsiyyəti) Peyğəmbərlərini ondan aşkarladığı və Öz (vəhyinin) əmanət saxlayanlarını seçdiyi (yaratdığı) bir ağacdan (Həzrət İbrahim əleyhis-salamın nəslindən) əkdi. Onun əsli əsillərin ən yaxşısı, onun nəsli nəsillərin ən xeyirlisi, şəcərəsi şəcərələrin ən yaxşısıdır. (O Həzrət bütün peyğəmbərlərdən əfzəldir.) O, hərəmdə bəslənmiş və ucalıq, şərafətlə (bostanında) boy atmışdır. (Məkkeyi-Müəzzəmədə dünyaya gəlib tərbiyə almışdır.) O ağacın uzun budaqları (on iki İmam) və hər kəsin əlinin çatmadığı bir meyvəsi var. O Həzrət pərhizkarların rəhbəri, görənlərin gözünün işığı, parlaq çıraq, nur saçan ulduz və şöləsi bərq vuran çaxmaqdır. Onun üslubu dözümlülük, istiqaməti isə hidayət və yol göstərməkdir. Onun sözü (haqqı batildən) ayıran, hökmü və fərmanı ədalətli və düzdür. O böyük şəxsiyyətə elə bir vaxtda peyğəməbərlik verildi ki, uzun müddət idi ki, heç kəsə risalət verilmirdi və camaat öz vəzifələrini yerinə yetirməkdə doğru yoldan azmış, əvvəlki peyğəmbərlərin ümməti qəflət, nadanlıq içrə sərgərdan olmuşdu. (Allah-təala Həzrətə peyğəmbərlik verməklə onları doğru yola yönəltdi, azğınlıqdan xilas etdi.)

 

(Ey Allah bəndələri,) Allah sizə rəhmət etsin, aşkar nişanələr (İmamlar əleyhimus-salamın fikirləri) əsasında əməl edin. (Çünki onlar azğınlıq zülmətində nicat və qurtuluş nişanəsi, çırağıdır). Bu, (sizi) Darüs-Səlama (əbədi cənnətə) dəvət edən işıqlı və aydın yoldur (dindir). Siz elə bir saraydasınız ki, (gözəl əməllərinizlə) Allah-təalanın razılığını rahatlıqla əldə edə bilərsiniz. (Nə qədər ki, bu dünyadasınız və fürsətiniz var, əbədi cənnətə ehtiyat toplayın.) Elə bir yerdəsiniz ki, (əməl) dəftərləriniz açıq (hələ bağlanmayıb və möhürlənməyib) və (əməllərinizi qeydə almaq üçün yazanlardakı) qələmlər işdə, bədənlər sağ-salamat və dillər danışmaqdadır. (Çirkin əməllərə görə) tövbələr və (yaxşı) əməllər qəbul olunar.

  
94-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Peyğəmbər salavatullahın vəsfi barəsində) xütbələrindəndir.

 

Allah-təala insanların (doğru yoldan) azaraq (öz işlərində) sərgərdan qaldıqları, səhv və bəsirətsizliklərinə görə fitnə-fəsad yoluna qədəm qoyduqları bir vaxtda Həzrət Məhəmmədə peyğəmbərlik verdi. (Yersiz) İstək və arzular onları yaxalamış, təkəbbür və xüdpəsəndlik onları yanlışlıqlara vadar etmiş, cəhalət və nadanlıqları onları quşbeyin və qanmaza çevirmişdi. Belə ki, pərişan və öz işlərində narahat (idilər), nigarançılıq və nadanlığa mübtəla olmuşdular. Sonra Həzrət Mustafa (səlləllahu əleyhi və alih) (onlara) nəsihət etməyə çalışdı, doğru yolla hərəkət etdi, (onları) hikmət, bilik və gözəl öyüdlərə dəvət etdi (ki, bədbəxtlikdən qurtularaq dünya və axirət səadətini qazansınlar).

  
95-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Allah-təalaya həmd-səna edildiyi və Həzrət Peyğəmbərin səlləllahu əleyhi və alih vəsf olunduğu) xütbələrindən biridir.

 

Həmd olsun Allaha ki, əvvəldir (bütün varlıqların mənşəyidir), Ondan əvvəl bir varlıq yoxdur və axırdır (bütün yaradılmışların qayıdışı onadır). Ondan sonra bir şey yoxdur. (Əlamət və nişanələrə görə) görünən və aşkardır. Ondan daha aşkar bir şey yoxdur və (zatının əsli) gizlin və məxfidir. Ondan daha görünməz olan bir şey də yoxdur. (Başqa sözlə desək,) görünən və qüdrətlidir. Onun fövqündə bir şey yoxdur (bütün varlıqlar Onun güc və qüdrəti qarşısında acizdir). Əşyanın batinindən və onun cüziyyatından xəbərdardır. Heç nə Ondan (əşyaya) daha yaxın deyil.

 

Bu xütbənin bir hissəsində Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəsfi verilir:

 

Onun qərar tutduğu məkan (peyğəmbərlik verildiyi Məkkeyi-Müəzzəmə) ən yaxşı məkan, yetişdiyi yer (ilahi hökmləri yaydığı Mədineyi-Teyyibə) ən şərafətli yerdir. (O böyük şəxsiyyət) Kəramət və alicənablıq yataqlarında (ali məqamlı bellər və pak bətnlərdə meydana gəlmiş) və (hər cür zahiri və batini eyblərdən, nöqsanlardan təmiz, uca) sağlam daldanacaqlarda (böyümüşdür). Yaxşı əməl sahiblərinin qəlbləri Onun vurğunudur və (ağıllı insanların) gözlərinin bəbəyi heyranlıqla Ona dikilib (ki, bütün dünyanı başına almış azğınlıq və cəhalətdə nə etdiyini görsünlər. Gördülər ki,) Allah-təala o Həzrətin vasitəsilə çoxdankı kinləri məhv etdi (xalqın arasından yığışdırdı) və düşmənçilik atəşini söndürdü. (Əmirəl-mömininlə Salman kimi) iman qardaşları arasında ülfət və dostluq yaratdı, özününkülər (Həmzə ilə Əbu-Ləhəbin) arasına (İslama və küfrə görə) ayrılıq saldı. O böyük insanın zühuru və ərsəyə çatması ilə möminlərin zillət və çarəsizliyini başucalığına, şadlıq, üstünlük və böyüklüyə çevirdi, kafirləri isə bədbəxtliyə düçar etdi. Sözlərinin bəyanı və susmağının (da) dili var idi.

  
96-CI XÜTBƏ 

İmam Əli əleyhis-salamın (zülmkarın son nəticədə öz cəzasını görəcəyini, Allah-təalanın ondan sorğu-sual edəcəyini bildirdiyi, sonra öz qoşununu Müaviyə və qoşunu ilə müharibədə səhlənkarlıqlarına görə danlayıb qınadığı) kəlamlarındandır.

 

Allah-təala zülmkara möhlət versə, onun sorğu-sualından heç vaxt keçməz. Yolunun ortasında, ağızın suyunu belə keçməyə qoymayan boğazı qurudan qəmli və kədərli bir yerdə (dünyadakı çətinliklər və ölümün ağır anlarında) pusqudadır. (Sanki onun yolunun üstündə dayanıb ki, onu lazım olan vaxtda cəzasına çatdırsın.) Agah olun. And içirəm canım güc və qüdrətinin əlində olana ki, bu dəstə (Şam qoşunu) sizlərə qalib gələcək. Bu, onların haqqa sizdən daha layiqli olmalarına görə deyil, əmirlərinin (Müaviyənin) batilini qazanmağa (fərmanını yerinə yetirməyə) tələsmələrinə və sizin mənim haqqım üçün gec tərpənmənizə görədir. (Padşah və əmirin) ümmət və rəiyyətlər(i) hər an öz rəhbərlərinin zülmünün qorxusu ilə sabahı açırlar (ki, məbada itaətsizliklərinə görə cəzalandırsın). Ancaq mən səhərləri öz rəiyyətimin qorxusu ilə açıram (Allahdan qorxduğuma görə onlara zülmü rəva görmürəm, onlar isə mənə zülm edir, sözümə qulaq asmırlar.) Sizi düşmənlə cihada, döyüşə getməyə çağırdım, getmədiniz və (döyüşə getməyin xeyrini və getməməyin ziyanını) xatırlatdım, eşitmədiniz, gizlində və aşkarda sizi dəvət etdim, yerinə yetirmədiniz, öyüd-nəsihət verdim, qəbul etmədiniz. Siz burada olsanız da yox kimi deyilsinizmi? (Sözlərimi eşitməyib öyüdlərimdən faydalanmırsınız.)

 

Sizlər qulamlar və rəiyyət olsanız da böyüklər və başçılar kimisinizmi? (Özünüzü rəy sahibi hesab edərək mənim kimisinə itaət etmirsiniz) hikmətləri (və böyüklüyü, dünya və axirət səadətini əhatə edən sözləri) sizlər üçün deyirəm, (vəhşi heyvan kimi) ondan ürkürsünüz, sizlərə gözəl öyüdlərlə nəsihət verirəm, ondan uzaqlaşırsınız (qəbul etmirsinz). Sizləri fitnə-fəsad salanlarla (Şam əhli ilə) cihada rəğbətləndirirəm, sözüm sona çatmamış hamınızı Səba övladları kimi dağınıq görürəm. Öz məclislərinizə qayıdırsınız (gedib gəlirsiniz), bir-birinizi öz öyüdlərinizlə aldadırsınız (hər birisi başqasına elə etmək, belə etmək lazımdır deyir, ancaq özü isə bir addım belə atmır). Hər səhər erkən sizləri (düşmənlə döyüşə hazır olmağınız üçün şümşad çubuğu kimi) düzəldirəm, hər axşam əyilmiş kamanın arxası kimi üstümə qayıdırsınız (döyüşə getməkdən boyun qaçırırsınız). Öyüd verən aciz qaldı və qulaq asan (işi) çətin sandı. (Bundan sonra, belə rəftarla mənim nəsihətimin sizə təsiri yoxdur.) Ey bədənləri burada olanlar, ağılları isə tapılmayan, düşüncələri müxtəlif olanlar! (Bir yerdə toplaşıb ağılın göstərişinə əməl etməyən və işlərdə hər biri öz nadürüst düşüncələrinin ardınca gedənlər). Onlara (nifaq, ikiüzlülük və fikir ayrılıqlarına) görə başçıları (fitnə-fəsada) mübtəla və giriftar olanlar. Sizin əmiriniz (İmam əleyhis-salam) Allaha itaət edir. Siz isə onun göstərişinə uyğun rəftar etmirsiniz. Şam əhlinin başçısı (Müaviyə) Allaha qarşı günah və itaətsizlik edir, onlar isə onun mütiləridir. Allaha and olsun, istərdim ki, Müaviyə sizlər üçün sərraf kimi mənimlə alver etsin, (on gümüş dirhəmə bərabər olan) bir qızıl dirhəm verim və bir gümüş dirhəm alım, sizin on nəfərinizi məndən alsın və qoşunundan bir nəfər versin.

 

Ey Kufə əhli, sizdə (rəftarınızda olan) üç şeyə və (əsla sizdə olmayan) iki şeyə görə qəmə, kədərə batmışam. (Sizdə olan üç şeyin birincisi budur ki,) qulağınız olsa da karsınız, (ikincisi) danışsanız da lalsınız və (üçüncüsü) gözünüz olsa da korsunuz (qulağınız, diliniz və gözünüz olsa belə, haqqı eşitmir, demir və görmürsünüz. Ancaq sizdə olmayan iki şeyin birincisi budur ki,) müharibə vaxtı (döyüşə girərkən) doğruluqda və dönməzlikdə azad insanlar kimi deyilsiniz (qorxu və ümidsizlikdən özünüzü düşmən qarşısında qul və nökər kimi göstərirsiniz, doğruluğa və azadlığa dəliliniz yoxdur) və (ikincisi) bəlada, çətinliklərdə etimad oluna biləcək həqiqi qardaşlar deyilsiniz. Əlləriniz torpağa bulaşsın (yoxsulluğa, pərişanlığa mübtəla olub xeyir görməyəsiniz!) Ey sarbanları uzaqlaşmış, bir tərəfdən toplaşanda başqa tərəfdən dağılan dəvələrə bənzəyənlər (sizin mənim ətrafımdan dağılmağınıza gəlincə isə) Allaha and olsun, güman edirəm ki, müharibə şiddətlənsə və döyüş alovu şölələnsə, qadın (doğum zamanı) qa ındakı uşaqdan uzaqlaşdığı kimi Əbu Talibin oğlundan uzaqlaşıb dağılışacaqsınız. (Dağılışdıqdan sonra uşağın anasının qa ına qayıtması mümkünsüz olduğu kimi dağıldıqdan sonra sizləri toplamaq da qeyri-mümkün olacaq.) Mənim Rəbbim tərəfindən (öz doğru dürüstlüyümə) sübutum və dəlilim var, öz Peyğəmbərimin göstərişi ilə doğru yolla gedirəm (O Həzrət tərəfindən xəlifəliyə təyin olunmuşam), aydın və aşkar bir üsulla (müqəddəs İslam dininin buyurduğu kimi) rəftar edirəm (və öz gözaçıqlığımla səhv yollar arasından), haqq yolu tapmışam və onunla gedirəm. (Belə olan halda, necə ətrafımdan dağılışıb uzaqlaşır və sözlərimə əməl etmirsiniz?) Öz peyğəmbərinizin əhli-beytinə (Əmirəl-möminin və onun övladlarına) baxın və onların yolundan çıxmayaraq əməllərinə tabe olun ki, heç vaxt sizi doğru yoldan çıxarmaz, həlakət və azğınlığa qaytarmazlar. Əgər onlar (xəlifəlik, cihad və ya başqa işlərdə evdə) əyləşsələr (qiyam etməsələr), siz də (evinizdə) əyləşin (və onlara itaət edin), əgər ayağa qalxsalar (hər hansı işdə qiyam etsələr), siz də qalxın (onlara kömək və yardım edin) və onlardan önə keçməyin (öz bildiyinizə əsasən rəftar etməyin) ki, azğın və sərgərdan olarsınız. Və arxada da qalmayın (əmrlərindən və qadağalarından qəflətdə olmayan) ki, biçarə və həlak olarsınız. Mən Məhəmmədin (səlləllahu əleyhi və alih) səhabələrini görmüşəm və sizlərdən heç birinin onlar kimi olduğunu görmürəm. (Ona görə ki,) onların səhərlər saçları dağınıq və tozlu olar, gecələri səcdə və qiyam halında oyaq keçirərdilər. Alınları ilə üzləri arasında növbə qoymuşdular. (Gah alınlarını, gah da üzlərini torpağa qoyardılar.) Qayıdışı (qiyaməti) xatırlayaraq köz kimi yanardılar (iztirablı və narahat idilər). Alınları səcdənin uzunluğundan keçilərin dizləri kimi (qabar bağlamış) idi. Pak Allah zikr ediləndə əzab və cəzanın qorxusundan, savab və mükafata ümiddən gözlərindən axan yaşlardan yaxaları islanar və şiddətli küləkli günlərdə ağacın titrədiyi kimi əsərdilər.

  
97-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (camaatın Bəni-Üməyyənin zülm və sitəminə mübtəla olacağı barədə) kəlamlarındandır.

 

Allaha and olsun, Bəni-Üməyyə (hakimiyyətləri dövründə) həmişə zülm edəcək, Allahın halal etmədiyi heç bir haramını qoymayacaq, pozmadıqları (müsəlmanlarla bağladıqları) heç bir əhd-peyman buraxmayacaqlar. (Müaviyə İmam Həsən əleyhis-salamla olan müqavilənin ziddinə rəftar etdiyi kimi, öz əhd-peymanlarına xilaf çıxarlar.) Zülm və sitəmlərinin daxil olmadığı, fəsad və pozğunluqlarının əhatə etmədiyi və rəftarlarının pisliyinin əhlini pərən-pərən salmadığı nə bir gildən düzəldilmiş ev, nə də yundan toxunmuş bir çadır. (Xülasə, nə bir şəhər, nə bir kənd və nə də bir biyaban) qalacaq. Camaat (onların zülm və sitəmlərinin ağırlığından) gözüyaşlı iki dəstəyə çevriləcəklər: Biri öz dininə (onların qorxusundan öz dini borclarına əməl edə bilmədiyinə) görə göz yaşları axıdacaq və başqası dünyasından ötrü (gözünün qabağında mal-dövlətini çapıb taladıqlarına və onun qarşısını almaq gücündə olmadıqlarına görə) ağlayacaq. Sizlərdən birinin onlardan birinə yardımı və xidməti ağası yanında olanda (qorxusundan) ona itaət edən, olmayanda isə (cəsarətlənərək) dalınca pis danışan nökərin öz ağasına xidməti kimi olacaq. (Sınaq məqamında aydın olacaq ki,) onların fitnə-fəsadları müqabilində sizlərin ən böyüyü Allaha hüsnü-zənni daha çox olandır (Onun istəyinə təslim və razı olandır). Allah-təala sizləri sağ çıxarsa (fitnə-fəsadlardan xilas olsanız), şükr edin, əgər (müsibət və çətinliyə) giriftar olsanız, səbr edin və dözümlü olun. Çünki (çətinliklərə dözən) pərhizkarlar və müttəqilər nicat taparlar (Allah onların əcrlərini puç etməz).

  
98-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (dünyanın etibarsızlığı və ona ürək bağlamamaq barədə) xütbələrindəndir.

 

Allah-təalaya verdiyi nemətlərə görə şükr edir, öz işlərimizdə Ondan kömək diləyirik. Bədənlərimizin (xəstəliklərdən) sağlamlığını istədiyimiz kimi din və əqidədə (xəstəlik, nadanlıq, azğınlıq və itaətsizlikdən) sağlam olmağımızı da Ondan istəyirik (bizi öz ixtiyarımıza buraxmasın ki, doğru yoldan azmayaq).

 

Ey Allah bəndələri! Sizlərə, onu tərk etməyə meyliniz olmasa da (sizi tərk etməsini istəməsəniz də son nəticədə) sizi buraxan (və qiyamətdə sizə xeyri olmayan) və təzə qalmasını istəsəniz də bədənlərinizi köhnəldib çürüdən dünyadan əl götürməyi tövsiyyə edirəm. Sizlərlə dünyanın hekayəti yolla gedən və (sürətlərinə və iti getmələrinə görə) sanki yolu başa vurmuş, (uzaqdan görünən) bir nişanəni öz məqsədlərinə çevirib ona çatmış səyahətçilərin hekayətinə bənzəyir. (Bu dünyada sizin ömrümüzün tez keçməsi son mənzil olan ölümə çatmağınız kimidir.) Öz məqsədinə çatmaq üçün miniyini bacardığı qədər ən son məsafəyə çapmaq niyyətində olan süvari nə qədər də ümidvardır. Nəyə ümid edir o kəs ki, varlığı, mövcudluğu ondan əl çəkməyən (cəmi) bircə gündür və onu dünyadan ayırmaq üçün tələsik və sürətlə qovan, borcunu tələb edəni vardır. (Ölüm yaxasından yapışacağı və qaçmağa yolu olmadığı halda insan dünyanın nəyinə ürək bağlayır?) Dünyanın izzətinə və onunla öyünməyə ürək bağlamayın. Onun bər-bəzəyinə və nemətlərinə aldanaraq sevinməyin. Və onun əzab-əziyyətlərindən ahu-fəğan etməyin. Çünki dünyadakı izzət və onunla öyünmək aradan gedəcək, (dünyanın) bər-bəzək və nemətləri məhv olacaq, əzab-əziyyətləri sona yetəcək. Onda keçən hər zaman (istər yaxşı keçsin, istərsə də pis) sona çatacaq, onda olan hər canlı yox olacaq (öləcək. Deməli, ağıllı o şəxsdir ki, hər şeyi müvəqqəti olan dünyaya ürək bağlamasın). (Ölən və heç bir izi qalmayan) əcdadlarınızdan qalan nişanələrdən (xoşagəlməz işlərdən) sizləri çəkindirəcək bir şey yoxdurmu? Dərindən düşünsəniz, (onların) keçmişlərində ibrət və öyüd yoxdurmu? Sizdən öncəkilərinizin bir daha qayıtmadıqlarını və onların canişinlərinin sağ qalmadıqlarını görmədinizmi? Gündüzü gecə, gecəni də səhər edən dünya əhlini müxtəlif hallarda görmürsünüzmü? Birinin öldüyünü və ona ağladıqlarını, başqasına (ölənin müsibətinə görə) başsağlığı verdiklərini, birinin xəstələnərək üzü üstə torpağa döşəndiyini və (dərdə) giriftarlığını, başqasının xəstəyə baş çəkməyə getdiyini, başqa birisinin can üstə olmasını, birinin dünyanı istədiyini və ölümün onun dalınca olduğu, başqasının (qiyamət gününün hesabından və sorğu-sualından) qafil və xəbərsiz olduğunu, Allahın isə ondan qafil olmadığını, vaxtın keçməsinin təsirindən qalanların da getdiyini (öncəkilər dünyanı tərk etdikləri kimi başqaları da öləcəkdir)...

 

Agah olun! Çirkin işləri görməyə tələsərkən ləzzətləri viran qoyan, eyş-işrətləri pozan, arzuları qıran ölümü yada salın. Allah-təaladan Onun vacib haqqını (ibadət və itaət) yerinə yetirmək (buna hazır olmaq uçun) və saya-hesaba gəlməyən nemət, ehsan və yaxşılıqlarının çoxluğuna şükr etmək üçün kömək istəyin.

  
99-CU XÜTBƏ 

İmam Əli əleyhis-salamın (özünün öldürüləcəyinə və qeybi xəbərlərdən olan Həzrət Sahib əz-Zamanın zühuruna işarə etdiyi) başqa bir xütbəsidir.

 

Şükrlər Öz fəzilət və ehsanını məxluqlara səpən, səxavət və bəxşişini hamıya şamil edən Allaha məxsusdur. Ondan çatanlara (sağlamlıq, xəstəlik, şadlıq və əziyyət) görə şükr edir, əmrlərini (vacibat və müstəhəbatı) yerinə yetirmək üçün Ondan kömək istəyirik. Şəhadət veririk ki, Ondan başqa (sitayişə layiq) Allah yoxdur və Məhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir. Onu əmr və fərmanlarını aşkar edib (bəyan edib) Allahı xatırlatması (Allahı tanıtması) üçün göndərdi. O da əmanət və düzlüklə risaləti təbliğ etdi (ilahi hökmləri çatdırdı). Dünyadan yol göstərən kimi getdi və bizim aramızda Haqqın bayraq və nişanəsini (Allah yolunu göstərən Qurani-Kərimi və müqəddəs İmamları əleyhimus-salam) qoyub getdi. O bayraqdan önə keçən (Onun hökmlərinə nəyisə artırıb azaldan dindən) xaric oldu, müxalif olub itaət etməyən (o Həzrətin əməllərinə etinasız olan) həlak oldu. Onunla birlikdə olan isə Haqqa qovuşdu (səadət tapdı). O bayrağı saxlayan səbrlə və ağır-ağır söz danışar və bir işi görmək üçün gec yerindən qalxar, (çünki ağıllı adam hər işini fikirləşər və məsləhətlə söz danışıb addım atar və) qalxdıqda isə (düşündükdən sonra qalxmağı məsləhət gördükdə) tələsər (tez iş görər). (Zahiri xəlifəliyə təyin olunaraq düşmənlərlə döyüşdükdə və) sizlər Onun fərmanına boyun əydiyiniz, onu barmaqla göstərdiyiniz vaxt ölüm onu yaxalayacaq (məlun İbn Mülcəm mübarək başının ortasına qılınc endirəcək) və bu səbəbdən də dünyadan köçəcək. Ondan (öldürülməsindən) sonra Allah-təalanın istədiyi bir müddət (Bəni-Üməyyə, Bəni-Abbas və onlardan sonrakıların hakimiyyəti) İlahinin sizi toplayaraq dağınıqlıqdan xilas edəcəyi kimsəni (Sahib-əz-Zaman əccələllahu fərəcəh) aşkar edənə qədər ləngiyəcəksiniz (bədbəxtlik, çarəsizlik və dağınıqlığa giriftar olacaqsınız). (Bütün işlərin nizamlanması üçün) dünyaya üz tutmayan (işlərin cilovunu əlinə almayıb xanənişin olan) aranızdakı İmama tamah salmayın (çünki Allah belə məsləhət bilib) və qeybdə olan İmami-Zamandan ümidinizi üzməyin. Çünki ola bilsin ki, Onun iki ayağından biri (zahiri hakimiyyəti) yerindən çıxaraq büdrəsin və digər ayağı (batini hakimiyyəti) yerində qalsın və (elə bir gün gəlib çatar ki,) sabitləşib güclənməsi (din və dünya işləri Onun vücudu ilə nizamlanması) üçün hər iki ayağı (zahiri və batini hakimiyyəti yerinə) qayıdar.

 

Agah olun ki, Məhəmməd səlləllahu əleyhi və alihin ailəsi (müqəddəs İmamlar əleyhimus-salam) asimanda olan və biri batdıqda digəri çıxan ulduzlar kimidir. (Onlardan biri dünyadan getdikdə başqa birisi onun yerini tutar. Və yer üzü heç vaxt onların vücudundan uzaq olmaz.) Bununla da Allah-təalanın sizə olan nemətləri bütövlənəcək və arzu etdiyiniz sizə veriləcək (mütləq o Həzrətə yetişəcək, Haqq dövlətini görmək arzunuza çatacaqsınız).

  
100-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (özündən sonra baş verəcək) ağır hadisələri ehtiva edən xütbələrindəndir.

 

Odur hər bir əvvəldən əvvəl (başlanğıc, deməli, hər bir əvvəl Ondan sonra gəlir) və hər bir axırdan da son olan Allah (deməli, hər son olan da Ona qayıdır). Əvvəl (başlanğıc) olduğuna görə Onun əvvəli (başlanğıcı) olmamalıdır. (Yoxsa O, hər şeyin başlanğıcı olmazdı.) Son olduğuna (hər bir şey Ona qayıtdığına) görə, axırının olmaması vacibdir. (Yoxsa hər şey Ona qayıtmazdı. Qısası, əzəli və əbədidir, Ondan əvvəl bir şey olmayıb və sonra da bir şey olmayacaq.) Gizlində və aşkarda, ürəyin və dilin vəhdəti ilə (nifaq və ikiüzlülükdən uzaq olaraq) şəhadət verirəm ki, Ondan başqa Allah yoxdur.

 

Camaat, düşmənçiliyiniz və mənə qarşı olmağınız sizləri günaha (sözlərimi təkzib etməyə) vadar etməsin. (Deyəcəyim şeylər barəsində) mənə itaətsizlik sizləri heyran və sərgərdan etməsin. Məndən bir şey (qeybdən xəbər) eşitdikdə gözlərinizi bir-birinizə dikməyin (heyrətə gələrək inkar etməyin). And olsun dənəni (yerin altından) yarana və insanı Yaradana ki, sizə xəbər verdiyimi (özümdən demirəm) Peyğəmbər səlləllahu əleyhi və alihdəndir. O, ümmi olub, (onun bütün buyurduqları ilahi vəhydir və kimsədən öyrənməyib) yalan danışmayıb və (onun buyurduqlarını) dinləyən (yəni, İmam əleyhis-salam) nadan olmayıb. (Xülasə, bu xəbər Həzrət Peyğəmbərə olan ilahi vəhydir) Sanki mən bir şəxsi (Müaviyəni və ya Əbdülməlik ibn Mərvanı) çox azğınlıq içrə Şama səs salırmış (camaatı toplayırmış) və öz bayraqlarını Kufənin ətrafına sancırmış kimi görürəm. Ağzını açan kimi (camaatı qılıncdan keçirər), cilovu dartılar, (çox dikbaş olar) və ayağını yerə daha möhkəm basar (zülmü hər yanı bürüyər). Fitnə və çaxnaşmalar dövrünün kişilərini dişlərinin dibinə qədər sancar (camaat qətl, qarət, dərd və kədərə mübtəla olar), müharibə dalğaları hərəkətə gələr (ağır müharibələr baş verər), gündüzlər (zülm və sitəmə görə) tutqun və qarmaqarışıq, gecələr isə (dərd və kədərdən) bağırları yaran olar. (Qısası, o azğın kişi Kufəni viran edərək camaatı bir dəqiqə belə asudə buraxmaz). O azğının (fitnə-fəsad toxumundan) əkini göyərəndə, onun budaqları boy atanda (camaata hakim kəsiləndə) onun şeqşeqiyyəsi səslənəndə (yəni, haqsız fərmanlar verəndə), qılıncının qığılcımları parlayanda (qudurğanlığı və özbaşınalığı ən son həddə çatanda və xofu güclü ürəklərə yol tapanda) xilası mümkün olmayan fitnə və fəsad bayraqları möhkəmlənər, qaranlıq gecə və dalğalı dəniz kimi (bir-birinin ardınca camaata) üz tutar. Belədir, Kufəni neçə qasırğalar yaracaq (viran qoyacaq) və üstünə ən güclü küləklər əsəcək (onda qanlar töküləcək). Az zamandan sonra bir dəstə başqa dəstənin üstünə düşəcək (bir-birilə toqquşacaqlar) və (insanlıq sünbülündən) ayaq üstə olan (güclü olan) biçiləcək (öldürüləcək). Biçilənlər (zəif və gücsüz olan, fitnəkarların əl-ayaqları altında) əziləcəklər. (Qısası, bir-birinin ardınca həlak olacaq, hər il fitnə-fəsad zəmilərində əkilən toxumlardan insan ölüləri göylərə sovrulacaq.)

 

 

II HİSSƏ

  
FEYZUL-İSLAMIN II HISSƏYƏ YAZDIĞI MÜQƏDDIMƏ 

 

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ

 

أَلْحَمْدُ لِلّهِ الَّذِي كَلَّتِ الْأَلْسُنُ عَنْ غايَةِ صِفَتِهِ وَ الْعُقُولُ عَنْ كُنْهِ مَعْرِفَتِهِ وَ تَواضَعَتِ الْجَبابِرَةُ لِهَيْبَتِهِ وَ عَنَتِ الْوُجُوهُ لِخَشْيَتِهِ وَ انْقادَ كُلُّ عَظيمٍ لِعَظَمَتِهِ وَ صَلاتُهُ وَ سَلامُهُ عَلى سَيِّدِنا أَشْرَفِ الْمُرْسَلِينَ وَ خاتِمِ النَّبِيِّنَ مُحَمَّدٍ وَ الِهِ الْأَئِمَّةِ الْهادِينَ شُهَداءِ اللهِ عَلى خَلْقِهِ. اللّهُمَّ والِ مَنْ والاهُمْ وَ عادِ مَنْ عاداهُمْ وَ انْصُرْ مَنْ نَصَرَهُمْ وَاخْذُلْ مَنْ خَذَلَهُمْ وَالْعَنْ مَنْ ظَلَمَهُمْ يا سَمِيعَ الدُّعاءِ

 

Nəhcül-Bəlağə müqəddəs İslam dininin və şərafətli Cəfəri məzhəbinin bütün həqiqətlərini ehtiva edən, bəşəriyyəti əbədi səadət və ağalığa yönəldən bir kitabdır. Bu, hədər yerə deyilmiş söz deyil və iki əsasa (əql və elmə) söykənir. Alimlər və insaf sahibləri onu mütaliə edib dərindən düşündükdən sonra bunu təsdiqləyəcəklər.

 

Bəndəniz bir neçə il bu yolda addımlayaraq şərafətli Seyyid Rəzinin (rizvanullah əleyh) mövla Əmirəl-mömininin (əleyhis-salam) sözlərindən toplayıb tərtib etdiyi, düzgün hərəkələnmiş səhih nüsxəsini hamının faydalana biləcəyi tərcümə və şərhlə birgə əziz dindaşlarıma, soydaşlarıma hədiyyə etmək istəmişdir. İndi bu ilahi uğur mənə də qismət olmuşdur. (Lüğətə, şərhlərə, əlyazma və çap nüsxələrinə müraciət etmək, alimlər və fəzilət sahiblərilə müzakirə aparmaqla) kitabı heç bir səhvsiz, heç bir müdaxiləsiz (çünki İmam əleyhis-salamın sözünün müqabilində heç kimin müdaxilə və söz demək haqqı yoxdur) və düzgün hərəkələnmiş şəkildə hazırladım. Bu kitabı Onun razı olduğu bir tərzdə tamamlamaq üçün Allah-təaladan uğur diləyirəm.

 

يا رَبِّ أَعْطِنِى جَمِيعَ ما سَأَلْتُكَ وَ زِدْنِى مِنْ فَضْلِكَ لا أَرْجُو غَيْرَكَ

 

وَلا أَثِقُ إِلّا بِكَ يا أَرْحَمَ الرّاحِمِينَ

 

Fani bəndə:

 

Əliyyənnəqi Feyzul-İslam İsfahani Ali-Məhəmməd əd-Dibac.

 

1366 H.Q.

  
101-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın bu barədə deyilmiş xütbələrindəndir. (Əvvəlki xütbədə olduğu kimi ağır hadisələrdən xəbər verir, başlanğıcda qiyamət gününün çətinliklərini xatırladır.)

 

Qiyamət günü elə bir gündür ki, Allah-təala həmin gün hesabları çürütmək və əməllərin cəzasını vermək üçün keçmişdəki və gələcəkdəki bütün yaradılmışları toplayar. Onlar xarlıq və təvazökarlıqla ayaq üstə dayandıqları halda və (izdihamın çoxluğundan və istiliyin şiddətindən) tər cilov kimi ağızlarının ətrafını bürüyər və yerin zəlzələsi onları titrədər. Onlardan ən yaxşısı və ən çox sevinəni (dünyadakı bəyənilən əməllərinə görə) addımını sabit saxlamağa bir yer hazırlamış və öz asayişi üçün (oradakı çətinliklərdən və həmin günün iztirablarından, narahatlığından qurtulmaq üçün) geniş bir yer əldə etmiş kimsədir.

  
Bu xütbənin (o böyük şəxsiyyətdən sonra baş verəcək fitnə-fəsad, qan tökülməsi və çətinliklər barədə olan) bir hissəsidir 

(Məndən sonra) Qaranlıq gecənin (xilas yolu olmayan) saatları kimi fitnələr baş verəcək, onun qarşısını almaq üçün kimsə qiyam etməyəcək. (Heç kimin bu fitnələrin alovunu söndürməyə və fitnəkarlarla döyüşməyə qüdrəti olmayacaq) və heç bir bayraq (qoşun) onları rədd etməyəcək (aradan götürüb fitnəkarları məğlub edə bilməyəcək). Bu fitnələr cilovlanmış, üzərinə palan qoyulmuş, sarbanın dartdığı, ona minmiş şəxsin çapdığı dəvə kimi sizə üz tutacaq (xülasə, sizi bədbəxt və çarəsiz etməyə hazır olacaq), fitnəkarlar elə bir dəstə olacaq ki, verdikləri əzab-əziyyət qarətlərindən daha çox olacaq (fitnə-fəsad salmaqda məqsədləri qənimət qazanmaq deyil, daha çox insanları məhv etməkdir. Nəhayət) Boyun əyməyənlərin onları zəlil və xar saydıqları, yer üzündə qədirləri və məqamları bilinməyən, səmalarda isə məşhur olan bir dəstə (xudpəsəndlərin həqarət gözü ilə baxdıqları, ilahi dərgahına yaxın və canından keçmiş Allahpərəst insanlar) Allah rizasına görə həmin fitnəkarlarla cihad edəcək. Bu fitnələrin baş verdiyi vaxt Allah-təalanın qəzəbi nəticəsində yaranan və izi, tozu, səs-sorağı olmayan (qəflətən peyda olan) qoşunun əlindən vay sənin halına, ey Bəsrə! (Onların gəlişi ilə) az sonra sakinlərin qırmızı ölümə (öldürülməyə) və toz-torpaq içində aclığa (çöhrələri bozardan və qaraldan qəhətçiliyə) düçar olarlar.

  
102-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (dünyanın vəfasızlığı barədə) xütbələrindəndir.

 

Dünyaya ondan üz döndərib uzaq duranların nəzərlərilə baxın (məsum İmamların və ardıcıllarının yolundan nümunə götürün və dünyapərəstlərin ardınca getməyin). Çünki Allaha and olsun, dünya tezliklə sakinlərini özündən uzaqlaşdırar və nemət, dövlət, asayiş sahiblərini müsibətə, kədər və hüznə salar. Ötənlər və arxa çevirənlər (gənclik, sağlamlıq, güc və qüvvət) geri qayıtmaz. Sonra gələnlər isə (nemət və ya əzab, yaxşı və ya pis olacağı) məlum olmaz ki, onun (yaxşını əldə etmək) üçün gözləyəsən (çalışın ki, onun pislərindən uzaqlaşasınız). Onun sevinci kədərlə qarışıb (çünki onda şad olan sevdiyi şeylərin həmişəlik qalmayacağına görə kədərlidir) və insanlarının gücü, qüdrəti, gəncliyi zəifliyə, gücsüzlüyə və qocalığa gəlib çıxır. Dünyada xoşunuza gələn şeylərin (vəzifə, mal-dövlət, alicənablıq, qadın, zinət və bu kimi şeylərin) çoxluğu sizi aldatmasın, çünki dünyada əliniz çatan şeylərdən sizin nəsibiniz (qiyamət günündə onun hesabının əzabı və çətinliyi ilə müqayisədə çox) azdır.

 

Allah rəhmət etsin o kişiyə ki, (dünyanın işləri, öz əvvəli və axırı barədə) düşünür, (dünyanın müvəqqətiliyindən) ibrət götürür və gözləri açılır. (İnanır) ki, dünyada qalan tezliklə məhv olacaq. (Onda olanı yox kimi sanır.) Axirətdə mövcud olan isə sarsılmaz və əbədidir. (Onda olmayanı da olmuş sanır.) Hesaba gələnlərin (ömrün saatlarının) sonu çatar, gözlədiyiniz hər şey (ölüm və qiyamət) gələndir və bu gələcək də yaxındadır.

  
Bu xütbənin (bilikli və gözüaçığın nadan və azğından üstünlüyü barədə) bir hissəsidir 

Bilikli o kəsdir ki, öz qədrini bilir (Allahın və Peyğəmbərin göstərişinə uyğun rəftar edir). İnsanın cahilliyi, nadanlığı üçünsə özünü tanımaması kifayət edər (azğınlıq yoluna qədəm qoyar və şeytanın təhrikinə, nəfsi-əmmarəyə uyaraq xoşbəxtlik sərmayəsini bada verər). Allah yanında ən düşmən bəndələr o bəndələrdir ki, Allah-təala onları öz başlarına buraxıb (səadətə çatmaq xoşbəxtliyini onlardan alıb). Belə ki, (onlar din və dünya işlərində) doğru yoldan çıxaraq yol göstərənsiz hərəkət edər (nadanlığın ucsuz-bucaqsız çöllərində çaşqın və sərgərdan qalaraq nə edəcəyini bilməzlər). Dünyanın əkin və zəmisinə (dünyəvi xeyri olan işlərə) dəvət edildikdə iş görər, axirətin əkin və zəmisinə (xalqa xidmət və Xaliqə ibadətə) çağırıldıqda isə tənbəllik edərlər. Sanki (dünya işlərində) gördükləri onlar üçün vacibdir (hər bir işi, hətta haram olsa belə, görməyə elə hazırdırlar ki, sanki vacib bir işi yerinə yetirir və onu tərk etməyin əzabından qorxurlar) və (axirət işlərində) təxirə saldıqları (məsuliyyət) isə boyunlarından düşmüş kimidir. (İlahinin əmr və qadağalarına elə göz yumurlar ki, elə bil bu barədə onlara göstəriş verilməmişdir.)

  
Bu xütbənin (fitnə-fəsadın qələbəsi və iman əhlindən qeyriləri üçün qurtuluşun olmaması barədə) bir hissəsidir 

Bir zaman gələcək ki, (məclislərdə) iştirak etdikdə heç kəsin tanımadığı və olmayanda da kimsənin axtarmaq fikrinə düşmədiyi adsız-sansız Allahpərəst mömindən başqa heç kəs ondan (zamanın fitnə-fəsadından) xilas olmayacaq. Belə insanlar (möminlər) qaranlıq gecədə hərəkət edənlər üçün yol göstərən çıraqlar və aydın nişanələrdir. Camaat arasında fitnə-fəsad və söz-söhbət yaymır, xalqın eyblərini və pisliklərini aşkar etmirlər. (Onlar) səfeh və boş söz danışan deyillər. Allah-təala rəhmət qapılarını onlar üçün açır və əzabının çətinliklərini onlardan kənar edir.

 

Ey camaat! Tezliklə elə zaman gələcək ki, qab çevrildikdə içindəkilər töküldüyü kimi İslam alt-üst olacaq. Ey camaat! Allah sizləri zülm və sitəmdən amanda saxlayıb, imtahana çəkməkdən isə sizə pənah verməyib. Bütün kəlam sahiblərindən daha əzəmətli və böyük olan Allah (Qurani-Kərimin Muminun surəsinin 30-cu ayəsində) buyurmuşdur: إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ وَإِن كُنَّا لَمُبْتَلِينَ Şübhəsiz ki, (Nuhun tufanı və qövmünün qırılması) hadisəsində (başqalarına ibrət üçün) nişanələr vardır. Biz (bəndələrin yaxşısını pisini) imtahana çəkirik! (Seyyid Rəzi buyurur)

 

İmam Əli əleyhis-salamın كُلَّ مُؤْمِنٍ نُوَمَةٍ kəlamı şər və fəsadı az olan adsız-sansız şəxsdir. مَسَايِيحُ sözü مِسْياحِ sözünün cəmidir və fitnə-fəsad məqsədilə camaat arasına çıxıb, söz-söhbət yayanlar barədə işlənir. مَذَايِيعُ sözü مِذْياع başqasının eybini və pisliyini eşidib faş edənlərə və hər yerdə söyləyənlərə deyilir. بُذُرُ - بَذُور sözünün cəmidir, çox səfeh və sözləri boş, mənasız olan kəs barədə işlədilir.

  
103-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Cəməl döyüşünə gedərkən Bəsrə camaatının Təlhə və Zübeyrlə birgə Aişəni dəvəyə mindirərək onun ətrafında toplaşıb Əmirəl-mömininlə döyüşmək istədiyi vaxt buyurduğu) xütbələrindəndir. (Burada məqsəd o böyük şəxsin Cəməl səhabələrilə haqqı dirçəltmək və batili məhv etmək üçün döyüşdüyünü camaata çatdırmaq olmuşdur.)

 

Allaha həmd və şükrlər etdikdən, Xatəmün-nəbiyyinə salamdan sonra: (Agah olun!) Böyük Allah heç birisinin haqqın bir kitabını oxumadığı, peyğəmbərlik və vəhy iddiasında olmadığı halda (ki, o Həzrət barədə şəkkə düşərək ona iftira atsınlar) ərəblərin arasından Məhəmmədi (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi. Beləlikə, (o, haqqı izhar və İslamı sübut etmək üçün) ardıcılları ilə birgə əleyhdarlarına qarşı döyüşüb onları nicat yerlərinə yönəltdi (haqq, səadət və xoşbəxtlik yoluna dəvət etdi). Ölüm kafir və azğınlıq vaxtlarında yaxalamasın deyə onları cəhalət və nadanlıqdan xilas etmək üçün (fitnə-fəsad və azğınlıq yükünün ağırlığından) aciz, əlacsız və çarəsiz (ağır yüklü) dəvə kimi sınana qədər çalışdı (ki, əbədi əzaba düçar olmasınlar). O Həzrət yalnız heç vaxt heç bir xeyir və yaxşılığı olmayan həlak olmuşdan başqa onları mənzillərinə (səadət və xoşbəxtliyə) çatdırana, azğınlıqdan xilas və qurtuluş yolunu onlara göstərənə və onları öz yerlərinə yerləşdirənə qədər yollarının üstündə dayandı (hökmlərin təbliğində səhlənkarlıq etmədi, onları fitrətləri olan İslam dininə etiqada vadar etdi). Sonra dəyirmanları fırlanmağa başladı (həyatları, işləri nizamlandı) və nizələri düzəldi (güclənərək azğınların azğınlıqlarına, zalımların zülm və sitəmlərinə boyun əymədilər). Allaha and olsun, mən İslam qoşununun önündə idim və küfr qoşununu hamılıqla arxa çevirib (öz dinlərindən əl çəkib) toplaşıb ram olana (itaət edənə) qədər qovdum. (Heç vaxt) zəif və gücsüz olub qorxmadım, xəyanət və süstlük etmədim. And olsun Allaha, (indi bu döyüşdə də) haqqı böyründən çıxarmaq üçün batili yarıram. (Seyyid Rəzi buyurur:).

 

Bu xütbə daha öncə (otuz üçüncü xütbədə) bəyan olunsa da hazırkı rəvayətin həcminin az və çoxluğu baxımından fərqli olduğuna görə yenidən qələmə alınması lazım gəldi.

 

  
104 - CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin şəninə tərifdən sonra Bəni-Üməyyə dövlətinin süqutuna toxunduğu və daha sonra camaata öyüd-nəsihət verdiyi) xütbələrindəndir.

 

(Həqiqi günəşin doğmasından və aləmi fəth edən İslam günəşinin parlamasından öncə camaat azğınlıq və bədbəxtliyin son həddində idi ki,) Allah-təala (yaxşı və pis əməl sahiblərinə) şahid və sübut olmaq, (yaxşı insanlara əməllərinin mükafatına görə) müjdə vermək, (günahkarları ilahi əzabdan) qorxutmaq üçün Məhəmmədi (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi. Uşaqlıqda və kiçik yaşlarında yaradılmışların ən yaxşısı, ixtiyar çağında (qırx yaşında) onların ən səxavətlisi və seçilmişi, təbiəti və xilqəti bütün paklardan daha pak (Adəm əleyhis-salamdan Abdullaha qədər həmişə peyğəmbərlərin və onların vəsilərinin belində olmuşdur) və bəxşişi rəhmət yağışını istəyənlərin təvəqqisində daha çox idi. (Ey Bəni-Üməyyə!) Dunyanı yalnız cövlan edən, çilov və dar bağlanmamış palanla, tapdıqdan sonra onun xoşluğundan və ləzzətinin şirinliyindən faydalandınız və onun döşündən süd əmməyi bacardınız. (Onu öz başına buraxılmış, sarbansız dəvə kimi müftə əldə etdiniz. Bu ona görə belə oldu ki,) onun haramı (İmam əleyhis-salamdan əvvəlki xəlifələr və onların ardıcıllarının) ailələri üçün sidr ağacı tək tikansız idi, (asanlıqla onun meyvəsindən dadırdılar. Yəni, qadağan olunmuş işləri görürdülər və qiyamət gününün əzabından qorxuları yox idi). Onun halalı isə onlardan uzaqlaşıb yox olmuşdu (sözləri və əməlləri İslam dininin ziddinə idi). (Siz güman etməyin ki, dünya həmişə bu minvalla gedəcək və Bəni-Üməyyə dövləti olacaq.) Allaha and olsun, dünyanı müəyyən vaxta qədər uzanan kölgə tək ürəyiniz istəyən kimi tapmısınız. Yer üzü sizlər üçün boş və sahibsizdir, orada əlləriniz açıqdır. (Həqiqi) rəhbərlərin əlləri sizdən (sizə hakimiyyətdən) saxladılıb. Sizin qılınclarınız onlara hakimdir, onların qılıncları isə üstünüzdən yığışdırılıb.

 

(Ancaq) bilin ki, hər tökülən qanın intiqam alanı, hər bir haqqın tələb edəni var. Bizim qanlarımızı alan özü barədə hökm verən hakim kimidir (ki, dəlil və sübutsuz elminə əsasən özü barədə hökm verir). Bizim qanımızı və haqqımızı alan istədiyini (tutmaq istəsə) tutmaqda aciz olmayan, qaçan heç bir kimsənin çəngindən çıxa bilmədiyi Allahdır. Allaha and içirəm, ey Bəni-Üməyyə! Qısa bir vaxtda biləcəksiniz ki, hakimiyyətiniz və dünyadakı dövlətiniz (bir neçə günlük hakimiyyətinizdən sonra) qeyrilərinin əlinə düşəcək və düşməninizin (Bəni-Abbasın) sarayına köçəcək.

 

Agah olun! Gözlərin ən yaxşı görəni xeyrə və yaxşılığa nəzər salan (fitnə və fəsada nəzər salmayan) gözdür. Bilin ki, qulaqların ən yaxşı eşidəni öyüd-nəsihəti saxlayaraq qəbul edən qulaqdır.

 

Ey camaat! Nəsihət verənin çırağının şöləsindən qəbul edib (öz səadət və xoşbəxtlik yolunuzun) çırağını işıqlandırın. Və suyu bulanmamış və çirklənməmiş təmiz çeşmədən çəkin (elm və maarifi məsum İmamlardan öyrənin).

 

Ey Allah bəndələri! Öz cəhalət və nadanlığınıza etimad etməyin, istəklərinizin dalınca düşməyin. Çünki belə bir mənzilə daxil olan kimsə çay sahilində selin altını boşaldaraq yardığı və uçmaq üzrə olan yerdə mənzil salan şəxs kimidir. (Cəhalət, nadanlıq və nəfsi istəklərinin dalınca düşən adam) həlakəti (onun ağır yükünü) öz belinə yükləyərək ağlına gələn fikrə görə bir yerdən başqa yerə dolandırar (hər zaman bir yol seçər, hər gün yeni fikir və düşüncələrə düşər). Yapışmayanı yapışdırmaq, yaxınlaşmayanı yaxınlaşdırmaq istər (onun fikir və düşüncələrinin əsasında nadanlıq və nəfs dayandığına görə ölüncəyə qədər azğınlıq vadisində heyran və sərgərdan qalar). Allahdan qorxun, qəm-kədərinizi dağıda bilməyənin, möhkəm dayandığınız işləri (yerinə yetirməyə borclu olduğunuz ilahi hökmləri) öz rəyinə əsasən sındıranın (fəsad törədənin) yanında şikayət etməyin (din və dünya işlərində elə bir insana müraciət etməlisiniz ki, İmam və ya İmamın canişini olsun). Allahın buyurduğunu dirçəltməkdən başqa bir şey İmamın öhdəsində deyil. (Bunlar beşdir) moizə (və Həzrət Peyğəmbərin buyuruqlarını) söyləmək, öyüd-nəsihət verməyə çalışmaq, sünnəni (Allahın Rəsulunun hökmlərinə uyğun rəftarı) dirçəltmək, layiq olduğu şəxslər barədə həddin tətbiqi və (beytülmaldan) payları yiyələrinə çatdırmaq. Odur ki, (İmam və canişininin vəzifələri ilə tanış olduğunuza görə haqdan başqa yola qədəm qoymayın və dinin kökündən, qollarından xəbəri olmayan şəxslərə hörmət əli uzatmayın) elm ağacı qurumamış (İmam və canişini dünyadan köçməmiş) və elmdən, bilikdən feyz almaqdan (hadisələrin və ruzigarın ağırlığı nəticəsində) məhrum qalaraq başınız özünüzə qarışmamış elm və bilik əxz etməyə çalışın. Qadağan edilmişləri (müqəddəs şəriətin haram etdiklərini) törədənləri bundan çəkindirin və özünüz də onları etməyin. Çünki siz özünüz bu işləri görmədikdən sonra pis əməldən çəkindirməyə məmur olunmusunuz.

  
105 Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (İslam dinini vəsf və Həzrət Peyğəmbəri mədh etdiyi, həmçinin öz səhabələrini Müaviyə və Şam qoşunu ilə döyüşdə səhlənkarlıqlarına görə məzəmmət etdiyi) xütbələrindəndir.

 

Həmd İslamı (onun həqiqətlərini bütün ağıllı insanlar üçün) aydın və aşkar edən, ona qədəm qoyan (müsəlman olan) üçün onun bulaqlarının yollarını asanlaşdıran, heç kəsin (münafiq və kafirlərin) üstün və qalib gələ (aradan götürə) bilməməsi üçün onun sütun və dayaqlarını (kök və qollarını əqli və elmi dəlil kimi iki sütun üzərində quran) möhkəm və güclü edən Allaha məxsusdur. Özünü İslama bağlayan (onun göstərişinə uyğun rəftar edən) üçün dünyada qətl, qarət və oğurluqdan, axirətdə isə əzabdan əmin-aman (bir yer), ona qədəm qoyan (müsəlman olan və Allahın birliynə, Həzrət Peyğəmbərin Onun elçisi olduğuna şəhadət verən kafir) üçün sülh və barışıq (nişanəsi), onun vasitəsilə söz danışan üçün dəlil və sübut (çünki İslamda hər bir işin həqiqiliyinə dair dəlil-sübut var), onun danışanı ilə düşmənçilik edən üçün şahid və sübut, ondan aydınlıq istəyən (doğru yola qədəm qoyaraq azğınlığın zülmətindən xilas olmaq istəyən) üçün nur və (yol göstərən) işıq, düşünən üçün (varlığın həqiqətlərini dərk etməyə) fəhm, (yaradılmışlar barədə) təfəkkür edən üçün ağıl, fərasətlə haqq yolunu axtaran üçün nişanə (nicat), (səhv iş görməmək barədə) qərar qəbul edən üçün bəsirət, öyüd alan üçün ibrət, (onun doğruluğunu) təsdiq və etiraf edən üçün (əzabdan) nicat qapıları və təvəkkül, (Allaha) etimad edən üçün əminlik, (işini Allaha) həvalə edən üçün asayiş və (çətinliklərdə) dözümlü olan üçün sipər etdi. Deməli, İslam yolların ən işıqlısı və dinlərin ən aydınıdır. Onun minarəsi (doğruluq və düzlüyü) yüksəkdə (aşkarda), yolları parlaq (görünən), çıraqları (Həzrət Peyğəmbər və o Həzrətin vəsiləri nadanların qəlblərinin zülmətinə) işıq saçandır, yarış meydanında öndədir və sonu (Allah dərgahına yaxın olmaqda) ucalıqdır. Yarış atlarını (süvariləri Allah dərgahına yaxınlaşmaq üçün bir-birindən önə keçsinlər deyə) bir yerə yığandır. Onun yarışı üçün təyin olunmuş mükafat o qədər nəfis və gözəldir ki, hamıda ona rəğbət vardır. Onun at çapanları şərafətli və alicənab, yolu (Allahın və Peyğəmbəri) təsdiq, nişanəsi saleh əməllər, sonu (məsuliyyətin boyundan düşdüyü an olan) ölüm və hazırlıq meydanı dünya, cıdır düzü qiyamət, mükafatı isə cənnətdir.

  
Bu xütbənin bir hissəsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəsfidir 

(Həzrət Peyğəmbər ilahi hökmlərin təbliğinə çox səy göstərərək) hidayət və nicat atəşinin şölələrini alovlandırdı ki, iqtibas götürən ondan faydalansın və (hidayət) nişanəsini (elm və maarif dağının zirvəsində) işıqlandırdı ki, (karvandan uzaq düşən), yolda qalıb sərgərdan olan yol tapsın (əbədi xoşbəxtlik qazansın). (İlahi,) o Həzrət (peyğəmbərliyin təbliğində) Sənin doğru əməl sahibi və əmanətdarın, qiyamət günündə (bəndələrin halətlərinə) şahidin, Sənin tərəfindən (yaradılmışlar üçün) seçilmiş nemət və bəxşiş, (camaat üçün) rəhmət və mehribanlıq olan haqqa, doğruluğa göndərdiyin elçindir. İlahi, Öz ədalətinlə onun qismət və bəhrəsini (yaxınlıq və məqamının ən yüksək həddini) nəsib et, ona Öz fəzl və kəramətinlə böyük mükafat və saysız-hesabsız nemətlər əta et. İlahi, onun binasını əvvəlki qurucuların binasından (onun dinini sələfləri olan peyğəmbərlərin dinindən) uca (zahir və qalib) et, onun nemət süfrəsini (risalətin təbliğində zəhmət və əziyyətlərinin mükafatını) Öz yanında əziz et. Məqam və mənzilini dərgahında yüksəlt və onu böyüklüyün ən yüksək həddinə çatdır, (bütün yaradılmışların müqabilində) üstünlük əta elə! Bizi onun ümməti və dostları (möminlər və pərhizkarlarla) məhşur et ki, (günah və itaətsizlikdən) xəcalətli, (pis əməllərdən) peşman, (doğru yoldan) azmış, əhdini pozan, yoldan azdıran və (bəla, çətinliklə) sınanmışlardan olmayaq. (Seyyid Rəzi buyurur:)

 

Xütbənin bu fəsli daha öncə (yetmiş birinci xütbədə) bəyan olunsa da iki rəvayətdə fərq olduğuna görə burada bir daha təkrar vermişik.

  
Bu, xütbənin öz səhabələrinə buyurduğu (onları Müaviyə və Şam qoşunu ilə döyüşmədiklərinə görə danladığı) hissəsidir 

(Siz kafir, bütpərəst və qədir-qiymətsiz olduqdan sonra) Allahın kəramət və nəvazişi nəticəsində məqam, rütbə və böyüklük tapdınız. (Heç bir əhəmiyyəti olmayan) kənizləriniz əzizlənir, qonşularınız (sizinlə müqavilə bağlayan kafirlər) həmin ilahi kəramətdən bəhrələnir, (buna görə də canları, mal və namusları hər bir təhlükədən qorunur), onların müqabilində heç bir fəzilətə və (əsl-nəcabətcə) məziyyətə sahib olmadığınız halda və heç bir yaxşılıq etmədiyiniz kəslər sizlərə təzim edərək baş əyirlər. Sizin qələbə və hakimiyyətinizdən qorxusu olmayanlar, səltənət və hakimiyyətinizin çatmadığı kimsələr sizdən qorxurlar. İlahi peymanların pozulduğunu görüb qəzəblənmirsiniz, ancaq (ilahi əhd-peymanların müqabilində heç bir əhəmiyyəti olmayan) atalarınızın peymanlarının pozulmasına razı deyilsiniz və bunu biabırçılıq sayırsınız. (Siz o şəxslərsiniz ki,) İlahi hökmlər sizə gəlirdi (sizdən soruşurdular), sizdən keçirdi (siz cavab verirdiniz) və sizə qayıdırdı (şikayət çəkişmələri barədə hökm verirdiz). Öz məqam və rütbənizi zülmkarlara (Müaviyə və ardıcıllarına) verərək işlərinizin cilovunu onların əlinə tapşırmısınız. Onlar (şəriət məsələlərində) şübhələrə və batil inanclara əməl etdikləri, şəhvət və nəfsi istəklərinin ardınca düşdükləri halda ilahi hökmlərdə onlara təslim olaraq itaət etdiniz. (Lakin bilin ki, bu hakimiyyət və qüdrət onlara qalmayacaq.) Allaha and olsun, sizləri hər bir ulduzun altına səpsələr də (şəhərlərə dağıtsalar da) Allah-təala sizi onların ən pis günü üçün bir yerə yığar (ki, onlardan necə intiqam alındığını görəsiniz).

  
106-CI XÜTBƏ 

İmam Əli əleyhis-salamın Siffeyn döyüşünün günlərinin birində (öz səhabələrini Şam qoşununa məğlub olub qaçmalarından, qayıtmalarından və fəthlərindən sonra danladığı) buyurduğu kəlamlarındandır.

 

(Döyüş meydanından) qaçmağınızı və düşmənə arxa çevirmənizi sıralarınızdan gördüm. Pis xasiyyətli, alçaq zülmkarlar və səhrada yaşayan ərəblər olan Şam əhli sizi qovdular. Halbuki siz ərəblərin igid və cömərdlərindənsiniz, burun (digər bədən üzvlərinə nisbətən) öndə olduğu kimi şərafətli, dəvənin hürgücləri kimi hündür və onlardan daha böyüksünüz. (Belə olan halda, məğlubiyyət və qaçmaq sizə yaraşan deyildi.) İşin sonunda sizi qovmuş olduqları kimi onları qovduğunuzu, sizi uzaqlaşdırdıqları kimi səngərlərindən uzaq saldığınızı, qılınclarla öldürüb köklərini kəsdiyinizi və biçarə etdiyinizi gördükdə sinəmin dərdləri şəfa tapdı. (Qəm və kədərim yox oldu. Qaçmaqlarının nəticəsində) hovuz və axurlarından məhrum edilərək uzaqlaşdırılmış, qovulan təşnə dəvələr kimi birinciləri sonuncularına minənədək (bir-birinin üstünə düşənədək) onlara nizə vururdunuz.

  
107-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın baş verəcək fitnə-fəsad, tökülən qanlar barədə buyurduğu xütbələrindəndir. (Allah-təalaya şükr, Həzrət Peyğəmbəri mədh etmiş, öz kamal və kəramətindən bəzilərinə toxunmuşdur.)

 

Həmd (Rəbb olduğunun dəlili sayılan) Öz xəlq etdikləri və yaratdıqları səbəbindən məxluqlara aşkar olan, Öz dəlil və sübutları (qüdrətinin nümunələri) ilə onların qəlblərində zahir olub görünən Allaha məxsusdur. Yaratdıqlarını fikir və düşüncə işlətmədən yaratdı. Çünki düşüncələr batinləri (daxili idrak qüvvəsi) olanlardan qeyrisinə məxsus deyil və Allah-təala Öz-özlüyündə batinə malik deyil. (Belə ki, bir şeyi dərk etmək üçün idrak qüvvəsinə ehtiyacı olan, əlbəttə, mümkünlər qismindəndir və vacibul-vücud mümkünlərdən ola bilməz.) Onun elmi görünməzlərin batininə və əslinə nüfuz edər. (Onun üçün maneə, hicab yoxdur) və ən xırda düşüncə və (heç kəsin bilə bilməyəcəyi ürək) sirləri əhatə edir.

  
Bu xütbənin bir hissəsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəsfidir 

Böyük Allah Həzrət Peyğəmbəri peyğəmbərlərin (Ali-İbrahim) şəcərəsindən, (hidayət və nicat nurunun saçdığı) nur çırağından, (başqalarından daha şərəfli və fəzilətli olan) alının yuxarısından, Bəthanın (Məkkeyi-Müəzzəmənin) göbəyindən, qaranlığın çırağından (o böyük şəxsin ata-babaları sərgərdan şəxslərə yol göstərən çıraq kimi idi) və hikmət bulaqlarının gözündən (hamısının dini və şəriəti var idi, başqaları elm və hikməti onlardan öyrənirdilər) seçdi.

  
Bu xütbənin (özünün vəsfi və səhabələrinin məzəmmət edərək buyurduğu) bir hissəsidir 

(İmam əleyhis-salam) Öz tibbi və müalicəsilə (ölüm saçan xəstəliklərə və cürbəcür dərdləri müalicə etmək üçün xalqın arasında) həmişə gəzən (ruhani) bir təbibdir. Məlhəmlərini (elm və maarifini nadanlıq və azğınlıq qılıncı ilə yaralanmış ürəklərin yarası üçün) gücləndirərək hazırlamış, alətlərini (pis işləri qadağan etməyin və ilahi əzabla qorxutmağın atəşində) qızdıraraq basmışdır. Lazım olan hər yerdə məlhəmlərini, dağ çəkən alətlərini müalicəyə ehtiyacı olan yaralı yerlərin üstünə qoyar: (elmdən) kor qəlblərə, (haqqı eşitməyən) kar qulaqlara, (doğru söz danışmayan) lal dillərə. Bu ruhani təbib öz dərman və müalicələri ilə qəflət, nadanlıq, heyrət və sərgərdanlıq xəstəliklərinə əlac edir. (Ancaq) xəstələr hikmət və irfan nurundan istifadə etməyib parlaq elm və maarif tonqallarına od salmayıblar. Deməli, onlar otlayan (şüursuz və bütün səyləri yalnız yeyib-içməyə yönələn) heyvanlara və (heç nəyi dərk etməyən) bərk özül daşlarına bənzəyirlər.

 

Gizlinlər bəsirət sahibləri üçün açıldı və haqq yolunu səhv salanlara aşkar oldu. Qiyamət öz üzündən pərdəni götürdü və onun əlaməti, nişanəsi fərasət sahibinə, zirəklərə əyan oldu. Nə olub ki, sizləri cansız bədən və bədənsiz can görürəm və (sizləri) pərhizkarlıq olmadan ibadət edən (dəyanətsiz müharibə edən), xeyirsiz tacir (məğlub olan), yuxulu kimi oyaq, yoxmuş kimi mövcud, kor tək görən, lal tək danışan (kimi görürəm. Düşmənin sizi ələ keçirdiyini görür və gücünüz olsa da onun qarşısını almırsınız).

  
(İmam əleyhis-salam bu fəsildə axirəz-zamanda baş verəcək fəsadlardan və insanların vəziyyətindən xəbər verir)  

Bu fitnə-fəsad bayrağı (axirəzzəmanda) azğınlıq qütbündə sancılan və şaxələri səpələnən (hər yanı bürüyən), sizləri öz piyaləsi ilə ölçən (azdıran) və əli ilə (şıltaq heyvan kimi) döyən (zəlil və xar edən) azğınlıq bayrağıdır. Bu bayrağın bayraqdarı İslam ümmətindən xaric olaraq azğınlıq (yolunun) üstündə dayanmışdır. Həmin gün sizlərdən (müsəlmanlardan) qazanın dibində qalan (az) qalıq və ya çuvalın təkində qalan dən hissəcikləri tək az miqdardan başqa qalanı olmaz. Azğınlıq bayrağı sizləri dabbaqlıq gönü sürtən kimi sürtər, biçilmiş əkinin döyülməsi kimi döyər (sizi son dərəcə zəif və xar edər). Allahını sevən mömini (əziyyət vermək üçün) böyük dəni kiçik dənlərin arasından seçən quş kimi sizin aranızdan ayırar. Bu yollar sizi hara aparır? (Batil əqidələr və nadürüst düşüncələrlə hara gedirsiniz?) (Cəhalət və nadanlığın) qaranlıqları sizi necə heyran və sərgərdan edir? Yalanlar (yersiz arzular) sizi nə cür aldadır? Sizləri (azdırmaq üçün) haradan gətirirlər? Sizləri (haqq yoldan) necə döndərirlər? Deməli, hər zamanın bir taleyi, hər gedənin bir dönüşü var. (Bu fitnə-fəsadlar müəyyən bir vaxtda baş verəcək.) Belə isə öz ilahi aliminizdən (İmam əleyhis-salamdan öyüd-nəsihət) eşidin və öz qəlblərinizi (qəbul etməyə) hazırlayın, sizi çağırdıqda (qəflət yuxusundan) oyanın. Hər qövmün rəhbəri, öndə gedəni öz ardıcıllarına həqiqəti deməlidir. Öz dağınıqlığını yığışdırmalı, (fikir dağınıqlığını və boş düşüncələri özünə yaxın buraxmamalı) zehnini hazırlamalıdır (ki, eşitdiklərini artırıb azaltmadan başqalarına çatdırsın). Deməli, o ilahi alimin (din və dünya) işi yumru dənələri (daxili görünən) açan tək sizlər üçün açdı, şirəsini çıxarmaq üçün ağacın qabığını soyan kimi qabığını təmizlədi (hər bir işi sizlərə aydınlaşdırdı). Azğınlıq bayrağı qalxdığı zaman batil və nadürüstlük öz yerlərini tutar, cəhalət və nadanlıq öz miniklərinə minər, (batil hər yanı bürüyəcək, cəhalət bərpa olar) tuğyan və fitnə çoxalar, haqq yola dəvət edənlər azalar. Ruzigar parçalayan yırtıcı kimi hücuma keçər (çox qan tökülər), batilin erkək dəvəsi sakitlikdən sonra səslənər (məst olar, yəni, batil güclənər). Camaat günahlara görə bir-birinə qardaş olar, dinə görə isə bir-birindən uzaqlaşar, yalana görə dostlaşar, həqiqətə düşmən kəsilər (günahkarlarla dost, qardaş olarlar, yaxşılardan bezib uzaqlaşarlar). O çağlarda övlad (atasının) qəzəb(in)ə (və qüssəsinə), yağış isə istilik və hərarətə səbəb olar (camaat ondan xeyir görməyib ziyanını çəkəcəkdir), alçaq adamlar çoxalar, yaxşı insanlar isə az tapılar. O zamanın adamları canavar, padşahları yırtıcı, orta və zəif insanları (zülmkarlara) yem, kasıblar isə (çətinlik və incikliyə görə) ölü (kimi) olar. Həqiqət itib-batar, yalan yayılar. Dostluq sözdə, camaatın bir-birilə düşmənçiliyi isə ürəklərdə olar. Fəsad və pozğunluq (zina onlar arasında iftixara və) əsil-nəsəb hesab olunar, iffət və namusluluq təəccübə səbəb olar. İslam dəri paltar kimi tərsinə geyilər (camaat əyninə İslam paltarı geysə də, sözləri və əməlləri İslamın əmrlərinin ziddinə olar).

  
108-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Allah-təalanın kamal və cəlal sifətləri, mələklərin vəsfi, insanların dünyaya aldanması, qiyamət gününün sorğu-sualı və Həzrət Peyğəmbərin yaxşı əməllərindən bəziləri barədə) xütbələrindəndir.

 

Mövcud olan hər şey Allah qarşısında boyun əyir və Ondan asılıdır. (Hər bir mövcudun varlığı Onun güc və qüdrətinin əlindədir.) Hər yoxsulu ehtiyacsız edən, hər zəlil və xarı hörmətli edən, hər acizi qüdrətliyə çevirəndir, hər məzlumun pənah yeridir. Hər danışanın sözünü eşidər, hər dinməzin sirlərindən agahdır, hər canlının ruzisini vermək Onun öhdəsinədir, hər ölənin qayıdışı Onadır.

 

Gözlər Səni görməyiblər ki, Səndən xəbər versinlər (necə olduğunu bəyan etsinlər), yaratdığın vəsf edənlərdən əvvəl var idin. Məxluqları tənhalıq qorxusuna görə yaratmadın, onları faydalanmaq üçün xəlq etmədin. İstədiyin hər bir şey Səndən qabağa keçməz, tutduğun şey çəngindən çıxmaz. Sənə qarşı günah və itaətsizlik edən kimsə Sənin hakimiyyətini azaltmaz, Sənə itaət edib yolunla gedən, mülk və padşahlığını artırmaz. Qəzavü-qədərindən razı, şad olmayan əmrini döndərə bilməz, fərmanından üz döndərən Səndən ehtiyatsız olmaz. (Əksinə, əmrindən üz döndərməklə belə sənə möhtac olar.) Hər örtülü Sənin üçün aşkardır, heç bir gizlin Səndən gizlin deyil. (Gizlin və aşkar, hüzuru olmaqla olmamaq Onun üçün eynidir. Çünki Onun zatı ilə eyni olan elmi hər şeyi əhatə edir.) Sən həmişə varsan və Sənin üçün son yoxdur, Sən sonsan (hər şeyin qurtaracağı Sənə qayıdır). Deməli, Səndən (əmr və fərmanından) qaçmaq olmaz və Sən (hər şeyin) qayıdış yerisən. Deməli, Səndən (əzabından) Sənə (rəhmətinə) qaçmaqdan başqa yol yoxdur. Hər bir canlının alın tükü Sənin (güc və qüdrətinin) əlindədir və hər insanın dönüşü Sənə doğrudur. İlahi, Sən hər eyb və nöqsandan uzaq, təmizsən. Sənin yaratdıqlarından gördüyümüz bizim nəzərimizdə necə də böyükdür! Sənin güc və qüdrətinin qarşısında onun böyüklüyü necə də kiçikdir! Sənin padşahlığından (Allahlığından ağıl gözü ilə) gördüklərimiz nə qədər qorxuludur! Bu gördüklərimiz Sənin padşahlığında (Allahlığında) bizlərə görünməz olanların yanında nə qədər miskindir. Səndən dünyaya nə qədər də çox nemətlər gəlib və onlar Axirət nemətlərinin yanında necə də aşağıdırlar!

  
Bu xütbənin (mələklərin vəsfi barədə) bir hissəsidir 

Mələklərdən bəzisini öz səmalarında məskunlaşdırdın və öz yer üzündən yüksəltdin. Onlar (bütün mələklər) Səni məxluqlardan (peyğəmbərlər və onların vəsilərindən başqa) daha yaxşı tanıyır, Səndən daha çox qorxur və (bu baxımdan) onlardan Sənə daha yaxındırlar (məqam və rütbələri daha yüksəkdir). (Onlar ataların) bellərində yerləşməyib, (anaların) bətnlərindən çıxmayıblar, pis sudan (spermadan) yaranmayıblar. Ruzigarın hadisələri onları bir-birindən ayırmayıb, dağınıq salmayıb. Onlar Sənin yanındakı məqam və mənzilləri ilə, bütün istəklərini Səndə cəmləşdirmələrinə (Səndən başqa bir şeyi nəzərlərində tutmurlar) rəğmən, Sənə ibadətlərinin çoxluğu, əmr və fərmanından bir an olsa belə, qəflətdə qalmamaları ilə belə yenə də onlara gizli olan əslini və həqiqətini aşkar görsələr, əməllərini (Sənin əzəmət və böyüklüyünün müqabilində) kiçik sanaraq (itaətdə təqsirlərinə görə) özlərini danlayıb məzəmmət edəcəklər. Başa düşəcəklər ki, Sənə (Zatına) layiq olan ibadəti yerinə yetirməyiblər.

  
(Bu fəsildə camaatın dünya malına aldanmasını məzəmmət edərək ölümün çətinliklərini xatırladır)  

İlahi, Səni hər eyb və nöqsandan təmiz, yüksək hesab edirəm ki, məxluqların yaradıcısı və varlığın pərəstişgahısan. İmtahan və sınağından yaxşı çıxan məxluqların üçün saray (Cənnət) yaratmısan, orada qadınlar və xidmətçilər, qəsrlər, çaylar, gəmilər bərqərar etmisən, yeməli, içməli şeylərdən və meyvələrdən süfrə açmısan. Dəvət edəni (Həzrət Peyğəmbəri) göndərdin ki, (camaatı) ona tərəf çağırsın. Dəvət edənə cavab verməyib təşviq etdiyin nemətlərə rəğbət göstərmədilər, həvəsləndirdiyin yaxşılıqlara müştaq olmadılar. (Əksinə), murdara (dünyaya) üz tutaraq onu yeməklə rüsvay oldular, onunla dostluğa razılaşdılar. Hər kim nəyə aşiq olarsa, bu məhəbbət onun gözünü kor, ürəyini xəstə edər. (Belə ki, onun eybini görməyərək çirkinliklərini də gözəl sanar.) Deməli, o, (dünyanın fəsadlarına) görməyən gözlə baxar, (həqiqətləri) eşitməyən qulaqla dinləyər. Əbəs istəklər onun ağlını didib, dünya ürəyini öldürərək özünə valeh edib. O, dünyanın və dünyadan əlində bir şey olanın bəndəsidir. Dünya hansı səmtə dönsə, ora dönər, hara üz tutsa, ora yönələr. Allah tərəfindən qadağanedici və nəsihətçi olandan (Qurani-Kərimdən) qəflətdən oyanmayıb, öyüd almır. Halbuki götürülmüşlərin necə də qəfil yaxalandıqlarını və pozmaq, dönüş və qayıdışa imkanı olmadıqlarını (Xudaya bizi dünyaya qaytarsan, əmr və fərmanlarına əməl edəcəyik demələri üçün imkanı olmadıqlarını), təsəvvür etmədiklərinin (ölümün) onları necə haqlayaraq rahatlıqla yaşadıqları dünyadan ayırdığını, vəd olunan axirətə çatdırdıqlarını görürlər. Onların başına gələn çətinliklər vəsf olunmaz. Can verməyin çətinliyi, əldən gedənə görə qəm və kədər onları bürüyür, əl-ayaqlarını süstləşdirir və rənglərini dəyişir. Ondan sonra onlarda ölümün təsiri artır, hər birinin özü ilə sözü arasına maneə düşür. (Söz danışa bilmir.) Öz əhli-əyalı arasında gözü ilə (onların iztirab və narahatlıqlarını) görür, qulağı ilə (onların ah-naləsini) eşidir, ağlı yerində, fəhmi bərqərardır. Ömrünü necə başa vurduğunu, ruzigarını necə keçirdiyini fikirləşir. Topladığı malları, onları qazanmaq üçün (halala və harama) göz yumduğunu, onları (halallığı və haramlığı) aşkar və şübhəli yerlərdən əldə etdiyini yada salır. Doğrudan da o, mal-dövlət toplamağın ziyanlarına (ona görə olan cəzalara) düçar olub və onlardan ayrıldığında (bundan) agah olub. Bu mal-dövlət ondan sonra həmin naz-nemətdən istifadə edib xoş günlər keçirən sağ insanlara qalacaq. Deməli, o mal-dövlətin rahatlığı (onun xoş güzəranı) ondan qeyrisi üçündür və o yükün dəyəri (məsuliyyəti) isə onun kürəyindədir. Həmin kişi də o mal-dövlətin girovundadır. (O mal-dövlətin hesab-kitabından qurtulmayıb və qaçmağa yolu yoxdur.) Ölüm vaxtı ona aşkar olanların (çətinliklərin) təsirindən peşman olaraq əlini dişləriylə gəmirər, həyatı boyunca meyl etdiklərinə meylsiz olar. Arzu edər ki, ey kaş o malları özü yox, məqam və rütbəsini arzuladığı, malına həsəd apardığı başqa bir şəxs yığaydı. Ölüm (izləri) onun qulaqları da dili kimi işdən düşənə (heç bir söz eşitməyənə) qədər ardı-arası kəsilmədən onun bədənində görünər. Öz əhli-əyalı arasında elə hala düşər ki, nə dinib danışar, nə qulağı eşidər, öz gözlərini onların üzlərinə baxmaq üçün açar, onların dillərinin hərəkətini görüb sözlərini eşitməz. Sonra ölüm (izləri) daha da artıb ondan yapışacaq, qulaqlarını bürüdüyü (heç nə eşitmədiyi) kimi gözlərini də bürüyəcək (artıq heç nə görməyəcək) və canı bədənindən çıxacaq. Beləliklə, öz əhli-əyalı arasında murdar bir ət olar ki, ondan qorxaraq uzaq durarlar. Nə ağlayana yoldaşlıq edər, nə də çağırana cavab verər. Bundan sonra onu götürüb yerdəki (son) mənzilinə (qəbrə) gətirəcək və onu orada (tənha qoyub) əməlinə tapşıracaq, onu görməkdən əl çəkəcəklər.

 

(Daha sonra İmam əleyhis-salam qiyamət günü yaradılmışların necə geri dönəcəyini şərh edir.) O zaman ki Allah-təalanın insanlar üçün təyin etdiyi vaxt qurtaracaq, aləmin müqəddəratı bitəcək və yaradılmışların axırı əvvəlinə qovuşacaq (hamı öləcək) və Allahın istədiyi insanların yeniləşməsi (ölülərin dirilməsi) üçün fərmanı çatacaq. (O zaman) Səmanı hərəkətə gətirib yaracaq, yeri alt-üst edərək titrədəcək, dağları yerindən qopararaq ətrafa dağıdacaq, Allahın heybət, cəlal, əzəmət və qələbəsinin qorxusundan dağlardan bəziləri-bəzilərinə çırpılacaq. Yerin altında kim varsa, hamısını üzə çıxardacaq. Deməli, onları köhnəldikdən sonra yeniləşdirib, üzvləri dağıldıqdan sonra bir yerə yığacaq. Sonra gizli iş və əməllərinə görə sorğu-sual etmək istədiyi üçün onları bir-birindən ayıracaq. Onları iki dəstəyə ayırıb (dünyada yaxşı işlər görüb itaət edən) bir dəstəyə nemət əta edəcək, (pislik edib itaətsiz olan) dəstədən intiqam alacaq. Ancaq itaət əhlinin mükafatını rəhmətində qərar verəcək, Öz əbədi cənnətində yerləşdirəcək. Elə bir cənnət ki, daxil olanlar bir daha ondan çıxmaz, (isti, soyuq, qocalıq, cavanlıq və bu kimi şeylərlə) halları dəyişməz, qorxu onlara üz tutmaz, xəstəliyə mübtəla olmazlar, təhlükə ilə üzləşmədikləri, səfərlərin onları dəyişib (qəribçiliyin qəm-kədərini, evdən uzaqlığın qüssəsini çəkməmələri üçün) bir yerdən başqa yerə aparmaz. Ancaq günah əhlinin cəzası budur ki, onları ən pis yerə (cəhənnəmə) daxil edəcək, əllərini boyunlarına keçirəcək, alınlarının tüklərini ayaqlarına bağlayacaq və əyinlərinə (çox pis qoxulu yağ olan) qətran köynək, alov saçan paltarlar geydirəcək. İstisi çox yandıran əzabda, qapıları (çölə çıxa bilməmələri üçün) sakinlərinin üzünə bağlı olan evdə qalacaqlar. Çox yandırıcı, hay-həşiri, alovu ərşə çıxan və qorxunc səsli atəşdədirlər. O atəşdə olanlar çölə çıxmaz, ona əsir düşəndən fidyə (əsiri azad etmək üçün verilən mala deyilir) qəbul olunmaz, (çünki cəhənnəm odunda yananın özünü qurtarmaq üçün verməyə malı olmaz, tutaq ki, olsa belə, qəbul edilməz), qandal və bəndləri sınmaz. Onun üçün bir müddət yoxdur ki, sona yetsin, nə də onun sakinləri üçün müəyyən zaman var ki, başa çatsın. (Və onları əzabdan qurtarsın. اللّهُمَّ إنّا نَعُوذُ مِنْها بِرَحْمَتِكَ الَّتِى سَبَقَتْ غَضَبَكَ İlahi Sənin qəzəbindən öndə olan rəhmətinə pənah gətiririk.)

  
Bu xütbənin bir hissəsi Həzrət Peyğəmbərin səlləllahu əleyhi və alih (və o Həzrətin vəsilərinin) vəsfi barəsindədir 

Həzrət Peyğəmbər dünyanı kiçik görürdü, onu xırda sanırdı (ona ürək bağlamadı) və ona əhəmiyyət verməyib onu aşağı hesab etdi. Bilirdi ki, Allah-təala onu seçib və dünyanı (məhəbbət və dostluğunu) ondan uzaqlaşdırıb, kiçik və aşağı olduğuna görə onu Həzrətdən qeyrisinin nəzərində cilvələndirdi. (Dünyanı dünyapərəstlərə nəsib etdi.) O böyük şəxs də qəlbən dünyadan üz döndərib meylsizlik etdi və ya onu yada salmağı öz nəfsindən uzaqlaşdırdı (onu xatırlamaqla məşğul olmadı). Onun zinətindən bəzənmiş paltar istəməmək və ya orada yaşamağı arzulamamaq üçün dünyanın zinət və bəzəyinə baxmamağı sevərdi. Allahının tərəfindən (dəlil və sübutla) hökmləri təbliğ etdi, ümmətini və ardıcıllarını (ilahi əzabla) qorxudub öyüd-nəsihət verdi, onları müjdələyərək Behiştə dəvət etdi.

 

(Biz on iki İmam əleyhimus-salam) Peyğəmbərlik şəcərəsindənik. İlahi risalət və sifarişin endiyi, mələklərin gedib-gəldiyi bir xanədandanıq. Biz mərifət və bilik mədənləri, hikmət çeşmələriyik. Bizim dost və yarlarımız ilahi rəhmətin intizarındadırlar. Düşmən və bədxahlarımız Allahın qəzəbinə hazırdır. (Əhli-beytin düşmənləri mütləq qəzəbə düçar olacaqlarına görə bu ilahi əzablarını gözləmiş olmaları kimidir.)

  
109-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Allaha yaxın olmağın və İslamın əlamətlərini qoruyub saxlamağın yolları barədə) xütbələrindəndir.

 

Allah-təalaya tərəf yaxınlaşmağın ən yaxşı yolu (ondur, onların birincisi) Allahın birliyini, vahidliyini və Onun elçisinin (Məhəmmədin - səlləllahu əleyhi və alih -) peyğəmbərliyini təsdiqləyib etiraf etməkdir. (İkincisi) İslamın (əzəmətli sütununun) ucalmasına səbəb olan Allah yolunda (kafirlərə və dinin düşmənlərinə qarşı) cihad və müharibə etməkdir. (Üçüncüsü) (İlahi bəndələr üçün) fitri və təbii olan ixlas kəlməsidir (La ilahə illəllah deməkdir). (Dördüncüsü) İslam dininin dinlik nişanəsi (dinin ən böyük sütunu) olan namaz qılmaqdır. (Əzəmət və əhəmiyyətinə görə onu dinin özü adlandırmışdır.) (Beşincisi) Allah tərəfindən müəyyən edilmiş pay olan zəkatdır. Onu ödəmək (imkanı olanlara) vacibdir. (Altıncısı) əzab üçün sipər olan Ramazan ayının orucudur. (Yeddincisi) Allahın evinə Həcc ziyarətinə getmək, onun Ümrə əməllərini yerinə yetirməkdir. Həcc və Ümrə yoxsulluğu, pərişanlığı aradan götürər, günahı yuyub paklaşdırar. (Səkkizincisi) Malın, sərvətin artmasına və ömrün uzanmasına səbəb olan sileyi-rəhm (qohum-əqrəbaya yaxşılıq edib xeyir vermək). (Doqquzuncusu) Sədəqədir (yoxsullara və əlacsızlara edilən ehsandır). Gizli verilən sədəqə günahı örtər. (Buna görə Allah-təala müsibət və günahın nəticələrini azaldar.) Aşkar sədəqə pis ölümü (qəfil ölüm, suda batmaq, yanmaq, dağıntıların altında qalmaq və bu kimi ölümləri) dəf edər. (Onuncusu) Bəyənilmiş işlər görmək (yaxşılıq, xeyirxahlıq və qardaşların arasını düzəltmək). Yaxşı əməllər insanı zillət və xarlığa düçar olmaqdan qoruyar. (Yaxşı əməl sahibi dünyada və axirətdə başıuca olaraq zillətə və bədbəxtliyə düçar olmayacaq.)

 

Allahı xatırlamağa tələsin ki, Allahı anmaq zikrlərin ən yaxşısıdır. Pərhizkarlara vəd verdiyinə (cənnətə) rəğbət göstərin ki, Onun vədi ən doğru vəddir. Öz peyğəmbərinizin hidayəti və göstərdiyi yolla gedin ki, onun yol göstərməyi hidayətlərin ən üstünüdür. Onun sünnəsi və yoluna uyğun rəftar edin. Çünki onun yolu ən doğru yolgöstərən sünnə və yoldur.

 

Ən yaxşı deyim olan Quranı öyrənin. Ondakılar barədə fikirləşib düşünün ki, Quran qəlblərin baharıdır. (Ürəkdə elm və hikmətin hər cür güllərini bitirir.) Onun hidayət nuru ilə (cəhalət və nadanlıq xəstəliyindən) şəfa diləyin ki, Quran sinələrin (xəstəliklərinin) şəfasıdır. Onu gözəl oxuyun (sözlərini səhvsiz oxuyub mənasına riayət edin və hökmləri barədə düşünün) ki, o, deyimlərin ən faydalısıdır. (Quranı bilənin rəftarı onun göstərişinə uyğun olmalıdır. Çünki) Elminin ziddinə hərəkət edən alim cəhalət və nadanlıqdan özünə gəlməyən cahil və nadana bənzəyir. (Elmin faydası olmayan yerdə bir tədbir qalmaz.) Əksinə, onun aqibəti üçün dəlil və sübut (Qiyamət günündə cahilə əzab üçün olan dəlil və sübutdan) daha çox, həsrət və kədəri daha artıq, Allah yanında məzəmmət və qınağı daha boldur.

  
110-CU XÜTBƏ 

İmam Əli əleyhis-salamın (dünyanı məzəmmət etdiyi və ondan uzaqlaşmaq barədə) xütbələrindəndir.

 

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra, sizləri dünyadan (ona ürək bağlamaqdan) çəkindirirəm. Çünki dünya (dünyapərəstlərin ağzında) şirin və (onların nəzərində) yam-yaşıldır. Şəhvətlərə və əbəs istəklərə bürünmüşdür. Tez ötüb-keçən mal-dövləti ilə (istəyənlərinə) dostluq izhar edər, azacıq zivərləri ilə (camaatı) heyrətə salaraq şad edər. (Yersiz və güvənilməyən) Arzular və (nadanları) aldatmaq üçün özünü bəzəmişdir (öz istəyənlərinin din və dünya sərmayələrini oğurlamaq üçün özünü fahişə kimi bəzər). Onun şadlığı sabit deyil, dərd və kədərindən rahatlıq yoxdur, çox aldadıcı və ziyankardır. Halları dəyişəndir. Fani, məhv və puç olacaq. (Hamını) həlak edən qarınquludur (yerin qa ı heç vaxt insandan doymaz və ruzigarın gərdişi insanları məhv etməkdən usanmaz). Ondan razı olan dünyapərəstlərin arzusu başa çatan zaman dünya olduğundan qabağa getməyəcək. Necə ki, Allah-təala (Qurani-Kərimin Kəhf surəsinin 45-ci ayəsində) buyurub: كَمَاءٍ أَنْزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ الرِّيَاحُ وَكَانَ اللَّهُ عَلَى كُلِّ شَيْءٍ مُّقْتَدِرًا yəni: Dünya göydən yağdırdığımız yağmura qarışıb (onunla yetişən), sonra sübh çağı (səhəri gün) dönüb küləyin sovurduğu quru çör-çöp olan yerdəki bitkiyə bənzəyir. Allah hər şeyə (hər bir işə) qadirdir. (Dünyanın rahatlığı və xoşgüzəranlığı qısa zaman ərzində quruyub varlığı fanilik küləyilə sovrulan yam-yaşıl bitkiyə bənzəyir.) Kimsə dünya malından boğaz qurudan göz yaşlarından (qəm və kədərdən) başqa sevinc və şadlıq görmədi. Pisliklərinin vurduğu ziyandan başqa bir kimsəyə xoş üz göstərmədi. (Dünyaya arxa çevirərək nemətini ondan almasından başqa heç kəs öz istəyi ilə dünyadan öz qa ını doydurmadı və öz arzusuna çatmadı.) Bu dünyada bəla buludu üstünə dalbadal yağış yağdırmaqdan savayı dolu yağışlar onu xoşbəxt eləmədi. (Dünyanın işi belə olduğuna görə) layiqdir ki, (dünya) səhərin erkən çağlarında insanın dostu, yarı olub ona yoldaşlıq etsin və gecə dəyişərək düşməninə çevrilsin. Onun bir tərəfi şirin və şəffaf olsa da başqa bir tərəfi acı və (öldürücü xəstəlik olan) vəbalıdır. Heç kəs müsibət və kədərlərinin ağrı-acısını dadmaqdan savayı onun xoşluğundan muradına yetməz, səhərini xof və qorxu qanadlarında açmadan bir gecəni belə rahatlıq və asayiş qanadında başa vurmaz. Çox aldadıcıdır. Onda nə varsa, hamısını aldadar. Fani olasıdır, ondakıların hamısı fani olar. Təqva və pərhizkarlıqdan başqa onun azuqələrinin heç birində xeyir və yaxşılıq yoxdur. Hər kim dünya malından azacıq qazansa, onu (qiyamətdə hesab-kitabın ağırlığından) çox qoruyacaq bir şey əldə etmişdir. Hər kim çox qazansa, (hesab-kitab vaxtı) onu həlak edəcək, (dünyada da) tezliklə zay olacaq bir şeyə sahib olmuşdur. Nə çoxdur dünyaya etimad edib ona ürək bağlayan, dünyanın isə dərdə saldığı insanlar. Nə çoxdur dünyadan əmin olan və dünyanın isə yerə sərdiyi insanlar. Nə çoxdur böyük məqam sahibi olan və dünyanın isə kiçildərək alçaltdığı kimsələr. Nə çoxdur fəxr edən və özündən razı olan, dünyanın isə zəlil, xar etdiyi kimsələr. Dünyanın səltənəti və rəhbərliyi dövredicidir (gah ona, gah buna) və onun xoş güzəranı (küdurətlə) bulanıqdır. Onun (dünyapərəstlər üçün təmiz olan) saf suyu (aqil və gözüaçıq insanlar üçün) şor və çirklidir. Onun şirinliyi ağacın şirəsi kimi çox acıdır. Onun təamı ölümcül zəhərlər, vasitələri (ona ürək bağlanan şeyləri) çürümüş və tikə-tikə olmuş kəndirlər kimidir. Onun dirisi ölümə, sağlamı isə xəstəliyə doğru hərəkət edir. Onun hakimiyyəti əldən çıxmış, dəyərlisi əlaltı olmuş, varlısı müsibətə düşmüş, qonşusunun (dünyada yaşayanın) malı qarət edilmişdir.

 

Sizdən əvvəlkilərin olduğu yerlərdə deyilsinizmi? Hələ onların ömürləri daha uzun, izləri daha qalımlı, arzuları daha çox, insanları daha hazır və qoşunları daha sıx idi. Dünyaya necə vardısa, elə də pərəstiş edib seçdilər. Sonra dünyadan özləri ilə yola götürəcək azuqəsiz, yol getmək üçün miniksiz köçdülər (öldülər). Sizlər (ata-babalarınızın öldüyü vaxt) dünyanın özünü (və ya kimsəni ölməmələri üçün) fidyə verdiyini və ya onlara yoldaşlıq etdiyini, yaxşılığa görə onlara kömək etdiyini eşitmisinizmi? (Xeyr!!!) Əksinə, ömürlərinin dirəklərini çətinliklər və dərdli müsibətlərlə laxladaraq tərpədib və üzlərini, alınlarını torpağa sürtüb, mehtərlərinin əl-ayaqlarını təpiklə döyəcləyib. Köməkliyi bu olub ki, ruzigarın ağır hadisələrini başlarına gətirib. Belə isə, dünyanın ona yaxınlaşıb onu seçənlərə və etimad edənlərə dəyişdiyini və tanımsızlığını (düşmənçiliyini) gördünüzmü? Hətta ondan həmişəlik ayrılaraq köçdülər (bir daha onlar üçün qayıdış yoxdur). Onlara aclıqdan başqa bir azuqə, darısqallıqdan (gor) başqa bir yer, qaranlıqdan (qəbir) başqa bir işıq verdimi? Onların dalınca çətinliklərə görə peşmançılıqdan başqa bir şey tədarük gördümü? Belə bir (vəfasız) dünyanı seçir, ona ürək bağlayır, onu əldə etməyə tamahlanıb çalışırsınız? Ona bədgümanlıq etməyib orada yaşayanda təhlükəsindən qorxu-hürküsü olmayan üçün pis bir saraydır. Özünüz bilsəniz də agah olun ki, (əvvəl-axır) dünyanı tərk edib ondan köçəcəksiniz. Güc və qüdrətdə bizdən üstün olan varmı? deyənlərdən ibrət alın. (Hamısı öldülər və) taxta miniklərə mindirilib gorlarına tərəf aparıldılar. Onlara süvari demirlər (çünki süvari miniyinin ixtiyarı əlində olana deyilir). Gorlarına qoysalar da onlara qonaq demirlər. (Çünki qonaq öz ayağı ilə bir yerə gedər və ona qulluq edərlər.) Onlar üçün yerin dibindən qəbirlər, torpaqdan kəfənlər, çürümüş və sınıq sümüklərdən qonşular müəyyən olundu. Onlar elə qonşudurlar ki, çağırana cavab verməz, (özlərinə edilən) zülm və sitəmin qabağını almaz, növhəyə etina etməzlər. Üstlərinə yağış yağsa, şadlanmaz, yoxsulluq üz versə, ümidsiz olmazlar. (Dünyanın qəm, kədər və çətinliyindən azad, özlərinə qapalıdırlar.) Hamılıqla bir yerdədirlər və tənhadırlar, qonşudurlar və bir-birindən uzaqdırlar. (Çünki bir-birlərinin vəziyyətindən xəbərləri yoxdur.) Bir-birləri ilə yaxındırlar və görüşmürlər, qohumdurlar və qohumluqlarını bildirmirlər. Səbrlidirlər və ürəklərində kin yoxdur, nadandırlar (heç nəyi dərk edib anlamırlar) və kinləri aradan getmişdir. Onların qəm və kədərindən kimsə qorxmur, onların köməyinə, yoldaşlıqlarına ümid də yoxdur. Yerin üstünü altına, (dünyanın) genişliyini darlığa (qəbrə), öz əhli və dostları ilə olmağı qəribçilik və tənhalığa, işıqlığı qaranlığa çevirmişlər. Torpaqdan lüt-üryan ayrıldıqları (yarandıqları) kimi yerin təkinə gəldilər (qayıtdılar). Öz əməl və işləri ilə dünyadan həmişəlik həyata və əbədi saraya köçdülər. (Orada yenidən diriləcək və bir daha ölməyəcəklər, istər yaxşı, istərsə də pis əməl sahibi olsunlar.) Allah-təala (Qurani-Kərimin Ənbiya surəsinin 104-cü ayəsində) buyurur: كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُّعِيدُهُ وَعْدًا عَلَيْنَا إِنَّا كُنَّا فَاعِلِينَ İnsanları ilk dəfə yaratdığımız kimi dirildib əvvəlki halına salarıq. Bizim bu vədimiz mütləqdir, onu yerinə yetirəcəyik.

  
111-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın ölüm mələyi (əleyhis-salam) və onun insanların ruhunu almasını xatırladığı xütbələrindəndir. (Allah-təalanın zatının əslinin dərkedilməz olmasına da işarə buyurur.)

 

Onu (can almaq üçün) mənzilə daxil olarkən hiss edib başa düşürsənmi? Yaxud da onu can alanda görürsənmi? (Xeyr!!!) (Heyrətləndiricidir ki,) anasının qa ında olan uşağın ruhunu necə alır? Anasının bəzi üzvlərindənmi ona yol tapır? Yoxsa ruh Allahının izn və fərmanı ilə Ona tərəf gedir? Yaxud ölüm mələyi uşaqla birlikdə onun anasının daxilində məskunlaşıb? Özü kimi olan (yoxluqdan vücuda gələn) məxluqu (ölüm mələyini) vəsf etmək gücündə olmayan öz Allahını necə vəsf edər?

  
112-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (dünyanı məzəmmət və axirətə təşviq etdiyi) xütbələrindəndir.

 

Sizi dünyadan çəkindirirəm, çünki dünya sabit yer deyil. Ora su və bitki istəyəcəyiniz (rahat qalacağınız) eniləsi yer deyil. Özünü aldadıcı şeylərlə bəzəmiş və öz bəzək-düzəyi ilə (camaatı) aldatmışdır. Allahının yanında xar və alçaq bir saraydır. (Bu səbəbdən də) Onun halalını haramla, yaxşısını pislə, həyatını ölümlə və şirinini acı ilə qarışdırdı. Allah-təala onu dostları üçün saf və sağlam yaratmamış (əksinə, darlıq və çətinlikləri onlara nəsib etmişdir) və onu düşmənlərinə verməyə xəsislik etməmişdir. Xeyri və yaxşılığı az, (deməli, himmət sahiblərinin ona rəğbəti yoxdur) şəri və pisliyi hazırdır (deməli, onda amanda deyillər). Başına toplaşanlar fani və məhv, abadlığı xarab olar, dövləti əldən çıxar. (Deməli, ağıllı insanlar ona ürək bağlamazlar.) Uçuq-sökük bina kimi dağılacaq sarayda nə xeyir və yaxşılıq olar? Bəs o sarayda azuqəsi yeyilib qurtaran kimi başa çatan ömürdən necə? Bəs yolun keçilməsitək sonu yetişən müddətdən necə? Allahın sizə vacib qıldığını öz istəklərinizə çevirin. (İbadət və bəndəliyi qazanmaq üçün səy göstərib çalışın.) Sizdən istədiyini (fərmanına əməl etməyi) yerinə yetirmək üçün Ondan kömək və yardım istəyin. (Heç vaxt bu istəkdən qəflətdə qalmaq olmaz. Çünki əbədi xoşbəxtliyi qazanmağın mənşəyi diləyən hər kimsəyə əta etdiyi uğurdur.) Ölümün dəvətini, sizləri çağırmamış öz qulaqlarınıza eşitdirin (çox təhlükəli bir yola azuqə yığın ki, öləndə əliboş olarsınız). Zahid insanlar bu dünyada (zahirdə) gülsələr də, ürəkləri (Allah xofundan) ağlayar, (nəzərlərdə) şad görünsələr də (ilahi əzabdan) kədər və hüznləri ağırdır. Onlara verilənlərə (vəziyyətlərinin yaxşılığına) görə qibtə edilsələr də (ibadət və bəndəlikdə olan təqsirlərə görə) nəfslərinə olan qəzəbləri çoxdur. Ölümü xatırlamaq qəlblərinizdən qaçıb-gizlənmiş (onun çətinliklərini nəzərə almırsınız) və sizi yalan arzular bürümüşdür. Deməli, dünya sizlərə axirətdən daha çox hakim kəsilmiş, keçici dünya əbədi və daimi axirətdən daha çox sizləri özünə tərəf çəkmişdir. Allahın dinində siz hamınız (bir) qardaşsınız. Batinlərin natəmizliyi və düşüncələrin pisliyindən başqa bir şey sizlərin arasına ayrılıq salmayıb. Buna görə də bir-birinizin yükünü götürmür, (heç bir işdə bir-birinizə kömək etmir), öyüd-nəsihət vermir, (ehtiyaclı günlərinizdə) bir-birinizə yaxşılıq və xeyiriniz çatmır, dostluq etmirsiniz! Sizlərə nə olub ki, dünyanın azını tapanda sevinirsiniz, məhrum qaldığınız axirətin çoxunu itirməyiniz isə sizləri kədərləndirmir? Dünyanın (malının) azının əlinizdən çıxması sizə iztirab verib narahat edir. Əldən verdiyinizin narahatlığı və iztirabı sizin üzlərinizdə və dözümünüzün azlığında aşkara çıxır. Sanki dünya sizin əbədi məkanınız, onun malı isə sizin üçün həmişəlik qalandır!!! Eyblərinizin üzünüzə deyilmək qorxusundan başqa heç nə sizlərdən heç kimi öz (din) qardaşı ilə görüşdə onun eybini deməkdən və barəsində pis danışmaqdan çəkindirməz. Doğrudan da axirəti əldən verib dünya ilə dostlaşmaqda bir-birinizə əsl dost olmusunuz. Sizin hər birinizin dini onun dili ilə yalaması qədərdir (dildə etiraf edib ürəyinizdə inanmırsınız). Sizin belə rəftarınız öz əxlaqından uzaqlaşaraq ağasının razılığına şərait yaradanın işinə bənzəyir (buna görə də istədiyiniz hər bir işi əminliklə görürsünüz).

  
113-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (təqva və pərhizkarlığa çağırdığı, dünyanı məzəmmət etdiyi, dünyadan uzaqlaşıb axirətə yaxınlaşmağa təşviq etdiyi) xütbələrindəndir.

 

Həmd və şükrlər O Allaha məxsusdur ki, həmdi nemətlərlə və nemətləri şükrlə bağlayıb (nemətlərin müqabilində həmd etməyi vacib buyurub və eyni zamanda şükr etməyi nemətin bolluğunun səbəbinə çevirib). Bəlalarına görə şükr etdiyimiz kimi nemətlərinə də həmd edirik. Boynuna vəzifə qoyulmuş şeyə (ibadət və bəndəliyə) süstlük, tənbəllik edən, yerinə yetirilməsi qadağan olunmuş şeyə (günah və itaətsizliyə) tələsən nəfslərin müqabilində Səndən kömək və yardım istəyirik. Onun elminin əhatə etdiyi və kitabının (bəndələrin əməllərinin qeydə alınması üçün təyin etdiyi Lövhi-məhfuzun) hamısını qeyd etdiyi günahlara görə Ondan bağışlanmaq diləyirik. Elə bir elm ki, qüsurlu və məhdud deyil (böyük və kiçik günahları bilir) və heç nəyi buraxmayan (heç nəyin qeydi unudulmayan) kitab gizlinləri (ölümün ağrı-acılarını, qəbr evinin sorğu-sualının, qiyamət günü hesab-kitabın ağırılığını və s.) aşkar görən, vəd edilmişlərə (pərhizkarlara əbədi cənnət, günahkarlara isə həmişəlik yanan atəşə) agah olan şəxsin imanı tək Ona iman gətiririk. Elə bir iman ki, ixlası ilə şirki silib atar (insanı təkallahlı edər), yəqinliyi ilə şəkk-şübhəni aradan götürər (buna görə də əsil möminlər Allahın, Peyğəmbərin və onun vəsilərinin əmrlərinə dərhal əməl edərlər). Şəhadət veririk ki, şəriki olmayan tək Allahdan başqa layiqli məbud yoxdur. Şəhadət veririk ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir. (Səmimi qəlbdən və saf niyyətlə verilmiş) bu iki şəhadət (gözəl) sözləri və (bəyənilmiş) əməlləri yüksəldir. (Allah dərgahında qəbul olunar. Sözdə və əməldə ibadətin qəbulu da bu iki aydın əsasın deyilməsi və inanılmasından asılıdır.) Bu iki şəhadətin qoyulduğu tərəzinin gözü yüngül olmaz və iki şəhadətin götürüldüyü tərəzinin gözü ağır gəlməz (bu iki şəhadətə iman olmasa, heç bir əməl qəbul olunmaz).

 

Ey Allahın bəndələri! Sizə (axirət səfərinə) azuqəni, (ilahi əzabdan) pənah olan təqvanı və Allahdan qorxmağı tapşırıram. Bu, (sahibini mənzil başına) çatdıran azuqə və (çətinlikdən) azad edən bir pənah yeridir. Ən yaxşı eşidən, dəvət edən (Həzrət Peyğəmbər) camaatı ona dəvət etdi və ən yaxşı dərk edən (İmam əleyhis-salam) onu dərk etdi (ona əməl etdi). Dəvət edən onu eşitdirdi, dərk edən isə nicat tapdı.

 

Ey Allahın bəndələri! Təqva və Allah qorxusu Tanrının dostlarını haram iş görməkdən saxlayır, (əzab) xof və qorxusunu ürəklərində yerləşdirir. Belə ki, onları gecələr (namaz üçün) oyaq və istinin cırhacırında (oruc üçün) təşnə saxlayır. Deməli, (axirət) dincliyini (dünyada) əziyyətə və (o günün) sirablığını (bu günün) susuzluğuna dəyişdilər. Ölümü yaxın bilərək yaxşı işlər görməyə tələsdilər, arzunu yalan sanaraq ömrün başa çatmasını nəzərdə tutdular. Deməli, dünya məhv olası bir saray, əziyyət, halların dəyişməsi və ibrətdir. Fanilik və yoxluq vəsilələrindən biri də ruzigarın (məhv etmək üçün) oxunu kamanın çilləsinə qoymasıdır. Onun oxları boşa çıxmaz, yaraları sağalmaz, ölüm oxunu diriyə, xəstəlik oxunu sağlama, çətinlik və əziyyət oxunu xilaskara tərəf atar. Qa ı doymayan yeyən, susuzluğu yatmayan içəndir.

 

Əzab-əziyyət vasitələrindən biri də insanın yeməyəcəyi bir şeyi hazırlaması, yaşamayacağı evi tikməsi, sonra da malını götürmədən və binanı özü ilə aparmadan Allahın yanına getməsidir (dünyadan köçməsidir, boş əllə, evsiz-eşiksiz və əbədi həsrətlə köçür). Halların dəyişməsinin nümunəsi isə budur ki, (yoxsulluğuna və pərişanlığına görə) rəhm olunan bir kişiyə (indi xoş güzəranına və imkanına görə) qibtə edilir, (sərvət və nemətinin çoxluğuna görə) qibtə olunana isə (indi zəlilliyinə və çarəsizliyinə görə) rəhm edirlər. Bu ürək acıması (onun əlindən) getmiş nemətə və (onun yerinə) gələn çətinlikdən başqa bir şeyə görə deyil. İbrətlərdən biri budur ki, bir insan (ömrünü sərf edib çox əziyyətdən sonra) arzusuna çatmağa yaxınlaşan vaxt ölüm ümidini kəsir. Nə arzusuna yetir (ki, yaxşı yaşasın), nə də (ölümün çəngindən) xilas olur (ki, hər halda, ümidsiz olsa belə, yaşasın). İlahi, (əcəba,) bu nə olan şeydir ki, sevinci və şadlığı aldadıcıdır (belə ki, öz aşiqlərini ibadət və bəndəlikdən çəkindirir) və doyanları (axirətdə) susayar, kölgəsi (cəhənnəmdə) istilik yaradar? Nə gələcək (ölüm) keçəndir, nə də keçmiş (əldən çıxanlar) qayıdandır (ki, bir iş görsün). İlahi, (əcəba,) diri ona qoşulmaq üçün ölüyə nə qədər yaxın, ölü ondan əbədi ayrılığına görə diridən nə qədər də uzaqdır? Cəzasına görə çəkilən əzabdan başqa (dünyada) pislikdən alçaq bir şey, (axirətdə) onun üçün təyin olunan mükafatından qeyri (dünyada) yaxşılıqdan gözəl bir şey yoxdur. Dünya barədə eşitdiyiniz hər bir şeyin böyüklüyü onu görməkdən daha artıq, axirətdən gördüyünüz hər şey onu eşitməkdən daha mühümdür. Deməli, (axirətin vəziyyətini) eşitmək və (peyğəmbər, İmam vasitəsilə) qeybdən, gizlindən xəbər tutmağınız sizi görməkdən qane edər. Bilin ki, dünyada az çatıb axirətdə çox olması, axirətdə az çatıb, dünyada çox olmasından yaxşıdır. (Mükafatı əbədi cənnət olan haram dinar-dirhəmdən gözünü çəkmək əbədi əzab cəzası ilə onu yığmaqdan daha yaxşıdır). Deməli, azlığı xeyir gətirən və çoxluğu ziyan vuran nə qədər şey var! Sizə vəzifə edilənlər çəkindirildiyinizdən və qadağan olmuşlarınızdan daha geniş və asandır. Sizə halal edilənlər haram olunmuşlardan daha çoxdur. Belə isə çox üçün azdan əl çəkin, genişlik və asanlıq üçün darlığı və çətinliyi buraxın. (Dünya malını qazanmaq üçün bu qədər çalışmayın, çünki) sizin ruzinizə zəmanət verilib (mütləq sizə çatacaq) və saleh əmələ (Xaliqə ibadət və xalqa xidmətə) borclu edilmisiniz. Deməli, zəmanət verilmiş ruzini istəmək sizlərə vacib edilmiş saleh əməli yerinə yetirməkdən əvvələ keçməməlidir. Ancaq Allaha and olsun, (din və əqidələrinizə) şəkk, şübhə düşüb və əminliyiniz, inamınız sarsılıb. Sanki sizə zəmanət verilmiş (ruzi istəmək) vacibə çevrilmiş, sizlərə vacib qılınmış (saleh əməl görmək) isə boynunuzdan götürülmüşdür. Odur ki, əmələ (ibadət və xidmətə) tələsin və qəfil ölümdən qorxun. Çünki ruzinin qayıtmasına ümid olsa da ömrün qayıtmasına heç bir ümid yoxdur. (Deməli, əməldə qüsura yol vermək və ömrü ruzi istəməyə sərf etmək səhvdir.) Bu günün ruzisindən fövtə gedənin sabahın ruzisinin artırılmasına ümid var. Dünən ömürdən itənin bu gün qayıdacağına ümid yoxdur. Ümid gələcəkdə (ruzi), ümidsizlik isə (ömürdədir) keçmişdədir. Deməli, (Qurani-Kərimin Ali-İmran surəsinin 102-ci ayəsində buyurulduğu kimi:) اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُمْ مُّسْلِمُونَ İlahi əzabdan qorxun. Pərhizkar olun. Ona layiq bir pərhizkar. Müsəlman olmamış ölməyin (Allahın və Peyğəmbərin əmrlərinə əməl edin ki, müsəlman kimi öləsiniz).

  
114-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın yağış dilədiyi vaxt buyurduğu xütbələrindəndir.

 

İlahi, dağlarımız çatlayaraq quruyub, torpaqlarımız toza bələnib. Heyvanlarımız analar övladlarının müsibətində nalə çəkdikləri kimi susuzluqdan axurlarında heyran və sərgərdan qalıb nalə çəkirlər. Otlaqlara və su içdikləri yerə su həvəsi ilə gedib-gəlməkdən yorulub əldən düşüblər. İlahi, nalə edənlərin naləsinə və diləyənlərin arzusuna rəhm qıl. İlahi, heyvanların keçidlərdəki sərgərdanlığına və axurlarında (ot-ələf tapmadıqlarına görə) çəkdikləri naləyə rəhm et. İllərin qəhətçiliyi arıq (zəif, gücsüz və biçarə) dəvələr tək bizlərə üz tutduğu, yağış ehtimalı olan buludların əleyhimizə çıxdığı vaxt (buludlar görünüb ürəklərdə yağış yağacağına ümid yaratsalar da yağmırdılar) Sənin fəzl və kərəminə olan ümidlə (öz evlərimizdən) bayıra çıxdıq. Sən qəmlinin ümidi, istəyənin diləyini yerinə yetirənsən. Camaatın (hər yerdən) ümidinin üzüldüyü, buludların yağmamasından heyvanların öldüyü bir vaxt Səni çağırırıq (Səndən istəyirik) ki, bizi (çirkin) iş, əməl və günahlarımızla mühakimə etməyəsən. Çox yağmurlu bulud, buludlu bahar, heyrətamiz bərəkətli çiçəklərinlə, ölənləri (quruyanları) diriltdiyin, aradan gedəni (nemət və bolluq) qaytardığın iri dənəli bol yağışınla rəhmətini bizə şamil et. İlahi, Səndən dirildən, doyduran, çox, bütöv, yaxşı, bərəkətli, içməli və bitki bitirən su istəyirik. Çiçəkləri yetişsin, budaqları meyvə versin, yarpaqları təzə-tər olsun ki, aciz bəndələrini bədbəxtlikdən qurtarasan, ölmüş (qəhətlik görmüş) şəhərlərini dirildəsən (onların nemətini bol edəsən). İlahi, Səndən su istəyirik ki, onunla yüksəkdəki torpaqlarımız çiçəklə dolsun, enişlərimizdən (çay və arxlarda) axsın, ətraf və dövrəmizi (şəhər və kəndləri) bolluğa yetirsin, meyvələrimiz çoxalsın, heyvanlarımıza yaxşı olsun, bizdən uzaqda olan camaata da çatsın, həmişə günün altında olan yerlər (səhra və tarlalar) istifadə etsin (doysun). Ehtiyacı olan məxluqlarına, (çöllərə) buraxdığın (və azuqəsi olmayan) vəhşi heyvanlara geniş bərəkətindən və saysız kərəmindən bəxş et. Bizə rəvan, arası kəsilmədən yağan yağış göndər ki, torpaq islansın (quraqlıqdan xilas olsun). Elə bir yağış ki, başqa yağışı dəf etsin (damlaları sürətlə başqa damcıları yusun və sürət gətirsin). İşığı yağmursuz, üfüqdəki geniş buludu faydasız, səpələnmiş buludları ağ, az yağışı soyuq küləkli yağışdan olmasın ki, qəhətlik görənlər onun çiçəklərinin çoxluğundan firavanlığa (bol nemətə) çatsınlar, çətinlik görənlər onun bərəkətindən rahatlıq tapsınlar. Çünki Sən məxluqların ümidsiz olduğu vaxt yağış göndərir, rəhmətini (dünya əhlinə) şamil edirsən. Sənsən hakim və (ehsanı ilə) öyülən. (Seyyid Rəzi buyurur:)

 

Xütbədəki heyrətamiz kəlmələrin mənası budur:

 

İmam Əli əleyhis-salamın buyurduğu انْصاحَتْ جِبَالُنا yəni, dağlar quraqlıqdan parçalandı sözləri (ərəblər arasında) انصاحَ الثَوْبُ paltar sökülən kimi, eləcə də انْصاحَ النَّبْتُ وَ صاحَ وَ صَوَّحَ bitki tək soldu kimi də deyilir. O Həzrətin buyurduğu وَهامَتْ دَوابُّنا heyvanlarımız təşnədir sözündə هُيامٌ təşnəlik mənasında işlənmişdir. Həzrətin buyurduğu حَدَابِيرُ السِّنِينَ ifadəsində حَدابير sözü حِدْبَار-ın cəmidir. Yol getməkdən arıqlamış dəvə deməkdir. Xütbədə isə quraqlıq və susuzluq olan il belə dəvəyə bənzədilmişdir. (Ərəb şairlərindən biri) Zurrummə demişdir:

 

حَدَابِيرُ ما تَنْفَكُّ إِلّامُناخَةً عَلى الْخَسْفِ أَوْ تُرْمى بِهَا بَلَداً قَفْراً

 

Yəni: Onlar yol getməkdən arıqlamış dəvələrdilər ki, yalnız aclıq axurlarında və ya onları susuz, otsuz şəhərlərə aparanda bir-birindən ayrılırlar. O Həzrətin buyurduğu وَلاقَزَعٍ رَّبابُها cümləsindəki قَزَع səpələnmiş buludun kiçik parçalarına deyilir. O Həzrətin buyurduğu وَلاشَفّانٍ ذِهَابُها onun təqdiri (onda gizlənmiş söz) وَلا ذَاتَ شَفّانٍ ذِهَابُها deməkdir. شَفَّان soyuq külək ذِهَاب az yağış mənasını verir. Deməli, Həzrət (وَلا شَفَّانٍ ذِهَابُها cümləsində) dinləyicinin məsələdən xəbəri olduğuna görə ذَات sözünü çıxarmışdır.

  
115-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbəri mədh etdiyi və o böyük şəxsin bəzi sifətlərini bəyan etdiyi) xütbələrindəndir.

 

Böyük Yaradan Həzrət Mustafanı məxluqları Allah-təalanın yoluna dəvət etmək və (qiyamətdə) onların ibadətlərinə və günahlarına şahid, sübut olmaq üçün göndərdi. (O, vəzifənin icrasında) heç bir süstlük, təqsir və səhlənkarlıq olmadan Allahının hökmlərini təbliğ etdi, Allah yolunda onun düşmənləri ilə üzr, bəhanə gətirmədən və zəifliyi, gücsüzlüyü yaxına qoymadan döyüşdü. Odur pərhizkarların rəhbəri və hidayət olanların (doğru yolu taparaq xilas olmaq istəyənlərin) gözü.

  
Bu xütbənin (Həccac ibn Yusifin meydana gəlməsini, Kufə əhlinə hakim kəsilərək onlara etdiyi zülmü, sitəmləri xəbər verdiyi, çirkin əməllərinin nəticəsindən onları agah etdiyi) bir hissəsidir 

Mənim qeybdən bildiklərimi və sizə aşkar olmayanları (Həccacın fitnələrini) bilsəniz, əlbəttə, (öz evlərinizdən və başınızı balınca qoyub yatmaqdan əl çəkərək) quru torpağa (biyabanlara) üz tutarsınız (iztirab və narahatlıqdan biyabanlarda yaşamağı şəhərlərdən üstün tutarsınız). Gördüyünüz (çirkin) işlərə (Həccacın zülmü və qan tökmələri ilə nəticələnəcək öz İmamınızın göstərişlərinə əməl etməmənizə) görə uşağı öləndə sinə və üzlərinə şillə vuran, öz mallarını başsız, gözətçisiz buraxıb gedən arvadlar kimi ağlayarsınız. Sizlərdən hər bir kişinin başı özünə elə qarışacaq, çarəsiz qalacaq ki, başqasından xəbəri olmayacaq. Ancaq (indi rahat əyləşmisiniz və narahat deyilsiniz. Çünki mənim bildiklərimi bilmirsiniz və) sizə verilən öyüd-nəsihətləri (İmama itaət edib ardınca getmək barədə Həzrət Peyğəməbərin əmrlərini) unutdunuz. Sizi çəkindirdikləri (bəyənilməmiş rəftarınızın nəticəsində axır ki, zalım və qəddar xəlifələri sizə hakim edəcək) işlərdən rahat oldunuz. Buna görə də rəy və düşüncələriniz başıpozuq, işləriniz dağınıq və qarmaqarışıq oldu. (Həyatınızda necə rəftar etməli olduğunuzu bilmirsiniz və öz ayağınızla fitnə-fəsad alovuna girərək düşməni özünüzə hakim edəcəksiniz. Sizin bu yolunuz rüsvayçılıq olduğuna görə) istəyirəm ki, Allah mənimlə sizin aranızda ayrılıq salsın və məni sizlərdən daha layiq olanlara (Həzrət Peyğəmbərə, Həmzəyə, Cəfərə və zülm, sitəmi qəbul etməyənlərə) qovuşdursun. (Çünki) Allaha and olsun, onlar bəyənilmiş rəy və düşüncəli, çox helmli və səbrli kişilər, zülm və sitəmi rəva görməyən doğru, haqq söz sahibi idilər (azğınlıq yoluna qədəm qoymazdılar). Bir-birini ötməklə, qabaqlamaqla doğru yolla gedib aydın (hidayət və nicat) yoluna tələsdilər. Deməli, əbədi axirətə, gözəl şadlığa, eyşi-nuşa çatdılar (cənnət onların nəsibi oldu). Agah olun! And olsun Allaha, (cihadda süstlük və səhlənkarlığınıza, zalımların qarşısını almadığınıza görə işiniz o yerə çatacaq ki,) Bəni-Səqif qəbiləsindən bir oğlan (Həccac ibn Yusif) sizlərə hakim kəsiləcək, təkəbbüründən paltarını yerlə sürüyəcək. Haqdan üz döndərərək çox zülm, sitəm törədəcək, sizin göyərtinizi yeyəcək, (malınızı qəsb edəcək) və piyinizi əridəcək. (Sizi həmişə zülm və sitəmə məruz qoyub incidəcək.) Nəyin varsa gətir, ey Əbu Vəzəhə. (Seyyid Rəzi buyurur:)

 

Deyirəm: Vəzəhə deməkdə məqsəd xunfəsadır. (Bu sözün lüğətdə mənası xunfəsa deyil, Həccac onu xunfəsaya aid etmişdir).

 

Bu sözlər Həccacın gəlişinə işarədir. Həccacın vəzəhə ilə əhvalatı olub və burada onu bəyan etməyin yeri deyil.

  
116-CI XÜTBƏ 

İmam Əli əleyhis-salamın (öz səhabələrini məzəmmət etdiyi) kəlamlarındandır.

 

(Siz son dərəcə paxıl və xəsissiniz. Bu səbəbdən də) malları onları (məxluqlara) ruzi qərar verən üçün bağışlamır (kasıblara və zəiflərə ehsan etmirsiniz). Canları onu yaradanın yolunda təhlükəyə salmırsınız (özünüzü Allah yolunda cihada hazırlamırsınız). Allahın dininin səbəbinə Onun bəndələrinin yanında əziz, hörmətlisiniz, amma Allahı bəndələrinin yanında əziz tutmursunuz (Onun əmr və qadağalarına əməl etmirsiniz). Elə isə sizdən əvvəl olmuşların mənzillərində qərar tapmağınızdan, ən yaxın qardaş və dostlarınızdan ayrılmağınızdan ibrət götürün (ki, siz də onlar kimi bu dünyadan gedəcək və əməllərinizin cəzasına çatacaqsınız).

  
117-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Cəməl döyüşü qurtardıqdan sonra öz səhabələrini öyərkən) buyurduğu kəlamlarındandır.

 

Siz haqqa yardımçı, dində qardaş, çətin gündə (döyüş meydanında) sipər, sirr səhabələrinin xasları və başqalarının deyil, (mənim) dostlarımsız. Sizin köməyinizlə (haqqa) arxa çevirənlərə qılınc çalır, (haqqa) üz tutanların itaət və tabeçiliyinə ümid bağlayıram. Belə isə nadürüstlük və şübhənin yol tapmadığı öyüdlə mənə yardım edin (dediklərimi qəbul edin). Allaha and olsun, mən (İmamlıq və onlara rəhbərlikdə) camaat üçün ən layiqli insanam.

  
118-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Nəhrəvan döyüşündən sonra, Şam əhlinin İraq ətrafına hücum çəkərək camaata zülm və sitəm etdiyi vaxt) buyurduğu kəlamlarındandır.

 

O böyük şəxs (qoşun göndərmişdi və onlara kömək üçün başqa bir qoşun da göndərmək istəyirdi) camaatı yığaraq cihada təşviq etdi. Onlar uzun müddət sakit dayanaraq heç nə demədilər. Sonra İmam əleyhis-salam buyurdu: (Sizə nə olub?) Dilsiz-ağızsız olmusunuz, lalsınız (ki, bir söz danışmır və cihada getməyə süstlük edirsiniz)? Onların bir dəstəsi dedi: Ya Əmirəl-möminin. Əgər sən getsən, biz də səninlə gedərik. (Bu söz həqiqətə uyğun deyildi və döyüşə getməmək üçün bir bəhanə idi.) Sonra İmam əleyhis-salam buyurdu:

 

Sizə nə olub ki, haqqın yoluna gəlmir, doğru yola hidayət olmursunuz? Belə bir vaxtda mənim (döyüş üçün şəhərdən) çıxmağım yaraşan işdirmi? Belə vaxtda sizlərdən mənim bəyəndiyim və güclü, qüdrətli bir igid sərkərdə döyüşə gedər. Mənə yaraşmaz ki, qoşunu, şəhəri, beytülmalı, torpağa görə xəracın (yer vergisinin) yığılmasını, müsəlmanların idarəçiliyini, müraciətçilərin hüquqlarının təminini başlıbaşına buraxım və qoşunla bayıra çıxaraq (əvvəl göndərdiyim başqa) qoşunun ardınca gedib boş qutuda ox kimi hərəkət edim. (Xülasə, narahat və nigaran qalım.) Mən dəyirmanın qütbü və mismarıyam ki, dəyirman mənim ətrafımda fırlanır (işlərin nizam-intizamla davam etməsi, camaatın asayişi və qoşunun döyüş meydanında sıraya durması mənim burada olmağıma görədir). Mən öz yerimdəyəm. Mən buradan ayrılsam, dəyirman məhvərindən çıxar, aşağıdakı daşı titrəyər (əgər olmasam, işlərin nizamı pozular). Allaha and olsun, mənim sizinlə getməyim barədə fikir pis bir rəy və fikirdir (onun fitnə-fəsadı aydın görünür). And olsun Allaha, düşmənlə görüşdə şəhadətə (Allah yolunda ölümə)-əgər nəzərdə tutulubsa-ümidim olmasaydı, hər an atıma minib cənub və şimal küləkləri əsən vaxta qədər (həmişəlik) sizlərdən uzaqlaşar, sizə yoldaş olmaq istəməzdim. (Çünki) çox tənə vuran, eyb axtaran, haqdan üz döndərən, məkrli və hiyləgərsiniz. Sizin sayınızın çox, qəlblərinizin birliyinin az olmasının xeyri yoxdur. Sizləri yalnız (fitrətcə haqqı istəməyən) azğınlardan başqa kimsənin həlak və puç olmadığı haqq və aşkar yola yönəltdim. Müqavimət göstərib dayanan behiştə gedəcək, ayağı büdrəyən (batil yola qədəm qoyan) cəhənnəm oduna salınacaq.

  
119-CU XÜTBƏ 

İmam Əli əleyhis-salamın (özünü və məsum İmamlar əleyhimus-salamı mədh, camaata, onlara itaət etməyi əmr etdiyi, saleh əməllərə həvəsləndirdiyi və qiyamət gününün əzabının ağırlığını xatırlatdığı) kəlamlarındandır.

 

Allaha and olsun, göstərişləri çatdırmağı, vədlərə vəfa etməyi və bütün mənaları (Qurani-Kərimin təfsiri və təvilini) öyrəndim (Həzrət Peyğəmbər mənə öyrətdi). Elm və mərifət (biliklər və Allahı tanımağın) qapıları, (dində və dünyada qurtuluş üçün) işıqlı yol biz Əhli-beytin (İmam və o böyük insanın on bir övladının əleyhimus-salam) yanındadır. (Deməli, əbədi səadətə çatmaq və bədbəxtlikdən xilas olmaq üçün bizə itaət olunub ardımızca gedilməlidir.) Agah olun! Böyük Allahın dininin hökm və qanunları bir (bizim dediklərimiz elə Allahın Peyğəmbərinin buyuruqlarıdır və onlarda fərq yoxdur) və yolları isə hamardır (onda əyri-üyrülük, yəni, azğınlıq yoxdur). (Deməli,) hər kim bu hökmlərə tabe olub bu yola qədəm qoydusa, haqqa qovuşub ondan bəhrələndi. Hər kim bunu qəbul etmədisə (hökmlərə itaət etməyib bu yola qədəm qoymadı), azğın və peşman oldu. Azuqələrini onun üçün toplandığı və fikirlərin (yaxşı və pis niyyətlərin, şər və xeyir əməllərin) aşkar olduğu gündən (qiyamətdən) ötrü (Allah Peyğəmbər və məsum İmamların göstərişinə) əməl edin! Hər kimsəyə onun başındakı ağıl və düşüncəsi xeyir yetirməsə, ondan uzaqda, gizlində olan ağıl xeyir verməkdə daha aciz olar. Hərarəti yüksək, dərinliyi çox, bəzəyi dəmir və içməyi zərdab olan oddan qorxun.

 

Agah olun! Camaatın arasından Allah-təalanın bir kimsəyə əta etdiyi yaxşı ad ona minnətdar olmayan kimsə üçün miras qoyduğu var-dövlətdən daha yaxşıdır.

  
120-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Siffeyn döyüşündə baş vermiş Hərir gecəsi hadisəsindən sonra buyurduğu) kəlamlarındandır. (Hadisə haqda otuz altıncı xütbənin şərhində yığcam məlumat verilmişdir. Şam ordusu məğlub olub İraq qoşununda qələbə və fəthin nişanələrini gördükdə Əmr ibn Asın məkri, hiyləsilə döyüşdən əl çəkdilər və Quranları nizələrinə sancaraq iki hakimin qəzavətini xahiş etdilər. İraq qoşununun çoxu xahişi qəbul etsə də, İmam əleyhis-salam buna razı deyildi və onları xahişin qəbulundan çəkindirdi. Onlarsa çox israr edərək onların xahişini qəbul etməsən, Osman ibn Əffanı öldürdüyümüz kimi səni də öldürərik dedilər. Həzrət onların israrı və çirkin sözlərinin nəticəsində hakimliklə razılaşaraq ordusuna onu qəbul etməyə icazə verdi.) Səhabələrindən biri ayağa qalxaraq dedi: Bizi (iki hakimin) qəzavətə razılaşmaqdan çəkindirib sonra ona əmr etdin. Başa düşmədik ki, bu iki əmrdən hansı doğru yola, hidayətə daha yaxındır? İmam əleyhis-salam əlini əlinə çırparaq buyurdu:

 

Bu (heyrət və sərgərdanlıq) ayıqlıq və ehtiyatını əldən verən kimsənin (sözümə tabe olmayaraq iki hakimin-yəni, Əbu Musa və Əmr ibn Asın hakimliyini qəbul etməyə məni vadar edənin) cəzasıdır!! Bilin ki, Allaha and olsun, aldanmayaraq qəzavətə razılaşmamağınızı əmr etdiyim vaxt sizləri Allahın xeyir və yaxşılıq bəxş etdiyi (nəsibiniz fəth və qələbə idi) meylinizin isə olmadığı bir işə (Şam əhli ilə döyüşə) vadar etmişdim. Müqavimətiniz olsaydı (mənim ardımca gəlsəydiniz), sizə yol göstərərdim, əyri olsaydınız, düzəldərdim. Məndən (mənə itaətdən) imtina etsəydiniz, sizləri məcbur edərdim (əmrlərimi yerinə yetirməniz üçün sizi öldürər və ya zülm verərdim). Bu yolun hər anı (mənim və sizin üçün) əminlik idi, ancaq kimin köməyi, yoldaşlığı ilə? Kimdən yardım istəməklə? Sizin özünüz mənə dərd və xəstəlik (məğlubiyyətimin səbəbkarı) olduğunuz halda sizinlə (köməyiniz və yoldaşlığınızla məğlubiyyət və düşmənin özümə hakim kəsilmək xəstəliyini) müalicə etmək istəyirəm. Tikanın meylinin tikanda olduğunu bilsə də, tikanla ayağındakı tikanı çıxarmaq istəyənə bənzəyirəm.

 

İlahi, bu əlacsız dərdin təbibləri usandılar, kəndirlə quyudan su çəkənlər yorulub taqətsiz qaldılar (bu qövmün doğru yola yönələcəyinə ümidimiz yoxdur, Sən Özün əlac qıl). Hanı İslama çağrılanda onu qəbul edənlər, Quranı oxuyub onu möhkəmləndirənlər (ona uyğun əməl etdilər) və cihada ruhlandıranlar (onları təşviq etdilər). Sonra (düşmənlə döyüş, müharibə meydanına getməyə) aşiq oldular, dəvələr (onları bir-birindən ayıranda) balalarına aşiq olduqları kimi. Qılınclarını qınlarından çıxararaq dəstə-dəstə, səf-səf yerin ətrafını (döyüş meydanını) bürüdülər. (Düşməni mühasirəyə aldılar. Bu fəthlər və qələbələr müsəlmanlara yalnız ona görə nəsib oldu ki,) bəziləri həlak oldu (öldürüldü), bəziləri isə sağ qaldı. Sağ qalmalarına (döyüşdə ölmədiklərinə) sevinməzlər. (Desəydilər filankəs döyüşdən sağ çıxıb, buna sevinməzdilər. Çünki əbədi həyatı haqq yolunda ölməkdə görürdülər.) Ölənlərə görə başsağlığı istəməzdilər. Gözləri (Allahın xofundan) ağlamaqdan ağardı. Qarınları oruc tutmaqdan arıqladı, dodaqları dua etməkdən qurudu. Rəngləri oyaq qalmaqdan saraldı, üzlərinə təvazökarlığın qubarı (izləri) əyləşdi. Onlar (imanda) qardaşlarım (və dostlarım) idilər ki, getdilər. Layiq olanı budur ki, onların (onlarla görüşün) təşnəsi olub ayrılıqlarına və uzaqlıqlarına görə əllərimizi çeynəyək. (Çünki sizin aranızda onlar kimiləri tapılmaz.) Şeytan öz yollarını (azğınlığı) sizlərə asanlaşdırır və kələfdən bir-bir düyün açmaqla dininizin möhkəmliyini sarsıtmaq, sizlərdə birlik, ittifaq əvəzinə təfriqə, ayrılıq və ayrılığın nəticəsində fitnə-fəsad yaratmaq istəyir (ki, nəticədə haqdan əl çəkib kafir olasınız). Belə isə onun vəsvəsə və əfsunlarından üz döndərin (ona aldanıb əmrilə oturub-durmayın). Sizə öyüd-nəsihəti hədiyyə, ərməğan edəndən (İmam əleyhis-salamdan) onu qəbul edib qoruyun (dünya və axirət səadətini qazanmaq üçün onu qəbul edib əməl edin).

  
121-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Nəhrəvan xəvaricinin iki hakimin qəzavətinə razılıqlarını inkar edib öz sözlərinin üstündə durduqlarına (və Müaviyə ilə, Şam ordusu ilə döyüşə hazırlaşdıqlarına) görə onların qərargahına təşrif apardığı vaxt onlara dediyi kəlamlarındandır. İmam əleyhis-salam sonra buyurmuşdur: Sizin hamınız Siffeyn döyüşündə bizimlə idinizmi? Dedilər ki, bəzilərimiz olub, bəzilərimiz yox. İmam buyurdu: İki dəstəyə bölünün. Siffeyndə olanlar bir cərgədə, olmayanlar da başqa cərgədə dursun ki, hər dəstə ilə sözlərinə uyğun danışım. Sonra qışqıraraq camaata buyurdu ki, danışmaqdan çəkinin və sözlərim (eşitmək) üçün sakit olun, ürəklərinizi mənə yönəldin. Hər kimsəni şəhadət verməsi üçün istəsəm, biliyinə və məlumatına uyğun o barədə danışsın. Sonra İmam əleyhis-salam onlara çox mətləbləri, o cümlədən bunları buyurdu:

 

Şam əhli hiylə, kələk və yalanla Quranı nizələrinə taxanda onlar bizim qardaşlarımız, bizim kimi müsəlmandırlar, müharibəni qurtarıb döyüşə son qoymaq istəyirlər, Qurana üz tutmuşlar və rahatlıq, asayiş diləyirlər, istəklərini qəbul edib qəm, kədərlərini dağıtmağımız məsləhətdir demədinizmi? Mənsə sizə dedim: (Quranı nizəyə keçirməklə bizdən sülh istəyən) Şam əhlinin bu işinin zahiri iman, allahpərəstlik, batini isə zülm və sitəmdir. Əvvəli mehribanlıq, sonu peşmançılıqdır. Öz gedişatınızı izləyin, getdiyiniz yolu davam etdirin və (onlarla) cihad, müharibə üçün dişlərinizi bir-birinə sıxın (dözümlü olun ki, qələbə qazanasınız). Fəryad çəkən harayçıya (sizi Quranla aldadan Müaviyə və Əmr ibn Asa) fikir verməyin ki, onun istəyi qəbul edilsə, sizi azdırar (həyatınızı ağırlaşdırar və sərgərdan qoyar), saymasanız, zəlil və xar olar. (Lakin sözlərimi və nəsihətlərimi qəbul etmədiniz və) bu iş (iki hakimin qəzavəti ilə razılaşmağınız) baş tutdu və sizləri onda çalışan gördüm. Allaha and olsun ki, iki hakimin qəzavətindən imtina edib onun yükünün altına getməzdim və onun hər vacib işi mənə fərz olmazdı. Allah-təala o işi tərk etməyin günahını mənə yükləməzdi. (Çünki haqqın əleyhinə hərəkət etməmişdim, əksinə, ilahi göstərişə uyğun olaraq bu işə qarşı çıxmışdım.) And olsun Allaha! Əgər bu işi görsəydim, mənə itaət edilməyə layiq olardım və Allahın Kitabı (Qurani-Kərim) mənimlədir. Onunla həmsöhbət və yoldaş olandan ayrılmamışam. Sonra (İmam əleyhis-salam Həzrət Peyğəmbərin səhabələrinin iman və dönməzliklərini xatırladaraq müxaliflərin sözlərini rədd etmək üçün buyurur:) Biz Həzrət Peyğəmbərlə (səlləllahu əleyhi və alih) birgə idik və (kafirlərlə, müşriklərlə döyüşürdük və) atalarla oğullar, qardaşlar və qohum-əqrabalar bir-birini qətlə yetirir, qanlarını axıdırdılar. (İslamın irəliləyişi üçün bunlara əhəmiyyət vermir, o böyük şəxsin əmrlərinə qarşı çıxmırdıq.) (Üzləşdiyimiz) hər müsibət və çətinliyə (Allaha və Peyğəmbərə) imandan, haqq iş görməkdən, (o Həzrətin) əmr və fərmanlara təslim olmaq və yaraların yanğısına dözməkdən başqa bir şey artırmırdıq. Ancaq (indi biz kafir və müşriklərlə çəkişmirik ki, onlarla həmin yolla döyüşək, əksinə,) bu gün küfrə meyl, əyrilik (haqdan əl çəkmək), səhv salınma (haqqın batillə) və (səhv) təvil (yəni, haqq-ədalətin ziddinə söz danışmaq) kimi İslama daxil edilənlərin nəticəsində öz müsəlman qardaşlarımızla döyüşürük. Hərgah, onun səbəbinə Allahın bizim dağınıqlığımızı bir yerə yığacağı, onun təsirindən aramızda qalanla (ülfət və dostluqla) bir-birimizə yaxınlaşacağımız vasitəni tapsaq (sülhə, mehribanlığa və İslamın güclənməsinə səbəb olan yol tapsaq), ona meyl, rəğbət göstərib qeyrisindən (müharibədən) imtina edəcəyik.

  
122-ci xütbə 

İmam Əli əleyhis-salamın döyüş vaxtı səhabələrinə buyurduğu kəlamlarındandır.

 

Sizlərdən hər bir kişi düşmənlə üzləşəndə özündə qəlbinin qüvvətləndiyini (şücaət) hiss edib qardaşlarından birində xof, qorxu görsə, Allahın ona əta etdiyi üstünlük və igidliyə görə düşməni qardaşınızdan da özünüzdən uzaqlaşdırdığı kimi dəf etməlidir. Odur ki, (mənə nə, hər kəs özünü müdafiə etməlidir və qorxağa düşmənin hakim olması layiqdir deməsin). (Deməsin ki,) Allahın istəyi olsaydı, onu da belə (şücaətli və qorxmaz) edərdi. (Çünki) ölüm tələskənliklə axtarandır, (hamını tapar), durub dayanan (öləcəyindən qorxaraq belə bir vaxtda öz qardaşını müdafiə etməyən igid) çəngindən çıxa bilməz, ondan qaçan onu aciz edib gücdən salmaz. (Onun əlindən qaçıb xilas olmaq mümkün olmadığından) ən əziz ölüm öldürülməkdir. (Çünki dünyada yaxşı adın qalmasına və axirətdə savaba səbəb olur). And olsun Əbu Talibin oğlunun canı əlində olana ki, min qılınc zərbəsi mənə Allaha itaətdən qeyri yataqda ölümdən daha asandır.

  
123-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (öz səhabələrini pisləyib danladığı) kəlamlarındandır.

 

Sanki sizləri (yolda) bir-birinə sürtülən kərtənkələlərin dərisinin səsi tək (döyüşdən qaçmaq üçün hər şeyi bir-birinə qatarkən) səs-küy salan (hay-həşir qoparan) görürmüş kimiyəm. Haqqı qəbul etmir (düşmənə müqavimət göstərmir) və zülmün, sitəmin (zülmkarın) qarşısını almırsınız. Sizi (cənnətə gedən) yolda azad buraxıblar. Nicat və qurtuluş özünü ona atan (Allah yolunda döyüşən), ölüm və bədbəxtlik isə dayanan (cihaddan imtina edən) üçündür.

  
124-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın öz səhabələrini cihada (və döyüş qaydalarını öyrənməyə) həvəsləndirdiyi kəlamlarındandır.

 

(Döyüş meydanında düşmənlə üzbəüz gəldikdə) zirehlinizi önə, zirehsizinizi arxaya keçirin, dişlərinizi bir-birinizə sıxın (döyüşdə dönməz olmaqla çətinlikləri özünüzə asanlaşdırın). Çünki döyüşdə dönməzlik qılıncları başlardan daha da uzaqlaşdırar (döyüş meydanının çətinliklərinə dözmək qələbə və fəth üçün hər təbdirdən daha yaxşıdır). Nizələrin ətrafında əyilib-bükülün, (düşmənə nizə ilə zərbə vurarkən özünüzü endirib qaldırın və yaxud düşmən sizə nizə endirəndə özünüzü uzaq tutun), çünki nizələri bu üsulla vurmaq (onları əyilib-bükülmədən vurmaqdan) daha təsirli olur (və yaxud özünə az dəyir). Nəzərlərinizi yerə dikin (hər tərəfə baxmayın), çünki gözü yummaq qəlbin gücünün və ürəklərin rahatlığının artmasına (düşməndən qorxmamağa) səbəb olar. Səslərinizi alın (hay-küy salmayın), çünki mətanət və sakitlik (hər şeydən) xofu, qorxunu daha tez uzaqlaşdırar (qorxaqlar döyüş meydanında hay-küy salar, igidlər isə söz danışmayıb öz işlərini görərlər). Bayrağınızı yerindən hərəkət etdirib ətrafını boşaltmayın (ki, hamının diqqəti bayrağa yönəldiyinə görə qoşunun məğlubiyyətinə səbəb olar). Onu dilavərlərdən, hər pis hadisənin sizə yetişməsinə mane olanlardan və qorunub saxlanılması lazım olanı müdafiə edəndən başqa hər kəsə tapşırma. (Əlbəttə, belə insanlar zəfər çalmaqdan və ya həlak olmaqdan başqa heç vaxt bayrağı əllərindən verməzlər.) Çünki (döyüşün) bəla və çətinliklərinə o adamlar dözər ki, bayrağın ətrafına dolanaraq onu sağdan, soldan, arxadan və qabaqdan qorusun. (Düşmənə) təslim olmasın deyə ondan dala qalmasın və onu tənha qoymamaq üçün qabaqa keçməsin. Kişi (döyüş meydanında) onunla üzbəüz gələn düşməndən qorunmalı və (onu məğlub etdikdən və ya öldürdükdən sonra) öz qardaşına (yoldaşına) kömək etməlidir. Öz düşmənini buraxıb qardaşına tərəf yönəlməməlidir ki, qardaşının düşməni ilə əlbir olub (onu aradan götürüb) birlikdə ona qəsd etsinlər. Allaha and olsun, dünyanın qılıncından qaçsanız, axirətin qılıncından salamat çıxmayacaqsınız (cihada gedib Allah yolunda qılınc çalmasanız, əbədi əzabdan xilas ola bilməyəcəksiniz. Nəyə görə özünüzü qılınc çalmağa və düşmənin qarşısını almağa hazırlamırsınız? Bir halda ki,) siz ərəbin zadəganları və böyük (hörmətli) şəxslərindənsiniz. Həqiqətən də (döyüşdən) qaçmağınız Allahın qəzəbinə (Allah-təalanın rəhmətindən uzaqlaşmağa), zillət, çarəsizlik və əbədi rüsvayçılığa səbəb olar. Qaçanın ömrü artmaz və qaçmaq onun ölümünə mane olmaz. Allaha doğru gedən (cihad edənin şövqü) suya çatan təşnə kimi olmalıdır. Cənnət nizələrin ətraflarının altındadır. Bu gün xəbərlər aşkar olacaq (qılınc vurarkən, ölərkən, öldürərkən hər kəsin sözünün düzlüyü və səhvliyi aydınlaşar). Allaha and olsun, mənim onlarla (düşmənlərlə) görüşə olan həvəsim onların şəhərlərinə olan həvəslərindən daha çoxdur. İlahi, əgər onlar haqqı rədd edib onunla düşmənçilik niyyətində olsalar, insanlarını pərən-pərən et, aralarına fikir ayrılığı sal və onları öz günahlarında həlak et. Onlar dayandıqları yerdən heç vaxt uzaqlaşmazlar (fitnə-fəsad törətmək qərarlarından əl çəkməzlər. Siz, mənim tərəfdarlarım, onlarla döyüşüb etiraz etməsəniz), düşmənin canını bədənindən çıxaran dalbadal nizələr vurulmasa, beynini yarıb sümüklərini sındıran, ayaqlarını, biləklərini və qıçlarını qıran qılınclar çalınmasa (öz pozğunluqlarını davam etdirib sizləri məğlub edəcəklər). Qoşunlar dəstə-dəstə və ardı-arası kəsilmədən onlarla üzləşməsə, saysız-hesabsız əsgərlər qələbə və yardım üçün hər bir yandan toplanıb arxada saxlanan ehtiyat atlarla onlarla döyüşməsə, yerlərindən tərpənən deyillər. Tərpənməzlər-arxasında böyük ordunun dayandığı (beş səmti yəni, önləri, arxaları, sağları, solları və qəlbləri nizamlı, düzümlü olan) çoxlu qoşunlar onların şəhərlərinə daxil olana qədər. Atları dı aqları ilə bir-birinə yanaşı torpaqlarını (evlərini) və heyvanlarının örüşlərini tapdaq-tapdaq edənə qədər (qısası, onların hər şeyinə hakim kəsilərlər. Seyyid Rəzi buyurur:)

 

Deyirəm: الدَّعْقُ sözünün mənası döyüb əzməkdir, yəni, atlar onların torpaqlarını dı aqları ilə döyüb əzərlər. وَنَوَاحِرُ الْأَرْضِ isə üzbəüz torpaqlar mənasında işlənmişdir. مَنَازِلُ بَنِى فُلان تَتَناحَرُ dedikdə isə filankəsin oğullarının evlərinin bir-birinin qarşısında olması mənasını verir.

  
125-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Əmr ibn As və Əbu Musanın qəzavətinə razılaşdıqlarını inkar etdikləri vaxt buyurduğu sözlərdəndir. Onda öz səhabələrini məzəmmət edərək buyurur:

 

İnsanları hakim etmədik, əksinə, Quranı hakim qıldıq. Bu Quran iki cildin arasında yazılmış və dil açıb danışmayan xətdir. Ona (məqsədini bəyan etmək üçün) tərcüməçi lazımdır və ondan söz danışanlar insanlardır. Şam əhli bizdən Quranı aramızda hakim etməyi istədi. (Xahişlərini qəbul etdik, çünki) Allahın kitabından üz döndərənlərdən (Onun hökmünə tabe olmayanlardan) deyildik. Allah-təala da (Qurani-Kərimin Nisa surəsinin 59-cu ayəsində) buyurub: فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ Əgər bir işin üstündə mübahisə və düşmənçilik etsəniz, (onun islahı üçün) Allaha və Peyğəmbərə (Qurana və sünnəyə) müraciət edin. Münaqişə və düşmənçilik zamanı Allaha müraciət etməyimiz Onun kitabına uyğun hökm çıxarmağımız, Peyğəmbərə üz tutmağımız isə onun sünnəsini və yolunu tutmağımız deməkdir. Əgər doğruluqla Allahın kitabından hökm çıxarılarsa (öz rəyinə uyğun təfsir və nadürüst izah deyil, Onun həqiqətlərini bəyan etmək istəsələr), o hökmə (İmamətə və xilafətə) biz (İmam əleyhis-salam və o Həzrətdən sonrakı İmamlar) hamıdan daha layiqik. Əgər Allahın Peyğəmbərinin sünnəsinə əsasən hökm verilsə, biz o hökmdə camaatdan daha üstünük. Deyirsiniz ki, özünlə onlar (Şam əhli) arasında hakimlik üçün möhlət qoydun (ki, iş bu yerə gəlib çatdı. Həmin gün və ya həmin həftə əmr etməliydin ki, Allahın kitabına nəzər salıb hökmü aydınlaşdırsınlar. Cavab budur:) Möhlət verdim ki, cahil götür-qoy etsin və alim güclənsin, bəlkə bir-birindən əl çəkib mehribanlaşdıqları bu müddətdə Allah-təala bu ümmətin işini islah etdi. Nəfəs yolları tutulmasın (haqqa çatmaları üçün onları məcbur etməyim) ki, haqqı tanımaq üçün tələsib (düşünüb araşdırmadan əleyhimizə olan və bizə qarşı döyüşə çalışan) ilk azğınların ardınca getməsinlər. (Onlara möhlət verdim ki, bu işi düzgün araşdırsınlar.)

 

Həqiqətən də Allah yanında insanların ən üstünü odur ki, haqq ona ziyan yetirib kədərləndirsə də, batilsə ona xeyir verib faydaya yetirsə belə haqqı batildən çox istəsin. Belə isə nəyə görə dalğın və sərgərdansınız, sizləri haradan gətiriblər (ki, öz İmam və rəhbərinizi tanımayaraq belə çirkin sözlərlə onun əleyhinə çıxırsınız)? Haqdan (uzaq düşərək) mat-məəttəl qalan, didərgin düşərək onu görməyən, zülmə və sitəmə ürcah olub ondan dönməyən, Allahın kitabından uzaq olan (onu başa düşməyən), (doğru) yoldan çıxan bir dəstə ilə (şamlılarla) döyüşə getməyə hazır olun. (Ancaq əfsus ki,) siz əmin olası, etimad ediləsi deyilsiniz ki, sizə əl uzatmaq mümkün olsun (qeyrətiniz yoxdur ki, sizdən kömək istəyim), nə də (çətinə düşəndə) yoldaşlıq umulacaq adamlar deyilsiniz. Siz müharibə atəşini alovlandırmaq üçün yaramırsınız (düşmənin istilasının qarşısını almırsınız). Off, sizin əlinizdən! (Çirkin söz və əməllərinizdən təngə gəldim.) Sizlərə görə çətinliyə və giriftarçılığa düşdüm. Bir gün (dinə kömək üçün) sizi çağırır, bir gün isə (düşmənlə döyüşmək barədə) sirrini deyirəm. Çağrıldıqda (mənə cavab vermək üçün) azad və doğru danışan insanlar və sirr verərkən əmin olunası, etimad ediləsi qardaşlar deyilsiniz (ki, mənim sirrimi saxlayıb faş etməyəsiniz).

  
126-CI XÜTBƏ 

İmam Əli əleyhis-salamdan əta və bəxşişləri (beytülmal, sədəqə və qənimətləri) nəyə görə camaat arasında bərabər böldüyünü, İslam dinini çoxdan qəbul edənlərə (döyüşlərdə iştirak edənlərə və ya) şərafətli, böyük insanlara üstünlük vermədiyini kəskin şəkildə soruşduqda buyurduğu sözlərdəndir:

 

Rəhbəri olduğum kimsəyə zülm, sitəm edilməsində yardımçı olmağımı əmr edirsiniz? Allaha and olsun, nə qədər ki, müxtəlif zəmanələrdə gecə gündüzə, səmadakı bir ulduz (cazibə qüvvəsi ilə) başqa bir ulduza doğru gedir, görmərəm bu işi (heç vaxt belə iş görmərəm).

 

Beytülmal mənim şəxsi malım olsaydı da onu müsəlmanlar arasında bərabər bölərdim. O, Allahın malı olduğu (əlimin altında olanlar və möhtaclar ondan bölgü ilə pay yedikləri) halda bunu necə etməyə bilərəm? (Birini başqasından necə üstün tuta bilərəm?) Daha sonra İmam əleyhis-salam (beytülmalın ona düşməyən şəxslərə verilməsinin törətdiyi fəsadlar haqda) buyurdu:

 

Agah olun ki, beytülmalın ona düşən şəxsdən qeyrisinə bağışlanması rəva deyil, israfçılıqdır. Bu malı layiq olduğundan qeyrisinə vermək verənin dünyada (zahirdə) şənini ucaldar, (alan kimsə ona xoş gəlmək üçün boyün əyərək təvazökarlıq edər) axirətdə yerə vurar (əbədi əzab və çarəsizliyə səbəb olduğundan onu alçaldar). Camaat yanında xətir-hörmətli, Allah yanında xar edər. (Çünki Allah yanında hörmətli şəxs Onun qanunları ilə oturub-durandır). Allahın, Öz verdiklərinin şükründən məhrum qıldığı və dostluğunu Özündən qeyrisinə yönəltdiyi kimsələrdən başqa heç kəs öz malını hədərə sərf etmədi, haqqı çatmayana vermədi. Bir gün ayaqqabısı sürüşsə, (başına pis hadisə gəlsə), yardımlarına, yoldaşlıqlarına möhtac qalsa, elə onlardan pis yoldaş, çox başa qaxan dost olmaz.

  
127-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın yenə də Xəvaric barədə buyurduğu kəlamlarındandır:

 

Sizin (mənimlə) müxalifliyiniz (iki hakimi təyin edib onların qəzavəti ilə razılaşmaqla) xəta edib yolumu azmağımı güman etdiyinizə görədirsə, nəyə görə Məhəmmədin (səlləllahu əleyhi və alih) bütün ümmətini də (öz gümanınızda) mənim azmağımla azğın sanır, onlara mənim xətama görə yanaşır, mənim günahıma görə (onları) kafir adlandırırsınız? (Belə ki,) çiyinlərinizdəki qılınclarınızı həm sağlam, həm də xəstə yerlərə endirir, (öz zənninizlə günahkar sandığınızı da, təqsirsizi də öldürürsünüz. Öz gümanınızda) günah edənlə günahsızı qarışdırırsınız. (Müqəddəs İslam şəriəti, böyük günah törətmiş olsa belə, heç kəsi kafir saymasa da hamını kafir hesab edirsiniz. Necə ki,) bilirsiniz, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) arvadı ola-ola zina edəni daş-qalaq edib sonra onun namazına durardı (sizin əqidənizə görə isə varis müsəlman olsa belə, küfr irs çatmasının qarşısını alar), mirasını (onun) yaxınlarına verərdi. Qatili öldürüb irsini varisləri arasında bölər, oğrunun əlini kəsər, arvadı olmayan zinakara qamçı vurardı. Bundan sonra isə müsəlmanların qənimət götürdüklərindən onların payını verər, onlar da müsəlman qadınlarla nigah bağlayardılar. Deməli, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) onları (kafir saymayıb, əksinə,) onlarla günahlarına uyğun rəftar edib, onlar barədə Allahın haqqını yerinə yetirmiş, onların İslamdakı paylarının qarşısını almamış və adlarını müsəlmanların arasından çıxarmamışdır. Deməli, (bundan sonra onları pisləyib danlamaq üçün buyurur) sizlər şeytanın öz azğınlıqlarına (nadanlıq və öz nadanlığına inanmamağa) atdığı, heyrət və səfilliyə məcbur etdiyi ən pis insan və ən pis camaatsınız. (Şeytanın arxasınca getməyin təsirindən) tezliklə iki tayfa mənə görə həlak olacaq: dostluqda ifrata varan dost. Belə ki, sonsuz məhəbbəti onu batil yola (onu Allah və ya peyğəmbər sanmaları kimi) çəkəcək. Digəri isə öz həddini aşan və sonsuz düşmənçiliyinin nahaq yola vadar etdiyi (xəvaric və nəvasib kimi) düşməndir. Mənim haqqımda ən yaxşı iş görənlər mötədil dəstədəndirlər. Belə isə bu mötədil dəstəyə yoldaş olub böyük kütlənin (adil sultanın ardıcıllarının) ardınca gedin. Çünki Allahın əli (bu) camaatın üstündədir. (Onlara qarşı) müxaliflikdən və ayrılıqdan çəkinin. Çünki tək qalan qoyun canavara yem olduğu kimi, camaatdan təcrid olan, tənha qalan da şeytana düçar olar. Agah olun, bir kimsəni bu yola dəvət edən (dində bidət yaradan) hər kəsi öldürün, mənim əmmaməmin altında olsa belə. (Bidətçini mən olsam belə öldürün. Bundan sonra qəzavət barədə buyurur:)

 

İki hakim Quranın diriltdiklərinə həyat vermək, öldürdüklərini dəfn etməkdən qeyri bir iş üçün təyin olunmadılar. Quranı diriltmək onunla həmməqsəd olmaq (ona əməl etmək), onu öldürmək isə ondan ayrılmaqdır (ona uyğun rəftar etməməkdir). Əgər Quran bizi onlara doğru çəksə, onların arxasınca gedək, onları bizə tərəf çəksə, bizim arxamızca gəlsinlər. Belə isə ey atasızlar, mən şər iş görüb sizi aldadıb, səhvə düçar etmədim. Əksinə, bu iki kişini (Əbu Musa və Əmr ibn Ası) seçmək öz fikriniz idi. Biz də onlardan Qurandan kənara çıxmayacaqları barədə əhd-peyman aldıq. Hər ikisi haqqı gözləri ilə görsələr də yollarını azaraq haqdan əl çəkdilər. Onların zülm və sitəmləri (Allahın qanunlarına zidd rəftarları) nəfslərinə görə idi və ona uyğun da rəftar etdilər. Qabaqcadan (sülhnamədə) əhd-peyman aldıq ki, hakimiyyət ədalət və düzlük üzərində qurulmalı, haqqı nəzərdə tutmalıdır. Ancaq onların pis fikirli olmaları və zülm, sitəmlə hökmranlıq etmələri bizimlə onların arasına ayrılıq saldı. (Müqaviləyə zidd rəftar etdiklərinə görə pislənməyə və danlağa layiqdirlər.)

  
128-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Cəməl döyüşündən sonra Bəsrədə buyurub. Qeybdən verdiyi xəbərlər silsiləsindəndir.) Bəsrədə baş verəcək ağır hadisələrdən xəbər verir: Ey Əhnəf! Onu (zəncilərin qoşununun başçısını) toz-torpaqlı, haray-həşirli, cilov və atları səssiz, (atları və silahları olmayan), öz ayaqları ilə yeri döyəcləyən (çox fitnə-fəsad törədən) bir qoşunla qiyam edirmiş kimi görürəm. Ayaqları (barmağın enliliyi, qısalığı və yastılığı baxımdan) dəvəquşu ayağına bənzər. (Seyyid Rəzi buyurur:) İmam əleyhis-salam bu sözləri ilə zəncilərin başçısının qiyamına işarə edir. Bundan sonra İmam əleyhis-salam buyurur: Ölənlərinə kimsənin ağlamadığı (çünki onların hamısı qara qul olduqlarına görə ölənlərinə ağlamaq üçün qohumları yox idi), yox olanı axtarılmayan qoşunun əlindən vay olsun sizin quzğun qanadları tək qanadlı (tağlı), fil xortumu tək xortumlu (navdanlı), bəzəkli evlərinizə və abad küçələrinizə (onların hamısını dağıdıb viran qoyacaqlar). Mən dünyanı uzağa atıb onu ölçmüşəm (onun zahiri və batinini, keçmişini və gələcəyini bilirəm) və həqiqətlərini görürəm (onun etibarsızlığını, vəfasızlığını hər zaman görürəm).

  
Bu sözlər Həzrətin kəlamının tatarların (və monqolların kitablarda və tarixdə həkk olunmuş axıtdıqları müsəlman qanlarının) vəsf edildiyi bir hissəsidir 

Mən sanki onları görürmüş kimiyəm. Üzləri qalxan kimi (yastı və yumru) çəkiclənmiş (çox ətli və nişanlı), ipək və diba (rəngli ipək) paltarlar geyinən, gözəl yedəkli atlar sürən bir dəstədir. Orada (ayaq qoyduqları yerdə) yaralananlar ölənlərin üstü ilə yeriyənədək, (onların əlindən) qaçanlar əsirlərdən az olanadək çoxlu qanlar axıdılar. (Camaatın çoxu onların zülm və sitəmlərinə mübtəla olar, qaçmağa yerləri olmaz.)

 

O Həzrətin (İmam əleyhis-salamın qeybdən buyurduqlarının müəllimsiz və özündən deməsindən şübhəyə düşmüş) səhabələrindən biri dedi: Ya Əmirəl-möminin! Allah sənə qeyb elmini əta etmişdir. İmam əleyhis-salam güldü və (şübhəsini aradan götürmək üçün) Kəlb qəbiləsindən olan o kişiyə dedi:

 

Ey Kəlbi qardaşım! Dediklərim elmi-qeyb deyil, elm və bilik sahibindən öyrənilən şeylərdir. (Onları Həzrət Peyğəmbərdən - səlləllahu əleyhi və alih öyrənmişəm.) Elmi-qeyb qiyamət gününün vaxtını və Allah-təalanın Öz buyuruğunda saydıqlarını bilməkdir. (Loğman surəsinin 34-cü ayəsi:) إِنَّ اللَّهَ عِندَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ وَمَا تَدْرِي نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ Qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə edəcəyini, hansı torpaqda öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, bilən və xəbərdardır! Deməli, bətndəkilərin oğlan və ya qız, çirkin, yoxsa gözəl, səxavətli ya xəsis, bədbəxt ya xoşbəxt olduğunu bilən Allahdır. Kimin cəhənnəm odu üçün odun, kimin cənnət dərəcələrində peyğəmbərlərə yoldaş olacağından agahdır. Sadalanan (nümunə kimi birini şərh etdiyimiz) şeylər Allahdan başqa kimsənin bilmədiyi elmi-qeybdir. Ancaq bundan başqa Allah-təalanın Öz Peyğəmbərinə (səlləllahu əleyhi və alih) öyrətdiyi (açmağa icazə verdiyi) bir elm də var. Peyğəmbər bu elmi də mənə öyrədərək sinəmin onu saxlaması və ətraflarımın onu əhatə etməsi (əzbərləyərək saxlamağım) üçün dua etmişdir.

  
129-CU XÜTBƏ 

İmam Əli əleyhis-salamın peymanlar və tərəzilər barədə xütbəsidir:

 

Ey Allah bəndələri! Siz və sizin bu dünyadakı arzularınız qalacağı müddət bəlli olan qonaq və borc sahibinin alacağını (borcunu) sizdən tələb etdiyi borclularsınız. Qonaq qalmağınızın müddəti qısa, borclarınız isə (yazanların yanında) qorunan əməllərdir. (İbadət və bəndəlikdir.) Nə çoxdur bir əməldə çalışan və (onu) zay edən (riyakarlar kimi). Nə çoxdur əziyyət çəkən və zərər görən (Xəvaric və Nəvasib tək). Siz xeyir və yaxşılığın arxa çevirdiyi, şər və pisliyin üz tutduğu, şeytanın insanları həlak və puç etməyə tamarzıdığı bir ruzigarda vaqe olmusunuz. İndi onun iş alətlərinin gücləndiyi, məkr və hiyləsinin hər yana yol tapdığı, ovunun asanlaşdığı bir vaxtdır. Camaata istədiyin hər bir yerdə düzgün nəzər sal: kasıbçılıq və fəqirlikdən əziyyət çəkməyən yoxsul (dözümü yoxdur və Allahın istəyinə razı deyil), Allahın nemətinə görə şükr edən, küfrə varmayan varlı, öz varidatını artırmaq üçün Allahın malına xəsislik etməyən, xəsis qulağı öyüd-nəsihət eşitməmək üçün ağırlaşmayan asi və dikbaş kimsəni görərsənmi? Haradadır sizin yaxşı və ləyaqətliləriniz, azad insanlarınız və kəramət sahibləriniz? Haradadır alış-verişdə pərhizkar, yolları pak olanlarınız? Hamısı bu alçaq dünyadan və əziyyət, bədbəxtlik sarayından tələsik köçmədilərmi? Siz məgər alçaqlıqlarına, ləyaqətsizliklərinə və adları çəkilməyə layiq olmadıqlarına görə onları pisləyib qınamağa dodaqların belə gəlmədiyi pis ovuntu kimi olan camaat arasında canişin olmusunuz? (Elə yaxşı insanların canişini olan sizlər o qədər rəzil və alçaq olacaqsınız ki, adınızı çəkmək üçün sizləri danlamağa belə layiq deyilsiniz. Belə bir müsibətdə deməliyəm ki,) إِنّا ِللهِ وَ إِنّا إِلَيْهِ راجِعُونَ Yəni, biz hamımız Allahın bəndələri, qullarıyıq və Onun hökmünə, fərmanına doğru qayıdacağıq. Fəsad və pozğunluq aşkar olmuşdur (yaxşı işlər qadağan, qadağalar əmr olunub). Bunu dəyişdirəcək bir kimsə, nə də bunu qadağan edəcək şəxs yoxdur!! (Yaxşı işə dəvət etmir və pis işdən çəkindirmirlər.) Bu minvalla da cənnətdə, Allahın rəhmətinin sayəsində və Onun ən dəyərli dostlarından olmaq istəyirsiniz? Sizin düşüncələriniz nə qədər uzaq və nadürüstdür!! Allahı Onun cənnətinə getmək üçün (çirkin işlər görüb rəhmli, kərəmli və bağışlayandır deməklə) aldatmaq olmaz. Onun razılığı itaət və bəndəlikdən başqa heç nə ilə qazanılmaz. Allah lənət etsin, (Allahın rəhməti onlardan uzaq olsun) yaxşı işlərə əmr edib özü onları yerinə yetirməyənlər və pis işlərdən çəkindirib özü belə işləri görənlərə.

  
130-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Əbuzər rəhmətullah (Mədinədən) Rəbəzəyə sürgün edilən zaman ona buyurduğu kəlamlarındandır.

 

Ey Əbuzər! Sən Allaha (razılığına) xatir, qəzəbdən kükrədin. Elə isə, Ondan ötrü qəzəbləndiyinə ümid bağla. Bu qövm (Osman, Müaviyə və ardıcılları Həzrət Peyğəmbərin sünnəsinə, yoluna zidd rətfar etdiklərinə görə) səndən (onları biabır, rüsvay etməyindən) öz dünyası üçün qorxdu, sən isə öz dinin üçün onlardan qorxdun (ki, məbada aldanıb onların ardınca gedəsən). Səndən ona görə qorxduqlarını özlərinə ver (onların dünyasına göz yum) və qorxduğun şeyə görə onlardan qaç. Sənin onlara qadağan etdiyin şeylərə möhtac olan (onlara pis işləri qadağan etmisən və bunda hamının möhtac olduğu saysız xeyirlər var) və sənə qadağan etdiklərinə (dünyaya) ehtiyacı olmayan nə qədər də çoxdur. Sabah (qiyamət günündə) kimin xeyrə çatacağını, kiminin böyük həsrətə düşəcəyini biləcəyin gün yaxındadır. Səmalar və yer bəndənin üzünə bağlanarsa, həmin bəndə Allahdan qorxan və pərhizkar olarsa, Allah ona xilas yolu açar. Haqdan başqa bir şey səninlə ülfət bağlamaz, batildən başqa heç nə səndən hürkməz. Onların dünyasını qəbul etsəydin (onlarla əməkdaşlıq etsəydin), səni sevər, dünyadan özün üçün bir şey ayırsaydın (dünyapərəst olsaydın), səni dinc qoyardılar (sənə bir belə əziyyəti rəva bilməzdilər).

  
131-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (səhabələrini danlayıb məzəmmət etdiyi və özünün bəzi sifətlərinə işarə etdiyi) kəlamlarındandır.

 

Ey bədənləri görünən və ağılları isə özlərinə gizlin olan (bir-birilə həmrəy olmayan) dağınıq qəlbli cürbəcür insanlar! Sizi böyük mehribanlıqla haqqa doğru yönəldirəm, ondan keçi şirin səsindən hürkən kimi hürkürsünüz. Sizlərin köməyi ilə gizlin ədaləti aşkar etməyim və ya (azğınların) əydikləri haqqı düzəltməyim nə qədər də çətindir! İlahi, Sən bizim işlərimizdən (döyüş və toqquşmalardan) agahsan. Bunlar nə hakimiyyətə, xəlifəliyə meylə, rəğbətə və nə də dünya malından bir şeyə sahib olmağa görədir, (şəhərlərdə fitnə-fəsad yayıldığına, camaata zülm, sitəm edildiynə, halalla haram dəyişdiyinə görə) Sənin (dəyişmiş dininin) nişanələrini qaytarmağımız, zülm görmüş bəndələrin əmin-amanlıqda, rahat olması, pozulmuş hökmlərin icra olunması, şəhərlərini islah edib asayişi bərqərar etməyimiz üçündür. İlahi, mən haqqa çatan, onu eşidən və qəbul edən ilk şəxsəm. Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alihdən) başqa heç kəs namazda məndən öndə olmayıb.

 

Sizlər (məndən əvvəlki xəlifələrin tutduğu yoldan) bildiniz ki, camaatın namusuna, canına, qənimətlərə və İslamın hökmlərinə hakim, müsəlmanlara İmam olana paxıllıq yaraşmaz ki, onların malını toplamağa tamah sala. Nə də cahil olmalıdır ki, öz cahilliyi ucbatından onları azğınlığa salsın, nə zalım olmalıdır ki, öz zülmü ilə onların kökünü kəsib pərişan etsin. Nə də günlərin dəyişməsindən qorxmalıdır ki, bir dəstəyə yoldaş olub başqasını xar etsin (güclülərin dostu olub möhtacları saymasın), nə hökm üçün rüşvət alan olmalıdır (mal alıb haqqı batil və batili haqqa çevirməsin) ki, xalqın haqqı tapdanaraq şəriətin hökmü bəyan edilməsin, nə də Həzrət Peyğəmbərin yolunu getməyənlərdən olsun ki, ümmət onu öldürsün.

  
132-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Allah-təalaya şükr və Onun bəzi sifətlərinə işarə etdiyi) xütbələrindəndir.

 

Şükr edirik Allaha, aldığı, verdiyi, ehsan etdiyi və sınadığı hər bir şey üçün. Odur hər gizlin şeydən agah və hər sirri, fikri bilən, sinələrdə gizlənənləri, gözlərin oğrun-oğrun baxdıqlarını görən (xırdanı və bütövü, aşkarı və gizlini əhatə edən). Şəhadət verirəm ki, Ondan başqa Allah yoxdur və Məhəmməd (səlləllahu əleyhi və alih) Onun tərəfindən seçilən və peyğəmbərlik veriləndir. Elə bir şəhadət ki, aşkarı gizlini ilə və ürək dillə razıdır (dildə deyib ürəkdə inanmayanlardan deyilik).

 

  
Bu xütbənin (dünyanın vəfasızlığı barədə və təqvaya, pərhizkarlığa dair vəsiyyətin olduğu) bir hissəsidir 

Allaha and olsun, çox mühüm mətləbdir. Həqiqətdir, haqdır, oyun və zarafat deyil, doğrudur, yalan deyil. Bu mühüm mətləb çağırdığına eşitdirən, qovduğunu tələsdirən ölümdən başqa bir şey deyil. Camaatın çoxluğu (onların sərvəti, hökmranlığı və bər-bəzəkləri) səni aldatmasın. Səndən əvvəl olan və var-dövlət toplayıb yoxsulluqdan, kasıbçılıqdan uzaq duran, uzun-uzadı arzular bəsləyərək işin sonuna əmin olan və ömrünün başa catacağını güman etməyən şəxsə ölümün necə çatdığını, onu vətənindən oğurladığını, istirahət yerindən çıxardığını, ölüm çubuqlarında (tabutda) daşındığını, camaatın onu bir-birinin əlindən aldığını, çiyinlərinə götürərək barmaqları ilə saxladıqlarını görmüsən. Görmədinizmi, çoxlu arzularda olanların, möhkəm binalar tikərək çox var-dövlət toplayanların gor evində necə yaşadıqlarını, yığdıqlarının zay olduğunu, mallarının irs sahiblərinə çatdığını, arvadlarının başqalarına ərə getdiklərini? Nə yaxşı işlərini (ibadət və bəndəliklərini) artıra, nə də pis işlərinə (törətdikləri günaha) görə üzrxahlıq edib razılıq uma bilirlər. (Çünki öləndən sonra tövbə və qayıdış qəbul edilmir.) Hər kim təqvanı və pərhizkarlığı ürəyinin şüarına çevirdisə, xeyir əməllərdə başqalarından önə keçdi və əxlaqını xilas etdi. Təqvanın, pərhizkarlığın bəhrələrini qənimət bilin və cənnəti nəsibiniz edən işlər görün. Çünki dünya qalmağınız və yaşamanız üçün yaradılmayıb. Əbədi məkanda (axirətdə) sərf etmək üçün özünə yol azuqəsi toplamaqdan ötrü bir keçiddir. Belə ki, (ondan köçməyə) tələsənlərdən olun (çünki onda süstlük qəflətə və mənzil başından qalmağa səbəb olur) və ayrılmaq üçün atlarınızı hazırlayın (nicat tapıb getməyə hazır olmaq üçün Allahın və Peyğəmbərin göstərişlərinə əməl edin).

  
133-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Allah-təalaya sitayiş barəsində) xütbələrindəndir.

 

Dünya və axirətin itaəti və cilovu (təvazökarlığın son həddi ilə) Allah-təalanın qüdrətinin əlindədir. (Sarvan dəvənin cilovunu istədiyi tərəfə çəkdiyi kimi, Onun da istədiyi şey olar.) Göylər və yerlər öz açarlarını Ona təhvil vermişlər (Ondan başqa qeyrisinin onlara təsiri və sahibliyi yoxdur). Yamyaşıl ağaclar hər səhər erkən Ona səcdə qılırlar (dilə gələrək Ona sitayiş edirlər). Onun əmrilə ağaclar budaqlardan işıq saçan (şöləli) alovlar yandırar. Və həmin ağaclar Onun iradəsi, təkvini əmrləri ilə yeməli, yetişmiş meyvə verirlər.

  
Bu xütbənin (Qurani-Kərimin əzəməti barədə) bir hissəsidir 

Sizlərin aranızda olan Allah Kitabı dili yorulmaq bilməyən natiq (dünya və axirətin hər bir şeyi, mövzusu barədə yol göstərir), dirəkləri xarab olmayan bir ev (həmişə qalacaqdır və məhv olası deyil), dostları məğlub olmayan qalibdir (onun ardınca gedənlər həmişə əziz və hörmətlidirlər).

  
Bu xütbənin (Həzrət Peyğəbmərin vəsf edildiyi) bir hissəsidir 

Allah-təala heç bir peyğəmbərin qalmadığı, söz davası, çəkişmə və mücadilənin (müxtəlif əqidə və fikir ayrılıqlarının) olduğu bir zamanda Həzrət Peyğəmbəri göndərdi. (Çünki cahiliyyət dövründə bir dəstə bütlərə, başqa dəstə şeytana, ayrı dəstə günəşə, bir tayfa Həzrət Məsihə və başqalarına sitayiş edirdilər.) Onu bütün peyğəmbərlərdən sonra gətirərək vəhyə o Həzrətlə xitam verdi (ondan sonra peyğəmbər göndərmədi). O böyük şəxsiyyət Allahdan üz döndərib uzaqlaşanlarla və Ona oxşar, tay tutanlara qarşı Allah yolunda cihad etdi.

  
Bu xütbədən (dünyanı görmək və axirəti istəmək barəsində) bir parçadır 

Dünya qəlbi korların görməklərinin son həddindən başqa bir şey deyil. O, arxasında nə olduğunu görmür (dünyadan köçərək əbədi saraya gedəcəyinə inanmır). Gözüaçıq insanlar isə gözünü düzgün açıb onu (faniliyini və puçluğunu) görür və onun arxasında başqa bir sarayın olduğunu bilirlər. Deməli, gözüaçıq nəzər salaraq dünyadan uzaqlaşar (ona ürək bağlamaz), korun isə bütün diqqəti onda olar. Görən (dünyanın qalmaq yeri olmadığını bildiyindən) ondan (axirət səfəri üçün) azuqə toplayar (təqva və pərhizkarlığı seçər), kor isə (dünyanı əbədi məkan təsəvvür etdiyinə görə) onun üçün azuqə yığar (var-dövlət toplamaq üçün Allahın və Peyğəmbərin göstərişlərinə göz yumar).

  
Bu xütbənin (Allahın Kitabına söykənmək barədə) bir hissəsidir 

Bilin ki, o (kor qəlbli dünyapərəst), yalnız həyatda yaşamaqdan başqa sahib olduğu hər şeydən doyar, usanar. Çünki ölümdə rahatlıq tapmaz (dünyada Allahın və Peyğəmbərin əmrlərinə uyğun rəftar etmədiyinə görə ölümdən sonra rahatlıq tapmaz). Dünyada bəsirətli olmaq (ölümdən sonra olanlara inanmaq) hikmət mislində olmaqdan başqa bir şey deyil. O, kor qəlb üçün həyat və yaşayış, kor göz üçün bəsirət, kar qulaq üçün eşitmə, (ilahi rəhmətə susayan) təşnə üçün doymaq deməkdir. Onda (dünyadan) tam ehtiyacsızlıq və (əzabdan) sağlamlıq var. (Sizin qurtuluş və nicat yolunuz) Onun vasitəsilə (haqqı) gördüyünüz, danışdığınız və eşitdiyiniz Allah Kitabıdır. (Qurani-Kərimdir). Onun bəzi hissələri digər bəzi hissələrindən danışır (onun ayələrindən bir qismi başqa ayələri izah edir) və bəziləri isə bəzi başqalarının şahididir. (Bir ayənin məqsədini başa düşmək üçün başqa bir ayə sübut gətirilir.) (Buna görə də) Quranın ilahi maarif və ehkamda ixtilafı yoxdur, öz ardınca gələni, mömini Allahdan ayrı salmır. (Əksinə, onu hidayət və qurtuluşun əsas yoluna çıxarır.) Siz (əlinizdə belə böyük yol göstərən olduğu halda) öz aranızda kin saxlamaq üçün birləşmisiniz və heyvanlarınızın peyinində ot bitib. (Sizin bir-birinizlə dostluğunuz üzdə yam-yaşıl, əslində isə iyli, əziyyətverici təzək üstündə bitib və heç kəsin meyl salmadığı ot kimidir). Arzuların dostluğuna görə bir-birinizlə dostlaşdınız və var-dövlət toplamaq üstündə düşmənçilik etdiniz. Sizləri çirkin olan şeytan heyran, səfil etmiş və (nəfsi-əmmarə ilə) aldadaraq azdırmışdır. Özüm və sizlər üçün (şeytanın şərindən və nəfsi-əmmarədən xilas olmaqdan ötrü) Allahdan kömək istəyirəm.

  
134-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Ömər ibn Xəttab rumlularla döyüşə gedərkən o böyük insanla məsləhətləşdiyi vaxt buyurduğu kəlamlarındandır.

 

Allah İslam əhlinin sərhəd və hüdudlarını qorumağa, övrətlərini (düşmənin bilməməli olduğu şeyləri) örtməyə zamin olmuşdur. Allah az olduqları və (düşməndən) intiqam ala bilmədikləri vaxt onlara yardım etdi. Az olduqları və özlərini qorumağa gücləri olmadığı vaxt onları yenilməkdən saxladı. (İslamın ilk illərində bugünkü kimi saysız-hesabsız əhaliyə, gücə-qüdrətə malik olmayan müsəlmanlara kömək edən Allah indi də yardımçı olacaq. Çünki) diridir və heç vaxt ölməyəcək. (Deməli, döyüş meydanına getmə. Çünki) sən özün bu düşmənə (Rum qeysəri və qoşunlarına) doğru gedib onlarla görüşdə məğlub olsan, ucqar şəhər və sərhədlərdəki müsəlmanlar üçün pənah yeri qalmayacaq. Onların (fitnə-fəsadın qarşısını almaq üçün) səndən sonra müraciət etməyə yerləri yoxdur. (Məsləhət budur ki, sən burada qalasan və öz yerinə) onların üstünə bir müharibə görmüş igid göndər. Döyüşün bəla və çətinliklərinə taqəti olan, öyüd-nəsihət eşidənləri onunla yola sal. Əgər Allah-təala (ona) zəfər yetirsə, bu elə sənin istədiyin olacaq. Başqa bir hadisə baş versə, sən müsəlmanların köməyi və pənahı olacaqsan (yenidən qoşun toplayıb onlarla döyüşə göndərə bilərsən).

  
135-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın kəlamlarındandır. O böyük şəxsiyyətlə Osman arasında mübahisə baş verdikdə Müğəyrə ibn Əxnəs Osmana dedi: Mən səni müdafiə etməyə onun üçün kifayət edərəm. Sonra İmam əleyhis-salam ona buyurdu:

 

Ey özündən sonra övladı qalmayanın, Allahın rəhmətindən qovulmuşun oğlu! Ey köksüz-budaqsız şəcərənin (layiqli əsil-nəsəbi olmayanın) oğlu! Sən özünü mənimlə bərabər sanırsan?! Allaha and olsun ki, sənin dost olduğun kimsəyə Allah uğur və zəfər nəsib etməz, ayaq üstə saxladığın kimsə dayanmaz. Məclisimizdən bayıra çıx, Allah xeyir və yaxşılığı səndən uzaq etsın! Öz səylərinə (və düşmənçiliyinə) son qoy. (Mənimlə) mehribanlıq etsən, Allah rəhmətini sənə şamil etməsin.

  
136-CI XÜTBƏ 

İmam Əli əleyhis-salamın (beyətdən məqsədləri müqəddəs İslam dinini yaymaq deyil, hakimiyyət və dünya malı toplamaq olan səhabələrinə buyurduğu) kəlamlarındandır.

 

Sizin mənimlə beyətiniz fikirləşmədən və düşüncəsiz deyildi. Mənimlə sizin işiniz bir deyil. (Çünki) mən sizi Allah (dini qaydaların yayılması) üçün sizsə məni özünüz (dünyanızın bəhrələrini əldə etmək) üçün istəyirsiniz. Ey camaat, öz nəfsinizlə mübarizədə mənə kömək edin (nəfsi istəklərinizin ardınca getməyib mənə itaət edin). Allaha and olsun, məzlumların haqqını zalımlardan almaq üçün ədalət və insafla hökm verəcəyəm. Zalımı (dəvənin bu una həlqə keçirib cilovunu çəkdikləri kimi) bu unun halqasından dartıb ona meyli olmasa belə, haqqın su arxına çatdırana qədər gətirəcəyəm (zülmkarı zəlil və xar edəcəyəm ki, zavallıların haqqını ondan alım).

  
137-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Təlhə və Zübeyr barədə (beyəti pozduqdan sonra, Osmanın qətlini onun adına çıxmaları barədə sözlərini rədd edərkən) buyurduğu kəlamlarındandır.

 

Allaha and olsun! Haram işi (adıma çıxmağı) məndən əsirgəmədilər (Osmanın öldürülməsi və onun qətlinə razılığı yalandan mənim adıma çıxdılar) və mənimlə özləri arasında insafla, ədalətlə rəftar etmədilər. (Çünki insafları olsaydı, iddialarının puçluğu aydın idi. İddialarının səhvliyi bundadır ki,) özlərinin tərk etdikləri haqqı və tökdükləri qanı (məndən) tələb edirlər. Əgər mən bu qanın tökülməsində (Osmanın qətlində) onlarla birgə iştirak etmişəmsə, onlar da bundan faydasız qalmayıblar. Əgər mənsiz bu işi görüblərsə, onda özlərindən başqa heç kim sorğu-sual edilməməlidir. İlk ədaləti bu olsun ki, ədalətlə hökm verməyi özlərində icra etsinlər. Bəsirətim və gözüaçıqlığım mənimlədir, (əmələ zidd olan sözün ziyanını bilirəm və buna görə də kimsəni) səhvə yönəltmədim (Təlhə və Zübeyr kimi bir söz deyib əksinə iş görmədim) və (onların ardıcılları kimi) səhv yola salınmadım. Onlar zülmkar və günahkar bir dəstədirlər. (Həzrət Peyğəmbərin mənə xəbər verdiyi kimi) Qara gil (gil saf suyu bulandırdığı kimi ümmətin dincliyini əlindən alan fitnə-fəsad), əqrəb zəhəri (kin və düşmənçilik) və zülmət şübhəsi (nadanlıq və azğınlıq) onlardadır. Bu iş (camaatı çaşdırdıqları Osmanın qanının alınması barədə sözləri alim, zəkalı insanların yanında) aşkar oldu. Batil (haqqın ziddinə olan söz) kökündən qopardıldı və şər yayan dili kəsildi. Allaha and olsun, (fitnəkarların qarşısını almaq mənə vacib olduğuna görə) onlara bir hovuz düzəldib suyunu özüm çəkərəm, (onları döyüş meydanında elə məhv edərəm ki,) ondan doymuş qayıtmazlar və başqa yerdə də su içməzlər.

 

Həmin kəlamın (yenə də Təlhə, Zübeyr və ardıcılları barədəsindəki) bir hissəsidir

 

(Osmanın qətlindən) sonra (beyət etmək üçün) yeni doğmuş heyvanlar balalarına tərəf gedən kimi mənə üz tutub dalbadal beyət etməyə gəlmişik deyirdiniz. Əlimi əlimin üstünə qoydum, açdınız, arxaya apardım, özünüzə tərəf çəkdiniz. (Mən də sizdən Allaha şikayət edərək deyirəm:) İlahi, (Qüreyş tayfasından olan) Təlhə və Zübeyr mənimlə (mən də həmin tayfadanam) qohumluq əlaqəsini kəsib zülm etdi, əhd-peymanını pozdu və camaatı mənim üstümə qaldırdı. Sən onların bağladıqlarını aç, süstləşdirdiklərini möhkəm et. Arzularında olub etdikləri rəftarlarında onlara (dünya və axirət) pisliyi nəsib et. (Onlarla döyüşdüyümə görə məni əsla danlaya və qınaya bilməzlər. Çünki) döyüşə başlamamışdan onlardan pozduqları beyətə qayıtmalarını istəyib hadisədən qabaq (bu iş barədə) düşünüb-daşınmalarını tələb etdim. Deməli, (mənim öyüd-nəsihətlərimi qəbul etməyib öz səhv fikirlərinin ardınca getdilər), neməti (Allah, Peyğəmbər və zəmanənin İmamına itaəti) xar sayıb (dünya və axirət) salamatlıqlarını əldən verdilər.

 

  
FEYZUL-İSLAMIN III HISSƏYƏ YAZDIĞI MÜQƏDDIMƏ:  

الرَّحْمنِ الرَّحِيمِ بِسْمِ اللهِ

 

أَلْحَمْدُ لِلّهِ الَّذِي ذَلَّتْ لَهُ رِقابُ الْجَبابِرَةِ وَ خَضَعَتْ لَدَيْهِ أَعْناقُ الْأَكاسِرَةِ لا مَلْجأَ وَ لا مَنْجا مِنْهُ إِلّا إِلَيْهِ وَ لا إِعانَةَ إِلّا بِهِ وَ لا اتِّكاءَ إِلّا عَلَيْهِ وَ الصَّلوةُ وَ السَّلامُ عَلى سَيِّدِ الْمُرْسَلِينَ وَ خاتَمِ النَّبِيِّينَ وَ حُجَّةِ رَبِّ الْعالَمِينَ مُحَمَّدٍ وَ الِهِ الطَّيِّبِينَ الطّاهِرِينَ وَ لا سِيَّما عَلى سُلالَةِ النُّبُوَّةِ وَ بَقِيَّةِ الْعِتْرَةِ وَ الصَّفْوَةِ صاحِبِ الزَّمانِ وَ مُظْهِرِ الْإِيمانِ وَ مُعْلِنِ أَحْكامِ الْقُرْانِ وَ مُطَهِّرِ الْأَرْضِ وَ ناشِرِ الْعَدْلِ فِى الطُّولِ وَ الْعَرْضِ الْحُجَّةِ الْقائِمِ الْمَهْدِىِّ الْإِمامِ الْمُنْتَظَرِ الْمَرْضِىِّ ابْنِ الْحَسَنِ الْعَسْكَرِىِّ.

 

أَللّهُمَّ نَوِّرْ بِنُورِهِ كُلَّ ظُلْمَةٍ وَ هُدَّ بِرُكْنِهِ كُلَّ بِدْعَةٍ وَ اهْدِمْ بِعِزِّهِ كُلَّ ضَلالَةٍ وَ اقْصِمْ بِهِ كُلَّ جَبّارٍ وَ أَخْمِدْ بِسَيْفِهِ كُلَّ نارٍ وَ أَهْلِكْ بِعَدْلِهِ جَوْرَ كُلِّ جائِرٍ وَ أَجْرِ حُكْمَهُ عَلى كُلِّ حُكْمٍ وَ أَذِلَّ بِسُلْطانِهِ كُلَّ سُلْطانٍ امِينَ يا رَبَّ الْعالَمِينَ

 

Nəhcül-Bəlağə qaranlıqları işıqlandıran, yolunu azanların mayakı və günahdan çəkinənlərin ö əyidir. Hər ağıllı insan və tədqiqatçı onu dərindən düşündükdən sonra bu müqəddəs kitabın (Qurani-Kərimdən və Xatəmül-Ənbiya salavatullahın sözlərindən sonra) kitabların ən üstünü və dünyada misilsiz olduğunu təsdiqləyib etiraf edəcəkdir. Bütün bəşər övladları tərəfindən mütaliə olunması daha yaxşıdır. Çünki dünya fitnə-fəsaddan xali deyil və insanlar yalnız öz rəftar və sözlərində Əmirəl-möminin əleyhis-salamın yolunu tutmaqla əmin-amanlıq, rahatlıq və ağalığa çata bilərlər. Bu, (o böyük şəxsin lütfünə möhtac olan) mən bəndənin sözü deyil, hər insaflı ağıl sahibi (lap müsəlman və şiəməzhəb olmasa belə) bunu etiraf edərək Həzrət Peyğəmbərdən sonra Həzrət Əli əleyhis-salamın elm və mərifət çeşməsinin dünyanın sonuna qədər hər işin fəsad və məsləhətini bilib bəyan etmiş olmasına inanır.

 

Onun söz və əməllərinin nümunəsini şərafətli Seyyid Rəzi (rizvanullah əleyh) bu şərəfli kitabda toplamışdır. Elm, bilik sahibləri İmam əleyhis-salamın elə bu həcmdə olan söz və əməllərinin də dünya və axirət səadətinə, ağalığa çatmağa kifayət etdiyini bilirlər. Buna görə də ötən dövrlərin üləma və alimləri (Allah onlara rəhmət etsin, o cümlədən hədisşünas alim Nurinin - Allah ona rəhmət etsin - Mustədrəkul-vəsail kitabında bəyan etdiyi kimi) bu müqəddəs kitab barəsində Əxul-Quran (Quranın qardaşı) ifadəsini işlətmişlər. Başqa sözlə, Qurani-Kərim səmavi kitab olduğu və Allah-təalanın insanların islahı üçün peyğəmbəri Həzrət Mustafanın (səlləllahu əleyhi və alih) dilindən buyurduğu kimi, Nəhcül-Bəlağə də sözləri ilahi elm mənbəyindən süzülərək elm şəhərinin qapısı olan Əlinin (əleyhis-salam) dilindən axan bir kitabdır. Deməli, (indiyə qədər iki hissəsini çap edib yaydığımız və indi də ilahi qüdrət ilə üçüncü hissəsinə başladığımız) bu kitabı oxuyaraq həyatının təliminə çevirmək hamıya vacibdir.

 

اللّهُمَّ اهْدِنا إِلى سَوآءِ السَّبِيلِ فَإِنَّكَ حَسْبُنا وَ نِعْمَ الْوَكِيلُ

 

Fani bəndə:

 

Əliyyənnəqi Feyzul-İslam İsfahani  Ali-Məhəmməd əd-Dibac.

 

1366 H.Q.

 

  
138-Cİ XÜTBƏ  

İmam Əli əleyhis-salamın baş verəcək ağır hadisələrə (və on ikinci İmamın-əccələllahu fərəcəh-zühuruna) işarə etdiyi xütbələrindəndir.

 

Camaatın doğru yolu öz nəfsinə çevirəcəyi (Məhəmmədin şəriətindən əl çəkərək öz nəfsi istəklərinin arxasınca gedəcəkləri) vaxt (İmami-Müntəzər qeyb pərdəsinin arxasından çıxaraq) həvayi-nəfsi doğru yola və qurtuluşa yönəldəcək (yolunu azmışları doğru yola gətirəcək). Camaatın Quranı öz düşüncə və rəyinə çevirdiyi vaxt rəyi Qurana qaytaracaq.

  
Bu xütbənin (İmami-Zaman əleyhis-salamın zühuru ərəfəsindəki fitnələrə işarə olunduğu) bir parçasıdır 

(Həzrətin-ərvahuna fədah-zühurundan əvvəl çox cinayətlər olacaq.) Sizlərə (sonra gələnlərə qəzəbli yırtıcı şir kimi) dişlərini qıcayan (və ya dəvə tək) südlə dolu döşləri olan ağır müharibə və qırğınlar (yırtıcı şir tək hər şeyi məhv etməyə hazır olan döyüşlər, dəvə döşləri kimi döşləri ölüm şərbəti ilə dolu olan müharibələr) üz tutacaq. Onun südünü içmək (işin əvvəlində, döyüş meydanına atılanların və fəthə, qələbəyə ümidi olanların damağında) şirin, işin sonunda (toqquşmanın, ölüb-öldürmənin və onun müsibətlərinin hər yanı bürüdüyü vaxt) acı və pis dadandır (əziyyətlidir).

 

Agah olun, (xəbər verdiyim) sabah (bundan sonra) baş verəcək və sabah tanımadığınız (barəsində xəbəriniz olmayan) bir şeylə gələcək: Padşahlar tayfasından olmayan bir hakim (İmami-Zaman əleyhis-salam) onların işlərini idarə edənləri əməllərinin pisliyinə görə sorğu-sual edəcək.

 

Yer ciyərinin parçalarını onun üçün bayıra çıxaracaq (bütün qızıl, gümüş və s. mədənlər üzə çıxaraq o Həzrətin ixtiyarında olacaq) və açarlarını o böyük insana təslim edəcək. (Bütün şəhərlər onun ixtiyarına keçəcək.) Sonra məmləkətin ədalətlə idarə olunması yolunu sizə göstərəcək və kitabın və sünnənin tərk edilmişlərini (qanunlarını) dirildəcək (Quranın hökmlərini və Həzrət Peyğəmbərin sünnəsini icra edəcək).

  
Bu xütbənin bir hissəsidir 

Sanki onu (Əbdülməliki) Şamda qışqıran (qoşun toplayıb) və bayraqları ilə Kufənin ətrafında gəzən görürəm. (İraqı ələ keçirib) bədxasiyyət, dikbaş dəvənin yeriməsi tək o diyarın əhlinə doğru üz tutur. Yerə başlardan xalça sərib (çoxlarını qətlə yetirib). Ağzını (didməyə hazırlaşan yırtıcı kimi) açıb və ayağını yerə bərk basıb (qoşunu çoxdur). Onun cövlanı uzaq və uzun, həmləsi ağır olar.

 

Allaha and olsun, sizləri (sonra gələnləri) gözdəki sürmə tək azacıq qalana kimi hər tərəfə (şəhər və kəndlərə) pərən-pərən salacaq. (Sizin övladlarınızın Bəni-Üməyyənin əlindən çəkdiyi) çətinlik və əziyyət ərəblərin gizlənmiş ağılları onlara qayıdana qədər davam edəcək. (Heç bir zaman məsuliyyətin üzərinizə düşməməsini və fitnə-fəsaddan xilas olmağı istəyirsinizsə) əbədi və bərqərar sünnəsi, yolları, aydın nişanələri (Quran və sünnəsi), bütün peyğəmbərliyin üzərində durduğu yaxın əhd-peymanı (haqq İmamı və Həzrət Peyğəmbərin canişini) öz yolgöstərəninizə çevirin. Bilin ki, şeytan öz qədəminin izinə ayaq qoyub arxasınca getməniz üçün (aldadıcı) yolları sizlərdən ötrü asanlaşdırır (ki, rahatlığınızı itirib dünya və axirətdə çarəsiz və zavallı olasınız).

  
139-CU XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Ömərin vəfatından sonra Ömərin tapşırığı ilə xəlifəlik üçün) şura keçirildiyi vaxt (həmin məclisin ziyanı barədə) buyurduğu kəlamlarındandır.

 

Heç kəs məndən qabaq haqqın dəvətinə, qohumlarla birləşməyə, ehsan və yaxşılığa (bir sözlə Allaha xoş gələn işlərə) tələsməmişdir. (Yaradılmasına Ömərin əmr verdiyi bu məclis kimi yerlərə qatılmıramsa, bu işdə haqq, həqiqət görmürəm. Buna görə də) sözlərimə qulaq asıb, dediklərimi nəzərinizdə saxlayın. Tezilklə, (bu məclisin keçirildiyi) bu gündən sonra xəlifəlik məsələsinin üstündə qılıncların çəkiləcəyini, əhd-peymanların pozulacağını görəcəksiniz. Hətta sizlərdən bəziləri (Təlhə və Zübeyr) azğınlara rəhbərlik edəcək, bəziləri isə nadanların (Osman və başqalarının) arxasınca gedəcəkdir. (Bütün bu fitnə-fəsadın, qırğınların əsası batil və nadürüstlük üzərində qurulan bu məclisin nəticəsidir.)

  
140-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın camaatın qeybətini etməkdən çəkinmək barədə kəlamlarındandır:

 

Layiqlisi budur ki, günahdan uzaq duranlar və Allahın günahlardan pərhiz saxlamaq nemətini bəxş etdiyi insanlar günahkarlarla və Allahın, peyğəmbərin əmrlərinə boyun əyməyənlərlə mehriban olsunlar. Layiqlisi budur ki, (Allah onlara nemət bəxş etdiyinə və günahlardan uzaq qalmaq uğuru nəsib etdiyinə görə) onlara şükranlıq və təşəkkür hakim kəsilsin (başqalarından danışmağa onlara macal verməsin), günahkarların qeybətini etməyə mane olsun.

 

(Günahdan uzaq olanlara və günahsızlara başqasının qeybətini etmək yaraşmadığı bir halda) öz qardaşının (dindaşının) qeybətini edib onu törətdiyi günaha görə qınayanın halı necə olar?! (Belə bir günahkar şəxsin özü qeybətə daha layiq olduğu halda) Allahın onun qardaşının etdiyi günahdan daha böyük olan öz günahlarının üstünü örtdüyünü xatırlamırmı? Onu törətdiyi günaha görə necə qınaya bilər ki, özü də ona bənzərini etmişdir. Eynilə həmin günahı etməsə də, başqa tərzdə qardaşının günahından daha böyük günah olan Allaha itaətsizlik etmişdir (başqa bir günaha batmışdır). And olsun Allaha, böyük günaha batmamış, yalnız kiçik günahla itaətsizlik göstərmiş olsa belə, camaatda eyb axtarmağı və onlar barədə pis danışmağa olan cürəti (törətmədiyi böyük günahdan) daha böyükdür. (Sonra, İmam əleyhis-salam öyüd-nəsihət olaraq buyurur:)

 

Ey Allah bəndəsi! Törətdiyi günaha görə heç kimsənin eybini axtarıb, haqqında pis danışmağa tələsmə ki, bəlkə o (batdığı günaha görə tövbə edər) bağışlanar. Öz nəfsində kiçik günahdan arxayın düşüb, rahatlanma (ona həqarət və kiçiklik gözü ilə baxma) ki, bəlkə onun nəticəsində əzaba düçar olarsan. Özündən qeyrisinin eybini və pisliyini bilən sizlərdən hər birisi öz eyblərinə görə (başqalarında eyb axtarıb, tənə vurmaqdan) çəkinməli, başqasının mübtəla olduğu günahdan çəkindiyinə görə şükürlə məşğul olmalıdır. (Bu nemətə görə şükr etmək başqasının eybini deməyə ona macal verməməlidir.)

  
141-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (qeybəti dinləməkdən çəkinmək və insanların pisliyinə danışanların sözlərinə qulaq asmamaq barədə) kəlamlarındandır.

 

Ey camaat! Hər kim öz qardaşını (dindaşını) tanıyıb onun dinində (etiqadında) möhkəm və sözləri, əməlləri ilə doğru yolda olduğunu bilsə, camaatın onun barəsində sözlərinə (qeybətinə) qulaq asmamalıdır. Agah olun! (Sözün vurduğu ziyan oxun ziyanından daha ağır və çox olur. Çünki) bəzən kamandan ox atan oxçunun oxu boşa çıxır və (ancaq) söz (yalan olsa belə,) təsirsiz qalmır, onun batili və yalanı aradan gedir. (Bununla belə, onun günahı deyənin boynunda qalır. Çünki) Allah (deyilənləri) eşidən və şahiddir. Bilin ki, haqla batil arasında dörd barmaqdan (bu qədər məsafədən) başqa bir şey yoxdur.

 

Bu sözlərinin mənasını İmam əleyhis-salamdan soruşduqda o Həzrət (bunun cavabında) barmaqlarını bir-birinə birləşdirərək qulaqları ilə gözləri arasına qoyaraq buyurmuşdur: Batil və səhv eşitmişəm dediklərin, haqq və doğru isə görmüşəm söylədiklərindir.

  
142-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (malını boş yerə sərf edən mal sahibini məzəmmət etdiyi) kəlamlarındandır.

 

Haqdan qeyri yolda ehsan edib haqqı çatmayana bəxşiş verənin alçaq, pis insanların tərifindən, onlara bəxşiş verdiyi surətdə nadanların onun barəsindəki sözlərindən savayı bir nəsibi, bəhrəsi olmaz. Allah yolunda xəsislik etdiyi halda (əslində səxavət göstərməyib, əksinə, malını tələf və israf edən) əliaçıq və səxavətli olan nə qədər də çoxdur! Allahın sərvət yetirdiyi kimsələr, həmin maldan qohumlarına yardım etməli və o maldan (tanışlarını hər kəsə öz vəziyyətinə uyğun) layiqli qonaq etməlidir. Onunla əsiri, zavallını azad etməlidir. Ondan yoxsula və borcluya verməlidir. Haqqını (zəkat kimi vacib və sədəqə kimi müstəhəb) qaytarmaqda, hadisələri dəf etməkdə dözümlü olmalıdır. Bunları da (riyakarlıq və özünü göstərmək üçün deyil) savab və ilahi mükafat qazanmaq üçün etməlidir. (Bəyan edilən) bu bəxşişlərlə zəfər çalmaq dünyada ucalmağa, yaxşı ad-sana, yaxşılığa və axirətdə isə yüksək dərəcələrə çatmaq vasitəsinə səbəb olar. Əgər Allah istəsə.

  
143-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın yağış istərkən buyurduğu xütbələrindəndir.

 

Agah olun ki, sizi üzərində saxlayan yer və sizi kölgələri altında qərar verən göy sizin Allahınıza itaət edir. (Sizin istək və arzularınıza tabe deyillər ki, istədiyiniz zaman yer cücərsin və ya göylər yağdırsın.) Öz bərəkət və xeyrini (torpağın göyərməsi və göylərin yağdırmasını) nə sizə ürəyi yandığına, nə sizə yaxınlaşmağa, nə də sizdən xeyir və yaxşılığa (faydaya) ümid etdiklərinə görə sizə bağışlayırlar. Sizə xeyir çatdırmağa (Allah tərəfindən) məmur ediliblər. Əmrə itaət edərək sizin mənafeyinizi ödəmək üçün qalxmışlar.

 

(Buna görə də) Allah nalayiq işlərlə məşğul olan bəndələrini meyvələrin azalması, bərəkətin saxlanılması və yaxşılıqlar xəzinəsinin qapısının bağlanması ilə sınayır ki, tövbə edən yuxudan oyanaraq tövbə etsin, günahı özündən uzaqlaşdırsın (bir daha günaha batmasın). Öyüd alan ibrət götürsün, ayağı özünü saxlayan (günah edib çirkin işlərə meyllənməsin). Allah istiğfarı (Allahdan bağışlanmaq istəməyi) ruzinin artmasının və mehr və rəhmət, yetişməsinin səbəbinə çevirmişdir. (Qurani-Kərimin Nuh surəsinin 11-12-ci ayələrində) Allah-təala buyurur: اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا يُرْسِلِ السَّمَاء عَلَيْكُم مِّدْرَارًا وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ Rəbbinizdən bağışlanmağınızı diləyin. O, günahları bağışlayandır. (Tövbə etdikdən sonra) O sizə dalbadal yağan bulud göndərər. Sizə mallar və oğullarla kömək edər (sizin mal-dövlət, oğul-uşaqlarınızı çox edər).

 

Allah rəhmət etsin (bağışlasın) tövbəyə və (günahdan) dönməyə üz tutan, törətdiyi günahın silinməsini diləyən (Allah-təaladan öz pis əməlinin cəzasından keçməsini istəyən) və ölümünü qabaqlayan kişiyə.

 

İlahi, biz (suyun, otun və yaşayış ehtiyaclarının qəhətliyindən) heyvanların və balalarımızın fəryadlarının ucaldığı pərdələrin və örtüklərin (evlərin) altından rəhmətini diləyən, nemətinin artmağına ümidli və cəzandan, qəzəbindən qorxan halda Sənə üz tutduq.

 

İlahi, Öz yağışınla bizə su yetir, bizi ümidləri kəsilmişlərdən etmə. Bizi qəhətçilik və çətinlik illərində həlak etmə. Bizlərdən olan ağılsızların (pis əməl sahiblərinin) etdiyi işlərə görə bizləri cəzalandırma, ey mehribanların mehribanı!

 

İlahi Pərvərdigara, sənə doğru gəldik. Sıxıntıların, çətinliklərin bizi zavallı etdiyi, məşəqqətli quraqlıq illərinin bizi yönəltdiyi, çətin mətləb və istəklərin acizləşdirdiyi, başımıza dalbadal ağır fitnələrin, bəlaların gəldiyi bir vaxtda Sənə gizlin olmayan şeylərdən (çətinliklərdən) Sənə şikayətimiz var (xəbər veririk).

 

İlahi, Səndən istəyirik ki, bizi (evlərimizə) ümidsiz qaytarma, kədərli yollama, günahlarımızla tutuşdurma (istəyimizə günahlarımıza uyğun cavab vermə) və əməllərimizlə müqayisə etmə (istəklərimizi fəzl və kərəminə uyğun qəbul et).

 

İlahi, yağış, bərəkət, ruzi, mehr və rəhmətini bizə əta et, bizə su yetir. Elə bir su ki, xeyir verən, doyduran və (bitki) bitirən olsun və onunla əldən gedənləri (qurumuş bitkiləri) bitir və öləni (qurumuş torpaqları) dirilt. Bizə elə bir yağışla su ver ki, susuzluğu yox etsin və bol meyvələr yetirsin. Hamar torpaq ondan doysun, enişlərdən (çaylar və dərələrdən) axsın. Ağacları yarlı-yarpaqlı (yamyaşıl), qiymətləri ucuz etsin. Həqiqətən Sən istədiyin hər şeyə qadirsən.

  
144-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (məsum İmamların fəzilətləri barədə) xütbələrindəndir.

 

Allah-təala peyğəmbərlərini seçib vəhyi onlara məxsus etdi. Peyğəmbərləri camaat üçün sübut və dəlilə çevirdi ki, onların (əməllərində) dəlili olmasın. (Sənin əmr və qadağalarınla tanış deyildik deyilməsin.) Hamını peyğəmbərlər vasitəsilə haqq yola dəvət etdi.

 

Agah olun ki, Allah-təala camaatın halını bilir. Ürəklərində olan gizli saxladıqları sirlərdən və düşüncələrdən xəbərsiz deyildir, əksinə, (peyğəmbərləri göndərməsi) kimin əməlinin daha yaxşı olduğunu sınamaqdan ötrüdür. Ondan ötrüdür ki, mükafatın (yaxşı əməlin) savabı (cənnət) və cəzanın (pis əməlin) əzabı (atəş) olsun. (Bu bəyanla ilahi sınağın səbəbinin nə olduğunu bildiyinizə görə.) Hardadır biz əhli-beytdən başqa elmdə (xilqətin sirləri, Qurani-Kərimin təfsiri və təvilində) özlərini bilikli sayanlar: Onların iddiası yalan və bizə zülmdür. Çünki Allah-təala bizə üstünlük verib və onları aşağı tutmuşdur. (Bu məqam və rütbəni) bizə əta edib onları bundan bəhrəsiz etmişdir. Bizi daxil edərək onları çıxarmışdır. Bizim vasitəmizlə doğru yol istənilər, korluq və azğınlıqdan gözün açılması dilənər. Həqiqətən də dinin başçıları - İmamlar Haşimdən yaranmış Qüreyşdəndir. (Əli və Fatimə əleyhimas-salamın nəslindən yaranmışlar.) İmamlıq və xəlifəlik onlardan qeyrisinə layiq deyil, onlardan başqa (haqsız olaraq hakimiyyətə gəlmiş) xəlifələrin (Həzrət Peyğəmbərə) canişin olmaq səlahiyyətləri yoxdur.

  
Bu xütbənin (Bəni-Üməyyə və tərəfdarlarını pisləyib məzəmmət etdiyi) bir hissəsidir 

Dünyanı seçib axirətə arxa çevirdilər. Saf, içməli suya (təqva və pərhizkarlığa) göz yumub, iylənmiş sudan içdilər (əbədi əzabla razılaşdılar). Sanki onlardan pis işlərin ardınca gedərək onlarla ülfət bağlayıb, ram olan və razılaşan fasiq və günahkar birini (Əbdülməlik ibn Mərvanı) görürəm. Saçı belə çirkin işlərdə ağarmış, əxlaqı onunla boyanmışdır. (Onun hakimiyyəti uzun çəkmiş, çirkin işlər onun təbiətinə və zatına keçmişdir. Hər bir çirkin işi görməklə) batıracağından qorxusu olmayan dalğalı, böyük dəniz və yandıracağını düşünmədiyi quru ota düşən alov kimi ağzı köpüklü halda (sərxoş) və qorxmadan üz tutar. (Belə bir zamanda) hardadır hidayət çırağı ilə işıqlanan ağıllar, təqva və pərhizkarlıq nişanəsi ilə baxan gözlər? Hardadır Allah üçün ayrılan və Allaha itaət edən, bəndəliyə qapanan ürəklər?

 

(Hardadır Allaha ibadət və itaətdən başqa işi-peşəsi olmayan din rəhbərlərinin tərəfdarları? Bir halda ki, Bəni-Üməyyə) dünya malına hücum çəkərək haram uğrunda bir-birilə vuruşurlar. Behiştin və alovun nişanələri onlara görünür. Amma onlar cənnətdən üz döndərərək öz əməlləri ilə atəşə üz tuturlar. Allah onları (nicat yoluna) dəvət edib. Onlar hürkərək arxa çevirdilər. Şeytan onları (zəlillik və bədbəxtlik yoluna) çağırdı, onlar dəvətini qəbul edərək ona üz tutdular.

  
145-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (dünyanın məzəmməti və vəfasızlığı haqda) xütbələrindəndir.

 

Ey camaat! Siz bu dünyada ölümlərin oxlarını atdığı hədəfsiniz (müxtəlif növ ölümlər: xəstəlik, qətl, yanğın, batmaq, quyuya düşmək, uçqunun altında qalmaq və sair buna oxşarlar sizi məhv etməyə hazırdırlar). Hər içiləndə boğaza sıçrayan bir su vardır. Hər loğmada boğazda ilişən bir sümük vardır. Dünyada bir neməti əldən verməmiş başqa bir nemətə yiyələnə bilməzsiniz. (Həmçinin) sizin uzun ömürlülərinizin (yalnız yaşı çox olanın deyil, hələ ömrü qalan gəncin və ya qocanın) ömrünün, həyatının bir günü məhv olmadan ömrünə (yeni) bir gün verilməz. Əvvəlki gün yediyi aradan getmədən çox yemək yeyən üçün yeni bir ləzzət gətirməz. Bir nişanə və izi aradan getməmiş onun başqa bir nişanə və izi yaranmaz. Təzəsi köhnəlməmiş onun üçün heç nə təzələnməz (məsələn, vüqar, səbr və helm qazanmaq üçün gənclik şadlığı itirilir). Onun üçün bir salxım bitməz, biçilən aradan getməmiş (bir əkin biçilməmiş, başqa əkin yaranmaz. Ata-anaları bu dünyadan getməmiş övladları onların yerlərində əyləşməzlər). Köklər olub keçiblər (ata-analar ölüblər) və biz budaqlarıq. (Onların övladlarıyıq.) Budaq kökü getdikdən sonra necə qala bilər?

  
Bu xütbənin (bidətə itaət etməkdən çəkindirən və sünnənin ardınca getməyi təşviq edən) bir parçasıdır 

Elə bir bidət (dində olmayan bir şeyin dində yaradılması) yaranmayıb ki, onun səbəbinə bir sünnə (Həzrət Peyğəmbərin yol və üslubu) aradan götürülmüş olmasın. Belə isə bidətdən çəkinin və işıqlı yola qədəm qoyun (Həzrət Peyğəmbər səlləllahu əleyhi və alihin yolu ilə gedin. Çünki Həzrət Peyğəmbərin zamanında olan) köhnə işlər işlərin ən yaxşısıdır, yeni bidətlər isə ən pis şeylərdir. (Şəriətə zidd olduğuna görə hərc-mərclik, fəsad və çox pozğunluğa səbəb olar.)

  
146-CI XÜTBƏ 

İmam Əli əleyhis-salamın İran əhli ilə döyüşə gedərkən buyurduğu kəlamlarındandır. Onunla məsləhətləşən Ömər ibn Xəttaba demişdir:

 

Bu işə (müqəddəs İslam dininə) yardım və ya onu xar etmək (lap əvvəldən qoşunun) azlıq və çoxluğu ilə olmamışdır (ki, kafirlərin qoşununun çoxluğundan və öz qoşunumuzun azlığından qorxaq). O, Allahın dinidir ki, onu (digər dinlərə) qalib edib. O, Allahın qoşunudur. Çatmalı olduğu mərtəbəyə çatana, aşkar olmalı olduğu yerdə aşkarlanana qədər onları hazırladı və kömək etdi. Biz Allah tərəfindən verilən vədi gözləyirik. Allah öz vədinə vəfa edərək qoşununa yardım edər. (Ömərin döyüş meydanına getməməli olduğu haqda fikrini sübutla əsaslandıraraq belə bəyan edir:) Din başçısının və məmləkətin hökmdarının yeri fəqərələri toplayıb onları bir-birinə birləşdirən ipə bənzəyir. Əgər ip qırılsa, fəqərələr bir-birindən ayrılaraq dağılar və heç vaxt bir yerə yığılmaz. Ərəblər bu gün az olsalar da, İslam dininə (və onun başqa dinlərə qələbə çalmasına) görə çoxdurlar. (Nifaqın, ikiüzlülüyün yol tapmadığı) birlik və bütövlüyünə görə qalibdirlər. Sən dəyirmanın ortasındakı mismar kimi (sakit və təmkinli) ol. (Müharibə) dəyirmanını ərəblərin vasitəsilə fırlat (qoşunu təchiz etməyə və işlərində nizam-intizam yaratmağa çalış). Onları müharibə alovuna daxil edərək özün döyüş meydanına getmə. Çünki sən bu torpaqdan (İslamın paytaxtı Mədineyi-Teyyibədən) bayıra çıxsan, ətraf və nahiyələrdən ərəblər (fürsət əldə edib) səninlə olan peymanlarını pozacaq və fitnə-fəsad salacaqlar. (Sənə itaət etməkdən boyun qaçıracaqlar və məmləkətin nizam-intizam ipləri bir-birindən qopacaq). İş o yerə çatacaq ki, arxada qoyduğun sərhədləri qorumaq sənin üçün döyüş meydanına getməkdən daha mühüm olacaq. (Başqa cəhətdən də Sən döyüş meydanına daxil olsan,) iranlılar səni görəcək və deyəcəklər: Bu ərəblərin rəhbəridir. (Ondan başqa rəhbərləri yoxdur.) Onu aradan götürsəniz (qətlə yetirsəniz), rahatlıq taparsınız. Bu düşüncə onların sənə (səninlə döyüşə) olan hərisliyini və səni (məhv etmək) tamahını daha da artırar. İranlıların müsəlmanlarla döyüşə gəlmələri barədə xatırlatmana gəlincə isə, (qorxusu yoxdur, çünki) səndən daha çox Allah-təala onların gəlişini xoşlamır və O, bəyənmədiyi şeyi (razı olmadığını) aradan götürməkdə daha qüdrətlidir. Sayların çoxluğu barədə dediyinə gəlincə isə, (bunun üçün də narahatlıq yeri yoxdur, çünki) biz bundan əvvəl (Həzrət Peyğəmbərin vaxtında və İslamın ilk illərində kafirlərlə) qoşunun çoxluğu ilə döyüşmürdük, əksinə, Allah-təalanın yardımı, köməyi ilə döyüşürdük. (İndi qoşunun azlığından narahat olma. Allah bizə yardım göstərəcək və sonda qələbəni, zəfəri bizə nəsib edəcək.)

  
147-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Həzrət Məhəmmədə peyğəmbərlik verilməsinə dair dediyi, gələcəkdə baş verəcək hadisələrdən xəbər verdiyi, camaata öyüd, nəsihət etdiyi, onları itaətə həvəsləndirdiyi) xütbələrindəndir.

 

(Allaha şükr və sənadan) sonra, Allah Məhəmmədi (səlləllahu əleyhi və alih) haqqa və doğruluğa seçdi ki, bəndələrini bütlərə pərəstişdən çəkindirsin və Ona ibadətə, itaətə dəvət etsin. Şeytanın ardınca getməyi qadağan edərək Ona itaətə yönəltsin. Bəndələrinin nadan olduqları halda Allahlarını tanısınlar deyə, inkar etdikdən sonra Onu etiraf və inanmadıqdan sonra varlığını sübut etmələri üçün onu (bütün üfüqlərdə) aydın, möhkəm və güclü etdiyi Quranla göndərdi. Sonra özü görülmədən, onlara göstərdiyi güc və qüdrətilə özünü kitabında onlara aşkar etdi. (Öz kitabında) onları öz əzəmət və şövkəti ilə qorxudub məhv etdiyi qövmü müxtəlif əzablarla necə puç etməsindən, aralarına qəzəb orağı atdığı dəstəni (aradan götürdüyündən) agah etdi. Məndən sonra tezliklə sizin üçün elə bir zaman gələcək ki, onda haqq və doğruluqdan daha gizli, batil və nadürüstlükdən daha aşkar, Allaha və Onun Peyğəmbərinə qarşı yalandan daha çox bir şey olmayacaq. O zəmanənin camaatı üçün doğru-düzgün oxunan (düzgün təfsir və təvil edilən) Qurandan qiymətsiz, mənasını təhrif edib dəyişdiklərindən (onu nəfsi istəkləri və batil qərəzləri ilə uyğunlaşdırsalar) bol məhsul olmaz. Şəhərlərdə ləyaqətli işlərdən daha pis və pis işlərdən daha ləyaqətli iş olmaz. Quranı daşıyanlar (onunla tanış olub məlumatı olanlar) ona etinasız olar (göstərişinə uyğun rəftar etməzlər) və hafizləri isə (onu əzbərdən avazla oxuyanlar əməl vaxtı) unudarlar. Deməli, Quran və onun əhli (yol göstərən İmamlar əleyhimus-salam və ardıcılları) uzağa atılmışlar və cəmiyyət arasında deyillər. Bunların hər ikisi bir yolda bir-birinə yoldaşdır. (Quranın göstərişinə uyğun rəftar edirlər. Həmin zəmanə əhlindən) bir kimsə Qurana və əhlinə hörmət qoymayıb yanında saxlamayacaq. (Çünki nəfsinə uyğun gəlmir.) Deməli, Quran və onun əhli həmin zəmanədə (zahirdə) camaatın arasında, onlarla olsalar da (əslində) aralarında olmayıb, onlarla deyillər. Çünki zəlillik və azğınlıqla doğru yol, hidayət bir yerə sığışmaz. Həmin (azğın) camaat (Qurandan) ayrılmaq üçün əl-ələ verəcək və insanlardan (Qurana tabe olanlardan) pərən-pərən düşəcəklər. Sanki (itaət edib ardınca getməli olduqları) Quran onların rəhbəri deyil, onlar Quranın rəhbərləridir!!! (Çünki onu öz batil qərəzləri və nadürüst düşüncələri əsasında təfsir, təvil edirlər.) Deməli, (Quranı arxaya atıb onun müddəalarına əməl etmədiklərinə görə) onlar üçün onun adından başqa bir şey qalmayıb və yazısından, xəttindən qeyri bir şeyini tanımırlar. Bu zəmanə gəlməmişdən qabaq (Bəni-Üməyyə və Bəni-Abbasın zülmü, sitəmi nəticəsində) yaxşı insanlara cürbəcür zülmlər olunacaq. Onların doğru sözünü Allaha yalan və böhtan sanacaq, yaxşı əməllərini çirkin işlərin cəzası ilə mükafatlandıracaqlar. (Çünki şəhvət və nəfslərinə tabe olaraq yaxşı insanların layiqli əməllərini nalayiq sanacaq və onları qətlə yetirəcək, incidəcəklər.) Sizdən əvvəl olanlar uzun arzularına və ölümləri naməlum olduğuna görə həlak olub əzab çəkərlər (uzun arzulardan çox asılı olub, ölümdən xəbərsiz qalarlar) ölüm onları yaxalayar. Elə bir ölüm ki, heç bir üzrü qəbul etməz, əllər tövbəyə, (çirkin əməllərdən) qayıdışa çatmaz (üzrxahlığa və tövbə etməyə macal olmaz) və müsibət, əzab (can vermək və əbədi əzab) onunla yoldaş olar.

 

Ey camaat! Allahdan öyüd-nəsihət istəyən kimsə (nəsihət qəbul edənin əməlləri və sözləri Allahın buyuruqlarına uyğun olsa, hər xeyir işdə) uğur qazanar. Onun sözünü (Qurani-Kərimi) kim öz yolgöstərəninə çevirsə, yolların ən davamlısı olan bir yola yönəldilər. Çünki Allahı tanıyan (Onun sözlərini öz bələdçisinə çevirən şəxs əbədi əzabdan) rahat və asudə olar. Onun düşməni (Ona ibadət və bəndəlikdən boyun qaçıraraq yoluna qədəm qoymayan) isə qorxudadır. Allahın əzəmət və böyüklüyünü tanıyan (Onun hər şeyə qadir olduğunu bilən) kimsənin özünü böyük sanması (Onun əmr və qadağalarına tabe olmaması) yaraşan deyil. Allah-təalanın böyüklüyünün həddi-hüdudunun olmadığını bilən şəxslərin ləyaqət və məqamlarının aliliyi Onun müqabilində təvazökar olmalarındadır (əmrlərinə uyğun rəftar etmələrindədir). Onun güc və qüdrətinin hər imkanın fövqündə dayandığını bilən kəslərin sağlığı (əzabdan xilas olmaları) Ona tabe olmalarındadır. Sağlam insan qoturludan, şəfa tapan xəstədən uzaq durduğu kimi haqdan (Onun əhlindən, yəni, din başçılarından) uzaqlaşmayın. Bilin, nə qədər ki, Onu tərk edəni (Ona itaət etməyənləri) tanımamısınız, doğru yolu (haqq dini) dərk etməyəcəksiniz. Heç vaxt Quranla əhd-peymanınıza sadiq qalmayacaqsınız (Allaha və peyğəmbərə iman gətirməyəcəksiniz), nə qədər ki, əhdini pozub peymanını sındıranı (onlara meyl etməyəni) tanımamısınız. Onu uzağa atanı (onun hökmlərinə əməl etməyəni) tanımayana qədər heç vaxt Allahın Kitabına əl vurmayacaqsınız (onun göstərişinə uyğun rəftar etməyəcəksiniz). (Doğru yola gəlməyəni, Quranla əhd-peymanlarını pozub onu tərk edənləri tanıdıqda və onlardan uzaqlaşdıqda) doğru yolu, əhd-peymana sadiqliyi, Qurana bağlanmağın üsulunu onun əhlindən (yol göstərən İmamlar əleyhimus-salamdan) diləyin. Çünki onlar elm və biliyi diri saxlayanlar, cəhalət və nadanlığı öldürənlərdir. (Buna görə ki,) onlardır hökmləri (bəyan etdikləri şəriət hökmləri və ilahi vəzifələr) sizləri elm və biliklərindən (söz deməməli olduğu yerlərdə) sakit dayanmaları sözlərindən (bəyanlarının gözəlliyindən) və zahirləri batinlərindən agah edən. (Sözləri ilə əməllərinin birliyi etiqadlarının düzgünlüyü və imanlarının doğruluğundandır.) Dinin əleyhinə deyildirlər (çünki dinin rəhbərliyi onların əlində olub və hər eybdən, günahdan məsumdurlar) və (hökmlərin heç birində) bir-biri ilə ixtilafları yoxdur. (Çünki onların elmləri vahid peyğəmbərlik mədənindən qaynaqlanır.) Deməli, din onların barəsində doğru danışan şahid (onların birliyinə və ixtilaflarının olmamasına şəhadət verir) və danışan bir sükutdur. (Zahirdə bir söz deməsələr də, əslində din haqqın onlarla və onların haqla olduğunu deyir.)

  
148-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Bəsrə əhli (Təlhə və Zübeyrin məzəmməti) barədə kəlamlarındandır.

 

Təlhə və Zübeyrin hər ikisi özlərinin xalqın əmiri və hakimi olacaqlarına ümidvar olaraq, bunu dostları üçün deyil, özləri üçün istəyirlər. (Buna görə də bu döyüşdə) Allaha tərəf getməyib bir kəndir və iplə özlərini Ona yaxınlaşdırmırlar. Hər biri öz dostuna ürəyində kin bəsləyir. Tezliklə işlərin üstündən pərdə götürüləcək, kinləri üzə çıxacaqdır. Allaha and olsun, istədiklərini əldə etsələr (hakimiyyətə çatsalar), hər an hər biri başqasının canını alar, hər biri dostunu puç və məhv edər. (İndi) zülmkar bir dəstə (fitnə və qarışıqlıq üçün) qiyam etmişdir (biz də müdafiə olunmağa və qarşılarını almağa hazırıq). Haradadır (pis işlərdən çəkindirərək Allahdan) əcr və savab istəyənlər (ki, bizə kömək və yardım etsinlər?) Həqiqətən də sünnələr (hidayət və qurtuluş yolları) onlara aydındır (hamı bilir). Bu xəbər daha əvvəldən onlara bəyan olunmuşdur. (Buna görə də Osmanın qətlini əhd-peymanlarını pozmaq üçün bəhanəyə çevirən bu insanların sözlərinə qulaq asmaq lazım deyil. Çünki) hər azğınlıq üçün bəhanə və səbəb, hər əhd-peymanı pozmaq üçünsə bir şübhə var. (Ancaq) Allaha and olsun, mən əli başa, üzə və sinəyə vurmağın səsini matəmlərdə və ölüm xəbərini qasiddən eşidən, (inanmayaraq) ağlayanın başının üstünü kəsdirənlərdən (buncaya qədər inanmayandan) deyiləm.

  
149-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (ibn Mülcəm qılıncla o böyük şəxsin başına zərbə endirdikdən sonra) vəfatından öncə (ölümün hamıya çatacağı barədə dediyi, Allah və Peyğəmbərə tabe olmağı tövsiyə etdiyi və öz vəfatını xəbər verdiyi) kəlamlarındandır.

 

Ey camaat! Hər insan ölümdən qaça-qaça onunla görüşür. Ömrün müddəti canın cıdır meydanıdır. (Mənzil başı ömrün başa çatması və ölümü qəbul etməkdir.) Ölümdən qaçmaq ona yaxınlaşmaqdır. Nə çox günlərimi bu gizli mətləblə maraqlanmaqla keçirmişəm. (Bu sirri tapdım və) Allah-təala onun (sizdən) gizli qalmasından qeyri bir şeyi istəməmişdir. Ondan agah olmağınız nə qədər də uzaqdadır. (Çünki) gizli bir elmdir. (Onu hər kəsə açmaq olmaz.) Mən (sizlərə) Allahı (barəsində) vəsiyyət edib tapşırıram ki, Ona heç nəyi şərik qoşmayasınız. Məhəmməd (səlləllahu əleyhi və alih) (haqqında) vəsiyyət edirəm ki, onun sünnəsini (hökmlərini) qədir-qiymətsiz və puç etməyin. Bu iki sütunu (Allahın birliyi və Həzrəti Peyğəmbərin şəriətini) qoruyub saxlayın. Və yandırın bu iki çırağı (nadanlıq və azğınlıq zülmətində sərgərdan qalmayasınız deyə). Bir-birinizdən (bu iki şeydən) uzaq və pərən-pərən düşməyənə qədər qınaq və məzəmmət olunmazsınız. (Allahın və Peyğəmbərin göstərişinə tabe olmağı çətin sanmayın, çünki) Allah-təala sizlərdən hər birinə taqəti və qüdrəti qədər vəzifə tapşırmış, nadanlara güzəşt etmişdir. (Belə isə, nadanların bilənlər qədər mükəlləfiyyəti yoxdur, çünki) sizin Allahınız mehriban bir Allah, dininiz möhkəm bir din (əyrilik ona yol tapmayıb) və rəhbəriniz (Həzrət Peyğəmbər və yol göstərən İmamlar əleyhimus-salam bütün ilahi hökmlərdə) bilikli bir rəhbərdir. Mən dünən sizinlə yoldaş və həmnişin idim. (Sağlamlıq, igidlik və gücümlə sizə xidmət edirdim.) Bu gün isə sizlər üçün ibrət və öyüdəm. (Bütün bu igidlik və qüdrətimə baxmayaraq, ölürəm.) Sabah sizdən uzaqlaşaraq ayrılacağam. (Öləcəyəm.) Allah mənə və sizlərə rəhmət etsin. Bu büdrəyən yerdə ayaq qoyduğum yer möhkəm olsa, (bu dünyada sağ qalsam,) deməli, (Allahın qəza- qədərinə razı olduğuma və Onun istədiyindən başqa şeyi istəmədiyimə görə) bu sizin muradınızdır, sizə yaxşıdır. Əgər ayağım büdrəsə (ölüm məni haqlasa), deməli, biz ağac budaqlarının kölgəsində, küləklərin əsdiyi yerdə və yerlə göy arasında toplanıb, məhv olan və nişanələrini yerdəki küləklərin yox etdiyi buludların sayəsində olmuşuq. Mən sizin qonşunuz idim və bir müddət bədənim də sizə yoldaş idi. Tezliklə hərəkətdən sonra sakitləşmiş, danışdıqdan sonra susmuş cansız bədənimi görəcəksiniz. Mənim hərəkətsizliyim, gözlərimi önümə dikməyim və əzalarımın sakitliyi sizlər üçün ibrət olsun. Çünki bu hal ibrət götürənlər üçün hər bəlağətli söhbətdən, hər qəbul edilmiş sözdən daha nəsihətlidir. Mənim sizlərlə vidalaşmağım, ayrılmağım dostları görüşünə gələn bir kişinin ayrılığına və vidalaşmağına bənzər. (Qiyamət günündə Allahın ədalət dərgahında sizinlə görüşəcəyəm.) Sabah mənimlə olduğunuz günləri xatırlayacaqsınız. (Mən dünyadan köçdükdən, Bəni-Üməyyə və başqaları hakimiyyətə gəldikdən sonra mənim qədrimi biləcəksiniz.) Mənim fikirlərim sizə çatacaq. (Məlum olacaq ki, bu döyüşlərdə Allah-təalanın razılığını qazanmaqdan başqa məqsədim olmayıb.) Mənim yerim boşaldıqdan və orada başqa birisi dayandıqdan sonra məni tanıyacaqsınız.

  
150-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (özündən sonra) baş verən hadisələrə işarə etdiyi (İmami-Zaman əccələllahu fərəcəhun qeybə çəkilməsindən xəbər verdiyi) xütbələrindəndir.

 

(Dünyapərəstlər) tutdular azğınlıq yollarını sağdan, soldan, göz yumdular hidayət və qurtuluşun düm-düz yollarına. (Dinləyənlər bu sözdən heyrətə gələrək bu hadisələrin nə vaxt baş verəcəyini Həzrətdən soruşanda buyurdu:) Tələsməyin. Baş verəcək pozğunluqları, olması gözlənilənləri və sabahın gətirəcəklərini (bundan sonra aşkar olacaqları) gec sanmayın ki, bir şey uğrunda tələsən onu tapdıqda ona çatmamağı qalır! Sabahın nişanələri (o zamanların çatacağı və həmin pozğunluqların baş verəcəyi zəmanənin insanlarının əməlindən aydın görünür) bu gün necə də yaxındır! Ey zəmanə camaatı, hər vəd olunmuşun gəlişinin vaxtı, xəbəriniz olmadığı fitnələrlə görüşə yaxınlaşmaq anıdır. Agah olun, bizdən fitnələri görən kimsə (Sahib əz-zaman əccələllah fərəcəh) həmin fəsadların zülmətində aydın çıraqla (İmamət və vilayət nuru ilə) hərəkət edəcək, yaxşılar kimi rəftar edəcək ki, o çətinliklərin bir düyününü açsın (azğınlığa düçar olanı xilas etsin) və bir əsiri (cəhalət və nadanlığın buxovlarından) azad etsin. (Kafirlərin) birliyini dağıdıb dağınığı (haqqı) bir yerə yığacaq. Camaatdan gizlində olar, axtaran arxasınca nə qədər nəzər salsa da bir izini, nişanəsini görməz. Bir dəstə bu fitnələrdə dəmirçi qılıncı cilaladığı kimi cilalanacaq (doğru yola gəlib xilas olacaq və o Həzrətin ardınca getməyə hazır olacaq. Belə ki,) onların gözləri Quranın nuru ilə işıqlanacaq, təfsiri qulaqlarında səslənəcək (Quran ayələrini oxuyub dərindən düşünəcək, təfsirini öz əhlindən öyrənəcək). Səhər erkən içdikdən sonra axşam da hikmət camını onlara içirdəcəklər.

  
Bu xütbənin (cahiliyyət dövrünün insanları və Həzrət Peyğəbmərin səhabələri haqda olan) bir hissəsidir 

(Müqəddəs İslam dini yaranmamışdan əvvəl bütün dünyanı azğınlıq bürümüşdü və insanlar müxtəlif pozğun işlərlə məşğul olurdular.) Onların (günah və itaətsizlik) zəmanəsi (öz) günah və cəzalarını başa çatdırmaları üçün uzun çəkdi. Zəmanələrinin sonu yaxınlaşana qədər ruzgarlarının ağır hadisələrinə layiq olmaları üçün. (Rəis və başçılarından) bir dəstə pozğunluqlara bel bağlayıb ondan rahatlıq tapdı. Müharibə atəşini alovlandırmaq üçün əllərini qılıncla göyə qaldırdılar. (Həzrət Peyğəmbər öz səhabə və ardıcıllarını müqəddəs İslam dinini təbliğ edib yaymaq üçün elə tərbiyələndirdi ki,) İlahi qəzavü-qədər bəla və çətinlik dövrünün başa çatmasını tələb edənədək (müsəlmanlar güclənib dinləri dünyada məşhurlaşana qədər çətinliklərdə və düşmənlə döyüşdə) dözümlərini Allaha minnət qoymadılar, haqqın yolunda candan keçməyi böyük saymadılar. (Döyüşlərdə) qılınc çalmaları bəsirətlərinə (nadanlığa və şəhvətə görə deyil, Allaha və Peyğəmbərə inamlarına) görə idi. Yol göstərən və nəsihət verənlərinin (Həzrət Peyğəmbərin) əmrilə Allahlarına yaxınlaşdılar. Allah-təala bu Peyğəmbərin (səlləllahu əleyhi və alih) ruhunu aldıqdan sonra bir dəstə geriyə qayıtdı (Həzrət Peyğəmbərin əmr və qadağalarına arxa çevirib yenidən azğınlıq yoluna qədəm qoydular) və (azğınlıq) yolları onları məhv etdi. (Dünyada pozğunluğa, axirətdə isə əbədi əzaba düçar oldular.) Öz nadürüst düşüncə və rəylərinə etimad etdilər (hökmləri özlərindən səhv bəyan etməklə insanları ona tabe olmağa məcbur etdilər. Həzrət Peyğəmbərin) qohum-əqrabasından qeyrisinə tabe oldular. (Onları) sevməyə əmr edilmiş vasitədən (yəni, hidayət və qurtuluş vasitəsi olan Həzrət Peyğəmbərin Əhli-Beytindən) uzaq durdular. Binanı (din və imanı) möhkəm bünövrəsindən köçürərək layiq olmayan yerdə tikdilər. Onlar hər günahın mənbəyi, hər çətinliyə və nadanlığa daxil olanın qapılarıdır. (Batili və nadürüstlüyü istəyən hər kimsə onların ardınca gedər. Çünki onlar zəlillik və azğınlıq qapıları, fitnə-fəsadın, din və dünya işlərində pozğunluğun mənşəyidirlər.) Heyrət və səfalət içrə (dənizin dalğaları kimi) get-gəl edirdilər (çünki haqdan əl çəkmişdilər və dinin rəhbərinə tabe deyildilər) və bihuşluqda (cəhalət və nadanlıqda) Fironun ardıcılları kimi (öz əməllərinin əzab və cəzasından) qafil idilər. Bəziləri (xəlifələr kimi) axirətə göz yumub dünyaya yönəldilər, bəziləri də (Bəni Üməyyə kimi) dindən əl çəkib (doğru yol və qurtuluşdan) uzaqlaşdılar.

  
151-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbəri vəsf, ərəblərə nəsihət etdiyi və çətin hadisələrdən xəbər verdiyi) xütbələrindəndir.

 

Allahdan şeytanı uzaqlaşdırdığı və saxladığı yerlərdə, (ibadət, bəndəlik vaxtı və şeytana tabeçiliyə mane olan layiqli işlərdə Allahdan uğur diləyirəm) onun yalanlarına və tələlərinə (nəfsi istəklərə və dünyanın xoş görüşünə) düşməməkdə kömək diləyirəm. Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi, elçisi, seçilmişi və bəyəndiyidir. Fəzlinin və böyüklüyünün tayı-bərabəri yoxdur, yoxluğunu heç nə əvəz etməz. Şəhərlər (sakinləri) zülmət azğınlığından və (bütpərəstlikdən), böyük nadanlıqdan, ünsiyyətdə kobudluq və pis əxlaqdan (daş qəlblilik və qan tökmədən) sonra Onunla (doğru yolun nuru ilə) işıqlandılar. İnsanlar (o Həzrətin peyğəmbərliyindən əvvəl) haramı və nalayiq olanı halal bilər, alimi və biliklini xar sayardılar. (Onları doğru yola yönəldəcək) peyğəmbərin olmadığı bir dövrdə yaşayıb, zülmətdə (küfr və azğınlıqda) ölürdülər. Siz, ey ərəb camaatı! (Görünməsi) yaxında olan bəlaların (fəsad və pozğunluqların) nişanələrisiniz (oxlarısınız). Qəflətdən və (insanın məhvinə, tükənməsinə səbəb olan) nemətin məstliyindən uzaq durun (çarəsiz qalmamaq üçün öz dininizə əhəmiyyət verin) və (dinə etinasızlığa görə) cəzanızın ağırlığından çəkinin. Şübhənin tozunda və qaranlığında (batilin haqla səhv salınmasında), fitnənin (yolunun) əyriliyində və kələ-kötürlüyündə, gizlinin aşkar olub üzə çıxmasında, qütbün asılmasında və onun oxunun fırlanmasında ləngiyin (düşünüb-daşınmadan dolaşıq və fitnə-fəsadın başlanğıcı olan işlərə girişməyin). (Çünki) fitnə və pozğunluq gizli yollarda üzə çıxar və rüsvayçılıq, çirkinlik yaradar. (Fitnə törədən səhv işlər əvvəldə az olar və yavaş-yavaş artar.) Onun böyüyüb artması (tədricən güclənən) gəncin böyüməsinə, nişanələri isə (çırpıldığı hər şeyi dağıdıb sındıran) daşın nişanələrinə bənzər. Zülmkarların hər biri başqası üçün bağladığı əhd-peymanla həmin fitnəni miras götürür. Onların (və azğınlığa aparan) ilki sonuncularının rəhbəri, sonuncuları isə (yaxşılara zülm etməkdə) ilklərinin ardınca gedəndir. Alçaq dünyaya (sahib olmağa) meylli, rəğbətlidirlər və (bu işdə) bir-birini ötüb keçirlər. İylənmiş, pis qoxulu murdar ətə çox tamah salaraq, onun üstündə bir-birilə düşmənçilik edirlər. Az zamandan sonra davamçı öz rəhbərindən, rəhbər isə ardıcılından bezər, sonra düşmənçiliklə bir-birindən pərən düşərlər. Görüşəndə biri digərini lənətləyib söyər. Müqəddimə olan bu fitnədən sonra daha bir məhvedici, qırıcı fitnə gələr. (Bu fitnə insanları çox pərişan və puç edər.) Ürəklər gücləndikdən sonra tutulmağa və daralmağa meyl edər, kişilər sağaldıqdan sonra azğınlaşarlar. O fitnənin üz tutduğu vaxt istəklər korlanar. Onun yarandığı vaxt düşüncələr (doğrusu nadürüstü ilə) səhv salınar. (Nadan başını itirər) onu dəf etmək niyyətində olan hər kimsəni fitnə sındıraraq puç edər, onunla əlləşib (unutmağa) çalışanı əzib məhv edər. Həmin fitnədə insanlar vəhşi uzunqulaq kimi bir-birinin boğazını gəmirib əziyyət verəcəklər. Birləşdirən iplər (dinin qaydaları və şəriət hökmləri) qırılıb qopacaq, işlərin üstü örtüləcək. (Qurtuluş yolu görünməz olacaq.) Bu fitnədə (alimlərin söz deməyə qüdrətləri olmadığına görə) elm, bilik azalacaq, zalımlar dil açacaqlar. O fitnə çöllərdə yaşayanları öz cilovunun dəmiri ilə döyəcək, sinəsi ilə onları əzəcək. (Pozğunluq dikbaş atın insanı ayaqları altına salıb öldürmək üçün onun üstünə çıxması kimi hər yanı bürüyəcək.) O fitnənin toz-torpağında (nişanə və əlamətlərində) tək yol gedənlər (alimlər və fazillər) puç olacaq (aradan gedəcək) və atlılar (igidlər və güclülər) onun (qarşısının alınması) yolunda həlak olacaqlar (öldürüləcəklər. Qısası, bu fitnədən az adam sağ çıxacaq). O fitnə acı tale (ən ağır ilahi hökmlə) ilə gələcək, yeni və pak qanları sağacaq (çox qan töküləcək), dinin nişanələrinə (şəriət hökmlərinə) nüfuz edəcək (belə ki, şəriət qanunlarına uyğun rəftar olunmayacaq). Yəqinlik əhd-peymanlarını (haqq inam və əqidələri) bir-birinə vuracaq (onları dəyişəcək). Ağıllılar və uzaqgörənlər ondan qaçacaq, natəmizlər və bədxahlar ağıl, düşüncə işlədərək həmin yola qədəm qoyacaqlar. Şimşək kimi çaxacaq (qovğalı və hay-küylü olacaq və yaxud qılıncların səsi qınlarından çıxarılarkən və qan axıdılarkən hər yerdə eşidiləcək) və çox ağır, tələsik olacaq (əlini belinə qoyub işində tələsən insan kimi). Onda qohumlar və yaxınlar bir-birindən ayrılacaq. İslam dini ondan uzaqlaşıb ayrı duracaq. (Çünki dinin qaydalarına ziddir.) Ona nifrət edən (günahdan və qarışıqlıqdan uzaq olan) xəstədir (müxtəlif çətinliklərə düşmüşdür), köçən (ondan qaçmaq istəyən) isə qalandır (nicatı və xilası yoxdur).

  
Bu xütbənin (möminlərin və yaxşı insanların axirəz-zamanda vəziyyəti barədə olan) bir parçasıdır 

(Möminlərdən) bəziləri öldürüləcək və qanları hədər gedəcək, bəziləri isə (zülmkarlardan) qorxaraq aman istəyəcəklər. Verilən andlara (münafiq və ikiüzlü insanların zahirən göstərdikləri) yalan imana aldanacaqlar (hiyləgərlər yalan andlarla və özlərini imanlı göstərməklə onları arxayın salar, son nəticədə həlak edərlər). (Həmin zamanlarda ilahi əzabdan xilas olmaq istəyirsinizsə) fitnə və bidətlərə bayraq, nişanə olmayın (pozğunluğa səbəb olmayın və dində hökm yaratmayın). Vəhdət ipinin bağlandığı və ibadətin, itaətin sütunlarının üzərində qurulmuş şeydən (müqəddəs İslam dinindən) əl çəkməyin. Allahın hüzuruna zülmkar deyil, məzlum kimi gəlin. Şeytanın yollarından (tələ və yalanlarından) və zülm, sitəm məkanlarından uzaq durun. Qarınlarınıza (az da olsa) haram loxma daxil etməyin. Çünki günahı sizə haram etmiş, (ən xırda işlərinizi bilən və əməllərinizə şahid olan), sizlərə itaət və ibadət yolunu asanlaşdırmış (hökmlərin heç birini sərtləşdirməyən) Allahın nəzərindəsiniz.

  
152-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (tovhid və Allahın sifətləri haqqında) xütbələrindəndir.

 

Həmd o Allaha məxsusdur ki, yaratdıqlarının vasitəsilə Öz vücuduna və varlığına yolgöstərəndir. Yaratdıqlarının sonradan əmələ gəlmiş və yeni yaranmış olması Onun əzəliliyinə və başlanğıcının olmamasına dəlalət edir. Yaranmışların bir-birinə bənzəməsi Onun misli olmadığını göstərir. Hisslər Onun əslinə vara bilməz. Örtüklər Onu örtməz. Çünki Xaliqlə məxluq, Hədd-hüdud təyin edənlə təyin olunmuş və məhdud, Yaradanla yaradılmış arasında fərq var. (O Allaha şükrlər olsun ki,) Birdir, hesabla saya gələn deyil. Yaradandır, hərəkətsiz və əziyyətsiz (çünki hərəkət və dəyişmə mümkünül-vücuda xasdır və vacibül-vucudda qeyri-mümkündür). Eşidən və görəndir, qulaq (eşitmə) aləti olmadan və göz hədəqəsi çevrilmədən. (Çünki alət ehtiyac tələb edir.) Hüzuru var, görüşlə (və yerin yaxınlığı ilə) deyil və ayrıdır, yolun uzaqlığı ilə deyil. (Öz zatında hər şeydən başqadır, çünki O kamalın fövqündədir və Ondan qeyrisi son dərəcə nöqsanlıdır.) (Qüdrətin nişanəsi ilə) görünəndir, görməklə deyil. (Zatının əsli) gizlindir, lətafətinə (həcminin kiçikliyinə və dərisinin şəffaflığına) görə deyil. Əşyadan ayrıdır, (yaratmaq və yox etməkdə) onlara qalib, üstün, qüdrətli olmaqla (necə ki, vacibin şəninə layiqdir). Əşya Ondan ayrıdır, təvazökarlıq və Ona doğru qayıtmaqla. Onu (zatından törəmə sifətlərlə) vəsf edən Onu məhdud sanmışdır (Onun üçün məkan təyin etmişdir). Onu məhdud sanan isə Onu sayar (ədədlərə və çoxluqlara salar). Onu sayan (çoxluğun başlanğıcı və hissəsi hesab edən) Onun əzəli olmasını (inamını) pozmuşdur. Necədir? deyən Onu (zatından törənən sifətlərlə) vəsf etmək istəmişdir. Haradadır? deyən Onun üçün məkan ayırmışdır. Məlum, yaradılmış və qüdrət verilmişlər olmadığı vaxt bilən, yaradan və qüdrətli olmuşdur. (Çünki Onun zatı kamalı ilə eynidir. Deməli, O, əzəli və əbədi bilən, yaradan və qüdrətlidir.)

  
Bu xütbənin (xəlifəliyin o Həzrətə keçməsi, yol göstərən İmamların mədhi və camaata nəsihət barəsində olan) bir hissəsidir 

(Agah olun) günəş (İmam əleyhis-salamın xilafəti zahirən) şəfəq saçaraq aşkarlandı və parıldayan (haqq və ədalət) parladı, üzə çıxan (Həzrətin dövründə baş verən fitnə və döyüşlərin nişanələri) aşkar oldu, əyri-üyrülük (nadanlıq və azğınlıq) düzəldi (aradan getdi). Allah-təala bir dəstəni (xəlifə və yoldaşlarını) başqa bir dəstəyə (İmam əleyhis-salam və ardıcıllarına), bir günü isə başqa bir günə döndərdi. Biz qəhətlik çəkənlər və quraqlıq görənlər yağışı gözlədiyi kimi, (İslam dininin yayılması üçün) vəziyyətin ruzigarın dəyişməsini gözləyirdik. (Haqq İmam ümmətin işləri üçün qiyam etməlidir və ümmətə də onu sevib tabe olmaq vacibdir. Çünki) rəhbərlər (on iki İmam əleyhimus-salam) yaradılmışlara (yol göstərmək) üçün Allaha (əmr və qadağalarına) tabe olub Onu bəndələrinə tanıtdırırlar. (Onların vasitəsi ilə Allah-təala tanınır və Ona sitayiş olunur. Buna görə də) onları tanıyandan başqa kimsə cənnətə daxil olmaz. Onlar da onu (onlara müti və tabe olmasını) tanısınlar. Onları inkar edən və Onların da (ədavət və düşmənçiliyinə görə) özlərindən saymadığı kimsədən başqa heç kəs atəşin içinə girməz.

 

Allah-təala sizləri İslam üçün ayırıb, sizin onun üçün (çirkinlik, küfr və şirkdən) pak və layiq olmanızı istəyib. Bu, İslamın adının (dünyanın fitnə-fəsad və çətinliklərindən, axirətin əzabından) salamatlıq olduğuna və böyüklüyü, başucalığı ehtiva etdiyinə görədir. Böyük Allah onun yolunu (Məhəmmədin şəriətini digər yollardan və peyğəmbərlərin şəriətlərindən) üstün (onunla digər dinləri qüvvədən salaraq, İslamı dünyanın sonuna qədər saxladı) və zahiri elmdən (Quran və sünnədən) və batini hikmətdən (əqldən) ibarət olan dəlillərini (həqiqətlərini) aşkar etdi. Onun əsrarəngizliyi (alimləri və bilik sahiblərini heyrətə salan əlamət və nişanələri) məhv olub aradan getməz. Onda (ölmüş qəlblərə təravət gətirən, bunun nəticəsində müsəlmanların böyüklüyə və xoşbəxtliyə çatdığı) nemətlərin bahar yağışı mövcuddur, zülmətlərin çıraqları (yol göstərən İmamlar əleyhimus-salam) ondadır. Yaxşılıqların qapısı onun açarlarından (hökmlərinə tabe olmaqdan) qeyri bir açarla açılmaz (dünyadakı rahatlıq, böyüklük və əbədi cənnət qazanılmaz), qaranlıqlar (azğınlıq) onun çıraqlarından (əsl din rəhbərlərinin buyurduqlarına əməl etməkdən) başqa bir şeylə yox olmaz. Allah onun haramlarını qadağan etdi, örüşlərini bitirdi. (Onun mubahatını, yəni, onun halal olanlarını qadağan etmədi.) Ondadır şəfa axtaranların şəfası (nadanlıq və azğınlıq xəstəliklərinin əlacı) və (dünya və axirətdə) ehtiyacsız olmaq istəyənin ehtiyacsızlığı. (Müqəddəs İslam dininin ardınca gedən azğınlıq xəstəliyindən şəfa tapar, dünya və axirət səadətindən məhrum qalmaz.)

  
Bu xütbənin (azğınlıq yolunda sərgərdan qalan insanın təsvir edildiyi) bir parçasıdır 

Allah-təalanın möhlət verərək əcəlini uzatdığı azğın kimsə (ilahi əzabı nəzərə almayan) qafillərin yoluna qədəm qoyur. Məqsədə yetirən yol olmadan, (yolda hərəkət etmədən) onu səadətə doğru çəkən rəhbər olmadan (rəhbərə itaət etmədən) gecəni günahkarlarla səhər edir.

  
Bu xütbənin (günahkarlar barədə söylənilən və eşidənlərə öyüd olan) bir hissəsidir 

(Azğınlıq yoluna qədəm qoyan günahkarlar) Allah azğınlıqlarının cəzasını onlara göstərərək onları qəflət və itaətsizlik pərdələrinin arxasından çıxarmaq istəyənə qədər (heç bir itaətsizlikdən çəkinməzlər. Ölüm onları haqlayar). (Bu zaman) onlara arxa çevirən (əzab və bədbəxtliyi onların nəsibi etdiyi) axirətə üz tutar, onlara üz tutan (onlara zahiri şadlıq və sevinc verən) dünyaya arxa çevirərlər. Deməli, istədikləri və əldə etdikləri şeydən (dünyanın ləzzəti və xoşluğundan) xeyir götürə bilmədilər, (çünki özləri ilə gətirməmişdilər), çatdıqları arzularından (nəfsi-əmmarənin istəklərindən) bəhrələnmədilər. (Çünki onların getməsi ilə bütün arzular bada gedər.) Mən özümü və sizi bu hadisədən (səfillik, əzab və çarəsizlikdən) çəkindirirəm (ki, qəflət yuxusundan oyanın, dünyanın keçici ləzzət və şadlığına bel bağlamayın). İnsan özündən xeyir götürməlidir (bədbəxtlikdə və ziyanda qalmasın). Çünki (həqiqi) görən o kəsdir ki, (Allah, Peyğəmbər və pak İmamların öyüdlərini) eşidib (onlar barədə) düşünsün, (dünyaya) nəzər salaraq (onun vəfasızlığı ilə) tanış olsun və (keçmişlərdəki) ibrətlərdən faydalansın. Onda aydın, doğru (Allaha və peyğəmbərə itaət) yolda hərəkət edər. Bir şərtlə ki, bu yolda çuxur və dərələrə (nəfsi istəklərə) düşməkdən və (şeytani) səhv işlərin içində azmaqdan uzaq dursun. Öz ziyanına iş görüb azğınlara kömək etməsin. Haqqdan yolsuzluğa getməklə (onları pisliklərdən çəkindirməməklə), ya sözünü dəyişmək (Allahın razılığına zidd olsa belə, onların ürəyi istədiyi sözləri danışmaqla) və ya (əslində qorxmasa da) doğru sözü deməyə qorxmaqla. Belə isə, ey eşidən, huşsuzluqdan (azğınlıqdan) özünə gəl, öz qəflət (yuxundan) və xəbərsizliyindən (çirkin əməl və sözlərinin cəzasından) oyan, (qalımlığı və varlığı az, məhvi və yoxluğu yaxın olan dünya işlərində) tələskənlikdən rahatlıq tap. (Heç kəsdən heç nəyi və o cümlədən yazmağı öyrənməyən) Ümmi peyğəmbərin - ona və əhli-beytinə Allahın salamı olsun - dili ilə sənə çatdırılan, qaçılmaz olan haqda diqqətlə düşün. Peyğəmbərin buyurduqlarını düşünməkdən üz döndərən və diqqətini ondan qeyrisinə (şeytana və nəfsi-əmmarəyə itaətə) yönəldənə müxalif ol, ondan uzaq dur. Onu şad olduğu şeylərlə (azğınlıq və bədbəxtliklə) baş-başa burax. (Çünki belə bir şəxslə ünsiyyət dünya və axirətdə bədbəxtliyə səbəb olar.) Fəxr, qürur, təkəbbür və xudpəsəndliyi özündən uzaqlaşdır. Öz qəbrini yada sal ki, yolun oradan keçəcək. Necə əməl etsən, elə də əvəzini alacaqsan, əkdiyini biçəcəksən. Bu gün (dünyada) qabaqcadan göndərdiyini sabah (qiyamətdə) əldə edəcəksən. Belə isə, özün üçün (məhşərdə) yer hazırla və (indi fürsətin varkən) öz (dönüş) gününə azuqə göndər. Deməli, ey dinləyən, (Allaha və peyğəmbərə itaətsizlikdən) çəkin. Ey bixəbər, (itaət və ibadətə) çalış və heç kəs səni (qiyamət günündən) agah insanlar (Peyğəmbər və məsum İmamlar) kimi xəbərdar etməz. (Belə isə, indi səni çəkinməli olduğun bəzi şeylərdən xəbərdar edirəm.)

 

Allah-təalanın Quranda (ona əməl edənlərə) mükafat verdiyi, razı qaldığı (Öz rəhmətini şamil etdiyi) və onlar (əleyhinə çıxanlar) üçün cəza təyin etdiyi və qəzəbinə gələn möhkəm, qəti (aşılması mümkün olmayan) hökmlərindən biri budur ki, dünyadan köçən bəndə (ibadət və bəndəliklə) özünə əziyyət verib əməlini (zahirən) saflaşdırsa belə tövbə edib qayıtmadığı (aşağıda göstərilən beş) xislətdən biri ilə Allahının görüşünə getdiyində fayda görməyəcək. (Birincisi) Özünə ibadət və sitayişdə vacib etdiyi şeylərdə Allaha şərik qoşmaq. (İkincisi) öz qəzəbini başqasını öldürməklə (aradan götürməklə) soyutmaq. (Üçüncüsü) başqasının etdiyi çirkin bir işi demək. (Dördüncüsü) öz dinində bidət yaratmaq yolu ilə öz ehtiyacını istəmək üçün camaata üz tutmaq. (Beşincisi) camaatla nifaq və ikiüzlülüklə görüşmək və ya onların arasında iki dildə danışmaq. Bu (xatırlanan) məsəlin əzəmət və böyüklüyünü başa düş və onu düşün. Çünki məsəl özünə bənzəyənin, oxşarının göstəricisidir. (İmam əleyhis-salamın buyurduğu məsəl isə budur:)

 

Heyvanların məqsədləri (şəhvət qüvvəsinin çoxluğuna görə) qarınlarıdır. (Həmişə suyun və ot-ələfin əsiridirlər.) Yırtıcıların məqsədi (qəzəb hissinin güclü olduğuna görə) düşmənçilik və başqalarına əziyyət verməkdir. (Qarınlarını doydurmaqla kifayətlənmir, qələbə və istila istəyirlər.) Qadınların məqsədi (şəhvət qüvvəsinin çoxluğundan və qəzəb hissinin şiddətindən) dünyadakı güzəranlarını bəzəyib orada fəsad və pozğunluq etməkdir. (Ancaq itaət edilməli olan sifətlər) möminlərin sifətləridir ki, (Allah-təalanın müqabilində) təvazökar (boyun qaçırmayan), (camaata) nəsihət verən, mehriban və (Allahın qəzəbindən) qorxandır.

  
153-CÜ XÜTBƏ  

İmam Əli əleyhis-salamın (camaata öyüd-nəsihət verib pak İmamları öydüyü) xütbələrindəndir.

 

Ağıllı insanın işinin sonunu (ölümü və qiyamət gününün haqq-hesabını) görən, öz eniş-yoxuşunu (xeyir və şərini) tanıyan qəlbinin gözü, (camaatı İslam dininə) dəvətə səsləyən (xeyri və şəri, səadət və bədbəxtlik yolunu onlara bəyan edən) carçı (Həzrəti Peyğəmbər) və (o Həzrətin şəriətinin əsaslarını düşmənlərin fəsad və pozğunluğundan) qoruyan keşikçidir. Belə isə, dəvət edəni qəbul edin və keşikçiyə tabe olun (ki, dünyada başıuca, axirətdə xoşbəxt olasınız. Bilin ki,)

 

İkiüzlü insanlar fitnə dənizlərinin dibinə gömülmüş və sünnələrə (Həzrət Peyğəmbərin hökmlərinə) göz yumaraq bidətlərdən yapışmışlar (onlar nəfslərinə uyaraq hər hökmü icra edəcəklər). Möminlər (batil haqqa qalib gəldiyi üçün) kənara çəkilərək sakit dayanmış və azğın yalançılar dil açmışlar. Biz Əhli-Beyt (Həzrəti Peyğəmbərə yaxınlığa görə onun bədənində) köynək kimiyik, (o Həzrətin) səhabələriyik (Allah tərəfindən ona nazil olanlara iman gətirib təsdiqlədik), o, xəzinədir və (biz elmə, maarifə açılan) qapılarıq. Evlərə onların qapılarından qeyri yerdən daxil olmaq olmaz. Evlərə qapıdan başqa yerdən girənlərə oğru deyərlər.

  
Bu xütbənin (Əhli-Beyt əleyhimus-salamın fəzilətləri haqda olan) bir hissəsidir 

Quranın elm və doğru yolun tərifi, mədhi barədə olan ayələri Onların barəsində nazil olmuşdur və Onlar bağışlayan Allahın xəzinələridir. (Buna görə də) söz demək üçün ağızlarını açsalar, doğrunu deyərlər, sakit otursalar, heç kəs onlardan qabağa getməz. Hər qövmün öndə gedənləri və rəhbərləri öz ardıcıllarına doğru deməlidir. Öz ağlını yönəltməli (dediklərimizin doğruluğunu dərk etmək üçün sözlərimizi diqqətlə, düşüncə ilə dinləməlidir) və axirət övladlarından olmalıdır. Çünki oradan gəlib və ora da dönər. (Allahı nəzərində saxlayıb, ondan, çıxmalı olduğu dünyaya ürək bağlamaz. Axirəti isə özünə əbədi məkan sanar.) Ürəyinin gözünü açıb bəsirətlə bir iş görürsə, onu görməmişdən qabaq ziyanına, yoxsa xeyrinə olduğunu bilməlidir. Xeyrinədirsə - həmin işi görməli, ziyanınadırsa - ondan uzaqlaşmalıdır. Nadancasına iş görənlər başqa yolda hərəkət edənlər kimidir. İşıqlı yoldan uzaqlaşmaq onun yaxşılıqlarından uzaqlaşmaqdan başqa ona bir şey artırmaz. (Əyri yolda olanlar nə qədər çox yol getsələr, mənzil başından bir o qədər uzaqlaşarlar.) Biliklə bir işi görən işıqlı yolda addımlayan kimidir. Deməli, gözü olan insan (qəlbinin gözünü açaraq düşünüb iş görənlər) yolda hərəkət etdiklərini, yoxsa yolsuzluğa getdiklərini görməlidir. (İşin əvvəlində götür-qoy etməlidir. Allahın bəyəndiyi işlərdəndirsə, görməli, əks təqdirdə isə ondan uzaqlaşmalıdır.)

 

Bil ki, hər zahir və aşkarın müqabilində batin və gizlin var. Zahiri yaxşı olanın batini də yaxşıdır. Zahiri çirkin və pis olanın batini də çirkin, natəmiz olar. (Bəzən də zahiri batininə uyğun olmur. Çünki) doğru danışan Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: Allah-təala bəndəni sevər (Öz rəhmətini onun halına şamil edər), onun əməlindən (haram və günahından) acığı gələr və (bəzən də) əməlini (yaxşı işlərini) bəyənər, onun sahibini sevməz. Bil ki, hər əməl, rəftar üçün bir bitki var və hər bitkinin də suya ehtiyacı var. Sular müxtəlifdir. Saf sudan içənin ağacı yaxşı, meyvəsi şirindir. Natəmiz və pis su içənin ağacı pis, meyvəsi acıdır.

  
154-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Allah-təalanın sifətlərindən biri və) yarasanın yaradılışının əsrarəngizliyi haqda olan xütbələrindəndir.

 

Həmd O Allaha məxsusdur ki, vəsflər Onu tanımağın həqiqətlərində aciz qalıb, əzəmət və böyüklüyü ağılları (Onun dərkindən) tutub saxlayıb. Onun səltənət və hökmranlığının əslinə yol tapmayıblar. (Çünki ağıllar məhdud, O isə qeyri-məhduddur.) Odur (varlığı zəkalıların nəzərində) görünən, gözlərin gördüyü hər bir şeydən daha sabit və aşkar olan Allah, haqq və doğru olan padşah. Ağıllar hədd və hüdudunu sübut etmək üçün Onun zatının əslini qavraya bilmədilər ki, bənzərini tapa bilsinlər. (Çünki onun həddi-hüdudu yoxdur.) Xəyallar onu təsvir etmək üçün Ona yol tapmadılar ki, Onun bənzərini xəyallarında canlandıra bilsinlər. (Çünki Onun oxşarı yoxdur ki, Ona bənzədilsin.) Məxluqları nümunəsiz (başqasının yaratdığı numunə olmadan və nəzərdə tutmaqla təsvir etmədən), başqası ilə məsləhətləşmədən və bir yardımçıdan kömək istəmədən yaratdı. (İlahi) əmr və iradəsi ilə yaratdıqları nizamlandı, bərqərar oldu və Ona boyun əydilər. Əmrini qəbul edib rədd etmədilər və tabe olaraq boyun qaçırmadılar. Düşünüləsi, diqqət yetiriləsi, yaratdıqlarından biri də bizə göstərilən əsrarəngiz yaradılışlarından olan yarasalardakı qəribəlikləridir. (Onlarla bütün heyvanlar arasında fərq var. Çünki) hər şeyin gözünü açan gün işığı onların gözünü bağlayır, hər canlının gözünü bağlayan gecənin qaranlığı onların gözünü açır. Nur saçan günəşdən getdikləri yollara nur və işıqlıq istəməkdə, günəşin şəfəqləri saçan zaman istədiklərinə çatmaqda gözləri necə də kor və qaranlıqdır? Necə də Allah-təala günəşin şüalarının parıldamasıyla onları günəşin şəfəqlərinin saçdığı yerlərə getməkdən saxlamış, onları öz yerlərində gizlətmişdir? Onlar gündüzlər gözlərinin qapaqlarını oyuqlarına qoyaraq gecəni çırağa döndərib onunla ruzi axtarmaq üçün yola düşərlər. Gecənin qaranlığının zülməti onların gözlərinə mane olmaz (əksinə, hər şeyi görər), gecənin qaranlıq zülmətlərində getməkdən usanmazlar. Günəş öz rüxsarındakı pərdəni çəkdikdə (qaranlığı yox edərək parlayanda) şəfəqləri görünəndə, parıltısı və işıqları kərtənkələlərin də yuvasına çatanda (günəş hər yana saçanda) göz qapaqlarını gözlərinin ətrafına çevirər, gecənin qaranlığında topladıqları ilə kifayətlənərlər. Gecəni onlar üçün ruzi vasitəsinə, gündüzü isə istirahət, rahatlıq vasitəsinə çevirən, ehtiyacları olanda uçmaları üçün ətlərindən onlara qanadlar yaradan Allah pakdır. Qanadları sanki (insanın) qulağın ətinə bənzəyir, lələyi və sümüyü yoxdur. Ancaq damarların yerini aydın-aşkar görürsən (quşların qanadlarındakı lələklər əvəzinə yarasanın qanadlarında damarlar var). Onların iki qanadı nazik deyil ki, (qanad çalanda) cırılsın, qalın da deyil ki, ağır olsun (onların uçuşuna mane olsun). Balaları onlara yapışmış və sığınmış halda uçurlar. Anası əyləşəndə əyləşər, anası uçanda da uçar. Bədənləri güclənib qanadları uçmağa hazır olana kimi, həyatın yollarını və xeyirlərini bilənə qədər analarından ayrılmazlar. Xaliqliyi Ondan öncə qeyrisi tərəfindən yaradılmış nümunə olmadan bütün varlıqları yaradan pakdır. (Varlığı hikmətinə və məsləhətinə uyğun yaratmışdır.)

  
155-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Bəsrə əhlinə xitabən buyurduğu və ağır hadisələrdən xəbər verdiyi kəlamlarındandır.

 

O fitnə və pozğunluq dövründə kimin Allaha itaətə və bəndəliyə gücü çatarsa, bunu etməlidir. Mənə itaət edib tabe olsanız, mən Allahın istəyi ilə sizləri çox ağır və acı bir yol olsa da cənnət (əbədi ağalıq və səadət) yoluna aparacağam. O qadını (Aişənin mənə düşmən kəsilməsinin səbəbi budur ki,) qadınların düşüncəsinin süstlüyü yaxalamış, sinəsində kin və düşmənçilik dəmirçinin qazanı qaynayan tək cuşa gəlmişdir. Əgər onu mənə etdiklərini başqasına qarşı da görməyə vadar etsəydilər, bunu etməzdi. Bundan (bütün bu çirkin əməllər, düşmən kəsilmək, fitnə törətmək, müsəlmanların qanını tökmək və bu kimi işlərdən) sonra belə, əvvəlki (Allahın peyğəmbərinin vaxtındakı) hörməti və böyüklüyü qalır, (peyğəmbərin zövcəsi və möminlərin anası olduğuna görə əməllərinin cəzasını vermirik. Ancaq axirətdə) hesabı və sorğu-sualı Allahladır.

  
Bu sözlərin (iman barədə olan) bir hissəsidir 

İman yolu (Allaha və Peyğəmbərə meyl etmək) yolların ən işıqlısı (əbədi ağalıq və səadətə çatmaq üçün) və çıraqdan daha parlaqdır. (Yolçusu heç vaxt azmaz.) İman səbəbindən layiqli əməllərə yol açılır, layiqli əməllər imana yol göstərir.

 

(Səmərəsi saleh əməllər olan) iman səbəbindən elm və bilik abad olur. Elm səbəbindən ölümdən qorxu və xof yaranır. Ölümün təsirindən dünya sona yetir. (Çünki məzar dünyanın son mənzili, axirət mənzilinin isə ilkidir.) Dünyanın vasitəsilə axirət (də əbədi səadət) əldə olunur. Qiyamət səbəbindən cənnət pərhizkarlara yaxın, cəhənnəm isə azğınlara və nəfspərəstlərə aşkar olar. O meydanda son mənzilə doğru (əbədi cənnətdə səadətli və xoşbəxt, cəhənnəm atəşində bədbəxt olmağa) tələssələr də camaatın qiyamətdən qaçıb canlarını qurtarmağa yeri yoxdur (hamı ora daxil olmalıdır).

 

Bu sözlərin (qəbir əhlinin qiyamətdəki halı, camaatın yaxşı işləri görməyə və pis işlərdən çəkinməyə, Qurani-Kərimə tabe olmağa həvəsləndirildiyi, fitnə-fəsadın baş verəcəyi haqda Həzrət Peyğəmbərin buyurduğunun bəyan edildiyi) bir hissəsidir:

 

(Qiyamətdə ölülər) qəbirlərdən çölə çıxar və son mənzillərinə (cənnətə və ya cəhənnəmə) gedərlər. Hər sarayın (cənnət və ya cəhənnəmin) öz əhli var. (Oraya getməyə hazırdırlar. Xoşbəxtlər və Allaha, Peyğəmbərə tabe olanlar cənnətə, bədbəxtlər və günahkarlar cəhənnəmə.) Onu başqa saraya çevirməzlər. (Cənnət əhli cəhənnəmə getməz, cəhənnəmdəkilər isə cənnətə gedə bilməzlər.) O saraydan çölə çıxmazlar. (Cənnət əhlindən olmaq istəyirsinizsə, Allaha, Peyğəmbərə tabe olub camaatı yaxşı əmələ və sözlərə yönəldin, nalayiq işlərdən çəkindirin. Çünki) yaxşı əməllərə dəvət və pis işlərdən çəkindirmək Allahın bəyəndiyi, sevdiyi xasiyyətlərdən olan iki sifət və əxlaqdır. (İlk baxışda heç bir ziyanı olmayacağı halda xeyir işlərə dəvət etmək və pis işlərdən çəkindirməkdən qorxmaq doğru deyil. Öldürüləcəyini və ruzisinin azalacağını ehtimal etmək də yersizdir. Əksinə, bilmək lazımdır ki,) bu iki iş ölümü yaxınlaşdırmaz və ruzini azaltmaz. (Dinin hökmlərini öyrənmək üçün) Allahın Kitabı (Qurani-Kərimə müraciət) sizinlə olsun. Çünki Allahın Kitabı (bəndənin Allahla birləşməsi üçün) möhkəm (heç vaxt qırılmayacaq) bir kəndir, (haqq yolda hərəkət üçün) aşkar (qaranlığın yol tapmadığı) bir nur, (Allah və peyğəmbərin elmində cahil və nadan olmaq xəstəliyinə) şəfa bəxş edən dərman, (haqq elm və maarifinə təşnə olanlar üçün) susuzluğu aradan götürən sirablıq, (ona) əl uzadana (xəta və büdrəmələrdən) qoruyucu, ondan asılan (hökmlərinə tabe olan) üçün (ilahi əzabdan) nicatdır. Onda əyrilik yoxdur ki, düzəlsin. (Onda ixtilaf tapılmaz ki, düzəlişə ehtiyac olsun.)

 

Haqdan, həqiqətdən dönmür ki, ondan əl çəkilsin. (Dillərdə) çox təkrarlanmaqdan və qulaqları döyməkdən köhnəlməz. Onu dilinə gətirən doğru danışandır. (Çünki Qurani-Kərimdə həqiqətə zidd heç nə bəyan olunmamışdır.) Hər kim ona tabe olsa, (əbədi cənnətə) önə keçmişdir (xilas olmuşdur.). (Seyyid Rəzi buyurur:)

 

Bir kişi (İmam əleyhis-salam danışarkən) üzü Həzrətə dayanıb dedi: Bizə fitnələrdən xəbər ver. Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) onun necə olacağı barədə soruşmusanmı? Sonra İmam əleyhis-salam buyurdu: Pak olan Allah (Ənkəbut surəsinin 1 və 2-ci ayələrində) الم أَحَسِبَ النَّاسُ أَن يُتْرَكُوا أَن يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ Əlif, lam, mim! Mənəm böyük Allah. İnsanlar yalnız (Allaha və peyğəmbərə) İman gətirdik! -demələri ilə onlardan əl çəkiləcəyinimi sanırlar? Onlar (fitnə-fəsadla) imtahan olunmayacaqlarmı? kəlamını buyurduqda bildim ki, Həzrət Peyğəmbər - səlləllahu əleyhi və alih - bizim aramızda olduqca həmin fitnələr başımıza yağmayacaq. Sonra soruşdum: Ya Peyğəmbər! Allahın sənə, haqqında xəbər verdiyi bu fitnələr nədir? Buyurdu: Ey Əli! Məndən az sonra ümmətim (səhv düşüncələrin təsirindən) fitnə və pozğunluğa düşəcək. Sonra dedim: Ya Peyğəmbər! Ühüd günündə bir dəstə müsəlman şəhadət məqamına çatanda, mən Allah yolunda öldürülməkdən saxlandıqda, öldürülməməyim mənə ağır gələndə (buna görə qəmgin olanda) mənə müjdələr olsun sənə ki, bundan sonra öldürüləcəksən deyə buyurmadınmı? Sonra mənə buyurdu: Dediklərin doğrudur. Şəhidliyi qəbul edərkən dözümün necə olacaq? Dedim ki, ya Peyğəmbər! Bu iş səbrlik deyil, müjdə və şükrdür. (Allah yolunda öldürülmək mənim üçün ən böyük nemət və ilahi bəxşişdir.) Sonra buyurdu: Ey Əli! Məndən sonra müsəlmanların var-dövlətləri ucbatından fitnə-fəsada düşəcəkləri gün yaxındadır. (Mal-dövlətin azlığı və çoxluğu, halal və ya haram yolla qazanılması, xeyir və şər işlərə sərf edilməsi ilə sınağa çəkiləcəklər.) Dindarlıqlarına görə Allaha minnət qoyub, Onun rəhmət və mehribanlığını Onun qəzəbindən amanda, asudə qalmağı arzulayarlar (halbuki dində qorxu, həmçinin Allaha və Peyğəmbərə itaətsizliklə rəhmət arzusunda olmaq səhvdir). Onun qəzəbindən xatircəm olarlar (halbuki Onun qəzəbindən xatircəm olmaq və rəhmətindən uzaqlaşmaq da rəhmətinə ümidsiz olmaq kimi böyük günahlardandır). Nadürüst şübhələrə və (haqdan və qiyamət gününün cəzasından) qəflətə salan istəklərə görə haramı halal edəcəklər. Sonra (buna görə də) şərabı üzüm və xurma suyu(-na bənzətməklə), rüşvəti hədiyyə və ərməğan, sələmi alver adı ilə halal sayacaqlar. Sonra dedim: Ey Allahın Peyğəmbəri! Elə bir zəmanədə onları hansı təbəqənin insanları sayım? Onları mürtəd və kafir, yoxsa fitnəyə uyanlar hesab edim? Buyurdu ki, (dində) fitnə və sınaq məqamında olanlardan.

  
156-CI XÜTBƏ 

İmam Əli əleyhis-salamın (öyüd-nəsihət, günahlardan çəkinmək və axirətə azuqə toplamaq barədə) olan xütbələrindəndir.

 

Şükrlər O Allaha məxsusdur ki, şükr etməyi Özünü xatırlamağın açarına, yaxşılıq və bəxşişi artırma vasitəsinə, nemət və böyüklüyünə aparan yola çevirmişdir. Ey Allah bəndələri! Ruzigar indikilərdən də əvvəlkilərdən ötən kimi ötəcəkdir. (Sizdən əvvəlkilər öldülər, siz də diri qalmayacaqsınız.) Gedən (keçən ömür) geri dönməz, olan isə (yaxşı, yaxud pis) həmişə qalan deyil. Onun sonunun rəftarı ilkinki kimidir. (Keçmişdəkilər və gələcəkdəkilərlə eyni cür rəftar olunacaq.) İşləri bir-birini ötər, nişanələr isə bir-birinin yanındadır. (Onun işləri tez məhv olar. Deməli, ağıllı insanlar ruzigarın gərdişindən ibrət alaraq ona ürək bağlamasınlar. Dünya yoxluğa və yenilməyə elə sürətlə gedir ki,) sanki qiyamətdəsiniz. Sizləri sarvan doğuşlarından yeddi ay keçmiş və südləri qurumuş dəvələrini qovan kimi qovur. (Hamiləliyinin son aylarında olduqlarına görə mehribanlıqla, yavaş-yavaş sürülən dəvələrdən fərqli olaraq bu dəvələri yüngül olduqlarından bərk, sürətlə qovurlar.) Başını başqa şeylərlə (nəfsi istəklər və dünyanın bər-bəzəyi ilə) qatanlar bədbəxtliyin zülmətində sərgərdan qalar, (xilas ola bilməyəcəyi) pozğunluqlarla qarışar. (Azdıranların) şeytanları onu itaətsizliyə məcbur edər, pis əməlini gözündə bəzəyər. (Ey öz başını başqa şeylərlə qatan, bil ki, ibadət və bəndəlikdə) öndə gedənlərin sonu cənnətdir, təqsirkarların (günahkarların) sonu isə atəşdir. (Əbədi cənnət yalnız günahlardan çəkinilməklə qazanıldığına görə buyurur:)

 

Ey Allah bəndələri! Bilin ki, təqva və günahlardan çəkinmə möhtərəmliyin hasarlı sarayı, günahkarlıq isə öz sakinini (bəla və çətinliklərdən) saxlamayan, ona pənah gətirəni qorumayan hasarlı zəlil saraydır. Agah olun, pərhizkarlıq günahların zəhərli dişindən uzaqlaşdırar, yəqinlik və inamla (Allaha və peyğəmbərə iman gətirməklə) yüksək məqamların sonu (əbədi cənnət) əldə olunar.

 

Ey Allah bəndələri, Allahdan qorxun! Sizlərə ən əziz olan insanlar və onlardan sizin üçün ən sevimlisindən ötrü qorxun Allahdan (özünüzü fikirləşib öz hayınızda olun. Çünki təbii olaraq, heç kəsə özündən daha əzizi və sevimlisi yoxdur). Çünki Allah sizin üçün haqq yolunu aşkar edib onun yollarını işıqlandırdı. Deməli, (işinizi asan sanmayın ki, ölümdən sonra ya) bədbəxtlik və zavallılıq yol yoldaşınız olacaq (Allahın və Peyğəmbərin göstərişlərinə uyğun rəftar etməyənlər üçün), ya da əbədi səadət və xoşbəxtlik (Allaha və peyğəmbərə itaət edənlər üçün). Belə isə, məhv olan günlərdən (dünyadan) qalacaq günlər (axirət) üçün azuqə yığın ki, azuqə yığmaq yolunu sizin üçün qoyublar. (Bu dünyadan) köçməyə məhkumsunuz və sizin (bu dünyadan) getməyiniz üçün tələsirlər. Deməli, siz dayanmış (getməyə hazır olan və), getməyə nə vaxt hökm olunacağını bilməyən atlılar kimisiniz (bu dünyadan gedəcəksiniz).

 

Agah olun: axirət üçün yaradılmışın dünya ilə nə işi var? Tezliklə ondan alacaqları, günahının ziyanı və sorğu-sualının qalacağı var-dövləti neyləyir?!

 

Ey Allahın bəndələri! Allahın vəd etdiyi xeyir və mükafat (itaət və bəndəlik) tərk olunası deyil. (Çünki Allahın fəziləti və yaxşılığı ən böyük, ən yaxşı ehsandır.) Pislik və cəzadan çəkindirdikləri (günah və itaətsizlik) isə istəniləsi deyil. (Çünki Allahın cəzası ən ağır cəzadır.) Ey Allah bəndələri, əməllərə görə haqq-hesab olunacaq gündən çəkinin (hər kəsin əməl dəftərinə baxıb, onların ən xırda yaxşı və pis əməllərini araşdıracaqlar). Həmin gündə saysız-hesabsız iztirab və narahatlıq olar, uşaqlar qocalarlar. Ey Allahın bəndələri, bilin ki, sizə özünüzdən olan gözətçilər və əndamınızdan olan casuslar qoyulub. (Mələklərdən) qoruyucular var ki, sizin əməllərinizi və nəfəslərinizin sayını düzgünlüklə qeydə alırlar (yazırlar). Gecənin qaranlığı sizin tükünüzü belə bu mələklərin gözündən yayındırmaz, möhkəm bağlanmış böyük qapı sizi onlardan gizlətməz. (Qısası, hər yerdə və həmişə sizinlədirlər. Dünya keçici olduğuna görə) sabah (ölüm) bu günə yaxındır.

 

Bir gün onda olanlarla (yaxşı-pis, xeyir-ziyan) keçir, sabah da onun ardınca gəlir. (Sabahın yaxın olmağı və ölümün çatması elədir ki,) sanki, sizlərdən hər biriniz torpaqdan olan tənha mənzilinə və gorunun çuxuruna çatmışdır. Heyhat, tənha eviniz, qorxunc mənziliniz və kimsəsiz məkanınızdan. Sanki (qiyamət gününün hamını dirildən uca səsi) fəryadlar qulağınıza çatmış, qiyamət sizi tapmış və haqla batil arasında hökm vermək üçün üzə çıxmısınız (qəbirlərdən çıxmısınız). Bu vaxt sizdən (yersiz) bəhanələr və nadürüstlüklər (əbəs sübutlar) uzaqlaşmış, aradan getmiş və həqiqətlər sübut olmuşdur. Sizin hər yaxşı və pis işiniz öz yerinə qayıdar. Belə isə, (ölüm və ondan sonrakı çətinliklərdəki) ibrətlərdən dərs alın, ruzigarın dəyişməsindən öyüd götürün və (Allah və Peyğəmbərin) qorxutmağından faydalanın. (Elə bir iş görün ki, özünüzü ilahi əzabdan qurtarasınız.)

  
157-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Həzrət Məhəmmədə peyğəmbərlik verilməsi və Qurani-Kərimin tərifi haqda) xütbələrindəndir.

 

Allah-təala bir müddət peyğəmbərin gəlmədiyi, camaatın müxtəlif firqələrinin qəflət, azğınlıq və nadanlıq yuxusunun uzandığı, möhkəm özüllərin (ilahi hökm və göstərişlər) viran olduğu vaxtda peyğəmbərini göndərdi. Peyğəmbər əlində olanla və itaət etməli olduqları nuru təsdiqləyib etiraf etməklə camaata tərəf gəldi. O (əlində olan və Həzrətin peyğəmbərliyinin sübutu, nadanlıq və azğınlıq zülmətini işıqlandıran) Qurandır. İstəyin ki, dilə gəlsin. Heç vaxt (Quran öz-özünə və həqiqi şərhçi olmadan) dilə gəlməz, ancaq (biz Əhli-Beyt onun həqiqət və sirlərini bildiyimizə görə) mən sizlərə ondan xəbər verirəm (onun elm və hökmlərini bəyan edirəm). Agah olun, Qurandadır (bundan sonra) gələnin elmi, keçmişin xəbərləri (səmaların və yerin, onun üzərində olanların yaradılışı, sizdən öncəkilərin vəziyyəti), dərdin (nadanlıq və azğınlığın) dərmanı və sizə aid olanların (dünya və axirət işlərinin, xeyir və ziyanların) nizama salınması.

  
Bu xütbənin (Bəni-Üməyyə, onların zülmkarlıqları və hakimiyyətlərinin süqutu barədə olan) bir hissəsidir 

O zamanlarda (Bəni-Üməyyənin camaata hakim kəsiləcəyi vaxt) zülmkarların qəm, kədər, çətinlik və səfalət gətirmədikləri nə gildən bir ev, nə də bir çadır ev (şəhərlərdə tikilən ev və biyabanlarda salınan çadırlar) qalmayacaq. Həmin zəmanədə göylərdə onlar üçün üzr istəyən, yerdə isə kömək edən qalmayacaq. (Zülm hər yanı bürüdüyünə görə səma və yer əhli qarğış edəcək. Sonra Allah-təala onların kökünü kəsib pərən-pərən salacaq. Onların hakimiyyətləri dövründə törətdikləri zülm isə onun nəticəsidir ki,) siz xəlifəliyə layiq olmayan adamı seçmisiniz və (dünyada dost və haqq əhlinə düşmən olduğu halda) onu özü üçün olmayan bir yerdə əyləşdirmisiniz. Allah-təala zülm edənlərdən (istər Bəni-Üməyyə olsun, istərsə də qeyriləri) tezliklə intiqam alacaq, yeyiləndən yeyilənlə, içiləndən içilənlə. (Çox acı bitki olan) Hənzəlin yeyilənlərindən və (acı olan) səbr ağacının şirəsinin zəhər dadan içilənlərindən. Geyilənlərdən isə qorxu libası və qılınc paltarı. (Çünki) onlar günah yükünü çəkən heyvan və günah azuqəsini daşıyan dəvələrdir. (Buna görə də) and içirəm, bir daha and içirəm ki, Bəni-Üməyyə məndən sonra xəlifəliyi ağızdan çölə atılan sinə xıltı kimi atacaq (əldən verəcək). Ondan sonra isə onu heç vaxt dadmayıb, gecə və gündüz bir-birini əvəz edənə qədər onun dadını bilməyəcək.

  
158-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (camaatla mehribanlıq və ünsiyyət barədə buyurduğu) xütbələrindəndir.

 

Mən sizlər üçün yaxşı yoldaş və tərəf müqabili olub sizi öz səylərimlə arxadan qorudum. (Gələcək pozğunluqdan və hadisələrdən xəbərdar etdim ki, özünüzü onlara düçar etməyəsiniz.) Sizləri zillət, xarlıq kəndirlərindən və zülm, sitəm zəncirlərindən (çirkin olmaqdan) xilas etdim. Bu (sizlərin etdiyiniz) az sayda yaxşılıqların müqabilində təşəkkür etdiyimə, mənim yanımda törətdiyiniz və gözlərimlə gördüyüm çoxlu çirkin işlərinizə göz yummağıma görədir.

  
159-CU XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Allah-təalanın sifətləri haqda) xütbələrindəndir.

 

Allahın əmri lazımi (rədd edilməyən) və Onun məsləhətinə, razılığına uyğun hökm, mehribanlıq və (bəlalardan, çətinliklərdən) əmin-amanlıqdır. Elm və bilik əsasında (hər şeyin) hökmünü buyurur. Helm və səbrlə (əfvə layiq günahı) bağışlayır. İlahi, aldığın və bəxş etdiyin hər bir şeyə, məlhəm verdiyin və mübtəla etdiyin xəstəliklərə görə Sənə şükrlər olsun. Elə bir şükr ki, Sənin üçün ən bəyənilmiş, Sənə doğru ən sevimli, Sənin yanında ən üstün şükr olsun. Elə şükr ki, (səmada və yerdə) yaratdığını doldursun, istədiyinə çatsın. Elə şükr ki, Səndən gizlədilməz və hüzurunda yasaq olunmaz. Elə şükr ki, onun sayı kəsilməz, kömək və yardımı yox olmaz. (Qısası, Sənə hər şükrdən üstün olan şükrlə şükr edirəm.) Deməli, (nə qədər çalışsaq da Sənin Allahlığına layiq şükr edə bilmərik. Çünki) biz Sənin böyüklük və əzəmətini dərk etmirik.Yalnız bunu bilirik ki, hər bir şey (imkan və ehtiyaca görə) Səninlə dirçəlib, Sənə bağlıdır, Sənin yuxudan qabaq süstləşmədiyini (mürgüləmədiyini), yuxuya getmədiyini bilirik. Düşüncələr Sənin əslinə və zatına çatmayıb, heç bir göz Səni anlamayıb, gözləri Sən anlamısan. (Bəndələrin) əməllərin hesabını saya alırsan. (Günahkarları) kəkillərindən və (əməllərinin cəzası üçün) ayaqlarından tutarsan. Sənin yaratdıqlarından gördüyümüz, onun üçün işlətdiyin güc və qüdrətdən heyrətə gəlməyimiz, onu səltənət və hakimiyyətinin böyüklüyü sanaraq vəsf etdiyimiz nədir ki? Bir halda ki, bizdən gizlin olanlar, gözlərimizin görmədiyi və ağıllarımızın onda durub qaldığı (dərk etmədiyi), bizimlə onların arasında pərdələrin asıldığı şeylər daha böyükdür. Hər kəs ürəyini boşaldıb (heç nəyə diqqət yetirməyib) öz ərşini (yeddi göyün üstündəki) necə yaratdığını, məxluqlarını necə xəlq etdiyini, səmalarını havada necə asılı saxladığını, su dalğasının üstünə necə bəzək vurduğunu bilmək istəsə gözləri çönüb qalar, ağlı məğlub olar, qulağı işdən düşər və düşüncəsi sərgərdan qalar.

  
Bu xütbənin (sözü əməli ilə uyğun gəlməyənin iddiasının rədd edildiyi, camaatın dünyaya ürək bağlamamağa və peyğəmbərlərə itaətə həvəsləndirildiyi) bir hissəsidir 

(Camaat arasında eləsi var ki, nəfsi istəklərinə tabe olaraq günahın içində itib-batmışdır. Bununla belə) öz gümanı ilə Allaha ümid bağladığını iddia edir! Böyük Allaha and olsun ki, yalan danışır! Necə ola bilər ki, ümidinin Allaha olması onun əməl və rəftarında görünməsin? Hər kəsin (nəyə) ümidvar olduğu əməlindən üzə çıxar, yalnız Allaha olan saf deyil, qarışıq ümiddən başqa. Hər qorxu aydın olar (onun nişanələri qorxanda görünər), yalnız Allahdan olan namünasib qorxudan başqa (qorxan kimsədə qorxudan əsər-əlamət görünmür). Böyük işlərdə ümidini Allaha bağlayır (əbədi cənnətdə yüksək məqamlarla birgə iki dünya rahatlığını arzulayır) və kiçik şeylərdə (fani dünya malında ümidini) Allahın bəndələrinə bağlayır. Allahın bəndəsi ilə elə rəftar edir (təvazökarlıq və itaət göstərir) ki, Allaha qarşı elə etmir. Allahın şəninə nə olub ki, bəndələri üçün edilən (təvazökarlıq və ümid) Ondan əsirgənir? Allaha ümid bəsləməkdə yalançı olmağa qorxursan? Yoxsa Onu ümid bəsləməyə layiq bilmirsən? (Əgər Onu öz ümidini doğrultmaqda aciz sanırsansa, bu, əsl küfrdür.) Allahın bəndələrinin birindən qorxan, bu qorxuya görə də onunla Allahı ilə etmədiyi rəftarı edən bəndənin halı da Allaha ümidvar olduğunu iddia edən kimsənin halı kimidir. Deməli, bəndələrdən olan qorxusunu nağd və mövcud, Allahın qorxusunu isə nisyə və vəd sanmışdır. Həmçinin nəzərində dünyaya əhəmiyyət verən, onun mövqeyi qəlbində böyük yer tapan, onu (malını) Allahdan (Allahın bəyəndiyi itaət və ibadətdən) üstün tutan, yalnız ona yönələn və ona (sahib olan hər kəsə) bəndəlik, itaət edən də Allaha ümid bəslədiyini iddia edən kimsə kimidir. (Çünki ümidi və qorxusu dünyadan, dünya sahiblərindəndir.)

 

Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) ardınca getmək sənə kifayət edər. Dünyanın məzəmməti, onun eybli olması, rüsvayçılıq və pisliklərinin çoxluğunda sənin üçün sübut və yol göstərən olar. Çünki onun ətrafı (bağlılıq və sevgi) o Həzrətdən alınmış və onun tərəfləri (onun hər şeyinə bağlılıq) o böyük şəxsiyyətdən qeyrisi üçün hazırlanmışdır. Südünü (onun ləzzətini) içməsi qadağan olunmuş, onun bəzək-düzəklərindən uzaqlaşdırılmışdır. Bir daha peyğəmbərin ardınca getmək istəsən, Allahla danışmış (buna görə də Kəlimullah ləqəbi verilmiş) Musa əleyhis-salamın ardınca get. O demişdir: (Qurani-Kərimin Qəsəs surəsinin 24-cü ayəsi) رَبِّ إِنِّي لِمَا أَنزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ -Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam. Allaha and olsun, Musa Allahdan yeməyə çörəkdən başqa bir şey istəmədi. Çünki torpaqda bitən otu yeyirdi. Arıqlığına, ətinin azlığına görə otun yaşıllığı qa ının daxili dərisinin nazikliyindən görünürdü. Əgər üçüncü dəfə itaət etmək istəyirsənsə, Zəburun sahibi və cənnət əhlinin xanəndəsi olan Davud əleyhis-salama itaət et. Öz əlləri ilə xurmanın liflərindən zənbillər toxuyaraq yoldaşlarına deyərdi: Sizlərdən hansı biriniz bunları satmaqda mənə kömək edər? Onların puluna alınandan onun xörəyi bir arpa çörəyi idi. İsa ibn Məryəm əleyhis-salama tabe olmaq istəyirsənsə, de (yadına sal) ki, (yatarkən) daşı başının altına qoyaraq yastıq edərdi. Cod paltar geyinər, dadsız xörək yeyərdi. Yavanlığı aclıq idi (son dərəcə ac olanda yemək yeyərdi ki, onu yeməkdən ləzzət alsın və əlavə yavanlığa ehtiyacı olmasın). Gecələr onun çırağı ayın işığı idi. Qışda daldalanacağı günəşin doğduğu və ya qürub etdiyi yer idi. (Evi yox idi.) Onun ətirli meyvə və göyərtisi yerin heyvanlar üçün bitirdiyi ot idi. Nə onu fitnə və fəsada salmağa arvadı var idi, nə də kədərləndirməyə övladı. Nə var-dövləti var idi ki, onu (Allaha diqqətdən) döndərsin, nə (dünya və onun əhlinə) tamahı yox idi ki, onu xar etsin. Onun miniyi iki ayağı (piyada gedərdi), xidmətçiləri isə iki əli idi. (İstədiyi hər işi özü görürdü.)

 

(Peyğəmbərlərin üslubunun bəyanından əvvəl Həzrət Məhəmməd peyğəmbərin dünyaya bel bağlamamaq yolunu ümumi şəkildə bildiyinə görə, bir daha eşit:) Daha yaxşı və (bütün məxluqlardan) daha təmiz olan öz Peyğəmbərinə (səlləllahu əleyhi və alih) tabe ol, o böyük şəxsin ardınca get. Çünki o Həzrət tabe olan üçün itaətə layiqdir. Onunla bağlılığı olmasını istəyən üçün ən layiqli bağlılıqdır. (Onun səbri və dözümü dözümlü insan üçün nümunədir.) Allah yanında ən sevimli bəndələr öz peyğəmbərlərinə tabe olub onun nişanələrinin ardınca gedənlərdir. (Ancaq Həzrətin nişanəsi bu idi ki,) dünyanın tikəsini dişlərinin ətrafı ilə yeyərdi (ağız dolusu yeməzdi. Dünyada istifadə etməyə məcbur olduğundan çox istifadə etməzdi). Dünyaya gözünün ucu ilə baxardı (dünyaya heç cür ürək bağlamazdı). Bel baxımdan ən arıq və qarın baxımdan dünyanın ən ac insanı idi. Dünya ona təklif olundu, (Allah-təala Cəbrailin vasitəsilə dünyanı seçməyi ona təklif etdi). O isə onun qəbulundan imtina etdi. Allah-təalanın bir şeyi (dünya sevgisini) düşmən saydığını bildikdə, o da düşmən sandı. Xar bildiyini o da xar bildi. Kiçik qərar verdiyini o da kiçiltdi. (Buna görə də) Bizdə Allah və Peyğəmbərin düşmən sandığı dünya sevgisindən, Allah və Peyğəmbərin kiçik bildiyi dünyanı böyütməyimizdən başqa bir şey olmasaydı belə, bunlar Allaha itaətsizlik və Onun fərmanına qarşı çıxmaq üçün bəs edərdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) quru yerdə (süfrə açmadan) yeməyini yeyər, bəndə kimi oturardı. (Dizi üstə oturardı və ayağını ayağının üstünə aşırmazdı.) Öz əli ilə ayaqqabısının cırığını tikər, paltarına yamaq vurardı. Çılpaq uzunqulağa minər, təkinə də (başqasını) alardı. Evinin qapısından surətlərin təsvir edildiyi pərdə asmışdı. Sonra arvadlarından birinə buyurmuşdur: Ey qadın, bu pərdəni mənim gözümdən gizlət. Çünki gözüm ona sataşanda dünyanı və onun bəzək-düzəklərini yada salıram. Ürəkdən (doğrudan) dünyadan uzaq durmuş, onun xatirəsini özündən uzaqlaşdırmışdı. Onun bər-bəzəyinin gözünün önündən itməsini istəyirdi ki, həmin gözəl paltardan təsirlənməsin və oranın dinclik yeri olmasına inanmasın, orada ləngiməyə ümid bağlamasın. Onu (ona məhəbbəti) özündən qopararaq ürəyindən uzaqlaşdırdı və (bər-bəzəklərini) gözünün önündən itirdi. (Çünki ona qarşı çox bədbin idi.) Bir şeyi düşmən bilən (kəsin rəftarı) belədir. Ona gözü sataşmaqdan, yanında adının çəkilməsindən acığı gəlir.

 

Allahın peyğəmbərinin (səlləllahu əleyhi və alih) yolunun hər anı dünyanın pislik və çirkinliklərində sənin yol göstərənindir. Çünki o Həzrət dünyada öz yaxınları (Əhli-Beyti) ilə qarın dolusu yemədi, məqam və (Böyük Allahın yanında) rütbəsinin böyüklüyünə rəğmən onun bər-bəzəkləri o Həzrətdən uzaqlaşdı. Belə isə, düşünən kimsə öz ağlına müraciət edərək baxmalıdır ki, Allah-təala Məhəmmədi (səlləllahu əleyhi və alih) bu vəziyyəti ilə sevdi, yoxsa xar edərək kiçik sandı? Əgər desə ki, xar etdi, böyük Allaha and olsun, yalan danışaraq böyük böhtan atmış olar. Əgər onu sevmişdir desə, bilməlidir ki, Allah-təala o Həzrətdən qeyrisini dünyanı ona bağışlamaqla xar etdi. Deməli, itaətkar öz peyğəmbərinə tabe olmalı, onun nişanələrinin ardınca getməli, gəldiyi hər bir yerdə ona qoşulmalıdır. (Sözləri və əməlləri onun göstərişinə uyğun olmalıdır.) O Həzrətin ardınca getməsə, (dünya və axirətdə) puç olmaqdan amanda qalmaz. Çünki Allah Məhəmmədi (səlləllahu əleyhi və alih) qiyamətin nişanəsi (çünki ondan sonra peyğəmbər olmayacaq), cənnətin müjdəçisi və əzabla qorxudan qərar verib. (Deməli, hər şeydən agah olub.) Ac qarınla bu dünyadan çölə çıxdı (onun ləzzət və xoşluqlarından bəhrələnmədi) və axirətə (bütün günahlardan) sağlam qalmaqla daxil oldu. Öz yolunu tapana (öz ömrünü başa vurana) və Allahının dəvətini yerinə yetirənə (dünyadan gedənə) qədər daşı daş üstünə qoymadı (ev tikmədi). Deməli, Allah-təala o Həzrətin nemətinin vücudunu bizə rəhbər olmaq və onun ardınca getməyimiz üçün bizə əta buyurmaqla nə böyük ehsan və yaxşılıq etmişdir. Elə bir rəhbər ki, addımımızı onun ayağının izinə qoyaq. (Mən bütün ömrüm boyu o böyük insanın ardınca getdim. Belə ki,) Allaha and olsun, bu cübbəmə (köynəyimə) o qədər yamaq vurdurdum ki, onu tikəndən utandım. Birisi mənə dedi: Onu (bu qədər yamaqdan sonra) özündən uzaqlaşdırmırsanmı? Dedim ki, məndən uzaq ol عِنْدَ الصَّباحِ يُحْمَدُ الْقَوْمُ السُّرى yəni, gecə yol gedənlərə səhər erkən təşəkkür edilər.

  
160-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (böyük Peyğəmbəri mədh etdiyi və camaata öyüd-nəsihət verdiyi) xütbələrindəndir.

 

Allah-təala Həzrət Mustafanı (dünya əhlinin qəlblərini) işıqlandıran (peyğəmbərliyin) nur, aşkar dəlil və sübutu ilə (möcüzələrlə), aydın yolla (İslam dini) və yol göstərən kitabla (Qurani-Kərim) seçdi. Onun əhli-beyti ən yaxşı əhli-beyt, şəcərəsi (o Həzrətin ata-babası) ən gözəl şəcərədir. Bu şəcərənin budaqları birbaşa və düz, (o böyük şəxsin əhli-beyti haqq işdə ifrat və azlıqdan-yəni, həddi aşmaq və təqsirdən uca və təmizdir) meyvələri yerə dağılmışdır. (Elmlərinə və maarifinə hamının əli çatandır). Dünyaya gəlməyi Məkkədə, hicrəti Mədinəyə olmuşdur. Orada onun adı ucalmış, dəvətinin səs-sədası yayılmışdır. (Oranın ənsarlar adlanan sakinləri kafirlərlə döyüşlərdə və düşmənləri məğlub etməkdə Həzrətə kömək etmişdir). Allah-təala onu kifayət edən dəlil (o Həzrətin digər möcüzələrindən əlavə Qurani-Kərim də peyğəmbərliyini sübut etmək üçün kifayətdir) və şəfa verən nəsihətlə, (qəlblərin xəstəliklərinə şəfa bəxş edən o Həzrətin sünnəsi və ehkamları ilə) və (İslama doğru) tədarük görən dəvətlə göndərdi. (Cahiliyyət dövründə aradan getmiş din və dünya işlərini bərpa etdi.) O Həzrətin vasitəsilə məlum olmayan şəriət hökmlərini aşkarladı, (cahiliyyət dövrünün) nadürüst bidətlərini məhv etdi və (Quran və sünnədə) bəyan etdiyi ehkamları üzə çıxardı. İslamdan qeyri bir din istəyən kimsənin bədbəxtliyi qəti, (səadət və xoşbəxtlik) ipi qırıq, (atəşə) üzü üstə düşməsi ağırdır. Onun (qiyamətdə) qayıdışı dərin kədər və ağrılı əzabladır. (Buna görə də) mən gözünü hər şeyə yumub Ona tərəf açan kimsənin təvəkkül etdiyi kimi Allaha təvəkkül edir, (yolçunu) cənnətə (İslama əməl etmək xoşbəxtliyinə) çatdıran, razılığını və şadlığını nəsib edən bir yolu Ondan diləyirəm.

 

Ey Allahın bəndələri! Sizlərə Allahdan qorxmağı və Ona itaət etməyi tövsiyə edirəm. Çünki Onun əmrlərinə tabe olmaq sabah (qiyamətdə) nicata və həmişəlik (əzabdan) qurtuluşa səbəb olar. (Camaatı qiyamət gününün cəzasından) qorxutdu, sonra (peyğəmbərin vasitəsilə Öz hökmlərini) təbliğ və (onları səadət və xoşbəxtlik yoluna) təşviq edib (onu) təkmilləşdirdi. (Əbədi səadətə çatmağa aid olanı bəyan etdi.) Sizin üçün dünyanı, onun ayrılıb məhv olması və başqa şeyə çevrilməsini vəsf etdi. Sizi bu dünyada heyran edənlərdən uzaqlaşın, çünki ondan az bir şey sizinlə gələcək (dünyanın zəngin mallarından yalnız kəfəndən artıq bir şey qazancınız olmayacaq, o da torpağın altında çürüyəcək). Dünya (şəhvət və nəfsi istəklərə tabeçiliyə görə) Allahın qəzəbinə ən yaxın saray, (haqqa, həqiqətə tabe olanların azlığına görə) Allahın razılığından (əbədi cənnətdən) ən uzaq saraydır. Belə isə, ey Allahın bəndələri, onun ayrılığına, halının dəyişəcəyinə inandığınıza görə (dünyadan tezliklə ayrılacağınızı, çəkdiyiniz əzab-əziyyətin başqasına nəsib olacağını bilirsiniz) çətinliklərə və (sizi axirətdən saxlayan) işlərə göz yumun. Dünyadan (ona aldanıb, vurğun olmaqdan) çəkinib qorxun, öyüd verən, çalışan və zəhmət çəkən xeyirxahın (İmam əleyhis-salamın) çəkindiyi kimi. (Camaatın çətinliklərdən xilas olmasına çalışıb, onların doğru yola yönəlməsi və nicatı üçün zəhmət çəkir.) Sizdən öncəki ruzigarların əhlinin korlanmasından gördüklərinizdən ibrət götürün ki, onların da ipləri bir-birindən ayrılmış, göz və qulaqları sıradan çıxmış, şərafət və böyüklükləri əllərindən getmiş, şadlıq və sevinc onlardan uzaq düşmüşdür. Övladları ilə olmaqları onlardan uzaqlığa, arvadları ilə yoldaşlıqları ayrılığa döndü. Bir-biri ilə öyünüb naz etmir, övlad əkmir, bir-birini görməyə getmirlər. Qonşu və yoldaş da deyillər.

 

Ey Allahın bəndələri! (Bu sözlərdən) qorxun! Öz nəfsinə hakim olub nəfsi istəklərinin qarşısını alaraq ağlın və zəkanın köməyi ilə düşünənin (xeyrini və ziyanını başa düşənin qorxduğu) çəkindiyi kimi. Çünki (dinin) əmri aşkar, (qurtuluş) nişanəsi asılı, (əzabdan nicat) yolu hamar, (Allah və peyğəmbərin razılığını qazanmağın) vasitəsi görünən və doğrudur.

  
161-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Siffeyn müharibəsindəki) kəlamlarındandır. Səhabələrindən biri o Həzrətdən soruşdu: Ətrafınızdakılar (üç xəlifə və onların davamçıları) sizi xilafətdən necə kənarda qoydular, halbuki siz bu məqama (onlardan və başqalarından) daha layiq idiniz? İmam əleyhis-salam (həm soruşana, həm də digərlərinə məlum olan və ya araşdırılması məsləhət olmayan bu yersiz sualdan xoşlanmadı və tünd şəkildə müxtəsər cavab verib belə) buyurdu:

 

Ey Bəni-Əsəd (tayfasından olan dini) qardaş! Sən (atının) örkəni boş və yırğalanan bir şəxssən (az bir şübhə ilə iztirab və nigarançılığa düçar olan bir nadansan) və cilovu (öz miniyinin cilovunu) yersiz buraxırsan. Amma bununla belə (sual soruşmaq yeri olmamasına baxmayaraq,) sənin (Peyğəmbərlə) bağlılıq və qohumluğuna ehtiram səbəbindən (Həzrət Peyğəmbərin zövcələrindən biri, yəni, Zeynəb Bəni-Əsəd tayfasından olan Cəhşin qızı idi) və soruşmaq haqqına malik olduğun və bilmək istədiyin üçün bil: Biz nəsil (Peyğəmbərlə qohumluq) baxımından üstün və Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) yaxınlıq (və məqam) baxımından daha möhkəm olmağımıza baxmayaraq, (üç xəlifə tərəfindən) xilafətlə bizə hökmranlıq edilməsinin səbəbi xilafətin rəğbət bəslənilən və istənilən olması idi. (Hətta ləyaqəti olmasa da hamı onu istəyirdi. Beləliklə,) bir dəstə onda paxıllıq etdi (və həmin məqama layiq kimsəni həmin kürsüdə oturmağa qoymadı) və digər bir dəstə (İmam əleyhis-salam) bəxşiş edərək (İslamın əsasını qorumaq üçün) gözünü ondan çəkdi. (Bizimlə onlar arasında) hakim Allahdır və Qiyamət günü qayıdış Ona tərəfdir. (İmam əleyhis-salam sonra İmrəul-Qeysin şerini misal gətirir:) وَدَعْ عَنكَ نَهْباً صِيحَ فِى حَجَراتِهِ Ətrafında fəryad qoparılan qarətçinin hekayətini burax, danışma. Və gəl Əbu Süfyanın oğlundakı (Müaviyədəki və onunla müharibədəki) bu böyük (və təəccübləndirici) mətləbi eşit ki, həqiqətən ruzigar məni ağladandan sonra güldürdü. (Dövranın rəftarındakı qəribəliklərin çoxluğuna gülməyim gəldi.) Allaha and olsun ki, qəribəlik qalmayıb. Odur ki, qəribəliyi aradan aparan (onu son həddinə çatdıran və nəticədə ondan bir şey qalmayan) və əyriliyi çoxaldan bu böyük iş təəccüb doğurandır. İnsanların bir dəstəsi (Müaviyə və onun tərəfdarları) hiylə və kələk ilə Allahın nurunu çırağından söndürmək və Onun suyunun qaynaq mənbəyi və yolunu çeşməsindən bağlamaq niyyətinə düşdülər. (İslamın hökmlərini aradan götürərək Həzrət Peyğəmbərin canişinini ev dustağı etmək istədilər.) Mənimlə özləri arasında vəba gətirən suyu bir-birinə qatışdırdılar (fitnə-fəsad, müharibə və qan axıdılmasına səbəb oldular). Buna görə də qəm və kədərlərin çətinlikləri bizdən və onlardan götürülsə, onları tam haqq yola çəkəcəyəm (ki, Allah və Peyğəmbərin razılığını əldə edərək xoşbəxt olsunlar). Başqa cür olsa isə (çəkinməli bir şey yoxdur. Çünki Allah Qurani-Kərimin Fatir surəsinin 8-ci ayəsində buyurur): فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ Belə isə onların azğınlıqlarına görə çoxlu qəm-qüssə çəkməklə özünü həlak və məhv etmə. Çünki Allah onların etdiklərini biləndir (və onları əməllərinin cəzasına çatdıracaqdır).

  
162-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (şəni uca olan Allahın bəzi sifətlərinin bəyanı barəsindəki) xütbələrindəndir.

 

Şükr bəndələri yaradan, yeri döşəyən, bol suyu alçaq yerlərdə axıdan və bitkiləri yüksəkliklərdə bitirən Allaha layiqdir. Onun əvvəl olmasının başlanğıcı və əbədiliyinin sonu yoxdur. (Buna görə də buyurur:) Həmişə olmuş əvvəl və sonu olmayan əbədi Odur. (Əzəmət və böyüklüyünə görə ibadətə layiq olduğu üçün) alınlar torpağa qoyularaq Ona səcdə edib və qəlblər Onun tovhid və təkliyi barəsində yekdildir. Şeylərin hər birini yaradan zaman onların hədlərini müəyyənləşdirdi ki, Özü onlara oxşarlıqdan və bənzərlikdən üstün olsun. (Deməli, şeylərin məhdud olmaları Onun bənzərinin olmamasına bir dəlildir.) Düşüncələr Onu hədd, hərəkət, üzv və alətlərlə (zahiri və batini qüvvələrlə) fərz edə bilməz. (Çünki Onun mümkün varlığın tələblərindən olan hədd, hərəkət, üzv və aləti yoxdur.) Onun barəsində nə vaxt olub? deyilmir. Həmçinin nə vaxta kimi olacağı müəyyənləşdirilməz. (Ağıl qarşısında elə) əyandır ki, nədən zahir oldu? demək olmaz. (Gözlərdən elə) məxfidir ki, nədə gizlənib? deyilməz. (Çünki O, bütün səbəblərin səbəbidir və yer və məkanda olmaqdan uzaqdır). Cisim deyil ki, uzaqdan gözə çarparaq sonra yox olsun. Həmçinin pərdənin altında deyil ki, nəsə onu əhatə etsin. Onun şeylərə yaxın olması yapışmaqla və uzaq olması ayrılıqla deyil. Bəndələrindən (baş verən) gözaltı baxış, sözü təkrar edərək bir neçə dəfə demək və torpaq təpəyə yaxınlaşmaq Ona gizli deyil. Həmçinin O, qaranlıq gecədə və (ya) işıq saçan ayın kölgə saldığı (zülmətini yox etdiyi) və arxasınca nurlu günəşin gəldiyi sükutlu gecədə, batan və çıxan zamanda (ay batan kimi gün çıxanda və günəş batan kimi ayın görünməsində) və ruzigarın günlərinin gecənin gəlməsi və gündüzün getməsi ilə olan dövründə bir addım atılmasından xəbərsiz deyil. O, hər bir son və müddətdən, həmçinin hər bir saydan və sayılandan qabaq olub. (Çünki O, hər bir şeyin yaradanı olduğu üçün yaranmışlardan qabaq olmalıdır.) Hədləri təyin edənlərin ölçüləri, tərəf və cəhətlərin sonunu, yerlərin hazırlanmasını və məkanlarda yerləşərək məskunlaşmağı Ona nisbət vermələrindən uca və uzaqdır. (Buna görə də buyurur:) Hədd və son Onun yaratdığı varlığa layiqdir və Ondan başqasına (mümkün varlıqlara) nisbət verilir. Əşyaları əzəli və əbədi əsas, mənşə və nümunələr əsasında yaratmayıb (çünki Onun yaratmasının mənşəyi olmayıb), bəlkə yaratdığını və həddini təyin etdiyini (nümunə və mənşəyi olmadan, sırf istəməklə) yaradıb. Vücuda gətirdiyinə surət və şəkil verdi və onun surətini gözəl və münasib etdi. Heç bir şey Onun (fərmanı) müqabilində itaətsizlik etməz (hər bir şey itaətkar və tabedir). İtaət və tabeçilikdən Ona bir xeyir və mənfəət nəsib olmur. Onun keçən ölülər barəsindəki elmi qalan dirilər barəsindəki elmi kimidir. Həmçinin Onun uca göylərdə olanlara elmi, alçaq yerlərdəkilərə elmi kimidir.

  
Bu da həmin xütbənin (insanın yaradılışının heyranediciliyi və yaradanın əzəmət və böyüklüyü barəsindəki) bir hissəsidir 

Ey bərabər yaradılışla (heç bir nöqsan və çatışmazlığı olmadan) yaradılan insan! Ey qaranlıq uşaqlıqda və çoxlu pərdələrdə (bətn, uşaqlıq və ciftin, yəni, insanın dünyaya gələrkən ana bətnindən onunla birlikdə çıxdığı pərdənin qaranlığında) qorunmuş məxluq! Xalis gildən (və torpaq ünsürlərindən təşkil olunmuş insan bədənindən) başlanmısan və məlum ölçüyə (en, uzun, naziklik və qalınlıq aşkar olana) və bölünmüş müddətə (yeddi və ya doqquz ay, yaxud ondan az və ya çox hamiləlik dövrünə) qədər möhkəm yerə (ananın uşaqlığına) qoyulmusan. Ananın qa ında döl olmağına baxmayaraq, tərpənirdin. Sözə cavab vermir, səsi eşitmirdin. Sonra öz yerindən (ananın uşaqlığından) görmədiyin və xeyir yollarını bilmədiyin evə çıxarıldın. Sənə ananın döşlərindən süd əmmək yolunu kim göstərdi? Səni ehtiyacın olan zaman möhtac olduğun və istədiyin şeylə kim tanış etdi? (Məgər bütün bunlar yaradanın varlığına və mövcud olmasına bir dəlil deyil ki, sən Onun zatının həqiqət və mahiyyətini araşdırıb dərk etmək istəyirsən? Onun zatının həqiqət və mahiyyətini dərk etmək) necə də uzaqdır! (Çünki) şəkil, surət və əndam sahibinin sifətlərində (onları tanımaqda) aciz qalan kəs, onu yaradanın sifətlərində daha aciz və Onu, yaratdıqlarının hədd və sifətləri vasitəsi ilə dərk etməkdən daha uzaqdır.

  
163-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın yanına toplaşaraq Osmanın nalayiq əməllərindən şikayət edilərkən buyurduğu kəlamlarındandır. (Osmanın özünün və nümayəndələrinin fitnə-fəsad və əyrilikləri Mədinə və digər şəhərlərdə yayıldıqdan sonra Mədinənin Həzrət Peyğəmbərin səhabələrindən olmuş və digər sakinlərinin bir dəstəsi, başqa şəhərlərin əhalisinə belə bir məktub yazdılar: Siz ki Allah yolunda cihad edərək din düşmənləri ilə vuruşmaq istəyirsiniz, tez bizim yanımıza gəlin. Sizin xəlifəniz dini məhv edib və aradan aparıb. Beləliklə, xalqın qəlbi Osmandan sındı və onu məqamından uzaqlaşdırmaq qərarına gəldilər. Misir, Bəsrə və Kufə əhalisinin böyük bir dəstəsi Mədinəyə gəldi.) Onlar (Osmandan İmama gileylənərək) o Həzrətdən onların tərəfindən Osmanla söhbət etməsini və onun onların razılığını təmin etməsini (pis davranmaqdan əl çəkərək dində yaratdığı bidətləri yox etməsini, Həzrət Peyğəmbərin səhabələrinə bu qədər zülm etməməsini və şəhərlərin hakimi vəzifəsinə düz insanları göndərməsini) istəməsini xahiş etdilər. Buna görə də İmam əleyhis-salam Osmanın yanına gedib belə buyurdu:

 

Xalq mənim arxamdadır və məni səninlə özləri arasında elçi və vasitə təyin edib. (Məndən onların sözlərini sənə çatdıraraq fəsadı aradan qaldırmağımı istəyiblər.) Allaha and olsun ki, sənə nə deyəcəyimi bilmirəm. (Nə dil ilə danışım ki, sənə təsir etsin? Sənin bidət və çirkin əməllərindən) sənin özünün xəbərsiz olduğun bir şey bilmirəm. Sənə tanımadığın və bilmədiyin bir iş (yerinə yetirdiklərinin haram olması) barəsində bələdçi deyiləm. (Bəlkə özün davranışının haram və dinə zidd olmasını bilirsən.) Bizim bildiyimizi sən də bilirsən. (Sənin gördüyün işlərin çirkinliyi bizə məlum və aşkar olduğu kimi sənin özünə də aşkar və məlumdur.) Bir şeydə səndən qabağa düşməmiş, səni ötməmişik ki, səni ondan xəbərdar edək. Heç bir hökmdə xəlvətə çəkilməmişik ki, onu sənə çatdıraq. Sən bizim gördüklərimizi görmüş və eşitdiklərimizi eşitmisən. Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə biz ünsiyyətdə olduğumuz kimi, sən də ünsiyyətdə olmusan. Nə Əbu Quhafənin və nə də Xəttabın oğulları düzlüyə səndən layiq deyildi. Halbuki sən qohumluq baxımından Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) onlardan daha yaxınsan. Həmçinin sən Peyğəmbərin kürəkəni olmaqla Əbu Bəkr və Ömərin çatmadıqları bir məqama çatmısan. Odur ki, öz barəndə Allahdan qorx, Allahdan qorx! Çünki Allaha and olsun ki, sən kor olub sonra görən və nadan olub sonra öyrədilən olmayacaqsan. Həqiqətən yollar (Allahın hökmləri) aşkar və dinin nişanələri (Quran və Əhli-Beyt) möhkəm və bərqərardır. Odur ki, (əgər qəflətə düşmüsənsə) bil: Allah yanında bəndələrin ən üstünü (haqq yola) hidayət olunmuş və (başqalarını) hidayət edən, məlum sünnə (qayda) və yolu (Həzrət Peyğəmbərin sünnəsini) bərqərar edən (onun əsasında davranan) və batil və səhv bidəti öldürən (aradan qaldıraraq xalqı onun səhvliyindən xəbərdar edən) ədalətli və düz başçıdır. Həqiqətən sünnələr aydın və aşkardır və onların öz nişanələri var. Həmçinin bidətlər aşkardırlar və onların (da) öz nişanələri vardır. Allah yanında bəndələrin ən pisi isə özü azğın olan və başqaları onun vasitəsi ilə azğınlığa düşən, (Allahın Peyğəmbərindən) götürülmüş sünnəni öldürən və məhv olmuş bidəti dirildən (haqdan əl götürüb batili yaymaq istiqamətində çalışan) zalım başçıdır. Mən Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) belə buyurduğunu eşitmişəm ki: Qiyamət günü zalım başçını gətirəcəklər və onun nə kömək edəni olacaq (ki, onu cəhənnəm odundan xilas etsin), nə də üzrxahı (ki, əzabı ondan dəf etsin). Beləliklə, o, cəhənnəm oduna atılacaq və dəyirman fırlanan kimi onda fırlanacaq. Sonra cəhənnəmin quyusunda və dibində həbs olunaraq saxlanılacaq. Səni Allaha and verirəm ki, bu ümmətin öldürülən başçısı olmayasan. Çünki bundan əvvəl deyilirdi (Həzrət Peyğəmbər buyurub) ki: Bu ümmətdə bir başçı qətlə yetiriləcək və (onun öldürülməsi nəticəsində) qiyamətə kimi qan axıdılması və döyüş (qapısı) açılacaq, işlər onlara şübhəli və qaranlıq görünəcək, aralarında fitnə-fəsadı yayacaq və onlar haqqı batildən seçə bilməyəcəklər. Həmin fitnə-fəsadlarda çoxlu çaxnaşma törədər, haqdan əl götürərlər. Həmçinin çox iztirablı və nigaran olarlar. Buna görə də (səksən ildən artıq olan), uzun illərdən və ömürü başa vurduqdan sonra (katib və məmurun) Mərvan (ibn Həkəm) üçün düşmənin qarət edərək sürətlə sürdüyü dəvə kimi olma ki, səni istədiyi yerə sürsün.

 

Osman o Həzrətə dedi: Xalqla danış mənə möhlət versinlər ki, onlara edilmiş zülmləri aradan qaldırım. İmam əleyhis-salam buyurdu:

 

Mədinədə olana möhlət lazım deyil. Onda olmayanın möhləti isə sənin əmrin ona çatana kimidir.

  
164-CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın tovuz quşunun yaradılışının heyranediciliyini xatırlatdığı xütbələrindəndir.

 

Allah təəccüblü və qəribə varlıqlar yaradıb: bəziləri (insan və heyvanlar kimi) canlı, bəziləri (cansız təbiət kimi) cansız, bəziləri (dağlar kimi) hərəkətsiz və bəziləri (ulduzlar kimi) hərəkət edəndir. Onun yaradılışının gözəlliyi və qüdrətinin böyüklüyünə şəhadət verən aşkar dəlillərdən ağılların, qarşısında tabe olaraq inandıqları şeyi bərqərar etdi. Belə ki, (ağıllar) Onun varlığını iqrar edərək əmrinə tabedirlər və ağılların inandıqları şeyin Onun birliyinə olan dəlilləri, bizim qulaqlarımızda fəryad qoparırlar. Həmçinin quşların yerin dəliklərində, (iki dağın arasında yerləşən) geniş dərələrdə və dağların başında yerləşdirdiyi müxtəlif şəkillilərini yaratdı. Onların cürbəcür qanadları və müxtəlif görkəmliləri vardır. Onların boyunlarına itaətkarlıq və tabeçilik cilovu salınıb və açıq hava və geniş fəzanın boşluqlarında qanad çalırlar. Onları bu aşkar heyranedici surətlərdə yaratdı, halbuki bundan öncə yox idilər. (Onları yoxdan yaratdı.) Onları (ət və dərilərində) gizlənmiş oynaqların möhkəm sümükləri ilə bir-birinə birləşdirdi. Onların bəzisini (dəvəquşu və hacıleylək kimisini) iti yerimək və asan uçmaq üçün yüksəklikdə uçmaqdan saxladı və onu elə yaratdı ki, yerə yaxın uçur. Növbənöv quşları hikmət və məsləhətə əsaslanan qüdrət və yaradılışı ilə müxtəlif rənglərdə sıraladı. (Hər birini məxsus bir rəngdə yaratdı.) Beləliklə, onların bəzisi elə bir rəngin qəlibinə salınıb ki, ona başqa bir rəng qarışmır, bəzisi isə bir rəngə salınıb və boynunda elə bir boyunbağı cizgilənib ki, onun rəngi bədəninin digər yerlərinin rənginin əksinədir.

 

Quşların yaradılış baxımından ən heyrətləndiricisi tovuz quşudur ki, Allah onu ən möhkəm ölçüdə yaradıb və rənglərini kökünü (piy, sümük və damarla) bir-birinə birləşdirdiyi qanadla və uzunluğunu çox etdiyi quyruqla ən gözəl qaydada nizama salıb. Nə vaxt (cütləşmək istəsə və) dişi tovuzquşuna tərəf getsə, quyruğunun burulğanını açar və onu qaldıraraq başına kölgə salar. Həmin quyruq (bir yerə yığılanda və açılaraq yayılanda) sanki Darəyn (gəmisinin) yelkənidir ki, gəmiçi onu bir tərəfdən digər tərəfə çevirir. O, rəngləri ilə lovğalanaraq özünü öyür. Quyruğunun hərəkəti ilə öyünür və nazlanır. Xoruzlar kimi cütləşir və bala verməsi üçün öz dişisi ilə çox şəhvətli erkəklər kimi yaxınlıq edir. (İmam əleyhis-salam burada tovuzquşunun cütləşməsinin belə olmamasını güman edən şəxsin sözünü puç etmək üçün buyurur:) Tovuzquşunun cütləşməsi barəsində dediklərimdə səni müşahidə etmək və göz ilə görməyə göndərirəm və (sözünü) etimad edilməyən zəif və səhv dəlilə əsaslandıran kəs kimi deyiləm. (Çünki həmin şəxs deyir: Belə deyirlər. Mən isə deyirəm: Get gör!) Əgər onların zənn etdikləri kimi olsa - erkək tovuzquşunun öz dişisini mayalandırması, erkəyin gözündən axaraq göz qapaqlarının kənarlarında yığılan göz yaşı vasitəsi ilə olsa və dişi tovuzquşu onu öz dimdiyi ilə götürüb daddıqdan sonra yumurta qoysa və erkək tovuzquşunun cütləşməsi gözdən çıxan yaşdan başqa bir yol ilə olmasa, hər halda bu (yanlış) güman ala qarğanın cütləşmə üsulundan (onların dimdiklərini bir-birinin üstünə qoyaraq cütləşmələrindən) daha təəccüblü və qəribə deyil. (İmam əleyhis-salam sonra yenə də tovuzquşunun vəsfinə davam edərək buyurur: Ağlıq və şəffaflığının çoxluğundan) onun lələklərinin sümüklərini gümüş millər təsəvvür edər və həmçinin həmin lələklərin üstündə bitənləri - heyrətamiz dairələr və boyunbağıları (sarılıq və parlaqlıqda) xalis qızıl və (yaşıllıqda) zəbərcəd (qızıla çalar yaşımtıl rəngli qiymətli daş) parçaları sanarsan. Buna görə də əgər onun qanadını yerin bitirdiyi gül və çiçəklərə oxşatsan, deyəcəksən ki: O, hər baharın çiçəklərindən toplanmış bir dəstə güldür. Əgər onu geyimlərə oxşatsan, (deyəcəksən ki:) rəsm və şəkil işlənmiş bəzəkli və ya Yəməndə toxunmuş gözəl rəngli və qəşəng paltar kimidir. Əgər zinət əşyalarına bənzətsən, (deyərsən ki:) cəvahirlə bəzədilmiş gümüş arasında yerləşdirilmiş rəngarəng üzük qaşları kimidir. Çox işvəli sevincək şəxsin nazlanması kimi yol gedir. Tam diqqət və mülahizə ilə öz quyruq və qanadına baxır. Köynəyinin və paltarının (müxtəlif) rənglərinin gözəlliyindən qəhqəhə ilə gülür. Gözü ayaqlarına sataşanda isə haray qopararaq uca səslə ağlayır, sanki aşkarcasına, köməyə bir kimsə çağırır və (bu əməli ilə) özünün (ayaqlarının çirkinliyindən olan) qəm-qüssənin həqiqiliyinə şəhadət verir. Çünki ayaqları (nə ağ, nə də qara, bəlkə torpaq rəngində olan) xoruzun ayaqları kimi nazikdir (və çirkindir) və onun baldırının sümüyü tərəfdən (xoruzun ayağında olan və elə də aşkar olmayan tikan kimi) gizli bir tikan qabarır. Boynunun arxasında yalının yerində nəqş edilmiş bir yaşıl kəkil var. Boynunun çıxacağı bardaq kimidir (nazik və uzundur). Boynunun batacağı isə qa ının altına qədər (çox yaşıl olan və rəng qoyulmasında istifadə edilən) Yəmən basması və ya cilalı güzgüyə bükülmüş rəngli və bəzəkli ipək kimidir. Tovuzquşu sanki özünü qara çadraya bürüyüb. Amma təravət və parıltının çoxluğundan, ona çoxlu gözəl yaşıl rəngin qatışdırıldığı güman edilir. (Şəffaflıq və aydınlığının çoxluğundan onun qaralığı yaşıla çalır və baxanda hər an bir rəngdə görünür. Odur ki, buyurur:) Qulağının yarığında qələmin ucuna bənzər (nazik) bir xətt var və o, rəng baxımından çox ağ olan çobanyastığı gülüdür (onun kimidir). O, qara rəng içində parıldayan ağ xətt kimidir. Tovuzquşunun bəhrələnmədiyi rəng çox azdır. O, çox cilalı, parlaq, işıqlı və gözəl olduğu üçün həmin rəngi daha yaxşı göstərib. Beləliklə, o, (rənglərə boyanmasında) bahar yağışlarının və çox isti günəşlərin yetişdirmədiyi (bəlkə eyb və nöqsanlardan pak və uzaq olan Allahın hikmət əsasında yaradılışın əvvəlindən başdan-ayağa müxtəlif heyranedici rənglərlə yaratdığı) dağınıq çiçəklər kimidir. O, bəzən öz tük və lələklərindən xaric olaraq paltarını çıxarıb lütlənir. Beləliklə, tükləri bir-birinin ardınca tökülür və yenə bir-birinin ardınca bitir. Tükləri yarpaqlar ağacdan tökülən kimi tökülür. Sonra bir-birinin ardınca tükləri tökülməmişdən qabaqkı şəklinə düşənə kimi bitir. (Belə ki,) onun heç bir rəngi əvvəlki rənglərin əksinə olmur və heç bir rəng öz yerindən başqa yerdə durmur. (Düşən hər bir tük və lələyin yerinə həmin şəkil və rəngdə olan bir tük və lələk çıxır.) Əgər onun lələklərinin tüklərindən birinə diqqətlə baxsan, (onların rəngə boyanmaları) sənə (bir dəfə) qızılgül qırmızısı, bir dəfə zəbərcəd yaşılı, bəzən isə qızıl sarısı rəngində görünər. Buna görə də dərin və dəqiq dərrakələr bu heyvanın yaradılışının necəliyini necə qavraya, əqli düşüncələr onu necə dərk edə və ya vəsf edənlərin sözləri onun necəliyini necə nəzmə çəkə bilər?! Halbuki həmin heyvanın ən kiçik hissəsi (tükü) fikirləri onu dərk etməkdə və dilləri öz vəsfində aciz qoyub. Buna görə də eyb və nöqsan sifətlərdən pak və uzaqdır o Allah ki, ağılları gözlər önündə cilvələnən və onların məhdud, yaranmış, mürəkkəb və rənglənmiş şəkildə dərk etdikləri varlığın vəsfində məğlub edib, dilləri Onun həqiqətinin necəliyinin bəyanında bacarıqsız və sifətlərinin şərhində aciz edib. Həmçinin eyb və nöqsan sifətlərdən pak və uzaqdır o Allah ki, kiçik qarışqa və balaca ağcaqanadların ayaqlarını, eləcə də onlardan böyüklərin - balıq və fillərin yaradılışını möhkəm edib. Özünə vacib edib ki, ruh və can verdiyi heç bir cüssə, onun üçün ölüm vədəsi və yoxluq sonluğu müəyyənləşdirməyincəyə qədər hərəkət edib tərpənməsin.

  
Bu da həmin xütbənin Cənnətin necəliyi barəsindəki bir hissəsidir 

Əgər qəlb gözü ilə sənin üçün Cənnətdən vəsf edilənlərə baxsan (və onlar barəsində fikrə dalaraq düşünsən), nəfsin mütləq bu dünyada olan və onun, nəzərdə cilvələnən istək, ləzzət və bər-bəzəklərindən uzaqlaşar. Fikir və düşüncə ilə kökləri Cənnət arxlarının kənarında müşk dəfinələrində basdırılmış ağacların yarpaqlarının bir-birinə dəymələrinin səsindən, təzə və təravətli mirvari salxımların nazik və qalın budaqlardan asılmasından, heç bir çətinlik olmadan (ağacın başına çıxmadan və ya daş və çubuq vasitəsi ilə salınmadan) yığılan və yığanın arzusuna uyğun olaraq onun ixtiyarında duran (onu zəhmətsiz yığması üçün arzulaması ilə yaxınlaşan) rəngarəng meyvələrin həmin ağacların güllərinin tumurcuqlarından zahir olmasından çaş-baş qalar. Cənnət əhli üçün onun saraylarının qarşısında pak və təmiz ballar və saflaşdırılmış şərbətlər dolandırılır (ki, istəyən götürüb içsin). Cənnət əhli həmişəlik evə (əbədi Cənnətə) daxil olana və yerdəyişmə və səfərlərdən qurtarıb rahatlanan zamana kimi ilahi əta və bəxşişlər daim hallarına şamil olan dəstədir (və onlar Allah və Peyğəmbərə tabedirlər). (İnsan öləndən sonra qiyamət başlanana kimi səfər çətinliklərinə düçar olan şəxs kimidir və ölüm, bərzəx aləmi və qiyamətin çətinliklərindən nicat tapıb, yükünü Cənnətdə açandan sonra yolun əziyyətlərindən qurtulur, rahatlıq tapır.) Buna görə də ey dinləyici, əgər qəlbini qəflətən sənə çatacaq şeyə - heyranedici mənzərələrə məşğul etsən (fikrə dalaraq onların barəsində düşünsən), canın onlara çatmağın şövqündən bədənindən çıxar və həmin mənzərələrə çatmağa tələsdiyin üçün mənim bu məclisimdən qəbristanlıq əhlinin qonşuluğuna gedərsən (dünyaya və onda olanlara göz yumaraq ölümü gözləyərsən). Allah fəzl və mehribanlığı üzündən bizi və sizi yaxşı əməl sahibilərinin mənzillərinə (əbədi Cənnətə) getmək üçün qəlbən səy göstərib çalışanların (Allah və Peyğəmbərin razılığını əldə edənlərin) zümrəsində yerləşdirsin. (Seyyid Rəzi deyir:)

 

  
Bu xütbənin bir neçə qeyri-adi kəlməsinin mənası belədir:  

O Həzrət əleyhis-salamın buyuruğundakı يَؤُرُّ بِمُلاقَحَةِ yəurru bimulaqəhəti birləşməsində يَؤُرُّ yəurrunun kökü olan أَرَّ ərrə kəlməsi yaxınlıq etmək barəsində metaforadır. Ərəblər kişi qadın ilə yaxınlıq edəndə onun barəsində أَرَّ الرَّجُلُ الْمَرْأَةَ ərrə ər-rəculu əl-mərətə deyirlər. O Həzrət əleyhis-salamın digər كَأَنّهُ قِلْعُ دارِىٍّ عَنَجَهُ نُوتِيُّهُ buyuruğundakı قِلْع qil kəlməsi yelkən mənasındadır. دارِىٍّ Dariyy دارَيْن Darəynə mənsub deməkdir. O, dəniz kənarında olan bir şəhərdir ki, oradan ətir gətirilir. عَنَجَهُ Ənəcəhunun mənası isə döndərməkdir. Ərəblər birinə dəvənin başını döndərdiklərini çatdırmaq istəyəndə عَنَجْتُ النّاقَةَ كَنَصَرْتُ أَعْنُجُها عَنْجاً deyirlər. نُوتِىّ Nutiyy isə gəmiçi mənasındadır. O Həzrət əleyhis-salamın ضَفَّتَىْ جُفُونِهِ zəffətəy cufunihidən məqsədi tovuzquşunun göz qapağının iki tərəfidir. ضَفَّتان Zəffətan hər iki tərəf mənasındadır. İmam əleyhis-salamın فِلَذَ الزَّبَرْجَدَ filəz əz-zəbərcədə birləşməsindəki فِلَذُ filəz kəlməsi فِلْذَةٍ filzənin cəmidir və onun mənası tikə və parça deməkdir. كَبائِسُ Kəbais kəlməsi كَباسَة kəbasənin cəmidir və o, عِذْق izq xurma salxımı mənasındadır. عَسالِيج Əsalic budaqlar deməkdir və onun təki عُسْلُوج uslucdur.

  
165-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (səhabələrinə öyüd-nəsihət verdiyi) xütbələrindəndir.

 

Gərək kiçiyiniz böyüyünüzün arxasınca getsin və böyüyünüz kiçiyinizə qarşı mehriban olsun. Cahiliyyət dövrünün (Həzrət Peyğəmbər ilahi elçi kimi göndəriləndən qabaqkı zamanın) zalımları kimi olmayın ki, (onlar) nə din və şəriətdə araşdırma aparır, nə də Allahı tanımaqda ağıl işlədirdilər (nadan idilər və eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hökmlərindən xəbərsiz idilər) - quşların yumurtladıqları yerdə tapılan (və quş yumurtası olması təsəvvür edilən) yumurta kimi ki, sındırılması (kiminsə onu sındırması) günahdır və (əgər salamat saxlanılsa) içindən ziyanverici bala çıxacaq.

  
Bu da həmin xütbənin (müsəlmanların parçalandıqdan sonra yenidən birləşərək Bəni-Üməyyəni aradan götürmələrindən xəbər verdiyi və səhabələrini məzəmmət etdiyi) bir hissəsidir 

(Müsəlmanlar) bir-birləri ilə isinişib birləşdikdən sonra bir-birlərindən ayrılacaq və öz köklərindən (haqq İmam və dinin təməlinin ətrafından) dağılışacaqlar. Beləliklə, bəziləri bir budaqdan (hidayət və doğru yol imamlarının - əleyhimus-salam - birindən) tutar və hara getsə, onunla birgə olar (göstərişlərinə uyğun davranar). Nəhayət, Allah onları tezliklə, payız fəslində bulud parçaları bir-birinə birləşdiyi kimi Bəni-Üməyyənin ən pis günü (hakimiyyətlərinin devrilməsi) üçün bir yerə toplayar. Allah onları bir-birinin üzərində yerləşən buludlar kimi bir-birlərinə qarşı mehriban edər, birləşdirər və çoxaldar. Bundan sonra, Allah onlar üçün qapılar açar ki, qaldırıldıqları yerdən selcəsinə, iki bağın (Allahın Qurani-Kərimdə əhvalatını bəyan etdiyi Səba əhlinin iki bağının) seli kimi yola düşərlər (hərəkət edərək bir-birlərinin köməyinə tələsərlər). (O, çox əzəmətli bir sel idi ki, Səba əhlinin hamısını həlak etdi və) heç bir təpəcik ondan salamat və heç bir yüksəklik öz yerində bərqərar qalmadı. Onun yolunu nə dağın möhkəmliyi, nə də yerin hündürlüyü bağladı. (İndi həmin dəstəni də heç kəs məğlub edə bilməz.) Allah onları yaratdığı (və elə selin də yatağı olan) dərələrin arasında səpələyər və çeşmələr kimi yerdə axıdar. (Xülasə, saylarını çoxaldar və onlara güc və qüdrət əta edər.) Onların vasitəsi ilə bir dəstədən (zalımlardan) digər dəstənin (zülmə məruz qalmışların) haqqını alar və bir dəstənin (Bəni-Üməyyənin) şəhərlərinə digər bir dəstəni (Bəni-Abbası) qoyar, təyin edər. And olsun Allaha ki, onların əllərində olan şey padşahlıq və hökmdarlıqdan (onların padşahlıq və hakimiyyətlərindən) sonra quyruq odda əriyən kimi əriyər (onların izzət, dövlət, sərvət və bütün şeyləri aradan gedər).

 

Camaat! Əgər bir-birinizi haqqa (İmam əleyhis-salama) kömək etməkdən saxlamasaydınız (kömək etsəydiniz) və batil və nahaqqı (Müaviyəni) alçatmaqda süstlük etməsəydiniz, (qüdrət və düzlük baxımından) sizin kimi olmayan kəs sizə (şəhərlərinizə) tamah salmazdı və sizə ağalıq edən kimsə güclənməzdi. Lakin siz (öz İmam və başçınızın əmrlərinə tabe olmadığınız üçün) Bəni-İsrailin sərgərdanlığı kimi avara-sərgərdan qaldınız (azğınlığa düşdünüz. İsrail oğulları Musa əleyhis-salama qarşı itaətsizlik etdikləri üçün qırx il avara-sərgərdan qaldılar və Allahın Qurani-Kərimdə əhvalatını bəyan etdiyi həmin çöllükdən bir yerə yol tapa bilmədilər). Canıma and içirəm ki, məndən sonra sizin sərgərdanlığınız (Bəni-İsrailin sərgərdanlığından) bir neçə qat artırılacaqdır. Ona görə ki, siz haqqı arxaya atdınız, (Həzrət Peyğəmbərə) daha yaxın olanı (özünüzdən) ayırdınız və (o Həzrətə) uzaq olanla birləşdiniz. (İmam əleyhis-salama tabe olmayıb fitnə-fəsaddan başqa bir məqsədləri olmayan xəlifələrin və Müaviyənin arxasınca getdiniz.) Bilin! Əgər öz bələdçi və yol göstərəninizin arxasınca getsəydiniz, o sizi Allahın Peyğəmbərinin (əbədi möhtərəmlik və səadət) yoluna aparardı və siz yoldan azmaq əziyyətindən qurtular və çox ağır yükü boyunlarınızdan uzağa atardınız (dünyada yazıqlığınıza, axirətdə isə əzaba düçar olmağınıza səbəb olan günah etməzdiniz).

  
166-CI XÜTBƏ 

İmam Əli əleyhis-salamın xilafətinin əvvəlində buyurduğu xütbələrindəndir.

 

Allah-təala Kitabı (Qurani-Kərimi bəndələr üçün) bələdçi olaraq göndərdi və onda yaxşı və pisi (etiqad, söz və əməlin hansının pis və hansının yaxşı olmasını) bəyan etdi. Buna görə də yaxşılıq yolunu tutun ki, (Allah və Peyğəmbərə tərəf) hidayət olunub (məqsədə) çatasınız. Həmçinin pislik tərəfdən uzaq olun ki, (sizi haqq və həqiqətə çatdıran) doğru yol ilə hərəkət edəsiniz. Vacibləri yerinə yetirin, vacibləri yerinə yetirin! Onları (riya və özünü göstərmək üçün deyil) Allaha görə (Onun rəhmətinə yaxınlaşmaq üçün) yerinə yetirin ki, sizi Cənnətə çatdırsın. Allah (Quranda və Həzrət Peyğəmbərin sünnəsində) məchul olmayan (bəlkə hamıya məlum olan) şeyi haram etdi (buna görə də ondan xəbərsiz olan üzrlü sayılmır) və heç bir eyb və nöqsanı olmayan şeyi halal buyurdu. Müsəlmanın ehtiramını (İslamın əzəmətinə görə) bütün hörmətlərdən üstün etdi. Müsəlmanların hüquqlarını (dində) ixlas (yəni, riyakarlıq olmadan tam sədaqət və saflıqla ibadət və bəndəlik etmək) və tovhid (Allah-təalanı tək bilmək) ilə öz yerlərində bir-birinə bağlayıb. Buna görə də (təkallahlı və ixlası olan şəxsə müsəlmanların hüquqlarına riayət etmək vacibdir. Belə olmasa, bu onun ixlas və tovhidi ilə ziddiyyət təşkil edər. Odur ki, buyurur:) Müsəlman o kəsdir ki, müsəlmanlar (Allah və Peyğəmbərin buyurduğu) haqq (yerlər) istisna olmaqla onun dilindən və əlindən salamat və rahat olsunlar (dili ilə yalan, qeybət və böhtan danışmasın və başqalarını incitməkdən və zülm etməkdən əl saxlasın). Allahın vacib etdiyindən başqa, müsəlmana ziyan vurmaq halal deyil. (Amma əgər kimsə müsəlmanı nahaq yerə öldürsə, ondan qisas alınması və öldürülmüş şəxs kimi onun da öldürülməsi vacibdir.) Hamı üçün ümumi olan və sizlərin hər birinizə məxsus hadisəyə tələsin. O, ölümdür (ölümə və dünyadan köçməyə hazır olun). Çünki insanlar (onların bir dəstəsi) sizin qarşınızdadır (sizdən qabağa düşüblər) və qiyamət sizi arxadan qovur. (Sanki bir karvan qabaqcadan gedib və karvanın başçısı arxada qalanları qabaqda gedənlərə çatmaları üçün sürətlə aparır. Buna görə də) yüngülləşin ki, (özünüzü ağır yüklər altından nicat verib karvana) birləşəsiniz. Sizin birinciniz saxlanılıb və onlar axırıncınızın yolunu gözləyirlər (ki, hamı toplaşsın və birlikdə qiyamətə daxil olasınız). Çünki (qiyamətdə) sizdən (hər şeyi) soruşacaqlar, hətta yerlər və dördayaqlılar barəsində. Allaha itaət edin və Ona qarşı itaətsizlik göstərməyin. Yaxşılıq görən zaman onu əldə edin (ki, dünya və axirətinizə xeyri var) və pislik görəndə ondan uzaq olun (ki, sizi əzaba düçar edər).

  
167-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın xilafətində beyət edildikdən sonra buyurduğu kəlamlarındandır. (Təlhə ilə Zübeyr beyətlərini pozaraq Bəsrəyə getdilər, orada fitnə və çaxnaşma yaradaraq müsəlmanların mallarını qarət etdilər və yaxşı insanları öldürdülər.) Səhabələrdən bir dəstəsi o Həzrətə dedi: Kaş ki, Osmana qarşı (onu öldürməyə) toplaşanları cəzalandıraydın (və beyətlərini pozan kimsələrin heç bir bəhanələri qalmayaydı). İmam əleyhis-salam buyurdu:

 

Qardaşlar (dindaşlar)! Mən sizin bildiyinizdən xəbərsiz deyiləm (bəlkə həm keçmişi, həm gələcəyi, həm də indini bilirəm). Lakin mənim (Osmanı öldürənlərdən intiqam almağa) necə gücüm çatar, halbuki (onu öldürmək üçün) toplaşmış (və bu çaxnaşmanı da yaradan) dəstə öz güclülüyünün son həddində qalmaqdadır və biz onlara deyil, onlar bizə ağalıq edirlər?! Bilin! Osmanı öldürənlər sizin qullarınızın kömək olduğu və çöldə yaşayanlarınızın birləşdiyi bir dəstədir (bu işi hamı əlbir olaraq görüb). Onlar sizin aranızdadırlar (hələ Mədinədən xaric olmayıblar və əgər məqsədinizi başa düşsələr), sizə istədikləri əziyyəti verərlər (və heç kəsin onların qarşısını almaq qüdrəti yoxdur). İstədiyiniz şeyə gücünüz var? (Bu barədə fikirləşib onlarla vuruşmaq üçün bir kömək nəzərdə tutmusunuz? Sizin istədiyiniz) bu iş nadanlığa əsaslanan bir işdir və onların (çoxlu) kömək və yardımçıları var (ki, ehtiyacları olan zaman onlardan kömək istəyirlər). Camaat bu intiqam söhbəti ortaya gələndə bir neçə dəstə olur. Bir dəstə sizin gördüklərinizi görür (nəzərləri budur ki, gərək intiqam alınsın). Bir dəstə sizin görmədiyinizi görür (deyir ki, gərək onun qatillərinə kömək edilsin). (Digər) bir dəstə (isə) nə bunu, nə də onu görür (bu işdə susub dayanıb və heç bir nəzəri yoxdur). Buna görə də (Osmanın qatillərindən intiqam almaq, əhəmiyyəti onun öldürülməsindən də çox olan bir böyük fitnə-fəsadın yaranmasına səbəb olacaq. Odur ki,) xalqın rahatlıq tapması, qəlblərin öz yerində qərar tutması və haqların münasib yerdə asanlıqla alınması üçün səbrli olun. Mənim yanımda sakit və rahat olun (tələsməyin və bu cür öyüd-nəsihət verməyin), sizə necə əmr verəcəyimə baxın (göstərişlərimə tabe olun). Güc və qüvvəni məhv edərək aradan aparan və süstlük və xarlıqla nəticələnən bir iş görməyin. Tezliklə, nə qədər ki, yumşaqlıqla mümkündür bu işi yumşaqlıq və mülayimliklə düzəldəcəyəm. Başqa bir çarə və çıxış yolu tapmadığım zaman (mülayimlik bir fayda verməyəndə) isə, son dərman dağlamaqdır.

  
168-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Cəməl əhli (dəvəyə minmiş Aişənin tərəfdarları) Bəsrəyə gedən zaman buyurduğu xütbələrindəndir.

 

Allah (bəşəriyyət üçün) doğru yol bələdçisi olan Peyğəmbəri natiq (xeyir və şər yolu açıqlayan) Kitab (Qurani-Kərim) və bərqərar (qiyamətə kimi qalacaq və əyriliyin yol tapa bilmədiyi) iş (din və qanun) ilə göndərdi. Onunla müxalif olan kəsdən başqa heç kəs məhv olmaz. Həqiqətən (Həzrət Peyğəmbərin sünnəsi kimi göstərilən) naməlum və qaranlıq bidətlər Allahın onlardan qoruduğu (onlara əməl etməməyə nail etdiyi və nəticədə salamat qalan) kəs istisna olmaqla (insanlar üçün) məhvedicidir. Allahın höccətinə (İmam əleyhis-salama) tabe olmaq sizin (din və dünya) işlərinizin qorunmasıdır. Buna görə də məzəmmət və məcbur edilmiş olmadan ona tabe olun. And olsun Allaha, (ya) gərək (mənə) tabe olasınız, ya da Allah haqq xilafəti sizdən başqasına keçirsin. Beləliklə, o, sizdən başqasına (Bəni-Üməyyə və Bəni-Abbasa) qayıdana kimi, heç vaxt onu sizə qaytarmaz.

 

Həqiqətən onlar (Təlhə, Zübeyr və onların tərəfdarları Osmanın intiqamını almaq üçün deyil) mənim xilafətimə razı olmadıqlarına görə toplaşaraq bir-birlərinə kömək edirlər və mən sizin birliyinizə xələl gəlməsindən (dininizdə ziddiyyət yaranaraq təfriqəyə düçar olmağınızdan) qorxmayana kimi (onların itaətsizliklərinə) səbr edirəm (ki, bəlkə peşman oldular və hələ də bu səbrimdə qalmaqdayam). Çünki əgər onlar (gerçəkləşdirmək istədikləri) bu zəif və səhv fikri sona çatdırsalar (davam etdirsələr), müsəlmanların (din və dünya işlərinin) nizam-intizamı bir-birinə dəyəcək (onların birlik və vəhdət kəndirləri qırılacaq). Həqiqətən onlar Allahın onu əta etdiyi şəxsə paxıllıq etdikləri və həsəd apardıqları üçün bu dünyanı (xilafət və əmirliyi) istəyirlər. Buna görə də hökmləri (İslamın hökmlərini) başıaşağı çevirmək (Allahın mənə məxsus etdiyi xilafəti məndən almaq) istəyiblər. (Əgər bizə tabe olsanız) sizin bizim boynumuzda olan haqqınız Allahın Kitabına və Onun Peyğəmbərinin (səlləllahu əleyhi və alih) davranış üsuluna əməl etmək, Onun haqqını əda etmək (göstərişlərini yerinə yetirmək) və Onun hökmlərini ucaltmaqdır (yaymaqdır ki, bunların nəticəsində nicat tapasınız).

  
169-CU XÜTBƏ 

İmam Əli əleyhis-salamın kəlamlarındandır. O Həzrət Bəsrənin yaxınlığına çatanda, həmin diyarın əhalisinin bir dəstəsi onun yanına bir ərəb göndərdilər ki, onlar üçün o Həzrətlə Aişənin ətrafındakıların vəziyyətləri barəsindəki həqiqətləri öyrənərək aydınlaşdırsın (ki, onların bu müharibəni etmək haqları var, ya yox?) və beləliklə, əhalinin şəkk-şübhə və tərəddüdləri aradan qalxsın. Əmirəl-möminin əleyhis-salam da özünün onlarla olan rəftarını bəyan etdi. Bununla da həmin şəxs o Həzrətin haqq olmasını (və Cəməl əhlinin batil və nahaq olmalarını) başa düşdü. (Dəlil-sübutdan) sonra (İmam əleyhis-salam) ona buyurdu: Beyət et. Həmin şəxs dedi: Mən bir dəstənin elçisiyəm və onların yanına qayıdana (və məsləhətləşənə) kimi özbaşına bir iş görmərəm. İmam əleyhis-salam buyurdu:

 

Bax (de görüm), əgər tərəfindən mənim yanıma gəldiyin kəslər, səni onlar üçün yağış yağmış (ot və suyu olan) bir yer tapmaq üçün qabağa göndərsələr və sən onların yanına qayıdıb ot və su (tapdığın yer) barəsində xəbər versən, amma onlar sənə tabe olmayıb otsuz-susuz yerdə oturaq salsalar, nə edərsən? Həmin şəxs dedi: Mən onları buraxıb müxalifət edərək otu və suyu olan yerə gedərəm. İmam əleyhis-salam buyurdu: Onda (mənimlə beyət etmək üçün) əlini uzat. Həmin şəxs dedi: And olsun Allaha ki, mənə hərtərəfli dəlil gətirildiyi üçün beyətdən üz döndərə bilmədim və beləliklə, İmam əleyhis-salamla beyət etdim. (Bəli, öyüd-nəsihət və haqq söz hidayət və nicat tapmağa layiq olan kəsə mütləq öz təsirini göstərir. Seyyid Rəzi deyir: Hədis və tarix kitablarında Bəni-Cərm ibn Zəban ibn Hülvan qəbiləsinə mənsub) həmin şəxs Kuləyb Cərmi adı ilə tanınır.

  
170-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Siffeyndə Şam əhli ilə qarşılaşmaq (müharibə etmək) qərarına gəldiyi zaman buyurduğu kəlamlarındandır.

 

(Bəndə hər halda-aşkar və gizlin, pis və yaxşı, çətin və rahat halların hamısında Allah-təalaya üz tutaraq dua etməlidir. Çünki istər mövcud, istərsə də ehtimal edilən zərərin dəf edilməsi həm ağıl, həm də təcrübə baxımından vacibdir. Dua zərər-ziyanı dəf edən, uzaqlaşdıran bir amildir. Bütün bunlara görə İmam əleyhis-salam halların ən çətini olan müharibə, qan axıdılması və düşmənlə qarşılaşmaq zamanında tək olan Allaha belə üz tutur:)

 

Allahım! Ey uca göyün və həmçinin gecə ilə gündüzün dolanma, günəşlə ayın seyr etmə və fırlanan ulduzların gəl-get yeri etdiyin və sakinlərini Sənə ibadət və bəndəlikdə yorulmayan bir dəstə mələk etdiyin saxlanılan səmanın Rəbbi! Ey insanların qərar tutma məkanı və həşərat, dördayaqlılar, göz ilə görünənlər və (çox kiçik olduğundan) göz ilə görünməyən saysız-hesabsız varlıqların get-gəl yeri etdiyin bu yerin Rəbbi! Ey yerin (hərəkət və tərpənməkdən qorunması üçün onun) mismarları və (mənbə, bitki və digər faydalarından istifadə etmələri üçün) yaranmışların söykənəcəyi etdiyin möhkəm dağların Rəbbi! (Ey qadir Allah, Səndən istəyirəm ki:) Əgər bizi düşmənlərimizə qalib etsən, zülmkarlığı bizdən uzaq et və bizi haqq və düzlükdə möhkəmləndir! Əgər düşmənlərimizi bizə hakim etsən, şəhidliyi bizim ruzimiz edərək bizi fitnə-fəsaddan qoru! (Sonra öz səhabələrini düşmənlərlə döyüşə həvəsləndirərək buyurur:)

 

Haradadır kişiyə lazım olan şeyi qorumaq üçün düşmənin qarşısını alan? Haradadır çətinliklər zamanı bağlı olduğu şeyə riayət edən qeyrətli? (Əgər döyüşdən üz çevirsəniz) ar arxanızdadır (qaçmağınızı eşidən hər bir kəs sizi məzəmmət edəcək) və (əgər Allah yolunda din düşmənləri ilə cihad etsəniz) Cənnət qarşınızdadır (yeriniz əbədi Cənnətdir)!

 

171- ci xütbə

 

İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın bəzi sifətləri barəsindəki) xütbələrindəndir.

 

Şükr olsun o Allaha ki, göylə yer Ondan başqa bir göy və yeri gizlətmir.

  
Bu da həmin xütbənin (o Həzrətin Ömərin özündən sonra yaradılması göstərişini verdiyi şuranın üzvlərindən biri ilə söhbəti barəsindəki) bir hissəsidir 

Bir nəfər (Səd ibn Əbi Vəqqas) mənə dedi: Ey Əbu Talibin oğlu, sən xilafətə hərissən! Dedim: Allaha and olsun ki, siz daha həris və (xəlifəlik ləyaqətindən və ya Peyğəmbərdən) daha uzaqsınız. Mən isə (xilafətə) daha layiq və (mənsub olma baxımından Allahın Peyğəmbərinə) daha yaxınam. Mən öz haqqımı tələb edirəm və siz mənimlə onun arasında maneçilik yaradırsınız. Nə vaxt onu almaq istəyirəmsə, üzümü döndərirsiniz (öz haqqıma çatmağa qoymursunuz). Beləliklə, orda olanların hüzurunda dəlil-sübutu onun qulağına çırpdıqdan (cavabını dəlil ilə verdikdən) sonra ayılaraq (qəflət yuxusundan) oyandı. Elə çaş-baş qaldı ki, mənə nə cavab verəcəyini bilmədi. (İmam əleyhis-salam sonra Allaha şikayət edərək belə deyir:)

 

Allahım! Qüreyş və onlara kömək edənlərə qarşı Səndən kömək istəyirəm (ki, onlardan intiqam alasan). Çünki onlar mənim qohumluq əlaqələrimi kəsdilər (mənim Allahın Peyğəmbəri ilə olan qohumluğumu nəzərə almadılar), mənim məqam və dərəcəmin böyüklüyünü kiçik saydılar (məni özləri ilə bir dərəcədə hesab etdilər) və mənə məxsus xilafət məsələsində mənimlə düşmənçilik etmək üçün birləşdilər. Bundan sonra dedilər: Bil ki, sənin aldığın da haqdır, tərk etdiyin də! (İddia edirdilər ki, haqq onların əlindədir və mənim onu almağımla tərk edərək haqqımdan vaz keçməyim birdir. Kaş ki, aldıqlarının mənim haqqım olmasını etiraf edəydilər. Onda onun müsibət və çətinliyinə dözmək daha asan olardı.)

  
Bu da həmin xütbənin Cəməl yoldaşları (Təlhə, Zübeyr və onların tərəfdarları) barəsindəki bir hissəsidir 

(Təlhə ilə Zübeyr Əmirəl-möminin əleyhis-salamla beyətlərini pozub müxalifət etmək fikrinə düşdükdən sonra həcc bəhanəsi ilə Mədinədən Məkkəyə getdilər.) Sonra (Aişəni böyük bir qoşunla birgə Məkkədən götürərək) hərəkət etdilər və Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) zövcəsini (Aişəni, satıcılar) kənizi alan zaman (ora-bura) çəkdikləri kimi çəkirdilər (bir şəhərdən digər şəhərə aparırdılar). Onunla birlikdə Bəsrəyə tərəf getdilər. (Xülasə, Təlhə ilə Zübeyr) öz arvadlarını evlərində qoydular. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) evdə qoyduğunu isə özlərinə və başqalarına göstərdilər. Elə bir qoşunun içində ki, aralarındakıların hər biri mənə itaət etmək və tabe olmağı öz öhdəsinə götürmüş və məcburi deyil, könüllü şəkildə mənimlə beyət etmişdi. Beləliklə, mənim Bəsrədəki məmur və icraçımın (Osman ibn Hüneyfin), müsəlmanların beytülmallarının xəzinədarlarının və həmin diyardan olan digərlərinin yanına getdilər. Bir dəstəni səbrlə öldürdülər (zindanda saxladılar və ya o qədər döyüb incitdilər ki, nəhayət öldü). Bir dəstəni hiylə və kələklə şəhid etdilər. (Odur ki, İmam əleyhis-salam Cəməl yoldaşlarının zülm və haqsızlıqlarına görə buyurmuşdur:) And olsun Allaha, əgər müsəlmanlardan (hətta) bir nəfəri ələ keçirib onu heç bir günahı olmadan, bilərəkdən öldürsəydilər, həmin qoşunun hamısını öldürmək mənə halal olardı. Çünki həmin qoşun orda olub və nəhy əz münkər edərək pis iş görməkdən (günahsız müsəlmanı öldürməkdən) çəkindirməyib və onun (yer üzündə fitnə-fəsad törətmək və mənimlə müharibə etmək qəsdi ilə ki, bu həm də Allah və Peyğəmbərlə müharibə etmək kimidir) öldürülməsinin qarşısını nə dil, nə də əl ilə almayıb. (Bir nəfər günahsız müsəlmanın öldürülməsi müqabilində həmin qoşunun hamısını öldürməyin halal olması məsələsini) burax! (Onların hamısını öldürmək həm də bu cəhətdən halaldır ki,) onlar müsəlmanlardan qoşunların daxil olanının sayı qədər öldürüblər. (Buna görə də həmin qoşunun hamısını öldürmək lazımdır.)

  
172- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin mədhi, İmamət vəzifələri, pərhizkarlığa təşviq və dünyanın məzəmməti barəsindəki) xütbələrindəndir.

 

Həzrət Peyğəmbər Allahın vəhyinin əmanətçisi, peyğəmbərlərinin sonuncusu, rəhmətinin müjdəçisi və əzabından qorxudandır. Camaat! İnsanların xilafət məqamına ən layiqlisi, onların həmin işdə (dövlətçilik siyasəti, düşmənlə müharibə, döyüş tədbirləri və rəiyyətin işlərinin nizama salınması baxımından) ən güclü və bacarıqlısı və Allahın əmrini (və hökmlərini) ən yaxşı bilənidir. Buna görə də əgər hər hansı bir fitnəkar (bu barədə) fitnə törətməyə başlasa, (əvvəlcə) ondan haqqa qayıtması istənilir. Əgər o imtina edərək boyun qaçırsa, öldürülür. (Müaviyə Şam əhlinə Əmirəl-möminin əleyhis-salamla müxalifətinin dəlilini belə açıqlayırdı ki: Mənim o Həzrətin xilafət məsələsində iştirakım olmayıb və ona beyət etməmişəm. Təlhə ilə Zübeyr isə beyətlərini pozmağa belə bəhanə gətirirdilər ki: Beyət etməyimizdən peşman olaraq səhvimizi başa düşmüşük. İmam əleyhis-salam onların öz məntiqlərinə əsaslanaraq sözlərinin puç və səhv olmasına toxunaraq buyurur:) Canıma and olsun ki, əgər İmamət camaatın hamısı toplaşmayınca gerçəkləşməsə, onda heç vaxt baş tutmaz. (Çünki imam təyin edilən zaman camaatın hamısının bir yerə toplaşması qeyri-mümkündür.) Lakin ondan başı çıxanlar (səhabələrin böyükləri və xeyir-şər yollarına bələd olanlar, elə ki biri ilə beyət etdilər) İmam təyin edilən zaman orada olmayanlar barəsində hökm edərlər (onları görülmüş işi qəbul etməyə məcbur edərlər). Buna görə də belə olan halda, orada iştirak edən qayıtmamalı (beyətini pozmamalı) və qaib olan (başqasını) seçməməlidir. Bilin ki, mən iki nəfərlə vuruşuram: Biri onun üçün olmayan şeyi iddia edir (Müaviyə kimi ki, ləyaqəti olmadan xilafət iddiasında idi) və digəri, öhdəsinə götürdüyü şeydən üz döndərir (Təlhə ilə Zübeyr kimi ki, vəfa etmələri zəruri olan beyətlərini pozmuşdular).

 

Ey Allahın bəndələri! Sizə təqvalı olmağı və Allahdan qorxmağı tövsiyə edirəm. Çünki təqva bəndələrin bir-birlərinə tövsiyə edərək tapşırdıqları ən yaxşı şeydir və o, Allah yanında, aqibətlərin ən yaxşısıdır (işlərin ən yaxşısı dünyada təqva ilə sona çatanıdır). Həqiqətən sizinlə (zahirdə müsəlman olan) qiblə əhli arasında müharibə qapısı açılıb və bu bayrağı (onlarla müharibəni və onun şərtlərini, həqiqətlərdən) agah və gözüaçıq, (çətinliklərdə) səbrli, haqq və həqiqəti bilən şəxsdən (İmam əleyhis-salamdan) başqa heç kəs əlinə götürməz. Odur ki, sizə əmr olunan şeyləri yerinə yetirin və çəkindirildiyiniz şeylərə əməl etməyin. Araşdırma aparmayınca (bizim əmr etdiklərimizi və çəkindirdiklərimizi başa düşüncəyə qədər) heç bir işdə (onu qəbul və ya rədd etməkdə) tələsməyin. Çünki sizin (nadanlıq üzündən) inkar etdiklərinizi dəyişdirməyə bizim haqqımız var.

 

Bilin ki, sizin arzulayaraq rəğbət bəslədiyiniz və sizi bəzən qəzəbləndirən, bəzən də şad edən bu dünya, sizin nə məskunlaşmaq və qalmaq evinizdir, nə onun üçün yaradıldığınız yer və nə də dəvət olunduğunuz məkandır. Bilin ki, nə dünya sizin üçün qalacaq və nə də siz onda qalacaqsınız. Əgər sizi özü (öz zinət və bər-bəzəyi) ilə aldadıbsa, öz pisliyindən (dərd, əziyyət və çətinliklərindən) də çəkindirib. Odur ki, çəkindirməsinə görə aldatmasını tərk edin və qorxutmasına görə tamahlandırmasını özünüzdən uzaqlaşdırın (yalançı bər-bəzəyinə aldanmayın və onun müxtəlif bəla və çətinliklərini gözünüzdə canlandırın). Tərəfinə çağırıldığınız evə doğru (getmək üçün) bir-birinizi ötün (əbədi yer olan axirət rahatlığını əldə etmək üçün dünyada Allaha və Peyğəmbərə tabe olun). Qəlblərinizi ondan (dünyanı sevməkdən) uzaqlaşdırın. Sizlərdən heç biriniz, dünyadan, ondan alınmış şeyə görə (əlindən çıxan hər şeyə görə baş-gözünə vurub ağlamaq səsini ucaldan) kəniz kimi nalə etməməlidir (əlindən çıxan heç bir şeyə görə qəm-qüssəyə batmamalıdır). Allahın itaətinə (itaətinin çətinliklərinə) səbr etmək və Öz Kitabında (Qurani-Kərimdə) qorunmasını əmr etdiyi şeyi qorumaqla Onun nemətinin kamilləşdirilməsini istəyin. (Çünki itaətə səbr və Quranın göstərişlərinə əməl etmək saysız nemətlər əldə edilməsinə səbəb olur.) Bilin ki, dinin əsas və təməlini möhkəmləndirmiş olsanız, dünya malının məhv olması və əldən çıxması sizə bir ziyan vurmayacaqdır. (Həmçinin bunu da) bilin ki, öz dininizi zay etdikdən sonra dünyadan qoruduqlarınız sizə bir xeyir verməyəcək. Allah bizim və sizin qəlblərinizi haqq və qurtuluşa doğru yönəltsin və (həm) bizə və (həm də) sizə (itaət, müsibət və günahla qarşılaşanda) səbr əta etsin.

  
173- CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Təlhə ilə Zübeyrin Bəsrəyə tərəf hərəkət edərək onu müharibə ilə hədələmələri xəbəri çatanda) Təlhə ibn Ubeydullah barəsindəki kəlamlarındandır.

 

(İndiyə kimi) müharibə ilə hədələnməmişdim və heç kəs məni qılınc zərbəsi ilə qorxutmamışdı. Və mən Rəbbimin verdiyi kömək (və düşmənə qalib gəlmək) vədəsinə arxayınam. (Təlhənin Bəsrəyə tərəf getməsinin səbəbinə gəldikdə isə:) Allaha and olsun ki, o, özünü Osmanın intiqamını almağa hazırlamaq üçün tələsməyib. Bəlkə onun özündən intiqam alınmasından qorxur. Çünki onun Osmanın qatillərindən biri olması güman edilir. Osmanın qatilləri arasında (onu öldürməyə) ondan hərisi yox idi. Buna görə də Osmanın intiqamını almaq adı altında qoşun toplamaqla məsələnin şübhəli və qaranlıq qalması və şəkk və tərəddüd yaranması üçün xalqı yanıltmaq istəyir. Allaha and olsun ki, o, Osman barəsində (yerinə yetirməsi lazım olan və haqq da onlardan biri olan) üç işdən heç birini yerinə yetirmədi. Əgər Əffanın oğlu onun güman etdiyi kimi zalım idisə, onda gərək onun qatillərinə yardım edəydi və onun köməkçilərindən uzaqlaşaraq onlarla düşmənçilik edəydi. Əgər (indi öz dilinə gətirdiyi və xalqın arasında yaydığı kimi Osman) məzlum idisə (və onu öldürmək haram sayılırdısa), gərək onun qatillərinin qarşısını alaraq (Osmanın çirkin əməllərinə görə) üzr istəyənlərdən olaydı. Əgər bu iki işdə şəkk və tərəddüddə idisə ( Osmanın zalım və ya məzlum olmasını bilmirdisə), gərək ondan uzaqlaşaraq bir kənara çəkiləydi və xalqı onunla öz ixtiyarına buraxaydı. Lakin o, bu üç işin heç birini etmədi (əksinə, fitnə alovunu alışdırdı və xalqı onu öldürməyə həvəsləndirdi) və (indi) yolu tanınmamış və (beyətini pozmaq üçün gətirdiyi Osmanın intiqamını istəmək və onun məzlum öldürülməsi kimi) bəhanələri səhv olan işə girişib.

  
174- CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (dinləyənlərə öyüd-nəsihət verdiyi və öz fəzilətlərinə toxunduğu) xütbələrindəndir.

 

Ey (qiyamət, hesab və sorğu-sualdan) qafil olan, amma (söz və əməl dəftərində heç bir artırma və azaltma olmadan qeyd olunmaqla) nəzərdən qaçırılmayanlar! Ey (dünyaya aldanmaq nəticəsində eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın əmr və qadağalarını) kənara qoymuş və (dünyanın mal, zinət və bər-bəzəkləri, eləcə də ürək bağladıqları şeylər tezliklə) geri alınacaq kəslər! Nə olub ki, sizi Allahdan uzaqlaşmış və Ondan başqasına üz tutaraq dostluq edən görürəm? Siz çobanın vəbalı otlaq və dərd verən çeşməyə tərəf apardığı (hara aparıldıqlarını bilməyən) dördayaqlılar kimisiniz. O qoyun kimi ki, bıçaqlar (başını kəsmək) üçün hazırlamağa görə ona ot verilir və o, bu yaxşılığın edilməsindən və yetişdirilməsindən məqsədin nə olmasını bilmir, gününü həyatı və işini yeyib doymaq güman edir. And olsun Allaha ki, əgər sizlərdən hər birinizin haradan gəlib hara gedəcəyini, bütün hallarını bəyan etmək istəsəm, bacararam. Amma mənim barəmdə Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) kafir olmağınızdan (məni ondan üstün hesab etməyinizdən) qorxuram (halbuki mən keçmiş, gələcək və indikilər barəsində xəbər verəcəyim hər bir şeyi ondan öyrənmişəm). Bilin ki, mən həmin xəbərləri öz səhabələrimin küfr və mübaliğənin yol tapa bilmədiyi seçilmişlərinə çatdıracağam. And olsun Həzrət Peyğəmbəri haqq və doğru olaraq göndərmiş və onu yaranmışlardan üstün etmiş Allaha ki, (bu sözü) doğru deyirəm. O Həzrət bu xəbərlərin hamısını, həlak olacaq (əzaba düçar olacaq) şəxsin məhvini, nicat tapanın (yeri Cənnət olanın) qurtuluşunu və xilafətin işinin sonunu mənə xəbər verib. Başıma gələcək (işlərin hamısını) heç bir şeyi saxlamadan istisnasız olaraq iki qulağıma deyərək mənə çatdırıb. (Xülasə, mənə keçmiş, gələcək və indiki zamandan xəbər verib.)

 

Camaat! Vallah sizi bir itaətə həvəsləndirirəmsə, onda özüm sizdən qabağa keçirəm. Həmçinin sizi hər hansı bir günahdan çəkindirməmişdən qabaq özüm ondan çəkinirəm.

  
175- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (xalqa öyüd-nəsihət verdiyi və Qurani-Kərimin fəzilətləri barəsindəki) xütbələrindəndir (ki, onu öz xilafətinin əvvəllərində buyurub).

 

Allahın (Qurani-Kərimdəki dünya və axirət barəsindəki) söhbətindən faydalanın (ki, o, fayda və mənfəətlərin ən yaxşısıdır). Allahın (Həzrət Peyğəmbərin dili ilə olan) öyüdlərindən bəhrələnin (ki, nicat tapasınız). Allahın nəsihətini qəbul edin (ki, əzabın çətinliklərindən qurtulasınız). Çünki Allah (hamıya) aşkar olan dəlillərlə sizə (günahkarlarınıza görə) əzab vermək üçün bəhanə yeri qoymayıb (onlar biz bilmirdik, bizə nə üçün əzab verirsən?deyə bilməyəcəklər) və (bütün) dəlilləri sizə çatdıraraq tamamlayıb. Həmçinin əməllərdən hansını sevdiyini (yerinə yetirilməsini əmr etdiyini) və pis hesab etdiyini (yerinə yetirilməsini qadağan etdiyini Qurani-Kərimdə və Həzrət Peyğəmbərin sünnəsində) sizin üçün bəyan edib ki, Onun sevdiyinə tabe olub pis hesab etdiyindən uzaqlaşasınız. Çünki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurardı ki: Cənnət çətinliklərə (narahatçılıq və əziyyətlərə dözmək, itaətdə səbrli olmaq və günahlardan çəkinməyə), od isə (nəfsi) istəklərə (və günah və itaətsizliklərə) bürünüb. Bilin ki, Allahın itaəti olan şeylərin hər birinin yerinə yetirilməsi (insana) ağır gəlir və Allaha itaətsizlik olan hər bir şey meyl və istəyə müvafiqdir. (Çünki nəfsin şəhvət qüvvəsinə tabe olması ağıl qüvvəsinə tabeçiliyindən çoxdur.) Buna görə də Allah o şəxsi bağışlasın ki, şəhvəti özündən uzaqlaşdıraraq nəfsin istək və arzularına tabe olmur. Çünki nəfs, (şəhvətpərəstliyinin) cilovlanması ən çətin şeydir və o, həmişə istək və arzuları nəticəsində itaətsizliyə meyllidir. Ey Allahın bəndələri, bilin ki, mömin öz nəfsinə qarşı bədbin olmayınca, ona həmişə nöqsan tutmayınca və ondan yerinə yetirdiyindən (ibadət və bəndəlikdən) daha artıq tələb etməyincə gecəni səhər etməz və səhərini axşama çatdırmaz. (Odur ki, nəfs möminə hakim ola və onu aldada bilmir.) Belə isə (Allahın rəhmətinə qovuşmaqda) sizdən qabağa düşmüş və önünüzdən keçmiş o kəslər kimi olun ki, dünyadan çadırlarını köçən adamın öz çadırını sökməsi kimi sökdülər və onu (onun yaşayış müddətini) mənzillərin qət edilməsi kimi sona çatdırdılar (dünyaya və onun malına qətiyyən bağlılıqları olmadı). Bilin ki, bu Quran (düz yola istiqamətləndirməsində) xəyanət etməyən öyüdverən, azdırmayan bələdçi və (söhbətində) yalan deməyən natiqdir. Bu Quranla oturan (onu oxuyaraq barəsində fikrə dalıb düşünən) elə bir kəs yoxdur ki, onun yanından duranda hidayət və qurtuluşu artmamış və ya korluq və azğınlığı azalmamış olsun. Heç kəs Qurandan (onu öyrənəndən, mənalarında düşünəndən və hökmlərinə əməl edəndən) sonra (öz dünya və axirəti üçün bir şey öyrənməyə) möhtac olmaz. Və (həmçinin) heç kəs Qurandan (onunla tanış olandan) qabaq (öz xeyir və ziyan yolunu müxtəlif elm və kitablar vasitəsi ilə tapacağını güman edib ondan) ehtiyacsız olmaz. Buna görə də (zahiri və batini, ruhi və cismani) xəstəlik və dərdlərinizin sağalmasını ondan istəyin və çətinliklərdə,bəlalara məruz qalanda ondan kömək diləyin. Çünki Quranda ən böyük xəstəlik olan küfr, nifaq (ikiüzlülük), həlakət və azğınlıq üçün şəfa və əlac mövcuddur. Odur ki, onun vasitəsi ilə (Qurana tabe olmaqla şəfanı) Allahdan istəyin və onu sevməklə (Qurana əməl etməklə) Allaha üz tutun. Onu (Allahın) bəndələrindən bir şey istəmək vasitəsi etməyin. Çünki bəndələr Quran kimi heç bir şeylə Allaha üz tutmayıblar. (Allahdan bir şey istəmək və Ona yaxınlaşmaq üçün Quranı ən yaxşı vasitə hesab ediblər.) Bilin ki, Quran (qiyamətdə) şəfaəti qəbul ediləcək şəfaətçi və sözü təsdiq ediləcək doğruçudur. Quran qiyamət günü kimə şəfaət etsə (kimin söz və əməlinin doğruluğuna şəhadət versə), onun həmin şəxs barəsindəki şəfaəti qəbul olunar. Həmçinin Quran qiyamət günü (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hüzurunda) kimi çirkin və nalayiq bilsə (küfr, ikiüzlülük, pis davranış və şəhvətpərəstliyi barəsində şəhadət versə), sözü həmin şəxsin ziyanına təsdiqlənər. Çünki qiyamət günü bir carçı belə fəryad qoparar ki: Bilin! Quran əkinçilərindən başqa hər bir əkinçi öz əməlinin və əkdiyi şeyin nəticəsinin əsiridir. Belə isə siz onun əkinçisi və arxasınca gedənlərdən olaraq onu Rəbbinizə tərəf bələdçi edin, ondan öyüd-nəsihət götürün, ona zidd düşüncələrinizi ittiham edin (söz və əməldə düşüncələrə etimad etməyin) və nəfsi istəklərinizi onun qarşısında xəyanətkar bilin (onu nəfsi istəklər əsasında yozub təfsir etməyin ki, əzaba düçar olarsınız).

 

Yaxşı əməl, yaxşı əməl! (Allaha çox ibadət və bəndəlik edin və onun azı ilə kifayətlənməyin.) Sonra onu sona çatdırın, sona çatdırın! Möhkəm və mətin olun, möhkəm və mətin olun! (Din işində möhkəm və mətanətli olun və ayağınızı doğru yoldan kənara qoyub hara gəldi üz tutmayın. Günahlar qarşısında) səbrli olun, səbrli olun (və nəfsi istəklərə tabe olmaqdan çəkinin)! Çəkinin, çəkinin (Allahın çəkindirdiklərindən uzaq olun)! Sizin üçün son və axır var, özünüzü ona (əbədi Cənnətə) çatdırın. Sizin üçün bayraq və əlamət (Həzrət Peyğəmbər və o Həzrətin haqq canişinləri) var. Buna görə də (gözəl son və nəticəyə çatmaq üçün) öz əlamətinizlə hidayət olunun və nicat tapın. İslamın fayda və mənfəəti (əbədi ağalıq və xoşbəxtliyi) var, onu əldə edin. Allaha üz tutun və sizə vacib etdiyi haqqını və (Quran və sünnədə) bəyan etdiyi hökmlərini yerinə yetirin. Mən qiyamət günü sizin üçün şahidlik edəcəyəm və (əzabdan qurtularaq nicat tapmağınız üçün) sizin tərəfinizdən dəlil-sübut gətirəcəyəm.

 

Bilin! Bundan qabaq təqdir edilmiş şey (xəlifələrin xilafəti və onun o Həzrətə keçməsi) baş verdi. Həmçinin barəsində Allahın hökm və istəyi olan şey (fitnələr və qan tökülməsi bundan sonra) bir-birinin ardınca qarşıya çıxacaqdır. Mən (sizinlə) Allahın vədi və Onun dəlili (Qurani-Kərim) əsasında danışıram. Allah-təala (Fussilət surəsinin 30-cu ayəsində) buyurur:

 

إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَنْ لاّ تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنتُمْ تُوعَدُونَ Rəbbimiz Allahdır-deyən (Onun Rəbb olmaqda təkliyini iqrar edən), sonra (həmin sözün üstündə) duran (Allahın əmrlərini yerinə yetirərək qadağan etdiklərindən uzaq olan) kəslərə (ölüm zamanı) mələklər nazil olacaq (və deyəcəklər) ki, (çətinliklərdən) qorxmayın və (əlinizdən çıxanlara) kədərlənməyin. (Dünyada) vəd olunduğunuz Cənnətlə gözünüz aydın olsun. Siz Rəbbimiz Allahdır demisiniz. Odur ki, (öz etirafınıza əsasən) Onun Kitabına, aydın yol olan hökm və göstərişinə və layiqli ibadət və bəndəlik yoluna əməl etməkdə sabitqədəm olun. Ondan xaric olmayın, onda bidət qoymayın və onunla müxalifət etməyin. Çünki ayaqlarını həmin yoldan kənara qoymuş kimsələr qiyamət günü Allahın rəhminə yol tapa bilməzlər. Buna görə də xasiyyətlərin dəyişməsindən və əvəz olunmasından çəkinin (doğruçuluq, yalançılıq, söz gəzdirmə və islahatçılıqda ikiüzlülükdən uzaq olun). Dilinizi bir edin (bir cür söz danışın). Kişi gərək öz dilini qorusun (yersiz danışmasın). Çünki dil, sahibinə qarşı itaətsizdir. (Əgər cilovunu buraxsa, onu təhlükəli yerə ataraq məhv edər.) Allaha and olsun ki, pərhizkar bəndə dilini (yalan, töhmət, qeybət, söyüş, dedi-qodu və bu kimi şeylərdən) saxlamayınca pərhizkarlığının ona bir xeyir verməsini görmürəm. (Pərhizkar əgər dilini saxlamasa, pərhizkarlığının heç bir xeyri olmaz. Çünki pərhizkar ancaq bütün günahlardan uzaq olub çəkinmək nəticəsində öz əməllərindən bəhrələnə bilər.) Doğrudan da möminin dili qəlbinin arxasındadır (sözü qəlbindən gəlir və etiqadına əsaslanır), münafiqin qəlbi isə dilinin arxasındadır (dediyinə etiqadı yoxdur). Çünki mömin bir söz demək istəyəndə fikrə dalar və düşünər. Əgər yaxşı və məsləhət olsa, onu deyər, pis və nalayiq olsa isə, gizlədər (onu deməkdən çəkinər). Münafiq isə dilinə gələni deyər və hansı sözün ona xeyirli və hansının ziyanlı olmasını bilməz. Həmçinin Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurub: Bəndənin qəlbi möhkəmlənməyincə imanı möhkəmlənməz. Onun qəlbi isə dili möhkəm olmayınca möhkəmlənməz. (Çünki dil qəlbin dilmancıdır və onun möhkəmlik və səbatı dildən asılıdır.) Buna görə də sizlərdən əli müsəlmanların qan və malından pak, dili isə onların abırlarını tökmək və şərəflərinə hörmətsizlikdən uzaq halda, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahla görüşməyə (Onun rəhminə layiq olmağa) qadir olan kəs gərək elə etsin. (İslamın şərtləri və imanın zərurətlərindən biri müsəlmanın digər bir müsəlmanın əlindən və dilindən əmin-amanlıqda olmasıdır.)

 

Ey Allahın bəndələri! Bilin ki, mömin keçən il halal bildiyini bu il də halal bilir və keçən il haram hesab etdiyini bu il də haram hesab edir. İnsanların yaratdıqları (xəlifələrin əsasını qoyduqları) bidətlər (hökmlər) sizə haram olan şeyi halal etmir, bəlkə halal yalnız Allahın halal buyurduğu və haram ancaq Allahın haram etdiyidir. Təcrübə və sınaq ilə işləri möhkəmləndirmisiniz (fikrinizi işə salmısınız və nəticədə sizin üçün yaxşı pisdən və haqq batildən ayrılıb). Özünüzdən qabaqkılarla öyüd-nəsihət verilmisiniz (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Qurani-Kərimdə yaxşı əməl sahiblərinin xoşbəxt, pis əməl sahiblərinin isə əzaba düçar olacaqlarını buyurub). Sizə misallar çəkilib (Qurani-Kərimdə haqqın batildən seçilməsi üçün misallar çəkilib). (Düzlüyü hamıya bəlli olan) aydın işə (İslam dininə) tərəf dəvət olunmusunuz. Buna görə də (qəlbinin qulağı) kar olandan başqa heç kəs ona (münasibətdə) kar qalmaz (qulaqlarını tutmaz) və (qəlbinin gözü) kor olan kəsdən başqa heç kəs ona (münasibətdə) kor qalmaz (gözlərini yummaz). Allahın çətinliklərə düçar etmək və işlərdə sınamaq ilə fayda çatdıra bilmədiyi kəs moizə və öyüddən bəhrələnməz (çünki bəlanın və hiss olunan işlərdə edilən sınağın təsiri öyüd-nəsihətin təsirindən daha çoxdur). Ona qarşısından (bir-birinin ardınca) nöqsan və ziyan dəyər və nəticədə (nadanlıq və azğınlığının artması nəticəsində) nalayiq və çirkini yaxşı, bəyənilən və yaxşını isə çirkin bilər. İnsanlar iki dəstədirlər: (Birincisi) şəriətə tabe olan (söz və əməli Quran və sünnə əsasında olan) kəs və (ikincisi) bidət yaradan ki, (pis işlərə əmr edən nəfsə və şeytana tabe olar və) əlində nə Allahdan aşkar bir dəlil olar, nə sünnədən (Həzrət Peyğəmbərin sünnəsindən) və nə də Qurani-Kərimdən. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (keçmiş peyğəmbərlərin davamçılarından) heç kəsə bu Quran kimi (onda olan öyüdlər kimi) öyüd verməyib. O, Allahın (heç vaxt qırılmayan) möhkəm ipidir (və hər kim ondan yapışsa, dünyanın bədbəxtliyindən və axirət əzabından qurtular). O, Allahın (qədəm basana) xəyanət etməyən yoludur. Qəlbin baharı və elm və bilik çeşmələri ondadır. (Çünki ayələri oxumaq və onların mənalarında fikirləşərək düşünmək müxtəlif elm və mərifət çiçəklərini bitirir. Həmçinin onun ayələrinin hər biri elm və hikmət mənbəyidir ki, ruhların həyatı onlara bağlıdır.) Qəlbin ondan başqa cilası yoxdur. (Quranı) yada salanların (və ona əməl edənlərin) getmələrinə və unutqanların və ya özlərini unutqanlığa vuranların qalmalarına baxmayaraq, (öyüdün sizə heç bir təsiri olmasa da hər halda mən deyirəm): Xeyir və yaxşılıq görəndə ona kömək edin (onu yerinə yetirin), şər və pislik görəndə isə ondan keçin (uzaqlaşın. Yəni, İmam əleyhis-salamın əmr və qadağalarına tabe olaraq onun müxaliflərindən və beyətlərini pozanlardan üz döndərin). Çünki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurardı: Ey Adəm övladı! Yaxşılıq et və pisliyi burax (tərk et). Belə edəndən sonra sən xoşrəftarlı və orta yol ilə gedənsən (haqq yolun ortasına qədəm qoymusan və heç vaxt azmazsan).

 

Bilin ki, zülm üç qisimdir: Bağışlanmayan zülm, məsuliyyətə alınacaq zülm və məsuliyyətə alınmadan bağışlanmış zülm. Bağışlanmayan zülmə gəldikdə, o, Allaha şərik qoşmaqdır. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Nisa surəsinin 48-ci ayəsində) buyurur: إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ Allah Ona şərik qoşanları bağışlamır. Bağışlanan zülmə gəldikdə, o, bəndənin bəzi kiçik günahlar etməklə özünə olan zülmüdür. Məsuliyyətə alınan zülm isə bəndənin digər bəndəyə olan zülmüdür. Axirətdə olan qisas və əvəzçıxma çətin və ağırdır. Orada qisas bıçaq yarası və qamçı vurmaqla deyil, yara və qamçı onun yanında kiçik sayılan bir qisasdır. Odur ki, Allahın dinində ikirəngli və ikiüzlü olmaqdan çəkinin. Çünki meyl və rəğbətiniz olmayan haqq barəsində bir yerə toplaşmaq (əl-ələ verərək bir olmaq) sevdiyiniz batilə görə parçalanmaqdan daha yaxşıdır. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah təfriqə və parçalanmaya görə keçmişlərdən və qalanlardan heç kəsə xeyir əta etməyib.

 

Camaat! Xoş o adamın halına ki, öz nöqsan və eybləri onu xalqın nöqsanlarından saxlayır. Həmçinin xoş o adamın halına ki, evində oturar (fitnə-fəsad yaratmaz, əmr be məruf və nəhy əz münkər etmək, eləcə də pozğunluqların qarşısını almağa hazır olar), öz ruzisini yeyər (başqalarının malında gözü olmaz), Rəbbinə itaətlə məşğul olaraq öz günahına ağlayar (tövbə edərək qayıdar) və nəticədə başı öz işlərinə qarışar və xalq ondan (onun əlindən) rahat olar.

  
176-CI XÜTBƏ 

İmam Əli əleyhis-salamın Əbu Musa Əşəri və Əmr ibn As barəsində (Nəhrəvan Xəvarici ilə) olan kəlamlarındandır.

 

(Nəhrəvan Xəvarici İmam əleyhis-salama qarşı üsyankarlıq edib nə üçün Allahın dini barəsində insanları hakim etdin və indi ki sənin əleyhinə hökm çıxarıblar, onların hökmlərini qəbul etmirsən? deyib etiraz etdikdən sonra, o Həzrət onların cavabında buyurdu:) Sizin böyüklərinizin nəzəri iki kişini (Əbu Musa Əşəri və Əmr ibn Ası) seçmək oldu (ki, onlar haqq ilə batil arasında hökm çıxarsınlar) və biz onlardan Quran əsasında davranaraq ondan kənara çıxmamaları, dillərinin onunla olması və qəlblərinin ona tabe olması əhdini aldıq. (Onlarla əhd bağladıq ki, zahirdə özlərini Qurana tabe kimi göstərərək batində öz fikirləri əsasında davranıb hökm çıxarmasınlar.) Amma onların hər ikisi yollarını azıb Qurandan əl çəkərək haqqı tərk etdilər, halbuki onu görürdülər (bilirdilər ki, xilafətə məndən başqa heç kəsin ləyaqəti yoxdur). Meyl və istəkləri zülm və zülmkarlıq, adət və yolları əyrilik və yanlışlıq (azğınlığa qədəm basmaq) idi (və buna görə də haqqı bilə-bilə ona zidd hökm çıxardılar). Düzgün və haqq hökm çıxarmaq və Qurana əməl etmək barəsində bizim onlarla olan şərtimiz onların zülm və haqsızlığa əsaslanan düşüncə və hökmlərindən qabaqdır. Onlar haqq yoldan çıxıb şərtimizə zidd olaraq batil və nahaqqın xeyrinə hökm çıxaran zamandan bizim əlimizdə dəlil var.

  
177- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (xilafətinin əvvəlində eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın sifətləri, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) mədhi barəsindəki və eşidənlərə öyüd-nəsihət verdiyi) xütbələrindəndir.

 

Allah-təalanı bir iş digər bir işdən saxlamır. Zaman onu dəyişdirmir. (Çünki O, zamanın yaradanıdır, zamanı əhatə edib və vacibəl-vücud varlıqdır. Dəyişmək isə vücudu mümkün olan varlığın xüsusiyyətlərindəndir.) Heç bir yer və məkan Onu əhatə etməz. (Çünki haradasa yerləşmək və qərar tutmaq cisim və maddi varlıq olmağı tələb edir. O isə cisim deyil.) Heç bir dil Onu (Onun zatının mahiyyət və həqiqətini) vəsf edə bilməz. Su damcılarının sayı, göyün ulduzları, küləyin havaya səpələdiyi şey, qarışqanın sərt daşlar üzərində hərəkəti və zülmət və qaranlıq gecədə kiçik qarışqaların yataqları Ona gizli deyil. Yarpaqların düşdükləri yeri və gözaltı baxışları bilir. Bənzəri olmamış, varlığında şəkk-şübhə olmayan və din və yaratması inkaredilməz olan Allahdan başqa bir məbudun (ibadət olunanın) olmamasına şəhadət verirəm, niyyəti düz (səmimi qəlbdən), batini (riyakarlıq və özünü göstərməkdən) saf, yəqin və inamı (şəkk və tərəddüddən) pak və tərəziləri ağır (gözəl əməlləri çox) olan şəxsin şəhadəti kimi! Həmçinin şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir ki, Onun yaratdıqları arasından seçilib, hökmlərinin bəyan edilməsi üçün bəyənilib, qiymətli lütflərinə məxsus edilib və gözəl xəbər və tapşırıqlarının çatdırılması üçün seçilib. Onun vasitəsi ilə hidayət və nicat nişanələri aşkar olub və korluq və azğınlıq zülmətləri işıqlanıb.

 

Camaat! Dünya onu istəyəni və ona arxalananı aldadır, onun vurğunu olan (və onu özü üçün istəyən) kimsəyə simiclik etmir (çirkinliklərə düçar edir) və ona qalib gələnə (malını əldə edənə) qələbə çalacaqdır (məhv edəcəkdir). And olsun Allaha ki, heç vaxt nemət bolluğu və həyatın şadlığında olan heç bir tayfanın firavanlıq və şadlığı etdikləri günahlardan başqa bir şey səbəbindən zavala uğramayıb. Çünki (əgər onlar nemət nankorluğu və günah etməklə yenə nemətə layiq olsaydılar, nemətin onlardan əsirgənməsi birindən layiq olduğu şeyi əsirgəmək olardı ki, bu da zülmdür. Allahın zülm etməsi isə qeyri-mümkündür, necə ki, Ənfal surəsinin 51-ci ayəsində buyurulur:) أَنَّ اللّهَ لَيْسَ بِظَلاَّمٍ لِّلْعَبِيدِ Allah bəndələrə əsla zülm edən deyildir. Əgər insanlar çətinliklər onlara üz tutanda və nemətlər onlardan alınanda düzgün niyyət və vurğun qəlblərlə Rəbblərinə pənah aparsalar, O, əldən çıxanı onlara qaytarar və hər bir fəsadı onlar üçün islah edər, düzəldər. Mən sizin (xilafəti qəsb edərək Həzrət Peyğəmbərin vəsiyyətinə uyğun davranmayan kəslərə tabe olmaq kimi nalayiq əməlləriniz nəticəsində cahiliyyət dövrünün insanları kimi) durğunluq və boşluğa düçar olmağınızdan (Peyğəmbərin dinindən uzaqlaşaraq zaman keçdikcə dindən əl götürüb nadanlıq və azğınlıq nəticəsində puç və yanlış düşüncələrə tabe olmağınızdan) qorxuram. Bir sıra işlər olub keçdi (xəlifələr haqları olmadan iş üstünə gəldilər) ki, siz onlara meyl göstərərək haqdan əl götürdünüz və mənim yanımda bəyənilməyən və xoşagəlməz insanlar idiniz. Əgər (Allahın Peyğəmbərinin - səlləllahu əleyhi və alih - zamanında) malik olduğunuz üsul və qayda (çirkinliklərdən sonra) sizə qayıtsa, xoşbəxtlərdən olacaqsınız. Mənim vəzifəm ancaq (işlərin düzəlməsi və öyüd-nəsihət vermək istiqamətində) səy və təlaş göstərməkdir. Əgər (sizin üç xəlifənin zamanındakı çirkin söz və əməllərinizi) demək istəsəydim, deyərdim. (Lakin onları əfv etmək və onlara göz yummaq məsləhətdir.) Allah olub keçənləri əfv etsin, bağışlasın.

  
178- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Ziləb Yəməni ondan ey Əmirəl-möminin, Rəbbini görmüsən? soruşan zaman buyurduğu kəlamlarındandır. İmam əleyhis-salam buyurdu: Məgər görmədiyim şeyə ibadət edərəm?! (Halbuki ibadət məbudla danışmağı, eləcə də rəhmət, bağışlanma və təvazökarlıq istənilməsini tələb edir. Və bu cür işlər ibadət olunanın hüzurunda olmağı və onu görməyi tələb edir.) Buna görə də (sual verən şəxs elə zənn etdi ki, Rəbbi görməkdən məqsəd Onu göz ilə görməkdir. Odur ki) dedi: Onu necə görürsən? (Halbuki Onu görmək qeyri-mümkündür.) İmam əleyhis-salam buyurdu:

 

Gözlər Onu aşkar dərk etməzlər, lakin qəlblər imanın həqiqətləri vasitəsi ilə (Onun vücudunu, təkliyini, hər şeyin sahib və idarə edəni olmasını və digər sifətlərini təsdiqləməklə) Onu dərk edərlər. Hər şeyə yaxındır (əhatə edib), amma yapışmayıb. Hər şeydən uzaqdır, amma ayrı deyil. (Çünki yapışmaqla olan yaxınlıq və ayrılıqla olan uzaqlıq cismin xüsusiyyətlərindəndir.) Danışır (söz yaradır, amma) təfəkkür və düşüncəsiz. (Çünki düşünmək nadanlığın, naçarlığın nəticələrindəndir və Allah ondan pak və uzaqdır.) İstəyəndir (yaradandır, amma) qərara gəlmədən və hazırlaşmadan. Yaradandır (amma əl, ayaq və bu kimi), hər hansı bir üzvün rolu (köməyi) olmadan. (Çünki köməyə, möhtac varlığın ehtiyacı olur. O isə zatı zəngin və mütləq ehtiyacsızdır. Zahir və aşkar olmasının çoxluğu səbəbindən) gizliliklə vəsf edilməyən lətifdir. (Çünki bir şey Onu əhatə etməyib. Öz əli altında olanlara zülm edən zalımlar kimi) zülmkarlıqla vəsf edilməyən böyükdür. (Çünki mütləq ədalətlidir.) Elə bir görəndir ki, (hiss orqanlarından) heç bir hissə malik olmaqla vəsf edilməz. (Çünki hisslər mümkün varlığın sifətlərindəndir.) Mehribandır, (amma) ürəyiyananlıq və acıma ilə yox (fəzl və lütfü ilə)! Yaranmışlar Onun əzəmət və böyüklüyü qarşısında xar və təvazökardırlar (çünki onların hamısı Onun istək və iradəsi müqabilində ramdırlar) və qəlblər (Onun izzət və əzəməti qarşısında) Onun (əzabının) qorxusundan iztirablı və nigarandırlar.

  
179- CU XÜTBƏ 

İmam Əli əleyhis-salamın öz səhabələrinin məzəmməti barəsindəki xütbələrindəndir.

 

Vacib etdiyi işə, təqdir etdiyi əmələ və məni sizinlə (sizin nifaq və ikiüzlülüyünüzlə) sınadığına görə Allaha şükr edirəm, ey o dəstə ki, nə vaxt əmr etdimsə tabe olmadınız və çağırışımı qəbul etmədiniz. Əgər (düşmənlə müharibədə) sizə möhlət verilsə, boş sözlər danışmağa başlayırsınız (boşboğazlıq edib mənasız sözlər danışırsınız), əgər qarşıya döyüş çıxsa, zəiflik və süstlük göstərirsiniz (qorxudan gizlənirsiniz). (Həmçinin) İmamın yanında toplaşan insanlara (İmam əleyhis-salama tabe olanlara) tənə vuraraq onları məzəmmət edirsiniz. Əgər naçar şəkildə çətinliyə (müharibəyə) düçar olsanız, geriyə dönər, dal-dala qayıdarsınız. (Sizin sabitqədəm insanlar olmadığınıza və heç cür yola gəlməməyinizə baxmayaraq, mən lütf etmək və rəiyyətsevərlik səbəbindən deyirəm: Siz yox,) düşməniniz atasız (tərbiyəçisiz) qalsın! Kömək etmək (onu gecikdirmək) və haqqınız (onu almaq) üçün çalışaraq səy göstərmək barəsində (bunların heç biri istiqamətində addım atmamaqla) nəyi gözləyirsiniz? Ya ölümü, ya da xarlığı seçməlisiniz. (Bunlardan biri sizi tapmalıdır. Ya döyüş meydanında ölmək, ya da düşmən tərəfindən xar edilərək alçaldılmaq ki, ikincisi ölməkdən daha çətin və ağırdır.) Allaha and olsun, əgər əcəlim çatsa, əlbəttə, çatacaq da mənimlə sizin aranızda elə bir halda ayrılıq salacaq ki, sizinlə bir yerdə olmaqdan bezmişəm və tək qalmışam (sizin münafiqlik, ikiüzlülük və çirkin əməlləriniz nəticəsində dünyadan heç bir köməkçisi olmayan kimi gedəcəyəm). Əməllərinizin əvəzini Allah verəcək! Sizi (bir-birinizə kömək etmək üçün) bir yerə toplayacaq bir din və sizi (düşmənin qarşısını almağa) hazır edən bir qeyrət yoxdur? Məgər təəccüblü deyil ki, Müaviyə heç bir kömək etmədən və bəxşiş vermədən (ixtiyarlarında döyüş sursatı qoymadan və pul vermədən) alçaq və nanəcib zalımları çağırır və onlar ona tabe olurlar, amma mən İslam ümmətinin yadigarı və müsəlman xalqın yerdə qalanı olan sizləri, kömək etmək və hər birinizin payı miqdarında bəxşiş verməklə çağırıram, siz isə mənim ətrafımdan dağılışaraq müxalifət edirsiniz?! Mənim əmr və fərmanımdan razı deyilsiniz və ondan şad olmursunuz və nə də qəzəb və inciklik ətrafında toplaşırsınız. Mənim üçün mənimlə görüşməsini istədiyim ən sevimli şey ölümdür (ki, onunla sizin əlinizdən qurtulum. Çünki sizin qəm-qüssənizdən ölümdən başqa bir şeylə qurtulmaq mümkün deyil). Həqiqətən sizə Quranı (onun maarif və həqiqətlərini) öyrətdim, sizin aranızda dəlil-sübutla hökm çıxardım, sizi tanımadığınız şeylə tanış etdim və ağızlarınızdan çıxarıb atdığınız şeyi sizin üçün dadlı-tamlı etdim (nadanlıq üzündən pis sandığınız şeylərin yaxşılıqlarını sizə aşkar etdim). Kaş ki, kor görəydi və ya yatan oyanaydı! Başçıları Müaviyə və müəllimləri zinakar arvadın oğlu (Əmr ibn As) olan dəstə Allaha (Onun hökmlərinə) nadan olmağa nə qədər də çox yaxındır!

  
180- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın kəlamlarındandır. O, səhabələrindən birini (Abdullah ibn Quəyni) göndərdi ki, (Siffeyn müharibəsində) Kufə qoşunundan olan və (Şam əhli ilə müharibədən sonra) Nəhrəvan Xəvaricinə birləşmək istəyən, amma o Həzrət əleyhis-salamdan qorxan dəstədən (Bəni Naciyənin başçısı Xirrit ibn Raşid və onun ətrafındakılardan) bir xəbər gətirsin. Həmin şəxs qayıdanda o Həzrət soruşdu: Onlar qorxmayıb öz yerlərində qalıblar, yoxsa qorxub köçüblər? Həmin şəxs dedi: Ya Əmirəl-möminin, köçüblər. İmam əleyhis-salam buyurdu:

 

Onları görüm (Allahın rəhmindən) uzaq düşsünlər, necə ki, Səmud tayfası (itaətsizlik edərək Salehin dəvəsinin ayaqlarını kəsdi və bununla da Allahın rəhmətindən) uzaq düşdü (və məhv oldu)! Bil ki, nizələr onlara tərəf uzananda və qılınclar təpələrinə enəndə etdikləri işdən peşman olacaqlar. Bu gün şeytan onları (bizdən) ayırıb parçalamaq (və öz davamçısı etmək) istəyib. Sabah (qiyamətdə isə) onlarla əlaqəli olmasını inkar edərək onlardan uzaqlaşacaq. Buna görə də onlara (onların əzaba layiq olmaları üçün) hidayət və nicatdan (hidayət yolundan) xaric olmaları, azğınlıq və korluğa (azğınlıq və korluq dərəsinə) düşmələri, haqdan (ona tabe olmaqdan) üz döndərmələri və azğınlıqda (azğınlıq yolunda) tüğyan və itaətsizlik etmələri kifayətdir.

  
181- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Nauf (ibn Fuzalə) Bikalidən nəql edilmiş xütbələrindəndir. (Nauf) deyir:

 

Əmirəl-möminin əleyhis-salam bu xütbəni bizə Kufədə (o Həzrətin bacısı Umm Haninin oğlu) Cədə ibn Hübəyrə Məxzuminin dikəltdiyi daşın üzərində dayanaraq oxuyub. O Həzrətin əynində uzun yun paltar var idi. Qılıncının qayışı və ayaqqabısı xurma ağacının yarpaqlarından idi (toxunmuşdu). Onun alnı (səcdənin çoxluğundan) dəvənin dizlərinin qabarı kimi idi. Beləliklə, (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın mədh və tərifi və qüdrət və gücü, təqva və pərhizkarlığa həvəsləndirmək və dünyaya ürək bağlamamaq barəsində) buyurdu:

 

Şükr o Allaha layiqdir ki, bütün yaradılmışların və işlərinin sonunun (yaradılmışların işlərinin sonunun) qayıdışı Ona tərəfdir. Lütfünün böyüklüyü, (təkliyinə olan) dəlilinin aşkarlığı, bəxşişinin çoxluğu və (İslam dini ilə boyunlara qoyduğu) haqqa görə Ona şükr edirik. Elə bir şükr ki, Onun haqqını əda edərək şükrünü yerinə yetirsin və Onun mükafatına yaxınlaşdıraraq bəxşişinin artmasına səbəb olsun. Onun fəzl və bəxşişinə ümidvar olan, xeyir verməsini arzulayan, (çətinlikləri) dəf etməsinə arxalanan, lütf və kərəmini etiraf edən və söz və əməli ilə Ona tabe olan şəxsin istəməsi kimi Ondan kömək diləyirəm. Yəqin və inamla Ona (Onun fəzl və kərəminə) ümidvar olan, kamil imanla Ona (Onun Allahlığına) üz tutan, itaətkarlıqla Ona qarşı təvazökar olan, təkliyinə etiqad bəsləməklə Ona qarşı tam sədaqətli və səmimi olan, şükr etməklə Onu böyük bilən və (Ondan başqa bir sığınacaq və pənah yeri tanımadığı üçün çətinliklərdə) rəğbət və səylə Ona pənah aparan şəxsin iman gətirməsi kimi Ona iman gətiririk. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah doğulmayıb (atadan yaranmayıb) ki, Onunla izzət və əzəmətində şərik olsun. (Çünki ata övladın cinsindəndir və izzət və böyüklükləri bir-birinə şamil olur.) Doğmayıb (dünyaya uşaq gətirməyib) ki, aradan gedərək Özündən sonra miras qoysun. Vaxt və zaman Onu ötməyib. (Çünki O, vaxt və zamanın yaradanıdır.) Artmaq və azalmaq bir-birinin ardınca Onu əhatə etməyib. Bəlkə (göyün, yerin və digər varlıqların yaradılışında) bizə göstərdiyi gözəl nizam və möhkəm qanunlarla (vücudunun varlığı) ağıllara aşkar olub. Odur ki, Onun yaratmasının dəlil və şahidlərindən biri sütunsuz sabit və bərqərar qalmış və dirəksiz dikəldilmiş göylərin yaradılışıdır. Allah onları çağırdı (yaratmaq istədi). Onlar da itaət və tabeçiliklə dayanıb durmadan və duruxmadan (Onun çağırışını) qəbul etdilər (var oldular). Əgər onlar (vəziyyətləri ilə) rübubiyyəti təsdiq və qəbul, itaət və bəndəliyi iqrar etməsəydilər, onları Öz ərşinin yeri, (yaxın) mələklərin məkanı və bəndələrinin gözəl söz və əməllərinin qaldırıldığı yer etməzdi. Onların ulduzlarını nişanələr edib ki, çaş-baş qalmış şəxs yer üzünün geniş yolları ilə get-gəl edəndə onlarla yol axtarsın. Gecənin pərdəsinin çox qaranlığı onların nurunun işığını örtməyib və qaranlıq gecələrin zülmət pərdələri, göydə görünən ayın nurunun işıltısını aradan qaldırmağa qadir deyil. Buna görə də pak və qüsursuzdur o Allah ki, nə zülmət gecənin qaranlığı, nə də gecənin, dərin yerlərin künclərində və bir-birinə yaxın tutqun rəngli dağların qüllələrində rahatlıq tapanları Ona gizli deyil. Üfüqdə və göyün bir tərəfində göy gurultusundan gələn səs, buludun səpələnərək yox olan (gözlərə görünməyən) ildırımları, qopması ulduzların düşməsinə nisbət verilən küləklərin və yağışın yağmasının öz yerindən uzaqlaşdırdığı (yerə) tökülən yarpaqlar Ona gizli deyil. Yağışın hər bir damcısının hara düşüb harada qərar tutacağını, kiçik qarışqanın (öz yükünü) haradan çəkib hara apardığını, ağcaqanadın ruzisi üçün nəyin kifayət etməsini və dişinin (döllü olarkən) qa ındakının nə (erkək, yoxsa dişi) olmasını bilir.

 

Şükr o Allaha layiqdir ki, kürsü, ərş, göy, yer, cin və insan mövcud olmamışdan olub. (Çünki yaradanın yaradılmışdan qabaq mövcud olmasının zəruriliyi tam aydın məsələlərdəndir.) Düşüncə ilə dərk edilmir və zəka ilə müəyyənləşmir. Heç bir istəyən Onu yayındırmır. (Çünki Onun zatı elminin özüdür və Onun elminə qəflət yol tapa bilməz.) Əta və bəxşiş etmək Onu (Onun nemət xəzinəsini) azaltmır. (Çünki istəyən an istədiyini yaradır.) Göz ilə görünmür. Haradasa olmasını demək olmaz. Bənzəri olmaqla vəsf edilməz. (Əl və ayaq kimi) bir üzvün köməyi ilə yaratmır. Hisslərlə dərk edilmir. (Cisim olmadığı üçün cismin xüsusiyyətlərindən olan bu sifətlərlə vəsf edilmir.) İnsanlarla müqayisə edilməz (onlara oxşadılmaz. Çünki Onun oxşarı yoxdur). O Allah ki, Musa ilə (yaratdığı) bir sözlə danışdı və ona üzv və alətlərsiz, danışıqsız və (boğazda yerləşən və vasitəsi ilə səs çıxan) dilçəklərsiz Öz nişanələrindən böyük bir şey göstərdi (ki, o söz idi). Ey Rəbbini vəsf etmək üçün özünü zəhmətə salan kəs! Əgər düz deyirsənsə, pak hücrələrdə məskunlaşmış (və Allahın əzəmət və böyüklüyündən) başlarını aşağı salan və ağılları yaradanların ən yaxşısını vəsf etməkdə çaş-baş və aciz qalan Cəbraili, Mikaili və Allahın dərgahına yaxın olan mələklər qoşununu vəsf et. (Əgər onlar Onun zatının həqiqətini dərk edə bilmirlərsə, sən zəif bəndə onlardan qabaq Onun həqiqətini dərk etməkdə aciz və zəifsən.) Sifətlərlə o kəslər dərk edilirlər ki, şəkil və alətləri var və o kəs ki, ömrü sonu yoxluğa doğru çəkiləndə başa çatır. Buna görə də Ondan başqa bir tanrı yoxdur. (Çünki əgər olsaydı, əlbəttə ki, dərk edilərdi.) O, hər bir qaranlığı Öz nuru ilə işıqlandırıb və hər bir nuru Öz qaranlıqlaşdırması ilə zülmətə bürüyüb (hidayətin işıqlılığı Onun lütfünün, azğınlığın qaranlığı isə Onun qəzəbinin nəticəsidir).

 

Ey Allahın bəndələri! Sizə pərhizkar olmağı və (isti və soyuqdan qorunmağınız üçün) sizə gözəl paltarlar geyindirmiş və sizin üçün yaşayış vasitələrini hazırlamış Allahdan qorxmağı tövsiyə edirəm. (Sizin üçün belə bir şərait yaratdığı halda nə üçün günah və itaətsizliklə Onun nemət və bəxşişlərinə nankorluq edirsiniz? Nə üçün Ondan uzaqlaşaraq dünyaya ürək bağlamısınız, halbuki) əgər kimsə dünyada qalmaq üçün bir vasitə əldə edə bilsəydi və ya ölümü dəf etməyə bir yol tapsaydı, o, Davud əleyhis-salamın oğlu Süleyman olardı ki, peyğəmbərlik vəzifəsindən və böyük məqam və dərəcəyə malik olmaqdan əlavə cin və insanlara hakim və padşah idi. (O, dünya və axirətə aid bütün vasitələrə malik olmaqla dünyada qalmağa hamıdan çox layiq idi. Amma) elə ki özünün təqdir edilmiş rüzisini istifadə etdi və həyat müddətini sona çatdırdı, yoxluq yayları ölüm oxları ilə onu diz çökdürdü (və o, dünya ilə vidalaşdı). Şəhərlər onsuz və evlər boş qaldı və başqaları onları irs apardılar. Sizin üçün keçən dövrlərdə ibrət vardır (ki, keçmişlərin bu dünyadan necə üzülüşmələrinə nəzər salasınız). Haradadır Əmaliqə və onların övladları? Haradadır (Misir şahları olmuş) Fironlar və (onların heç bir nişanələri qalmamış) övladları? Haradadır peyğəmbərləri öldürən, Allahın elçilərinin hökmlərini söndürən (məhv edən) və zalımların ənənələrini dirildən (həmin əsasda davranan) Rəss şəhərlərinin əhalisi? Haradadır o kəslər ki, qoşunlarla hər tərəfə gedərək minlərlə nəfəri məğlub edirdilər və ordu toplayaraq şəhərlər tikirdilər?!

  
Bu da həmin xütbənin (zühuru gözlənilən İmam -əccələllahu təala fərəcəh - barəsindəki) bir hissəsidir 

(İmami-Zaman əleyhis-salam) hikmət (şeylərın həqiqətləri barəsindəki elm, zahidlik və ibadət) qalxanını geyinib və onu ona üz tutmaq, tanımaq və özünü (dünyaya bağlılıqdan) azad etmək kimi şərtləri ilə mənimsəyib. Hikmət o Həzrətin axtardığı itik və istədiyi arzudur. O Həzrət (fitnə-fəsad çoxalaraq) İslam qərib (zəif) düşəndə və (dəvə əzab-əziyyət görən zaman etdiyi kimi) öz quyruğunu tərpədərək boğazının qabağını yerə qoyanda gözlərdən uzaqlaşaraq bir guşəyə çəkilər. O Həzrət Allahın dəlilinin qalanlarının (hidayət və nicat İmamları əleyhimus-salamın) yerdə qalanı və peyğəmbərlərin canişinlərinin canişinidir. (اللّهُمَّ أَظْهِرْ بِهِ الْعَدْلَ وَ أَيِّدْهُ بِالنَّصْرِ وَانْصُرْ ناصِرِيهِ وَ اخْذُلْ خاذِلِيهِ وَ اقْصِمْ قاصِمِيهِ وَ اقْصِمْ بِهِ جَبابِرَةَ الكُفْرِ وَ اقْتُلْ بِهِ الكُفّارَ وَالْمُنافِقِينَ وَ جَمِيعَ الْمُلْحِدِينَ امِينَ يا أَرْحَمَ الرّاحِمينَ Allahım! Onun vasitəsi ilə ədaləti bərqərar et. Onu Öz köməyinlə gücləndir. Ona kömək edənə kömək et və onu köməksiz qoyanı köməksiz qoy. Onu sındıranları sındır. Onun vasitəsi ilə küfr zülmkarlarını məhv et. Onun əli ilə kafirləri, münafiqləri və bütün dinsizləri öldür. Amin, ey rəhimlilərin ən rəhimlisi!)

  
İmam əleyhis-salam sonra buyurdu:  

Camaat! Mən sizə peyğəmbərlərin öz ümmətlərinə verdikləri öyüdləri verdim. Vəsi və canişinlərin peyğəmbərlərdən sonrakılarla davranışda etdiklərini (mülayimlik və mehribanlığı) sizinlə etdim. Sizi öz (öyüd-nəsihət) qamçımla ədəbləndirdim, düz yola gəlmədiniz. Sizi qorxutmaq vasitəsi ilə (haqq yola) sövq etdim, toplaşmadınız (mənə tabe olmadınız)!!

 

Əcriniz Allah yanında! Gözləyirsiniz ki, məndən başqa bir İmam gəlib sizi yola gətirərək doğru yol göstərsin?!

 

Bilin! Dünyanın üz tutanı arxa çevirdi və arxa çevirəni üz tutdu. (Haqq İmama tabe olmamaq nəticəsində dünyanın yaxşılığı arxa çevirdi və onun pisliyi, yəni, cahiliyyət dövrünün əməli meydana çıxdı.) Allahın yaxşı işlər görən bəndələri köç etmək (dünyadan getmək) qərarına gəldilər və dünyanın davamlı olmayan azını axirətin fani olmayan çoxuna satdılar (dəyişdilər və onun qəm-qüssəsindən nicat tapdılar. Deyəsən İmam əleyhis-salamın bu cümlədən məqsədi özünün şəhid edilməsindən xəbər verməkdir). Qanları Siffeyn müharibəsində tökülən qardaşlarımız (dindaşlarımız) bu gün diri olmayıb qəm-qüssə çəkib bulanıq su içməməklə (bu dövrün çətinliklərini görməməklə) nə ziyan ediblər?! (Xülasə, dünyadan köçüb belə bir günü görməyənlərin xoş halına!) Allaha and olsun ki, onlar Allahı (Onun rəhmini) əldə etdilər. Allah da onların əməllərinin mükafatını verdi və (dünyada olan) qorxu və vahimədən sonra onları qorxusuz və rahat evdə yerləşdirdi. Haradadırlar mənim haqq yolu öz minikləri etmiş və (ömürlərini) düzlük və doğruluqla (sona çatdırıb) köçmüş qardaşlarım? Haradadır Əmmar (ibn Yasir)? (O, doxsandan yuxarı yaş ilə Siffeyn müharibəsində şəhid edilib.) Haradadır (Əbulhəysəm Malik) ibn Təyhan? Haradadır Zuşşəhadəteyn? Haradadır onların qardaşlarının (dindaşlarının) onlar kimiləri (İbn Bədil, Haşim ibn Utbə və digərləri) ki, (hamısı Siffeyn müharibəsində şəhid oldular və) bir-birləri ilə ölüm (haqq yolda şəhid olmaq) barəsində əhd bağladılar və başları (öldürüldükdən sonra) günahkarlara (Müaviyə və tərəfdarlarına) göndərildi?

 

Nauf deyir: İmam əleyhis-salam bu sözdən sonra əlini mübarək saqqalına vuraraq çox ağladı və buyurdu:

 

Heyf və əfsus, o qardaşlarım (dindaşlarım) üçün ki, Quranı oxuyaraq onu möhkəm bildilər (möhtərəm saydılar), vacib olan şeydə düşünərək onu bərqərar etdilər (onun əsasında davrandılar), sünnəni dirildərək bidəti məhv etdilər, cihada çağırılanda (onu) qəbul etdilər və başçıya inanaraq ona tabe oldular. Sonra uca səslə (belə) fəryad qopardı:

 

Ey Allahın bəndələri, cihad, cihad! Bilin ki, mən elə bu gün qoşun hazırlayacağam. Kim Allaha tərəf getmək istəyirsə, gərək getsin.

 

Nauf deyir: Bundan sonra Hüseyn əleyhis-salamı on min nəfərlik qoşuna, Qeys ibn Sədi on min nəfərə, Əbu Əyyub Ənsarini on min nəfərə və onlardan başqalarını da başqa sayda qoşunlara əmir və başçı təyin etdi. Həzrət (Şam əhli ilə vuruşmaq üçün) Siffeynə qayıtmaq istəyirdi. Beləliklə, hələ cümə günü gəlib çatmamışdı ki, İbn Mülcəm məlun (Allah ona lənət etsin) o Həzrəti zərbətlədi. Buna görə də qoşunlar geri qayıtdılar. Biz öz çobanını itirmiş və hər bir tərəfdən canavarların oğurladıqları qoyunlar kimi idik.

 

  
182- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd və şükrü barəsindəki) xütbələrindəndir.

 

Şükr o Allaha layiqdir ki, (göz ilə nişanə və əlamətləri) görünmədən tanınıb və əziyyət çəkmədən (və alət və vasitələrsiz yaranmışların) yaradan(ı)dır. Varlıqları güc və qüdrəti ilə yaradıb və böyüklük və üstünlüyü ilə itaətsizlik və ağalıq edənlərdən itaət və bəndəlik etmələrini tələb edib. (Çünki Onun qarşısında hər bir böyük kiçikdir. Buna görə də təvazökarlıq və itaətkarlığı əmr edib.) O, Öz bəxşişi ilə böyüklərin ağa və böyüyüdür. Yaratdıqlarını dünyada yerləşdirən və (hikmət və mərhəmətinə əsasən) peyğəmbərlərini (hidayət etmək üçün bir-birinin ardınca) cin və insanlara tərəf göndərən Allah Odur. (Peyğəmbərləri göndərdi) ki, onlar (insan və cinlər) üçün dünyanın (nadanlıq və azğınlıq) pərdəsini aradan qaldırsınlar, onları dünyanın pislik və çətinliklərindən qorxutsunlar (xəbərdar etsinlər), onlar üçün onun (dünyanın vəfasızlığı) barəsində məsəllər çəksinlər (hekayətləri açıqlasınlar ki, onlar dünyaya aldanıb vurulmaqdan nicat tapsınlar), onları onun (dünyanın) eyb və çatışmazlıqlarından xəbərdar etsinlər və onlar (günah və itaətsizliyin ziyanından) xəbərsiz və qafil olan zaman onların vasitəsi ilə ibrət götürəcəkləri (ayılaraq özlərinə gələcəkləri) sözü - sağlamlıq, rahatlıq, xəstəlik və çətinlik kimi halların dəyişəcəyini, onun halal və haramını (bu yollarla qazanılması), itaətkarlar üçün Cənnət və möhtərəmlik, günahkarlar üçün isə od və xarlıq hazırlanmasını xatırlatsınlar.

 

Allaha üz tutub bəndələrinə əmr etdiyi şəkildə şükr edirəm. Hər bir şey üçün miqdar və ölçü, hər bir ölçü üçün müddət və hər bir müddət üçün yazı müəyyənləşdirib (ki, onda dəyişiklik ola bilməz).

  
Bu da həmin xütbənin Quranın vəsfi (və xalqa öyüd-nəsihət) barəsindəki bir hissəsidir 

Quran (yaxşılıqlara) əmr edən (və pisliklərdən) çəkindirəndir (Allah onda insanları yaxşı işlərə əmr edərək pis işlərdən çəkindirib). (Zahirdə) dinməz (əslində isə) natiqdir. (Çünki zahiri baxışda hərflərdən başqa bir şey deyil. Amma onda bütün ilahi əmr və qadağalar mövcuddur və o, onların hamısını bəyan edir.) Allahın bəndələrinə olan dəlil və sübutudur ki, onlardan onun barəsində (ona əməl etmək barəsində) söz alıb və onları onun girovunda qoyub. (Odur ki, ona tabe olmaqdan başqa bir yolla əzabdan nicat tapmaq mümkün deyil.) Onun nurunu kamilləşdirib (onda qiyamətə kimi olan səadət və xoşbəxtlik, eləcə də bədbəxtlik yolunu göstərib). Həmçinin Öz dinini (İslamı) onun vasitəsi ilə kamala çatdırıb. Öz Peyğəmbərinin (səlləllahu əleyhi və alih) canını o vaxt aldı ki, o, Quranın hidayət və qurtuluşa səbəb olan hökmlərinin xalqa təbliğ olunması və çatdırılmasını bitirmişdi. Buna görə də Allahın əzəmət və böyüklüyünü (O, Özü) Öz böyüklüyünü (Qurani-Kərimdə) zikr etdiyi kimi yad edin. Çünki O, Öz dininin (hökmlərinin) bir hökmünü (də) sizdən gizli saxlamayıb və bəyənilən və bəyənilməyən heç bir şeyi onun üçün (kitab və sünnədə) aşkar nişanə və bəlli əlamət qoymadan tərk etməyib ki, ondan (bəyənilməyəndən) saxlasın və digərinə (bəyənilənə) əmr etsin. Odur ki, Onun razılıq və istəyi, eləcə də qəzəb və qadağası, gələcəkdə (də keçmişdəki ilə) birdir. Bilin ki, Allah sizin üçün heç vaxt səbəbindən sizin keçmişlərinizə qəzəbləndiyi şeyə razılıq verməyəcəkdir. Həmçinin keçmişlərinizə razılıq verdiyi şeyə görə heç vaxt sizə qəzəblənməyəcəkdir. (Odur ki, İmam əleyhis-salam buyurur:) Aşkar yolda hərəkət etməkdən və özünüzdən qabaqkı kişilərin sözlərini təkrar etməklə danışmaqdan başqa bir çarəniz yoxdur. Həqiqətən Allah sizin yaşayış ruzinizin əldə edilməsinə zəmanət verir. Həmçinin sizi şükr və həmd etməyə həvəsləndirib və sizə, öz dillərinizlə Onu yada salmağı vacib edib. Sizə təqvalı və pərhizkar olmağı tapşırıb. Onu Öz razılığının son dərəcəsi edib və bəndələrindən istəyib (ki, günahlardan çəkinərək Ondan qorxsunlar, Ona itaət istiqamətində çalışsınlar). Buna görə də nəzərləri altında olduğunuz və alın tükləriniz, yatıb-durmaq və oturub-qalxmağınız əlində olan (sizin barənizdə istədiyi şeyi dərhal gerçəkləşdirməyə qadir olan) Allahdan qorxun. Əgər (öz sirrinizi) gizlətsəniz və heç kəsə deməsəniz, bilər (və yaxşıya savab, pisə cəza verər). Əgər (onu) aşkar etsəniz, yazar. (Yəni,) sizə möhtərəm gözətçilər (mələklər) təyin edib ki, (onlar sizin söz və əməllərinizi yazırlar və) heç bir haqqı qələmdən salmaz və nahaq və edilməmişi yazmazlar. (Onlar elə diqqətlidirlər ki, yaxşı əməl hətta kiçik olsa belə, insan tərəfindən yerinə yetirilən kimi yazılar və qələmlərindən düşməz.) Bilin ki, hər kim təqvalı olaraq Allahdan qorxsa, Allah-təala fitnə-fəsadlardan çıxmaq yolunu və zülmətlərdən (nadanlıq və azğınlıq zülmətlərindən) işıqlıq və aydınlığı ona göstərər, onu arzuladığı yerdə (Cənnətdə) əbədi olaraq saxlayar. Onu Öz yanındakı əziz mənzildə - Özü (Öz dostları) üçün seçdiyi evə daxil edər. Həmin evin kölgəsi Allahın ərşi, işığı isə Onun razılığıdır. Oranın zəvvarları mələklər, dostları isə Onun peyğəmbərləridir. Buna görə də (Allaha ibadət və xalqa xidmətlə) axirətə tərəf tələsin və ölümləri (ölümə səbəb olan xəstəlikləri) qabaqlayın (ölümdən qabaq azuqə götürərək elə iş görün ki, Allah və Peyğəmbər razı olsunlar). Çünki insanların arzularının qırılması, ölümün onları haqlaması, tövbə və qayıdış qapısının onların üzünə bağlanması (və onların qəm-qüssədə qalmaları) yaxındır. Odur ki, siz (qəflətən, dünyaya) qayıtmağı istəyən keçmişləriniz kimi olacaqsınız. Siz qalmaq yeriniz olmayan dünyada yol keçən müsafirsiniz. Sizin ondan köçməyiniz elan və azuqə götürməyiniz əmr olunub. (Odur ki, tələsin, yol üçün azuqə götürün və Allaha və Peyğəmbərə tabe olun ki, avara-sərgərdan qalmayasınız.) Bilin ki, bu nazik dərinin (bədəninizin dərisinin) oda dözümü yoxdur. Belə isə (ona düçar olmaqla) özünüzə rəhm edin ki, siz özünüzü dünyada müsibət və çətinliklərlə sınamısınız (onun ən kiçik uğursuzluğuna dözə bilməmisiniz). Məgər hər hansı birinizin bədəninə batan tikandan, qana bulaşmasına səbəb olan sürüşməkdən və onu yandıran isti qumdan (səhra qumunun onu yandırmasından) necə nalə edib inildəməsini görməmisiniz? Bəs onun halı odun iki təbəqəsi arasında-yandırıcı daşla yataq yoldaşı və şeytanla yoldaş olanda necə olacaq?! Bilirsinizmi ki, cəhənnəm sahibi oda qəzəblənəndə, od onun qəzəbindən (coşub təlatümə gələrək) bir-birinə çırpılır (üst-üstə yığılır) və onu incidəndə (onun üstünə qışqıranda) səbrliliyi əldən verərək onun verdiyi əziyyət nəticəsində cəhənnəmin qapıları arasında fəryad qopararaq sıçrayır?

 

Ey qocalığın zəifliyinə düçar olmuş pirani qoca! Od boyunbağılar boyunların sümüklərinə yapışanda və qandal və zəncirlər yapışaraq bazuların ətlərini yeyəndə necə olacaqsan? (Əgər günah və itaətsizlik nəticəsində bu əzaba düçar olsan, nə edəcəksən?) Buna görə də ey bəndələr dəstəsi, nə qədər ki, xəstəlikdən (ölümdən) qabaqkı sağlamlıq və (qəbrdəki) sıxıntı və çətinlikdən qabaqkı genişlik və rahatlıqda dincsiniz (Allahın və Peyğəmbərin razılığını əldə edərək ölümdən sonrakı çətinlikdən nicat tapmaq imkanınız var), Allahdan qorxun, Allahdan qorxun! Öz boyunlarınızı, onlar girov qoyulub getməmişdən (qurtulması qeyri-mümkün olandan) qabaq (cəhənnəm odundan) azad etməyə çalışın. Gözlərinizi oyaq saxlayın (gecə oyaq qalanlardan olun), qarınlarınızı arıqladın (oruc tutun), qədəmlərinizi işə salın (xeyir işdə addımlayın), mallarınızı (Allah yolunda) bağışlayın, cisminizi ruhunuza qurban verin və bu işdə simiclik etməyin. Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qurani-Kərimin Məhəmməd surəsinin 7-ci ayəsində) buyurur: إِن تَنصُرُوا اللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ Əgər Allaha yardım göstərsəniz (itaət və bəndəlik etsəniz), O da sizə yardım göstərər və sürüşkənliklərdə qədəmlərinizi möhkəmləndirər (və sizi çətinlik və giriftarçılıqdan qurtarar). Həmçinin (Hədid surəsinin 11-ci ayəsində) buyurur: مَن ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ وَلَهُ أَجْرٌ كَرِيمٌ Kimdir o kəs ki, (itaət və bəndəlikdə) Allaha (riyakarlıq və özünü göstərmək olmadan) gözəl borc versin, Allah da onun əvəzini qat-qat artırsın. Onu həm də çox qiymətli bir mükafat gözləyir. O, sizdən zillət və xarlığa görə yardım, malın azlığı və ehtiyac üzündən borc istəməyib. Göylərin və yerin qoşunları Ona məxsus və (hamıya) qalib və alim ola-ola O, sizdən yardım istəyib. Sizdən borc istəyib, halbuki göyün və yerin xəzinələri Onundur və O, ehtiyacsız və təriflənəndir. Onun yardım və borc istəməsi ona görədir ki, O, sizin hansı birinizin daha çox yaxşı işlər görməyinizi sınamaq istəyib. Belə isə Allahın evində (Cənnətdə) Onun qonşuları (gözəl əməl sahibləri) ilə olmaq üçün yaxşı işlərə tələsin. Allah, peyğəmbərlərini onlarla tanış edib, mələklərinə onların görüşünə getməyi əmr edib və onların qulaqlarını həmişə odun səsini eşitməkdən qoruyub (ki, məbada həmin səsi eşitməklə solğun olalar). Həmçinin onların bədənlərini çətinlik və əziyyət görməkdən qoruyub. (Qurani-Kərimin Hədid surəsinin 21-ci ayəsində buyurulur:) ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ Bu, Allahın lütf və bəxşişidir ki, onu istədiyi kimsəyə əta edir. Allah çox böyük mərhəmət, kərəm sahibidir. Eşitdiklərinizi deyirəm və Allahdan həm özüm, həm də sizin üçün (yaxşı işlər görməyə nail olmaq və pis işlərə əmr edən nəfsə və şeytana tabe olmamaq istiqamətində) yardım diləyirəm. O, (Ondan yardım istəmək) bizə kifayətdir və O, (işləri həvalə etmək üçün) gözəl vəkildir.

  
183- CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Bəni-Təyy qəbiləsindən və Xəvaricdən (onların şairlərindən) olan Bürc ibn Müshirə buyurduğu kəlamlarındandır. Bürc ibn Müshir hökm ancaq Allaha məxsusdur deyərkən o Həzrət onun sözlərini eşitdi. Sonra buyurdu:

 

Ey mırıx (batini çirkin olan ağılsız), sus! Allah çirkinləşdirsin səni! And olsun Allaha ki, haqq (İmam əleyhis-salam) zahir oldu və sən onda (qoşunun içində) arıq və aciz idin (heç kəs sənə etina etmirdi) və səsin gizlin idi (sözünə qulaq asan yox idi). Elə ki batil və nahaq fəryad qopartdı, (bu sözləri deməyə cürət tapdın və) keçinin buynuzunun aşkar olması kimi zahir oldun.

 

Buradan başlayaraq xütbələr fəslinin sonuna kimi Nəhcül-Bəlağənin əlyazma və çap nüsxələrində xütbələrin sıraları bir-birindən fərqlidir. Bəzi nüsxələrdə yüz yetmiş səkkizinci kəlamdan sonra sıralar bir-birindən fərqlənir

  
184- CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın xütbələrindəndir. Rəvayət edilib ki, Əmirəl-möminin əleyhis-salamın Həmmam deyilən abid səhabə və ardıcıllarından biri o Həzrətə dedi: Ey Əmirəl-möminin, pərhizkarları (onların sifətlərini) mənə elə vəsf et ki, onları görmüş kimi olum. İmam əleyhis-salam onun cavabında duruxdu və gec tərpəndi. (Çünki cavabı gecikdirməyi daha məsləhət bilirdi.) Sonra qısa şəkildə buyurdu: Ey Həmmam, sən özün Allahdan qorx və yaxşı işlər gör ki (Qurani-Kərimin Nəhl surəsinin 128-ci ayəsində buyurulur): إِنَّ اللّهَ مَعَ الَّذِينَ اتَّقَواْ وَّالَّذِينَ هُم مُّحْسِنُونَ Allah pərhizkarlar və yaxşı işlər görənlərlədir. Həmmam bu cavaba qane olmadı (öz istəyində israr etdi) və nəhayət, o Həzrəti and verdirdi. Buna görə də o Həzrət Allaha həmd və şükr edib Peyğəmbərə (səlləllahu əleyhi və alih) salam göndərdikdən sonra buyurdu:

 

Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah məxluqatı yaradarkən onların itaət və bəndəliyindən ehtiyacsız, günah və itaətsizliklərindən qorxusuz və amanda idi. Çünki günahkarların itaətsizliyinin Ona bir ziyanı yoxdur və tabe olanların itaəti Ona bir xeyir gətirmir (bəlkə itaətə əmr etmək və itaətsizlikdən çəkindirməkdən məqsəd bəndələrin özlərinin mənfəət əldə etmələridir). Buna görə də ruzi və asayiş vasitələrini onların arasında böldü və dünyada hər bir kəsi (hikmət və məsləhət əsasında yoxsulluq və varlılıq, yaxşılıq və pislik kimi layiq bildiyi) bir mərtəbədə yerləşdirdi. Pərhizkarlar dünyada fəzilətlərə malikdirlər (başqalarından üstündürlər). (Çünki) danışıqları doğruluğa əsaslanır (Allahın və Peyğəmbərin razılığına müvafiq şəkildə danışırlar), geyimləri ortadır (həyatlarında ifrata varmaq və ya həddən aşağı olmaq yoxdur) və (xalq arasında) təvazökarlıqla davranarlar. Onlar Allahın onlara rəva bilmədiyi şeyə göz yumar (harama mürtəkib olmaz) və onlara xeyir verən elmə qulaq verərlər. Çətinlik zamanı başqalarının asayiş və rahatlıqda olduqları kimidirlər (ilahi təqdirə boyun əyərək Allahın istədiyinə razıdırlar və onlar üçün çətinliklə rahatlıq birdir). Əgər Allahın onlar üçün (dünyada) müəyyənləşdirdiyi əcəl olmasaydı, savab şövqü və əzabın qorxusundan canları bir göz qırpımı belə bədənlərində qalmazdı. Onların nəzərində Allah böyük, Ondan başqası isə (hər nə olmasından asılı olmayaraq) kiçikdir. Onların Cənnətə yəqin və inamları onu, sakinlərinin rahatlıq içində olmalarını görən şəxsin yəqin və inamı kimidir. Həmçinin oda imanları onu sakinlərini əzaba düçar halda görən şəxsin imanı kimidir. Qəlbləri qəmgin, zərər-ziyanları təhlükəsiz (hamı onların zərər-ziyanından xatircəm və qorxusuzdur, çünki başqalarını incitmək və hər bir günahın mənşəyi dünyanı sevməkdir ki, onların da ona meylləri yoxdur), bədənləri (oruc tutmaq, çoxlu ibadət və bəndəlik etmək və qənaət nəticəsində) arıq, (dünyadakı) istəkləri az (naçarlıqdan möhtac olduqlarından artıq bir şey istəmirlər) və nəfsləri pak və təmizdir (şəhvət arxasınca getmirlər). (Dünyada olan) bir neçə qısa günü səbrlə başa çatdırarlar və onun arxasınca həmişəlik rahatlığı (sonsuz Cənnət nemətini) əldə edərlər. Bu iş Rəbblərinin onlar üçün hazırladığı çox qazanclı və mənfəətli bir ticarətdir. (Onlar özlərini ibadət və bəndəliyə hazırladıqları üçün Allah da səadətə qovuşmaq yolunu onlara göstərib.) Dünya onlara üz tutdu (öz mal və bər-bəzəyini onlara göstərdi), onlar isə ondan üz döndərdilər (ona göz yumdular); onları çətinliklərə əsir etdi, onlar isə canlarını qurban verərək (onun çətinliklərinə dözdülər və sonda) özlərini ondan qurtardılar. Gecə olanda (namaz üçün) ayaq üstə duraraq Quranın ayələrini diqqət və düşüncə ilə oxuyarlar və onu oxumaq və barəsində düşünməklə özlərini qəmləndirərlər. Onun vasitəsi ilə öz dərdlərinə əlac etməyə çalışarlar (Quranı oxumaq və ona əməl etməklə qiyamətin əzab və çətinliklərindən nicat tapmaq istəyərlər). Beləliklə, şövqə gətirən və ümidverici (yaxşı əməl sahiblərinin mükafatını bəyan edən) bir ayə ilə rastlaşanda ona tamah salarlar və şövqlə ona baxarlar, sanki ayənin, barəsində xəbər verdiyi mükafat onların gözləri önündədir və onu görürlər. Həmçinin qorxu və vahimə olan (pis əməl sahiblərinin cəzasından danışan) bir ayə ilə rastlaşanda qəlblərinin qulaqlarını ona elə açarlar ki, sanki cəhənnəmin (onun əhlinin) nalə və fəryadları qulaqlarının dibindədir. (Allah qarşısında rüku etmək üçün) qamətlərini əyər və (səcdə etmək üçün) alın, əllərinin içi, diz və barmaqlarının uclarını yerə qoyaraq Allah-təaladan özlərinin (qiyamət əzabından) azad olmalarını istəyərlər. Gündüz olanda isə səbrli, alim, yaxşı əməlli və pərhizkardırlar. Qorxu (Allah qorxusu) bədənlərini, yonulmuş oxların nazikliyi kimi arıqladıb. Görən onların xəstə olduqlarını güman edər, halbuki heç bir xəstəlikləri yoxdur (bəlkə əzabın qorxusundan arıqlayıblar), (onlardan eşitdiyi sözləri başa düşmədiyi üçün) sərsəri və dəli olduqlarını deyər, halbuki dəli deyildirlər, bəlkə böyük iş (qiyamətin fikri) fikirlərini qarışdırıb. Özlərinin az işlərindən razı olmurlar və çoxu çox saymırlar. Beləliklə, özlərini (itaətdə səhlənkarlıq gümanı ilə) günahlandırarlar və öz əməllərindən qorxarlar (ki, məbada bəyənilməyə). Əgər onlardan birini (yaxşı əməlinə görə) tərifləsələr, barəsində deyilənlərdən qorxar və deyər: Mən özümü başqalarından daha yaxşı tanıyıram və Rəbbim məni mənim özümdən də yaxşı tanıyır. Allahım, (özündənrazılığa səbəb olan bu) deyilənlərə görə məni cəzalandırma, məni onların güman etdiklərindən də üstün et və onların bilmədikləri günahlarımı bağışla!

 

Pərhizkarların birinin nişanəsi budur ki, sən onu din işində güclü, yumşaqlıq və gözəl xasiyyətlilikdə uzaqgörən, imanda yəqin sahibi, elmdə (elm axtarışında) həris, səbrlilikdə alim, zənginlikdə mötədil (israf etməyib varını yersiz xərcləməyən), ibadət və bəndəlikdə təvazökar görərsən və o, yoxsulluq və imkansızlığında bəzənmiş görünər (ki, heç kəs onun yoxsulluğundan xəbərdar olmasın). Onlar çətinlikdə səbrli, halal axtaran, hidayət və qurtuluşda şad, tamah və hərislikdən uzaqdırlar. (Beləsi) yaxşı işlər görməsinə baxmayaraq, qorxu içindədir. Gecə, onun səy və təlaşı (Allah-təalanın nemətlərinə görə) şükr etməyə sərf olunur. Gündüz, istəyi Allahı zikr etmək, yada salmaqdır. Gecəni öz qəflətindən qorxan halda (ki, məbada vəzifələrində səhlənkarlıq etmiş olar) başa vurar və gündüz Allahın lütf və mehribançılığından (onu müsəlman və Məhəmmədə və Məhəmməd əhli-beytinə tabe olanlardan etməsindən) şad və sevincək olar. Əgər nəfsi meylli olmadığı şeydə ona qarşı itaətsizlik etsə (ibadət və bəndəlikdə çətinliklə ram olsa, o da) nəfsin sevdiyi şey barəsindəki istəyini yerinə yetirməz. Onun gözünün işığı əbədi olan şeydir və çiyrindiyi, qalmayan şeydir (gözünü axirətə dikib və dünyaya arxa çevirib). O, səbri elmlə və sözü əməl ilə qarışdırır. (Çünki elm və ağla əsaslanmayan səbr və əməl ilə birgə olmayan söz xoşagəlməzdir.) Onu arzusu qısa (məhdud), səhv və xətası az, qəlbi təvazökar, nəfsi qane, yeməyi az, işi asan, dini qorunmuş, şəhvət və istəyi yox və qəzəbi yatırılmış görərsən. Xalq onun yaxşılığına göz dikib və pisliyindən rahat və xatircəmdir. Əgər (Allah və Peyğəmbərdən) qafil və xəbərsiz insanlar içərisində olsa, xəbərdarların zümrəsində sayılar. (Çünki onun qəlbi Allahı zikr etməklə məşğuldur.) Əgər xəbərdarların içərisində olsa, qafillərdən sayılmaz. Ona zülm edəni bağışlayar, onu məhrum edənə yaxşılıq və ehsan edər və ondan ayrılana birləşər. Söyüş söyməkdən və çirkin sözdən uzaqdır və sözü mülayim olar. Ondan xoşagəlməz bir iş görünməyib və bəyənilən işi aşkardır. Onun yaxşılığı üz tutub və pisliyi arxa çevirib. Çətinliklərdə vüqarlı və dözümlü, acı anlarda səbrli, dinclik və rahatlıqda şükr edəndir. Nifrət etdiyi kimsəyə zülm etməz və sevdiyi şəxsə görə günaha düşməz. (Öz nəfsi istəklərinə tabe olan və zalım insanların əksinə olaraq sevmək və ya nifrət bəsləmək onun öz şəri vəzifəsini yerinə yetirməsinə mane olmur.) Şahid gətirilməmişdən qabaq haqqı qəbul edər. Ona tapşırılan şeyi zay etməz və yadına salınan şeyi unutmaz. Heç kəsi xoşagəlməz ləqəblərlə (kafir, fasiq, münafiq və çirkin kəlmələrlə) çağırmaz və qonşuya ziyan vurmaz. İnsanların başına gələn acı hadisələrə sevinməz. Batil və nahaq yola qədəm qoymaz və haqq yoldan kənara çıxmaz. Əgər sakit otursa, sakitliyi onu qəmləndirməz və əgər gülsə, gülüş səsi ucalmaz. Ona zülm edilsə, Allah onun intiqamını alana kimi səbr edər. Nəfsi onun əlindən əzab və çətinliyə düçardır. (Çünki onun istəklərinə zidd davranır.) Xalq onun əlindən rahatlıqdadır. (Çünki xalqı incitmək nəfsi istəklərə tabe olmaq nəticəsində mümkündür.) Axirət işində özünü əziyyətə salar və xalqı özündən (öz işindən) dincliyə çatdırar. Onun şəxslərdən uzaqlaşması (dünyapərəstlərə) rəğbətinin olmamasına və (onlardan) uzaq olmasına görədir. Tanışlarla yaxın olması (Allah adamları ilə) xoşrəftar və mehriban olmağa görədir. Uzaqlaşmasının səbəbi özündən razılıq və özünü böyük tutmaq deyil və yaxınlaşması (ikiüzlü adamlarda olduğu kimi) hiylə və kələk yolu ilə deyil.

 

Bu xütbəni nəql edən deyir: (Söz bu yerə çatanda) Həmmam özündən getdi və elə həmin özündən getməklə də dünyadan köçdü. Sonra Əmirəl-möminin əleyhis-salam buyurdu: Bilin! Vallah onun üçün bundan (belə bir hadisənin baş verməsindən) qorxurdum. Daha sonra buyurdu: Düzgün nəsihətlər əhlinə belə (təsir) edir. Orada olanlardan biri (Xəvaricdən olan Abdullah ibn Kəvva) dedi: Ey Əmirəl-möminin, sənin vəziyyətin necədir? (Nə üçün bu nəsihətlər sənə təsir etmir və ya əgər belə olacağını bilirdinsə, nə üçün onun ölümünə səbəb oldun?) İmam əleyhis-salam buyurdu: Vay olsun sənə! Hər bir əcəlin öz vaxtı var ki, ondan keçmir (gec və tez olmur) və səbəbi var ki, onu aşmır. Odur ki, özünü şeytanın sənin dilinə üfürdüyü bu cür sözlərdən saxla (bir daha demə. Çünki İmama etiraz etmək şeytanın azdırmaları və göstərişlərindəndir).

  
185- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın münafiq və ikiüzlü insanları vəsf etdiyi xütbələrindəndir.

 

Bizə itaət və tabeçilik uğuru nəsib etdiyi və bizi günah və itaətsizlikdən saxladığı üçün Allaha şükr edirik. Ondan, bizə olan nemətini kamil həddə çatdırmasını və əlimizi ipinə (Qurani-Kərimə) birləşdirməsini istəyirik. Və şəhadət veririk ki, Məhəmməd Onun bəndəsi və elçisidir ki, Allahın razılığını əldə etmək üçün hər bir çətinliyə qatlaşdı və Onun (hökmlərinin təbliği) yolunda hər bir qəm-kədəri qurtum-qurtum içdi (peyğəmbərlik dövründə qarşılaşdığı hər bir çətinliyə səbr etdi). Yaxınları və qohumları neçə cür idilər. (Bir dəstəsi fədakar və onu sevənlərdən ibarət idi ki, can və mallarını o Həzrətin yolunda verirdilər. Bəziləri isə düşmən və münafiq idilər və onu məhv etmək istəyirdilər.) Uzaq və yadlar o Həzrətlə düşmənçilik etmək üçün bir yerə toplaşdılar. Ərəblər noxtalarını qıraraq o Həzrətə tərəf üz qoydular və onunla müharibə etmək üçün öz yük dəvələrinin qa ını döyəclədilər (ki, tez çatsınlar). Nəhayət ən uzaq məkan və get-gəl yerlərindən düşmənçiliklə o Həzrətin yaşadığı yerə və yurda daxil oldular. (Xülasə, onunla düşmənçilik üçün uzaq yollardan müharibə etməyə gəldilər.)

 

Ey Allahın bəndələri! Sizə təqvalı olaraq Allahdan qorxmağı tövsiyə edirəm və (zahirdə müsəlman, batində isə kafir olan) ikiüzlü insanlardan (onların hiylə və kələklərindən) çəkindirirəm. (Məbada onların söz və əməllərinə aldanaraq onların arxasınca gedəsiniz.) Çünki onlar azğın və azdıran (özləri zəlalət və azğınlıq yolu ilə gedir və başqalarını da doğru yoldan saxlayaraq özlərinə yoldaş edirlər), həmçinin sürüşmüş və sürüşdürəndirlər (özləri günah və səhv işlər görürlər və başqalarını da səhvə salırlar). Özlərini müxtəlif rənglərə və hallara salarlar (hər an və hər bir məclisdə öz danışıq və davranışları ilə, puç məqsəd və yanlış fikirləri ilə sadəlövh insanları aldatmaq üçün bir rəngə düşərlər). Sizin üçün bütün vasitələri nəzərdə tutublar və bütün pusqularda güdükdədirlər. (Əgər onların fikirlərini başa düşüb onlardan uzaqlaşsanız, sizi digər vasitələrlə aldatmaq qərarına gələrlər ki, hər nə cür olur-olsun sizi özlərinə qoşsunlar. Paxıllıq, ikiüzlülük, düşmənçilik və şəkk-şübhə içində olmaqdan) qəlbləri xəstədir. Onların zahirləri isə pak və təmizdir. (Belə ki, onların həqiqəti sevən və haqq istəyən olmaları güman edilər.) Gizli yol gedirlər (öz planlarını heç kəsin başa düşmədiyi şəkildə işə salır və fitnə-fəsad yaradırlar) və meşənin sıx ağacları arasında (ovu tutmaq üçün yavaş-yavaş hərəkət edən ovçu kimi) tərpənirlər. Sifətləri dərmana oxşayır və sözləri şəfavericidir. Amma əməlləri əlacı olmayan bir dərddir. Rifaha (insanların rifah içində olmalarına) paxıllıq edirlər (onlarla dostlaşaraq rahatlıqlarını əllərindən alırlar) və (onların) çətinlik və bədbəxtliyə düşmələrinə çalışırlar (aralarında söz gəzdirərlər ki, birlikləri dağılsın və onları bədbəxtliyə düçar etsinlər). Həmçinin ümidləri (xalqın ümidlərini) qırarlar (onları Allahın bəyəndiyi işlərdən saxlayarlar). Hər bir yolda birini torpağa səriblər (məhv etmək üçün çoxlu yollar nəzərdə tutublar), hər bir qəlbdə vasitələri var (hər bir şəxslə onun meyl və istəyinə uyğun şəkildə danışa bilirlər) və hər bir qəm-kədərdə göz yaşı tökərlər (ki, onun vasitəsi ilə öz məqsədlərini həyata keçirsinlər). Bir-birlərini tərifləməyi bir-birlərinə borc verər və onun əvəzini gözləyərlər (öz içərilərindəkilərdən birini tərifləyərlər ki, o da əvəzində onu tərifləsin). İstəkləri olanda onda (müqabil tərəfi istəklərini yerinə yetirməyə məcbur edənə kimi) israr edərlər. Danlayanda (birinin səhvini başa salmaq istəyəndə) pərdələri götürərlər (bütün eyblərini açaraq rüsvay edərlər). Əgər onları (bir işdə) hakim təyin etsələr, israf edərlər (haqqa zidd hökm çıxararlar). Hər bir haqqın qarşısında bir batil, hər bir düzlüyün müqabilində bir əyrilik, hər bir dirinin qarşısında bir qatil, hər bir qapıya bir açar və hər gecə üçün bir çıraq hazırlayıblar (məqsədlərinə çatmaq üçün müxtəlif hiylə və kələklərdən istifadə edərlər). Ümidsizlik və (xalqın malından) ehtiyacsızlığı öz tamah və hərislikləri üçün vasitə edərlər ki, bazarlarını qoruyaraq nəfis sandıqları mallarını işə salsınlar (hiyləbazlıqla özlərini dünyaya rəğbətsiz göstərərək ehtiyacsızlıq nümayiş etdirirlər ki, öz məqsədlərinə çatsınlar). (Səhv söz) deyirlər və (onu haqqa) bənzər və oxşar göstərirlər. (Məqsədlərini) açıqlayırlar və onu bəzəyirlər (haqq şəklinə salırlar). Batil yolu asan göstərərlər (ki, hamı ona qədəm qoysun) və darı (zəlalət və azğınlığı) əyərlər (ki, azğınlıqdan qurtarmaq, nicat tapmaq mümkün olmasın). Beləliklə, onlar şeytanın ardıcılları və odun şölələridirlər. (Qurani-Kərimin Mucadilə surəsinin 19-cu ayəsində buyurulur:) أُوْلَئِكَ حِزْبُ الشَّيْطَانِ أَلَا إِنَّ حِزْبَ الشَّيْطَانِ هُمُ الْخَاسِرُونَ O dəstə şeytanın yoldaş və ardıcıllarıdır. Bilin ki, şeytanın ardıcılları ziyana uğrayanlardır.

  
FEYZUL-İSLAMIN IV HISSƏYƏ YAZDIĞI MÜQƏDDIMƏ 

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ

 

أَلْحَمْدُ لِلّهِ عَلى ما عَرَّفَنا مِنْ نَفْسِهِ وَ أَلْهَمَنا مِنْ شُكْرِهِ وَ فَتَحَ لَنا مِنْ أَبْوابِ الْعِلْمِ بِرُبُوبِيَّتِهِ وَ دَلَّنا عَلَيْهِ مِنَ الْإِخْلاصِ لَهُ فِى تَوْحِيدِهِ وَ جَنَّبَنا مِنَ الْإِلْحادِ وَ الشَّكِ فِى أَمْرِهِ وَ الصَّلوةُ عَلى عَبْدِهِ وَ رَسُولِهِ الْبَشِيرِ النَّذِيرِ السِّراجِ الْمُنِيرِ سَيِّدِ الْأَنْبِياءِ وَ الْمُرْسَلِينَ مُحَمَّدٍ وَ الِهِ الْأَئِمَّةِ الطَّيِّبِينَ.

 

اللّهُمَّ عَجِّلْ فَرَجَهُمْ وَ انْصُرْ شِيعَتَهُمْ وَ أَهْلِكْ أَعْدائَهُمْ مِنَ الْأَوَّلِينَ وَ الْاخِرِينَ امِينَ رَبَّ الْعالَمِينَ

 

Kim diqqət və düşüncə ilə Nəhcül-Bəlağəni mütaliə etsə, əbədi səadətə yol tapar. Kim ona əməl etsə, Allah və Peyğəmbərin razılığını əldə edər və onun nəticəsində dünya həyatında başı uca və qəlbi diri, qəbr və qiyamətdə rahat, Cənnətdə isə kam alan olar. Bu müqəddəs kitab, bəşəriyyətin hidayətçi və bələdçisi olan İslam elm və hikmətlərinin xülasəsidir və o, səadət və xoşbəxtliyə çatmaq üçün cahilcəsinə təəssübdən əl çəkən və bu kitabı özünə ö ək edən kəsi məqsədinə çatdırır. Çünki onda nadanlıqlar üzərindən pərdə götürülüb, həqiqətlər aşkar edilib və oxucu bu əsərdə hər bir hadisədən xəbərdar olur. Buna görə də onunla tanış olan və ona əməl edən kəs azğınlıq yoluna qədəm qoymaz və avara və sərgərdan qalmaz. Onun bir fəslini diqqətlə mütaliə edən insaflı kəs bizim sözümüzün düzgünlüyünə və doğruluğuna inanar. Allaha şükr edirəm ki, uzun illərdən bəri onun məziyyət və xüsusiyyətləri ilə tanış olub bütün məclis və yığıncaqlarda hamını Əmirəl-möminin əleyhis-salamın kəlam və əməllərini araşdırıb onlara tabe olmağı tövsiyə edən məni ərəb dilini bilməyənlər üçün tərcümə və şərh etməyə müvəffəq edib. İndi dördüncü hissənin tərcümə və şərhinə başlayır və qadir Allahdan istəyirəm ki, bu və sonrakı iki hissəni başa çatdırmağa məni müvəffəq etsin.

 

اللّهمَّ أَغْنِنِى بِمَسئَلَتِكَ عَنْ مَسْئَلةِ خَلْقِكَ وَارْحَمْنِى بِرَحْمَتِكَ يا أَرْحَمَ الرّاحِمِينَ

 

Fani bəndə: Əliyyənnəqi Feyzul-İslam İsfahani Ali-Məhəmməd əd-Dibac.

  
186-CI XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Allah-təalanın vəsfi, Həzrət Peyğəmbərin mədhi, nəsihət, təqva və pərhizkarlıq barəsindəki) xütbələrindəndir.

 

Həmd o Allaha layiqdir ki, səltənətinin nişanələrindən və böyüklüyünün əzəmətindən qüdrət və bacarığının heyranlıqlarını aşkar etdi, gözləri mat və heyran qoydu və insanların zehnlərindən keçən fikirləri Öz sifətinin həqiqətlərinin dərkindən saxladı. (Ağıl sahibləri Onun yaratdıqlarının müqabilində mat-məəttəl qalıblar və onların ağılları Onun həqiqətlərini dərk etməkdən acizdirlər.) Şəhadət - iman, inam, niyyət saflığı və itaət üzündən olan bir şəhadət - verirəm ki, Allahdan başqa bir tanrı yoxdur. (Bu şəhadətdə qəlbimlə dilim birdir və onda təqlid və riya yoxdur.) Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir. Onu o vaxt göndərdi ki, qurtuluş nişanələri və dinin aşkar yolları aradan getmiş, viran olmuşdu (insanlar zəlalət və azğınlıqda addımlayır, nəfsi istəklərin arxasınca gedirdilər). Belə olan halda, o, haqqı aşkar etdi, xalqa nəsihət verdi, (danışıq və davranışda) düzlük və doğruluğa hidayət etdi və mötədil yolu tutmağı əmr etdi. Allah ona və onun Əhli-Beytinə salam göndərsin.

 

Ey Allahın bəndələri! Bilin ki, Allah sizi boş yerə yaratmayıb, (heyvanlar kimi) özbaşına buraxmayıb (bəlkə sizin üçün vəzifə və hökmlər müəyyənləşdirib ki, hər birini öz vaxtında yerinə yetirəsiniz), sizə verdiyi nemət və bəxşişlərin miqdarını bilir və mərhəmət və lütfünü sayıb (ki, sizin şükr etməyinizi və naşükürlüyünüzü sınasın). Belə isə zəfər və qələbəni (düşmənə qalib gəlməyi) və hacətin rəva olmasını Ondan diləyin, öz istəyinizi Ondan istəyin və əta və bəxşişi Onda axtarın ki, sizinlə Onun arasında asılı pərdə və bağlı qapı yoxdur. O, hər yerdə və hər bir vaxt və zamanda hazırdır və hər bir insan və cinlə birlikdədir. Əta və bəxşiş Onu (onun nemətlərini) azaltmır və (onlarda) nöqsan yaratmır; Ondan istəyən Onun nemətini sona çatdırmır; arzulayan Onun xəzinələrinin sonuna çatmır; heç kəs Onu digərindən saxlamır; bir səs Onu özünə məşğul edərək Onun digər səsi eşitməsinə mane olmur; (nemət) bağışlamaq Ona (eyni zamanda digər neməti) almağa mane olmur; qəzəb etmək Ona rəhm etməyə mane olmur; mehribanlıq Onu əzab etməkdən saxlamır; gözə görünməzlik Onun aşkar olmasına mane deyil və aşkar olmaq Onu gözə görünməzlikdən ayırmır. Həm yaxındır, həm uzaq, həm yuxarıdadır, həm də aşağıda, həm aşkardır, həm gizli və həm gizlindir, həm də aşkar. Cəzalandırıb, amma cəzalanmayıb. (Hamının hesabını O edir. Amma heç kəsin Onun hesabını aparmaq dərki və qüdrəti yoxdur.) Yaradılmışları fikirlə yaratmadı və heç bir işdə onlardan yardım istəməyə möhtac deyil. (Çünki vücudu vacib olan varlıq acizlikdən uzaq və pakdır.)

 

Ey Allah bəndələri! Sizə təqvalı və Allaha itaətkar olmağı tövsiyə edirəm. Çünki təqva (sahibini səadətə çəkən) cilovdur və (işlərin nizam-intizamını saxlayan) sütuna bənzəyir. Belə isə onun möhkəm bağlarına sarılın və həqiqətlərindən yapışın ki, gözlərin (qorxu və vahimədən) bərəli qalaraq qırpılmadığı və ətrafına nəzər sala bilmədiyi, qaranlığın hər yeri bürüdüyü və doğmaqları yaxın olan on aylıq hamilə dəvə sürüsünün sahibsiz qaldığı gündə sizi rahatlıq və əmin-amanlıq məkanları, geniş yerlər, qorunan hasarlar və hörmət bəslənilən mənzillərə çatdırsın (heç bir çətinliyi və giriftarçılığı olmayan əbədi Cənnətə aparsın). Və Sur (İsrafilin suru) çalınacaqdır. Həmin vaxt bütün canlar bədənlərdən çıxacaq və bütün dillər lal olacaqdır (ölüm hamını bürüyəcək); uca dağlar və möhkəm daşlar parçalanaraq dağılacaq, onların sərt daşı parlaq ilğım kimi görünəcək və onların durduqları və sakin olduqları yerlər hamar (alçaq-hündürsüz) olacaq (abadlıq və heç bir nişanə qalmayacaq). Beləliklə, (həmin gün) nə şəfaət edəcək (günahın əvf edilərək bağışlanmasını istəyən) şəfaətçi, nə çətinliyi dəf edəcək qohum, nə də xeyir verəcək üzr və bəhanə olacaq. (Xülasə, təqva və pərhizkarlıqdan başqa bir sığınacaq yoxdur.)

  
187- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin Allah tərəfindən göndərilmə zamanına toxunaraq təqva və pərhizkarlığa tövsiyə etdiyi, dünyanın çirkinliklərini açıqladığı və ölüm çatmamışdan yaxşı işlər görməyə təşviq etdiyi) xütbələrindəndir.

 

Allah, Həzrət Peyğəmbəri o vaxt göndərdi ki, nə bir nişanə qalmışdı (axırıncı peyğəmbərlə o Həzrət arasındakı zaman fasiləsi insanları haqq yoldan uzaqlaşdırmışdı), nə parıldayan bir işıq (haqq şəriət gizlin qalmışdı və heç kəs Allaha itaət etmirdi), nə də aydın bir yol var idi. (Hamı azğınlıqda və nadanlıqda sərgərdan idi. Belə bir vəziyyətdə o Həzrət bəşəriyyəti hidayət edərək bədbəxtlikdən nicat verdi.) Ey Allahın bəndələri! Sizə təqvalı olmağı və Allaha itaət etməyi tövsiyə edirəm və dünyadan çəkindirirəm. Çünki dünya köç etmək diyarı və qəm-qüssə və dərd yeridir. Onun sakini gedən, məskunlaşanı ayrılandır. O öz əhlini bərk küləklər gəmiləri dənizlərdə hərəkətə gətirib titrətdiyi kimi titrədərək çəkişməyə salar. Beləliklə, sə işinlərin bəziləri boğularaq həlak olarlar. Bəziləri isə nicat taparaq dalğaların üzərində çabalayarlar və küləklər onları bir tərəfdən digər tərəfə apararaq qorxu və nigarançılıqlara düçar edər. Boğulanı bir daha tapmaq mümkün deyil. Nicat tapan isə həlak olmağa tərəf gedir.

 

Ey Allahın bəndələri! İndi ki, dillər açıq, cisimlər sağlam, bədən itaətkar, get-gəl yeri genişdir və fürsət qalmaqdadır, yoxluğun tələsməsindən və ölümün gəlib çatmasından qabaq iş görün (Allaha ibadət və xalqa xidmət edin). Onun sizin yanınıza gəlməsini gerçəkləşmiş bilin və intizarını çəkməyin.

  
188- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (özünün Peyğəmbərə yaxınlıqda tək olması, xilafətə daha layiq olması və başqasının bu məqama layiq olmaması barəsindəki) xütbələrindəndir.

 

Məhəmmədin (səlləllahu əleyhi və alih) qoruyucu olan (Quran və onun sünnəsini qoruyan və onun sirlərindən xəbərdar) səhabələrinin böyükləri bilirlər ki, mən heç vaxt bir saat belə Allah və Peyğəmbərin əmrindən kənarda olmamışam və igidlərin qaçdıqları və addımların qayıtdıqları (heç kəsdə düşmənin qarşısını almaq cürəti olmayan) yerlərdə (çətinlik və müharibələrdə) Allahın məni əziz tutduğu şücaət və igidliklə öz canımı Həzrət Peyğəmbərdən əsirgəməmişəm. Allahın Peyğəmbəri - səlləllahu əleyhi və alih - başı mənim sinəmdə olan halda canını tapşırdı və onun ruhu o mənim əllərim üzərində olanda bədənindən ayrıldı və mən (təbərrük və türbət kimi) əlimi üzümə çəkdim. O Həzrətin (səlləllahu əleyhi və alih) qüslünü öz öhdəmə götürdüm və mələklər mənə kömək etdilər. Sonra ev və onun ətrafı (orada olanlar və get-gəl edən mələklər) ağlayaraq nalə qopardılar. Mələklərin bir dəstəsi enir, digər bir dəstəsi isə yuxarı qalxırdılar. Onların o Həzrətə qıldıqları namazın səsi, onu qəbrinə qoyana kimi qulağımdan getmirdi. Belə olan halda, kim o Həzrətə həyat və ölümündə məndən daha yaxın və layiqdir?! (Kim layiq və yaxın olmaq iddiası etsə yalan deyib və özünü nahaq yerə onun xəlifə və canişini hesab edib.) Gözüaçıqlıq və bəsirətlə (şəkk və tərəddüd etmədən) tələsin. Gərək düşmənlə müharibədə sizin niyyətləriniz düz olsun (nifaq və ikiüzlülük olmadan öz haqq imamınıza tabe olasınız). Ondan başqa bir tanrı olmayan Allaha and olsun ki, mən haqq yoldayam (söz və əməllərim eyni ilə Allah və Peyğəmbərin buyurduqlarıdır). Bizim düşmənlərimiz isə batil sürüşkənliklərdədirlər (pis işlərə əmr edən nəfsə və şeytana tabedirlər). Eşitdiklərinizi deyirəm (ki, haqqı batildən seçəsiniz) və Allahdan (sizə giriftar olmuş) özüm üçün və sizə (keçmiş əməlləriniz üçün) bağışlanma istəyirəm (ki, bir də azğınlıq yoluna qədəm basmayasınız və haqq imama tabe olasınız).

  
189-CU XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Allahın elminin varlıqları əhatə etməsi, təqva və pərhizkarlığa təşviq, müqəddəs İslam dininin vəsfi, Həzrət Peyğəmbərin Allah tərəfindən göndərildiyi zaman və Qurani-Kərimin mədhi barəsindəki) xütbələrindəndir.

 

Allah, otlayan heyvanların çöllərdəki səs və naləsindən, bəndələrin gizlindəki günahlarından, balıqların böyük dənizlərdəki get-gəllərindən və suyun bərk küləklər vasitəsi ilə dalğalanaraq bir-birinə dəyməsindən xəbərdardır. Şəhadət verirəm ki, Məhəmməd Allahın seçilmişi, vəhy (hökmü) gətirəni və Onun rəhmət və mehribanlıq elçisidir.

 

Allah-təalaya həmddən və Həzrət Mustafanın mədhindən sonra, sizi pərhizkarlığa və yaradılışınızın başlanğıcı Ondan olan, qayıdış və dönüş yeriniz Ona tərəf olacaq, ehtiyac və istəklərinizin həyata keçməsi Ondan asılı olan, arzu və diləyinizin sonu olan, doğru yolunuz Ona tərəf olan və pənah və sığınacağınız O olan Allahdan qorxmağa tövsiyə edirəm. Çünki təqva və Allahdan qorxmaq ürəklərinizin dərdlərinin dərmanı, qəlblərinizin korluğunun görməsi, cisimlərinizin xəstəliyinin şəfası, sinələrinizin fəsadının düzəlməsi, nəfslərinizin çirkinin təmizlənməsi, gözlərinizin örtüklərinin aydınlığı, qəlblərinizin qorxusunun əmin-amanlığı və (nadanlıq) zülmətlərinizin qaranlıqlarının nurudur. Buna görə də Allaha itaət və tabeçiliyi (bədənə yapışmayan) üst paltarı deyil, alt köynəyi kimi öz adətiniz edin. Və (hətta onu) köynəyin altında bədəninizin daxili bir hissəsi edin, əndamınızda gizlədin onu. (Xülasə, elə bir iş görün ki, sizin bütün bədən üzvləriniz Allaha itaətkar və tabe olsun.) İşlərinizdə Onu hakim bilin (bütün işlərdə Allahın əmr və qadağalarına tabe olun) və (onu qiyamətə) daxil olacağınız zaman üçün çeşmə, istəyinizi almaq vasitəsi, (çətin hadisələrdən) qorxu gününüz üçün qalxan, qəbirləriniz arasındakı çıraqlar, qorxu və vahimənizin uzunluğunda ünsiyyət yoldaşı və kədərli yerlərinizin yüngüllüyü təyin edin. Çünki Allaha itaət və tabeçilik üz tutan təhlükəli (və məhvə səbəb olan) yerlərdən, qarşıya çıxması gözlənilən qorxulardan və (günahkarlar üçün) yandırılmış odun istiliyindən qoruyucudur. Buna görə də kim təqva və pərhizkarlığı öz peşəsi etsə, çətinliklər ona yaxınlaşandan və üz tutandan sonra ondan uzaqlaşar; işlər acılıqdan sonra onun üçün şirinləşər; dalğalar (fitnə-fəsad) ardıcıl gəldikdən sonra ondan uzaqlaşar, çətinliklər incidərək əziyyətə saldıqdan sonra ona asanlaşar; lütf və ehsan (Allahın lütf və mərhəməti) qəhətlikdən sonra ona çoxalar; rəhmət və mərhəmət uzaqlaşdıqdan sonra ona üz tutar; nemətlər azalandan sonra ona artar və bərəkət az yağışdan sonra yağan dolu yağış kimi ona çatar. Belə isə Özünün (Qurani-Kərimdəki) öyüdləri ilə sizi bəhrələndirmiş, (peyğəmbərlər vasitəsi ilə) sizə Öz hökmləri ilə nəsihət vermiş və nemət verməsi ilə sizə minnət qoymuş Allahdan qorxun. Buna görə də Ona ibadət və bəndəlik üçün öz nəfslərinizi ram edin və Ona itaət haqqını yerinə yetirin (əmr etdiklərini yerinə yetirərək qadağan etdiklərindən çəkinib uzaq olun).

 

(Təqva və itaətin vəsfindən) sonra (bilin), bu İslam Allahın dinidir ki, (O ondan başqasını bəyənmir və) onu Özü (Özünü tanıtdırmaq) üçün seçib, Öz qayğısı ilə bəsləyib, onun təbliği üçün yaratdıqlarının ən yaxşısını (Həzrət Peyğəmbəri-səlləllahu əleyhi və alih-) seçib və onun sütunlarını (qanun və hökmlərini) Öz məhəbbəti üzərində qurub. (Buna görə də Allahı sevən kəs İslamın hökmlərinə tabedir.) Onun izzəti ilə (başqa) dinləri xar və həqir (nəsx) edib; onun böyüklüyü ilə millətləri cılızlaşdırıb; onun qələbəsi ilə düşmənləri qədir-qiymətsiz və kiçik edib; onun köməyi ilə müxalifləri məğlub edib; onun sütunu (əsas kök və qanunları) ilə azğınlıq (nadürüst əqidələr) dirəklərini viran edib; teşnələri (elm və maarif susuzlarını) onun hovuzlarından doydurub; onun su daşıyanları (imamlar əleyhimus-salam) vasitəsi ilə hovuzları doldurub (Qurani-Kərimin ayələrinin təfsir, yozum və hökmlərinin yerlərini bəyan edib). Sonra onu elə (möhkəm və qüvvətli) edib ki, dəstəyi ayrılan və zəncirləri açılan deyil. Təməli viran, sütunları xarab olmaz. Onun ağacı yerindən çıxarılmayacaqdır. Onun müddətinin sonu yoxdur (qiyamətə kimi bərqərar olacaq və onu nəsx etmək üçün peyğəmbər göndərilməyəcəkdir). Hökmləri köhnəlməyəcək və budaqları sındırılmayacaq. (Heç vaxt hansısa bir alim, elmi əsaslarla onun hökmlərindən hansı birininsə düzlüyünü inkar edə bilməz.) Yolları daralmayacaq, asanlıqları çətinləşməyəcək, ağlığı qara, düzlüyü əyri, çubuğu əyilmiş, geniş yolu qumluq, çıraqları söndürülmüş və şirinliyi acılıq olmayacaq. Buna görə də İslam, Allahın onun təməlini haqda yerləşdirdiyi (batil və əyriliyin işləmədiyi) və özülünü möhkəm etdiyi sütunlardır. O, arxları su ilə dolu olan çeşmələr, işıqları parlaq olan çıraqlar, gedənlərin, vasitəsi ilə yol axtardıqları nişanələr, vasitələri ilə yollar tapılan əlamətlər və daxil olanların onlarla doyduqları (tabe olanların dünya və axirətdə xoşbəxt olduqları) bulaqdır. Allah razılığının sonunu, hökmlərinin ən üstününü, itaət və bəndəçiliyinin ən yüksəyini onda qoyub. Buna görə də Allah yanında bu dinin təməli möhkəm, binası uca, dəlili aşkar, işığı parlaq, səltənəti əziz və nişanələri ucadır. Onu yox etmək mümkün deyil. (Heç kəsdə onu məhv etmək və ya ona tənə vurmaq qüdrəti yoxdur.) Belə isə onu möhtərəm və böyük tutaraq ona tabe olun. Onun haqqını əda edin (əmrlərini yerinə yetirərək qadağan etdiklərinin ətrafına belə fırlanmayın). Onu öz yerinə qoyun (hökmlərindən heç birini dəyişdirməyin ki, dünyada ziyan görər, axirətdə isə əzaba düçar olarsınız).

 

(İslam dininin şərafət və böyüklüyünün bəyanıdan) sonra (bil ki,) eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (onun təbliği üçün) Məhəmmədi (səlləllahu əleyhi və alih) haqq olaraq göndərdi, o zaman ki, (çaxnaşma, giriftarçılıq və nahaq qan tökülməsinin çoxluğundan) dünyanın bitməsi (hər bir millətin dünyasının sonu, fəsad nəticəsində) yaxınlaşmışdı, (onların, ölümləri vasitəsi ilə) axirət işindən xəbərdar olmaları (onlara) üz tutmuşdu, onun şadlıq və sevinci parladıqdan sonra qaranlıqlaşmışdı, öz əhlini (çətinliklərə düçar etmişdi və çıxış yolu tapa bilmirdilər), onun yatağı narahatlaşmışdı və cilovu qatilin əlinə verilmişdi. Bu, müddətin sona çatdığı, (viranlıq) əlamətlərin(in) yaxınlaşdığı, əhalinin əldən getdiyi, halqanın sındığı, kəndirin qırıldığı, nişanələrin köhnəldiyi və məhv olduğu, eyblərin aşkar olduğu və onun uzun müddətinin qısaldığı zamanda idi. Eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah o Həzrəti Öz peyğəmbərliyinin təbliğatçısı, ümmətin kəramətlilik amili, zəmanə əhlinin baharı (sevinci), köməkçilərin baş ucalığı və yardımçılarının izzəti etdi. Sonra ona Quranı nazil etdi. Quran, nuru azalmayan çıraq, işığı sönməyən məşəl, dibi bilinməyən dəniz, gedərkən azğınlığa aparmayan yol, nuru tükənməyən parlaq şüa, dəlili azalmayan ayıran (haqqı batildən ayıran), təməli viran olmayan bina, (əhlinin) xəstəliklərində qorxu olmayan şəfa (çünki o, cismi və ruhi olmasından asılı olmayaraq qarşıya çıxa biləcək bütün xəstəliklərə şəfadır), yardımçıları məğlub olmayan şərəf və izzət, köməkçiləri basılmayan haqdır. Buna görə də Quran imanın mədəni və onun mərkəzidir; ədalət bağları və onun hovuzlarıdır; elmin çeşmələri və onun dənizləridir; İslamın binasının daşları və onun sütunlarıdır; haqqın səhraları və onun hamar çölləridir. O, elə bir dənizdir ki, su daşıyanlar onu boşaltmazlar; elə bir bulaqdır ki, su çəkənlər onun suyunu azaltmazlar; elə bir çeşmədir ki, daxil olanlar onu əskiltməzlər (alimlər onun bütün sirrini dərk edə bilməyəcəklər), elə mənzillərdir ki, müsafirlər onların yolunu itirməzlər; elə nişanələrdir ki, yol gedənlər onları nəzərdən qaçırmazlar; elə təpələrdir ki, üz tutanlar onlardan aşa bilməzlər. Allah onu alimlərin susuzluqlarının yatırıcısı, müctəhidlərin qəlblərinin baharı, yaxşıların yollarının məqsəd və sonu, sonrasında ağrı qalmayan dərman, onunla zülmət olmayan nur, tutacaq yeri möhkəm olan ip, hündür qalası möhkəm olan sığınacaq, onu sevənin izzət və baş ucalığı, ona daxil olanın sülh və əmin-amanlığı, tabe olanın hidayət və qurtuluşu, onu özünə nisbət verənin üzrü, ona əsaslanaraq danışanın dəlili, onun vasitəsi ilə düşmənlə mübahisə edənin şahidi, onu dəlil gətirənin qələbəsi, ona əməl edənin qoruyucusu, onu işlədənin iti miniyi, nişanə axtaranın nişanəsi, başa tutanın qalxanı, yadında saxlayanın elmi, nəql edənin xəbəri, (xalq arasında) hökm verənin hökmü edib (çünki Quran hər bir iş barəsində haqq olan hakimdir və ondan başqa bir şeyin hökm vermək haqqı yoxdur. Buna görə də Qurandan başqasından olan hökm nadürüstdür).

  
190- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (namaz, zəkat və əmanəti əda etmək barəsində) öz səhabələrinə tövsiyə etdiyi kəlamlarındandır.

 

Namaz işinə riayət edin (ki, o, möminin meracı, dinin sütunu və qiyamətdə bəndədən soruşulacaq ilk şeydir. Əgər qəbul olmuş olsa, digər əməllər də qəbul olar. Qəbul edilməyib hesaba alınmadıqda isə əməllərin heç biri insana bir fayda verməz). Onu qoruyun (onun qılınmasının fəzilətli vaxtından qafil olmayın) və onu çox yerinə yetirin. Onun vasitəsi ilə (Allaha) yaxınlaşın. Çünki (Qurani-Kərimin Nisa surəsinin 103-cü ayəsində buyurulduğu kimi كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَّوْقُوتًا) namaz möminlərə yazılmış və vaxtı müəyyən edilmiş bir vacibdir. Məgər Cəhənnəm əhlinin (Qurani-Kərimin Muddəssir surəsinin 42-43-cü ayələrində olduğu kimi مَا سَلَكَكُمْ فِي سَقَرَ قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ) onlardan sizi Cəhənnəmə salan nədir? soruşularkən verdikləri bu cavaba ki, onlar deyəcəklər: Biz namaz qılanlardan deyildik (cani-dildən) qulaq asmırsınız? Namaz günahları yarpağın (ağacdan) tökülməsi kimi tökür və ilmələrin (heyvanların boyunlarından) açılması kimi açıb boşaldır. Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) namazı insanın qapısının ağzında olan və insanın gün ərzində beş dəfə içində çimdiyi su çeşməsinə bənzədib. Belə olan halda, (məlumdur ki,) həmin şəxsdə heç bir çirk qalmayacaqdır. Onun haqqını möminlərdən o şəxslər tanıyıblar ki, malın (dünya malının) zinəti, övlad və var-dövlət kimi göz aydınlığı olan şeylər onları ondan saxlamır. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qurani-Kərimin Nur surəsinin 37-ci ayəsində) buyurur: رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) Cənnətlə müjdələnməsinə baxmayaraq, özünü namaz üçün çətinliyə salırdı (çox namaz qılırdı). Səbəb eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın (Ta-ha surəsinin 132-ci ayəsindəki) bu buyuruğu idi ki: وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْها Əhlinə (əhli-beyt və ümmətinə) namaz qılmağı əmr et və özün də onun yerinə yetirilməsində səbrli ol. Buna görə də o Həzrət həm öz əhlinə namazı əmr edirdi, həm də özünü onun çətinliklərinə səbrli olmağa məcbur edirdi.

 

Sonra, zəkat müsəlmanlar üçün namazla birlikdə tanışlıq vasitəsi edilib (onun əda edilməsi namaz kimi Allaha yaxınlaşma vasitəsidir). Zəkat, onu öz istəyi, rəğbət və sevinclə əda edən kəs üçün kəffarə (və günahların örtüyü), eləcə də oddan (Cəhənnəm odundan) saxlayan və qoruyandır. (Onu ödəyən) heç bir kəs onun fikrində olmamalı və ona görə çox kədərlənməməlidir. Çünki (malın fikrində olmaq və kədərlənmək var-dövlətə bağlılıq səbəbindəndir və ona bağlı olmaq Allaha yaxınlaşmağa ziddir və) onu könülsüz verib (əvəzində) ondan üstün olan şeyə (əbədi Cənnətə) ümidvar olan kəs (Allahı sevmək iddiasında yalançı və) Həzrət Peyğəmbərin sünnəsinə nadandır. O, (yəni, zəkatı ürəksiz verən şəxs) savab və mükafat əldə etməkdə ziyana uğrayıb (çünki savab və mükafatı əməl müqabilində verirlər, bu əməl isə Allahın razılığının əksinədir) və əməldə azğındır (çünki göstərişlərə zidd davaranıb). Onun peşmançılığı çoxdur (çünki vəzifəsini yerinə yetirməsinə baxmayaraq, onun nəticəsindən məhrumdur).

 

(Namaz və zəkatı yerinə yetirdikdən) sonra əmanəti əda edin. Çünki onun əhli olmayan (ona xəyanət edən) kəs naümid edilər. Həqiqətən əmanət ucaldılmış göylərə, sərilmiş yerlərə və yüksəldilmiş möhkəm dağlara təqdim və təklif edildi. Onlardan hündür, geniş, uca və böyük bir şey yoxdur. Əgər bir şey yüksəklik, ya genişlik və ya qüvvətlilik, yaxud da qüdrətlilik səbəbindən (o əmanəti qəbul etməkdən) imtina etsəydi, mütləq göylər, yerlər və dağlar imtina edər, təslim olmazdı. Lakin (onların əmanəti qəbul etməkdən çəkinmələrinin səbəbi əmrdən boyun qaçırmaq və itaətsizlik deyil, üzrxahlıq cəhətindən idi və) onlar cəzadan (ona xəyanət etməkdən) qorxdular və onlardan daha zəif olan insanın bilmədiyi şeyi bildilər. O, çox zalım və nadandır. (İmam əleyhis-salam burada namaz, zəkat və əmanətin əda edilməsinin əksinə çıxmaq barəsində belə buyurur:)

 

Bəndələrin gecə və gündüz ərzində etdikləri, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha gizlin deyil. O, onların ən kiçik işlərindən agah, əməllərindən xəbərdardır. Sizin bədən üzvləriniz Onun şahidləri, bədənləriniz qoşun və əmrinə tabe olanlar, düşüncələriniz gözətçiləridir və sizin gizliləriniz Onun yanında aşkardır.

  
191- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Müaviyənin fikirlərinin daha dolğun və tökdüyü tədbirlərin o Həzrətin tədbirlərindən daha yaxşı olmasını güman edən kəsin zənninin səhv olması barəsindəki) kəlamlarındandır.

 

Allaha and olsun ki, Müaviyə məndən zirək deyil, əksinə, o, vəfasızlıq və xəyanət edib, günah və itaətsizliklə məşğuldur. Əgər hiyləgərlik və vəfasızlıq xoşagəlməz olmasaydı (Allah ona əzab müəyyənləşdirməsəydi), mən insanların ən zirəngi olardım. Amma (bilin ki,) bütün hiylə və vəfasızlıqlar günahdır və hər bir günah itaətsizlikdir. Qiyamət günü əhd-peymanını pozmuş hər bir kəs üçün bir bayraq və nişanə olar və o, onunla tanınar (günahı üzə çıxaraq onu oda aparar). Allaha and olsun ki, mən (həmişə onların məkr və hiylələrindən xəbərdar olduğum üçün) qəflətə düşüb qəfillənmirəm ki, barəmdə kələk və hiylə işlətsinlər və çətinlik və giriftarlıqlarda aciz qalmır və zəif düşmürəm.

  
192- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (nicat yoluna təşviq etdiyi, haqqa tabe olanların azlığından nigaran olmamaq barəsindəki və pis işlərdən çəkindirməyi tapşırdığı) kəlamlarındandır.

 

Ey insanlar! Hidayət və nicat yolunda ona tabe olanların azlığından (və müxaliflərin çoxluğundan) qorxub vahiməyə düşməyin. Çünki insanlar toxluğu az, aclığı isə çox olan bir süfrənin başına toplaşıblar. Ey insanlar! (Günah və itaətsizliyə) razı olmaq və (itaət və bəndəlikdən) qəzəbə gəlmək insanları bir yerə toplayır (əzaba hazırlayır, hətta həmin əməli yerinə yetirən bir nəfər olmuş olsa belə! Çünki o, razı olmaq və ya qəzəblənməklə həmin işi görmüş kəs kimidir.) Səmudun (bu qəbilənin peyğəmbəri olmuş Həzrət Salehin) dəvəsini bir nəfər kəsib öldürdü. Allah isə onların hamısını əzaba düçar etdi. Ona görə ki, onlar dəvəni öldürməyə razı olmuşdular. Bu səbəbdən eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qurani-Kərimin Şüəra surəsinin 157-ci ayəsində) buyurur: فَعَقَرُوهَا فَأَصْبَحُوا نَادِمِينَ Səmud tayfası dəvəni kəsib öldürdülər və sonrakı səhərdə (Həzrət Salehin onlara xəbər verdiyi əzabın nişanələrini müşahidə edən kimi) peşman oldular. Beləliklə, (dəvənin öldürülməsini onların hamısına nisbət verib. Çünki imkanlarının olmasına baxmayaraq, dəvəni öldürənə mane olub qarşısını almadılar. Hətta onun əməlinə razı da oldular və) əzabları belə oldu ki, onların yerləri, (zəlzələ və imarətlərinin) batması nəticəsində qızmış kotan düz yerdə səs edən kimi səs etdi.

 

Ey insanlar! Kim düz yol ilə hərəkət etsə, abadlığa çatar (və susuzluqdan qurtular). Kim səhv və əyri yol ilə getsə (ayağını düz yoldan kənara qoysa), otsuz-susuz çöllüyə düşər (susuzluqdan ölər. Xülasə, kim Allah və Peğəmbərin göstərişlərinə uyğun davransa, xoşbəxt olar. Şeytana və pis işlərə əmr edən nəfsə tabe olan kəs isə əzaba düçar olacaq).